Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları Milli Kitabxananın qonağı olub May ayının 14-də Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni Tədqiqatlar və Qeyri-Maddi Mədəni İrs İnstitutunun əməkdaşları Milli Kitabxananın qonağı olub. Qonaqlara Milli Kitabxanada həyata keçirilən layihələr, elektron xidmətlər və zəngin kitab fondu haqqında ətraflı məlumat verilib. İnstitut əməkdaşları Milli Kitabxananın müxtəlif şöbələri, oxu zalları, beynəlxalq əməkdaşlıq zalı, fonoteka zalı, nadir kitablar və kitabxana muzeyi şöbəsi ilə tanış olub, burada mühafizə olunan qiymətli nəşrlər və qədim əlyazmalarla maraqlanıblar. Səfərin sonunda qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomu hədiyyə olunub və onlar da öz nəşrlərini Milli Kitabxanaya bağışlayıblar.
Səmimi şəraitdə keçən görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb. https://www.millikitabxana.az/news/medeni-tedqiqatlar-ve-qeyri-maddi-medeni-irs-institutu
3 may 2026-cı il tarixində Milli Kitabxanada “3 may – Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb
Sərgidə söz azadlığı və informasiya təhlükəsizliyi, söz azadlığı və informasiya hüququ, söz, fikir və mətbuat azadlığının təmin edilməsi haqqında sənədlər toplusu, dünyanın aparıcı ölkələrinin mətbu təcrübəsi, azad və düşüncə azadlığının tarixən necə təşəkkül tapması, virtual aləmdə etik normaların gözlənilməsi və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Kolumbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon Milli Kitabxananın qonağı olub
24 aprel tarixində Kolumbiya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Nelsi Rakel Munar Xaramiyon və Kolumbiyanın Azərbaycandakı konsulu və mədəniyyət işləri üzrə məsul şəxs cənab Andres Felipe Giraldo Lopez Azərbaycan Milli Kitabxanasının qonağı olublar. Qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qəbul edib.
Qonaqları salamlayan direktor Azərbaycanın Kolumbiya Respublikası ilə yaxın, dost münasibətdə olduğunu bildirərək, Milli Kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycan Milli Kitabxanasının dünyanın 65 Milli Kitabxanası ilə qarşılıqlı əmakdaşlıq haqqında memorandum imzaladığını, 90-dan artıq ölkə ilə kitab mübadiləsi apardığını, Kolumbiya Milli Kitabxanası ilə isə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun 2023-cü ildə imzalandığını bildirib.
Görüş zamanı direktor hər iki ölkənin Milli Kitabxanalarında milli Ədəbiyyat bölmələrinin açılmasının vacibliyi məsələsini xüsusi vurğulayaraq bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Kitab sərgisi zamanı Azərbaycan Milli Kitabxanasında Kolumbiya ədəbiyyatı guşəsinin təşkilini məqsədəmüvafiq hesab edib.
Səfir Nelsi Rakel Munar Xaramiyon səmimi qəbula görə təşəkkür edərək Kolumbiya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əlaqələrin, eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində öz dəstəyini göstərəcəyini bildirib. O, Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirərək gələn ilin aprelində Kolumbiya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin açılmasına lazımi dəstək verəcəyini söyləmişdir.
Sonra qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olub.
Direktor prof. Kərim Tahirov qonağa “İrs” nəşriyyat evinin çap etdiyi “Tükənməz xəzinə” kitabını və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və Azərbaycanın xəritəsini hədiyyə edib.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Macarıstanın paytaxtı Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib.
Səfərin ilk hissəsində Kərim Tahirov Xarici Ədəbiyyat Milli Kitabxanasında olub. Qonaqları kitabxananın direktoru İstvan Horvath qarşılayaraq müəssisənin fəaliyyəti, strukturu və zəngin kitab fondları haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitabxana müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatın toplanması və oxuculara təqdim olunması baxımından mühüm mədəniyyət ocaqlarından biridir və beynəlxalq ədəbi əlaqələrin inkişafında xüsusi rol oynayır. Hazırda kitabxananın fondunda müxtəlif dünya xalqlarının dillərində 400 000-dən çox ədəbiyyat vardır.
Professor Kərim Tahirov kitabxananın müxtəlif bölmələri ilə yaxından tanış olub. Musiqi bölməsində nadir not materialları, musiqi nəşrləri və audio arxivlər təqdim olunub. Həmçinin Azərbaycan musiqisinə dair not materialları və səsyazıları ilə tanışlıq olub. Direktor tez bir zamanda yeni musiqi və not materiallarının kitabxanaya göndəriləcəyini bildirib. Oxu zalında müasir və rahat şərait, istifadəçilər üçün yaradılmış geniş imkanlar və elektron resurslara çıxış imkanları barədə məlumat verilib. Xarici ədəbiyyat zalında isə dünya ədəbiyyatının klassik və müasir nümunələrinin zəngin kolleksiyası nümayiş etdirilib. Bununla yanaşı, kitabxananın digər bölmələri və xidmət sahələri də təqdim olunub.
Daha sonra professor Kərim Tahirov Macarıstan Parlament Kitabxanasını ziyarət edib. Qeyd olunub ki, bu kitabxana Macarıstan Parlamenti binasının tərkibində fəaliyyət göstərir və ölkənin ən mühüm elmi-informasiya mərkəzlərindən biridir. Kitabxananın fondlarında hüquq, siyasət, tarix və ictimai elmlər üzrə zəngin ədəbiyyat toplanıb və tədqiqatçılar üçün geniş imkanlar yaradılıb.
Parlament Kitabxanasının rəhbəri Szollas Peter professor Kərim Tahirova kitabxananın fəaliyyəti barədə geniş təqdimat edib. Bildirilib ki, kitabxana həm ənənəvi fondlarla, həm də geniş elektron resurs bazası ilə oxuculara xidmət göstərir və müasir informasiya sistemlərinə malikdir. Həmçinin, professor Kərim Tahirov Parlament binası ilə yaxından tanış olub, burada tarixi və mədəni əhəmiyyət daşıyan zallarda gəzdirilərək binanın zəngin irsi və arxitekturası barədə məlumatlandırılıb.
Səfər çərçivəsində kitabxana işi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Xüsusilə kitab mübadiləsi, rəqəmsallaşdırma, elmi resursların paylaşılması və birgə layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub. Parlament Kitabxanasında Azərbaycana aid materialların olmadığını diqqətə çatdıran professor Kərim Tahirov, kitab mübadiləsinin tez bir zamanda həyata keçirilməsinin vacib olduğunu kitabxana rəhbərinə bildirib.
Səfər zamanı professor Kərim Tahirova Macarıstan Parlament Kitabxanası tərəfindən “Macarıstan Parlament Kitabxanası”, “Budapeştdə Parlament binası və XIX əsrin digər parlament binaları”, “Macarıstanın Müqəddəs Tacı və tacqoyma regaliyaları” nəşrləri hədiyyə olunub.
Professor Kərim Tahirov göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və bu cür görüşlərin Azərbaycan ilə Macarıstan arasında elmi və mədəni əlaqələrin daha da inkişafına töhfə verdiyini vurğulayıb. Səfərin sonunda xatirə şəkilləri çəkdirilib və gələcək əməkdaşlıqla bağlı qarşılıqlı niyyət ifadə olunub.
Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsidir. Bu çərşənbəni Yalançı çərşənbə, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Su həyat mənbəyi, aydınlıq rəmzi sayılır.
Bu çərşənbədə su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ərəfəsində, adətən, hər kəs öz ev-eşiyini sahmana salır, divarlar rənglənir, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir, qurumuş və artıq zoğlar kəsilir.
Su çərşənbəsi də suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər həmin gün icra olunur.
Qədim Türk mifologiyasında Suyun özünəməxsus obrazı var. Bu obraz Suyun yenilikçi, təmizləyici missiyası ilə bağlıdır. Belə ki, torpağın oyanması üçün su lazımdır. Su cadar-cadar olmuş və yatmış torpağı oyadır, cana gətirir. Su çərşənbəsi təbiəti oyanışa çağıran ilk çərşənbə hesab edilir.
Suyun yalnız xoş, təmiz, saf, gözəl və aydın günlər gətirməsi diləyilə… Su çərşənbəniz mübarək!
Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazması Milli Kitabxanaya hədiyyə edilib Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında görkəmli türkoloq-alim, professor Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib. Ölkəmizin tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə keçən tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Xalq yazıçısı Elmira Axundova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış ediblər. Daha sonra fəxri qonaq Ankara Universitetinin müəllimi Məmmədrza Heyət əmisinin 100 illik yubileyinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, dahi şair Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinin əlyazmasını Milli Kitabxananın fonduna hədiyyə edib. Qeyd edək ki, XVI əsrə aid olan orijinal əlyazma nəstəliq xətti ilə 994/1586-cı ildə katib Qulami-Süpahi Məhəmməd tərəfindən köçürülmüşdür.
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə – 90” adlı ənənəvi kitab sərgisi
Milli Kitabxanada Əməkdar incəsənət xadimi, şair, nasir, tərcüməçi Səyavuş Məmmədzadənin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar “Əməkdar incəsənət xadimi Səyavuş Məmmədzadə – 90” adlı ənənəvi kitab sərgisi açılıb.
Sərgidə müəllifin əsərləri, tərcümələri, redaktor olduğu və tərtib etdiyi, “Ön söz” yazdığı və həyatı haqqında və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Səyavuş İmran oğlu Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərindən başlayıb, ilk şeiri “Sınıq” 1956-cı ildə universitet qəzetində dərc olunub. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutub.
Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi – Ağacavad Əlizadənin Səməd Vurğuna həsr etdiyi şeiri 1956-cı ildə çap olunub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap olunub.
Səyavuş Məmmədzadə “Əməkdar mədəniyyət işçisi” (1984) və “Əməkdar incəsənət xadimi” (2003) fəxri adlarına layiq görülüb, həmçinin Prezident təqaüdçüsü olub. “Xəzər balladası” baletinin liberettosuna görə Ümumittifaq müsabiqəsində 3-cü dərəcəli diplom qazanıb.
Milli Kitabxanada “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub
Bu gün ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, nasir, tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və ictimai-siyasi xadim Elçin Əfəndiyevin vəfatından 1 həftə ötür.
Azərbaycan Milli Kitabxanasında bununla əlaqədar “Xalq yazıçısı Elçinin xatirəsinə” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/E.Efendiyev/index.html linkindən istifadə edə bilərlər.
Görkəmli Xalq yazıçısı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin!
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/elchinin-xatiresine
Onun zəngin irsi və böyük xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Milli Kitabxanada “10 mart – Milli Tеatr Günü” adlı kitab sərgisi açılıb
Milli Kitabxanada xalq oyun-tamaşalarından, meydan teatrından başlayaraq günümüzə qədər olan dövrü əhatə edən “10 mart – Milli Tеatr Günü” adlı geniş kitab sərgi istifadəçilərə təqdim olunub.
Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/milli-teatr-gunu
Milli Kitabxanada “Xocalı XX əsrin Soyqırımı” adlı ənənəvi kitab sərgisinin açılış mərasimi keçirilib
26 fevral tarixində Milli Kitabxanada Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar “Xocalı XX əsrin Soyqırımı” adlı ənənəvi kitab sərgisinin açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı elektron məlumat bazası təqdim olunub.
Elektron Məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Xocali-soyqirimi/index.html linkindən istifadə edə bilərlər.
“Xocalı XX əsrin Soyqırımı” adlı ənənəvi kitab sərgisində Xocalı soyqırımı, erməni qəsbkarlarının Xocalı yaşayış məntəqəsində törətdikləri kütləvi qırğınlardan, Xocalıda şəhid olmuş və eləcə də ermənilər tərəfindən əsir götürülmüş sakinlərin taleyindən, erməni vandalizmindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/xocali-xx-esrin-soyqirimi