
AZƏRBAYCAN POEMASININ
SƏNƏTKARLIQ PROBLEMİ
Bütün şüurlu həyatını poeziyamızın boy artımına, elmə, səmərəli pedaqoji fəaliyyətə həsr etməklə şöhrətlənən Rafiq Yusifoğlunun çoxşaxəli və zəngin elmi araşdırmaları, mənəvi keyfiyyətləri barədə daha geniş söhbət açmaq olar. Bu dəyərli alimin poeziya, dramaturgiya, ədəbiyyatşünaslığımızın tarixi, uşaq ədəbiyyatı və publisistika məsələlərinə dair sanballı kitablarının və məqalələrinin əhəmiyyətini əsla azaltmadan deyə bilərik ki, o, məhz Azərbaycan poemaları¬nın, daha doğrusu, janrın sənətkarlıq xüsusiyyətləri baxımından problemin mahir tədqiqatçısı kimi tanınır və təqdir olunur. Rafiq Yusifoğlunun giriş, beş fəsil, on səkkiz yarımfəsli özündə ehtiva edən «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» (Bakı, 2010) adlı fundamental monoqrafiyası bunun bariz nümunəsidir. Araşdırmanın mahiyyətinə vardıqda onun necə böyük zəhmət və gərgin yaradıcılıq axtarışları bahasına başa gəldiyini, elmi dövriyədə özəl yerini aydın dərk edir və fərəhlənirsən. Mövzunun şərhi prosesinə 424 elmi və bədii ədəbiyyatın cəlb edilməsi də özlüyündə çox mətləblərdən soraq verir.
Maraq doğuran cəhətlərdən biri monoqrafiyanın girişində mahiyyət açıqlamaları ilə «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» mövzusunun rakurs zənginliyi və kontekst genişliyi haqda ilkin təsəvvürün sərgilənməsidir. Digər tərəfdən, mövzunun çeşidli qövslər müstəvisində incələnməsi araşdırmaçının bədii-tarixi, nəzəri-estetik düşüncə çevrəsinin genişliyindən qaynaqlanmışdır.
«Poemanın strukturu və bədii formanın tipologiyası» fəslinin ilk sırada yer alması təsadüfi deyil. Mövzunun tədqiqi məntiqindən qaynaqlanan bu fəsil, əlbəttə ki, tarixi zaman müstəvisində poemanın janr strukturuna varmaq və iç dünyasında baş verən keyfiyyət dəyişikliyi haqda konseptual düşüncə srgiləməyə hesablanmışdır. Mahiyyətdən qaynaqlandığına görə bu kontekst seçimi müəllifə poemanın intəhasız poetik dünyasında ümumini (mövzu-struktur) müxtəliflikdə axtarmaq imkanı vermişdir. Poemanın strukturunu bədii forma tipologiyası ilə bir araya gətirib daxildən ilgiləmək istəyi tədqiqatı «Janrın inkişaf meylləri», «Poema və ədəbi tənqid», «Poemanın tipləri», «Süjet və onun təkamülü» və digər yarımfəsillər dairəsində irəlilətməyə münbit zəmin yaratmışdır. Problemi xronoloji baxımdan deyil, struktur əsasda öyrənməyə üstünlük verən müəllifin süjeti poetik konsepsiya məqamında dəyərləndirməsi fəslin ideyasına adekvat cavabdan qaynaqlanmışdır. Mövzunun tipoloji tədqiqi oxucuya məhz klassik irsdən və folklor qaynaqlarından qədərincə bəhrələnmək imkanı vermişdir.
Poemanı pafosuna və tarixi arealına görə «janrlar janrı» deyə səciyyələndirən Rafiq Yusifoğlu haqlı olaraq bu qənaətə gəlir ki, janrda «qorunub saxlanılanla» yanaşı axtarışların bəhrəsi olan dəyişiklik də gərəklidir. Monoqrafiyanın Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətlərinin təkamül müstəvisində incələnməsinə hesablanan «Zaman və qəhrəman» adlı ikinci fəsli müvafiq olaraq üç yarımfəsli özündə ehtiva edir. Fəslin tədqiqat materialı tarixi zamanın ideologiyası üstündə köklənən ədəbi-nəzəri konsepsiya ilə bədii örnəklərin ilgisinin müstəviyə çıxarılmasına zəmin yaratmışdır. Çünki sosialist realizmi dönəminin tələbələrinə dayaqlanan Azərbaycan şairlərinin poema örnəklərinin, əlbəttə ki, yeni ədəbiyyatşünaslıq düşüncəsi müstəvisində dəyərləndirilməsinə böyük ehtiyac duyulurdu. Bunu da məhz mahir tədqiqatçı araşdırmasının strukturunda ustalıqla səciyyələndirə bilmişdir. Fəslin «Qəhrəman həyatda və ədəbiyyatda» adlı yarımfəsli özünün konseptuallığı ilə fərqlənir və açıqlamaların çevrəsini genişləndirməyə təkan vermək baxımından mühüm maraq kəsb edir.
«Konflikt və xarakterlər» adlanan üçüncü fəslin ideyasının predmetləşdirilməsinə hesablanan «Bədii konflikt», «Daxili münaqişə», «Yeni xarakter axtarışları» kimi yarımfəsillər mövzu-problematika, tarixlə təmas, şair-vətəndaş missiyası ilə bağlı konseptual mülahizələr yürütmək baxımından səciyyəvi olmaqla, tədqiqatçının elmi-nəzəri baxışlarının konkret təyinatlı bölmələrdə gerçəkləşməsinə münbit zəmin yaratması ilə xarakterizə olunur. Tədqiqatçının sözügedən çağın poetik örnəklərinə dəyər verərkən tarixiliyə dayaqlanaraq müasirliyin pafosu haqda qənaətlər sərgiləməsi erudik imkanlarının genişliyindən soraq verir. Məsələn, monoqrafiyanın «Yeni xarakter axtarışları» yarımfəsli «Bədii sənətkarlıq komponentləri» adlı dördüncü fəslə keçidin mühüm struktur məqamı kimi müstəviyə çıxarılmasını zəruri etmişdir. Yarımfəsillərdəki mahiyyətə yönəlmiş təhlillər bir daha isbat edir ki, Azərbaycan poemasının forma və məzmununda tarixləşmiş mühüm səciyyəvi cəhətlərin çağdaş elmi ədəbiyyatşünaslıq düşüncəsi əsasında aşkarlanıb ümumiləşdirilməsi günün tələbidir və arzuolunanlar monoqrafiyə müəllifinin inandırıcı elmi qənaətləri əsasında öz təsdiqini tapır. Bunu deyərkən biz eyni zamanda araşdırmaçının əsərində «Bədii portret», «Bədii detal», «Bədii təsvir və ifadə vasitələri» kimi lokal komponentlərin «Bədii sənətkarlıq» kimi qlobal bir çevrənin predmetinə məharətlə çevrildiyini də nəzərdə tuturuq. Burada, əlbəttə ki, tədqiqatçının klassik poeziyanın yaşarlı ənənələrini və folklor qaynaqlarını özündə ehtiva etməsi, poemanı mümkün bədii arsenalı ilə səciyyələndirmək bacarığı da öz rolunu oynamışdır. Bu kontekstdə açıqlamalardan o da məlum olur ki, Azərbaycan cəmiyyətində cərəyan edən ictimai-siyasi proseslərdən asılı olmayaraq poema janr biçimlərinin yaşarlı komponentlərini iç qatda nəinki yetərincə qoruyub saxlamış, eyni zamanda sənətkarlıq axtarışları kontekstində həm də onları qədərincə inkişaf etdirmişdir. Bunu «vəzn və qafiyə sistemi» adlı beşinci fəslin bədii sənətkarlıq konsepsiyasını mahiyyət çərçivəsində səciyyələndirən komponentlər də bir daha təsdiq edir.
Tədqiqatçı XX əsrin böyük söz ustaları olan Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Qabilin, Məmməd Arazın, Nəriman Həsənzadənin və başqalarının poemalarının konkret təhlillərindən haqlı olaraq belə qənaətə gəlir ki, rüzgarın rəngindən və ahəngindən asılı olmayaraq janrda bədii sənətkarlıq axtarışları davamlı olduğu qədər də səmərəli olmuşdur. Bu sırada vəzn və qafiyənin poemaların poetik strukturunda mühüm komponent, başqa sözlə, önəmli kompozisiya elementləri olaraq bədii sənətkarlıq kontekstində mənalandırılması müəllifin incəliklərə varmaqla konsepsiya formalaşdırmaq istəyini isbat edir. H.Cavidin «Azər», S.Rüstəmin «Yaxşı yoldaş», S.Vurğunun «Hörmüz və Əhrimən» poemalarının, o cümlədən B.Vahabzadənin və Qabilin əsərlərinin vəzni haqda əsaslandırılmış mülahizələr göstərir ki, müəllif «Sovet dövrü» Azərbaycan poema ustalarının klassik poeziya ənənələrindən bəhrələnmə meyllərini sənətkarlıq axtarışları kontekstində ilgiləmək istəyində tam haqlıdır.
«Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» kimi fərqli və qlobal bir mövzunu bütün mümkün rakursları ilə müasir ədəbiyyatşünaslıq elmi müstəvisində reallaşdıran bu araşdırmanın sanbalından doğan məziyyətləri, əlbəttə ki, qədərincədir. Əslində bu tədqiqat işinin nəzəri, tarixi, poetik açıqlamalarına ayrı-ayrılıqda münasibət göstərmək, təhlil verib fikir söyləmək yığcam bir məqalə üçün mümkünsüzdür. Düşüncəmdə qərarlaşan budur ki, çeşidli konseptual mülahizələri, elmi-məntiqi ümumiləşdirmələri, tarixi-poetik incələmələri özündə qabarıq şəkildə ehtiva edən «Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri» adlı monoqrafiya, sözün əsl mənasında, geniş erudisiyalı tədqiqatçının böyük zəhmətinin, gərgin, aramsız axtarışlarının və dərin düşüncələrinin səmərəli məhsuludur və ədəbiyyatşünaslığımıza layiqli töhfədir. Bu araşdırma professor Rafiq Yusifoğlunun həm də incə bədii zövq və duyğuya, mükəmməl tarixi-sosial biliyə, fəlsəfi-analitik təfəkkürə malik olduğunu bir daha təsdiq etmiş oldu. Azərbaycan xalqının tarixinə, ədəbiyyatına həssas və təəssübkeş münasibəti konseptual açıqlamalar üçün həlledici rol oynadığı da şəksizdir. Əməl və qayə adamı kimi tanınan professor Rafiq Yusifoğlunun uğurları, əlbəttə ki, mənəvi dəyərlərə sadiqliyi ilə birbaşa bağlıdır.
Himalay Qasımov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor.
«Respublika» qəzeti, 2 mart 2012-ci il.
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru