Etiket arxivi: Hümbət Bədəlov Arzu oğlu

Hümbət Bədəlov – Zəlimxan ömrü, xalq ömrü.

Zəlimxan ömrü, xalq ömrü.

Xülasə

Məqalədə çağdaş Azərbaycan ədəbiyyatının nümayəndəsi olan xalq şairi Zəlimxan Yaqub yaradıcılığına qısa ekskurs edilir.Zəlimxan Yaqub yaradıcılığının müxtəlif mövzulu bədii nümunələri təhlil obyektinə çevrilərək,təhlil edilir.

Açar sözlər:Əbədiyaşar,Zəlimxan Yaqub,poeziya,ədəbiyyat

                                                       Abstarct

In the article, a short excursion is made to the work of the folk poet Zalimkhan Yagub, a representative of contemporary Azerbaijani literature. The artistic examples of various themes of Zalimkhan Yagub’s work are analyzed by becoming the object of analysis.

Keywords:lives forever,Zalimkhan Yagub,poetry,literatur.

Məqalə

Giriş:

Xalqın milli ruhundan ilham alıb,yazıb yaradan şairlər,yazıçılar həmişə xalqın and içdiyi müqəddəs pirə dönürlər.Məhz belə şairlərimizdən biri də Zəlimxan Yaqubdur.Zəlimxan Yaqub hələ sağlığında əbədiyyət qazanıb heykəlləşmişdir.Heydər Əliyev Zəlimxan Yaqub haqqında belə deyirdi:”Zəlimxan Yaqubun mövzuca rəngarəng və məzmunca dolğun olan şeirləri həmişə yeni səs,yeni söz kimi qəbul edilmişdir.Onun ulu əcdadlarımızın qədim sənəti olan aşıq yaradıcılığının incəliklərini dərindən bilməsi şeirlərinin bədii siqlətini daha da artırır.Şair Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yarada bilmişdir”.[2,s.9]

Əsas hissə:

Ay Zəlimxan,yaxşı sarıl qələmə
Qalsa yenə bu nəğmələr qalacaq.[1,s.136]

Qələmə yaxşı sarılan Zəlimxanın təkcə nəğmələri qalmadı,bütöv bir Zəlimxan dünyası bizlərə miras qaldı.Mövzu və məzmun baxımından rəngarəng olan Zəlimxan Yaqub yaradıcılığının prioritet mövzusu vətən idi.

Sən rəngi getməyən,ətri getməyən,
Gülü saralmayan çəmənsən,Vətən!
Füzuli sevdiyi,Sabir sevdiyi,
Vurğunun vəsf etdiyi Vətənsən,Vətən!

Füzulinin,Sabirin,Vurğunun sevə sevə vəsf etdiyi Vətən Zəlimxan Yaqub üçün iki yer idi:biri-Azərbaycan,biri-Borçalı.Hər iki vətəndə şair üçün qəm,qüssə,kədər,nisgil var idi.Şair şeirlərində iki vətəninin olduğunu ürək ağrısıyla qeyd etmişdir:

O elimdi,o kəndim,bu şəhərim,
O həsrətim,bu sevincim,bu qəhərim.
Bəlli deyil nə axşamım,nə səhərim,
Mən qalmışam axşamla dan arasında.[1,s.95]

Axşamla dan arasında qalan Zəlimxan Yaqub haqqında akademik Xudu Məmmədov belə deyirdi:”Zəlimxan Yaqub yaradıcılığında Vətən mövzusu mütləq ölçülərlə təsvir olunmur,ölçüsüzlüyə çevrilir.”[2,s.11]
Şair özünü nə Azərbaycandan,nə də Borçalıdan ayrı hesab edə bilmir.Şair Azərbaycanla Borçalının eyni torpaqdan olduğunu qəti vurğulayır:

Bədən birdi,ət dırnaqdan ayrı deyil,
Torpaq birdi,kök budaqdan ayrı deyil.
O məmləkət bu torpaqdan ayrı deyil,
Ayrı nə var ürəklə can arasında?[1,s.96]

Səməd Vurğun könül ilə canı necə ayrılmaz təsəvvür edirdisə,Zəlimxan Yaqub da eləcə Azərbaycanla Borçalını ayrılmaz təsəvvür edir.

Sıxılma,ey ürəyim,
Təngimə,ey nəfəim.
Solma,ömür çiçəyim,
Heç nəyi istəmirəm,
Həyata,insanlığa,
İnam bəsimdir,bəsim.
Nur verirsə,gözümə
Vətən adlı gur ocaq,
Hər şey gözəl olacaq.[1,s.82]

Bu misralarda biz gələcəyə olan inamı açıq-aşkar görürük.Bəlkə də,şair yuxarıdakı misralarda “hər şey gözəl olacaq”sözlərini gizli bir eyhamla işlədir.Ana balasına qovuşan kimi Azərbaycanın da Borçalıya qovuşmasını arzulayır.
Zəlimxan Yaqub yaradıcılığında mütləq ölçüsüzlüyə çevrilən Vətən mövzusu ilə yanaşı xalq,millət mövzusu da kifayət qədər ustalıqla qələmə alınmışdır.Şair özünü Türk mənsubiyyətinə aid edir və bununla fəxr edir.Şair şeirlərində özünün mənsub olduğu qədim türklərin tarixinə,həyat tərzinə çox maraqlı şəkildə toxunmuşdur:

Silkələdin göyün yeddi qatını,
Qucaqladın doğu ilə batını.
Dur,yəhərlə ərənlərin atını,
Dəniz kimi dalğalan,türk,qalxan,türk!
Döyüşən türk,oyanan türk,qalxan türk![1,s.110]

Bu misralardan aydın olur ki,şair Türk xalqını Adəm ucalığına qaldırıb,vəsf edir.Zəlimxan Yaqub öz şeirlərində özünün şairlik istedadının xalqdan gəldiyini,xalqdan ilhamlandığını dəfələrlə qeyd etmişdir:

Oymaq-oymaq eli gəzdim,dolandım,
Fikir verdim hikmətinə bu xalqın.
Yatardımı əl qələmə,dil sözə,
Vurulmasan söhbətinə bu xalqın.[1,s.107]

Zəlimxan Yaqubu xalq sevimlisinə çevirən onun şeirlərinin mayasını xalq hikmətinin təşkil etməsi idi.Şeirlərindən aydın olur ki,şair ilhamını xalqdan alır,şeirləri xalqdan qidalanır.

Ya Qoşqar olasan,ya da Şah dağı,
Belə ucalasan,ucalanda da.[1,s.138]

Qoşqar kimi,Şah dağı kimi uca olan Zəlimxan Yaqub yaradıcılığından danışanda şairin ustadnamələrinə toxunmamaq qeyri-mümkündür:

Səsin,ünün eşidilməz olanda,
Ünsüz ömrü yaşamasan yaxşıdı.
Qiblə seçib namazına durmasan,
Yönsüz ömrü yaşamasan yaxşıdı.[1,s.107]

Şairini ustadnamələri bilavasitə Aşıq Ələsgərin,Səməd Vurğunun,Osman Sarıvəllinin,Aşıq Şəmşirin və xalqdan ilham alan şairlərin yaradıcılığından can almışdır.

Yağış yağsa ,barlı bağa xeyri var,
Tər çiçəyə,yaşıl tağa xeyri var.
Nə zəmiyə,nə torpağa xeyri var,
Dinsiz ömrü yaşamasan yaxşıdı.[1,s.107]

Şair öz ustadnamələrində insanlara müdrik bir filosof kimi məsləhət verir:

Yatmağa gəlmədin sən bu həyata,
İnanma sozalan mənzilə çata.
İnsafmı,yuxular başını qata,
Ömrünü yellərə verib gedəsən.[1,s.138]

Şair öz şeirlərində hamının öz yerindən yuxarı olmadığını qeyd edir:

Həyatda hər kəsin öz qiyməti var,
Hər baş zinət olmaz taca dünyada.
Alçaqlıq bir sənət deyil insana,
Ucalıq yaxşıdır,uca dünyada.[1,s.137]

Şair yuxarıdakı misralarda insanları uca olmağa, əzəmətli olmağa haraylayır.
Sağlığında əbədiyaşarlıq qazanan,öz adını qızıl hərflərlə çağdaş Azərbaycan ədəbiyyatına yazdıran Zəlimxan Yaqub yaradıcılığında təbiət mövzusunun özünəməxsus yeri vardır.Şair təbiəti öz doğma anası,özünü isə onun balası olaraq təsvir edir.Təbiət Allahın şah əsəridir deyən şair Zəlimxan Yaqub təbiət təsvirlərini o qədər səmimi hisslərlə təsvir edir ki,sanki həmin hadisələr bu dəm insanın gözü qarşısında canlanır:

Yenə təbiətin gəlhagəlidi,
Torpağın tükənməz sərvətinə bax!
Arının çiçəklə öpüşməsinə,
Bülbülün budaqla söhbətinə bax![1,s.78]

Təbiət hadisələrinə poetiklik əlavə edən şair həqiqət çərçivəsindən kənara çıxmır,ona yeni bir bədii don geyindirir:

Allah vergisidir hər gül,hər çiçək,
Öpür şeh damlası,oynadır külək.
Baxırsan,qızarır qız yanağıtək,
Gülün həyasına,ismətinə bax![1,s.78]

Şair məcazla həqiqətin vəhdəti ilə əsrarəngiz təbiət mövzulu şeirlərini təbiətin özündən vəcdə,təbə gələrək yazmışdır.Şair eyni zamanda bu təbiətin minlərlə Zəlimxan yaradacağına inanır:

Arıya bax,bal süzür,şan yaradır,
Cana məlhəm,gözə dərman yaradır.
Hər mənzərə bir Zəlimxan yaradır,
Təbiətin ovsununa düşəndə.[1,s.73]

Təbiətin ovsununa düşən Zəlimxan Yaqub haqqında Hüseyn Arif belə deyirdi:”Zəlimxanın mayası sazla yoğrulub.Sazın bağrından qopan odu alovu,simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar’’.[2,s.10]Yaxşı ki sən varsan,ay sədəfli deyən Zəlimxan Yaqubun şeir dünyasında saz Allah dərgahına qaldırılır,saz müqəddəsliyə çevrilir.

Çiçəklər yazdan doğulub,
Gözəllər nazdan doğulub.
Zəlimxan sazdan doğulub,
Sarıldığım sazdır mənim.[1,s.166]

Türk xalqının min illər bundan qabaq yaratdığı,bu gün yaşatdığı,gələcəkdə qoruyub saxlayacağı saz Zəlimxan Yaqub şeirinin ana xəttidir,özəyidir.Şair sazı özünün ümidgahı,pənah yeri sayır:

Təklənib,qəmlənib yalqız olanda,
Çiçəyim saralıb,gülüm solanda.
Qəlbim kövrələndə,gözüm dolanda,
Sazdı ümid yerim,pənahım mənim.

Bu şeirlərdə təkcə saz təsvir olunmur,min illik tarixi həqiqətlərə,mətləblərə toxunulur:

Yenə nə nalədi,yenə nə səsdi,
Nədir o çəkdiyin haray,a tellər!
Yenəmi ayrıldı Gəncədən Kərəm,
Yenəmi dağıldı saray,a tellər!

Əslinin həsrəti,Qəribin qəmi,
Yükünü götürmüş kədərdən gəmi.
Məcnun intizarı,Leyli sitəmi,
Haraya,sığışar,haraya,tellər![1,s.161]

“Saz”poeması sazın mükəmməl təsvirində şairin olduqca qiymətli əsəridir.Vətən anlayışı necə ölçüsüzlüyə çevrilirdisə,saz da bu poemada eləcə sonsuzdur,ölçüsüzdür.

Canım qara torpağın,nəfəsim göylərindir,
Qəbirdə yatsam belə,həmişə həyatdayam.

Canı,nəfəsi nəininki torpağın,göylərindir,eyni zamanda Türk xalqınındır,Türk dünyasınındır.Bir ömür ciddi cəhdlə xalqı üçün çalışan Zəlimxan Yaqub məhz bu səbəbdən həmişəyaşarlıq tapdı.

Yerdən göyə ilahidən razıyam,
Özüm üçün yaşamadım çox şükür!
Kimə bəxtəm,kimə qismət,yazıyam,
Özüm üçün yaşamadım çox şükür![1,s.127]

Özü üçün deyil,xalq üçün çalışan şairin məzarı müqəddəs pirə dönüb,ziyarətinə ellər gəlir.

Nəticə:

Mən yerin altdan çıxdım,
Mən yerin üstdən gəldim.
Bir ucu göyə bağlı,
İlahi səsdən gəldim.[1,s.13]

Yerin altdan gələn,ilahi səsdən gələn Zəlimxan Yaqubun şeirləri hər bir insanın könül ovqatına çevrilərək,insanları məst edir.İlahi səsdən gələn Zəlimxan Yaqub ilahi səs kimi ilahilik qazanıb,xalqın ürəyini fəth eləmişdir.
Əbədiyaşar şairin xatirəsi günü-gündən daha çox əziz tutulmaqdadır.Nə qədər ki,Türk xalqı,Türk dünyası var Zəlimxan Yaqub o qədər yaşayacaq!

Keçmişdə köküm yaşar,gələcəkdə budağım,
Hər ötən saniyədə,hər gələn saatdayam.

İstifadə edilmiş ədəbiyyat:

1.Zəlimxan Yaqub.Seçilmiş əsərləri.İki cilddə. I cild.Bakı,’’Şərq-Qərb’’,2006,248 səh.
2.Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq
şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait – Bakı: F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2020.- 44 s.

Müəllif: Hümbət Bədəlov Arzu oğlu
BDU, Filologiya fakültəsi.

Bədəlov Hümbət Arzu oğlunun yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru