İntellektual tarix səltənətində Şərq və Qərb fəlsəfələrinin görüşü dünyanı dərk etmə tərzimizi formalaşdıran zəngin düşüncə qobeleninə gətirib çıxardı.Ənənələrin bu birləşməsində əsas fiqurlardan biri, ideyaları təkcə İslam fəlsəfəsinə deyil, həm də Qərb fəlsəfi fikrinin inkişafında rezonans tapmış İbn Sinadır. İbn Sina, İslamın Qızıl dövründə yaşasa da, onun təsiri mədəni və coğrafi sərhədləri aşaraq Qərb fəlsəfi diskursunun ürəyinə çatdı. Onun Qərb təfəkkürünə verdiyi ən mühüm töhfələrdən biri Aristotel fəlsəfəsinin islam teologiyasına inteqrasiyası idi ki, bu sintez sonralar orta əsrlər Avropasında sxolastik fəlsəfənin inkişafını formalaşdırmışdır. İbn Sinanın fəlsəfi sistemi təbiət dünyasının dərk edilməsində ağıl və məntiqin vacibliyini vurğulayırdı.Onun “uçan adam” konsepsiyası – insanın hissiyyat təcrübəsi olmadan mövcud olduğu xəyali bir ssenari – Dekartın məşhur “Cogito, ergo sum” (“Düşünürəm, deməli, varam”) ifadəsinin əsasını qoydu və insan varlığının müəyyən edilməsində özünüdərk və şüurun mərkəziliyi vurğuladı.İbn Sinanın əsərləri ən böyük Qərb mütəfəkkirlərinin bəzilərində silinməz iz qoymuşdur. Onun fəlsəfi fikirləri İbn Sinanın arqumentlərini teoloji çərçivəsinə daxil edən Tomas Aquinas əsərlərində rezonans tapdı. İbn Sinanın fəlsəfi fikirləri Qərb fəlsəfəsinin, xüsusən də Orta əsrlərdə kursunun formalaşmasında mühüm rol oynamışdır ki, “Tanrının zəruri mövcudluğu” konsepsiyası Tomas Aquinas kimi mütəfəkkirlərə təsir etdi və iman və ağıl arasındakı boşluğu aradan qaldırmağa kömək etdi. İbn Sinanın metafizika, məntiq və varlığın təbiəti ilə bağlı yazıları Con Lokk, Devid Hum və İmmanuel Kant kimi sonrakı filosoflara da təsir göstərərək, Qərb fəlsəfi fikrinin gələcək əsrlər boyu trayektoriyasını formalaşdırmışdır. Fəlsəfi töhfələri ilə yanaşı, İbn Sinanın tibb sahəsindəki fəaliyyəti də Qərb düşüncəsinə davamlı təsir göstərmişdir. Onun hərtərəfli tibbi ensiklopediya olan “Canon of Medicine” əsəri Avropada əsrlər boyu standart tibb dərsliyi kimi istifadə edilmişdir. Bütövlükdə, İbn Sinanın irsi mədəni və coğrafi sərhədləri aşaraq onu həm İslam, həm də Qərb intellektual tarixində əsas şəxsiyyətə çevirir. Onun ideyaları bu günə qədər filosoflar, ilahiyyatçılar və həkimlər arasında rezonans yaratmaqda davam edir.
Sözümü tamam etdim, ancaq bircə üzrüm var : məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dilini danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir.
Südabə Məmmədovadan qeydlər…
Bugünkü və keçmişdəki zamanı
Publisistlərimizin yaşadığı dövrə nəzər salsaq görərik ki, onlar dil uğrunda vuruşaraq sözlərini kəsərli qələmləri ilə tarixə həkk ediblər.
Kimi sürgün həyat yaşayaraq, kimi də həyatına mürəkkəbləri ilə son qoyaraq.
Nə üçün? Kim üçün? Dili üçün, Mənsəb üçün. Millət üçün.
Biz dil azadlığımızı necə tapdıq? Bu böyük vuruşmalar unuduldumu? Əsla unudulmamalıdır. Hər zaman azad dilimizdə danışarkən çətinlikləri aşan xalqın dilini görürük. Bəxtiyar Vahabzadə alovlu sözlər ilə nə demişdir?
Ey öz doğma dilində danışmağı ar bilən, Fasonlu ədəbazlar, Qəlbinizi oxşamır qoşmalar, telli sazlar, Bunlar qoy mənim olsun, Ancaq vətən çörəyi sizlərə qənim olsun.
Fikirlərim bəziləri üçün geri, bəziləri üçün də müqayisəsiz ola bilər. Əsil dilini sevən, keçmişdəki publisistlərinin qədrini bilən şəxsiyyətlər nə demək isdədiyimi çox yaxşı başa düşərlər .
Günümüzdə gənclər danışan, yazışan, bir sözlə ünsiyyət quran zaman Okey, Xaroşo, Yes, No prablem ifadələrindən istifadə edirlər.
Nədir bunlar? Dilimizi niyə baltalayırıq. Xarmaxuşul edərək rusun, ingilisin sözlərini qatırıq. Nədir bu gəncliyin halı? Okey yerinə Bəli yazmaq, demək məgər çox çətindir? Durub hələ sinəsini irəli çəkib baş ucalığı ilə Yes deyir. Gözəl dilin durarkən dilinə parazit salmağın nə yeri var. Müasirlikdir indi bu? Ya gəncliyin mükkəməl anlayışı? Hansıdı?
Heç biri, heç biri bu anlayışın bir mənası varsa da öz dilinə hörmətlə yanaşmamaqdır. Kimisi kor-koranə , kimisi də bilərəkdən. Korluq çəkənlər Manqurda dönür. Bilərəkdən edən də mənəviyyatını itirir.
Cəlil Məmmədquluzadədən qeydlər…
Tiflisdə müsəlmanların milli komitəsi yığılıb məsələ müzakirə etməli olur. Lakin məclisin hansı dildə aparılması məsələsi az qala böyük problemə çevrilir… “Biri dedi rusca, biri dedi Osmanlıca, biri də dedi ermənicə…”
Papaqlarımızı ortalığa qoyub fikirləşək, hardadı bizim vətənimiz?!
Gəlin, gəlin ey unudulmuş vətənin cırıq-mırıq qardaşları!
Südabə Məmmədovadan qeydlər…
Tarixə nəzər salaq : Çarizmin müstəmləkə rejimi və ağır senzurası milləti avam hala salaraq dilini əlindən alıb insanları robotlara döndərdi. O dövrdə “Ağızı olub da, dilini itirən millət “ə Mətbuat publisistlərimiz nəfəsli mürəkkəbləri , yazıları və düşüncələri ilə xalqın dili və görən gözü oldular. O boyda əzab qarşısında camaata Ana dilini qaytarılıb.
Bunlar yada düşəndə İnsan heç qıyayrmı bir dənə belə olsa “Bəli” sözünü “Okey”lə əvəz etməyə?
Çağdaş ədəbiyyatımızın və mətbuatımızın ünlü siması, əbədi sözün yorulmaz ədəbi yolçusu, şair-publisist, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidi dünyaya gəldiyi gün (21 avqust), ömür təqviminin 60 illiyi münasibətilə təbrik edir və bu mübarək – özəl gündə ithaf söz çələngimi ən xoş arzularla dəyərli aydınımıza könül ziyarəti olaraq ehtiramla ünvanlayiram:
İshaq Salmanzadə türkiyəli şəriki Ədhəm bəylə Budapeşt dəmir yolu vağzalında vidalaşdı. Ədhəm bəy onu Egerə ötürməyə gəlmişdi. Türkiyə adətiylə bir-birinə sarıldılar, yanaqlarını bir-birinə yapışdırdılar.
Ədhəm bəy:
– İnşallah mayısın 5-də Nyu Yorkda görüşürüz – dedi.
İshaq:
– İnşallah – deyib vaqonun pilləsiylə qalxdı, kupesinə girdi, pəncərədən şərikinə əl elədi. Bir an sonra qatar tərpəndi, İshaq Ədhəm bəyin çevrilib uzaqlaşdığını gördü.
Avropa qatarlarına xas olan oturaq kupeni bütünlüklə almışdı ki, yol-yoldaşı olmasın, tanımadığı adamlarla ünsiyyəti sevmirdi. Həm də onsuzda axı macar dilini bilmirdi, Egerə dörd saatlıq yolda özü-özüylə, xatirə və arzularıyla tək qalmaq istəyirdi.
Qalstukunu açdı, şalvar-pencəyini, köynəyini soyunub mavi idman paltarını geyindi. Bir az dar çəkmələrini çıxardı. Ayaqları yumşaq şap-şapları içində xeyli rahatlaşdı. Vərdişli hərəkətlə qol saatına baxmaq istədi, dərhal da yadına düşdü ki, dünən axşam bahalı “Roleks” saatını Ədhəm bəyə bağışlamışdı. Ədhəm bəy bahalı hədiyyəni heç cür qəbul etmək istəmirdi. Nəhayət, bir şərtlə qəbul etdi:
– Söz verin ki, siqara içmeyi burakacaqsınız, Amerikada siqara yasaqı pek ciddidi. Saatlarla çəkən danışıqlarda siqar içmeden dözmeli olacaqsınız.
Otuz iki yaşlı İshaq bir çox ölkələrdə olmuşdusa da, ABŞ-a yolu düşməmişdi. Odur ki, şəriki Ədhəm bəylə bu işgüzar səfəri səbirsizliklə gözləyirdi. Yeni iri bir inşaat layihəsini amerikalı işdaşlarıyla razılaşdırıb imzalamalıydılar. Amerika şirkətiylə əməkdaşlıq təklifi Ədhəm bəydən gəlmişdi və İshaq dərhal razılaşmışdı.
Yeniyetməlik çağından Amerikanın heyranı idi. Ekranlarda gördüyü Amerika filmləri, Dyuk Elinqtonun, Erol Qardnerin, Stiv Vanderin, Sten Kentonun və neçə-neçə başqalarının caz və rok ifalarından ibarət zəngin fonokolleksiyası vardı. Oxuduğu kitablar – əvvəllər Cek Londonun, Drayzerin, Mark Tvenin, daha sonralar Heminqueyin, Folknerin, Skott Fitsceraldın rus dilində çıxmış romanları İshaqı bu ölkəyə valeh etmişdi. İldən-ilə müxtəlif səbəblərdən təxirə saldığı niyyəti ingilis dilini öyrənmək idi. Bu il bu işə mütləq ciddi girişəcəkdi. Ədhəm bəy də “uğurlu biznes üçün bu, ən önəmli şərtdir” – deyirdi. Ədhəm bəyin yarızarafat-yarıciddi bir tövsiyəsi də vardı.
Amerika biznesində yəhudilərin çox mühüm nüfuzu olduğunu bildiyinə görə İshaqa təklif edirdi ki, soyadı Salmanzadənin “zadə”sini atsın. Adı da münasibdir, İshaq Salman tam bir yəhudi kimi səslənir. İshaq Salmanın həqiqi mənşəyini müəyyənləşdirənədək onu yəhudi biləcəklər, ona münasibət də özəl olacaq. Ədhəm bəy qəhqəhə çəkib:
– Tabii, şaka yapıyorum – desə də, bu sözlər İshaqın yadında qalmışdı.
Ədhəm bəylə iki il öncə Soçidə işgüzar bir toplantıda tanış olmuşdular. İkisi də inşaatçı və eyni yaşda olduqları üçün dərhal dil tapmış, yaxınlaşmışdılar. Ədhəm bəy İshaqı macar iş adamı Lasloyla da tanış etmişdi və elə indi Budapeştdə də birgə lahiyələri dolayısıyla görüşmüşdülər. Amma o Soçi görüşünün İshaqçün daha önəmli bir cəhəti də vardı. Soçidə Laslonun tərcüməçisi tatar qızı Kamilla Kadırovayla tanış olmuş və nağıllarda deyildiyi kimi, bir-birinə bir qəlbdən min qəlbə aşiq olmuşdular.
Kamilla Moskvada Xarici Dillər İnstitutunda macar dilini öyrənmiş, kurs yoldaşı Qaborla ailə qurmuş, institutu bitirdikdən sonra Eger şəhərində yaşamağa başlamışdılar. Az sonra hansı səbəbdənsə (səbəbini İshaqa deməyi lazım bilməmişdi) nigahları pozulmuş, amma artıq Macarıstanda rus dilindən tərcüməçi kimi tanınan və müxtəlif şirkətlərin işinə cəlb edilən Kamilla elə Egerdə də qalmışdı.
İshaq da arvadından bir neçə il qabaq ayrılmışdı. Ərkinazla uğursuz nigahları cəmisi bir il çəkmişdi. Ərkinazın səbəbsiz, mənasız və İshaqı dığ edən qısqanclığına yalnız bircə il tab gətirə bildi. İşdə, ya hansısa tədbirdə qarşılaşdığı, telefonla danışdığı, ya ismarış aldığı hər qadın heç bir əsas olmadan Ərkinazçün qısqanclıq obyektinə çevrilirdi. Yersiz şübhələriylə İshaqı çərlədirdi.
Ərkinaz dünyada bütün qadınlara nifrət edirdi. Bir yarısına ona görə ki, onun fikrincə, həddən artıq gözəl idilər, o biri yarısına da, onun rəyincə yaman kifir olduqlarına görə.
Əlqərəz, göz yaşları, bayılmalar, hədələr, qara-qışqırıqlardan keçərək axır ki, üzülüşdülər.
Bu qısa sürən uğursuz nigahı İshaq vahiməli yuxu kimi, qarabasma kimi xatırlayırdı. Sonralar ara-sıra müxtəlif qadınlarla görüşsə də, bütün varlığıyla qurşandığı biznes aləmi ona şəxsi həyatıyla uğraşmağa macal vermirdi. Hannan-hana ağlına belə fikirlər gələndə, düşünürdü ki, daha heç vaxt sevə və sevilə bilməyəcək. Ta Kamillaya rast gələnəcən.
Neçə il macar qürbətində yaşayan tatar qızının öz millətinə doğma olan bir insanla rastlaşması, keçmiş həyatıyla bağlı nostalji hisslər, ya kim bilir daha nələr Kamillanın elə ilk günlərdən ovqatına hakim kəsildi və bu hisslər İshaqın da qarşılıqlı duyğularına tuş gəldi.
Müşavirə sona yetən günlərdə İshaq dəqiq başa düşdü ki, daha Kamillasız yaşaya bilməyəcək. Lasloyla Ədhəm bəyin şərikli şirkətlərinə Macarıstanı da qoşmaq təklifi bu ölkəyə səfərlə bağlı olduğuna görə dərhal İshaq tərəfindən sevinclə qarşılandı. Və budur, Kamillayla – İshaq ona bizimcə Kamilə deyirdi – ayrıldıqlarından üç ay sonra, Budapeştdən Egerə, onunla görüşə gedir. Dörd saatdan sonra Kamilə onu Eger vağzalında qarşılayacaqdı.
İshaq özünü xoşbəxt adam sayırdı. 44 günlük zəfər savaşından, 23 saatlıq möcüzədən sonra başqa heç bir dərd-səri, narahatçılığı, qayğısı qalmamışdı. Doğrudur, bir illik uğursuz nigahı və müdhiş boşanmanın fəsadları nəticəsində diabet qazanmışdı. Amma vaxtlı-vaxtında vurduğu insulin iynələri, atdığı həblər vasitəsiylə qanında şəkəri tənzimləyə bilirdi və bu xəbis xəstəlik hələ ki, ona ciddi problem yaratmırdı.
Tambura çıxıb siqaret çəkmək istədi, birdən yadına düşdü ki, vağzalda başı Ədhəm bəylə söhbətə qarışıb siqaret almağı unudub. Kupeyə qayıtdı, əlini şalvarının cibinə salıb bir neçə forint çıxardı, vaqon restorana getdi. Ədhəm bəy onu məzəmmət etməkdə haqlı idi. Bizneslə məşğul olasan, doğma dilindən və rus dilindən başqa heç bir əcnəbi dil bilməyəsən?
Macarstanda rus dilində bir şey soruşmaq isə əbəsdi. Hətta rus dilini bilən olsa da, bu dildə cavab verməyəcəkdi. Bunu Budapeştdə olduğu bir neçə gündə anlamışdı.
Vaqon restoranda bufetçiyə siqaret, siqar sözlərini ortaq bir dildə söyləsə də, adam başını buladı. Hətta jestlə siqaret çəkmək istəyini göstərsə də, bir nəticə hasil olmadı.
Bufetçi: elə hey “Ninç” deyirdi. Budapeştdə olduğu bu bir həftədə İshaq yalnız bu sözü öyrənmişdi: “Ninç”, yəni “yox”.
Bufetdə siqaret yoxmuydu, ya satılımırdımı, bunu anlaya bilmədi. Kupeyə əli ətəyindən uzun qayıtdı. Siqaret çəkmək ehtiyacı isə tərs kimi daha da şiddətlənirdi. Cib telefonunda saata baxdı səkkizə on dəqiqə qalırdı. Egere iki saat iyirmi dəqiqədən sonra çatacaqdılar. Bir təhər dözməliydi.
Bu fikirlər içindəykən birdən qatar dayandı. İshaq pəncərədən baxırdı. Düz onun vaqonun qarşısında köşkdə siqaret satırdılar. İshaq tələsik qatardan endi, köşkə yanaşdı, cibindəki forintləri uzadıb (artıq burda “Kent”in neçə forintə satıldığını bilirdi) bir qutu siqaret aldı. Çevrilib baxanda gördü ki, qatar hərəkət etməyə başladı. Hövlnak yüyürdü, ayağı büdrədi, yıxıldı, güc bəlayla ayağa qalxanda dəhşət içində gördü ki, qatarın son vaqonu uzaqlaşıb getməkdədir.
“Lənət şeytana” deyə bu işdə heç bir günahı olmayan şeytanı söydü. Bir müddət matı-qutu qurumuş halda qaldı. Vəziyyətin ciddiliyini get-gedə daha dərindən dərk edərək elə bil büdrəyən ayağının ağrısını da unutmuşdu. Vağzalın içinə girib qatarların getmə-gəlmə cədvəlinin qarşısında durdu. Egerə gedən qatarın da, Budapeştə gedən qatarın da bu adını bilmədiyi şəhərdə yalnız səhər saat yeddidə və yeddi otuzda duracağını təşvişlə müəyyənləşdirdi.
Narın yağış çisələməyə başlamışdı. Vağzalın içinə keçdi, taxta skamyada əyləşdi və düşünməyə başladı. Düşdüyü vəziyyətin çıxılmazlığı onu daha çox eyməndirir və təlaşlandırırdı. Neyləməli, necə etməli. Hafizəsinə arxalanmadığına görə bütün telefonlar, ünvanlar cib telefonunda, cib telefonu isə Egerə gedən qatarın kupesində idi. Nə qədər səy etsə də, nə Ədhəm bəyin, nə Laslonun, nə Kamilənin, nə də Bakıdakı telefon nömrələrinin heç birini yada sala bilmirdi. Bircə öz ev telefonunun nömrəsi yadındaydı, amma boş mənzildə kimə zəng edəcəkdi? Həm də burdan ora necə, neçəyə zəng edə bilərdi? Cibində bircə forinti də qalmamışdı. Tərs kimi aclıq da hiss etməyə başladı, axı iynəsinin vaxtını ötürmüşdü. İngiliscə cəmi iki-üç söz bilir, macarca isə “ninç”dən başqa bir kəlmə də bilmirdi.
Bu xudmanı vağzaldan aydın olurdu ki, kiçik bir əyalət şəhərində, ya qəsəbəsindədir. Çətin bu şəhərdə rus dili bilən ola, o ki qaldı türk, ya Azərbaycan dilinə. Düşdüyü vəziyyəti kimə və necə izah edə bilərdi. Bu vəziyyətdən hansı çıxış yolu vardı? Axşam saat səkkizdən sonra yəqin ki, bütün rəsmi idarələr bağlıydı. Hara üz tutsun, kimdən imdat diləsin?
Aclığı elə bil dəqiqəbədəqiqə şiddətlənirdi. Yadına düşdü ki, cəmisi iki dəfə iynənin vaxtını ötürüb və hər ikisində az qala koma vəziyyətinə düşmüşdü. Yaxşı ki, hardansa bir parça qənd tapıb ağzına qoymuş, özünü bir təhər iynəyə çatdırmışdı. Ətrafa boylandı. Hər hansı dükandan əsər-əlamət yoxdu. Ağzının içi qupquru qurumuşdu. “Nə olur olsun, ruhdan düşməyib iradəmi toplamalıyam. Ola bilməz ki bir çıxış yolu tapılmasın”.
Gözlərini yumub düşünməyə başladı. Az sonra arxadan iki əl onun başını qucaqlayıb gözlərini örtməsini hiss etdi, sərin qadın əlləri idi.
Kamillanın əlləri… Möcüzə baş vermişdi. Kamilla nə sayaqsa onun düşdüyü vəziyyəti duymuş, tələsik özünü bura yetirmiş, İshaqın gözlərini əlləriylə qapamışdı. Yumşaq hərəkətlə sərin əlləri gözlərindən araladı qanrılıb geriyə baxdı. Qarşısında saçları yaşıl rəngə boyanmış, qalın sürməli gözləri və al qırmızı dodaqları olan qadın dayanmışdı. Qadın ona göz vurdu. İshaq başını buladı. Aydındı ki, fahişədi. Qadın diliylə dodaqlarını yaladı və bir daha İshaqa işarə etdi. İshaq: – ninç – dedi. Qadın gülümüsəyib onun saçlarını qarışdırdı və əliylə idman paltarını sığalladı. İshaq başa düşdü ki, əl çəkən deyil və onu cəlb edən yəqin ki, bahalı idman paltarıdır. Durub şalvarının boş ciblərini çevirdi.
Qadın:
– Fu – deyib burula-burula uzaqlaşdı.
İshaq gözlərini ovuşdurdu, yuxuydumu gördüyü, ya həqiqətdi? Əlbəttə, qadının Kamilə olduğunu zənn edəndə mürgüləyirmiş. Amma sonra olanlar real idi. Bəlkə bu qadını tale göndəribmiş, nə şəkildəsə onu çıxılmaz vəziyyətdən qurtara bilərmiş? Bu absurd fikri dərhal beynindən qovdu. Aclığı isə daha da çox hiss edirdi. Bütün vücudunu müc edən, taqətsizləşdirən, qanını soran bir zəliydi sanki…
Niyə vaqon restorona getmişkən vaxtından bir az qabaq nahar eləmədi? Niyə telefonu yanında deyil? Niyə milyonlarından ən çoxu iki yüz dolları götürmədi ki, taksi tutub Egere çatsın? Niyə? Niyə? Niyə? Cavabsız suallar beynini deşirdi.
Çıxılmazlıq az qala onu dəli edəcəkdi. Bir yandan da dəhşətli işəmək ehtiyacı hiss edirdi. Ətrafa boylanıb tualet lövhəsini axtardı, tapdı və ora tələsdi. Kəsilə-kəsilə gedirdi, özünü tualetə güclə çatdırdı. İçəri keçmək istəyirdi ki, qapıda dayanan yaşlı gözətçi qabağını kəsdi. Əvvəl onu niyə saxladığını anlamadı. Hansı dildəsə nə isə demək istədi. Kişi divardakı yazını göstərdi. Tualetə girməyin qiyməti yazılmışdı. İshaq bu axşam ikinci dəfə idman şalvarının ciblərini çevirdi, yəni ki, pulu yoxdu: “Ninç”. Kişi laqeydcəsinə başını buladı və yenə yazını göstərdi. İshaq siqaret qutusunu kişiyə uzatdı ki, heç olmasa “Kent”in əvəzinə onu içəri buraxsın. İndi də kişi “ninç” dedi. İshaq özünü saxlaya bilməyəcəyindən, biabır olmaqdan qorxurdu. Daha dözə bilmirdi, kişini itələyib içəri keçdi, qapını bağlıyıb, yüngülləşdi.
Tualetdən çıxanda qapıçının yanında pəzəvəng bir polisi gördü. Polis vərdişli hərəkətlə İshaqın qollarını burdu və dartıb ardınca apardı. Elə buradaca vağzalın içində polis məntəqəsinə girdilər. Polis İshaqı qəfəsə salıb qapısını bağladı. İshaq azərbaycanca və rusca danışa-danışa əlinin işarəsiylə ac olduğunu bildirdi. Polis başını buladı. İshaq: Ay em diabet – dedi, qolunu göstərdi və iynə vururmuş kimi: – insulin – dedi. Polis “ninç” dedi. “İlahi, bu millət ninçdən başqa da bir söz bilirmi?” İshaq lap özündən çıxırdı. Polis bir stəkan su gətirdi və qol saatında 8 göstərdi. Təbii ki, səhər səkkiz. İshaq başa düşdü ki, onun məsələsi səhər səkkizdə həll olunacaq. Deməli, Eger, ya Budapeşt qatarlarına da çatmayacaq. Ancaq bunu polisə necə, hansı dildə izah edə bilərdi? Ona hansı cəzanı verə bilərlər? Cəriməylə canını qurtara bilməyəcək, çünki yanında bir qəpiyi də yoxdu. Səhər bir təhər başa salacaq ki, müstəqil Azərbaycan respublikasının vətəndaşıdır. Budapeştdəki səfirliyimizə müraciət olunmasını tələb edir. Amma hələ səhərə çıxmaq lazımdı. Aclıq şüurunu tamamilə dumanlandırmış, iradəsini müc etmişdi. Yox, bütün iradəsini toplayıb, bu gözlənilməz müşkül vəziyyətdən qurturmalıdır. Bəlkə yata, yuxulaya bilsə, aclığı hiss etməz. Divara yaslanıb gözlərini yumdu.
Bakıda, Ağ şəhərdə, yeddinci qatda, bütün mərtəbəni tutmuş mənzilində idi. Eyvana çıxdı. Qarşısında açılan mənzərə – geniş prospektlər, modern binalar, iri meydanlar, kölgəli yaşıl parklar və bir qədər aralıda mavi dəniz… Bol günəşli, mülayim iqlimli bir gün idi. Sərin meh saçlarını oxşayırdı.
Qəfildən evlərinin düz qənşərində, elə binalarının mərtəbələrinin sayı qədər sal bir divar əmələ gəldi. Bu divar yavaş-yavaş əyilib İshaqgilin binasının üstünə yeriməyə başladı. İshaq dərk edirdi ki, bir an sonra bu pəncərəsiz, qapısız məşum divar onların binalarının üstünə yıxılıb yerlə-yeksan edəcək. Eyni anda şəhərin bütün başqa binaları da alt-üst olacaq və dərhal bütün dünyada bütün evlər, şəhərlər, kəndlər tar-mar olacaq. Neçə vaxtdır gözlənilən nüvə müharibəsi belə başlayıb anındaca bitəcəkdi, zəncirvari reaksiya bütün yer kürəsini xarabaya çevirəcəkdi.
Ən qəribəsi oydu ki, İshaq bundan nə kədərlənir, nə vahimələnir, nə dəhşətə gəlirdi. Əksinə, içini qəribə bir fərəh hissi, bəxtəvərlik duyğusu doldurmuşdu. Bütün insanlığın bir an içində birlikdə həlak olması qəlbində bir arxayınlıq hissi oyatmışdı. Heç kəs, heç kəs qalmayacaqdı. Deməli, dünyanın sonu belə imiş, qiyamət günü dedikləri buymuş, tək, fərdi yox, hamılıqla birlikdə əbədi yoxluğa qovuşmaq nə xoş bir hissmiş.
Sübh tezdən polis qəfəsin cəftəsini açanda məhbusu yerə yıxılmış gördü. Nəbzini yoxladı. Tez polis həkimini çağırdı. Həkim adamın təqribən gecə yarısı keçindiyini müəyyənləşdirdi. Morqda məlum əlamətə görə meyitin müsəlman, yaxud yəhudi olduğu aydınlaşdı. Qəsəbədə müsəlman qəbiristanlığı olmadığı üçün yəhudi qəbiristanlığında basdırmağı qərarlaşdırdılar. Amma yəhudiliyini qəti təsdiq edən heç bir sənəd olmadığı üçün ravvin buna izin vermədi. Meyiti krematoridə yandırdılar və külünə yiyə duran olmadığına görə havaya sovurdular.
18 iyul 2024
Müəllif: ANAR Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri.
Doxsan ikinci ilin payızında cəbhəyə yollandıq. Sinifdə oğlanlardan ancaq iki nəfər universitetdə oxumağı seçdi. Qalan hamı könüllü yazılmışdı, evdən xəbərsiz, gizlincə. Tez böyümüşdük, müharibə içimizdəki uşağı didərgin salmışdı… Çox vaxt evdəkilərlə əlaqəmiz olmurdu, bəzən ayın tarixini, həftənin gününü belə bilmirdik, daşın-qayanın üstündə yatıb, bir tikə çörək tapanda sevinirdik, ancaq uşaq kimi yox, nəsə başqa cür, qəribə sevinirdik… Yağış yağanda isə deyinirdik, sanki bütün günahlar yağışda imiş, o ki qar yağırdı, deyinməyin bir işə yaramadığını görüb, qar topu oynayırdıq, ancaq uşaq kimi yox, nəsə başqa cür, qəribə oynayırdıq…
O qədər ağrılı-acılı günlərimiz olub ki… Bəzən bir-birimizin gözünün içinə baxıb, sadəcə susurduq, baxışlarımız bizim əvəzimizə danışırdı. Məsələn, sinfimizin bir nömrəli yalançısı Farizin “şirin” yalanları burada keçmirdi, qızların sevimlisi, rok musiqisinin həvəskarı Yusifin saçı-başı ağarmışdı, hərdən aşıq mahnılarına qulaq asırdı, “Nikbin” təxəllüslü şairimiz Aydın axırıncı dəfə nə vaxt şeir yazdığını xatırlamırdı, güllə səslərinə qafiyə tuturdu… Ancaq bu qədər çətinlik içərisində sınmadıq. Hamının üzündə inam, gözlərində ümid var idi… Necə xoşbəxt idik, İlahi…!
Bir həftəlik təlimdən sonra müxtəlif hərbi birləşmələrdə döyüşlərə qatıldıq. İlk döyüş günüm uğurlu keçdi. Ağdərədə iki kəndi azad etmişdik. Kənddən qaçan ermənilər at fermasını yandırmışdılar. Atların kişnərtisi hələ də qulaqlarımdan getmir. Yanğını söndürə bilmədik, nə var idisə kül oldu, sonra yuxumda ağ atlar görürdüm, ağzı köpüklü həmin ağ atlar qəfil tüstülənib yox olurdular, ancaq kişnərtiləri uzaqdan eşidilirdi… İlk vaxtlar bütün gördüklərim qəribə gəlirdi mənə, ancaq getdikcə hər şey adiləşirdi. Əvvəlcə yaralıların səsinə, sonra da ölülərin sükutuna öyrəşdim… Ağ atlar isə bir daha yuxuma gəlmədi…
Noyabr ayıydı, havalar soyumağa başlamışdı. İki gün davam edən qızğın döyüşlərdən sonra düşməni geri çəkilməyə məcbur etmişdik. Növbəti qələbəmizi qazanmışdıq, həyəcanlı idik. Azad etdiyimiz kəndlərdən birinə daxil olurduq. Bir az ürkək, bir az da ehtiyatlı davranırdıq. Əldə olunan məlumata görə ətraf yüksəkliklər nəzarətimizdə idi. Qəribə və anlaşılmaz sakitçilik hökm sürürdü. Qəfil atəş açıldı. Məndən bir az aralıda dayanan Rəhmanı snayper vurmuşdu. Rəhman sinfimizin ən fağırı olsa da, tərsliyi ilə seçilirdi. Nə deyirdin, tərsinə eliyirdi. Həmin gün də ona arxamca gəlməyini tapşırdım, yenə də tərsliyi tutdu, düz qabağıma keçdi. Ancaq kəndə daxil olanda bir az kənara çəkildi. Elə bil nəsə hiss eləmişdi… Dərslərini yaxşı oxumasa da, əla futbol oynayırdı. Ona ləqəb də fikirləşmişdik. Axilles Rəhman. Mifi çox yaxşı bilirdi. Babasının böyük kitabxanası var idi. Həftə sonları Rəhman babasının kitabxanasında olurdu. Zarafatla bizə “Axillesin dabanı zəif nöqtəsidir, mənim isə zəif nöqtəm yoxdur” deyirdi.
Müdafiədə keçilməz oyunçuya çevrilmişdi. Müharibədə də Vətən sərhəddini keçilməz etmişdi. Bədəni dəmir kimi idi, adama elə gəlirdi ki, güllə ona heç nə eləməz… Yəni inanmışdıq Rəhmana. Elə bilirdik ki, Rəhmanın həqiqətən zəif nöqtəsi yoxdu. Ancaq güllə Rəhmanın düz alnından dəymişdi. Sən demə Rəhmanın “Axilles dabanı” elə alnı imiş…
Müharibədən qayıdandan sonra bir müddət müalicə olundum. Xəstəxanada məni yoxlayan tibb bacısını tanıyırdım. Eyni məktəbdə oxumuşduq. Hər dəfə hiss edirdim ki, mənə nəsə demək istəyir. Ancaq utanırdı. Bir gün özü açdı söhbəti:
– Sizin sinifdə Rəhman var idi e…
– Var idi..
– Məni sevirdi… Aynurun ala gözləri doldu. Aynur iki sinif bizdən aşağı oxuyurdu. Rəhman bu barədə heç kimə bir şey deməmişdi… Sonralar bu hadisəni xatırlayıb, içimdə Rəhmandan bir az incimişdim. Heç olmasa mənə deyərdin də, ay tərsin biri tərs…
Ölümündən bir gün qabaq axırıncı siqaretini yandırmaq üçün kibrit istəmişdi. Tərslikdən heç kimdə kibrit tapılmadı. Kefini pozmayıb, gülümsədi, xırıltılı səslə “kibrit tapanda çəkərəm”-deyib, siqareti cibinə qoydu. Meyidini yuyandan sonra cibindəki siqareti yadıma düşdü. Əlimi cibinə atanda gördüm ki, siqareti ortadan ikiyə bölünüb. İlk dəfə idi ki, içimdə ölən “uşaq” dirilmişdi, hönkür-hönkür ağladım. Rəhmanı qaldırmaq istədim, əllərim əsdi. Komandirə baxdım, nə deyəcəyimi bilmirdim, çarəsiz idim, komandir içini çəkib, kibritini mənə sarı uzatdı…
O an içimdə nəsə qırıldı elə bil. Səsini də eşitdim. İntəhası susdum. Yadıma Rəhmanın yıxılmağı düşdü: Bir dəfə məktəbin hasarından atlananda bərk əzilmişdi, deyəsən topuğu sınmışdı, həmin vaxt onu qaldıra bilmişdim…. Ən çox “Tarix” dərsindən qaçırdıq, ancaq bilmirdik ki, nə vaxtsa özümüz tarix yazacağıq…
Başımın üstündə uçan güllələr daşa-qayaya dəydikcə sərçə civiltisini xatırladırdı. İlk vaxtlar bu səs adamı dəli edirdi. Sonra vecimə olmadı. İki dəfə yaralandım. Birinci dəfə yüngül yaralandım. Tez sağaldım. İkinci dəfə isə ağır yaralandım. Ordudan tərxis olundum. Doxsan dördün axırı idi. Qəlpə sol ayağımı dizdən aşağı qoparmışdı. Bir ay hospitalda yatdım. Sinifdən on dörd nəfər müharibəyə getsək də, cəmi iki nəfər sağ qayıtdı: komandamızın kapitanı Fikrət və mən… Qalan hamı şəhid oldu, Flora müəllimənin oğlu Ülfətin nəşi tapılmadı. O qədər zarafatcıl, şən oğlan idi ki… Murovda itkin düşdü, Ülfətin qəfil itkisini əvvəlcə zarafat bildik, sonra isə… Flora müəllimə sinifdə oğlunu o biri uşaqlardan fərqləndirmirdi. Coğrafiyanı ən yaxşı oxuyan da elə Ülfət idi. Di gəl, anası güclə dörd yazırdı ona. Deyirdi ki, coğrafi məsələləri zəif həll edir. Ülfətin ən çox sevdiyi mövzu dağlarla bağlı idi. Hərdən mənə elə gəlir ki, Ülfət sağdı, Murovda bizi gözləyir, zarafat eləməyə də adam tapmır deyə dilxordu…
Müharibə çox şeyi aldı əlimdən. Əvvəlcə sinif yoldaşlarımı, sonra da özümü itirdim… Atam ölmüşdü, anam da xəstə idi, mən qayıdandan bir il sonra o da öldü, sevdiyim qızı başqasına vermişdilər, ayağım da belə…
Bütün bunlara baxmayaraq ümidimi üzmürdüm. Başa düşürdüm ki, həyat davam edir. Sənədlərimi universitetə verdim. İnşaat mühəndisliyi ixtisasında oxuyurdum. Universiteti bitirən kimi Rusiyada kibrit fabrikində işə düzəldim.Axşam növbəsində işləyirdim. İşimi sevirdim, bu kiçik qəsəbədə özümü yaxşı hiss edirdim, ayağımın ağrısı da azalmışdı…
Kibrit fabrikinin direktoru ilə görüşəndə məlum oldu ki, azərbaycanlıdı. Məni səmimi qarşıladı, ayağımı müharibədə itirdiyimi biləndə pis oldu, sonra özü haqqında danışdı. Dediyinə görə iyirmi ildən çoxdu bu qəsəbədə yaşayır, əsgərlikdən sonra bir daha geri qayıtmayıb, arvadı da rusdu, elə bu fabrikdə tanış olublar. Vətəndən uzaq olsa da, xoşbəxt olduğunu deyir, güzəranı da pis deyil…
Sağ olsun, məni tələbə yataqxanasına yerləşdirdi, ayrıca mətbəxi olan bir otaqlı mənzildə qalırdım. İlk vaxtlar direktordan ehtiyat edirdim, adam mənə qarşı çox diqqətli idi, bu da məni narahat edirdi. Bu cür diqqət qəribə gəlirdi…
Bir dəfə Novruz bayramında mənə əlavə maaş da yazmışdı. Tapşırmışdı ki, bu barədə heç kimə deməyim. Yoxsa, narazılıq olar. Həmin pulu küçədə gülsatan yaşlı bir qadına vermişdim.
Tez-tez sinif yoldaşım Fikrətlə əlaqə saxlayırdım. Evlənmişdi, bir qızı da olmuşdu. İşsizlikdən gileylənirdi, müharibədə ağır kontuziya almışdı, anidən əsəbiləşib, özündən çıxırdı, ona görə də çox işləyə bilmirdi. Müharibə kiminin canını, kiminin də ağlını almışdı…
Hərdən yuxuda sinif yoldaşlarımla məktəbdə futbol oynadığımı görürəm. “Zəfər” futbol klubumuz məğlubiyyət nədi bilmirdi. İki dəfə məktəblər arasında keçirilən çempionatın qalibi olmuşduq. Kubokun birini hələ də saxlayıram. Komandamızın adını özüm fikirləşmişdim. Kapitan Fikrət idi. Qapıda mən durardım. Boyum hündür olmasa da, cəld idim. Ancaq yuxuda qapıya gələn topları əlimlə yox, ayağımla çıxarırdım. Özü də olmayan sol ayağımla… Bilmirəm niyə, ancaq yuxuda ayaqlarım əllərimdən çox iş görürdü…
Axır vaxtlar təklikdən sıxılırdım. Səhər növbəni təhvil verib, yolüstü ərzaq dükanından pivə, kolbasa, çörək alıb, birbaşa yataqxanaya gedib, səhərə kimi içirdim. Bir-iki qızla da tanış tanış olmuşdum, ancaq yenə də darıxırdım…Bakıdan özümlə gətirdiyim köhnə foto alboma baxıb, bir az sakitləşirdim. Bu qısa müddətli sakitliyim də get-gedə yox olmağa başlamışdı…
– Sənə bir məşğuliyyət lazımdı-direktor dedi,-əgər başını qatacaq bir məşğuliyyət tapmasan, dəli olacaqsan!
– Nə məşğuliyyət?- özümdən çıxdım, anidən belə olanda burnumu qaşıyıram…
Eyvanda oturduq. Direktorun qanı qaralmışdı. Ancaq bu qanqaraçılığın nə ilə bağlı olduğunu soruşmaq istəmirdim…
– İxtisarlar başlayıb. Dünən iki nəfər ixtisara düşdü, bu gün də üç nəfəri ixtisar etməli oldum. Kibritə olan ehtiyac azalır. Bir azdan kibritdən demək olar ki, heç kim istifadə etməyəcək…
– Çay içirsən?-heç nə olmamış kimi soruşdum.
– Yox, sağ ol. Əgər…
– Narahat olma. Mən başımın çarəsinə baxaram. Qayıdaram Bakıya, vağzalda tanışlarım var, bir iş tapıb işləyərəm.
– Doğurdan, buna sevindim. Qalstukunu açıb, qollarını çirmədi-“bu başqa məsələ, gedim pivə alım, yanında nə olsun?”
– “Suxari, bir də balıq”,-dedim.
İstirahət günüm idi. Direktorla axşama kimi pivə içib, min ilin tanışı kimi dərdləşdik. Sonra arvadı zəng elədi, rus dilində nəsə deyinirdi, belə başa düşdüm ki, direktorun qohumlarını yada salırdı., direktor da özünü itirməyib arvadın ölülərini bizim dildə yada saldı. Axırıncı butulkanı da başına çəkib, ləngər vura-vura qapıya tərəf getdi. Direktoru yola salıb, yatdım.
Səhəri gün sonuncu iş günümün olduğunu öyrənəndə (kadrlardan bildiriş gəlmişdi) iri bir çuval tapıb, anbara düşdüm. Anbarın açarı bir məndə idi, bir də direktorda. Anbar köhnə və nəmli olduğuna görə kibrit qutularının çoxu yararsız vəziyyətə düşmüşdü. Çuvalı doldurub, yuxarı qalxdım.Növbəni təhvil verəndə qapıçı İqor əlimdəki çuvalı görüb, soruşdu:
– A şto eto?
– Niçeqo, spiçki-deyib, göz vurdum. İqor elə bildi zarafat edirəm, “nu tı dayoş” deyib, güldü.
Yataqxanaya çatan kimi direktor zəng elədi. İxtisar olunduğumu böyük ürək ağrısı ilə bildirdi. “Canın sağ olsun” deyib, onu bir gün Bakıda görmək istədiyimi söylədim. O da cavabında “Sağlıq olsun” dedi, sonra da mənə “gələcək həyatımda uğurlar arzu edib”, telefonu qapatdı.
Çuvalı yerə boşaldıb, kibrit qutularını səliqə ilə çamadana yığdım. İki saatdan sonra dəmiryol vağzalında idim. Qatar perrona yanaşırdı, Vətənə qayıdanların üzündə yorğunluq hiss olunurdu…
***
– Nofəl Rusiyadan qayıdıb, ixtisara düşüb, deyirlər. Özü ilə də bir çamadan kibrit gətirib… Zərifə xala gözlərini bərəldib, əsnədi.
– Ay qız, o boyda kibriti neynir görən? Bu müharibə hərəni bir cür dəli elədi də. Görüm müharibə çıxaranın evinə top düşsün..
– Amin ay Kifayət, amin!
On il ərzində şəhər çox dəyişmişdi. Müharibənin izləri qalsa da, adamların üzündəki ağrılar seyrəlib, yerini məişət qayğılarına vermişdi. Sinif yoldaşım Fikrətin öldüyünü biləndə ayağımın ağrısı tutdu. Axırıncı dəfə danışanda yaxşı idi. Gələndə qızına don almışdım, qırmızı don. Ancaq heç geyindiyini görmədim. Yaşıdlarından seçilirdi, atası kimi hündür idi, yəqin don balaca olub. Görünür, atasız uşaqlar tez böyüyür…
Qonşular mənim Rusiyadan bir çamadan dolu kibrit gətirməyimə xeyli təəccüblənmişdilər. Hətta qonşum Qabil dayı mənim dəli olduğumu düşünüb, bələdiyyə sədri İlqara məndən şikayət də eləmişdi. Guya mən gecələr onun qapısını döyürəm. Halbuki çox vaxt evdən çölə belə çıxmıram. İşim-gücüm qurtarıb, kiminsə qapısını niyə döyüm?!
Bütün günü kibritdən evlər düzəldirəm. Hələ balaca bir məktəb də düzəltmişəm . İtirdiyim adamları kibritdən düzəltdiyim evlərə qaytarıram. Məsələn, kibritdən hazırladığım məktəbə rəhmətlik sinif yoldaşım Rəhmanın adını vermişəm: “Qarabağ müharibəsi şəhidi Rəhman Salahov adına tam orta məktəb”… Hərdən öz-özümə fikiləşirəm ki, kaş Rəhmanın axırıncı siqaretini yandıra biləydim, kaş onda bircə dənə kibritim olaydı… İndi isə kibritdən evlər düzəldirəm…
Çoxları məni qınayır, amma mən kibritdən düzəltdiyim evlərdə sinif yoldaşlarımı xatırlayıram, futbol oynadığımız vaxtlara qayıdıram, yenidən xoşbəxt oluram… Axı bunu Qabil kimi bir adama necə başa salım? Axı onun sinif yoldaşlarının hamısı sağdı, axı o sol ayağın nə qədər lazımlı olduğunu anlamır, axı o bir dəfə də olsun qapıdan top çıxarmaq üçün ayağından istifadə etməyib…
***
– Oğlum, su iç, özünə gəl-Kamil müəllimin sözlərinə dik atıldım. Bu səs tarix müəllimimizin səsi idi.. Çox zəhimli müəllim idi. Başımın üstünü alan sinif yoldaşlarımı görüb, qışqırmaq istədim, onları qucaqlamaq, bağrıma basmaq istədim, ancaq boğazım düyünləndi, ayaqlarım tutuldu elə bil… Gözüm Rəhmanı axtardı, hanı Rəhman, Rəhman, ay Rəhman, bax nə qədər istəsən kibrit var məndə, eşidirsən məni, Rəhman?!
– Fikrət, bir də Nofəli qapıya qoyma. Görmürsən, nə hala düşür? Kamil müəllim əsəbi halda dilləndi…
Axır vaxtlar yuxuda sinif yoldaşlarımı tez-tez görürəm. Bəlkə kibrit çöplərindən qurduğum evlər, məktəb onların ruhunu narahat edir?! Bəlkə onlar mənim düşdüyüm bu vəziyyətə görə əzab çəkirlər…?! Bəlkə axırıncı siqaretini yandıra bilmədiyim üçün Rəhman məndən inciyib..?!
Səhəri bütün məhləni tüstü bürümüşdü. Göz-gözü görmürdü. Hamı çaş-baş qalmışdı. Nofəl düzəltdiyi kibrit evləri yandırmışdı. Sonra da heç nə olmamış kimi evdən çıxıb oxuduğu məktəbə tərəf getmişdi. Yanğınsöndürənlər alovun qarşısını vaxtında ala bilmişdilər…Qonşulardan heç kimin evinə ziyan dəyməmişdi…
***
Hava günəşli idi. Şəhid Rəhman Salahov adına məktəbin həyətində futbol oynayan uşaqlar qol vurandan sonra sevinclərini bölüşmək üçün oyunun yeganə azarkeşi Nofələ tərəf qaçırdılar… Nofəl isə əlində kibrit, hər dəfə uşaqlardan Rəhmanı görüb-görmədiklərini soruşurdu…
Əbdürrəhim bəy Haqvеrdiyеvin hekayələrində maarifləndirmə
(resenziya)
Əbdürrəhim bəy Əsəd bəy оğlu Haqvеrdiyеv 1870-ci il mayın 17-də Şuşa şəhərinin yaxınlığındakı Ağbulaq kəndində anadan оlmuşdur. Haqvеrdiyеvin yaradıcılığında dram əsərləri ilə yanaşı hekayələri də mühüm yer tutur. Əbdürrəhim bəy Haqvеrdiyеv “Ata və оğul”, “Ayın şahidliyi”, “Xоrtdanın cəhənnəm məкtubları”, “Bоmba”, “Şeyx Şəban”, “Həmşəri paspоrtu”, “Röya”, “Mirzə Səfər”, “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı”, “Qəndil”, “Çeşməк” “İt оyunu”, “Diş ağrısı”, “Qоca tarzən” və s. Azərbaycan ədəbiyyatı üçün qiymətli olan hekayələr yazmışdır. Ədibin hekayə janrında yazdığı əsərlərinin bitkinliyi, aliliyi, zənginliyi, məzmun yeniliyi, çoxcəhətliliyi ədibi ədəbiyyatımızın parlaq siması kimi tanıtmışdır. Korifey yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, ictimai-siyasi teatr xadimi olan Əbdürrəhim bəy Haqverdiyevin “Кeçmiş günlər”, “Uca dağ başında”, “Seyidlər оcağı” hekayələrində yazıçı dövrün bir sıra mühüm məsələlərinin bədii həllini vеrir və eyni zamanda cəhalət, nadanlıq və köhnə еtiqadlara etirazını bildirir, xalqını maariflənməyə çağırış edir. Ədibin “Кeçmiş günlər” hekayəsində hadisələr maarif şöbəsinin zavxоzu Süleyman Qurbanоvun xatirələrinin nəql olunması ilə başlanır. Yazıçı əsərdə pulu ilə qürrələnən kimsənin aqibətini ifşa edir. Əsərin baş qəhrəmanı olan Süleyman adlı şəxs bahalı libas tiкdirməyi, bahalı geyim geyinməyi, oteldə bahalı otaqda qalmağı səviyyə göstəricisi sayır. Əsərdə hadisələr Tiflis şəhərində baş verir. Ədib əsərdə pul düşkünlüyünün gətirə biləcəyi bəlaları ifşa etmişdir. Əsərdə Tiflis кüçələri bütün gerçəklikləri ilə təsvir olunmuşdur. Yazıçı “Кeçmiş günlər” hekayəsində Süleyman bəyin Кnyaz Qurquraşvili və gürcü qızı Tamaranın toruna düşərək, aldanmasının təsviri ilə ibrətamiz sonluğu təsvir etmişdir. Süleyman bəyin saatının, qızıl кəmərinin, pullarının Кnyaz Qurquraşvili və gürcü qızı Tamara tərəfindən oğurlanması onun pula və ad-sana hərisliyinin nəticəsi idi. Ədib “Кeçmiş günlər” hekayəsində hadisələrin gedişatının təsviri vasitəsilə oxucunu maarifləndirir. Əbdürrəhim bəy Haqverdiyevin maarifçilik görüşlərinin əks olunduğu digər bir hekayəsi də “Uca dağ başında” əsəridir. Əsərdə insan və cəmiyyət problemi öz əksini tapmışdır. Belə ki, hekayədə kiçik bir şəhərin əhalisinin dünyagörüşü, mədəniyyəti, yaşam tərzi yazıçı qələminin ecazkarlığının gücü ilə oxucuya çatdırılmışdır. Təsvir olunan şəhər uca dağ başında, mədəniyyət mərкəzlərindən və dəmir yоlundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər idi. Ədib əsərdə çox güclü peyzaj nümunələri yaratmışdır. Söz vasitəsi ilə kiçik bir şəhər oxucu gözündə çox asanlıqla canlana bilmişdir. Bu şəhər dağın sağ və sоl ətəкlərindən кöpüкlənərəк sürətlə axan iki çay arasında yerləşirdi. Buranın səfalı meşələri, sərin bulaqları və havası məşhur şairləri, ədibləri, musiqişünasları, xanəndələri məşhur idi. Ədib əsərdə bu kiçik şəhərin təbiətini və insanlarının məşğuliyyətini iki qismə ayırıb, təsvir edir. Belə ki, May ayının birindən sentyabrın оrtasınadəк şəhər şənliк və abad оlur, yaylağa gələnlər, dağlara mal və qоyunlarla şəhərin altından gedib və qayıdan кöçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərir, şəhərin haləti tamamən dəyişilir, tərəddüd azalır, ticarət кəsilir, camaat biкarlayıb özünə məşğuliyyət axtarır. Ədib əsərdə məşğuliyyətsiz insanların faciəsindən söz açmışdır. Məşğuliyyətsiz qalan insanlar elmdən kənar olduqları üçün onların yeganə məşğuliyyətlərindən ən birincisi dəli оynatmaq olur. Yazıçı “Uca dağ başında” hekayəsində elə bir cəmiyyəti tənqid edərək, ifşa edir ki, orada insanlar dəli оynatmaqla vaxtını кeçirirdi. Ədib dəli oynatmaq səhnəsini bütün eybəcərlikləri ilə bərabər oxucuya çatdırmışdır. Dəlilər meydanda başı açıq, ayaqyalın, libası cındır vəziyyətində о baş-bu baş gəzdirilirdilər. Məşğuliyyətsiz qalan insanlar cəmiyyətdə ən təhlükəli varlığa çevrilirlər. Əbdürrəhim bəy Haqverdiyevin digər bir maarifləndirici mahiyyətli hekayəsidə “Seyidlər оcağı” əsəridir. Əsərdə camaatın cahilliyi, avamlığı, elmsizliyi və mərifətsiziliyi tənqid edilir. Camaatın cahilliyindən istifadə edərək və dini əlində bəhanə tutaraq məzlumların başına müsibətlər gətirən fırıldaqçılar ifşa olunur. Ədibin “Seyidlər оcağı” hekayəsi Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi ilə səsləşir. Hekayədə İranda vəziyyət bütün ayrıntıları ilə əks olunmuşdur. Ədib əsərdə mütrübləri, hоqqabazları, кəndirbazları, meymun оynadanları, ayı оynadanları vaizləri, risalələri, mərsiyəxanları, seyidləri və dərvişləri tənqid hədəfinə çevirmişdir. Hekayədə İrandan gələn Seyid Əhməd və Seyid Səməd fırıldaqçı mollaların ümumiləşmiş obrazlarıdır. Onların niyyəti asan yolla yaşayışlarını təmin etməkdir. Ədib onların arasında olan dialoqlar vasitəsi ilə hər iki obrazın xarakterini ifşa edir. Əsərdə tipi öz dili ilə ifşa etmək olduqca qabarıqdır. Ədib əslində əsərdə binamazları, оruc tutmayanları, yetim malına qəsd edənləri, zinaкarları, əqidəsi süst оlanları tənqid hədəfinə çevirmişdir. Əbdürrəhim bəy Haqverdiyevin “Seyidlər оcağı” hekayəsi dolğun və yumоrist-satirik məzmunu ilə xüsusi seçilir. Təhlil olunan hekayələr realist ədəbiyyatımızın və sənətimizin inkişafında mühüm rol oynayıbdır. Ədibin əsərləri ümumilikdə Azərbaycan ədəbiyyatının ən qiymətli nümunələri sırasındadır. Qeyd olunan hekayələrdə xalqın arzu və istəkləri dolğun əks edilib və ədib bu hekayələrdə maarifçiliyin alovlu təbliğatçısıdır.
Əgər sizə heç bir medal verməyiblərsə, demək, bütün yaxşı şeylərə layiqsiniz.
Maarifçilər öz zamanlarında qiymətləndirilmirlər. Bu cür insanları ya ruhdan salıb mənən öldürdükdən, ya da cismən itirdikdən sonra anlayırlar. Onlara qoşulan olmaz, daş atanlarınsa sayı hesaba gəlməz. İdeyaları həmin vaxt qəbul edilməz, açdıqları izlə sonralar addımlayarlar. Özlərini yox edib sözlərini yaşadarlar. Əslində, onları yaşadan xalqın qədirbilənliyi deyil, cəmiyyətə məxsus olan əbədi əyrilikdir.
Gözlərinizin qarşısında dincliyini insanların problemi ilə pozan, özünü özgələrin dərdi ilə yükləyənləri görmürsünüz. Görənləriniz də dəyərləndirmirsiniz. Başqası üçün zəhmət çəkənə, təmənnasız işləyənlərə “əfəl” deyirsiniz. Onlar isə buna əhəmiyyət vermədən çalışırlar.
Böyük ideyalar eşqinə hər çətinliyə dözməyə güc tapmaq, yaşamaq olur.
Onlar yaşayırlar… amma necə?
Xoşbəxtliklərindən özgələrə pay verməyə hazır olaraq, bacardıqlarını edib, bacarmadıqları üçün üzülərək. Əli-qolu bağlı…
Çabaları – bu millətə nəyimi qurban versəm, o var olacaq?
Qayələri də bu!
Görməzdən gəlin, məhv etməyə çalışın, nə edirsiniz edin. Onlardan nəsə qalacaq!
Onlar bir günlük sevinci, bir günlük dincliyi qəbul etmirlər. İstəyirlər, bir gündə duyulan bütün xoş hisslər əbədilik olsun!
Darmadağın dünyada tamlığını qoruyan, parçalanıb yan-yörəyə “tökülmüş” ölkədə bütöv Vətən eşqiylə yaşayan, problemi çox olan millətin içində özünün dərdini gizlədib canını dişinə tutub, cəmiyyətin yükünü çiyinlərinə götürən, öz dincliyindən çox gələcək nəsillərin rifahını düşünən, abır-həyasından keçməyib istəklərini ürəyində öldürüb arzusuna çatmayan, başqalarının uğurundan şadlanan xoşniyyətli adam, (lar) millət sizlə millət olur.
Gül-çiçəyin, yaşıllığın mövsümü yaz-yay fəsilləri olduğundan dekabr ayında açan qızılgül diqqət çəkməyə, xoşa gəlməyə bilməz. Ən qalın geyimlərə “sığındığımız” vaxtda üzə gülümsəyən ləçəklər çətin anlarda ümidini itirməyən, hər şeyə rəğmən pozitivliyini qoruyan, ruhu cavan, həyat eşqi güclü olan insanları xatırladır. Mühit nə qədər sıxsa da ətrafındakılara kin bəsləməyən, heç kəsə nifrət püskürməyən insanlara eşq olsun. Onlar da həyatın çiçəkləridirlər. Qoxuları, gözəllikləri ilə ruhumuz dincəlir.
Məqalədə çağdaş Azərbaycan ədəbiyyatının nümayəndəsi olan xalq şairi Zəlimxan Yaqub yaradıcılığına qısa ekskurs edilir.Zəlimxan Yaqub yaradıcılığının müxtəlif mövzulu bədii nümunələri təhlil obyektinə çevrilərək,təhlil edilir.
In the article, a short excursion is made to the work of the folk poet Zalimkhan Yagub, a representative of contemporary Azerbaijani literature. The artistic examples of various themes of Zalimkhan Yagub’s work are analyzed by becoming the object of analysis.
Xalqın milli ruhundan ilham alıb,yazıb yaradan şairlər,yazıçılar həmişə xalqın and içdiyi müqəddəs pirə dönürlər.Məhz belə şairlərimizdən biri də Zəlimxan Yaqubdur.Zəlimxan Yaqub hələ sağlığında əbədiyyət qazanıb heykəlləşmişdir.Heydər Əliyev Zəlimxan Yaqub haqqında belə deyirdi:”Zəlimxan Yaqubun mövzuca rəngarəng və məzmunca dolğun olan şeirləri həmişə yeni səs,yeni söz kimi qəbul edilmişdir.Onun ulu əcdadlarımızın qədim sənəti olan aşıq yaradıcılığının incəliklərini dərindən bilməsi şeirlərinin bədii siqlətini daha da artırır.Şair Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yarada bilmişdir”.[2,s.9]
Əsas hissə:
Ay Zəlimxan,yaxşı sarıl qələmə Qalsa yenə bu nəğmələr qalacaq.[1,s.136]
Qələmə yaxşı sarılan Zəlimxanın təkcə nəğmələri qalmadı,bütöv bir Zəlimxan dünyası bizlərə miras qaldı.Mövzu və məzmun baxımından rəngarəng olan Zəlimxan Yaqub yaradıcılığının prioritet mövzusu vətən idi.
Sən rəngi getməyən,ətri getməyən, Gülü saralmayan çəmənsən,Vətən! Füzuli sevdiyi,Sabir sevdiyi, Vurğunun vəsf etdiyi Vətənsən,Vətən!
Füzulinin,Sabirin,Vurğunun sevə sevə vəsf etdiyi Vətən Zəlimxan Yaqub üçün iki yer idi:biri-Azərbaycan,biri-Borçalı.Hər iki vətəndə şair üçün qəm,qüssə,kədər,nisgil var idi.Şair şeirlərində iki vətəninin olduğunu ürək ağrısıyla qeyd etmişdir:
O elimdi,o kəndim,bu şəhərim, O həsrətim,bu sevincim,bu qəhərim. Bəlli deyil nə axşamım,nə səhərim, Mən qalmışam axşamla dan arasında.[1,s.95]
Axşamla dan arasında qalan Zəlimxan Yaqub haqqında akademik Xudu Məmmədov belə deyirdi:”Zəlimxan Yaqub yaradıcılığında Vətən mövzusu mütləq ölçülərlə təsvir olunmur,ölçüsüzlüyə çevrilir.”[2,s.11] Şair özünü nə Azərbaycandan,nə də Borçalıdan ayrı hesab edə bilmir.Şair Azərbaycanla Borçalının eyni torpaqdan olduğunu qəti vurğulayır:
Bədən birdi,ət dırnaqdan ayrı deyil, Torpaq birdi,kök budaqdan ayrı deyil. O məmləkət bu torpaqdan ayrı deyil, Ayrı nə var ürəklə can arasında?[1,s.96]
Səməd Vurğun könül ilə canı necə ayrılmaz təsəvvür edirdisə,Zəlimxan Yaqub da eləcə Azərbaycanla Borçalını ayrılmaz təsəvvür edir.
Sıxılma,ey ürəyim, Təngimə,ey nəfəim. Solma,ömür çiçəyim, Heç nəyi istəmirəm, Həyata,insanlığa, İnam bəsimdir,bəsim. Nur verirsə,gözümə Vətən adlı gur ocaq, Hər şey gözəl olacaq.[1,s.82]
Bu misralarda biz gələcəyə olan inamı açıq-aşkar görürük.Bəlkə də,şair yuxarıdakı misralarda “hər şey gözəl olacaq”sözlərini gizli bir eyhamla işlədir.Ana balasına qovuşan kimi Azərbaycanın da Borçalıya qovuşmasını arzulayır. Zəlimxan Yaqub yaradıcılığında mütləq ölçüsüzlüyə çevrilən Vətən mövzusu ilə yanaşı xalq,millət mövzusu da kifayət qədər ustalıqla qələmə alınmışdır.Şair özünü Türk mənsubiyyətinə aid edir və bununla fəxr edir.Şair şeirlərində özünün mənsub olduğu qədim türklərin tarixinə,həyat tərzinə çox maraqlı şəkildə toxunmuşdur:
Silkələdin göyün yeddi qatını, Qucaqladın doğu ilə batını. Dur,yəhərlə ərənlərin atını, Dəniz kimi dalğalan,türk,qalxan,türk! Döyüşən türk,oyanan türk,qalxan türk![1,s.110]
Bu misralardan aydın olur ki,şair Türk xalqını Adəm ucalığına qaldırıb,vəsf edir.Zəlimxan Yaqub öz şeirlərində özünün şairlik istedadının xalqdan gəldiyini,xalqdan ilhamlandığını dəfələrlə qeyd etmişdir:
Oymaq-oymaq eli gəzdim,dolandım, Fikir verdim hikmətinə bu xalqın. Yatardımı əl qələmə,dil sözə, Vurulmasan söhbətinə bu xalqın.[1,s.107]
Zəlimxan Yaqubu xalq sevimlisinə çevirən onun şeirlərinin mayasını xalq hikmətinin təşkil etməsi idi.Şeirlərindən aydın olur ki,şair ilhamını xalqdan alır,şeirləri xalqdan qidalanır.
Ya Qoşqar olasan,ya da Şah dağı, Belə ucalasan,ucalanda da.[1,s.138]
Qoşqar kimi,Şah dağı kimi uca olan Zəlimxan Yaqub yaradıcılığından danışanda şairin ustadnamələrinə toxunmamaq qeyri-mümkündür:
Şairini ustadnamələri bilavasitə Aşıq Ələsgərin,Səməd Vurğunun,Osman Sarıvəllinin,Aşıq Şəmşirin və xalqdan ilham alan şairlərin yaradıcılığından can almışdır.
Yağış yağsa ,barlı bağa xeyri var, Tər çiçəyə,yaşıl tağa xeyri var. Nə zəmiyə,nə torpağa xeyri var, Dinsiz ömrü yaşamasan yaxşıdı.[1,s.107]
Şair öz ustadnamələrində insanlara müdrik bir filosof kimi məsləhət verir:
Yatmağa gəlmədin sən bu həyata, İnanma sozalan mənzilə çata. İnsafmı,yuxular başını qata, Ömrünü yellərə verib gedəsən.[1,s.138]
Şair öz şeirlərində hamının öz yerindən yuxarı olmadığını qeyd edir:
Həyatda hər kəsin öz qiyməti var, Hər baş zinət olmaz taca dünyada. Alçaqlıq bir sənət deyil insana, Ucalıq yaxşıdır,uca dünyada.[1,s.137]
Şair yuxarıdakı misralarda insanları uca olmağa, əzəmətli olmağa haraylayır. Sağlığında əbədiyaşarlıq qazanan,öz adını qızıl hərflərlə çağdaş Azərbaycan ədəbiyyatına yazdıran Zəlimxan Yaqub yaradıcılığında təbiət mövzusunun özünəməxsus yeri vardır.Şair təbiəti öz doğma anası,özünü isə onun balası olaraq təsvir edir.Təbiət Allahın şah əsəridir deyən şair Zəlimxan Yaqub təbiət təsvirlərini o qədər səmimi hisslərlə təsvir edir ki,sanki həmin hadisələr bu dəm insanın gözü qarşısında canlanır:
Təbiət hadisələrinə poetiklik əlavə edən şair həqiqət çərçivəsindən kənara çıxmır,ona yeni bir bədii don geyindirir:
Allah vergisidir hər gül,hər çiçək, Öpür şeh damlası,oynadır külək. Baxırsan,qızarır qız yanağıtək, Gülün həyasına,ismətinə bax![1,s.78]
Şair məcazla həqiqətin vəhdəti ilə əsrarəngiz təbiət mövzulu şeirlərini təbiətin özündən vəcdə,təbə gələrək yazmışdır.Şair eyni zamanda bu təbiətin minlərlə Zəlimxan yaradacağına inanır:
Arıya bax,bal süzür,şan yaradır, Cana məlhəm,gözə dərman yaradır. Hər mənzərə bir Zəlimxan yaradır, Təbiətin ovsununa düşəndə.[1,s.73]
Təbiətin ovsununa düşən Zəlimxan Yaqub haqqında Hüseyn Arif belə deyirdi:”Zəlimxanın mayası sazla yoğrulub.Sazın bağrından qopan odu alovu,simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar’’.[2,s.10]Yaxşı ki sən varsan,ay sədəfli deyən Zəlimxan Yaqubun şeir dünyasında saz Allah dərgahına qaldırılır,saz müqəddəsliyə çevrilir.
Türk xalqının min illər bundan qabaq yaratdığı,bu gün yaşatdığı,gələcəkdə qoruyub saxlayacağı saz Zəlimxan Yaqub şeirinin ana xəttidir,özəyidir.Şair sazı özünün ümidgahı,pənah yeri sayır:
“Saz”poeması sazın mükəmməl təsvirində şairin olduqca qiymətli əsəridir.Vətən anlayışı necə ölçüsüzlüyə çevrilirdisə,saz da bu poemada eləcə sonsuzdur,ölçüsüzdür.
Canım qara torpağın,nəfəsim göylərindir, Qəbirdə yatsam belə,həmişə həyatdayam.
Canı,nəfəsi nəininki torpağın,göylərindir,eyni zamanda Türk xalqınındır,Türk dünyasınındır.Bir ömür ciddi cəhdlə xalqı üçün çalışan Zəlimxan Yaqub məhz bu səbəbdən həmişəyaşarlıq tapdı.
Yerdən göyə ilahidən razıyam, Özüm üçün yaşamadım çox şükür! Kimə bəxtəm,kimə qismət,yazıyam, Özüm üçün yaşamadım çox şükür![1,s.127]
Özü üçün deyil,xalq üçün çalışan şairin məzarı müqəddəs pirə dönüb,ziyarətinə ellər gəlir.
Nəticə:
Mən yerin altdan çıxdım, Mən yerin üstdən gəldim. Bir ucu göyə bağlı, İlahi səsdən gəldim.[1,s.13]
Yerin altdan gələn,ilahi səsdən gələn Zəlimxan Yaqubun şeirləri hər bir insanın könül ovqatına çevrilərək,insanları məst edir.İlahi səsdən gələn Zəlimxan Yaqub ilahi səs kimi ilahilik qazanıb,xalqın ürəyini fəth eləmişdir. Əbədiyaşar şairin xatirəsi günü-gündən daha çox əziz tutulmaqdadır.Nə qədər ki,Türk xalqı,Türk dünyası var Zəlimxan Yaqub o qədər yaşayacaq!
Keçmişdə köküm yaşar,gələcəkdə budağım, Hər ötən saniyədə,hər gələn saatdayam.
İstifadə edilmiş ədəbiyyat:
1.Zəlimxan Yaqub.Seçilmiş əsərləri.İki cilddə. I cild.Bakı,’’Şərq-Qərb’’,2006,248 səh. 2.Zəlimxan Yaqubun 70 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait – Bakı: F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2020.- 44 s.