Etiket arxivi: Laləzar Sadıqova

Laləzar Sadıqova

FIRÇANIN YADDAŞI…
(Ötən illərin xatirələrindən)
Mən rəssamlıq sənətini çox sevirəm. Bunu bacara bilməsəydim, bu istək qəlbimə düşməzdi. Çünki mənə görə hər kəsin qəlbinə düşən istək əslində ona sahiblənəcəyi və ona sahib ola biləcəyi potensialına malik olması deməkdir.
Deyirlər ki, rəssamlar çox həssas insanlardır. Çünki onlar başqalarının görə bilmədiyi emosiyaları detalları və incə çalarları ilə görürlər.
Mənim incəsənətin rəssamlıq sahəsində ali təhsilim olmasa da müxtəlif sahələrdə emosiyaların detalları və incə çalarlarını müşahidə və hiss edirəm. Rənglər həyatımın bir hissəsi və ayrılmaz parçasıdır. Əslində şəkil çəkmək mənim ruhumun qidasıdır. Rənglər sanki mənim ruhuma qanad verir.
Mən əlimə qələm və fırça alıb şəkil çəkəndə, özümü ucsuz-bucaqsız, eyni halda güllü-çiçəkli bir çəmənlikdə hiss edir və bir sözlə, sözün həqiqi mənasında xoşbəxt oluram…
Ötən əsrdə Cəlilabad şəhər Pioner və Məktəblilər Evinin Təsviri incəsənət dərnəyində rəsm müəlliməsi işlədiyim müddət ərzində mənim bir çox şagirdlərim var idi. Onların sayının 40-a yaxın olduğunu söyləyə bilərəm. Bu gün onlardan bəzilərini xatırlasam da, bəzilərini xatırlaya bilmirəm. Onların hər biri mənə doğma və əziz idilər. Çünki onlar da mənim kimi rəngləri və təbiəti sevirdilər. Amma onların içərisində xüsusilə seçilən biri var idi. O, balaca, arıq və fiziki baxımdan zəif bir oğlan olsa da öz gözəl qabiliyyəti və əl işləri ilə seçilirdi. Bununla yanaşı o, çox diqqətli, etikalı və mədəni, qayğıkeş, həyatsevər, anlayışlı və hər zaman üzügülər bir yeniyetmə idi. Çox həvəslə dərslərə qatılır, rəssamlıq sənətinin incəliklərini öyrənməyə can atırdı. Hətta, yeniyetmə yaşlarında olmasına baxmayaraq iki dəfə Cəlilabad rayonu səviyyəsində onun əl işlərindən ibarət rəsm sərgisi də təşkil olunmuşdu. Həmin şagird isə İlqar idi…
O vaxtlar dərs prosesi zamanı bəzi şagirdlər öz şəxsi əşyalarını; fırça, qələm və s. paylaşmağı sevmirdilər. Əlbəttə, həmin yaşda olanlar təbii olaraq bir az xüdbin olurlar. Lakin İlqar belə deyildi və həmişə paylaşmağı çox sevirdi. Buna nümunə olaraq qeyd edim ki, onun rəssamlıq əşyaları arasında balaca bir qayçı var idi. Mən dərs zamanı bir-iki dəfə istifadə üçün qayçını ondan aldım və əlimdəki işi bitirdikdən sonra qaytardım. Bir-iki gündən sonra yaxınlaşıb həmin qayçını mənə hədiyyə etmək istədiyini bildirdi. Mən etiraz etsəm də israrla onu mənə təqdim etdi. Bilirdim ki, rəsm dərslərində onun da bu qayçıya ehtiyacı var. Amma inadından dönməyib, özünün ehtiyacı olduğu qayçını mənə hədiyyə etdi. Bu da onun balaca ürəyinin genişliyi və mənəviyyatının saflığından irəli gələn bir xüsusiyyət idi. Həmin hədiyyəsi həm də öz müəlliməsinə olan sayğısı və dəyərindən irəli gəlirdi. O balaca qayçı məndə 10 illər boyu qaldı. Hər dəfə o balaca qayçını əlimə alanda, o balaca oğlanı mənə xatırladırdı…
İllər sürətlə keçdi… Bəzən evdən bayırda bəzi şagirdlərimi təsadüfən görəndə, çox sevinirəm. Onların məni unutmadığını görüncə həm sevinir, həm də fərəh hiss keçirirəm. Bəzi vaxtlar onların bəzisini tanımasam da özləri yaxınlaşıb tanışlıq verirlər. Bütün bunlar isə məni həm sevindirir, həm də duyğulandırır.
Bununla bağlı qeyd edim ki, əsas o vaxtlar rəsm dərslərimdə iştirak etmiş qız şağırdlərim yaxınlaşıb tanışlıq verirlər. Bu yaxınlarda Təranə adlı bir şagirdimlə də görüşdüm. Onunla ara-sıra görüşlərim olur və hər dəfə mənə qarşı xüsusi sayğı və hörmət göstərir. Hər dəfə məni görüncə ayağa qalxaraq sevgi ilə qucaqlayır. Elə bu yaxınlarda da onunla görüşüb əyləşdik və bir az söhbət etdik. Deyirdi ki, müəllimə, o vaxt məni evdən Pioner və Məktəblilər Evinə dərzilik sənətini öyrənmək üçün göndərmişdilər. Amma mən əmim qızı ilə birlikdə gizlincə sizin dərnəyə gəlir və dəsrlərinizdə iştirak edirdim. Çünki həm sizi, həm də rəsm çəkməyi çox istəyirdim. Deyir ki, bir dəfə anam evdə şəxsi əşyalarımı yığdığım dolabdan çəkdiyim rəsm işlərini tapıb məndən soruşdu: “Bunlar nədir belə? Bəs sən dərzilik dərslərinə getmirsən?”
Nə isə… Bəzən belə hallarla rastlaşırdım. Çünki o vaxtlar analar öz övladlarını daha çox dərzilik və toxuculuq dərnəyinə gətirirdilər. Amma. şagirdlərim öz istəkləri ilə rəssamlığa gəlirdilər.
Dəqiq ili xatırlamıram. Amma ötən illərin birində bir gün Cəlilabad şəhər Cümə məscidində bir bayram tədbiri keçirilirdi və mən də o tədbirdə iştirak edirdim. Tədbirdə bir neçə qonaq da iştirak edirdi. Onlara bir-birinin ardınca söz verilir və beləcə çıxış edirdilər. Təqdim edilərkən adına diqqət yetirmədiyim bir oğlana da söz verildi və o, çıxış etdi. Mən bu insana baxanda, bir anlıq fikirə getdim. Görən, bu oğlanı harada görmüşəm? Nədən mənə bu qədər əziz və tanış gəlir? Axı bu kimdir? Mən bunu haradan tanıyıram? Beləcə bu suallarda düşünürdüm. O, danışdıqca onun üz gizgiləri, təbəssümlü gözləri və gülər üzü mənə tanış gəlsə də onu tam xatırlaya bilmirdim.
Danışan oğlana baxaraq öz-özümə düşünür, eyni halda həmin sifət gizgilərini uşaqlıq və yeniyetmə illərinə qaytarmaqla nəhayət ki, onu xatırlaya bildim. Bu mənim elə həmin məscidin həyətində bir vaxtlar fəaliyyət göstərən Pioner və Məktəblilər Evinin Təsviri incəsənət dərnəyinin ən fəal üzvü və eyni halda mənim ən əziz və sevimli şagirdlərimdən olan balaca İlqar balam idi.
O vaxt sevincimin həddi-hüdudu yox idi. Sanki uzun illər boyu itirdiyim bir övladımı tapmışdım. O tədbirdə bir müəllimədən həmin oğlanın adını soruşduqda, onun İlqar olduğunu mənə söylədi. Bir müddət kənardan ona baxaraq düşündüm. Doğrudan da insanın təməli ilk əvvəldən bəlli olur. Əlbəttə, mən o zaman onun kim və hansı sahənin adamı olduğunu bilmirdim. Sadəcə tribuna arxasında dayanaraq danışan son dərəcədə mədəni, alicənab və savadlı bir insanın olduğunu görürdüm.
Bəli, bu mənim sevimli şagirdim İlqar idi. İlqarın arzusu böyüyəndə rəssam olmaq və Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmaq idi. O, buna böyük həvəslə hazırlaşırdı. Onun gözəl əl qabiliyyəti var idi və digər şagirdlərdən fərqlənirdi. Hər işində önə çıxmağı sevər, verilən tapşırıqları hamıdan öncə təqdim etməyə can atırdı. Nəzakəti, yerini bilməsi, məsuliyyəti və dəqiqliyi ilə diqqətçəkən bir yeniyetmə idi…
Mən tədbirdən sonra ona yaxınlaşmaq istəsəm də onun artıq böyük bir kişi olduğunu nəzərə alaraq xanımlıq həyam buna icazə vermədi və buna görə də ona yalnız kənardan tamaşa etməyə kifayətləndim. Bəli, İlqar artıq böyük bir kişi idi. Mən isə onu illər sonra gördüyümə görə çox sevinirdim.
Taleh insanın silə bilmədiyi bir başlanğıcdır. Mən ilk əvvəldən onun bacarıqlı bir rəssam olacağını bilirdim. O, həmişə öndə olmağa can atan və birinciliyi özünə şüar edən bir şagird idi. Bir sözlə, birincilik həmişə onun hədəfi sayılırdı…
Sonralar mən onu yaxından görüb danışdım və bu yaşına qədər elm, mədəniyyət, incəsənət, ədəbiyyat və jurnalistika sahələrində uğurlar sahibi olduğunu bilincə daha çox sevindim. Bu gün o, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, həmçinin, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, eyni halda teoloq (dinşünas), araşdırmaçı, tərcüməçi, yazıçı-publisist olaraq fəlsəfə, dinşünaslıq, ədəbiyyat, mədəniyyət, tarix, mətbuat, jurnalistika və s. sahələrdə layiqli xidmətlər göstərir. Yüzlərlə kitab və məqalə müəllifi, çoxsaylı kitabların tərcüməçisi olan bir ziyalı və maarifpərvər adamıdır.
Bir sözlə, Cəlilabad ədəbi mühitinin görkəmli xanım nümayəndəsi Şəhla xanım Rəvanın təbiri ilə desəm, İlqar İsmayılzadə sözün həqiqi mənasında bir “düşüncə dəryası”dır.
Ona uzun, sağlıqlı və gözəl həyat, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Laləzar Sadıqova,
“Həməşəra” Fəxri Diplomu laureatı, rəssam
Cəlilabad şəhəri – 03.03.2026

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I