FOTO
Əvvəli burada: Müqəddəs Zəfər: 5-ci hekayə
Ömrün üçüncü fəsli
(Müqəddəs Zəfər: 6-cı hekayə)
Sağ böyrü üstəmi uzansın, sol böyrü üstəmi?! Fərq eləmirdi, daha doğrusu, əhəmiiyəti yox idi, onsuz da hərəkət eləyə bilmirdi. Heç əzalarını da hiss eləmirdi, bütün bədəni ağrı içindəydi, hər yeri şiş, yara… təkcə bəbəkləri zədəli deyildi. Əslində bəbəkləri də dumanlı idi, qonur rənginin üstünə boz-bulanıq pərdə çəkilməkdə idi. Pərdəydi, nəydi, anlamırdı- sadəcə hiss edirdi. Güzgüdən filandan bir şey vardımı ki, baxıb müəyyənləşdirsin. Yeganə baxa biləcəyi şeylər- dəmir barmaqları pas atmış nəfəslik, hisli-paslı tavan, uçuq-sökük divarlar, üfunət iyi verən, nə vaxtsa betonlanmış, indi isə zibilliyi xatırladan döşəmə, elə həmin qoxunu canına hopduran cındır əyin-başı, çadar-çadar olmuş əllərı, cırıq çəkməsindən bayıra çıxmış ayaq barmaqları idi. Tavandan sallanan “İliç lampası”nın nə vaxtsa yandığı yadına gəlmirdi- şüşəsi boğazdan üzülmüşdü.
Arxası üstəmi, ya hansısa yanı üstəmi yatdığını bilmirdi. Amma, yatmışdı. Gözləri açıqdımı, bağlıydımı onu da bilmirdi. Bunun heç əhəmiyyəti də yox idi, bayırdan gözlüyün qabağını odunla bağlamışdılar. Toran görən gözlərini zilləyib odun parçalarının arasından güclə süzülən işıq şüalarını axtarmaqdan bezmişdi. Gəlmir heç gəlməsin, bu heç nəyi dəyişmirdi. Amma, yatmışdı. Ya da ki, yatmamışdı, gözlərini ona zilləyib hərəkətsiz dayanmış cavan oğlana baxırdı.
-Niyə gözlərini zilləmisən mənə, niyə belə baxırsan? Niyə çıxıb getmirsən işinə gücünə?
-Sən çağırdın, mən də dayandım da.
-Mən çağırdım? Adınla? Adını heç bilmirəm axı.
-Sən çağırdın.
-Necə?
-Heyy…heyy…
-Mən gündə min dəfə “hey” deyirəm, “hay” deyirəm ki, qulaqlarım bir səs eşitsin. Sən də deyirsən ki, səni çağırdım. Yəqin özümü çağırmışam, başqa kim var ki. çağırım… çıx get.
-Mən də onu deyirəm də. Mən elə sənəm. Sənin ömrünün birinci hissəsi, ya da birinci fəsli.
-Ömür də hissəynən filannan olur ki? Ömür ya var, ya da yoxdur.
-Sənin ömrün belədi də. Birnci fəsli Qırxqız dağlarındakı davada başa çatdı- 92-nin mart ayının 29-da. Yadına gəlir? Kosalarla Şuşa arasında böyük bir erməni dəstəsi ilə döyüşürdüz. Komandiriniz də rəhmətlik Tabil Həsənov idi. O, şəhid oldu, sən də ağır yaralandın. Gözünü açanda özünü burda gördün, yəni Şuşa həbsxanasında. Onda mən artıq sənin bətnundən çıxmışdım. Bu, belə olmalıdır. Mən də çıxdım… Amma səni tərk etmədim, tərk edə bilməzdim, çünki, hələ ürəyin dayanmamışdı. Ruhlar hələ ürəyi çırpınan bətni tam tərk etmirlər, onun başı üzərində dövrə vurub haray qoparırlar… O gündən ömrünün ikinci fəsli başlandı. Ömür deyəndə ki…
-Necə yəni ikinci fəsli? Mən bəyəm ölüb dirilmişəm?
-Nə ölməmisən, nə dirilməmisən, nə də yaşamırsan… o gündən ömrün dayanıb.
-Bu nə deməkdi axı? Məni niyə çaşdırırsan? Mən neçə müddətdi ki, heç nə görmürəm, eşitmirəm, heç kimlə danışmıram. Səni necə eşidə bilərəm, necə söhbət edə bilərəm? Mən heç sənin sifətini də görmürəm. Bu qədər müddətdə niyə gəlmirdin? Niyyətin nədir?
-Bu müddət ərzində sənin ömründə baş verənləri bilə bilmərəm, mən keçmişdəyəm. Sifətimi görə bilməzsən- mən ruham. Mən sənin həyatının keçmişdə qalan hissəsiyəm.
-Demək, mənə verilən əzablardan xəbərsizsən. Hə, doğru deyirsən, gözümü açanda özümü burda gördüm. Lap doğrusu, Baqrat dedi mənə- o topal dığa. Avtomatın qundağıynan üzümə vura-vura ayıltdı məni. “Ara, sən beş güllə yarası almısan, hələ də ölməmisən,”- dedi. Baxdım ki, bədənimdə salamat yer yoxdur. Ətrafımda çoxlu dustaqlar var. Onlar araya girib Baqratı dayandırdılar. Daha sonra nə olduğu yadımda deyil. Bir də ayıldım ki, rəhmətlik Mərdan başımı qucaqlayıb ağlayır. Beləcə neçə günsə, yarı ölü, yarı diri qaldım…
Dustaq yoldaşlarım imkanları çatan qədər mənim müalicəmlə məşğul olurdular. Yavaş-yavaş sağalırdım, artıq hər şeyi dərk edirdim. Hətta, yoldaşlarımın köməyilə həyətə də çıxırdım. Dığalar deyirdilər ki, məni əməliyyat elətdiriblər. Bədənimdən iki güllə çıxarıblar. Üçü bədənimi dəlib keçibmiş- biri baldırımdan, bir çiynimdən, biri də sağ böyrümdən.
-Səni aldadıblar, sən üç güllə yarası almışdın- üçü də bədənini dəlib keçmişdi. O biri iki yaranı həmən o topal vurmuşdu sənə, cib bıçağıynan. O vaxt mən hələ sənin bətnini tərk eləməmişdim, özüm şahidəm o hadisələrə.
-Tərk eləməmişdin? Bəs niyə tərk elədin, nə baş verdi?
-Bıçaq yaralarından sonra ürəyin dayandı. Səni sürüyüb türmənin həyətinə atdılar. Yük maşınına qoyub Cıdır düzünə aparacaqdılar ki, qayalardan aşağı tullasınlar. Dustaq yoldaşların buna etiraz elədilər. Onları da o ki var döydülər. Ancaq səni aparmadılar, dedilər ki, bu döydüklərimizdən də ölən olsa, sabah bir yerdə apararıq. Yoldaşların köməkləşib səni kameraya apardılar. Süni nəfəs verməyə başladılar. Mən bətnini tərk edib haray qoparmağa başladım. Son döyüşdə şəhid olmuş döyüşçü yoldaşlarının ruhları məni çağırırdılar. Ora- Qırxqız dağının zirvəsinə… sən yenə ayıldın…
-Getdin?
-Mənim oraya getməyim, qayıtmağım an məsələsidir. Mən onları indi də görürəm.
-Madam ki, sən mənim keçmişimsən, deməli, həm də itmiş yaddaşımsan. Elədir?
-Hə, elədir. Ötən bu müddət ərzində mən dəfələrlə sənin yaddaşının bərpası ilə məşğul olmuşam. Hər dəfə işgəncədən sonra huşunu itirəndə yaddaşın yenidən pozulub…
-Onda mənə keçmişimdən danış. Həm də… həm də o son döyüşdən.
-Nə danışım axı? Sən ali məktəb daxil olmuşdun, cəmi 17 yaşın vardı, hüquqşünas olacaqdın. Ancaq erməni yaraqlıları hər gün kəndlərinizə basqın edirdilər. Hər gün qan-qada, ölüm-itim… Şuşanın, Malıbəylinin, Quşçuların işğalı, Xocalı faciəsi- hamısı ard-arda baş verirdi. Sən təhsil aimağa getmədin, özünümüdafiə dəstəsinin tərkibində Kosalar, Cəmilli kəndlərinin, yaxın ətrafdakı diğər yaşayış məntəqələrinin müdafiəsinə qalxanlardan biri oldun. Həmin gün- son döyüş günü siz ermənilərin 6 gözətçi postunu darmadağın edib Şuşa istiqamətində xeyli irəliləmişdiz. 53 nəfər dığanı cəhənnəmə vasil eləmişdiz. Döyüşçü yoldaşların İlham, Əlövsət, Fərrux, Elxan, Mehman, Şakir… Yadına gəlr onlar? Bağışla, sənin yaddaşın mənəm axı…
-Yaddaşım çox dumanlıdır, ancaq, indi əynindəki paltarı görürəm. Təzədir, toy paltarına oxşayır… deşik-deçikdir, qan ləkələri var hər yerində.
-Sənin son döyüşdəki paltarındı da. Rəhmətlik atan almışdı. Novruz Bayramı ərəfəsində, bir il əvvəl. Sən də dedin ki, mənim bayramım düşmənlərlə döyüşdü, geyindin getdin davaya.
-Atam rəhmətə gedib? Nə vaxt?
-Sənin son döyüşündən bir gün əvvəl. Ermənilər kəndinizə basqın edib 27 nəfəri qətlə yetirəndə.
-Mən onda hardaydım?
-Döyüşürdün. Kəndi mühasirəyə almış yaraqlılarla, mühasirəni yarıb irəliləyirdiz. Qırxızın sıldırımlı qayalarının arasından daha bir dəstə çıxdı, qaranlıq düşənəcən döyüşdüz. Əvvəlcə komandiriniz Tabil, sonra ətrafındakı digər yoldaşların şəhid oldular. Həmin o dığa, Baqrat gizləndiyi yerdən çıxıb avtomatı tuşladı üstünə. Sən yerə yıxılana qədər atdı. Sonra dağlara sükut çökdü.
-Sonra? Sonra necə oldu?
-Baqrat sənin sağ olduğunu görüb, bunu özümüzlə aparacağıq, əzab verib həzz alacağıq, dedi… İndi sən danış, neçə vaxtdır burdasan? Yəni… bayaq dedim də, mən indi baş verənləri görə bilmirəm. Yalnız sənin ruhunun qalan hissəsi ilə birləşəndə, tam bir ruh olanda görə biləcəm hadisələri.
-Qayıt birləş də.
-Bu mümkün deyil. Sən ya tam ölməlisən, ya da dirilməlisən. Ölsən, fəzada, dirilsən, bətnində birləşəcəm ona.
-Mən ölmək istəyirəm, bura düşəndən elə an olmayıb ki, bunu istəməyim. Ancaq bir istəyim də var, torpaqlarımızın azad olunduğu günü görmək istəyim.
-Səni saxlayan da elə bu istəkdir. Ölmüsən, ancaq ölümə məğlub olmursan. Mən də elə bu səbəbdən sərgərdanam. Danış, bu sənin yaddaşının bərpası üçün faydalıdır.
-Mən qismən sağalmışdım. Məni də o biri dustaqlarla birlikdə işləməyə aparırdılar. İşgəncə verə-verə, həzz ala-ala. Soruş ki, haralara aparmırdılar, hansı ağır işləri gördürmürdülər. Gözəl, yaraşıqlı evlərimizi özümüzə sökdürüb daşıtdırırdılar. Ermənistandan, İrandan cürbəcür yük maşınları gəlirdi, əmlakımızı bizə yüklətdirib daşıyırdılar. Eh… Qaçmaq barədə fikirləşirdik. Cəhd eləyənlər də oldu. Onları öldürdülər. Hər bayramlarında bizim birimizi döyüb öldürürdülər. Bir gün mənə də növbə çatdı. Həyətə çıxarıb ağaca bağladılar, başıma dəmir verdə keçirdilər. Həyətdən cibimə yığıb gizli şəkildə kameraya gətirdiyim daşlarla məni vurmağa başladılar, beş-altı metrlikdən. Baqrat, Kotik (bilmirəm öz adı idi, ya ayaması), Baqratın arvadı Marine… hamısı başımı, yəni vedrəni nişan alırdı, danqıltı səsindən beynim silkələnirdi. “Bu türk bu daşlarla bizi öldürüb qaçmaq istəyir”- deyib gülüşürdülər. Əslində, o daşlar qaçmaq planımızın bir hissəsi idi, növbəti işə gedəndə müşayətçilərin gözlərini dələcəkdik o daşlarla… Yenə huşumu itirdim… Sonra yoldaşlarımdan məni ayırıb bu zirzəmiyə atdılar. Başladım burda çürüməyə. Bir gün Baqratdan soruşdum ki, məni niyə öldürmürsüz, dedi ki, sənin üstündə “eksperiment” aparırıq, görək türklər nə qədər tab gətirirlər işgəncələrə… Hərdən məktəbliləri gətirirdilər mənə baxmağa.
-Bəs nə yeyib, nə içirsən?
-Nə bilim, horradan zaddan. Qabaqlarından qalma ətli yeməklərin sür-sümüyündən. Gündə bir dəfə havaya çıxarırdılar, bir şüşə su verirdilər. Bir də ki, hərdən damarıma iynə vururdular. İynəni vuran da Marine idi. Bir dəfə soruşdum, bu nə iynədir, dedi, sən yoluxucu xəstəliyə tutulmusan. Sonra da dişlərini ağardıb dedi ki, “eksperiment” elə budur. Bioloji silahdır, adamı keyləşdirir və tədricən arıqladır, saçlarını, dişlərini tökür. Mən də dedim ki, dişlərimi, dırnaqlarımı çəkib çıxarmısız da, day bu nəyə lazımdır. Hırıldaya-hırıldaya çıxıb getdi.
-İndi sənin neçə yaşın var, neçə ildi burdasan?
-Məndən niyə soruşursan, özün bilmirsən?
-Yox, bayaq dedim axı səbəbini.
-Həəə… yadıma düşdü. Bir dəfə Baqratın otağını təmizləyəndə divarda təqvim gördüm, 2020 yazılmışdı. Hansı ay olduğunu oxuya bilmədim, ermənicə yazılmışdı. 17+28. Hə, elədir? 17 yaşımda bura düşmüşəm, 28 ildir burdayam.
Deməli 45 yaşım var. Ancaq… o vaxtdan neçə gün keçib, yadımda deyil. Neçə gündür ki, məni bayıra çıxarmırlar. Üç gündür ki, yemək də gətirən yoxdur. Suyum da qurtarıb. Yəqin öldüyümü düşünürlər. Sən də ona görə gəlmisən? Düzünü de, mən ölmüşəm?
-Yox, ölsəydin mənnən danışa bilməzdin. Bəlkə əksinə, dirilirsən, ömrünün üçüncü fəsli başlayır?! Hə?..
-Qulaq as, sən də eşidirsən?
-Nəyi?
-Atəş, partlayış səslərini. Yoxsa, dığalar yenə hansısa qələbəni bayram edirlər?!
-Mən eşidə bilmərəm. Nə qədər eyni şeyi təkrar edim sənə? Mən heç nə eşitmirəm, görmürəm. Mənim üçün gecə, gündüz, isti, soyuq yoxdur…
-Atəş səsləri lap yaxından gəlir. Ora bax, gözlükdə işıq şüaları yarandı. Aman Allah, gözlərim qamaşdı! Bu nədir belə, mən görürəm?.. Eyyyy… hara getdin? Ruh!..
Zirzəminin qapısı əcaib bir cırıltı səsi çıxartdı. İçəriyə şığıyan işıq seli onun gözlərini dələrək eyni anda beynini yüz yerdən iynələməyə başladı. Bu dəfə qulağına başqa bir səs gəldi:
-Qardaşlar, bura gəlin, burda kimsə var.
Son
Müəllif: Xəlil Mirzə,
Şair-publisist, AYB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında