
Öncə söz vardı…
(rubrika)
27 – ci hissə
ŞAHİ ŞƏRQİ – Klassik Azərbaycan şairi, türkcəmizin zirvə şairlərindən.
MÜHACİR ÖMRÜ – ŞAHİ ŞƏRQİ
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
Bakı bəyaza bürünmüş,
Bakı bəyaza…
Yerlər qarla oynayır, Göylər Günəşlə.Ayağı Yerdə olanın başı yer eşərsə, zülm olar.Gərək baş uca ola, ucada ola! Başın işi-gücü Göylə uğraşmaqdır.Doğma türkcəmizdə yazıb-yaradanlar üçün Göy qutsaldır.Gəldiyimiz yerdir Göylər, həm də gedəcəyimiz yer.Oğuz Xaqandan bu yana könlümüz Göylər üçün qubar bağlayır.Bəlkə elə səmavi dinlərə bağlılığımız da elə Göy Tanrılığımızdan irəli gəlir?!
Göydən Yerə enənlər də mühacirdir, Yerdən yerə köç edənlər də.Deməli, azacıq olsa da hamımız mühacirik.Daha bir mühacir həyatı yaşamış şairimizdən, türk oğlu türkdən yazmaq istədim sizə.
Bu an düşünürəm ki, nə çoxdur mühacir ömrü yaşamış şairlərimizin sayı.Saysaq saya gəlməz, ancaq saya, sıradan bir ömür olmayıb heç birininki. Nə klassiklərdən Hamidi, Cəlili, Süruri, Bəsiri, Həbibi, Azəri Çələbi, Dirili Qurbani, Haşimi, Sadiqi sıradan ömür yaşayıb, nə də müasirlərdən Almas İldırım saya həyat sürüb.Heç biri – mühacirəti dadmaq, həsrət, hicran, hüsran badəsindən nuş eləmək könül yolçusu olmaqdır.
Azərbaycan şairi Şahi də mühacir həyat sürənlərin lap önündə gəlirdi.Əsl adının məchul qaldığı şairimiz, Şahi Şərqi, yaxud Əcəm Şahi kimi tanınıb.Şairlərin sultanı Həbibinin müasirlərindən olduğu isə dəqiqdir.O da bizə məlumdur ki, Şahinin Şah babamız Xətaiyə böyük rəğbəti və sevgisi varmış.
Onu da ərz edim ki, Şahi həm də Osmanlı dönəmində silah kimi – top növü və Səfəvi çağında dövriyyəyə buraxılmış gümüş sikkənin adı olub.Ömrünü Səfəvi-Osmanlı arasında keçirmiş, iki arada bir dərədə qalmış şairin adının, yaxud təxəllüsünün, yaxud ləqəbinin cızdığı sərhədə baxın.
-Pul – top – şeir.
Mən 3 -cünü seçirəm.Ona görə şair Şahidən yazıram.
Şahinin təvəllüdü və doğulduğu konkret məkanı barəsində mənbələr susur.Mənbələrə, məxəzlərə isə susmaq yox, danışmaq yaraşır.Onda danışaq: Yox, əvvəlcə, özü qəzəli ilə danışsın, sonra biz:
Qönçeyi-gül bülbülün qəsdinə peykan eyləmiş,
Qönçə açılğan güli yüzünə qalxan eyləmiş.
Qönçənin peykanını tiz etmək üçün şaxi-gül,
Cismin başdan-ayağa şəkli-suhan eyləmiş.
Gül ərusun sübhdəm bülbül nikah etmiş məgər,
Kim özün yaşıl dodaq altına pünhan eyləmiş.
Dəhr ara hər bir buzəq divar görsən şöyə bil,
Bir Süleyman mülküdür çərxi-anı viran eyləmiş.
Mehrinə aldanma Şahi bu fələyin kəm günü,
Göyə yetirmiş yenə xak ilə yeksan eyləmiş.
Bəzən “eyləmiş” rədifli qəzəli Füzulinin adına çıxıb və belə də yayıblar.Hətta Füzulinin “Divan”ı basılarkən Şahinin Füzuli ilə dəyişdirildiyi faktı da ortadadır.
Ey Füzuli, mehrinə aldanma çərxin gərdişi,
Göyə yetirmiş vəli xak ilə yeksan eyləmiş.
Məhəmməd Tahir də aldanaraq “Müntəxəbati-məsarih və əbyat” adlı risaləsinə bu qəzəlin bir beytini digər şəkildə köçürərək Füzuliyə isnad verib və beləliklə Füzuli qəzəli kimi tirajlanmağa başlayıb.
Bu məqamda yenə ehtiyatlı davranmağı üstün tutaraq, qəzəllərin necə səhv düşdüyü epizoduna toxunmuram.Sadəcə klassik ədəbiyyatda Caminin Nəvai adına, Şahinin Xətai adına çıxılan şeirlərə və yüzlərlə bu sayaq nümunələrə rast gəldiyimizi vurğulaya bilərəm.
Ancaq çox doğrudur ki, cahanı fani sananlar dünyanın mehrinə aldanmazlar.Yazıb-yaradar, tikər-qurar, adından iz qoyarlar gələcək nəsillərə,
lap Şahi təki.
Şah İsmayılın yetimlərindən sayılan Şahinin İstanbula nə səbəbdən üz tutduğu bəlli deyil.Bəlli olan budur ki, bu, Sultan Səlim zamanında baş verib.Bu səbəbdəndir ki, Rumelində və çağdaş Türkiyədə də ədəbi cameədə məşhur olanlar sırasındadır şairimiz.Türkiyədə Lətifi kimi tanınan təzkirəçi Əbdülətif Kastamonlu əfəndi öz
təzkirəsində sonralar belə yazacaqdı:
“Şahi Şərqi sərhədə qərib yerdən gələn Şah yetimlərindəndir.İsmayıl Ərdəbilinin (Şah İsmayılı nəzərdə tutur) müridi və müqərribi və şüəarasının əşəri və əqləbi idi”
Təzkirəçi “qərib yer” deyəndə böyük ehtimalla Güney Azərbaycanı nəzərdə tutub.
Müxtəlif məcmuələrdə Şahinin mənzumələri də yer alıb.Onun məhəbbət mövzulu şeirləri də az deyil. “Gəldim” rədifli şeiri Ələvi – Bektaşilər arasında çox məşhurdur.Əslində, Şahinin Bektaşiliyə mənsub şair olması haqqında mülahizələri qüvvətləndirən başqa arqumentlər də var.Şahinin bir sıra şeirlərində Bektaşiliyə aid terminlərə, istilahlara yayğın şəkildə rast gəlirik.
“Qurban tığlamaq”, “dörd qapı”, “rəhbər”, “dar” kimi terminlər buna nümunədir:
Əvvəl eşiyinə qoydum başımı,
İçəri aldılar tökdüm yaşımı.
Ərənlər yolunda gör savaşımı,
Canü-baş qoyaraq qurbana gəldim.
Dörd qapıya salam verib aldılar,
Pirin hüzuruna çəkib gəldilər.
El-elə, əl Haqqa olsun dedilər,
Hənüz məsum olub cahana gəldim.
Yolumuz On iki İmama çıxar,
Mürşidim Məhəmməd Əhməd i – Muxtar.
Rəhbərim Əlidir sahib-Zülfüqar
Qulundur Şahi də, divana gəldim.
(Osmanlı türkcəsindən doğma türkcəmizə uyğunlaşdıran – Turan Uğur)
Şahi şeirlərinin Türkiyədə osmanlıca tanınması onun qardaş məmləkətdə uzun dönəm yaşamasına dəlalət edir.Hər halda, bu, mənim məntiqimdən gələn qənaətdir.Əcəm Şahi ləqəbini də şairimizə məhz Osmanlıda verildiyini güman etmək olar.
Şahinin bir özəlliyi ondandır ki, əruzla yanaşı hecada və aşıq şeir qəliblərində də lətif nümunələr yaradıb.Bir məsələni də yəqin bilirəm ki, mübarək Ramazanın ilk günündə məhz könlümün Şahi haqqında yazmaq istəməsi İlahi bir diktədir.Əsərləri və həyat yolu Hz. Məhəmməd Mustafaya (əs), İmam Əliyə (əs) təriflərlə keçən birisinin öncə tərifini Allah vermiş.Allah vermiş ki, Şahi Şərqi haqqında dürlü-dürlü kalamlarım qəlbimdən qələmimə, qələmimdən də yazıma süzülmüş oldu.
Göydən Yerə enənlər də, ana bətnindən bu cahana atılanlar da mühacirdir, bir yerdən başqa yerə köçənlər də.Hamımız bir tikə, bir parça, bir əlcə də olsa mühacirik.Şair Şərqi də mühacir idi.Bizim doğma türkcəmizdə də yazıb-yaratmış mühacir.
Bakı bəyaza bürünmüş, Yerlər qarla oynayır, Göylər Günəşlə.Ayağı yerdə olanın başı yer eşərsə, faciə olar.Baş gərək uca ola, ucalarda ola!
Göy – gəldiyimiz yerdir, həm də gedəcəyimiz yer.
Bakı bəyaza bürünmüş…
Bakı bəyaza…
Bakı…
Turan Uğur
01 mart 2025
(Araşdırmamda Şövkət Beysanoğlunun, Sadəddin Nüzhət Ergünün, Mustafa İsənin, Vəsfi Mahir Qocatürkün, İsmayıl Özmənin, Salman Mümtazın, Əbdülətif Kastamonulunun təzkirə və faktlarına, habelə öz mülahizələrimə istinad etmişəm).
08 dekabr, 2024-cü il,
Novxanı
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru