3 oktyabr tarixində Milli Kitabxana tərəfindən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Azərbaycan Milli Kitabxanasının, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi üzrə Azərbaycana gətirilmiş klassiklərimizin əlyazmalarının sərgisinin təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani iştirak ediblər.
Təqdimat zamanı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərin dünya kitabxanalarında və muzeylərində qorunub saxlanıldığını bildirib. Direktor sərgidə “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi çərçivəsində müəyyən olunaraq Milli Kitabxanaya gətirilən Azərbaycan ədəbiyyatının klassiklərindən Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin qiymətli əlyazmalarının nüsxələrinin nümayiş olunduğunu söyləyib.
Qeyd edək ki, Milli Kitabxananın əməkdaşları tərəfindən “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi üzrə Azərbaycan Milli Kitabxanasına gətirilmiş klassiklərimizin əlyazmalarının elektron nüsxələridən ibarət “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazası da yaradılıb.
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə – 90” adlı ənənəvi kitab sərgisi
Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, nasir, tərcüməçi Səyavuş Məmmədzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə – 90” adlı ənənəvi kitab sərgisi açılıb.
Sərgidə müəllifin əsərləri, tərcümələri, redaktor olduğu və tərtib etdiyi, “Ön söz” yazdığı və həyatı haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Səyavuş İmran oğlu Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb, ilk şeiri “Sınıq” 1956-cı ildə universitet qəzetində dərc olunub. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutub.
Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi – Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə çap olunub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap olunub.
Səyavuş Məmmədzadə “Əməkdar mədəniyyət işçisi” (1984) və “Əməkdar incəsənət xadimi” (2003) fəxri adlarına layiq görülüb, həmçinin Prezident təqaüdçüsü olub. “Xəzər balladası” baletinin liberettosuna görə Ümumittifaq müsabiqəsində 3-cü dərəcəli diplom qazanıb.
Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
18 sentyabr – Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Milli Musiqi Günü dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyliyə borcludur.
1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.
Milli Kitabxanada bu münasibətlə “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim olunur.
Ənənəvi sərgidə isə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, Azərbaycan musiqi sənətinin təşəkkülü və inkişafı tarixi, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, Milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, Azərbaycanın milli musiqi alətləri və s. haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş olunur.
Milli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Müasir dövrdə dünya arenasında təhsilin əhəmiyyəti və rolu insanların həyatında günü-gündən artır. Cəmiyyətdə təhsil önəmli sahə kimi elmin inkişaf və tərəqqi rəmzinə çevrilib.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Ona görə də hər bir ölkədə təhsilin inkişaf səviyyəsini dövlət diqqət mərkəzində saxlayır. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb, beləliklə, həmin gün “Bilik Günü” elan edilib.
Milli Kitabxanada bu gün münasibətilə “15 sentyabr – Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Azərbycanda təhsilin inkişafı və təhsil siyasəti, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu, Milli təhsilin uğurları və hədəfləri, Süni intellekt təhsil prosesində və s. mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar və kitablar təqdim olunur.
Ənənəvi sərgidə isə Azərbaycanda təhsil tarixi, elm və təhsil siyasəti, Ulu Öndər Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı, Milli təhsil strategiyası, Heydər Əliyev fondunun Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyəti, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, görkəmli Azərbaycan pedaqoqları və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Milli Kitabxanada “15 sentyabr – Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub – tədbir barədə ətraflı məlumat:
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/bilik-gunu
Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru professor Markku Kanqaspuro və institutun professoru Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar
5 sentyabr tarixində Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kanqaspuro və institutun professoru, tədqiqatçısı Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar.
Görüş zamanı Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonaqları səmimi salamlayaraq onları kitabxanada görməkdən məmnunluğunu ifadə edib. O, həmçinin Milli Kitabxananın tarixi, zəngin fondu və kolleksiyalar barədə geniş məlumat verib, kitabxananın elmi və mədəni fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Qonaqlar Aleksanteri İnstitutunun fəaliyyəti, Azərbaycanda aparılan tədqiqatlar və institutun Rusiya, Şərqi Avropa və Avrasiya üzrə həyata keçirdiyi milli və beynəlxalq layihələr barədə danışıb, institutun sosial və humanitar elmlər sahəsində aparıcı tədqiqatlar və ekspertiza fəaliyyəti həyata keçirdiyini, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq etdiyini qeyd ediblər.
Söhbət zamanı iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs olunub.
Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.
Sonda direktor müavini Ədibə İsmayılova qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və “Salam Azərbaycan” kitabını hədiyyə edib.
Milli Kitabxanada “6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
1852-ci ilin 6 sentyabr günündə Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər. Bu gün insanı formalaşdıran, mənəvi aləmini zənginləşdirən kitabların əhəmiyyətini vurğulayır.
Milli Kitabxanada gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması, kitab və mütaliənin təbliği məqsədilə “6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Virtual sərgi ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://anl.az/el/vsb/Beynelxalq_Kitaboxuma_Gunu/index.htm
Vitual sərgidə şüurlu və sürətli oxu, kitabla rəftar, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.
Yazıçı-publisist, professor Almaz Ülvi yeni əsərlərini Azərbaycan Milli Kitabxanasına təqdim edib
Yazıçı-publisist, professor, Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı və təbliğatçısı Almaz Ülvi Azərbaycan Milli Kitabxanasında olub.
O, anadan olmasının 65 illik yubileyi münasibətilə Milli Kitabxanda açılan “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi ilə tanış olub. Sərginin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonra müəllifi olduğu “Heç demirsən, Ələsgərim hardadır?!”, “Ədəbi portretlər”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, “Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri (Elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyasına həsr olunmuş təqdimatın materialları”, Özbək dilində “Adabıy portretlar” və s. 18 adda 58 nüsxə kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Almaz Ülvinin bu addımını yüksək qiymətləndirib. Azərbaycan Milli Kitabxanasının Milli arxiv fondu olunduğunu vurğulayaraq, Azərbaycan ərazisində çap olunan bütün kitabların burada olmasının zəruri olduğunu söyləyib.
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/yazichi-publisist_–professor-almaz-ulvi
Milli Kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
15 avqust tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı, akademik Bəxtiyar Vahabzadənin yalnız Azərbaycanın deyil bütün Türk dünyasının ən sevimli şairi olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə 21 fevral 2025-ci il tarixində imzalandığı Sərəncama müvafiq olaraq Mədəniyyət Nazirliyinin, TÜRKSOY və Azərərbaycan Milli Kitabxanasının birgə keçirdiyi tədbirlərdən bəhs edib.
Qeyd edib ki, artıq fevral ayının 24-də Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq mədəniyyət təşkilatı və Azərbaycan Milli kitabxanası Ankarada TÜRKSOY-un iqamətgahında “Bəxtiyar Vahabzadə ili”nin açılış mərasimini edib, Ankaradakı Bəxtiyar Vahabzadə adına məktəbdə “Türk dünyasının Bəxtiyarı” adlı ədəbi bədii kompozisiya keçirib. Eyni zamanda Mədəniyyət Nazirliyinin Milli kitabxana ilə birgə layihəsi olan “Görkəmli şairin ilk kitabı” seriyasından Bəxtiyar Vahabzadənin 1949-cu ildə nəşr olunan “Mənim dostlarım” adlı kitabının təqdimatı da keçirilib. İlin sonuna qədər belə tədbirlərin nəinki Azərbaycanda bütün türk dünyasında keçiriləcəyini bildirib. Azərbaycan Milli Kitabxanası tərəfindən “Bəxtiyar Vahabzadə. Biblioqrafiya” kitabının hazırlandığını vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə Bəxtiyar Vahabzadəni şəxsən tanıdığını söyləyərək, Azərbaycan ədəbiyyatı, elmi, mədəniyyəti yaşadıqca Bəxtiyar Vahabzadənin ədəbiyyat tariximizin ən parlaq səhifələrindən biri kimi əbədi yaşayacağını söyləyib. Onun elmi və pedaqoji fəaliyyəti, vətəndaşlıq mövqeyi və dostluq münasibətlərinə toxunub, “Gülüstan” poemasını ilə Ümummilli lider Heydər Əliyevin sevgisini qazandığını söyləyib. Əlavə edib ki, alim və şair kimi Bəxtiyar Vahabzadəyə münasibət hər zaman yüksək olub.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Esmira Fuad (Şükürova) çıxışında Xalq şairi Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığı, zəngin ədəbi irsi, türkçülük ideyaları, onun Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə ətraflı bəhs edib. Bəxtiyar Vahabzadənin Türk dünyasının, Turanın əbədiyaşar şairi olduğunu söyləyib. Bəxtiyar Vahabzadənin bu gün aktual olduğunu və gələcəkdə də aktual olacağını deyib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli çıxışında Bəxtiyar Vahabzadənin XX-XXI əsr Azərbaycan poeziyasının nadir simalarından biri olduğunu söyləyib. Bəxtiyar Vahabzadə poeziyasının təməlində Azərbaycançılıq, Türkçülük və Turancılıq ideyasının və insanlıq konsepsiyasının danaydığı əlavə edib. Bəxtiyar Vahabzadənin ucalıq şairi olduğunu deyib.
Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Türk dünyasının Bəxtiyarı” adlı elektron məlumat bazasının və “Xalq şairi Bəxtiyar Vahabzadə – 100” adlı virtual və ənənəvi sərginin təqdimatı olub.
Elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər şair haqqında”, “Bəxtiyar Vahabzadənin gündəliyindən”, “Ədəbiyyat və sənət haqqında fikirləri”, “Şeirlərinə yazılmış mahnılar”, “Filmoqrafiya”, “Nəşrlər”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” və s. bölmələrdən ibarətdir. Elektron məlumat bazasında yerləşdirilən materiallar tammətni ilə təqdim olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Bextiyar_Vahabzade/index.html linkindən istifadə edə bilərlər.
Virtual sərgi ilə tanış olmaq istəyənlər isə https://anl.az/el/vsb/Bextiyar_Vahabzade/index.htm linkindən istifadə edə bilərlər.
Sonda tədbir iştirakçıları Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Xalq şairi Bəxtiyar Vahabzadə – 100” adlı ənənəvi kitab sərgisi ilə tanışlıq olub.
Qeyd edək ki, “Xalq şairi Bəxtiyar Vahabzadə – 100” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisində rəsmi sənədlər, fotolar, şairin Milli Kitabxanaya təqdim etdiyi imzalı kitabları, görkəmli şəxslərin fikirləri, əsərləri, həyatı və ictimai fəaliyyəti haqqında məqalələr, Bəxtiyar Vahabzadənin poeziyasının dili, dramaturgiyası, dilçilik görüşləri, tərbiyə məsələləri və s. yaradıcılığı haqqında monoqrafiyalar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Azərbaycan Milli Kitabxanasının tədbirləri CENL (Avropa Milli Kitabxanaları Konfransı) təşkilatının rəsmi saytında
Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatının rəsmi saytında Azərbaycan Milli Kitabxanasında keçirilmiş “Heydər Əliyev: Dövlət suverenliyi və Konstitusiya quruluşu” mövzusunda elmi konfrans haqqında xəbər dərc olunub.
CENL-in rəsmi saytında bu xəbəri paylaşması Azərbaycan Milli Kitabxanasının beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub
Bu gün ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, nasir, tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və ictimai-siyasi xadim Elçin Əfəndiyevin vəfatından 1 həftə ötür.
Azərbaycan Milli Kitabxanasında bununla əlaqədar “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/E.Efendiyev/index.html linkindən istifadə edə bilərlər.
Görkəmli Xalq yazıçısı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/elchinin-xatiresine
Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır.