
Savadlılar savadsızdır və Savad yalnız yazı-pozu bilməkdirmi?
“Savad” sözü ərəbcə “qara yazı” (mürəkkəb rəngi) mənasından gəlir. Orta əsrlərdə “qara yazını tanımaq” ifadəsi “oxumaq-yazmaq bacarığı” kimi işlədilib. Zaman keçdikcə bu sözün mənası genişlənib “məktəbli olmaq”, “maariflənmək”, “dünyagörüşə sahib olmaq” məzmunu daşımağa başlayıb.
Müasir elmi yanaşmada isə savadlılıq 3 mərhələ ilə ölçülür:
- Funksional savadlılıq – yazmaq, oxumaq, ibtidai hesabı – riyaziyyatı başa düşmək;
- İctimai-intellektual savadlılıq – təhlil etmək, qərar vermək, ünsiyyət bacarıqları;
- Emosional və mədəni savadlılıq – estetika, davranış mədəniyyəti, empatiya və peşəkar bacarıqlar.
UNESCO-nun 2023-cü il hesabatına görə:
- Dünyada 15 yaşdan yuxarı insanların 86 %-i oxuyub-yaza bilir;
- Azərbaycanda bu göstərici 99 % olaraq göstərilir, lakin funksional və tətbiqi savadlılıq statistikası aparılmır;
- OECD ölkələrində incəsənət və idman sahəsində çalışanların 63 %-i ali diplom sahibi deyil, amma 78 %-i peşəkar sertifikat, akademiya və ya yaradıcı təhsil alıb.
Məsələnin mahiyyəti nədədir? Bizim “savadlı” dediyimiz adam oxumağı bilən, amma analiz edə bilməyən, dünyagörüşü olmayan, fərdi bacarığı zəif biri də ola bilər. Eynilə diplomu olmayan, amma yüksək intellekt, yaradıcılıq, estetik zövq və ictimai təsir gücünə malik bir rəssam, idmançı və ya aktyor “savadsız” sayıla bilməz.
Əslində, problem şəxslərdə deyil, sistemdədir. Bəli, məhz sistemdə!.. - Təhsilimizdəki qiymətləndirmə meyarları peşə seçiminə tam uyğun deyil;
- Demək olar, qabiliyyət mərkəzli məktəblər zəif fəaliyyət göstərir və ya heç göstərmir;
- Savad anlayışı hələ də kağız-kuğuzla ölçülür;
- Valideyn, müəllim, media və cəmiyyət bu stereotipi gücləndirir.
Qısası, məsələ idmançıların və ya sənət adamlarının savadsız olmasında deyil, savadlılığın ölçülmə metodunun köhnə və yanlış olmasındadır. İstedad, praktiki bilik və yaradıcılıq potensialı da savadın formalarından biridir. Məsələn, Messi, Yo-Yo Ma, Pikasso, Çarli Çaplin, Van Qoq və bir çox dünya miqyaslı sənətkarlır diplomları olmasa da, intellektual nüfuz sahibidirlər. Təəssüf ki, bizdə belə insanlar bir səhv etdikdə dərhal “təhsilsiz” damğası ilə qiymətləndirilirlər.
Düşünürəm ki, əsl islahat bu suallardan başlamalıdır: - Diplom savad göstəricisidirmi?
- Qabiliyyətə əsaslanan təhsil niyə zəifdir?
- Peşə məktəblərinin keyfiyyəti niyə aşağıdır?
- Savad yalnız yazı-pozu bilməkdirmi?
Cəmiyyətdə illərdir formalaşmış ən primitiv yanaşma belədir: “Savadlı adam odur ki, oxuyub-yaza bilir”. Bu fikir, bəlkə, 19-cu əsrin kütləvi savadsızlıq dövrü üçün doğru ola bilərdi, amma müasir dünyada bu anlayış həm məhdud, həm də köhnədir. Daha açıq desək, yazıb-oxumaq – savadlılığın ilkin, ən aşağı mərhələsidir.
Bu gün Azərbaycanda əhalinin 99 %-i oxuyub-yaza bilir. Ancaq bu hamının “savadlı” olduğu anlamına gəlmir. Əksəriyyət yazı-pozu bilir, amma: - Mətnin mənasını qavramır;
- İnformasiyanı analiz edə bilmir;
- Tənqidi düşünmür;
- Duyğu və davranış savadına malik deyil;
- Mədəni və ictimai biliklərdən xəbərsizdir.
Bu insanlar texniki olaraq “oxuyur”, amma funksional olaraq savadlı sayılmır.
Günümüzdə savad anlayışı necə dəyişib?
Müasir dünyada savadlılıq təkcə “əlifbanı tanımaq” və ya “oxuyub-yaza bilmək” kimi qəbul edilmir. Statistika və elmi yanaşmalar bu anlayışı daha geniş mənada – aşağıdakı əsas sahələr üzrə qiymətləndirir: - Rəqəmsal savadlılıq;
- Maliyyə savadlılığı;
- Hüquqi savadlılıq;
- Media və informasiya savadlılığı;
- Emosional-psixoloji savadlılıq;
- Ekoloji savadlılıq;
- Mədəni-intellektual savadlılıq.
Məsələn: - ABŞ-də 2023-cü ildə aparılan tədqiqat zamanı məlum olub ki, əhalinin 52 %-i yazıb-oxusa da, hüquqi və maliyyə savadlılığı yoxdur.
- Avropada “oxumağı bacarır” deyə qeyd olunan insanların 26 %-i mətnin mənasını başa düşmür.
- Azərbaycanda PISA nəticələrinə əsasən 15 yaşlı şagirdlərin təxminən 38 %-i oxuduğu mətndən nəticə çıxara bilmir.
Yazıb-oxuyan, amma savadsız olan nəsil necə yaranır?
Savadlılığın yanlış ölçülməsi bu cür nəticələr doğurur: diplom var, bacarıq yoxdur; telefon istifadə edir, lakin informasiya süzgəcləyə bilmir; rəqəmi yazır, amma plan qura bilmir; yazır, amma düşünmür; oxuyur, ancaq dərk etmir.
Bu səbəbdən müasir pedaqogika deyir ki, oxumaq – texniki, savadlılıq isə intellektual və sosial bacarıqdır.
Savad yalnız yazı-pozu bilməkdirmi? – Xeyr.
Savad insanın dünyanı anlaması, düşünməsi və tətbiq edə bilməsi qabiliyyətidir. Oxumaq bu yolun başlanğıcıdır, sonu yox.
Müəllif: Şəmil Sadiq
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru