
Azərbaycan Milli Kitabxanasının fəxri oxucusu, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat etmişdir.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlamış və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olmuşdur. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirmiş, ədəbi mühitin inkişafında müstəsna rol oynamışdır.
Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer almışdır.
Elçin Əfəndiyev Milli Kitabxananın işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına öz şəxsi kitabxanasından 500 nüsxə kitabı, o cümlədən öz kitablarını fonda bağışlayan ilk yazıçı olaraq “Qarabağa kitabla gedək” layihəsinin təşəbbüskarlarından biri olub.
Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmişdir. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir.
Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunmuşdur.
Milli Kitabxananın kollektivi Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.