Etiket arxivi: Qərbi Azərbaycana qayıdış

Yurd həsrətinin sözə çevrilmiş taleyi – Dost sözü

DOXSAN YEDDİNCİ YAZI

Yurd həsrətinin sözə çevrilmiş taleyi
(Samir Abdullayevin “Köçürülmüş talelər”i)
Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizin mövzusu Qərbi Azərbaycan, Göyçə mahalı, əzəli və əbədi yurdumuzun hekayətlərə dönmüş insan taleləri haqqında olacaq.
Azərbaycan ədəbiyyatında və publisistik düşüncəsində yurd həsrəti, köç, deportasiya və itirilmiş torpaqların ağrısı daim xüsusi bir mövzu kimi yer almışdır. Statusundan, cəmiyyətdə mövqeyindən asılı olmayaraq müxtəlif yaradıcı nəsillərə məxsus qələm adamlarının zaman-zaman bu mövzuda samballı əsərlər ortaya qoyublar. Mövzu bu gün də aktuallığını qoruyub saxlayır. Bu baxımdan “Köçürülmüş talelər” kitabı köhnə mövzuda yeni səs kimi duyulur. Kitabın müəllifi Samir Abdullayev (Arifoğlu) bu mövzunu yeni bir baxışla oxucuya təqdim edən müəlliflərdən biri kimi diqqəti cəlb edir.
“Köçürülmüş talelər” əsəri sadəcə bir kitab deyil, eyni zamanda tarixə çevrilmiş ağrıların və itirilmiş ocaqların bədii-publisistik ifadəsidir. Müəllif bu kitab vasitəsilə Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların həyat hekayələrini, onların yaşadığı mənəvi sarsıntıları və yaddaşlarda yaşayan yurd sevgisini oxucuya çatdırmağa çalışır.
Kitabın əsas ideyası insan taleləri üzərində qurulmuş böyük bir tarixi faciəni göstərməkdir. Burada yalnız köçdən deyil, həm də itirilmiş həyat tərzindən, yarımçıq qalan xatirələrdən və insanın öz kökünə bağlılığından danışılır. Hər bir səhifədə hiss olunur ki, müəllif bu mövzunu uzaq müşahidəçi kimi deyil, birbaşa həmin taleyi yaşamış insan kimi qələmə alır.
Kitabın müəllifi Samir Abdullayev (Arifoğlu) 1984-cü ildə Göyçə mahalının Çəmbərək bölgəsində yerləşən Ardanış kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri taleyin sərt sınaqları ilə müşayiət olunmuşdur.
1988-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası nəticəsində minlərlə insan kimi Samir Abdullayevin (Arifoğlu) ailəsi də doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. Müəllifin özünün də qeyd etdiyi kimi, “Mən Göyçədən çıxmağımızı xatırlamıram”. Bu cümlə əslində bütöv bir nəslin taleyini ifadə edən simvolik fikirdir. Vizual olaraq xatırlamadığı yurd yerini damarda axan qanın, cismindəki ruhun yaddaşı ilə bir belə unutmayan Samir kimi minlərlə Vətən övladları bu gün də bu həsrətlə yaşayır. O böyük qayıdış gününü səbirsizliklə gözləyirlər. Sevindirici haldır ki, gənclərimiz yurd yerinin xatirəsini sadəcə özləri üçün diri tutmaqla kifayətlənməyib bu vacib məsələnin təbliği yolunda da uğurlu addımlar atırlar. Samirin “Köçürülmüş talelər”i məhz bu baxımdan olduqca əhəmiyyətlidir.
O, doğma yurdundan ayrıldığı vaxt uşaq olsa da, ata-babalarının yurduna olan bağlılıq, o torpaqlar haqqında eşitdiyi xatirələr və yaddaşlarda yaşayan Göyçə obrazı onun yaradıcılığında əsas mövzulardan birinə çevrilmişdir.
Kitabın mühüm xüsusiyyətlərindən biri də müəllifin Göyçə mahalına olan mənəvi bağlılığıdır. Göyçə yalnız bir coğrafi məkan kimi deyil, həm də milli yaddaşın, folklorun, mədəniyyətin və azərbaycanlı kimliyinin mühüm bir parçası kimi təqdim edilir.
“Köçürülmüş talelər” kitabında yer alan “Ruhuna xəyanət etmərəm”, “Köçürülmüş talelər”, “Onun adı Lena idi”, “Anamın yaddaşı” kimi bir-birindən dəyərli nümunələr yatmaqla müəllif göstərir ki, doğma torpaqdan ayrılmaq yalnız fiziki məkan dəyişməsi deyil. Bu, həm də insanın həyat tərzinin, xatirələrinin və kimliyinin sarsılması deməkdir. Göyçənin dağları, kəndləri, gölü, qədim yaşayış məskənləri – bütün bunlar kitabın səhifələrində nostalji və həsrət hissi ilə təsvir olunur.
Kitabın əsas mövzularından biri də 1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasıdır. Bu hadisə təkcə bir siyasi proses kimi deyil, həm də humanitar faciə kimi təqdim olunur.
Müəllif müxtəlif insan talelərini, ailələrin parçalanmasını, doğma evlərin tərk edilməsini və yad diyarlara üz tutan insanların ümidsizliyini emosional və təsirli şəkildə təsvir edir. Bu talelər oxucuya göstərir ki, tarix yalnız faktlardan ibarət deyil – tarix həm də insan həyatlarının, hisslərinin və xatirələrinin toplusudur.
“Köçürülmüş talelər” kitabının mühüm ideyalarından biri də qayıdış düşüncəsidir. Müəllif üçün qayıdış yalnız fiziki dönüş deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın qorunması və gələcək nəsillərin öz köklərini tanıması deməkdir.
Kitabda hiss olunur ki, müəllif bu mövzunu yalnız keçmişin ağrısı kimi təqdim etmir. O, eyni zamanda gələcəyə ümidlə baxır və doğma torpaqlara qayıdış arzusunu canlı saxlayır.
“Köçürülmüş talelər” kitabında yer almış eyni adlı povest və digər hekayələr həm bədii, həm də publisistik baxımdan mühüm əhəmiyyət daşıyır. Bu kitab bir tərəfdən Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyini sənədləşdirən mənəvi yaddaş rolunu oynayır, digər tərəfdən isə milli kimlik və vətən sevgisi kimi dəyərləri oxucuya xatırladır.
Müəllif bu kitabda bədii lövhələr vasitəsilə yaratdığı situasiyalarla göstərir ki, torpaq yalnız coğrafi məkan deyil. Torpaq insanın yaddaşı, tarixi və kimliyidir. Onu itirmək isə yalnız bir yurdun yox, bütöv bir həyatın itirilməsi deməkdir.
“Köçürülmüş talelər” kitabı Samir Abdullayev (Arifoğlu)nun şəxsi taleyi ilə xalqın taleyinin qovuşduğu təsirli bir nümunədir. Bu kitab oxucuya bir daha xatırladır ki, tarix yalnız keçmişdə qalmır – o, insanların yaddaşında yaşayır və gələcək nəsillərə ötürülür.
Yurd həsrəti, milli kimlik və qayıdış arzusu bu əsərin əsas ruhunu təşkil edir. Bu baxımdan “Köçürülmüş talelər” yalnız bir kitab deyil, həm də bir xalqın yaddaşına yazılmış ağrılı, lakin unudulmamalı bir tarixdir. Ən əsası ümiddir. Müəllifin yaratdığı bütün nümunələri birləşdirən ortaq özəllik məhz bu ümiddir. Yurda qayıdış ümidi… Dəyərli qardaşım, Samir arzu edirəm ki, tezliklə bu ümumi arzumuz da gerçəkləşsin! Siz öz Göyçənizə qovuşun, mən də Ağdamdan Laçından keçməklə Arzuman qardaşla sizə qonaq gəlim. O günlər elə də uzaqda deyil. Mən buna inanıram!
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Göyçə gölü sahilindən yazmaq ümidi ilə… Hələlik.
05.03.2026. Bakı.

Müəllif: Zaur USTAC

I>>ZAUR USTACIN YAZILARI

SAMİR ARİFOĞLUNUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

QƏRBİ AZƏRBAYCAN DƏRƏLƏYƏZ XATİRƏLƏRİ

QƏRBİ AZƏRBAYCAN DƏRƏLƏYƏZ XATİRƏLƏRİ

Əmim Süleyman kişi deyir ki,qardaşoğlu,1949-cu ildə 11 yaşım var idi.Dərələyəzdəki kəndimizin (Sallı kəndi.Şəkildə həmin kənddir) kənarında Südlü bulaq deyilən yerdə oğlanlı-qızlı oynayırdıq.Sonra kəndin içinə gələndə gördük ki, evlərin qarşısında yük maşınları dayanıb və məcburən camaatı maşınlara doldurub,köçürürlər.Evdən heç nə götürməyə də imkan vermirlər.Aləm qarışıb bir-birinə.Təbii ki,uşaq idik,nə olduğunu başa düşmürdük.Biz uşaqlar ağlayıb getmək istəmirdik,bir-birimizin əlindən yapışmışdıq.Rus və erməni hərbçilər məcburi bizi də bir-birimizdən ayırıb maşınlara doldurdular və Arazdəyənə,sonra isə Şərilə(Şərur)gətirdilər.Bizim Şərura gətirildiyimizi eşidən Kəngərlilər,əsasən də Qarabağlar kəndinin əhalisi gəlib hökümət nümayəndələrindən xahiş edirdilər ki,bu camaat bizimlə eyni nəsildirlər, icazə verin bizim kənddə yaşasınlar. Orda Məhərrəm adlı cavan oğlan bizə yemək verirdi ki,ac qalmayaq.Amma hökümət bizim Qarabağlar kəndində,Qıvraq kəndində yaşamağımıza icazə vermədi.
Ordan bizi qatarla İmişli,Salyan,Sabirabad və.s rayonlara köçürdülər .Bu yolu fasilələrlə 1 aydan çox vaxta gəldik.
Ölən öldü,itən itdi.Hərəsi bir diyara düşən kəndçilərimizi illərlə görə bilmirdik.Salyandan Bərdəyə,sonra Göyçaya,sonra Şəmkirə köçdüm.
2019-cu ildə Gəncədə bir yas məclisinə getmişdim.Rəhmətə gedən şəxs də vaxtilə bizim kənddə yaşayan insan idi.Orda təsadüfən yaşlı bir qadınla rastlaşdım.Qadın çətin yeridiyi üçün övladları qolundan tutmuşdular.Üz-üzə gələndə hər ikimiz dayandıq və bir-birimizə diqqətlə baxdıq və tanıdıq.Bir-birimizə sarılıb,hönkürdük.Bu qadın,vaxtilə -1949-un noyabrında mənimlə orda oynayan uşaqlardan biri idi. Düz 70 ildən sonra təsadüfən görüşdük.

Müəllif: AQİL KƏNGƏRLİ

AQİL KƏNGƏRLİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb

Rəsulluların tarixindən

Tanınmış şair, tədqiqatçı, araşdırmaçı-yazar Araz Yaquboğlunun yeni kitabı işıq üzü görüb. Məşhur Rəsullular nəslinin tarixindən bəhs edən kitabın ərsəyə gəlməsi prosesi barədə Araz  Yaquboğlu belə deyir:

“Uzun illərdi üzərində işlədiyim, tədqiqatlar apararaq Rəsulluların tarixindən, dünənindən, bugünündən bəhs edən “Soyumuz, kökümüz, özümüz” adlı irihəcimli ensiklopedik bir kitabım “Elm və təhsil” nəşriyyatında çap olundu.
Kitabda nəslimizin tarixi qəhrəmanları olan Məşədi Qasım və onun əmisi Hacı Balının hələ 1919-cu ildə Azərbaycan hökumətinin baş naziri adına vurduqları teleqramlar, xahişnamələr, ərizələr öz əksini tapmışdır. Bu tarixi sənədlər hətta 1918-1920-ci illərdə nəşr olunan “Azərbaycan” qəzetinin müxtəlif nömrələrində də çap olunmuşdur.
Tarixin ən qanlı müharibəsi olan İkinci Dünya müharibəsinə nəslimizdən 15 nəfər səfərbər edilmişdir. Onlardan 6-sı müharibə zamanı həlak olmuş, 9-u isə veteran kimi doğulduqları vətənə qayıtmışlar. Sonrakı illərdə cəlb edildiyimiz Birinci və İkinci Qarabağ müharibəsində də Rəsullunun gəncləri silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizə apardılar. Ümumilikdə 28 nəfər Qarabağ müharibəsinə getmiş onlardan 5-i şəhid olmuşdur. Nəslimizin ilk şəhidi Abbas Qasımov, kəndimizin ilk şəhidi isə Yasif Kərimov olmuşdur. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə də bizim Rəsullular nəslindəndir.
Rəsullular nəsli dəfələrlə doğulduqları kənddən deportasiya olunmuşdur. 1919-cu ildə 10 ailədən ibarət 47 nəfər, 1953-cü ildə 18 ailədən ibarət 88 nəfər, 1988-ci ildə isə 5 ailədən ibarət 32 nəfər deportasiya edilmişdir.
Bütün bu sadaladıqlarım kitabda çox geniş şəkildə öz əksini tapmışdır.
Kitabda ümumilikdə 200-ə qədər şəxs haqqında bioqrafik məlumat verilmiş, 250-dən çox fotoşəkil çap edilmişdir. O cümlədən bu şəxslərdən 1-i general, 9-u rəhbər işçi, 3-ü alim, 21-i müəllim, 8-i din xadimi, 2-si Qəhrəman ana, 7-si uzunömürlü, 43-ü müharibə iştirakçısı, 13-ü şair və 100-ə qədəri isə digər peşə sahibləridir.
408 səhifəlik kitabın əsas özəyini nəsil şəcərəsi təşkil edir. 75 səhifədən ibarət olan şəcərə təxminən 1838-ci ildən günümüzə qədər olan tarixi əhatə edir. İnanıram ki, bu istiqamətdə olan araşdırmalarımı davam etdirərək bu tarixdən öncəyə aid olan sənədləri də əldə edə biləcəm.”

“Yazarlar” olaraq,  Araz  Yaquboğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!

ARAZ  YAQUBOĞLUNUN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

YAMAN OLUR YURD İTKİSİ

YAMAN OLUR YURD İTKİSİ
Bir neçə gün əvvəl yola çıxıb, mənzil başına vaxtında çatmaq üçün bir taksiyə əyləşdim. Salamımı nəzakətlə alan sürücü Qərbi Azərbaycan İcmasına getdiyimi biləndə mənimlə həmsöhbət oldu. Xəbər aldı ki, orada işləyirsiniz? Yox, – dedim, İcmada bir nəfərlə görüşməliyəm. Sürücüdən ikinci sual gəldi:
– Siz də Qərbi Azərbaycandansınız?
– Bəli, köküm İrəvandandır, valideynlərim 1950-ci ildə “könüllü köçürülmə” siyasətilə ilan mələyən Mil düzünə, Beyləqana gəliblər.

Onun növbəti sualı bu gün bəlkə də yerindən-yurdundan didərgin olan bütün Qərbi Azərbaycanlıların ürəyini göynədən həsrətin açıq-aşkar ifadəsiydi:
– Görəsən, yurdumuza qayıda biləcəyikmi? Televizorda bu barədə elə hey danışırlar, kəndlərimizi göstərirlər, doğma yurd yerlərimizi görəndə gözlərim dolur. Amma nə vaxtsa elimizə qayıdacağıma heç inanmağım gəlmir…
– Nahaq inanmırsan. Çoxumuz Qarabağımızın, ona bitişik yeddi rayonumuzun, ələlxüsus da Şuşanın, Xankəndinin, Xocalının erməni tapdağından azad olacağına inanmırdıq. Bayraqlarımızın o yerlərdə dalğalanacağını ağlımıza belə gətirmirdik. Şükürlər olsun ki Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun sücaəti, igid oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu… Biz mütləq Qərbi Azərbaycana da qayıdacağıq. Bu məsələ nə vaxtdır beynəlxalq müstəvidə ən aktual mövzu olaraq müzakirə edilir…

Sürücü susdu, amma hiss etdim ki, dediklərim illərdir doğma yurduna həsrət qalmış bu insanda azacıq da olsa, ümid yaratdı və bu inamın işığında xəyallara daldı. Handan-hana araya çökmüş sükutu da elə özü pozdu…

Sürücü bildirdi ki, o da Qərbi Azərbaycandandır, özü də Ləmbəlidən. Mənə yurdundan, tərcümeyi-halından danışdı. Altmış yaşlı Yaqubun səsindəki kədər, həsrət, nisgil qəlbimi üşütdü:
– 36 ildir ki, gözüm yollardan yığılmır. Yuxularımda elə hey Ləmbəliyə, evimizə sarı yol gedirəm, gedirəm, amma çata bilmirəm. Və qəflətən ayılıram… Allah baisin evini yıxsın, oturmuşduq allı-güllü yurdumuzda. Meyvəçiliklə məşğul olurduq. Bağlarda elə dadlı, ətirli şaftalı yetişdirirdik ki, yedikcə dadından doymaq olmurdu. Yalan olmasın, 2-si, 3-ü bir kilo gəlirdi. Hələ almanı, armudu demirəm. Sərin bulaqlarımız, Çubuqlu kimi yaylağımız vardı. Camaatımız çox qoçaq, qürurluydu. İnandığımız haqqı, ermənilər bizdən çəkinirdilər. Öz qaydalarımızla yaşayırdıq. Hə, meyvə bağlarımızın arasında qonaqların dincəlməsi üçün böyük, yaraşıqlı besetka vardı. Meyvələrin yetişən vaxtı Ermənistanın o vaxtkı I katibi Dəmirçiyan şaftalıdan ötrü bu bağlara gələrdi, ağacların arasında gəzər, özü budaqdan şaftalı dərib yeyərdi. Gedəndə də iri səbəti meyvəcatla doldurub maşınına qoyardılar. Burunlarından gəlsin əməyimiz..

Yaqub kişi köksünü ötürdü, deyəsən, bütün ruhuyla Ləmbəlidəydi, həyətində, bağında gəzirdi…
– Deyirəm, görəsən indi barından budaqları torpağı öpən o meyvə bağlarımız dururmu, bulaqlarımızın dişgöynədən suyu yenə də şırıltıyla axırmı… Növrağımızı pozdular, bizi ağacı dibindən qoparan təki yurdumuzdan çıxarıb qovdular…

Ürəyimdə deyirdim, eh, Yaqub qardaş, bu hisslər mənə elə tanışdı ki! Yurd itkisinin acısı valideynlərimin qanından, canından keçmişdi yaddaşıma. Əzab-əziyyətlə özlərinə çiy kərpicdən ikimərtəbəli ev tikdirən ata-anam rayonda oturuşub, müəllim kimi elin hörmətini qazansalar da yurd itkisinin nisgili həyatları boyu gözlərindən çəkilmədi. Anam deyirdi, yatanda da üzümü Ləlvər dağımıza sarı çevirirəm ki, yuxumdasa yaylağımızı, Qarabulaq meşəsini gəzim…

Allahdan möhlət istəyirəm ki, Qərbi Azərbaycana ləyaqətli qayıdışımızda ata yurdum İrəvana, anamın doğulduğu Allahverdi rayonunun Böyük Ayrım kəndinə gedə bilim. Ata-baba torpağımızı ayaqlarım tutunca gəzim, görüm, bu ziyarətimlə Beyləqanda uyuyan valideynlərimin ruhunu şad edim…

Mənzilbaşına çataçatda Yaqub qardaşdan xəbər aldım:
– Dədə-baba yurdumuza, qədim torpaqlarımıza dönüşümüzdə Ləmbəliyə qayıdacaqsanmı?
Səsindəki həsrətin odu elə bil üzümü qarsdı:
– Hələ bir soruşursan da! Qayıdaram nədi? Dizin-dizin sürünüb gedərəm. Torpağımı, bağımızdakı ağacları bir-bir öpərəm. O gün gəlsin, həyətimdə gözü qara, dizi qara bir qoç da qurban kəsəcəm…
Xudahafizləşdim:
– İnşallah, Ləmbəlidə görüşənədək!


Bu, mənim Yaqub kişi ilə ötənilki söhbətimdən qalan bir xatirə yazısıdır. Bu bir ildə nə qədər sular axdı, qabağını kəsən daşı-kəsəyi, kol-kosu yuyub apardı… sular duruldu. İndi dünyanın tarixi, mənəvi yaddaşında bir oyanış, tərpəniş yaranıb. Dillərdə “Sülh” kəlməsi dolaşır. Bütün xalqlar müharibədən, didərginlikdən bezib, öz torpaqlarında rahat yaşamaq istəyir. Nə xoş ki Qərbi Azərbaycana qayıdış məsələsi Beynəlxal müstəviyə gətirilib. Soydaşlarımız 1988-ci ildən üzü bəri dədə-baba torpağına qayıtmağın intizarındadır.

Nəhayət, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülhün astanasındayıq. 8 avqust 2025-ci ildə ABŞ-ın köməkliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh memorandumu imzalandı. Düşünürəm ki, bu sülh müqaviləsi yaxın vaxtlarda həyata keçəcək. İndi biz qədim Oğuz yurdlarımızdan olan Qərbi Azərbaycan torpağının astanasındayıq…

Ləmbəli elinin övladı, Yaqub kişi, yəqin Sülh söhbəti meydana gələndən sənin də sis-duman içində itən ümidlərin yenidən göyərməyə başlayıb. Hazırlaş, eloğlu, elinə, yurduna, kəndinə qayıdacaqsan…

Müəllif: Şəfəq NASİR,
Yazıçı, publisist

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Prof.Mahirə Hüseynova: Ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır

Prof.Mahirə Hüseynova: Ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır

“Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır.”

Bu fikirləri Oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində kitabın baş məsləhətçisi, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının üzvü, ADPU-nin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynova bildirib.

Professor Mahirə Hüseynova qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərindən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır. Bu istiqamətdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun 3-cü kitabıdır o, bundan əvvəl Qərbi Azərbaycandan Bərdəyə və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna deportasiya edilmiş qərbi azərbaycanlılarla bağlı uğurlu tədqiqat apararaq kitab şəkilində çap etdirib.

Professor M.Hüseynova bu layihələrin davamlı olması və bu cür tədqiqat əsərlərinin xarici dillərdə çap edilməsinin də vacibliyini vurğulayıb.

Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.

ADPU-nin Filologiya Fakültəsi

Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib

Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrinə əsaslanan yeni kitab çapa hazırlanaraq oxuculara təqdim olunub.

Oktyabrın 1-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib.

Yeni nəşrdə Qərbi Azərbaycandan olan müəllimlərin şəxsi və ailəvi xatirələri, tarixi məqalələri və yaddaş salnaməsi toplanıb. Kitab həm müəlliflərin özlərinin, həm də valideynlərinin yaşadıqları hadisələr əsasında formalaşıb. Burada Qərbi Azərbaycanın tarixi torpaqları, xalqımızın orada əsrlər boyu yaşaması, deportasiya faciələri, mədəniyyət abidələrinin məhv edilməsi və xalqımıza qarşı törədilən vandalizm faktları ətraflı təsvir olunub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu nəşri yalnız bir kitab kimi deyil, həm də bir yaddaş salnaməsi kimi dəyərləndirdi və bildirdi ki,müəllimlərimizin xatirələri gələcək nəsillərə ötürüləcək tarixi bir vəsaitdir. Kitab Qərbi Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına xidmət edəcək.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında müəllimlərin xatirələrinin təkcə şəxsi yaddaş olmadığını, həm də xalqımızın milli yaddaşının bir parçası olduğunu, gələcək nəsillərin formalaşmasında müəllimlərin ən mühüm rolu oynadıqlarını vurğuladı. Onların doğma yurda dair yazdıqları xatirələrin tariximizin öyrənilməsi üçün çox qiymətli olduğunu qeyd edib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov isə qeyd etdilər ki, kitab pedaqoqların yalnız müəllim kimi deyil, həm də yaddaş daşıyıcısı və tarix şahidi kimi fəaliyyətini ortaya qoyur.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bu xatirələrin yalnız tarixi deyil, həm də hüquqi baxımdan mühüm olduğunu, xalqımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə töhfə verdiyini qeyd etdi.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, deputatlar Vüqar Rəhimzadə və Ceyhun Məmmədov çıxışlarında müəllimlərin yazılarını həm təhsil tarixinə, həm də Qərbi Azərbaycan yaddaşına əlavə dəyər gətirən mühüm bir töhfə adlandırdılar.

Sumqayıt şəhər 39 nömrəli məktəbin direktoru Bəxşeyiş Ələmşahov çıxışında kitabda əks olunan xatirələrin gələcək nəsillərə yurd sevgisini, milli kimlik hissini ötürəcəyini bildirdi.

Layihə meneceri və kitabın tərtibçisi Rövşən Ağayev çıxışında bildirdi ki, müəllimlərin yazdıqları bu xatirələr təkcə şəxsi hisslər deyil, həm də tarixi sənəd kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, təqdim olunan kitab pedaqoqlar, ziyalılar və Qərbi Azərbaycan yaddaşını öyrənmək istəyən bütün oxucular üçün nəzərdə tutulub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi