Etiket arxivi: Xəlil Mirzə

Müqəddəs Zəfər – 9-cu hekayə

Əvvəli burada: Müqəddəs Zəfər – 8-ci hekayə

BAĞIŞLA MƏNİ, ROMEO!

(Müqəddəs Zəfər: 9-cu hekayə)

Günəşin şüaları hələ görünməsə də, artıq hava işıqlaşmağa başlamışdı. Bomboz buludlar səmada hökmranlıq edir, günəşlə yer arasında soyuq sədd yaratmağa çalışırdı. Meşə qalın, duman qatı, hava çiskin idi. Görmə məsafəsi 4-5 metrdən artıq olmazdı. Bu, gizli hərəkət etmək üçün əlverişli olsa da, düşmənin hərəkətini izləməyə çətinlik törədirdi. Çevik və düzgün qərar qəbul etmək, tapşırığı yerinə yetirmək lazım idi. Belə məqamda onun səhv etməyi böyük faciə ilə nəticələnər, düşmən üçün itirilmiş mövqeləri geri qaytarmaq imkanı yarada bilərdi. O, nəyin bahasına olursa-olsun, düşmən tərəfdə çaşqınlıq yaratmalı, əks-hücum cəhdinin qarşısını almalı idi. Cəmisi bir saat vaxtı vardı. Bircə saat dözməli, düşmənin hərəkətinə mane olmalı idi. Bir saat ərzində ölmək belə olmazdı… Köməyə gəlməkdə olan döyüşçülərimizi elə burada qarşılamalı idi… Dumanın istiqamətini müəyyənləşdirməyə çalışdı. Bu çox vacib idi. Adətən duman dağlardan dərələr istiqamətində hərəkət edir. Belə olduqda dumanın hərəkət istiqamətinin əksinə getməklə yüksəkliyə qalxacaqdı. Kol-kos o qədər çox idi ki, sanki duman onlara hopub hərəkət etmirdi. Bu zaman kompasın köməyindən istifadə etmək qərarına gəldi. Çıxarıb baxdı, işləmirdi. Bir qədər əvvəl uçuruma yuvarlanarkən yoğun bir ağaca çırpılmışdı, kompası sınmışdı. İndi o, lazımsız dəmir parçasından başqa bir şey deyildi. Kompası ehmalca kolluğa atdı. Gecə olsaydı ulduzların düzülüşündən istifadə edib ona lazım olan cənub-qərb istiqamətini müəyyənləşdirərdi. O, gecələr daha yaxşı hərəkət edə bilirdi. Ağlına bir fikir gəldi- ağaca dırmanmaq. Lap çılğın uşaq çağlarında olduğu kimi, oğlanlara qoşulub meşəyə getdiyi vaxtlar höcətləşib ən hündür ağaca dırmandığı kimi. Əslində bu çox təhlükəli idi. Ancaq indi bunu yeganə çıxış yolu kimi dəyərləndirdi. Ətrafa göz gəzdirib daha yoğun və hündür hesab elədiyi ağaca yaxınlaşdı, başını qaldırıb yuxarı baxdı. Ağac o qədər də hündür deyildi. Neyləmək olar, bu meşədəki ağaclar bir-birinə çox sıx şəkildə bitsələr də, kol-kosla əhatə olunsalar da, hündür deyildilər. Bəlkə belə olmağı daha yaxşı idi. “Hə, Cüllüt, göstər hünərini!”- öz-özünə pıçıldadı. 16 kiloluq “Mübariz” snayper tüfəngini çiyninə aşırıb dırmanmağa başladı. Ağacın ən uca budağının nazik gövdəsi yellənib cırıldayanda dayandı, əyilib aşağıya boylandı. 5-6 metr hündürlükdə olardı. Daha yuxarı qalxmaq olmazdı, budaq sına bilərdi. Diqqətlə ətrafa boylandı. Bu hündürlükdə sanki duman bir qədər seyrək idi. Dağlıq əraziləri, dərələrdən, yamaclardan keçib ilan kimi qıvrılan əyri-dolam torpaq yolları gördü. Tüfəngin optik cihazını çıxarıb onunla da baxdı. Sonra mobil telefonunu video rejiminə qoydu və həmin ərazilərin video-çəkilişini edib cəld yerə endi. Çəkdiyi kadra diqqətlə baxıb ayağa qalxdı. Tələsmək lazım idi.

30 dəqiqədən sonra o, artıq hündür bir təpənin üstündə, kolların arasında mövqelənmişdi. Uzaqdan, cənub tərəfdən 3 ədəd PDM əyri-dolam yollarda toz qopara-qopara ona tərəf gəlirdi. Rabitə cihazını çantadan çıxarıb “əlaqə” düyməsini basdı:

-Mən “Cüllüt”əm, məni eşidirsiz? “Romeo”, mən “Cüllüt”əm. Məni eşidirsiz?

Xışıltı çox idi, səslər bir-birinə qarışımışdı. Başqa dalğa tezliyinə keçdi. Üçüncü cəhddən sonra Kapitan Binnətlinin tanış səsini eşitdi:

-Salam, “Cüllüt”, mən “Romeo”yam, səni eşidirəm.

-Salam. Tülkülər tələyə doğru gəlirlər, 3-ü birdən. Xoruz paylarını hazırlamışam, yola xalça da sərmişəm.

-Çox gözəl. Layiq olduqları təmtəraqla qarşıla, uğurlar.

-Baş üstə.

Araya bir neçə saniyəlik sükut çökdü. Sonra yenə komandirin səsi eşidildi:

-Gözəlim… ehtiyatlı ol,- komandirin səsində həyəcan hiss olundu,- özünü qoru, bacım…

-Narahat olmayın, mənim Romeom. Mənə də Cüllüt deyərlər.

-Yaxşı… yaxşı… sənin eyvanına musiqiçilərlə gəlirəm, şən konsert olacaq. Gözlə. Rabitəyə son.

-Görüşənədək, mənim Romeom.

Bir dəqiqədən də az müddət ərzində davam edən bu dialoqdan hər şey bəlli oldu. Cəmisi 15-20 dəqiqədən sonra bu yerlərin sakitliyi pozulacaqdı.

Başını qaldırıb səmaya baxdı. Bir neçə saniyə, cəmisi 5-6 saniyə beləcə hərəkətsiz dayandı. Həmişə mühüm tapşırığın icrasına başlamazdan bir az əvvəl belə edirdi. Bu, artıq vərdişə çevrilmişdi. Bunu komandirləri də, döyüşçü yoldaşları da yaxşı bilirdilər. Hətta bu vərdişinə görə tənbeh də almışdı. Yüngülcə, sözarası danlamışdı onu tağım komandiri. Onunla heç kim kəskin danışmırdı, heç kim xətrinə dəymirdi. O, hərbi hissənin sevimli Cüllütü idi… “Cüllüt” kod adını o özü seçmişdi. Daha doğrusu, uşaq vaxtlarından kənddə onu bu adla çağırırdılar. Niyəsini özü də dəqiq bilmirdi. Bəlkə, həmişə saçını arxadan yox, başının tən ortasından hörərək sarı bant bağladığına görə, ya da çəlimsiz və çılğın olduğuna görə?! Bəlkə, öz adına uyğun, yəni, Cülyettaya uyğun səsləndiyinə görə?! Bilmirdi. Ancaq ilk dəfə döyüş tapşırığına yollananda bölük komandiri Roman Binnətli ona kod adı seçmək istəyəndə özü təklif vermişdi: “Cənab kapitan, mənə uşaq vaxtı Cüllüt deyirdilər”.

-Cüllüt? Olsun. Onda rabitə əlaqəsinə girəndə məni Romeo deyə çağır. Mən yalnız Cülyetta üçün, daha doğrusu Cüllüt üçün Romeo olacam. Cüllüt və Romeo- necə səslənir? Qoy bu bizim cəbhəsayağı versiyamız olsun.

Hər ikisi qəhqəhə ilə gülmüşdülər.

Cülyetta əslən Qusar şəhərinin 12 kilometrliyində yerləşən dağ kəndindən idi. Kənd üç tərəfdən meşə massivi ilə əhatə olunmuşdu. Uşaqlıq həyatı şən, qayğısız keçirdi. Çəlimsiz, sarışın və dəcəl bir qız idi. Hərçənd, yaşına görə boyu balaca deyildi. Ailədə isə dörd qız uşağı böyüyürdü. Cülyetta ailənin üçüncü qızı idi. Atası sürücü, anası isə evdar qadın idi. Onun 9 yaşı olanda Qusara, Olimpiya İdman Kompleksinin yaxınlığında yerləşən balaca bir həyət evinə köçdülər. Kənddəki evlərinə yay aylarında gedirdilər. Atası Heybət kişi isə kəndlə əlaqəsini heç vaxt kəsmirdi. Qaraqabaq adam idi. Anası Nariya İdman kompleksində işə düzəlmişdi, xadimə işləyirdi. Bunun üçün Heybəti günlərlə dilə tutmalı olmuşdu. Çünki güzaranları ürəkaçan deyildi, Nariyanın işləməyinə ehtiyac var idi. Anasının işə düzəlməsindən ən çox faydalanan Cülyetta idi. O, hər gün dərsdən sonra anasına kömək etmək adı ilə Kompleksə gedir, üzgüçülüklə, atıcılıqla, güləşlə məşğul olurdu… Cülyettanın böyük bacısı atasının təkidi ilə onun qohumuna ərə getmiş, iki ildən sonra boşanaraq bir oğlan uşağı ilə ata evinə qayıtmışdı. İkinci bacısı Nəzrin orta məktəbi qurtarıb, atasının qadağasına baxmayaraq, Bakı Hərbi Kollecinə daxil olmuşdu. Cülyetta da bacısı Nəzrinin yolu ilə getmək istəyirdi. Ancaq 15 yaşı tamam olar-olmaz atası onu məcburən bacısı oğluna nişanladı. Toy günü o, Bakıya, Nəzrinin yanına qaçdı. Atası elə həmin gün ailəsini tərk edib kəndə qayıtdı və üç aydan sonra başqa qadınla evləndi.

Cülyetta Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu, snayper kurslarına yazıldı. Onun cəbhəyə gedən yolu belə başladı. Arıq, çəlimsiz qızcığaz tezliklə snayper atıcılığı üzrə peşəkar mütəxəssisə çevrildi.

…Qabaqda gələn PDM-nın Cüllütün basdırdığı minaya düşməsi nəticəsində yaranan səs qayalara çırpılaraq vahiməli əks-səda yaratdı. Arxadan gələn texnikalar dərhal geri dönməyə cəhd göstərdilər. Yolun darlığı buna ciddi əngəl törədirdi. Düşmən əsgərləri yerə tökülüşərək qayalıqlarda mövqelənməyə başladılar. Yanı üstə çevrilərək alovlanan birinci maşından düşən yaralı əsgərlər dəli kimi o tərəf-bu tərəfə qaçırdılar. Kimisi yana-yana özünü qayadan aşağı tullayır, kimisi torpağa sürtünərək paltarını söndürməyə cəhd edir, kimisi də taqətsiz halda zarıldayırdı. Maşının içərisində ard-arda partlayışlar baş verirdi. Maşın parça-parça olub ətrafa səpələnirdi. Qəlpələr hər tərəfə yayılırdı, bu da əlavə əsgər itkisinə səbəb olurdu. Bu partlayışlar ikinci maşını da zədələdi. Cüllüt qayalara dırmanmaq istəyənləri bir-bir məhv edirdi. Ən sonda gələn maşın arxaya doğru hərəkət edərək döngədə gözdən itdi. 5-6 dəqiqədən sonra qayalıqlarda kölgələr görünməyə başladı. Düşmən əsgərləri Cüllütü mühasirəyə almağa cəhd edirdilər. Əgər onlar daha yüksək yerdə mövqelənə bilsəydilər, Cüllüt açıq hədəfə çevriləcəkdi. Buna imkan vermək olmazdı. O, gizləndiyi yerdən çıxıb cəld qayaların arası ilə yüksəkliyə doğru dırmanmağa başladı. Güllələr vıyıltı ilə başının üstündən, yanlarından ötüb keçirdi. Nəhayət, əlverişli bir yer tapıb gizlənə bildi. Səmada 2 ədəd “İtiqovan” PUA göründü. Düşmən mövqelərinə ard-arda bir neçə raket zərbəsi endirildi. Üçüncü maşın da, düşmənin xeyli sayda canlı qüvvəsi də məhv edildi. PUA-lar dövrə vurub gözdən itdilər. Bir neçə dəqiqəlik sükutdan sonra yenə aramsız güllə yağışı başladı. Düşmən əsgərləri lap yaxınlıqda idilər. Cüllütün güllələri tükənmək üzrə idi, tək-tək rejimdə atəş açırdı. O, axırıncı darağı silaha quraşdırıb aşağıya baxdı. Sıldırım qayalar və 10-12 metr aşağıda böyürtkən kolları görünürdü. Rabitə cihazından çağırış səsi eşidildi:

-Cülyetta, mən Romeoyam. Məni eşidirsən? Cavab ver, Cülyetta!- Poman indi açıq mətnlə danışırdı.

“İndi yox, danışmağa vaxt yoxdur”,- Cülyetta sanki öz-özünə, astadan pıçıldadı.

-Cülyetta, biz yaxındayıq. Geri çəkil, özünü qoru. Eşidirsən? Cülyetta, xahiş edirəm, cavab ver…

Atışma davam edirdi, cəmisi üç gülləsi qalmışdı. Roman çağırmaqda davam edirdi. Qarşı tərəfdəki qayanın arxasından iki nəfər çıxdı. Biri zabit idi. Aralarında 25 metr məsafə olardı. Zabit silahını ona tuşlayıb dişlərini ağartdı və:

-Silaxı at yera, allarini qaldır,- deyə komanda verdi.

Roman dayanmadan çağırırdı:

-Gözəl bacım, qurban olum, geri çəkil. Eşidirsən? Dərhal geri çəkil, biz artıq yaxındayıq. Cülyetta!..

-Bağışla məni, Romeo! Səni sevdiyimi deməyə vaxtım qalmadı…

Tətiyi çəkdi, zabit qıvrılaraq eybəcər səs çıxardı, yerə sərildi. Hələ iki gülləsi qalırdı. Ancaq… sinəsi alışıb yandı, gözlərinə qaranlıq çökməyə başladı. Başını qaldırıb səmaya boylandı, döyüş əvvəlində olduğu kimi, həmişəki adəti üzrə. Amansız boz dumanın köynəyini cırmağa imkan tapmış günəş şüaları onun al rəngli sinəsini, çıyınlərindəki qoşa ulduzları yalayıb par-par parıldadırdı. Tüfəngini bərk-bərk sinəsinə sıxmışdı, arxası üstə uçurdu, bayaq gördüyü kolluğa sari. Səma sürətlə qaralırdı. Yumulmaqda olan gözləri son dəfə səmada nəyi isə axtarırdı, kimi isə görməyə çalışırdı. Gördü… Bütün gücünü toplayıb yenidən pıçıldadı:

-Bağışla məni, Romeo… əzizim…

03.08.26.

Ardı burada: Müqəddəs Zəfər – povest – son

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər – 8-ci hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 7-ci hekayə

O QIZ MƏNİM HƏKİMİMDIR

(Müqəddəs Zəfər: 8-ci hekayə)

Müharibənin on dördüncu günü idi. Cəbhə xətti get-gedə yaşayış məntəqələrindən uzaqlaşır, atəş səsləri sanki eşidilməz olurdu. Bir gün əvvəl Moskvada Rusiyanın xarici işlər naziri S.Lavrovun təkidi və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin atəşkəs barədə razılığa gəldikləri elan olunmuşdu. Buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən bu razılaşma kobudcasıına pozulmuşdu. Düşmən tərəf uzaqvuran toplar və raketlərlə nəinki döyüş mövqelərimizi, həmçinin yaşayış məntəqələrimizi də aramsız olaraq atəşə tuturdu. Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələri hədəfə çevrilmişdi. . Mərmi və raketlərin vıyıltıları, hər partlayışdan sonra yaratdıqları rezonans aydınca hiss olunur, dinc sakinlərdə dəhşətli vahimə yaradırdı. Cəbhənin bütün istiqamətlərində ağır döyüşlər gedirdi. Bu gün ərzində düşmənin xeyli sayda canlı qüvvəsi; 13 ədəd tankı, 4 ədəd P21 “Qrad” yaylım atəşli reakiv sistemi, 6 ədəd B20 və B30 topu, 3 ədəd 2F3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 zastava zenit qurğusu, 2 ədəd radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri, daha bir zirehli tank bölməsi və 1 ədəd F300 zenit raket sistemi məhv edilmişdi. Günorta radələrində Ermənistan ordusuna məxsus və Xocalıda yerləşən ən bahalı radiolokasiya sistemi də məhv edildi. Düşmən tərəf Ağdərə-Tərtər və Füzuli- Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərdi. Bütün cəhdlərin qarşısı alındı, düşmən yenə xeyli itki verərək geri çəkilməyə məcbur edildi.

Günəş bugünlük xidmətini başa vurub dağların arxasına çəkilməkdə idi. İndi o, sobada qızardılmış dəmir kürəni xatırladırdı, ancaq hərarəti azalmaqda idi. Hərbi hospitalın həkimi leytenant Mehman Qurbanlı kürəyində daşıdığı yaralı əsgəri təpənin arxasında gizlətdikləri pikap maşınının arxa oturacağına uzadıb nəbzini yoxladı, çox zəif idi. Onun ardınca xərəkdə başqa bir yaralını gətirən gizir Cavid Saraclı və əsgər Taleh Xıdırov da yaxınlaşmaqda idilər. Həkim cəld kuzovun arxa bortunu açdı. Köməkləşib yaralını xərəkqarışıq kuzova qoydular.

-Cənab leytenant, deyəsən qardaşımız şəhid oldu,- deyə gizir kövrəldi.

-Özünü ələ al qardaş, qərar verməyə tələsmə.

Həkim ikinci yaralının da nəbzini yoxladı, – yaxasını açın,- deyə göstəriş verdi. Cəld çantasını açıb tibbi ləvazimat olan bağlamanı çıxartdı, iynə və flakon götürdü. Şüşənin başını sındırıb dərman çəkdi. Skalpellə yaralının kitelinin sağ qolunu kəsdi, rezin “jqut”la qolunu dirsəkdən yuxarı hissədən sıxıb hərəkət etdirib, damarına iynə vurdu. Bir qədər gözləyib nəbzini bir də yoxladı. Sonra əllərini çarpazlayıb ritmlə sinəsindən basmağa başladı. Bir, iki, üç… yenə… yenə…

-Hə, qardaşım, aç gözlərini.

Bir, iki, üç… yenə… yenə… süni nəfəs verdi. Bir, iki, üç… yaralının sinəsində hərəkət hiss olundu.

-Həkim… həkim… qardaşımız nəfəs alır. Sizə qurban olum, həkim!

-Gizir, özünü ələ al. Birinci yaralını da hazırlayın, ona da iynə vuracam.

Rabitə cihazından çağırış səsi gəldi:

-“Külək”, “Külək”, mən “Səma”yam. Məni eşidirsiz?

Əsgər Xıdırov çantasından cihazı çıxarıb həkimə tərəf uzatdı. Həkim cihazı alıb cavab düyməsini basdı:

-“Səma”, mən “Küləyəm”, sizi eşidirəm.

-Sizə tərəf təcili tibbi yardım maşını gəlir, qarşılayın. Ehtiyatlı olun, təhlükəsiz marşrut seçin, yaralıları o maşına yerləşdirb geri dönün, yenə yaralananlar var, əsgərlər onları sizə tərəf gətirirlər. Köməyə tələsin…- pauza,- təəssüf ki, şəhidlərimiz də var… iki nəfər…

-Aydın oldu, icraya başlayırıq.

-Uğurlar olsun, qardaş. Rabitəyə son.

Mehman rabitə cihazını Talehə qaytarıb göstəriş verdi:

-Get, qardaş, qarşıla. Ehtiyatlı ol, gəldiyimiz marşrutla hərəkət edin. Cavid, sən qal, işimiz çoxdur, sarğıları dəyişməliyik.

Təcili tibbi yardım maşını toz qopara-qopara onlara yaxınlaşdı, üç-dörd metrlik məsafədə dayandı. İlk olaraq Taleh, ardınca ağxalatlı iki nəfər maşından düşdü. Onlardan biri:

-Gülnar, sən burada neynirsən?- Mehman təəccüb dolu gözlərini gənc qıza zillədi.

-Salam, Mehman həkim. Mən, Gülnar Çərkəzli, həkim-cərraham. Vətənimdə müharibə gedirsə, mən harada olmalıyam?- Gülnar suala sualla cavab verdi.

-Gülnar, qurban olum, axı buralar çox təhlükəlidir.

-Bilirəm. Mənim canım səninkindən artıq deyil ki? Heç onlardan artıq deyiləm,- yaralıları göstərdi.

Mehman söz güləşdirməyin əbəs olduğunu dərhal anladı. Gülnarın xasiyyətinə yaxşı bələd idi.

Onlar cəmisi bir ay əvvəl nişanlanmışdılar, Gülnar Bakıdakı klinikalardan birinə təyinat alandan bir neçə gün sonra, ancaq qeyri-rəsmi, öz aralarında. Sentyabrın 27-də Mehman öz ad gününə Gülnarı da dəvət edəcəkdi. Valideynləri ilə tanış edəcək, evlənmək istədiklərini bildirəcəkdi. Həmin gün müharibə başladı… Mehman artıq ikinci il idi ki, hərbi hospitalda işləyirdi, Gülnar isə iki həftəyə yaxın.

Yaralıları dərhal təcili tibbi yardım maşınına keçirdilər. Gülnar onları süni tənəffüz aparatına qoşdu. Sevgililərin görüşü cəmisi 7-8 dəqiqə, gərgin iş şəraitində baş verdi. Ayrılarkən Gülnar Mehmanın əlini bərk-bərk sıxdı:

-Gözlərimi yolda qoyma, igidim.

Gülnar müharibənin ikinci günü işlədiyi klinikanın rəhbərliyinə müraciət etmiş, könüllü olaraq cəbhə xəttinə yaxın fəaliyyət göstərən səyyar hərbi hospitala gəlmişdi. Ötən bu müddət ərzində bir dəfə də olsun rastlaşmamışdılar. Mehman demək olar ki, mobil telefondan istifadə etmirdi. Onun daim qaynar nöqtələrdə olması buna imkan vermirdi. Onsuz da o yerlərdə dalğa olmurdu. Valideynlərini də qabaqcadan xəbərdar etmişdi. İndi, Gülnarla görüşündən bir həftə sonra çadır yataqxanada saxladığı mobil telefonunu götürüb anasına zəng etmək qərarına gəldi. Telefonunun enerjisi tükənmişdi. Hospitala getdi, həkimlər otağında enerji yığmaq üçün telefonunu şəbəkəyə qoşdu. Ekran açıldı. Yuxarı sağ küncdə yaşıl rəngdə işarə göründü. Sonra ard-arda buraxılmış zənglərin tatixini göstərən mesajlar bir-birini əvəz etdi. O, şəhadət barmağıni ekranın üzərində aşağı-yuxarı sürükləməyə başladı. Çoxlu sayda zəng gəlmişdi- atasından, anasından, Gülnardan, kiçik qardaşından, bacılarından, dostlardan, qohumlardan… Anasına zəng elədi, hal-əhval tutdu, ona təskinlik verdi. Sonra atasına, digər doğmalarına, dostların bir neçəsinə zəng elədi. Daha sonra Gülnarla görüşmək, odun-alovun caynağından qopardığı yaralıları yoluxmaq qərarına gəldi. Gülnarın əməliyyatda olduğunu söylədilər. Onda ilk olaraq ağır vəziyyətdə Gülnargillə hospitala yola saldığı əsgəri axtarıb tapdı. Adı və soyadı yaxşı yadında idi: Kamil Dəmirov. Kamil demək olar ki, başdan- ayağa sarğıda idi. Ancaq Mehmanı dərhal tanıdı. Aram-aram, kəsik-kəsik danışırdı:

-Orda… dağların arasında… gözümü… gözümü açanda… huşum özümə gə…gələndə ilk… ilk gördüyüm adam… sən idin… Burda isə… üç gün… yenidən huşsuz… qalanda… o… o qız… onu gördüm. Üç gün başım…ın üstündə… məni o əməliyyat… o əməliyyat…

Gülnar qapıda göründü, gözləri yuxusuzluqdan qızarmışdı, çox yorğun görünürdü. Mehman onu görcək dərhal ayağa qalxdı, baxışları toqquşdu.

-Gülnar, sən çox yorgun görünürsən.

Gülnar Mehmana sari bir neçə addım atdı. Üz-üzə, göz-gözə dayandılar.

-Sən də. Nə vaxt gəlmisən?

-Bir az əvvəl, yaralı gətirmişəm, müayinə otağındadır. Vəziyyəti pis deyil, ilk yardımı mən çatana qədər əsgər yoldaşları eləmişdilər. Güllə yarası alıb, sol çiynindən.

-Hə, şükür Allaha ki, yaxşıdır. Əməliyyata ehtiyac var?

-Yarasını tez-tez təmizləmək lazım gələcək.

-Olsun, gedib baxaram.

-Sənə dincəlmək lazımdır. Baş həkim özü baxdı, razı qaldı.

-Yaxşı, lap yaxşı. Nə vaxt gedirsən?

Mehman sanki günahkarcasına başını aşağı əydi:

-Tez qayıtmalıyam, əzizim. Füzuli istiqamətində ağır döyüşlər gedir. Orada mənə ehtiyac var.

– Odur… o qız… o mənim həkimimdir…

Hər ikisi dönüb Kamilə baxdılar, gülümsədilər.

Ordumuzun tam qələbəsi ilə başa çatmış Vətən Müharibəsinin 39-cu günü Mehmanın həyatında silinməz iz buraxdı. Qubadlı rayonunun Başarat, Qarakişilər və Qaracallı kəndləri uğrunda gedən döyüşlərdə yaralanmış döyüşçü yoldaşlarını hospitala çatdırmaq tapşırığı almışdılar. Həmişəki kimi maşını təhlükəsiz yerdə saxlayıb ön xəttə tələsirdilər. Birdən onu hansı bir qüvvə isə göyə qaldırdı. Sonra nə baş verdiyini anlaya bilmədi. Gözlərini açanda özünü işıqlı bir otaqda gördü. Gülnar yanında, stulda oturub yorğun, qızarmış gözlərini ona zilləyib sanki donmuşdu. Sonradan bildi ki, minaya düşüb, hər iki ayağını dizdən yuxarı itirib.

Bir il keçdi. Mehman çarpayıda uzanıb xəyala dalmışdı. Gülnara necə anlatsın ürəyindən keçənləri? O qızın bədbəxtliyinə niyə bais olsun?.. Palatanın qapısı açıldı, Gülnar göründü. Bu gün hərbi paltarda idi, çiynindəki qoşa ulduzlar mundirinə xüsusi yaraşıq verirdi. Adsız barmağında bir il əvvəl Mehmanın bağışladığı zümrüd qaşlı nazik üzük parlayırdı. Elə həmin əlində, barmağında üzük olan əlində sari, çəhrayı və narıncı güllərdən düzəldilmiş buket var idi. İlahi, o, necə də gözəl, necə də məsum idi.

-Sabahın xeyir olsun, cənab baş leytenant. Doğum günün mutlu olsun, bəy! Hələ yataqdasan? Qalx görüm. Qalx, protezlərini geyin. Sonra… gedirik mənim otağıma, hərbi parad mundirini geyinirsən, təbii ki, mənim köməyimnən, və… Və gedirik sizə…

-Gülnar, əzizim, bəlkə lazım deyil?! Mən… mən indi, belə vəziyyətdə sənin nəyinə lazımam? Gülnar…

-Qalx görüm, qalx! Bu gün 2021-ci ilin sentyabr ayının 27-si, müqəddəs şəhidlərimizin anım günüdür. Unutmamısan? Həm də… həm də bu gün- sənin 27 yaşının tamamında biz evlənmək barədə qərar verdiyimizi valideynlərimizə bildirməliyik.

-Gülnar… Anım gününü təbii ki, unutmamışam. Bu günü unutmaq olarmı? Ancaq… Mən əliləm, mənim həyatım dayanıb. Evlənmək barədə isə… heç bir qərar yoxdur, olmayıb, olmayacaq…

-Dəli! Dəlinin biri, dəli! İstəyirsən mən də ayaqlarımı kəsdirim? Sənin vəziyyətinə mən düşsəydim məndən imtina edəcəkdin? Hə?.. Biz bu barədə neçə dəfə danışmışıq? Mən sənin ürəyini sevmişəm, mən sənin kişi qeyrətini sevmişəm…

Gülnar gül buketini masanın üstünə atıb çarpayının kənarında oturdu, əlləri ilə üzünü bağlayıb hönkürməyə başladı. Mehman nə edəcəyini bilmirdi, qərarsız vəziyyətdə yerində eşələnirdi.

-Gülnar… Gülnar… Mənə kömək edərsən? Protezlərimi ver də… zəhmət olmasa…

Gülnar göz yaşlarını silib diqqətlə ona baxdı.

-Protezlərini? Hə… protezlərini… verim də. Nə etmək istəyirsən ki?

-Necə yəni nə? Hazırlaşaq gedək də. Əvvəlcə Şəhidlər Xiyabanına, sonra… sonra istəsən bizə gedərik. Anam neçə gündür hazırlıq görür.

Gülnar özünü toparlayıb qalxdı, üst-başını qaydaya saldı. Mehmana kömək edib protezlərini geyindirdi. Mehman qalxıb onunla yanaşı dayandı.

-Bax ha, boyumuz da uyğun gəlir.

-Mənim dəli igidim, indi sən qətiyyən əlilə oxşamırsan.

-Sənin inamlı yardımın sayəsində, əzizim. Bu aylar ərzində sən mənə ayaq üstə durmağı, yeriməyi öyrətmisən. Hamısı sənin sayəndədir.

-Yaxşı görək, şişirtmə.

-Akka canı.

Hər ikisi ürəkdən güldü, ana nəvazişinə sevinən uşaqlar kimi.

Mehman masanın üstündən telefonunu götürüb anasına videozəng açdı.

Duud… duud… duud…

-Ana, sabahın xeyir. Necəsən, anacan?

Ekranda Familə ananın nurlu siması göründü.

-Sabahın xeyirə açılsın, mənim igid balam. Ana qurban olsun sənin…- sözünün ardını gətirə bilmədi, qəhərləndi. Bir neçə saniyədən sonra özünü toparlayıb davam elədi,- Gözəl balam, şəkər balam, igid balam. Atanla hazırlaşırıq sənin yanına gəlməyə. Həkimindən icazə alıb evə gətrimək istəyirik, axşam qonaqlarımız olacaq. Sənin ad gününə gələcəklər. Sevdiyin xörəkləri bişirmişəm, hamısını…

-Ana, dəqiq bilirsən ki, mənim ad günüm bu gündür?- Yana çönüb Gülnara göz vurdu.- Bəlkə, noyabrın 10-dur?! Hə, anacan, bəlkə səhv salırsız günləri?

-Oğul, qurban olum, bu boyda səhv olar? Bu gündür.

-Mən bu gün ad günü keçirməyəcəm, bu gün şəhidlərimizin anım günüdür.

-Başına dönüm, indi anladım səni. Olsun noyabrın 10-u. Atan da yanımdadır, o da razılıq edir.

Balaşirin kişi ekranda göründü, oğluna əl edib salam verdi.

-Sabahın xeyir, oğul. Söhbətinizi eşidirdim, düzgün qərardır. Səninlə qürur duyuram oğul, olsun sən deyən kimi- noyabrın 10-u. Qonaqları özüm başa salaram. İndi biz gəlirik sənin yanına, oradan da birlikdə gedərik Şəhidlər Xiyabanına. Gör anan nə deyir.

Familə ana yenidən ekranda göründü, bu dəfə Balaşirin kişi ilə yanaşı dayanmışdı.

-Mehman, İgid balam, gəlirəm səni bağrıma basmağa.

-Zəhmət çəkməyin, ana. Özüm gələcəm, uzağı bir saata… yox, yarım saata, Şəhidlər Xiyabanına. Siz də ora gəlin. Özü də… ana, tək gəlmirəm ey, sizi gələcək gəlininizlə tanış edəcəm. Əgər, etiraz eləmirsizsə.

-Nə etiraz, ay bala. Gətir, qurban olum, gətir. Bilmək olar kimdir o gözəl bala?

-Ana! Canım ana! O qız… o qız mənim həkimimdir.

-Başına dönüm ay oğul, Gülnar həkimi deyirsən?

-Hardan bildin, ay ana?

-Ana ürəyi həssas olur, oğul. Yanındadır? Yanındadırsa, ver danışım onunla.

30.07.26.

Ardı burada: Müqəddəs Zəfər – 9-cu hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xəlil MİRZƏ – BİZİM MÜSAHİBƏ – 1

BİZİM MÜSAHİBƏ

Elçin Nəsib: ““Əsl jurnalistlər bu gün çap mediasında var, internet jurnalistikasında da…”

Tarixin yaddaşına hopmuş hər bir mühüm hadisənin arxasında bir millətin dirçəlişi, maariflənməsi, özünüdərk yolu dayanır. Azərbaycan xalqının bu yolda atdığı ən əlamətdar addımlardan biri, şübhəsiz ki, 1875-ci ilin iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə reallaşdı. Həmin gün yalnız bir qəzetin ərsəyə gəldiyi tarix deyildi, həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı idi…
Jurnalistlərin peşə bayramı ərəfəsində Sabirabadda çıxan “Kür-Araz” qəzetinin ictimai əsaslarla poeziya və nəsr şöbəsinin rəhbəri,“Yazarlar” jurnalının Aran bölgəsi üzrə təmsilçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Xəlil Mirzə “Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru Elçin Nəsiblə həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik:

Qısa tanıtma:

Elçin Xəlil oğlu Nəsibov (Elçin Nəsib) 1958-ci il aprelin 16-da Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə kitabxana müdiri kimi başlayan E.Nəsib öz taleyini jurnalistika ilə bağlayıb.
1976-cı ilin fevralından Sabirabadda çıxan rayon qəzetində müxbir, yerli radionun redaktoru, həmin qəzetdə sənaye, tikinti və nəqliyyat, kənd təsərrüfatı, aqrar-sənaye, iqtisadiyyat şöbələrinin müdiri, baş redaktorun müvini, baş redaktor vəzifələrində çalışıb.
Bir sıra respublika mətbuatının bölgə müxbiri,“Yeni Muğan” qəzeti baş redaktorunun I müavini, “Respublikaçılar” qəzetinin baş redaktoru olub. Xarici ölkələrin mətbuatında bir sıra maraqlı yazılarla çıxış edib. Eyni zamanda onun haqqında xarici ölkələrin mətbu orqanlarında maraqlı yazılar dərc olunub. Bir sıra video-çarxlara ssenarilər yazıb. 2022-ci ilin oktyabrından 2026-cı ilin yanvarınadək “Muğanın səsi” qəzetinin baş redaktoru olub. 2026-cı il yanvarın 28-dən “Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru olmaqla bərabər,”Muğan-Şirvan” qəzetinin təsisçisi və baş redaktorudur.
E.Nəsib ailəlidir, 2 övlad atasıdır. Böyük oğlu Ərtoğrul Aprel döyüşlərində və Vətən müharibəsində, kiçik oğlu Nəsib isə 2022-ci ildə “Antiterror əməliyyatı”nda (“Qisas”) iştirak edib.
Elçin Nəsib Sabirabadda ədəbi mühitin formalaşmasında mühüm rol oynayır. 26 ildir ki, “Suqovuşan” Ədəbi Məclisinin rəhbəridir. Ədəbi məclisin kitab-almanaxlarını çapdan buraxır. O, Azərbaycan Yazıçılar Birliyi Aran Bölməsinin orqanı “Aran” jurnalı baş redaktorunun müavinidir. “İllər aparır bizi”, “Əkinçi”də maarifçilik ideyalarının təbliği”, “Sabirabad mətbuatı tarixi”, “Ədəbi düşüncələr”, “Xatirələrdə yaşayanlar”, “İgidlər yenilməz, şəhidlər ölməz”, “Sabirabad qarpızı”, “Musahibə”, “Sabirabad teatrı” kitablarının müəllifidir. Onlarla kitabın tərtibçisi, ön söz yazanı, redaktoru olan E.Nəsibin “Sabirabad futbolu” kitabı da çap olunmaq üzrədir. Bir sıra mükafatlara layiq görülüb.

-Gəlin söhbətə həyat yolundan başlayaq…

-Orta məkəb illərimdə məni divar qəzetinin redaktoru seçdilər. Bu o vaxt idi ki, artıq qələm təcrübələrim respublika qəzetlərində çap olunurdu. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qiyabi qəbul edilməklə (onu da deyim ki, mən qəbul olan il ilk dəfə üç turdan ibarət yaradıcılıq müsabiqəsi keçirilməyə başlamışdı, jurnalistika fakültəsinə sənəd vermək istəyənlər hökmən qəzet və jurnallarda çıxış etmiş olmalıydı, həmin yazılar əsasında rəy verilirdi ki, bu gəncdən jurnalist olar, ya olmaz) 1976-cı ilin fevralından Sabirabadda çıxan “Muğan” qəzetində müxbir kimi əmək fəaliyyətinə başladım…Və bu günə qədər də seçdiyim yoldayam…
-Elçin müəllim, “Sabirabad mətbuatı tarixi” kitabının müəllifi kimi, istərdim rayon qəzetinin keçdiyi inkişaf yoluna nəzər salaq…

-Sabirabad mətbuatının tarixi 1930-cu il avqustun 8-dən başlayır. Əslində rayon qəzetini zaman özü yaratmışdır. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu verilməklə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul olunmuşdur. Bir il sonra rayona Azərbaycanın böyük satira ustası M.Ə.Sabirin adı verilmişdir. Qəzet bir vərəq, yəni iki səhifə həcmində, A-3 formatında buraxılmışdır. Materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. Sonralar qəzet 4 səhifə həcmində çıxmağa başlamışdır. Qəzet 1930-1962-ci illərdə “Pambıq cəbhəsində”, 1962-ci ildən 1992-ci ilədək “Muğan”, həmin tarixdən sonra “Suqovuşan” və nəhayət, 2020-ci ildən “Muğanın səsi” adı ilə çıxmışdır. 1930-cu ildən 2026-cı ilədək fəaliyyət göstərən qəzet Azərbaycan mətbuatının inkişafında mühüm rol oynamışdır. Tarixi zərurət nəticəsində təsisçilərin qərarı ilə öz fəaliyyətini dayandıran “Muğanın səsi”nin missiyasını yeni hüquqi statusda “Kür-Araz” qəzeti davam etdirir. Öz mənbəyini Türkiyə ərazisindən götürərək Sabirabadda qovuşan məmləkətimizin iki böyük çayının adını daşıyan qəzet MEDİA Reyestrində qeydiyyata alınaraq 2026-cı il yanvar ayının 28-dən fəaliyyətə başlamışdır.

-Yəqin “Kür-Araz” qəzeti redaksiyasında Sabirabadın mətbuat tarixini əks etdirən muzeyi də keçmişi yaşatmaq üçün yaratmısınız…
-İndiki dövrdə rayon mətbuatını tarixləşdirməyə ehtiyac duyulurdu. Muzeyin açılması hər şeydən əvvəl “Kür-Araz” qəzetinin kollektivinin vətəndaşlıq sevgisindən, keçmişimizə hörmətlə yanaşmağımızdan irəli gəldi. Muzeyin ekspozisiyasında toplanmış eksponatlar, sənədlər mətbuat tarixinin ötən dövrləri haqqında ətraflı bilgilər verir. Məsələn, ziyarətçilər öyrənirlər ki, “Muğan” qəzetinin həyatında 1969–1982-ci illər inkişaf dövrü olub. O dönəmdə Azərbaycan KP MK-nın 1-ci katibi olan, ümummilli lider Heydər Əliyev hər mövsümdə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşürdü. Pambıqçılıq rayonlarının zona müşavirələri də, adətən, Sabirabadda keçirilirdi. Bu hadisələr “Muğan” qəzetinin səhifələrində yer alan qiymətli materiallar olurdu. Həmin dövr günaşırı çıxan qəzetin tirajı 20 minə yüksəlmişdi. Ulu öndərin bütün tədbirlərində “Muğan”ın əməkdaşları da yaxından iştirak edirdilər. Bu gün rayonun Heydər Əliyev Mərkəzindəki şəkillərin böyük bir qismi məhz “Muğan” qəzetinin əvəzsiz xəzinəsindəndir.
Muzeydə “Ümummilli lider Heydər Əliyevin Sabirabada səfərləri”, “Sabirabad mətbuatının klassikləri”, “XX–XXI əsrlərdə Sabirabadda nəşr olunmuş mətbuat orqanları”, “İzi qalan jurnalistlər” bölmələrində fotoşəkillər, müxtəlif illərdə dərc olunmuş qəzetlər, Sabirabad jurnalistlərinə aid kitablar, onların şəxsi əşyaları, sənədləri və s. yer alıb.
Muzeyin yaradılması Sabirabad jurnalistikasının bu günü və gələcəyi üçün əlamətdar hadisədir. Sabirabadlı qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar insanda zəngin təəssürat yaradır. Bizim hamımızın borcumuz muzeyi zənginləşdirməkdir. Arxivlərdə olan digər sənədlər, eksponatlar muzeyə təqdim edilməlidir ki, təəssürat daha zəngin və bütöv olsun.

-Müstəqillik dövrünün jurnalistikasını keçmişlə necə müqayisə etmək olar?

-Sovet dövrü ilə indiki dövrün jurnalistikasını müqayisə etsək, həm müsbət, həm də mənfi cəhətlərin olduğunu görərik. Sovet dövrü partiyalı sistem idi, istədiyin başqa mətləbi yaza bilməzdin. Sovet ideologiyası, Kommunist partiyası nəyi diqtə edirdisə onu yazmalıydıq. Sovet dövrü jurnalistikasını xarakterizə etmək üçün bircə misal çəkmək istəyirəm. Yazılarımın birində Mirzə Fətəli Axundovu dahi sənətkar kimi göstərmişdim. Mənə irad tutmuşdular ki, “dahi” sözü ancaq Lenin haqqında işlənə bilər. Bir sözə görə belə baş ağrıdırdılar, nahaq yerə incidirdilər. O dövrün mətbuatını xarakterizə etmək üçün düşünürəm ki, elə bu misal yetərlidir. Amma o dövrdə qəzet alıcılığı yüksək idi. O vaxt bütün xərci dövlət çəkirdi. Çünki mətbuat onun ideologiyasına xidmət edirdi. Müstəqillik dövründən sonra isə qəzetlər tiplərə, qruplara bölünməyə başladı: iqtidar və müxalifətyönümlü mətbuat, azad mətbuat, ayrı-ayrı şəxslərin buraxdığı özəl mətbuat və sair. Ona görə də istər-istəməz burada artıq fərqlər meydana gəldi…
-Müasir dövrümüzdə sosial media da meydana gəlib. Hansı vacibdir, internet, yoxsa çap mediası?
-Məlumdur ki, operativliyinə görə ənənəvi jurnalistika sosial mediadan geridə qalır. Lakin bu o demək deyildir ki, sosial mediada verilən məlumatların hamısı doğrudur… Bir də görürsən ki, həqiqəti əks etdirməyən xəbəri kimsə media və sosial şəbəkələrdə yaydı. İstifadəçilər də mənbə göstərmədən və dəqiqləşdirmədən kütləvi şəkildə onu götürüb tirajladı… Nəticədə yalan və qeyri-rəsmi bir məlumat ortaya çıxdı. Bu cür dezinformasiya isə cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, ictimai narahatlığa səbəb olur və informasiya təhlükəsizliyinə mənfi təsir göstərir…Hər gün agentlik və saytlarda, sosial şəbəkələrdə qarşımıza bir-birinin təkrarı olan istinadlı, istinadsız minlərlə xəbər çıxır. Bəlkə də bir xəbərlə gün ərzində ayrı-ayrı saytlar, sosial şəbəkələrin təqdimatı ilə dəfələrlə qarşılaşırıq. Çünki indi özü xəbər istehsal edən agentlik və saytlar çox azdır. İnsanlara xəbər ötürən “jurnalistlər” yeni xəbər axtarışına çıxmır, oradan-buradan mənimsəməklə xəbər yaradırlar. Heç şübhəsiz, əsl jurnalistlər bu gün çap mediasında var, internet jurnalistikasında da…Lakin bununla belə, indi çap, xüsusilə də internet mediasında bir kitab belə oxumayan, sözün, cümlənin, mətbuatın nə demək olduğunu əsla anlamayan, jurnalistikaya yamaq “jurnalistlər”ə də rast gəlmək olur…
Əslində hər ikisi vacibdir. Lakin çap mediası dünənimiz kimi, həm də sabahımızdır. İnternet mediasına bel bağlamaq olmaz. Çünki bu gün saatlarla qopa bilmədiyimiz internetin, sosial şəbəkələrin yaddaşı bir anın içində silinib gedə bilər. Odur ki, internet mediası bizim deyil, çap mediası isə necə deyərlər, əlçatandır. İllər əvvəl verilmiş yazını internetdən tapmaq bu gün müşkülə çevrilir. İnternet mətbuatına arxayın olub yazılı mətbuatı itirmək olmaz. Bu, xalqın tarixinin itməsinə səbəb ola bilər. Onu qorumaq lazımdır. Tarixi faktların ənənəvi kağız daşıyıcıda, daha etibarlı yazılı mənbələrdə əbədiləşdirməyin vacibliyi həmişə öz əhəmiyyətini saxlayır. Bu gün baş verən hadisələr qəzet və jurnalların arxivlərində tarixləşir. Lazım gələndə qəzet və jurnalları vərəqləməklə, keçmişlə tanış olarkən sanki həmin dövrə qayıdırsan. Bir sözlə, biz nəyi əlimizdə tutub saxlaya biliriksə, o bizim ola bilər.
-Jurnalist əxlaqı, etikası ilə əlaqədar sözünüz…

-Jurnalistlər siyahısında adamların çoxluğu, əsl qələm sahiblərinin, yaxşı yazanların azlığı məni daim narahat edir. Kimi görürsən, qoltuğunda qovluq deyir: “jurnalistəm”. Buna görə də mətbuatımızı təsadüfi adamlardan qorumaq lazımdır. Əks halda zərbə istedadlı adamlara dəyir. Jurnalist davranışı, ətrafa münasibəti ilə mənfi emosiya doğurmamalıdır. Bütün mövqelərdə vicdadının səsinə qulaq asmalı, qərəzkarlıqdan uzaq olmalıdır. Demokratik təsisatlara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına hörmət etməlidir.
-Siz eyni zamanda “Suqovuşan” Ədəbi Məclisin rəhbərisiniz. Məclisin mövcud durumu və fəaliyyəti barədə danışın.

-Məclisimiz yazarları öz işığında cəm edib, istedadlıların üzə çıxması üçün fəaliyyət göstərir. Biz onların taleyüklü məsələləri ilə maraqlanırıq. Şair və yazıçıların əsərlərini məclisin müzakirəsindən sonra yaxşılarını seçib “Suqovuşan” Ədəbi Məclisinin almanaxlarında kitab halında buraxırıq. Məclis üzvlərimizin öz vəsaitləri hesabına şeir, hekayə, povest və romanları kitab halında çap olunur. Ədəbi məclisimiz bir sıra görüşlər, şairlərin yaradıcılıq gecələrini də keçirir.

-Niyə məhz “Suqovuşan”, Aranla, bölgələrlə bağlı ədəbi məclisinizə daha tutarlı bir ad seçə bilməzdinizmi?

-Əgər söhbət həqiqi ədəbiyyatdan, Vətən sevgisindən gedirsə, onda bizim də fikirlərimiz, düşüncələrimiz yeni və fərqli olmalıdır. Biz bu adı düşünülmüş şəkildə qoymuşuq. Ona görə ki, Azərbaycanın iki nəhəng çayı məhz bizim ərazidə-Sabirabadda qovuşur. Bu da təbiətin bu günə kimi açılmayan bir sirri, möcüzəsidir. “Suqovuşan” da simvolik məna daşıyır. Hətta rayonda bu adda kənd də var. Bir vaxtlar rayon qəzeti də həmin adla çıxırdı. Həm də Kür və Araz bütövlükdə Azərbaycan deməkdir. Vətəni düşmənlərimiz şaqqaladılar. Hissələrə kəsik-kəsik edib bölsələr də, Kür və Araz çayı torpaqlarımızı birləşdirir və bizi bir olmağa çağırır. Bizim də silahımız qələm və onun ucundan süzülüb gələn müqəddəs sözdür. Bizim ədəbi məclis məhz bu ruhda köklənib. Ümumiyyətlə, biz “Suqovuşan” Ədəbi Məclisində bütöv Vətəni, Azərbaycanı görürük. Bu, həm də Arazın o tayındakı qardaşlarımızın eşqi, arzusu deməkdir. Burada “eşq” Vətən, “arzu” isə xalqımızın birliyi deməkdir.

-Bölgə mətbuatının hazırkı durumu Sizi qane edirmi?

-Qəzet təsis etməyin nə qədər asan, lakin onu çap etdirib dövriliyinin saxlanılmasının nə qədər çətin olduğunu bütün naşirlər bilirlər. Bütün bunlara baxmayaraq, “Kür-Araz” bu gün də rayon mətbuatının ən yaxşı ənənələrini qoruyub saxlamağa çalışır, hüquqi, demokratik və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanımıza xidmət edir
-Maraqlı müsahibə üçün çox sağolun. Fürsətdən istifadə edərək, Sizi, “Kür-Araz” kollektivini və bütün dəyərli media təmsilçilərimizi qarşıdan gələn Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm! Bu çətin, məsuliyyətli və şərəfli peşəni fədakarlıqla yerinə yetirdiyinizə və ölkəmizdə mətbuatın inkişafı üçün çalışdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Jurnalistlərə gələcək fəaliyyətlərində uğurlar, xoşbəxtlik və cansağlığı arzulayıram!

Söhbətləşdi: Xəlil Mirzə
Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

  Müqəddəs Zəfər: 7-ci hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 6-cı hekayə

   Cabbar babanın vəsiyyəti

     (Müqəddəs Zəfər: 7-ci hekayə)

            Cabbar baba boz eşşəyini çullayıb ciyənin ucundan darta-darta onu bağçanın kənarı ilə çəkilmiş xəndəyə saldı. Bir daha ətrafa boylandı, heç kim yox idi. Yayın qızmar vaxtı, günün günorta çağı idi. Hüseyn köhnə “Jiquli”sinin yük yerini həyətdə becərdikləri yemişlə doldurub kiçik oğlu Süleymanla bazara getmişdi. Adətən malı dəyər-dəyməzinə bazar alverçilərinə verib qayıdardı. Oturub kilo-kilo satmağa hövsələsi çatmazdı. Kim idi gedib piştaxtadan yer alan, tərəzi pulu verən. Onun heç əvvəldən alverlə arası yox idi. Həmişə alverçilər gəlib həyətdə alırdılar məhsulu. İndi daha məhsulun uru vaxtı idi, alverçilərdə belə vaxtlar kənd-kənd, həyət-həyət gəzməyə həvəs olmazdı, çünki, məhsulun keyfiyyəti xeyli aşağı düşmüşdü. Bəlkə də bu səbəbdən Hüseyn bazarda ləngiyirdi, yəqin alverçilərlə razılaşa bilməyib özü yer alıb, satır malını. Hər hansı səbəbdən yubanırdısa da, bu işin xeyrinə idi. Evdə olsaydı, atasını heç eşşəyə yaxın getməyə də qoymazdı. Gəlini Seçmə də kəndin ayağına, qızı Sənubər gilə getmişdi. Bu istidə onu qudaları buraxmazdı çölə. Dincini al, hava sərnisin, axşamüstü gedərsən, deyərdilər. Daha bundan münasib vaxt çətin ki, ələ düşərdi.

            Cabbar baba bir neçə cəhddən sonra eşəyyin belinə oturub qəddini düzəltməyə cəhd elədi. Son beş-altı ayın içində beli o qədər əyilmişdi ki, yumurlanıb yumağa dönmüşdü. Cəhdinin mənasız olduğunu dərk edib eşşəyi hoşladı.

            -Gedək, ay illərimin yol yoldaşı. Day bunnan sora səni kəndin o baş-bu başına hoşlayan döyüləm. Day buna taqətim qalmıb. Gedək, mənim taylarım çoxdandı ordadı. Bir mən sintarıb qalmışam bu fani dünyada, cəhənnəm əzabı çəkməkçün. Gedək, bu mənim son səfərimdi. Qəbiristanlığa çatan kimi açıb buraxacam səni. Day ordan geri dönən döyüləm. Gedək…

            Darvazanının bir tayını qabaqcadan aralamışdı ki, eşşək rahat keçə bilsin. Eşşəkdən düşüb darvazanı bağlamaq fikrinə düşsəydi, sonra təzədən minmək problemilə qarşılaşacaqdı. Həm də ki, arxayınçılığı vardı, kəndin mal-heyvanları örüşdə idi. Qonşulardan kiminsə heyvanı həyətə girib mərdimazarlıq eləyən deyildi. Belə də ki, darvaza günlərlə, aylarla açıq qalsın, bir çöp də oğurlayan olmazdı bu kənddə. Olsa olsa, qonşu Şahmuradın keçiləri daraşardı meyvə bağına. Keçiləri də qoyunlara qatıb ötürmüşdü naxıra Şahmurad kişi.

            Torpaq yolda toz qopara-qopara qəbiristanlığa çatıb eşşəkdən düşdü, əgər buna “düşdü” demək olardısa- özünü sürüşdürüb bir təhər yerə atdı. Ombasında yaranan ağrı bir müddət onun yerdən qalxmasına mane oldu. Boz eşşək qoca sahibinin bu vəziyyətini anlayırmış kimi yaxınlaşıb onu iyləməyə başladı. Qoca ciyədən yapışıb özünə tərəf dartdı, eşşək yerə mıxlanıb sakit tərzdə sahibinə baxırdı. Nəhayət, ona kömək edə bildiyindən məmnunmuş kimi başını qaldırıb iki dəfə anqırdı. Cabbar baba birinci olaraq ciyəni eşşəyin boynundan açdı, sonra onun qarnının altına tərəf əyilib çulun kəndirini boşaltdı. Sürüyüb yerə atdı.

            -Day sən azadsan, mənim sadiq dostum, get.

Eşşək durduğu yerdən tərpənmədi. Cabbar baba buna əhəmiyyət vermədi, irəli yeriyib doqqazın cəftəsini qaldırdı, həyətə girdi. Fatəhə verib, qəbiristanlıqda uyuyan ölülərun ruhuna, şəhidlərin ruhuna, cəmi dünyadan köçən müsəlman əhlinin, alimlərin, din əhlinin- yadına düşən düşən bütün vəfat eləşmişlərin ruhuna salavat çevirib geri döndü. Ciyəni, çulu götürüb qəbiristanlığın darvazasına yaxın, sol tərəfdə yan-yana düzülmüş şəhid məzarlarına tərəf getdi. “Naməlum əsgər”in məzarının ayaq tərəfində yükünü yerə qoyub yenə fatəhə verdi. Sonra qəbiristanlığı gəzib dolaşmağa başladı. Atasının, anasının və böyük qardaşının məzarları da daxil, bütün məzarları ziyarət edib qayıtdı bayaq yükünü boşaltdığı yerə. Çulu səliqə ilə yerə sərdi, əynundəki köhnəlmiş yay pencəyinin cibindən dəftərini çıxarıb əyləşdi. Əhd elədiyi kimi Yasin Surəsini oxumağa başladı.

            Cabbar babanın yaşını düz-əməlli bilən yox idi. Yüzü adladığını hamı bilirdi. Özündən soruşanda da deyirdi ki, Nikolayı taxtda görmüşəm. Birinci “Erməni-Müsəlman Davası”nı (1905-1907-ci illər) yaxşı xatırlayırdı: “Mənim yeniyetmə cağlarım idi, ermənilər tez-tez kəndlərimizə basqın edirdilər. Dədəmin qoşalüləsin gizlicə götürüb gedib qoşulmaq istədim kəndimizin cavanlarına. Kürqırağı kəndlərin cavanları dəstə düzəldib basqınçılarla vuruşurdular. Bizim cavanlar da onlara qoşulmuşdu, Qobu deyilən yerdə ermənilərin qabağını kəsib müqavimət göstərirdilər. Axşama tərəf qılçamdan yaralandım. Tüfəngimi alıb özümü də yaxınlıqdakı mal fermasının bir tövləsində gizlətdilər ki, atışma qurtaranacan bayıra çıxma… Ancaq ikinci davada (1915-1920-ci illər) uzun müddət iştirak eləmişəm, əsgər kimi. O dava başa dava idi. Ermənilər böyük dəstələrlə gəlirdilər üstümüzə. Rus əsgərləri də onlarla birləşmişdilər. Hətta malakanlar da onlara kömək edirdilər. Yenə kürqırağı kəndləri çapıb talayır, qaniçənlik eləyirdilər. Gəncədən xəbər gəlmişdi ki, köməyinizə böyük bir ordu gəlir. Başçıları da Nuru Paşa idi. Kəndimizin cavanlarıynan sözü bir yerə qoyub yazıldıq o orduya. Erməniləri Nefçalayacan qovduq. Bir hissəsini də Bakıyacan…

            …Gözünü açanda özünü yataqda gördü. Hüseyn, qızları, gəlini, nəvələri, kəndin ağsaqqalları, ağbirçəkləri- hamısı ətrafında idi. Hüseyn gözünün yaşını töküb hönkürüdü:

            -Başuva dönüm ay dədə, niyə belə eləyisən axı? Məni niyə rüsvay eləyirsən el içində, nə günah eləmişəm?

            Cabbar babanın qəbiristanlığa getməsi əlbəttə ki, səbəbsiz deyildi. Babanın öz adını qoyduğu, Hüseynin böyük oğlu 1993-cü ilin payızında Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. O vaxta kimi kəndə artıq 8 nəfərin meyiti gətirilmiş, qəbiristanlıqda şəhidlər üçün ayrılmış ayrıca yerdə dəfn olunmuşdu… Bir gün də xəbər gəldi ki, Cabbarın da meyitini gətirirlər. Kənd əhli hamılıqla yığışdı Hüseynin həyətinə. Tabutu açanda baxdılar ki, meyit başqasınındır. Onu məsciddə yuyub, kəfənləyib tez xəbər göndərdilər Rayon Hərbi Komissarlığına. Dəfn mərasimi təxirə salındı. Səhəri gün tezdən Komissarlıqdan iki nəfər zabit və bir neçə mülki şəxs gəldi. Onlar da itkin düşən bağqa əsgərlərin yaxınları idi. Ancaq meyiti tanıyan olmadı. Onu el adəti ilə dəfn elədilər. İki ay sonra yenə Komissarlıqdan başqa bir dəstə gəldi, qəbri açıb meyitə baxış keçirdilər. Ancaq, bu dəfə də onu tanıyan olmadı. Kənd əhli hadisədən xəbər tutub axışdı qəbiristanlığa. Cabbar babanı da maşına mindirib gətirdilər. Uzun mübahisədən sonra qərara alındı ki, bir də bu məqsədlə gələn olsa, qəbri açmağa qoymayacaqlar. Onsuz da meyit artıq tanınmaz vəziyyətdə idi. Cabbar baba elə orda üzünü ağsaqqallara tutub dedi:

            -Sizi and verirəm o böyük Yaradana, məni bu əsgərin məzarının aşağı tərəfində dəfn eləyərsiz. Mən Cabbar balamın iyini ondan alacam.

            Kəndin baş mollası hesab olunan Hacı Abdulla, digər ağsaqqallar buna etiraz elədilər. Hüseyn nə illah elədisə, atasını yola gətirə bilmədi. “Ay dədə, başuva dönüm, valideynlərinin yanında sənin öz yerin var axı. Özün vəsiyyət eləmişdin axı, məni dədəmnən anamın yanında basdırın.” –deyib dil tökdü. Kişi iki ayağını bir başmağa dirəyib dediyindən dönmədi. Axırda onu ovutmaq üçün razılıq verdilər.

            Ancaq, bununla da məsələ həllini tapmadı. Bir müddət sonra yenə bir dəstə gəldi ki, bəs meyitin yaxınlarıyıq, çıxarıb aparırıq. Yenə camaat tökülüb gəldi, aləm qarışdı. Bu dəfə qəbiri açmağa imkan vermədilər…

Camaat köməkləşib qəbiristanlığı abadlaşdırdı. Əslən bu kənddən olan bir iş adamı qəbiristanlığın ətrafına metal tordan hasar çəkdirdi, “Şəhidlər xiyabanı”nın girişində bulaq tikdirdi, su çəkdirdi, şəhidlərin məzarlarını mərmər daşla bəzətdirdi. Həmin məzarın baş daşına da “Naməlum əsgər” yazısını həkk elətdirdi.

            Cabbar baba gecə yuxusunu qarışdırmışdı. Nədənsə, ürəyinə dammışdı ki. yenə gəlib “Naməlum əsgər”in ruhunu narahat eləyəcəklər. Ona görə də sakitlikdən istifadə eləyib gəlmişdi qəbiristanlığa, özü demiş- öz son mənzilinə ki, nəbadə-nəbadə kimsə yaxınlaşmasın o məzara…

            -Ağsaqqal, sən bu elin, obanın böyüyüsən. Kürün Şirvan tayında, bu yaxın kəndlərin heç birində sənin yaşında olan ikinci bir kimsə yoxdu. Sənin sözün hamımızçün qanundu, dedin, qurtardı. Dədəmin goru haqqı, imkan vermərəm o qəbrə kimsə yaxın düşə. Onda mən Abdulla olmaram ki, gəlib başımızın üstünnən iş görələr,- Hacı Abdulla dil-dil ötürdü. Danışmağa pərgar adam idi. Boş yerə baş molla deyildi ki, dilinə görə diyirçəyi də vardı… Cabbar baba ağır-ağır ətrafındakıları süzüb elə həmin tərzdə də bunları deyə bildi:

-Hamınızdan halallıq istəyirəm.

Hamı bir ağızdan: “Halal xoşun olsun! Halal-halal!”-dedi.

-Hacı, başda Quranı,- üzünü Hacı Abdullaya tərəf çevirdi.

…Elə istədiyi yerdə də dəfn olundu. İkinci Qarabağ Müharibəsinin getdiyi müddətdə şəhid məzarlarının sayı xeyli artsa da, “Naməlum əsgər”in məzarı yanında bir qəbirlik boş yer saxlamışdılar, hər ehtimala qarşı. Bunu da Cabbar baba vəsiyyət eləmişdi: “Birdən balam tapılar, onu da o biri balamın (“Naməlum əsgər”in) yanında dəfn edərsiz. İşdi, əgər sağ-salamt gələrsə, nə gözəl, ruhum day da şad olar,”- demişdi.

* * *

            Üç il idi ki, Vətən Müharibəsi Ordumuzun möhtəşəm qələbəsi ilə başa çatmışdı. İşğaldan azad olunan yerlərdə geniş tikinti-quruculuq işləri aparılırdı.

Hüseyn kişi bu illər ərzində bir an olsun belə ümidini itirməmiş, oğlunu axtarmışdı. Getmədiyi dövlət orqanı, açmadığı qapı qalmamışdı. Axırda əlacsız qalıb üz tutmuşdu baxıcılara. Maşınını, inəklərini, camışını satıb onlara yedizdirmişdi. Bu rayon sənin, o şəhər mənim, deyib, gəzmişdi. Hamısı da “tapılacaq” deyib onu arxayınlaşdırmağa çalışmışdı. Çox yorulmuşdu, artıq onun da belinin donqarı çıxmışdı. O, enlikürək, pəhləvan cüssəli kişidən bir əsr-əlamət qalmamışdı… İndi isə o, arvadı Seçməni də yanına alıb qəbiristanlığa gəlmişdi.  Atasının məzarı önündə diz çöküb hönkür-hönkür ağlayırdı. Bu dəfə sevinc göz yaşları idi onun yarıqıyılmış gözlərindən süzülən:

            -Qurbanın olum, ay dədə, Cabbarımız tapıldı. Onun sonuncu döyüş yerində kütləvi məzarlıqlar aşkarlandı. Cabbarımızın nəşinin də o şəhid olmuşların arasında olduğu ekspertiza yoluynan təsdiqləndi. Gətirmişik Cabbarımızı, ay dədə. Gəldi yanıana, sən istədiyin yerdə, səninlə üzbəüz yatacaq balamız…

05.11.2025

Ardı burada: Müqəddəs Zəfər – 8-ci hekayə

                                               

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xəlil MİRZƏ – TOPÇU ŞƏHRİYAR

TOPÇU ŞƏHRİYAR

(İgidlərimiz silsiləsi)

Səmimi sözümdür; bu yazıya təmtəraqlı, cəlbedici bir başlıq seçmişdim. Axı, Vətən müharibəsi iştirakçılarından biri barədə, topçu Şəhriyar haqqınadır bu yazı. 44 günlük Vətən müharibəsinin ilk günündən sonunadək ön cəbhədə qəhrəmancasına vuruşmiş bir igiddir Şəhriyar.
Amma belə alınmadı. Onun sadəliyi, səmimiyyəti, həm də alicənablığı mane oldu mənə. Onunla görüşənə qədər artıq bəzi məlumatları əldə eləmişdim, qeydlərim də vardı. Qalırdı bircə özü ilə üzbəüz oturub bəzi məqamlara aydınlıq gətirmək…
Məqsədimi biləndə başladı təvazökarlıq eləməyə: “Ay müəllim, mən danışa bilmirəm ey. Nə yazacaqsız ki, adi topçu olmuşam da. Başqaları kimi mən də öz borcumu yerinə yetirmişəm”.
Geri çəkilmək fikrində deyildim. Bir qədər bəstəboy sayıla biləcək, sağlam cüssəli, yaraşıqlı oğlanın qəhrəmanlıqları barədə topladığım məlumatlar məni qane etmirdi.
“Şəhriyar, sən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə, Fəxri Fərmanlarla təltif edilmisən, elədir?”- deyə soruşdum.
“Elə olmağına elədir. Mən əsgər idim, döyüşmək boynumun borcu idi və döyüşdüm. İndi də əsgərəm, ömrümün sonunacan da əsgər olacam.”- dedi.
Necə də ürəkdən söylədi, İlahi! Necə də inamla! Bu, onun həyat amalı idi. Ürəyimdə “Bərəkallah səni doğan anaya!”- deyə düşündüm. Və beləcə, dialoqumuz başladı…
Əliyev Şəhriyar Qabil oğlu 1998-ci ilin 6 iyununda Quba rayonunun Küpçal Qışlaq kəndində dünyaya göz açıb. Orta təhsillidir. İyul 2016- iyul 2018-ci illərdə əsgəri xidmətdə olub, topçu hərbi peşəsinə yiyələnib. Bütün digər ixtisaslı ehtiyatda olan hərbçilər kimi o da plan üzrə “İxtisasartırma təlim-toplantılarına” qatılıb. Elə müharibəyə də çavuş rütbəsi ilə oradan yollanıb. Öz sözləri ilə desək, “top komandiri” kimi. “N” saylı hərbi hissənin artilleriya divizayasının 2-ci batareyasının tərkibində müharibənin ilk günündən Füzuli rayonunun Alxanlı kəndi istiqamətində ağır döyüşlərin iştirakçısı olub. Döyüş mövqeyinə gedərkən Ağcabədi rayonunun Hind Arxı adlanan ərazisində düşmən tərəfindən atılan aramsız mərmilərdən bir neçəsi əsgər heyətini daşıyan avtomobillərə ciddi ziyan vurub. Mərmi yağışı altında avtomobilləri təmir edərək təkərlərini dəyişiblər. Nə az, nə çox; düz 28 gün azğın Ermənistan ordusuna məxsus qüvvələrin aramsız həmlələrinin qarşısını almaqla, onların güvəndikləri döyüş texnikalarını məhv edib, dığaları geri oturdublar. Füzulinin, Cəbrayılın və Xocavəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstəriblər. Sonrakı günlərdə Şuşanın və Ağdamın 13 kəndinin azad olunmasında sonadək vuruşublar.
Söhbətimiz aramla, həm də məni qane edəcək istiqamətdə davam edirdi. Şəhriyar doğrudan da bəzi məqamları aydınlaşdırmaqda çətinlik çəkirdi. Onu anlamağa çalışırdım. Axı, müharibə tamam başqa bir anlayışdır. Hər an ölümlə üz-üzə qalırsan. İradəsi zəif olanlar belə anlarda tez sarsılır, çaşır, qorxur. Yox, Şəhriyar elələrindən deyildir. Nə qədər həlimxasiyyət olsa da, möhkəm iradə sahibidir. Həm də yalnız haqsızlığa qarşı dözümsüz olduğu dərhal sezilirdi. Söhbətin məğzini bir qədər başqa istiqamətə yönəltməyə qərar verdim. Həm də bilmək istədiyim bəzi məqamlar vardı. Dialoqumuz belə davam etdi:
-Şəhriyar, sizin əsgərlər arasında münasibət necə idi? Yəni, xidmət müddəti az olan gənc əsgərlərə yuxarıdan aşağı baxmaq, onları incitmək… Belə hallar olurdu?
-Gənc əsgəri incitmək? Siz nə danışırsız, elə şey olar? Biz komanda idik, biz qardaş idik, əsl qardaş! Bəlkə sizin vaxtınızda olub elə şeylər…
-Hə, düzünə qalsa, bizim vaxtımızda elə idi. Mən axı sovet ordusunda xidmət etmişəm. Yəni, SSRİ adlanan dövlətin ordusunda.
-Hə də, bilirəm,- urusun ordusunda.
-Hə, elə də demək olar.
-Elə ona görədir də, dörd ildən artıqdır Ukrayna bataqlıqlarında çabalayırlar. Hələ çabalayacaqlar da. Onlara o da azdır. Bizim ahımız tutdu da onları. Torpaqlarımızı alıb vermişdilər erməni dığalarına. Ukraynalı qardaşlarımız da bizim kimi haqq işi görürlər- torpaqlarını müdafiə edirlər, gözlərinə döndüklərim. Onlarda da (ukraynalılarda) “molodoy-starik” (gənc-çox xidmət edən) söhbəti yoxdur. Amma uruslarda var. Ay müəllim, heç ağlımızın ucundan da keçmirdi ey, belə fikirlər. Vallahi-billahi düz sözümdü.
-Nə gözəl! Mən də belə olduğunu düşünürdüm. Yaxşı, bəs asudə vaxtlarınızda nə edirdiz?
-Dincəlirdik, müəllim. Qəşəng-qəşəng dincəlirdik. Hərdən kabab da çəkirdik. Xalqımıza canım qurban, elə bir başdan göndərirdilər ey, yemək-içməyi. Ev xörəkləri, isti təndir çörəkləri… Amma həmişə isti olmurdu, çatdırmaq çətin idi axı. Yenə də ləzzət verirdi, əlavə qüvvət verirdi, inam verirdi…
-Bəs ev-eşiklərini atıb qaçan ermənilərdən ərzaq, mal-qara qalırdı? Onlardan istifadə edirdiniz?
-Düzü, bizə az rast gəlirdi. Biz onların mövqelərini şumlayırdıq da, ay müəllim. Toplarımız D-44 tipli idi, 16800 metrə qədər dəqiqliklə vururdu. Koordinatları alırdıq, dərhal hərəkətə keçirdik. Tuşlayıcı hədəfi nişan alırdı, mərmiçi-doldurucu mərmiləri daşıyırdı… Bir sözlə, hərə öz işini görürdü və düşmən mövqelərinin altını üstünə çevirirdik. Elə yerdə heyvan qalar? Ancaq hərdən ön cəbhədən döyüşçü qardaşlarımız bizə qoyundan-zaddan göndərirdilər. Bəzən çöllərdə azıb qalmış yiyəsiz heyvan da rastımıza çıxırdı, nadir hallarda. Kəsib kabab çəkirdik, ləzzət verirdi.
-Nə gözəl! Bəs şəkilləriniz, video çəkilişləriniz var? Kollektiv, döyüş zamanı çəkilən şəkillər, başqa maraqlı məqamlarda çəkilişləriniz olurdu?
-Azdı ey, müəllim. Bizdə telefon olmurdu axı, icazə yox idi. Olsa da, 1-2 günə enerjisi tükənirdi, olurdu lazımsız əşya. Hərdən komandirlər çəkirdilər, o da ki, döyüş sirrini gizli saxlamaq şərti ilə. Müharibə başa çatandan sonra bizə də bəzi kadrları verdilər.
Bayaqdan əlində saxladığı planşeti mənə uzatdı: “Burada bəzi kadrlar var”,-dedi.
Alıb gözdən keçirməyə başladım. Maraqlı kadrlar idi. Kollektiv, ayrı-ayrı döyüş yoldaşları ilə çəkdirdiyi şəkillər, döyüş məqamlarını əks etdirən kiçik video-çarxlar… Hətta kabab bişirdikləri məqam da var idi. Bir kadr diqqətimi çəkdi: Bir döyüşçü yoldaşı ilə mehribancasına dayanıb kameraya gülümsəyirdilər.
-Döyüş yoldaşın əcəb oxşayır sənə,- dedim.
-Hə, düz deyirsiz, oxşarlığımız var. Onun da adı Şəhriyardır. Amma soyadı başqadır- Həsənov. Siyəzəndəndir. Heyət üzvləri bizə elə “qardaşlar” deyirdilər.
Daha bir kollektiv kadr və səs yazısı: “Eşitdiyimə görə ermənilər yenidən müharibə eləmək istəyirlər. Elə eləməyin ha, yenidən hərbiyə qayıdım. Siz öləsiz, sizin qalanlarınızı da biçərəm mən!”- Bu Şəhriyarın səsi idi.
Afərin! Afərin sənə, Vətənin igid oğlu! Sənə inanıram. Əgər lazım olsa, qayıdarsan və vədinə əməl edərsən, mən buna varlığım kimi əminəm. Amma bunu istəmirəm. Bizim torpaqlarda bir də güllə, mərmi səsi eşidilməsin, insan qanı axıdılmasın. Bunu heç kim istəmir, sən də istəmirsən. Ancaq… Yox! Lazım olmasın! Heç vaxt lazım olmasın!
25 may 2026-cı il

Quba rayonu, Küpçal Qışlaq kəndi-Bakı

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər: 6-cı hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 5-ci hekayə

Ömrün üçüncü fəsli
(Müqəddəs Zəfər: 6-cı hekayə)
Sağ böyrü üstəmi uzansın, sol böyrü üstəmi?! Fərq eləmirdi, daha doğrusu, əhəmiiyəti yox idi, onsuz da hərəkət eləyə bilmirdi. Heç əzalarını da hiss eləmirdi, bütün bədəni ağrı içindəydi, hər yeri şiş, yara… təkcə bəbəkləri zədəli deyildi. Əslində bəbəkləri də dumanlı idi, qonur rənginin üstünə boz-bulanıq pərdə çəkilməkdə idi. Pərdəydi, nəydi, anlamırdı- sadəcə hiss edirdi. Güzgüdən filandan bir şey vardımı ki, baxıb müəyyənləşdirsin. Yeganə baxa biləcəyi şeylər- dəmir barmaqları pas atmış nəfəslik, hisli-paslı tavan, uçuq-sökük divarlar, üfunət iyi verən, nə vaxtsa betonlanmış, indi isə zibilliyi xatırladan döşəmə, elə həmin qoxunu canına hopduran cındır əyin-başı, çadar-çadar olmuş əllərı, cırıq çəkməsindən bayıra çıxmış ayaq barmaqları idi. Tavandan sallanan “İliç lampası”nın nə vaxtsa yandığı yadına gəlmirdi- şüşəsi boğazdan üzülmüşdü.
Arxası üstəmi, ya hansısa yanı üstəmi yatdığını bilmirdi. Amma, yatmışdı. Gözləri açıqdımı, bağlıydımı onu da bilmirdi. Bunun heç əhəmiyyəti də yox idi, bayırdan gözlüyün qabağını odunla bağlamışdılar. Toran görən gözlərini zilləyib odun parçalarının arasından güclə süzülən işıq şüalarını axtarmaqdan bezmişdi. Gəlmir heç gəlməsin, bu heç nəyi dəyişmirdi. Amma, yatmışdı. Ya da ki, yatmamışdı, gözlərini ona zilləyib hərəkətsiz dayanmış cavan oğlana baxırdı.
-Niyə gözlərini zilləmisən mənə, niyə belə baxırsan? Niyə çıxıb getmirsən işinə gücünə?
-Sən çağırdın, mən də dayandım da.
-Mən çağırdım? Adınla? Adını heç bilmirəm axı.
-Sən çağırdın.
-Necə?
-Heyy…heyy…
-Mən gündə min dəfə “hey” deyirəm, “hay” deyirəm ki, qulaqlarım bir səs eşitsin. Sən də deyirsən ki, səni çağırdım. Yəqin özümü çağırmışam, başqa kim var ki. çağırım… çıx get.
-Mən də onu deyirəm də. Mən elə sənəm. Sənin ömrünün birinci hissəsi, ya da birinci fəsli.
-Ömür də hissəynən filannan olur ki? Ömür ya var, ya da yoxdur.
-Sənin ömrün belədi də. Birnci fəsli Qırxqız dağlarındakı davada başa çatdı- 92-nin mart ayının 29-da. Yadına gəlir? Kosalarla Şuşa arasında böyük bir erməni dəstəsi ilə döyüşürdüz. Komandiriniz də rəhmətlik Tabil Həsənov idi. O, şəhid oldu, sən də ağır yaralandın. Gözünü açanda özünü burda gördün, yəni Şuşa həbsxanasında. Onda mən artıq sənin bətnundən çıxmışdım. Bu, belə olmalıdır. Mən də çıxdım… Amma səni tərk etmədim, tərk edə bilməzdim, çünki, hələ ürəyin dayanmamışdı. Ruhlar hələ ürəyi çırpınan bətni tam tərk etmirlər, onun başı üzərində dövrə vurub haray qoparırlar… O gündən ömrünün ikinci fəsli başlandı. Ömür deyəndə ki…
-Necə yəni ikinci fəsli? Mən bəyəm ölüb dirilmişəm?
-Nə ölməmisən, nə dirilməmisən, nə də yaşamırsan… o gündən ömrün dayanıb.
-Bu nə deməkdi axı? Məni niyə çaşdırırsan? Mən neçə müddətdi ki, heç nə görmürəm, eşitmirəm, heç kimlə danışmıram. Səni necə eşidə bilərəm, necə söhbət edə bilərəm? Mən heç sənin sifətini də görmürəm. Bu qədər müddətdə niyə gəlmirdin? Niyyətin nədir?
-Bu müddət ərzində sənin ömründə baş verənləri bilə bilmərəm, mən keçmişdəyəm. Sifətimi görə bilməzsən- mən ruham. Mən sənin həyatının keçmişdə qalan hissəsiyəm.
-Demək, mənə verilən əzablardan xəbərsizsən. Hə, doğru deyirsən, gözümü açanda özümü burda gördüm. Lap doğrusu, Baqrat dedi mənə- o topal dığa. Avtomatın qundağıynan üzümə vura-vura ayıltdı məni. “Ara, sən beş güllə yarası almısan, hələ də ölməmisən,”- dedi. Baxdım ki, bədənimdə salamat yer yoxdur. Ətrafımda çoxlu dustaqlar var. Onlar araya girib Baqratı dayandırdılar. Daha sonra nə olduğu yadımda deyil. Bir də ayıldım ki, rəhmətlik Mərdan başımı qucaqlayıb ağlayır. Beləcə neçə günsə, yarı ölü, yarı diri qaldım…

Dustaq yoldaşlarım imkanları çatan qədər mənim müalicəmlə məşğul olurdular. Yavaş-yavaş sağalırdım, artıq hər şeyi dərk edirdim. Hətta, yoldaşlarımın köməyilə həyətə də çıxırdım. Dığalar deyirdilər ki, məni əməliyyat elətdiriblər. Bədənimdən iki güllə çıxarıblar. Üçü bədənimi dəlib keçibmiş- biri baldırımdan, bir çiynimdən, biri də sağ böyrümdən.
-Səni aldadıblar, sən üç güllə yarası almışdın- üçü də bədənini dəlib keçmişdi. O biri iki yaranı həmən o topal vurmuşdu sənə, cib bıçağıynan. O vaxt mən hələ sənin bətnini tərk eləməmişdim, özüm şahidəm o hadisələrə.
-Tərk eləməmişdin? Bəs niyə tərk elədin, nə baş verdi?
-Bıçaq yaralarından sonra ürəyin dayandı. Səni sürüyüb türmənin həyətinə atdılar. Yük maşınına qoyub Cıdır düzünə aparacaqdılar ki, qayalardan aşağı tullasınlar. Dustaq yoldaşların buna etiraz elədilər. Onları da o ki var döydülər. Ancaq səni aparmadılar, dedilər ki, bu döydüklərimizdən də ölən olsa, sabah bir yerdə apararıq. Yoldaşların köməkləşib səni kameraya apardılar. Süni nəfəs verməyə başladılar. Mən bətnini tərk edib haray qoparmağa başladım. Son döyüşdə şəhid olmuş döyüşçü yoldaşlarının ruhları məni çağırırdılar. Ora- Qırxqız dağının zirvəsinə… sən yenə ayıldın…
-Getdin?
-Mənim oraya getməyim, qayıtmağım an məsələsidir. Mən onları indi də görürəm.
-Madam ki, sən mənim keçmişimsən, deməli, həm də itmiş yaddaşımsan. Elədir?
-Hə, elədir. Ötən bu müddət ərzində mən dəfələrlə sənin yaddaşının bərpası ilə məşğul olmuşam. Hər dəfə işgəncədən sonra huşunu itirəndə yaddaşın yenidən pozulub…
-Onda mənə keçmişimdən danış. Həm də… həm də o son döyüşdən.
-Nə danışım axı? Sən ali məktəb daxil olmuşdun, cəmi 17 yaşın vardı, hüquqşünas olacaqdın. Ancaq erməni yaraqlıları hər gün kəndlərinizə basqın edirdilər. Hər gün qan-qada, ölüm-itim… Şuşanın, Malıbəylinin, Quşçuların işğalı, Xocalı faciəsi- hamısı ard-arda baş verirdi. Sən təhsil aimağa getmədin, özünümüdafiə dəstəsinin tərkibində Kosalar, Cəmilli kəndlərinin, yaxın ətrafdakı diğər yaşayış məntəqələrinin müdafiəsinə qalxanlardan biri oldun. Həmin gün- son döyüş günü siz ermənilərin 6 gözətçi postunu darmadağın edib Şuşa istiqamətində xeyli irəliləmişdiz. 53 nəfər dığanı cəhənnəmə vasil eləmişdiz. Döyüşçü yoldaşların İlham, Əlövsət, Fərrux, Elxan, Mehman, Şakir… Yadına gəlr onlar? Bağışla, sənin yaddaşın mənəm axı…
-Yaddaşım çox dumanlıdır, ancaq, indi əynindəki paltarı görürəm. Təzədir, toy paltarına oxşayır… deşik-deçikdir, qan ləkələri var hər yerində.
-Sənin son döyüşdəki paltarındı da. Rəhmətlik atan almışdı. Novruz Bayramı ərəfəsində, bir il əvvəl. Sən də dedin ki, mənim bayramım düşmənlərlə döyüşdü, geyindin getdin davaya.
-Atam rəhmətə gedib? Nə vaxt?
-Sənin son döyüşündən bir gün əvvəl. Ermənilər kəndinizə basqın edib 27 nəfəri qətlə yetirəndə.
-Mən onda hardaydım?
-Döyüşürdün. Kəndi mühasirəyə almış yaraqlılarla, mühasirəni yarıb irəliləyirdiz. Qırxızın sıldırımlı qayalarının arasından daha bir dəstə çıxdı, qaranlıq düşənəcən döyüşdüz. Əvvəlcə komandiriniz Tabil, sonra ətrafındakı digər yoldaşların şəhid oldular. Həmin o dığa, Baqrat gizləndiyi yerdən çıxıb avtomatı tuşladı üstünə. Sən yerə yıxılana qədər atdı. Sonra dağlara sükut çökdü.
-Sonra? Sonra necə oldu?
-Baqrat sənin sağ olduğunu görüb, bunu özümüzlə aparacağıq, əzab verib həzz alacağıq, dedi… İndi sən danış, neçə vaxtdır burdasan? Yəni… bayaq dedim də, mən indi baş verənləri görə bilmirəm. Yalnız sənin ruhunun qalan hissəsi ilə birləşəndə, tam bir ruh olanda görə biləcəm hadisələri.
-Qayıt birləş də.
-Bu mümkün deyil. Sən ya tam ölməlisən, ya da dirilməlisən. Ölsən, fəzada, dirilsən, bətnində birləşəcəm ona.
-Mən ölmək istəyirəm, bura düşəndən elə an olmayıb ki, bunu istəməyim. Ancaq bir istəyim də var, torpaqlarımızın azad olunduğu günü görmək istəyim.
-Səni saxlayan da elə bu istəkdir. Ölmüsən, ancaq ölümə məğlub olmursan. Mən də elə bu səbəbdən sərgərdanam. Danış, bu sənin yaddaşının bərpası üçün faydalıdır.
-Mən qismən sağalmışdım. Məni də o biri dustaqlarla birlikdə işləməyə aparırdılar. İşgəncə verə-verə, həzz ala-ala. Soruş ki, haralara aparmırdılar, hansı ağır işləri gördürmürdülər. Gözəl, yaraşıqlı evlərimizi özümüzə sökdürüb daşıtdırırdılar. Ermənistandan, İrandan cürbəcür yük maşınları gəlirdi, əmlakımızı bizə yüklətdirib daşıyırdılar. Eh… Qaçmaq barədə fikirləşirdik. Cəhd eləyənlər də oldu. Onları öldürdülər. Hər bayramlarında bizim birimizi döyüb öldürürdülər. Bir gün mənə də növbə çatdı. Həyətə çıxarıb ağaca bağladılar, başıma dəmir verdə keçirdilər. Həyətdən cibimə yığıb gizli şəkildə kameraya gətirdiyim daşlarla məni vurmağa başladılar, beş-altı metrlikdən. Baqrat, Kotik (bilmirəm öz adı idi, ya ayaması), Baqratın arvadı Marine… hamısı başımı, yəni vedrəni nişan alırdı, danqıltı səsindən beynim silkələnirdi. “Bu türk bu daşlarla bizi öldürüb qaçmaq istəyir”- deyib gülüşürdülər. Əslində, o daşlar qaçmaq planımızın bir hissəsi idi, növbəti işə gedəndə müşayətçilərin gözlərini dələcəkdik o daşlarla… Yenə huşumu itirdim… Sonra yoldaşlarımdan məni ayırıb bu zirzəmiyə atdılar. Başladım burda çürüməyə. Bir gün Baqratdan soruşdum ki, məni niyə öldürmürsüz, dedi ki, sənin üstündə “eksperiment” aparırıq, görək türklər nə qədər tab gətirirlər işgəncələrə… Hərdən məktəbliləri gətirirdilər mənə baxmağa.
-Bəs nə yeyib, nə içirsən?
-Nə bilim, horradan zaddan. Qabaqlarından qalma ətli yeməklərin sür-sümüyündən. Gündə bir dəfə havaya çıxarırdılar, bir şüşə su verirdilər. Bir də ki, hərdən damarıma iynə vururdular. İynəni vuran da Marine idi. Bir dəfə soruşdum, bu nə iynədir, dedi, sən yoluxucu xəstəliyə tutulmusan. Sonra da dişlərini ağardıb dedi ki, “eksperiment” elə budur. Bioloji silahdır, adamı keyləşdirir və tədricən arıqladır, saçlarını, dişlərini tökür. Mən də dedim ki, dişlərimi, dırnaqlarımı çəkib çıxarmısız da, day bu nəyə lazımdır. Hırıldaya-hırıldaya çıxıb getdi.
-İndi sənin neçə yaşın var, neçə ildi burdasan?
-Məndən niyə soruşursan, özün bilmirsən?
-Yox, bayaq dedim axı səbəbini.
-Həəə… yadıma düşdü. Bir dəfə Baqratın otağını təmizləyəndə divarda təqvim gördüm, 2020 yazılmışdı. Hansı ay olduğunu oxuya bilmədim, ermənicə yazılmışdı. 17+28. Hə, elədir? 17 yaşımda bura düşmüşəm, 28 ildir burdayam.
Deməli 45 yaşım var. Ancaq… o vaxtdan neçə gün keçib, yadımda deyil. Neçə gündür ki, məni bayıra çıxarmırlar. Üç gündür ki, yemək də gətirən yoxdur. Suyum da qurtarıb. Yəqin öldüyümü düşünürlər. Sən də ona görə gəlmisən? Düzünü de, mən ölmüşəm?
-Yox, ölsəydin mənnən danışa bilməzdin. Bəlkə əksinə, dirilirsən, ömrünün üçüncü fəsli başlayır?! Hə?..
-Qulaq as, sən də eşidirsən?
-Nəyi?
-Atəş, partlayış səslərini. Yoxsa, dığalar yenə hansısa qələbəni bayram edirlər?!
-Mən eşidə bilmərəm. Nə qədər eyni şeyi təkrar edim sənə? Mən heç nə eşitmirəm, görmürəm. Mənim üçün gecə, gündüz, isti, soyuq yoxdur…
-Atəş səsləri lap yaxından gəlir. Ora bax, gözlükdə işıq şüaları yarandı. Aman Allah, gözlərim qamaşdı! Bu nədir belə, mən görürəm?.. Eyyyy… hara getdin? Ruh!..
Zirzəminin qapısı əcaib bir cırıltı səsi çıxartdı. İçəriyə şığıyan işıq seli onun gözlərini dələrək eyni anda beynini yüz yerdən iynələməyə başladı. Bu dəfə qulağına başqa bir səs gəldi:
-Qardaşlar, bura gəlin, burda kimsə var.

Ardı burada:   Müqəddəs Zəfər: 7-ci hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ONUN BÖYÜK ÜRƏYİ

Tapdıq Əlibəyli – 65
ONUN BÖYÜK ÜRƏYİ

O, dağlar oğludur, təbiət oğludur, bəşər oğludur. Gözlərini dünyaya açanda dağ görüb, gözəllik görüb, saflıq görüb. Göz yaşı kimi dumduru, buz kimi soyuq, büllur bulaqlardan su içib. Təbiətə, saflığa, şəffaflığa vurulub. İllər bir-birini əvəz etdikcə onun ilk sevgi payına – ana sevgisinə yurd sevgisi, təbiət sevgisi, Vətən sevgisi, insanlıq sevgisi də əlavə olunub, bəşər sevgisinə çevrilib. Elə həyatın sirlərini dərk etməyə başladığı yeniyetmə çağlarından onun balaca ürəyi bütün bəşəri sevgilərin yurdu, obası, ocağı, daimi məskəni olub. O, gözəllik vurğunudur, insanlıq vurğunudur, bəşər vurğunudur. O, həmişə yaxşıların yaxşısını axtarır, yaxşıların yaxşısına dəyər verir, hər şeyin, hər kəsin daha yaxşı olmasını arzulayır. Əgər Tanrının yaratdığı gözəl bir çiçək görürsə, ona qulluq edir, daha da böyüməsinə, daha da əsrarəngiz, daha da ətirli olmasına çalışır. Qoy bu gözəlliyi başqaları da görsün, ətrindən feyziyab olsun, deyir…
Bu yaxınlarda “YouTube” -də bir video-çarxa rast gəldim. Mövzu belə idi: “Gözəgörünməz bir zərrə olan atom bu qədər böyük enerjini necə yarada bilir?” Doğru sualdır, deyilmi? Möcüzədir, deyilmi? Bəs yumruq böyda kiçicik bir ürəyin bəşəri sevgisi möcüzə deyilmi?.. Şişirdilmiş müqayisədir? Niyə ki? Məgər atomun parçalanaraq yüksək enerji yaratmasını insan zəkası kəşf etməyibmi?..
O, şairdir, jurnalistdir, pulisistdir… bununla bitdimi? Əlbəttə, yox! O, həm də yorulmaq bilməyən ictimaiyyətçidir, təşkilatçıdır, natiqdir, yaxşıların yaxşısını etmək üçün bilik və bacarığını bütünlüklə ortaya qoyandır. Öz sözləri ilə desək: aydınımızdır.

Onu tanıdığım ilk gündən belə görmüşəm – o, hər yerdədir və hər yerdə öndədir. Təbii ki, söhbət dəyərli dostumuz, bu yaxınlarda mənalı, bəhrəli ömrünün 65 ilini başa vuracaq Tapdıq Əlibəylidən gedir. Qayıdıram yuxarıda söylədiyim fikirlərə aydınlıq gətirməyə. Yaradıcılığı barədə az sonra… Yeri gəlmişkən, o, öz fəaliyyəti və nailiyyətləri barədə danışmağı sevmir. Bu yaxınlarda, bir təsadüf nəticəsində öyrəndim ki, T.Əlibəyli Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafi İctimai Birliyi (#TAİB) İdarə Heyətinin üzvüdür və təşkilatın sayılıb-seçilənlərindəndir. Yenə də yeri gəlmişkən: T.Əlibəyli şair, publisist, tənqidçidir. “Konstitusyia” qəzetinin, “Heyrət” dərgisinin təsisçisi və baş redaktoru, AYB-nin, AJB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Prezident təqaüdçüsüdür. Bu yaxınlarda onun redaktoru olduğu, həkim-şair Hacı Çingiz Ərəblinin dini mövzuda yazdığı, yüksək tərbiyəvi əhəmiyyət yükü daşıyan “Eşqnamə” kitabının təqdimat mərasiminin aparısı kimi yüksək intellekt sahibi olduğunun, güclü yaddaşa, dərin tarixi biliyə və natiqlik qabiliyyətinə malik olduğunun bir daha şahidi oldum.
…Ötən əsrin sonları tariximizə qanlı-qadalı günləri ilə, 1987-ci ildən başlayaraq erməni faşizminin xalqımızın başına gətirdiyi vəhşiliklərlə, “20 Yanvar” faciəsi ilə, “Xocalı Soyqırımı” ilə, torpaqlarımızın işğalı ilə, bir milyondan artıq soydaşlarımızın min illərdən bəri sahib olduqları ev-eşiklərindən, yurd-yuvalarından didərgin salınmaları ilə, yüzlərlə günahsız insanların amansızcasına qətlə yetirilməsi ilə yazıldı. Torpaqlarımız şəhid qanları ilə yuyuldu… Eləcə də bu hadislərin fonunda son iki əsrdə həsrətində olduğumuz müstəqilliyimizi əldə edə bildik. Vətənə, xalqa bütün varlığı ilə bağlı olan, ömrünün cavan, qaynar çağlarını yaşayan Tapdıq Əlibəyli də bu proseslərin – Milli Azadlıq Hərəkatının öncüllərindən biri oldu, qələmi süngüsü oldu, damarlarından axan qanı mürəkkəbi… elə bu ağrılı-acılı hadisələrin axarında həm də “vətəndaş-şair” oldu…
Tapdıq Əlibəyli yaradıcılığı da məhz yuxarıda sadaladığım və sadalaya bilmədiyim digər milli, bəşəri dəyərlərdən bəhrələnib. O, qələmini rəngarəng mövzularda uğurla sınamaqla olduqca məhsuldar bir yaradıcılıq yolu keçib.

Araz ayırsa da o tay, bu taya-
Təbrizli, Bakılı Azərbaycana…
Bu ellər bağlıdır bir kökə, soya,
Əsil-nəcabətim bəlli cahana!-

deyən şair Vətən, millət, ədalət sevgisinin zirvəsində durduğunu bir daha sübut edir. Əslində Arazın bu ayrılıqda heç bir günah sahibi olmadığını hamı bilir. Amma, şair məhz bu məqamı önə çıxarmaqla tariximizə xəyanət edənlərə qarşı savaş açır, etiraz səsini ucaldır. O, Azərbaycanı o taylı bu taylı- bütöv görür, bu bütövlüyün uzaqda olmadığına öz varlığı kimi inanır. Bu yolda qarşımıza həmişə sədd çəkməkdə olan İranın irticaçı rejimini isə cəsarətlə ifşa etməkdən çəkinməyir:

Qəlbdə şeytan, əldə Quran,
“Hay”a həyan olan İran,
Başı duman başda duran
Fətva verir din adından…

İblislər dönüb “dindara”,
Haqq deyən çəkilir dara.
Saçılır tənabdan işıq,
Zülmətdir baxırsan hara…

Birinci Qarabağ savaşı bütün digər vətənpərvər ədiblərimiz kimi Tapdıq Əlibəyli yaradıcılığında da xüsusi bir iz buraxıb. Onun incə, həssas qəlbi o hadisələrə biganə qala biməzdi axı… qalmadı da. Bu baxımdan “Qanına qəltan Xocalı” poemasını qəlbinin süzgəcindən keçirərkən şair hansı hissləri yaşayıb görəsən?!

Dünya “zor dilində” danışır yenə,
Min il də, yüz il də əvvəl beləymiş…
Həqiqət gör necə düşüb düyünə,
Ədalət libasın şər geyinərmiş.

Təəssüf! Çox təəssüf! Ancaq, bu belədir, bu həqiqətin şəffaf, masksız üzüdür. Şair də bunu söyləyir, ürək ağrısı ilə hayqırır. Bu hayqırtı həm də bizi tarixin acı həqiqətlərindən ibrət dərsi almağa səsləyir. “Qalxaq ayağa, toparlanaq, ədalətin libasını şərin murdar simasından qoparaq, onu olduğu kimi- çılpaqlığı ilə aləmə göstərək!”- deyir.

Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki bitməyib son döyüş, savaş.
Xocalı harayı zamanla çağdaş…
Əsrın müsibəti – Xocalı səsi!..

Necə düşünürsünüz? Zamanında belə misralar yaranmasaydı unutqanlıq böhranından yaxa qurtara bilərdikmi?! Xalqımızı müqəddəs zəfərə aparan yollara işıq saçan həm də belə əsərlər olmadımı?.. 44 günlük Vətən müharibəsində yenilməz ordumuzun əldə etdiyi möhtəşəm Zəfərə isə şair belə münasibət bildirir:

Salam, 44 Günlük döyüş Bayrağım!
Şöləndə şanlı yol, Vətən savaşım.
Salam, halal haqqım, Zəfər Bayramım!
Səninlə üzüm ağ, ucadır başım!..

Azadlıq meydanı meydan sulayır,
Düşüb sümüyümə Şuşa havası.
Qələbə diliylə salam söyləyir,
Himnimin səsində şövqü, həvəsi…

Metaforaya, poetik tərənnümün gücünə diqqət edin: “Salam, 44 Günlük döyüş Bayrağım!”. Bəli, 44 günlük xilas savaşında, qeyrət savaşında qəhrəman döyüşçülərimizin Üçrəngli Bayrağımızı necə sevdiklərinin, onun müqəddəsliyinə necə inandıqlarının, bu müqəddəsliyi necə zirvələrə qaldırdıqlarının dəfələrlə şahidi olduq. Budur inam, budur Vətən sevgisi, budur bu sevginin layiqli tərzdə tərənnümü! “Azadlıq meydanda meydan sulayır,”- diqqət etdinizmi? “Meydan”- türk toponimidir, bir çox türk olmayan xalqların da leksikonuna daxil olub. Bizdən, bizim babalarımızın vaxtı ilə hərb meydanında “meydan sulamağından” götürüblər bu sözü. 44 günlük Vətən müharibəsində bu, bir daha təsdiqini tapdı. “Düşüb sümüyümə Şuşa havası.”- nəyə işarədir? “Nooldu Paşinyan, nooldu”?.. “Şuşada rəqs edirdin, “Yallı” gedirdin?!”. Hə?.. Paşinyan, nooldu?

Kimlərə də güvənsən,
Haya hay yox, alış, yan!..
Sən ki oyun sevənsən,
Qol götür-süz, Paşinyan!..

(“İti qovan” havası şeirindən, “Payız çöhrəsində yazdı 44 gün” şeirlər kitabı, Bakı-2021).

“Cücəni payızda sayarlar!”- bunu bizim atalarımız deyib, sizinkilər yox. Siz elə bütün varlığınız boyu “ata” axtarışındasınız… tapmayacaqsınız… Saydıqmı “cücəni”? Kimin əskiyi çıxdı, Paşinyan? Cavabını möhtərəm Ali Baş Komandanımızın “Dəmir yumruq” ilə qoyduğu “!” işarəsi verdi. Bircə ifadə ilə şair görün hansı dərinliklərə baş vurur- poeziyanın əfsanəvi gücü budur.
Təəssüflər olsun ki, müharibə itkisiz olmur, ədaləti qurbansız, şəhidsiz bərpa eləmək olmur. İstər birinci, istər ikinci Qarabağ savaşlarında, istərsə də “atəşkəs” dövründə şəhidlərimiz oldu – analarımız övlad itkisinin ağrısını yaşadılar, bacılarımız dul, övladlarımız atasız böyümək məcburiyyətində qaldılar. Bütün bunlar vətəndaş-şair Tapdıq Əlibəylinin yaradıcılığından yan keçmədi. O, neçə-neçə şəhid qəhrəmanlarımızın həyatlarını, döyüş bölgəsində göstərdikləri şücaətləri öyrənərək gözəl, yaddaqalan, təsirli əsərlər yaratmaqla bir daha öz vətəndaşlığını sübut elədi. Elə bu gün də bu istiqamətdə öz fəaliyyətini davam etdirir, şəhidlərimizin valideynləri, əzizləri ilə tez-tez görüşür, onların dərdlərinə şərik çıxır.. Bu baxımdan Azərbaycanın Milli Qəhrəmanları – general-mayor Polad Həşimova, polkovnik Şükür Həmidova, Mübariz İbrahimova, şəhid Əsəd Əsədliyə, baş leytnant İlqar Zeynalova, şəhid Xaliq Hüseynova, şəhid Asif Abdulova, şəhid Rəfael Nuriyevə, şəhid Mahir Səfərova və başqalarına ithaf etdiyi şeirlər diqqətəlayiqdir.
Şair “Şəhidlərə salam olsun” şeirində şəhidlərimizə olan düşüncə tərzini olduqca səmimi, hamının anlaya biləcəyi və poetik şəkildə ümumiləşdirərək aşağıdakı kimi ifadə edir:

Şəhid- yurdun şah damarı,
Əbədiyyət, cənnət barı…
Haqq sevdalı Tanrı yarı
Şəhidlərə salam olsun!

Tapdıq Əlibəyli lirikası da özəlliyi ilə seçilən, çeşmə kimi şəffaf, həzin bulaq nəğməsi kimi könül oxşayandır:

Mən sahiləm sənsə dəniz,
Ləpələnək əziz-əziz.
Sevgimizlə xoşbəxtik biz,
Sanki şirin bir yuxuyam.

Bəli, bu misralar oxucunu xəyallar aləminə aparır, şipşirin bir yuxunun tərkib hiisəsinə çevirir, “ayılsam, nəyimi isə- əvəzolunmaz bir nəyimi isə itirəcəm” təəssüratı yaradır… ya da ki… təəssüratı yox- qorxusu. Çünki, ayılandan sonra əhvalında yaranan süstlük səni yenidən geriyə- Tapdıq Əlibəyli lirikasının yaratdığı füsunkar aləmə çəkir…

Tapdıq Əlibəyli yaradıcılığı rəngarəngdir, müxtəlif baxış bucağına malikdir, mövzu kasadlığından əziyyət çəkmir. O, dostluğa olan sədaqətini də, təbiət lövhələrinin cazibəsini də qələminin dili ilə söyləyə bilir, sözlərin yaratdığı çalarlarla şəklini çəkə bilir o rəng möcüzələrinin…
Şairin “Facebook” səhifəsində “Özümdən-özümə yol…” başlığı altında yazdığı kiçik bir “hesabat-məqaləsi” diqqətimi çəkdi:

Arıya bax, xumar olub gül üstə,
Fikir sözlə çiçəkləyir dil üstə.
Fəsil-fəsil il gəlirsə il üstə,
Xatirələr – yol yorğunu bir qərib…

Birinci misranı oxuyanda düşünürsən ki, şair gözəl bir təbiət hadisəsinin tablosunu yaradıb. Əslində bu elə belədir, lakin… ikinci misra birincinin daha dərin fəlsəfəsini açıqlayır: “arı gül üstə nə üçün xumar olub?”- sualı yaranır. Əlbəttə, şirə çəkir. Bunun “xumar” olmağa nə dəxli var? “fikir sözlə çiçəkləyir gül üstə”. Sözün fəlsəfəsi güclüdürsə, o, dildən çiçək kimi çıxır. Arının güldən çəkdiyi şirə isə bala çevrilir, ləzzət, qida, məlhəm mənbəyi olur- bir növ, o da çiçəkləyir… Amma bu daimi olmur, il üstünə il gəldikcə həyatın geridə qalan anları xatirəyə çevrilir- yorulur, qəribləşir…

Yarpaq gözəlliyi- baharın hökmü,
Xəzan özəlliyi- yarpaq tökümü…

Bu beytin hər misrası bir fəslin bədii portetidir – desək, yanılmarıq.Təkcə təbiətin yox, həm də insan ömrünün…

Sonda yenə şairin öz deyim tərzinə, öz üslubuna, özünün tövsiyəsinə arxalanaraq öz sözləri ilə deyirəm: “şairlərin yaşı olmur”, dəyərli şair qardaşım! Həmişəki kimi yenə dəyərlilərin dəyərlisi olaraq yaşa, yarat. Uğurlar! Uğurlar! Yenə də uğurlar!

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Tapdıq Əlibəylinin yazıları

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər: 5-ci hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 4-cü hekayə

Kürən təpəsi

              (Müqəddəs Zəfər: 5-ci hekayə)

Qəzənfər ərazidə yeganə salamat qalmış küknar ağacının altında oturub gözlərini məchul bir nöqtəyə zilləmişdi. Onun bu an nə barədə düşündüyünü ayrıd etmək çox çətin idi. Duyğusal adam idi, özü zarafat eləməyi xoşlasa da, “yersiz” zarafatdan tez inciyirdi. İndi gəl baş çıxart, hansı zarafat “yerli”di, hansı “yersiz”. Döyüşçü yoldaşları bunu yaxşı bildiklərindən, onunla zarafat edəndə ehtiyatlı olmağa çalışırdılar. Ancaq, elə məqamlar olurdu ki, zarafatsız ötüşmək olmurdu. Xüsusən də döyüş tapşırığına gedən ərəfələrdə. Əslində, bu elə tapşırıq qabağı nikbinləyə köklənməyin bir üsulu da bu idi. Di gəl…

Bayaqdan kənardan dostuna nəzarət edən Salehin deyəsən səbr kisəsi dolmaqda idi. Axı, Qəzənfər düz 3 saata yaxın idi ki, beləcə səssiz-səmirsiz oturmuşdu. Artıq günəş də yorulub dincini almaq üçün dağların arxasına keçməkdə idi. Belə də olmazdı axı. Bu gecə bəlkə də indiyə qədər yerinə yetirdikləri tapşırıqların ən mühümünün öhtəsindən gəlməli idilər. Hiyləgər bir yanaşma tərzi tapmaq lazım idi.

-Qardaş, görəsən, o yüksəkliyin zirvəsindən haralar görünür?! – Saleh, nəhayət ki, çıxış yolu tapa bildi. Çətini dialoqa başlayana qədər idi, sonra söhbətin axarını tutacaqdı.

-O yüksəkliyin? Sabah sübh tezdən özün görəcəksən.

-İnşallah! Yəqin Zəngilan, Qubadlı, Laçın…

-Yox, elə də yox. O şəhərlərə gedən yollar. Ən əsası isə Araz çayı.

-Araz da görünəcək? Nə gözəl!

-Hə, Arazı görəcəyik. O ki qaldı şəhərlərimizə, onlardan bir şey qalıb ki, görək də. Biz hələ üç ay əvvəl rəhmətlik Orxanla kəşfiyyata gedəndə… çox şeylər görmüşdük. Viranə qoyulmuş kəndlər, qəsəbələr…- sözünün ardını gətirə bilmədi, kövrəldi.

-Hə, qardaş, Allah rəhmət eləsin Orxana. Heyif, qələbəmizi görə bilmədi, heyif. Nə qalıb ey, qələbəmizə, dığaları həssəyə-həssəyə gedirik irəli… deyəsən axı yağacaq. Gör, göyün üzü necə tutulub.

-Yağsa yaxşıdır. Dığalar girəcəklər öz kaftar yuvalarına, nəzarət kameraları da korlaşacaq.

-Orası elədi ey, qardaş, ancaq yağışlı havada əməlyyat aparmaq da çox çətinləşir. Özün bilirsən də buranın palçığı necə olur…

-Olsun də, az döyüşmüşük belə şəraitdə? Qorxan gözə çöp düşər.

-Hə də, yağış bizim xeyrimizə işləyəcək.

-Kürənə də elə belə havada, tapşırıqdan qayıdanda rast gəlmişdik. Rəhmətliklə… Arxa sağ ayağından güllə yarası almışdı. Rəhmətlik götürdü onu qucağına, gətirdi müvəqqəti mövqeləndiyimiz yerə. Dava, dərman… sağaltdı onu.

-Bilirəm, Kürən sizin hər ikinizə də çox bağlanmışdı. Rəhmətliyi ağır vəziyyətdə hospitala yola salanda sanitar maşınının arxasınca düşüb yorulanacan qaçmışdı.

-O, məndən rəhmətlik barədə şad xəbər gözləyir. Mənalı-mənalı gözlərini mənə zilləyəndə az qalır ürəyim yerindən çıxsın. Necə deyim axı ona? Necə?

-Dur gedək, qardaş. Gedək bir az dincələk. Bəlkə bu gecə elə biz də şəhid olacağıq, kim bilir?! Gedəcəyik o müqəddəs yerə- şəhid qardaşlarımızın yanına…

-Ya qismət. Kürən iki gündür yoxa çıxıb, çox narahatam. Görəsən haralardadır, başına bir iş gəlməyib ki?!

-İnşallah, heç nə olmaz. Sabahda, biri gündə gəlib çıxar. Görəsən kimə rast gəlib də.

-Yox, Kürən bir qarın yeməyə bizi satmaz. Nəsə iş var başında…

-Ancaq, çox qəribə adı var ey, Kürən. Belə də ad olar?

-Nəyi qəribədi ki? Kürəndi də, a qağa. Rənginə uyğun da ad qoyub. Sən qəribə adlar görməmisən ey- Kolxoz, Traktor, Moskva, Yanvar…

-Yox bir Fevral… Özü də ki, adı görmürlər, eşidirlər.

-Fevral da var, Mart da, Aprel də… Bir də ki, o adı rəhmətlik özü qoyub ona. Kürən özü də öyrəşib bu ada, başqa adla çağır, görüm üzünə baxacaq. Ay baxdı ha… Sən məndə səhv tutursan, qağa?

-Yoo… Allah eləməsin. Dur gedək, sən bu qağavun canı.

Dialoq burda bitdi. Saleh dostunun qoluna girib onu çadıra apardı.

                                    ——-

Hava proqnozu özünü doğrultmadı. Yağış tez kəsildi, səma da aydınlaşdı. Ay da, ulduzlar da sanki, qəsdən daha parlaq olmuşdular. Bir şey ürəkaçan idi ki, yağış tozu torpağın canına hopdurmuşdu.

Qəzənfərlə Saleh tağşırıq üzrə döyüşçü yoldaşlarından bir saat əvvəl yola çıxmış, düşmənin gözləmədiyi istiqamətdən- minalanmış ərazidən keçərək kiçik təpəciklərin arxasında mövqelənmişdilər. Hər ikisi öz sevimli snayper tüfənlərini, ehtiyat daraqlar və 5 ədəd qumbara götürmüşdülər. Daha ağır silahlar isə arxadan gələn döyüşçü yoldaşlarında idi. Düşmən postu ilə onların arasında 50-60 metr məsafə olardı. Erməni hərbçilərinin hərəkəylərini aydınca görmək olurdu. Onlar səngərdə ora-bura vurnuxur, falisəsiz olaraq projektorun işığını şübhələndikləri istiqamətlərə yönəldir, həmin istiqamətlərə ara-sıra atəş də açırdılar. Sanki, “biz müdafiəmizi möhkəm qurmuşuq”- demək istəyirdilər. Əldə olunan kəşfiyyat məlumatına görə bu posta əlavə qüvvələr də cəlb olunmuşdu.

Nədənsə, tağım komandirinin “hücum” komandası gecikirdi. Adətən o, özü öndə gedir və ilk olaraq da özü atəş açırdı. Bu postun əhəmiyyətini dərk edərək düşmənin ciddi-cəhdlə müqavimət göstərəcəyini bilirdi. Hava zərbələrindən qorunmaq üçün beton istehkamları, səngər və tunelləri, kifayət qədər silah-sursatları vardı. Gündüz bu posta yaxınlaşmaq müşkül məsələ idi.

Qəzənfər ehtiyatla arxaya, döyüş yoldaşlarının gəldiyi tərəfə boylandı. Onlar sürünə-sürünə yaxınlıqdakı xəndəyə yaxınlaşırdılar. Düşmən tərəfdən tez-tez havaya atılan fişənglər ərazini əməllicə işıqlandırırdı. Hərəkəti çətinləşdirən də elə bu idi. Üstəlik projektorun işığı, atılan güllə və minamyot mərmiləri. Qəsdənmi, ya yoxlamaq məqsədiləmi mərmiləri sağa-sola yağdırıdılar. Qəzənfərgilin mövqeləndiyi təpə istiqamətində atılan mərminin biri onun lap yaxınlığına düşdü. Partlayışın dalğası onu havaya qaldırıb gizləndiyi yerdən 2-3 mert kənara atdı. Təpənin torpağı yumşaq olduğundan mərmi bir qədər dərində partlamışdı, qəlpələr ona xəsarət yetirməmişdi. Kürəyi və sümülkəri ağrıyır, qulaqlarında möhkəm gurultu vardı… Özünə gələn kimi tüfəngini axtardı. Tüfəng bir neçə metr kənarda idi. Lakin, həm də düşmənin aydın görə biləcəyi yerdə. Salehi səslədi:

-Saleh, hardasan? Salamatsan?

Salehdən cavab gəlməyəndə başını qaldırıb ətrafa göz gəzdirdi. Sağına, soluna güllələr yağmağa baışladı, onu görmüşdülər. Ancaq Salehi görə bildi. Deyəsən o xəsarət almamışdı. Qəzənfərə nə isə deyirdi. Qəzənfər eşitmədiyini indi dərk etdi.

-Saleh, qardaşım, mən heç nə eşitmirəm, tüfəngim də düşüb odu ey, qabağa. Mənə diqqətlə qulaq as. Dığalar məni gördülər. Məncə, məni vurmaq istəyən snayperçidir. Çalış, onun yerini müəyyənləşdir və gəbərt o itin balasın. Mə də çalışacam ki, tüfəngimi götürüm.

-Kürən…

Yalnız indi Salehin səsini eşitdi.

-Nə? Kürən? Hanı?

-Qabağa bax, qardaş.

Başını qaldırıb qabağa baxdı. Kürən sürətlə ona tərəf qaçırdı, kürəyndə də bağlama vardı.

-Bu nə deməkdi, qardaş? Kürənin kürəyindəki bağlama… olmaya partlayıcıdır?!

-Oxşayır ki, elədir.

Kürən təpənin üstünə çatanda aralarında 3-4 metr məsafə qaldı. O, Qəzənfəri görcək dayandı.

-Kürən…

Kürən gözlərini onun gözlərinə zilləyib baxırdı. Ancaq bu tamam başqa baxış idi. Qəznfərə elə gəldi ki, Kürənin gözlərində yaş düyünlənib. Kürən dönüb geriyə, sonra yenə də Qəzənfərə baxdı. İndi anladı, bu vida baxışıdır…

Saniyələr ötdü, Kürən geriyə dönüb sürətlə gəldiyi istiqamətdə qaşmağa başladı. Ətrafa ani sükut çökdü. Sanki, dığalar çaş-baş qalmışdılar, gözləmədikləri halla qarşılaşmışdılar.

-Saleh, qardaş, diqqətli ol. Onlar vəziyyəti anlayan kimi snayperlə Kürəni vurmağa çalışacaqlar. Qabaqla onları, tap o oğraşı.

Saleh ilk olaraq projektoru vurdu. Qəzənfər cəld qabağıa sıçrayıb tüfəngini götürdü.

-Allaha şükür, tüfəng salamatdır. Qardaş, sən atmağında davam elə.

Salehin ikinci atəşindən sonra yenə ani olaraq sükut yarandı. Bu dəfə pulemyot işə düşdü. Qəzənfər onun yerini asanlıqla müəyyənləşdirə bildi. Onun atəşindən sonra yenə ani sakitlik yarandı. Pulemyot yenidən işə düşdü.

-Saleh, pulemyot…

Saleh bu dəfə pulemyotçu istiqamətində atəş açdı. Qəzənfər isə diqqətlə Kürəni izləyirdi. Onun sürətini yavaşıtdığını, sıçrayışa hazırlaşdığını aydınca hiss etdi. Kürən təkan verib havaya qalxdığı anda “Bağışla məni dostum”- deyib tətiyi çəkdi. Partlayış o qədər güclü oldu ki, dalğası Qəzənfərgiləcən gəlib çatdı. Görünür Kürən mərmilərin saxlanıldığı yerə atılmışdı, çünki, səngərin içində bir-birinin ardınca partlayışlar baş verirdi. Arxadan, döyüşçü yoldaşlarının mövqeləndiyi yerdən də ardıcıl olaraq atəş səsləri gəlirdi. Onların atdığı qumbaraatan mərmiləri də partlaşlara əlavə təkan verirdi. Kapitan Sübhan Cahangirlinin komandası aydın eşidilirdi:

-Qardaşlarım, ardımca! Allahü Əkbər! Haydı, qardaşlarım! Axırına çıxağın bu qaniçənlərin!

                                    ——

…Günəşin şəfəqləri seyrək otların, xirda kolların saçaqlarından sallanan şeh damcılarını parlaq rəngə boymışdı. Ətrafda yalnız səliqə-sahman yaradan əsgərlərin yaratdığı səslər və arabir özlərinin danışıq səsləri eşidilirdi. Saleh daha iki nəfər əsgərlə şəhid olmuş və ağır yaralanmış döyüşçü yoldaşılarını sanitar maşınına qədər aparıb geri qayıdırdı.  Ətrafa göz gəzdirdi, Qəzənfəri görə bilmədi. Kapitana yaxınlaşdı.

-Komandir, Qəzənfəri harasa göndərmisiz?

-Mən yox, özü gedib. Odu ey, o təpənin başındadı, gecə mövqeləndiyiniz yerdə. Kürənin qalıqlarını yığıb apardı basdırmağa. Deyir, o təpənin adını “Kürən Təpəsi” qoyacam. Mən də ki, humanist adamam, neynim, etiraz eləmədim.

-Allah köməyiniz olsun, komandir!

-Bu zirvənin də adını mən qoydum- “Orxan Zirvəsi”. O rəhmətlik kəşfiyyatdan qayıdanda, bax, o yolla qayıdırdıq, düşmən gülləsinə tuş gəldi. Bizim barədə bu posta xəbər veriblərmiş, elə burdan birinci onu snayperlə vurdular. Bir saatdan artıq, bizə dəstək gələnəcən döyüşdük. Dığaların azı on nəfərini cəhənnəmə göndərdik, onlara əlavə dəstək gələnəcən biz buranı tərk elədik. Qəzənfərlə köməkləşib Orxanı apardıq sanitar maşınına qədər. Hə, onu da deyim- bir də gördük ki, Kürən yanımızdadır.  Çox cəsarətli və sadiq idi. Kəşfiyyata gedəndə bizi gizlicə müşayət edirdi. Hərdən köməyimizə də gəlirdi, minalanmış ərazilərə yaxınlaşanda Orxan onu buraxırdı qabağa. Minanı tapıb otururdu yanında, bizi gözləyirdi. Neçə dəfə belə olmuşdu. Orxana çox bağlanmışdı, ancaq ona qulaq asırdı. Rəhmətlik onu çox qabağa getməyə qoymurdu, buralarda gizlənib geri qayıtmağımızı gözləyirdi. Bəlkə də elə bu səbəbdən gəlibmiş buralara- Orxanın yaralandığı yerə, onun iyini almağa, ziyarətə… Dığalar aldadıb tutublarmış yəqin onu. Kürənin xətrini hamımız çox istəyirdik. Ən çox da ki, rəhmətliklə Qəzənfər. Nə isə… Allah Orxan qardaşımıza rəhmət eləsin! Yaxşı yoldaş, yaxşı döyüşçü, yaxşı da zabit idi. Baş leytnant rütbəsini müharibə ərəfəsində almışdı.

-Ruhu şad olsun!

Amin!

-Komandir, siz Allah bağışlayın ey, bir söz də soruşum, sonra gedəcəm Qəzənfər qardaşıma kömək eləməyə. Amma…

-Nə amma?

-Qolunuzdan qan axır ey, yaralanmısız.

-Boş şeydir, qəlpə dəyib. Bu barədə sus. 3 nəfər şəkil kimi cəngavər itirdik, 8 yaralımız var. Bax bu daha ağır yaradır.

-Allah hamısına rəhmət eləsin! Görünür şəhid olmaq hələ ki, bizim qismətimiz deyil.

-Ya qismət. Yaxşı, soruş görüm.

-Komandir, Qəzənfər deyirdi ki, bu yüksəklikdən Araz görünəcək,yəni, görünür…

-Hə, düz deyib, yaxşı baxsan, görərsən. Bir az sağa fırlan.

-Görmürəm axı.

-Bir az da, təxminən 45 dərəcə, Kürən Təpəsinə tərəf.

-45 dərəcə? Komandir, hökmən 45? 44 olmaz?

-44? Rəqəmə bax ey- 44. Yaxşı, olsun 44.

Ardı burada: Müqəddəs Zəfər: 6-cı hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Payıza qoşulub getmə, amandır!

Payıza qoşulub getmə, amandır!
(Əzizə Ağahüseynqızına ithafən)

Ömrünü payıza vəsf eləyən qız,
Payıza qoşulub getmə, amandır!
Baharı vədəsiz gəl, qoyma yalqız,
Payıza qoşulub getmə, amandır!
***
Bahar müjdəsitək dünyaya gələn,
Bahar coşğusuyla sevən, sevilən,
Sən Bahar qızısan, əlində qələm,
Payıza qoşulub getmə, amandır!
***
Payız bəhrəsiylə sevilir, əcəb,
Altun çöhrəsiylə sevilir, əcəb.
Ey Bahar Çiçəyi, səndən nə əcəb?!
Payıza qoşulub getmə, amandır!
***
Baharda bir boşluq yaranar getsən,
Süstlüyə meyxoşluq yaranar getsən.
Xəlildə əyyaşlıq yaranar getsən,
Payıza qoşulub getmə, amandır!
Payıza qoşulub getmə, amandır!
20.04.2026

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər: 4-cü hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 3 -cü hekayə

Qayalıqda tənha ağac

(Müqəddəs Zəfər: 4-cü Hekayə)

            -Ata, ata… qalx ata, işin yarımçıq qalıb… İşini qurtaranda mənə yağlı boya, bir də fırça alarsan. Yaxşı ata? Özü də heç kimlə göndərmə, özün gətir. Yaxşı?

            -Yaxşı mənim mələk balam, özüm gətirəcəm.

            -Söz verirsən? Bax, anam da yanımdadır, o da eşidir.

            -Hə, Turan, mən də şahidəm. Mələk qızımızın sözünü yerə salma, yoxsa…

            -Yoxsa nə? İnciyərsən? Yox gözəlim, mən buna imkan vermərəm… nə də dözə bilmərəm…

            -Mənim mərd balam! Qalx, get vədinə əməl elə!

            -Ana, sənsən? Nə qəribə geyimdəsən? Saçların rəngində…

            -Burda hamı belə geyinir, mənim balam. Qalx igidim, işini sona çatdır!

            -Qalxa bilmirəm ana…

            -Ata… qalx da… fırça, boya yadından çıxmasın haa…

            -Neynirsən onları qızım?

            -Şuşa Qalasının şəklini çəkəcəm.

            -Şuşa Qalasının? Sən Şuşanı görmüsən ki, mələk qızım?

            -Həə, görürəm, indi görürəm. Qan içindədir… karandaşla cizgilərini də çəkmişəm… sən də ordasan…

            -Göstər görüm! Bəs o səmadakılar nədir? Heç quşa oxşamırlar…

            -Quş deyillər, ata. Onların ürəyi dəmirdəndir, qanadlarında ölüm daşıyırlar… Sən öz işini sona çatdır ki, onlar da yenidən quşa çevrilsinlər… qalx ata!

            -Qalx Turan! Qalx, mənim həyatım!

            -Qalx oğlum! Qalx igidim! Yoldaşlarını darda qoyma… sən onların son ümidisən…

            -Hara gedirsiniz? Ana! Məni də gözlə!

            -Yox! Sənin üçün bura gəlmək hələ tezdir. İşini başa çatdır…

            -Ana… Aysel… Mələk…

            … Əlli cürə səsin qarışığından beyni az qalırdı ki, parça-parça olsun. Özündən ixtiyarsız olaraq əlləri ilə başını var gücü ilə sıxırdı… Sıxdı, sıxdı və birdən bərkdən, lap bərkdən bağıraraq gözlərini açdı. Səsi qayalara çırpılıb qulaqlarına dolanda ayıldı. Başının üstündən Şuşa Qalasına tərəf uçan raketlər sanki mərmilərlə bəhsə girmişdilər… Onu ayılmağa sövq edən hansı qüvvə idi? Doğmalarının çağırışı, başı üzərindən sürətlə uçan mərmilərin, ya qulaqlarının uğultusu, yoxsa?… yoxsa öz bağırtısı, qəlbinin hayqırtısı?…

            Nə olmuşdu, necə olmuşdu, indi o hardadır, niyə belə taqətsiz şəkildə uzanıb, onu saxlayan nədir, niyə qolları havadadır?… Əlləri salamat idi, ilk olaraq bunu dəqiqləşdirə bildi- əllərini yuxarıya qaldırıb öz gözləri ilə gördü. Bədəni, ayaqları daş kimi idi, keyimişdi. Təkcə sağ dabanında küt ağrını hiss edirdi. Yadına düşdü: onu güclü partlayışın dalğası geriyə tullayanda sağ dabanı nəyəsə ilişmişdi… bir də ki, havada uçduğu yadına düşdü… arxası üstə uçurdu… sonra… şaqqıltı səsi… onu kimsə qucağına alıb yuxarıya tulladı, yenidən qucağına aldı. Bu qucaq anasının qucağına həm bənzəyirdi, həm də yox- həm yumşaq idi, həm də yox… sonrası yadında deyildi… Sağ ayağı sallaq vəziyyətdə idi, sol ayağı nəyəsə ilişmişdi, başının üzərində nə isə yellənirdi. Bu ağac budağı deyildimi?! Budağı yana itələyib başına qaldırmağa cəhd elədi, başı çox ağır idi, 27 il çiyinləri üzərində şəstlə gəzdirdiyi başından çox-çox ağır idi. Lap zindan da olsa qaldırmalı idi, qaldıracaqdı, nəyin bahasına olursa olsun qaldırmalı idi ki, ətrafı müşahidə edə bilsin. Əllərini qabağa uzadıb başqa bir budaq tapdı, ondan bərk-bərk tutub özünə tərəf dartdı. İlk gözünə görünən qayalıq oldu- o, qayalıqdan asılı vəziyyətdə qalmışdı… Çətinliklə də olsa, oturaq vəziyyəti ala bildi. Ətrafa boylandı, ehtimalı tam təsdiqini tapdı- qayalıqdan sallanan bu ağac onu parça- parça olmaqdan xilas etmişdi. Bir neçə saat ərzində cəhənnəmə göndərdikləri onlarla ermənilərin leşlərindən fərqli olaraq onun cəsədinin qalıqları qurda-quşa qismət olmamışdı- Yaradana çox şükür! Bəs bu nə ağacı idi, belə şəraitsiz yerdə, qayaların şahlıq elədiyi bir məkanda necə bitib böyüyə bilmişdi? Gövdəsi Turanın biləyi qalınlığında olan bu ağac onun ağırlığına necə tab gətirmişdi?… Yulğun ağacının möhkəm və elastik olduğunu bilirdi. Rəhmətlik anasının yun çubuğu yulğun ağacının nazik budağından hazırlanmışdı. Bəs bu ağac?… özü də iynəyarpaqlı. Əgər meşə ağacı idisə, tikanları olmalı idi. Elə tikanlar ki, Turanın zirehli jiletinin metal lövhələri arasından da olsa özünə yol açıb onun bədənini deşməyə qadir tikanlar… Müvazinətini düzəldib qayalara tərəf irəlilədi. Daşlardan tuta-tuta yuxarıya qalxdı. Yolun kənarında dabanını zədələmiş daşı tanıya bildi. Çəkməsinin daban hissəsində daşın izi, daşın baş hissəsində isə çəkmənin izi qalmışdı. Snayper tüfəngi də daşa söykənib sahibini gözləyirdi. Sanki Turan özü söykəmişdi. Bilirdi ki, tüfəngdə güllə yoxdur. Elə bu səbəbdən də yola çıxmışdı- erməni leşlərinin ətrafında sahibsiz qalan silahlardan ən azı birini götürmək üçün. Lakin yaxınlıqda partlayan mərmi buna imkan verməmişdi… Yadına düşdü ki, mərmi Qismətin mövqeləndiyi yerin lap yaxınlığında partlayıb. Dərhal yolu keçib Qisməti axtarmaq istədi. Lakin Xankəndi istiqamətindən gələn tankın üstündən başına yağdırılan pulemyot güllələri buna imkan vermədi. Cəld bayaq ona badalaq atmış həmin daşın arxasına uzandı, daş indi onun xilaskarına çevrildi. Əlini kitelinin ürəyinin üstündəki cibinə saldı. Hər ehtimala qarşı saxladığı sonuncu güllə yerində idi. Döyüş yoldaşları hamısı belə edirdi, hələ üstünə ad və soyadlarının baş hərflərini də həkk edirdilər- hər ehtimala qarşı… Düşmən onu görmüşdümü, aydınlaşdırmaq mümkün deyildi, çünki, o, güllələri yol boyu sağa-sola səpələyirdi. Turanın isə yalnız bir dəfə atəş açmaq şansı vardı, yalnız bir dəfə… Güllə dığanın alnının ortasından dəydi, pulemyot dərhal susdu. Tank irəliləməkdə davam edirdi. Turan fürsətdən istifadə edib badi yoldaşının mövqeləndiyi yerə tələsdi. Lakin, gördüyü mənzərədən çox sarsıldı- Qismət şəhid olmuşdu, onun qumbaraatanı da bu səbəbdən susurdu…

            -Qardaş! Niyə belə etdin, qardaş? Axı biz söz vermişdik- Cıdır düzündə, İsa bulağının qarşısında, Gövhər Ağa məscidində namaz qılıb önündə… şəkil çəkdirəcəydik… döyüşçü yoldaşlarımızla sənin toyuna gələcydik. Qardaş! Niyə əhdinə vəfasız çıxdın?…

            …Tank yaxınlaşmaqda davam edirdi. Qismətin cəsədini arxası üstə yerə uzatdı, öz jiletini çıxarıb onun üstünə sərdi, bir ucu ilə üzünü örtdü. Qumbaraatanı götürüb yola çıxdı.

            -Gəlin alçaqlar, görün qardaşlarımın qisasını sizdən necə alıram.

            Bir qədər əvvəl Qismətin vurduğu, hələ də tüstülənən tank yolu bağlamışdı. Barıt iyi, yanmış cəsdlərin iyi bir-birinə qarışmışdı. Xankəndidən üzü yoxuşa, Şuşa istiqamətində qalxan asfalt yol  belə cəsədlərin və alovlanan hərbi texnikaların aqibətinə şahidlik edirdi… Bu, yəqin ki, ermənilərin son həmləsi idi.

            Turan bayaq arxasında uzandığı daşın yanında dayanmışdı, qumbaraatanı tanka tərəf tuşlayıb onun məhz tüstülənən tanka yanaşmasını gözləyirdi. Tank da elə həmin yerdə, Turanın istədiyi yerdə dayanıb lüləsini onun istiqamətinə yönəltmişdi. Mərmilər hər iki lülədən eyni anda çıxdı. İki mərmi qarşı-qarşıya uçurdu. Yolda bir-birlərinə tuş gələcək, ya yandan ötüb məqsədlərinə doğru irəliləyəcəkdilər? Hansı daha sürətli idi, ünvana daha tez çatacaqdı?…

            Turan qumbaratanı qayalıqdan aşağı tullayıb özü də ardınca atılmışdı. Bu dəfə könüllü olaraq qayqlıqdan sallanan bayaqkı xilaskarına pənah aparırdı. İldırım sürətilə üstünə uçan mərmi buna imkan verəcəkdimi? Yol kənarındakı kollardan, üzü aşağı qaya daşlarından, uçurumun sonundakı ağacların budaqlarından sallanan, hələ qanları axan cəsədlərə, ya da ki, cəsəd qalıqlarına bənzər bir hala düşəcəkdimi? Əgər bütün bunlar heç biri baş verməsydi, bayaqkı ağac, həmin ağac, qayalıqda bitmiş o tənha ağac yenə də onun xilaskarına çevriləcəkdimi?!..

            Turan son dəfə üzünü çevirib qala divarlarına tərəf boylana bildi. Bu o qədər ani bir zaman kəsiyində baş verdi ki, heç ən müasir elktron cihazlar belə həmin anın yaratdığı aydınlığı yaddaşında əks etdirməyə macal tapmazdı. Qala divarlarının başı üzərində səma tər-təmiz idi, daha o istiqamətdə dəmir  ölüm quşları görünmürdü. Əks tərəfdə bir tank qülləsi alov donuna bürünüb uçuruma doğru yuvarlanırdı. Turan isə, hansı səbəbdənsə, qayalığı özünə yurd eləmiş o tənha ağaca pənah aparırdı…

Ardı burada: Müqəddəs Zəfər: 5-ci hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I