Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibovdur.
Firuz Yusibov 2005-ci ildə Gədəbəy rayonun anadan olub. 2023-cü ildə orta təhsilini başa vuraraq, ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. Hazırda III tədris ili tələbəsidir.
Tələbəlik dövrünün ilk günlərindən gənclərin inkişafına yönəlmiş müxtəlif təlim və proqramlarda fəal iştirak edib. “MEH” ədəbi dərnəyinin təşkil etdiyi layihə və tədbirlərdə fəallığı ilə fərqlənib. O, bir çox layihə və tədbirlərdə aktiv iştirak edib, fəaliyyəti sertifikat, fəxri fərman və təşəkkürnamələrlə dəyərləndirilib.
O, 2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aktivliyinə görə təltif edilib, özəl təhsil müəssisələri tərəfindən təşkil edilən təlimçilər üçün təlim proqramını uğurla tamamlayıb.
COP29 çərçivəsində aktiv könüllülük fəaliyyəti göstərib.
Yeni nəşr: “Aşıqlar QƏRBİ AZƏRBAYCANI tərənnüm edir” adlı kitab nəşr olunub
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi tərəfindən icra olunan “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmışdır.
Kitabın layihə rəhbəri və nəşrə hazırlayan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İB-nin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi redaktoru ADPU-nin prorektoru, filologiya üzrə elmlər doktoru, prof. Mahirə Hüseynova, elmi məsləhətçisi əməkdar elm xadimi, prof. Məhərrəm Qasımlı, rəyçi isə filologiya üzrə fəlsəfə doktoru, dos. Razim Məmmədlidir.
Kitabda XVII əsrdən üzübəri yaşayıb-yaratmış ustad aşıqların Qərbi Azərbaycanı tərənnüm edən şeirləri yer alıb. Bu zaman daha çox əslən Qərbi Azərbaycandan olan aşıqlarla yanaşı, digər aşıq mühitlərini təmsil edən ustad sənətkarların və eləcə də günümüzdə fəaliyyət göstərən aşıqların yaradıclıq nümunələrinə də yer ayrılıb.
ADPU-nun Filologiya fakültəsində yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası fəaliyyətə başlayıb
ADPU-nun Filologiya fakültəsi 2025/2026-cı tədris ilinə daha yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası ilə fəaliyyətə başlayıb.
Kafedranın yaradılmasında əsas məqsəd müasir dövrün tələblərinə uyğun olaraq tələbələrin dil biliklərinin genişləndirilməsi, pedaqoji kadr hazırlığında keyfiyyətin artırılması və elmi-metodoloji bazanın zənginləşdirilməsidir.
Xarici dillərin tədrisi kafedrasının müdiri dosent Könül Həsənova əməkdaşlarla görüşərək qarşıda duran hədəflər və fəaliyyət istiqamətləri barədə müzakirələr aparmışdır. Görüşdə tədris prosesində müasir metodların tətbiqi, xarici dillərin tədrisinin keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrinə əsaslanan yeni kitab çapa hazırlanaraq oxuculara təqdim olunub.
Oktyabrın 1-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib.
Yeni nəşrdə Qərbi Azərbaycandan olan müəllimlərin şəxsi və ailəvi xatirələri, tarixi məqalələri və yaddaş salnaməsi toplanıb. Kitab həm müəlliflərin özlərinin, həm də valideynlərinin yaşadıqları hadisələr əsasında formalaşıb. Burada Qərbi Azərbaycanın tarixi torpaqları, xalqımızın orada əsrlər boyu yaşaması, deportasiya faciələri, mədəniyyət abidələrinin məhv edilməsi və xalqımıza qarşı törədilən vandalizm faktları ətraflı təsvir olunub.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu nəşri yalnız bir kitab kimi deyil, həm də bir yaddaş salnaməsi kimi dəyərləndirdi və bildirdi ki,müəllimlərimizin xatirələri gələcək nəsillərə ötürüləcək tarixi bir vəsaitdir. Kitab Qərbi Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına xidmət edəcək.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında müəllimlərin xatirələrinin təkcə şəxsi yaddaş olmadığını, həm də xalqımızın milli yaddaşının bir parçası olduğunu, gələcək nəsillərin formalaşmasında müəllimlərin ən mühüm rolu oynadıqlarını vurğuladı. Onların doğma yurda dair yazdıqları xatirələrin tariximizin öyrənilməsi üçün çox qiymətli olduğunu qeyd edib.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov isə qeyd etdilər ki, kitab pedaqoqların yalnız müəllim kimi deyil, həm də yaddaş daşıyıcısı və tarix şahidi kimi fəaliyyətini ortaya qoyur.
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bu xatirələrin yalnız tarixi deyil, həm də hüquqi baxımdan mühüm olduğunu, xalqımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə töhfə verdiyini qeyd etdi.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, deputatlar Vüqar Rəhimzadə və Ceyhun Məmmədov çıxışlarında müəllimlərin yazılarını həm təhsil tarixinə, həm də Qərbi Azərbaycan yaddaşına əlavə dəyər gətirən mühüm bir töhfə adlandırdılar.
Sumqayıt şəhər 39 nömrəli məktəbin direktoru Bəxşeyiş Ələmşahov çıxışında kitabda əks olunan xatirələrin gələcək nəsillərə yurd sevgisini, milli kimlik hissini ötürəcəyini bildirdi.
Layihə meneceri və kitabın tərtibçisi Rövşən Ağayev çıxışında bildirdi ki, müəllimlərin yazdıqları bu xatirələr təkcə şəxsi hisslər deyil, həm də tarixi sənəd kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, təqdim olunan kitab pedaqoqlar, ziyalılar və Qərbi Azərbaycan yaddaşını öyrənmək istəyən bütün oxucular üçün nəzərdə tutulub.