Etiket arxivi: MİNA RƏŞİD

Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı kitabı çap edilib

Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı kitabı çap edilib

Bu günlərdə “Vətən səsi”nin əməkdaşı, AYB-nin üzvü, Prezident mükafatçısı Mina Rəşidin “Əziz Peyğəmbərimiz” adlı uşaq və gənclər üçün nəzərdə tutulan kitabı çap edilib. Kitab “AVE print” nəşriyyatında işıq üzü görüb.
Yazıçı, “Ulduz” jurnalının şöbə redaktoru Hicran Hüseynovanın kitabda yer alan yazısında qeyd edilir ki, nəşrdə sonuncu peyğəmbərimiz olan Muhəmməd (s.a.s) peyğəmbərin həyatından, ümumən İslam dininin gözəlliklərindən, üstünlüklərindən bəhs edilir. Ən başlıcası isə odur ki, müəllif bütün bu bilgiləri həm gözəl, axıcı poeziya dilində, həm də məktəb yaşlı uşaqların başa düşəcəyi qədər sadə, anlaşıqlı bir dildə qələmə alıb. İmanlı, inamlı övlad yetişdirmək istəyən valideynlər, bu kitab gözəl məqsədinizə çatmaq yolunda ən böyük yardımçınız olacaq. İnşəAllah!
Qeyd edək ki, kitabın redaktorları tanınmış yazıçılar – Sevinc Nuruqızı, Hicran Hüseynova və Ayişə Nəbidir. Tərtibatçı isə Elşən Şıxlıdır.
Onu da əlavə edək ki, bu Mina Rəşidin sayca 9-cu kitabıdır.

Məlumatı hazırladı: Günel QULİYEVA

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD yazır

Sosial şəbəkədə Vətən sevgimiz

Bu gün istəsək-istəməsək də sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Hər kəs bu şəbəkələrdən bir cür istifadə edir, axı hərənin öz dünyası var. Biri daim xəbər, yenilik axtarışındadı, kimsə öz işinin reklamı ilə məşğuldu, kimi də, dostluq, yoldaşlıq arzusunda burada var-gəl edir. Bir qisim isə həyatda özünü tapmayan, dünyadan bixəbər burada ordan-burdan köçürdüyü fikirlərlə “filosof”a çevrilən və yorulanda da adamlara söz atan, öz yerini bilməyən zəhlə tökən adamlardı…
İnsan həm də bir vətəndaş olduğu üçün öz yurdunun, ocağının təəssübünü çəkir. Axı sosial şəbəkələrdə təkcə həmyerlilərimiz deyil, bütün dünyadan insanlar bizi izləyir… Nə yaxşı ki, bu gün Azərbaycan vətəndaşı alnıaçıq, üzüağdı. Daha əvvəlki kimi heç bir ölkə nümayəndəsi qarşısında başı aşağı deyil. Ondan ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Azərbaycanın düşmənlə ədalətli müharibəsində biz qalib gəldik. Üzümüzü qara edən köçkün adından xilas olduq. İllərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bu gün daha hüznlə işğal günlərimizi qeyd etmirik. Sosial şəbəkələrdə də qələbə sevincimizi paylaşırıq. Dövlətimizlə, Ali Baş Komandanımızla millətimizlə, müzəffər ordumuzla, şəhid və qazilərimizlə qürur duyuruq. Hamımız az qala gecə-gündüz “Vətən!” – deyirik. Amma, hə, hər işin də bir “amma”sı olmaya. Belə ki, uzun həsrətdən sonra doğma torpaqlarımıza möhtəşəm qayıdışımızla bağlı sevinclə, göz yaşlarıyla paylaşımlar edirik. Biz o sevincə qoşuluruqmu? Əlbəttə, buna hər kəs məcbur deyil. Heç bu paylaşımı edən də, bunu o məqsədlə etməyib. Amma biz Vətəni, Ali Baş Komandanımızı, Şəhidimizi, Qazimizi, dirçələn Qarabağımızı, qısası, dünyanı heyrətə salan möcüzələrimizi çox vaxt şəxsi münasibətimizə, göstərişə qurban veririk. Tutaq ki, o paylaşımı sənin xoşuna gəlməyən Vəli adında biri edib. Buna görə, indi Vətənimizin uğurlarına, möhtəşəm qayıdışımıza, illərlə arzuladığımız gözəl günlərimizə göz yummalıyıq. İçimizdəki bir-birinə olan o kin, nifrət, paxıllıq hissi o qədər güclüdü ki, elə bilirik biz Vəlinin sevincinə (halbuki bu hamımızın sevincidi) qoşulsaq, onun sevinci aşıb-daşar və biz bundan bədbəxt olarıq. Əslində biz elə öz sevincimizə sevinə bilməyəndə bədbəxt oluruq… Axı bu hamımızın sevincidi. Hərdən düşünürsən ki, görəsən, o paxıllıq nə olan şeydi ki, bu yaramaz çoxumuzun qəlbində kök salıb. Ali Baş Komandanımızı görəndə ətəyindən öpməyə hazır olanlar onunla bağlı paylaşımlara biganə qalırsa deməli, o münasibət səmimi deyil… Sən sevdiyini hər yerdə, hər gözəl paylaşımda əzizləyə bilmirsənsə onda sənin Vətən anlayışında problemlərin var… Bir də Vətəni sevmək həm də, imandandır axı. İctimai xadim, alim, həm də, dinimizin gözəl təbliğatçısı Siracəddin Hacının dediyi kimi, surələri əzbərləməklə, gecə-gündüz ibadət etməklə əsl insan, əsl mömin ola bilməzsən, bunu dərk etməklə, əməlinlə sübut eləməlisən…
İllər əvvəl belə bir şeir də yazmışdım…

Ədalətsiz adamla
Könlüm heç vaxt barışmır.
Vətən sənin cibindi
Bayraq sənə yaraşmır.

Vətən o şəhid olmuş
Atamın torpağıdı.
Qardaşımın savaşda
Kəsilən qollarıdı.

Qəlbimizdən xəbərsiz,
Tək nəfsini güdən, öl!
“Vətən” deyib, bağırma,
Sən özün də Vətən ol!

Açığını deyim, necə ki, qələm gərək doğrunu yazsın. Mən FB sosial şəbəkəsindən istifadə edincə adamları tanımağa başladım. Kaş tanımaz olaydım, İlahi, burada çox dəyərli, hörmətli insanlarımızla yanaşı, necə qədirbilməz, nankor adamlara rast gəldim, boğazdan yuxarı “Vətən!” qışqıran yerlibaz adamları tanıdım. Dünən haqqında yazdığın, bağrına basdıqların bu gün burada səni görməzdən gəlirlər… Həm də səni yox e, göz yaşıyla təbliğ, tərənnüm elədiyin doğma Vətəni… Sizcə, bu cür adamların Vətən sevgisinə, yurd təəssübkeşliyinə inanmaq olarmı? Hərdən öz-özümə deyirəm, sağ olsun, FB-u məni tanımadığım adamlarla tanış elədi…

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD – Yaşasın Ağdam, yaşasın Azərbaycan!

Yaşasın Ağdam, yaşasın Azərbaycan!

Biz artıq doğma yurdumuza, illərlə həsrətində olduğumuz elimizə-obamıza qayıdırıq. Bax, bu da bizim qatarımızın fit səsi. Bəli, Sizə möcüzələrdən danışacam. Bura Ağdamdı! Bir vaxt adı dillər əzbəri, şanı göylərə ucalan Ağdam. Sonra erməni qəsbkarları tərəfindən yerlə-yeksan edilən, daşı-daş üstündə qalmayan və 30 ilə yaxın düşmən əsarətində qalan dədə-baba yurdumuz. Daha sonra bütün dünyaya səs salan 44 günlük Şanlı Vətən Müharibəmiz və böyük Zəfərimiz! İndi də doğma Qarabağda quruculuq işlərinin vüsəti görənləri, dünyanın hər tərəfindən bura səfər edənləri mat qoyur. Gör qısa bir vaxtda düşmənin yandırıb kül etdiyi quru bir yurdda nə xariqələr yaratmışıq! Bax, Ağdam da indi nağıllar diyarına bənzəyir…

Qoynu nəğməli şəhər,
Sən yenə də, bizimsən.
Yenə də, deyəcəyəm
Şəhərlərin gözüsən!

Mayın 10-da ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və bir qrup dövlət nümayəndəsi Ağdamda olub. Onlar əvvəlcə burada Dəmiryolu və Avtovağzal Kompleksinin açılışında iştirak ediblər. Qeyd edək ki, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Azərbaycanda ilk qapalı dəmir yolu platforması

Kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması da tikilib. Qeyd edək ki, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir.
Açılış tədbiri çərçivəsində Bərdə–Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı da yola salındı.
Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmiryol layihələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müsbət iqtisadi təsirləri olacaq. Yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli və sərfəli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Kəngərli kəndinin birinci mərhələsinin açılışında…

Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva həmin gün Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verib.
Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Prezident İlham Əliyevlə, ölkəmizin Birinci xanımı daha sonra Kəngərli sakinləri ilə görüşdü. Prezdentimiz əvvəlcə kənd sakinlərini bu böyük gün münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, bu böyük xoşbəxtlikdi, tarixi bir hadisədi. Sonra sakinlərin bir vaxt evsiz-eşiksiz qaldıqları, necə çətinliklərə sinə gərdiklərini xatırlatdı: “Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır”.
Daha sonra sakinlərə yeni evlərinin açarları təqdim edildi.

Doğru yolun yolçusu olmaq böyük şərəfdir

Kəngərli sakini, 76 yaşında xanım, Əməkdar müəllim doğma prezidentə öz ürək sözlərini söylədi. O, bildirdi ki, düzdü, çətin dövrdə yaşamışıq və bugünkü gözəl həyatı da görürük: “Müqayisə aparanda düşünürəm ki, buradakılar hər kəsin arzusudur, arzu edirəm ki, ömrünüz uzun olsun, canınız sağ olsun və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, Ulu Öndərdən sonra Azərbaycanı Sizdən başqa kimsə bu vəziyyətdə idarə etsin. Sağ olun, var olun, daim hakimiyyətdə olun”.
Sakin daha sonra Ulu Öndərimiz Heydər Əliyevin vaxtilə köçkünlərə qayğısından, Vətən, xalq üçün böyük, unudulmaz işlərindən danışdı: “Müqəddəs kitabımız Qurani-Kərimdə belə bir ayə var: “Salam olsun doğru yolun yolçularına”. Doğru yolun yolçusu olmaq böyük şərəfdir. Bu şərəfi Siz çox ləyaqətlə yerinə yetirdiniz, tarix yazdınız, möcüzələr qurdunuz – bütöv Azərbaycanı. Eşq olsun Sizə!”

Muğam Mərkəzinin açılışı tarixi bir gündür

Həmin tarixi gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər.
Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verdi. Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdu. Qeyd edildi ki, Muğam mərkəzi Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Bu da danılmaz faktdır ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Onun üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir.
Daha sonra Prezidentimiz bildirdi ki, otuz iki il ərzində bir çox hadisələr baş verib, ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir.
“Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdi.
44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük.
…Təsadüfi deyil ki, bu gün Azərbaycana dünyada olan münasibət, – hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.

Bu gün biz azad Qarabağda yaşayırıq

Ölkə başçısı İlham Əliyev bildirdi ki, bu gün biz azad Qarabağda yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun.

Şuşanı Xankəndi ilə birləşdirəcək “Kanat yolu”

“Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm.
Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.
…Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.
Yaşasın Ağdam, yaşasın Azərbaycan!”

Bu gün Azərbaycan muğamının təntənəsidir

Konsertdən sonra dövlətimizin başçısı və Birinci xanım incəsənət ustaları və müharibə veteranları ilə səmimi söhbət etdilər.
Xalq artisti Bəyimxanım Cavanşirova bildirdi ki, bu gün Azərbaycan muğamının təntənəsidir. Bu gün ən gözəl gündür. Doğma Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatirinizdədirsə, həmişə o, öz çıxışlarında deyərdi ki, biz Qarabağa qayıdacağıq. Bu gün həmin gündür. Ruhu şad olsun. Çox-çox təşəkkür edirik, minnətdarıq Sizə.
Daha sonra Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə səmimi görüşü yaddaşlara yazıldı.
Elə açıq havada, Muğam Mərkəzinin qarşısında “Qarabağ” mahnısı xorla ifa olunarkən doğma Prezidentimiz də onlara qoşuldu. Və inanıram ki, Vətənini sevən hər bir azərbaycanlı da mənim kimi doğma Prezidentinə, Müzəffər Ali Baş Komandanına qoşularaq göz yaşları içində “QARABAĞ, CAN QARABAĞ, ANA YURDUM!”, – söylədi.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Silahların yerinə gül bağçası yaradaq – Mina Rəşid

Minalar çiçəkləyib

Minalar çiçəkləyib, güllələr gül qoxulu,
Qan izinin üstündə çiçəklər qucaq-qucaq.
Müharibə sözünü biz bu gündən unudaq,
Sevincə, xoşbəxtliyə hamımız qucaq açaq.

Bir az qəlbini dinlə, dünya sənsən, dünya mən
Bəsdir daha qırğınlar, top səsi, güllə səsi.
İnsan insan öldürməz, axı cəllad deyilik,
Dünyamızı bürüsün quş səsi, körpə səsi,

Təbəssümü unudub çöhrələr gör nə vaxtdı,
Hamı dərdli, qəzəbli, düşmən gəzir özünə.
Analar qara geyib, uşaqlar yetim qalıb.
İnsan, nəyə uymusan, pərdə enib gözünə?…

Silahların yerinə gül bağçası yaradaq
Aləm cənnətə dönsün dünyamızın qoynunda.
Bu mülkün sahibi var, kimsə hökmran deyil,
Çox zalımlar dizini yerə qoyub sonunda.

May 2025

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

«Heydər Əliyev və mədəniyyət» mövzusunda Xalq artisti ilə görüş keçirilib

«Heydər Əliyev və mədəniyyət» mövzusunda Xalq artisti ilə görüş keçirilib

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində İttifaqın Sədri Hacı İsmayılovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşü keçirilib.
«Heydər Əliyev və mədəniyyət» mövzusunda keçirilən görüşdə Xalq artisti Hacı İsmayılov, sədr müavini, Əməkdar artist Azad Şükürov, İttifaqın əməkdaşları və gənclər iştirak edib.
Hacı İsmayılov gəncləri salamladıqdan sonra ekranda Ulu Öndərin teatr xadimləri ilə görüşlərini əks etdirən videogörüntü əks olunub.
Hacı İsmayılov Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin yüksəlişi və xalqın xoş gələcəyi naminə fəaliyyətindən, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onunla canlı görüşlərindən danışıb.
Səmimi şəraitdə keçən tədbirdə Hacı İsmayılov Azərbaycan mədəniyyətinin, onun həssas qolu olan teatr sənətinin bu günündən, yeni yaradıcılıq işlərindən söhbət açıb, gənclərin suallarını cavablandırıb. Sonda xatirə şəkli çəkilib.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD yazır

Onun səsində Azərbaycan bir yumruq kimidir

Uşaqlarda və yeniyetmələrdə milli dövlətçiliyimizə, dəyərlərimizə məhəbbət, qanunlarımıza hörmət hissinin fomalaşdırılması həmişə vacib və aktual məsələlərdən olub. Bu işdə təbliğat xüsusi yer tutur və hər bir ziyalının üzərinə məsuliyyət düşür. Sənəti, səsi, cəmiyyətdə adı və davranışı ilə insanlarımıza, gənclyə nümunə olan Xalq artisti Eldost Bayramla elə redaksiyamızda bu barədə söhbət etmişik.
Məlumat üçün bildirək ki, Eldost Əlövsət oğlu Bayramov 1947-ci ildə yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində dünyaya gəlib. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurub. Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub.
Eldost Bayram 2006-cı ildə “Respublikanın əməkdar artisti” fəxri adına, 2008-ci ildə “Tərəqqi” medalına, 2016-cı ildə Cəfər Cabbarlı mükafatına və Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə “Xalq artisti” fəxri adına layiq görülüb.

Televiziya kanallarımızda şəxsi nümunələri önə çıxarmalıyıq.

Eldost müəllim deyir ki, televiziya və radionun insanlara təsir gücü son dərəcə böyükdü. Bu istər müsbət, istərsə də mənfi cəhətdən olsun, belədir. Odur ki, bu təbliğat sistemindən düzgün istifadə etmək lazımdır. Son illərə qədər Azərbaycan ailə dəyərlərinə, Ailə institutunun möhkəmliyinə görə dünyada ən nümunəvi ölkələrdən biri olub. Sonra müəyyən təsirlər, yad düşüncələr, bəzi xoşagəlməz təbliğatlar bizi bu vəziyyətə gətirdi. Amma o demək deyil ki, bu gün nümunəvi ailələrimiz azdı. Əlbəttə ki, indi də möhkəm ailə bağlarımız var, nümunəvi gənclərimiz çoxdur. Televiziya, radiomuzda da, bax, belə gözəl nümunələri önə çıxarmalıyıq. Yoxsa, milli dəyərlərimizə uyğun olmayan, bizə yaraşmayan ailə dramlarını, şəxsi məsələləri insanlara, xüsusilə də, uşaq və yeniyetmələrə nümayiş etdirəndə əlbəttə ki, bu onların mənəviyyatına mənfi təsir göstərəcək. Onda gənclər bu cür davranışları adi hal kimi qəbul edər, böyüyə-kiçiyə hörməti, bir vətəndaş kimi məsuliyyət hissini unudarlar.

Bütün dünya oğullarımızın qəhrəmanlığına şahid oldu

İkinci Qarabağ müharibəsi, şəhidlərimiz, qazilərimiz, igid Vətən övladları nəinki özümüzə, bizi bütün dünyaya tanıtdı. Vətənpərvərlik qandan, gendən gələn bir hissdi, söyləyir hörmətli sənətkarımız. Demək ki, qanımız hələ safdı, sanki bu duyğular illərlə köz kimi kül altında bu günü gözləyirmiş. Müharibə başlayanda o köz elə alışdı ki, oğullarımız gülə-gülə, rəqs edə-edə döyüşə, torpaqlarımızı azad etməyə, Vətən uğrunda can verməyə yollandılar. Bəlkə orta məktəbdə oxuyanda nadinc, hərdən dərsə hazır olmayan, müəllimlərinin narazı qaldığı o gənclər qanları ilə tarix yazdılar. Vətən, torpaq naminə yaralı vəziyyətdə döyüşdülər, ölümün üzərinə getdilər. Şəhidlərimizin, qazilərimizin hər biri bu günkü gəncliyimizə bir nümunədir. Bütün dünya Azərbaycan oğullarının qəhrəmanlığına şahid oldu…

Bu gün hər birimiz Qərbi azərbaycanlıyıq

Bu il Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca – ilaxır çərşənbə” adlı möhtəşəm bir tədbir keçirdi. Novruz şənliyində Eldost müəllimin söylədikləri yaddaşıma yazıldı. O, çıxışında deyirdi ki, Qərbi Azərbaycan torpağı olduqca istedadlı insanlar yetişdirib. Onlar həm yaradıblar, həm də yaşadıblar. Bu bölgədən olan ziyalılarımız da söyləyirlər ki, Eldost müəllimin səsi, nəfəsi onlara ilham verib. Onun özünəməxsus şirin-şirin söylədiyi bayatılar, xalqın yaddaşından süzülüb gələn folklor nümunələri bu torpağın yetirmələrinin yaradıcılığına güclü təsir edib. Eldost müəllim illərdi bu istedadlı insanların dostu, sirdaşına çevrilib. Onlar o qədər doğmadılar ki, görənlər bəzən elə bilirlər ki, Eldost müəllim o torpağın yetirməsidi. Düzü, mən də, əvvəlcə elə zənn eləmişdim… Axı bu gün biz hamımız Qərbi azərbaycanlıyıq… Eldost müəllimin səsində Azərbaycan bir yumruq kimidir.

Savab işlər, xeyirxah əməllər…

Eldost müəllim illərlə gözdən əlillər üçün mətnlər, əsərlər oxuyub, onların maariflənməsində əlindən gələni əsirgəməyib. Bəzən imkan, şərait çətin olub. Amma o, bu həssas, incə rulu insanlarla təmasdan ayrılmayıb. Məlumdur ki, bu qrupdan olan adamlar yaxşını-pisi daha aydın hiss edirlər. Onların içərisində də olduqca istedadlı insanlar var. Onlar Eldost müəllimi illərdi ki, özlərinin yaxın adamı, doğması kimi çox sevirlər.

Gənclər valideynlərini çox istəsinlər…

Söhbətimizin sonunda Eldost müəllimdən gənclərə nə demək istədiyini soruşduq. O, bildirdi ki, iki məsələdə çalışsınlar ki, səhv etməsinlər; biri ailə quranda, digəri isə peşə seçimində. Çünki, bunlar çox önəmlidir. Bir də, onu arzuladı ki, gənclərimiz Vətəni, məxsus olduqları xalqı və onlara min bir əziyyət çəkən valideynlərini çox istəsinlər…

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aprelin 26-da Günel Natiqin yeni kitabı təqdim ediləcək

Aprelin 26-da Günel Natiqin yeni kitabı təqdim ediləcək

Tanınmış yazıçı, jurnalist, aparıcı Günel Natiqin bu günlərdə “Gözəl günlər naminə” adlı yeni kitabı işıq üzü görüb.
Kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələri toplanıb. Əsərlərdə insan ruhunun dərinliklərinə enən yazıçı, oxucunu yalqızlıq, mənəvi böhranlar və daxili ziddiyyətlərlə üz-üzə qoyur. Günel Natiqin yaratdığı obrazlar həyatiliyi və inandırıcılığı ilə seçilir, bu da oxucunu insan psixologiyasını daha dərindən dərk etməyə sövq edir.
9 kitab müəllifi olan Günel Natiq öz sosial şəbəkə paylaşımlarında yeni nəşrdəki əsərlərindən aşağıdakı fikirləri də oxucuların diqqətinə çatdırıb:

  1. İnsan öz yaratdığından heç vaxt böyük ola bilməz.
  2. Qələm adamının doğması yalnız ədəbiyyatla bağlı olanlardır.
  3. Ədəbiyyat sənin taleyin olarsa, bunu ilk hiss edən də sən olacaqsan.
  4. Allah – ən böyük analitikdir. Hər şeyi incəliyinə qədər hesablayıb. Onun yazısını redaktə etmək olmaz.
  5. İnsanı xilas etmək lazımdır. Ona görə yox ki, o, müsbət varlıqdır… Amma o, yeganə varlıqdır ki, mükəmməlliyə can atır.
    6.İnsan ağrısını paylaşanda yüngülləşir. Və nə qədər ki anlayan biri var – ümid də var…
  6. İnsanın ən böyük silahı sevgiymiş… Bunu indi anladım…
  7. Bu dünyada tabut ölçüsünə belə şəriət qaydaları var, amma diri insanların haqqını yeyənlər üçün qayda-qanun yoxdur.
  8. Biz ölümü qarğıyırıq, amma ölümü sevmək ağlımıza gəlmir.
  9. İnsan niyə heç vaxt öləndə ağlamaz? Yəqin ki, son anda həyatın həqiqətini anlayır.
  10. Oğlu öləndə də yanlarında yalnız bu mebellər vardı. Və başqa heç kim yox idi.
  11. Qarı, ərinin cansız bədəninə baxıb, ölümlə birgə darıxdı.
  12. Və bundan sonra yalnız gözəl günlər naminə yaşayacağıq…

Qeyd edək ki, kitabın imza günü 26 aprel 2025-ci il tarixində, saat 14:00-da “Qanun” nəşriyyatında keçiriləcək. Ədəbiyyatsevərlər, yazıçının dostları və oxucular tədbirə dəvətlidir. Giriş sərbəstdir.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib

Xaçmazda Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin səyyar iclası keçirilib

21 aprel 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Xaçmazda səyyar iclas keçiriblər. İclasda regionda yerləşən teatr kollektivləri iştirak ediblər. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən səmimi qarşılanan İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın Məsul katibi Aidə Qafarova, hüquqşünas Könül Ələkbərova teatrın bu günündən, uğurlarından, problemlərindən danışıblar.
Maraqlı müzakirələrlə davam edən iclası giriş sözü ilə Hacı İsmayılov açıb. O, iclas iştirakçılarını salamladıqdan sonra regiondakı teatrlara göstərdiyi diqqət və qayğıya görə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə dərin minnətdarlığını bildirib və İdarənin rəisi Vüsal İbrahimovun İttifaqın İdarə heyətinin Qərarı ilə Fəxri fərmanla təltif olunduğunu elan edib və mükafatı təqdim edib. Ardınca Xaçmaz Xalq Teatrının rəhbəri İlham Tağıyev “Teatr fədaisi” medalı ilə təltif olunub.
İttifaqın sədr müavinləri –İlham Namiq Kamal və Azad Şükürov teatr sənəti sahəsində səmərəli fəaliyyət göstərdiklərinə görə Şabran rayon Xalq Teatrının rəhbəri Qulu Mövsümova, Quba Könüllülər Teatrının rəhbəri Ramiz Ramazanova, Qusar Dövlət Ləzgi Dram Teatrının əməkdaşları Kəmalə Qədimova və Kəmalə Səfərovaya İttifaqın fəxri fərmanlarını təqdim ediblər.
Çıxış edənlər – Hacı İsmayılov, İlham Namiq Kamal, Azad Şükürov, İlham Tağıyev, Ramiz Ramazanov, Qulu Mövsümov, Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev, Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov, Şabran Xalq Teatrının aktyoru Nurlan Fərhadlı, yazar Nəzər Mirzəyev, Şabran Mədəniyyət Mərkəzinin əməkdaşı Zəfər Məmmədov və başqaları çalışdıqları teatrların uğurlarından və problemlərindən söz açıb, problemlərin həlli yolları barədə fikir mübadiləsi yürüdüblər.
Səmimi şəraitdə keçən görüşdən məmnun qalan iştirakçılar İttifaq rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Respublika Uşaq Kitabxanasına növbəti ekskursiya təşkil edilib

Respublika Uşaq Kitabxanasına növbəti ekskursiya təşkil edilib

18 aprel 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına Suraxanı rayonu 89 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı şagirdlər Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı haqqında məlumat əldə ediblər və onlara kitabxananın yaranma tarixi, müxtəlif yaş kateqoriyalarına uyğun kitablar və mütaliənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərə “Yer kürəsi”, Mürşüd İsmayılzadənin “Hər günə bir sual”, Erik Mativenin “Bəs niyə səma mavidir?” adlı kitablarının icmalı təqdim edilib. Məktəblilər həm klassik, həm də müasir uşaq ədəbiyyatından seçilmiş kitablarla tanış olub, onların məzmunu barədə qısa aanotasiyalar, həmçinin elektron resurslar və onlardan istifadə qaydaları haqqında məlumatlar əldə ediblər.&nbsp;
Sonda kitabxana əməkdaşları şagirdlərin suallarını cavablandırıb, onlara kitabxanadan daha çox istifadə etməyi və mütaliəni gündəlik vərdişə çevirməyi tövsiyə ediblər.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Sağlamlıq körpəlikdən başlayır” adlı növbəti maarifləndirici təlim keçirilib

“Sağlamlıq körpəlikdən başlayır” adlı növbəti maarifləndirici təlim keçirilib
 
15 aprel 2025-ci il tarixində  F.Köçərli adına Respublika Uşaq Kitabxanasında oxu və yazı vərdişlərində çətinlikləri olan uşaqlara dəstək olmaq, onlarda özünə inamını artırmaq və sosial inkişafını təmin etmək məqsədilə “Sağlamlıq körpəlikdən başlayır” adlı layihənin davamı olaraq növbəti maarifləndirici təlim keçirilib. Təlimdə defektoloq-loqoped Jalə Bənnayeva və kitabxana əməkdaşları, gənc analar, iştirak edib. 
Maarifləndirici təlimin bu dəfəki mövzusu “Oxu və yazı qüsurlarının aşkar edilməsi metodları” olmuşdur. Defektoloq-loqoped Jalə Bənnayeva oxuma və yazı vərdişlərində geriləmələr olan uşaqlarla bağlı psixoloji dəstəyin önəmi və düzgün müalicə üsullarının tətbiqi haqqında məlumat verib. Təlimçi valideynlərin və müəllimlərin uşaqlara qarşı daha anlayışlı və səbirli olmalarını, onların emosional vəziyyətini nəzərə alaraq doğru yanaşma sərgiləmələrini vurğulayıb. Həmçinin,oxuma və yazı vərdişlərində geriləmə olan uşaqlara fərdi yanaşmanın önəmini vurğulayıb. Qeyd edilib ki, oxuma və yazı vərdişlərində qüsuru olan uşaqlara erkən yaş dövrlərində doğru diaqnoz qoyularaq problemin ortadan qaldırılması üçün müvafiq həll yollarına baş vurulmalıdır. Təlimdə bu qrupa aid olan uşaqlar üçün individual yanaşmanın və müntəzəm məşqlərin rolu da geniş müzakirə edilib.


Təlimin sonunda iştirakçılara uşaqların inkişafına necə dəstək olmağı, onların emosional və sosial ehtiyaclarını necə qarşılamaları barədə praktiki məsləhətlər verilib.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru