Etiket arxivi: Şəmil Sadiq

Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver!

Mən səni tanımıram, varsansa, Firuzəyə bir övlad ver!

Aprelin biri Azərbaycan ədəbiyyatının özünəməxsusuluğu ilə seçilən sənətkarı, magik realizm məktəbinin yaradıcısı İsa Muğannanın dünyasını dəyişməsinin bir ili tamam olur. Ən böyük, ən yaşlı, ən müdrik, ən sehirli, ən səmimi dostumdan ayrılmaq mənə çətin olmuşdu həmin gün. Əruz elmini mənə öyrədən ustadım Zülfəli Zülfəliyev rəhmətə gedəndən sonra İsa Muğanna ilə tanışlıq həyatımın ədəbiyyatına, fəlsəfəsinə, gündəminə sehirli bir rəng qatmışdı. Bu elə bir sehirli rəng idi ki, dünyanı o rənglə boyasa idilər, gözlərimiz yalnız Ağ görərdi. Həm də Saf Ağ işığı. Elə İsa Muğannanı da mənə bir yazıçı kimi Zülfəli müəllim tanış etmiş, “İdeal” əsərini oxumamışdan öncə o danışmışdı isa Muğannanın sehirli gerçəkliyindən. Sanki onunla bir gün tanış olacağımı da bilirdi. İsa Muğannasız keçirdiyimiz bir il ərzində müxtəlif səviyyələrdə yazıçı haqqında yazılar yazıldı, müzakirələr edildi. Muğannadan danışanlar ya onu anlamayıb, sadəcə böyüklüyünü etiraf edə bildilər, anlayanlar da bu böyüklüyü ifadə edəcək söz və cümlələr tapmaqda çətinlik çəkdilər. Zənn edirəm ki, Muğanna yaradıcılığı üçün ən böyük hadisə “Türfə” romanının çapı idi ki, ona da nail ola bildik. Onunla tanış olduğum bir neçə il müddətində ən az ayda bir dəfə görüşər, dərdləşər, kefin soruşar, yanında olmağa çalışardım. Bütün bu məqamlarda isə İsa-Firuzə bötüvlüyü ilə bir yerdə olurduq. Lakin İsa Muğannanın gedişindən sonra o evə getmək mənim üçün çox çətin oldu. Düzdür, Firuzə xanım, da sanki İsa müəllimin missiaysını üzərinə götürmüşdü, o da mənimlə maraqlanırdı. Bu da o müqəddəs ocağa gedib-gəlməyimi asanlaşdırırdı. Amma hər dəfə Firuzə xanımı görməyə gedəndə sözlərin xitdəyimdə asılıb qaldığını, tıxandığını hiss edirdim. Bu müdrik Azərbaycan qadınının böyüklüyünü gördüyüm halda, onun İsa Muğanna üçün necə darıxdığının şahidi olub ona necə təsəlli edici nəsə deyərdim?! 60 ildən çox ömrü bir başa vuran bütövun yarısına necə dəstək ola bilərdim. Tək gücüm dimməz, söyləməz, hər dəfə də gözlərinin içinə baxıb yeni çap etdiyimiz kitabı verib, tez də sağollaşıb getmək olurdu vəzifəm. Əvvəlki vaxtlardakı kimi daha yeni nəşrlərə həvəslə baxmadığını, sadəcə “sağ ol, bala” deyib kitabı kənara qoymasını, sonra da əlini çənəsinə qoyub gözünün görə bilmədiyi, beyninin isə çox uzaqlara qədər baxdığı ənginliklərə zilləndiyini hiss edirdim.
İSA MUĞANNA 3
Firuzə xanım Əhməd Cavadın Şükriyyəsi, Hüseyn Cavidin Müşkünazı kimi İsa Muğannanın Muğanna olmasında sevgi ilə fədakarlıq göstərmişdir. İsa Muğannanın bəşəri mübarizəsində yanında olan bu böyük insanın Muğannaya olan sevgisini bircə kəlmə “İsa” sözünü eşidənlər daha yaxşı anlayar, məncə. 60 ildən çox bir zamanda bir evi, bir açarı, bir işığı, bir havanı, bir təbəssümü, bir kədəri bölüşən bu ailə insanlıq tarixi üçün bir örnəkdir. Çünki İsa Muğannanın Muğanna olmasında Firuzə xanımın rolu, əməyi, səyi, səbri danılmazdır. Əslində, bu saydıqlarım birtərəfli olmayıb. Firuzə xanımın son illərin ən böyük arzusu İsa Muğannadan sonra vəfat etməsi idi. Belə də oldu. Deyirdi, ay Allah, sən məni İsadan sonra apar, barı ona sona qədər də olsa, özüm qulluq edim. Bu sözləri deyəndə, bəlkə, Firuzə xanım fərqində deyildi ki, onsuz yastığa baş qoymaq, divanda tək-tənha oturub ağı qaradan çətinliklə seçən gözlərini gah bir nöqtəyə zilləmək, gah da xatirələr yağmurunda islanan gözlərini silmək dünyanın ən çətin zindanı olacaqdı ona. Firuzə xanım böyük məhəbbətini ifadə edirdi o cümlə. Atası, əri, qardaşı, oğlu kimi sevib əzizlədiyi İsaya kiminsə qulluq etməsinə razı ola bilmirdi. Amma onsuz yaşamağın bu qədər çətin olduğunu bilsəydi, bəlkə də, o, həyata keçmiş duasını geri çağırardı. Elə Muğannasını da. “Şəmil…. İsa üçün darıxıram” deyib qəhərlənmələrini görərək deyə biləyəcəyin bir tikə sözün belə tapılmaması nə qədər soyuq və qan donduran imiş, ay Allah! Muğannası haqqında xatirlərinin səs yazısını yazmağı təklif etdim, razılaşsaq da, bacarmadı. Ürək getdi, gəldi dəfələrlə. Bir gün zəng edib dedi ki, “Şəmil, bacarmayacağam”. Bu yaxınlarda arxivimə göz gəzdirəndə Firuzə xanımın “Türfə” romanının çap olunması üçün AMEA-nın Müxbir üzvü Nizami Cəfərova yazdığı bir məktubu gördüm. Oxudum və heyrətə gəldim. Çünki Firuzə xanım həyat yoldaşına nə qədər rəğbətlə və heyranlıqla inanırdı. Məhz bu olmalı idi Muğannanı böyük amillərdən biri də. Ustadın ilində təəssüflər olsun ki, Bakıda deyiləm. Amma bu məktubu oxuculara təqdim etməyin böyük faydası olacağına inanıram.

İSA MUĞANNAYA AİD QEYDLƏR

İsa nə qədər böyük yazıçıdırsa, bir o qədər də böyük insandır. Altmış illik birgə həyatımızda ondan bir kəlmə də acı söz eşitməmişəm. Atalarımız dünyalarını çox erkən dəyişdilər. Altı uşaq İsanın anası Xədicənin, altı uşaq da mənim anam İnşanın yanında qaldı. Böyük məhrumiyyətlər, dəhşətli kasıblıq içində on iki uşaq böyütdük. Təhsil verdik, evli-eşikli elədik. Uşaqlar haqqında danışmağımın səbəbi var. 1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir) Otelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – Həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan. “Türfə” əsəri də bu qəbildəndir. Bu əsərdə “axırıncı peyğəmbər”, “Muhamməd – Məhəmməd”, İslam peyğəmbəri adlandırılan, OdƏrcə rütbəsi BağHəmOd (Vahid həqiqət bağı) olan nadir insan haqqında həqiqət verilib. İsa şahiddir ki, EySar İşıq gəmisində Yer planetinin üzərində gəzib müşahidələr aparır. Tezliklə vaxt yetişəcək, EySar, BağHəmOdla və rütbəli OdƏrlərlə birlikdə Yerə enəcək. Mən o günün gələcəyinə inanıram və həyat yoldaşım İsa Muğannanın yazdığı əsərləri təqdir edirəm.

Firuzə Muğanna

03.VII.2009.

P.S. Bu məktubu yayımlamaqda çox tərəddüd keçirdim. Firuzə xanımın Nizami müəllimə şəxsi məktubu idi. Bəlkə də, Firuzə xanımdan icazə istəsə idim, “yox” deyərdi. Lakin İsa Muğannanın bəşəriyyət üçün maraqlı bir insan olduğunu bildiyim üçün böyüklərimin qarşısında bu ərki edirəm. İsa Muğanna haqqında həqiqətləri lap incəliyinə qədər bütün oxucuları bilməli, bu bütöv şəxiyyətlə dərindən tanış olmalıdırlar.
Şəmil Sadiq
2015.04.01

MƏKTUB, MƏKTUBLAR

Müəllif və mənbə: Şəmil Sadiq

filologiya üzrə fəlsəfə doktoru, dosent

Şəmil Sadiqin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TƏHSİL NİYƏ İMTAHANA XİDMƏT ETMƏLİDİR?

İmtahanlar məqsədli şəkildə çətin təşkil edilir – TƏHSİL NİYƏ İMTAHANA XİDMƏT ETMƏLİDİR?

Məktəbdə təhsil ona görə verilir ki, gənc nəsil nəsə öyrənsin, bilik əldə etsin, düşünmə bacarıqları formalaşsın, savadlı və mədəni insan kimi yetişsin.

Lakin bu gün ölkəmizdə elə bir vəziyyət yaranıb ki, sanki məktəbdə təhsil ona görə verilir ki, şagird 11 ilin sonunda Dövlət İmtahan Mərkəzinin qəbul imtahanından keçə bilsin. Başqa sözlə, biz həyati bacarıqlar qazanan, biliyi əldə edən, özümüzü ifadə edən, dünyaya faydalı olan insan yetişdirmək üçün yox, imtahan etmək üçün dərs keçirik.

Bu yanaşma nəticəsində müasir kurikulumun əsas fəlsəfəsi olan təfəkkür yönümlü, yəni bacarıq və səriştə əsaslı təhsil modeli faktiki olaraq arxa plana keçir və onun yerini yenidən informasiya yüklü, yaddaş yönümlü təhsil alır. Beləliklə, təhsilin məqsədi şagirdin intellektual inkişafı deyil, 700 ballıq qəbul yarışında nəticə göstərmək olur. Nəticədə bir məktəbin, bir müəllimin fəaliyyətinin əsas göstəricisi də məhz bu bal sistemi ilə ölçülməyə başlayır.

Kurikulum fəlsəfəsi və 700 ballıq yarış

Əslində isə institusional baxımdan funksiyalar aydındır. Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi “Təhsil haqqında” qanuna və təsdiqlənmiş kurikulum sənədlərinə əsaslanaraq ümumi təhsilin məzmununu formalaşdırmaq və məktəblərdə tədrisin həyata keçirilməsini təmin etməkdir. Dövlət İmtahan Mərkəzinin funksiyası isə ali məktəblərə və dövlət qurumlarına qəbul üçün zəruri olan akademik bilik və kompetensiyaların ölçülməsi, yəni qiymətləndirmə prosesinin təşkili, imtahan verənlərin bilik və bacarıqlarına uyğun olaraq ədalətli qəbul prosesinin təşkili olmalıdır.

Lakin müşahidə olunan odur ki, Dövlət İmtahan Mərkəzi yalnız qiymətləndirmə institutu kimi fəaliyyət göstərməklə kifayətlənmir. İmtahanlara hazırlaşan abituriyentlər üçün müxtəlif dərs vəsaitləri, test topluları, siniflər üzrə iş dəftərləri və qiymətləndirmə materialları hazırlayıb çap edir və faktiki olaraq bu sahədə təhsil siyasətinə təsir edən yeni bir təhsilverən struktur kimi çıxış edir, həmçinin nəşriyyat fəaliyyəti də həyata keçirir. Bu isə təhsil sistemində funksional sərhədlərin qarışmasına və institusional ikitirəliyin yaranmasına səbəb olur. Bu da DİM-in uzun illər qazandığı nüfuza xələl gətirir, çünki DİM öz maraqlarını güdən tərəf kimi görünməyə başlayır.

Təhsildə funksional sərhədlərin qarışması

Belə bir şəraitdə məktəbdə çalışan müəllim də kurikulumda əsas istiqamət kimi müəyyən edilən həyati bacarıqlara və kompetensiyalara yönəlmiş dərs modelindən uzaqlaşaraq daha çox qəbul imtahanında istifadə olunan ölçmə formatına uyğun dərs keçməyə məcbur qalır. Sinifdə analitik düşüncə və problem həlli bacarıqlarını inkişaf etdirən fəaliyyətlər əvəzinə test tapşırıqları yazdırmaq və imtahan modellərini məşq etdirmək prioritetə çevrilir.

Digər tərəfdən, Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər, dərsliklərdəki tapşırıqlar bu imtahan formatına tam uyğun gəlmir. Çünki qəbul imtahanlarını keçirən qurum, yəni Dövlət İmtahan Mərkəzi hər il müxtəlif metodik jurnallar, proqramlar nəşr edir və həmin sənədlərdə imtahana düşəcək mövzular və sual modelləri elan edilir. Müəllimlər də dərslikləri kənara qoyub bu prosesi izləməli olur. Bu praktika hələ 1990-cı illərdən formalaşıb və bu gün də faktiki olaraq qəbul imtahanı təhsilin istiqamətini müəyyən edən əsas faktora çevrilib. Ki bu çox yanlışdır, təhsilin istiqamətini qiymətləndirmə yox, məzmun formalaşdırmalıdır!

Burada xüsusi qeyd etmək lazımdır ki, imtahan suallarının məzmunu dərsliklərdən kənar deyil, suallarda soruşulan faktların hər biri tədris olunur, sadəcə suala yanaşma, problem həll etmə forması, analitik düşünmə, mətn təhlili və s. kimi proseslər təhsildə bir cür, imtahanda başqa cür qarşımıza çıxır.

Repetitorluğun genişlənməsinin səbəbi

Məhz buna görə də ölkədə əlavə hazırlıq sistemi, repetitorluq bu qədər geniş yayılıb. Çünki kimsə hər il DİM-in proqramlarını izləməli, hansı mövzuların əlavə edildiyini və ya çıxarıldığını bilməli, hansı tip sualların düşəcəyini təhlil etməli və bunu şagirdə öyrətməlidir. Məktəbdə çalışan müəllimin isə buna əlavə vaxt ayırmaq imkanı məhduddur. Onun onsuz da ağır tədris proqramı, qiymətləndirmə öhdəlikləri və gündəlik pedaqoji fəaliyyəti var. Bu səbəbdən müəllim əlavə sərf etdiyi vaxtı ayrıca xidmət kimi təqdim edir ki, bu gün biz buna repetitorluq deyirik. Bunun nəticəsi isə cəmiyyət üçün əlavə maliyyə yükü, şagird və valideynlər üçün isə stress və psixoloji gərginlik yaradır. Bu vəziyyət dövlət üçün də müəyyən mənada ikiqat maliyyə yükü yaradır və həmçinin dövlətin vətəndaş üçün gördüyü işlərin effektivliyinə kölgə sala bilir. Xüsusən, 10-11-ci sinif dərslikləri təəssüf ki, “hər zaman təzə kimi görünür”, yəni bu dərsliklər hazırlıq proqramının ağırlığı altında istifadədən kənar qalır. Dövlətimiz öz vətəndaşına ödənişsiz təhsil və dərslik təqdim edir, lakin sonda həmin dərsliklər qəbul imtahanına tam uyğun gəlmədiyi üçün şagird yenidən vəsait xərcləyərək Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi kitabları alır və məktəblərdən yayınıb əlavə hazırlıq kurslarına, repetitorlara müraciət edir. Bu da belə bir mənzərə yaradır ki, dövlət bir qurumunda ödənişsiz yaratdığı şəraiti digər qurumunun əli ilə ödənişli hala gətirir. Yaxşı olardı ki, DİM-in abituriyentlər üçün vəsaitləri 10-11-ci sinif dərslikləri kimi nəşr edilib hazırkı dərsliklər əvəzinə məktəblilərə ödənişsiz verilsin. Burda dövlət də qazanır, vətəndaş da!

Digər tərəfdən, universitetlərə qəbul imtahanlarının yüksək çətinlik səviyyəsi bəzən belə bir təsəvvür yaradır ki, guya məktəblərdə verilən təhsil yetərli deyil. Buna görə də universitetlərə qəbul balı aşağı salınır və nəticədə 2-dən də aşağı qiymət səviyyəsinə uyğun nəticə göstərən şagirdlər (150 bal toplayanlar) universitetə qəbul edilir. Bu isə vətəndaşlarda təhsil sisteminin ümumi məntiqi ilə bağlı suallar doğurur və dövlətin səmimi niyyətinə kölgə salmış olur.

Təhsil sistemi gənclər üçünmü, imtahan üçünmü?

Əgər məqsəd yalnız obyektiv seçimdirsə, o zaman haqlı olaraq belə suallar yaranır: niyə hər il yeni sual modelləri elan olunur? Niyə qəbul proqramlarında tez-tez dəyişikliklər edilir və yeni jurnallar dərc olunur? Niyə qiymətləndirmə materiallarının nəşri qapalı bir institutun inhisarında olur? Dünyada belə bir praktikanın geniş yayılmış nümunəsini tapmaq çətindir ki, bu qədər önəmli funksiyanı həyata keçirən dövlət qurumu eyni zamanda bu sahənin nəşr biznesi ilə məşğul olsun. Bilmirəm, bəlkə də bu DİM-in publik hüquqi şəxs olmasından irəli gəlir, amma hər bir halda, yanlışdır. DİM üçün lazımi büdcə ayrılmalı, orada çalışan müəllimlər belə cəmiyyətlə bu qədər təmasda olmamalı, maraqlı tərəfə çevrilməməlidir.

Bu nəşrlər sistemi elə bir vəziyyət yaradıb ki, bir şagird ötən il istifadə etdiyi qəbul vəsaitlərini növbəti ilin məzunu olan bacı və ya qardaşına ötürə bilmir. Çünki hər il dəyişiklik edilir və “təkmilləşdirilmiş nəşr” adı ilə yeni kitablar çap olunur, valideyn də bunu almaq məcburiyyətində olur. Bütün bunlar isə bəzən qəbul imtahanının sanki təhsil sisteminin yeganə xilaskarı olduğu kimi təqdim edilməsinə gətirib çıxarır. Guya bu sistem olmasa, təhsil sistemi çökər, rüşvət və korrupsiya artar. Halbuki bu gün artıq 1990-cı illərin reallığında yaşamırıq. O dövr üçün bu model müəyyən mənada effektiv idi. Bu gün isə daha balanslı və təhsilin məntiqinə uyğun yeni modellər üzərində düşünməyə ehtiyac var.

Məncə, məktəbə bir qədər nəfəs almaq imkanı verilməlidir. Təhsil sistemi sadə, anlaşılan və funksional olmalıdır. Hazırkı model o qədər mürəkkəbləşib ki, bəzən onu izah etmək üçün belə əlavə izaha ehtiyac yaranır. Hətta bəzən belə bir təsəvvür yaranır ki, təhsil sistemində “izahsız variantı” Elm və Təhsil Nazirliyi, “izahlı variantı” isə Dövlət İmtahan Mərkəzi təqdim edir. Filmdə deyildiyi kimi, izahsız iki manat, izahlı üç manat… Ən əsası isə bu sistemin əsas subyekti olan gəncləri düşünmək lazımdır. Onlar bu ölkənin gələcəyidir. Qəbul imtahanı ilə biz fövqəladə istedadlı “vunderkindlər” seçmirik. Biz sadəcə müəyyən peşələri öyrənmək istəyən gəncləri seçirik ki, onlar universitetdə oxusun, peşə qazansın və gələcəkdə həkim, müəllim, mühəndis kimi cəmiyyətə xidmət etsinlər. Bu gün isə bəzən elə bir vəziyyət yaranıb ki, tibb fakültəsinə hazırlaşan bir şagird kəllə sümüklərinin sayını travmatoloqdan daha dəqiq bilir, Azərbaycan dili üzrə hazırlaşan şagird isə bəzi hallarda qrammatik detalları müəllimdən daha dərindən əzbərləyir. Bu isə real bilik deyil, imtahan yönümlü memorativ öyrənmənin nəticəsidir. Elə son buraxılış imtahandan sonra gənclərin narazılığı da müəyyən mənada bununla bağlıdır. Həyatın sürəti artır, insanlar daha rahat və stresssiz yaşamağa ehtiyac duyur. Bunun üzərinə təhsilin də əlavə stress mənbəyinə çevrilməsi həm şagirdləri, həm də valideynləri yorur.

Əslində isə məsələnin həlli o qədər də mürəkkəb deyil

Əgər bir şagird oxuyub-anlama bacarığına malikdirsə, məntiqi düşünə bilir və əsas akademik bilikləri ibtidai səviyyədə mənimsəyibsə, o zaman çox mürəkkəb və ağır imtahan mexanizminə ehtiyac qalmadan da şagirdləri fərqləndirib universitetlərə qəbul etmək mümkündür.

Məsələn, sualları sadələşdirib sistemi 3–5 il sabit saxlasaq və keçid balı 150 deyil, 300–400 olsa, nə dəyişər? Otuz ildir ki, bu sahədə çalışıram, abituriyentlər üçün ən çox oxunan kitabların müəlliflərindən biriyəm. Çox yaxşı bilirəm ki, istənilən sualı elə hazırlamaq olar ki, ən güclü şagird belə 3–5 sualı yaza bilməsin və ya əksəriyyət 50 faizdən yuxarı nəticə göstərsin. Kitabı qaza-qaza ən xırda detala qədər mübahisəli suallar hazırlamaqla biz gənclərin real potensialını ortaya çıxara bilmərik.

Müəllif və mənbə: Şəmil Sadiq

filologiya üzrə fəlsəfə doktoru, dosent

Şəmil Sadiqin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ANAİB sədri, dosent Şəmil Sadiqin İstanbul TÜYAP kitab sərgisində “Azərbaycan ədəbiyyatında ümumtürk ədəbi dili” mövzusunda çıxışının mətni

ANAİB sədri, dosent Şəmil Sadiq Mədəniyyət Nazirliyinin dəvəti ilə İstanbul TÜYAP kitab sərgisində “Azərbaycan ədəbiyyatında ümumtürk ədəbi dili” mövzusunda çıxışının mətnini sizinlə paylaşırıq:

Hörmətli həmkarlar, dəyərli alimlər və əziz qonaqlar,
Sizi Azərbaycan adından salamlayıram. Türk dünyasının mədəni, ədəbi və elmi əməkdaşlığının getdikcə gücləndiyi bir dövrdə belə bir tədbirdə çıxış etmək mənim üçün xüsusi şərəfdir.
Son illər Türk Dövlətləri Təşkilatının yaranması, Türk Akademiyasının fəaliyyəti, ortaq tarix, ədəbiyyat və coğrafiya dərsliklərinin hazırlanması, Ortaq Türk əlifbası və Turan bayrağı kimi təşəbbüslər ümumtürk dil birliyi məsələsini yenidən gündəmə gətirir. Azərbaycan 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə yaxınlaşarkən, bu ideyanın yenidən canlanması təsadüfi deyil. Türk xalqlarının bir-birini vasitəçi dil olmadan anlaya bilməsi bu gün təkcə romantik arzu deyil, real inteqrasiya tələbatıdır.
Tarixə nəzər salsaq görərik ki, XIX əsrin sonundan etibarən İsmayıl bəy Qaspıralı “Dildə, fikirdə, işdə birlik” şüarı ilə bu yolun əsasını qoydu. Lakin ideyanın kökləri daha qədimdir. XI əsrdə Mahmud Kaşğarlı “Divanü lüğət-it-türk”ü hazırlamaqla müxtəlif dialektlərə bölünən türk dillərinin vahid dil altında birləşməsi fikrinin ilk böyük elmi nümunəsini yaratdı.
Bu gün “Ortaq türk dili” ifadəsi daha çox işlədilsə də, məncə, elm üçün daha dəqiq termin “Ümumtürk ədəbi dili”dir. Çünki burada söhbət yalnız gündəlik ünsiyyətdən deyil, yazılı ənənəyə, ədəbi-estetik zövqə və dilin formalaşmış strukturuna söykənən bir anlayışdan gedir. Türkoloqlar arasında da bu termin getdikcə daha geniş qəbul olunur.
Azərbaycan tarixən Türk dünyasının ortasında yerləşən bir mədəniyyət mərkəzi kimi həmişə bu ideyanın önündə gedib. Bu, millətçilikdən çox, tarixi missiyanın fərqinə varmaqdır. Azərbaycan aydınları – dövlət başçıları, ədiblər, maarifçilər – Turan fikrini daim yaşadıb və sözlə yanaşı, əməli addımlar atıblar.
XIX əsrdə Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə ortaq əlifbaya keçid ideyasını gündəmə gətirmiş, Osmanlı sarayına konkret layihələr təqdim etmişdilər. Əli bəy Hüseynzadə ədəbi dilin millətin varlığı üçün şərt olduğunu vurğulayaraq, Qaspıralı kimi Osmanlı türkcəsini ümumi ədəbi dil kimi görürdü.

Məhəmməd Hadi 1906-cı ilin 20 yanvar sayında dərc etdirdiyi məqaləsində bu mövqeyi açıq şəkildə müdafiə etmişdi: Başqalarını bilmirəm, zənnimə qalırsa, özgə işvə arayanlar yorulub peşman olacaqlar. Mübahisəsiz, münaqişəsiz Osmanlı dilini qəbul edəlim.

Əli Bəy Hüsneynzadə “Hali-Vətən” ilk dəfə 1904-cü ildə A.Turani imzası ilə Misirdə çıxan “Türk” qəzetinin 24 noyabr tarixli 56-cı sayında çap edilir:
Hali-Vətən

Ucundadır dilimin
həqiqətin böyüyü;
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi!

Bilirmisən cühəla
Nə etdilər vətənə?
Nə qoydular uyuya,
Nə qoydular oyana!..

Durur bilahərəkət,
Rəvamı bir diriyə?
Nə getmədə irəli,
Nə dönmədə geriyə!..

Ədu qırar qapıyı,
Biz evdə bixəbəriz,
Nə başqa başqalarız,
Nə ittihad edəriz!..

Ayıltmadı qələmim
Şu türk ilə əcəmi,
Nə qoydular yazayım,
Nə qırdılar qələmi!..
1904, Bakı

XX əsrin əvvəllərində Məhəmməd Hadi və Hüseyn Cavid kimi sənətkarlar isə bu ideyanı təkcə nəzəri olaraq müdafiə etməmiş, əsərlərində faktiki olaraq tətbiq etmişlər. Mustafa Haqqı Türkəqulun Cavid dilini araşdırarkən dediyi kimi, Cavid İstanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında canlı körpü yaratmış, türklərin müxtəlif bölgələrində oxuna bilən, dadlı, işlək bir ədəbi türkcə meydana çıxarmışdır.
Hüseyn Cavidin anlamında ideal anlayışı Türkün birliyidir. Onun Türk birliyinə səsləyən, 1917-ci ildə yazdığı “Hərb və fəlakət” şeiri bir manifesti xatırladır. Bu şeirində mütəfəkkir millətinə:
Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!
Yatma artıq, yetər… Dəyişdi zaman.
Şaşırıb, durma böylə… Bir aydın
İdeal arxasınca qoş, çırpın!
Səni qurtarsa, qurtarar Birlik,
Çünki birlikdədir, fəqət Dirilik” –
Hörmətli tədqiqatçı alim Aydın Qasımlı qeyd edir ki, Hüseyn Cavidin “Türk Birliyi” ideyasının əsasını Türklərin dil və din birliyi təşkil edirdi. “Türk Birliyi” ideyasını mənsub olduğu millətin şüuraltına yerləşdirməyə çalışan Cavid də digər Türkçülər kimi Türklərin dil birliyini Turanın yaranmasının başlıca amili hesab edirdi. Bu anlamda Hüseyn Cavidi “Turan ədəbi dili”nin banilərindən saymaq olar.

“Bəli, Mütəfəkkirin əsərlərinin əksəriyyətində hadisələr Türk -Turan dünyasında cərəyan edir. Onun qəhrəmanları da tarixdən seçilmiş Türk oğul və qızlarıdır. Əfrasiyab, Səyavuş, Atilla, Alp Arslan, Məlikşah, Çingizxan, Teymur, İldırım Bəyazid, Elxan, Orxan, Ərtoğrul, Yavuz, İlcan, Özdəmir, Xandəmir, Sabutay, Qaratay, Oqtay, Ağbuğa, Dəmirqaya, Qaraquş, Qaplan, Qorxmaz, Alagöz, Altunsaç, Almas və s. birər Türkdürlər.”

Turanın böyük bir hissəsinin coğrafi xəritəsini Azərbaycan və Türkiyə Türklərinə anlatmağa çalışmışdır, bu şeirin həm dilinə, həm də mövzusuna, ideyasına diqqət etsək, bunun bir daha şahidi olarıq:

“Bir millətin tarixidir kökü, yurdu, yuvası,
Tariximiz baş ucundan hərgiz əskik olmasın.
Altay dağı, Makan çölü, həm də Yasın ovası,
Birər aydın səhifədir, hər Türk gərək anlasın.
Südü təmiz, əsil oğlu bilməzmi ki, əcdadı,
Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər?
Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuk qurur, çiçək açmaz, bar verməz.
Bakın, görün, tariximiz sizə nələr göstərir,
Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.
…Əvət arslan yavrularım, Türk Eli həp şanlıdır,
Almas gibi ləkəsizdir, sakın, qafil olmayın”!
Beləliklə, bizim ədəbiyyat tariximizdə Ümumtürk ədəbi dilinin konturları artıq XX əsrin əvvəllərində formalaşmağa başlamışdı. Bu yalnız ideoloji mövqe deyildi – Cavidin, Əli bəyin, Hadinin yaradıcılığı bunu ədəbi təcrübə səviyyəsinə yüksəltmişdi.
Müasir dövrə keçsək görərik ki, bu xətt davam edir. Məncə, Ümumtürk ədəbi dilinin formalaşması prosesi bu gün də davam edir və ən maraqlısı odur ki, artıq bu ideya təkcə ədiblər tərəfindən deyil, dövlət başçıları tərəfindən də daşıyıcı səviyyədə ifadə olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi ərəfəsində və müharibə dövründə müxtəlif ölkələrin media nümayəndələrinə verdiyi müsahibələr bunu aydın göstərir. Türk televiziya kanallarına verdiyi canlı müsahibələrdə Prezidentin Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsini ustalıqla uzlaşdırması, sözlərin seçimi və ifadə tərzi onun nitqində artıq orta ünsiyyət modelinin formalaşdığını nümayiş etdirirdi. Bu, sadəcə fonetik yaxınlaşma deyildi, düşüncə tərzində və ifadənin strukturunda özünü göstərirdi.
3 oktyabr 2020, İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibə

  1. Azərbaycan ordusu uğurlu əməliyyat keçirərək bir kaç şəhər və köyümüzü işğaldan azad etmişdir.
  2. Ermənistanın bu xain saldırısının səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər.
  3. 200-dən çox tank imha edildi, 2 S-300 hava hücumuna qarşı qurğu imha edildi.
  4. Əziz qardaşım R.T.Ərdoğanın açıqlamaları, digər üstdüzey yetkililərinin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi.
  5. İndi basında kim yazırsa, yazsın. O bizi ilgiləndirməz.

Bir əsr əvvəl Əli bəy Hüseynzadənin, İsmayıl bəy Qaspıralının, Hüseyn Cavidin arzuladığı o dil birliyi bu gün siyasi səviyyədə, kommunikasiya müstəvisində real təzahür edir. Bu həm tarixə bağlılıq, həm də gələcəyə açılan yoldur.
Əminəm ki, Türk dövlətləri arasında artan siyasi, iqtisadi və mədəni yaxınlaşma ilə Ümumtürk ədəbi dili daha da sürətli inkişaf edəcək. Əgər bir zamanlar bu ideya aydınların arzusu idisə, bu gün artıq xalqın və dövlətlərin real ehtiyacına çevrilib.
Sonda demək istəyirəm: bizim ədəbiyyat tariximiz bu birliyə doğru yüz illərdir addımlayır. Bu addımlar indi daha sürətlidir, daha məqsədyönlüdür. Ədəbi dil birliyi – təkcə dilin birliyi demək deyil, mədəniyyətin, yaddaşın və gələcək baxışının birliyidir.
Diqqətinizə görə təşəkkür edirəm. Tədbirdən fotolar:

Qeyd: Tədbirdə Azərbaycan qələm adamları adından Səlim Babullaoğlu, Seyfəddin Hüseynli və digərləri də iştirak ediblər.

Mənbə: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Həmin gün biz qovurmalıq edirdik

BAYRAĞINIZI GƏTİRİN!

Həmin gün biz qovurmalıq edirdik. Bizim
kənddə qovurmalıq xüsusi mərasimdir. Camaat buna avqust ayından etibarən cani-dildən hazırlaşır. Kimi bir quzu, kimi iki quzu, kimi üç quzu, kimi də bir dana bəsləyir ki, oktyabr-noyabr aylarında kəsib qış üçün qovurmalığını hazırlasın.
Adətən, nənəm, əmilərim bizə gələrdilər. Əvvəlcə kəsilmiş qoçun içalatını cız-bız edib, elə həyətdəcə yeyərdik. Həmişə, əmim bu işi öz üzərinə götürərdi; erkəkləri kəsər, soyar, elə isti-isti böyrək yağı ilə erkəyin ürəyini, dalağını, böyrəklərini, ciyərini qızardardı. Əti doğrayandan sonra isə iş qadınlara düşərdi. Onlar əti qazana tökər, pörtlədər, böyük süzgəclərə yığıb suyunu o ki var süzər, qalanmış ocaqda yaxşıca qovurardılar. Ən yaxşı qovurmalıq heyvanın öz yağında bişirilmiş ət hesab edilərdi.
Kəsilmiş heyvan dana olanda isə əvvəlcədən alınmış qoyun quyruğu əridilər, ət onda basdırılardı. Bu işi də nənəmdən başqa heç kim edə bilməzdi. Ata nənəmi deyirəm…
Gəlinlər nə qədər oturuşmuş olsalar da, bü-
tün ailənin ətini nənəm qovurardı. Əgər ağbirçək nənəm bu işi görməsəydi, demək, ailədə nəsə problem vardı. Amma bu da mümkün olan iş deyildi. Çünki nənəm bu gəlindən küsüb o biri oğlugilə getsəydi də, hökmən qovurmalıq günü gedib könlünü alar, evə gəlməsi üçün razı salardılar.
Ərinmiş quyruqdan çıxan cızlıqdan isə heç
xoşum gəlməzdi. “Cızlıq” quyruğun kiçik ti-
kələrinin əriyəndən sonra qalan hissəsinə deyilir.
Mənim ən çox xoşuma gələn şey isə “cığatar” idi. Pörtlənmiş ətin suyundan hazırlanan bu yeməyə
quru lavaş doğrayıb, sonra da yumşaq lavaşla onu yemək bir başqa dad idi.
Pörtlənmiş ətin suyuna bir iki tikə ət-qəylə salıb qonşulara paylayardıq. Adətən, bütün qonşularımız belə edərdi. Bu o demək idi ki, “bizdə bişər, qonşuya da düşər”.
Bütün qonşular bu cür mərasimlərdə öz ne-
mətlərini bir-birilə paylaşardılar. Sanki belə olduqda hamı bir-birinin vəziyyətindən də xəbərdar olardı. Məsələn, əgər bu il İban əmigil qovurmalıq etmədisə,atam onlara göndərilən qəylənin bir az artıq olmasını istəyərdi. Hə, qəylələri həm
də qonşu ailənin uşaqlarının sayına görə qoyardılar.
– Ay qız, ordan çölməyi gətir, cığatarları bö-
lüm, – deyə nənəm anamı səslərdi.
Uşaqlıqdan bir xasiyyətim vardı. Yemək biş-
məmişdən bir tikə ət, ya da kartofu çölməkdən
götürəndə, elə bilirdim, dünyanın ən dadlı yeməyini yeyirəm. Elə ona görə də göz-gözə vurub
nənəmin pörtlətdiyi qəylələrdən birini oğurladım. Amma nənəm də nənə idi haaa. Necə görürdüsə, qovurma ağacı ilə yanımdan elə vururdu ki, gizlincə götürdüyüm qəyləm yerə düşürdü. Əslində, birini götürəndə söz deməzdi, am-
ma ikinci tikə olanda yaman hirslənərdi. Hələ
bir-iki qəşəng yağlı söyüş də dalımca söyərdi.
İndi də ətimi birtəhər içəri ötürüb Pıllı əmi-
gilə gedəcək çölməyi götürüb aradan çıxdım.
Naxçıvanda kiçik qazana çölmək deyilir.

Pıllı əmigil qapı qonşumuz olmasa da, ya-
xın qonşu hesab edilirdi. Anamla Afət xala çox yaxşı yola gedirdilər. Bəlkə də, əsas məsələ ikisinin dəsadəliyi idi. Bu onları bir-birinə yaxınlaşdırırdı. İndi də yadıma gəlir ki, Afətxalaheç vaxt
heç kimlə dilləşməz, sözləşməzdi. Nə su üstündə, nə təndirdə əppək yapanda, nə də uşaq üstündə. Ona görə də ailəmizin ən yaxın qonşusu hesab edilir, bayramda həmişə ilk olaraq onlara görüşə gedilir, onların payı aparılırdı.
Dəmir qapını çiynimlə birtəhər açıb, içəri
girdim. Bizim kəndin özünəməxsus xüsusiyyətlərindən biri də qapıların heç vaxt bağlı olmaması idi. Düzdür, sonralar ölkəmizin digər kəndlərini gəzəndə gördüm ki, bəzi yerlərdə heç bizimki kimi hasarlar da yoxdur. Nəinki qapı, qıfıl ola. Bunun da səbəbini özümə izah etmişəm.
Adətən, təbiəti zəngin olan dağ kəndlərində
hərənin az qala bir hektar həyəti var idi. Onları da hasarlamaq mümkün deyildi. Amma bizdə yaşıllıq olmadığından, camaat, sanki Naxçıvanın sərt soyuğundan qorunmaq üçün bir-birinə sıx
yaşayır, palçıq kərpicdən adam boyunda divarlar hörərdilər.
Həmin gün çölməyi Afət xalaya verib çıxır-
dım ki, oğlu Rahil içəri girdi. Ardınca da Pıllı əmi başılovlu gəlib:
– Ay qız, ordan motosikletin açarın ver gö-
rüm. Qurumsaqlar deyəsən, yenə qudurublar.
Bunların beytərini…
– Gəl, min motosikletə. Bunlar, deyəsən,
bilmirlər kimə ilişirlər. Günah səndədir axı, onlara maşın saxlayırsan. Dəqiq danış görüm, necə oldu? – deyə Rahildən soruşdu.
Rahil üçtəkərli motosikletin tərkinə minə-
minə dedi:
– Heç nə, ata, mən şəhərdən gəlirdim. Yol
polisi əl etdi, saxladım. Sənədlərimi istədi, verdim. Baxandan sonradedi ki, sənin etibarnamən Bakıda verilib. Sonra da məni maşından endirib, maşını da, sənədləri də götürüb getdilər. Dedilər ki, gələrsən idarəyə.
Pıllı əmi əsəbi şəkildə motosikletin “pedal”ına
bir təpik vurdu və tır-tır səsi aləmi başına götürdü.
– Sən də min, qapınızda düşərsən, – dedi
mənə.
Tələsik “kalyaska”da oturdum. Qapımızda
isə nə o saxladı, nə də mən səsimi çıxara bildim.
Çünki bütün uşaqlar kimi maşına minmək və
uzağa getmək mənim də xoşuma gəlirdi.
Birbaşa şəhər polis idarəsinə yollandıq. Pıllı
əmi idarəyə çatar-çatmaz düşüb, onun qabağını kəsərək: “Nə lazımdır, yoldaş?”, – deyən polisi itələdi. “Rəisiniz lazımdır”, – dedi.
– Rəisi neynirsən?
– Rəisinizin bayrağına baxacam.
– Başa düşmədim, necə yəni rəisimizin bay-
rağına baxacaqsan?
– Sənə nə var, əəəəə, küçük, mən rəisinizin
bayrağına baxacam, ondan sonra deyəcəm nə edirəm.
Pıllı əmi bunu deyib iri addımlarla idarəyə
girməyə çalışdı. Bu dəm bir neçə polis də səsə çıxdı.
– Ay yoldaş, bura bazar deyil. Bir durun gö-
rək, nə məsələdir?
Pıllı əmi isə elə tutmuşdu ki,“rəisinizin bay-
rağına baxacağam”.
Polislər isə vəzifələrini yerinə yetirərək Pıllı
əmini içəri buraxmır, sorğu-sual edirdilər. Beləcə, aləm dəydi bir-birinə. Bizim kəndlilərdən olan bir polis Pıllı əmini tanıdığından yaxınlaşıb: “Ay Pıllı, belə olmaz axı, yenə içmisən? Sakit-sakit de
görək, nə istəyirsən?”– dedi.
– Əşşi, sənə nə var? Mən sənin rəisinin bay-
rağını görməliyəm. Sözümü sonra deyəcəm, –deyə Pıllı əmi cavab verdi.
Bu arada kimsə rəisə baş verənlər haqda xəbər verdi. Rəis də Pıllı əmini tanıdığı üçün “buraxın gəlsin”, – dedi. Biz də sakit-sakit onun arxasınca getdik. Nə baş verəcəyini gözləyirdik. Polislərlə belə danışdığına görə, Pıllı əmi mənim qəhrəmanıma çevrilmişdi. Axı uşaqlıqdan bizi həmişə polislərlə qorxudurdular. “Polis gəlib atanı tutacaq” ifadəsi, sanki 37-ci illərin yükünü daşıyırdı. Elə bilirdik ki, istənilən halda polis səni
tutub apara və həbsxanaya sala bilər. Bu sovet idarəçilik sisteminin bizə verdiyi tərbiyənin nəticəsi idi.
Azərbaycan müstəqil olandan, demokratiya
yaranandan sonra öyrəndik ki, sən demə, polis təkcə kimisə həbsxanaya salmaq üçün deyilmiş. Həm də hüquqlarımızı qoruyan bir orqan imiş.
Pıllı əmi rəisin otağına girən kimi: “Sənin
bayrağının rəngi necədir?” – deyə qışqırdı.
Polis rəisi də təmkinli şəkildə: “Ay Pıllı, bu
nə sözdü? Bəyəm sən bizim bayrağımızın rəngini bilmirsən? Bax, budur, başımın üstündə:
göy, qırmızı, yaşıl. İstəyirsən, mənalarını da izah edim”, – dedi.
Pıllı əmi gülümsündü, sakitləşdi, sanki da-
marlarına birbaşa iynə vurmuşdular. Təmkinlə dedi:
– Mən də elə bildim ki, Naxçıvanda Azər-
baycan bayrağından imtina ediblər. Bə mənə de görüm, sənin o qurumsaqların niyə uşağın maşınını əlindən alıblar? Bəyəm Azərbaycanın bir bayrağı, bir gerbi, bir prezidenti yoxdur? Nə vaxtdan Bakı ilə Naxçıvanı ayırıblar? Orda verilən sənəd burda keçmirsə, demək ki, bura ayrı
dövlətdi, hııı? Onu çağır bura, “paqon”ların sökəcəm …
Rəis nəyin baş verdiyini təqribi bilsə də, özü-
nü bilməmiş kimi apardı. Maşının nömrəsini soruşub, onu saxlayan polis çavuşunu yanına çağırdı. İçəri girən kimi Pıllı əmi oğlundan soruşdu ki, “bu idi?” Rahilin “hə” deməyi ilə Pıllı əminin çavuşun yaxasından yapışması bir oldu. Yenə aləm bir-birinə dəydi.
Pıllı əmini tuturdun, tutulmurdu. “Sən qu-
durmusan ki, Naxçıvanı Azərbaycandan ayı-
rırsan? Sədr bunu bilsə, bilirsən sənə nə edərlər, ay ovrəş”, – deyib, bar-bar bağırırdı.
Pıllı əmini iki polis birtəhər sakitləşdirib, ça-
vuşu çölə çıxardılar.
Maşını da, sənədləri də Pıllı əmiyə qaytardılar. Və dedilər ki, heç olmasa, orda alınan etibarnaməni burada qeydiyyata saldırsın.
Biz kəndə gələndə qovurma mərasimi hələ
də davam edirdi. Pıllı əmi bizə gəldi. Həmin gün atamla yaxşıca içdilər də. Sonra içdikləri araq qədəhlərini boşaldıb, zərləri onunla ataraq nərd oynadılar. İkisi də cığal olduğu üçün həmişə belə edərdilər. Pıllı əmi etdiklərini həvəslə danışdı.
Hərdən də məni şahid göstərdi. Mən isə birinin üstünə beşini qoyub, bir polisi beş, beş polisi on edərək bu qəhrəmanlıqdan, onun polislərə necə dərs verməsindən danışdım. O gündən hamının
demaqoq kimi tanıdığı Pıllı əmi mənim üçün
haqqını tələb edən insan simvoluna çevrildi.
(2010. “Arvadsız kişi”. Hekayələr kitabından.
P.S. Şəkildə gördüyünüz əsərin qəhrəmanı Pullu əmidir.

Müəllif və mənbə: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub

Dekabrın 5-də Bakıda “Turan Balabilgə Akademiyası”nın təsis iclası keçirilib. Birinci Türkoloji qurultayın 100 illiyi ərəfəsində keçirilən tədbirdə Türk dövlətlərindən görkəmli ziyalılar, elm və ictimaiyyət nümayəndələri, deputatlar və digər fəxri qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları şagirdlərin hazırladığı bədii proqramla qarşılandıqdan sonra Hədəf Liseyində “Turan çadırı”nın açılışını ediblər.

Ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Moldovadan olan nümayəndələrin də qatıldığı təsis yığıncağının iştirakçılarını səmimi salamlayan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq bildirib ki, mühüm tarixi missiyanı yerinə yetirən Türk Dövlətləri Təşkilatı ortaq tarixi və etnik kökləri, müştərək milli-mənəvi dəyərləri birləşdirir və yaşadır. Prezident İlham Əliyevin liderliyində Azərbaycan təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasında mühüm rol oynayır, Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji, nəqliyyat, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinə öz dəyərli töhfələrini verir. İctimai təşkilatlar, elm-təhsil, mədəniyyət ocaqları da ortaq tarixi və etnik köklərə söykənən qardaşlıq əlaqələrinin möhkəmlənməsində yaxından iştirak edirlər.

Natiq vurğulayıb ki, 2025-ci il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində yerləşən Turan Universitetində təsis edilən “Turan Akademiyası” da bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Akademiyanın ilk toplantısında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” tezisi əsas götürülərək təşəbbüsümüzlə Bakı Hədəf Liseyində “Turan Balabilgə Akademiyası”nın yaradılması qərara alınıb. Qısa zaman ərzində təşkilati işlər başa çatdırılaraq təsis yığıncağına ciddi hazırlıq görülüb.

Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, türkoloq alim Firudin Cəlilov çıxış edərək “Turan Balabilgə Akademiyasının” fəaliyyətinə uğurlar arzulayıb, türk tarixi və mədəniyyəti ilə bağlı müəllifi olduqları kitabları Hədəf liseyinə hədiyyə ediblər.

Milli Məclisin deputatı Cavanşir Feyziyev, şair Rüstəm Behrudi, Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi Mahmud Oral, Turan Universiteti rektorunun köməkçisi Gülzhanat Tayauva, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun direktoru Hikmət Quliyev, Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Fariz Yunisli və digərləri çıxış edərək bildiriblər ki, Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar davamlı xarakter daşıyır. “Turan Balabilgə Akademiyası”nın yaradılması da ortaq Türk mədəniyyəti, tarixi, dil və elmi ənənələrinin araşdırılması və təbliği, Türkdilli ölkələrdə və icmalarda elm, təhsil və innovasiyaların inkişafına yönəlmiş tədbirlərin keçirilməsi, Türk xalqları məktəbliləri arasında əməkdaşlıq və akademik-mədəni əlaqələrə töhfə vermək baxımından əhəmiyyətlidir. Akademiyada ideyası milli kimliyə və müdrikliyə əsaslanan, həm texnoloji, həm də mənəvi dəyərlərlə zəngin, gələcəyə fikirlə yön verən türk gənci modeli yaradılmalıdır. Bu gənclər həm tarixini bilən, həm gələcəyi quran, həm də bəşəri elmə inteqrasiya olunmağı bacaran nəsil olmalıdır.

İclasda Şəmil Sadiq “Turan Balabilgə Akademiyasının prezidenti, Mirkan Aydın vitse-prezidenti, Elvin Əliyev isə katibi seçiliblər.

Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib. Bildirilib ki, akademiya fəaliyyətini könüllülük, bərabərlik, özünüidarəetmə, akademik azadlıq, mədəni ənənələrə hörmət və Azərbaycan respublikası qanunvericiliyinə riayət prinsipləri əsasında, “Turan Balabilgə Akademiyası”nın nizamnaməsinə uyğun şəkildə həyata keçirir. Hüquqi şəxs statusuna malik olmayan akademiyanın fəaliyyətinə dair təşkilati və metodiki dəstəyi Bakı Hədəf Liseyi təmin edir.

Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.

TÜRKSOY-un baş katibi Sultan Raev, Turan Universitetinin rektoru və Turan akademiyasının prezidenti Rahman Alşanov və tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Naxçıvanın təbii daş duzundan hazırlanmış, üzərində Orxon-Yenisey əlifbası həkk edilmiş Turan Balabilgə Akademiyasının ilk mükafatına – “Turan bilgəsi” nominasiyasına layiq görülüblər. Digər qonaqlara da xatirə hədiyyələri, Türk tarixi və Türk birliyindən bəhs edən kitablar verilib, xatirə fotosu çəkdirilib, Sumqayıt kitab sərgisi ilə tanışlıq olub.

Təsis yığıncağının iştirakçıları səfər proqramı çərçivəsində Bakı şəhərinin tarixi məkanlarında olub, Şəhidlər xiyabanını və Zəfər muzeyini ziyarət ediblər.

Turan Balabilgə Akademiyasının fəxri üzvləri

  1. Rahman Alşanov – Turan Universitetinin rektoru, Turan Akademiyasının rektoru (Qazaxıstan)
  2. Mahmut Oral – Türk Xalqları Toplantısının rəhbəri, Turan Akademiyası rektorunun köməkçisi (Türkiyə)
  3. Gülcanat Tayauova – Turan Universiteti rektorunun köməkçisi (Qazaxıstan)
  4. Sultan Raev – TÜRKSOY-un Baş katibi
  5. Mahirə Hüseynova – ADPU prorektoru (Azərbaycan)
  6. Nizami Cəfərov – Atatürk Mərkəzinin direktoru (Azərbaycan)
  7. Cavanşir Feyziyev – Millət vəkili (Azərbaycan)
  8. Fazil Mustafa – Millət vəkili (Azərbaycan)
  9. Rasul Ahmetov – Qazaxıstan Xalqları Assambleyası direktorunun köməkçisi (Qazaxıstan)
  10. Almaz Toktomamatov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutunun baş direktoru (Qırğızıstan)
  11. Tufan Gündüz – Qazi Universiteti (Türkiyə)
  12. İlbər Ortaylı – Tarixçi, professor, Türk Tarix Qurumunun fəxri üzvü (Türkiyə)
  13. Nazim Muradov – Lefke Avropa Universiteti (ŞKTC)
  14. Aktokı Raimkulova – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti (Qazaxıstan)
  15. İlham Əliyev – Akdeniz Universiteti (Türkiyə)
  16. Rüstəm Behrudi – Şair (Azərbaycan)
  17. Yunus Oğuz – “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazar (Azərbaycan)

Turan Balabilgə Akademiyasının qurucu üzvləri

  1. Şəmil Sadiq – Hədəf Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan)
  2. Mirkan Aydın – Nesibe Aydın Okulları direktoru (Türkiyə)
  3. Elvin Əliyev – Hədəf Şirkətlər Qrupunun qurucu direktorunun müavini (Azərbaycan)
  4. Gökhan Yazgan – Atatürk Liseyi, Turan Yazgan Vəqfi (Türkiyə)
  5. Juliboy Eltazarov – Orta Asiya Dilləri və Mədəniyyətləri İnstitutunun rektoru (Özbəkistan)
  6. Elçin İbrahimov – Qarabağ Universiteti Elmi Bölmə rəhbəri (Azərbaycan)
  7. Əkbər Qoşalı (Yolçuyev) – DGTYB başqanı (Azərbaycan
  8. Akınbek Ergeşov – Cümhuriyyət Pedoqoji Kadrların İnkişafı İnstitutu Beynəlxalq Əlaqələr Şöbəsi (Qırğızıstan)
  9. Kadir Özer – “Educo” Şirkətlər Qrupunun qurucu direktoru (Türkiyə)
  10. Orhan Hasanoğlu – Azərbaycan–Kipr Dostluq Dərnəyi başqanı (ŞKTC)
  11. Bora Karasu – İzbilim Kolleci qurucusu (Türkiyə)
  12. Alla Büyük – Gənc Qaqauz Yazarlar Birliyinin başqanı (Qaqauziya)
  13. Murat Toylu – TRT Türkmən şöbəsinin rəhbəri (Türkmənistan)
  14. Bekjon Adizov Qoçiyeviç – Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti nəzdində Akademik Liseyin müdiri (Özbəkistan)
  15. Obidjon Şofiyev Baxtiyoroviç – Termiz Dövlət Universiteti rektorunun köməkçisi (Özbəkistan)
  16. Fahri Karaman – Beynəlxalq Balkan Universiteti (Türkiyə)
  17. Esra Aslan – İş xanımı, məktəb qurucusu (Türkiyə)
  18. Məhman Həsənli – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun icraçı direktoru (Azərbaycan)

Müəllif və mənbə: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəmil Sadiq – Mənim sevgim

Mənim sevgim
Mənim sevgim bir dəryadır,
Orda üzən batmaz heç vaxt.
Fırtınatək coşar, daşar,
Gəzdirər hey həsrətini ləpələrdə,
Sahillərə atmaz heç vaxt.

Döyünər o, eşq məkanı ürək kimi,
Öyünər o, dağdan aşan külək kimi,
Könüllərə işıq salar mələk kimi,
Gecələri, gündüzləri sevər daim,
Gözün yummaz, yatmaz heç vaxt.

Xəyalla yox, bu günlərlə yaşar, əlbət,
Hərdən küsüb taleyindən ağlar xəlvət,
Düşsə əgər candan ayrı, çəkər həsrət,
Yaşadığı əlvan dünya olsa dəhşət,
Dərdin elə satmaz heç vaxt.

İşıqdan da sürətlidir, ərşə uçar,
Günəşdən də şəfəqlidir, işıq saçar,
Haqq istəyər, ədalətə yollar açar,
Xeyirdən də xeyirhaqdır, şərdən qaçar,
İblis ona çatmaz heç vaxt.

İlkin mənbə: AXTARIRAM ALLAHI

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ŞƏMİL SADİQ TÜRKSOY MEDALI İLƏ TƏLTİF EDİLDİ

ŞƏMİL SADİQ TÜRKSOY MEDALI İLƏ TƏLTİF EDİLDİ

Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Mədəniyyət Təşkilatı-TÜRKSOY tərəfindən Azərbaycan nəşriyyat sektoruna yüksək qiymət verən mühüm addım atılıb. Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq Türk dünyası mədəniyyəti və incəsənətinə verdiyi töhfələrə görə TÜRKSOY medalı ilə təltif edilib.

Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Rayev təqdim edib. Medalda qeyd olunur ki, təltif Türk dünyasının mədəniyyəti və sənətinə göstərilən xidmətlərin və uzun illər ardıcıl fəaliyyətin qiymətləndirilməsi məqsədi daşıyır.
Şəmil Sadiq çıxışında bu mükafatı bütün Azərbaycan nəşriyyat camiəsinin, yazıçı və şairlərin, eləcə də kitabı həyat tərzinə çevirən oxucuların uğuru kimi dəyərləndirib:
“Bu medal mənim şəxsi fəaliyyətimlə yanaşı, Azərbaycan kitabının, nəşriyyatlarının, müəllif və tərcüməçilərimizin, kitab sərgilərimiz və oxu layihələrimizin tanınması deməkdir. Türk dünyasının ortaq mədəni məkanında Azərbaycan sözünün daha gur səslənməsi üçün bundan sonra da çalışacağıq.”
Təltif, Şəmil Sadiqin
Türk dünyası miqyasında həyata keçirdiyi layihələrin – beynəlxalq kitab sərgiləri, uşaqlar üçün nəşr proqramları, müəllif mübadiləsi və oxu marafonlarının – davamlı və sistemli şəkildə qurulmasının məntiqi nəticəsi kimi qiymətləndirilir.

TÜRKSOY medalı Şəmil Sadiqin Türk dünyasında kitab və mədəniyyət körpülərinin qurulmasında oynadığı rolun, eləcə də Azərbaycanı regionda nüfuzlu nəşriyyat mərkəzinə çevirmə istiqamətindəki fəaliyyətinin rəmzi ifadəsi kimi tarixə düşdü.
Qeyd edək ki, 2023-cü ildə Bakı Beynəlxalq Kitab sərgisində Şəmil Sadiqin təşəbbüsü ilə Turan Nəşriyyatlar Birliyi təsis edilmişdir.

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

TƏHSİLDƏ MİLLİ KİMLİK VƏ DƏYƏRLƏR

TƏHSİLDƏ MİLLİ KİMLİK VƏ DƏYƏRLƏR
Dünyada sürətlə dəyişən sosial, iqtisadi və texnoloji münasibətlər cəmiyyətin bütün sahələrində, xüsusilə təhsildə yeni yanaşmaların tətbiqinə ehtiyac yaratmışdır. Artıq ənənəvi pedaqoji metodlar qlobal çağırışların təzyiqi altında yenilənməli, müxtəlif elmi sahələrin inteqrasiyası, fərqli mədəniyyətlər və yenilikçi texnologiyalar ilə vəhdətə gətirilməlidir. Bu şəraitdə, yalnız biliklərin ötürülməsi deyil, həm də mənəvi, əxlaqi, sosial və emosional bacarıqların formalaşdırılması təhsil prosesinin əsas məqsədinə çevrilir. Milli və bəşəri dəyərlərə əsaslanaraq, müasir dövrün tələblərinə cavab verən çevik zəkalı, yaradıcı və bacarıqlı insanlar yetişdirməyi hədəfləyən bir təhsil modeli həmişə diqqət mərkəzində dayanır. Dəyərlər təhsil prosesinin fəlsəfi əsasını və təhsil siyasətini müəyyən edən mühüm faktordur. Dəyərləri yalnız bir ölkənin təhsil sisteminin məqsədini deyil, eyni zamanda həmin ölkənin gələcəkdəki sosial və mədəni inkişafını müəyyən edir.
Artıq 10 ildir ki, təcrübədən keçirdiyimiz “Hədəf Konsepti” beş əsas prinsipə (özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik) əsaslanır ki, onlardan biri də özünüdərkdir. Bu prinsiplər birgə insanın daxili dünyasını və onun sosial mühitlə əlaqəsini hərtərəfli inkişaf etdirməyi nəzərdə tutur.
Müasir tədqiqatlar (P.Gardner, 2010; M.Asad, 2015) göstərir ki, əgər təhsil yalnız biliklərlə məhdudlaşırsa, bu, uşaqların psixoloji və sosial tələbatlarını yetərincə ödəyə bilmir. Nəticədə, innovasiya, komanda işi, tənqidi düşüncə və ən əsası mənəvi bütövlük kimi keyfiyyətlər arxa planda qalır. Bu sahədə biz zəruri olan bilik və texniki bacarıqları, milli, mənəvi və bəşəri dəyərlər kontekstində formalaşdıran bir yanaşma təklif edirik. Həmçinin “Təhsildə Beşlik” konsepti adlandırdığımız bu yanaşma məhz bu çağırışlara cavab olaraq, təhsil prosesində özünüdərk anlayışını milli və bəşəri dəyərlərin inteqrasiyası əsasında daha geniş şəkildə təqdim edir.
Özünüdərk insanın kimliyini anlama və dərk etmə prosesidir. Bu proses, tarixi, psixoloji və mədəni kontekstlərdə araşdırılaraq, şəxsin həm özünə, həm də ətrafına qarşı daha sağlam və məsuliyyətli mövqe tutmasına kömək edir. Özünüdərk prosesi, ilkin olaraq milli və bəşəri dəyərlərdən başlayır, çünki dəyərlər bizim düşüncə və davranışlarımızın etik çərçivəsini formalaşdırır. Bizə görə, özünüdərk edən insan vicdanlı, ədalətli, humanist və öz hüquqlarını bilən, daim özünü təkmilləşdirən fərddir. Bu xüsusiyyətlər insanın mənəvi sütunlarını gücləndirir və cəmiyyətin inkişafına zəmin yaradır. Elmi araşdırmalar ( Toker-Gökçe, 2021: Öngider, 2013: Yüksel,2009 ) göstərir ki, insanların dəyərlər sistemi erkən uşaqlıq dövründə formalaşır. Uşaqların ətraf mühitdən, ailə və məktəb mühitindən aldıqları mənəvi mesajlar, sosial qaydalar və mədəni örnəklər onların şəxsiyyət quruluşunu müəyyən edir. Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam kimi dəyərlər insanın özünüdərk səviyyəsini formalaşdırır. Beləliklə, özünüdərk yalnız şəxsi inkişafın deyil, eyni zamanda mədəniyyətə və tarixi mirasa bağlılıqdan törəyən kompleks bir prosesdir.
Milli kimlik və bəşəri dəyərlər Özünüdərk prosesi, bir qanadı milliliyə, digər qanadı isə bəşəri dəyərlərə bağlı olan şəxsiyyətin möhkəm və tarazlı şəkildə yetişməsinə kömək edir. İnsan milli olduğu qədər bəşəri də ola bilər və olmalıdır. Milliliyi olmayanın bəşəriliyi də möhkəm təməl üzərində dayana bilməz. Məsələn, Hallın (1992) “Mədəniyyət və Kimlik Nəzəriyyəsi” insan kimliyinin formalaşmasında qlobal dəyərlər qədər milli dəyərlərin də həlledici rol oynadığını vurğulayır. Müxtəlif ölkələrdə aparılan sorğular (PISA, TIMSS və s.) göstərir ki, öz mədəni və tarixi köklərinə sahib çıxan, lakin qlobal dəyərlərə də açıq olan şagirdlər, tənqidi düşünmə və yaradıcı tətbiq kimi bacarıqlarda daha yüksək nəticələr əldə edirlər. Sosioloji araşdırmalar da (Hofstede 2009) sübut edir ki, milli kimlik və bəşəri dəyərləri bir arada yaşadan toplumlar daha dayanıqlı sosial inkişafa nail olur.
Bir gəncin özü haqqında “Mən kiməm?” sualına aydın cavab tapa bilməsi üçün, ona həm milli köklərini, həm də dünya mədəniyyətinin universal dəyərlərini tanıdacaq mühit qurmaq lazımdır. Bu sual daima mütəfəkkirləri düşündürmüş, bunula bağlı məqalə və kitablar yazmış, hər bir insanın öz kimliyini dərk etməsinin önəmini vurğulamışdır. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” kitabı, Əhməd Cavadın “Mən kiməm?” şeiri, Cəlil Məmmdəquluzadə Azərbaycan məqaləsində “Mənim anam kimdir?” sualını verir və ürək yanğısı ilə insanın özünüdərkin vacibliyindən danışır.
Bununla bağlı təhsil müəssisələri müxtəlif mədəniyyətlərə dair layihələr həyata keçirməli, şagirdləri həm yerli, həm də qlobal kontekstdə fəal iştirakçı olmalarına təşviq etməlidir. Bu, şagirdlərdə ətraf mühitə qarşı empati, tolerantlıq və sosial məsuliyyət hissini gücləndirir.
Milli kökləri tanımaq üçün nə edilməlidir? Ailəsini, məhəlləsini, kəndini, şəhərini, rayonunu, ölkəsini sevmək və tanımaq üçün uşaqlara doğma mühitlərinin tarixi, mədəniyyəti, folkloru öyrədilməlidir.
“Hədəf konsepti”nin ana xəttində qeyd olunur ki, insan məhsuldar bir özünüdərk üçün millətinin tarixini, elm adamlarının uğurlarını, sərkərdələrinin cəsarətini, rəvayət və nağıllarını, ədəbi irsini dərindən öyrənməlidir. Tarixi araşdırmalar (Təhlükəsizlik nəzəriyyəsi, Kimlik Nəzəriyyəsi və s.) sübut edir ki, xronoloji faktlar və tarixi şəxsiyyətlərlə tanışlıq, gənclərin şəxsiyyət kimi inkişafına iki şəkildə təsir edir. Birincisi gənclərdə özünəinam yaradır. Öz tarixi qəhrəmanlarını, məşhur alimlərini, ixtiraçılarını, sənətkarlarını tanıyan gənc, “Mənim millətim bunları bacarıb!” duyğusu ilə böyüyür. Bu “Millətin bir parçası olmaq” hissi insanın ruhunda mənlik dəyərini artırır, öz imkanlarına inamı qüvvətləndirir. İkincisi isə gəncləri əzilmişlik kompleksindən xilas edir. Tarixdə parlaq şəxsiyyətlər, uğurlar və nailiyyətlər görməyən cəmiyyətlərdə “özünə güvənsizlik” sindromu yaranır. Bu sindrom zamanla həm fərdi, həm də sosial həyatda passivliyə, fatalizmə gətirib çıxarır. Şagirdlər Tonyukukdan, Bilgə Kağandan, Orxon-Yenisey kitabələrindən, Nəsirəddin Tusidən, Əl-Fərabidən, Əl-Xarəzmidən, Piri Rəis və Həzərfan Əhməd Çələbidən, Yusif Məmmədəliyevdən, Lütfi Zadə və Əziz Sancardan xəbərdar olduqca, onların elmi və mədəni fəaliyyətinə dərin maraq göstərdikcə, onlarda “mən də bacararam” düşüncəsi formalaşır.
Özünüdərk, həmçinin psixoloji bir prosesdir. İnsan özünü tanıdıqca daxili motivasiya, emosional idarəetmə və mənəvi dəyərlərlə bağlı daha sağlam mövqe qazanır. Erik Eriksonun psixososial inkişaf mərhələlərinə əsasən, yeniyetməlikdə formalaşan kimlik qazanma prosesi yetkinlik dövründə özünüdərk səviyyəsini müəyyən edir. Yəni gənc nəyə inandığını, kimə dəyər verdiyini və öz rolunu dəqiq müəyyən edir. Maslovun “özünü-gerçəkləşdirmə” nəzəriyyəsi də göstərir ki, şəxsin özünə dəyər verməsi, bacarıqlarını tanıması və məqsədlərini formalaşdırması onun tam şəkildə inkişaf etməsi üçün vacibdir. Bu mərhələdə məktəbin rolu əvəzsizdir. Divarlardakı plakatlardan tutmuş, zənglər üçün seçilmiş musiqilərə qədər, şagirdin cəlb olunduğu hər bir nüans onun emosional fonuna və özünüdərk səviyyəsinə təsir edir. Məktəbin dizaynından dərs prosesinin sonuna qədər sistemli yanaşma vacib şərtdir.

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

Savadlılar savadsızdır və Savad yalnız yazı-pozu bilməkdirmi?

Savadlılar savadsızdır və Savad yalnız yazı-pozu bilməkdirmi?

“Savad” sözü ərəbcə “qara yazı” (mürəkkəb rəngi) mənasından gəlir. Orta əsrlərdə “qara yazını tanımaq” ifadəsi “oxumaq-yazmaq bacarığı” kimi işlədilib. Zaman keçdikcə bu sözün mənası genişlənib “məktəbli olmaq”, “maariflənmək”, “dünyagörüşə sahib olmaq” məzmunu daşımağa başlayıb.
Müasir elmi yanaşmada isə savadlılıq 3 mərhələ ilə ölçülür:

  1. Funksional savadlılıq – yazmaq, oxumaq, ibtidai hesabı – riyaziyyatı başa düşmək;
  2. İctimai-intellektual savadlılıq – təhlil etmək, qərar vermək, ünsiyyət bacarıqları;
  3. Emosional və mədəni savadlılıq – estetika, davranış mədəniyyəti, empatiya və peşəkar bacarıqlar.
    UNESCO-nun 2023-cü il hesabatına görə:
  • Dünyada 15 yaşdan yuxarı insanların 86 %-i oxuyub-yaza bilir;
  • Azərbaycanda bu göstərici 99 % olaraq göstərilir, lakin funksional və tətbiqi savadlılıq statistikası aparılmır;
  • OECD ölkələrində incəsənət və idman sahəsində çalışanların 63 %-i ali diplom sahibi deyil, amma 78 %-i peşəkar sertifikat, akademiya və ya yaradıcı təhsil alıb.
    Məsələnin mahiyyəti nədədir? Bizim “savadlı” dediyimiz adam oxumağı bilən, amma analiz edə bilməyən, dünyagörüşü olmayan, fərdi bacarığı zəif biri də ola bilər. Eynilə diplomu olmayan, amma yüksək intellekt, yaradıcılıq, estetik zövq və ictimai təsir gücünə malik bir rəssam, idmançı və ya aktyor “savadsız” sayıla bilməz.
    Əslində, problem şəxslərdə deyil, sistemdədir. Bəli, məhz sistemdə!..
  • Təhsilimizdəki qiymətləndirmə meyarları peşə seçiminə tam uyğun deyil;
  • Demək olar, qabiliyyət mərkəzli məktəblər zəif fəaliyyət göstərir və ya heç göstərmir;
  • Savad anlayışı hələ də kağız-kuğuzla ölçülür;
  • Valideyn, müəllim, media və cəmiyyət bu stereotipi gücləndirir.
    Qısası, məsələ idmançıların və ya sənət adamlarının savadsız olmasında deyil, savadlılığın ölçülmə metodunun köhnə və yanlış olmasındadır. İstedad, praktiki bilik və yaradıcılıq potensialı da savadın formalarından biridir. Məsələn, Messi, Yo-Yo Ma, Pikasso, Çarli Çaplin, Van Qoq və bir çox dünya miqyaslı sənətkarlır diplomları olmasa da, intellektual nüfuz sahibidirlər. Təəssüf ki, bizdə belə insanlar bir səhv etdikdə dərhal “təhsilsiz” damğası ilə qiymətləndirilirlər.
    Düşünürəm ki, əsl islahat bu suallardan başlamalıdır:
  • Diplom savad göstəricisidirmi?
  • Qabiliyyətə əsaslanan təhsil niyə zəifdir?
  • Peşə məktəblərinin keyfiyyəti niyə aşağıdır?
  • Savad yalnız yazı-pozu bilməkdirmi?
    Cəmiyyətdə illərdir formalaşmış ən primitiv yanaşma belədir: “Savadlı adam odur ki, oxuyub-yaza bilir”. Bu fikir, bəlkə, 19-cu əsrin kütləvi savadsızlıq dövrü üçün doğru ola bilərdi, amma müasir dünyada bu anlayış həm məhdud, həm də köhnədir. Daha açıq desək, yazıb-oxumaq – savadlılığın ilkin, ən aşağı mərhələsidir.
    Bu gün Azərbaycanda əhalinin 99 %-i oxuyub-yaza bilir. Ancaq bu hamının “savadlı” olduğu anlamına gəlmir. Əksəriyyət yazı-pozu bilir, amma:
  • Mətnin mənasını qavramır;
  • İnformasiyanı analiz edə bilmir;
  • Tənqidi düşünmür;
  • Duyğu və davranış savadına malik deyil;
  • Mədəni və ictimai biliklərdən xəbərsizdir.
    Bu insanlar texniki olaraq “oxuyur”, amma funksional olaraq savadlı sayılmır.
    Günümüzdə savad anlayışı necə dəyişib?
    Müasir dünyada savadlılıq təkcə “əlifbanı tanımaq” və ya “oxuyub-yaza bilmək” kimi qəbul edilmir. Statistika və elmi yanaşmalar bu anlayışı daha geniş mənada – aşağıdakı əsas sahələr üzrə qiymətləndirir:
  • Rəqəmsal savadlılıq;
  • Maliyyə savadlılığı;
  • Hüquqi savadlılıq;
  • Media və informasiya savadlılığı;
  • Emosional-psixoloji savadlılıq;
  • Ekoloji savadlılıq;
  • Mədəni-intellektual savadlılıq.
    Məsələn:
  • ABŞ-də 2023-cü ildə aparılan tədqiqat zamanı məlum olub ki, əhalinin 52 %-i yazıb-oxusa da, hüquqi və maliyyə savadlılığı yoxdur.
  • Avropada “oxumağı bacarır” deyə qeyd olunan insanların 26 %-i mətnin mənasını başa düşmür.
  • Azərbaycanda PISA nəticələrinə əsasən 15 yaşlı şagirdlərin təxminən 38 %-i oxuduğu mətndən nəticə çıxara bilmir.
    Yazıb-oxuyan, amma savadsız olan nəsil necə yaranır?
    Savadlılığın yanlış ölçülməsi bu cür nəticələr doğurur: diplom var, bacarıq yoxdur; telefon istifadə edir, lakin informasiya süzgəcləyə bilmir; rəqəmi yazır, amma plan qura bilmir; yazır, amma düşünmür; oxuyur, ancaq dərk etmir.
    Bu səbəbdən müasir pedaqogika deyir ki, oxumaq – texniki, savadlılıq isə intellektual və sosial bacarıqdır.
    Savad yalnız yazı-pozu bilməkdirmi? – Xeyr.
    Savad insanın dünyanı anlaması, düşünməsi və tətbiq edə bilməsi qabiliyyətidir. Oxumaq bu yolun başlanğıcıdır, sonu yox.

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təhsildə Agile yanaşması

Təhsildə Agile yanaşması

Agile (ingiliscə “çevik, elastik”) layihə idarəetmə və məhsul (xüsusilə proqram təminatı) hazırlama yanaşmasıdır. Əsas ideyası odur ki, layihələr kiçik, tez-tez təkrarlanan mərhələlərlə (sprintlərlə) planlaşdırılır və icra olunur. Hər bir mərhələdə (və ya “sprint”də) komanda real nəticələr üzərində işləyir, yekun versiyaları sınaqdan keçirir və istifadəçilərdən/müştərilərdən tez-tez rəy alır. Bu, layihənin inkişaf istiqamətinin səhv yolda olduğunu mümkün qədər erkən müəyyənləşdirməyə, həmçinin məhsulun keyfiyyətini yüksəltməyə kömək edir.
Agile yanaşmasının ən vacib xüsusiyyətləri bunlardır:

  1. Çeviklik və tez adaptasiya: Mühitdə və ya tələblərdə dəyişikliklər yarandıqda, planı sərt şəkildə qorumaq əvəzinə, onu tez bir zamanda yeniləmək.
  2. Tez-tez rəy və sınaqlar: Hazırlanan məhsulun hissələri (funksionallığı) müştəri və ya istifadəçilər tərəfindən tez-tez yoxlanılır, rəy əsasında düzəlişlər edilir.
  3. Komanda işi və ünsiyyət: Komanda üzvləri (məsələn, proqramçı, dizayner, testçi) gündəlik sürətli toplantılarla (Stand-up görüşləri) əməkdaşlıq edir, problemi dərhal həll etməyə çalışırlar.
  4. Müştəri məmnuniyyətinə önəm vermək: Sonda müştərinin ehtiyacı nədirsə, ona uyğun addımlar atılır və dəyişikliklər qısa müddətdə tətbiq olunur.
    Nəticədə, Agile komandaların daha məhsuldar çalışmasına, xərcləri optimallaşdırmasına və layihədə meydana çıxan dəyişikliklərə tez uyğunlaşmasına şərait yaradır. Təhsildə Agile yanaşması istifadə olunarkən, komanda (müəllim, şagird, valideyn və s.) birlikdə qısa, lakin intensiv “öyrənmə sprint”ləri həyata keçirməklə tapşırıq və layihələri təkrarlanan mərhələlərdə inkişaf etdirir, hər mərhələdə rəy alıb sürətli təkmilləşdirmə aparır.

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru