Etiket arxivi: Turan Uğur

ADlNIN İZİ İLƏ – QASIM BƏY ZAKİR

ADlNIN İZİ İLƏ – QASIM BƏY ZAKİR

(“Öncə söz vardı…” rubrikası)

Qasım bəy Zakir – Azərbaycanın klassik şairi

Klassik şairimiz Qasım bəy Zakir şücaəti və mərdanəliyi ilə beynimdə ilkən İmam Həsənin (əs) oğlu Cənab Qasımın gül camalı ilə assosiasiya olunur.Bəlkə də Qasımın ismini daşıdığından, yaşamı boyu ad haqqını verməkdən saqınmayan Zakiri bu cür anmağım əsl qanunauyğunluq kimi görülməlidir.Gəncənin seçkin şairi Ağa İsmayıl Zəbihin dillər əzbəri olan bir mərsiyəsindən hafizəmdə barındırdığım:

Fəryad o zamandan ki,
Şamə üsəra gəldi,
Həm Zeynəbü, həm Gülsüm,
Həm Zeynül-ibad gəldi.

Kim oldu şəhid əvvəl –
Abbas Ələm pərvər.
Ondan sonra kim oldu – Şahzadə Əli Əkbər,
Ondan sonra kim oldu –
Qasimi gül peykər,
Ondan sonra kim oldu –
Ləb təşnə Əli Əsgər
Kim oldu şəhid axır – Şahənşəhid bi yavər”

şeiri nədənsə Qasım bəy Zakirin nəfəsi ilə qulaqlarımda nəvalanır. Fikrimcə, burada məzur görüləsi bir durum yox. Çünki Qasım bəy Zakir şəcərəsi ilə bir Əhli-beyt aşiqi, şiə məzhəbinin övladı kimi doğulub.Türk oğlu türk, Əfşarlar boyundan gələn Cavanşirlər elindən pərvəriş tapan Qasım bəy Zakir 1780-ci ildə Cavanşir mahalının Sarıcalı obasında bu cahana təşrif buyurub.Bir sıra mənbələr şairin təvəllüd ilini miladi 1784-cü il göstərsə də, bu versiyanı doğru görmək mümkün deyil.Zira şairin 80 yaşına çatdığı haqqında məlumata elə öz şeirlərində rast gəlirik:

“Az qalıb həştadı tamam edim mən,
Sən indi yazırsan əhli-şər məni”

yaxud:

“Həştadə yetmişdi sinnü salımız,
Bu dövlətdə ağarmışdı yalımız,
Getdi dövlətimiz, mülki-malımız,
Nəxl təmənnamız kədər gətirdi…”

Bu misralardan əxz etdiyimiz kimi şair səksən yaşını haqlamışdı.Deməli, Rzaqulu bəy Vəzirovun hicri doğum ili kimi göstərdiyi – hicri 1204-cü il versiyasını doğru saymaq olmaz; əksinə Salman Mümtazın hicri – 1194-cü il variantı daha məqbuldur ki, o da miladi təqvimlə 1780-81-ci illərə tuş gəlir.
Şəcərəsi etibarilə Qasım bəy Zakir türk oğlu türkdür.
Cavanşir elinin əsli Türküstandan olan Oşirxan qəbilələrinə söykənir.Oşirxan Oğuz xanın ortancıl oğlu Yıldız, Ulduz xanın oğludur ki, Ovşar, yaxud Əfşar kimi aləmdə məşhurdurlar.Cavanşirlər Oşirxan ellərinin Sağ qol – yəni meymənə, Bəranğarlar isə Sol qol-yəni meysərə mənasına gəlir.
(Bəranğar, yaxud Bürranğar moğolcadır.Ordunun sağ qolu – meymənə, Sol qolu isə meysərə adlanır)
Cavanğarlar sülh vaxtında Xanın sağında oturduqları kimi, hərb çağında da ləşkərin sağ kəsimində yer alardılar.
Cavanşir eli Hülaki xanın özü ilə Türküstandan gətirdiyi 120 minlik qoşunun içərisində də vardı.Əmir Teymur dönəmində isə Kabula, Qəndəhara və Türküstana yenidən yayıldılar.Səfəvilər zamanı dövlətin əsas sütunları kimi çıxış etdilər. I Şah Abbas zamanında İbrahim Xəlil Ağa adlı rəislərinin başçılığı ilə Qarabağda və Səfəvilərdə məskən saldılar.Nadir şah onları (Baxmayaraq ki, öz boyundan idi) – lll İbrahim Xəlil xanı bölüyü ilə birgə Sürxəsə göndərtdi.Nadir şahın qətlindın sonra Loranda, Kabulda iqamət etdilər. III Pənah xan isə Kabuldan Qarabağ hüdudlarına gəldi.Şuşa qalasının binasını qoyan Pənahəli xan Pənahabad adı ilə öz adına sikkə çaldırtdı.
Klassik şairimiz Zakir otuz iki eldən ibarət olan Cavanşir elinin Sarıcalı oymağındandır.Öz dilindən eşitsən daha aydın olar:
Tanır məni məcmu otuz iki Cavanşir,
Bir mərdi-xoşəxlaqəm-ü-həm sahibi-tədbir.

Gerçəkdən də mərdliyinə mərdlik çatmazdı.İgidlik yarışı keçirilsəydi, neçə-neçə pəhləvanların dizini qatlayar, kürəyini yerə vurardı Zakir.Elə bu sayaq macəraları da az olmayıb.Rzaqulu bəy Vəzirovun yazdığına görə, polkovnik Miklaçevski sərkərdəliyi ilə Zaqatalaya gedən Qarabağ atlı qoşunun içərisində Zakir də varmış.Günlərin bir günü bir ləzgi tüfəngini düzəldib Miklaçevskini vurmaq istəyəndə Zakir atını səyridərək ləzginin tüfəngini açılmadan tutub əsir eləyir.Şairin atının kişnərtsi, cavan Zakirin mərdanə hayqırtısı – necə poetik mənzərədir.Şairimiz belə şeirdən uzaq epizodları, fəqət həyati olayları ömründə çox yaşayıb.Ucaboylu, alagözlü, xoş çöhrəli birisi kimi təzkirələrdən boy verən kimdir?
-Zakir!
“Təzkireyi-Nəvvabdan” oxuyuruq:
“Mərdibud xoş surət və səfid əndam bülənd bala və kəbud çeşm və Zakir təxəllüs daşt”
Kəbud çeşm – kəbud ərəbcə, göy, mavi, çeşm isə farsca göz deməkdir.
Deməli, alagözlü, açıq mavi gözlü olan Zakir həm də xoş sifətli imiş.
Şairin adı Qasım, atasının adı Əli, babasının adı Şahverən idi.Bəyzadə olduqlarından adının yanına bəylik izafə olunaraq Qasım bəy, Əli bəy, Şahverən bəy kimi çağırılırdılar.Zakirin üçüncü babası Səhləli Ağa lll Pənah xanın atası İbrahim Xəlil ağa ilə dost-doğma qardaşdılar.Səhləli ağanın oğlu da Pənah xanla birgə Sərxəsdən Qarabağa köçənlər arasında vardı.
Şairin təxəllüsü isə Zakir idi.Keçmiş əyyamlarda öz ustadına müqabil təxəllüs seçmək dəb idi.Nəimiyə görə Nəsimi, Fikriyə müqabil Zikri və s.Yaxın qohumu Baba bəy Şakiri ustadı seçən Zakir də təxəllüsünü məhz ona bənzətmişdi.

Zakir – ərəbcədən tərcümədə
1) Qeyd edən, deyən, xatırladan;
2) Zikr edən, təsbih və vird ilə məşğul olan;
3) Təkyələrdə zikr oxuyan.

Zakir özündən əvvəlki klassiklərin ardıcılı idi.Lap uşaqlıqdan Zakirin şeirlərini çox böyük şövqlə, həvəslə demişəm.Müəyyən mənada həmin şeirlər Vaqifin, Nəbatinin şeirləri ilə də səsləşir.
Qəzəllərində isə heç şübhəsiz ki, Füzulinin təsiri duyulur.Zakir ədəbiyyatımızın ən cəsur şairi statusunu almağa layiqdir.Qasım bəy başqa həmkarları kimi sözü ağzında gəvələməz, tənqidini birbaşa üzə deyərdi.Satirası, həcvləri məmurların, zalımların yeddi qatından keçər, necə deyərlər, dəymişləri dura-dura kalları tökülərdi.Bu səbəbdən də fürsət düşən kimi heyiflərini çıxar, öclərini alardılar.
“Doğru söz acı olar” zərbül-məsəli bu mənada Zakirə əsl başağrısına çevriləcəkdi.Amma təkcə başı ağrımayacaqdı, həm də ayaqları sürgün yolunun yağırını çıxaracaqdı.

“Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövlətü-malı;
Xandəmirov çaldı, çapdı mahalı,
O ki, var tutub özün keçəl qurumsaq”

Zakir təkcə keçəl qurumsaqlara, yarımsaqqallara – Xandəmirova, Əmirxanova deyil, darğalara, üləmaya, tacirlərə, baqqallara – əyri işini düz kimi cəmiyyətə sırıyanlara, bir manat üçün anasının əmcəyini kəsənlərə nifrət püskürürdü.
“Südü pozuqlara, zatı qırıqlara gərək yerini göstərəsən”- deyibən cəngə atılmışdı.
Bu cəngdə
“mən ölüm, sən ölüm” bilməmiş, öz yaxın qohumu, dostu olsa belə – Cəfərqulu xan Nəvanı, Mirzə Əbülqasım Qazini, Əmiraslanı və daha neçəsini tənqid atəşinə “qonaq eləmişdi”.Onlar da fürsəti fövtə verməyib, əllərinə imkan düşən kimi Zakirin başına oyun açırdılar.Şuşa qalasının polismeysteri Konstantin Tarxanov da Zakirdən yanıqlı idi.Köhnə ədavəti əldə əsas tutaraq Zakiri Bakıya sürgün etməyə, qardaşı oğlanları – Rüstəm bəyin öldürürlməsinə, Behbud bəyin həbsinə nail olmuşdu.
Naçar qalan Qasım bəy Zakir dostlarına məktublar yazır – Mirzə Fətəliyə, İsmayıl bəy Qutqaşınlıya, Mixail Petroviç Kolubyakinə, Rəhim bəy Uğurlubəyova və başqalarına ricada bulunur.Bu namələrə təkcə Uğurlubəyov və Axundzadə müsbət cavab verdilər.Onların köməyi ilə Zakir xilas oldu.Zakir bağışlanandan sonra daha üç ay Bakıda göz dustağı olaraq nəzarətə alındı.Sonrası da məlum: ağrılı, acılı, hüznlü ahıllıq illəri, zülmdən usanmaq, zillətdən bezikmək gözləyirdi şairi.
Nəvvab və Müctəhidzadə Zakirin vəfat tarixini hicri 1271 yazsalar da, hicri 1274-cü il – Salman Mümtazın variantı daha düzgündür.Məzarı uzun illər Şuşanın Qala qəbiristanlığında bilinsə də, 1925-ci ildə Mirzə Həsən məzarlığında olduğu təsbit edildi.
Qasım bəy Zakir lətif şeirləri ilə bu gün də oxunur.Gəraylıları, qoşmaları, müxəmməsləri, qəzəlləri ilə klassik irsimizin layiqli davamçısı kimi həm də satirik məktəbin özəyini qoyanlardandır. Nəbatilər, Seyidlər, Sabirlər məhz bu məktəbin ən mahir müdavimləri kimi çağdaş dönəmdə mazimizdən boy verir.Mən isə Zakirin lətif, həzin şeirlərinin vurğunuyam.

“Sürmə çəksin gözlərinə, qaşına,
Gündə min yol mən dolanım başına,
Zakirtək yanmağa eşq atəşinə,
Cürəti var isə pərvanə gəlsin” – deyən

Zakir şeiriyyatımızın başına pərvanə kimi dolanmağı zatən adət eləmişdir – mərdliyi, kişiliyi, ərliyi, ərənliyi ilə…
Bu yığvalı seçənləri, adının izinə düşüb gedənləri məhz belə aqibət, bu cür tale gözləmirmi?!
İsmini İmam Həsənin (əs) ciyərparası Qasimi gül peykərdən – gül yanaqlı Kərbəla şəhidindən alan Qasım bəy Zakirə Məhərrəm ayının ilk günlərində məhz bu sözləri deməyim gəlir:
Adına və adamlığına min dəfə mərhəba!

(Yazımda Salman Mümtazın, Rzaqulu bəy Vəzirovun, Mir Möhsün Nəvvabın faktlarına və şairin yaradıcılığına söykənmişəm)

21 iyun 2026-cı il,
Bakı.

Müəllif: Turan Uğur
AYB-nin üzvü

QASIM BƏY ZAKİR

Turan Uğurun digər yazıları

“Öncə söz vardı…” rubrikası

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

İlham Zeynallı – 60

“SÖZÜN QOHUMU” –
İlham Zeynallı – 60

Nə bəxtiyardır o kəslər ki, öz qohumlarından savayı söz qohumları da var.Nə məsuddur o insanlar ki, bir süfrənin, bir masanın ətrafına məhz sözün qohum-əqrabası kimi yığışırlar.Eli elindən ayrı, yolu yolundan fərqli oğulları söz rüzgarının ifçin əsintiləri bir ortama yığa bilirsə, deməli, qohumluq da əbədidir, dostluq da.Yaşı altmışa dayanan, fəqət yetmişinə yetməyi hədəfləyən, səksənindən əsla səksənməyən, həyatı dolu-dolu yaşamağa layiq biridir İlham Zeynallı.İlham Zeynallı AzTV-nin sağlam jurnalistlərindəndir.Mailə Muradxanlı, İbrahim Göyçaylı məktəbinin yetirməsidir.Yeniyetməliyinin cır səsi ilə bizi haylayan şeirləri də var, sətirləri qəzet və dərgilərdən qanrılıb baxan məqalələri, oçerkləri də.Azərbaycan Radiosunda 1992-ci ildən silsilə verilişlər də hazırlayıb, televiziyanın “Ədəbi-dram verilişləri” redaksiyasında “Məhək daşı” kimi proqramlar da.Fərqli redaksiyalarda, fərqli janrlarda özünü ifadə etsə də, hərdaim sözün hizmətində dayanıb yubilyarımız.Səsli-küylü, təmtəraqlı şəkildə özünü göstərməklə işi yoxdur Zeynallının.
“Gündəlik işini vicdanla, bəzək-düzəksiz yerinə yetir, bəsimizdir.” Pafosdan, patetikadan uzaq, amalı bu qədər sadədir İlham müəllimin.İlham Zeynallı sırf jurnalistdir, yaxşı yazıçı da ola bilərdi, lakin ustad şairimiz rəhmətlik Məmməd İsmayıl demiş:
“Dönər budaqlara ömrün illəri,
Asılar çiynindən oğul-uşaqlar”
Yəni ailə qayğıları sənə pərvazlanıb uçmağa rüsxət verməz, elə hey deyər:
“Hara gedirsən, məni dünyaya gətirmisən, yaşatmalısan”
Dünyaya gəlmək məsələsində bir hovur dayanaq:
Zeynallının bu cahana təşrif buyurduğu ulu Şirvan torpağıdır, qədim yurd yerimiz Şamaxıdır və Şamaxının bir addımlığında lövbər salan Əngəxaran kəndidir.1966-cı ilin 12 iyunu təvəllüd tarixidir.60 illik yolun cığırları Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsindən də keçəcəkdi, uzaq Çelyabinsk şəhərində 2 illik əsgər həyatından da.İlham müəllimin gəncliyi dünyanın əminamanlıq çağına yox, məhz aranın qarışdığı, məzhəbin itdiyi vaxtlara tuş gələcəkdi.
“Keçid dövrü”- deyibən bəzən körpsünü keçə bilmədiyimiz ərzin dolanbaclarını aşmaq vardı.Ömür ağacından “qayğı” adlı meyvəni döşürəcək, “zülm” adlı bəhəri də dərəcəkdi.
Amma Müstəqilliyimizin bərpası illərinə də, Zəfər savaşımıza tanıqlıq da yazılıb Zeynallının 60 illik ömür hekayətinə.
Onu deyirdim axı…
Folkloruna, ədəbiyyatına, söz-sovuna heyranlıq duyduğumuz bir elin yetirməsidir.Tərəkəmə “Padar” tayfasının zillətli yaylaq-qışlaq günlərini görən, əməkçi Usub kişinin nəvəsi, Adil atanın oğlu kimi atıldı bu həyata.Ruzi-pədəri hər zaman İlham Zeynallıya halal şəkildə ötürüldüyündən, özü də belə dövran sürməyə adət elədi.
Görünür,
-“Mən çoxlu var gəzməmişəm,
Bircə tikə bəsim olub” – deyən şair Sücaətin haqq misralarını da yaxşıca əzbərləyibmiş.Ona görə də hər gördüyündən göz kirəsi istəməz, “az” ı əsla az bilməz, həmişə “pis odur ki, olmasın” deyimini savunar.
Ancaq bütün bu məziyyətləri ilə İlham müəllim heç də üzüyola, naçar təsiri bağışlamamalıdır.Yeri gələndə, haqqını tələb etməyi də bacarar, nənəm demiş: “Bildiyini kimsəyə verməz”.Yəni
“bu iş belədir, mən belə bilirəm vəssəlam!” söyləməyi də var. Bu barışmaz mövqeyi ilə bəzən kiməsə diş də qıcayar, lap uşaq kimi cırnayar da. Amma beşcə dəqiqə sonra boynunu bir qədər yana bükər, çöhrəsinə təbəssüm qonar, humanist damarı tutar və bu zaman söhbətləri yumordan, zarafatdan xali olmaz.”Efirqabağı nəzarət şöbəsi” nin rəisi kimi hansısa verilişdə hansısa nöqsanı aşkarlayanda
“Qadası, bəlkə bu kadrı çıxarasan, qadası bəlkə bu sözü verməyəsən” – deyə fikrini də bildirər.Ancaq o yerdəki sən haqlısan ikiəlli səninlə razılaşmağa həmişə amadədir.İlham Zeynallı bütün insanların fikrinə sayğı ilə yanaşar.Mənimlə söhbət əsnasında
“Bu Əli yolu haqqı” – deməyi bir Şirvanlı balasının bir həmşəri övladına qucaq açmağı kimi yozulmalıdır.Buna bizim tərəflərdə “ərdəmli insan” da deyirlər.Alicənablığın miqyası məhz belə nüanslarla ölçülmürmü?!
İlham müəllim fərqli mülahizələrə də açıq insandır.Onunla dil məsələsində dəfələrlə fikir ayrılığımız da olub, ancaq fundamental məqamlarda türkün şərəfli mazisi, uca məqamı, mübarək xisləti, nəcib niyyəti məsələlərində yalnız yek hədəfə vurmuşuq.
İlham Zeynallı məqsədlərinə çatmayanda gileylənən, narahat olan adamdır.Narazılığı da bəs qədərdir ki, bu da təbiidir.Narazı adam o insandır ki, nəinsə, kiminsə təəssübünü çəksin.Bu narazılıq ən kiçik məişət məsələsindən ən ülvi mətləblərə qədər uzana bilər.Ancaq istənilən halda, hər bəhsi ancaq xeyirə xidmət edir.
-Pisdirsə, düzəlsin, yaxşıdırsa, daha yaxşı olsun!
Bəlkə saçının büsbütün ağarmasında da həmin qayğıların “payı” kifayət qədərdir.
Onu da deyim ki, mən İlham müəllimi tanıyanda hələ saçının bəyazları saçının siyahına yenicə “hücuma keçirdi”.Mən “Səhər” də İlham müəllim “Xəbərlər” dən Dilçilik İnstitutuna kitab təqdimatına getmişdik.Üstündən 15 il ötüb.Bu gün Zeynalının saçları tamamən ağarıb, bir cüt əkiz qız nəvəsinin bir yaşlarını da görmək nəsibi olub.Ailəsi bir qədər də böyüyüb, qohumları biraz da çoxalıb.Yazımın əvvəlindəki “qohum” sözünün diktəsi yenə öz işini görür.Mənə sövq-təbii olaraq yenə söz qohumluğundan yazdırmağa başlayır.Xub!
Bu, Zeynallının sözə olan qohumluğunun kəraməti, televiziyaya bəslədiyi münasibətin şərafəti deyilmi?!
İlham Zeynallı, peşəsinin peşəkarı, ömrün 60-da Sizi xoş gördük, ay Sözün qohumu!


-“Xoş bulduq!” deməyə canınızın həmişə sağlam, ruhunuzun hərdaim hüzurlu olması diləyi ilə…

Turan Uğur
AYB-nin üzvü
09 iyun 2026-cı il,
Bakı

XOŞBƏXTDİR ZEYTUN AĞACI…

Məşhur ispan şairi Federiko Qarsia Lorka haqqında yazdığım “Xoşbəxtdir zeytun ağacı…” adlı essemlə şairin doğum günündə – iyunun 5-də tanış ola bilərsiniz!
Məşhur ispan şairi Federiko Qarsia Lorka mənim ən sevdiyim şairlərdəndir.Bunu isbat edəcək 2 faktı ard-arda sıralasam, dediklərimə tam mənası ilə bəraət qazandırmış olaram.Birincisi, AzTV-nin “Mədəniyyət” kanalında vaxtilə yayımlanan “Sətirlər” verilişinin ilk proqramını məhz ispan şairi Lorkaya həsr etməyim Lorka yaradıcılığına vurğunluğumla bağlıdır. İkinci fakt isə şairin şeirlərini dəfələrlə səsləndirməyimdir.Xatırlayıram ki, bəndənizdə Lorkaya məhəbbəti ilk növbədə Çili şairi Pablo Nerudanın bir misrası oyatmışdı.Lorkanın öldürülməsinə ağı kimi yazılan həmin misralar olduqca müəzzəm, olduqca təsirlidir.

  • ”Xoşbəxtdir zeytun ağacı, Lorka uyuyur yanında…”
    Bu misra ruhumu büsbütün sardı və Lorka haqqında süjet, proqram hazırlamağıma rəvac verdi. Bu gün də şairin doğum günü ərəfəsində “Xoşbəxtdir zeytun ağacı…” adlı essemi
    oxuculara məmnuniyyətlə təqdim edirəm. XOŞBƏXTDİR ZEYTUN AĞACI...

”Xoşbəxtdir zeytun ağacı,
Lorka uyuyur yanında…”
P.Neruda

-Bu misra yeniyetməlik illərimdən ağlımın bir küncündə dipdiri qalmışdı.Günün birisində, rəhmətlik şair
Camal Yusifzadə ilə AzTV-də söhbətimiz əsnasında Lorka haqqında geniş danışdıq.O günə kimi Lorkanın maraqlı qəzəllərinin olması barədə xəbərsiz idim.Camal müəllimin sayəsində Lorkanı daha ciddi oxumağa girişdim və AzTV-nin “Səhər” proqramında lirik bir süjet hazırladım.Maraqlı qarşılandı.Onu da öyrəndim ki, şairin qəzəllərinin olması sırf genetik faktorla bağlıdır. Lorkanın doğulduğu Qranadanın ərəb əsillilərin yaşadığı Əndəlüsa aid olması məni bəzi məchul məsələlərdən hali etdi. Deməli, genetik amili, daşıdığı Şərqli qanı hansısa məqamlarda Lorkaya lirik qəzəllər də yazdırmağa qabil imiş.
Sonra Lorka məni bir daha heç vaxt tərk eləmədi.Şairin sirrini çözərkən bu nüansı da əsla unutmaram:
-Bir daha əmin oldum ki, Lorka sevdasının yaraları heç vaxt qaysaq bağlamır, bu yara günaşırı qövr elədikcə səni Lorka barədə düşünməyə vadar edir.Çünki Lorka təkcə şeir yazan olmayıb, o həm də yazılmışları, qəlibləri yerindən kürüyüb atan, bizim ağlımızın üfüqlərini sərhədsizliyə qovuşduran ədibdir.Bu mənada şair o insan deyil ki, təkcə şeir yazsın, şair həm də o kəsdir ki, yazdığı şeirlərini pozmağı da bacarsın.Uğursuz, natamam, şikəst misralarını şeirlərindən çıxartmağa qabil olsun.”Ziddiyyət” adlanan qavramın tən ortasında dayanıb şair məntiqiylə insan məntiqinə meydan oxusun!
Yazdığı kimi pozduqları da qiymətli, dəyərli sayılsın cəmiyyətin, təbiətin gözündə. Nəinki insanın, hətta yerin də, göyün də, bitkinin də, ağacın da zövqü və ürəyincə olsun.Yaşadığında həqiqət misralarıyla yeri gəldikdə ölkəsini rahatsız, hüzursuz, yeri gəldikdə isə səbatlı və xoşbəxt etsin! Şəninə deyilmiş bu misranı daşa yox, başa yazdırsın. “Xoşbəxtdir zeytun ağacı, Lorka uyuyur yanında”.
Adi bir zeytun ağacına kimdir həsəd aparan? Ümumiyyətlə, bir ağaca qibtə ilə yanaşmaq mümkündürmü? Əgər yanında Lorka kimi bir şair uyuyursa, onda zeytun ağacının məmnuniyyətini anlamaq olar; lap özünü onun yerinə qoymaq da mümkündür.Fəqət zeytun ağacına şöhrət, şərafət gətirən uyuyan Lorkadan yox, yaşayan Lorkadan yazacam. 1936-cı ildə general Frankonun dəstəsinin namərd güllələri ilə güllələnən, başını zeytunun gövdəsinə qoyan Lorkanın ölümü belə poetik mənzərədir.Bu poetika Lorkanınən əbədi şairliyinə dəmadəm zəmanət verir. Şeirləri, şairliyi ilə bu gün də yaşayan, yanımızda, sıramızda olan, nakam Müşfiqlə eyni məmləkəti paylaşmasa da, eyni taleyi bölüşən ispan şairi Federiko Qarsia Lorka kimdir?
Şair, dramaturq, pianoçu, rəssam, bəstəkar – nəhayət dünya vətəndaşı: Onun haqda yaddaqalan, eyni zamanda da, bizə yad qalan fikirləri bir araya gətirmək, bioqrafıyasna nəzər salmaq maraqlı olar:
Federiko Qarsia Lorka 1898-ci ildə İspaniyanın Qranada şəhərinin Fuente-Vakeros qəsəbəsində varlı bir ailədə doğulub. O da hamıdan biriydi anadan olanda – necə deyərlər, insanlar eyni cür doğulur, amma ertəsi gün artıq fərqli olurlar.Bu deyimi Lorka təsdiqləyənlərədən biri idi.Doğulduğu kiçik qəsəbənin koloritli və rəngli həyatı gələcək sənət həyatına təsir etmişdi.Viktor Hüqoya heyranlıq duyan bir ailədə, zəif, çəlimsiz olduğu üçün anası, nənəsi, dayəsinin əziz-xələfi kimi böyümüşdü Lorka.Amma necə böyümüşdü? Əmisnin ifa etdiyi bandura alətində səslənən ispan şərqiləri – jaberaların ağuşunda.Dinlədiyi qədim ispan mahnıları, nağılları onun xəyal dünyasını rəngləndirirdi.Belə böyüyürdü Qarsia.Özünün də xəbəri olmadan musiqiçi, şair olurdu.Musiqi müəllimi ölməsəydi və ailəsi onu təhsil üçün Parisə yollasaydı, musiqçiliyi şairliyindən 10 addım irəlidə olardı.Ancaq “qismət” adlı bir şey var ki, biz hamımız ona tabe oluruq əvvəl-axır.Lorka təslim oldu şair taleyinə.Bu taleyə təslim olmaq onun qarşısında iki əlini də qaldırıb aman diləmək kimi başa düşülməməlidir, əksinə məhz ömürlük qurban kimi onu seçmiş qədərinə qucaq açmaqdır “təslim olmaq”.Lorka yeniyetmə çağlarında adətən utancaq, özünə qapalı birisi kimi tanınsa da, Qranadada təhsil aldığı zaman ciddi mövqe sahibinə çevrilir.1919-cu il onun həyatında dönüş yaradır.Madridə köçən gənc Jerardo Dieqo, Salvador Dali, Luis Bunuel kimi şəxsiyyətlərlə dostluq edir.Hələ 1918-ci ildə “Təəssürat və peyzajlar” adlı ilk kitabını nəşr etdirdiyi zaman oxucuların gözündən qaçmayan bir nüans vardı: Gözəl təbiət mənzərələri və zəngin dil, üslub özəlliyi.Bu da Lorkanın folklora, ispan xalq nağıl və balladalarına yaxşı bələd olmasından irəli gəlirdi. Yağışlı və solğun boz rəngli axşamdan, qurumuş ağaclardan, kimsəsiz otağından, açılmamış kitabından, köhnə şəkillərindən bir hüzn sızırdı Lorka dünyasına.Danışanda sözləri havada qalırdı suda göbələk kimi.Gözləri üçündü
çəkdiyi ağrı – keçmişin və gələcəyin ağrısı. Yağışlı və solğun boz rəngli axşam ayaq tutub yeriyirdi.

1928-ci ildə nəşr etdirdiyi “Qaraçı balladası” kitabı haqda Lorka belə deyirdi:
-“Bu kitabın tək qəhrəmanı Qranadadır.Qaraçı adı daşısa da, kitab bütövlükdə Əndəlüsə aiddir.Qaraçı isə məmləkətimin ən aristokrat, ən müstəsna elementidir” Bu element çöllərə aid idi.Lorkanın ölümü kimi…Göylər kül rəngində, ağaclar isə ağ, ağappaq idi.
Biçənəklər qapqara kömür olub yanırdı. Qürubun yarasını qurumuş qan örtmüşdü.Dağların rəngsizliyi əzgin görünürdü yaman.Lorkanın son anları da məhz bu cür idi: əzgin, yorğun, bitmiş bir insan mənzərəsi, ancaq yanındakı zeytun ağacı sanki bir qədər də müqəddəslik libasına bürünmüşdü.Buna ağacın və adamın xoşbəxtliyi də demək olar.Zatən Neruda da Lorkanın ölüm portretini məhz bu cür cızmışdı:
“Xoşbəxtdir zeytun ağacı,
Lorka uyuyur yanında…”

Turan Uğur
AYB-nin üzvü

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi yekunlaşdı – Təbrik

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsi yekunlaşdı – Təbrik

“Ədibin Evi”nin təşkil etdiyi Mir Cəlal adına V Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb. Onlar müsabiqəyə 258 əsər təqdim edən 211 müəllifin arasından seçiliblər.

3-cü yerə Turan Uğurun “Əbabil Quşu”, Həmid Piriyevin “Müjdə”, Xatirə Nurgülün “Bilalın Qayıdışı” hekayələri,

2-ci yerə Elnur Məmmədlinin “Kəkələmə”, Ömər Xəyyamın “10410-cu gün” hekayələri layiq görülüb.

1-ci yeri isə Sərvanə Dağtumasın “Körpənin intiharı” kiçik hekayəsi qazanıb.

Qalibləri təbrik edən münsiflər heyətinin üzvləri xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsinin gənc yazıçılar tərəfindən davam etdirildiyini təqdirəlayiq hesab ediblər.

Qalib hekayələr geniş oxucu kütləsinə “Azərbaycan” jurnalının növbəti sayında təqdim ediləcək.

Mənbə: Ədibin Evi

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Turan Uğur yazır

***

Posmodern ədəbiyyatın bel sütunu sayılan, çağdaş romançılığın ustad yazarlarından olan Umberto Eko təkcə yazıçı kimi yox, həm də çağımızın bəlalarının, naqisliyinin diaqnozunu 30-40 il öncədən vermiş filosof, tarixçi, esseist, pedaqoq, publisist, tənqidçi – alim kimi tanınır. Onun əsərləri insanın gözünü açır, bu çəlpəşik zamanda bizi daim ayıq-sayıq olmağa sövq edir. Eko sözün və adın əbədiliyinə, Tanrının qədər-qismətinə inanan və inandıran yazardır.
Umberto Ekonun müəllifi olduğu “Qızılgülün adı”, “Fukonun rəqqası”, “Praqa məzarlığı”, “Sıfır sayı” kimi bestseller romanların mən də vurğunuyam.
”Qızılgülün adı” romanını isə dünya nəsrinin incisi sayıram.Umbertonu həm də Tanrının bəxşişi hesab edirəm, çünki məndən öncə elə onun soyadı bu gerçəyi qulağıma pıçıldayır.

              TANRININ BƏXŞİŞİ – EKO
(xəyali müsahibə və yaxud müsahibə-yazı)

Turan Uğur -Adınız?
Umberto Eko -Umberto
T.U: Soyadınız?
U.E: Eko – latınca “Tanrının bəxşişi” anlamı daşıyan ifadənin abreviaturasıdır.
T.U: Peşəniz?
U.E: Yazıçı.
T.U: Əsərləriniz?
U.E: “Qızılgülün adı”, “Sıfır sayı”, “Praqa məzarlığı”, “Fukonun rəqqası” və.s
T.U: Kitabxananızda neçə kitab var?
U.E: Şəxsi kitabxanamda 30 minə yaxındır.
T.U: Deməli, o hesabla 30 min sirriniz var?
U.E: Elə çıxır.
T.U: Yaşadığınız ünvan?
U.E: Milan, Cüzeppe Qaribaldi küçəsi, 32.
T.U: Qeydiyyatda olduğunuz ünvan?…
(Hələ cavabını ala bilmirəm)
Gülün ətri olur, amma onun mahiyyəti məhz adındadır. Qızılgülün adı – sən demə, bu gül ona görə qoxuyurmuş ki, özünə yaraşan, qəşəng bir adı var.Əlbəttə, qızılgülün taleyində bir gün də solmaq var, ancaq bütün hallarda onun adı onun qısa ömrünü uzatmağa qadirdir.
Bəs “Qızılgülün adı” kitabı? Orada olan bütün: monastır, kilsə, rahib, Xorxe, Adso, Vilhelm, orta əsrlər tarixi, sxolostika kimi anlayışlar bizə nəyi xatırladır?
Bu kitabı oxuyanlar: mən, sən, o, biz, siz, onlar – hamımız romanın adına borcluyuq. Qızılgülün özünə yox, ətrinə yox, məhz adına…
1932-ci ildə, yanvarın 5-də Alessandriyada, İtaliyada Umberto Eko ona görə doğulmuşdu ki, fəlsəfə və ədəbiyyat üzrə təhsil alsın? – Yox!
-Katolik şagird hərəkatının lideri olub, sonra bu hərəkatdan uzaqlaşsınmı? -Yenə də, yox!
-Renata Remqa ilə ailə qurmaq, Stefan və Karlotta adlı övladlara atalıq etmək necə? – Xeyr!
-Məhz ona görə doğulmuşdu ki, Umberto Eko bütöv bir yazıçı olsun.
Axı istedadlı yazıçı, istedadlı oxucudan doğularsa, onda belə bir mənzərə yaranar: tarix, fəlsəfə, linqvistika, din – hər sahəyə aid 30 min kitablıq kitabxana…
Yazıçıdan soruşurlar:
Bunların hamısını oxudunuzmu?
Üç cavabı var Umbertonun.Üçü də kinayəli:

1 Bunlardan daha çoxunu oxumuşam;
2 Yox, bunlar gələn həftə oxuyacaqlarımdır;
3 Xeyr, heç birini oxumadım.Oxusaydım niyə bunları bir yerə yığardım ki?!
Milanın əvvəllər hotel olmuş məkanı Umberto Ekonun evlərindən biridir.Uzun, yöndəmsiz dəhlizlərini göz bəbəyi kimi qorumaq 30 min kitabdan ibarət kitabxanaya giriş-çıxışı asanlaşdırır.Bu kitablar göz baxdıqca göz qamaşdırır, 1200 nadir kitab arasından elm, tarix, fəlsəfə boylanır, arabir Umbertonu səsləyir.

  • ”Hansını bir daha oxuyum” – deyə Umberto fikrə dalarsa, o zaman Ceyms Coysun kitabları ədibin karına gələrdi.Gəncliyinin yazarı idi Coys, bəs necə, elə də olmalı.
    -“Bu qədər elmi əsər yazdıqdan, dərin araşdırmalardan sonra nədən 48 yaşında roman yazdınız?” sualını versələr Umberto Eko belə cavablayardı:
    -”Ürəyim istədi”
  • “Bəs ürəyiniz niyə istədi?” bu suala da cavab tapılır Ekoda.
    Umberto Eko:
    “Mən 16 avqust 1968-ci ildə “J.Mabiyon atanın nəşr etdirdiyi, fransız dilinə tərcümə edilmiş, Melkli Adso atanın qeydləri” adlı bir kitab əldə etdim. Tərcüməçi Balle adlı bir abbat idi. Olduqca yoxsul olan tarixi şərhdə deyilirdi ki, tərcüməçi, on yeddinci əsrdə benedik – tin ordeninin 2 tarixçəsini araşdıran məşhur alimin Melk monastırının kitabxanasında tapdığı XIV əsrə aid olan əlyazmasını hərfbəhərf tərcümə edib.Beləliklə, Praqada sevdiyim birini gözlədiyim zaman əldə etdiyim nadir əsər (bu, xronoloji olaraq üçüncü tapıntım idi) məni yad ölkədə darıxmaqdan qurtardı. Bir neçə gündən sonra, sovet qoşunları talesiz şəhəri işğal etdi. Mən Lints civarmda Avstriya sərhədini keçə bildim; buradan isə asanlıqla Vyanaya gəldim və nəhayət, Praqada gözlədiyim həmin qadınla görüşdüm. Biz birlikdə Dunay çayı boyunca, yuxarı istiqamətdə səyahətə yollandıq”
    -Bu suala daha bir cavab versiyası təxminən belə olar:
  • Kitab yazmaq zənginlik deməkdir.Kitabdan uzaq duranların öldüyü zaman onların göz önündən heç bir kadr keçməyəcək. Mən isə dopdolu bir ömür yaşamışam.Yuli Sezarın sui-qəsdini, Romeo və Cülyettanın eşqini və Dantenin cəhənnəmini görmüşəm…Yoxsul bir həyat yaşamaq istəsniz kitabdan uzaq dura bilərsiniz. O zaman buyurun oxumayın!
    Eko ilk 6 romanını simfoniya kimi yazıb, 7-ci əsərini ritmik melodiya kimi işləyib.Qəzetçilik, media necə sürətlə irəli qaçırsa, yazarın üslubu da ona uyğun hərəkət edirdi.Demək ki, mövzu yazıçı tempini müəyyənləşdirir.Mətbuatdakı nöqsanlar, şantajlar, reketçilik, naşılıq barəsində minlərlə məqalə, sonra isə roman yazır Umberto Eko.Romanı ”Sıfır sayı” adlandırır.
    Böyük bir kitabxananın gözümün önündə canlanmasına lap az qalır.Sanki Ekonun kitabxanasına çoxdan aşinayam.Təsəvvür edirəm, siz də əlinizlə gözlərinizi qapayın və səyahətə hazır olun! – Hər tərəf dağınıqdır.Kitablardan sanki bir piramida düzəldilib.Kimsə boylanır.Umberto Ekoya bənzəyir kitab arasından boy verən adam.Piramidadan sirlər boylanar bu təbiidir, deməli, Ekonun sirri həm də 30 minlik kitabxanasıdır.Hər kitabın bir sirr daşıdığını nəzərə alsaq, havada sirlər uçuşuna tanıqlıq etmiş olarıq.Hə, indi gözlərinizi aça bilərsiz.
    -Elə qəzetlər də gözümüzü açmağa xidmət edir. Budur, bəndənizin əlində qəzet var.Oxuyub kənara qoyuram və bu sətirləri yazıram:
    -“Qəzet oxumaq müasir insanın günlük duasıdır”.Bu fikri Ekodan duymuşam – italyan yazıçısından, o da Hegeldən sitat gətirib vaxtilə.Baxın, qəzet oxuya bilmiriksə, deməli, sıfır sayı gündəmdədir.Umberto Ekonun bu adda romanı var.Əgər mətbuatda hər şey yaxşı vəziyyətdə deyilsə, qəzetin adını “Sabah” qoysan belə nafilədir, belə vəziyyətdə “Sabah” bu gün ölməyə məhkumdur.
    “Sıfır sayı” romanının birinci hədəfi “name droppinq” deyilən anlayışdır.Əminəm, bununla hər gün qarşılaşırsız.Mühüm şəxslərin adını çəkərsənsə, onlarla olan fotonu paylaşarsanasa, deməli, Ekonun qınağına tuş gəlmisən. Həmin adamlar bu minvalla adının ulduz şəxslərlə hallanması mərəzinə tutulublar.
    Bu, medianın sıfır həddidir, elə insanlığın da.
    Yazar roman yazmağın ən əzablı, ən zövqlü hissəsini hələ əsərə başlamazdan əvvəlki vaxtı sayır.İt əzabı olsa da, insanın sonsuz bir zövq almağına bənzəyir roman yazmağa başlamaq.
    Səssizcə və kirimişcə girişirsən yazıya, lakin bu sükutu pozacaq bir nüansı unutdum:
  • Həyətdəki itin zingildəməsini.Bu, yazıçını diksindirir, özünə qaytarır, romana kökləyir.
    Maşınlar icad olduqdan sonra, velosipedlər ömrünü bitirmədi.Təyyarə ixtira olundu, ancaq qatarların səsini hər gün yenə eşidirik.Ənənəvi kitablar da o cürdür.Elektron kitablara, internetə uduzur deyirsizsə, yanılırsız.Bir gün “hard disk”- lər,
    “sd”- lər qeybə çəkilər, məhv olar, necə ki, plastinkalar tarixə qovuşur, amma kitab kiminsə evindən, monastırdan, kitabxanadan çıxar, mütləq bir gün hansısa nüsxəsi tapılar.Ənənəvi kitablar bilginin əsrlərlə saxlanılacaq zəmanətidir.
    Semiotikaya, ezoterikaya, fəlsəfəyə vaqif olan, hələ gənc yaşlarından kamala yetən Ekonun Xalq yazıçısı Kamal Abdulla ilə görüşündən ayrıca bir fəxarət duyulmalı, bu görüş ədəbiyyatımız adına bir səhifə açmalıdır.Posmodern ədəbiyyatın qərb-şərq qovuşacağının bir adı Umbertodursa, digər adı da Kamal Abdulladır.Ekonun tavana dirənmiş kitabxanasından götürüb ədibimizə verdiyi kiçik hədiyyəni əsla kiçik saymırıq:
  • ”Kamal Abdullaya – ən ülvi dostluq duyğuları ilə Umberto Ekodan” yazılmış bu sözlər saat yarımlıq görüşün yox, bir ömrün adına yazılsa, daha doğru sayılar.Yeri gəlmişkən, 84 illik ömründə Umberto Eko həmişə, hamıya kitab hədiyyə etməyi bacaran yazar olub. “Fukonun rəqqası”-nı, “Bir gün əvvəlki ada”-nı, ”Praqa məzarlığı”-nı, özü Paraqa məzarlığında uyumasa belə.
    “Qızılgülün adı”- na qayıdıram.Dünyada sözdən, addan uca bir nəsnə yoxdur fikrinin təsdiqini görürəm.Belə çıxır ki, hər şey , hətta ətirli güllər də öz adına borcludur.Hər şeyin və hər kəsin ölümü labüddür, qaçılmazdır, fəqət qalıcı olan hər nə varsa, məhz adı üçün yaşayır.
    -İstəyirsiz yoxlayaq, necə bilirsiz?
    -Etirazım yoxdur.
    -Adınız?
    -Umberto
    -Soyadınız?
    -Eko -latınca “Tanrının bəxşişi” anlamlı ifadənin abreviaturasıdır.
    -Peşəniz?
    -Yazıçı.
    -Əsərləriniz?
    -“Qızılgülün adı”, “Sıfır sayı”, “Praqa məzarlığı”, “Fukonun rəqqası” və.s
    -Neçə kitabınız var?
    -Şəxsi kitabxanamda 30 min kitab var.
    -Deməli, o hesabla 30 min də sirriniz var?
    -Elədir!
  • Yaşadığınız ünvan?
    -Milan, Cüzeppe Qaribaldi küçəsi, 32.
    -Qeydiyyatda olduğunuz ünvan?
  • Əbədiyyət!
    -Soyadınızın mənası necə oldu?
    -Tanrının bəxşişi
    -Aha, aha, burada dayanın, senyor!
    (Lap yerinə düşdü, Ekodan aldığım müsahibəyə elə yaraşan ad budur – Tanrının bəxşişi – Eko)

Turan Uğur
AYB-nin üzvü
22 iyul 2024-cü il,
Bakı

NADİR DİRİDAĞLI – 65

NADİR DİRİDAĞLI – 65

Rejissuraya şərəf gətirən, qanı ilə, canı ilə milli kökə sığınan, folklora bağlanan, etnoqrafiyaya sarılan, sözə, kadra, televiziyaya 40 ildən çox hizmətdə bulunan, təpədən-dırnağa vətən, yurd, məmləkət qoxuyan insan – Nadir Diridağlı, yeni yaşınız mübarək! Nadir müəllim çəkiliş meydançasında meydangirliyi, koloriti, sərrastlığı ilə daim fərqlənib.40 ildən çox müddətdə irimiqyaslı tamaşaların, bayram proqramlarının, Novruz çəkilişlərinin, televiziya filmlərinin ərsəyə gəlməsində misilsiz əmək sərf edən Diridağlının canı sağlam, ruhu hüzurlu, ömrü uzun olsun! Ömrü uzun olsun ki, yenə də klassik rejissura bu sənətkarın görəcək işlərindən nəsibini alsın.Nadir Həsənovdan Nadir Diridağlıya gedən yol çox qısa olub.Öncə yaxşı insanların – Nahid Hacızadə kimi azman redaktorların əlinə düşüb.Tez bir zamanda özünü və imzasını təsdiqləyib.AzTV-nin “Ədəbi-dram verilişləri Baş redaksiyası” nda müxtəlif səpkili, müxtəlif janrlı verilişləri ərsəyə gətirib.Bunu da kafi saymayıb, öz verilişlərini yaradıb.Kənardan aparıcılar gətirib – şairlərə, yazıçılara meydan verib.
Nadir müəllim çəkilişdə xoşbəxt olan sənətkarlardandır.Onun təcrübəsi elə həyatda da bir çoxumuza yol bələdçiliyi edib.Kimsə reallıqdan uzaq arzularla, xəyallarla danışanda,

“Ayə, mənə nağıl danışma!”, yaxud kimsə keçmişi özləyən zaman ah çəkib, sitəm edəndə,

“Ayə, qurtardı o şeylər…” – deyən də Diridağlıdır…

…Və həmən anlayırıq…Anlayırıq ki, danışan təcrübədir, danışan illərin birikmiş yaşantılarıdır və bu sözləri ərkyana bizə söyləyən Diridağlıdır.
Əziz Nadir müəllimə israrla və inadla yenə arzularımı bildirərək deyirəm ki:
-“Qurtarmadı!!! Sizin görəcək işləriniz, yeni-yeni layihələriniz hələ qabaqdadır.Sizin nağılvari filmləriniz, nağıl kimi həyat öyküləriniz hələ qarşıdadır.”
Yaşayın və yaradın!
Mübarəksiz, sənətkar!

Turan Uğur,
AYB-nin üzvü,
26 mart 2026-cı il,
Novxanı.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Turan Uğur – BAHARDA DOĞULANLAR

BAHARDA DOĞULANLAR
(3-cü hissə)

MƏMMƏD ALİM
(Əməkdar incəsənət xadimi, şair, dramaturq, tərcüməçi)

MƏMMƏD ALİM – SÖZ SIĞINACAĞI
(esse)

Bu günlər – yazın gülləmə-çölləmə çağında neçə gündür ki, mərhum şairimiz Məmməd Alimin bahar ovqatlı şeirlərini söyləyirəm.Novbaharda – Yazın erkən çağında Məmməd Alimin lətif şeirlərini dilə gətirməyimin səbəbi çox sadə imiş: axı şair də Yazağzında təvəllüd etmiş ziyalılardan idi.
Doğrusu, içimdən bir doğma səs bəndənizi müəllifi olduğum “Baharda doğulanlar” silsiləsində yer alacaq şairlərimizi bir qədər sonraya saxlamağa və Məmməd Alim ruhunu sevindirməyə çağırdı.Madam ki, Novxanıda neçə gündür şairin şeirlərindən guppuldadıram, deməli, bu nüansın özü də əbəs deyilmiş.Əlbəttə, hər şey ilk növbədə
“Könül bayramı” şeirini biqəfil xatırlamağımdan başladı.O da yadımdadır ki, Məmməd Alimi illər öncə AzTV -də – “Telefilm” in filmlərində çıxış edərkən görmüşdüm.Dumanlı da olsa, xatırlayıram.Deyəsən, mərhum Vüqar Tapdıqlı ilə həm də dostluqları vardı.İşə baxın, indi hər ikisi Haqqa qovuşublar, biz isə…
…Bizdən yan ötək, varaq Məmməd dünyasına.Əslində, 65 illik ömründə Məmməd Alim həmişə harasa köç edib.Əsl ünvanı isə söz olub, şeir olub.Təkcə mən demirəm ki, şairin özü də eyzən bu qənaətdə idi:

Mən xırda çay balığıydım,
Çaydan dənizə köçmüşəm.
Dərin duyğu bulağıydım,
Ürəkdən gözə köçmüşəm.

Ömrü özləyib öncədən,
Keçdim niyədən, necədən.
Aysız, ulduzsuz gecədən,
Günlü gündüzə köçmüşəm.

Başım dəyib daşdan-daşa,
Dönmüşəm qanadsız quşa.
Piyada payızdan qışa,
Qışdan da yaza köçmüşəm.

Çəkib könül karvanımı,
Özüm qurdum divanımı.
Dəyişmişəm ünvanımı,
Şeirə, sözə köçmüşəm.(M.Alim)

Lap çocuqluğundan ünvan dəyişməyə adət eləmiş Məmməd Alim 1949-cu ilin martın 16-da Goranboyun Xınalı kəndində doğulub.İlk ünvan dəyişməyi əzəmətli Gəncədən başladı.Bu, onun öz köçü idi, söz köçləri isə daha sonralar olacaqdı.Həmin köç kənd evlərinin çiy kərpic divarından, daşından başlayacaqdı; Alimin dəcəl yaşından, taxta beşiklərinin, xallı pişiklərinin gətirdkləri çadırlı, üstüörtülü maşından keçəcəkdi; babasının xurcunundan, çəkicindən, kəlbətinindən, nənəsinin cehizli xalısından keçəcəkdi o köç; anasının köhnə, güllü çit donundan, işə gedən zaman istifadə etdiyi qarğı səbətindən keçəcəkdi; daha nələrdən-nələrdən keçəcəkdi Alimin kiçik Xınalıdan böyük Gəncəyə köçü…
Kənd qəbiristanlığında ikiyaşlı bacısının – özü də qıvrımsaçlı bacısı Minirənin əl boyda məzarından keçəcəkdi o məlum köç.
Sonra ad və soyadının da bir-birinə köçü olacaqdı.Alim Məmmədov Məmməd Alim olacaqdı, daha poetik, daha müdrik səslənişlə.
Azərbacan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri də olacaqdı, Beynəlxalq Rəsul Rza ədəbi mükafatının laureatı da.Amma bu uğurlara gedən yolu əsla asan olmadı.
16 yaşında ikən “Kirovabad kommunisti”, indiki “Gəncənin səsi” qəzetində ilk mətbu şeirinin dərc olunmasının sevincini dadır.Dövri mətbuatda sərasər nəşr olunan şairin şeirləri müxtəlif almanaxları özünə ünvan bilir.Məhsətidən, Vazehdən, habelə xarici müəlliflətdən – Bella Axmadulinadan, İosif Brodskidən tərcümələr edir.
Yenə köçür, ilhamının yelkəni cürbəcür dünyalara açılır.Ancaq könül bayramını Novruzla, yazla, baharla, ülfətlə, sevgi ilə bağlayır.

O, otuz bir dekabr-
Yeni il bayramıdır.
Bu, Novruzdur, əzizim,
Yazdır, gül bayramıdır.

Bu aşıq, o ozandır,
Xoruz banı – əzandır.
Gələn ay Ramazandır,
Oba, el bayramıdır.

Alnımız qırışıqdır,
Fikrimiz qarışıqdır,
Harda ki barışıqdır,
Şirin dil bayramıdır.

Gözlə gözün görüşü,
İzlə izin görüşü,
-İkimizin görüşü,
Bu, könül bayramıdır.

Bu sayaq Bahar ovqatlı mənzərələri çox qələmə alıb şair.Nigar Rəfibəyli ilə Rəsul Rzaya ithafən yazdığı şeir də təbiət lövhələri ilə bica yerə
süslənməyib ki?!

Göyçay çinarı, Gəncə qovağı…

Bakıda görüşdülər
Ömrün ilk bahar çağı.
Rəsul – Göyçay çinarı,
Nigar- Göygöl qovağı.

Ata yurdundan gəldi
Qovağın son sorağı.
Çinar ora tələsdi,
Heykəl gördü qovağı.

Rəsulun gözlərində
Göygölün göy qurşağı.
Göygölün üzərində,
Nigar – durna çırağı.

Əbədi qovuşdurub,
İki qəlbi Xan bağı.
Şair ömrü yaşayır,
İki dünya qonağı.
Rəsul – Göyçay çinarı,
Nigar – Gəncə qovağı.

Doğma Gəncəsinə çox bağlı idi Məmməd Alim.Gəncə Dövlət Universitetinin filologiya faküləltəsində oxuyarkən – 1967-72-ci illərdən Gəncə torpağına – ulu diyara bağlılığı baqi xarakter aldı.Gəncəni şeirlərində öydü, yurda, məmləkətə sevgisini böyütdü, amalını bütöv Azərbaycana, Təbrizə köçürtdü.Hər köçü kimi, bu köçü də doğal idi, təbii idi, zəruri idi.
“Qəlbim Təbrizə çatdı” şeiri Məmməd Alimin bu dünyadan çıxıb da son varacağı bir arzuya, bir hədəfə dönüşdü.

Mən Məmməd Alimi dinlədim dedim,
Yerlədim, göylədim, günlədim, dedim.
Dünya, qapını aç, aç gedm, drdim,
Qəlbim qanad qırıb Təbrizə çatdı.

Məmməd Alim heca vəzninin ən müxtəlif şəkillərində seçkin nümunələr yaratmaqdan zövq aldı, kiçik həcmli şeirlərini poemalar əvəzlədi.Sonra şirin təcnisləri ilə qələmini müşərəff etməyi bacardı.

Köynəyini yuyub asdı aynadan,
Səbirli ol, kölgədə yox, gündədi.
Neyləsin, tez qurumasa, ay nadan.
Günah onda deyil, gücsüz gündədi.

İçib sərməst olur, sevir sər xoşu,
Sər özü xoşudur, xoşu sər, xoşu.
Ailənin sənin kimi sərxoşu,
Nə ayda, nə həftədədi, gündədi.

Məmməd Alim deyir: Bu yoldan daşın,
Niyə vaxt-vədəsiz atılsın daşın.
Bir bax, o ismətli ömür yoldaşın,
Cavan gəlin ana gör nə gündədi?!

Şübhəsiz şairin sərhədləri aşan şeiri, dillər əzbəri olan “Dünya, qapını aç…” şeiridir.Onun bu şeiri Güneydə, Təbrizdə də çox sevilir.

Quranın göylərdən nazil olsa da,
Ömür möhlətim lap yüz il olsa da,
Sabahın bu gündən gözəl olsa da,
Dünya, qapını aç, aç çıxım gedim.

Məmməd Alimin sabahı dünənindən yüz faiz daha gözəl, daha manidardır.Əbədi ünvanları, əbədi sığınacağı söz olanların aqibəti hərdaim bu sayaq olur.Baharda doğulan Məmməd Alimin 2014-cü ilin avqustun 29-da – ömrün 65 indən gələcəyə apardığı sözün, şeirin əbədi bir zəmanət çeki qalıb.
Limitsiz və sərhədsiz çekdir həmin zəmanət çeki.Kainatın hər guşəsində – dövlətinə, diilinə, millətinə baxmadan, hər yerdə işə keçir bu növ zəmanət çekləri.
O tilsimli zəmanət çekinin bu gün Məmməd Alim kimi şairləri Bahar çağında xatırlatmağa, hətta şərəfinə esse də yazdırmağa gücü çatdı.
Rəbbimiz bu dünyamızı Məmməd Alim kimi şairlərimizdən, şairlərimizi isə o zəmanət çeklərindən xali etməsin.Ulular belə söylərdi bu məqamda:
Kərəminə şükür İlahi, qələminə mərhaba!
Mərhaba, Baharda doğulanların aqibətinə!
Bahar qoxulu misraların şairi, öz sığınacağına,
söz sığınacağına mərhaba!

Turan Uğur,
AYB-nin üzvü,
24 mart 2026-cı il,
Novxanı.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ÖMRÜN QORQUD ÇAĞI

ÖMRÜN QORQUD ÇAĞI
(esse)

Taksi “Gəncliy” ə aparmır, amma “Dədə Qorqud” a gedir. Bəs ömrün Qorqud çağından ömrün gəncliyinə aparan varmı?
Əvvəla ondan başlayım ki, atamın ən sevdiyi yazıçı ANAR idi. Biz uşaq olanda Anarın
“Səhra yuxuları”, “Yaxşı padşahın nağılı”, “Əlaqə”, “Dantenin yubileyi” və.s kimi əsərlərinə aşina olmağı dönə-dönə tövsiyə edərdi. Sonra Anarın aşağı-yuxarı bütün əsərlərini oxuduq.Xatırlayıram ki, ağüzlü kirilcə kitabının 1-ci cildində – “Keçən ilin son gecəsi”, “Bayram həsrətində”, “Asqılıqda işləyən qadının söhbəti”, “Mən, sən, o və telefon” və s.hekayələrini gözümüzə təpərək, ciyərimizə çəkərək oxumuşduq.Onda vur-tut 6-da, 7-də oxuyardıq.Göyçay Mərkəzi kitabxanasına üz tutanda, (onda Göyçaylı yazıçı Əli Səmədlinin “Arvan” kitabxanası hələ açılmamışdı) ilkən gözümüz Anarın kitablarını arayırdı.Sonra Anar təkcə atamın deyil, bizim də sevimli yazıçımız oldu.Bu xüsusda vagüzarlığı özündən bizə ötürdü – yəni atadan oğullara, tam doğaldır, tam təbiidir.
Elə Anara da istedad estafetini atası Rəsul Rza və anası Nigar xanım Rəfibəyli ötürmuşdü.Anarın valideynlərini itirəndən dərhal sonra yazdığı “Sizsiz” xatirə-romanı yazıçı istedadının ötürülməsi anlamında bizi çox mətləblərdən agah edir.
Həyat elə gətirdi ki, mən də dəfələrlə Anar haqqında yazdım; 2-3 şeirimi Anara ithafda bulunarkən, həm də “Sətirlər” verilişinin,
2021-ci il, 14 mart buraxılışını da Anara həsr etdik.Film estetikası ilə hazırlanan verilişin ssenarisini yazdım, Anardan, oğlu Tural bəydən, qızı Günel xanımdan müsahibələr aldım. Anarın imzası ilə həm qardaşım, həm də bəndəniz Yazıçılar İttifaqının üzvü olmaq qürurunu daddıq, fərəhini yaşadıq.
Anar – onun şəcərəsi Məmmədxanlılar+Rəfibəylilər nəslinin taleyini və tarixini müfəssəl şəkildə öyrəndiyim yeganə mənbə isə Rafael müəllimin “Rəfibəylilər” kitabı oldu.Yanılmıramsa, 1996-cı ildə nəşr olunmuşdu.Həmin əsəri bir nəslin epopeyası da saymaq olar.Onda bu kitab bizim ailəmizin masaüstü kitabına çevrildi.Akademik
Rafael Hüseynovun bu sanballı, arxiv sənədləri ilə zəngin tədqiqat kitabı ilk baxışda məşhur fransız romançısı Moris Drüonun qalın, səhifəsi 1000-i aşqın tarixi romanlarını andırır.Bu müəzzəm, Drüonsayağı kitab Anarın gəldiyi yolu, onun nəslinin keçdiyi iztirabları gün kimi aydınladırdı.Akademik Rafael Hüseynov Anara sayğısını hərdaim izhar edib, haqqında dəfələrlə yazıb, verilişlər ərsəyə gətirib.
Yazıçının ilk iş yeri olan Nizami adına Ədəbiyyat Muzeyinə, 1960-cı illərin lap əvvəlinə səyahət əla olar.
Muzey ziyarətçilərinin təbiri ilə desək – “Yoldaş Rzayev” in olduqca maraqlı bələdçi olması bizə çox şey anladır.Anarın Radioda qısa dönəm işləməsindən, habelə “Səslər muzeyi” adlı verilişinin keşməkeşli tarixçəsi də maraqlıdır.Ancaq ilk növbədə yollanacağıq Qobustana.Qobustana deyəndə ki, “Qobustan” toplusuna…Elə “toplu” sözü də bizim üçün yenilik idi həmin çağlarda.Bu toplu ana dilimizdə unudulmuş çox sözlərə ehya verəcəkdi.Dərgiyə qarşı olan həmlələrə, süngülərə sinə gərib dözəcəkdi, Anarın sayəsində.Bədxah donosçulara, çuğullara qarşı sözdən zireh düzəldəcəkdi, Anarın sayəsində.Yazıçını “siyasi səbatsızlıq” da suçlayan qaragüruhları susduracaqdı, yenə Anarın sayəsində.
Elə isə Anardan danışmaq istəyirəm, Anardan.Meşin çantasını çiyninə salıb, boynunu yana əyib mərkəzi küçələri dolaşan, bir çiynini dikəldib, o biri çiynini ürəyinə sarı endirən Anardan danışacam.Bəs necə? Baş ürəyə yaxın, həmdəm olmalı ki, yazılanlara Anar deyə biləsən, yozulanlara Anar deyə biləsən.”A” hərfindən danışacam sizə. Ata ilə, ana ilə, Azərbaycanla eyni səsləşən, “aristokratiya” sözü ilə qəribə şəkildə asossiasiya olunan əlifbamızın ilk hərfindən danışacam sizə.”A” hərfi deyib, Anar deyib yazmağa nə var ki?! ”A” hərfini yazıb, ucundan tutub get! ucuzluğa yox, ucalığa, bahalığa.O bahalığa gözlərin qalsın baxa-baxa, axı Anardan danışacam sizə, 88-ə- əlvida, 89-a mərhaba, Anar.Sən, kəşf olunmaz bir ada, Anar…
Anardan danışacam sizə, gəncliyinə getmək istəyən Anardan.O deyyyy taksi dəydi gözümə, nəhs nömrəli olsa da getmək olar.O taksi Anarı gəncliyinə aparacaqmı? “Gənclik” stansiyasına olsa nə var ki, aparar.Amma ömrün gəncliyinə necə, yeniyetməliyinə necə?
13-14 yaşına, Şuşada yazmağa başladığı dönəmə bizi vaxt taksisi aparacaq.
13-14 yaşında yeniyetmə bir oğlan. Şuşadadılar hamılıqla.Darıxır.Neyləməli?
-Oyun oynamalı?
-Yooox.
-Dərs hazırlamalı?
-yox.
Axı dostları, sinif yoldaşları Bakıda qalıblar.
-Bəs neyləsin Anar?
Rəsul Rza daha yaxşısını bilir.”Heç olmaya yol qeydlərini, təəssüratlarını yaz”- deyəcək şairimiz.
Anarın içindəki Dədə Qorqud-u mürgüdən oyansaydı bu cür cavab verərdi.
“Od kimi işıldayıb, ulduz kimi parlayan nədir, ağız dildən bir kəlmə xəbər ver mənə, qara başım qurban olsun atam sənə”
Amma oyanmamışdı, çünki hələ çox cavandır.
Anar Rəsul müəllimi dinləyib təəssüratlarını yazacaqdı.
Şuşadan?- Şuşadan yoox,
Şəkidən? -Şəkidən yoxxx,
Bakıdan?-Bakıdan yoxxx,
Amerika həyatından bir pyes yazacaq.
Yazdığını onlara oxuyacaq, cavab belə səslənəcək:
Heç nə, sən də yazıçı oldun. Deməli, bizi torpaqlarımıza qaytaran, gözəlim Şuşaya qovuşduran qüvvə həm də darıxmağımızdır.O yerlər üçün Bakıda, Bakıda isə o yerlər üçün darıxaq….
Bu məmləkətin ilk Anarı 1938-ci ilin martın 14-də doğulub.
Anar- yəni hər zaman xatırlayar, anar.İtirdiklərini xatırlayar.Doğmalarını, dostlarını: Toğrulu, Yusifi, Vaqifi, Arazı, Emini anar. Onları yada salar.Anarın əsərləri kimi özünü oxuya bilsən, şifrələrlə, parollarla danışarsan mənimlə, gürcü familyasını verib, yox çaşdım, ilahi küləyin-“Kamikadze”-nin ətəyindən sallanıb əlaqə qurarsan Babilistanla, Səhra yuxularından danışanda ağzımın üstündən elə vurarsan ki, amma ağzıma su alıb kirimişcə yerimdə oturmaram. “Çilistan” -deyib yaxşı padşahdan nağıllayaram sənə, sonra da güzgü tutaram üzünə anındaca ərdo sifətini görmüş olarsan: bənizin həmən solar. Daha da cırnayarsan, çəmkirərsən, məni xırpalamağa başlayanda Anar müəllim susdurar səni. Bax beləcə.
“Sizə kimdən deyim, yaxşı padşahdan. Ərənlər belə rəvayət edir ki, əyyami-qədimdə Çilistanda, bir yaxşı padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi. Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və padşah yazıq gecələr yata bilmirdi”
Padşahın gecə yuxularını qaçıran birələr, taxtabitilər olsun, Sovet dövründə Anarın yuxusunu ərşə çəkən isə ağrılarımız, qayğılarımız.
Məmləkətdə, İttifaqda, külli-aləmdə olan adamyeyən yamyamların eybəcərliklərini Çilistan, Babilistan adlı məçhul ölkələr timsalında göstərən Anar idi, duyan isə biz oxucular.Brejnevin Bakıya gəlişi əsnasında “Kommunist” qəzetində bir məqalə yaz”- deyənlər min tövr bəhanə gətirib, sivişib aradan çıxan, Allahsızlığı bayraq edən bir rejimin ağzının üstündən sillə çəkən yenə yazıçı Anar olsun.
Anardan danışmaq istəyirəm sizə, Anardan…
Anarın ssenarisi əsasında çəkilən
“Torpaq, dəniz, od, səma” bizim 4 Novruz çərşənbəmizlə necə də səsləşir, bunu mən yozdum bu sayaq, Anar müəllim inciməz.Ömrün 4 mərhələsi: çərşənbələrimizin adına ad edilsin.
Əsərdəki Solmaz xalanın sözü
Sovet hökumətinə, nur üzlü nənənin cavabı Anara xub yaraşır.Deyilmi?
Anardan danışacam sizə.
Bu gecə, bu qoca, bu ocaq: Dostlar, bu sətri bir dəfə yazıram, çox təkrarlamağa cürət eləmədiyimdən.Niyə? Axı, çox hallandırsam = olacaq Kəbirlinskiyə.Dantenin yubileyində Feyzulla Kəbirlinski, yadınızdamı?
Anarın ən mağmın, ən avam personajının gözlərindəki kədərə cəmiyyətin natəmizliyi hopub.Gözləyin, əzizlərim tozunu alım o məlul gözlərin. Ona biçarə demir Anar, amma Feyzulla kişinin zamanın artistləri, teatr çıxaranları yanında necə naçar, necə cılız olduğunu əlinin içi kimi göstərir.Bu günün xəbis, xudbin adamları yenə var, deməli, cinbala, tülək xislətli Məcid kimiləri də aramızda “n” qədərdir.Əzizlərim, bir sirri də açım sizə.Kəbirlinskinin sadəlövlüyündən istifadə edən Məcid kimiləri o qədərdir ki, bu dəmdə “n” hərfinin halına acıyası oldum.Çünki mərdimazarların sayı
“n” həddini çoxdan ötüb keçiblər.
“Feyzulla dəvətnaməni alıb baxdı.Doğrudan dadəvətnamədə “ikiadamlıq” sözləri və onun adı, familiyası yazılmışdı:
“Hörmətli yoldaş Feyzulla Kəbirlinski!
Sizi böyük italyan şairi Dante Aligyerinin anadan olmasının 700 illiyinə həsr olunmuş təntənəli yığıncağa dəvət edirik”
Ərini tez-tez azarlayan, ikidəbir onu danlayıb, xəcil edən, fərasətsizliyini, fərsizliyini üzünə vuran Həcərin sonda yuxaya dönən ürəyini Anarın ürəyi sanmalı, sanıb da şərdən saqınmalı, saqınıb da bu misraları dilləndirməli:
Niyə Kəbirlinski,
-biletini basmış kif?
Dante qanrılıb, deyər:
-Qoy verim bircə təklif:
-Anar əla müəllif.
“Sabah yəqin ki, Həcər yenə deyinəcək, söylənəcək.Feyzullanın gününü göy əskiyə düyəcəkdi.Amma bu gün onun könlünü qırmaq istəmirdi.İstəmirdi Feyzulla bilsin ki, düz iki aydır-metro açılandan bəri Həcər hər səhər həmin bu qatarlarla bazara gedib gəlir”
Anardan danışacam sizə, Qobustanda külüng vuran Anardan, fəqət o Qobustanla yanaşı bir də Anar müəllimin “Qobustan”-ı var. 1969-cu ilə qayıtsın müəllifimiz.Bu Qobustandan jurnal “Qobustan” a dönsün, hələ
Əli bəy Hüseynzadənin isminin çəkildiyi yazını çap etdirmək təşəbbüsünə görə ittiham da olunsun.
Anardan danışacam sizə. Bir dəfə deyəcəm, iki dəfə deyəcəm, sonra susacaq telefonunuz. Ölən təkcə insanlar olmur ki, telefonlar da ölür bu dünyada, telefon nədir, telefon nömrələri də.
“Dünən sənin telefonun öldü.Ölən yalnız adamalar olmur ki…Telefon nömrələri də ölür.Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıncı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni…”
Aya qədər olan məsafə uzaqdır.Elə 1945-ci ilə kimi də məsafə az deyil.Amma Zemfira hərdaim yanındadır Anarın.Həyat yoldaşı, məktəb yoldaşı, can yoldaşı-yoldaşlığa aid hər şeyin adıdır Zemfira.
Onu sinifdə görəndə qəhər boğsun boğazını, bir hovur gözləməyə səbrin çatmasın.Qapı nagahan açılıb, sinfə girəndə özünə gələrsən.Gözlərinin baxışında dəhliz qurarsan, yeriyəsən o dəhliz boyunca, gedib işğal edərsən qızcığazın məsum gözlərini.Sonra işğal etdiyin ərazini daha da böyütmək qalır sənə.Sevdiyin qızın gözlərindən yanağına, yanağından dodağına keçərsən, görərsən qızartısı işıqforun qırmızı işığına meydan oxuyur, əlini öz üzünə vurarsan, həmən vəziyyətmiş ki..Qızartı qızartını haylayır, qızartı qızartını çağırır.Qırmızılıqdan lalələr adını verərsən bu keçən illərə, onillərə, daha doğrusu 1945-in payızına.
Başa düşərsən ki, ürək çırpışdırmaqdan öncə gərək gözün tutduğu qızın şəklini çırpışdırasan əlaçılar lövhəsindən.Dərslərində əlaçı olmasa da olar, əsas sevgisində əlaçı olsun.Ya ürək çırpışdırmaq, ya istəklinin şəklini.Məncə, ikisi də eyni şeydir.Harda qaldı gəncliyə aparan taksi?
Anarı Gəncliyə mütləq aparan olacaq.Amma ömrün gəncliyinə yox, ömrün Qorqud yaşına. Axı “Gəncliy” ə gedən yol
“Dədə Qorqud” parkından keçir.Olsun!
Anar qələmi ilə, sözü ilə hamıya qalib gəlməyi bacaran ustaddır, hətta özünə də, hətta amansız Zamana da. O, heç vaxt özünü təkrarlamadı, prozanın bütün janrlarında möhtəşəm izlər qoydu.Bunu da yetərli sanmayıb, lətif şeirlər yazdı.Onun “Qorqud dünyası” adlı əsəri Türkün öz və söz manifestinə dönüşdü.Bunu da kafi bilmədi Anar.”Dədə Qorqud” filminin ssenarisini yazdı, iki hissəli bədii filmin ekrana çıxmasına müvəffəq oldu.Üzeyir bəy Hacıbəyliyə həsr etdiyi”Üzeyir ömrü”, Mirzə Cəlil ruhuna sayğı amacı ilə “Qəm pəncərəsi” Cavid əfəndinin həyatından bəhs edilən “Cavid ömrü”, Mirzə Fətəliyə ithafən “Sübhün səfiri” kimi bədii filmlərin ssenarisini qələmə aldı. Bu metodla böyük mütəfəlkkirlərimizin ömrünü ekranda yaşatmağa, ədiblərimizə kinematoqrafik pasport verməyə nail oldu.
Bu gün də yazır Anar. “Ədəbiyyat qəzetinin” səhifələrində son illərdə oxuduğum “Kəbirlinskinin son etirafı” və “Qatardan qalan adam” hekayələri sadəcə əladır.
Elə isə dünya durduqca Anardan danışacam sizə, ömrün Qorqud çağına yetmiş Anardan…

Turan Uğur
AYB-nin üzvü, yazıçı

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Turan Uğur: Boz ayın gəlişinə

NƏNƏMDƏN EŞİTMİŞƏM…
(Boz ayın gəlişi münasibətilə)

Gecə qalanmış tonqallar, bütün obalarda çatılmış ocaqlar, qırmızıya boyanmış yumurtalar, saçı yolunmuş səmənilər, darvazaların ağzında qapını döyüb çuval ataraq qaçıb-gizlənən çocuqlar, doqqazda eşidilən şənlik səsləri qulaqlarımda deyil, gözlərimdə var-gəl edirlər.Nəisə xatırlatmaq üçün yarışa girmişlər, marafona qoşulmuşlar sanki.Uşaqlığımın cır səsiylə çağıran, bəzən də uğultulu bir sədayla bağıran bu xatirələr Novruzun bir addımlığında –Boz ayın gəlhəgəlində bəndənizi nənəmin ruhu ilə baş-başa qoyar.”Ulularımızı çağır” – deyən bu xatirələr Yazağzında məmnun qalmağım üçün heç nəyi əsirgəməzlər.
“Puah, bu cırtdan fevralın canında nələr varmış? Bu Boz ayın ağzında yenə xəstəlik yaxalayar məni.Boz ay gəldi, daha ayağımın birini ehmalca irəli atsam, Novruza yetişərəm”
Uşaq ikən nənəmdən eşitdiyim Çillə girdi, Çillə çıxdı, Boz ayın qapısının lap kandarındayıq kimi fikirlər bəndənizə xalq təqvimini bütün ayrıntıları, bütün incələyi ilə açmış olur.Çocuqkən qulaq müsafiri olduğum bu məhrəmanə sözlər yeniyetməliyimdən etibarən mənim xəyal dünyama yansıdı, sonra bu tilsimli sözlər öz kiçicik folklor aləmimi qurmağıma vəsilə oldu.Balaca dünyam böyüdü, böyüyərək qədim folklorumuzla sarmaş-dolaş, qol-boyun oldular.Mənə bəşəri güc, ilahi qüvvə verən folklorumuz bütün ağrılı-acılı, sıxıntılı günlərimdə ruhuma həmdəm oldu.Nənəmin sehrli sözlərinin müşayiəti əsla bəndənizi rahat buraxmadı.Boz ayın İlaxır çərşənbələrində, bəzən tək-tənha yaşadığım günlərdə belə, evdə mütləq 1 şam yandırıb, bayramı özümlə öz-başıma keçirdiyimi yaxşıca xatırlayıram.Boz ayın gəlişi münasibətilə süfrəmi bəzəyib, özümün yazdığım şeirlərimdən də guppuldatdığım dönəmlər az olmayıb.Su çərşənbəsi günündə yazdığım “Bayram nisgili” həmin tənha anlarımın porterti kimi hərdaim ucalıqdan boy verir, israrla “mənli günlərini unutma!” – deyə hayqırır.

Bayram nisgili

Bu da prospektin bayram gecəsi,
Səssizlik boylanır yuvalarından.
Bu da bizim ”Məmməd Rahim” küçəsi,
Tənhalıq qoxuyur divarlarından.

Hava qaralmaqda işdən gəlirəm,
Yamanca duyulur tənhalıq səsi.
Üzümüz yazadı qışdan gəlirəm,
Burnuma toxunur bahar nəfəsi.

Amma dönəlgəsi dönüb ömrümün,
Yenə yalnızlığım kölgəmə qonub.
“Bəs!” demir qadası, “Bəs!” demir gülüm,
Sürünür ardımca prospekt boyu.

Bu “Əzəl çərşənbə” axşamındaca,
İçimdən bir arzu dillənir düzü.
Bir tonqal üstündən gərək doyunca,
Hoppanım, tökülsün könlümün tozu.

O tonqal aparsın ağrılarımı,
Bayramı bayramtək keçirim gərək!
Uşaqlıq dünyamın anılarını,
Dünəndən sabaha köçürüm gərək.

Kirimiş məhlədə kimsə görünmür,
Yaxşısı budur ki, qayıdım evə.
Qalanan ocaqlar nəsə görünmür,
Bu nə hüzndür ki, nə olub belə?!

Keçmişin “Çərşənbə xatirələri”
Hələ neçəsinin saxlancı olub.
Bəlkə neçəsinin gözü düşməni,
Bəlkə başlarının qaxıncı olub?

Axı…bu bayram axşamı hamı,
Bir azca tənhadı, bir azca yalqız.
Tezliklə yurduma gələcək bahar,
Bilirəm, sənə də ümiddir, ay qız!

Süfrəmiz bəzəkli, qapım da açıq,
Bəs bu bayramın nisgili nədir?
Kədərim yaxamdan yaman yapışıb,
Bir ağac qurdutək içimdən didir.

Mən səni gözlədim,yalnızlıq gəldi,
Daha heç nə deyil eynimə mənim.
Baharın yam-yaşıl ipəklərindən,
Tənhalıq biçilib əynimə mənim.

Bu da prospektin bayram gecəsi,
Səssizlik boylanır yuvalarından.
Bu da bizim ”Məmməd Rahim” küçəsi,
Tənhalıq qoxuyur divarlarından.

Tənhalıqdan söz düşmüşkən, nənəmdən onu da eşitmişəm ki, insanın tənhalığına, acılarına ən gözəl ilac bayramlardır, ələlxüsus da Novruz bayramı.
Bizə gör nə qədər məsud günlər, bəxtəvər anlar bağışlayır bu bayram.Hər ayini, hər ritualı, hər mərasimi bizi biz olmağa dəvət eləyir.
“Ay bala, küsülü qalmazlar bayram axşamında, yaxud ay bala, Boz ay girdisə Yalançı çərşənbələrdən çıxıb doğru üskü çərşənbələrə girdik, ay oğul, Xəbərçi çərşənbəni ehtişamlı eləməzlər, əməlli-başlı lap bayrama oxşatdınız ki!!!” kimi nəsihətləri indi mənə bayram gerçəklərini bütün çılpaqlığı ilə aşılayır.Boz ayın astanasında uzaq rüzgarların yüyrək əsintiləri müdam ən doğma hisslər kimi canıma hopur, ruhuma sinir.
“Rüzgar” dedim, əlbəttə Boz ay rüzgardan, soyuqdan, sazaqdan, şaxtadan, günəşdən, hərarətdən xali olmaz.
Bu qarmaşıq havalar həm də qarmaşıq içimizi əks etdirər, dağınıq halımızı toparlamağımıza yardımçı olar.Hə, öncə Yalançı çərşənbələrin sonuncusunu – Xəbərçi çərşənbəni qeyd edib, keçərik Boz aya.Onu da ərz edim ki, bu tayda səhvən Xəbərçi çərşənbə Od çərşənbəsinə deyərlər ki, fikrimcə, bu da məntiqə uyğun gəlmir.Xəbərçi çərşənbə İlaxır çərşənbələri müjdələyərkən, necə ola bilər ki, ikinci çərşənbə statusunda qeyd olunsun?! Hələ onu demirəm ki, Od çərşənbəsinin son
25-30 ildə yerinin dəyişməsi, yaxud dəyişdirilməsi – ikinci sıraya atılması çox böyük təəssüf və təəccüb doğurur.
Novruzun əsl simgəsi, əsl rəmzi olan Günəşin, odun, atəşin 2-ci yerdə yox, İlaxır çərşənbənin sonuncusu və daha əlamətdar olmasını şərtləndirir.Açığı nənəmdən bu haqda heç nə eşitməmişəm, eşitmişəmsə də dinlədiklərimi uzaq
Boz yellərin ağuşuna çoxdan qapdırmışam.
Əvəzində nənəmdən eşitmişəm ki, Boz aya ciddi yanaşmaq, onu saya salmaq lazımdır, zira Boz ay adından göründüyü kimi sərtlik, bozluq mənasını ehtiva edir.Gərəkdir həm əyninə-başına, həm yediklərinə, həm Çərşənbə süfrələrinə dürüst fikir verəsən.
Nəzərə alsaq ki, həmşəri olaraq nəinki İlaxır çərşənbələri, hətta Yalançı çərşənbələri də təmtəraqlı qeyd edərik, onda bizə zaval yoxdur.
Nənəmdən Boz ay haqqında rəvayətlər də az eşitməmişəm.
Boz aya təbirlər çox fərqlidir: alaçalpo(v), Boz çillə, Ala çillə, Yazağzı, Ağlar-gülər, Döl ayı, Çilləbeçələr, Cəmrələr ayı və.s kimi müxtəlif adların tamamını duymuşam.Rəhmətlik coğrafiyaşünas alim Eybalı Mehrəliyev qışın son ayını – fevralın 20-dən martın 20-nə kimi Alaçalpo, martın 6-dan düz 1 ay müddətcə aprelin 6-na kimi olan dövrü Boz ay adlandırardı.Bu fərqli yanaşmalar Novruzun əzəmətindən, həşəmətindən soraq verən sakral bir gerçəklikdir.Boz ay haqqında ən məşhur rəvayətlər isə məhz “günlərin bölüşdürülməsi” aktı ilə bağlıdır.Qədim əyyamlarda aylara illər verilərkən hərəsinə 32 gün düşür.Boz ay ilin sonuncu ayı olduğu üçün ona 14 gün verilir.Boz ay incik qalmasın – deyə hər ay özündən ona 1 gün bağışlayır.Boz ay yenə razı qalmır. Onda bəzi aylar 1 günü 2 gün edir.Hərəsi bir aydan, bir fəsildən gəldiyindən Boz ayın günləri bir-birinə uyğun gəlmir.Beləcə, Boz ayda 4 fəslin hamısının təbiətindən nələrsə duyulur.
Boz ayda evlər, həyət-bacalar səliqəyə salınır.Nənəmin bu prosesə “ev tökdü” dediyini yaxşı xatırlayıram.Bayram öncəsi təmizlyini edərdik, üst-başımız təzələyərdik. Boz ayda bayram süfrəsinə hazrlıq edilər, nənəm qoz-fındıq ehtiyatını hələ bir ay öncədən tədarük görərdi.
Nənəmdən onu da eşitmişəm ki, bayram bizim içimizdə olmadısa yüz dənə Boz ay gəlsə də xeyir eləməz.
Odur ki, içiniz-dışınız bayram ovqatlı olsun, bayramı bayram tək yaşamaq türkün alicənablıq, kübarlıq, ərdəmlik tərbiyəsindən gələn ali bir keyfityyətdisə, bu dəyərləri itirmək bizə büsbütün haramdır.
Gələnə “Xoş gəldin!”, gedənə “Xoşca qal!” deməkdir bu alicənablıq.Bayramı ağırlayarkən özəl, uğurlayarkən gözəl davranmaqdır ərdəmlik.
Hə, yeri gəlmişkən, bunu da nənəmdən eşitmişəm. Bir də nənəmdən eşitmişəm ki, bu günlər təbiətə nə qədər xoş aura bəxş etsən, bir o o qədərini də geri alacaqsan.
Fevralın 20-isi səhər obaşdan duracaqsan, 4 gün sonra
Su çərşənbəsinə hazırlığını görəcəksən, ruhunu təzələyib, Əzəl çərşənbənin pişvazına çıxacaqsan, “İlaxırım, Boz ayım gəl!” deyibən, Novruzu cani-könüldən haylayacaqsan.Hə, dostlar, bir sınayaqmı?
Bax, elə bu saat, hamımız birgə deyək ki, “Nənəmdən belə eşitmişəm…”, sonra ardını nənələrimizin mübarək ruhları davam etdirəcək.
Bir də başlayaq və hər bir kəlməsini bütün canımızla, ruhumuzla tələffüz edək.Diləyəndə elə diləyək ki, nənələrimizi ölmüş yox, diri sanaq, diri sayaq, lap yanımızdaymış kimi.
-Nənəmdən…
-Nənəmdən belə…
-Nənəmdən belə eşitmişəm…

16 fevral 2026-cı il,
Bakı

Turan Uğur,
AYB-nin üzvü, yazıçı

TURAN UĞURUN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I