Etiket arxivi: Müqəddəs Zəfər

Xəlil Mirzə  – Seçilmiş

“Müqəddəs zəfər” silsiləsindən

                                                SEÇİLMİŞ

                                                 (povest)

PROLOQ        

            İnsan dünyaya göz açdığı andan ta ki ömrünün son anına qədər bir şəxsiyyət olaraq uzun bir püxtələşmə prosesi keçir. Bütün ömrü boyu onu Tanrının bəxş etdiyi hisslər müşayiət edir. Onun gündəlik həyat tərzinin ayrılmaz hissəsi kimi təzahür edir. Bunlar: görmə, eşitmə, qoxu duyumu, dadbilmə, qorxu, həyəcan, sevinc, darıxma, küsmə, isti və soyuğu duymaq, keyfiyyət duyumu ( yəni pis və yaxşını ayırıd edə bilmək qabiliyyəti), ağrı duyumu, tərəddüd hissi və sairə. Görmə, eşitmə, dadbilmə, ağrıbilmə, temperatur fərqinin duyumu kimi hissləri biz görmə, eşitmə, dadbilmə orqanlarımız, yəni: gözümüz, qulağımız, dilimiz, həmçinin əzələlərimiz vasitəsilə qəbul edirik. Sadaladığımız və hazırki dönəmdə unutduğumuz digər hisslər isə həm duyğu orqanlarımız vasitəsilə qəbul etdiyimiz siqnalların, həm də təxəyyülümüzün məhsulu olaraq meydana çıxa bilir. Əslində bu olduqca uzun və oxucu üçün lazımsız, yorucu, hətta zəhlətökən sayıla bilən bir mövzudur. Lakin bəzən elə mürəkkəb məqamlarla rastlaşmaq mümkündür ki, həmin an real gerçəkliyi təsvir etmək naminə köməkçi vasitələrdən istifadə etmək zərurətə çevrilir. Məhz bu səbəbdən bu anda, əsas mövzuya giriş etməzdən öncə, yuxarıda sadaladığımız insani hisslərdən biri (əslində bunu bütün canlılara aid etmək daha doğru olardı), tərəddüd hissi haqqında az da olsa, anlayış yaratmağa ehtiyac vardır…

            Tərəddüd insanın düşüncəsinə, duyğusuna, hətta təfəkkürünə ayrı-ayrı  zaman kəsiklərində nüfuz etməyi bacaran, müəyyən anlarda onun iradəsinə hakim kəsilən, bəzi hallarda onu böyük bəlalardan qoruyan, bəzi hallarda onu uçuruma sürükləyən qəribə bir hissdir. Bu hissin nə zaman, hansı məqam və məkanda, insan həyatının hansı mərhələsində, hansı baş verə biləcik fəlakətdən, yaxud hansı qəbul edilə biləcək çox mühüm, bəlkə də insan həyatı üçün ən mühüm qərardan öncə yaranması, hadisələrin sonrakı inkişafına necə təsir edə biləcəyi bir çox amıllərdən mütləq şəkildə asılıdır. Bu amillərdən ən mühümü və ən mühümlərdən ən birincisi, çox güman ki, formalaşmaqda olan, yaxud da ki, artıq mümkün olduğu qədər formalaşmış, yaxud da bundan o yana formalaşması mümkün olmayan insanın şəxsiyyət amilidir.

Nə vədə sövq eləyər insanı imdada, tərəddüd?

Nə vədə şəkk gətirər cümlədə, imlada, tərəddüd?

Güc alıb şübhə ilə qorxunun əlbir marağından,

Sədd çəkər  yollarına  ammada, əmmada, tərəddüd.

İnsan adlandırdığımız bu varlıq (yəni, biz və ya bizlərdən biri) dünyaya göz açdığı gündən ta ki ömrünə Tanrı fitvası ilə xitam verilən ana qədər kamilləşmə prosesini keçməklə, yəni həyatın kamilləşmə dərsini mənimsəməklə məşğul olur.  O, hər cürə bər-bəzəkli elmi və ruhani adlardan və dərəcələrdən, rütbələrdən, insanın özündən uydurub qoşduğu, şöhrətgətirici hər nə varsa, hamısından yüksəkdə dayanan bu Tanrı vergisini ömrünün hansı anına qədər və nə dərəcədə mənimsəyə bilirsə, o qədər də saf olur, o qədər də Tanrı sevgisinə yaxın olur, o qədər də Tanrı diqqətinə və qayğısına ümudli olur. Ancaq insan sona qədər, tamam-kamal, mükəmməl dərəcədə kamilləşə bilirmi? Buna ömrü, hövsələsi çatırmı, buna nəfsi imkan verirmi? Nə qədər, nə dərəcədə? Addımbaşı rastlaşdığı maneə və baryerləri aşmağa qüdrəti, qüvvəti, dəyanəti və cəsarəti bəslik edirmi?

            Bir məqam da yetişər ki, pis əməldən çəkindirər,

Yol açar mərhəmətə həm qəliz, həm sadə, tərəddüd.

Ya da ki, dolar canına, nüfuz edər qərarına,

Azdırar yoldan səni tam yenı simada, tərəddüd.

Bu gün biz “tərəddüd” adlandırdığımız bir hissin insan vücuduna nüfuz etmə məqamlarından danışırıq. O hissdən ki, nə qorxu deyil, nə şübhə, nə kin, nə nifrət, nə hədsiz məhəbbət… Nə də bu hisslərin qarışığı, toplumu deyil. Ya da elə hamısıdır, ya da bunu ayırıd etmək sadəcə və sadəcə mümkün deyil- həddən ziyada mürəkkəb olduğu səbəbindən… Bu hissin elə bir anı, məqamı var ki, onun təsiri özün üçün deyil- daha müqəddəs sandığın, daha ucalıqda dayanan maddi və qeyri-maddi varlıq və ya varlıqlar üçün təhlükə anı, yaxud əksinə- şərəf anı kimi anlaşıla bilir…

 Bu gün biz tərəddüd hissinin “tərifini” verməyə çalışırıq. Dəqiq elmlərdə olduğu kimi: “Cisim nədir?”. Ya da ki, elə qeyri-dəqiq, humanitar sayılan elmlərdə olduğu kimi: “”Vətən” anlayışı nədir?”…

            …İlk dəfə bu təklifi eşidəndə az qala beyninə qan sızacaqdı, ürəyi sinəsini parım-parça edib pırtlayacaqdı,  mərmi kimi partlayıb ətrafa qəlpə səpələyəcəkdi. Üç gün, üç gecə özünə gələ bilməmişdi, sərsəm adamlar kimi davranışlarına sahib çıxa bilməmişdi, insanlarla ünsiyyətdən qaçmışdı. Gündəlik mütaliələrin, məşqlərin… hər şeyin daşını atmışdı. Telefonuna da zəng çatmırdı- söndürmüşdü. İşə də getmirdi, hər kəs onun xəstələndiyini düşünürdü. Onun bu halını görən Səadət ananın da az qalırdı bağrı çatlasıın- oğlu qəflətən belə hala düşməsinin sirrini ona da açmırdı.

            …Nəhayət, üçüncü günün tamamında Səadət ana oğlunun boynunu qucaqlayıb hönkür-hönkür ağlayandan sonra,  dünyasının varlığının yeganə səbəbkarı saydığı anasına belə ağır üzüntü verdiyinin xəcalətinə özü də dözməmişdi- nə baş verdiyini anasına söyləmişdi. Səadət ananın göz yaşları Qarqarın o fevral gecəsindəki donlu-qanlı suları kimi yanaqlarından selə dönüb oğlunun da yanaqlarını özününkünə bərabər eləmişdi. Ancaq dondurmamışdı, o gecənin şaxta bıçağı kimi  doğram-doğram eləməmişdi, odlayıb-yandırmışdı… Ağlayıb, yorulub, sakitləşəndən sonra oğluna: “Get polkovnikin yanına, qoy bu seçimin səbəbini izah eləsin. Əgər tutarlı dəlillərlə məsələyə aydınlıq gətirə bilsə, onda əmrə müntəzir olmaq, verilən tapşırığı bütün varlığınla icra eləmək sənin boynunun borcudur,”- demişdi. Bir də onu demişdi ki: “Alın yazısından qaçmaq olmaz. Bizimki də belə gətirib, bala. Sənin adını rəhmətlik atanın vəsiyyətilə Əsgər qoymuşam. Analar dözümlü olur, dözərəm, oturub Allahıma yalvara-yalvara bütün dualarımı səninçün edərəm, yolunu gözləyərəm. Get komandirinin yanına, mənim əsgər balam.” Anasının hər bir öyüdünü müqəddəs Quran ayəsi kimi dəyərləndirən oğlu onun göz yaşlarını silib, yanaqlarını qupquru eləyəndən sonra əllərindən öpüb getmişdi.

            Ölümün qorxusunu ağlının ucuna gətirməyi belə şərəfsizlik kimi qəbul edən Əsgər də, döyüşçü qardaşları da ölümü “şəhadət zirvəsinə yüksəlmək” kimi dəyərləndirir, o anın həyatlarının ən müqəddəs anı olacağını düşünürdülər. Ancaq sadəcə, “getdim, şəhid oldum” düşüncəsi də onların təfəkkürünə yad idi. Torpaqlarımızı bütünlüklə işğalçı qaniçənlərdən təmizləmək, axırıncı dığanı belə ya yerindəcə məhv etmək, ya da iti  qovan kimi qovub çıxarmaq idi onların ən ümdə arzusu. Bu, sadəcə onlara illərlə aşılanan şüar kimi qəbul oluna bilməzdi, qətiyyən. Bu, onların həyat amalı idi. Onlar məhz bu müqəddəs borcun yerinə yetirilməsi üçün dünyaya gəldiklərini düşünürdülər. Dəfələrlə bunu sübut eləmişdilər də. Dəfələrlə ölümlə əlbəyaxa olmuş, verilən döyüş tapşırığını sona qədər və şərəflə yerinə yetirmişdilər. Dəfələrlə düşmənin dərinliklərinə sızmaqla onlara əsl cəhənnəm yaşatmışdılar. Hər dəfə düşmənin 25-30 nəfər (bəzən daha çox) canlı qüvvəsini məhv etmiş, bahalı döyüş texnikalarının külünü göyə sovurmuş, müşahidə məntəqələrini, postlarını darmadağın etmiş, hərbi hissələrinə sarsıdıcı zərbələr endirmişdilər. Hətta bir dəfə növbəti tapşırığı yerinə yetirməyə gedərkən düşmənin diversiya qrupu ilə üzləşmiş, sayca onlardan iki dəfə çox olan xüsusi təyinatlı hesab olunan dığaları qanına qəltan etdikdən sonra yollarına davam etmişdilər. Tapşırığı yerinə yetirib geri qayıdarkən mühasirəyə düşmüş, iki saatdan artıq davam edən əlbəyaxa döyüşdən qalib çıxmışdılar. Buna səbəb isə Əsgərin və döyüşçü qardaşlarının şücaəti, onun mükəmməl komandir bacarığı olmuşdu. Döyüşçülərinə yaralıları da götürüb döyüş bölgəsini tərk etmək əmri vermiş, özü isə ələ keçirdikləri düşmən səngərində qalaraq onların mühafizəsini təşkil etmişdi. Axırıncı gülləsi ilə sağ qalmış iki dığanın birinin peysərini dağıdandan sonra o birinin üzərinə atılmış, təpiklə vurub çənə sümüyünü sındırmaqla ağzı üstə nəm torpağa uzatmış, ona torpaq yedizdirmişdi. Daha sonra leş dığanın çantasından tapdığı kəndirlə əsir dığanın  qollarını arxadan bağlamış, əsir dığanın öz cibindən tapdığı fırtıqlı dəsmalı ağzına basıb onu lal eləmiş, qaranlıq düşənəcən gözləmişdi. Qaranlıq düşən kimi dığanı qabağına qatıb başına qapaz, künəsinə təpik vura-vura, kürəyindən də həmin dığanın əlindən qamarlayıb aldığı avtomatın lüləsi ilə itələyə-itələyə öz mövqelərinə qayıtmışdı. Minalanmış sahədən keçəndə dığanın öz əli ilə basdırdığı minaları (boynunun ardına qapaz vura-vura boynun üstünə qoydurmuşdu) özünə çıxartdırıb ehtiyatla çantasına doldurmuşdu. Döyüşçü yoldaşları Əsgərin ya ağır yaralı, ya da şəhid olduğunu güman etdikləri üçün onun xilasına tələsdikləri anda yolda qarşılaşmışdılar. O anın sevincini təsvir etməyin acizliyini yaşamaq çox üzücü də olsa, təsəvvür etməyin ləzzətini yaşamaq daha çox qürurvericidir… Dığanı təhvil verəndən sonra korpus komandiri ona: “Halal olsun sənə- qisas hissini öz içində boğmağa güc tapıb lazımi ana saxlamağı bacardığın üçün, bu soysuzu aymalayıb -boğazlamadığın üçün! Bu sınaqdan da uğurla çıxdın!”- deyəndə, ifadədə olan mənanın dərinliyinə varmamış, əsgəri borcunu yerinə yetirdiyini düşündüyündən “hansı sınaqdan?”- sualını verməmişdi.

            Məxfi idarənin rəisi, polkovnik Cəfər Kərimli Əsgəri qayğıyla qarşılamış, son günlər onun xidmətdən kənarlaşdırılması barədə rəhbərlikdə fikir formalaşdığı barədə bir söz demədən oturdub ətraflı izahat vermişdi…

                                                             I FƏSİL

2018-ci il Iyul ayının 5-i, saat 9 tamam… Adi yay səhərlərindən biri idi… Şəhərdə həyat qaynayırdı. Havanın bu gün də isti olcağı hiss olunurdu. Belə günlərdə şəhər sakinləri çöl-bayır işlərini günqızana qədər yerbəyer etməyə çalışırdılar. Ancaq elə peşə sahibləri də var ki, onları nə isti qorxudur, nə soyuq, nə də hər gün qarşılaşdıqları çətinliklər. Onlar ilin, ayın, günün istənilən vaxtında, harada, hansı şəraitdə olmalarından asılı olmayaraq öz xidməti vəzifələrini yerinə yetirən Vətən övladlarıdır…

Məxfi İdarənin rəisi polkovnik Cəfər Kərimli xidməti kabinetində var-gəl edirdi. O, çox qayğılı görünür, tez-tez gah xidməti telefona, gah da divardakı saata baxırdı. Kimi isə, yaxud kimləri isə səbrsizliklə gözlədiyi aydın hiss olunurdu. Bayaqdan divanda əyləşib bu mənzərəni seyr edən professor Sabir Göyçəli ona müraciət edərək: “Cənab polkovnik, bu qədər narahat olmayın, hələ vaxta var. Siz axı onları saat 9.30-a dəvət etmisiniz. Elə məni də. Mən yaxında yaşadığım üçün birbaşa buraya gəldim”,- dedi və divandan qalxaraq ona yanaşdı. Sonra zarafatla əlavə etdi:

-Qardaş, heç mənə çay da təklif etmirsiniz. Belə də qonaqpərvərlik olar?

Kərimli sanki yuxudan oyandı, çiyinlərini çəkərək günahkarcasına professora baxdı. Gözlərini divar saatından çəkmədən cavab verdi:

-Sabir müəllim, siz Allah, məni bağışlayın. Elə bil ki, zaman dayanıb, uşaqlara görə çox narahatam. Onlara verliən tapşırıq çox mühüm və həssasdır. Kiçicik bir ehtiyatsızlıq sizli-bizli bu günə qədər çəkdiyimiz bütün əziyyəti mənasız edə bilər. Hər şeyi yenidən başlamağa isə zamanımız yoxdur… Zənnimcə, Cəmilə xanımın çayı artıq hazır olar.

Sonra xidməti stola yaxınlaşıb selektorun düyməsini basdı:

-Cəmilə, qızım, bizə çay verərsən?

Selektordan köməkçinin səsi gəldi:

-Hazırdır cənab polkovnik, bu dəqiqə gətirirəm. Dəvət olunan qonağımız da, zabitlər də gəliblər.

-Dəvət elə otağa. Qızım, qonağı da gözlədərlər?

-Elə indicə gəliblər,- deyə  köməkçi cavab verdi.

Qapı açıldı, hərbi geyimli Cəmilə və digərləri göründülər.

-Gəlin,- deyə polkovnik səsləndi.

Əvvəlcə Cəmilə daxil olaraq kənara çəkildi və qonağa yol göstərdi:

-Buyurun.

Libasından ərəb olduğu zənn edilən, ortaboylu, 50-55 yaşlarında qarabuğdayı bur kişi otağa daxil oldu. Polkovnik qollarını açaraq ona tərəf irəlilədi:

-Əziz dostum, xoş gəlib, səfa gətirmisiniz.

Onlar mehribancasına görüşüb qucaqlaşdılar. Sonra polkovnik Sabir müəllimi qonağa göstərərək:

-Tanış olun, bizim sevimli professorumuz, Dillər Universitetinin kafedra müdiri, Sabir müəllim.

Sabir müəllim də qonağa yaxınlaşaraq mehribancasına onun əlini sıxdı və divana dəvət etdi. Hər ikisi keçib əyləşdi. Daha sonra biri xanım olmaqla üç nəfər gənc zabit daxil oldu. Hərbi qaydada salam verib gəldikləri barədə raport verdilər. Polkovnik onlara “azad” komandası verdikdən sonra hər birinin əlini sıxdı və masaya dəvət etdi. Zabitlər keçib göstərilən yerdə əyləşdilər. Bu dəfə polkovnik qonağa tərəf döndü, zabitlərə işarə edərək təbəssümlə soruşdu:

-Hə, Əbdül xoca, sizcə, bu cavanlardan hansı ilə Suriyaya gedəcəksiniz?

-Nə deyim, abi. Məncə, hər üçü ilə. Ancaq güman edirəm ki, zabit qızımızın bu işdə başqa tapşırığı var. Qaldı bu oğlanlar… elə hər ikisi əsl igidə bənzəyir.

-Bağışlayın, tapa bilmədim, – deyə Əbdül xoca cavab verdi.

-Düz də edirsiniz,- deyə professor söhbətə qarışdı, -bu gənclərin hər biri ən mühüm tapşırığı yerinə yetirməyə qadirdir.

Polkovnik mənalı-mənalı qonağa baxdı. Qonaq çiyinlərini çəkərək sanki günahkar olduğunu etiraf etdi. Professor yenə söhbətə qarışdı:

-Bu gənclərin üçü də bizim Universitetin məzunudur. Ən yaxşılarımızdandırlar. Hər biri bir neçə əcnəbi dil bilir. O ki qaldı onların digər bacarıqlarına, o barədə cənab polkovnik özü danışsa, daha yaxşı olar.

Nəhayət ki, polkovnik özü də keçib kreslosunda əyləşdi:

-Mən qısaca olaraq onu deyə bilərəm ki, bunlar oddan-alovdan keçmiş, döyüş təcrübəsi olan igidlərdir. XTQ-nin fəxrləridir. Bu tapşırığın yerinə yetirilməsində hər birinin öz məsuliyyəti var. Artıq onlar tapşırığın birinci hissəsini icra ediblər. Bu nədən ibarət idi, gəlin qrupun rəhbəri mayor Əhməd Ağalını dinləyək. Buyur, mayor.

Mayor ayağa qalxdı, üzünü polkovnikə tərəf çevirərək məruzə etməyə başladı:

-Cənab polkovnik, əmrinizə əsasən biz on büş gün əvvəl Rusiya Federasiyasının Stavropol şəhərinə ezam olunduq. Əvvəlcədən müəyyənləşdirilmiş oteldə yerləşdik və plan üzrə fəaliyyətə başladıq. Arşak Karayanın doğulub – böyüdüyü məhəlləni müşahidə etdik. Onun uşaqlıq, yeniyetmə və gənclik illərindəki fəliyyəti, həyat tərzi ilə bağlı məlumatlar topladıq. Son illərdə ən çox ünsiyyətdə olduğu güman edilən, aralarında isti münasibət olmuş Karina əvvəlcə Kamilə görüşdü. Onu inandıra bildi ki, Arşakla İraq səfirliyində birlikdə işləyiblər. Arşak həmişə Karinanı sevdiyini söyləyirmiş və Vətənə döndükdən sonra ona evlənmək təklifi edəcəkmiş. Lakin əvvəlcə başqa planlarını həyata keçirmək istəyirmiş. Tez-tez “Böyük Ermənistan” uğrunda mübarizə aparanlara qoşulacağını söyləyirmiş. Hətta “Artsax” uğrunda döyüşmək, onun sərhədlərinin daha da böyüməsinə nail olmaq, orada qalıb yaşamaq, Karinanı da oraya aparmaq fikrində olduğunu da söyləyirmiş. Lakin Karinanı heç cürə razı sala bilmirmiş. Bir dəfə Qalinadan (yəni Kamilədən) xahiş edib ki, əgər Stavropola yolu düşsə, Karinanı tapıb Arşakın “Böyük Ermənistan” uğrunda mübarizəyə qoşulduğunu söyləsin. Əvvəlcə çoxlu pul toplayacaq. Sonra İraq, Suriya, Livan və digər bölgə ölkələrində yaşayan soydaşlarından, həmçinin muzdlu döyüşçülərdən ibarət bir ordu yaradıb “Artsax”a gedəcək. Məqsədinə çatana qədər türklərlə vuruşacaq. Səhəri gün Arşak yoxa çıxıb. Sonradan məlum olub ki, o, doğrudan da PKK terror dəstələrinə qoşulub…

-Yaxşı, mayor, sən əyləş. Kamilə, qızım, ardını sən danış, – deyə poklovnik göstəriş verdi.

Mayor “baş üstə” deyib əyləşdi. Baş leytenant Kamilə Murad ayağa qalxdı və məruzə etməyə başladı:

-Cənab polkovnik, mən təlimata uyğun olaraq Karinanın müəllim işlədiyi məktəbə getdim. O, işdən çıxıb evə gedərkən yaxınlaşıb tanışlıq verdim. Arşakın xahişi ilə onu axtardığımı söylədim. O, Arşak haqqında heç bir söz eşitmək istəmədiyini söyləsə də, mən təslim olmadım. Çətinliklə də olsa, onu bir neçə dəqiqəliyə məni dinləməyə razı saldım. Arşakın onu və körpə qızını çox sevdiyini söylədim. Karina and-aman elədi ki, qızının artıq üç yaşı var və onun Arşaka heç bir aidiyyatı yoxdur. Qanuni yolla ailə həyatı qurub, qızının bir yaşı olanda həyat yoldaşı avtomobil qəzasında həlak olub. O, qızı İrina ilə sakit və xoşbəxt həyat yaşayır. Mən söhbətarası telefonumda guya Arşakın mənimlə bir yerdə olan şəklini ona göstərdim. Əslində bu şəkildə mənimlə yanaşı dayanan kapitan Əsgər Əfşarlı idi. Karina şəklə diqqətlə baxdı və Arşakın sifət cizgilərinin bir qədər dəyişdiyini, bunun görünür zamanla əlaqədar olduğunu söylədi. Yəni, o şəkildəki adamın Arşak olduğunu təsdiqlədi. O, Arşakın ruhi xəstə olduğunu əminliklə təkrarlayırdı. Arşak ucaboylu, sağlam cüssəli və göyçək olduğu üçün qızları asanlıqla ram edə bilirmiş. Universitetdə çoxları ona “çempion” deyə müraciət edirmiş. Hansısa əlbəyaxa döyüş növü üzrə şəhər birincisi olubmuş. Tez-tez küçə döyüşləri təşkil etməklə, özü də bu döyüşlərin iştirakçısı olmaqla pul qazanırmış. Özündən zəifləri döyməkdən xüsusi zövq alırmış. Bu səbəbdən də dəfələrlə hüquq-mühafizə orqanlarında ifadə vermiş, inzibati məsuliyyətə cəlb edilmiş, təcridxanada saxlanılmışdı.

            Arşak ərəb dili üzrə, Karina isə ingilis dili üzrə təhsil alırmış. Karina universitetə ondan iki il sonra qəbul olunsa da, bəzi tədbirlərdə rastlaşırlarmış. Elə tanışlıqları da belə tədbirlərin birində baş tutmuşdu. Bu tanışlıq tezliklə dostluğa çevrilsə də, onun eqoist xarakteri Karinanın xoşuna gəlmədiyi üçün, bir neçə aydan sonra Arşakla münasibətinə son qoymaq qərarına gəlib. Əsas problemləri də bundan sonra başlayıb. O isə qıza “göz verib işıq vermirniş”. Karinaya deyirmiş ki, “sən mənim ram edə bilmədiyim yeganə qızsan”.

Nəhayət, Arşakın təhsilini başa vururaq hansısa yolla İraq səfirliyinə “təyinat alması” vəziyyəti bir qədər dəyişib. Sonradan bəlli olub ki, o, səfirliyin mühafizə bölməsində xidmət edirmiş. Orada xidmətdə olduğu müddətdə də Karinaya tez-tez zəng edir, ona xoşbəxt gələcək vəd edirmiş. Karina telefon nömrəsini və elektron ünvanını dəyişənə qədər bu hal davam edib. Hətta onun nömrəsini blokladığı halda belə başqa nömrə ilə zəng edirmiş.

Karina Sençenko milliyətcə ukraynalı idi, Stavropolda doğulub – böyümüşdü. Söhbət əsnasında o, Azərbaycana və azərbaycanlılara rəğbət bəslədiyini bildirdi. Hətta sosial şəbəkələrdə azərbaycanlı dostlarının olduğunu da qeyd etdi. Bakıda yaşayan Şəbnəm adlı rəfiqəsinin onu Azərbaycana dəvət etdiyini də söylədi. Karina dəvəti qəbul etsə də, hələlik buna imkan olmadığına təəssüfləndi. Fürsətdən istifadə edib mən də azərbaycanlılarla ünsiyyətdə olduğumu bildirdim… 

Polkovnik bu dəfə özü ayağa qalxdı. Əli ilə Kamiləyə əyləşmək göstərişi verdi. Qonaqların əyləşdiyi divana yaxınlaşdı.

-Professor, çayınızı soyutmayın,-dedi və yenidən Kamiləyə müraciət etdi:

-Ümid edirəm ki, sən onun üçün Qalina Morozova olaraq qalırsan. Bizim əməliyyat üçünsə, hələlik, Karina Sençenko. Qalina o şəhərə nə üçün getmişdi, soruşmadı? Bəs sonra onunla görüşləriniz oldumu?

-Təbii. Qalina QHT rəhbəri kimi Rostov-Don şəhərindən getmişdi və iki həftəlik seminarda iştirak edirdi. Həmin seminara Bakıdan da mütəxəssis dəvət olunmuşdu. “QHT-lərin əhəmiyyəti, yaradılması və idarə olunması” mövzusu üzrə məruzəçi, baş məsləhətçi Əhməd Ağalı. Qalina Karinanı Əhmədlə də tanış etmişdi. Hətta Əhməd onları şam yeməyinə də qonaq etmişdi.

-Mayor, bu qədər uzağa getməyə ehtiyac var idi?- deyə polkovnik bu dəfə Əhmədə sual verdi.

Mayor ayağa qalxdı:

-Cənab polkovnik, mən Arşakın dostu qismində, səfirlikdə birlikdə mühafizə xidmətində işləmişdik, onun son zamanlar məşq etdiyi idman zalına baş çəkdim. Erməniəsilli bir neçə dostu ilə tanış oldum. Onların Arşak yoxa çıxana qədər əlaqədə olduqlarını öyrəndim. Onların insan alveri ilə, bir çox gizli kriminal işlərlə məşğul olmaları barədə məndə ciddi şübhələr yarandı. Hətta orada da Ermənistana silah-sursat göndərmək məqsədi ilə çirkli pulların toplanması barədə məlumat əldə etdim. Əgər biz gələcəkdə Karina variantından istifadə edəcəyiksə, onda nə üçün o, sevgilisi ilə “barışdıqdan” sonra Arşakın dostları ilə təmasda olmasın?

-Hmm…

Polkovnik fikrə getdi:

– Özünü yandıra bilərdin, oğlum. Deməli, sən ehtiyat plandan istifadə etdin?

-Bəli, mən Krasnodar şəhərindən getmişdim, dostumu axtarırdım. Yəni o, xidmətdən sonra evinə qayıdacağını söyləmişdi. Bizim onunla biznes planlarımız var idi. Milliyətim gürcü, ana tərəfdən erməni- Zurab Baramidze, özüm tay-boksinq üzrə məşqçi. Əgər iş dərinə getsəydi, Arşakın dostlarına deyəcəkdim ki, onunla insan alveri ilə məşğul olmağı düşünmüşdük. Ancaq ilk görüşdə bu mövzuya toxunmağı lüzum bilmədim.

-Maraqlı mövzudur. Amma düz eləmisən, əvvəlcə onların etibarını qazanmaq lazımdır. Yaxşı, bunu sonra müzakirə edərik.

Polkovnik sonra yenə Kamiləyə sual verdi:

-Qızım, sonluq necə oldu?

-Karina məni aeroporta qədər ötürmək istəyirdi. Razı olmadım, onun Arşakla görüşü bizim plana daxil deyildi axı. Amma onunla dostluğumuz davam edəcək.

-Düzgün qərar vermisiniz. Günü bu gün Şəbnəm xanımla maraqlanmağa başlayın. Sadəcə məlumat toplayın, başqa heç bir özfəaliyyət olmasın. Sonrasını müzakirə edərik.

-Baş üstə, cənab polkovnik.

-Xocam, zənninizcə, nəhayət, növbə kimə çatdı?- deyə polkovnik Əbdül Kamala müraciət etdi.

-Təbii ki, mənim həmkarım Arşaka, – deyə Əbdül xoca dərhal cavab verdi.

-Tam doğru. Əslində Arşak Türkiyədə təcridxanadadır. Bir qrup PKK terrorçusu ilə Türkiyənin sərhəd kəndlərinə növbəti dəfə basqı edərkən pusquya düşüblər. Hamısı məhv edilib, Arşak isə ağır yaralanıb və onurğa sütunu qırılıb. Əlil arabası ilə hərəkət edə bilir, bir daha ayağa qalxmayacaq. Türkiyəli həmkarlarımız onun verdiyi ifadələri lentə alıb  bizə təqdim ediblər, çox sağ olsunlar. Düşünürəm ki, Arşak barədə sizin kifayət qədər məlumatınız var. Onun əvəzedicisini tapmaq nə qədər çətin oldusa, bu igidi (kapitan Əsgər Əfşarlını göstərdi) yola gətirmək bir o qədər çətin oldu. Sağ olsun, həm seçim etməkdə, həm Əsgəri bu işə razı salmaqda, həm də onun hazırlanmasında Sabir müəllimin əvəzsiz xidməti olmuşdur. Erməni dilini ona şəxsən özü öyrədib. Paralel olaraq müəllim həmkarları onun fransız dili ilə məşğul oldular. Əlbəttə, bu işə qondarma bir Aşotu, nə bilim Kareni də qata bilərdik. Ancaq biz işin çətinindən yapışdıq ki, bu xüsusi hazırlanmış əməliyyatı uğurla icra edə bilək. O ki qaldı bizim bu igidimizə, bunu, yəni o dığanın oxşarını tapmaq, hazırlamaq, təbii ki, xeyli vaxt apardı… Əsgər atasını görməyib. Onun atası Xocalı faciəsi zamanı qəhrəmancasıa şəhid olub. Həmçinin əmisi bütün ailə üzvləri ilə digər qohumlarını da itirib. Faciədən yeddi ay sonra dünyaya gəlib. Çox çətinliklərə sinə gərib və bu gün bizim sıralarımızda ləyaqətlə Vətənə xidmət edir. Ali təhsilini başa vuran kimi sıralarımıza qoşulub. Təbii ki, seçim yolu ilə. Hərbi hazırlığlnı artırmaq üçün müxtəlif kurslara, təlimlərə göndərilib. Həmişə də yüksək gösticiləri ilə seçilib. İki dəfə hərbçilər arasında keçirilən tay-boksinq və bir dəfə cüdo üzrə benəlxalq yarışların qalibi olub. Hərbçilər arasında onun ləqəbi “Şimşək”dir. Bayaq dediyim kimi, oddan-alovdan keçib. Dəfələrə döyüşçü yoldaşları ilə çətin tapşırıları icra edib, düşmən cəbhəsinin dərinliklərinə girməklə onlara ciddi problemlər yaşadıb. Bu oğlanlar (bu dəfə hər iki zabiti göstərdi) kiçik dəstələrlə hərəkət edərək dəfələrlə düşmənin döyüş texnikalarını sıradan çıxarıb, müşahidə məntəqələrini partladıb, özlərini cəhənnəmə vasil ediblər. Elə bu səbəbdən də Əsgər nifrət etdiyi o dığaların arasında olmaq istəmirdi. Əsgəri nə ərəb ölkələrinin isti iqlim şəraiti, nə öyrəşmədiyi qidalar, onların həyat tərzi… heç nə qorxutmurdu. O, dığalarla necə sakit, hətta mehribancasına davranacaqdı? Necə nifrətini boğa biləcəkdi? Biz ona bu işin mahiyyətini izah etməyə çalışdıq, gördüyünüz kimi nəticə var… Bax belə, əzizlərim.

Sonra isə bayaqdan ayaq üstə dayanan Əsgərə müraciət etdi:

-Əsgər, oğlum, sən axı Arşakın evinə də getməli idin, qonşusu Marina Viktorovna ilə görüşməli idin. Danış görüm, görüşünüz  uğurlu alındımı? Arşakın uşaqlıq, gənclik vaxtlarındakı şəkillərindən əldə edə bildinmi, şübhə yaratmadın ki?

-Xeyr, cənab polkovnik. Hər bir hərəkətimiz plan üzrə oldu. Əvvəlcə Əhmədlə Kamilə o məhəllədə kirayə mənzil axtardılar, bu məqsədlə Marina Viktorovna ilə görüşdülər, lazımi məlumatlar əldə etdilər, sonra isə Arşak qəfildən peyda oldu. Artıq xeyli yaşlaşmış, gözləri nurdan düşmüş Marina xala çox sevindi, kövrəldi, Arşakı bağrına basdı… Təbii ki, Arşakın evinin, yəni köhnə və kiçik həyət evinin açarları Marina xalada idi. Onun oğlu Stanislav da arvadı və iki uşağı ilə Saratovdan köçüb anasının yanına gəlmişdilər. Arşakı, yəni məni çətinliklə tanıdı. “ Mən buradan gedəndə sən balaca uşaq idin,”- dedi. Məni şəraba qonaq etdilər. Mən axı, spirtli içki ümumiyyətlə içmirəm. Marina xala “Arkaşa, (o, Arşakı uşaq vaxtından belə çağırarmış) sən bu şərabı çox xoşlayırsan, yadımdan çıxmayıb,”- deyəndə, düşündüm ki, daha imtina etməyə imkan qalmaylb. Məcburiyyət qarşısında qaldım və iki bokal içdim. Hətta şərabı tərif də elədim. Bir-iki bokaldan sonra Marina xala əlimdən tutaraq soruşdu: “Arkaşa, ananı xatırlayırsanmı?”. Əslində mən o sualı gözləyirdim. “Əlbəttə,-dedim. –Ancaq mənim on yaşım olanda o, bizi atıb imkanlı bir dayı ilə Volqoqrada getdi. Atam da hər gün içməyə başladı. Daha taksi fəliyyəti ilə məşğul olmadı. Köhnə “Jiquli”sini satdı. Dörd il sonra isə dünyasını dəyişdi. Mən məcburiyyət qarşısında qalıb küçə uşaqlarına qoşuldum. Hər işlə məşğul olurdum. Bazarda yük daşıyırdım, maşın yuyurdum, hətta oğurluq da edirdim”. “Hə, Arkaşa, yadımdadır,-dedi.- Ancaq sən dərslərini də yaxşı oxuyurdun, idmana da gedirdin. Çox şuluq uşaq idin, ancaq mənə həmişə hörmətlə yanaşırdın. Beləcə, böyüdün, ali məktəbə girdin… Sonralar Marina xalanı da unutdun. Eh, gör neçə il keçib, səni çətinliklə tanıdım. Qocalmışam, ayaqlarım sözümə baxmır. Stasika dedim, ay oğul, nə var o Saratovda? Qayıt gəl evimizə. Sən sənətkarsan, elə burada da qazana bilərsən çörək pulunu. Axı, Stasik maşın ustasıdır, həm də yaxşısından. Mənim bir ayağım gordadır… Sənin də gəlişinə çox sevindim, Arkaşa can…”.

-Axşamüstü özümə lazım olan əşyaları- şəkilləri, idman paltarlarını və sənədləri götürüb “məni dostlarım gözləyir, təcili getməliyəm”,- dedim. Evin açarlarını yenidən Stanislava verdim. “İstədiyiniz qədər yaşayın,”- dedim. Onların telefon nömrələrini aldım, tezliklə Suriyaya gedəcəyimi bildirdim, “Yerbəyer olan kimi sizinlə əlaqə saxlayacağam,”-deyib çıxdım.

-Gözəl. Deməli, birinci imtahahı pis verməmisən, afərin. Yeri gəlmişkən, gətirdiyin idman köynəklərinin üstünə, yəqin ki, sinə hissəsinə, şimşək şəkli yapışdırın. Kürək hissəsinə də “Velikaya Armeniya!” yazın. İstəyirsinizsə, dığaların bayraqlarını da kürək hissəsinə həkk edin. Şimşək şəklinin üzərnə böyük hərflərlə rus, erməni və ingilis dillərində “Molniya” yazın. Sən axı rusiyalısan. –Polkovnik nə fikirləşdisə, selektora yaxınlaşıb düyməni basdı:- Qızım, Cəmilə gəl içəri, -dedi. Sonra əlavə etdi: – Cəmilə belə işlərin ustasıdır.

Cəmilə otağa daxil oldu, raport verib gözlədi. Polkovnik bayaq Əsgərə verdiyi tapşırıqları təkrar etdi və Cəmiləyə “Toplantı qurtaran kimi dediklərimi birlikdə müzakirə edib həll edərsiniz,”-dedi.

Cəmilə, “Baş üstə, cənab polkovnik,”- dedi və otaqdan çıxdı. Polkovnik Əsgərə “əyləş” komandası verib yenidən qonağa yaxınlaşdı. Əlini onun çiyninə qoyub “Xocam, indi icazə verin Sizi əməliyyat iştirakçılarına təqdim edim,”-dedi. Əbdül: “Buyurun abi, şad olaram,”- deyərək məmnuniyyətlə razılıq verdi.

-Əziz dostumuz Əbdül Kamal əslən İraqın Kərkük diyarındandır, milliyyəti də türkmən. Onu da qeyd edim ki, türkmənlər vaxtı ilə qonşumuz Türkmənistan dövlətinin, həmçinin Azərbaycan dövlətinin ərazilərindən köçüb getmiş türkmənlərdir. Axı, vaxtı ilə indiki İraq dövlətinin əraziləri də, bir çox başqa ərazilər də bizim dövlətin tərkibində olub. Gördüyünüz kimi, biz də onunla öz Azərbaycan dilimizdə rahat ünsiyyət qura bilirik. Çünki dilimiz bir, kökümüz birdir.

            İraqda Səddam Hüseyn hakimiyyəti devrildikdə sonra türkmənlərin, elə kökləri bizə yaxın olan digər etnik qrupların da orada yaşaması çətinləşmişdi. Onlara qarşı təzyiqlər günü-gündən artırdı. PKK terror qrupları, digər ekstremist qüvvələr xarici havadarların himayəsi altında fəallaşmışdılar. Xüsusilə imkanlı adamları daha çox incidirdilər. Əsas hədəf isə, həmişə olduğu kimi, Türkiyə dövləti, türk xalqları idi. Bu hadisələr yaxın keçmişdə baş verdiyi üçün, hər birinizin lazımi qədər məlumatlı olduğunuzu bilərək, təfsilata varmayacağam. 

            Həmin dövrdə Əbdül xoca ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Türkiyə dövlətinin himayəsi altında yaşadığı beş ay ərzində atasından ona miras qalmış, Dəməşq şəhərinin kənarında yerləşən Ticarət Mərkəzini yenidən işə salıb və oradakı malikanəsinə köçüb. Dörd il əvvəl Dubayda işgüzar səfərdə olarkən, həmyerlimiz,  həm də bizim həmkarımız olan bir iş adamı ilə tanış olub. Onun dəvətilə Bakıya gəlib və şəhərimizə, onun sakinlərinə valeh olub. Məncə, bu mövzunu burada bağlamaq olar. İndi isə Əbdül xocadan bizə əməliyyatımızın əsas hədəflərindən biri, bəlkə də birincisi olacaq suriyalı cəllad “Kabus” barədə məlumat verməyini xahiş edirəm. 

 -Buyurun, xocam.

Polkovnik əvvəlcə öz iş stoluna yaxınlaşıb siyirtmədən bir elektron yaddaş kartı çıxarıb Kamiləyə verdi, görüntüləri divardakı iri ekranda canlandırmağı xahiş etdi,  sonra keçib professorun yanında əylədi. Ekranda heyvərə burnu olan kələkötür bir sima göründü. Əbdül xoca təmkinlə ayağa qalxdı, əbasını sahmana saldı. 

-Təşəkkür edirəm, abi. Bəli, bu həmin o dələduz, quldur, başkəsən, daha nə bilim nə… olan “Kabus”dur, – deyə ekrandakı simaya işarə etdi. -Onun adı Samvel, soyadı Abovyandır. Özlərinə xas olan yaltaqlıq, ikiüzlülük, satqınliq, oğurluq, qorxaqlıq, bir sözlə, qeyri-insani nə varsa hamısını özündə cəmləşdirən xarakterə malik  bir məxluqdur. Elə sir-sifətindən də görünür,-deyə şəkli göstərdi. –Yeri gəlmişkən, o, söz düşəndə “mənim sifətim Ararat dağının simvoludur,”-deyir. Əslində isə, Ararat dağının harada olduğunu belə dəqiq bilməyir.

Hələ uşaqlıq yaşlarında “türk mənim düşmənimdir!”-deyirmiş. Tez-tez dığaları ətrafına toplayıb məhəllədə yaşayan türkmən uşaqlarla dalaşarmış. Türkmənlərə məxsus dükanlardan oğurluq edərmiş. Sonralar hətta evlərə də basqın edərmiş…

Bir gün o, dənizçi libasında görünür və ticarət gəmisində işə düzəldiyini söyləyir… Sonra yenə yoxa çıxır. Beləliklə, bir neçə il onu məhəllədə görən olmur. Deyilənə görə, bu müddət ərzində gəmi kapitanının köməkçisi vəzifəsinə qədər yüksələ bilir. Nəhayət, bir gün o, gəmi heyətinin üzvləri ilə birlikdə şəhərin küçələrində görünür, lovğa-lovğa gəzib qürrələnir.  Heyət üzvlərinin əksəriyyəti erməniəsilli imiş. Bu həmin o illərə təsadüf edirdi ki, dəniz quldurları tez-tez ticarət gəmilərinə basqın edir, heyətini qətlə yetirir, gəmiləri soyub-talayırdılar. Bəzən gəmini heyəti ilə birlikdə girov götürür, onların qaytarılması müqabilində ağır şərtlər irəli sürürdülər. Belə bir zamanda Samvel yenə yoxa çıxır. Təxminən bir il nə onu, nə də heyət üzvlərini “gördüm” deyən olmur. Gəminin sahibi, BƏƏ-dən olan iş adamı nə qədər çalışsa da, nəticəsi olmur. Əlacsız qalıb itki ilə barışmalı olur… Təxminən bir ildən sonra Samvel yenə şəhərdə görünür. Bu dəfə o, tək olur. Şəhərin kənarında, mənim Ticarət Mərkəzimin yaxınlığında Bir hektar boş sahə alır və tikinti işlərinə başlayır. Bu vaxta qədər harada olduğu barədə soruşanlara isə “o biri dünyada idim,”- deyə cavab verir. Guya dəniz quldurları onun işlədiyi gəmiyə hücum ediblər. Müqavimət göstərmək istəyən kapitanı və heyətin əksər üzvlərini öldürüblər. Gəmini özlərinin məskunlaşdıqları adaya aparıblar. Ağır yaralanmış Samveli də digər yaralı yoldaşları və meyitlərlə birlikdə dərəyə tullayıb üstlərini torpaqlayıblar. Nə qədər huşsuz qaldığı yadında deyilmiş. Lakin özünə gələndə çətin nəfəs aldığını hiss edib və torpağın altında olduğunu başa düşüb. Topağı eşələyib üstünü aça bilib. İnilti səsləri eşidib, səs gələn yerləri eşib və daha dörd nəfər yoldaşını xilas edə bilib. Onlar bir-birilərinə tibbi yardım göstəriblər. Sonra üstləri açılmış  meyitləri yenidən basdıraraq çətinliklə oradan uzaqlaşıblar. Bir müddət meşədə gizləniblər. Yoldaşlarının biri daxili qanaxmaqdan ölüb. Aclıq onları əldən salıbmış, yaraları çirk verirmiş. Yoldaşları gedib quldurlara təslim olmağı təklif etsələr də Samvel razılaşmayıb. Quldurların məskunlaşdığı yerə yaxınlaşıb onları izləməyə başlayıblar. Quldurlardan ərzaq da oğurlayırlarmış. Nəhayət, bir gün quldurlara məxsus bir gəmini oğurlayaraq adadan uzaqlaşmağa başlayıblar. Quldurlar xəbər tutub ardlarınca gəliblər.  Samvelgilin gəmisi Yəmən sahillərinə yaxınlaşanda quldurlar onları təqib etməkdən vaz keçib, geriyə dönüblər. Yəməndə təxminən iki ay müalicə olunublar. Həmin müddətdə Samvel Avropadakı erməniəsilli imkanlı tanışları ilə əlaqə yarada bilib. Onlar Samvelin və yoldaşlarının müalicə xərclərini ödəyiblər, gəmini təmir etdiriblər. Samvel gəmiyə “Hayastan” adı verib və dostlarının köməyi ilə öz adına rəsmiləşdirərək gəminin sahibi olub. O vaxtdan da adı “Kabus” olub. Elə o torpaq sahəsini də ona guya ki, Avropadakı dostları alıb. Torpaq sahəsinin ətrafına uca hasar çəkdirib, böyük bir bina tikdirib.  Mühafizəsi, filanı da öz yerində. İçəridə nə işlə məşğul olduqlarını yalnız özləri bilir. Ancaq biz də bəzi məlumatları əldə edə bilmişik…

-Maraqlı yalandır, -deyə professor dilləndi.

-Əlbəttə, yalandır,- deyə Əbdül onun fikrini təsdiqlədi. -Bir dəfə  tikinti işlərinə rəhbərlik edən həmin o dörd nəfərdən biri- Maqbet işçiləri ilə mənim restoranıma gəlmişdi. Yeyib-içib, kefləndilər. İşçilərindən biri ondan dəniz quldurları barədə danışmağı xahiş edəndə, “ara, nə quldurbazlıqdır? Biz özümüz qulduruq,” –deyə cavab verdi. Daxili qanaxma nəticəsində ölən yoldaşları barədə soruşanda isə sözün əsl mənasında “quş” buraxdı: “Ara, ölən mən idim də, sonradan dirildim.”

Gəzən şayiələrə görə Kabusun dəstəsi kapitanı və ona yaxın olan komanda üzvlərini öldürüb dənizə atıblar. Əvvəlcədən planlaşdırdıqları kimi gəmini Livana gətiriblər. Bir müddət orada gizləniblər. Həmin müddətdə malları satıb gəminin görkəmini dəyişdiriblər…

-Bax, bu həqiqətə daha çox oxşayir,- deyə professor yenə müdaxilə etdi. Polkovnik divandan qalxaraq öz stolunun arxasına keçdi, ancaq əyləşmədi. Əllərini qoşalyıb stolun üstünə qoydu, sanki əllərini özünə dayaq  etdi və bir qədər qabağa əyildi.  Qonağa  tərəf çevrilərək sözə başladı:

-Təşəkkür edirəm, xocam. Ətraflı məlumat verdiniz. Zəhmət olmasa, əyləşin… Beləliklə, mənim əzizlərim, biz çox çətin, lakin həm də çox vacib bir tapşırığın icrasına başlayırıq. Kabusun bütün erməni partiyaları, terror qrupları, diasporaları… bir sözlə, bizə, ulu türk xalqına qarşı olan qurumların hamısı ilə ciddi əlaqələri var. Onlar son zamanlar daha da fəallaşıblar. Qarabağ ermənilərini silah-sursatla təmin edir, Suriyada, Livanda, İraqda, hətta Avropa ölkələrində yaşayan erməniləri bizim torpaqlarda məskunlaşdırır, muzdlu dəstələr yaradıb Qarabağa göndərirlər. Məqsədlərinə çatmaqdan ötəri bütün çirkli işlərə əl atırlar. Baxın, onların hazırda fəaliyyət göstərən ondan artıq, bəlkə də daha çox terror təşkilatları, həmin təşkilatların tərkibibində və ya dəstəyi ilə yaradılmış müxtəlif terror qruplaşmaları var. Əslində elə onların partiyaları da eyni işə xidmət edir. İndi mən o partiyalar və təşkilatlar barədə qısa məlumat verəcəyəm .

Əvvəlcə “Erməni Qriqoryan kilsəsi” barədə. Mən deyərdim ki, xristian dünyasının anti-insani təbliğatla məşğul olan ən qəddar kilsəsidir. Bu kilsə “erməni xalqı dünyanın ən qədim və ulu xalqıdır”, kimi təhlükəli bir ideyanı təbliğ etməklə öz xalqını nəinki türk xalqlarına, eləcə də bütün dünya xalqlarına qarşı qoymaqla, xalqlar arasında düşmənçilik toxumu səpməklə məşğuldur. Erməni terrorçu partiyalarının və təşkilatlarının yaradılmasının əsas ideyavericisidir. Təsəvvür etmək çox çətindir, əvvəlcə gəlib səndən xahiş edirlər ki, icazə verin bu alban kilsəsində ibadət edək. Hətta rus çarına belə məktubla müraciət edib yalvarırlar. Məqsədlərinə çatandan sonra sir-sifətlərini cırib fahişəlik edirlər ki, siz çıxın, bura bizim babalarımızdan qalıb. Bu kilsənin öz xalqının dölünə səpdiyi iyrənc, anti-türk, anti-insani “armenizm” virusunun törətdiyi fəsadların başında isə məhz terrorçu partiya və təşkilatlar dayanır.

Beləliklə…“Armenakan” partiyası, 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

“Nicat” partiyası, 1887-ci ildə Cenevrədə yaradılıb. Məqsəd Türkiyənin Anadolu bölgəsini, “rus və İran Ermənistanları” adlandırdıqları əraziləri birləşdirməklə “Böyük Ermənistan” dövləti yaratmaqdır. Partiyanın proqramının dördüncü bəndində güstərilir: “Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terroizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir.”

 “Daşnaksütyun”partiyası (Erməni İnqilabi Federasiyası), 1890-cı ildə Tiflisdə (indiki Tbilisi şəhəri) yaradılıb. Bu partiya Türkiyə və Azərbaycana qarşı ən böyük zərbələr vuran təşkilat hesab edilir. Partiya ötən əsrin 70-ci illərindən etibarən terror fəaliyyətini daha da aktivləşdirib. Erməni diasporunun olduğu hər yerdə bu partiyanın xüsusi ofisləri var.

”Ermənistanın  Azadlığı üçün Gizli Erməni Ordusu” (ASALA), 1975-ci ildə Beyrutda yaradılıb. Terror təşkilatının əsas mənzil-qərargahı Livanın paytaxtı Beyrutda, təlim və hazırlıq bazaları isə Suriyada   yerləşmişdir. Fələstin bazalarında döyüş hazırlığı keçən mindən artıq düyüşçüsü var. Təşkilat fəaliyyətinin ilk altı ilində dünyanın müxtəlif ölkəsində on doqquz türk diplomatının ölümünə səbəb olan terror aktları törədib.

“ASALA” terror təşkilatı. Bu təşkilat haqqında geniş danışmağı lazım bilirəm. 1975-ci ildə Livanda vətəndaş müharibəsi  zamanı Fələstin  Xalq Cəbhəsinin köməyi ilə Akop Akopyan və Akop Tarakçıyan tərəfindən yaradılmış və 1994-cü ilədək aktiv fəaliyyət göstərərək çoxlu sayda terror aktı törətmişdir. Bu təşkilatın yaradılmasının əsas dəstəkçiləri Yunanıstan, Suriya, İran, Fələstin, Fransa hökümətləri, erməni diasporası və kilsəsi, Qnçak və Daşnaksütyun partiyaları olmuşdur. Əsas məqsəd isə Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran, Azərbaycan, Naxçıvan  və Dağlıq Qarabağ ərazilərundə “Böyük Ermənistan” dövləti yaratmaq, uydurma erməni soyqırımının dünya və Türkiyə tərəfindən tanınmasına, eləcə də Türkiyənin təzminat verməsinə nail olmaqdır. Təşkilatın əsas məqsədi isə uydurma erməni soyqırımının intiqamını almaq, erməni soyqırımına biganə qalan ölkələri cəzalandırmaq, türk diplomatlarını qətlə yetirməklə Türkiyənin qüdrətini sarsıtmaq, dövlətləri terror ilə hədələyərək öz istəklərini yeritmək, Azərbaycan və Türkiyə ərazilərində terror akları törətməklə siyası sabitliyi pozmaq və xaos yaratmaqdır. “ASALA”nın əsas təlim-məşq bazaları Suriyada yerləşir.  Livan, Fələstin, Fransa ərazilərində, hətta Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində belə xüsusi düşərgələri var. Onun Fransa ərazisindəki fəaliyyəti  daha sərbəstdir.  Çünki Fransa dövləti buna şərait yaratmışdır. Son vaxtlar bu təşkilat daha fəallaşmışdır. Öz məkrli niyyətlərinə nail olmaq üçün bütün iyrənc vasitələrə əl atırlar.

Eyni sözləri 1972-ci ildə “Daşnaksütyun” partiyasının Vyanada keçirilən qurultayı zamanı yaradılmış “Erməni Soyqırımı Ədalət Komandostları”,  1979-cu ildə yaradılmış, “ASALA”nın tərkib hissəsi olan “Erməni Azadlıq Cəbhəsi”, 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış “Orlik” qrupu, 1988-ci ildə Moskvada yaradılmış “ASALA” ilə yaxın əlaqələri olan, terrorçulara saxta sənədlər verən, terror təşkilatlarına silah-sursat və muzdlu döyüşçülər göndərən “Erməni Birliyi”, ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərən “Demokratik Cəbhə”, 1991-ci ildə yenə Fransada “ASALA” tərəfindən yaradılmış “Erməni Azadlıq Hərəkatı”, 2001-ci ildə yenə “ASALA” tərəfindən yaradılmış “Geqaron” terror təşkilatı, yenə də 2001-ci ildə Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan “Ermənistan Müdafiə Birliyi” tərəfindən yaradılmış “Apestol” terror təşkilatı barədə də söyləmək olar.

Bunlar Ermənistan dövlətinin, bəzi qərb və ərəb dövlətlərinin, həmçinin erməni diasporasının maliyyə yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarıdır. Bizdə olan məlumata görə, onlar Azərbaycanda yaşayan ad və soyadlarını dəyişmiş ermənilərdən də casus kimi istifadə edirlər. Həmkaralarımız o cəsuslarla ciddi məşğuldurlar, lazım olanlar artıq ifşa olunublar. Digərləri də zamanında hesabat verəcəklər. Bizim vəzifəmiz isə “Molniya”nın Kabusun komanda üzvünə çevrilməsinə nail olmaq, onların iyrənc planlarının reaalaşmasına mane olmaq, o planları daxildən pozmaqdan ibarətdir. İcra planı var, “Molniya” lazım olan müasir cihaz və avadanlıqlarla təmin olunacaq. Komanda olaraq işləyəcəyik. Elə bu gün bütün komanda ilə gedirsiniz Zaqulbadakı İstirahət Mərkəzinə. Sizə iki həftəlik istirahət veririk. Sabir müəllim, siz də gedin bir az dincəlin, məsləhətdir. Hesab edirəm ki, bizim uşaqlara orada da köməyiniz dəyər. Əsgər, oğlum, bu gündən etibarən hərbi formanı geyinmirsən. Saqqal saxla və saçlarını bir qədər uzat. İki həftədən sonra əziz qonağımızla yola düşəcəksiniz. Bu müddət ərzində yenə də planlarımızı götür-qoy edin, lazım gəlsə, mənə müraciət edin. Unutma, Əbdül xoca oradakılar üçün “ərəb” iş adamıdır və ona “Şeyx” deyə müraciət edirlər. Mən isə yarım saatdan sonra bugünkü görüşün nəticələri barədə yoldaş generala məruzə etməliyəm. Buyurun, gedun, Allah amanında! Xocam, əzizim, mən sizi bağrıma basıram. İndi oralarda da vəziyyət ürəkaçan deyil. Özünüzü qoruyun. Uca Yaradan yardımçınız olsun! Gedəyin, sizi yola salım.

II FƏSİL

Artıq on gün idi ki gəlmişdilər. Əsgər özünə Əbdül ibn Kamalın (onu burada belə tanıyırdılar və “Şeyx”- deyə müraciət edirdilər) dördmərtəbəli otelinin dördüncü mərtəbəsində otaq seçmişdi. Belə daha məqsədəuyğun idi. Otağının eyvanından binanın damına rahatlıqla çıxa bilərdi. Hərçənd dama çıxmaq üçün otağının girişində pilləkən də var idi. O, səhərlər bu pilləkənlərlə dama çıxır, günəş doğana qədər məşq edirdi. Səhər yeməyindən sonra parkda təxminən yarım saat gəzişirdi. Sonra otağına gedib bir qədər dincəlir, kompüterin köməyi ilə xarici dillər üzrə biliyini mükəmməlləşdirir, ehtiyac olduqda “sevgilisinə”, yəni Karinaya “məktub”, (yəni – mesaj) yazırdı. ”Məktub” əvvəlcədən kodlaşdırılmış ifadələrdən ibarət olurdu. Açıqlamasını yalnız Karina bilirdi. Artıq oteldə yerləşdiyi, məşqlərə başladığı barədə məlumat vermişdi. Daha deyiləsi bir söz yox idi. Hələ rinqə çıxmamışdı. Iki gün sonra, yəni şənbə günü ilk döyüşünə çıxacaqdı. Rəqib isə əvvəlcədən razılaşdırılmış ərəbəsilli döyüşçü olacaqdı. “Molniya” onu ikinci raundda nakauta salacaqdı. Sonra isə dəlicəsinə: “Armeniya!, Hayastan!”- deyə çığıracaqdı… Əslində, Əsgər istənilən döyüşçü ilə rinqə çıxa bıləcıyini düşünsə də, buna icazə yox idi. 

Otel Ticarət Mərkəzinin lap yaxınlığında idi. Əsas müştəriləri tacirlər idi. Həyətində bu yerlərin iqlim şəraitinə tab gətirə bilən ağaclar, gül kolları əkilmiş, park salınmışdı. Bir-birindən təxminən 40 metr məsafədə iki ədəd söhbətgah quraşdırılmış, ortada bir bulaq da inşa edilmişdi. Bir sözlə, kiçik də olsa, park elə park idi. Təkcə iqlim o iqlim deyildi- çox isti idi.

“Molniya” artıq diqqəti cəlb edə bilmişdi. Yarışları izləməyə gələn imkanlı iş adamlarından ona təkliflər də gəlməkdə idi. Ancaq hələ ki, heç birinə razılıq verməyir, “Mən Şeyxə xəyanət etmərəm,”- deyirdi. Bu gün də sayca üçüncü olan döyüşü “qələbə” ilə başa vurmuş, döyüşçülər üçün ayrılmış guşədə əyləşmişdi. Şeyx həftə ərzində ancaq bir döyüşdə iştirak etməyi məsləhət görürdü. Çünki ona rəqib tapmaq Şeyxin öhdəsinə düşürdü. Bu iş heç də asanlıqla başa gəlmirdi. Bəzən məğlub olacaq döyüşçüyə az qala qalib qədər pul təklif etmək lazım gəlirdi. Əslində, işlərin belə ləng getməsi “Molniya”nın qətiyyən xoşuna gəlmirdi. Xüsusən də “qalib gəldikdən” sonra “Böyük Ermənistan naminə!” deyərək çığıranda özündən zəhləsi gedirdi. Rinqdə isə gərgin döyüş gedirdi. Döyüş qaydalarını Şeyx özü müəyyənləşdirmiş, hakimlərə və digər təşkilatçılara döyüşləri ancaq bu qaydalar çərçivəsində idarə etməyi tapşırmışdı. Şeyx bu sahədə təcrübəsi olan mütəxəssislərlə məsləhətləşmiş, qonşu ölkələrdə keçirilən MMA (Mixed Matrial Arts- qarışıq döyüş sənəti) yarışlarını dəfələrlə izləmiş, müvafiq sənədləri əldə etmiş- bir sözlə, bu yarışları təşkil etmək üçün kişi əməlli-başlı tər tökmüşdü.

Növbəti döyüşün taleyi elə birinci raundda həll olundu. Yəməndən gəlmiş, boyu az qala iki metr olan cüssəli, tünd dərili döyüşçü rəqibini nakauta saldı. Rəqib hələ rinqin ortasında taqətsiz halda uzandığı halda o, rinqin kənarına gəlib kanatı silkələyərək sözün əsl mənasında böyürdü. Sonra zalda əyləşənləri lovğalıqla süzərək diqqətini döyüşçülər əyləşən guşəyə yönəltdi. Şəhadət barmağını “Molniya”ya tərəf yönəltdi.

-Ay uşaq, gəl bura sənin qabırğalarını qırım,- dedi və hırıldamağa başladı. Üst çənəsinin sol tərəfindəki iki ədəd qızıl dişi parıldadı.

“Molniya” gözucu Şeyx tərəfə baxdı. Şeyx yerində deyildi. Ani qərar vermək lazım idi. Tünd dərili ondan az qala on santimetr hündür idi. Məsələ onun nə boyunda, nə də cüssəsində deyildi. Döyüşlərini həmişə heyranlıqla izlədiyi, Azərbaycanı Beynəlxalq MMA yarışlarında ləyaqətlə təmsil edən peşəkar döyüşçü Zabit Səmədov belələrinin neçəsini məğlub etmişdi… Şeyx yerində yox idi, qərar verməksə, lazım idi.

-Əgər sənin o metal dişlərini sındırıb ovcuna atsam, necə olacaq?- deyə “Molniya” eyni tərzdə cavab verdi və ayağa qalxdı. Zalda ani olaraq sakitlik yarandı. Hamı heyrət içində idi.

-Bunlar qızıldır, ay uşaq. Birinin qiyməti səndən bahadır. Qalx görüm bura.

-Qızıl da elə metaldır, ay kütbeyin, əgər onları sındırsam, sən bir də mən olan yerdə döyüşməyəcəksən və bugünkü qazancın mənim olacaq. Əgər sən qalib gəlsən, mənim qazancım da sənin olsun. Şərtimi qəbul edirsən?

-Qalx görüm, qalx bura. Bugünkü qazancını sənin dəfn mərasiminə xərcləyəcəklər.- Tünd dərili özündən çıxdı. “Molniya” sürətlə kanatın üstündən aşaraq onunla göz-gözə dayandı. Bayaq məğlub olanı sürüyərək apardılar. Nəzərlər hakimlərə yönəldi. Hakimlər tərəddüd içində bir-birilərinə baxaraq nə edəcəklərini bilmirdilər. Şeyx isə hələ də zala qayıtmamışdı. Tünd dərili rinqin baş hakiminə “sən qal,-dedi və o birilərinə tərəf döndü, – hə, başlamaq lazımdır.”

Döyüş başladı. Rəqib çox güclü idi, əsas məsələ onu yormaq, çaş-baş salmaq idi. Əgər o, “Molniya”nı tuta bilsəydi, nəticə doğrudan da ürəkaçan olmaya bilərdi. “Molniya” rinqdə dövrə vurdu və qəflətən rəqibin üzərinə şığıdı. Rəqib müdafiə mövqeyi tutaraq dayandı. “Molniya” sürətlə onun arxasına keçdi, sol ayağı üstə fırlanaraq sağ ayağı ilə onun boyun nayihəsinə güclü bir zərbə vurdu. Rəqibin başı silkələndi, əks tərəfə səndələdi, ancaq müvazinətini saxlaya bildi. “Molniya” bu dəfə qarşı tərəfdən ayaq zərbəsi edəcək kimi yuxarıya tullandı. Rəqib sifətini əlləri arasına aldı. Lakin “Molniya” ona yuxarıdan zərbə vurmadı, vəziyyətdən istifadə edərək qarın nayihəsinə ardıcıl bir neçə yumruq zərbəsi endirdi. Rəqib bu dəfə əllərini aşağıya endirdi. “Molniya” onun çiyinlərini yumruq atəşinə tutdu. Sonra geriyə atılraq özünü kanata çırpdı. Kanat rezin kimi gərilərək onu irəliyə atdı. “Molniya”nın qoşa təpik zərbəsi rəqibi əməlli-başlı sarsıtdı. O, bütün gücünü toplayaraq “Molniya”nı tutmağa çalışırdı. Onun qəzəbi getdikcə artır, hərəkətlərinə nizamsızlıq hakim kəsilirdi. Bir dəfə “Molniya”nın sol qolundan tutmağa nail olsa da, qarın nayihəsindən aldığı diz zərbəsindən sonra rəqibin qolunu buraxmağa məcbur oldu. İndi əsl məqam idi, “Molniya” sağ ayağının daban hissəsi ilə rəqibin üst çənəsinə elə bir zərbə endirdi ki, o, səndələyərək kanata çırpıldı, sürüşərək yerə oturdu. Ağzından qan fışqırdı. Hakim irəli atılaraq “Molniya”nın qarşısını kəsdi. Dərhal həkim və rəqibin məşqçisi rinqə qalxdılar. Həkim dəsmalla rəqibin ağzının qanını silməyə başladı. Qanı saxlamaq mümkün olmurdu. Dəsmalın arasına bir cüt qızıl diş düşdü. Bayaqdan soyuqqanlılıqla bu mənzərəni seyr edən “Molniya” “verin özünə,”- dedi və kanata dırmanaraq “ ya “Velikaya Armeniya!”” deyərək çığırmağa, sinəsini yumruqlamağa başladı. Sonra bu ifadəni həm erməni, həm də ərəb dillərində təkrar etdi. Artıq zala qayıtmış Şeyx heyranlıqla “Molniya”nı alqışlamağa başladı. Bütün zal ayağa qalxdı. Alqış sədaları ucaldı: “Molniya”, “Molniya”…

Bu, günün sonuncu döyüşü oldu. Tünd dərili döyüşçünü “Təcili yardım” maşını ilə tibb məntəqəsinə apardılar. “Molniya” dərhal soyunub-geyinmə otağına gəldı. Otaqda onu üç nəfər polis işçisi gözləyirdi.

Şeyx qonaqlarla məşğul idi. Onlar söhbət edə-edə parkda gəzişirdilər. Bəziləri vidalaşıb gedirdi. Otelin meneceri Saleh Şeyxə yaxınlaşıb qulağına nə isə pıçıldadı. Şeyx mənalı-mənalı ona baxaraq fikrə daldı, sonra başı ilə “get” işarəsi verdi. Menecer: “baş üstə,”- deyib uzaqlaşdı. Bir neçə dəqiqədən sonra Şeyx qonaqlarla vidalaşıb otelə, iş otağına gəldi. Meneceri çağırıb hadisənin təfsilatını öyrəndi. “Yaxşı,-dedi, -sən get şöbəyə, çalış rəislə görüş. Ona çatdır ki, Şeyx qaydaları pozan döyüşçünü müdafiə etmir. Otağın açarlarını al gətir. Cəzasını çəkər, gələr, danışarıq. Ola bilsin ki, cərimə ödəməklə canını qurtarsın”… Saleh çıxdı. Şeyx keçib kresloda əyləşdi, sağ əlini çənəsinə dayaq edib xəyala daldı. “Sən neylədin, ay oğul?-deyə pıçıldadı,- o vəhşi sənə ağır xətər yetirə bilərdi axı… Ancaq halal olsun, doğrudan da şimşəksən. O boyda heyvərəni göz açmağa qoymadın, hələ dişlərini də sındırdın. Halal olsun sənə, maşallah, maşallah… Allah köməyin olsun! Ümid edirəm ki, bu mərhələ artıq başa çatdı”.

Əslində “Molniya” hadisələri bir qədər qabaqlamışdı. “Məğlub olacaq” döyüşçü tapmaq da asan başa gəlmirdi. Belə təkliflə razılaşmaq istəmirdilər. Ən çətini isə qabaqcadan o döyüşçünün bu sirri saxlayacağına zəmanət yox idi. Şeyx bu işi Suriyada və qonşu ölkələrdə yaşayan türkəsilli tanışlarının köməyilə edirdi. Elə “Molniya” ikinci dəfə rinqə çıxanda zalda olmamasının da səbəbi bu idi. BƏƏ-dən olan tanışı ilə bu barədə danışıq aparırdı. Lakin “Molniya”nın yenidən rinqə çıxdığı xəbərini eşidəndə söhbəti yarımçıq saxlayıb zala qayıtmışdı. Döyüş başa çatan kimi həmin tanışı ilə sövdələşməni tamamlamaq məqsədilə onu parka gəzintiyə dəvət etmişdi. Bu dəfə isə daha pis xəbər eşitmişdi- “Molniya” həbs olunmuşdu…

Gecəni çox narahat keçirdi. Kamera qaranlıq, isti və natəmiz idi. Ağcaqanad, qara milçək, böcək- hər cür həşərat vardı. Üfunət iyi gəlirdi. Bir ədəd köhnə stul və bir vedrə sudan savayı kamerada heç nə yox idi. Yəqin ki, stul dəfələrlə təmir olunmuşdu- ayaqları bir-birinə məftillə bərkidilmiş, oturacaq və söykənəcəyinə müxtəlif ölçülü mismarlar vurulmuşdu. Ən yaxşısı onun üstündə oturmaqdan vaz keçmək idi. Bunlar azmış kimi qonşu kameralardan da xoşagəlməz səslər gəlirdi- xorultu, ağlamaq, qışqırıq səsləri… Növbətçinin heç nə vecinə deyildi, rahatca oturub televizora baxırdı. “Molniya” kamerada gəzişir, məşq edir, hərdən üzünə su vururdu… Eyni zamanda rinqdə baş verənlər barədə düşünür, özünün nə dərcədə günahkar olduğunu aydınlaşdırmağa çalışırdı. Axı o, qadağan olunmuş fəndlərdən istifadə etməmiş, nə rəqibi şikəst edə biləcək, nə də ölümcül zərbələr vurmamışdı. Hərçənd bunların hamısını ustalıqla icra edə bilirdi. Hətta rəqibə elə yerdən elə zərbə vura bilərdi ki, o, keyləşib yerə yıxılardı. Hakimlər isə bunu “nakaut” kimi qiymətləndirərdilər… Müstəntiqin “ifadə alması” da çoxlu suallar doğurmuşdu. “Molniya”ya dəxli olmayan suallar versə də, eyni zamanda nəzakətlə davranmış, cəmisi on iki-on üç dəqiqədən sonra “özünü qoru, işin avand olsun,”- deyib, dialoqu bitirmişdi. Bu iş elə əvvəldən gözlənilən “sifarişə” oxşayırdı.

            Nəhayət, dəhlizdə ayaq səsləri eşidildi. Növbətçi idi. Yanında daha iki nəfər vardı. Onların əynində qısaqol ağ köynək, boz şalvar, gözlərində qara eynək vardı. Sağlamcüssəli idilər. Növbətçi kameranın qapısını açıb, “qollarını irəliyə uzat”,-deyə göstəriş verdi. “Molniya” itaətkarcasına qollarını ona duğru uzatdı. Növbətçi onun qollarını qandallayıb “bunlarla gedəcəksən,”- dedi. “Molniya”nın “bunlar kimdir, məni haraya aparırlar?”-  sualına cavab qısa oldu: “Özlərindən soruş”.

Həyətdə qara rəngli “Range Rover” markalı avtomobil dayanmışdı. Müşayiətçilər avtomobilin arxa qapısını açıb “Molniya”nı ortada əyləşdirdilər. Onlardan biri, sağ tərəfdə oturan, sürücüyə erməni dilində “sür”,-deyə göstəriş verdi. “Molniya” bu dəfə göstəriş verəndən soruşdu: “Hayes?”. “Hayes, hayes,”-deyə həmin şəxs cavab verdi.

-Biz haraya gedirik?

-Təmkinli, bir qədər də ağıllı olsan, tezliklə hər şeyi bilərsən.

-Olmasam necə?

Bu dəfə sol tərəfdə oturan dilləndi:

-Ara, sakit ol. Vaxtı çatanda biləcəksən. Biz pul hesabına səni həbsdən qurtarmışıq, bu azdır?

-Heç nə anlamıram, mən cinayət eləmişəm bəyəm? Rinqdə belə hadisələr çox olur. Bir də ki, mənim öz puluma nə gəlib, siz məni həbsdən çıxarasınız? Şeyx də məni köməksiz qoymayacaqdı, rəisin yanına adam göndərdiyindən də xəbərdaram.

-Ara, sakit ol daaa. Şadlığına şitlik eləmə. Səni qarşıda xoşbəxt günlər gözləyir. Ancaq bir az təmkinli və tədbirli olmağın lazımdır. Pulun, maşının- hər şeyin olacaq. Çalış səhvə yol vermə. Təəssüf ki, bundan artıq heç nə deyə bilmərəm.

-Yaxşı, Sizi başa düşdüm. Bəs mənim əşyalarım, pullarım haradadır?- deyə “Molniya” soruşdu və artıq “sakitləşdiyini” nümayiş etdirməyə çalışdı.

-Çantanı soruşursan?- deyə yenə sol tərəfdə oturan suala sualla cavab verdi və əlavə elədi- arxada, baqajdadır. Pulların da yerindədir.

            Avtomobil iri darvazadan tamet döşəməsi olan güllü-çiçəkli bir həyətə daxil oldu. Təxminən əlli metrdən sonra hündür bir binanın zirzəmisinə girdi. Zirzəminin dəhlizi işıqlı və geniş idi. Dəhlizin sonundakı divarları metal tordan olan liftə girdilər. Liftin qapıları şaqqıltı ilə bağlandı və aşağı enməyə başladı. İki mərtəbə enəndən sonra lift dayandı, bu dəfə ön tərəfdəki qapıları açıldı. Avtomobil  yenidən daha geniş olan dəhlizə daxil oldu. Qarşıdakı meydançada dövrə vurub geriyə döndü. “Molniya”nı düşürüb dəmir barmaqlıqlardan ibarət olan qəfəsə saldılar.

-Yenə də kamera?- “Molniya” heyrətləndi.

-Bura sənin üçün müvəqqəti dayanacaqdır, inan mənə. Ancaq dediklərimi unutma,- yenə həmin oğlan cavab verdi.

-Başa düşdüm. Sən də bir şeyi unutma. Sən mənim xoşuma gəldin, vaxt gələr, bunu sübut edərəm.

Oğlan gülümsəyib kənara çəkildi. O biri nədənsə yoldaşını qəzəbli baxışlarla süzdü və “Molniya”ya yaxınlaşıb qandalı açdı. Elə bunlar kimi geyimdə olan nəzarətçi qəfəsin qapısını bağladı. Oğlanlar avtomobilə əyləşib getdilər. “Molniya” nəzarətçiyə müraciətlə: “Hayes?”- deyə soruşdu.

-Hayes, axper.

-Ara, bura haradır, məni niyə gətiriblər?

-O suallara mən cavab verəcəm,- dəhlizin üzbəüz tərəfindəki kiçik liftdən düşən digər biri onlara yaxınlaşdı. Nəzarətçi dərhal geriyə çəkilib “farağat” vəziyyətində dayandı. Onun geyimi bu birilərindən fərqlənirdi, açıq mavi rəngli yay kostyumunda idi. Hərəkətləri daha amiranə idi. “Molniya”ya yaxınlaşıb onu diqqətlə süzdü. Sonra əllərini bir-birinə vuraraq sanki qarşısındakını alqışladı,- Bravo!.. “Molinya”… qısa müddətdə şöhrət qazanmış qəhrəman… Sən bizim döyüşçünün dişlərini niyə sındırmısan?

-Əvvəla, “Molinya” yox, “Molniya”. Tərcüməsi burda yazılıb,- “Molniya” köynəyindəki yazılara işarə elədi,- Sonra isə- necə yəni “bizim döyüşçünün”? Bu nə deməkdir? O məni rinqə çağırdı və biz qaydalar çərçivəsində döyüşdük. Mənim bəxtim gətirdi, qalib oldum,- “Molniya” cavab verdi.

-Olsun “Molniya”, yəni “Şimşək”, hə, düz dedim? Belə cəldsən? Hmm… Sən həm də təvazökarsanmış ki… – cibindən çıxardığı qanlı parçanın qatını açıb dişlərə baxdı və qəfildən üzünü qonşu kameraya tutub bərkdən çığırdı:

– Eşidirsən, Kötük? Bu təvazökar “şimşək” oğlan deyir ki, qaydalar çərçivəsində döyüşmüsünüz. Hakimlərin, publikanın gözü qarşısında sənin dişlərini qaydalar çərçivəsində sındırıb. Buna cavabın nədir?

“Molniya” yalnız indi qonşu kamerada uzanan şəxsin kim olduğunu anladı. O, üzü divara uzandığı üçün sifətini görmək mümkün deyildi. “Yəqin nə üçünsə cəzalandırılan birisidir,” – deyə düşünmüşdü.

-Kötük? Bu onun ləqəbidir?- deyə soruşdu.

-Elə özü də kötükdür,- deyə hikkəli adam cavab verdi və əlindəki dişləri Kötük olan kameraya tulladı,- götür dişlərini, bədbəxt.

Tünd dərili çarpayıdan enib dişlərini götürdü və yazıq-yazıq onlara baxdı. Sifəti hələ də şiş idi.

-Ona müalicə lazımdır, sir-sifəti şişib.- “Molniya” rahatsız oldu.

-Özü günahkardır. Deyirdi ki, sənin qabırğalarını xurd-xəşil edəcək.

-Mən heç nə başa düşmürəm, bura haradır, siz kimsiniz, bu nə tamaşadır?- “Molniya” guya əsəbiləşdi.

-Bura Kabusun ölkəsidir, oğlan. Bura ayrı, müstəqil bir dünyadır. Kabusun qurduğu dünya. Başa düşdün?

-Kabus?.. həəə… eşitmişəm… Mənə nə aidiyyatı var? Mən sərbəst döyüşçüyəm. Mənim öz azad dünyam var. İstəsəydim, özüm gələrdim. Gəlməmişəmsə, demək, istəməmişəm. Bəs sən necə, başa düşdün?

-En göylərdən, oğlan. Sənin daha dünyan, filanın yoxdur. Ən yaxşı halda Kabusun əsgəri ola bilərsən, əgər buna layiq bilinsən.

-Sənin kimi? Sən bu şərəfə necə nail olmusan, məni də öyrədərsən?

-Nə əzişdirərdim səni… bunun dikbaşlığına bax… Sən heç mənim əsgərim olmağa layiq deyilsən.

-Səlahiyyətin var deyə qürrələnmə. Səni Kötükdən də pis günə salaram.

-Baxarıq… baxarıq…- hikkəli adam deyinə-deyinə liftə girdi. Gedərkən nəzarətçiyə tapşırdı: -Sabaha kimi buna yemək, su verməyin.

Araya süküt çökdü. “Molniya” kameraya göz gəzdirdi. Taxta çarpayı, beton döşəmə… vəssəlam, başqa heç nə.

-Bu necə kameradır?- nəzarətçidən soruşdu,- metal qəfəs…

-Ara, sakit ol. Uzan yatağına, dincəl özünçün.

-Əcəb yataqdır.

-Belədir də. Yaxşı, mən gedirəm, səs-küy salmayın, özünüzə ziyan olar. Camal, sənə də aiddir. Sən ki, bizim qaydaları yaxşı bilirsən,- nəzarətçi bu sözləri ərəbcə dedi,- Camal bizim dili pis bilir.- bu dəfə “Molniya”ya müraciətlə əlavə etdi və işıqları söndürüb qeyb oldu. Yalnız dəhlizin girəcəyindəki işıq yanırdı.

“Molniya” çarpayıya uzandı, əllərini qoşalayıb başının altına qoydu. Sanki bir qədər rahatlaşdı.

-Camal, sən məndən incimə, istəməzdim belə olsun.

Camaldan cavab gəlmədi.

-İkimizi də eyni aqibət gözləyir yəqin ki.

-Eyni niyə? Sən qəhrəmansan, mən isə aciz bir “kötük”. Səni yaxşı günlər gözləyir, məni acı. Müqavilə üzrə aylıq məvacibimi verməyəcəklər, ailəm ac qalacaq… sənin nə vecinədir, tək adamsan.- Camal qəhərdən boğula-boğula cavab verdi.

-Sən nə danışırsan? Qulaqlarıma inana bilmirəm. Bütün bunlar mənim günahım üzündən baş verir? Səbrli ol Camal, mən sənə kömək edərəm. Qoy pullarımı qaytarsınlar, hamısını verəcəm sənə.

-Doğru deyirsən?

-Əlbəttə, mən sözümün ağasıyam. Qoymaram mənə görə sənin balaların əziyyət çəksin. Düz başa düşdüm, uşaqlarını nəzərdə tuturdun?

-Hə. Üç uşağım var- bir oğlan, iki qız.

-Allah saxlasın hər üçünü!

-Necə dedin? “Allah saxlasın”?- Camal təəccüblə soruşdu və qalxıb “Molniya”nın kamerasına yaxınlaşdı.

-Hə, elə dedim. Təəccüblü nə var ki, burada? Mən ixtisasca şərqşünasam, sizin adətləri yaxşı bilirəm.

-Belə de…

“Molniya” da qalxıb ona yaxınlaşdı. Üz-üzə, göz-gözə dayandılar. “Molniya” yenə üzrxahlıq elədi.

-Camal, əgər məni tuta bilsəydin, qabırğalarımı sındıracaqdın?

Sual Camal üçün gözlənilməz oldu.

-Bilmirəm, yəqin ki, hə. Çünki, çox gərgin idim. Əslində, mənə verilən tapşırığa görə, səni yoxlamalı idim. Səni bu işə cəlb etməkdə mənim rəyim də rol oynayacaqdı. Ancaq sən məni o qədər əsəbiləşdirdin ki, həqiqətən də qabırğalarını sındırmaq istəyirdim. Bunun üçün qolundan tutub özümə tərəf çəkmək kifayət idi, qollarım arasına alıb sıxacaqdım… Mən axı güləşçiyəm. Sizin işlətdiyiniz fəndlərdən elə də başım çıxmır. Rəqibi tutub belini yaxşıca sıxıram, sonra qulağının dibini alışdırıram…

-Mən bunu bilirdim, Camal. Bəs necə oldu ki, səni bu işə cəlb elədilər? Bunlar məni hansı işə cəlb etmək istəyirlər, bilirsən? Mənim üçün çox maraqlıdır,- “Molniya” yenə sual verdi.

Camal müqavilə əsasında Suriyaya gəldiyini, muzdlu döyüşçülərdən ibarət dəstənin üzvü olduğunu söylədi. Sən demə, belə dəstələrin sayı çoxdur, hərbi düşərgələrdə məşq keçirlər və tezliklə hara isə müharibəyə gedəcəklər. Düşərgələr müxtəlif yerlərdə, əsasən isə ölkənin şimalında, dağətəyi bölgələrdədir.

            …Onların dialoqu uzandıqca-uzandı, hətta aralarında səmimyyətə bənzər hisslər də yarandı…

            Yenə dünənki iki nəfər idi gələnlər. Nəzarətçi də onlarla idi. Ancaq başqası. Camalı da “Molniya” ilə birlikdə liftə mindirib yuxarıya qalxdılar, bu dəfə qandalsız-filansız. Liftə çatana qədər “ Molniya” başqa kameralarda başqa adamların saxlanıldığını da müşahidə etməyə imkan tapmışdı.

            Liftin qapısı açıldı, böyük bir zala daxil oldular. Məşq zalı idi, müxtəlif avadanlıqlar quraşdırılmışdı. Boks üçün rinq də var idi. Dünənki səlahiyyətlii adam idman paltarında onların qarşısına çıxdı. “Molniya”nı görcək ona yaxınlaşdı. Çevrilib zalı göstərdi:

-Necədir, xoşuna gəlir?- deyə soruşdu.

“Molniya” artıq hər şeyi nəzərdən keçirmişdi. Dərhal cavab verdi:

-Yaxşıdır, bəyəndim. Ancaq bir şeyi başa düşmürəm, məndən nə istəyirsiz?

-Məgər sən “Böyük Ermənistan” naminə buraya gəldiyini söyləmirdin? Biz də bu iş üçün çalışırıq. Bura sənin xəyallarırının gercəkləşdiyi yerdir. Gördüyün bu oğlanların hamısı məhz bu ideya ətrafında cəmləşiblər. Hamısı gələcyin komandirləridir, bunlar seçilmişlərdir. Sən də ola bilərsən, əgər dediklərinin xülya olmadığını sübut edə bilsən. Biz xəyanəti, qorxaqlığı bağışlamırıq, bunu qulaqlarında sırğa eləməyini istəyirəm.

-Elə danışırsan ki, guya mən sizdən nə isə xahiş etmişəm. Mən sərbəst adamam, öz planlarım var. Heç kimə hesabat vermək fikrim yoxdur. Məndən zəif olan mənə komanda verəcək? Gülməlidir,- “Molniya” qəsdən “naz edir”, bəri başdan qarşısındakının onu mənəvi olaraq sındırmasına yol verməməyə çalışırdı. Əmin idi ki, artıq onu komandaya qəbul etməyə qəti qərar verilib. 

-Sən nə danışdığını anlayırsan? Mənə, Kabusun ən yaxın, ən səlahiyyətli adamına, Vaçaqan Martirosyana deyirsən… deyirsən “zəif”?  Qalx rinqə, sübut elə dediklərini,- Vaçaqan əsəbi halda kanatın üstündən aşıb rinqə daxıl oldu,- gəl görüm, cəld ol.

-Mən elə bilirdim ki, bizi bu qədər ac-susuz saxlayandan sonra ləzzətli səhər yeməyinə qonaq edəcəksiniz, amma nə görürəm? Siz belə birləşmisiniz müqəddəs ideya ətrafında?-“Molniya” bir qədər də dərinə getdi,- ancaq madam ki, sən mənim komandirim olmağı planlaşdırırsan, səninlə döyüşməyim yaxşı çıxmaz. Qorxduğumu düşünmə. Kimi istəyirsən çıxar rinqə.

-Belə de… Təqdirəlayiq hərəkətdir, bravo! Elə isə, iki nəfərlə döyüşəcəksən, danışdıq?

-İstəyirsən üç nəfər olsun, mənimçün fərqi yoxdur. Heç məkan fərqi də yoxdur, harada istəyirsən, neçə nəfərlə istəyirsən, mən hazıram.

-Yaxşı, az lovğalan!- Vaçaqan Camala tərəf döndü,- Kötük, heyfini çıxmaq istəmirsən bundan? Əsl məqamdır.

-Onun müalicəyə ehtiyacı var, başqa vaxta qalsın,- deyə “Molniya” etiraz elədi.

-Yaxşı, razıyam. Ara, Maqbet, hücum edin ona. Siz, yanaşı duranlar, üçünüz də.

“Molniya”nı dövrəyə aldılar.

-Nə göyçək xanımsan, gəl əminin qucağına,- deyə Maqbet deyilən arxadan, o biriləri isə sağ və sol tərəfdən ona yaxınlaşmağa başladılar. “Molniya” onları lazımi məsafəyə buraxıb eyni anda sağ ayağının dabanı ilə Maqbetin xayasından, əllərinin yan hissəsi ilə o birilərinin boynundan güclü zərbələr endirdi. Maqbet yerə yıxılıb ilan kimi qıvrılmağa, zarımağa başladı. “Molniya” zərbənin təsirindən artıq sarsılmış digərlərinin qolundan yapışıb yarım dövrə sağa, sonra sola fırlatdı və baş-başa vurub kənara tulladı. Hadisələr o qədər sürətlə baş verdi ki, tamaşa edənlər heyrətdən yerlərində donub qalmışdılar.

-Nə gözlərinizi zilləyib baxırsınız, hücum edin ona. Hamınız…- Vaçaqan özündən çıxdı və rinqdən yerə tullandı. Elə bu an Camal yaxınlaşıb “Molniya” ilə kürək-kürəyə dayandı. Bayaqdan kənarda dayanıb zalda baş verənləri sakitcə seyr edən iyirmi beş-iyirmi altı yaşlarinda olan gənc də onlara yaxınlaşdı. Əllərini yuxarıya qaldırıb hücum etməyə hazırlaşan yoldaşlarını sakitləşdirməyə çalışdı:

-Ara, sakit olun. Elə bil türk görmüsünüz, nə olub sizə?

-Kürd, sən qarışma. Çəkil kənara,- Vaçaqan gəncin üstünə çımxırdı.

“Molniya”gili dövrəyə alan digərləri hücum etməyə cəsarət eləmirdilər. Vaçaqan onları aralayıb irəli atıldı. Elə bu an reproduktordan kiminsə vahiməli səsi eşidildi:

-Qurtarın bu tamaşanı! Kürd, təzə gələnləri aparıb yedizdirin, üst-başlarını qaydaya salın. Bir az dincəlsinlər, sonra yanıma gətirərsiniz. Vaço, qalx yanıma.

Bu Kabusun səsi idi. Sanki qurbağa gölünə daş atdılar. Lal sakitlik yarandı. Yalnız indi hələ də yerdə qıvrılaraq inildəyən Maqbet yada düşdü.

            Kabusun kabineti iri və bərli-bəzəkli olsa da, özü orta boylu, arıq adam idi. İlk baxışdan diqqəti cəlb edən bir şey vardısa, o da Kabusun kələ-kötür burnu idi. Xırda, qonur gözlərindən biclik yağırdı. “Bu iyrənc adamın nəyindən belə qorxurlar?”- deyə “Molniya” düşündü. Kabus onun fikirlərini oxuyurmuş kimi söhbətə elə bu sualın cavabı ilə başladı:

-Yəqin ki, mənim qəddar, qaniçən adam olduğumu eşitmisn. Əslində, heç də belə deyil. Görürsən ki, bizə pənah gətirənlərin arasında müxtəlif xalqların nümayəndələri də var. Misal üçün, yanındakıların biri ərəb, o biri də kürddür. Olsun də, bizim yolumuz haqq yoludur. Bunu anlayanlar gəlib müraciət edirlər, biz onlara qucaq açırıq. O ki qaldı sənə, sən özümüzdən birisən. Bioqrafiyanı öyrənmişəm, bəyənmişəm… Odur ki, Vaçoya dedim, çağır gəlsin. Söhbət edək, gələcək işlərimizi götür-qoy edək. Sənin kimi patriotlara ehtiyacımız çoxdur. Ancaq bircə şeyi qulağında sırğa elə, mənə kələk gələnə elə kələk gəlirəm ki, heç anlamağa da macal tapmır,- sağ əlini “tapança” edərək “Molniya”ya tərəf uzatdı, – paaaart…

Birdən əllərini stola şappıldadıb ayağa qalxdı, nə isə yadından çıxıbmış kimi soruşdu:

-Sən türklərin əlindən, həbsdən necə qaçdın? Orasını unutmuşam.

“Molniya” bu sualı gözləyirdi. Fikirləşmədən cavab verdi:

-Mən həbsdə olmamışam axı.

-Doğrudan? Danış, necə oldu buralara gəlib-çıxdın, maraqlıdır.

-Bizi təqib edirdilər, qılçamdan güllə yarası almışdım, burdan.- Əyilib sağ baldırını göstərdi. Əslində həmin yaranı Qarabağda, növbəti “sızma” əməliyyatını yerinə yetirib geriyə qayıdarkən almışdı. Düşmənin silah-sursat anbarını partladıb, bir neçə hərbi texnikasını və iyirmiyə yaxın şəxsi heyətini məhv etmişdilər. Ağır itkiyə məruz qalmış düşmən böyük heyətlə onların izinə düşmüşdü. İki saatdan artıq davam edən əlbəyaxa döyüş nəticəsində iki nəfər kəşfiyyatçımız şəhid olmuş, biri də Əsgər olmaqla beş nəfər yaralanmışdı. O anda Əsgər yaralandığı barədə döyüşçü yoldaşlarına məlumat verməmişdi. Səhərə yaxın mühasirədən çıxa bilmişdilər. O hadisə Ermənistanın prezidenti Sarkisyan da daxil, dövlət rəhbərlərində əməllicə sarsıntı yaratmışdı… – Girdim mağaraya, yaramı sarıdım,- “Molniya” davam elədi. – Birdən hər tərəf qaranlıqlaşdı. Yaxınlıqda partlayan mərminin dalğası iri daşları mağaranın girişinə tökdü. Mənim üstümü daş-kəsək örtdü. Uzun müddət orada huşsuz qaldım. Özümə gələndə gecədən xeyli keçmişdi. Çətinliklə mağaradan çıxdım. Qaranlıq idi, yoldaşlarımdan heç kimi tapa bilmədim. Sürünə-sürünə gəlib Suriya sərhədlərinə çatdım…

-Hə, yadıma düşdü. Şeyx də belə deyirdi. Sənə yerli adamlar kömək ediblər, döyüşçü olduğunu bilib Şeyxi nişan veriblər. Sağ olsun, sənə əl tutub, müalicə etdirib, iş verib… Bir az əvvəl Şeyxə zəng eləmişdim, burada olduğunu söylədim. Çox sevindi, nigaran imiş.

-Siz onu tanıyırsız?

-Hə, əlbəttə. Onu hamı tanıyır. O da mənim kimi iş adamıdır. Onun öz işləri var, mənim öz işlərim. Yolumuz heç vaxt çarpazlaşmayıb. Yəni, nə dostluğumuz var, nə də ki, düşmənçilliyimiz…

O, ayaqlarını qoşalayaraq parket döşəməyə təkan verdi. Kreslo sürətlə arxaya hərəkətlənəndə özünü qabağa atdı və ayağa qalxdı. Oturanlar gülünc bir səhnəyə şahidlik etdilər. Gəlib Camalla üzbəüz dayandı.

-Sənin də başına gələnlərdən xəbərdaram. Olan işdir. Vaçoya tapşırmışam, sənə bir az pul verəcək. Müalicənə, digər tələbatlarına hələlik bəs edəcək. Ailənə göndərməyə də əlavə pul verəcək. Dişlərini bərpa etdirən kimi gedərsən şimaldakı düşərgəmizə, dərhal qoşularsan hərbi təlimlərə,- Ərəb dilində bu dedikləri ilə Kabus Camalı əməllicə sevindirdi,- bu səni qane edir?

-Əlbəttə, bos. Çox sağ olun.

-Mən xeyirxah adamam oğlan. Vaço səni necə çağırır, Kötük? Olsun də, yaxşı ləqəbdir. Bu gündən oldun “Kötük”, yəni yoğun, möhkəm… əladır… – “Molniyaya tərəf döndü,- Kötüklə barışa bilmisiniz?

-Hə, hər şey qaydasındadır. Yeri gəlmişkən, mən axırıncı günü döyüşlərdən qazandığım gəliri Camala verəcəyimə söz vermişəm. Yəqin ki, bu işdə mənə kömək edərsiz.

-Vaçoya tapşıraram. Mənim komandam altında hamı bir-birinə qarşı həssas olmalıdır. Sənin bu təşəbbüsünü bəyəndim.

-Çox sağ olun, bos!

Kabus özündən razı tərzdə gülümsədi və bu dəfə Kürd Murada yaxınlaşdı.

-Kürd… Sənin də ləqəbin əladır. Sənin də fəaliyyətini izləyirəm, mənə hələ ki, yaxşı məlumatlar gəlir. Belə də davam et. Sənin barəndə də nə isə yaxşı bir şey fikirləşərəm. İndi isə Kötüyü apar Serjin yanına. Yaxşı diş həkimidir. Tanıyırsan da onu, elədir?

-Tanıyıram, Bos.

-Xoş gəldiniz. Bizim bu oğlanla- “Mol…ni…ya” ilə ilə söhbətimiz uzun çəkəcək.

Kürd və Camal sağollaşıb getdilər. Kabus qapidan çıxana qədər onları nəzərləri ilə müşayiət elədi. Sonra yenə “Molniya”ya tərəf döndü.

-Bu necə addır, ya ləqəbdir, nə bilim nədir?

-Bos, mən Rusiyada böyümüşəm axı. Orada məni belə çağırırdılar.

-Hə, orasını bilirəm. Sənin rusiyalı olmağın da işə yarayır. Həm də fransız dilini bilirsən, eləmi?

-Elədir, bos, bir az da ingilis dilini. Boş vaxtlarımda dil biliklərimi artırmaqla məşğul oluram.

-Afərin sənə. Bravo… dəlisov oğlan, bravo!

-Bos, mən dəlisovam, səbrsizəm, ancaq ağılsız deyiləm.

-Görürəm, görürəm… Böyük istəklərin var. Ancaq təkbaşına nə edə bilərsən ki!?  Biz isə sənin kimi patriotları ətrafımıza toplayıb komanda oluruq, böyük bir ordu oluruq… Hə, bir az da ərköyünsən, hələ tam yonulmamısan, aşılanmamısan. Biz burada o məsələləri nizama salarıq. Bu sözlərə görə məndən incimirsən ki? Yəqin sənə deyiblər- məndən incimək olmaz, qətiyyən…

-Əsgər komandandan niyə inciməlidir ki?

-Bax belə. Bir kəlmədən anladın. Bu andan sənin sınaq müddətin başlayır. Təbii ki, sıravi kimi yox. Sıravıləri Kötük kimilərdən toplayırıq.

Kabusun stolun üstündə saxladığı telefona zəng gəldi. Yaxınlaşıb götürdü. Ancaq açmadı, “Molniya”ya işarə ilə qapını göstərdi.

-Katibə sənin əşyalarını qaytaracaq, əlavə suallarına cavab verəcək. Sabah səni qapıdan içəri buraxsınlar deyə xüsusi kod verəcək. Gələrsən Vaçonun yanına. Şeyxə salam de.

III FƏSİL

            Hərdən ona gəlirdi ki, burada əbəs yerə vaxt itirir. Doğma Bakıdan, yaxınlarından, hərbçi dostlarından ötrü burnunun ucu göynəyirdi. Günləri sanki mənasız, cansıxıcı olmuşdu. Baxmayaraq ki, bəzi az əhəmiyyətli tapşırıqların yerinə yetirilməsində iştirak edirdi, ancaq bütün bunlar onu qane etmirdi. O, hələ də Kabusun etibarını qazana bilmədiyini, hələ də izləndiyini düşünürdü. Adi bir komanda üzvünü bu qədər sınamaq, bu qədər izlətdirmək Kabusun nəyinə lazım idi? Ancaq bu gün daha qəribə bir halla rastlaşmışdı. Axşama yaxın bugünlük “xidmətini” başa vurub otelə qayıdırdı. Adəti üzrə bir qədər dükan-bazar gəzib parkda gəzintiyə girəndə yenə izləndiyini hiss etmişdi. Məsləni qəlizləşdirən məqam o idi ki, onu izləyən adam sanki bunu hiss etdirməyə çalışırdı. Niyə?..

            Həmişəki kimi pilləkənləri piyada və sürətlə qalxdı. Otağa girən kimi televizoru işə saldı. Həyətə baxan pəncərənin nəfəsliyiini açdı, qurşağa qədər soyunub duş otağına keçdi. Yuyunub çox sevdiyi tünd yaşıl rəngli idman kostyumunu geyindi. Bir qədər otaqda var-gəl edəndən sonra qərarını qətiləşdirdi: “Bu gün bu məsələyə aydınlıq gətirməliyəm.” Onu izləyən adamın parkın nisbətən qaranlıq yerinə çəkilib gözlərini pəncərəyə zillədiyini düş otağının işığını söndürərək kiçik pəncərəsindən müşayiət edərək müəyyənlişdirmişdi. “Yaxşı, sən izləməyində davam et,”- deyə düşünmüşdü.

            Dolabın üst rəfində saxladığı “alpinist kəndiri”ni götürüb idman çantasına qoydu, arxa pəncərədən dama dırmandı. Kəndiri çıxarıb tüstü bacasına “aşırma” etdi. Bir ucunu belinə kəmər edib bağladı. Damın arxa tərəfinə gəldi. Kəndirin digər ucunu aşağıya salladı. Bir göz qırpımında damdan endi. Ehmalca kəndiri dartıb yerə atdı, səliqə ilə toplayıb çantaya qoydu və oradan uzaqlaşdı.

-Məni niyə izləyirsən, oğlan?

Qara paltarlı adam geriyə dönmədən ərəbcə verilən suala elə ərəbcə də cavab verdi:

-Sənin nə qədər ehtiyatlı və cəsur olduğunu yoxlamaq üçün,- dedi adam və geriyə döndü,- gələcəyini bilirdim.

-Kürd, bu sənsən? Mənim necə olduğumu öyrənmək sənin nəyinə lazımdır? Yoxsa, bu da tapşırıqdır?

-Həm tapşırıqdır, həm də yox. Yəni, izləmək tapşırıqdır, ünsiyyətə girmək qadağan.

-Mən səni ifşa etdim, bu sənin sonun demək deyil? Vaçoya desəm, səni ifşa olunduğunçün ağır cəzalandıracaq.

-Bilirəm, qəfəsə saldıracaq, işgəncə verəcək, sonda da…

-Elə isə niyə risk edirsən?

-Açıq danışa bilərik?

-Mən açıq danışıram, oxu atıb yayı gizlədən sənsən.

-Gəl, bir az gəzişək.

Sakitcə, yanaşı addımlayırdılar. Söhbətə birinci Kürd başlamalı idi, bunu bilirdi. Ancaq inandıra biləcəkdimi həmsöhbətini? Birdən-birə hər şeyi çılpaqlığı ilə danışmaq da təhlükəli idi- bəlkə o, doğrudan da səhv edirdi? Yox… bu həmin şəkildə gördüyü oğlan idi…

-Sən Altay Süleymanoğlunu axırıncı dəfə nə vaxt görmüsən?- Bu sualı verməklə Kürd risk yolunu seçdi.

-Hmm… Bu da yoxlamanın təzə variantıdır? Bezdirdin məni. Bu dəqiqə sənin boynunu sındıracam…

-Dayan, səbrli ol. Mən də sənin kimi hərbçiyəm- Türk ordusunun zabitiyəm. Kursda olarkən onun telefonunda görmüşəm sənin şəklini. Qars dağlarının zirvəsində- beş nəfərsiniz. Sən onunla yanaşı dayanmısan. Altay mənə döyüş fənlərini öyrədirdi. PKK terrorçuları ilə mübarizədə şəhid oldu, bilirdin?

-Cəfəngiyat danışırsan, oğlan. Sən artıq ölümünə fərman verdin.

Aralarında əlbəyaxa döyüş başladı. Hər ikisi ehtiyatla davranır, bir- birilərini “öyrənirdilər”.

“Molniya” rəqibini yayındırıcı fəndlə aldadıb yuxu arteriyasına uydurucu zərbə vurmaq qərarına gəldi. Kürd bu fəndi “oxudu” və qarşısını aldı. Onun da əks həmləsi boşa çıxdı. Bir neçə dəqiqə ərzində bir-birilərinə qarşılıqlı zərbələr vura bildilər. “Molniya” rəqibinin ona tanış olan fəndlər işlətdiyini gördükcə daha da əsəbiləşirdi. “Kürdə kim öyrədib bu fəndləri? Bəlkə doğru söyləyir? Necə də Altayın döyüş üslubuna bənzəyir?!”… Axı Altayla bir yerdə çox məşq etmişdilər.

-Abi, bəlkə kifayətdir? İmkan ver, axıra qədər fikrimi söyləyim, deyən Kürd daha sadəcə müdafiə olunurdu.

-Nə deyəcəksən axı? İstədiyini dedin də.

-Mən də sənin kimi bu dığalara nifrət edirəm.

-Artıq həddini aşdın.

-Sən xristian deyilsən axı. Kilsədə ibadət vaxtı onlara necə nifrətlə baxdığını, o ritualları necə səliqəsiz yerinə yetidiyini görmüşəm.

-Sənin kilsədə nə itin azmışdı ki?

-Sənə göz qoyurdum, abi. Abi, bunlar mənim anamı öldürüblər, mən burada o qatili axtarıram. Allaha and olsun- türkcə and içdi.

“Molniya”nın qolları boşaldı. Sakitcə dayanıb qarşısındakına baxırdı. Kürd qollarını açıb yaxınlaşdı, onu qucaqlayıb hönkür-hönkür ağlamağa başladı. Hıçqıraq içində söylədiklərini anlamaq o qədər də asan deyildi:

-Abi… qardaş… sənə qurban olum, mənə kömək elə… o iti tapım… doğrayım… o, anamın boğazını… kəsib… abi… Özüm… özüm kəs…mək… istə…yi…rəm…

“Molniya” ətrafa göz gəzdirdi, skamiya beş-altı addımlıqda idi.

-Sənin nə dediyini anlaya bilmirəm. Türkcə danışırdın? Yaxşı, gedək oturaq, sakit ol. Gedək, rahat şəkildə izah elə mənə görüm sən kimsən, məndən nə istəyirsən.

Gedib skamiyada əyləşdilər. Kürd nəhayət ki, sakitləşdi. Əhvalatı aram-aram söyləməyə başladı:

-Mənim rəhmətlik atam, Mustafa, öyrətmən idi…

-Ara, türkcə danışma, anlamıram.

-Yaxşı. Ermənicə mən də yaxşı anlada bilmirəm. Kürd olduğumu sandıqları üçün yola verirlər. Əslində elə anam rəhmətlik kürd idi. Kürdlə acarın qarışığı. Gürcüstanda dolanışıq zəifləyəndə gəliib Türkiyəyə. O vaxtı işləməyə gələnlər çox olub. Nə isə… Rəhmətlik atam  onu işlədiyi okula işə düzəldib ki, cavan qızsan, gedib qapılarda iş axtarma. Kirayə ev tapıb. Bir-birilərini seviblər, qeyri-rəsmi evləniblər. Atamın öz ailəsi var idi, rəsmi evlənə bilməzdilər… Mən dünyaya gəlmişəm, adımı Murad qoyublar. Atam ömrünün sonunacan bizə qayğı göstərirdi. Mənim səkkiz yaşım olanda o, terrorun qurbanı oldu. Okula bomba qoymuşdular. Çətin günlərimiz başladı. Qonşularımızın çoxu kürdlər və ermənilər idi, bizdən xoşları gəlmirdi. Məndən iki yaş böyük olan erməni qonşumuz Tiqran Stepanyan mənə çox sataşırdı. Kürd uşaqları ilə dostluq edirdi. Hərdən qabağımı kəsib döyürdülər də. Okulda idman müəllimimə vəziyyəti söylədim, məni evimizə qədər ötürürdü. Həm də cüdo üzrə məşqçi dostu Aydemir hocanın yanına aparıb xahiş etmişdi ki, məni də öyrətsin… İllər keçdi, bir gün yenə Tiqran qabağımı kəsdi, onu yaxşıca əzişdirdim. Sonra hərbi liseyə daxil oldum- rəhmətlik atamın vəsiyyəti idi. Bir gün mənə xəbər gəldi ki, anam Zamiranı öldrüblər. Tiqran başçılıq etdiyi quldur dəstəsi ilə gəlib məni axtarıb. Anamın boğazını bıçaqla kəsib, qaçıb terrorçulara qoşulub… Mən artıq Xüsusi Təyinatlı Qoşunlarda xidmət edirdim, terror dəstəsinin izinə düşmüşdük. Başçılarından biri də Tiqran idi. Onların hamısını məhv etdik. Təkcə Tiqran qalmışdı. Mən onu Suriya sərhədlərinə qədər təqib etdim. Məqsədim onu diri tutmaq, gözünün içinə baxa-baxa boğazını kəsmək idi. Ancaq bu istəyim alınmadı. Sən demə, onun daha bir silahdaşı sağ imiş. Aramızda atışma başladı. Yanındakını gəbərtdim, ancaq Tiqranın atdığı qumbara məni ciddi yaraladı.. Mən də onu yaralaya bilmişdim. Sol ayağını sürüyürdü. Qan izi ilə taqətim çatana qədər ardınca getdim. Daha taqətim qalmamışdı, onu da təqib edə bilmirdim. Beləcə, o, qaçıb canını qurtardı. Hərbi mundirim cırıq-cırıq olmuşdu. Gödəkçəmi yolda tullamış, gəbərtdiyim terrorçunun gödəkçəsini geyinmişdim. Bir kəndə çatdım, kürd dilində danışdıqlarını görüb “PKK”-çıyam dedim. Bir müddət orada qaldım, mənə qulluq elədilər. Tiqranı axtara-axtara gəlib buralara çıxdım. Öyrəndim ki, Kabusun yaratdığı döyüşçü dəstələrinin birinə başçılıq edir. Hardasa şimalda… Bu yaxınlarda işğal etdikləri Azərbaycan torpaqlarına gedəcəklər, döyüşməyə. Fikirləri Azərbaycanın cənub bölgələrini işğal edib Xəzər dənizinə çıxış əldə etmək, “Artsax” adlandırdıqları dövlətin ərazilərini daha da genişləndirməkdir. Nə isə… gəldim qoşuldum bunlara. Türk zabitini, yəni rəhmətlik Altayı mən öldürmüşəm dedim. Onun məndə olan başqa şəklini göstərdim, bir yalan qoşub-düzdüm, inandılar. Bax belə… İzah edə bildim?

-Hə, maraqlıdır. Bu nağılı mənə niyə danışırsan? Bax, bunu izah edə bilmədin.

Kürd ayağa qalxdı. Həmsöhbəti ilə üzbəüz dayandı.

-Sənə tezliklə böyük səlahiyyətlər, mühüm tapşırıqlar verəcəklər. Bunların yaratdıqları təlim düşərgələrinə, digər gizli bazalarına yolun açılacaq. O alçağın yerini müəyyənləşdirməkdə mənə sənin köməyin hava, su kimi lazımdır. Tezliklə səndə bu imkan olacaq. O istəyimi reallaşdırmaq üçün hər şeyə hazıram.  Mənə kömək eləsən, sənin üçün nə istəsən edərəm. Həyatım boyu sənə minnətdar olaram… Onu da deyim ki, Kabusun səni Rusiyaya da, Avropaya da göndərmək fikri var. Dil bilirsən, bacarıqlısan. Özüm eşitdim bu gün, Vaço ilə Nonanın söhbətindən.

-Nona kimdir?

-Kabusun məşuqəsidir. Guya ki, məşuqəsi. Onun da çirkli pulların qazanılmasında öz rolu var. İnsan alveri, narkotik… Hərəmxanaya da o başçılıq edir.

Muradın özü haqqında verdiyi məlumatlar təsdiqini tapmışdı. Həm Mərkəzin, həm də Şeyxin xətti ilə aparılan araşdırmalardan sonra bu qənaətə gəlmişdilər. Əlbəttə, belə bir məqamda Muradın  ümumi işə çox köməyi dəyərdi. Lakin onun qisas hissinin bu qədər güclü olması, hər an ifşa olunmaq təhlükəsi də yaradırdı. Hər halda, onu bir daha sınamaq vacib idi. Bu gün məhz bu məqsədlə Murada görüş təyin olunmuşdu.

-Məni yaxşı-yaxşı dinlə. Tutalım ki, sənin türk zabiti Murad Demir olduğuna inandım. Lap elə fərz edək ki, sən də məni düz tanımısan. Hərçənd ki, adam adama oxşayar da. Sən səhv də edə bilərsən. Ancaq dərdinə biganə qala bilmədiyim üçün səni Kabusa satmadım. Təklif edirəm ki, sakitcə aradan çıxasan. Geci-tezi var, sənin kim olduğunu biləcəklər. Tiqran isə artıq buralarda yoxdur. Bu gün onların düşərgəsinə getmişdim. Dedilər ki, öz dəstəsi ilə dünən gedib Ermənistana. Daha sənin də burada qalmağın əbəsdir,- deyə “Molniya” söhbətə “nöqtə” qoymaq ehtimalını yaratdı.

-Həə… Ürəyimə dammışdı. Dığa köpək oğlu. O, cəhənnəmə də getsə, ardınca gedəsiyəm. Lap dünya dağılsa da…

-Nə cəhənnəmə getməyib, nə də dünya dağılmayıb. Ermənistandadır, get də.

-Abi, qurban olum sənə, kömək elə mənə.

-Ara, necə kömək edim, axı? Adını yazdır o dəstələrdən birinə, get də. Nə qır-saqqız olub yapışmısan yaxamdan?

-Mən onu gözləmədiyi halda yaxalamalıyam, başa düşürsən? Belə getsəm, uzaqdan görən kimi gülləni vuracaq alnımdan. Fikirləşib plan qurmaq lazımdır.

Gəlib parkın sonuna çatmışdılar, geri döndülər. Skamyanı görəndə Murad dayandı. Sanki nə isə qeyri-adi bir hadisə baş verdi. Sevincdən gözləri parladı.

-Abi… Sən leytenant Mirhəşim Dəmirovu xatırlayırsan?

-Yox, o kimdir?

-Gəl əyləşək. Sənə bir şəkil göstərəcəm.

-Yenə şəkil?

-Gəl abi.

Murad əyləşən kimi telefonunu qurdaladı: “Bax, bu oğlanı deyirəm. O günü göstərdiyim şəkildə sənin o biri tərəfində dayanan oğlandır. Bu şəkildə isə mənimlədir, Trabzonda parkda əyləşmişik. Aprel ayında təlim-məşq toplantısında iştirak etmək üçün gəlmişdi, yəqin məlumatın var. Orada tanış olduq, dostlaşdıq. Telefonunu çıxart, nömrə deyəcəm, yığ”.

“Molniya” gəlib onunla yanaşı oturdu.

-De görüm.

– +994 50…

-Hə, onun nömrəsidir.

-Siz gərək ki, ona “Seyid” deyirsiz. Soyadımız da birdir. Onda sadəcə “ov” artıqdır.

-Sən bu şəkilləri telefonunda saxlamaqdan qorxmursan?

-Yox, abi. Arxivdədir, heç kim aça bilməz, istəyirsən al, yoxla. Yüz il də əlləşsən aça bilməzsən. Guya sənin telefonunun kodunu kimsə aça bilər?

-Mənim telefonumun kodu-filanı yoxdur. Buyur, bax.

-Abi, mənə yox dəə… İlk baxışdan mənim də telefonum həmişə açıqdır, baxır necə. Seyidə zəng edim, nə deyirsən? Çoxdandır səsini eşitmirəm. Bilsə ki, bir yerdəyik, çox sevinəcək.

-Yox, olmaz! Hec vəchlə, heç kimlə açıq əlaqəyə girmək olmaz. Bunu qəti olaraq yadında saxla. İndi isə, keçək əsas mətləbə. Hə, sən məni ifşa elədin, afərin! Daha doğrusu, bizlərdən biri olduğuna inandıra bildin. Əks təqdirdə, sənə bu şəraiti yaratmazdım. Sadəcə aradan götürərdim, bununla da iş bitərdi. Bu, belə. Əgər sən qisas almaq üçün bu riskli addımı atmısansa, deməli, mən də xırda mətləb naminə gəlməmişəm. Mən daha mühüm tapşırıqlarla bura göndərilmişəm. Elə bilirsən bu soysuzların mənim, xalqımın, ölkəmin sinəsinə vurduğu yaralar səninkindən yüngüldür? Qətiyyən belə deyil. Ən əziz adamlarımı, doğmalarımı qətlə yetiriblər, bu qansızlar. İndi daha da aktivləşiblər. Yeni torpaqlar zəbt etmək xülyasına düşüblər. Gecə-gündüz silahlanırlar, yeni döyüşçü korpusları yaradırlar… Bunların hədəfi təkcə Azərbaycan deyil ki, bütün türk dünyasıdır. Məgər Türkiyədə törədilən terror aktlarında bunların əli yoxdur? Diqqət elə, bu bölgədə, eləcə də bir çox başqa ölkələrdə mövcud olan terror qruplaşmalarının demək olar ki, hamısının Kabusla əlaqələri mövcuddur. Bu nədən xəbər verir? Hələ Kabusun insan alveri ilə məşğul olduğu, narkotik maddələri istehsal edən müəssisələrinin mövcudluğu faktları da var və sən bunları məndən də yaxşı bilirsən. Tək bir Tiqranı aradan götürməklə iş bitirmi? Bəs bizi qarşıda gözləyən faciələrin qarşısını kim almalıdır? Sən o quduzu öldürdün, onun silahdaşları da səni. Bəs sonra? Sonra necə olacaq? Tiqranlar birmi, onmu, yüzmü?.. Bunlar minlərlədir, qardaş. Bunlarla ağılla, tədbirlə mübarizə aparılmalıdır. Alaqotunu kökündən kəsməsən, o, daha sürətlə inkişaf edəcək.

-Aydındır, qardaş. Dediklərinin hamısı ilə razıyam. Bu yolda sona qədər səninləyəm, anamın ruhuna and içirəm. Yeganə bir xahişim var, Tiqranı yaxalayanda imkan ver onu mən öldürüm, gözlərinin içinə baxa-baxa. Başqa bir arzum yoxdur. İstəyirsən məni manyak hesab elə, ancaq mən belə istəyirəm.

“Molniya” “Olsun,”- dedi və sağ əlini ona tərəf uzatdı:

-Elə isə, gəl təzədən tanış olaq. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Əsgər Əfşarlı.

IV FƏSİL

            Kamilə bu gün çox qəşəng görünürdü, çox da şən idi. Çəhrayı rəngli, zolaqlı paltarı ona xüsusi gözəllik verirdi. Paltarına uyğun hündürdaban ayaqqabı geyinmişdi. Cəmilə birinci dəfə idi onu mülki paltarda görürdü.

-Ay qız, canın yanmasın! Mən qadınlığımla vuruldum ey sənə, vallah. Nə gözəlsənmiş sən! Maşallah! Olmaya görüşə gedirsən, hə? Torbada pişik var deyəsən.

-Tfu-tfu… pişik-zad yoxdur. Görüşə gedirəm, hə. Ancaq bu sən düşünən görüşdən deyil. Karina gəlib, bir həftəliyə, Şəbnəm xanımladı. Buna bax,- yaxınlaşıb telefonunu ona uzatdı,- dünən çəkdirmişik.

-Xoş gəlib, səfa gətirib. Hə, qəşəng xanımdır. “Şimşək” ağzının dadını bilir.

-Sən nə danışırsan? O, bizim “Şimşək”in zövqündə deyil- özü mənə deyib.

-Aaz, zarafat edirəm də. Sən də o dəqiqə inandın ey… Həlbət ki, “Şimşək” hara, o hara. Yoxsa qısqandın?

-Eeh, sən Allah…

-O balaca qızıdır? Necə də oxşayır ey özünə.

-Özünə oxşamalıdır da. Mənə oxşamayacaq ki.

-Hə, elədir. Məni də tanış edərsən onunla? Xoşum gəldi onnan.

-Problem yoxdur, şefdən icazə al, gedək. Yerindədir?

-Hə, səni gözləyir, keç içəri.

            Kamilə Karina ilə aparılan danışıqlar barədə məlumat verəndə polkovnik nəticədən məmnunluğunu bildirdi.

-Demək razılaşdı, hə?

-Elədir, cənab polkovnik.

-Çox gözəl! Afərin sizə! Şəbnəm xanıma da mənim minnətdarlığımı çatdırarsan. Maşallah, patriot xanımdır. Zəmanəmizin Nigarıdır, Həcəridir. Maşallah! Bəs qonaq necə, şəhərimizi bəyəndi?

-Bəyəndi də sözdür? Şəhərimizi də, insanlarımızı da, mətbəximizi də- ürəyi gedir. Yadımdan çıxmışdı, musiqimizi də. Axşam “Çanaqqala” restoranında idik, bir rəqs edirdilər ana-bala, gəl görəsən… Cəfər müəllim, Cəmilə də Karina ilə tanış olmaq istəyir, icazə verərsiz?- Kamilə söhbətin məğzini dəyişdi.

-Ay sizi, şeytan qızlar. Özü utanır deməyə?

-Yox, yəqin özü gəlib icazə istəyəcək, mən sözgəlişi dedim.

Cəmilə qapıda göründü.

-Gəlmək olar, cənab polkovnik.

-Gəl, qızım, gəl,- polkovnik əli ilə də işarə verdi. – İcazə istəməkçün gəlmisənsə, sənin əvəzinə Kamilə icazəni aldı. Mənə bir stəkan pürrəngi çay ver və sizə yaxşı yol. Gedin, dincəlin. Ancaq başqa söz-söhbət olmasın, ehtiyac yoxdur. Oldumu?

-Oldu, cənab polkovnik,- Cəmilə otaqdan çıxdı.                                           

            “Salam, əzizim Karina. Necəsən, gülüm? İra necədir, böyüyür? Çox darıxıram sizin üçün. Ancaq hələ ki, gəlmək imkanım yoxdur. Bizim işimiz nizam-intizam tələb edir. Yaxşı məvacib verirlər, odur ki, işimi canla-başla yerinə yetirirəm. Hərdən özümü tanımıram, elə bil heç dəlisov, cığal adam deyiləm. Neylim axı, pul lazımdır da. Özü də çox, lap çox. Səni kraliça kimi saxlamaq üçün hər şey edəcəyəm. Az qalıb, bir qədər də pul toplayıb gedəcəm Artsaxa. Özümlə işçi-filan, nə lazımdır aparacam. Bu yaxınlarda oralarda kütləvi abadlıq işlərinə başlamalıyıq. Köhnə-kühnə nə var hamısını silib-süpürəcəyik. Onda mən də təzə məhəllədə torpaq sahəsi götürəcəm. Böyük, çox böyük bir imarət tikdirəcəm. Səni ora “qəlin” gətirəcəm. İmarətimizdən şərqə, qərbə, cənuba- hər tərəfə geniş yollar çəkdirəcəm. Yəqin düşünürsən ki, hələ də xam xəyallarla yaşayıram. Elə deyil. Burada mən öz həmfikirlərimlə bir yerdəyəm. Biz güclüyük, çox güclüyük. Gündən-günə də güclənirik. Eh!.. Sağlıq olsun! Məni çağırırlar, getməliyəm. Sağlıqla qal, gözəlim! Vaxtın olanda yaz. Axşamlar buralar darıxdırıcı olur, sənin məktubunu oxuyub uyuyaram. Kafe-filana az-az gedirəm. İçib dava salmaqdan ehtiyat edirəm. Yaxşı, getdim, çau…”. O, “göndər” işarəsini “tıklayıb” saytdan çıxdı. Telefonu şalvarının arxa cibinə qoyub söhbətgahdan çıxdı və məşq zalına daxıl oldu. Paltardəyişmə otağına girdi. Üstündə “Molniya” yazılan dolaba yaxınlaşdı. Çantasını açıb təzə yuduzdurduğu idman kostyumunu çıxardı, paltarını dəyişib zala daxil oldu. Məşq edənlərin arasında Vaço da var idi. “Molniya”nı görcək yanına çağırdı:

-Ara, Moli, gəl bura.

“Molniya” yaxınlaşıb onun bir addımlığında dayandı.

-Komandir, bura nə yazılıb?- dedi və şəhadət barmağını köynəyinin döş hissəsindəki yazının üstü ilə sağdan-sola sürüklədi.

-Oxuya bilmirəm, hansı dildədir?

-Rus dilində. Gözəl bilirsən, çünki, aşağıda öz dilimizdə də tərcüməsi var. “Moli” qadın adıdır. Bunu da yaxşı bilirsən. O ki qaldı zarafata… sən mənim qədər zarafat anlayan ola bilməzsən.

-Doğrudan? O necə ola bilər?

-Dinlə, biləcəksən. Siz də dinləyin, uşaqlar. Beləliklə, okeanda böyük bir gəmi üzür. Kiçik bir qayiq qabaqdan ona yaxınlaşıb deyir: Podvinsya.

-Nə deyir?

-Podvinsya. Rus dilindədir, kinodan götürmüşəm bu lətifəni. Gəmi bilirsiz nə edir?

-Nə edir?- yenə Vaço soruşdu.

“Molniya” yumruqlarını qoşalayıb onu sinəsindən geri itələdi, cəld də qollarından tutub yıxılmağa qoymadı.

-Gürcü lətifəsidir… Mənim adım Arşak Karayandır, təxəllüsüm isə “Molniya”.

Vaço donub qalmışdı. Tabeçiliyində olanların qarşısında təhqiramiz bir duruma düşmüşdü. Gözləri intiqam hissi ilə parlayırdı. Ancaq “Molniya”dan qorxduğu açıqca hiss olunurdu.

-Komandir, bu bir zarafatdır. Sən bir zarafat elədin, mən də birini- iş bitdi. Mən hər zaman sənin sərəncamındayam. Sənə sadiq əsgər olacağıma söz verirəm. Ver əlini, barışaq.

Vaço qeyri-adi olaraq sağ əlini irəli uzatdı. “Molniya” onu necə ağır duruma salmışdısa, elə də çıxardı. Qucaqlaşdılar.

-Komandir, sənə sədaqətimi sübut edəcəm, görəcəksən.

-Yaxşı, olanları unudaq. Səni Nona axtarır, get yanına. Sonra daha vacib işlərimiz olacaq.

-Baş üstə, komandir.

-Olmaz ki, sənə “Şimşək”? Dilimiz yatmır ey o ada.- Kürd ona göz vuraraq soruşdu.

-Olar, kim dedi ki, olmaz?

-Olsun Şimşək. Sənə Kürd deyirlər, mənə Vaço, bu igid da Şimşək olsun. Məsələ bitdi. Hamı eşitdi? Şimşək, daha yubanma, Nona gözləyir.

            Nonanın ofisi üçüncü mərtəbədə idi, əgər buna “ofis” demək olardısa- əsl hərəmxana idi. Bircə fərqi vardı: bura müştərilər buraxılmırdı. Fahişələr özləri müştərilərin yanına gedirdilər. Bunun üçün xüsusi avtomobillər də ayrılmışdı.

Kabinet dəhlizin başında idi, sonra isə otaq-nömrələr başlayırdı. Şimşək kabinetə daxil olub ədəb-ərkanla salam verdi. Nona onu görcək ayağa qalxdı, Şimşəyə yaxınlaşdı.

-Əsl cəngavərsən, deyilənlər doğru imiş. Deyəsən, mən Kabusa xəyanət eləməli olacam. Bəh-bəh-bəh… Boy, qamət, əzələlər… mmm… Gəl görüm, xalanın qucağına…

Onun üstündən gələn ətrin qoxusu adamın burnunu qıcıqlandırırdı. Orta boylu, orta bədənli, orta yaşlı bu qadın sir-sifətini o qədər malalamışdı ki, adamdan çox manikenə oxşayırdı. Yarımçılpaq şəffaf paltarının altından iri, sallaq döşləri aydın görünürdü. “Döz, Əsgər, sənə hələ bu gördüklərin də azdır,”- Şimşək özünü qınadı. Nonanı qucaqları arasına aldı, yüngülcə özünə sıxıb tərif yağdırmağa başladı:

-Sən mənim gecə xəyallarımın kraliçası imişsən ki. Sənin uğrunda Kabusun qəzəbinə tuş gəlmək mənim üçün şərəf olar. Bir anlıq səadət və ölüm!.. Necə də romantik bir sonluq…

-Yaxşı görək. Qoca şeytanın başı siyasi işlərə elə qarışıb ki, məni həftələrlə yada salmır. Mən də ki… öz həyatımı yaşamalı deyiləm bəyəm? Özü gözəl bilir hər şeyi və mənim sərbəstliyimə mane olmur.

-Hətta belə? Heç inana bilmirəm. Belə gözəli darıxmağa qoymaq olar?

-Kim deyir ki, darıxıram? Eh… Gəl əyləş divanda, mənim yanımda. Nə içəcəksən- Çay, kofe, konyak?

Keçib əyləşdilər. Şimşək kofe istədi. Cavan, sarışın bir qız kofe gətirdi. Keçib Şimşəyin o biri tərəfində əyləşdi. “Xəyallar qəhrəmanı” bumu? Tərifə layiqdir. Nonacan, bu gecəliyə bunu ver mənə”. Erməni dillində elə də sərrast danışa bilmirdi.

-Olmaz Marinka, olmaz. Get hazırlaş, bir azdan səni dəniz səyahətinə aparacaqlar.

Qız incək şəkildə nazlana-nazlana getdi. Arada çevrilib Şimşəyə göz vurmağı da unutmadı.

-Kofeni iç, mən də söyləyim səni niyə çağırmışam… Bizim belə fərələrimiz çox olur,-indicə kabineti tərk edən qıza işarə etdi. – Bəzən, görürsən ki, çətinliklərimiz olur. Dil çətinliyi. Bəzən də elələri gəlir ki, həm dil çətinliyimiz olur, həm də onları əhliləşdirmək çətinliyi. Gec-tez yola gəlirlər. Amma yenə də… İndi bizim üç dənə cücəmiz var. Qiymətli cücələrdi, Rusiyadan seçib göndəriblər. Öz dillərində qışqırıb zəhləmizi tökürlər. Bizim də dil bilənimiz yoxa çıxıb. Dünəndən axtarırıq, tapılmır. Əyyaşın biridir, içib haradasa tirlənib. Bəlkə də gəbərib, xəbərimiz yoxdur. Sən keç onların nömrəsinə, tanış ol, söhbət elə. Hansını ram edə bilsən, gecə apar sal döşəyinə- bu öz yerində. Onlara anlat ki, bu yaxında göndərəcəm onları iş yerinə. Sabah apararsan onları Karenin təlim düşərgəsinə, özünə də tapşırarsan ki, diqqətli olsun. Burada bizim işlərə mane olurlar, onların burada olması o biri qızlara pis təsir edir.

-İş yerinə? Hara?

-Hə də, bu adla gətirmişik də onları. Qələt eləyirlər ey, danışıqlar gedir, satacam onları baha qiymətə. Gedərlər, təzə sahibləri ilə necə dil taparlar, özləri bilər. Mənimki ora qədərdir- satdım, qurtardı. Di gedək səni salım onların yanına. Amma ehtiyatlı il, başına iş-zad gətirərlər,- sırtıqcasına hırıldadı.

“İlahi, bu da özünə qadın deyir. Döz, Əsgər, çalış dəli olma!”- düşündü o.

-Qızlar, xilaskarınız gəldi,- Şimşək özünü bacardıqca şən göstərməyə çalışaraq “7” nömrəli otağa daxil oldu,- gəlin yanıma,- deyib qarşısına çıxan birinci çarpayıda əyləşdi.

Qızlar ona tərs-tərs baxıb bir qədər də uzağa, axırıncı çarpayıya tərəf getdilər. Onlardan biri, arıq, mavi gözlü olan cavab verdi:

-Cəhənnəm ol. Xilaskara bax. Bizim pasportlarımızı, pullarımızı verin, buraxın gedək.

-Yooox, bu elə də asan iş deyil. Ancaq mən çalışaram, inanın. Əvvəlcə gəlin tanış olaq. Kimsiniz, hardan gəlmisiniz, burada nə işiniz var? – hamısını söyləyin mənə. Gəlin yaxına, mən adamyeyən deyiləm.

-İndiyə kimi burada kimə rast gəlmişik, hamısı adamyeyənə oxşayır. Sən də onların biri. Bəs rus dilini harada öyrənmisən belə? Çox səlist danışırsan.

-Mən rusiyalıyam, qızcığaz. Bəs siz haralısız?

-Krımdan. Bizi işə düzəltmək adı ilə aldadıb gətiriblər,- bu dəfə sarışın, cins şalvarlı qız cavab verdi. Rusiya Krımı işğal eləyəndən sonra Krımda yaşamaq çox çətinləşib. Həm madiyyət cəhətdən, həm də ki…-sözünün ardını gətirə bilmədi, qəhərləndi.

-Niyə demirsən ki, tatar olduğumuz üçün bizi təqib edirlər?- Üçüncü, buruqsaçlı qız söhbətə qarışdı,- Onsuz da, bizə olan olub. Öldürəcəklər, cəhənnəmə ki. Belə yaşamaqdansa, ölmək sərfəlidir. Bilirəm, sizin də tatarlardan zəhləniz gedir. Öldürün bizi, canımız qurtarsın.

Şimşək çaşıb qalmışdı. Belə halla rastlaşacağını heç vaxt ağlına gətirməzdi. Nona bu qızların milliyyəti barədə ona heç nə deməmişdi.

-Pasportlarınızda tatar olduğunuz yazılıb?

-Əlbəttə. Nə yazılasıdır ki?

-Bunlar deyəsən bu fakta fikir verməyiblər. Ya da oxuya bilməyiblər. Siz çalışın hisslərinizə sahib olasınız. Mən də baxım görüm nə edə bilərəm.- Şimşək özü hirsini güclə boğurdu. Bu qızlara necə kömək eləsin? Şeyxin məsləhətlərinə ciddi ehtiyac duyulurdu. Həm də Mərkəzdən icazə almadan bu işə baş qoşmaq özbaşınalıq anlamına gələrdi.

-Başımızın altına yastıq qoyma, nə edəcəksiniz, tez edin,- yenə arıq qız dilləndi.

-Yemək verirlər sizə?- mövzunu dəyişmək, indiki vəziyyətdən çıxış yolunu bunda gördü.

-Sizin heç nəyiniz bizə lazım deyil,- yenə arıq qız.

-Ay qız, hamının əvəzinə danışma. “Salam aleykum, necesen, yaxşisan?”- analdın?

Qızlar təəccüblə ona baxdılar.

-Nə baxırsınız? Mənim tatar dostlarım çoxdur. Əsgərlikdə dostlaşmışıq. Ancaq bu sirr olaraq qalmalıdır. Razılaşdıq?

Deyəsən bu fənn işlədi. Hərçənd riskli hərəkət idi.

-Gəlin belə danışaq. Siz yeməkdən imtina etməyi dayandırın, özünüzü bir az toxdadın, mən də variant fikirləşim. Əgər mən deyənə qulaq assanız, bunu mənim qələbəm kimi dəyərləndirəcəklər. Hələlik sizdən ancaq bu tələb olunur- təmkinli olmaq, mənə güvənmək. Hadisələrin sonrakı inkişafına mənim də müdaxilə etmək imkanım yaranacaq. İlk olaraq məlumat verim ki, sabah sizi buradan uzaqlaşdıracam. Yolumuz uzun olcaq, bütün suallarınızı saxlayın sabaha. Danışdıq?

Qızlar cavab verməsələr də, bunun yeganə variant olduğunu anladıqlarını hiss etmək heç də çətin deyildi.

-Məni burada hamı Şimşək deyə çağırır, rus dilinə tərcümədə “Molniya”. Mavi gözlü gözəl, sənin adın nədir?

-Diliya. O sarışın qız Amina, o biri isə Ofeliyadır. Bəs sənin əsl adın nədir?

-Adım nəyinə lazımdır? Əsl adımı biləndə bu sizin üçün yaxşı mənada böyük sürpriz olacaq. Hələlik isə “Molniya” deyə çağırsanız kifayətdir,- Şimşək mövzunun bitdiyini anlatmağa çalışdı. Diliya daha sual vermədi.

Şimşək bilirdi ki, Nona kamera ilə onları izləyir. Qələbəsini nümayiş etdirmək üçün gülümsəyərək qızlara müraciət elədi:

-Məni qapıyadək ötürmək istəmirsiz?

Qızlar ona yaxınlaşdılar. Şimşək hər üçü ilə əl görüşüb otaqdan çıxdı.

Kabinetin açıq qapısına söykənərək Şimşəyi gözləyən Nona onun yaxınlaşmasını gözləmədən səbrsizlik etdi:

-Hə, igidim, neyləyə bildin?

-Onları aldatdım. Dedim, səbirli olun, sizə kömək etməyə çalışacam.- Şimşək də gələ-gələ cavab verdi.

-Aldatmaq niyə, kömək elə də. Sənin dostun var ey, Şeyx. Eşitdiyimə görə onun yaxşı imkanlı tanışları var. Onunla danış, sataq bunları. Sənə də xeyir, mənə də.

-Nə danışırsan, Kabusun qəzəbinə tuş gəlim?- Şimşək etiraz etdi, əslində isə bunun yaxşı fürsət olduğunu anlayırdı.

-Kabusun başı qarışıb öz işlərinə, mənim sahəm onunçün maraqlı deyil. Onu pul maraqlandırır, dedi Nona və artıq qarşısında olan Şimşəyin əlindən tutub kabinetinə tərəf çəkdi. – Gəl bura, qapını ört. Bax belə. Vaxtın olanda gəl yanıma, məndən xeyir görərsən. Sənə qəşəng qızlarımdan verərəm… Kömək elə təzələrini tapaq, həm özün kef elə, həm də ki, pul qazanaq. Balam, bu da biznesdir də.

-Olsun, nə deyirəm ki. Mən əvvəllər bu işlə də məşğul olmuşam. Rusiyada tanışlarım var. Bilirsən də, rus qızları… mmm… onlar ayrı aləmdir…

-Bilirəm, bilirəm. Qarış bu məsələyə. Yoxsa ki, bu Mkrtıç it oğlu hər dəfə başıma iş açır. Onu bu dəfə pulsız yola saldım, gətirdiyi qızlara bax. Əvvəlkilər adam kimi sözə baxırlar, “işləyirlər”…

Şimşək bir qədər fikirləşib cavab verdi:

-Yaxşı, çalışaram. Ancaq əvvəlcə Kabusdan icazə almaq lazım olacaq.

-Kabus özü səni məsləhət gördü, ona görə buradasan da. Guya bir dil bilən tapa bilməzdim? Giriş bu biznesə. Lazım gəlsə, özün gedərsən Pusiyaya, Ukraynaya, Gürcüstana… Sabah tez gəl, mən artıq Karenə tapşırmışam ki, bunlar üçün otaq hazırlasın. Özünlə köməkçi də götür, hər ehtimala qarşı. Yollar təhlükəlidir.

                                                            V FƏSİL        

            Şeyx çox qayğılı görünürdü. Kabusun gördüyü işlər barədə məlumatı artıqca, ona olan nifrəti daha da artırdı. İndi də bu qızların məsələsi.

-Deyirsən, onları xilas etmək lazımdır? Mən razı, amma necə? Kim bunlar üçün bu qədər pul verib deyər ki, gedin evinizə? Səfirliyə məlumat versək, ifşa olunarıq. Qaş düzəldən yerdə, vurub göz çıxardarıq. Başqa bir plan cızmalıyıq. Mərkəzə demisən?

-Hələ yox, fikirləşdim ki, əvvəlcə sizinlə məsləhətləşim,- Şimşək cavab verdi.- Düşünürdüm ki, bəlkə onları özümüz alaq. Deyərdik ki, imkanlı biri ilə sövdələşdik, satdıq. Ancaq buna imkan qalmadı, dünən qızları Muradla aparıb bunların şimaldakı “yuvalarından” birinə təhvil verdik. Yeri gəlmişkən, o “yuvalara” cəlb olunan muzdlulara, hansılar ki, Qarabağa, bizim orduya qarşı döyüşə aparacaqlar, PKK-YPQ komandirləri təlim keçirlər.

-Hə, bu barədə məlumatım var. Qızları oraya niyə apardınız ki?

-İraqın şimalında, PKK-nın nəzarətində olan ərazidə fəaliyyət göstərən bir quldur dəstəsi var. Başçıları Qatır Abdullah Salah adlı birisidir. Onunla danışıqlar aparırlar. Belə işləri olanda həmişə ona müraciət edirlər. Abdullah belə qızları kimə satır, onların sonrakı taleyi necə olur, bilən yoxdur.

-Yolda bir problem yaşamadınız ki?

-Yox, xocam. Nona mənə Kabusa məxsus bir vizit kartı vermişdi. İki yerdə PKK-YPQ nəzarətçiləri ilə rastlaşdıq, vizit kartını yoxlayıb buraxdılar. Həm də axı Kürd mənimlə idi. Bu kartda məxsusi kod var, ancaq özləri bilir. Nona bunu mənə verəndə xəbərdar eləmişdi ki, surətini çıxarmağa cəhd eləsək, ifşa olunarıq.

-Belə de… Ver bir baxım. Əlinin oxuya bilmədiyi kod yoxdur.

Şeyx karta baxa-baxa Əliyə zəng elədi:

– Əlican, gəl otağıma.

            Əli Savalan Suriyada yaşayan türkmənlərdən idi, Şeyxin sağ əli hesab olunurdu. Ancaq mövcud vəziyyəti nəzərə alaraq onu da hamıya ərəb kimi təqdim edirdilər. Hərçənd məlum hadisələrdən sonra yerli türkmənlərin böyük əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qalmışdı, Əli isə, özünün dediyi kimi, “ikinci Vətənindən” getməmişdi, şeyxin himayəsinə sığınmışdı. “Əsl Vətənim Azərbaycanın Qazax bölgəsidir,- deyirdi.- Ulu babalarım orada yaşayıb. Bir köküm Yasamal dağı, bir köküm Savalandır. Babam Nəsimi burada dəfn olunub, mən getsəm, onun məzarını kim ziyarət edər?!”-deyirdi.

Əli otağa girəndə Şimşək ayağa qalxdı, qucaqlaşıb görüşdülər. Şeyx kartı Əliyə verdi.

-Apar bunu yoxla, gör nə gizli kod var bunda. Şəklini köçür kompüterə, lazım olsa sürətini hazırlayarsan.

Sonra nə fikirləşdisə, əlavə elədi:

– Ehtiyatlı ol, kartın oxunduğu barədə onlara məlumat gedə bilər.

-Arxayın olun, xocam. Belə məxfi kodu olan kartları çox görmüşəm.

Əli otaqdan çıxdı:

-Xocam, bir fikrim var,- Şimşək davam elədi,- Nona mənə Mkrtıç barədə danışdı, aralarında iğtişaş yaranıb. Bu fürsətdən istifadə etmək olar. Biz qızları danışıq üzrə satmağa aparanda, ya da satıb pulla qayıdanda Mkrtıç qabağımızı kəsər…

-Onun bu işə cəsarəti çatmaz, ikincisi də, qabağınızı kəsib sizi öldürməlidir, budur sənin planın?

-Yox, əvvəlcə biz özümüz onu aradan götürməliyik. Qabağımızı kəsənlər isə bizim adamlar olmalıdır…

-Hmm… bu bir az ağlıma batır. Yaxşı, detalları sonra fikirləşərik, de görüm, daha nə yeniliklər var?

-Kabus öz gəmisi ilə Qarabağa göndərmək üçün Fransadan yeni, öldürücü silahlar gətirməyi planlaşdırır. Bu yaxınlarda Parisə gedəcək, məni də özü ilə aparacaq. Orada həm Parisdəki erməni terror qruplarının rəhbərləri, həm də ki, Fransanın bir sıra səlahiyyətli dövlət adamları ilə görüşləri olacaq. Ötən ay silahları Gürcüstan vasitəsilə Ermənistana ötürmək cəhdi baş tutmadığı üçün istiqaməti dəyişmək qərarına gəliblər.

Əslində Gürcüstanla Ermənistan arasında dövlət səviyyəsində aparılan danışıqlar nəticəsində razılaşma əldə olunmuşdu. Guya, gəmidə yeni istehsal müəssisəsinin avadanlıqları olacaqdı. Bu barədə vaxtında Mərkəzə məlumat verilmiş, Türkiyə hökuməti işə qarışmalı olmuşdu. Gəmi Qara dənizin Türkiyəyə aid olan sularında saxlanılmışdı. Narkotik malların olması şübhəsi ilə yoxlama aparanda silahlar aşkarlanmışdı… Şimşək də məhz buna eyham edirdi.

-Yaxşı, bəs diğər istiqamət hansı olacaq?- Şeyx narahatlığını biruzə verərək soruşdu. 

-Digər bir istiqamət isə, yükün Aralıq dənizi vasitəsilə  daşınmasıdır. Ola bilsin ki, daha sonra Suriya- İraq-İran marşrutu ilə. Maliyyə baxımından bu variant o qədər də əlverişli deyil. Üçüncü istiqamət, Hindistan-İran marşrutu ilə…

-Demək ki, Hindistan da Ermənistana silah göndərir?

-Təəccüblü də olsa, belədir. Yəni, bu istiqamətdə də işlər görülür.

-Ay aman, bu haylar nə qədər şərəfsizdirlər? Bir yandan guya sülh danışıqları aparır, o biri yandan da dünyanın hər yerindən silah-sursat daşıyırlar.

-Təəssüf ki, belədir, xocam. Hələ Rusiya…

-Bilirəm, oğlum, bilirəm. Rusiya illərdir ki, onlara silah-sursat göndərir, məlumatım var… Bax, bu ciddi işdir. Bizim məşğul olacağımız işlər bunlardır. Yoxsa ki, ay aman, qızları xilas etmək lazımdır… Mən etiraz eləmirəm, o da vacib məsələdir. Ancaq əsas fəaliyyətimizə xələl gətirməmək şərti ilə. İndi mənə Kürdlə münasibətin barədə məlumat ver, işlər necədir?

-Murad qardaşla bütün məsələləri çözüb nizama salmışıq. Çalışırıq ki, dığaların arasında olanda az ünsiyyətdə olaq. Görüşəndə də ancaq iş barədə danışırıq. Hərdən gizli görüşlərimiz olur. Qızları aparanda onun kürd dilini bilməsi işləri xeyli asanlaşdırdı.

-Hə, belə lazımdır, ehtiyatlı olun. O qızlar barədə fikirləşərik. Onlar da bizim balalarımızdı. Ehtiyac üzündən bunların tələsinə düşüblər. Mərkəzlə özüm danışaram. Çox qayğılı görünürsən, səni narahat edən başqa nə var?

-Xocam, yolumuz Hələb şəhərinin yaxınlığından keçirdi. Nələr gördüm? Şəhərin bir hissəsi xarabalığa çevrilib…

-Xarabalığa çeviriblər, oğlum. Rus bombardmançı təyyarələri… Eh, sən hələ nə görmüsən? Əhalinin böyük bir hissəsi Türkiyəyə pənah aparıb, altı milyona yaxın… Əksəriyyəti də bizim qan qardaşlarımız- türkmənlər… Altı yüz mindən artıq dinc əhalini qanına qəltan ediblər bu qansızlar. Əksəriyyəti də bizimkilər… Sən hələ nə görmüsən?.. Ölkəni didib-parçalayıblar…

-Bu ölkədə nə qədər terrorçu, nə qədər qaniçən var, xocam? İran bir tərəfdən, Rusiya bir tərəfdən, qərb ölkələri bir tərəfdən? Ermənilər də at oynadırlar burada…Nə istəyirlər bu ölkədən?

-Bu qüvvələrin əksəriyyəti bizə qarşı, qocaman ulu türk dünyasına qarşıdır, oğlum. Açıq savaşa cəsarətləri çatmır, beləcə, birləşib bu buyruq qulu olan terrorçuların vasitəsilə bizi parçalamağa, birliyimizi pozmağa çalışırlar. Əsrlərdir belədir, belə də olacaq. Biz mübarizəmizi davam etdirməyə məcburuq. Yoxsa ki, sənin burada nə itin azmışdı…

Əli otağa daxil oldu.

-Hər şey qaydasındadır. Adi kartdır, sadəcə ara qatında “Kabus” yazılıb, lazer şüası ilə oxunur. Sürətini köçürdüm, buyur əslini,- kartı Şimşəyə verdi.

– Yaxşı, oğlum, Allah amanında! Get, dincəl.

Gecəniz xeyrə qalsın, xocam!

-Xeyir apar, oğlum!

“Ana! Əziz anam, əvəzolunmaz anam, əzabkeş anam! Bağışla məni! Sənin qulluğunda dura bilmirəm, qayğını çəkə bilmirəm… Yavaş-yavaş saçlarına da dən düşür… Sənə bir gəlin sevinci yaşada bilmirəm… Bağışla məni, ana! Vallah, işlərim o qədərdir ki… Həm də ki, xidmətdəyəm axı. Bilirəm, düşünürsən ki, texnologiyanın bu qədər inkişaf etdiyi bir zamanda sənə hərdənbir video-zəng də eləmirəm. Haqlısan, eləmirəm. Ancaq hər axşam, hər gecə, özümlə tək qalanda səninlə danışıram. Elə indiki kimi: üz-üzə, göz-gözə… Sənin bişirdiyin o dadlı xörəklərdən yeyə-yeyə, tərif eləyə-eləyə. Bilirsən necə burnumun ucu göynəyir o xörəklərdən ötrü? Yadıma düşəndə ağzım sulanır. Neylim ey, hələ də uşağam da. Allah Şeyxin canına dəyməsin, mənə ata qayğısı göstərir. Oteldəki yeməkxananın aşpazına tapşırıb ki, özü oldu-olmadı, mənə həmişə bizim yeməklərdən bişirsin. Yoxsa ki, bu dığaların yediyi iylənmiş donuz ətindən hazıırlanmış xörəklərlə kifayətlənməli olardım. Əlacsızlıqdan yeyirəm o xörəkləri- belə lazımdır. Yaxşı ki, ərəblər donuz əti yemirlər… Guya yemirlər, elələri var ki, lazım gəlsə, It əti də yeyər. Ancaq ədalət xatirinə, əksəriyyəti yemir. Burada ərzaq tez xarab olur, isti iqlim hökm sürür də burada. Heç bizdə olan tərəvəzlərdən, meyvələrdən də yoxdur burada. Allah Şeyxin ölənlərinə rəhmət eləsin!.. Eh, nə yapışmışam ey bu yeməklərdən? İndi məgər qarın davası vaxtıdır?… Ana, qurban sənə. O qız var  ey, hər ay sənə mənim maaşımıı gətirən qız, xoşuna gəlir? Ondan sənə gəlin olar, necə düşünürsən? Ona tapşırmışam ki, pulu sənə əlbəəl versin, hər ay. Karta köçürmə, filan söhbəti olmasın. Guya, sənin belə şeylərdən başın çıxmır. Ana, özü də bilir ey, yalan deyirəm. Elə birinci xahişimdə məmnuniyyətlə razılıq verdi. Hə… mən axı ona tez-tez sevgi məktubu da yazıram. Guya da, sevgi məktubu… Guya, Rusiyadakı sevgilimə yazıram. Belə lazımdır, özün başa düşürsən… Mən, ömrümdə bir kəlmə də belə sözlər yazmayan adam, elə şeylər uydurub yazıram ki, özüm də heyran qalıram. Ana, bilirsən necə yazıram? Bax, bir anlığa gözlərimi yumub onu təsəvvür edirəm. Sözlər düzülür ey, muncuq kimi. Yoxsa ki, ömrümdə heç görmədiyim, bir kəlmə də kəsmədiyim qıza belə sözlər yaza bilərdim?.. O da yəqin mənim kimi edir, məktubu o qədər şirin olur ki, təkrar-təkrar oxumaqdan yorulmuram… Kimdir ey, gecənin bu vaxtı zəng edən? Anamla rahat danışmağa da qoymurlar. Bağışla, anacan, gərək cavab verəm. Gecən xeyrə qalsın, mənim mehriban, qüvvətli, qüdrətli anam! Əllərindən öpürəm!”.

-Ara, yatmısan?- Vaçaqan idi, adətən sərxoş olanda gecələr zəng edib zəhlətökənlik edirdi.

-Gecənin bu vaxtı yatarlar da,- özünü yuxulu kimi göstərdi,- vacib iş var?

-Ara, var da. Sabah gecikmə ha…

-Qızları deyirsən? Aparmalıyıq da, yadımdadır. Arxayın ol, vaxtında gələcəm.

-Ara, ara… gəl vuraq. Yerevandan əla konyak göndəriblər. Ara… eh… sən vuran deyilsən ki…

-Yox, vuran deyiləm, gecən xeyrə qalsın.

-Ara… ara… Molni-ya… Şim-şək… eh… ağzının dadını bilmirsən… yaxşı… yat…

Rastına ilk çıxan Murad oldu. Söhbətgahın qarşısında var-gəl edirdi. Çox gərgin idi. Şimşəyi görcək ətrafa nəzər salıb söhbətgaha girdi.

-Nə olub, qardaş? Niyə belə gərginsən?- onun ardınca söhbətgaha daxil olan Şimşək astadan soruşdu.

-Bu gecə yenə iki yeniyetmənin meyitini aparıb basdırdıq. Abi, gözümün qarşısında balta ilə doğradılar onları. Daxili orqanlarını çıxarmışdılar. Biri hələ sağ idi…- kövrəldi. Araya bir neçə saniyəlik sükut çökdü. – Bunlar insan deyillər, abi…

-Özünü ələ al. Plan hazırlayırıq, hələ zamanı gəlməyib. Sən çalış, imkan tapan kimi, mikropartlayıcıları lazımi yerlərə quraşdır. Danışdığımız kimi, zirzəmidəki qaranlııq, şübhə yaratmayan yerlərdən başla. Saxlama kameralarının, narkotik hazırlanan laboratoriyanın ən gizlli yerlərində. Sonra qalxarıq yuxarılara. Tələsmək lazım deyil, vaxtımız çoxdur. Biz  yarım saatdan sonra yola düşməliyik, qızları təzə sahiblərinə təhvil verməyə aparacağıq.  Şimal marşrutu üzrə , YPQ, PKK terror qruplarının nəzarətində olan yollarla hərəkət edəcəyik, bu ən təhlükəsiz marşrutdur.

-Kabusa məxsus olan avtomobilləri uzaqdan tanıyırlar, dövlət qeydiyyat nişanındakı “K 69” kodu bu bölgədə savaş aparan bütün terror qruplaşmalarına  bəllidir.  Bunlara hər yerdə yaşıl işıq yandırılır.

-Bilirəm, məlumatlıyam. Ancaq uzaqdan atılan mərminin o kodu tanıması mütləq deyil.

-Heç zarafatından qalmırsan, abi. Ancaq mən heç cürə unuda bilmirəm bu gecəki səhnəni. Gün ərzində 12-13 saat zəhərli havanı uda-uda gərgin şəraitdə işlə, sonra da sənin daxili orqanlarını çıxarıb, özünü də vəhşicəsinə balta ilə, sağ ikən doğrayıb kisələrə yığsınlar…

-Yaxşı, toxta bir az. Ağlayıb-sızlamaq vaxtı deyil, uzaqlaş buradan. Şeyxlə əlaqəni kəsmə. Lazım gəlsə “B” planını işə salacağıq.

-Düşünürsən ki, biz qızları düşərgəyə apararkən danışıqlarımızı…

-Yox, belə olsaydı, çoxdan bizi çək-çevirə salardılar. Bilirsən ki, bu Vaço it oğlu hələ də məni rəhbərliyə qısqanır. Hər şey ola bilər.

-Özünü qoru, abi. Allah sənə yadımçı olsun, amin!

-Amin, qardaş!

            Qara rəngli “Range Rover” markalı avtomobil artıq hazır idi. Vaxtı ilə Şimşəyi bu məkana gətirən həmin avtomobil… Təkcə Vaçaqan yox idi. Şimşək nəzarətçini onun ardınca göndərdi. Yəqin dördüncü mətrəbədəki dincəlmə otağında yatırdı. O, çox vaxt sərxoş olanda belə edirdi. Əslində evinə tələsməyə bir lüzum da yox idi, tək yaşayırdı. Kabusun da, onun da ailəsi Belçikada yaşayırdı.

            Şimal bölgəsində, dağların arasında yerləşən təlim düşərgəsinə çatanda artıq hava qaralırdı. Bir neçə saat burada dincəlib, qızları götürüb gecə ikən yollarına davam edəcəkdilər. Onları “komendant” özü qarşıladı.

Şam yeməyi üstü çadırla örtülmüş söhbətgahda təşkil olunmuşdu. Qızları da gətirmişdilər. Onlar sakitcə, ancaq qəzəblə ətrafdakılara baxırdılar. Nəhayət, Vaçaqan onlara işarə ilə Şimşəyə: “Ara, bu qızları başa sal, yemək yesinlər. De ki, hay-küy salsalar, onları baqaja basıb aparacam”,- deyə göstəriş verdi.

Şimşək  stulunu götürüb rəndələnməmiş taxta parçalarından düzəldilmiş stolun qızlar oturan tərəfinə keçdi, əyləşdi. Üzünü arıq qıza tərəf çevirib aramla söhbətə başladı:

-Diliya, mənə diqqətlə qulaq as. Mənim sizə nə söz verdiyim çox dəqiq yadımdadır. Artıq həmin məqam yaxınlaşır. Sus, cavab vermə, ardına qulaq as. Mənə heç bir sual verməyin. Sadəcə və sadəcə heç nəyə təşəbbüs göstərməyin, bu sizin yaşamağınızın qarantıdır. Sakitcə yeməyinizi yeyin, dincəlin. Yola düşəndə əllərinizi bağlamalı olacağıq. İzah edə bildim?

-Hər şey aydındır. Əllərimizi bağlamağa nə ehtiyac var, bu vəhşilərin əlindən hara qaçacağıq ki?!- deyə Diliya cavab verdi. O biri qızların da “itaətkar” durumda olmaları vəziyyətə nəzarətin qənaətbəxş olduğu anlamı yaradırdı. Bu Vaçaqanı qane edirdi.

-Ara, Karen, Kötük haradadır, gözümə dəymir? Çağır bura.- Vaçaqan göstəriş verdi. Tezliklə Camal söhbətgaha daxil oldu, qonaqlarla əl görüşdü və sakitcə dayandı. Vaçaqan yenə tikanlı sözlərlə onu sancmağa başladı:

-Ay Kötük, sən buradakı cavanlarla ayaqlaşa bilirsən? Elə kötüksən ki, kötük. Ha, ha,ha…

-Otur, bizimlə yemək ye,- deyə Şimşək gərginliyi aradan qaldırmağa çalışdı, Camalı süfrəyə dəvət elədi. Camal oturmadı, ac olmadığını söylədi. Bir azdan dincəlmək üçün ayrılmış otağa tərəf yollandılar. Şimşək Camalın vəziyyəti ilə maraqlandı. Narazı olduğunu anlamaq o qədər də çətin deyildi, hərçənd Camal bunu biruzə verməməyə çalışırdı.

-Hər şey qaydasındadır, -Karen cəld söhbətə qarışdı. –Dünən təzə partiya “Kalaşnikov” avtomatları almışıq, öyrənirlər. Camal da yaxşı nəticələr göstərir, bu gün iki ədəd daraq boşaldıb.

-Belə israfçılıq etməyin, ay Karen. Ara, iki dənə avtomat darağı altmış nəfər türkün canı  deməkdir ey, başa düşürsən?- Vaçaqan sözləri qəh-qəhə çəkərək elə tərzdə dedi ki, hamı ona qoşuldu. Şimşək gözaltı ətrafdakıları süzdü- qızlar heç nə anlamadıqları səbəbindən sakitcə oturmuş, Camal isə həyəcandanmı, hirsdənmi, pörtmüşdü.

            Görüş yerinə günorta çatdılar. Onları İraq dövlətinin nömrə nişanı olan ağ rəngli “pikap” gözləyirdi. Çiyinlərində avtomat silahı olan iki nəfər “K 69”-dan iki-üç addım qabaqda dayanmış Vaçaqana yaxınlaşdı. Onlardan biri, əlində “diplomat” çanta olan bir addım da qabağa gəldi:

-Kabusa Qatır Abdullah Salahdan salamlar gətirmişik,- deyə çantaya işarə elədi. Vaçaqan da öz növbəsində Şimşəyin müşayiəti ilə artıq yaxınlaşmaqda olan qızları göstərdi:

-Kabus çox şad olacaq. Bizdə sizin Qatıra Kabusdan hədiyyə olaraq üç dənə ağ göyərçin gətirmişik.

Mübadilə qısa müddətdə başa çatdı. Şimşəkgil gəldikləri yolla geri döndülər. Yenə təlim düşərgəsində bir qədər dincəlib yollarını davam etdirdilər. Yola düşməzdən əvvəl Şimşək imkan tapıb Camalla da görüşə bildi.

Helikopterə minənə qədər qızlar susur, onları təhvil alanlar isə hərdən öz aralarında qızların sona qədər anlamadığı dildə astadan nə barədəsə danışırdılar. Təbii ki, bu qızları daha da həyəcanlandırırdı. Hərçənd ki, sözlərin əksəriyyəti onlara doğma gəlirdi. Əgər astadan danışmasaydılar, bəlkə də qızlar çox şeyi anlayardılar. Helikopterə minərkən oğlanlardan biri qızlara tərəf çevrilib rus dilində: “Türkiyə Cümhuriyyətinə xoş gəlmisiniz, xanımlar!”- dedi. Helikopterdə qolları qandallanmış, əhatələrindəkilərə qəzəblə baxan daha iki nəfər var idi…

Artıq qaranlıq düşürdü, şəhərə çatmağa az qalmışdılar. Qabaqda boz rəngli bir “pikap” irəliləyirdi. Nə qarşıda, nə də arxada digər bir nəqliyyat vasitəsi gözə dəymirdi. “Pikap” yolun daralan hissəsində, körpünün çıxışında qəflətən dayandı. Başlarında çalma, üzlərində maska və əllərində avtomat olan üç nəfər maşından düşüb silahı Şimşəkgilin üstünə tuşladılar. Şimşək məcburən avtomobili saxladı. Bu gözlənilməz hadisədən qəzəblənmiş Vaçaqan maşından düşüb onlara tərəf yeridi: “Dəli olmusunuz?”- deyə qışqırdı.

-Dəli sizsiniz ki, mənim haqqıma girirsiniz. Çantanı ver.- Üç nəfərdən biri qabağa çıxdı- Elə bilirsən xəbərim yoxdur hardan gəlirsiniz? Mənim çətinliklə gətirdiyim qızları satıb kef etmək, mənim payımı verməmək asan məsələ deyil. Pullarım tam şəkildə verilənə qədər səni girov saxlayacam. Sənə görə də əlavə ödəniş etməli olacaqlar.

-Sən kimsən, ara?- Vaçaqan soruşdu.

-Sağ qalsan, Nonadan soruşarsan.

-Mkrtıç? Ara, dəlilik eləmə. Sabah gəl, oturaq söhbət edək. Kabus bilsə, səni bir gün də yaşamağa qoymaz.

-Mənə olan olub, uzun danışma, uzan yerə.

Vaçaqan vəziyyətin nə qədər ciddi olduğunu indi anladı. Yerə uzanıb əllərini başının üzərində qoşaladı. Silahlılardan biri Şimşəyə yaxınlaşdı.

-Düş yerə.

Şimşək maşından düşdü.

-Pullar hanı?- deyə həmin adam soruşdu.

-Arxa oturacaqda,- deyə Şimşək cavab verdi.

-Götür ver mənə. Sonra orurarsan maşına, sürərsən Kabusun xarabasına. Buradakı pullardan əlavə yüz min ABŞ dolları götürüb gələrsən, komandirini verərik sənə. Eşitdin?

-Ara, iki yüz min.- Vaçaqanın Mkrtıç adlandırdığı adam düzəliş elədi.

Şimşək sakitcə arxa qapını açıb çantanı götürdü və qarşısındakına uzatdı. Adam çantanı almaq istərkən ani olaraq boynunda yaranan kəskin ağrının təsirindən şappıltı ilə yerə yıxıldı. Şimşək onun əlindən aldığı silahla digər iki nəfəri də yerə sərdi. Cəld onları sürüyüb yolun kənarına atdı.

-Qalx gedək, komandir,- deyə Vaçaqana səsləndi. Qaçaraq “pikapa”a əyləşdi və onu yolun kənarına sürdü.

Vaçaqan hələ də özünə gələ bimirdi. Hadisələr ona yuxu kimi gəlirdi. Qızların və Abdullahın adamlarının yoxa çıxması xəbərindən hiddətlənmiş Kabus isə kabinetində var-gəl edir, səbrsizliklə öz adamlarını gözləyirdi. Nona da onun yanında idi. Vaçaqanı kabinetin kandarında görcək qəzəblə qışqırdı:

-Vaço, səni öz əllərimlə boğacam. Qızlar hara yoxa çıxıb?

Vaçaqan gözlənilməz sualdan çaş-baş qaldı, boğazı quruduğundan udqunmağa başladı:

-Bos… qızları təh-vil ve-rib pul-la-rı da al-mı-şıq…- əllindəki çantanı göstərdi.

-Necə yəni “pulları almışıq”? Ver görüm, onu.

Çantanı heykəl kimi dayanmış Vaçaqanın əlindən dartıb aldı, açıb baxdı. Çanta pulla dolu idi.

-Nona, bəlkə sən başa salasan məni, əgər bunlar Abdullahın adamları ilə görüşməyiblərsə, onda bu pullar haradandı? Başqa adama satmısınız qızları?- sualı ümumi olaraq kabinetdə olanların üstünə çilədi.

-Yoox… başqasına niyə?- Nona da çaşqınlıq içində cavab verdi.

-Bos, mən onlarla mübadiləmizi kameraya çəkmişəm, buyurub baxa bilərsiniz,- deyən Şimşək irəli yeriyib telefonu Kabusa uzatdı. Hamı, hətta bu videodan xəbərsiz olan Vaçaqan da maraqla gözlərini telefonun ekranına zillədilər. Hər şey yerli-yerində, plan üzrə idi.

Kabusun yavaş-yavaş hirsi soyuyurdu. Bunu hiss edən Vaçaqan qayıdarkən başlarına gələn hadisəni də danışdı.

-Hmm… qarışıq məsələdir… Ümid edirəm ki, bu hadisəni də videoya çəkmisən.- Bu dəfə Kabus Şimşəyə müraciət elədi.

-Əlbəttə, bos. Avtomobilin kamerası açıq idi, çəkirdi. Köçürmüşəm. Zəhmət olmasa, verin telefonu, açım baxın.

Şimşək növbəti videonu onlara göstərdi, yenə hamı heyrət içərisində idi. Kimlərinsə Şimşəyə olan rəğbəti, kimlərinsə gizli paxıllığı artmaqda idi.

-Yaxşı eləmisən. O Mkrtıç it oğlunu çoxdan gəbərtmək barədə düşünürdüm. Yaxşı eləmisən… Ancaq onların leşlərini gətirməyi unutmusuz. Eh, cəhənnəm olsunlar, onsuz da ölkə qan içindədir. Kimdir bizi axtaran. Məni başqa məsələ maraqlandırır. Mkrtıç sizin marşrutu necə öyrənə bilib, əgər Abdullahın adamlarını o öldürübsə, vaxt baxımından bunu necə çatdırıb ki, sonra da sizi təqib edib? Suallar çoxdur… çox… hələ başqa suallar da başımı çatladır. Əsas da bu silah məsələsi. Gürcüstan məsuliyyəti öz üzərindən atır, Türkiyəyə müraciət etməyin mənası yoxdur, bizi Beynəlxalq Məhkəmə ilə hədələyir… Zərbə isə bizə dəyir… suallar çoxdur, olduqca çox…

            Şimşəyin çəkdiyi videonu dəlil-sübut kimi Abdullahın köməkçisinə göndərdilər. Bir neçə dəqiqədən sonra cavab gəldi: Videodakılar onun adamları deyil. İkinci videodakı adamların geyimləri əvvəlkilərlə uyğun gəlsə də, sifətləri bağlı olduğu üçün onların eyni adamlar olduğunu təsdiqləmək çətinlik yaradır. Belə olduqda leşləri gətirmək qərarına gəldilər. Leşləri tapa biləcəkdilərmi?! Onlar qoruyucu jiletlərinə dəyən rezin güllələrin təsirindən çoxdan çıxmış, “xortlayıb” qeyb olmuşdular. Bu Kabusun daha bir tərəfdaşının düşmənə çevriləcəyindən xəbər verirdi.

-Fərz edək ki, Mkrtıç çaqqal oğlu Abdullahın adamlarını öldürüb, pulları götürüb. Bəs sizə niyə verirdi? Niyə yenidən sizi təqib edirdi? Qızları harada gizlədib?- Kabus var-gəl edə-edə suallar yağdırırdı.- Niyə?.. YPQ-nin nəzarətində olan ərazilərdə kim cürət edib bizimlə gizlənpaç oynamağa?..

-Samvel (onu yalnız Nona belə çağırırdı), o acgöz köpək idi də. Yəqin qızları yenidən kiməsə satacaqmış.

-Hmm… bu gün yox… sabah… sabah ikinci videonu da göndərin onlara, deyin ki, düşmənimizi cənnəmə vasil elədik, qızları da axtarırıq. Rusiyadakı adamlarla əlaqə yaratmağa çalışın, tez o ləçərlərdən tapıb göndərsinlər.

-Samvelim, bizim onlarla birbaşa əlaqəmiz yoxdur. Bu işi həmişə o gorbagor görürdü.

-Məni dəli etmək istəyirsən, ifritə? Bu gün daha bəd xəbər eşitmək istəmirəm, çıxın, rədd olun!- Kabus başını əlləri arasına alıb dəli kimi böyürdü.

Şimşək əmin idi ki, sabahdan başlayaraq Kabus daha ağır xəbərlər eşidəcəkdi.

VI FƏSİL       

            Camal qaya parçasına söykənib fikrə getmişdi. “Bu oğlan əslində kimdir, mənə niyə kömək edir?”. Şimşək ayrılarkən onun ovcuna bükülü bir kağız qoyub “sonra baxarsan” demişdi. Kağızın arasında bir qədər pul, bir ədəd bank kartı var idi. Kağızda kartın kodu və telefon nömrəsi yazılmışdı.

-Salam. Sizin nömrəni mənə Şimşək verib.

-Şimşək?

-Sən Camalsan?

-Hə, Camalam. Bəs siz kimsiniz?

-Dəxli yoxdur… Biləcəksən, darıxma. O, məndən xahiş edib ki, əgər istəsən, sənə kömək edim.

-Kömək, necə? Nəyin müqabilində? Mən hər şeyi bilmək istəyirəm.

-İnsanlıq naminə, oğlan. Sənin azyaşlı uşaqların var, səfalət içində yaşayırsan. Elədir?

-Tutalım ki, elədir. Dünya od içində yanır, sizsə xeyirxah işlərlə məşğulsunuz? Hansı zəmanədə yaşayırıq? Bu çağacan mən insanlardan ancaq pislik görmüşəm…

-Səhvin var. Dünya yaxşı adamlardan xali deyil. Nə isə. O kartda sənin azı bir illik xərclərini qarşılayacaq məbləğdə pul var. Göndər ailənə. İstəsən, evinə qayıtmağa da kömək edərik. Bilirik ki, orada sizin vəziyyətiniz heç də ürəkaçan deyil. Şəraitiniz pisdir, vəd verdikləri məvacibi vaxtlı-vaxtında vermirlər, hələ bir hissəsini də kəsirlər- hamısını bilirik.

-Siz məni sınağa çəkirsiniz? Mən Kabusa xəbər versəm necə olacaq?

-Kabus sənə inanmayacaq, əvəzində isə sən təxribatçı qismində öləcəksən. Yəqin ki, bunu istəməzsən.

-Mən bu pulları qazanmamışam. Haram pulla ailə saxlayan şərəfsizlərdən deyiləm.

-Doğrudan? Bəs günahsız insanların qanını axıtmaq halaldı?

-Mən heç kimin qanını axıtmamışam.

-Hə, elədir. Ancaq müharibəyə hazırlaşırsan… tanımadığın adamları qanına qəltan eləməyə…

Sənə video göndərəcəm, bax. Azərbaycan adlanan müsəlman ölkəsinin işğal olunmuş Qarabağ bölgəsinə, bunlar oranı Artsax adlandırırlar, haraya ki, sizi də aparacaqlar. Bax, gör o cənnət bölgələri necə cəhənnəmə döndəriblər. Bu ölkələrdən oraya köçürülən ermənilərin şikayətinə qulaq as. Getdiklərinə it kimi peşman olublar. Özləri çəkib bu kadrları. Öz dillərindən eşit, oradakı vəziyyəti. Bax və düşün. Sonra isətəsən, zəng edərsən. Hələlik.

Dialoq bununla da sona yetdi.

            Səhəri gün Kabus Vaçaqanı tək qəbul elədi. İndi nisbətən sakit görünürdü. Şimşəyin təqdim elədiyi video-görüntülərə dəfələrlə baxmışdı. Vaçaqanı təkrarən ətraflı danışdırdıqdan sonra yekun qərarını söylədi:

-Əslində, siz hər şeyi düzgün etmisiniz. Vaxtında qızları aparıb təhvil vermisiniz. Avtomobil həminki, hansı ki gəlməli idi, kod açarını düzgün söyləyiblər. Bizdən şübhələnməyə heç bir əsas yoxdur. Ancaq… ancaq sənin Şimşəyə bir can borcun var, elədir?

-Elədir ey, bos. Amma…

-Nə amma? Əmması zadı yoxdur. Ara, Vaço, sən onu niyə qısqanırsan? Onun başı səninkindən yaxşı işləyir, ona görə? Bəli, o səndən ağıllıdır, cəsarətlidir və sairə. Niyə sənin ağlına gəlmədi hadisələri videoya çəkmək? Çünki kütbeyinsən. Nə olsun ki. Ol da kütbeyin, hamı ağıllı olmaz ki?!  Mənim tapşırıqlarımı düzgün icra elə, sədaqətli ol, əsas budur. Elə bilirsən səni onun ayağına verərəm? Ara… sən məni nə hesab eləyirsən? Vaço, bilirsən bizim nə qədər mühüm işlərimiz var? İndi daxili çəkişmənin yeri deyil. Ara, indi tarixi məqam yetişib ey, anlayırsan? Azərbaycanı yenidən iki yerə parçalacayıq. Düz Xəzərə kimi gedib çıxacağıq. Onda tarixi torpaqları olan Cənubi Azərbaycanla əlaqələri tamam kəsiləcək. Ara, sən Azərbaycanın tarixini bilirsən? Bax, şimalını Rusiya qoparıb, qərbini biz, cənubunu İran… Hələ Gürcüstana da pay düşüb. Hamısını alıb qatacağıq öz torpaqlarımıza, “Böyük Ermənistan” yaradacağıq. Bunun üçün dayanmadan çalışmalıyıq ey. Buralardan erməni ailələrini köçürməliyik işğal etdiyimiz ərazilərə. Nə qədər tez, nə qədər çox köçürə bilsək, o qədər işlərimiz rəvan gedəcək. Ara, Şimşək də bunu istəyir də. Bacarıqlı oğlandır, istifadə edək də. Nə vaxt bir səhv addım atdı, aradan götürməyə nə var? Kimdi onu itirb-axtaran? Anladın?

-Anladım, bos, anladım.

-Di get, hazırlıq gör, iki gündən sonra Parisə uçuruq. Mən, sən, Şimşək, bir də… Kürdü də götürək, lazım olar. Get, arxayın get.

-Baş üstə, bos.

Vaçaqan özündən razı halda kabusun kabinetindən çıxdı.

-Get, cəhənnəm ol, çaxır çəlləyi. İt kimi iy verirsən. Sənin də vaxtına az qalıb.- Kabus kinayə ilə mızıldandı.

            -Gəlmək olar, xocam?- Şimşək açıq qapının kandarında göründü.

-Gəl oğlum, gəl. Yaxında əyləş. Danış görüm necəsən, nə var, nə yox?- Şeyx nəvazış göstərdi.

-Hər şey qaydasındadır, xocam. Bir az o uşaqlarçün narahatam, mən onlara ciddi xətər yetirməmişəm ki?

-Yox əşi. Ancaq Əlinin boynu hələ də ağrıyır,- Şeyx gülümsündü,- eyb etməz, əvvəlcədən bilirdi də, zərbə ona dəyəcək.

-Mən təəssüf edirəm, onunla görüşə bilərəm?

-Lüzum yoxdur. O, Camalı düzgün yola gətirməklə məşğuldur. Dünən telefon danışıqları olub. Eee… artıq üçüncü dəfə.

-Elə mən də o barədə danışmaq istəyirdim. Sabah Camalı öz ölkəsinə göndərəcəklər. Həm yeni döyüşçülər cəlb etmək, həm də Şərqi Zəngəzur bölgəsinə köçürməyə hazırlaşdıqları erməni ailələrinin köç məsələlərinə kömək etmək məqsədi ilə Livana və Yəmənə göndəriləcək qrupun tərkibində. Düşünürəm ki, indi ona əks təbliğatla məşğul olmağı həvalə etmək olar. Əldə etdiyimiz video çarxlar artıq sosial şəbəkələrdə əks-səda doğurub. Bu, Camal üçün tutarlı material olacaq.

-Mən də elə düşünürəm. Əli ona deyib ki, ay Camal, müsəlman müsəlmanı qırmaz. Qayıt get evinə. O da razılaşıb. Ancaq onu elə-belə buraxmazlar axı. Orasını da başa salıb. Deyib qoşul bizə, bu dığalarla oyun oynayaq… Hələlik əsl kimliyimizi ona deməyəcəyik. Əli deyib ki, biz də pula işləyirik, başqa dövlətə- böyük bir dövlətə. Hə… belə tapşırıq gəlib ki, bu köçün qarşısını almağa çalışaq. Nə qədər uğurla çalışsaq, gəlirimiz də bir o qədər çox olacaq. Bu ki, gedib yad ölkədə ölməkdən çox yaxşıdır. Özü də ki, Azərbaycanın indi çox güclü ordusu var… Əl-qərəz, razılaşıblar. Bir şərtlə ki, dilini farağat qoysun.

-Bu yaxşı xəbər oldu, xocam. Onda mən də zəng edərəm Camala.

-Hələ ehtiyac yoxdur. De görüm Paris səfəriniz nə vaxt başlayır?

-Əslində iki gündən sonra getməlyik, təyyarə biletləri də sifariş verilib. Ancaq Kabus hələ də şokdan ayılmayıb. Onu da deyim ki, bu hadisələrdən sonra Hindistan məsələsi təxirə salınıb. Bilmirəm hansı müddətə, ancaq onu bilirəm ki, tezliklə olmayacaq.

-Biz də bunu istəyirik də.

 VII FƏSİL     

            Gecədən xeyli keçsə də Karina hələ də kompüterin qarşısında idi. Oksana Yuriyevna gözlərini ovuşdura-ovuşdura açıq qapıdan Karinanın otağına boylandı.

-Ay qiz, sabah işə getməyəcəksən, nə oturmusan o şüanın qabağında?- deyə Karinanın üstünə çımxırdı.

-Mama, Azərbaycanla tanış oluram. Çox maraqlıdır.

-Azərbaycan cavan kişidir ki, onunla tanış olasan. Getmişdin də, tanış olmadın?

-Mama, mən o ölkəyə heyran oldum. Təbiətinə, insanlarına… hər şeyə. İndi daha dərindən öyrənirəm. Mama, Azərbaycanın çox zəngin mədəniyyəti var. İnsanları istiqanlı, gülərüz… uşaqları bal kimi şirin, təbiəti füsunkar… Hansını deyim? Dillərini öyrənmək də çətin deyil. “Men seni sevirem”…

-Ay qız, dəli olmusan? Yoxsa, özünə nişanlıı tapmısan orada?

-Mama, yoox. Nə nişanlıbazlıqdır? Orada çoxlu dostlarım var.

-Sənə kişi lazıımdır, nə vaxta qədər tək qalacaqsan?

-Mama, əzizim. Mən qızımı böyüdürəm, kişini neylirəm?- Karina etiraz elədi.

-Dur görüm, dur get yat. Bunun danışığına bax,- Oksana Yuriyevna astadan qızına təpindi,- Asta ol, İranı oyadarsan.

-Baş üstə, mənin gözəl mamulyam. Türkcə, ya da azərbaycanca desək, eyni xalq, eyni dildir,- “Gecen xeyre qalsin”.

-Nə dedin?

-Mama, dedim ki, gecən xeyrə qalsın. Sabah Bakıdan bir tanışım gələcək. Onun üçün sürpriz hazırlayıram, öz dilində danışacam. Yəni, öyrəndiyim qədər.

-Deyirəm dəə…

-Mamulya…

            Əhməd şəhər mərkəzinə taksi ilə getməyi planlaşdırmışdı. Yol çantasını götürüb çıxışa doğru addımladı, Karinanı gördü. O, Bakıdan gələnləri qarşılayanların ön cərgəsindən boylanaraq Əhmədə əl edirdi. Görüşləri çox səmimi oldu. Karina rəfiqəsi Sveta ilə gəlmişdi. Onun kiçik litrajlı avtomobili ilə şəhərə, Əhmədin qalacağı otelə gəldilər. Otel şəhər mərkəzindən bir qədər aralı olsa da, səliqəli və marşrut avtobusları ilə hərəkət etmək üçün münasib yerdə idi. O, formal prosedur sənədləşməsindən sonra əşyalarını yerbəyer edib küçəyə çıxdı. Qızlar avtomobilə söykənmış halda musiqi dinləyərək “vaxt öldüdürür”- onu gözləyirdilər.

             Əhmədin təkidi ilə “Bakı gecələri” adlanan restorana gəldilər. Restoranın sahibi “Gəncəli Asif” özü onları qarşıladı. Əhməd hələ Bakıda ikən ona zəng eləmişdi. Səliqəli, Azərbaycansayağı bəzədilmiş kabinetə dəvət olundular. Asif özü də qonaqlarla əyləşdi. Ləzzətli nahardan sonra süfrəyə samovar çayı, bir neçə çeşid mürəbbə, doğranmış Lənkəran limonu və armudu stəkanlar gətirildi.  Çay içə-içə şırın söhbət zamanı Əhməd çantasından iki kiçik bağlama çıxarıb Karinaya uzatdı.

-Bunu Şəbnəm xanım, bunu isə Kamilə xanım göndərib.

-İlahi!.. Nə zəhmət çəkmisiniz? Mən yuxu görürəm, İlahi! Bu şirin xəyaldır…

-Xəyal deyil canım, hər şey realdır, en yerə,- deyə Sveta zarafatla Karinanı silkələdi.

Otaqdakıların simasında təbəssüm yarandı.

-Görək Şəbnəm bacım məni yenə nə ilə təəcübləndirəcək,- deyə Karina bağlamaları açmağa başladı. 

İçərisində 12 ədəd armudu stəkan da olmaqla çay dəstgahı. 

-Necə də gözəldir!- Karina, ver o birini də mən açım,- Sveta marağını gizlədə bilmədi.

-Kəmhövsələ olma da, özüm açıram. Baxaq… Haa… İçərişəhərin rəmzi olan “Qız Qalası”nın büstü. Nə gözəldir!

-Bu isə mənim hədiyyəmdir. Azərbaycanın dünya şöhrətli müğənniləri Rəşid Behbudovun, Müslüm Maqomayevin, Polad Bülbüloğlunun ifalarında səslənmiş musiqi əsərlərinin lent yazıları. Burada həmçinin Azərbaycanın digər musiqi əsərlərindən nümunələr, hətta milli rəqslər də var,- Əhməd cibindən çıxardığı yaddaş kartını Karinaya təqdim etdi,- şəxsən özüm seçib köçürmüşəm.

-More vozmiii menya…- Sveta oxumağa başladı,- dalniye dali…

-Sveta, bəsdir, sakit ol,- Karina yarızarafat ifadələrlə onu susdurmağa çalışdı,- bizi biabır eləmə də. Şərab səni yaman tutub deyəsən.

-İstirahət edirik də, qoysana oxusun,- bu dəfə Asif söhbətə qarışdı,- Sveta oxumağında olsun, mən də ona bir hədiyyə edəcəm. Gözləyin, tezliklə gəlirəm,- deyib otaqdan çıxdı. Qayıtmağı heç iki dəqiqə də çəkmədi. Əlindəki bağlamanı Svetaya təqdim etdi.

-Bu nədir belə? Aman, Tanrım! Bu da çay dəstgahıdır, nə gözəl! Bəs bu? Bu nədir? Nə gözəl binalardır, ilahi!

-“Alov Qüllələri”-dir,- Asif izahat verdi.

-Sveta, mənim şəklimi görməmisən, arxa fonda bu binalardır? Şəhərin hər yerindən görünür. Bilirsən gecələr necə füsunkar, necə cazibədar görünürlər? Gözünlə görməsən… mmm… o gözəlliyi təsvir eləmək çətindir…

-İstəyirəm, istəyirəm… Mən də görmək istəyirəm!

-İstədiyiniz vaxt təşrif buyura bilərsiniz. Şad olarıq, qarşılayıb qulluğunuzda durarıq.- Əhməd söhbəti yekunlaşdırmaq qərarına gəldi. Svetanın iştirak etdiyi məclisdə əsas mövzuya keçid etməyi lüzum bilmədi.- Qızlar, Asif mənim yaxın dostumdur. İstədiyiniz vaxt, istədiyiniz məsələ ilə bağlı müraciət edə bilərsiniz.

-Əlbəttə, buyurun, istədiyiniz vaxt,- Asif də Əhmədin sözlərini təsdiqlədi,- vaxtınız olanda gəlin, bu dadlı təamlardan dadın. Buranı hamı tanıyır, hamı gəlir. İstər yerli adamlar olsun, istərsə də qonaqlar, hamı bizim xidmətdən razı qalır. Hamı da hökmən həyətdəki aşpaz heykəli ilə şəkil çəkdirir.

-Öz aramızda qalsın, bu şəhərin “polojeniyasına” biz baxırıq. Abram barədə eşitmiş olarsınız, o, mənim dostumdur,- deyə Sveta qürrələndi.

-Sveta, bəsdir. Yığış gedək, İranı bağçadan götürməliyəm.- Karina narahat olmağa başladı.

-Maman götürər də, dincəlirik də…

-Abram bura tez-tez gəlir, dostları ilə. Məndən salam de. İstəsəniz, bir yerdə gələrsiz, şad olaram.- Asif də Əhmədə dəstək nümayiş etdirərək ayağa qalxdı.

Əhməd Abram adını eşidəndə bir qədər narahat oldu. Onun baxışları Asifin baxışları ilə rastlaşanda Asif yüngülcə, başqalarının hiss etməyəcəyi tərzdə başını silkələdi. Bu, “narahat olma” demək idi.

            Qızları taksi ilə aparmaq qərarı Asifin xoşuna gəlmədi.

-Mənim qonaqlarım taksi ilə niyə getməlidir?- Qəzənfər, mənim “xüsusi işlər üzrə müvəkkilim”,  sizi Svetanın maşını ilə aparacaq,-deyə qərar verdi.

Əvvəlcə Svetanı evlərinə, Karinanı isə İrinanın təhsil aldığı uşaq bağçasına qədər apardılar. Sonra Əhmədin qalacağı otelə gəldilər. Qəzənfər Əhmədi düşürüb, geriyə, Svetagilə, maşını ona təhvil verməyə getdi.

Yenicə otağa daxil olmuşdu ki, Asifdən Əhmədə zəng gəldi. Asif Abramın sabah, səhər restorana “südlü sıyıq” yeməyə gələcəyini bildirdi və Əhmədi də səhər yeməyinə dəvət elədi. Abram südlü sıyığı doşabla çox xoşlayır və tez-tez onun restoranına məhz bu məqsədlə gəlir, -dedi.

            Abram tək deyildi, dostu, DTK-nın əməkdaşı, mayor Viktor Gerasimovla gəlmişdi. Dünən Asif Abrama bəzi məqamları anlatmışdı… Bu tanışlıq Əhməd üçün göydəndüşmə oldu. Onsuz da təhlükəsizlik orqanının əməkdaşları ilə görüşməli idi.

            Elə yemək yeyə-yeyə Əhməd gəlişinin əsl səbəbini onlara izah elədi. Bu şəhərdə insan alveri ilə məşğul olan mütəşəkkil bir dəstənin fəaliyyət göstərdiyini sübut edən dəlillər söylədi.

-Bu yaxınlarda bizim adamlarımız Suriyada fəaliyyət göstərən cinayətkar bir təşkilat üzvlərinin Rusiyanın, Ukraynanın, Gürcüstanın bir sıra əyalətlərindən cavan qızları yüksək məvacibli işlə təmin edəcəkləri bəhanəsilə aldadaraq oğurlatdıqları faktını aşkarlamışlar. Belə təcavüzə məruz qalmış üç nəfər rusiyalı gənc qızı xilas etmək mümkün olmuşdur. Onlar indi Türkiyədə Reablitasiya Mərkəzində müalicə olunurlar. On-on beş günə evlərinə geri dönəcəkləri gözlənilir. Əlbəttə, imkan daxilində, onlara müvafiq iş də təklif olunacaq, bunu biz türkiyəli həmkarlarımızdan xahiş etmişik. Seçim qızların olacaq.

Sonra çantasından çıxardığı, həmin qızların verdiyi ifadələr əsasında hazırlamnış robot foto-şəkilləri onlara göstərdi. Karapet Ayvazyan, Suren Poqosyan, Nikolay Osmolovski, Laura Boqdasaryan…

-Bunların çoxu ermənidir ki,- deyə Viktor təəccübünü gizlədə bilmədi.

-Elədir. Hələ bu harasıdır, onlar gizli təşkilat yaradıb silah alveri, narkotika alveri ilə də məşğul olur, başqa cinayət işləri də törədirlər. Yeri gəlmişkən,- Əhməd Lauranın şəklinin altındakı ünvanı göstərdi,- qızları Suriyaya yola salmazdan əvvəl bu ünvanda üç gün saxlayıblar.

-Verin baxım,- Abram söhbətə qarışdı,- hə, bura şəhərin şimal girişinə yaxındır. Vitya, güman edirəm ki, sənin daha istirahət günləri balıq ovuna getməyə vaxtın qalmayacaq. Gərək özümə başqa yoldaş axtarım…

-Abram Timofeyeviç, sizin Sveta adında tanışınız var?- Əhməd sual verdi.

-Hansı Sveta? Bu şəhərdə bilirsiz nə qədər Sveta var?

-Svetlana Matveyeva, müəllimə.

-Əlbəttə, ibtidai sinif müəllimidir, nə olub ki?

-Heç bir şey. Bizim bu işlə əlaqədar olan ümumi bir tanışımızın rəfiqəsidir. Dünən tanış olmuşuq. Sizinlə dost olduğunu söylədi. Əslində o, heç nə bilmir. Tanışımıza, Karinaya da tapşırmışam ki, ona bu işlər barədə bir kəlmə də danışmasın.

-Dost? Qendjeli (Asifi belə çağırırdı), mən qadınlarla dostluq edirəm?

-Yox, ay brat. Onlar balıq tuta bilmirlər,- Asif cavab verdi. Hamı güldü.

-Bəs onun rəfiqəsi, sizin tanışınız olan xanım kimdir?

-Karina Sençenko, bir yerdə işləyirlər,- Əhməd cavab verdi.

-Ooo… ağzınızın dadını bilirsiniz,- Abram heyrətini gizlədə bilmədi.

-Abram şəhər meriyasında təhsil şöbəsinin rəisidir, müəllimlərlə tez-tez təmasda olur,- deyə Viktor söhbətə qarışdı.

-Biz sadəcə tanışıq, iş bunu tələb edir,- Əhməd cavab verdi.

-Zarafat edirəm, Karina yaxşı qızdır, “hə” desə, günü bu gün evlənərəm onunla. Ancaq… adamı var. Kriminal aləmdən olan dələduzun biri. İllərdir atıb gedib onu…

-Bax burada səhviniz var, o adam artıq yoxdur, olmayacaq da.- Bunu da Əhməd dedi.

Abramı maraq bürüdü.

-Necə yəni yoxdur? O, Arşakdır, nə zibildir, haradadır, məlumatınız var?

Əhməd qısa və ümumi məlumat verdi, xırdalıqlara varmadı.

-Səni şad xəbər olasan, qardaş. Bu gün mənim qonağımsız, sabah da… neçə gün buradasız? Gedənə qədər qonağımsız. Qendjeli, eşitdin? Dəftərində mənimçün ayrı bir səhifə aç.

-Birdən səhifə çatmadı?- Asif zarafatla eyham etdi.

-Onda keçərsən təzə səhifəyə. Ağciyər olma, pulunu gündəlik çatdıracam.

-Narahat-zad olmuram. Mənim qonağımın hesabını sən niyə verirsən ki? Zəhmət çəkib özün çağırarsan, hesabını da ödəyərsən, qalan ehtiyaclarını da.

-Qardaşlar, dava eləməyin. Mənə kifayət qədər ezamiyyə pulu verilib. Sizi də, qonaqlarınızı da, qonaqlarınızın qonaqlarını da qonaq etməyə imkanım çatar.

Əhməd də bu zarafata “giriş” edib, mübahisəni yatırmağa çalışdı.

-Elə şey yoxdur. Axşam burada yaxşıca dincəlirik, sabah səhər də gedirik balıq ovuna. Qızları da dəvət elə. Bəlkə elə orada bəxtim gətirdi, him-cim edə bildim Karinaya. Nə deyirsiz, uşaqlar?

 Abram son qərarını verdi.  Razılaşdılar.

Əhməd Karinanın bu işdə onlara köməyi dəyəcəyi barədə fikirlərini izah elədi. Karina Arşakla eşq macəralarının hələ də davam etdiyini lazım olan məqamda nümayış etdirməklə, onun bu şəhərdəki “köhnə dostlarının” etibarını qazana bılər, onların “cinayət ortaqlarından” birinə çevrilə bilərdi. Əhmədin bayaq göstərdiyi siyahıda adları olan cinayətkarlar, məhz həmin “köhnə dostlar” idi. Əgər Karina Arşakla onların arasında əlaqənin yenidən bərpasına naill olardısa, yeni “sifarişlər” gələr, şəbəkənin digər üzvləri də aşkarlanardı. Sübut üçün Karinanın onun telefonunun yaddaşında Arşakla birgə şəkilləri, onun son zamanlar Suriyadan göndərdiyi şəkillər, sevgi məktublarının mətnləri saxlanılırdı. Karina əslində çox riskli olan bu işə məmnuniyyətlə razılıq vermişdi.

                                                            VIII FƏSİL

            -Gəl, qızım, gəl əyləş və son durum barədə mənə ətraflı məlumat ver,- polkovnik Kərimli Kamiləyə müraciət elədi.- Başlayaq Əsgərin Paris səfərindən, buyur.

-Cənab polkovnik, səfər artıq başa çatıb. Parisdə olduqları üç gün ərzində orada fəaliyyət göstərən erməni terror qruplarının və partiyalarının rəhbərləri ilə müntəzəm görüşlər keçiriblər. Bu görüşlərdə Fransa dövlətinin vəzifəli şəxsləri, həmçinin Niderland, Belçika, hətta Kanadadan gəlmiş lobbi nümayəndələri fəal iştirak ediblər. İanə və yardımlar hesabına alınmış ən müasir silah və sursatlar Kabusa məxsus olan ticarət gəmisi ilə Suriyaya yola salınıb. Əsgər Parisdəki adamımızla- ermənilər üçün aşpaz Xaçik İgidyan olan, baş leytenant İsgəndər Süleymanlı ilə görüşüb, qabaqcadan planlaşdırıldığı kimi, mikrocipi və mikro partlayıcıları ondan qəbul edib. Gəminin yüklənməsinə və yola salınmasına məsul olan Vaçaqanı yaxşıca içirdiblər. Yüklərə onunla birlikdə “nəzarət” ediblər. Gəmi hazırda yoldadır və daimi nəzarətdədir. Suriyaya çatmamış, “Qırmızı dəniz”in neytral hesab olunan sularında dizel mühərriki ilə işləyən gəminin yük bölməsində elektrik cərəyanının qısa qapanması baş verəcək. Qısa bir zamanda həm yük bölməsində, həm də mühərrik bölməsində yanğın yaranacaq. Mərmilər, raketlər partlamağa başlayacaq. Gəmini xilas etmək mümkün olmayacaq.

-Hmm… bəs heyət? Heyət necə, xilas ola biləcək? Onların arasında günahsız adamlar var axı.

-Cənab polkovnik, Kabusa məxsus olan gəmilərdə günahsız bir nəfər də adam yoxdur. Hamısının kriminal dünəni var. Elə bu gün də cinayət törətməkdən çəkinmirlər. Kabusun laboratoriyalarında istehsal olunan narkotik vasitələri Avropaya onlar yayırlar. Qonşu ölkələrdən yeniyetmə və gəncləri onlar müxtəlif vasitələrlə oğurlayıb Kabusun gizli həbsxanasına gətirirlər. Əsgər özü bunu dəfələrlə görüb… Ancaq bəxti gətirənlərin yedəkdəki qayıqlarla xilas olacağı da istisna deyil. 

-Gərək o Vaço zibili ataydılar, qalaydı gəmidə.

-Elə də ediblər, cənab polkovnik. Daha doğrusu, özü yatıb qalıb. Guya, oyada bilməyiblər. Axşama yaxın Kabus Kürdü göndərib olun dalınca, sürüyüb gətirib otelə.

– Sevindirici haldır ki, Əsgərin bacarığı və çalışqanlığı sayəsində Qarabağımıza, Şərqi Zəngəzura köçürülən erməni ailələrinin sayı xeyli azalıb. Muzdlu orduya  döyüşçü cəlb etmək də çətinləşib. Sağ olsun, Əbdül xocanın da xidmətləri böyükdür. O ölkələrdə yaşayan soydaşlarımızın  köməyindən lazımınca istifadə edə bilirlər. Belə demək mümkündürsə, artıq sistem işləyir. Ona görə də, Əsgərə çatdırın ki, daha oralarda çox yubanmasın. Çalışsın ki, muzdlu döyüşçülərlə gəlsin Ermənistana. Ermənilər Azərbaycanla sərhəd rayonlara və Qarabağa yeni qüvvələr toplayırlar. Bizdə olan məlumata görə, yaxın zamanlarda genişmiqyaslı hücum planını reallaşdırmaq istəyirlər. Əsgərin ölkəmizlə sərhəd bölgədə cəmləndirilən hərbi bölmələrdə fəaliyyət göstərməsinə ehtiyac yaranıb. Bu belə. İndi keçək digər məsələyə. Stavropoldakı işlərdən danış, ukraynalı qızdan nə xəbər var?

-Çalışarlar, cənab polkovnik. Cinayətkar şəbəkənin xeyli sayda üzvünü ifşa etmək mümkün olub. Şəbəkənin bir ucu da buralara gəlib çatır. Ötən əsrin doxsanıncı illərində soyadlarını dəyişib ölkəmizdə yaşamağa davam edən ermənilərdən bəziləri əleyhimizə işlər aparır. Onların əksəriyyəti Bakı və Sumqayıt sakinləridir. Karinanı Bakıya dəvət etmək istəyirik, sizin icazəniz lazımdır.

-Yəni, gəlib o xainlərlə görüşsün? Bəs sonra necə olacaq? Evinə dönərkən onu aradan götürsünlər, bunu istəyirsiniz?

-Təbii ki, yox. Buradakılarla Stavropoldakıların yaxalanmasını eyni anda təşkil etməklə bu problemi aradan qaldırmaq olar.

-Tələsmək lazım deyil, qızım. Bəs Rusiyanın başqa vilayətlərindəkilər, digər qonşu ölkələrdəkilər? Onlar necə olsun? Kim zəmanət verə bilər ki, şəbəkə üzvlərinin hamısı müəyyənləşdirilib? Hələ işləmək, məsələni bişirmək lazımdır.  Siz buradakılara nəzarəti gücləndirin. Bunlarla özümüz məşğul olaq,- dedi və gözlərini məchul bir nöqtəyə fokslayıb bir anlıq fikrə getdi. Sonra sual dolu baxışlarını Kamiləyə tərəf yönəltdi,- Karinanın əldə etdiyi məlumatlar bizdə olanlarla uyğun gəlirmi?

-Elə demək olar. Ən əsası isə odur ki, şəbəkənin fəal üzvləri barədə məlumatlar tam üst-üstə düşür.

-Məsələn, Sona Ayvazova, yəni Sonya Ayvazyan barədə olan məlumat da təsdiqini tapırmı?

-Tamamilə.

-Elə isə, ondan başlayaq. Sən sabah Əhmədlə gedərsən Bakıxanov qəsəbəsinə. Sonyanın marketinə yaxın bir yerdə sənin adına mənzil kirayə edərsiniz və tapşırıq üzrə fəaliyyətə başlayarsan,- masanın üstündəki qovluğu ona tərəf sürüşdürüb əlavə elədi,- Burada sənin şəxsiyyət vəsiqən və təlimat var. Zaqataladan gəlmisən, adın Elmiradır, anan xəstədir, kənddə tək yaşayır, ümidləri sənədir və sairə. Götür, təlimatla Əhmədi də tanış elə.

IX FƏSİL

            Əhməd Kamiləni təpədən-dırnağacan diqqətlə süzüb təəccübünü gizlədə bilmədi.

-Nə təhər dəyişmisən ey, adam məəttəl qalır. Day sənə sözüm yoxdur, vallah,- adəti üzrə yenə zarafata keçdi,- Əsgər səni bu görkəmdə görsəydi, yəqin Karinadan bərk-bərk yapışardı.

-Yenə başladın? Heç zarafatın yeridir?

-Yaxşı da, incimə sən mənim canım.  Zarafatsız qala bilmirəm, vallah. Mən də belə xəstəyəm də,- gülümsündü,- Gedək, səni təzə mənzilinə yola salım.

-Yox ey, ehtiyac yoxdur, marşrutla gedəcəm.

-Ay qız, maşının baqajında sənin yeni vəzifənə uyğun əşyalar, paltarlar var. Onları əlində daşıyası deyilsən ki, əyləş maşına görüm.

            Axşamüstü yenə həmin qız köhnə beşmərtəbəli binaların əhatəsində yerləşən “Qafqaz Market”in qapısı önündə göründü. O, ürkək-ürkək qapıdan boylanıb, sanki tərəddüdlə içəri girdi. Baxışları Sonyanın hiyləgər baxışları ilə toqquşanda dayandı. Sonya onun başındakı köhnə, bozarmış çalmasını, əynindəki sallaq donunu, rəngi soluxmuş yastıdaban ayaqqabılarını diqqətlə süzüb şəhadət barmağı ilə işarə elədi:

-Gəl, qız, yaxına gəl. Nə istəyirsən?

-İki dənə yumurta, makaron… 100 qramlıq quru çay…

-Yağ, pendir, qənd, çörək istəmirsən? Bəlkə toyuq da verim sənə, həə? Bu gün gəlib.

-Yox, çox sağ olun, hələ varımdı.

-Bir zavod çörəyini beş günə yeyib qurtarmamısan, qız? İki həftədə cəmisi üç dəfə girmisən marketə, sən yaxşı yadımdasan mənim, hamıdan seçilirsən,- görkəminə eyham vurdu,- Hardan gəlmisən, qız?

-Zaqataladan. Elə Bakıya gəldiyim də iki həftədir.

-Hiss olunur. Yaxın gəl görüm, utanma. Adın nədir sənin?

-Elmira.

-Elmira… Elya, belə daha yaxşıdır.

-Eliş- kənddə belə çağırırlar məni.

-Kənd qaldı kəndliyində, bura Bakıdır, Vətənimizin döyünən ürəyi- paytaxtımız, qürurumuz. Aydındır?

-Əlbəttə. Siz… siz çox səxavətli adama oxşayırsız.

-Bunu hamı deyir. Dünyadı da, beşgünlük. Bu gün varsan, sabah yox. Odur ki… adım Sonadır- Sona xala. Hamı məni belə çağırır.

-Adınızı bilirəm.

-Çox gözəl! Heç çəkinib eləmə, nə lazımdı, xalana de. Bəlkə pulun yoxdur, ona görə az produkt alırsan, hə?

-Gələn həftə maaş alacam, hələlik pulum var.

-Gələn həftəyə hələ çox var, cavan qızsan, yeməlisən, içməlisən… Hansı binada qalırsan?

-Odu ey, üzbəüz bina, altıncı blok.

-Mürsəl kişigilin bloku? Neçənci mərtəbədəsən?

-Axırıncıda,- beşinci mərtəbədə, sağ qapı? O adamı tanımıram.

-Tanıyarsan, hələ təzəsən. Harda işləyirsən, qız?

-Küçələri süpürürəm… gecələr. Gündüzlər də nə iş tapsam. Sizin marketi də süpürə bilərəm, silərəm, təmizləyərəm. Nə iş desəniz…

-Hmm… keç, nə istəyirsən, götür. Məndə nisyə dəftəri də var, nə qədər eləsə, yazaram adına. O ki qaldı buranı süpürməyinə, ona baxarıq. Sona xalan səni ac qoymaz.

            İlk ciddi dialoqları belə baş tutdu…

            Sonanın nisyə dəftərində onun adı artıq dəfələrlə yazılıb-pozulmuşdu. Aralarında isti münasibət yaranmışdı. O, hərdən təmizlik işlərində Sonyaya kömək edir, müqabilində ərzaq alırdı. Bu müddət ərzində Elmira bir dəfə “kəndlərinə” getmiş, Sonyaya lobya və qarğıdalı payı da gətirmişdi. Ancaq tez-tez maliyyə vəziyyətindən şikayət eləsə də, hələ də Sonyadan istədiyi təklifi almamışdı. Bu gün yenə də ehtiyatla əsas məqsədinə çatmağa cəhd edəcəkdi.

-Axşamınız xeyir, Sona xala. Kömək lazımdır?

-Xoş gördük, qız. Hə, bir azdan yır-yığış edəndə köməyin lazım olacaq… Nə gözəlləşmisən, təzə paltar almısan? Əcəb yaraşır sənə. Saçlarını da gizlətmə, aç tök kürəyinə. Bilirəm, uzun, şümal saçların var. Kişilər uzun saçlı qızları daha çox xoşlayır.

-Çox sağ olun. Elə təriflədiz ki… Bu paltarı xalam qızı kəndə gedəndə bağışlayıb mənə.

-Hə, lap yaxşı. O da sənin kimi gözəldi?

-O, məndən də gözəldir. Sarışın, ucaboylu.

-Nə əcəb gəlmir buralara? Kənddə nə işlə məşğuldu?

-Heç nəylə, dağ kəndində iş nə gəzir. Elə həyətdə-bacada fırlanır. Gəlmək istəyir ey, atası qoymur.

-Atasının qazancı çoxdu ki?

-Yox ey, hardan? Qoca kişidir, oturduğu yerdən güclə qalxır.

-Xalan qızının səndə şəkli var?

-Telefonum köhnələrdəndir- “Nokia”, düyməli. Ancaq bir yerdə şəklimiz var.- Çantasını açıb şəkli çıxardı, Sonyaya uzatdı. Sonya şəklə baxanda sifət cizgiləri dəyişdi, gözləri alışıb yandı.

-Əcəb gözəldi. Neçə yaşı var, adı nədir?

-22, adı Əfsanədir.

-Əfsanə… Hə, elə əfsanəvi qıza oxşayır. Qız, gətir onu bura. Sizə iş barədə əlimdən gələn köməyi edərəm.

            Sonrakı günlərdə Sonya daha açıq danışmağa başladı. Kamilə şərti adı Əfsanə olan Cəmiləni gətirib onunla tanış etdi. Nəhayət, Sonya əsas planını işə saldı, qızları BƏƏ-də varlı bir sahibkarın müəssisəsində yüksək maaşlı işlə təmin olunacaqlarına söz verdi. Onlar əvvəlcə Dəməşqə, oradan isə Arşakın müşayiətilə BƏƏ-nə getməli idilər. Sonya xarici pasport almaqda da onlara kömək göstərdi. Əslndə isə bu məsələ başqa cürə həllini tapmışdı. Təbii ki, Sonya bundan xəbərsiz idi.

Qızları hava limanınadək müşayiət edən Sonya və şəbəkənin ölkəmizdə fəaliyyət göstərən digər üzvləri eyni vaxtda iş başında ifşa olunub saxlanıldılar. Qonşu ölkələrdə də müvafiq tədbirlər həyata keçirildi.

            Kamilə ilə Cəmiləni istintaq otağında hərbi paltarda görəndə bayaqdan dil-dil ötən Sonyanın rəngi avazıdı, dili topuq çalmağa başladı:

-Qız, bu sizsiz, kəndçi qızlar?

-Bizik, vətəndaş Sonya Ayvazyan. Əgər sizi vətəndaş adlandırmaq düzgündürsə…

             X FƏSİL

            Şimşək çox narahat idi. Gəmi Aralıq dənizinə daxil olandan iki saat sonra mikrocipin impulsu yoxa çıxmışdı- siqnal daxil olmurdu. Adətən belə hallar qısa müddətli olurdu. Bir neçə dəqiqədən sonra siqnal bərpa olunmalı idi. Lakin bir saatdan da çox vaxt keçməsinə baxmayaraq, hələ də gəminin harada olduğunu müəyyənləşdirmək mümkün olmurdu. Nə etməli? Şeyx Əbdül Dubayda idi. Nə vaxt gələcəyi bəlli deyildi. O, ölkədə olmayanda zəngləşmirdilər. Ümumiyyətlə, onunla çox nadir hallarda telefonla danışırdı. Əslində, buna ehtiyac da olmurdu, işlərini qabaqcadan planlaşdırırdılar. İndi isə belə gözlənilməz bir vəziyyət yaranmışdı. Mərkəzə məlumat vermək lazım idi.

“Salam, gözəlim. Necəsən? Sənin üçün çox darıxmışam, olduqca çox. İnanmırsan, hə? Bilirəm, inanmırsan. Amma mən hər gün, hər gecə sənin barəndə düşünürəm, xəyallar qururam. Elə bu gecə də xəyal qura-qura yuxuya getmişdim. Şirin bir yuxu görürdüm. Görürdüm ki, getmişəm ən gözəl güllərin yetişdirildiyi ölkələrə- Avropaya. Hə, orada billirsən necə gözəl güllər yetişdirilir? Bir dəfə əlimə maraqlı bir kitab düşmüşdü- Aleksandr Dümanın “Qara zanbaq” romanı. O əsəri oxuyandan sonra güllərə olan marağım birə-beş artmışdı. Öyrənmişdim ki, Hollandiyada, Fransada çox gözəl, sənə layiq güllər yetişdirilir. Əslində əsərin əsas mövzusu başqa idi, ancaq mənim diqqətimi güllər daha çox cəlb eləmişdi… Nə isə, getmişdim və sənin üçün dəryalar qədər gül almışdım. Elə dərya ilə də gətirirdim… Onları sənə necə göndərəcəkdim, orasını hələ görməmişdim. Bilmirəm, necə oldusa, ayıldım. Yuxum yarımçıq qaldı. İndi nə qədər cəhd edirəm, yuxumun davamını o şirinlikdə görə bilmirəm. İnanmırsan? Heyif, ancaq inansaydın yaxşı olardı… Yatım, görüm yuxumun ardını gətirə bilirəmmi? Gecən xeyrə qalsın. Öpürəm…”. Cavab gecikmədi: “Salam canım! Mənim cəsur məhəbbətim, necəsən? İndi məgər gecədir ki, yatırsan? Yoxsa, gecə ilə gündüzü qarışdırmısan? Cəsur, romantik, zarafatçıl, həm də fərsiz eşqim! Bir yuxunu da axıracan görə bilmirsən. Başqa çarəm yoxdur, gərək sənin yuxunun qalan tən yarısını özüm görəm. İndi gündüzdür, uşaqlara dərs deyirəm, necə yata bilərəm axı. Gərək gecəyə qədər gözləyəsən. Narahat olma, nə görsəm, elə gecə ikən hamısını sənə danışacam. Yaxşı, tənəffüz vaxtı qurtardı, dərsim başlayır, sağ ol. Öpücüklər… çoxlu-çoxlu…”. “Tən yarısını?”- Şimşək məsələnin nə yerdə olduğunu anladı. Gəminin hərəkəti digər vasitələrlə Mərkəz tərəfindən də izlənilirdi. Deməli, bu gecə yarı. Bu gecə Kabusun başına daş yağacaqdı, goruna od ələnəcəkdi, sabahı öz niyyəti boyda qara xəbərlə açılacaqdı. Ən sevimli “Hayastan” gəmisi parça-parça olacaqdı… Təxminən on beş dəqiqədən sonra telefonuna mesaj gəldi: “Artıq güllərin qoxusunu hiss edirəm. Öpücüklər. Sənin Karinan!”.  Siqnal bərpa olundu.

“Salam, anacan! Necəsən, ay ana? Necəsən, mənim kişi qeyrətli, dəyanətli, dözümlü anam? Vallah, buradakı işlərimi qurtarıb gələn kimi, sənin bütün istəklərini yerinə yetirəcəm. Gələcək gəlinin də səni nəzarətsiz qoymur, xəbərim var. Yəni, darıxmağa qoymur. Zəng edir, baş çəkir… Özü deməsə də, məlumat verənim var. Ancaq özü səndən ağızdolusu danışır. Hər dəfə səndən söz salır, tərifləyir. Bilir də, iş nə yerdədi. Birbaşa deməsəm də, birtəhər başa salmışam da onu, ay ana. O da, elə mənim kimi, him-cimlə razılığını verən kimidir. İndi qəti deyə bilmərəm ey fikrimi. Sağlıq olsun, işlərimi qurtarıb gələrəm, ürəyimi açıb qoyaram qabağına. İraq olsun, olmadı elə, oldu belə. Həyatdı da… Xalxın qızını indidən niyə narahat eləyim, ürəyinə xal salım? Ana, sən Allah, sən də hələ heç nə demə ona. Yaxşı? Hələ vaxtı deyil. Az qalıb, bu yaxınlarda bir az da yaxınlaşacam sənə. İllərdir gözləri yollarda qalan, Vətən oğullarının həsrətini çəkən, murdar ayaqların tapdağına çevrilmiş Qarabağımızın xilasına gələcəm. Onun yaralı sinəsini kaftar izlərindən təmizləməyə gələcəm. Atamın, qohumlarımın… hamının- bütün şəhidlərimizin qisasını almağa gələcəm. Lap az qalıb, ana… az qalıb…”.

            Kabusun burnuna çırtma vursaydın, qan damardı. Dəli olmaq həddiində idi. Vaçaqan, Nona, gəminin kapitanı və köməkçisi başlarını aşağı sallayıb məzlum-məzlum dayanmışdılar? Nonadan savayı hamısının qolları qandallanmışdı. Onlarla üzbəüz dayanan avtomatlılar sanki atəş açmağa işarə gözləyirdilər. Kabus vəzifə səlahiyyətləri üzrə boy sırasına düzülmüş qulluqçularının qabağında var-gəl edir, söyüb-söylənirdi:

-Vaço, it oğlu it. Səni ömürlük həbsdən azad elətdirib özümə ən yaxın adam elədim. Sənə hər cürə səlahiyyət verdim, yağ-bal içində saxladım. Bəs sən neylədin? Sifətin donuz sifətinə oxşayır. Gəmi niyə yandı? Bu necə oldu, izah edə bilərsən?

-Bos, biz gəmini özümüz yoxlayıb yola salmışdıq. Şimşəklə, Kürdlə birlikdə…

-Onların adını çəkmə, donuz oğlu donuz. Onlar səndən fərqli olaraq tapşırığa dürüst əməl edirlər. İndi də muharibəyə gedirlər- türklərlə döyüşməyə. Artıq İran ərazisinə çatıblar. Sən isə iylənib yatırsan. Elə orada da iylənib yatmışdın, Kürdü göndərim dalınca, sürüyüb gətirdi otelə. Yadından çıxıb?

-…

-Nona, fahişənin doğduğu, de görüm dustaqlar hara yoxa çıxıb? Kim onları açıb buraxıb? Sənin çirkin işlərini kim görəcək, kim işləyəcək laboratoriyada? Hanı sənin mühafizən?- Kabus bir qədər ara verib yenidən Vaçaqanın üstünə yeridi,- ara, bu sual da sənə aiddir ey, hanı sənin mühafizən?

Yenə cavab gəlmədi. Kabus bu dəfə kapitana yaxınlaşdı:

-Ara, Armo, gəmi niyə yandı? Hanı sənin mexanikin?

-Bos, mexanik mühərrik bölməsində yandı.

-Sərxoş idi? O da bu çaqqal kimi yatmışdı?- Vaçaqana işarə elədi,- Bəs sən niyə yanmadın? Cavab ver.

-Bos, aylar idi ki, gəmi təmirə dayanmırdı. Mən Vaçoya neçə dəfə demişdim…

-İndi də işverənlik edirsən? Erməni olduğunu bildirməlisən axı. Ara, ay dığa… Ara, mən sizin daha haranızı söyüm? Ara, milyonlar batdı ey- uçdu havaya. İllərlə toplamışdıq o pulları, ən müasir silah-sursatlar almışdıq. Ara, yüzlərlə… bəlkə də daha çox türk öldürə bilərdik ey, o silahlarla… Sən niyə ölmədin? Bu yanındakı tula niyə ölmədi?

Kabusun gözləri hədəqədən çıxırdı. Masaya yaxınlaşıb siyirtmədən tapançasını çıxardı. Ardıcıl atəş səsləri kabinetdə əks-səda verdi. Lakin bir neçə saniyə sonra daha dəhşətli bir səs binanı silkələdi. Ardınca əvvəlkilərdən dəfələrlə vahiməli partlayiş səsləri qərargah binasını, ətrafındakı bütün tikililəri yerlə-yeskan elədi…

XI FƏSİL        

            İki gün idi ki, yol gəlirdilər, yorğunluq özünü biruzə verirdi. Qabaqda İran zabitlərini, ardınca Şimşəkgili aparan “Pikap” avtomobilləri hərəkət edirdi. Suriyadan- muzdluların təlim düşərgəsindən səhər saat beşdə çıxmışdılar. Karvana Şimşək başçılıq edirdi. Yüz nəfər muzdlu döyüşçü, iki yük maşını silah-sursatı PKK, YPQ qruplaşmalarının nəzarətində olan ərazilərlə İraqın şimal hissəsinə keçirmiş, oradan da İran ərazisinə adlamışdılar. Yolun Güney Azərbaycanının ərazilərinə çatana qədər olan hissəsini maneəsiz keçmişdilər. İran ərazisinə adlayarkən onları karvanın önündəki həmin bu zabitlər qarşılamış, üstəlik hədiyyə olaraq silah-sursatla dolu daha bir yük avtomobilini karvana qoşmuşdular. Burada, Azərbaycanı iki hissəyə bölən Araz çayının cənub sahili boyu uzanan köhnə asfalt yolun dağlarla əhatə olunan hissəsində maneə ilə üzləşmişdilər. Yerli əhalinin bir hissəsi yolu kəsib dayanmışdı. Əllərində Azərbaycanın üçrəngli bayrağı dalğalanan iki nəfər dəstənin önündə, daha bir nəfər isə təpənin üstündə dayanmışdı. İranlı zabitlər on beş dəqiqədən artıq idi ki, başçılarla danışıq aparırdılar. Bayraqdarlar tez-tez təpənin üstündə şəstlə dayanmış pəhləvan cüssəli gəncə baxır, sanki ondan bir işarə gözləyirdilər. Yolçuların artıq səbri tükənmək üzrə idi. Şimşəkgilin avtomobilini idarə edən erməni zabiti, polkovnik-leytenant Artur Baqdasaryan dodağının altında deyinməyə başladı:

-Ara, güllələyin bu türkləri, açın yolu, gedək də.

Onunla yanaşı oturmuş rus zabiti, mayor Vitali Smirnov əsəbi şəkildə: “Artur, rusca danış, mən də anlayım da,- deyə narazılığını bildirdi. Şimşək üçün hadisələrə müdaxilə etməyin məqamı idi, söhbətə qarışdı:

-Deyir ki, bu türkləri güllələsinlər. İranlı zabitlərə olmaz, amma mənə olar. Kürd, sən türk dilini bilirsən. Get o türklərə de ki, iki dəqiqəyə yolu boşaltmasalar, hamısını bir-bir güllələyəcəm.

Murad, ardınca da Şimşək maşından düşdülər. Murad danışıq iştirakçılarına, Şimşək isə yuxarı dırmanaraq təpənin üstündə dayanana yaxınlaşdı. Murad avtomatla havaya bir neçə güllə boşaldıb, Şimşəyin göstərişini ucadan onlara çatdırdı. Nəticə hasil olmadı. Belə olduqda, Şimşək təpənin üstündəkinin lap yaxınına gəlib onunla üz-üzə dayandı. Gənc bayrağı yerə sancıb yaxasını açdı, Şimşəyin gözlərinin içinə baxdı.  Şimşək qəfildən onu təpənin əks tərəfinə, üzü aşağıya itələdi. Adam yoxa çıxan anda Şimşək tapançasını çıxarıb onun yıxıldığı səmtə iki güllə atdı. Murad da silahı yolkəsənlərə tuşladı. Onlar vahimə içərisində kənara çəkildilər. Zabitlər donub qalmışdılar, nə edəcəklərini bilmirdilər. Şimşək onlara başı ilə “gedəyin” işarəsini verdi. Karvan yola düşdü. Şimşəyin telefonuna ardıcıl bir neçə mesaj gəldi. Əli göndərmişdi. Mesajda heç bir söz yazılmamışdı. Smayliklər idi. Şimşək smaylikləri Murada göstərdi. Mənalı-mənalı bir-birilərinə baxıb gülümsədilər. Kabusun gərargahı, özü və qul-qaravaşları, anbarları, düşərgələri… hamısı partlayışdan məhv olmuşdu. On-on beş dəqiqədən sonra isə Şimşəkgil sərt qayalıqların arası ilə keçıb gedəcəkdilər. Onlar keçəcəkdi, ancaq arxadan gələn muzdlular, silah-sursat daşıyan yük maşınları qayaların partlaması nəticəsində məhv olacaqdılar. Şimşəyin güllələdiyi oğlan isə qalxıb üst-başının tozunu təmizləyəcək, dostları ilə birlikdə bu əməliyyatın uğurlu sonluğuna sevinəcəkdi…

            Arazın o tayında- şimalda şiddətli döyüşlər gedirdi. Partlayış səsləri buralara qədər gəlib çatır, qayalara çırpılıb əks-səda verirdi. Burada isə nisbi sakitlik idi, təkcə nizamla hərəkət edən avtomobillərin xorultulu səsi sakitlik nizamını pozur, partlayış səslərinə qarışıb vahimə yaradırdı.

-Artur, tez sür, qayalar başımıza uçur.- Vitali yuxarıdan sürətlə yuvarlanan qaya parçalarını görcək həyəcandan qışqırmağa başladı. Artur bacardığı qədər sürəti artırdı, hətta iranlı müşayiətçiləri də ötüb-keçməyə cəhd elədi. Ancaq yolun darlığı buna imkan vermədi. Qarşıdakı avtomobil də təhlükədən mümkün qədər tez qurtulmaq üçün sürətlə irəliləyirdi. Lakin otuz-otuz beş metr arxada gələn yüklü avtomobillərin “zarıltısı” nə qədər artsa da, qabaqda gedənlərlə “ayaqlaşması” mümkün deyildi…

            Qafan rayonunun nisbətən düzənlik ərazisində, dağların əhatəsində yerləşən ruslara məxsus hərbi hissəyə çatanda artıq axşam düşmüşdü. Hamı yorğun və dilxor idi. Mayor Smirnov iş otağının qapısını açıb arxadakılara səsləndi:

-Zaxodite,- dolabdan ağzına qədər araqla dolu olan üç litrlik şüşə qab və altı ədəd su stəkanı götürdü,- pust qosti toje zaxodyat,- deyə qapının kandarında dayanmış iranlı zabitləri göstərdi,- seyças budem pit armyanskuyu “tutovku”. -Onun dediklərinin Şimşəyin rus dilindən ərəb dilinə tərcüməsindən sonra, Murad da eşitdilkərini əvvəl türk, sonra kürd dilində söyləyərək, onları otağa çağırdı. Zabitlərdən biri o birinin qulağına nə isə pıçıldadı. Sonra Murada tərəf döndü: “Sən kürdsən?”- deyə soruşdu. Murad: “Kürdəm,”- dedi,-  Gəlin əyləşin, mayor dəvət eləyir,- əlavə elədi.  Zabit özünün də kürd olduğunu söylədi. Smirnov kimə isə zəng elədi:

-Serjant Yudin, get ərzaq anbarına, Seryoqaya de ki, qonaqlarım var. Nə versə, götür gəl, cəld ol.

Hamı stol arxasında idi. Təkcə Artur dəli kimi o tərəf- bu tərəfə gedir, öz-özünə söylənirdi:

-Ara… ara… general mənim anamı ağladacaq… ara, bu nə işdi gəldi mənim başıma? Ara, bu qaya parçalanmağa başqa vaxt tapa bilmirdi? Ara, bilmirəm nə baş verdi… qayanı partlatdılar, yoxsa özü partladı, yoxsa zəlzələ oldu?.. Nə baş verdi, ara?

-Gəl bura, gəl yüz vur. Əlimizdən nə gəlirdi ki, neyləyə bilərdik? Öz canımızı güclə qurtardıq.- Mayor onu sakitləşdirməyə çalışdı.

-Vitali, sən o kələmbaş generalı yaxşı tanımırsan. Sabah məni minib çapacaq. Ara, hər şey məhv oldu ey- silahlar, mərmilər… Bilmədik muzdlular öldülər, qaldılar… vay-vay…

-Ara, Artur, sabaha çıxaq, baxarıq. Özüm ona hər şeyi anladaram. Gəl otur yanımda.

-Vitali, heç zarafatından qalmırsan,- deyinə-deyinə gəlib mayorun yanında oturdu, “tut arağı” süzülmüş stəkanlara baxdı.

Serjant dolu zənbillə gəldi. Konservlər, kolbasalar, xiyar turşusu, pendir, çörək, pomidor… Gətirdiklərini stolun üstünə düzüb getdi. Mayor cəld dolabdan metal nimçələr, çəngəllər, bıçaq çıxartdı. Kolbasa doğramağa başladı. Şimşək kömək etməyə başlayanda digərləri də ürəklənib süfrə hazırlamağa yardımçı oldular. Tezliklə süfrə arxasında oturanların səsi daha ucadan gəlməyə başladı. Məclisin əvvəlində “naz eləyən” iranlılar əməllicə keflənmişdilər, yarı farsca, yarı kürdcə ağızlarına gələni danışırdılar. Vitali ayaq üstə sağlıq deyir, qonaqları bir-bir qucaqlayıb öpür, istər ermənilərlə, istərsə də iranlılarla dostluq əlaqələrindən danışırdı. Şimşək onun çıxışlarını ərəb dilinə, Murad isə kürd dilinə tərcümə edirdi. Qonaqlar danışanda isə əks proses baş verirdi. Otağa girən andan Şimşəyin diqqətini divardan asılmış xəritə cəlb etmişdi. O, özünü hamıdan çox sərxoş olmuş kimi aparırdı.

-Vitya, uzun müddətdir ki, rus dilində danışmağa bir adam tapa bilmirəm. “Bratan”, gəl öpüm səni. Gəl bura, “rodnoy”. Gəl, birlikdə şəkil çəkdirək. Yadigar qalsın da…

Artur başını əlləri arasına alıb hönkür-hönkür ağlamağa başladı:

-Vay mənim günümə. Siz kefdəsiniz…

-Arturçik, sabah tezdən çıxarıq aradan, gedərik cəbhə bölgəsinə. Oradan zəng edərik sənin manyak generalına, deyərik ki, hər şey qaydasındadır, yükü lazımi yerə çatdırmışıq.

-Ara, sən nə danışırsan? Onun hər yerdə gözü, qulağı var.

-Gözünə kül üfürərik, qulağına pambıq tıxayarıq. Ha-ha-ha… Ağciyər olma, muharibədir, kimdi səndən hesabat soruşan. İt yiyəsini tanımır burada. Gəl bura, bizimlə dayan, şəkil çəkdirək.

Artur gəlmək istəmədi. Mayor Şimşəyin göstərdiyi yerdə dayandı, elə yerdə ki, arxa fondakı xəritə aydın görünürdü. Xəritədə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki hərbi obyektlərinin yerləri göstərilmişdi. Murad Şimşəyin telefonu ilə bir neçə dəfə şəkil çəkdi. Sonra özü də gedib onlarla yanaşı dayandı və “selfi” etdi.

            Artur başını stola qoymuş vəziyyətdə, qonaqlar isə otaqdakı köhnə divanda bir-birlərinə söykənərək xoruldayırdılar. Artıq mayorun da gözləri yumulurdu, kreslosunda xumarlanmağa başlamışdı. Şimşək onu dümsüklədi:

-Bratan, biz harada yatacağıq?

-Podoydite k serjantu, on u vıxoda jdyot vas. Dlya vas v qostinoj mesta priqotovlenı.

Cəld çölə çıxdılar, hava qaranlıq və soyuq idi. Şimşək yenicə çəkilmiş şəkilləri “sevgilisinə” göndərdi. Serjant söhbətgahda siqaret çəkirdi, onları görcək yaxınlaşdı.

            Yarıqaranlıq, soyuq və natəmiz otaqda ikimərtəbəli köhnə dəmir çarpayılar quraşdırılmışdı. Tavana vurullmuş nazik fanerlər neçə yerdən köp vermış, boyası saralmışdı. Köhnə tipli, xırda “gözlükləri” olan taxta pəncərələr bəlkə də illər idi ki, rənglənməmiş, boyanın qopduğu yerlərdə iri çatlar yaranmışdı. Divarın suvağı yerbəyerdən laylanıb tökülmüşdü. Taxta döşəmə yamaq-yamaq idi, yeriyəndə cırıltısı adamın beynini qıcıqlandırıdı. Çarpayıları isə nimdaş döşəklər, yaprıxmış, kif  iyi verən yastıqlar, cırılmış yerlərindən pambıq parçaları sallanan yorğanlar “bəzəyirdi”. Bu, hərbi hissənin “qonaq otağı” idi…

-Yəqin ki, iranlılar gəlməyəcəklər,- deyə Murad sakitliyə daş tulladı, qalxıb çarpayıda bardaş qurdu.

-Onlar sabaha kimi ayılmayacaqlar.- Onsuz da yuxusu ərşə çəkilmiş Şimşək, cavab verməklə, dialoqun davam etməsində maraqlı olduğunu biruzə verdi.

-Abi, bu dünya niyə belədir ey? Hər yerdə qan, müharibə… Ərəb ölkələrində müsəlman müsəlmanı öldürür, sayı-hesabı bilinməyən terror təşkilatları dinc insanları qanına qəltan edir… İraq elə, Suriya elə… Hansını deyim? Bir yandan da bu ermənilər bizə düşmən kəsiliblər. Süfrəmizin artığı ilə adam olanlar indi bizə meydan oxuyurlar. Qərbli-şimallı, imkanlı ölkələr də bunlara yardım edir, dəstək dururlar. Niyə? Bax, götürək elə bu mayoru. Soruşan yoxdur ki, ay belə-belə olmuş, sənin bu ölkədə nə itin azıb? Niyə gedib ailənlə, balalarınla sağlam həyat yaşamırsan? Biz sənin başına nə daş salmışıq?

-Bu reallıqdır, qardaş. Dünya belədir, istəsək də, istəməsək də. Bizim xəyallarda qurduğumuz qansız-qadasız dünya elə xəyal olaraq da qalmaqdadır. Bu, Vitali kimi tulalar da həmişə arada su bulandırıb balıq tutmağa çalışan kiçik fiqurlardır. Burada guya ermənilərə təlim keçir, onlara Rusiyadan göndərilmiş texnikaları, digər texniki qurğuları idarə etməyi öyrədirlər. Bunlardan hər yerdə var, yal axtarırlar. Yalını bir az artıq elə, keçəcək sənin tərəfinə. Əqidəsiz, şərəfsiz, ikiüzlü, yalaq adamcıqlar… Görmədin, otağına girən kimi cumdu araq şüşəsinin üstünə? Ancaq bizim ruhdan düşməyə, ümidsizliyə təslim olmağa haqqımız yoxdur. Bu gün biz uiu babalarımızın başladığı ədalət mübarizəsini davam etdiririk. Bu gün biz, sabah övladlarımız… Yoxsa məhv olarıq, bir anın içində bizi əzib yox edərlər. Türk dünyası böyük dünyadır, ulu dünyadır, müqəddəs dünyadır! Biz Uca Yaradanın haqq səsiyik, ədalət keşikçiləriyik!

-Abi, nə gözəl ki, sənə rast gəlmişəm! Nə gözəl ki, güclərimizi birləşdirmışık. Bir yerdə, ağılla, tədbirlə döyüşürük qara qüvvələrlə. Yoxsa ki… intiqam hissi mənim gözlərimi bağlamışdı. Məhv olardım, buralara gəlib çıxa bilməzdim…

-Yaxşı, qardaş, az tərif elə məni. Gecə yarıdan keçib, sabah işimiz çox olacaq. Bir az gözümüzün acısını almağa çalışsaq pis olmaz. Nə deyirsən?

-Nə deyim ki? Çalışaq da.

-Ancaq ehtiyatı əldən vermək olmaz. Sabahdan maska taxacağıq.  Hər an Tiqranla, onun qardaşı ilə, ya səni tanıyan başqası ilə rastlaşa bilərik. Onu görsən, tələsmə. Mən sözümün ağasıyam, onu sən gəbərdəcəksən. Əgər hələ cəhənnəmə göndərilməyibsə. Oldumu? Gecən xeyrə qalsın.

-Yaxşı, abi, narahat olma. Gecən xeyrə qalsın.- Sonra nə fikirləşdisə, yenə susmadı.- Abi, bir sual da verim, sonra yataq. Olar?

-Buyur,- Şimşək onun sözünü yerə salmadı.

-Sənin soyadın Əfşarlıdır, doğrudur?

-Doğrudur, niyə soruşursan ki?

-Bilirsən, eşitdiyimə görə Türkiyədə də Əfşarlar yaşayır. Sizin onlara qohumluq əlaqələriniz var?

-Təbii. Əfşarlar qədim, böyük sülalədir. Tayfa deyim, sülalə deyim… Qədim türk tayfası- bax ,belə.

-Hə, aydındır. Mən də belə düşünürdüm. Yataq, iyi gecələr.

            Bu gecə Səadət ananın da gözünə yuxu getmirdi. Oğlunun körpəliyindən ta bu yaşa kimi olan şəkillərini sıra ilə masanın üstünə düzüb baxırdı, bir-bir götürüb sığallayır, öpüb yerinə qoyurdu. Hər şəkil onun üçün bir xatirə idi: “Bunu bir yaşında çəkdirmişdim. Bacımın əri  Sənan qəzetdə fotoqraf işləyirdi, o çəkib. Bunu da o çəkib- iki yaşında. Bunu da… Buna bax, Əsgər birinci sinfə gedir. Rəhmətlik atası kimi, necə də qürurludur. Mənim balam həmişə qürurlu olub, indi də elədir. Əbəs yerə onun adını Əsgər qoymamışam ki? Rəhmətlik özü belə istəmişdi: “Oğlum olsa, adını Əsgər qoyacam,”- deyirdi,- “Böyüyüb mənim yolumu davam etdirəcək, torpaqlarımızı işğaldan azad edəcək.” Sanki başımıza gələcək bəlaları qabaqcadan hiss eləmişdi… İdman zalında məşq zamanı, burada balamın səkkiz yaşı var. Bəh, çempion olub, boynundakı medala bax, maşallah, mənim balama. Ay aman… Dünya çempionatında qolunu zədələmişdilər, qolu sarğıda çəkdirib bu şəkli. Bu hansı şəhərdə idi?.. Yaddaş qalmayıb ki. Hə, yadıma düşdü- Vyanada. Dostları ilə bir yerdədir. Zədəli qolla qazanıb bu qızıl medalı. Məşqçisi nə qədər dil tökmüşdü, Allah bilir. İnadkarlıq edib final döyüşünə zədəli qolla çıxmışdı. Rəhmətlik atası da inadkar idi. Bizi Qarqar çayından keçirib qayıtdı qeyri-bərabər döyüşə, amma… geri qayıtmadı… Eh! Allah bütün şəhidlərimizə rəhmət eləsin, bizimkilər də onların içində! Amin!.. Bunlar universitetdə oxuduğu vaxtlardakı şəkilləri, bunlar Hərbi Akademiyadakı təhsil vaxtları, bunlar hərbçi yoldaşları ilə bayram günlərində çəkdirdikləri şəkillər. Bu şəkildə Kamilə də onların arasında, oğlumun yanındadır… Kaş belə gəlinim olaydı. Mənə tez-tez baş çəkir, qayğıma qalır. Bu gün də gəlmişdi, sağ olsun. Mənim “8-ci kilometr” qəsəbəsində yerləşən Texniki Peşə Məktəbinin yataqxanasında məskunlaşdığım on altı kbadrat metrdən ibarət olan  bu otağıma. Gələn kimi sakit durmur ki. Əl atır qab-qacağa, silir-süpürür… Mən də əlimi-qolumu bağlayıb oturmamışam ki… Gəlinim üçün nə lazımdı, hamısını almışam. Öz halal maaşımla. Əsgərin göndərdiyi pulların heç bir qəpiyinə də əl vurmamışam. Şükür Allaha, dövlətimiz də kömək eləyir, özüm də tikiş fabrikində işləyirəm. Tək adamam da, qazancımı balamın xeyir işi üçün xərcləməyib, hara xərcləyəcəyəm ki? Eh, buna da şükür. İnsan gərək naşükür olmasın. Odur ey, Goranboy rayonunda böyük bir ərazidə yaraşıqlı evlər tikib xocalıları köçürdüblər ora. icra hakimiyyətli-zadlı. Mən gedə bilməzdim, oğlumu tək qoyub hara gedəydim ki? Ona hərbi şəhərcikdə mənzil verəcəklər də. Elə bəlkə mən də qalacam onlarla- oğlumla, gəlinimlə, nəvələrimlə… Ancaq Xocalı azad olunsa, ora qaça-qaça, ayaqyalın gedərəm. Yenə əvvəlki kimi qohum-əqrəba, qonum-qonşularla bir yerdə mehribancasına yaşayarıq. Təsərrüfatla, bağ-bağatla məşğul olarıq. Qız alarıq, qız verərik, toyda-büsatda yığışarıq… Əlbəttə, sağ qalanları ilə… Bayaq, Kamilə burada olanda açdım sandıqçamı, çıxartdım bu qır-qızılları. Dedim, ay qızım, al bunları tax, bir baxım. Qızcığaz donub qaldı yerində, yanaqları lalə kimi qıpqırmızı oldu. Eləmədim tənbəllik, özüm taxdım onun boynuna boyunbağını, qulaqlarına sırğaları, barmaqlarına üzükləri- hamısını. Heç bilməzdim ki, zinət əşyaları hərbi mundirlə təmasda bu qədər ecazkar gözəllik yaradarmış. Əslində sirr Kamilənin gözəlliyində idi, vurulmuşam da bu qıza, neylim axı?.. Eh, sağlıq olsun, təki müharibə qurtarsın, balam sağ-salamat gəlib çıxsın, inşallah!.. Gör neçə müddətdir üzünü görmürəm, səsini eşitmirəm, boynunu qucaqlamıram. Balam qürbətdədir, vacib tapşırıq yerinə yetirir. Gedəndə demişdi də. Demişdi ki, ay ana, bir müddət səninlə əlaqə yarada bilməyəcəm, gərək dözəsən. Dözürəm, əlbəttə, dözürəm. Dözməliyəm də… Allah hamının balasını xoşbəxt eləsin, mənimki də onlarlın içində. Sağ-salamat gəlsinlər…”

XII FƏSİL

            Onlar hərbi hissəni tərk edəndə iranlı zabitlər hələ də özlərinə gəlməmişdilər. O birilərlə nisbətdə az içki qəbul etmiş Artur sübh tezdən Vitalini oyatmağa nail olmuş, yalvar-yaxarla ondan əlavə “kömək” ala bilmişdi. “Kömək” isə altı nəfər əsgər və bir ədəd PDM-dən ibarət idi. Dağların qoynunda yarımcan, təkdən-bir bacalarında tüstü görünən, illərdən bəri yalqız qalmış Laçın şəhəri də artıq acı xəyal kimi geridə qalsa da, hələ də mərhum sənətkar Məhəbbət Kazımovun “Laçınım mənim!” harayı dağları silkələyib Şimşəyin qəlbini odlayır, beynini damğalayırdı. Sanki məzlum şəhər “Məni bu zalımların tapdağından qurtarmamış hara gedirsən?”- deyə onu qınaq odunda yandırırdı…

                                    …Olub xəyanət qurbanı

                                    Qalıb yarımcan Laçınım!

                                    İnləyir “imdad” içində,

                                    Ay ürəyi qan Laçınım!

                                    Can Laçınım, can Laçınım!

                                    Türk oylağı, ər diyarım,

                                    Nədən oldun xar, diyarım?

                                    Böl mənimlə dərdi yarı-

                                    Zirvəsi duman Laçınım!

                                    Can Laçınım, can Laçınım!

                                    Süzüb Əriməz dağını,

                                    Öpüb şəfa bulağını,

                                    Dərisinə mən yağının

                                    Təpəydim saman, Laçınım!

                                    Can Laçınım, can Laçınım!

                                    Bulaqlardan güc alaydım,

                                    Zalımlardan bac alaydım,

                                    Zirvən olub ucalaydım-

                                    Qoynu asiman, Laçınım!

                                    Can Laçınım, can Laçınım!

                                    Cəh-cəh vurub bülbül kimi,

                                    Açılaydım tər gül kimi,

                                    Xidmətində bir qul kimi

Olaydım kaman, Laçınım!

Can Laçınım, can Laçınım!

Getmişik yolun çoxunu-

Qırarıq dərdin oxunu.

Öz ətrini, öz qoxunu

Qaytarar zaman, Laçınım!

Can Laçınım, can Laçınım!..

            Doğmalarının həsrətindən asfalt bağrı çat-çat olmuş, enişli-yoxuşlu labirint yollarla “Gündoğan” səmtinə irəlilədikcə, göz dələn, beyin düşüncəsini iflic edən mənzərələrlə qarşılaşırdılar. İnsan övladının beyninin məhsulu olduğu istisna təşkil edən bu qədər vəhşilik, bu qədər qəddarlıq, ancaq “erməni” adlanan məxluqa xas ola bilərdi. Vaxtilə xoşbəxt balaların cövlanı olmuş, quşların cuşə gələrək nəğmə bəstələdikləri məxmər çəmənliklər, xalça çəmənliklər kol-kosun, tikanlı otların oylağına çevrilmişdi. Yüzlərlə, minlərlə, milyonlarla insanın əsrlər boyu qurub-yaratdığı yaşayış məntəqələri xarabalığa çevrilmişdi. Bu vurhavur zamanda belə, müharibənin bu qızğın çağında belə  “İran” və “Ermənistan” adlandırılan dövlətlərə məxsus nömrə nişanı olan yük avtomobilləri meşə materialları ilə, söküntü materialları ilə “ləbələb” dolu vəziyyətdə rastlarına çıxır, zarıya-zarıya “Günbatana” doğru sürünürdü. Dağlar yetim qalmışdı, dağlar üşüyürdü, dağlar nalə çəkirdi…

                                    Yad əlində qalan dağlar,

                                    Yanıram, a dağlar, yanıram!

                                    Məni həsrət salan dağlar,

                                    Yanıram, a dağlar, yanıram!

                                    Ağrıdağ həsrətlə baxır,

                                    Savalanda şimşək çaxır,

                                    Araz yana-yana axır,

                                    Yanıram, a dağlar, yanıram!

                                    Xan Şuşanın köksü yara,

                                    Dəlidağım batıb qara,

                                    Laçındakı ahu-zara

                                    Yanıram, a dağlar, yanıram!..

Murad da bu üzüntülü mənzərədən sarsılmışdı, bədəninə istilik gəlmişdi, hərarəti qalxmışdı, köynəyinin düymələrini açmışdı. Hərçənd hava nəmişli və soyuq idi. Şimşək düşüncələrin caynağında qıvrılırdı, buralarda birinci dəfə idi olurdu- “Görəsən bunlardan hansı Babadağdır, hansı Dəlidağdır, hansı Əriməz dağıdır?!…”

İkimərtəbəli qurama evlərdən ibarət olan, guya yenidən inşa edilmiş Zabux qəsəbəsinin yaxınlığından keçərək Həkəri çayını adladılar. Yenidən yoxuş başladı. Hündür dağ silsiləsi arxada qalmışdı. Qarşıdakı, əvvəlkilər qədər hündür olmayan dağı üzü cənuba doğru aşmalı idilər. Üzü cənyba- Azərbaycanın bağrını iki hissəyə parçalayan Araza doğru…

-Necədir, xoşunuza gəldi? Kim qardaşın vəsaiti ilə salınıb bu qəsəbə.- Vitali yarızarafat, yarıistehza ilə arxa oturacaqdakılara, Şimşəkgilə xitabən soruşdu.

-Vitya, atmacandan qalmırsan heç. Ara, Kim qardaş nədir? Kim Qardaşyan, ermənilərin fəxri, amerikalı məşhur modelyer.- Artur əsəbi halda söhbətə qarışdı.

-Olsun da Qardaşyan. Mən də bilirəm də, kimdir o…

-Yaxşı Vitya, mübahisə etməyək, onsuz da qanım qaradır.

Nəhayət, gəlib hərbi bazanın yerləşdiyi meşəli yamaca çatdılar. Onları əynində nimdaş əsgər sırıqlısı olan, rütbəsini müəyyənləşdirmək mümkün olmayan maskalı bir nəfər qarşıladı.

-Ara, harada itib-batmısız, hanı sizin gətirdiyiniz kömək?- deyə o, Arturun üstünə çımxırdı.

-Rütbəcə səndən böyük olanla belə davranmağı sənə kim öyrədib, kapitan Simonyan?- deyə Vitali suala sualla cavab verməklə vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışdı.

-Mayor, nə rütbəbazlıqdır? Türklər gəlirlər ey, beş-altı kilometrlikdədirlər. Qüvvələrimiz tükənir, əlavə kömək lazımdır.

-Kömək gəlir də. Axşama bura çatarlar. Başar Asad şəxsən öz ordusundan yüz nəfər əjdaha döyüşçü də göndərib, onlar da sabaha gəlib çatarlar.

Şimşəklə Murad təəccüblə bir-birilərinə baxdılar, bu onlar üçün yeni xəbər idi, ya da mayorun uydurması idi. Əslində belə şayiələr gəzirdi, ancaq Suriya ordusundakı mənbədən bunun təsdiqi gəlməmişdi.

-O kimdir elə?

-Sən Suriyanın prezidentini tanımırsan məgər?- Vitali bir qədər də ürəkləndi.

-Ara, türklər iki-üç saatdan sonra burada olacaqlar, qüvvələrimiz tükənib, əsgərlərimiz dabanlarına tüpürüb qaçırlar, anlamırsız?

-Necə yəni, qüvvələrimiz tükənir? Bəs Tiqranın rotası haradadır?- Bu dəfə Artur sual verdi.

-Pərən-pərən olub. Səhər Tiqran burada qalmış otuz nəfər axırıncı muzdluları götürüb ön cəbhədəkilərə köməyə getdi. Ara, Qadrutu da itirmışık, çox sürətlə gəlirlər üstümüzə. Xəbərimiz yoxdur, bəlkə elə Şuşini də alıblar. Görmürsüz, heç kim yoxdur, tək qalmışam? Heç postdakıları dəyişməyə adam tapmıram,- Simonyan cavab verdi. Şimşək də ona yaxınlaşdı.

-Post haradadır?- deyə soruşdu.

-Odur ey, o zirvədə.

-Neçə nəfərdirlər?

-Üç nəfər. Nə olar, göndərin də bu əsgərlərdən ora. İki gündür ac-susuzdurlar,- Simonyan onlara yalvarmağa başladı.

-Gərək yox, özüm gedərəm. Bu oğlana nə lazımdır verin, aparaq verək,- Şimşək Muradı göstərdi.

-Ara, o çox vacib postdur. Özünüzlə ərzaq, əlavə sursat da götürün, gedin ora. Oradan on beş-iyirmi kilometr məsafəyə nəzarət eləmək olur. Pulemyot, snayper tüfəngi… hər ləvazimat var orada,-Artur göstəriş verdi. Şimşəkgilə ərzaq, beş ədəd dolu avtomat darağı, qumbaraatan və minamyot mərmiləri verdilər. Gedərkən Simonyan onlara: “Maskalarınızı çıxartmayın, pandemiya bərk yayılıb buralarda,” –dedi.

            Post bazadan azı iki yüz metr aralıda, həm də xeyli yüksəklikdə idi. Ağır yüklə, dar cığırla sərt yoxuşa qalxmaq elə də asan olmadı. Arada iki dəfə dayanıb nəfəslərini dərməli oldular. Postdakılara yaxınlaşanda Murad dönüb Şimşəyə göz vurdu. Buradakılardan kimi isə tanımışdı.

-Ara, biz acından ölürük burada, tez gəlin,- postdakılardan biri silahı qayaya söykəyib gələnlərə sarı qaçdı. Ərzaq olan zənbili alıb eşələməyə başladı.

-Ara, gətir bura o zənbili,- digəri birinciyə acıqlandı. Yeriyib zənbili onun əlindən aldı, geriyə qayıtdı. Üçüncü də silahı yerə atıb onlara yaxınlaşdı. Su, kolbasa və çörək çıxartdılar, parçalayıb yeməyə başladılar. Murad astadan Şimşəyin qulağına pıçıldadı:

-O dazbaş Tiqranın qardaşı Aramdır. Onu girov saxlamalıyıq.

Postdakılar acgözlüklə yeməyə girişmişdilər. Şimşəkgil yerlərini müəyyənləşdirib təmkinlə gözləyirdilər. Nəhayət, Şimşək dilləndi:

-Yediniz qurtardınız?

-Yedik ara, çox sağ olun,- birinci cavab verdi.

-Çox yaxşı. Biz türklərdə misal var- “Yemək yeyəni ilan da vurmaz!” Biz də səbrlə dayanıb gözlədik. İndi isə üzü üstə uzanın yerə. Əllər arxada olsun.

-Ara, sən nə danışırsan? Nə türk, nə ilan? Zarafatın yeridir?- Dazbaş əsəbi halda qalxıb silaha tərəf getməyə çalışdı. Lakin cəmisi bir addım ata bildi. Muradın gözlənilməz zərbəsi onu ağzı üstə yerə sərdi. O biriləri keyləşmiş vəziyyətdə idilər, nə edəcəklərini bilmirdilər. Heç şokdan ayılmağa vaxtları da qalmadı, Şimşəkgil hər ikisinin boynunu sındırdılar. Aramın qollarını arxadan bağlayıb qayaya söykədilər. Murad maskasını çənəsinə endirib onun gözlərinin içinə baxdı:

-Məni tanıdın?

-Kürd? Bu sənsən?

-Bəli, mənəm. Ancaq səhvin var, əslində mən türkəm.

-Necə yəni türksən?

-Bax elə belə- türkəm. Mənim anam sizə neyləmişdi, onu niyə öldürdünüz?

-Mən neyləyə bilərdim ki? Tiqran məndən böyükdür, qərarı o verir.

-Həə? O verir qərarı? İndi isə mən verirəm. Görürsən, vəziyyət necə dəyişir?

-Ara, dəlilik eləmə, burax məni. Tiqranın əlindən qurtara bilməyəcəksən. Məni burax, qaç get buradan.

-Doğrudan? Nə ağıllı oğlan olmusan, mənə yol göstərirsən? Hara qaçım, deyərsən?

-Hər tərəf dağ-dərədir, meşəlikdir, qaç gizlən də. Buralarda adam tapmaq olar?

-Sus, qatil! Mən bura sizin canınızı almağa gəlmişəm. Tiqran haradadır?

-Ara, bilmirəm. Səhər PDM-ə doluşub davaya getdilər.

-Eyb etməz, gözləyərəm. Əgər onu Azərbaycan Ordusunun igidləri gəbərtməsələr, deməli, mənim əlimdə gəbərəcək. Sənin gözlərinin qabağında öldürəcəm onu, görəcəksən.

-Ara, qurban olum…- sözünün ardını gətirə bilmədi, Murad onun boynundan elə bir zərbə vurdu ki, huşunu itirib yerə yıxıldı. Şimşək onun binoklunu götürüb ətrafı müşahidə etməyə başladı. Baza tərəfdə ara qarışmışdı, hay-həşir var idi. Hərə bir tərəfə qaçıb gizlənməyə can atırdı. Səmada bir PUA süzürdü. Bu, “İtiqovan” idi. Ağacların arasında məharətlə gizlədilmiş S-300 markalı zenit qurğusunu nişan almışdı… Dəhşətli partlayış səsi ətrafa yayıldı. Bununla da iş bitmədi, qurğunun üstündəki raket uğultu ilə yerə düşdü, vahimə yaradaraq o tərəf- bu tərəfə “vurnuxmağa” başladı. Gah ağaca, gah da rastına çıxan hansısa texnikaya toxunub istiqamətini dəyişir, yerində fırlanır, harasa uçmaq istəyirdi. Nəhayət, istiqamət götürüb irəliyə şütüdü, yan-yana düzülmüş uzaqvuran toplardan birinə tuş gəldi. Daha vahiməli partlayışın dalğası posta qədər gəlib çatdı.

            Uzaqdan, şərq tərəfdən iki ədəd PDM torpaq yolda toz qopara-qopara bazaya yaxınlaşırdı. Onların üzərində xaç işarəsi var idi. Görünürdü ki, cəbhə bölgəsindən qaçırlar. Şimşək qumabaatanı götürüb qabaqdakını nişan aldı. Lakin atəş açmağa vaxtı çatmadı. PDM qayaların arasına girdi. Arxadan gələnə isə bu imkan nəsib olmadı. Sərrast atəşlə məhv edildi. Bir neçə dəqiqədən sonra birinci PDM bazanın ərazisinə daxil oldu və hündür şam ağaclarının arasında məharətlə gizlədilmiş anbarın yaxınlığında dayandı. Anbar təpənin alt hissəsinin qazılması yolu ilə yaradılmışdı. Təpənin üstündəki ağaclar toxunulmaz qaldığı üçün səmadan onun yerini müəyyənləşdirmək mümkünsüz idi. Yalnız ön tərəfdən, ağacların arasından dar dəmir qapı görünürdü. Həmin an rus əsgərləri relslərin üzərində hərəkət edən araba ilə anbardan çıxardıqları mərmiləri özlərinə məxsus olan PDM-ə yükləməklə məşğul idilər. Anbarın girişinə qədər çəkilmiş iyirmi-iyirmi beş metrlik çınqil döşəməli yol ensiz olduğundan ikinci texnika girişə yaxınlaşsaydı birincinin qabağını kəsərdi, növbə gözləmək lazım gəlirdi.

            Artıq Aram özünə gəlmiş, qayaya söykənmış vəziyyətdə- oturaq halda məzlum-məzlum qarşısındakılara baxırdı. Şimşək isə binoklla bazada baş verənləri müşahidə edirdi. PDM-dən düşən üç nəfər anbarın qapısına yaxınlaşdı. Vitali ilə Artur yüklənməyə rəhbərlik edir, əsəbi halda ora- bura qaçırdılar. Sir-sifəti qan içində olan Simonyan ağacların arasından çıxıb onlara yaxınlaşdı, postu göstərərək ucadan qışqırmağa başladı. Nə dediyini anlamaq çətin deyildi. Şimşək binoklu Murada tərəf uzatdı:

-Murad, al bax. Deyəsən, məsələnin nə yerdə olduğunu anlayıblar. Murad binoklu alıb həmin istiqamətə baxdı və:

-Bu Tiqrandır,- dedi.

Rabitə cihazından aramsız olaraq kobud səs eşidilirdi: “Aram, məni eşidirsən? Danışan Tiqrandır. Aram, cavab ver…”

Murad rabitə cihazını aparıb Arama verdi:

-Çağır onu bura.

-Nə deyim?

-De ki, səni girov götürmüşük, gəlsin danışaq.

Qardaşlar arasındakı qısa dialoqdan sonra Tiqran ətrafında əlavə beş nəfər də olmaqla posta tərəf istiqamət götürdü. Digərləri onları bir qədər müşayiət edib aşağıda mövqeləndilər. Şimşək snayper tüfəngini və qumbaraatanı götürüb bir qədər də zirvəyə qalxdı. Murad isə pulemyotla silahlandı. Kifayət qədər güllə, mərmi və qumbaraları var idi. Gələnlər isə avtomatla silahlanmışdılar, təkcə Tiqranda pulemyot var idi. Yoxuşun əsas hissəsi geridə qalmışdı, gələnlər nisbətən açıq sahə ilə irəliləyirdilər. Şimşək sərrast atəşlə iki nəfəri yerə sərdi. Baza tərəfdən atılan minamyot mərmiləri postun yaxınlığına düşüb partlayır, qayalarda əks-səda yaradırdı. Tiqran rabitə vasitəsi ilə hey çığırırdı. Nəhayət, minamyot atəşləri dayandı. Artıq gələnlərin birini də Murad aradan götürmüş, digər iki nəfər isə enışaşağı qaçırdı. Tiqran geriyə dönərək onları özü vurdu. Murad ucadan ona səsləndi:

-Tiqran, silahı at yerə. Səninlə təkbətək döyüşəcəm.

-Ara, sən mənim əlimdə öləcəksən,- deyə Tiqran güllələri ətafa səpələdi. Sonra pulemyotu yerə tullayıb irəli şığıdı:

-Çıx qabağıma.

Murad da pulemyotu daşa söykəyib qabağa, nisbətən açıq meydançaya çıxdı. Qarşı-qarşıya dayandılar.

-Anamı niyə öldürmüsən?

-Ara, sənə görə. Qaçıb türklərə sığındığın üçün, bildin?

-Mən elə özüm də türkəm də, ay eşşək.

-Nağıl danışma. Ananın boğazını bu bıçaqla kəsmişəm,- Tiqran arxa cibində gizlətdiyi, üst tərəfində mişar dişlərinə bənzər dişləri olan iri bir bıçaq çıxartdı və Murada hücum elədi. Hər dəfə cəhdi boşa çıxdıqca daha da coşurdu. Şimşək hər ehtimala qarşı tüfəngi Tiqrana tuşlamışdı, barmağı tətikdə idi. Hərçənd belə məqamda atəş açmaq da risk tələb edirdi, ancaq başqa cürə hərəkət edə bilməzdi. Murada söz vermişdi. Murad isə sanki qəsdən Tiqranla oyun oynayır, onun əsəblərinin daha da gərilməsinə çalışırdı. Nəhayət, irəli şığıyıb Tiqrana ardıcıl sarsıdıcı zərbələr endirdi, bir göz qırpımında bıçağı onun əlindən aldı, boğazına dirədi, sonra çevrilib Şimşəyə işarə elədi:

-Abi, anbarı nişan al.

Şimşək rahatlıqla nəfəs aldı. Qumbaatanı götürüb anbarı nişan almağa çalışdı. PDM qapının yolunu bağlamışdı. Bir qədər də yuxarıya dırmandı, indi qapı görünürdü.

-Mən hazıram, atımmı?

-At abi, kaftar yuvasını, qan-qada yuvasını darmadağın elə. Qoy bu qaniçən öz gözləri ilə görsün.

Mərmilərlə yüklənmiş araba qapının kandarında görünən an atəş açıldı. Murad Tiqranın başını mərminin uçduğu səmtə yönləndirdi. Arabadakı mərmilərlə onlara dəyən mərminin partlayışı eyni anda baş verdi. Qəlpələrin sürətlə ətrafa sıçraması daha vahiməli mənzərə yaratdı. Anbarın içərisində yaranan ardıcıl partlayışlar, qapının parçalanıb ətrafa səpələnməsi hələ yaranacaq dəhşətin başlancığı idi. Murad vaxt itirmədən Tiqranı bu dəfə geriyə, məzlum-məzlum onlara baxan Arama tərəf döndərdi:

-İndi isə qardaşının ölümünə şahidlik elə, -dedi və bıçagı onun boqazına çəkdi. Ətrafa qan fışqırmağa başladı. Tiqran ikiəlli boğazını tutub xırıldamağa başladı, gözləri bərəldi, dizləri yerə çökdü. Murad eyni cəldliklə bıcağı beş-altı metrlikdəki Arama tərəf tulladı, bıçaq onun sinəsinə sancıldı. Tiqran ağzı üstə yıxılaraq eşələnir, Aram isə oturduğu yerdə can verirdi… Anbarın uğultusu get-gedə artırdı, yaxınlıqda nə vardısa hamısı parça-parça olub ətrafa səpələnirdi. Yanan mərmilər, raketlər, PDM-lərin parçaları, cəsədlər, hətta ağaclar da havada uçurdu. Anbarın üstü də parçalanmış, iri gövdəli ağacları göyə qaldırmışdı. Səma yanırdı, yer titrəyirdi…

                                                            XIII FƏSİL

            XTQ-nin döyüşçüləri hadisə yerinə çatanda artıq günəş Babadağın arxasına keçmış, qayaların arasından ara-sıra süzülən qızılı şəfəqləri qırmızı rəngə çevrilirdi. Yanğın hələ də davam edir, get-gedə daha çox boğuq-boz tüstü ilə əvəzlənməyə meyllənirdi. Əsgərlər burada nə baş verdiyini sona qədər anlaya bilmirdilər. Yuxarıdan, qayaların arasından həyəcanlı bir səs eşidildi:

-Komandir, burada sağ qalanlar var.

-Gəlirəm, onları nişangahda saxlayın, atəş açmayın.

Gənc zabit döyüşçünün səslədiyi yerə qalxmağa tələsdi.

-Komandir, baxın, ətrafda nə qədər meyit var. Birinin boğazı kəsilib, digərinin sinəsində bıçaq var, o biriləri necə ölüb, bəlli deyil. Bu iki nəfər isə sağdır. Qaya uçub, daşların altında qalıblar.

-Görürəm… Yoxuş boyu da meyitlərə rast gəldim. Çox qəribədir, özləri-özlərini öldürüblər? Niyə?- sonra bazada baş vermiş partlayışa işarə edərək əlavə elədi,- Görünür partlayış çox güclü olub, dalğası buraları da titrədib. Anbarı kim partladıb? Səmadan onun yerini müəyyənləşdirmək mümkün olmazdı axı.

-Komandir, buraya mərmi də düşüb, baxın, izi aydın görünür.

-Hə, elədir. Yaralılara kömək edin, yaralarını sarıyın.

-Baş üstə, komandir. Baxın, bu oğlan nə isə demək istəyir.

Zabit yaralıya yaxınlaşdı. Onun başından qan axırdı. Ayaqlarının sındığı uzaqdan hiss olunurdu.

-Komandir sizsiniz?- yaralı xırıltılı səslə, lakin səlist azərbaycanlı ləhcəsi ilə soruşdu.

-Bəli. Bəs siz kimsiniz?

-Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Əsgər Əfşarlı. Məni Mərkəzlə calaşdıra bilərsiniz?

-Zarafat edirsiz? Buraya birinci gələn bizik.

-Murad… Murad haradadır? O sağdır?

-Komandir, yəqin bu oğlanı soruşur,- deyə döyüşçü ikinci yaralını göstərdi. Üzünü ona tutub soruşdu:

-Sənin adın nədir?

-Muraddır, abi.

-Abi? Sən türksən?

-Əvət.

-Mən heç nə anlamıram, komandir. Bunlar buraya necə gəliblər? Bəlkə bizi aldadırlar? Ermənilərin arasında bizim dili bilən çoxdur, mən belə eşitmişəm.

-Onu aydınlaşdırarıq, sən yoldaşlarına kömək elə, o biri yaralını da daşların arasından çıxardın.

Sonra zabit rabitə ilə Mərkəzi çağırdı. Bir qədər danışdıqdan sonra birinci yaralıya yaxınlaşdı:

-Adınız Əsgər, soyadınız Əfşarlıdır dediniz, eləmi? Kiminlə danışmaq istəyirsiniz?

-Bəli, doğrudur. Məxfi idarənin rəisi polkovnik Cəfər Kərimli ilə calaşdıra bilərsiniz?

-Soruşaram.

Zabit Əsgərin dediklərini Mərkəzə ötürdü. Bir qədər gözləmək lazım oldu. Bu vaxt ərzində döyüşçülər hər iki yaralıya ilk yardım göstərdilər. Muradın vəziyyəti nisbətən yüngül idi. Təkcə sağ qolu dirsəkdən bir qədər aşağı hissədən sınmış, çiyninin dərisi sıyrılmışdı. Təbii ki, bədəni də bir neçə yerdən əzilmiş, paltarı cırılmışdı.

-Cəfər Kərimli xətdədir, buyurun.

-Salam, cənab polkovnik, sizinlə danışan kapitan Əfşarlıdır.

-Əsgər?

-Bəli, yoldaş polkovnik.

-Açar ifadəni söyləyin.

-“Bədirlənmiş ay parlaq olur!”

-Doğrudur. Bəs Cavabı necədir? Hərçənd ki, cavabı mən söyləməliyəm. Ancaq sizdən eşitmək istəyirəm.

-“Bu parıltını ona verən Günəşdir!”

-Mənim Günəş oğlum, Şimşək oğlum, igid oğlum, Vətənə xoş gəlmisən!

EPİLOQ

            Pərdənin kənarından yol tapıb yataq otağına süzülən günəş şüaları Əsgərin gözlərini qıcıqlandırırdı. Ancaq qalxmağa tənbəllik edirdi. Sanki artıq geridə qalmış yuxusuz gecələrinin heyfini çıxmaq istəyirdi. O tərəf-bu tərəfə çerilə-çevrilə qalmışdı, yata bilmirdi. Sübh tezdən oyanmağa adət etmiş hərbçi üçün çətin bir tapşırığın öhtəsindən gəlmək yataqda çabalayıb süni yuxu gətirməkdən daha asan gəlirdi… Mətbəxdən Kamilənin səsi gəldi:

-İgidim, hələ yatırsan? Bilirsən saat neçədir?

Əsgər tənbəl-tənbəl sağ böyrü üstə çevrilib divar saatına baxdı, səkkizə iyirmi dəqiqə qalırdı.

-Saat… mən bu qədər yatmışam? Belə getsə məzuniyyətimi başa vuranda xor-xor pişiyə dönəcəm,- özü öz ifadəsinə güldü.

-Hə, mən də o fikirdəyəm. Amma Səadət ana bizim kimi düşünmür, qoy yatsın, deyir.

Əsgər yataqdan qalxıb geyindi, vanna otağına keçib yuyundu, sonra mətbəxə keçdi.

-Bəh-bəh, nə gözəl iy gəlir, aş dəmləyirsən?

-Mən yox, Səadət ana bişirir, dəmə qoyub getdi kəklikotu yığmağa. Kəklikotunu sübh tezdən yığanda daha ətirli olur, dedi, qalxdı yamaca.

-Sən nə danışırsan, gülüm? Niyə məni çağırmadın, qoymayaydım gedə? Allah eləməsin, mina-zad olar…

-İraq olsun. Elə şey olar? Minaları çoxdan təmizləyiblər, camaat mal-heyvan otarır çöllərdə.

-Orası elədir ey, ancaq yenə narahatam. Gedirəm anamı axtarmağa.

-Sən əyləş, təzə çaydan iç, mən gedərəm, bilirəm hansı səmtə getdi.- Pəncərədən yamyaşıl yamacları göstərdi,- bax, o tərəfə.

-Sən bu yerlərə bələd deyilsən, özüm gedirəm.

-Sən bələdsən ki?

Əslində doğru sual idi. Əsgər 10 il əvvəl öz qrupu ilə xüsusi tapşırıq icra edərkən cəmisi bir gecə olmuşdu bu yerlərdə. Antiterror əməliyyatlarında iştirak etsə də, bu tərəflərdə olmamışdı.

-Baxma da, mən dağlıq ərazilərdə hərəkət etməyə daha çox alışmışam. Həm də… sənə bu vəziyyətdə yamaca dırmanmaq olmaz axı,- Kamilənin hamilə olduğuna eyham vurdu. Kamilənin yanaqları dərhal qızardı, deməyə söz tapmadı.

Həyətdən Səadət ananın səsi gəldi:

-Qızım, Kamilə, Əsgər oyanıbsa, deynən gəlsin bu şişəyi kəssin. Köməkləşib soyaq. Doğrayıb qazanlıq, kabablıq ətləri ayıraq. Həyətdə buğlama bişirəcəm. Kabablıq əti də indidən basdırma edək ki, qonaqlar gələnə yumşalıb hala gəlsin. Sən də gəl bu zənbili al götür. Ciyərim yanır, kəklikotu çayı dəmləyək, içək səhər-səhər.

-Gəldim, ay ana,- Kamilə əlindəki çay dəsmalını asılqandan asıb cəld həyətə çıxdı. Anasının səsini eşidən kimi Əsgər də Kamilənin ardınca bayıra qaçdı.

-Ay ana, sənə qurban olum, özüm gedib yığardım da. Ürəyim üzülmüşdü ey.

-Sən bu otların dilini bilməzsən, oğul. Burada təkcə kəklikotu deyil ki, başqa otlar da yığmışam. Gəlinimə tər dağ çiçəkləri də toplamışam. Ürəyin niyə üzülür ki? Bu yerlərin hər qarışına bələdəm, narahat olma.

            Günortaya yaxın küçədə uç yolsuzluq maşını göründü. Karvan Əsgərgilin darvazasına yaxınlaşıb dayandı. Qonaqları Xocalının girişində qarşılayıb evə qədər müşayiət edən Əsgər birinci maşından düşüb arxadakılara tərəf yeridi. Arxadakı maşınların bütün qapıları ard-arda açılmağa başladı. İkinci maşının sürücüyə aid qapısı birinci olaraq açıldı və Cəmilə yerə düşüb cəld sağ tərəfə keçdi. Sağ qabaq qapının aşağı tərəfindən əvvəlcə qoltuq ağacının ucu göründü. Cəmilə qabağa əyilib sərnişinin qolundan tutdu, düşməyinə kömək etdi. Hərbi parad mundirində olan, sinəsində yan-yana düzülmüş medallar parıldayan Əhməd Ağalı onun köməyilə maşından düşüb qarşısında dayanmış Əsgərə, artıq qonaqları qarşılamaq üçün küçəyə çıxmış digər ev sahiblərinə, səliqə ilə gül-çiçək əkilmiş həyətə və ikimərtəbəli yaraşıqlı evə baxıb qürurlandı. Gözlərində sevinc göz yaşlarının işartısı göründü, ucadan səsləndi:

-Mənziliniz mübarək, mənim əzizlərim, doğmalarım! Əslində “eviniz mübarək” deməliyəm, ancaq belə daha şirin çıxır…- qəhərləndi, sözünün ardını gətirə bilmədi. Cəmilə sağ əlini Əsgərə tərəf uzatdı, görüşdülər. Artıq qoltuq ağacının köməyilə sərbəst hərəkət edən Əhməd yaxınlaşıb sol qolu ilə Əsgərin boynunu qucaqladı. Sonra sağ qolunu da dostunun boynuna sarıyanda qoltuq ağacı yerə düşdü, heç biri buna əhəmiyyət vermədi. Bir müddət beləcə qaldılar.

-Səni ayaq üstə görməyimə çox sevindim, əziz qardaşım,- Əsgər də bir qədər doluxsundu,- maşallah əməlli-başlı sağalmısan. Antiterror əməliyyatının əsl qəhrəmanı sənsən, maşallah olsun!

 Əhməd tez özünü ələ alıb dialoqun məzmununu dəyişdi və şən notlara köklədi, zarafata keçdi:

-Mayor, toyunuzdan bir gün əvvəl sənə tapşırmışdım ki bacımı qollarının üstündə saxla, əməl edirsən?

-Elədir ki var, cənab polkovnik-leytenant.

-Bax, belə, afərin! Bacım, mənziliniz mübarək! Anam, mənziliniz mübarək! Əllərinizdən öpürəm. Allah sizi bizlərə çox görməsin! Böyüklükdən əskik olmayasınız!

Cəmilə də, arxa oturacaqdan düşən Murad da yaxınlaşıb dostları qucaqladılar. Murad o biri tərəfdə dayanıb ürkək-ürkək boylanan gənc qadını göstərdi.

-Qardaşım, bu mənim karım Məltəmdir,- sonra Məltəmə səsləndi,- gedək annemizin əllərindən öpək.

Kamilə ilə qarşı-qarşıya gəldilər, onunla görüşüb Səadət anaya tərəf üz tutdular.

-Xoş gəlmisiz, mənim övladlarım!- Səadət ana onun əllərindən öpmək istəyən gəncləri qucaqladı,- Gəlin sizi bağrıma basım, balalarım. Ay Murad, bizdə qarı qocalara deyirlər, daha bu sözü işlədən yoxdur. Qarı nədir, bu sənin xanımındır.

Üçüncü maşından düşən general-leytenant Cəfər Kərimli, professor Sabir müəllim və Əbdül xoca onlara yaxınlaşmaqda idilər…

                        Dedilər başına yenə qar yağır,

Zirvənin başında qar olar, olsun!

Qar deyil, çöhrənə arzular yağır,

Sevdaya  Tanrı da yar olar, olsun!

Parlayır səmada ulduzun yenə,

Hərarət qayıdıb dərəyə, çölə.

Əzəmət dağıdır “Qırxqız”ın sənə!

Eyvallah, sən cavan, yol uzun hələ…

Şükr olsun, dərdlərin dağılır daha,

Gülşən yamacların  şalı toxunur.

Qövr etmiş yaralar sağalır daha,

Məxmər çəmənlərdə xalı toxunur.

Sən dağlar qoynunda nazlı mələksən,

Şəfəqdə parlayan nursan, Xocalım!

Arzusan, sevgisən, eşqsən, diləksən!

Sən qürur tacımda zərsən, Xocalım!

Əhsən, xilaskarın, Orduna əhsən!

Açır arzuların çiçək, Xocalım!

Tarixi kəhkəşan yurduma əhsən!

Ay ipək çalmalı, göyçək Xoclalım!

                                                            -son-

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər: 10-cu hekayə

Əvvəli burada: Müqəddəs Zəfər – 9-cu hekayə

Beş dəlikli kaftar yuvası

(Müqəddəs Zəfər: 10-cu hekayə)

          Çavuş Pünhan Şükürlü gizləndiyi sal qayanın arxasından çıxıb ehtiyatla ətrafa göz gəzdirdi. Dəsmalını çıxarıb sifətinin tərini sildi. Sonra üstünün tozunu çırpıb təmizlədi və yaxınlıqdakı daşın üstündə oturub gözlərini Qafqaza zillədi.

          -Sözlü adama oxşayırsan qardaş,- Qafqaz onun bu maraqlı baxışlarına biganə qala bilməyib özü söhbətə rəvac verdi,- nə sözün var döşə gəlsin.

          -Hə, düz tapmısan. Çoxdan soruşmaq istəyirdim, sənin soyadın barədə.- Pünhan bir qədər tərəddüdlə cavab verdi.

          -Soyaddı da. Özbək soyadı.

          -Yəni, sən özbəksən?

          -Özü də xalisindən.

          -Maraqlıdır. Birinci dəfədir ki, heyətimizdə özbək görürəm. Həm də bizimlə bir cərgədə, ölümün hər an gələ biləcəyi bir yerdə.

          -Ölümün yox, şəhidlik zirvəsinin,- Qafqaz düzəliş etdi,- mən vətənimçün döyüşürəm, sənin kimi, digərləri kimi.

          -Sən axı özbəksən.

          -Nə olsun? Odu ey Komrat- udidir. O biri tağımda Abram var, təlimlərdə dostlaşmışıq, o da yəhudidir.

          -Başa düşürəm ey, Azərbaycan onların vətənidir. Burada doğulub, böyüyüblər…

          -Qardaş, bəs mən harada doğulmuşam ki, bilirsən? Şirvanda.

          -Yox əşşi? Maraqlıdır. Sən canın, danış görüm bu necə olub?

          -Pünhan, nə vermisən ona ala bilmirsən? İmkan ver uşaqlar dincəlsin. Özün də qayıt bayaqkı yerinə, ora daha təhlükəsizdir,- bu dəfə tağım komandiri Elçin Nəsibli söhbətə qarışdı.

          -Cənab baş leytnant, komutanım… elə belə söhbət edirik də,- Pünhan günahkar bir görkəm aldı, yanaqlarında qızartı yarandı. Qafqaz onu düşdüyü vəziyyətdən çıxarmaq üçün mülayim səslə söhbətə başladı:

          -Atam Kazımbay Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Təyinatla Tümenə gedib. Bir il sonra anam Səfura da oraya təyinat alıb. Sevişib evləniblər. Anam atamın soyadını qəbul edib, olub Urumbayeva. Sonra da gəliblər Şirvana. Vəssalam, bu da rəvayətin sonu.

          -Hə, anladım. Demək, atan Özbəkistandan gəlib Bakıda oxuyub, eləmi?

          -Ay sağ ol. Gəlib oxuyub və vurulub bu yerlərə, bu millətə.

          -Ay qadan alım, pulun bol olduğu gül kimi yerdən dönüb gəlib bura?

          -Tümeni deyirsən? Oranın nəyidi gül kimi? 35-40 dərcə şaxta, tufan… ayağının birini don vurub, barmaqlarını kəsiblər. Barakda yaşamaq asandı bəyəm?

          -Barak nədir?

          -Taxtadan tikilimiş ev. Ev də yox ey, evcik- müvəqqəti yaşayış üçün bir tikili. Başa düşdün?

          -Hə vallah, anladım…

Pünhan səhra köynəyinin döş cibindən kiçik bir bloknot çıxarıb qeydlər etməyə başladı. Bayaqdan əllərini başının arxasında çarpazlayıb qayaya söykənən və sakitcə onara baxan Komrat gülümsəyərək Pünhana söz atdı:

          -Mənim yazıçı qardaşım yeni hekayəsi üçün material hazırlayır? Yaxşı mövzudur, yaz qardaşım.

          -Sən lağ elə. Qoy müharibə qurtarsın, gör qardaşın necə hekayələr yazacaq,- Pünhan ciddi görkəm aldı.

          -Vallah, lağ eləmirəm. Maşallah olsun, taborumuzda yazıçı da var, rəssam da (Qafqazı nəzərdə tuturdu), müğənni də, yəni- Abram…

          -Dəllək də, yəni- sən.- Qafqaz onun sözünü kəsdi. Hamı güldü.

          Vətən Müharibəsinin ilk günündə vacib döyüş tapşırığını icra etmək üçün iki tağım eyni anda Murovdağ istiqamətində hərəkətə keçmişdi. Baş leytnant Elçin Nəsiblinin başçılıq etdiyi tağım şimal tərəfdən, ikinci tağım isə cənub tərəfdən düşmən qüvvələrinin arxasına keçərək onlara sarsıdıcı zərbələr endirməli, strateji əhəmiyyətli mövqeləri ələ keçirməli idilər. On iki saatadək yol gəlmişdilər. Səhər saat beş radələrində düşmənin ən yüksəkdə yerləşən postunu asanlıqla ələ keçirmiş, xeyli silah-sursatı qənimət olaraq götürmüşdülər. Heç bir itki verməsələr də arxayınlaşmamış, ərtafda kəşfiyyat axtarışları etmişdilər. Çünki bu ərazidə düşmənin hərbi hissəsinin yerləşdiyini və 200-ə qədər canlı qüvvəsinin olduğunu yaxşı bilirdilər. Qəribə də olsa, 23 nəfər döyüşçü itirmiş düşmən qüvvələri əks-hücuma keçmədən yoxa çıxmışdı. Lakin, aradan heç bir saat keçmədən, döyüşçülərimizin mövqeləndiyi ərazi minomyotlarla atəşə tutuldu. İki saat davam edən aramsız mərmi yağışından sonra düşmənin əks-hücumu başladı. Buna əvvəlcədən hazırlıq görülmüşdü. Döyüşçülərimiz əlverişli yerlərdə mövqelənərək ciddi müqavimət göstərirdilər. Günün ikinci yarısında vəziyyət daha da ciddiləşdi. Silah-sursat tükəmək üzrə idi, düşmən əsgərləri sanki yerin deşiyindən peyda olurdular. Ara məsafəsi get-gedə azalırdı. Cənub istiqamətindən köməyə gəlməli olan tağım nədənsə ləngiyirdi. Nəsibli qərargahla rabitə əlaqəsinə girdi. Məlum oldu ki, cənub istiqamətində də ağır döyüşlər gedir. Düşmənin yerləşdiyi koordinatlar qərargaha ötürüldü və uzaqvuran toplar işə düşdü. Yalnız bundan sonra düşmən xeyli itki verərək geri çəkilməyə məcbur oldu. Yenə müvəqqəti sakitlik yarandı. Gizir Urumbayev ayağından yüngül yara alsa da sona qədər qoruduğu mövqedən geri çəkilmədi. Onunla çiyin-çiyinə döyüşən əsgər Mansurov, snayperçi Nəcəfov və istehkamçı çavuş  Səlimli şəhid oldular. İki nəfər ağır, səkkiz nəfər isə yüngül dərəcəli bədən yarası aldı. Nisbi sakitlikdən istifadə edərək komandir şəhid və ağır yaralıların döyüş bölgəsindən çıxarılaraq geri göndərilməsini təşkil etdi. Təxliyyə maşınlarının sıx meşə massivi və dağlıq ərazilərdə hərəkəti mümkün olmadığı üçün onlar yüngül yaralanmış döyüşçü yoldaşlarının çiyinlərində və xərəklərdə 3460 metr yüksəklikdən endirilərək yola salındılar. Bu işə rəhbərlik edən Urumbayev dəstəni təhlükəsiz məsafəyədək müşayət edib səhərüzü geri qayıtdı.

          Səhəri gün saat 7 radələrində düşmənin yeni həmləsi başladı. Bu dəfə yalnız yarım saatlıq atışma oldu. Qəflətən hardansa peyda olan düşmən əsgərləri gəldikləri qaydada qəflətən də yoxa çıxdılar. Ancaq qayalardan qopub düşən daş parçalarından biri komandirin sol çiynini, digəri isə Pünhanın sağ ayağını yüngül zədələdi. Əsgərlərdən birinin əynindəki zirehə dəyən güllə onu arxaya tullayaraq qayaya çırpsa da, ciddi xəsarət törətməmişdi.

          Günəş başlarının üstündə asılı qalmışdı, sanki hərəkət etmirdi. Artıq payızın gəldiyini duyduğundanmı, təbiətin bu əsrarəngiz gözəlliyinin atəş səsləri ilə, mərmi partlayışları ilə pozulmasına qəzəbindənmi, ya nədənmi bütün hikkəsini hərarətə çevirib yerə yönəldirdi. Cəmisi 1500-1550 metr aşağıda yamyaşıl ucaboylu meşə ağacları biri-birilərinə sığınıb kölgə saldıqları yerlərə qipdəedici sərinlik bəxş etsələr də, buralar- bu yüksəkliklər xarabalığa çevrilmişdi, əsl cəhənnəmi xatırladırdı. Onları silah-sursatın tükənməsi qorxutmurdu. Onlar təpədən dırnağacan silahlanmış düşməni yalın əlləri ilə məhv etməyə qadir olan, amalları uğrunda şəhid olmağı özlərinə şərəf bilən Azərbaycan əsgərləri idilər. Onlar aylarla ağır təlimlərdən üzüağ çıxmış XTQ mənsubları idilər. Sinələrindən güllə yarası alıb, yıxılıb, qalxıb düşmən üzərinə şığımağı bacarırdılar. Bircə dəfə “Allahu Əkbər!” deyib hayqıraraq yenidən güc toplamağa, odla, alovla çarpışmağa alışmışdılar. Onları aclıq, yuxusuzluq, yorğunluq qorxutmurdu. Onlar üçün sutkalarla ac, yuxusuz qalmaq adi hala çevrilmişdi. Su! Yalnız su! Onları sarsıda biləcək yeganə hal yalnız susuzluq ola bilərdi…

          Günortaya yaxın Elçin Nəsibli qərargahla əlaqə yaradıb vəziyyət barədə məlumat verdi və yeni tapşırıqlar aldı. Heyətlə kiçik bir müşavirə aparmaq qərarına gəldi. Elə belə, qeyri rəsmi, dostcasına, qardaşcasına, səmimi söhbət etmək istədi. Gizir Urumbayev mühafizəni təşkil edib heyəti təhlükəsiz yerdə topladı.

          -Qardaşlarım, əzizlərim! Biz artıq dördüncü gündür ki, bu yüksəkliyi işğaldan azad edib mühafizə edirik,- komandir ağır-ağır danışmağa başladı. Çalışırdı ki, səmimyyətini hamı anlasın, heç bir təzyiq hiss etmədən sərbəst olaraq öz fikrini söyləsin.- İtkilərimiz çoxdur, düşündüyümüzdən də çox. Hamımıza dogma olan əziz qardaşlarımızı itirmişik, ağır yaralılarımız var, sıralarımız xeyli seyrəlib…- ani olaraq kövrəldi, onsuz da yorğunluqdan qızarmış gözləri bir qədər də qızardı, nəmləndi. Sözlərin boğazında qaynayacağından, qırılacağından ehtiyat elədi. Heyət qarşısında acizlik nümayiş etdirməyə haqqı yox idi. Hərçənd, bu acizlik deyildi, səbəbi daha dərin idi. İzah etməyə qərar verdi,- Qardaşlarım, üzrlü sayın. Xəyal dünyası məni ani olaraq 1993-cü ilin aprel hadisələrinə apardı. Bilirsiniz ki, aprelin 1-dən başlayaraq Kəlbəcərimiz erməni qəsbkarlarının hücumuna məruz qalıb. Əhali ac-susuz, ayaqyalın, başıaçıq isti ocaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bax onda əhalinin bir qismi məhz bu dağ yolları ilə, əzab-əziyyətlərlə qarşılaşaraq Göygölə, Gəncəyə, Goranboya pənah aparıblar. Məhz bu dağ cığırları ilə… erməni dığalarının təzyiqinə və təqibinə məruz qalaraq. Bu cığırlarda, bu daşlarda bizim doğmalarımızın qanı var, inilti səsləri var. Ona görə kövrəldim…- bir qədər susub davam elədi,- Mənim onda cəmisi dörd yaşım vardı. Aprelin 2-də səhər açılar-açılmaz qaçhaqaç düşdü. Anam məni yüngül bir yorğana büküb bayıra qaçdı. Atam, 8 yaşlı bacım artıq həyətdə idilər. Atam irəliyə yeriyib məni anamdan aldı. Uşaq olsam da, çox şeylər yadımda qalıb. Kənd camaatının pərən-pərən düşməsi, sürünərək dərələrdən, təpələrdən keçməyimiz, kolluqlarda gecələyimiz, güllə vıyıltıları, yaralananlar, şəhid olanlar… Bir gecə də bu qayalıqda gizlənməli olduq. Baxın, orada, mərmi yağışları zamanı gizləndiyimiz həmən o kahada. O balaca kaha o vaxt da bizim xilaskarımız oldu. Yadımda deyil, 20 nəfər olardıq, ya bir az artıq. Bir-birimizə sığınıb səhərə qədər o kahada gizləndik. Səhərə qədər… açılmaq bilməyən səhərə qədər. Elə bil zaman dayanmışdı. Ağlamaq istəyirdim, anam yalvarıb deyirdi ki, qurban olum bala, camaatı bada vermə, döz. Bir gecənin içində sanki böyüdüm, bərkidim… İndi bu yerlər bizim nəzarətimiz altındadır və biz bu nəzarəti əldən verə bilmərik, buna haqqımız yoxdur…

          -Komutanım, inşallah əldən vermərik nəzarəti. Əgər qismətimizdə burada ölmək varsa, demək öləcəyik,- Komrat söhbətə müdaxilə elədi. Səsində o qədər qətiyyət var idi ki, komandir yaxınlaşıb onu bağrına basdı.

          -Var olasan, qardaşım! Ancaq… ancaq iş burasındadır ki, ölmək də olmaz. Biz strateji əhəmiyyətli bu mövqeyi, nəyin bahasına olursa olsun, müdafiə etməliyik. Bizim bu yüksəkliyi azad etməyimiz ermənilərin tüklərinə əməlli-başlı birə salıb. Çünki, biz Ermənistandan gələn gizli yollara da buradan rahatca nəzarət edə bilirik. İndi gərirsinlər silah-sursatı Ermənistandan, görək necə gətirirlər… Hazırda bütün cəbhə boyu ağır döyüşlər gedir, ordumuz sürətlə irəliləyir. Ancaq bu yerlərə gəlib çatmaları tezliklə baş verməyəcək, yəni vaxt amili var. Düşmən hələ ki, müqavimət göstərməkdə israrlıdır. Başa düşürəm, heç kim şikayət etməsə də, su problemimiz anbaan ciddiləşir. Aşağıda, düşmən ordusuna məxsus kazarmada suyun mövcudluğu ehtimal olunandır. Ermənilər hansı yollarlasa ya oraya su xətti çəkiblər, ya da qablardamı, çəlləklərdəmi su ehtiyatları var. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, onlar hələ də kazarmada, ya da haradasa yaxınlıqda gizlənib kömək gözləyə bilərlər. Çünki, əvvəlcədən əldə olunan kəşfiyyat məlumatına görə sayları 200 nəfərə yaxın olmalı idi. Döyüşlər zamanı neçə nəfərin dərələrə yumbalanıb gorbagor olduğunu deyə bilmirəm, ancaq yaxın ətrafda gəbərənləri topalayıb səngərə yığanda saymışam- 42 leş. Deməli, əksəriyyəti hələ də sağdır. Əgər qaçıblarsa, demək gizli yolları var. Həmin yolları aşkarlayıb zərərsizləşdirməsək, tezliklə güclü hücuma məruz qala bilərik. İgidlərim, hələ ki sakitlikdir, fürsətdən səmərəli istifadə etməli, elə indi kəşfiyyat axtarışlarına başlamalıyıq. Nə deyirsiz?

          Döyüşçülər əvvəlcədən razılaşmış kimi bir ağızdan səsləndilər: “Əmr edin, komutanım!”

          -Deməli belə. Kazarma istiqaməində özüm gedirəm. Mənimlə gedir…

Pünhan irəli çıxdı:

          -İzn verin, sizinlə mən gedim, komutanım.

          -Mən istərdim ki, bu işləri könüllülük prinsipi ilə icra edək. Amma… özfəaliyyətə yol verməmək şərti ilə,- ani olaraq fikrə getdi. Ciddi qərar qəbul etməzdən öncə adətən sağ əlinin şəhadət və orta barmaqlarını qoşalayıb alnına dirəyər, gözlərini yumub fikirləşərdi. Bu dəfə həmin barmaqlarını çənəsinə dirəyib gözlərini məchul bir səmtə istiqamətləndirdi.- Mənimlə gedir… Komrat. Pünhan, sən də gedirsən. Snayper tüfəngini götür, kazarmaya 100-120 metr qalmış elə mövqe seç ki, o əraziyə tam nəzarət edə biləsən. Lazım gəlsə, mənim işarımlə atəş açacaqsan. Hətta… əgər bizi mühasirəyə alıb əsir götürmək istəsələr, birinci məni vurarsan. Mən öndə olacam, Komrat 40-50 metr arxada. Onun gizlənmək imkanı olacaq. Komrat, mən işarə etməmiş özünü göstərməzsən. Lazım gəlsə, sən də atəş-dəstək mövqeyində qalacasan. Qafqaz qalır burada, mühafizəni təşkil edir. Bu qədər. Hər şey aydındır?

          -Komandir…- Pünhan tərəddüd içərisində idi,- mən… mən bunu bacarmaram. Siz nə danışırsınız, necə yəni sizi vurum? Elə şey olar? Yooo…

          -Dedim axı, əgər lazım gəlsə. Yəni, bu son variantdır. Ay Pünhan, mən axı o it uşağının dilini bilirəm. Onlarla öz dillərində dialoqa girməyə çalışacam. Əgər, hələ də oralarda sülənirlərsə.

          -Komandir, onda icazə verin mən öndə gedim,- bu dəfə Komrat dilləndi.

          -Olmaz. Qərar müzakirə olunmur.

          -Daha bunun nəyi könülülük prinsipi oldu?- Qafqaz da söhbətə qarışdı.

          -Hə, bu dəfə alınmadı. Sağlıq olsun, gələn dəfə alınar. İşə başlayırıq.- Elçin yarızarafat, yarıgerçək cavab verməklə toplantının bitdiyinə işarə verdi. Sonra çantasını açıb oradan erməni zabitlərinə məxsus səhra paltarı çıxardı. Kənara çəkilib üst paltarını dəyişdi. Avtomatını çiyninə keçirib kitelin yan cibinə 2 ədəd də qumbara qoydu. Çantasından dəftər və qələm çıxardı, vərəqləyib təmiz səhifə tapdı və cizgilər çəkməyə başladı. Heyət onun ətrafına toplaşdı.

          -Deməli belə. Baxın, bu kazarmadır. Mənim təxminimə görə, əgər onlar tüneldən istifadə edirlərsə, bir çıxışı bax burada, kazarmaqdan 30-40 metr yuxarıda olmalıdır. Digər çıxışına kazarmadan bir az aşağıda rast gəlmişdik, elədir?

          -Bəli, elədir. Biz o çıxışdan yan keçdik,- Qafqaz komandirin sözlərini təsdiqlədi.

          -Ay sağ ol. Amma onlar elə də ağılsız deyillər ki, gedib aşağı çıxışdan çıxsınlar. Buna cəsarətləri çatmaz. Yəqin düşünürlər ki, biz o çıxışı nəzarətə götürmüşük. Fərz edək ki, bir çıxış da kazarmanın içinədir. Orada da gizlənməzlər, çünki, biz hər an kazarmanı partlada bilərik. Deməli, başqa çıxış və ya çıxışlar da mövcuddur. Ehtimal edirəm ki, bir çıxış da cənub istiqamətindədir. Həm təhlükə vaxtı özlərininkilərin yanına qaçmaq üçün, həm də əks həmlə etmək üçün gizli vasitə kimi. Təbii ki, bu çıxışlar hamısı maskalanmış şəkildədir, daha çox kolluq olan yerlərdə. Baxın, kazarmaya maşın yolu da cənubdandır. Üzü cənuba təxminən 70-80 metr sonra kolluqlar başlayır.

          -Komutanım, kazarmanın həyətində də kolluq müşahidə olunur,- Pünhan barmağını cizgidəki güman etdiyi həmin yerə tuşladı.

          -Sağ ol, yazıçı. Biz elə həmin yerlərə baxış keçirəcəyik. Ya Allah! Getdik.-dəftərlə qələmi çantaya qoyub ağzını bağladı və onu Qafqaza uzatdı.

          -Allah amanında, komutanım!-Qafqaz özündən asılı olmayaraq kövrəldi, səsi titrədi. Qucaqlaşdılar.

          -işdir qaitmasam… uşaqları qoru, qardaşım!

          Ermənilərin qazdığı səngərlə üzü aşağı hərəkətə başladılar. Səngər bəzi yerlərdə dayazlaşır, ayaq izlərinin yaratdığı cığırla əvəzlənir, bəzi yerlərdə dərinləşirdi. Təxminləri düz çıxdı, kazarmanı əhatə edən daş hasara 35-40 metr qalmış səngər qurtarır və tünel başlayırdı. Cəmisi 3 metrdən sonra kip bağlanmış dəmir qapı vardı. Elçin qapını açmağa səy göstərmədi, geriyə dönüb 50-60 metrlik intervalla arxasınca gələn Komrata işarə elədi. Komrat onun şəhadət barmağının yuxarı qalxdığını görən kimi dayandı və o da geriyə dönüb eyni hərəkəti təkrarldı. Pünhan başı ilə işarəni anladığını təsdiqlədi və ətrafa boylanıb müşahidə üçün əlverişli mövqe axtarmağa başladı.

          Kazarmanın həyəti elə də böyük deyildi- eni 10 metr, uzunluğu isə 30 metr olardı. Səliqəsizlik hökm sürüdü, həyətin bir hissəsini kol basmışdı. Araq, çaxır butulkaları, konserv qabları, selofan torbalar ətrafa səpələnmişdi. Hasarboyu səliqəsiz yığılmış odun komaları dağılmış, aralarında seyrək ot bitmişdi. Kazarmanın öz təmirsiz görkəmi bu cansıxıcı mənzərəni daha da əcaib göstərirdi- taxta pəncərələrin çərçivələri qismən çürümüş, toz basmış şüşələri çat-çat olmuşdu. Dəmir barmaqlıqların boyası bilinməz hala düşmüşdü. Təkcə qoşalay dəmir giriş qapısı öz bozumtul rəngi ilə nisbətən o birilərindən seçilirdi. Giriş qapısının bir tərəfindən Ermənistanın solub-saralmış bayrağı asılmış, digər tərfində rabitə qurğusunun antennası bərkidilmişdi. Kazarmaya bitişik, kustar üsulla tikilmiş çardağın altında 7-8 kva-lıq elektrik generatoru və onun ətrafı mazuta bulaşmış vəziyyətdə idi. Köhnə, çirkab içində olan 4 ədəd 10 lirtlik plastmas qabın yanı üstə səliqəsiz şəkildə səpələnməsi onların boş olduğundan xəbər verirdi. Bir qədər aralıda təxminən 2 tonluq plastmas su çəni vardı. Onun üst qapağını əvəz edən köhnə faner parçasının üzərinə yararsız avtomobil şini qoyulmuşdu.

          Elçin diqqətlə ətrafa göz gəzdirb tünelin girişini tapdı və ehtiyatla oraya yaxınlaşdı. Qapı kip bağlanmışdı. Geriyə dönüb Komratın gizləndiyi yerə baxdı. Onu görə bilməsə də əli ilə “iki” işarəsini göstərdi. Otların arasından Komratın başı göründü. Elçin ona “sus” işarəsi verdi və erməni dilində guya kimi isə çağırmağa başladı:

          -Vladik. Ara, hardasan? Vladik, ara cavab ver da. Ara, tualet vaxtıdı? Get Arama de, uşaqlar burdadır. Ara, mən hardan bilim ey? Yəqin salamat olarlar da,- pauza verdi, çox yox, 5-6 saniyə. Sonra əyilib yerdən bir neçə daş götürdü, onları bir-bir tünelin qapısına çırpmağa başladı,- Ara, burdasız? Mən ştabdan gəlmişəm. Ara, kim var orda? Cavab verin. Mən çiynimdən yaralanmışam (bunu yalan demirdi, çiyni ağrayırdı), kömək lazımdır. Ara, sizə köməyə gəlirdik, türklər üstümüzə hücum elədilər, maşınlarımızı vurdular. Ara, üç dənə BMP gətiridik, birini partlatdılar. O birilərini təpənin dalında gizlətmişik. Ara…

Tüneldən boğuq səs gəldi:

          -Yalan deyirsən, sən türksən.

          -Ara, nə gic-gic danışırsan, türk nədi?

          -Sənin danışığında qüsur var, sən türksən.

          -Ara, mən Anapa ermənisiyəm. Anapa… eşitmisən bu adı?

          -Onu kim eşitməyib ki?! Rusca danış, onda biləcəm düz deyirsən, ya bizi tələyə salmaq istəyirsən.

          Elçin rus dilində çox səliqəli danışa bilirdi. Ancaq düşündü ki, erməni ləhcəsilə danışsa, daha inandırıcı olar. Rus dilində danışmağa başladı:

          -Ara, biz orda çox vaxt öz dilimzdə danışırıq. Hər yerdə bizik- kafelərdə, restoranlarda. Ara, taksilər, marketlər- hamısı bizimdir… Ara, tez ol qapını aç. Ciyərim yanır, su istəyirəm.

          -Su istəyirsən, iç də, çəndə var.

          -Hansı çəndə, onda? Ara, onu zəhərləməmisiz?

          -Niyə zəhərləyək ki, özümüz içirik də.

          -Ara, instruksiyanı oxumamısan? Sizə tapşırılmayıb ki, türklərdən təhlükə gəlsə suyu zəhərləyin?

          -Özümüz susuz qalaq, nə tapşırıq bazlıqdır? Biz sizdən kömək gözləyirik, siz də başlamısız ki, su verin.

Dialoq 10 dəqiqəyə qədər uzandı. Nəhayət dəmir qapının cırıltısı eşidildi. Elçin dönüb yenə arxaya baxdı. Sağ əlini yuxarı qaldırıb Pünhanın mövqeləndiyi səmtə tərəf fırlandı və “hazır ol” işarəsi verdi. Əynində nimdaş hərbi paltar olan orta yaşlı, orta boylu, daz, qonur saqqallı birisi pillələrlə bir neçə addım qalxıb dayandı, ətrafa boylandı, Elçini görüb diqqətlə onu süzməyə başladı. Əlində qumbara vardı. Yəni bu, şübhə yaransa, ataram- demək idi. Elçin də əlindəki qumbaranı nümayişkarcasına saxlamışdı. Göz-gözə dayandılar. Elçin bir neçə addım irəlilədi, qarşısındakı isə əksinə- geri çəkilməyə başladı.

          -Ara, cənub istiqamətdəki girişi tapa bilmədim. Demişdilər ki, yekə bir qayanın arxasındadır.

          -Düz deməyiblər, orda qaya-maya yoxdur, kolluqdur.

          -Necə yəni düz deməyiblər, buralar elə qayalıqlardı da.

Tüneldən daha bir nəfər çıxıb birincinin yanında dayandı. Avtomatın lüləsini Elçin istiqamətində tuşlayıb küt baxışlarını ona dikdi.

          -Sən kimsən?

          -Mayor Abramyan Valeri. Bəs sən?

          -Mən rota komandiriyəm, Maqbet Əmiryan. Hardan gəlmisən?

          -Ara, ştabdan da. Bizi vurdular da…

          -Yalan deyirsən, sizi vursaydılar, səsi eşidərdik. Səni tanımıram, sən türksən.

          -Anapadan gəlmişəm də, eşitdim türklər müharibəni başlayıb, gəldim. 250 nəfər adam gətirmişəm, hə…

          -Hanı bəs o adamlar? Məni aldada bilməzsən,- deyən ikinci erməni barmağını avtomatın tətiyinə tərəf aparmaq istəyəndə güllə səsi qayalara əks-səda verdi, o,  yeri sərildi. Elçin ani olaraq Pünhanın mövqeləndiyi tərəfə boylandı və baş barmağı ilə “əla” işarəsi göstərdi. Birinci erməni tez aşağı əyildi və qaçaraq tünelə girdi. Qapını örtməyə macal tapmamış Elçinin atdığı qumbara onun yanında partladı. İçərini tüstü bürüdü, kəskin barıt qoxusu ətrafa yayıldı, çığırtı səsləri eşidildi. Artıq hadisə yerinə çatmaqda olan Komratın həyacanlı səsi eşidildi:

          -Komutan, ehtiyatlı olun!- o, içəridən kiminsə bağlamağa cəhd etdiyi deformasiya olunmuş qapının arasından içəriyə güllə yağdırmağa başladı. Elçin ona “dur” işarəsi verdi. Sonra yenidən Pünhan istiqamətinə döndü və “başlayın” deyə ucadan əmr etdi. Partlayış nəticəsində qayalardan qopan iri daş parçaları sürətlə aşağıya, birinci tünelə töküldü və girişi tam olaraq bağladı. Pünhan eniş aşağı qaçaraq yoldaşlarının yanına çatdı. Ehtiyatla tünelə girdilər. Tam sakitlik idi, yerdə yalnız iki nəfərin leşi vardı. Hələ laxtalanmamış qan izlərindən yaralı və ya yaralıların cənub istiqamətindəki tünelin dərinliklərinə doğru getdiyi aydın görünürdü. Elçin yenə erməni dilində ucadan səsləndi:

          -Təslim olun! Müqavimət göstərməyin mənası yoxdur, siz hər tərəfdən mühasirəyə alınmısız. Təslim olsanız, hamınızın sağ qalacağınıza Azərbaycan Ordusunun zabiti olaraq zəmanət verirəm.

Əks tərəfdən səs gəlmədi. Elçin müraciəti bir neçə dəfə təkrar etdi və onlara təslim olmaq üçün 10 dəqiqə vaxt verdi. Vaxt tamam oldu, ancaq ermənilər tərəfdən yenə cavab gəlmədi.

          Tünelin bu hissəsi ciddi-cəhdlə inşa edilmiş əsl istehkam idi. Döşəmə, divarlar, tavan- hamısı betonlanmışdı. Taxçalarda müxtəlif növ silah-sursat, ucuz dəyərli ərzaq məhsulları, fanarlar, hətta kerosin lampaları da vardı. Tavandan bir-birindən 5-6 metr məsafədə 2 ədəd elektrik lampası da asılmışdı. Kobud taxtalardan düzəldilmiş uzun masanın üzərində yemək  tullantıları, çirkli qablar, stəkanlar, boş araq şüşələri atılıb qalmışdı. Masanın ətrafındakı oturacaqlar mişar daşlarının üzərinə qoyulmuş uzun taxtalardan ibarət idi. Kerosin, çürümüş kartof, nimdaş döşək iyləri, mənşəyi bəlli olmayan digər kəskin qoxular bir-birinə qarışıb burunda, boğazda, ciyərlərdə qıcıq yaradır, adamda ikrah hissi oyadırdı. Pünhan taxçadakı fanarları bir-bir yoxladı, ikisi işlək idi. Birini Komrata verdi, ətrafı yoxladılar.

          -Komandir, bu dəyyuslar buraları dəlik-deşik eləyiblər ki. Beş istiqamətdə tünel qazıblar ey. Kaftardılar ey, vallah,- sonra yan-yana düzülmüş köhnə dəmir çarpayıları göstərdi,- iyirmi dənə krovat… kazarmanı bura köçürüblər nədir?!

          -Hə, qardaş,- Komrat onun sözünü təsdiqlədi,- burda yeyib, burda kakaş eləyib, burda da yatıblar.- Hər üçü güldü.

          -Yaxşı, uşaqlar, vaxtımız azdır,- Elçin komanda verməyə başladı,- əvvəlcə gəlin su axtaraq. Sonra da o çarpayılardan hər tünelə iki-iki dürtün, partladıb yollarını bağlayaq.

          – Komandir, burda cəmi bir kanistr var, o da yarımçıq. Heç beş litr su olmaz içində,- Komrat yarımçıq su qabını qaldırıb silkələdi.

          -Deməli, çəni zəhərləməyiblər. Yoxsa, burda ehtiyat su çox olardı. Amma, hər ehtimala qarşı, yoxlasaq yaxşıdır. Bəs necə?..

          -Həyətdə bir yoluq it gördüm, yazıq quyruğunu qısıb divara sığınmışdı. Verək ona, içsə, deməli su təmizdir,- Pünhan təklif etdi.

          -Olar, bu da bir variantdır. Cəld olun uşaqlar, işə başlayaq.

Çarpayıları tünellərin daralan hissələrinə təxminən 10-12 metr məsafədə pərçim etdilər. Sonra silah-sursatı, lazım ola biləcək nə varsa hamısını, bayıra daşıyıb tünel yollarını partlatdılar və dərhal oranı tərk etdilər. Elçin kazarmaya qapıdan daxil olmağı məsləshət bilmədi, girişə sürpriz qumbara, və ya mina quraşdırıla bilərdi. Pəncərələrdən birinin barmaqlığını qoparıb içəriyə boylandılar, demək olar ki, boş idi. Giriş qapısının içəri tərəfində doğrudan da bir-birinə bağlanmış sürpriz qumbara və mina aşkarladılar. Döşəmənin sonunda, sağ küncdə zirzəmiyə düşmək üçün pilləkən var idi. Orada da sürpriz qaydada piyada əleyhinə mina gızlədilmişdi. Zirzəmidə də ərzaq ehtiyatı, tibbi ləvazimat, gecəgörmə cihazları və sursat vardı. Tünellərin biri gəlib zirzəmiyə çıxırdı.

          -Qaldı bir işimiz, bu dığaların bayrağını ayaqlarımız altına salıb tapdalamaq,- Kazarmadan çıxan kimi Elçinin söylədiyi ilk cümlə bu oldu.

          -O iş mənlikdir,- deyə Komrat bayrağı sapından qoparıb yerə tulladı,- tfu, tfu, tfu. Komutanım, üç dəfə tüpürdüm dığaların şərəfinə, indi bayrağı tapdalamaqla bu işi tamamlamaq olar.

          İşlərini yekunlaşdırıb döyüşçü yoldaşlarının yanına qayıdanda artıq hava qaralmaq üzrə idi. Heyət üzvləri onları qarşılayıb yüklərini daşımağa kömək etdilər.

          -Komutanım, bəlkə bir çay qaynadım hə, nə deyirsiz?- Borçalı balası Lətif komandirə müraciət elədi,- suyu yoxlamısızmı?

          -Necə yoxlayaydıq, lakmus kağızı ilə, ya laboratoriyada?- Pünhan suala sualla cavab verdi,- sonra gülümsəyib əlavə elədi,- həyətdə ölü-vay bir it veyillənirdi, bir-iki litr su tökdüm qaba, itələdim qabağına. Dərhal içdi, yazıq susuzluqdan yanırdı. İt həssas heyvandır, zəhərli suyu ömründə içməz.

          -Səni qınamıram, yarım saat əvvəl bircə qurtum su üçün Allaha yalvarırdın, indi çay eşqinə düşmüsən. Bir azdan deyəcəksən, çaça (cöcə arağı) istəyirəm,- Qafqaz yaxınlaşıb əlini onun kürəyinə vurdu,- oğulsan ey, oğul. Amma və lakin… olmaz qardaşım. Ocaq qalamaq olmaz, nişangaha çevrilə bilərik. İnşallah, sabah düşərik kazarmanın həyətinə, oralarda münasib bir yer tapıb sənin arzunu reallaşdırıarıq. Hə, komandir, olar?

          -Olar, əlbəttə olar. Yeri gəlmişkən, kazarmanın zirzəmisində 2 litrlik şüşədə araq vardı, məncə tut arağıydı. Ancaq o işlərlə sonra məşğul olarıq, istəyən olsa, 100 qramacan içməyə icazə verərəm. İndi isə diqqətlə mənə qulaq asın. Deməli belə… Bu kaftarların qazdığı yuvanın beş dəliyi, yəni giriş-çıxışı var. Biri bura gələn idi ki, onu Pünhan bəy ustalıqla məvh elədi. Biri kazarmanın həyətinə, biri də içinə çıxır ki, onları da nəzarətdə saxlaya bilərik. Qaldi ikisi. Onlardan biri şərq istiqamətinə- yəni meşəyə doğru, o biri isə üzü cənuba doğru qazılıb. Şərq istiqamətindəki tünelin çıxış yerini bilirik, bura gələndə aşkarlamışıq. Yəqin ki, indi orda dığa qalmayıb, qaçıb gediblər. Ancaq, hər ehtimala qarşı, yoxlamalıyıq ki, arxayınlaşa bilək. Çünki, orada gizlənirlərsə, bizə dəstəyə gələn döyüşçü qardaşlarımıza problem yarada bilərlər. Ən nəhayət, sonuncu və ən təhlükəlisi cənub istiqamətində qazılmış tüneldir ki, nə çıxışının yerini bilmirik, nə də orada neçə nəfər düşmənin cəmləşdiyini. Qərar belədir: yarım saatdan sonra qumbara, qumbaraatan, snayper tüfəngi, avtomat və gecəgörmə cihazları ilə təchiz olunmuş kəşfiyyat qrupu cənub istiqamətində hərəkətə başlayacaq. Qrupa özüm rəhbərlik edəcəm. Qafqaz, bu dəfə sən də bizimlə gedəcəksən. Snayper tüfəngi yenə Pünhanda olacaq. Komratla Borçalı balası minaatanları bizdən 100-120 metr arxada, əlverişli yerdə quraşdırıb məndən işarə gözləyəcəklər.

          -Komandir, biz girişi tapıb hücuma keçəcəyik?- Qafqaz sual verdi.

          -Yox, buna ehtiyac qalmayacaq. Biz girişi aşkarlayıb gözləyəcəyik. Onlar bizim sayca üstün olduğumuzu düşünürlər, daha kazarmaya qayıtmağa cəhd eləməzlər, artıq qorxuya düşüblər. Qayıtsalar da yolun bağlı olduğunu görüb geri dönəcəklər. Əksinə, gecə çıxıb qaçmağa cəhd edəcəklər. Və yaxud, onlara köməyə gələnlərlə birləşib açıq hücuma dəstək olacaqlar. Biz hər hansı bir hərəkət aşkarlayan kimi koordinatları Komratgilə ötürəcəyik. Kütləvi mərmi yağışından sonra hücuma keçəcəyik. Bu qədər. Urumbayev, tapşırdığım istiqamətlərdə mühafizə normal təşkil olunubmu?

          -Elədir ki var, komutanım.

          -Elə isə, hazırlaşın.

          Səhər saat beş radələrində hərəkət müşahidə olundu. Erməni əsgərləri bir-bir kolluqdan çıxaraq Elçingildən təxminən 80 metrlikdəki iri bir qayanın altında toplaşmağa başladılar.

          -Urumbayev, sən də görürsən onları?

          -Görürəm, komandir.  Sayları çoxdur amma.

          -Görürəm. Əgər getmirlərsə, deməli planları hücum etməkdir. Komrata xəbər elə, hazır olsunlar.

          -Oldu.

Qafqaz Komratla əlaqə yaradıb koordinatları ona ötürdü. Düşmən özünü çox gözlətmədi. Cəmləşmə başa çatan kimi üzü yoxuşa, Elçingil istiqamətində hərəkətə başladılar.

          -Qumbaraatanı mənə ver. Mənim atəşimlə minaatanlar da başlasınlar.

          -Baş üstə.

Elçin düşmənlərin cəmləşdiyi yerə atəş açan kimi mərmilər vıyıltı ilə başlarının üstündən şütüyüb ard-arda vahiməli partalayışlar yaratmağa başladı. Düşmən qüvvələri pərən-pərən oldu. Onlar təsəvvürlərinə gətirmədikləri tələyə düşdülər.

Tələm-təlsik geriyə çəkilb qayalıqda gizləndilər. Mövqelənib qurtaran kimi minaatan və tank əleyhinə raketlərdən istifadə etməklə əks həmləyə başladılar. Ancaq əlverişsiz mövqedə olduqları üçün hədəfi dəqiq müəyyənləşdirə bilmirdilər.

Döyüş iki saatadək davam elədi. Xeyli itki vermis ermənilər qaçmağa üz tutdular. Elçingil onları təqib etmədilər. Açıq döyüş düşmənin xeyrinə olardı. Cəmi üç nəfərlə 45-50 nəfəri təqib etmək ağılsızlıq idi.

Artıq yeri bəlli olan cənub çıxışı da partladıldı.   

Elçin Nəsibli qərargahla əlaqəyə girərək son döyüşləri barədə ətraflı məlumat verdi. Bəlli oldu ki, onların qaçmağa məcbur etdikləri düşmən hərbçiləri “Dəniz Pişikləri”nin pusqusuna düşüb, tamamilə məhv ediliblər. Ordumuz isə cəbhənin bütün istiqamətlərində inamla irəliləməkdə davam edir. Bu məlumatlar heyətin ruh yüksəkliyini daha da artırdı.

Səhəri gün onları Milli Ordunun döyüşçüləri əvəz etdi. Heyət tapşırıq üzrə şərq istiamətində hərəkətə başladı. Tezliklə tünelin həmin istiqamətdəki çıxışını tapdılar. Pünhan indi həm istehkamçı, həm də kəşfiyyatçı funksiyalarını yerinə yetiridi. Çıxışa 50-55 metr qalmış dayandı. Yerə uzanıb ehtiyatla sürünməyə başladı. Bir qədər sonra yenə dayandı. Yeni və sıx basdırılmış minalar aşkarlamışdı. Komandir bu işdə səriştəsi olan Lətifi də köməyə göndərdi. Minaları zərərsizləşdirməyə bir saatadək vaxt itirdilər. Yorğunluq özünü biruzə verirdi.

Tünelə yaxınlaşıb ehtiyatla girişə boylandılar, kimsə gözə dəymirdi. Elçin hər ehtimala qarşı tünelə ard-arda iki qumbara tulladı. Boğuq partlayışlardan sonra tünelin yolu bağlandı. Elə həmin an Lətif “Uzanın!” deyə qışqırdı və özünü düz qabaqlarına düşən qumbaranın üstünə atdı. Partlayışın dalğası onu havaya qaldırıb bir neçə metr arxaya atdı. Döyüşçülərdə ani olaraq çaşqınlıq yarandı. Komrat qumbaranın atıldığı səmti güllə yağışına tutdurdu. Bütün heyət aramsız atəşlərlə ona dəstək verdi. Zarıltı və çığırtı səsləri eşidildi.

-Yalvarıram, atmayın, təslim oluram!,- yaxınlıqdakı daşın arxasından rus dilində  başqa bir səs- yalvarış səsi gəldi.

Elçin sağ əlini havaya qaldırdı və atəşi dayandırdı. Erməni əsgəri əvvəlcə əllərini göstərdi və gizləndiyi yerdən çıxdı, yalvarmağa davam etdi:

          -Öldürməyin, təslim oluram. Yalvarıram…

Pünhan cəld irəli atılıb onu yerı yıxdı, silahını götürdü və üstündə oturub komandirə tərəf boylandı. Elçingil də cəld həmin səmtə qaçdılar. Yerdə iki erməni leşi vardı, biri qan içində yerdə çabalayır, digəri isə əlləri ilə dizlərini qucaqlayıb tir-tir əsirdi, rəngi avazımışdı, dili söz tutmutdu. Bir neçə metr aralıda Qafqaz Lətifi qucaqlayıb hönkür-hönkür ağlayırdı.

                                                                             26.09.2026.

Son

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xelil Mirzə – Müqəddəs Zəfər

Xəlil Mirzənin Müqəddəs Zəfər silsilə hekayələri

Buradan oxuya bilərsiniz: >>>> Müqəddəs Zəfər

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər – 9-cu hekayə

Əvvəli burada: Müqəddəs Zəfər – 8-ci hekayə

BAĞIŞLA MƏNİ, ROMEO!

(Müqəddəs Zəfər: 9-cu hekayə)

Günəşin şüaları hələ görünməsə də, artıq hava işıqlaşmağa başlamışdı. Bomboz buludlar səmada hökmranlıq edir, günəşlə yer arasında soyuq sədd yaratmağa çalışırdı. Meşə qalın, duman qatı, hava çiskin idi. Görmə məsafəsi 4-5 metrdən artıq olmazdı. Bu, gizli hərəkət etmək üçün əlverişli olsa da, düşmənin hərəkətini izləməyə çətinlik törədirdi. Çevik və düzgün qərar qəbul etmək, tapşırığı yerinə yetirmək lazım idi. Belə məqamda onun səhv etməyi böyük faciə ilə nəticələnər, düşmən üçün itirilmiş mövqeləri geri qaytarmaq imkanı yarada bilərdi. O, nəyin bahasına olursa-olsun, düşmən tərəfdə çaşqınlıq yaratmalı, əks-hücum cəhdinin qarşısını almalı idi. Cəmisi bir saat vaxtı vardı. Bircə saat dözməli, düşmənin hərəkətinə mane olmalı idi. Bir saat ərzində ölmək belə olmazdı… Köməyə gəlməkdə olan döyüşçülərimizi elə burada qarşılamalı idi… Dumanın istiqamətini müəyyənləşdirməyə çalışdı. Bu çox vacib idi. Adətən duman dağlardan dərələr istiqamətində hərəkət edir. Belə olduqda dumanın hərəkət istiqamətinin əksinə getməklə yüksəkliyə qalxacaqdı. Kol-kos o qədər çox idi ki, sanki duman onlara hopub hərəkət etmirdi. Bu zaman kompasın köməyindən istifadə etmək qərarına gəldi. Çıxarıb baxdı, işləmirdi. Bir qədər əvvəl uçuruma yuvarlanarkən yoğun bir ağaca çırpılmışdı, kompası sınmışdı. İndi o, lazımsız dəmir parçasından başqa bir şey deyildi. Kompası ehmalca kolluğa atdı. Gecə olsaydı ulduzların düzülüşündən istifadə edib ona lazım olan cənub-qərb istiqamətini müəyyənləşdirərdi. O, gecələr daha yaxşı hərəkət edə bilirdi. Ağlına bir fikir gəldi- ağaca dırmanmaq. Lap çılğın uşaq çağlarında olduğu kimi, oğlanlara qoşulub meşəyə getdiyi vaxtlar höcətləşib ən hündür ağaca dırmandığı kimi. Əslində bu çox təhlükəli idi. Ancaq indi bunu yeganə çıxış yolu kimi dəyərləndirdi. Ətrafa göz gəzdirib daha yoğun və hündür hesab elədiyi ağaca yaxınlaşdı, başını qaldırıb yuxarı baxdı. Ağac o qədər də hündür deyildi. Neyləmək olar, bu meşədəki ağaclar bir-birinə çox sıx şəkildə bitsələr də, kol-kosla əhatə olunsalar da, hündür deyildilər. Bəlkə belə olmağı daha yaxşı idi. “Hə, Cüllüt, göstər hünərini!”- öz-özünə pıçıldadı. 16 kiloluq “Mübariz” snayper tüfəngini çiyninə aşırıb dırmanmağa başladı. Ağacın ən uca budağının nazik gövdəsi yellənib cırıldayanda dayandı, əyilib aşağıya boylandı. 5-6 metr hündürlükdə olardı. Daha yuxarı qalxmaq olmazdı, budaq sına bilərdi. Diqqətlə ətrafa boylandı. Bu hündürlükdə sanki duman bir qədər seyrək idi. Dağlıq əraziləri, dərələrdən, yamaclardan keçib ilan kimi qıvrılan əyri-dolam torpaq yolları gördü. Tüfəngin optik cihazını çıxarıb onunla da baxdı. Sonra mobil telefonunu video rejiminə qoydu və həmin ərazilərin video-çəkilişini edib cəld yerə endi. Çəkdiyi kadra diqqətlə baxıb ayağa qalxdı. Tələsmək lazım idi.

30 dəqiqədən sonra o, artıq hündür bir təpənin üstündə, kolların arasında mövqelənmişdi. Uzaqdan, cənub tərəfdən 3 ədəd PDM əyri-dolam yollarda toz qopara-qopara ona tərəf gəlirdi. Rabitə cihazını çantadan çıxarıb “əlaqə” düyməsini basdı:

-Mən “Cüllüt”əm, məni eşidirsiz? “Romeo”, mən “Cüllüt”əm. Məni eşidirsiz?

Xışıltı çox idi, səslər bir-birinə qarışımışdı. Başqa dalğa tezliyinə keçdi. Üçüncü cəhddən sonra Kapitan Binnətlinin tanış səsini eşitdi:

-Salam, “Cüllüt”, mən “Romeo”yam, səni eşidirəm.

-Salam. Tülkülər tələyə doğru gəlirlər, 3-ü birdən. Xoruz paylarını hazırlamışam, yola xalça da sərmişəm.

-Çox gözəl. Layiq olduqları təmtəraqla qarşıla, uğurlar.

-Baş üstə.

Araya bir neçə saniyəlik sükut çökdü. Sonra yenə komandirin səsi eşidildi:

-Gözəlim… ehtiyatlı ol,- komandirin səsində həyəcan hiss olundu,- özünü qoru, bacım…

-Narahat olmayın, mənim Romeom. Mənə də Cüllüt deyərlər.

-Yaxşı… yaxşı… sənin eyvanına musiqiçilərlə gəlirəm, şən konsert olacaq. Gözlə. Rabitəyə son.

-Görüşənədək, mənim Romeom.

Bir dəqiqədən də az müddət ərzində davam edən bu dialoqdan hər şey bəlli oldu. Cəmisi 15-20 dəqiqədən sonra bu yerlərin sakitliyi pozulacaqdı.

Başını qaldırıb səmaya baxdı. Bir neçə saniyə, cəmisi 5-6 saniyə beləcə hərəkətsiz dayandı. Həmişə mühüm tapşırığın icrasına başlamazdan bir az əvvəl belə edirdi. Bu, artıq vərdişə çevrilmişdi. Bunu komandirləri də, döyüşçü yoldaşları da yaxşı bilirdilər. Hətta bu vərdişinə görə tənbeh də almışdı. Yüngülcə, sözarası danlamışdı onu tağım komandiri. Onunla heç kim kəskin danışmırdı, heç kim xətrinə dəymirdi. O, hərbi hissənin sevimli Cüllütü idi… “Cüllüt” kod adını o özü seçmişdi. Daha doğrusu, uşaq vaxtlarından kənddə onu bu adla çağırırdılar. Niyəsini özü də dəqiq bilmirdi. Bəlkə, həmişə saçını arxadan yox, başının tən ortasından hörərək sarı bant bağladığına görə, ya da çəlimsiz və çılğın olduğuna görə?! Bəlkə, öz adına uyğun, yəni, Cülyettaya uyğun səsləndiyinə görə?! Bilmirdi. Ancaq ilk dəfə döyüş tapşırığına yollananda bölük komandiri Roman Binnətli ona kod adı seçmək istəyəndə özü təklif vermişdi: “Cənab kapitan, mənə uşaq vaxtı Cüllüt deyirdilər”.

-Cüllüt? Olsun. Onda rabitə əlaqəsinə girəndə məni Romeo deyə çağır. Mən yalnız Cülyetta üçün, daha doğrusu Cüllüt üçün Romeo olacam. Cüllüt və Romeo- necə səslənir? Qoy bu bizim cəbhəsayağı versiyamız olsun.

Hər ikisi qəhqəhə ilə gülmüşdülər.

Cülyetta əslən Qusar şəhərinin 12 kilometrliyində yerləşən dağ kəndindən idi. Kənd üç tərəfdən meşə massivi ilə əhatə olunmuşdu. Uşaqlıq həyatı şən, qayğısız keçirdi. Çəlimsiz, sarışın və dəcəl bir qız idi. Hərçənd, yaşına görə boyu balaca deyildi. Ailədə isə dörd qız uşağı böyüyürdü. Cülyetta ailənin üçüncü qızı idi. Atası sürücü, anası isə evdar qadın idi. Onun 9 yaşı olanda Qusara, Olimpiya İdman Kompleksinin yaxınlığında yerləşən balaca bir həyət evinə köçdülər. Kənddəki evlərinə yay aylarında gedirdilər. Atası Heybət kişi isə kəndlə əlaqəsini heç vaxt kəsmirdi. Qaraqabaq adam idi. Anası Nariya İdman kompleksində işə düzəlmişdi, xadimə işləyirdi. Bunun üçün Heybəti günlərlə dilə tutmalı olmuşdu. Çünki güzaranları ürəkaçan deyildi, Nariyanın işləməyinə ehtiyac var idi. Anasının işə düzəlməsindən ən çox faydalanan Cülyetta idi. O, hər gün dərsdən sonra anasına kömək etmək adı ilə Kompleksə gedir, üzgüçülüklə, atıcılıqla, güləşlə məşğul olurdu… Cülyettanın böyük bacısı atasının təkidi ilə onun qohumuna ərə getmiş, iki ildən sonra boşanaraq bir oğlan uşağı ilə ata evinə qayıtmışdı. İkinci bacısı Nəzrin orta məktəbi qurtarıb, atasının qadağasına baxmayaraq, Bakı Hərbi Kollecinə daxil olmuşdu. Cülyetta da bacısı Nəzrinin yolu ilə getmək istəyirdi. Ancaq 15 yaşı tamam olar-olmaz atası onu məcburən bacısı oğluna nişanladı. Toy günü o, Bakıya, Nəzrinin yanına qaçdı. Atası elə həmin gün ailəsini tərk edib kəndə qayıtdı və üç aydan sonra başqa qadınla evləndi.

Cülyetta Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu, snayper kurslarına yazıldı. Onun cəbhəyə gedən yolu belə başladı. Arıq, çəlimsiz qızcığaz tezliklə snayper atıcılığı üzrə peşəkar mütəxəssisə çevrildi.

…Qabaqda gələn PDM-nın Cüllütün basdırdığı minaya düşməsi nəticəsində yaranan səs qayalara çırpılaraq vahiməli əks-səda yaratdı. Arxadan gələn texnikalar dərhal geri dönməyə cəhd göstərdilər. Yolun darlığı buna ciddi əngəl törədirdi. Düşmən əsgərləri yerə tökülüşərək qayalıqlarda mövqelənməyə başladılar. Yanı üstə çevrilərək alovlanan birinci maşından düşən yaralı əsgərlər dəli kimi o tərəf-bu tərəfə qaçırdılar. Kimisi yana-yana özünü qayadan aşağı tullayır, kimisi torpağa sürtünərək paltarını söndürməyə cəhd edir, kimisi də taqətsiz halda zarıldayırdı. Maşının içərisində ard-arda partlayışlar baş verirdi. Maşın parça-parça olub ətrafa səpələnirdi. Qəlpələr hər tərəfə yayılırdı, bu da əlavə əsgər itkisinə səbəb olurdu. Bu partlayışlar ikinci maşını da zədələdi. Cüllüt qayalara dırmanmaq istəyənləri bir-bir məhv edirdi. Ən sonda gələn maşın arxaya doğru hərəkət edərək döngədə gözdən itdi. 5-6 dəqiqədən sonra qayalıqlarda kölgələr görünməyə başladı. Düşmən əsgərləri Cüllütü mühasirəyə almağa cəhd edirdilər. Əgər onlar daha yüksək yerdə mövqelənə bilsəydilər, Cüllüt açıq hədəfə çevriləcəkdi. Buna imkan vermək olmazdı. O, gizləndiyi yerdən çıxıb cəld qayaların arası ilə yüksəkliyə doğru dırmanmağa başladı. Güllələr vıyıltı ilə başının üstündən, yanlarından ötüb keçirdi. Nəhayət, əlverişli bir yer tapıb gizlənə bildi. Səmada 2 ədəd “İtiqovan” PUA göründü. Düşmən mövqelərinə ard-arda bir neçə raket zərbəsi endirildi. Üçüncü maşın da, düşmənin xeyli sayda canlı qüvvəsi də məhv edildi. PUA-lar dövrə vurub gözdən itdilər. Bir neçə dəqiqəlik sükutdan sonra yenə aramsız güllə yağışı başladı. Düşmən əsgərləri lap yaxınlıqda idilər. Cüllütün güllələri tükənmək üzrə idi, tək-tək rejimdə atəş açırdı. O, axırıncı darağı silaha quraşdırıb aşağıya baxdı. Sıldırım qayalar və 10-12 metr aşağıda böyürtkən kolları görünürdü. Rabitə cihazından çağırış səsi eşidildi:

-Cülyetta, mən Romeoyam. Məni eşidirsən? Cavab ver, Cülyetta!- Poman indi açıq mətnlə danışırdı.

“İndi yox, danışmağa vaxt yoxdur”,- Cülyetta sanki öz-özünə, astadan pıçıldadı.

-Cülyetta, biz yaxındayıq. Geri çəkil, özünü qoru. Eşidirsən? Cülyetta, xahiş edirəm, cavab ver…

Atışma davam edirdi, cəmisi üç gülləsi qalmışdı. Roman çağırmaqda davam edirdi. Qarşı tərəfdəki qayanın arxasından iki nəfər çıxdı. Biri zabit idi. Aralarında 25 metr məsafə olardı. Zabit silahını ona tuşlayıb dişlərini ağartdı və:

-Silaxı at yera, allarini qaldır,- deyə komanda verdi.

Roman dayanmadan çağırırdı:

-Gözəl bacım, qurban olum, geri çəkil. Eşidirsən? Dərhal geri çəkil, biz artıq yaxındayıq. Cülyetta!..

-Bağışla məni, Romeo! Səni sevdiyimi deməyə vaxtım qalmadı…

Tətiyi çəkdi, zabit qıvrılaraq eybəcər səs çıxardı, yerə sərildi. Hələ iki gülləsi qalırdı. Ancaq… sinəsi alışıb yandı, gözlərinə qaranlıq çökməyə başladı. Başını qaldırıb səmaya boylandı, döyüş əvvəlində olduğu kimi, həmişəki adəti üzrə. Amansız boz dumanın köynəyini cırmağa imkan tapmış günəş şüaları onun al rəngli sinəsini, çıyınlərindəki qoşa ulduzları yalayıb par-par parıldadırdı. Tüfəngini bərk-bərk sinəsinə sıxmışdı, arxası üstə uçurdu, bayaq gördüyü kolluğa sari. Səma sürətlə qaralırdı. Yumulmaqda olan gözləri son dəfə səmada nəyi isə axtarırdı, kimi isə görməyə çalışırdı. Gördü… Bütün gücünü toplayıb yenidən pıçıldadı:

-Bağışla məni, Romeo… əzizim…

03.08.26.

Ardı burada: Müqəddəs Zəfər: 10-cu hekayə – Son

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər – 8-ci hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 7-ci hekayə

O QIZ MƏNİM HƏKİMİMDIR

(Müqəddəs Zəfər: 8-ci hekayə)

Müharibənin on dördüncu günü idi. Cəbhə xətti get-gedə yaşayış məntəqələrindən uzaqlaşır, atəş səsləri sanki eşidilməz olurdu. Bir gün əvvəl Moskvada Rusiyanın xarici işlər naziri S.Lavrovun təkidi və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin atəşkəs barədə razılığa gəldikləri elan olunmuşdu. Buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən bu razılaşma kobudcasıına pozulmuşdu. Düşmən tərəf uzaqvuran toplar və raketlərlə nəinki döyüş mövqelərimizi, həmçinin yaşayış məntəqələrimizi də aramsız olaraq atəşə tuturdu. Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələri hədəfə çevrilmişdi. . Mərmi və raketlərin vıyıltıları, hər partlayışdan sonra yaratdıqları rezonans aydınca hiss olunur, dinc sakinlərdə dəhşətli vahimə yaradırdı. Cəbhənin bütün istiqamətlərində ağır döyüşlər gedirdi. Bu gün ərzində düşmənin xeyli sayda canlı qüvvəsi; 13 ədəd tankı, 4 ədəd P21 “Qrad” yaylım atəşli reakiv sistemi, 6 ədəd B20 və B30 topu, 3 ədəd 2F3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 zastava zenit qurğusu, 2 ədəd radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri, daha bir zirehli tank bölməsi və 1 ədəd F300 zenit raket sistemi məhv edilmişdi. Günorta radələrində Ermənistan ordusuna məxsus və Xocalıda yerləşən ən bahalı radiolokasiya sistemi də məhv edildi. Düşmən tərəf Ağdərə-Tərtər və Füzuli- Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərdi. Bütün cəhdlərin qarşısı alındı, düşmən yenə xeyli itki verərək geri çəkilməyə məcbur edildi.

Günəş bugünlük xidmətini başa vurub dağların arxasına çəkilməkdə idi. İndi o, sobada qızardılmış dəmir kürəni xatırladırdı, ancaq hərarəti azalmaqda idi. Hərbi hospitalın həkimi leytenant Mehman Qurbanlı kürəyində daşıdığı yaralı əsgəri təpənin arxasında gizlətdikləri pikap maşınının arxa oturacağına uzadıb nəbzini yoxladı, çox zəif idi. Onun ardınca xərəkdə başqa bir yaralını gətirən gizir Cavid Saraclı və əsgər Taleh Xıdırov da yaxınlaşmaqda idilər. Həkim cəld kuzovun arxa bortunu açdı. Köməkləşib yaralını xərəkqarışıq kuzova qoydular.

-Cənab leytenant, deyəsən qardaşımız şəhid oldu,- deyə gizir kövrəldi.

-Özünü ələ al qardaş, qərar verməyə tələsmə.

Həkim ikinci yaralının da nəbzini yoxladı, – yaxasını açın,- deyə göstəriş verdi. Cəld çantasını açıb tibbi ləvazimat olan bağlamanı çıxartdı, iynə və flakon götürdü. Şüşənin başını sındırıb dərman çəkdi. Skalpellə yaralının kitelinin sağ qolunu kəsdi, rezin “jqut”la qolunu dirsəkdən yuxarı hissədən sıxıb hərəkət etdirib, damarına iynə vurdu. Bir qədər gözləyib nəbzini bir də yoxladı. Sonra əllərini çarpazlayıb ritmlə sinəsindən basmağa başladı. Bir, iki, üç… yenə… yenə…

-Hə, qardaşım, aç gözlərini.

Bir, iki, üç… yenə… yenə… süni nəfəs verdi. Bir, iki, üç… yaralının sinəsində hərəkət hiss olundu.

-Həkim… həkim… qardaşımız nəfəs alır. Sizə qurban olum, həkim!

-Gizir, özünü ələ al. Birinci yaralını da hazırlayın, ona da iynə vuracam.

Rabitə cihazından çağırış səsi gəldi:

-“Külək”, “Külək”, mən “Səma”yam. Məni eşidirsiz?

Əsgər Xıdırov çantasından cihazı çıxarıb həkimə tərəf uzatdı. Həkim cihazı alıb cavab düyməsini basdı:

-“Səma”, mən “Küləyəm”, sizi eşidirəm.

-Sizə tərəf təcili tibbi yardım maşını gəlir, qarşılayın. Ehtiyatlı olun, təhlükəsiz marşrut seçin, yaralıları o maşına yerləşdirb geri dönün, yenə yaralananlar var, əsgərlər onları sizə tərəf gətirirlər. Köməyə tələsin…- pauza,- təəssüf ki, şəhidlərimiz də var… iki nəfər…

-Aydın oldu, icraya başlayırıq.

-Uğurlar olsun, qardaş. Rabitəyə son.

Mehman rabitə cihazını Talehə qaytarıb göstəriş verdi:

-Get, qardaş, qarşıla. Ehtiyatlı ol, gəldiyimiz marşrutla hərəkət edin. Cavid, sən qal, işimiz çoxdur, sarğıları dəyişməliyik.

Təcili tibbi yardım maşını toz qopara-qopara onlara yaxınlaşdı, üç-dörd metrlik məsafədə dayandı. İlk olaraq Taleh, ardınca ağxalatlı iki nəfər maşından düşdü. Onlardan biri:

-Gülnar, sən burada neynirsən?- Mehman təəccüb dolu gözlərini gənc qıza zillədi.

-Salam, Mehman həkim. Mən, Gülnar Çərkəzli, həkim-cərraham. Vətənimdə müharibə gedirsə, mən harada olmalıyam?- Gülnar suala sualla cavab verdi.

-Gülnar, qurban olum, axı buralar çox təhlükəlidir.

-Bilirəm. Mənim canım səninkindən artıq deyil ki? Heç onlardan artıq deyiləm,- yaralıları göstərdi.

Mehman söz güləşdirməyin əbəs olduğunu dərhal anladı. Gülnarın xasiyyətinə yaxşı bələd idi.

Onlar cəmisi bir ay əvvəl nişanlanmışdılar, Gülnar Bakıdakı klinikalardan birinə təyinat alandan bir neçə gün sonra, ancaq qeyri-rəsmi, öz aralarında. Sentyabrın 27-də Mehman öz ad gününə Gülnarı da dəvət edəcəkdi. Valideynləri ilə tanış edəcək, evlənmək istədiklərini bildirəcəkdi. Həmin gün müharibə başladı… Mehman artıq ikinci il idi ki, hərbi hospitalda işləyirdi, Gülnar isə iki həftəyə yaxın.

Yaralıları dərhal təcili tibbi yardım maşınına keçirdilər. Gülnar onları süni tənəffüz aparatına qoşdu. Sevgililərin görüşü cəmisi 7-8 dəqiqə, gərgin iş şəraitində baş verdi. Ayrılarkən Gülnar Mehmanın əlini bərk-bərk sıxdı:

-Gözlərimi yolda qoyma, igidim.

Gülnar müharibənin ikinci günü işlədiyi klinikanın rəhbərliyinə müraciət etmiş, könüllü olaraq cəbhə xəttinə yaxın fəaliyyət göstərən səyyar hərbi hospitala gəlmişdi. Ötən bu müddət ərzində bir dəfə də olsun rastlaşmamışdılar. Mehman demək olar ki, mobil telefondan istifadə etmirdi. Onun daim qaynar nöqtələrdə olması buna imkan vermirdi. Onsuz da o yerlərdə dalğa olmurdu. Valideynlərini də qabaqcadan xəbərdar etmişdi. İndi, Gülnarla görüşündən bir həftə sonra çadır yataqxanada saxladığı mobil telefonunu götürüb anasına zəng etmək qərarına gəldi. Telefonunun enerjisi tükənmişdi. Hospitala getdi, həkimlər otağında enerji yığmaq üçün telefonunu şəbəkəyə qoşdu. Ekran açıldı. Yuxarı sağ küncdə yaşıl rəngdə işarə göründü. Sonra ard-arda buraxılmış zənglərin tatixini göstərən mesajlar bir-birini əvəz etdi. O, şəhadət barmağıni ekranın üzərində aşağı-yuxarı sürükləməyə başladı. Çoxlu sayda zəng gəlmişdi- atasından, anasından, Gülnardan, kiçik qardaşından, bacılarından, dostlardan, qohumlardan… Anasına zəng elədi, hal-əhval tutdu, ona təskinlik verdi. Sonra atasına, digər doğmalarına, dostların bir neçəsinə zəng elədi. Daha sonra Gülnarla görüşmək, odun-alovun caynağından qopardığı yaralıları yoluxmaq qərarına gəldi. Gülnarın əməliyyatda olduğunu söylədilər. Onda ilk olaraq ağır vəziyyətdə Gülnargillə hospitala yola saldığı əsgəri axtarıb tapdı. Adı və soyadı yaxşı yadında idi: Kamil Dəmirov. Kamil demək olar ki, başdan- ayağa sarğıda idi. Ancaq Mehmanı dərhal tanıdı. Aram-aram, kəsik-kəsik danışırdı:

-Orda… dağların arasında… gözümü… gözümü açanda… huşum özümə gə…gələndə ilk… ilk gördüyüm adam… sən idin… Burda isə… üç gün… yenidən huşsuz… qalanda… o… o qız… onu gördüm. Üç gün başım…ın üstündə… məni o əməliyyat… o əməliyyat…

Gülnar qapıda göründü, gözləri yuxusuzluqdan qızarmışdı, çox yorğun görünürdü. Mehman onu görcək dərhal ayağa qalxdı, baxışları toqquşdu.

-Gülnar, sən çox yorgun görünürsən.

Gülnar Mehmana sari bir neçə addım atdı. Üz-üzə, göz-gözə dayandılar.

-Sən də. Nə vaxt gəlmisən?

-Bir az əvvəl, yaralı gətirmişəm, müayinə otağındadır. Vəziyyəti pis deyil, ilk yardımı mən çatana qədər əsgər yoldaşları eləmişdilər. Güllə yarası alıb, sol çiynindən.

-Hə, şükür Allaha ki, yaxşıdır. Əməliyyata ehtiyac var?

-Yarasını tez-tez təmizləmək lazım gələcək.

-Olsun, gedib baxaram.

-Sənə dincəlmək lazımdır. Baş həkim özü baxdı, razı qaldı.

-Yaxşı, lap yaxşı. Nə vaxt gedirsən?

Mehman sanki günahkarcasına başını aşağı əydi:

-Tez qayıtmalıyam, əzizim. Füzuli istiqamətində ağır döyüşlər gedir. Orada mənə ehtiyac var.

– Odur… o qız… o mənim həkimimdir…

Hər ikisi dönüb Kamilə baxdılar, gülümsədilər.

Ordumuzun tam qələbəsi ilə başa çatmış Vətən Müharibəsinin 39-cu günü Mehmanın həyatında silinməz iz buraxdı. Qubadlı rayonunun Başarat, Qarakişilər və Qaracallı kəndləri uğrunda gedən döyüşlərdə yaralanmış döyüşçü yoldaşlarını hospitala çatdırmaq tapşırığı almışdılar. Həmişəki kimi maşını təhlükəsiz yerdə saxlayıb ön xəttə tələsirdilər. Birdən onu hansı bir qüvvə isə göyə qaldırdı. Sonra nə baş verdiyini anlaya bilmədi. Gözlərini açanda özünü işıqlı bir otaqda gördü. Gülnar yanında, stulda oturub yorğun, qızarmış gözlərini ona zilləyib sanki donmuşdu. Sonradan bildi ki, minaya düşüb, hər iki ayağını dizdən yuxarı itirib.

Bir il keçdi. Mehman çarpayıda uzanıb xəyala dalmışdı. Gülnara necə anlatsın ürəyindən keçənləri? O qızın bədbəxtliyinə niyə bais olsun?.. Palatanın qapısı açıldı, Gülnar göründü. Bu gün hərbi paltarda idi, çiynindəki qoşa ulduzlar mundirinə xüsusi yaraşıq verirdi. Adsız barmağında bir il əvvəl Mehmanın bağışladığı zümrüd qaşlı nazik üzük parlayırdı. Elə həmin əlində, barmağında üzük olan əlində sari, çəhrayı və narıncı güllərdən düzəldilmiş buket var idi. İlahi, o, necə də gözəl, necə də məsum idi.

-Sabahın xeyir olsun, cənab baş leytenant. Doğum günün mutlu olsun, bəy! Hələ yataqdasan? Qalx görüm. Qalx, protezlərini geyin. Sonra… gedirik mənim otağıma, hərbi parad mundirini geyinirsən, təbii ki, mənim köməyimnən, və… Və gedirik sizə…

-Gülnar, əzizim, bəlkə lazım deyil?! Mən… mən indi, belə vəziyyətdə sənin nəyinə lazımam? Gülnar…

-Qalx görüm, qalx! Bu gün 2021-ci ilin sentyabr ayının 27-si, müqəddəs şəhidlərimizin anım günüdür. Unutmamısan? Həm də… həm də bu gün- sənin 27 yaşının tamamında biz evlənmək barədə qərar verdiyimizi valideynlərimizə bildirməliyik.

-Gülnar… Anım gününü təbii ki, unutmamışam. Bu günü unutmaq olarmı? Ancaq… Mən əliləm, mənim həyatım dayanıb. Evlənmək barədə isə… heç bir qərar yoxdur, olmayıb, olmayacaq…

-Dəli! Dəlinin biri, dəli! İstəyirsən mən də ayaqlarımı kəsdirim? Sənin vəziyyətinə mən düşsəydim məndən imtina edəcəkdin? Hə?.. Biz bu barədə neçə dəfə danışmışıq? Mən sənin ürəyini sevmişəm, mən sənin kişi qeyrətini sevmişəm…

Gülnar gül buketini masanın üstünə atıb çarpayının kənarında oturdu, əlləri ilə üzünü bağlayıb hönkürməyə başladı. Mehman nə edəcəyini bilmirdi, qərarsız vəziyyətdə yerində eşələnirdi.

-Gülnar… Gülnar… Mənə kömək edərsən? Protezlərimi ver də… zəhmət olmasa…

Gülnar göz yaşlarını silib diqqətlə ona baxdı.

-Protezlərini? Hə… protezlərini… verim də. Nə etmək istəyirsən ki?

-Necə yəni nə? Hazırlaşaq gedək də. Əvvəlcə Şəhidlər Xiyabanına, sonra… sonra istəsən bizə gedərik. Anam neçə gündür hazırlıq görür.

Gülnar özünü toparlayıb qalxdı, üst-başını qaydaya saldı. Mehmana kömək edib protezlərini geyindirdi. Mehman qalxıb onunla yanaşı dayandı.

-Bax ha, boyumuz da uyğun gəlir.

-Mənim dəli igidim, indi sən qətiyyən əlilə oxşamırsan.

-Sənin inamlı yardımın sayəsində, əzizim. Bu aylar ərzində sən mənə ayaq üstə durmağı, yeriməyi öyrətmisən. Hamısı sənin sayəndədir.

-Yaxşı görək, şişirtmə.

-Akka canı.

Hər ikisi ürəkdən güldü, ana nəvazişinə sevinən uşaqlar kimi.

Mehman masanın üstündən telefonunu götürüb anasına videozəng açdı.

Duud… duud… duud…

-Ana, sabahın xeyir. Necəsən, anacan?

Ekranda Familə ananın nurlu siması göründü.

-Sabahın xeyirə açılsın, mənim igid balam. Ana qurban olsun sənin…- sözünün ardını gətirə bilmədi, qəhərləndi. Bir neçə saniyədən sonra özünü toparlayıb davam elədi,- Gözəl balam, şəkər balam, igid balam. Atanla hazırlaşırıq sənin yanına gəlməyə. Həkimindən icazə alıb evə gətrimək istəyirik, axşam qonaqlarımız olacaq. Sənin ad gününə gələcəklər. Sevdiyin xörəkləri bişirmişəm, hamısını…

-Ana, dəqiq bilirsən ki, mənim ad günüm bu gündür?- Yana çönüb Gülnara göz vurdu.- Bəlkə, noyabrın 10-dur?! Hə, anacan, bəlkə səhv salırsız günləri?

-Oğul, qurban olum, bu boyda səhv olar? Bu gündür.

-Mən bu gün ad günü keçirməyəcəm, bu gün şəhidlərimizin anım günüdür.

-Başına dönüm, indi anladım səni. Olsun noyabrın 10-u. Atan da yanımdadır, o da razılıq edir.

Balaşirin kişi ekranda göründü, oğluna əl edib salam verdi.

-Sabahın xeyir, oğul. Söhbətinizi eşidirdim, düzgün qərardır. Səninlə qürur duyuram oğul, olsun sən deyən kimi- noyabrın 10-u. Qonaqları özüm başa salaram. İndi biz gəlirik sənin yanına, oradan da birlikdə gedərik Şəhidlər Xiyabanına. Gör anan nə deyir.

Familə ana yenidən ekranda göründü, bu dəfə Balaşirin kişi ilə yanaşı dayanmışdı.

-Mehman, İgid balam, gəlirəm səni bağrıma basmağa.

-Zəhmət çəkməyin, ana. Özüm gələcəm, uzağı bir saata… yox, yarım saata, Şəhidlər Xiyabanına. Siz də ora gəlin. Özü də… ana, tək gəlmirəm ey, sizi gələcək gəlininizlə tanış edəcəm. Əgər, etiraz eləmirsizsə.

-Nə etiraz, ay bala. Gətir, qurban olum, gətir. Bilmək olar kimdir o gözəl bala?

-Ana! Canım ana! O qız… o qız mənim həkimimdir.

-Başına dönüm ay oğul, Gülnar həkimi deyirsən?

-Hardan bildin, ay ana?

-Ana ürəyi həssas olur, oğul. Yanındadır? Yanındadırsa, ver danışım onunla.

30.07.26.

Ardı burada: Müqəddəs Zəfər – 9-cu hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

  Müqəddəs Zəfər: 7-ci hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 6-cı hekayə

   Cabbar babanın vəsiyyəti

     (Müqəddəs Zəfər: 7-ci hekayə)

            Cabbar baba boz eşşəyini çullayıb ciyənin ucundan darta-darta onu bağçanın kənarı ilə çəkilmiş xəndəyə saldı. Bir daha ətrafa boylandı, heç kim yox idi. Yayın qızmar vaxtı, günün günorta çağı idi. Hüseyn köhnə “Jiquli”sinin yük yerini həyətdə becərdikləri yemişlə doldurub kiçik oğlu Süleymanla bazara getmişdi. Adətən malı dəyər-dəyməzinə bazar alverçilərinə verib qayıdardı. Oturub kilo-kilo satmağa hövsələsi çatmazdı. Kim idi gedib piştaxtadan yer alan, tərəzi pulu verən. Onun heç əvvəldən alverlə arası yox idi. Həmişə alverçilər gəlib həyətdə alırdılar məhsulu. İndi daha məhsulun uru vaxtı idi, alverçilərdə belə vaxtlar kənd-kənd, həyət-həyət gəzməyə həvəs olmazdı, çünki, məhsulun keyfiyyəti xeyli aşağı düşmüşdü. Bəlkə də bu səbəbdən Hüseyn bazarda ləngiyirdi, yəqin alverçilərlə razılaşa bilməyib özü yer alıb, satır malını. Hər hansı səbəbdən yubanırdısa da, bu işin xeyrinə idi. Evdə olsaydı, atasını heç eşşəyə yaxın getməyə də qoymazdı. Gəlini Seçmə də kəndin ayağına, qızı Sənubər gilə getmişdi. Bu istidə onu qudaları buraxmazdı çölə. Dincini al, hava sərnisin, axşamüstü gedərsən, deyərdilər. Daha bundan münasib vaxt çətin ki, ələ düşərdi.

            Cabbar baba bir neçə cəhddən sonra eşəyyin belinə oturub qəddini düzəltməyə cəhd elədi. Son beş-altı ayın içində beli o qədər əyilmişdi ki, yumurlanıb yumağa dönmüşdü. Cəhdinin mənasız olduğunu dərk edib eşşəyi hoşladı.

            -Gedək, ay illərimin yol yoldaşı. Day bunnan sora səni kəndin o baş-bu başına hoşlayan döyüləm. Day buna taqətim qalmıb. Gedək, mənim taylarım çoxdandı ordadı. Bir mən sintarıb qalmışam bu fani dünyada, cəhənnəm əzabı çəkməkçün. Gedək, bu mənim son səfərimdi. Qəbiristanlığa çatan kimi açıb buraxacam səni. Day ordan geri dönən döyüləm. Gedək…

            Darvazanının bir tayını qabaqcadan aralamışdı ki, eşşək rahat keçə bilsin. Eşşəkdən düşüb darvazanı bağlamaq fikrinə düşsəydi, sonra təzədən minmək problemilə qarşılaşacaqdı. Həm də ki, arxayınçılığı vardı, kəndin mal-heyvanları örüşdə idi. Qonşulardan kiminsə heyvanı həyətə girib mərdimazarlıq eləyən deyildi. Belə də ki, darvaza günlərlə, aylarla açıq qalsın, bir çöp də oğurlayan olmazdı bu kənddə. Olsa olsa, qonşu Şahmuradın keçiləri daraşardı meyvə bağına. Keçiləri də qoyunlara qatıb ötürmüşdü naxıra Şahmurad kişi.

            Torpaq yolda toz qopara-qopara qəbiristanlığa çatıb eşşəkdən düşdü, əgər buna “düşdü” demək olardısa- özünü sürüşdürüb bir təhər yerə atdı. Ombasında yaranan ağrı bir müddət onun yerdən qalxmasına mane oldu. Boz eşşək qoca sahibinin bu vəziyyətini anlayırmış kimi yaxınlaşıb onu iyləməyə başladı. Qoca ciyədən yapışıb özünə tərəf dartdı, eşşək yerə mıxlanıb sakit tərzdə sahibinə baxırdı. Nəhayət, ona kömək edə bildiyindən məmnunmuş kimi başını qaldırıb iki dəfə anqırdı. Cabbar baba birinci olaraq ciyəni eşşəyin boynundan açdı, sonra onun qarnının altına tərəf əyilib çulun kəndirini boşaltdı. Sürüyüb yerə atdı.

            -Day sən azadsan, mənim sadiq dostum, get.

Eşşək durduğu yerdən tərpənmədi. Cabbar baba buna əhəmiyyət vermədi, irəli yeriyib doqqazın cəftəsini qaldırdı, həyətə girdi. Fatəhə verib, qəbiristanlıqda uyuyan ölülərun ruhuna, şəhidlərin ruhuna, cəmi dünyadan köçən müsəlman əhlinin, alimlərin, din əhlinin- yadına düşən düşən bütün vəfat eləşmişlərin ruhuna salavat çevirib geri döndü. Ciyəni, çulu götürüb qəbiristanlığın darvazasına yaxın, sol tərəfdə yan-yana düzülmüş şəhid məzarlarına tərəf getdi. “Naməlum əsgər”in məzarının ayaq tərəfində yükünü yerə qoyub yenə fatəhə verdi. Sonra qəbiristanlığı gəzib dolaşmağa başladı. Atasının, anasının və böyük qardaşının məzarları da daxil, bütün məzarları ziyarət edib qayıtdı bayaq yükünü boşaltdığı yerə. Çulu səliqə ilə yerə sərdi, əynundəki köhnəlmiş yay pencəyinin cibindən dəftərini çıxarıb əyləşdi. Əhd elədiyi kimi Yasin Surəsini oxumağa başladı.

            Cabbar babanın yaşını düz-əməlli bilən yox idi. Yüzü adladığını hamı bilirdi. Özündən soruşanda da deyirdi ki, Nikolayı taxtda görmüşəm. Birinci “Erməni-Müsəlman Davası”nı (1905-1907-ci illər) yaxşı xatırlayırdı: “Mənim yeniyetmə cağlarım idi, ermənilər tez-tez kəndlərimizə basqın edirdilər. Dədəmin qoşalüləsin gizlicə götürüb gedib qoşulmaq istədim kəndimizin cavanlarına. Kürqırağı kəndlərin cavanları dəstə düzəldib basqınçılarla vuruşurdular. Bizim cavanlar da onlara qoşulmuşdu, Qobu deyilən yerdə ermənilərin qabağını kəsib müqavimət göstərirdilər. Axşama tərəf qılçamdan yaralandım. Tüfəngimi alıb özümü də yaxınlıqdakı mal fermasının bir tövləsində gizlətdilər ki, atışma qurtaranacan bayıra çıxma… Ancaq ikinci davada (1915-1920-ci illər) uzun müddət iştirak eləmişəm, əsgər kimi. O dava başa dava idi. Ermənilər böyük dəstələrlə gəlirdilər üstümüzə. Rus əsgərləri də onlarla birləşmişdilər. Hətta malakanlar da onlara kömək edirdilər. Yenə kürqırağı kəndləri çapıb talayır, qaniçənlik eləyirdilər. Gəncədən xəbər gəlmişdi ki, köməyinizə böyük bir ordu gəlir. Başçıları da Nuru Paşa idi. Kəndimizin cavanlarıynan sözü bir yerə qoyub yazıldıq o orduya. Erməniləri Nefçalayacan qovduq. Bir hissəsini də Bakıyacan…

            …Gözünü açanda özünü yataqda gördü. Hüseyn, qızları, gəlini, nəvələri, kəndin ağsaqqalları, ağbirçəkləri- hamısı ətrafında idi. Hüseyn gözünün yaşını töküb hönkürüdü:

            -Başuva dönüm ay dədə, niyə belə eləyisən axı? Məni niyə rüsvay eləyirsən el içində, nə günah eləmişəm?

            Cabbar babanın qəbiristanlığa getməsi əlbəttə ki, səbəbsiz deyildi. Babanın öz adını qoyduğu, Hüseynin böyük oğlu 1993-cü ilin payızında Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. O vaxta kimi kəndə artıq 8 nəfərin meyiti gətirilmiş, qəbiristanlıqda şəhidlər üçün ayrılmış ayrıca yerdə dəfn olunmuşdu… Bir gün də xəbər gəldi ki, Cabbarın da meyitini gətirirlər. Kənd əhli hamılıqla yığışdı Hüseynin həyətinə. Tabutu açanda baxdılar ki, meyit başqasınındır. Onu məsciddə yuyub, kəfənləyib tez xəbər göndərdilər Rayon Hərbi Komissarlığına. Dəfn mərasimi təxirə salındı. Səhəri gün tezdən Komissarlıqdan iki nəfər zabit və bir neçə mülki şəxs gəldi. Onlar da itkin düşən bağqa əsgərlərin yaxınları idi. Ancaq meyiti tanıyan olmadı. Onu el adəti ilə dəfn elədilər. İki ay sonra yenə Komissarlıqdan başqa bir dəstə gəldi, qəbri açıb meyitə baxış keçirdilər. Ancaq, bu dəfə də onu tanıyan olmadı. Kənd əhli hadisədən xəbər tutub axışdı qəbiristanlığa. Cabbar babanı da maşına mindirib gətirdilər. Uzun mübahisədən sonra qərara alındı ki, bir də bu məqsədlə gələn olsa, qəbri açmağa qoymayacaqlar. Onsuz da meyit artıq tanınmaz vəziyyətdə idi. Cabbar baba elə orda üzünü ağsaqqallara tutub dedi:

            -Sizi and verirəm o böyük Yaradana, məni bu əsgərin məzarının aşağı tərəfində dəfn eləyərsiz. Mən Cabbar balamın iyini ondan alacam.

            Kəndin baş mollası hesab olunan Hacı Abdulla, digər ağsaqqallar buna etiraz elədilər. Hüseyn nə illah elədisə, atasını yola gətirə bilmədi. “Ay dədə, başuva dönüm, valideynlərinin yanında sənin öz yerin var axı. Özün vəsiyyət eləmişdin axı, məni dədəmnən anamın yanında basdırın.” –deyib dil tökdü. Kişi iki ayağını bir başmağa dirəyib dediyindən dönmədi. Axırda onu ovutmaq üçün razılıq verdilər.

            Ancaq, bununla da məsələ həllini tapmadı. Bir müddət sonra yenə bir dəstə gəldi ki, bəs meyitin yaxınlarıyıq, çıxarıb aparırıq. Yenə camaat tökülüb gəldi, aləm qarışdı. Bu dəfə qəbiri açmağa imkan vermədilər…

Camaat köməkləşib qəbiristanlığı abadlaşdırdı. Əslən bu kənddən olan bir iş adamı qəbiristanlığın ətrafına metal tordan hasar çəkdirdi, “Şəhidlər xiyabanı”nın girişində bulaq tikdirdi, su çəkdirdi, şəhidlərin məzarlarını mərmər daşla bəzətdirdi. Həmin məzarın baş daşına da “Naməlum əsgər” yazısını həkk elətdirdi.

            Cabbar baba gecə yuxusunu qarışdırmışdı. Nədənsə, ürəyinə dammışdı ki. yenə gəlib “Naməlum əsgər”in ruhunu narahat eləyəcəklər. Ona görə də sakitlikdən istifadə eləyib gəlmişdi qəbiristanlığa, özü demiş- öz son mənzilinə ki, nəbadə-nəbadə kimsə yaxınlaşmasın o məzara…

            -Ağsaqqal, sən bu elin, obanın böyüyüsən. Kürün Şirvan tayında, bu yaxın kəndlərin heç birində sənin yaşında olan ikinci bir kimsə yoxdu. Sənin sözün hamımızçün qanundu, dedin, qurtardı. Dədəmin goru haqqı, imkan vermərəm o qəbrə kimsə yaxın düşə. Onda mən Abdulla olmaram ki, gəlib başımızın üstünnən iş görələr,- Hacı Abdulla dil-dil ötürdü. Danışmağa pərgar adam idi. Boş yerə baş molla deyildi ki, dilinə görə diyirçəyi də vardı… Cabbar baba ağır-ağır ətrafındakıları süzüb elə həmin tərzdə də bunları deyə bildi:

-Hamınızdan halallıq istəyirəm.

Hamı bir ağızdan: “Halal xoşun olsun! Halal-halal!”-dedi.

-Hacı, başda Quranı,- üzünü Hacı Abdullaya tərəf çevirdi.

…Elə istədiyi yerdə də dəfn olundu. İkinci Qarabağ Müharibəsinin getdiyi müddətdə şəhid məzarlarının sayı xeyli artsa da, “Naməlum əsgər”in məzarı yanında bir qəbirlik boş yer saxlamışdılar, hər ehtimala qarşı. Bunu da Cabbar baba vəsiyyət eləmişdi: “Birdən balam tapılar, onu da o biri balamın (“Naməlum əsgər”in) yanında dəfn edərsiz. İşdi, əgər sağ-salamt gələrsə, nə gözəl, ruhum day da şad olar,”- demişdi.

* * *

            Üç il idi ki, Vətən Müharibəsi Ordumuzun möhtəşəm qələbəsi ilə başa çatmışdı. İşğaldan azad olunan yerlərdə geniş tikinti-quruculuq işləri aparılırdı.

Hüseyn kişi bu illər ərzində bir an olsun belə ümidini itirməmiş, oğlunu axtarmışdı. Getmədiyi dövlət orqanı, açmadığı qapı qalmamışdı. Axırda əlacsız qalıb üz tutmuşdu baxıcılara. Maşınını, inəklərini, camışını satıb onlara yedizdirmişdi. Bu rayon sənin, o şəhər mənim, deyib, gəzmişdi. Hamısı da “tapılacaq” deyib onu arxayınlaşdırmağa çalışmışdı. Çox yorulmuşdu, artıq onun da belinin donqarı çıxmışdı. O, enlikürək, pəhləvan cüssəli kişidən bir əsr-əlamət qalmamışdı… İndi isə o, arvadı Seçməni də yanına alıb qəbiristanlığa gəlmişdi.  Atasının məzarı önündə diz çöküb hönkür-hönkür ağlayırdı. Bu dəfə sevinc göz yaşları idi onun yarıqıyılmış gözlərindən süzülən:

            -Qurbanın olum, ay dədə, Cabbarımız tapıldı. Onun sonuncu döyüş yerində kütləvi məzarlıqlar aşkarlandı. Cabbarımızın nəşinin də o şəhid olmuşların arasında olduğu ekspertiza yoluynan təsdiqləndi. Gətirmişik Cabbarımızı, ay dədə. Gəldi yanıana, sən istədiyin yerdə, səninlə üzbəüz yatacaq balamız…

05.11.2025

Ardı burada: Müqəddəs Zəfər – 8-ci hekayə

                                               

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər: 6-cı hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 5-ci hekayə

Ömrün üçüncü fəsli
(Müqəddəs Zəfər: 6-cı hekayə)
Sağ böyrü üstəmi uzansın, sol böyrü üstəmi?! Fərq eləmirdi, daha doğrusu, əhəmiiyəti yox idi, onsuz da hərəkət eləyə bilmirdi. Heç əzalarını da hiss eləmirdi, bütün bədəni ağrı içindəydi, hər yeri şiş, yara… təkcə bəbəkləri zədəli deyildi. Əslində bəbəkləri də dumanlı idi, qonur rənginin üstünə boz-bulanıq pərdə çəkilməkdə idi. Pərdəydi, nəydi, anlamırdı- sadəcə hiss edirdi. Güzgüdən filandan bir şey vardımı ki, baxıb müəyyənləşdirsin. Yeganə baxa biləcəyi şeylər- dəmir barmaqları pas atmış nəfəslik, hisli-paslı tavan, uçuq-sökük divarlar, üfunət iyi verən, nə vaxtsa betonlanmış, indi isə zibilliyi xatırladan döşəmə, elə həmin qoxunu canına hopduran cındır əyin-başı, çadar-çadar olmuş əllərı, cırıq çəkməsindən bayıra çıxmış ayaq barmaqları idi. Tavandan sallanan “İliç lampası”nın nə vaxtsa yandığı yadına gəlmirdi- şüşəsi boğazdan üzülmüşdü.
Arxası üstəmi, ya hansısa yanı üstəmi yatdığını bilmirdi. Amma, yatmışdı. Gözləri açıqdımı, bağlıydımı onu da bilmirdi. Bunun heç əhəmiyyəti də yox idi, bayırdan gözlüyün qabağını odunla bağlamışdılar. Toran görən gözlərini zilləyib odun parçalarının arasından güclə süzülən işıq şüalarını axtarmaqdan bezmişdi. Gəlmir heç gəlməsin, bu heç nəyi dəyişmirdi. Amma, yatmışdı. Ya da ki, yatmamışdı, gözlərini ona zilləyib hərəkətsiz dayanmış cavan oğlana baxırdı.
-Niyə gözlərini zilləmisən mənə, niyə belə baxırsan? Niyə çıxıb getmirsən işinə gücünə?
-Sən çağırdın, mən də dayandım da.
-Mən çağırdım? Adınla? Adını heç bilmirəm axı.
-Sən çağırdın.
-Necə?
-Heyy…heyy…
-Mən gündə min dəfə “hey” deyirəm, “hay” deyirəm ki, qulaqlarım bir səs eşitsin. Sən də deyirsən ki, səni çağırdım. Yəqin özümü çağırmışam, başqa kim var ki. çağırım… çıx get.
-Mən də onu deyirəm də. Mən elə sənəm. Sənin ömrünün birinci hissəsi, ya da birinci fəsli.
-Ömür də hissəynən filannan olur ki? Ömür ya var, ya da yoxdur.
-Sənin ömrün belədi də. Birnci fəsli Qırxqız dağlarındakı davada başa çatdı- 92-nin mart ayının 29-da. Yadına gəlir? Kosalarla Şuşa arasında böyük bir erməni dəstəsi ilə döyüşürdüz. Komandiriniz də rəhmətlik Tabil Həsənov idi. O, şəhid oldu, sən də ağır yaralandın. Gözünü açanda özünü burda gördün, yəni Şuşa həbsxanasında. Onda mən artıq sənin bətnundən çıxmışdım. Bu, belə olmalıdır. Mən də çıxdım… Amma səni tərk etmədim, tərk edə bilməzdim, çünki, hələ ürəyin dayanmamışdı. Ruhlar hələ ürəyi çırpınan bətni tam tərk etmirlər, onun başı üzərində dövrə vurub haray qoparırlar… O gündən ömrünün ikinci fəsli başlandı. Ömür deyəndə ki…
-Necə yəni ikinci fəsli? Mən bəyəm ölüb dirilmişəm?
-Nə ölməmisən, nə dirilməmisən, nə də yaşamırsan… o gündən ömrün dayanıb.
-Bu nə deməkdi axı? Məni niyə çaşdırırsan? Mən neçə müddətdi ki, heç nə görmürəm, eşitmirəm, heç kimlə danışmıram. Səni necə eşidə bilərəm, necə söhbət edə bilərəm? Mən heç sənin sifətini də görmürəm. Bu qədər müddətdə niyə gəlmirdin? Niyyətin nədir?
-Bu müddət ərzində sənin ömründə baş verənləri bilə bilmərəm, mən keçmişdəyəm. Sifətimi görə bilməzsən- mən ruham. Mən sənin həyatının keçmişdə qalan hissəsiyəm.
-Demək, mənə verilən əzablardan xəbərsizsən. Hə, doğru deyirsən, gözümü açanda özümü burda gördüm. Lap doğrusu, Baqrat dedi mənə- o topal dığa. Avtomatın qundağıynan üzümə vura-vura ayıltdı məni. “Ara, sən beş güllə yarası almısan, hələ də ölməmisən,”- dedi. Baxdım ki, bədənimdə salamat yer yoxdur. Ətrafımda çoxlu dustaqlar var. Onlar araya girib Baqratı dayandırdılar. Daha sonra nə olduğu yadımda deyil. Bir də ayıldım ki, rəhmətlik Mərdan başımı qucaqlayıb ağlayır. Beləcə neçə günsə, yarı ölü, yarı diri qaldım…

Dustaq yoldaşlarım imkanları çatan qədər mənim müalicəmlə məşğul olurdular. Yavaş-yavaş sağalırdım, artıq hər şeyi dərk edirdim. Hətta, yoldaşlarımın köməyilə həyətə də çıxırdım. Dığalar deyirdilər ki, məni əməliyyat elətdiriblər. Bədənimdən iki güllə çıxarıblar. Üçü bədənimi dəlib keçibmiş- biri baldırımdan, bir çiynimdən, biri də sağ böyrümdən.
-Səni aldadıblar, sən üç güllə yarası almışdın- üçü də bədənini dəlib keçmişdi. O biri iki yaranı həmən o topal vurmuşdu sənə, cib bıçağıynan. O vaxt mən hələ sənin bətnini tərk eləməmişdim, özüm şahidəm o hadisələrə.
-Tərk eləməmişdin? Bəs niyə tərk elədin, nə baş verdi?
-Bıçaq yaralarından sonra ürəyin dayandı. Səni sürüyüb türmənin həyətinə atdılar. Yük maşınına qoyub Cıdır düzünə aparacaqdılar ki, qayalardan aşağı tullasınlar. Dustaq yoldaşların buna etiraz elədilər. Onları da o ki var döydülər. Ancaq səni aparmadılar, dedilər ki, bu döydüklərimizdən də ölən olsa, sabah bir yerdə apararıq. Yoldaşların köməkləşib səni kameraya apardılar. Süni nəfəs verməyə başladılar. Mən bətnini tərk edib haray qoparmağa başladım. Son döyüşdə şəhid olmuş döyüşçü yoldaşlarının ruhları məni çağırırdılar. Ora- Qırxqız dağının zirvəsinə… sən yenə ayıldın…
-Getdin?
-Mənim oraya getməyim, qayıtmağım an məsələsidir. Mən onları indi də görürəm.
-Madam ki, sən mənim keçmişimsən, deməli, həm də itmiş yaddaşımsan. Elədir?
-Hə, elədir. Ötən bu müddət ərzində mən dəfələrlə sənin yaddaşının bərpası ilə məşğul olmuşam. Hər dəfə işgəncədən sonra huşunu itirəndə yaddaşın yenidən pozulub…
-Onda mənə keçmişimdən danış. Həm də… həm də o son döyüşdən.
-Nə danışım axı? Sən ali məktəb daxil olmuşdun, cəmi 17 yaşın vardı, hüquqşünas olacaqdın. Ancaq erməni yaraqlıları hər gün kəndlərinizə basqın edirdilər. Hər gün qan-qada, ölüm-itim… Şuşanın, Malıbəylinin, Quşçuların işğalı, Xocalı faciəsi- hamısı ard-arda baş verirdi. Sən təhsil aimağa getmədin, özünümüdafiə dəstəsinin tərkibində Kosalar, Cəmilli kəndlərinin, yaxın ətrafdakı diğər yaşayış məntəqələrinin müdafiəsinə qalxanlardan biri oldun. Həmin gün- son döyüş günü siz ermənilərin 6 gözətçi postunu darmadağın edib Şuşa istiqamətində xeyli irəliləmişdiz. 53 nəfər dığanı cəhənnəmə vasil eləmişdiz. Döyüşçü yoldaşların İlham, Əlövsət, Fərrux, Elxan, Mehman, Şakir… Yadına gəlr onlar? Bağışla, sənin yaddaşın mənəm axı…
-Yaddaşım çox dumanlıdır, ancaq, indi əynindəki paltarı görürəm. Təzədir, toy paltarına oxşayır… deşik-deçikdir, qan ləkələri var hər yerində.
-Sənin son döyüşdəki paltarındı da. Rəhmətlik atan almışdı. Novruz Bayramı ərəfəsində, bir il əvvəl. Sən də dedin ki, mənim bayramım düşmənlərlə döyüşdü, geyindin getdin davaya.
-Atam rəhmətə gedib? Nə vaxt?
-Sənin son döyüşündən bir gün əvvəl. Ermənilər kəndinizə basqın edib 27 nəfəri qətlə yetirəndə.
-Mən onda hardaydım?
-Döyüşürdün. Kəndi mühasirəyə almış yaraqlılarla, mühasirəni yarıb irəliləyirdiz. Qırxızın sıldırımlı qayalarının arasından daha bir dəstə çıxdı, qaranlıq düşənəcən döyüşdüz. Əvvəlcə komandiriniz Tabil, sonra ətrafındakı digər yoldaşların şəhid oldular. Həmin o dığa, Baqrat gizləndiyi yerdən çıxıb avtomatı tuşladı üstünə. Sən yerə yıxılana qədər atdı. Sonra dağlara sükut çökdü.
-Sonra? Sonra necə oldu?
-Baqrat sənin sağ olduğunu görüb, bunu özümüzlə aparacağıq, əzab verib həzz alacağıq, dedi… İndi sən danış, neçə vaxtdır burdasan? Yəni… bayaq dedim də, mən indi baş verənləri görə bilmirəm. Yalnız sənin ruhunun qalan hissəsi ilə birləşəndə, tam bir ruh olanda görə biləcəm hadisələri.
-Qayıt birləş də.
-Bu mümkün deyil. Sən ya tam ölməlisən, ya da dirilməlisən. Ölsən, fəzada, dirilsən, bətnində birləşəcəm ona.
-Mən ölmək istəyirəm, bura düşəndən elə an olmayıb ki, bunu istəməyim. Ancaq bir istəyim də var, torpaqlarımızın azad olunduğu günü görmək istəyim.
-Səni saxlayan da elə bu istəkdir. Ölmüsən, ancaq ölümə məğlub olmursan. Mən də elə bu səbəbdən sərgərdanam. Danış, bu sənin yaddaşının bərpası üçün faydalıdır.
-Mən qismən sağalmışdım. Məni də o biri dustaqlarla birlikdə işləməyə aparırdılar. İşgəncə verə-verə, həzz ala-ala. Soruş ki, haralara aparmırdılar, hansı ağır işləri gördürmürdülər. Gözəl, yaraşıqlı evlərimizi özümüzə sökdürüb daşıtdırırdılar. Ermənistandan, İrandan cürbəcür yük maşınları gəlirdi, əmlakımızı bizə yüklətdirib daşıyırdılar. Eh… Qaçmaq barədə fikirləşirdik. Cəhd eləyənlər də oldu. Onları öldürdülər. Hər bayramlarında bizim birimizi döyüb öldürürdülər. Bir gün mənə də növbə çatdı. Həyətə çıxarıb ağaca bağladılar, başıma dəmir verdə keçirdilər. Həyətdən cibimə yığıb gizli şəkildə kameraya gətirdiyim daşlarla məni vurmağa başladılar, beş-altı metrlikdən. Baqrat, Kotik (bilmirəm öz adı idi, ya ayaması), Baqratın arvadı Marine… hamısı başımı, yəni vedrəni nişan alırdı, danqıltı səsindən beynim silkələnirdi. “Bu türk bu daşlarla bizi öldürüb qaçmaq istəyir”- deyib gülüşürdülər. Əslində, o daşlar qaçmaq planımızın bir hissəsi idi, növbəti işə gedəndə müşayətçilərin gözlərini dələcəkdik o daşlarla… Yenə huşumu itirdim… Sonra yoldaşlarımdan məni ayırıb bu zirzəmiyə atdılar. Başladım burda çürüməyə. Bir gün Baqratdan soruşdum ki, məni niyə öldürmürsüz, dedi ki, sənin üstündə “eksperiment” aparırıq, görək türklər nə qədər tab gətirirlər işgəncələrə… Hərdən məktəbliləri gətirirdilər mənə baxmağa.
-Bəs nə yeyib, nə içirsən?
-Nə bilim, horradan zaddan. Qabaqlarından qalma ətli yeməklərin sür-sümüyündən. Gündə bir dəfə havaya çıxarırdılar, bir şüşə su verirdilər. Bir də ki, hərdən damarıma iynə vururdular. İynəni vuran da Marine idi. Bir dəfə soruşdum, bu nə iynədir, dedi, sən yoluxucu xəstəliyə tutulmusan. Sonra da dişlərini ağardıb dedi ki, “eksperiment” elə budur. Bioloji silahdır, adamı keyləşdirir və tədricən arıqladır, saçlarını, dişlərini tökür. Mən də dedim ki, dişlərimi, dırnaqlarımı çəkib çıxarmısız da, day bu nəyə lazımdır. Hırıldaya-hırıldaya çıxıb getdi.
-İndi sənin neçə yaşın var, neçə ildi burdasan?
-Məndən niyə soruşursan, özün bilmirsən?
-Yox, bayaq dedim axı səbəbini.
-Həəə… yadıma düşdü. Bir dəfə Baqratın otağını təmizləyəndə divarda təqvim gördüm, 2020 yazılmışdı. Hansı ay olduğunu oxuya bilmədim, ermənicə yazılmışdı. 17+28. Hə, elədir? 17 yaşımda bura düşmüşəm, 28 ildir burdayam.
Deməli 45 yaşım var. Ancaq… o vaxtdan neçə gün keçib, yadımda deyil. Neçə gündür ki, məni bayıra çıxarmırlar. Üç gündür ki, yemək də gətirən yoxdur. Suyum da qurtarıb. Yəqin öldüyümü düşünürlər. Sən də ona görə gəlmisən? Düzünü de, mən ölmüşəm?
-Yox, ölsəydin mənnən danışa bilməzdin. Bəlkə əksinə, dirilirsən, ömrünün üçüncü fəsli başlayır?! Hə?..
-Qulaq as, sən də eşidirsən?
-Nəyi?
-Atəş, partlayış səslərini. Yoxsa, dığalar yenə hansısa qələbəni bayram edirlər?!
-Mən eşidə bilmərəm. Nə qədər eyni şeyi təkrar edim sənə? Mən heç nə eşitmirəm, görmürəm. Mənim üçün gecə, gündüz, isti, soyuq yoxdur…
-Atəş səsləri lap yaxından gəlir. Ora bax, gözlükdə işıq şüaları yarandı. Aman Allah, gözlərim qamaşdı! Bu nədir belə, mən görürəm?.. Eyyyy… hara getdin? Ruh!..
Zirzəminin qapısı əcaib bir cırıltı səsi çıxartdı. İçəriyə şığıyan işıq seli onun gözlərini dələrək eyni anda beynini yüz yerdən iynələməyə başladı. Bu dəfə qulağına başqa bir səs gəldi:
-Qardaşlar, bura gəlin, burda kimsə var.

Ardı burada:   Müqəddəs Zəfər: 7-ci hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər: 5-ci hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 4-cü hekayə

Kürən təpəsi

              (Müqəddəs Zəfər: 5-ci hekayə)

Qəzənfər ərazidə yeganə salamat qalmış küknar ağacının altında oturub gözlərini məchul bir nöqtəyə zilləmişdi. Onun bu an nə barədə düşündüyünü ayrıd etmək çox çətin idi. Duyğusal adam idi, özü zarafat eləməyi xoşlasa da, “yersiz” zarafatdan tez inciyirdi. İndi gəl baş çıxart, hansı zarafat “yerli”di, hansı “yersiz”. Döyüşçü yoldaşları bunu yaxşı bildiklərindən, onunla zarafat edəndə ehtiyatlı olmağa çalışırdılar. Ancaq, elə məqamlar olurdu ki, zarafatsız ötüşmək olmurdu. Xüsusən də döyüş tapşırığına gedən ərəfələrdə. Əslində, bu elə tapşırıq qabağı nikbinləyə köklənməyin bir üsulu da bu idi. Di gəl…

Bayaqdan kənardan dostuna nəzarət edən Salehin deyəsən səbr kisəsi dolmaqda idi. Axı, Qəzənfər düz 3 saata yaxın idi ki, beləcə səssiz-səmirsiz oturmuşdu. Artıq günəş də yorulub dincini almaq üçün dağların arxasına keçməkdə idi. Belə də olmazdı axı. Bu gecə bəlkə də indiyə qədər yerinə yetirdikləri tapşırıqların ən mühümünün öhtəsindən gəlməli idilər. Hiyləgər bir yanaşma tərzi tapmaq lazım idi.

-Qardaş, görəsən, o yüksəkliyin zirvəsindən haralar görünür?! – Saleh, nəhayət ki, çıxış yolu tapa bildi. Çətini dialoqa başlayana qədər idi, sonra söhbətin axarını tutacaqdı.

-O yüksəkliyin? Sabah sübh tezdən özün görəcəksən.

-İnşallah! Yəqin Zəngilan, Qubadlı, Laçın…

-Yox, elə də yox. O şəhərlərə gedən yollar. Ən əsası isə Araz çayı.

-Araz da görünəcək? Nə gözəl!

-Hə, Arazı görəcəyik. O ki qaldı şəhərlərimizə, onlardan bir şey qalıb ki, görək də. Biz hələ üç ay əvvəl rəhmətlik Orxanla kəşfiyyata gedəndə… çox şeylər görmüşdük. Viranə qoyulmuş kəndlər, qəsəbələr…- sözünün ardını gətirə bilmədi, kövrəldi.

-Hə, qardaş, Allah rəhmət eləsin Orxana. Heyif, qələbəmizi görə bilmədi, heyif. Nə qalıb ey, qələbəmizə, dığaları həssəyə-həssəyə gedirik irəli… deyəsən axı yağacaq. Gör, göyün üzü necə tutulub.

-Yağsa yaxşıdır. Dığalar girəcəklər öz kaftar yuvalarına, nəzarət kameraları da korlaşacaq.

-Orası elədi ey, qardaş, ancaq yağışlı havada əməlyyat aparmaq da çox çətinləşir. Özün bilirsən də buranın palçığı necə olur…

-Olsun də, az döyüşmüşük belə şəraitdə? Qorxan gözə çöp düşər.

-Hə də, yağış bizim xeyrimizə işləyəcək.

-Kürənə də elə belə havada, tapşırıqdan qayıdanda rast gəlmişdik. Rəhmətliklə… Arxa sağ ayağından güllə yarası almışdı. Rəhmətlik götürdü onu qucağına, gətirdi müvəqqəti mövqeləndiyimiz yerə. Dava, dərman… sağaltdı onu.

-Bilirəm, Kürən sizin hər ikinizə də çox bağlanmışdı. Rəhmətliyi ağır vəziyyətdə hospitala yola salanda sanitar maşınının arxasınca düşüb yorulanacan qaçmışdı.

-O, məndən rəhmətlik barədə şad xəbər gözləyir. Mənalı-mənalı gözlərini mənə zilləyəndə az qalır ürəyim yerindən çıxsın. Necə deyim axı ona? Necə?

-Dur gedək, qardaş. Gedək bir az dincələk. Bəlkə bu gecə elə biz də şəhid olacağıq, kim bilir?! Gedəcəyik o müqəddəs yerə- şəhid qardaşlarımızın yanına…

-Ya qismət. Kürən iki gündür yoxa çıxıb, çox narahatam. Görəsən haralardadır, başına bir iş gəlməyib ki?!

-İnşallah, heç nə olmaz. Sabahda, biri gündə gəlib çıxar. Görəsən kimə rast gəlib də.

-Yox, Kürən bir qarın yeməyə bizi satmaz. Nəsə iş var başında…

-Ancaq, çox qəribə adı var ey, Kürən. Belə də ad olar?

-Nəyi qəribədi ki? Kürəndi də, a qağa. Rənginə uyğun da ad qoyub. Sən qəribə adlar görməmisən ey- Kolxoz, Traktor, Moskva, Yanvar…

-Yox bir Fevral… Özü də ki, adı görmürlər, eşidirlər.

-Fevral da var, Mart da, Aprel də… Bir də ki, o adı rəhmətlik özü qoyub ona. Kürən özü də öyrəşib bu ada, başqa adla çağır, görüm üzünə baxacaq. Ay baxdı ha… Sən məndə səhv tutursan, qağa?

-Yoo… Allah eləməsin. Dur gedək, sən bu qağavun canı.

Dialoq burda bitdi. Saleh dostunun qoluna girib onu çadıra apardı.

                                    ——-

Hava proqnozu özünü doğrultmadı. Yağış tez kəsildi, səma da aydınlaşdı. Ay da, ulduzlar da sanki, qəsdən daha parlaq olmuşdular. Bir şey ürəkaçan idi ki, yağış tozu torpağın canına hopdurmuşdu.

Qəzənfərlə Saleh tağşırıq üzrə döyüşçü yoldaşlarından bir saat əvvəl yola çıxmış, düşmənin gözləmədiyi istiqamətdən- minalanmış ərazidən keçərək kiçik təpəciklərin arxasında mövqelənmişdilər. Hər ikisi öz sevimli snayper tüfənlərini, ehtiyat daraqlar və 5 ədəd qumbara götürmüşdülər. Daha ağır silahlar isə arxadan gələn döyüşçü yoldaşlarında idi. Düşmən postu ilə onların arasında 50-60 metr məsafə olardı. Erməni hərbçilərinin hərəkəylərini aydınca görmək olurdu. Onlar səngərdə ora-bura vurnuxur, falisəsiz olaraq projektorun işığını şübhələndikləri istiqamətlərə yönəldir, həmin istiqamətlərə ara-sıra atəş də açırdılar. Sanki, “biz müdafiəmizi möhkəm qurmuşuq”- demək istəyirdilər. Əldə olunan kəşfiyyat məlumatına görə bu posta əlavə qüvvələr də cəlb olunmuşdu.

Nədənsə, tağım komandirinin “hücum” komandası gecikirdi. Adətən o, özü öndə gedir və ilk olaraq da özü atəş açırdı. Bu postun əhəmiyyətini dərk edərək düşmənin ciddi-cəhdlə müqavimət göstərəcəyini bilirdi. Hava zərbələrindən qorunmaq üçün beton istehkamları, səngər və tunelləri, kifayət qədər silah-sursatları vardı. Gündüz bu posta yaxınlaşmaq müşkül məsələ idi.

Qəzənfər ehtiyatla arxaya, döyüş yoldaşlarının gəldiyi tərəfə boylandı. Onlar sürünə-sürünə yaxınlıqdakı xəndəyə yaxınlaşırdılar. Düşmən tərəfdən tez-tez havaya atılan fişənglər ərazini əməllicə işıqlandırırdı. Hərəkəti çətinləşdirən də elə bu idi. Üstəlik projektorun işığı, atılan güllə və minamyot mərmiləri. Qəsdənmi, ya yoxlamaq məqsədiləmi mərmiləri sağa-sola yağdırıdılar. Qəzənfərgilin mövqeləndiyi təpə istiqamətində atılan mərminin biri onun lap yaxınlığına düşdü. Partlayışın dalğası onu havaya qaldırıb gizləndiyi yerdən 2-3 mert kənara atdı. Təpənin torpağı yumşaq olduğundan mərmi bir qədər dərində partlamışdı, qəlpələr ona xəsarət yetirməmişdi. Kürəyi və sümülkəri ağrıyır, qulaqlarında möhkəm gurultu vardı… Özünə gələn kimi tüfəngini axtardı. Tüfəng bir neçə metr kənarda idi. Lakin, həm də düşmənin aydın görə biləcəyi yerdə. Salehi səslədi:

-Saleh, hardasan? Salamatsan?

Salehdən cavab gəlməyəndə başını qaldırıb ətrafa göz gəzdirdi. Sağına, soluna güllələr yağmağa baışladı, onu görmüşdülər. Ancaq Salehi görə bildi. Deyəsən o xəsarət almamışdı. Qəzənfərə nə isə deyirdi. Qəzənfər eşitmədiyini indi dərk etdi.

-Saleh, qardaşım, mən heç nə eşitmirəm, tüfəngim də düşüb odu ey, qabağa. Mənə diqqətlə qulaq as. Dığalar məni gördülər. Məncə, məni vurmaq istəyən snayperçidir. Çalış, onun yerini müəyyənləşdir və gəbərt o itin balasın. Mə də çalışacam ki, tüfəngimi götürüm.

-Kürən…

Yalnız indi Salehin səsini eşitdi.

-Nə? Kürən? Hanı?

-Qabağa bax, qardaş.

Başını qaldırıb qabağa baxdı. Kürən sürətlə ona tərəf qaçırdı, kürəyndə də bağlama vardı.

-Bu nə deməkdi, qardaş? Kürənin kürəyindəki bağlama… olmaya partlayıcıdır?!

-Oxşayır ki, elədir.

Kürən təpənin üstünə çatanda aralarında 3-4 metr məsafə qaldı. O, Qəzənfəri görcək dayandı.

-Kürən…

Kürən gözlərini onun gözlərinə zilləyib baxırdı. Ancaq bu tamam başqa baxış idi. Qəznfərə elə gəldi ki, Kürənin gözlərində yaş düyünlənib. Kürən dönüb geriyə, sonra yenə də Qəzənfərə baxdı. İndi anladı, bu vida baxışıdır…

Saniyələr ötdü, Kürən geriyə dönüb sürətlə gəldiyi istiqamətdə qaşmağa başladı. Ətrafa ani sükut çökdü. Sanki, dığalar çaş-baş qalmışdılar, gözləmədikləri halla qarşılaşmışdılar.

-Saleh, qardaş, diqqətli ol. Onlar vəziyyəti anlayan kimi snayperlə Kürəni vurmağa çalışacaqlar. Qabaqla onları, tap o oğraşı.

Saleh ilk olaraq projektoru vurdu. Qəzənfər cəld qabağıa sıçrayıb tüfəngini götürdü.

-Allaha şükür, tüfəng salamatdır. Qardaş, sən atmağında davam elə.

Salehin ikinci atəşindən sonra yenə ani olaraq sükut yarandı. Bu dəfə pulemyot işə düşdü. Qəzənfər onun yerini asanlıqla müəyyənləşdirə bildi. Onun atəşindən sonra yenə ani sakitlik yarandı. Pulemyot yenidən işə düşdü.

-Saleh, pulemyot…

Saleh bu dəfə pulemyotçu istiqamətində atəş açdı. Qəzənfər isə diqqətlə Kürəni izləyirdi. Onun sürətini yavaşıtdığını, sıçrayışa hazırlaşdığını aydınca hiss etdi. Kürən təkan verib havaya qalxdığı anda “Bağışla məni dostum”- deyib tətiyi çəkdi. Partlayış o qədər güclü oldu ki, dalğası Qəzənfərgiləcən gəlib çatdı. Görünür Kürən mərmilərin saxlanıldığı yerə atılmışdı, çünki, səngərin içində bir-birinin ardınca partlayışlar baş verirdi. Arxadan, döyüşçü yoldaşlarının mövqeləndiyi yerdən də ardıcıl olaraq atəş səsləri gəlirdi. Onların atdığı qumbaraatan mərmiləri də partlaşlara əlavə təkan verirdi. Kapitan Sübhan Cahangirlinin komandası aydın eşidilirdi:

-Qardaşlarım, ardımca! Allahü Əkbər! Haydı, qardaşlarım! Axırına çıxağın bu qaniçənlərin!

                                    ——

…Günəşin şəfəqləri seyrək otların, xirda kolların saçaqlarından sallanan şeh damcılarını parlaq rəngə boymışdı. Ətrafda yalnız səliqə-sahman yaradan əsgərlərin yaratdığı səslər və arabir özlərinin danışıq səsləri eşidilirdi. Saleh daha iki nəfər əsgərlə şəhid olmuş və ağır yaralanmış döyüşçü yoldaşılarını sanitar maşınına qədər aparıb geri qayıdırdı.  Ətrafa göz gəzdirdi, Qəzənfəri görə bilmədi. Kapitana yaxınlaşdı.

-Komandir, Qəzənfəri harasa göndərmisiz?

-Mən yox, özü gedib. Odu ey, o təpənin başındadı, gecə mövqeləndiyiniz yerdə. Kürənin qalıqlarını yığıb apardı basdırmağa. Deyir, o təpənin adını “Kürən Təpəsi” qoyacam. Mən də ki, humanist adamam, neynim, etiraz eləmədim.

-Allah köməyiniz olsun, komandir!

-Bu zirvənin də adını mən qoydum- “Orxan Zirvəsi”. O rəhmətlik kəşfiyyatdan qayıdanda, bax, o yolla qayıdırdıq, düşmən gülləsinə tuş gəldi. Bizim barədə bu posta xəbər veriblərmiş, elə burdan birinci onu snayperlə vurdular. Bir saatdan artıq, bizə dəstək gələnəcən döyüşdük. Dığaların azı on nəfərini cəhənnəmə göndərdik, onlara əlavə dəstək gələnəcən biz buranı tərk elədik. Qəzənfərlə köməkləşib Orxanı apardıq sanitar maşınına qədər. Hə, onu da deyim- bir də gördük ki, Kürən yanımızdadır.  Çox cəsarətli və sadiq idi. Kəşfiyyata gedəndə bizi gizlicə müşayət edirdi. Hərdən köməyimizə də gəlirdi, minalanmış ərazilərə yaxınlaşanda Orxan onu buraxırdı qabağa. Minanı tapıb otururdu yanında, bizi gözləyirdi. Neçə dəfə belə olmuşdu. Orxana çox bağlanmışdı, ancaq ona qulaq asırdı. Rəhmətlik onu çox qabağa getməyə qoymurdu, buralarda gizlənib geri qayıtmağımızı gözləyirdi. Bəlkə də elə bu səbəbdən gəlibmiş buralara- Orxanın yaralandığı yerə, onun iyini almağa, ziyarətə… Dığalar aldadıb tutublarmış yəqin onu. Kürənin xətrini hamımız çox istəyirdik. Ən çox da ki, rəhmətliklə Qəzənfər. Nə isə… Allah Orxan qardaşımıza rəhmət eləsin! Yaxşı yoldaş, yaxşı döyüşçü, yaxşı da zabit idi. Baş leytnant rütbəsini müharibə ərəfəsində almışdı.

-Ruhu şad olsun!

Amin!

-Komandir, siz Allah bağışlayın ey, bir söz də soruşum, sonra gedəcəm Qəzənfər qardaşıma kömək eləməyə. Amma…

-Nə amma?

-Qolunuzdan qan axır ey, yaralanmısız.

-Boş şeydir, qəlpə dəyib. Bu barədə sus. 3 nəfər şəkil kimi cəngavər itirdik, 8 yaralımız var. Bax bu daha ağır yaradır.

-Allah hamısına rəhmət eləsin! Görünür şəhid olmaq hələ ki, bizim qismətimiz deyil.

-Ya qismət. Yaxşı, soruş görüm.

-Komandir, Qəzənfər deyirdi ki, bu yüksəklikdən Araz görünəcək,yəni, görünür…

-Hə, düz deyib, yaxşı baxsan, görərsən. Bir az sağa fırlan.

-Görmürəm axı.

-Bir az da, təxminən 45 dərəcə, Kürən Təpəsinə tərəf.

-45 dərəcə? Komandir, hökmən 45? 44 olmaz?

-44? Rəqəmə bax ey- 44. Yaxşı, olsun 44.

Ardı burada: Müqəddəs Zəfər: 6-cı hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər: 4-cü hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 3 -cü hekayə

Qayalıqda tənha ağac

(Müqəddəs Zəfər: 4-cü Hekayə)

            -Ata, ata… qalx ata, işin yarımçıq qalıb… İşini qurtaranda mənə yağlı boya, bir də fırça alarsan. Yaxşı ata? Özü də heç kimlə göndərmə, özün gətir. Yaxşı?

            -Yaxşı mənim mələk balam, özüm gətirəcəm.

            -Söz verirsən? Bax, anam da yanımdadır, o da eşidir.

            -Hə, Turan, mən də şahidəm. Mələk qızımızın sözünü yerə salma, yoxsa…

            -Yoxsa nə? İnciyərsən? Yox gözəlim, mən buna imkan vermərəm… nə də dözə bilmərəm…

            -Mənim mərd balam! Qalx, get vədinə əməl elə!

            -Ana, sənsən? Nə qəribə geyimdəsən? Saçların rəngində…

            -Burda hamı belə geyinir, mənim balam. Qalx igidim, işini sona çatdır!

            -Qalxa bilmirəm ana…

            -Ata… qalx da… fırça, boya yadından çıxmasın haa…

            -Neynirsən onları qızım?

            -Şuşa Qalasının şəklini çəkəcəm.

            -Şuşa Qalasının? Sən Şuşanı görmüsən ki, mələk qızım?

            -Həə, görürəm, indi görürəm. Qan içindədir… karandaşla cizgilərini də çəkmişəm… sən də ordasan…

            -Göstər görüm! Bəs o səmadakılar nədir? Heç quşa oxşamırlar…

            -Quş deyillər, ata. Onların ürəyi dəmirdəndir, qanadlarında ölüm daşıyırlar… Sən öz işini sona çatdır ki, onlar da yenidən quşa çevrilsinlər… qalx ata!

            -Qalx Turan! Qalx, mənim həyatım!

            -Qalx oğlum! Qalx igidim! Yoldaşlarını darda qoyma… sən onların son ümidisən…

            -Hara gedirsiniz? Ana! Məni də gözlə!

            -Yox! Sənin üçün bura gəlmək hələ tezdir. İşini başa çatdır…

            -Ana… Aysel… Mələk…

            … Əlli cürə səsin qarışığından beyni az qalırdı ki, parça-parça olsun. Özündən ixtiyarsız olaraq əlləri ilə başını var gücü ilə sıxırdı… Sıxdı, sıxdı və birdən bərkdən, lap bərkdən bağıraraq gözlərini açdı. Səsi qayalara çırpılıb qulaqlarına dolanda ayıldı. Başının üstündən Şuşa Qalasına tərəf uçan raketlər sanki mərmilərlə bəhsə girmişdilər… Onu ayılmağa sövq edən hansı qüvvə idi? Doğmalarının çağırışı, başı üzərindən sürətlə uçan mərmilərin, ya qulaqlarının uğultusu, yoxsa?… yoxsa öz bağırtısı, qəlbinin hayqırtısı?…

            Nə olmuşdu, necə olmuşdu, indi o hardadır, niyə belə taqətsiz şəkildə uzanıb, onu saxlayan nədir, niyə qolları havadadır?… Əlləri salamat idi, ilk olaraq bunu dəqiqləşdirə bildi- əllərini yuxarıya qaldırıb öz gözləri ilə gördü. Bədəni, ayaqları daş kimi idi, keyimişdi. Təkcə sağ dabanında küt ağrını hiss edirdi. Yadına düşdü: onu güclü partlayışın dalğası geriyə tullayanda sağ dabanı nəyəsə ilişmişdi… bir də ki, havada uçduğu yadına düşdü… arxası üstə uçurdu… sonra… şaqqıltı səsi… onu kimsə qucağına alıb yuxarıya tulladı, yenidən qucağına aldı. Bu qucaq anasının qucağına həm bənzəyirdi, həm də yox- həm yumşaq idi, həm də yox… sonrası yadında deyildi… Sağ ayağı sallaq vəziyyətdə idi, sol ayağı nəyəsə ilişmişdi, başının üzərində nə isə yellənirdi. Bu ağac budağı deyildimi?! Budağı yana itələyib başına qaldırmağa cəhd elədi, başı çox ağır idi, 27 il çiyinləri üzərində şəstlə gəzdirdiyi başından çox-çox ağır idi. Lap zindan da olsa qaldırmalı idi, qaldıracaqdı, nəyin bahasına olursa olsun qaldırmalı idi ki, ətrafı müşahidə edə bilsin. Əllərini qabağa uzadıb başqa bir budaq tapdı, ondan bərk-bərk tutub özünə tərəf dartdı. İlk gözünə görünən qayalıq oldu- o, qayalıqdan asılı vəziyyətdə qalmışdı… Çətinliklə də olsa, oturaq vəziyyəti ala bildi. Ətrafa boylandı, ehtimalı tam təsdiqini tapdı- qayalıqdan sallanan bu ağac onu parça- parça olmaqdan xilas etmişdi. Bir neçə saat ərzində cəhənnəmə göndərdikləri onlarla ermənilərin leşlərindən fərqli olaraq onun cəsədinin qalıqları qurda-quşa qismət olmamışdı- Yaradana çox şükür! Bəs bu nə ağacı idi, belə şəraitsiz yerdə, qayaların şahlıq elədiyi bir məkanda necə bitib böyüyə bilmişdi? Gövdəsi Turanın biləyi qalınlığında olan bu ağac onun ağırlığına necə tab gətirmişdi?… Yulğun ağacının möhkəm və elastik olduğunu bilirdi. Rəhmətlik anasının yun çubuğu yulğun ağacının nazik budağından hazırlanmışdı. Bəs bu ağac?… özü də iynəyarpaqlı. Əgər meşə ağacı idisə, tikanları olmalı idi. Elə tikanlar ki, Turanın zirehli jiletinin metal lövhələri arasından da olsa özünə yol açıb onun bədənini deşməyə qadir tikanlar… Müvazinətini düzəldib qayalara tərəf irəlilədi. Daşlardan tuta-tuta yuxarıya qalxdı. Yolun kənarında dabanını zədələmiş daşı tanıya bildi. Çəkməsinin daban hissəsində daşın izi, daşın baş hissəsində isə çəkmənin izi qalmışdı. Snayper tüfəngi də daşa söykənib sahibini gözləyirdi. Sanki Turan özü söykəmişdi. Bilirdi ki, tüfəngdə güllə yoxdur. Elə bu səbəbdən də yola çıxmışdı- erməni leşlərinin ətrafında sahibsiz qalan silahlardan ən azı birini götürmək üçün. Lakin yaxınlıqda partlayan mərmi buna imkan verməmişdi… Yadına düşdü ki, mərmi Qismətin mövqeləndiyi yerin lap yaxınlığında partlayıb. Dərhal yolu keçib Qisməti axtarmaq istədi. Lakin Xankəndi istiqamətindən gələn tankın üstündən başına yağdırılan pulemyot güllələri buna imkan vermədi. Cəld bayaq ona badalaq atmış həmin daşın arxasına uzandı, daş indi onun xilaskarına çevrildi. Əlini kitelinin ürəyinin üstündəki cibinə saldı. Hər ehtimala qarşı saxladığı sonuncu güllə yerində idi. Döyüş yoldaşları hamısı belə edirdi, hələ üstünə ad və soyadlarının baş hərflərini də həkk edirdilər- hər ehtimala qarşı… Düşmən onu görmüşdümü, aydınlaşdırmaq mümkün deyildi, çünki, o, güllələri yol boyu sağa-sola səpələyirdi. Turanın isə yalnız bir dəfə atəş açmaq şansı vardı, yalnız bir dəfə… Güllə dığanın alnının ortasından dəydi, pulemyot dərhal susdu. Tank irəliləməkdə davam edirdi. Turan fürsətdən istifadə edib badi yoldaşının mövqeləndiyi yerə tələsdi. Lakin, gördüyü mənzərədən çox sarsıldı- Qismət şəhid olmuşdu, onun qumbaraatanı da bu səbəbdən susurdu…

            -Qardaş! Niyə belə etdin, qardaş? Axı biz söz vermişdik- Cıdır düzündə, İsa bulağının qarşısında, Gövhər Ağa məscidində namaz qılıb önündə… şəkil çəkdirəcəydik… döyüşçü yoldaşlarımızla sənin toyuna gələcydik. Qardaş! Niyə əhdinə vəfasız çıxdın?…

            …Tank yaxınlaşmaqda davam edirdi. Qismətin cəsədini arxası üstə yerə uzatdı, öz jiletini çıxarıb onun üstünə sərdi, bir ucu ilə üzünü örtdü. Qumbaraatanı götürüb yola çıxdı.

            -Gəlin alçaqlar, görün qardaşlarımın qisasını sizdən necə alıram.

            Bir qədər əvvəl Qismətin vurduğu, hələ də tüstülənən tank yolu bağlamışdı. Barıt iyi, yanmış cəsdlərin iyi bir-birinə qarışmışdı. Xankəndidən üzü yoxuşa, Şuşa istiqamətində qalxan asfalt yol  belə cəsədlərin və alovlanan hərbi texnikaların aqibətinə şahidlik edirdi… Bu, yəqin ki, ermənilərin son həmləsi idi.

            Turan bayaq arxasında uzandığı daşın yanında dayanmışdı, qumbaraatanı tanka tərəf tuşlayıb onun məhz tüstülənən tanka yanaşmasını gözləyirdi. Tank da elə həmin yerdə, Turanın istədiyi yerdə dayanıb lüləsini onun istiqamətinə yönəltmişdi. Mərmilər hər iki lülədən eyni anda çıxdı. İki mərmi qarşı-qarşıya uçurdu. Yolda bir-birlərinə tuş gələcək, ya yandan ötüb məqsədlərinə doğru irəliləyəcəkdilər? Hansı daha sürətli idi, ünvana daha tez çatacaqdı?…

            Turan qumbaratanı qayalıqdan aşağı tullayıb özü də ardınca atılmışdı. Bu dəfə könüllü olaraq qayqlıqdan sallanan bayaqkı xilaskarına pənah aparırdı. İldırım sürətilə üstünə uçan mərmi buna imkan verəcəkdimi? Yol kənarındakı kollardan, üzü aşağı qaya daşlarından, uçurumun sonundakı ağacların budaqlarından sallanan, hələ qanları axan cəsədlərə, ya da ki, cəsəd qalıqlarına bənzər bir hala düşəcəkdimi? Əgər bütün bunlar heç biri baş verməsydi, bayaqkı ağac, həmin ağac, qayalıqda bitmiş o tənha ağac yenə də onun xilaskarına çevriləcəkdimi?!..

            Turan son dəfə üzünü çevirib qala divarlarına tərəf boylana bildi. Bu o qədər ani bir zaman kəsiyində baş verdi ki, heç ən müasir elktron cihazlar belə həmin anın yaratdığı aydınlığı yaddaşında əks etdirməyə macal tapmazdı. Qala divarlarının başı üzərində səma tər-təmiz idi, daha o istiqamətdə dəmir  ölüm quşları görünmürdü. Əks tərəfdə bir tank qülləsi alov donuna bürünüb uçuruma doğru yuvarlanırdı. Turan isə, hansı səbəbdənsə, qayalığı özünə yurd eləmiş o tənha ağaca pənah aparırdı…

Ardı burada: Müqəddəs Zəfər: 5-ci hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqəddəs Zəfər: 3 -cü hekayə

Əvvəli burada: Müqəddəs Zəfər: 2 -ci hekayə

Keşləli Qaregin

     (Müqəddəs Zəfər: 3-cü Hekayə)

Bir günlük antiterror əməliyyatı uğurla başa çatsa da, hələ də yaşayış məntəqələrdə gizlənən silahlılar mövcud olduğu üçün xüsusi yoxlanış qrupları yaradılmış, təmizləmə işləri aparılırdı. Yəqin ki, hələ bir neçə gün də gərginlik davam edəcəkdi…

            …Mayor Ağaxan Qədirbəyli bu günkü “təmizləmə əməliyyatı”nın başa çatdığını elan elədi. Əsgərlərinə bir güllə da atmadan zərərsizləşdirdikləri sepatçıları qərargaha aparmaq tapşırığı verib, özü piyada yola düşdü. Üç günün yorğunluğunu canından belə çıxarmaq istəyirdi- özü ilə tək qalmaqla. Özü ilə tək qalanda ruhundan çıxan yoğunluq yavaş-yavaş canını da tərk edirdi. Həm də yolüstü yaxınlıqdakı posta baş çəkmək istəyirdi…

            …Bugünkü iş gününün yorğunluğunu çıxarmaq üçün Günəş də Qırxqız dağının arxasında dincini almağa başlamış, ardınca soyumaqda olan al rəngli şəfəqlərini də yığışdırmaqla məşğul idi. Ağaxan da elə o şəfəqlərin arxasınca düşüb, kənddən yamaca dırmanan torpaq cığırın sağa-sola əyilməklə, ara-sıra sıxlaşan böyürtkən kollarının arasında yolçusunu azdırmağa çalışan döngələri ilə irəliləyirdi. Cığırın sağında, kolların arxasında kahaya, ya da ki, qazmaya bənzətdiyi lal qaraltı və ətrafında dincliyi ərşə çəkilmiş digər iki qaraltı nəzərini çoxdan cəlb etmişdi. XTQ mənsubu belə şübhəli məqmları diqqətdən qaçıra bilməzdi. Ağaxan da XTQ mənsubu olaraq elə həmin andan kabusa çevrilmişdi. Təkcə kabus yox, həmin andan o həm də mahir ovçu, ora-bura vurnuxan qaraltılar isə şikar idilər. Həm də bu kabus olduqca həssas, olduqca diqqətli və ehtiyatlı idi. Qaraltılara yaxınlaşdıqca onların hansısa çirkin bir planın icraçıları olduqları aydın hiss olunurdu. Həzin səmt küləyinin gətirdiyi pıçıltı səsləri bunu bir daha sübut edirdi. Bu səsləri eşidə bilmək üçün öz şikarlarına lazımi qədər yaxınlaşmışdı. Hətta payız ömürlərini başa vurmuş, ana bətnini tərk edərək torpağa qovuşmaq eşqilə ona pənah gətirmiş saralmış yarpaqların bu nankor qaraltıların ayaqları altındakı iniltili xışıltısını da eşidə bilirdi. Təkcə susan lal qaraltı idi ki, nəhayən o da cırıltı və taqqıltı səsləri ilə özünün dəmir qapı olduğunu biruzə verdi. Ardınca onun yoxa çıxma prosesi baş verməyə başladı. Qısa zaman kəsiyində o, aşağıdan başlayaraq üzü yuxarıya doğru kol-kosa və ağac budaqlarına çevrildi…

Ağaxan indi dinc dayanmayan, lal qaraltıdan istiqamət götürüb irəliləyən qaraltıları ürkütməmək üçün onların izi ilə daha ehtiyatla, səsiz-səmirsiz hərəkət edirdi. Qaraltının biri hərdən parıltı verir, digəri isə daşıdığı yükü gah qucağına alır, gah da çiyninə aşırır, hər dəfə də cürbə-cür məxluqlara bənzəyirdi. Onlar tülkü məharəti ilə pusa-pusa həmin cığırın yoxuşunda daha da görünməz olurdular. Bu yoxuşun daha çox hərəkətli olan köhnə asfalt döşəməli yola bitişməsinə az qalırdı. Qaraltılar hündürdə yerləşən döngəyə çatıb sal daşlar arasında tam görünməz oldular. Adamdan çox böyük olan bu daşların arasından asfalt yol nişangaha çevrilirdi. Bu isə Milli Ordumuza məxsus hərbi texnikaların Ballıca istiqamətində hərəkət etdiyi yolun pusqu altında olması demək idi.

            …Yaxınlığından keçəndə o, lal qaraltının qazma sığınacaq yeri olduğunu müəyyənləşdirmişdi- belə düyünləri açmaq XTQ mənsubu üçün adi hal idi. XTQ mənsubunun gözü qartal gözündən iti, pəncəsi ayı pəncəsindən güclü, ayaqları bəbir ayaqlarından yüyrək, sıçrayışı aslan sıçrayışından vahiməli, qəzəbi qasırğa qəzəbindən şiddətli olur. XTQ mənsubu xəyanəti bağışlamaz; dost dediyini darda qoymaz; yaralısını, şəhidini hərb meydanında atıb qaçmaz; başladığı işi yarımçıq saxlamaz. XTQ mənsubu olmaq- ən çıxılmaz vəziyyətdən çlxlş yolu tapmaq, ən mühüm anda qərarların ən düzgünü qəbul etmək, məqamında Tanrı qədər mərhəməti olmağı bacarmaq deməkdir…

            Qabaqdakı çaxır çəlləyinə oxşayan qaraltı daşların ən hündürünün üstünə sərilib əlindəki başı uzunsov toppuzu xatırladan alətin uzunsov-şiş ucunu yola sarı tuşlayıb yerini rahatlamaqla məşğul idi. İkinci- uzaqdan quyruğu hərdənbir parıltı verən gecə böcəyinə bənzəyən, yaxınlaşdıqca isə daha çox qurdun pəncəsindən güclə qurtulmuş yaralı quyruğunu qucağında gizlətməyə çalışan tülkü kimi pusa-pusa sal daşların ayaqları altda gizlənməyə münasib yer tapmağa can atır, aradakı boşluqdan oğrun-oğrun yola baxır, öz tülkü məqamının yetişməsini gözləyirdi.

            Əsgərlərimizi gecə növbəsinə aparan hərbi yük maşını yaxınlaşmaqda idi, iki-üç dəqiqə yetərli idi ki, qumbaraatanın nişangahına çevrilsin. Artıq mövqelənmiş qaraltıların öz alarında 7-8 metrə qədər məsafə olardı. Onların birini atəşlə məhv etmək, ikincisinin hədəfinə çevrilmək təhlükəsi yaradırdı. Çaxır çəlləyini dəlikləyib ikinci tərəfi nişangaha götürənə qədər tülkü bicliynin güdazına düçar olar, əksinə hərəkət etsəydi onda digərinin hədəfinə çevirərdi. İstənilən halda yük maşını hədəf olaraq qalacaqdı. Vaxt isə, alıcı quş cəldliyi ilə, artıq bir neçə addımlığına çatdığı birincini, yəni, çaxır çəlləyini zərərsizləşdirməyə çatardı. Tülkü aşağıdan boylanıb nə baş verdiydini anlayana qədər çaxır çəlləyi iy verməyə başlayardı…

            …Ağaxanın illərin gərgin məşqləri, təlimləri sayəsində bu an məngənəyə çevrilən güclü qollarının arasında sıxılmış çaxır çəlləyi heç çabalamağa da imkan tapmadı. Çünki Ağaxan onun boynunu sıxırdı, üstəlik peysərinə necə zərbə vurmuşdusa, daşa dəyib yerbə-yerdən deşilmişdi. Ardınca donuz boynu arxaya burulanda “qulunc sındırılması” səsi ilə xırçıldamışdı. Elə həmin andan da başı ilan ağzında sıxılan qurbağanın ətraflarını xatırladan qolları və qıçları əsim-əsim əsirdi. Ağzından tökülən maye köpüklü çaxırı xatırladırdı. Ağaxan üçün bu səhnəyə tamaşa eləmək maraqlı deyildi, buna heç vaxtı da yox idi. İndi tülkü ovuna çıxmağın vaxtı idi.

            Qoca və qozbel tülkü yuxarıda nə baş verdiyini anlamağa macal tapmamış qarşısında ölüm hökmünün surətini gördü.

            -Бросай автомат и подними руки, старик!

            -Qurban olum, turksan?

            -Türkəm qoca, at silahı yerə, əllərini qaldır ki, boş olduğunu görüm.

            -Başım usta, qurban olum.

            -Çıx tülkü deşıyındən, cəld ol!

            -Başım usta, qurban olum.

Ağaxan yaxınlaşmaqda olan qocanı yaxalayıb yerə yıxdı, qollarını qocanın öz kəməri ilə arxadan bağladı. Bu an yük maşını da şütüyüb onların yaxınlığından keçib getdi. Ancaq maşındakılar onları görmədilər, görə də bilməzilər, aralarında sal daşlar dayanmışdı.

            Qocanın avtomatını da götürüb çiyninə keçirdi. İndi onun çiynindən üç silah asılmışdı, öz avtomatı, qocanın “Kalaşnikov”u, bir də çaxır çəlləyinin qumbaraatanı. Qocanın silahına etibar etmədiyi üçün öz silahını çiynindən çıxarıb qocanın üstünə tuşladı:

            -Qoca, düş qabağıma, bayaq çıxdığınız qazmaya gedirik.

            -Hansı qazmaya, qurban olum? Qazma nadir?

            -“Qurban olum” kəlməsini bir də işlətmə qoca, aydındır?

            -Başına donum, san neca desan, man edaram.

            -Yeri.

            Gəlib qazmaya çatdılar. Qocanın qollarını açdı.

            -Qoca, o kol-kosu təmizlə və qapını aç.

            Qoca dinməzcə kolları kənara yığdı, təzəcə rənglənmiş dəmir qapı göründü.

            -Qoca, kol-kos şəklini niyə çəkmisiz bu qapının üstünə, uzaqdan seçilməsin deyə?

            -Başına dönum oğul, manim ela şeylardan başım çıxmaz ha.

            -Yaxşı, çıxar açarı aç qapını.

            -Manda haçar na gazir, ay oğul?

            -Ay…-kişi deməyə dili gəlmədi.- aç də. Axırıncı sən çıxdın bu deşıkdən.

            -Haa? Qoy baxım ciblarima… qocalmışam da… haa…

            -Tələs görüm. Qocalmısan, get otur xarabanda, buralarda nə sü…. aç görüm, cəld ol,- Ağaxan onun ciblərini axtaranda açarı qəsdən götürməmişdi.

            Qoca guya açarı xeyli axtardı. Nəhayət Ağaxanın qəzəbinə tuş gələcəyini hiss edib şalvarının cibibdən “tapdı”, qapını açdı. Ağaxan qumbaratanı açıq qapıdan içəriyə tuşladı. Gözaltı qocanı süzürdü, o, rəng verib- rəng alırdı.

            -Başına dönum oğul, atma. Orda çoxlu snaryad var, ikimiz da ölarik…

            -Bəlkə silahdaşlarındı orda, qoca?! Çəkil kənara.

            -Yox, qurban olum, olar qaçıblar.

            -Bəs sən niyə qaçmadın? Qoşulub onlara gedəydin də.

            -Manim dardim ağirdir, ay bala… manim oğlum burda ölub- 2020-də, onu axtarıram…

            -Burda olub, ya ölüb? Anlaya bilmədim.

            -Ha daa… ölub… meyidini tapa bilmiram… sanin kimi cavan idi…

            -Qoca, ağzına gələni danışma, mən Vətənimi qoruyuram, siz nə sü… veyillənirsiz burda?

            -Buy, qadan alım, man da Bakidanam da… Bakidan, Keşladan…

            -Deyirəm axı, bizim dili harda belə öyrənmisən. Bəyənmədiniz bizi, bu da axırı.

            -Ha bala, biz nankor çıxdıq. Ehh… Bakida ela dostlarım qaldi… Burnumun ucu göynayir… Neca dostlar qaldi… Mani Keşlada hami taniyirdi. Man Keşlali Qaragenam…

            – Keşləli Qaragen? Bu ad mənə tanış gəlir. Sənin həyət evlərin vardı, kirayəyə verirdin?

            -Ha, vardi. Montin bazari eşitmisan? Düz onun yaninda on otağim vardi. Hamisıni da kiraya verirdim. Arvdimin da doqquzmaratabada manzili vardi…

            -Dayan, dayan… sən məni çaşdırdın. Arvadının adı Roza  idi?

            -Ha, Roza idi, man ona  Rozanna deyirdim, haa…

            -Vay səni, dünyanın işinə bax ey… Çəkil qapıdan qoca.

            Qoca dizlərini yerə atıb yalvarmağa başladı:

            -Qurban olum, atma. Orda lap çox snaryad var, qranata var, minamyot var… çox şey var. Partlasa, tikamız da tapilmaz…

            -Nə çox istəyirsən canını qoca?

            -Sana da qiymiram da, qurban olum.

            -Dedim ki, mənə “qurban olum” demə. Aydın olmadı sənə?

            -Ha, oldu, demaram. Sandan soruşum qoy, Rozannanı hardan taniyirsan?

            -Mən uşaq olanda onun mənzilində kirayədə qalmıışııq. Onda beş yaşım olardı.

            -Ha, yadinda qalib deməli. Çox xeyirxah arvad idi. Sizi da qonaq saxlayib. Yağın Çapayevdaki manzilin deyirsan. Ay sani balaca, man sani orda gormuşdum. Haa… Atanın adı… görum… Mir…. ara, seyid adi idi da. Ona dedim ara, gal sana Montinda hayat evi verim yaşa da. Galmadi ki… ara, nə idi onun adı? Mir…

            -Mirağa. Atamın adı Mirağadır. Səni görsə, dəqiq bilirəm ki, boğub öldürər. Arvadının hayfını səndən çıxar. Arvadın hardadır, o da buralarda gizlənib? Bəlkə bu kaftar yuvasındadır, hə?

-Allaxin raxmatina getdi, oğlumun dardina doza bilmadi…

            Qoca hönkürüb göz yaşlarını axıtmağa başladı.

            -Yaxşı, sakit ol görək. O yaxşı dediyin arvad atamdan 6 ayın pulunu qabaqcadan almışdı. Hələ mətbəxi də atama təmir elətdirmişdi. 6 ay tamam olmamış mənzili satıb getdi Moskvaya, bizi də atdı çölə. Gedib Moskvadan uzun uzadı bir şikayət ərizəsi yazdı. Az qalmışdı mənzili alanı damlasınlar. Şahidlərin köməyi ilə, bir də ki özünün sənədlərə atdığı imzalar üzə çıxandan sonra işə xitam verildi.

            -Ara, man hardan bilim bu işlari? Ara, böyraklarım partlayir, qoy gedim peşap elayim. San Allah icaza ver.

            -Sən Allah tanıyırsan, qoca?

            -Ela da taniyiram ki. Atam dindar olub, ona gora adimi Qaragen qoyub da.

            -Hə, əvvəlcədən bilirmiş də, keşişinizin adı Qaragen olacaq.

            -Keşişlarimizin adi ya Vazgen olur, ya da Qaragen,- qoca qımışdı, eybəcər seyrək dişləri göründü.

            Ağaxan başı ilə “get” işarəsini verdi, tapşırdı ki, uzağa getməsin, nişangahdadı.  

            Ağaxan onunla ovladığı siçanla oynayan pişik kimi davranırdı. Bu qoca tülkünün gözlərindən həm biclik, həm qəddarlıq, həm satqınlıq, həm şərəfsizlik, həm də oğraşlıq yağırdı. Onun yazıq, rəzil görkəminin arxasında çox əzazil, yırtıcı, həm də çoxlu məlumatlara malik olan amansız bir düşmənin gizləndiyini də əminliklə bildirdi. Elə bu məqsədlə də ona səhv, yaxud səhvlər etməyə şərait yaradırdı. O səhvləri isə yalnız XTQ mənsubu aşkarlaya bilərdi.

                                    Tülkü, tülkü təmbəki,

                                    Quyruğunda nəlbəki…

            Ancaq bu qoca tülkünün quyruğundakı nəlbəki deyil, ölüm silahı idi. Öz tülkü bicliyi ilə quyruğundan onu götürüb tülkü qollarının arasında gizlətməyə çalışsa da, Ağaxan qartal baxışları ilə onun 45 mm-lik avtomat silahı olduğunu dərhal müəyyənləşdirmişdi. Qocanı tərksilah edəndən sonra ciblərini axtarmış, tipik erməni iyi verən gödəkçəsinin sağ yan cibindən “Makarov” tapançasını, sol yan cibindən xəritəni və qoltuq cibindən sənədlərini tapıb çiynindən asdığı çantaya, çaxır çəlləyinin sənədlərini qoyduğu yerə qoymuşdu.

Qoca qazmanın qapısının yanından keçəndə şübhəli şəkildə ətrafa baxdı, bir qədər irəlidə basdırılmış dəmir dirəyə astaca dirsək vurdu. Bu Ağaxanın diqqətindən yayınmadı. Onun ardınca gedib dirəyi nəzərdən keçirdi. Təxminən yerdən bir metr yuxarıda dirəyə bir düymə bərkidilmişdi. Düymədən çıxan elektrik naqili dirəkdə açılmış deşiyə girib yox olurdu. Başını qaldırıb yuxarıya baxdı- dirəyin ucuna rabitə qurğusu və siqnal ötürücü antenna bərkidilmişdi. Qoca duymasın deyə sakitcə geriyə döndü. Telefonu çıxarıb qərargaha mesaj göndərmək qərarına gəldi. Lakin dalğa yox idi. Ancaq əmin idi ki, döyüşçü yoldaşları onu tezliklə axtaracaqlar. Çünki, hələ postları yoxlamalı, keşik çəkənləri əvəzləməli idilər. Silah-sursat gizlədilən bu qazmanı nəzarətsiz buraxıb getmək olmazdı. Atəş səsi ilə də yoldaşlarına xəbər vermək düzgün olmazdı, “sülhməramlılar”ın postu daha yaxında yerləşirdi, onların duyuq düşməsi işləri korlaya bilərdi. Həm də ki, qoca düyməni basmaqla kiməsə siqnal göndərmişdi, bəlkə elə onlara?!..

Qoca qayıdıb gəldi. Ağaxan qazmanın qapısını bağlatdırıb yenə qocanın qollarını arxadan bağladı.

Ağaxan imkan tapıb onun RF tərəfindən verilmiş pasportunu nəzərdən keçirmişdi.

– Bəlkə sənin adın Qaregindi? Sizin milli qəhrəmanınız… Dadamyan Qaregin Sumbativiç. Qeydyyatda olduğun ünvan da Tula şəhəri. Hə, qoca?

            -Başına dönum, ayaqlarin altinda ölum, burax mani gedim cahannama. Radd olum gedim, harda koparam, koparam. Sanin uçun na parqi var, Qaragen, ya Qaregin… Qoy galim sanin ayaqlarindan öpim…

            -Dayan görüm! Sən heç köpən qocaya oxşamırsan. Narahat olma, köpməyə imkanın olacaq. İndi mənə bir az özündən danış. Harada işləyirdin Bakıda? Nə işlə məşğul olurdun?

            -Ölduracaxsan? Günahsız qoca kişini?

            -Sənsən günahsız? Öldürəsi olsaydım nazınla niyə oynayırdım?! Qorxma. Suallarımı cavablandır, fırlatma söhbəti.

            -Qoy deyim da sana. Zavodda, beton buraxirdik. Ara, na dostlarim vardi orda. Har hapta sonu baliq tutmağa gedirdik. Zavod maşin ayirmişdi, ha. Yayda da gedirdik Nabrana. Ozumuzun çadirlarimiz olurdu. Ara, zavodun stalovasindan camdayi pulsuz gotururduğ gedanda, man kabab bişirirdim. Profsayuzun şotuna verirdi qoyun camdağini zavod. Ara, birini vermirdi, ikisni vermirdi… ara adamin sayina gora dordunu, beşini… Basdirma elayirdim, ustuna çaxir sapirdim… ara neca yumşax olurdu… Ara, biz nayi gözlayirik? Geca düşür ki…

            -Gözlə, biləcəksən. Sən goplamağa davam elə. Niyə qatdınız aranı, ay bədbəxtlər? Bakı da az qala sizin əlinizdə idi də. Hökümət idarəçiliyinin bütün mərhələlərində təmsil olunurdunuz, hər yerdə adamlarınız vardı, kef edirdiniz…

            -Ha, vardi. Har şeyimiz vardi. Dostlarim da… Ağlimiz olmadi…

            Uzaqdan maşın işıqları göründü. Ağaxan hər ehtimala qarşı qumbaraatanı əlində hazır saxlamışdı.

            “Sülhməramlılar”ın  zirehli texnikası yaxınlaşıb Ağaxanın 25-30 metrliyində dayandı. Texnikanın üstündəki projektoru düz onun gözünə yönəltdilər. Qoluna ağ lent bağlamış yekəpər bir zabit maşından düşüb bir neçə addım atıb dayandı, ucadan səsləndi:

            -Кто такие? Что вы делаете здесь так поздно?

            -Я офицер спецназа Азербайджанской Республики майор Гадирбейли. Теперь вы представьтесь.

            -А так не видно кто мы такие?

            – Представьтесь, пожалуйста. Вы находитесь на территориях суверенной Республики Азербайджан. Пожалуйста, представьтесь.

            Dialoq artıq mübahisəyə çevrilirdi. Qoca məqamdan istifadə etmək qərarına gəldi. Hay-qışqırıq qopara-qopara maşına tərəf qaçmağa başladı:

            -Помогите, спасите! Этот варвар насилует меня! Умоляю… спасите… Он зарезал моего зята. Теперь меня хочет убить…

            -Qoca, bir addım da atsan tikələrin dostlarının üstünə səpələnəcək. Sən ki, dost qədri bilənsən.

            Yekəpər zabit hədə-qorxunun işə keçmədiyini anlayıb yumşalmağa doğru meyilləndi. Özlərinin dili ilə desək Ağaxana “мораль” oxumağa başladı. Qoca yarı yolda donub qalmışdı. Yavaş-yavaş geriyə dönüb dizləri üstə çökdü:

            -P… yedim ağzimnan, ara, dadamin ağzinnan, bağişla mani…

            Ordumuza məxsus PDM də gəlib çatdı. Tabor komandiri polkonik-leytnant Kərim Nəbizadə PDM-dən düşərək yekəpər rus zabitinə yaxınlaşdı:

            -Вам же было сказано, не высовывайтесь. Немедленно уезжайте!

            Ağaxan qumbaraatanı qazmanın divarına söykəyib antenna bərkidilən dirəyi dartıb dibindən çıxartdı. Borunun içindən, alt tərəfdən naqil çıxırdı. Baxdılar ki, naqil qazmaya girir. Döyüşçü yoldaşlarından biri Ağaxana köməyə gəldi. Qazmanın qapısını açıb naqilin akkumlyator batareyalarına birləşdirildyini müəyyənləşdirdilər. Axtarıb elektrik açarını da tapıb işığı yandırdılar. Batareyalardan daha bir naqil də tavandan çölə çıxırdı. İçəri kifayət qədər geniş idi. Doğrudan da silah-sursatla dolu olan otaqda üç cərgə sağ-sol divar boyu taxta çarpayılar da düzülmüşdü. Uzun müddət yaşamaq üçün şərait yaradılmışdı.

            -Komandir, qazmanın üstündə günəş batareyaları da var. Dirəkdə isə düymə var. Qoca o düyməni basandan bir qədər sonra bunlar özlərini yetirdilər bura,- Ağaxan “sülhməramlılar”a işarə etdi.

            -Hər şey aydındır. O düyməni bir də bas görüm.

            Ağaxan düyməni basan kimi yekəpər zabitin əlindəki planşetin ekranı işıqlandı və sirenayabənzər siqnal səsi ətrafa yayıldı. Nəbizadə rus zabitinə baxdı.

            -Что скажите, полковник?

            Zabitdən səs çıxmadı. Nəbizadə planşeti onun əlindən alıb baxdı. Monitorda ərazinin xəritəsi, xəritədə isə müxtəlif yerlərdə xüsusi işarələnmiş məntəqlələrin əks olunduğu aşkarlandı. Məhz həmin məntəqələrin birini əks etdirən işarənin üstündə işıq yanıb-sönürdü. Onlar indi həmin yerdə dayanmışdılar.

            Qocanın cibindən çıxan xəritə rus zabitinin planşetindəki xətirənin eyni idi. Bu ana qədər döyüşçülərimiz tərəfindən aşkarlanıb zərərsizləşdiririlmlş məntəqlər hər iki xəritədə çərçivəyə alınmışdı. Ən qəribəsi də bu idi ki, bütün məntəqələr, daha doğrusu qazmalar, bir az da dəqiqləşdirsək, “kaftar yuvaları” “sülhməramlılar”ın nəzarət postlarının yaxınlığında yerləşirdi.

            Qocanın qollarını arxadan bağlayarkən Ağaxan onun qolundakı şübhəli saatı da açıb götürmüşdü. Çünki, saatın CPS proqramı ola bilərdi, ya da saatın özü partlayıcı mini bomba ola bilərdi- bir sözlə “ağıllı saat” ola bilərdi. Gözləri daim axtarışda olan bu qoca tülküdən nə desən gözləmək olardı. Əgər saatın CPS proqramı vardısa, onun şəbəkəyə qoşulması sayəsində onları qocanın quldur yoldaşları asanlıqla axtarıb tapa bilərdilər. Elə “sülhməramlılar” da onları izləyə bilərdilər. Səssiz snayper tüfəngi ilə Ağaxanı aradan götürmək onlar üçün su içmək qədər asan olardı. Qolları arxadan bağlandıqdan sonra isə qoca özü də istəmədən siçana çevrilmişdi. Ovçusu da onu oynada-oynada bu məkana gətirib çıxara bilmişdi. Siçan yol boyu nə qədər tülkü bicliyini işə salıb Ağaxanı yolda ləngitməyə çalışsa da buna nail ola bilməmişdi. Bura çatanda isə artıq quldur həmkarlarının Ağaxanı nişangah edə biləcəklərinə ümid qalmamışdı. Çünki bu ovçu çox ayıq-sayıq idi, tülkü bicliyi işə yaramırdı. Bura çatanda isə hava qaralmışdı, bir dənə də olsun ulduz görünmürdü, ay da qəsdən qara buludların arxasında gizlənmişdi. Ağaxan kimi səma da onunla “siçan-pişik” oyunu oynayırdı. İndi heç gecəgörmə cihazı da quldurların köməyinə çata bilməzdi. Çünki, belə zil qaranlıq vaxtlarda cihaz nə aydan, nə də ulduzlardan şüa qəbul edə bilmirdi, yəni işləmirdi. Son əlac yalnız borudakı düyməni basmaqla “sülhməramlılar”a siqnal ötürməkdə idi ki, bunu da edə bilmişdi. Ancaq Ağaxanın buna qəsdən imkan yaratdığını anlamamışdı. Bu dəfə tülkü bicliyi onun özünü aldatmışdı. Çünki, Ağaxan həm yolboyu öz təhlükəsizliyini təmin edə bilmişdi, həm “qazmalar”ın sirrini öyrənə bilmişdi, həm də kifayət qədər vaxt qazanmışdı ki, yoldaşları onun axtarışına çıxsınlar. Yarım saat əvvəl Ağaxan asfaltın kənarında təyin olunmuş yerdə olmamışdı, telefonuna da zəng çatmırdı. Deməli bunun ciddi səbəbi vardı və onu hərəkət marşrutu üzrə axtarmaq lazım idi. Ağaxan bu səbəbdən qoca tülküyə imkan vermişdi ki, xilaskarlarını köməyə çağırsın, öz mühafizəsini təmin edib döyüşə hazır vəziyyətdə gözləmişdi. Bu qaranlığın zülmətində Ağaxan yenidən qartal gözlü ovçuya çevrilmişdi. “Sülhməramlılar”  belə şəraitdə ona atəş aça biməzdilər. Birincisi ona görə ki, buna Ağaxan imkan verməzdi, o, dərhal qumbaraatanın tətiyini çəkərdi. İkincisi isə, Ordumuzun döyüşçüləri dərhal alıcı quş kimi onların başının üstünü kəsdirərdilər, necə ki, etdilər.

            “Sülhməramlilar” tərksilah edilib qərargaha aparıldılar. Dərhal əlavə qüvvələr cəlb edilərək gecə əməliyyatına start verildi.  Səhərə yaxın əməliiyat başa çatdı. Müqavimət göstərənlər yerindəcə məhv edildi. Əsir, yaralı və meyitlər qərargaha gətirildi. Yaralılara ilkin yardım edildi, ağır yaralılar isə hərbi hospitala göndərildi.

            Tabor komandirinin stolunun üstündə Ağaxanın verdiyi əşyalardan savayı da xeyli əşya və sənədlər vardı. Nəbizadə əşya və sənədləri bir bir-bir nəzərdən keçirib, bir neçəsini çıxmaq şırti ilə, qalanlarını kənara qoyurdu. Nəhayət başını qaldırıb bayaqdan stolun küncündə oturub tülkü gözlərini dizlərinə zilləmiş qocaya baxdı:

            -Adın, soyadın…

            -Qaragendi, qurban olum.

            -Bəlkə Qaregindi? Qaregin Dadamyan Sumbatoviç.

            -Ha, qadan alım, eladi.

            -Arvadın, uşağın, nəyin var?

            -Deyim da, qurban olum. Arvadım vardı, allaxın rahmatina gedib. Bir dana oğlum da var…di. Rudik… onu tapa bilmiram… itib… burda… 3 il avval…- zır-zır ağlamağa başladı.

            -Sakit ol, qoca. Hələ sorğu-sual davam edir.

            -Ha, başına dönim, buyur.

            -Deyirsən arvadın ölüb, oğlun da itkin düşüb, eləmi?

            -Ha, qurban olum, ha.

            -Bəs sən nə vaxt gəlmisən Qarabağa?

            -Bu yaxinlarda galdim. Bir dapa galdim o vaxt, muhariba vaxti… oğlumu tapmadim, getdim. Anasi ölandan sonra yena galdim. Mana dedi Rudiki axtar tap, yoxsa gorum yanar…

            -Arvadının adı Rozadır?

            -Ha, naçannik, başına dönum. Roza idi… rahmatlik…

            -Oğlun da ki, Dadamyan Rudik Qareginoviç.

            -Ha.

            -Yaxşı… Sən Abonu hardan tanıyırdın?- Nəbizadə gözlənilmədən söhbətin səmtini dəyişdi.

            -Abo?.. Hansi Abo?… Yox… tanimiram.

            -“Arçax qəhrəmanı Qareginə. 27.02.92. Abo”- yəni Xocalı soyqırımının səhəri günü… Elə bilirsən biz erməni dilini bilmirik, yoxsa sənin əməllərindən xəbərimiz yoxdur?- əlindəki tapançanın qundağındakı yazını göstərdi. – Sən doğrudan da “qəhrəman” olmusan. Bakıda “Krunq” təşkilatının fəal üzvü, Qarabağda da saqqallı quldurların biri. Sənin haqqında hər şeyi bilirik və sən axtarışda idin. İşimizi asanlaşdırdın, qoca, özün düşdün tora.

            Qoca bu dəfə tülkü gözlərini zilləməyə yer, nöqtə tapa bilmirdi.

            -Yaxşı saatın var, Nijde.

            -Naçannik, o kimdir?

            -Sənin quldur dostların arasındakı kliçkan.

            -Allax mani öldursun, yooxx… man yox…

            -Hə, yadıma düşdü oğlunun kliçkasıdır.

            -Naçannik, bu ola bilmaz.

            Nəbizadə qocanın saatını götürüb düyməsini iki dəfə basdı. Stolun üstündəki telefonlardan birindən mesaj səsi gəldi.

            -Bu telefon kimindir?

            -Bilmiram… yağın tutulanlardan birinin olar…

            Nəbizadə qocanın telefonunu götürüb yaddaşdakı nömrələrin birinə zəng etdi. Yenə həmin telefon səsləndi.

            -Nijdenin telefonuna getdi ki, zəng. Ekranında da sənin şəklin çıxdı. Bəlkə bu sənin oğlunun telefonudur?!

            -Naçannik, Allax mana qanim olsun yalan deyiramsa, oğlum ölub…

            -Ay bədbəxt. Arvadın ölüb, oğlun itkin düşüb… Amma bunu düz dedin, oğlun həqiqətən ölüb,–növbətçini çağırdı,- aparın bunu.

            …Əsirlər saxlanılan otaqlarla yanaşı olan balaca otaqda üç meyit var idi. Meyitlər iylənməsin deyə otaq qızdırılmırdı, pəncərə gözlüklərini də açmışdılar. Qoca meyitlərdən birinin qarşısında çömbəltmə oturub dizlərini qucaqlayıb için-için ağlayırdı:

            -Rudik can ooyy… Rudik can ooyy…

                        Bir az sonra boynundan önlük asılmış, həm də yaşam tərzi aşxana siçovulunun eyni olan yaşlı bir qadın da həmin otağa girdi. Yarısı tökülmüş saçlarının qalanını yola-yola toppuş, sallaq cəmdəyini meyitin üstünə yaydı:

            – Rudik can vayy…  Rudik can vayy…

            O meyidin cibindən çıxan pasport Dadamyan Rudik Qareginoviçə məxsus idi.

Ardı burada: Müqəddəs Zəfər: 4-cü hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I