Etiket arxivi: Q4_8

Səhər Əhməd şeirində məchul axtarışı – şeir

YETMİŞ SƏKKİZİNCİ YAZI
“1+1=X” — İNSANIN TƏBİİ HALI HAQQINDA
(Səhər Əhmədin şeirində məlum məchullar)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfəki söhbətimiz  tanınmış şair, yazıçı Səhər Əhmədin yaradıcılığında məlum məchulun mərtəbələri barəsində olacaq. Söhbətimizi müəllifin əlimdə olan “İkisi tapmaq” kitabından  seçdiyim (səh. 29)“Yenə Bakıya qar yağır” şeiri əsasında qurmağa çalışacağam.
Səhər Əhməd müasir Azərbaycan ədəbiyyatının tanınmış şair və yazıçısıdır. O, 90-cı illərdən başlayaraq ədəbi fəaliyyətlə məşğuldur, şeirləri, hekayə və ədəbi yazıları müxtəlif mətbu orqanlarda dərc olunur. Səhər Əhməd həm ədəbiyyat, həm də jurnalistika sahəsində tanınmışdır. Mövzuya keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm.
QIŞA ARAYIŞ
Səhər Əhməd 1972-ci il mayın 14-də Kürdəmir rayonunun Şilyan kəndində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1992-1997). 1998-1999 “Xəzər” jurnalı redaksiyasına rəhbərlik etmişdir. 2000-2019-cu illərdə orta məktəbdə müəllim kimi çalışmışdır. Hazırda fərdi yaradıcılıqla məşğuldur.
Onun yaradıcılığı əslində çoxdan fərdilikdən çıxaraq, ümumbəşəri mahiyyət kəsb etməyə başlamışdır. Səhər Əhməd ən xırda bir etüdü xüsusi məharətlə böyük bir monoloqa çevirə bilir. İki şəxsin arasında olan münasibətlər kompazisiyanı böyük ustalıqla olduqca fərqli müxtəlif dünyalar üzərinə proyeksiya etməyi bacarır.
Qar, şəhərlərin yalnız mənzərəsini ağartmır; o, həm də yaddaşların, hisslərin, münasibətlərin üstündə səssiz-səmirsiz çökməyi bacarır. Şair Səhər Əhmədin“Yenə Bakıya qar yağır” şeiri də məhz bu sükutlu ağarmanın (soyuqluğun) içindən doğan bir dostluq fəryadıdır. Bu şeir, qışın soyuğunda itirilmiş bir istiliyi — dost istiliyini axtaran insanın daxili monoloqu, şəhərin dumanlı küçələrində dolaşan tənha nəfəsidir.
Şair burada qarı təbiət hadisəsi kimi yox, insanın daxili dünyasının fonunda təqdim edir. Qar yağır, Bakı soyuyur, amma bu soyuğun gerçək səbəbi heç də fəsil deyil — dostsuzluğun yaratdığı boşluqdur. Səhər Əhmədin lirikasında təbiət hər zaman insan hisslərinin aynasıdır; bu şeirdə də qar, tənhalığın simvoluna çevrilir.
Şeirin ilk bəndindəki “Sənsiz belə havaların Ləzzəti yoxdu, dostum.” beyti əsərin emosional açarıdır. Bu iki sətir təkcə bir insana deyil, bütöv bir nostalji dövrə, keçmiş günlərin istiliyinə, yoldaşlıq ritualına ünvanlanmışdır. Səhər Əhməd burada dostluğu adi bir münasibət deyil, həyatın dadını verən əsas komponent kimi göstərir. Sanki çayın dəmlənməsi, dəsgahın açılması, bir qurtum içmək, bir söz demək — hamısı həyatın kiçik sevinc elementləridir. Lakin bunları paylaşılası adam olmayanda hər şey mənasızlaşır.
Şeirin“İndi bir çay dəmləyəsən…” deyə başlayan hissəsi adi gündəlik hərəkətlərin belə insan həyatında nə qədər böyük rol oynadığını göstərir. Dostlarla bölüşüləndə ən sadə hərəkət belə bayrama çevrilir.
Şeirdə xüsusi yer tutan motivlərdən biri də qapının döyülməsidir. Bu, həm fiziki, həm də metaforik çağırışdır. İnsan bəzən kiminsə qapısını yox, keçmiş günlərin qapısını döyər, itirdiyi bir şeyin arxasınca çağırar. Bir də “Mən marketdən konfet alım, Sən evdən mürəbbə aç” beyti var — adi, sadə, lakin o qədər canlı, tanış bir durum ki… Səhər Əhməd dostluq rituallarını bu cür kiçik detallarla bərpa edir.
Bu səhnə iki insanın illərin içindən gələn, köhnə qutudan çıxan əziz, şirin xatirəsi kimidir. Sanki qış gecəsində yenidən bir otaqda toplaşmaq, çay süfrəsi ətrafında həyat barədə danışmaq arzusu şairin içindən qopub gəlir.
Şair çayı təsadüfən seçmir. Azərbaycan mədəniyyətində çay sadəcə içki deyil — ünsiyyətin başlanğıcıdır, söhbətin açarıdır, dostluğun təməl simvoludur. Çay Azərbaycan insanı üçün bir çox mətləbləri açıqlayan kod funksiyası yerinə yetirir.“Bir tünd çay dəmlə, dostum” — buradakı“tünd” ifadəsi həm çayın, həm də deyiləcək sözün ağırlığını daşıyır.
Çayın dəmli olması, sözün dəmli olması — bunlar şeirdə bir-birini tamamlayan paralellərdir. Şair demək istəyir: mənim sənə deyəcək sözüm var, amma o söz hissin, düşüncənin, illərin içində tündləşmiş sözdür.
Bakı kimi böyük bir şəhərdə tənha qalmaq hissi daha ağırdır. Çünki küçələr, işıqlar, mağazalar, kütlələr — hamısı bir canlanma halında ikən sən öz içində susmuş olursan. Şeirin sonunda hiss edilən “Yenə yaman dolmuşam” misrası bu mənada ağır emosional yük daşıyır. Dolmaq — içində çox sözün, çox dərdin, çox xatirənin yığılması deməkdir. Və bu doluluğun boşalacağı yeganə yer — anlayan dostdur.
Şair burada tək insan yox, tək qalan bir nəsli, tək qalan bir duyğu mədəniyyətini də ifadə edir. Telefon açmaq, gecikmək, yığışdırmaq, danışmaq — bunlar müasir insanın ən tipik, amma ən dərin davranış nümunələridir.
Bilmirəm, hal-hazırda ruh halıma uyğun gəldiyinə görəmi, yoxsa nədən sonuncu bənd lap sarı simə toxunur (tam səmimi olaraq etiraf edim ki, bu sicilləmə yazını da yazdıran məhz bu bənd olub):
Neynim, Bakıya qar yağır,
Neynim, soyuqdu, dostum,
Sənin kimi çay dəmləyən
Bir dostum yoxdu, dostum.

Səhər Əhmədin bu şeirində təkcə şəxsi hisslər yox, həm də sosial bir narahatlıq var: insanların bir-birindən uzaqlaşdığı bir dövrdə yaxınlıq axtarışı. Texnologiya asanlaşdırsa da, insan münasibətlərini incəldir, bəzən də solğunlaşdırır. Şeir oxucuya sual verir: bu qədər gur işıq içində niyə bir-birimizi görməz olmuşuq?
“Yenə Bakıya qar yağır” sadəcə qış şeiri deyil. Bu, dostun yoxluğunda soyuqlaşan bir dünyanın şeiridir. Qarın yağması, çayın dəmlənməsi, qapının döyülməsi, telefonun açılması, dostun yoxluğu, həmsöhbət axtarışı — bunların hamısı müasir insanın göz qamaşdıran parlaq həyat fonunda daxili dünyasının qaranlıq guşələrindən nişan verən işarələrdir.
Səhər Əhməd burada təkcə qarın Bakını yox, insanın içini də bəyaz soyuğa qərq etdiyini göstərir. Və oxucu anlayır ki, bəzən bir qurtum çay, bir az səmimiyyət, bir az dost səsi bütün bir qışı isidə bilər…
Bəlkə də heç belə deyil, bütün bunlar haliyədə  mövcud olan real yağmurlu soyuq havanın (soyuqluğun) düşüncəyə yansıtdığı ilğımlı illüziya da ola bilər. Ancaq, düşünürəm ki, bütün hallarda mənimlə razılaşan oxucu tapılacaq.
Əziz və dəyərli dostum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sözün əsl mənasında dövrümüzün əsas problemlərindən biri (gələcək üçün ən əsas) həmsöhbət qıtlığı, bir həmdəmə möhtac olmaqdır. Hələlik.

11.12.2025. Bakı .

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ZAUR USTACIN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l