
GÜL VƏ QÖNÇƏ
Açmış gül ilən qöncə yaşar kol budağında,
Qöncə böyüyürdü çıxaraq körpə çağından.
Baxdıqca sevər hüsnünü məftun qalan aşiq,
Pardaxlanaraq Gül qızarar, xal yanağında.
Sübhün yeli ilən daranar pəmbə ləçəklər,
Gündüz qurudardı şehini şux buxağında.
Cənnət qoxuyan, nazlı, zərif məsuma bənzər,
Heyranı nə çox, türfə gözəllikdi bağında.
Qönçə düşünür keçsə zaman taclanacaqdır,
Məftun edəcəkdir görəni nur çırağında.
Al Gül də qıyıb gözlərini qönçəni süzmüş,
Həsrət bürümüş qəlbinədək ta ayağından:
Ah, bəxtəvər idim demə mən qönçə çağımda,
Aldıqca nəfəs, yandı bu ah, gül dodağında.
Xoşdur görə bilmək də nədir neməti ömrün,
Getməz bada əsla yaşanan an marağında.
Bundan yaşamın hikmətini anladı Zeynəb,
Yazdı çiçəyin dərsini qəlbin varağında.
02.02.2024
Müəllif: Zeynəb Cəmaləddin
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında