“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin növbəti – 19-cu sayı (təsisçi və imtiyaz sahibi Rəfail Tağızadə, baş redaktor Vaqif Osmanlı, baş redaktor müavini Şahnaz Kamal, məsul katib İlahə Səfərzadə, rəssam Sehran Allahverdi, korrektor Sima Salamova) oxucularının görüşünə gəlib.
Dərgi təsisçinin “Günümüzün yaşantıları… Ətrafda baş verənlər” qeydləri ilə açılır.
POEZIYA bölməsində Fikrət Qocanın, Adil Mirseyidin, Süleyman Abdullanın, Namiq Dəlidağlının, Sevil Gül Nurun, İntiqam Yaşarın, Ələsgər Talıboğlunun, Qabil Nəbinin şeirləri, NƏSR bölməsində Vaqif Sultanlının “Cil olsun”, Cavid Zeynallının “İşıqlı günlər”, İlahə Səfərzadənin “Oyuncaq maşın”, Nemət Mətinin “Qisas”, Fidan Vahidin “Qara yolçu” hekayələri çap olunub.
“GÜNEYDƏN SƏSLƏR” bölməsində Huşəng Cəfərinin şeirləri, TÜRK DÜNYASI bölməsində Nurməhəmməd Yasinin “Çöl göyərçini” hekayəsi, ƏDƏBİ TƏHLİL bölməsində Aypara Behbudovanın “Vaqif Məmmədovun poeziyasının mövzu əlvanlığı, Qənbər Ağayevin “Daş dələr ahım oxu” (Meyxoş Abdullanın “Əsir qadın” əsərinin dəhşət doğuran faciəsi), Günay Rzayevanın “Qəlbimdə salam var ona Xəzərdən” təhlil yazıları, MİLLİ BAYRAMLARIMIZ bölməsində Sevda Axundovanın “Novruz və sosial harmoniya”, CƏNNƏTİM QARABAĞ bölməsində Günay Teymurovanın “Mahir tar ifaçısı” yazıları, MÜSAHİBƏ bölməsində “Kiçik xalqlar hər zaman böyük güclərin çirkin oyunlarının qurbanı olurlar” (Cahangir Namazovun alban şairi, yazıçısı və jurnalisti Agim Bajrami ilə müsahibəsi), DÜNYA ƏDƏBİYYATI bölməsində Qabriel Qarsia Markesin “Maria dos prazeres” hekayəsi, YENİ KİTABLAR bölməsində Rəfail Tağızadənin “Mehmet Sadıq Aran və Türkün altun kitabı “Kutadqu bilig” kitabının tanıtımı, OXUCU RƏYLƏRİ bölməsində Bakı Qızlar Universitetnin 3-cü kurs tələbələri Ləman Məmmədovanün “İlahi eşqdən bəşəri kamilliyə”, Aysun Motuxovanın “Eşq və həsrət şairi” rəyləri çap olunub.
Müəllifləri və oxucuları təbrik edirik, uğurlar arzulayırıq. Dərgini Baku Dövlət Universitetinin yanındakı “AKADEMKİTAB” Kitab Evindən əldə edə bilərsiniz.
“”Ulduz”lu görüşlər” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, şair-publisist Rəşad Məcidlə görüş keçirilib. “Ulduz” jurnalının təşkilatçılığı ilə keçirilən görüşdə “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, şöbə redaktorları Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Universitetinin tələbə-müəllim heyəti iştirak edib. Tədbiri Qulu Ağsəs açaraq, artıq ənənə halına almış görüşlərin tələbələrin yaddaşında dərin iz buraxdığını, onların dünyagörüşlərinin formalaşmasına müsbət təsir edəcəyini vurğuladı. Söz Rəşad Məcidə verilib. Ədəbiyyatla bağlı öz fikir və mülahizələrini bölüşən qonaq, şeirlərini səsləndirib. Mütaliə vərdişləri ilə bağlı tələbələrə öz tövsiyələrini verib, onların suallarını cavablandırıb. Görüşdə fərqlənən tələbələrə şəxsi kitabxanasından seçmə kitablar hədiyyə edib.
Qeyd edək ki, bundan əvvəl “”Ulduz”lu görüşlər” çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqında “Allaha salam” filmininin rejissoru Xəyal Rza və baş rolun ifaçısı Xalq artisti Məmməd Səfanın iştirakı ilə sözügedən filmin nümayişi baş tutmuşdu.
Ədəbi tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli haqqında düşüncələrim
Ədəbiyyat yalnız yazılan mətnlərdən ibarət deyil; o, həm də bu mətnləri dəyərləndirən, istiqamətləndirən və oxucuya doğru təqdim edən düşüncə adamlarının fəaliyyəti ilə bütövləşir. Bu baxımdan görkəmli tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin yaradıcılığı və ədəbi mövqeyi mənim üçün hər zaman xüsusi maraq doğurub. Vaqif Yusifli təkcə tənqidçi deyil, o, ədəbiyyatı yaşayan, onu dərindən duyan və bu duyğunu sözə çevirə bilən nadir şəxsiyyətlərdəndir. Onun yazılarında hiss olunur ki, o, ədəbi mətnə kənardan baxmır, əksinə, onun daxilinə nüfuz edir, obrazların, fikirlərin, müəllif niyyətinin ən incə qatlarını üzə çıxarmağa çalışır. Bu isə onun tənqidini quru nəzəriyyədən uzaqlaşdıraraq canlı, təsirli və düşündürücü edir. Mənim üçün Vaqif Yusiflinin ən diqqətəlayiq cəhətlərindən biri onun obyektivliyi və ədalətli yanaşmasıdır. O, müəllifə münasibətdə nə həddindən artıq tərifə, nə də əsassız tənqidə yol verir. Əksinə, hər bir əsəri öz daxili qanunları çərçivəsində qiymətləndirir, onun güclü və zəif tərəflərini aydın şəkildə göstərir. Bu yanaşma isə həm müəllif, həm də oxucu üçün böyük əhəmiyyət daşıyır. Onun dili də ayrıca qeyd olunmalıdır. Vaqif Yusiflinin üslubu sadəliklə dərinliyin harmoniyasını yaradır. O, mürəkkəb ədəbi məsələləri belə oxucuya anlaşıqlı şəkildə təqdim etməyi bacarır. Bu, yalnız böyük bilik deyil, həm də böyük ustalıq tələb edir. Onun yazılarını oxuyarkən hiss olunur ki, hər bir cümlə düşünülmüş, hər bir fikir süzgəcdən keçirilmişdir. Vaqif Yusifli eyni zamanda ədəbiyyatda yeni imzaların üzə çıxarılmasında, onların yaradıcılığının dəyərləndirilməsində mühüm rol oynayan tənqidçilərdəndir. Onun diqqəti və dəstəyi bir çox gənc yazar üçün stimul olmuş, onların ədəbi yoluna işıq salmışdır. Bu isə onun fəaliyyətinin yalnız tənqid çərçivəsində qalmadığını, daha geniş bir missiya daşıdığını göstərir. Mənim üçün Vaqif Yusifli ədəbiyyatın sadiq keşiyində duran, sözün dəyərini bilən və onu qoruyan ziyalı obrazıdır. Onun yaradıcılığına müraciət etdikcə bir daha anlayıram ki, əsl tənqidçi yalnız qiymətləndirən deyil, həm də istiqamət verən, düşündürən və ədəbi prosesi zənginləşdirən şəxsdir. Bu baxımdan Vaqif Yusiflinin fəaliyyəti Azərbaycan ədəbiyyatında mühüm yer tutur və onun yazıları uzun illər boyu həm oxucular, həm də tədqiqatçılar üçün dəyərli mənbə olaraq qalacaqdır. Bu yazını yazmaqda məqsədim bu yaxınlarda mənim “Yağışda islanmayan adam” adlı kitabıma rəy bildirməsi ilə əlaqədardır. Məhz bu münasibətlə Vaqif Yusifli kimi nüfuzlu bir tənqidçinin fikirlərinə bir daha qayıtmaq, onun sözündəki dərinliyi və məsuliyyəti dərk etmək istədim. Ədəbi mühitdə rəy bildirmək sadəcə fikir söyləmək deyil, bu, həm də müəllifin yaradıcılığına güzgü tutmaq, onun gördüyünü və bəzən də görə bilmədiyini üzə çıxarmaq deməkdir. Vaqif Yusiflinin mənim kitabım haqqında söylədiyi fikirlərdə də məhz bu cəhəti aydın şəkildə hiss etdim. Onun yanaşması nə təkcə təqdir, nə də təkcə tənqid idi — bu, daha çox anlayan və anlatmağa çalışan bir ədəbiyyat adamının mövqeyi idi. “Yağışda islanmayan adam” haqqında deyilənlər mənim üçün yalnız bir rəy deyil, həm də bir məsuliyyət oldu. Çünki belə bir tənqidçinin diqqətindən keçmək, onun süzgəcindən süzülmək hər bir müəllif üçün həm qürurverici, həm də düşündürücüdür. Bu rəy mənə öz yazdıqlarıma kənardan baxmaq imkanı verdi; bəzən üzərində dayandığım, lakin ifadə edə bilmədiyim məqamları onun sözlərində gördüm. Mənim üçün xüsusilə önəmli olan odur ki, Vaqif Yusifli əsərin mahiyyətinə enməyi bacarır. O, yalnız süjetə və ya zahiri tərəflərə diqqət yetirmir, daha çox mətnin içində gizlənən psixoloji və fəlsəfi qatları üzə çıxarır. Bu isə müəlliflə tənqidçi arasında görünməz bir dialoq yaradır. Sanki o, yazılmamış fikirləri belə oxuya bilir. Bu gün ədəbi mühitdə müxtəlif yanaşmalar, fərqli baxışlar mövcuddur. Lakin hər zaman obyektiv, sanballı və düşünülmüş sözə ehtiyac var. Vaqif Yusiflinin rəyində mən məhz bu ehtiyacın qarşılandığını gördüm. Onun fikirləri nəinki bir əsərə münasibət, həm də ümumilikdə ədəbiyyata baxışın ifadəsidir. Bu baxımdan düşünürəm ki, belə tənqidçilərin varlığı ədəbiyyatın sağlam inkişafı üçün olduqca vacibdir. Onlar sözün dəyərini qoruyur, onu təsadüfi yanaşmalardan uzaq saxlayır və hər bir müəllifi daha məsuliyyətli olmağa çağırır. Sonda demək istərdim ki, mənim üçün bu rəy sadəcə bir qiymətləndirmə deyil, həm də yaradıcılıq yolumda bir mərhələdir. Bu mərhələ məni daha dərindən düşünməyə, daha məsuliyyətlə yazmağa və sözün həqiqi dəyərini bir daha anlamağa sövq edir. Və məhz buna görə Vaqif Yusifli kimi bir söz adamının fikirləri mənim üçün xüsusi əhəmiyyət daşıyır. Yeri gəmişkən, aprel ayının 20-də Vaqif Yusiflinin ad günüdür. Bu münasibətlə sözə və ədəbiyyata ömrünü həsr etmiş bu dəyərli ziyalını ürəkdən təbrik etmək istəyirəm. Hörmətli Vaqif müəllim, Sizin qələmə aldığınız hər bir yazı, söylədiyiniz hər bir fikir ədəbiyyatımız üçün bir işıq mənbəyidir. Siz təkcə əsərləri dəyərləndirmir, eyni zamanda ədəbi düşüncəni formalaşdırır, sözün məsuliyyətini bizlərə bir daha xatırladırsınız. Sizin kimi tənqidçilərin varlığı ədəbiyyatın sağlam inkişafının ən böyük təminatıdır. Arzu edirəm ki, qələminiz daim iti, sözünüz həmişə kəsərli olsun. Yazdıqlarınız yeni nəsil yazarlar üçün yol göstəricisi, oxucular üçün isə düşüncə mənbəyi olaraq qalmaqda davam etsin. Sizə möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram.
Zaman hər kəsi sınağa çəkir. Bu həyatın dəyişməz qanunudur. Kimi bu sınaqdan üzüağ çıxır, kimi isə əksinə, çətinliklərin ağırlığı altında sınır. Kimi sözü ilə, kimi əməli ilə bu sınaqdan keçir və hər kəs öz mahiyyətini zamanın aynasında göstərir. Elə insanlar var ki, zaman onlardan sadəcə keçib getmir; əksinə, onların daxilindən süzülərək dərin bir mənaya, hikmətə çevrilir. Məhz belə şəxsiyyətlər cəmiyyətin və ədəbiyyatın yaddaşında iz qoyur. Ədəbi camiədə isə bu cür insanlar çox nadir yetişir. Şair Tapdıq Əlibəyli də məhz bu nadir şəxsiyyətlərdəndir. O, sözün həqiqi mənasında şairdir – sözü duyan, ona can verən, hissləri incə çalarları ilə ifadə etməyi bacaran sənətkardır. Eyni zamanda, o, insan kimi də öz bütövlüyünü qoruyan, mənəvi dəyərlərə sadiq qalan, saf və səmimi bir şəxsiyyətdir. Dağlar qoynunda yerləşən Yardımlı rayonunun Bürzünbül kəndində dünyaya göz açması onun taleyində təsadüfi bir məqam deyil. Uşaqlıqdan nəfəsinə qarışan saf dağ havası, təbiətin sakitliyi və ucalığı onun ruhunun formalaşmasında mühüm rol oynamışdır. Bu mühit insanın daxilində təmizlik, saflıq və həssaslıq yaradan təbii bir məktəb kimidir. Bununla yanaşı, onun şəxsiyyətinin formalaşmasında genetik irs və sosial mühit də az rol oynamamışdır. Bütün bu amillərin vəhdəti nəticəsində o, həm mənəvi, həm də fiziki aləmin incəliklərini dərindən duymağı bacaran bir sənətkara çevrilmişdir. Bu duyum, bu həssaslıq onun sözündə, misralarında öz əksini tapır. O, sözü sadəcə ifadə vasitəsi kimi deyil, ruhun aynası, düşüncənin səsi kimi təqdim edir. Elə buna görə də Tapdıq Əlibəyli sözün əsl mənasında söz sərrafıdır – hər kəlməni seçən, ona dəyər verən və onu mənaya çevirən nadir sənətkarlardan biridir. Tapdıq Əlibəyli publisistik məqalələrinin birində yazır: “Səhərin al şəfəqləri nura boyayır cahanı, günəş təbəssümün sanki qönçələrə süzür… Zaman öz axarındadır. Bu axarsa hər məqamı öz vədəsində salamlayır… Artıq üfüq boyu sanki tonqal qalanıb. Yavaş-yavaş bu şölə incəlir. Ay işığında yer üzü sanki süd gölünə bənzəyir. Göy üzünü bəzəyən, sayrışan ulduzlar gecənin qoynunda sanki bir cilvədədir. Sabaha yol başlanır… Beləcə, bu əsrarəngiz dünya öz gərdişində, öz nizamındadır. Bu əzəli-əbədi nizamın ədəbi inikası olan bir ədəbiyyat nizamı, söz nizamı da var.
Hansı ki mənəvi təlimi bütün zamanlar üçün orijinallığını hifz edən mütəfəkkir şair, könüllər sultanı Mövlana Cəlaləddin Rumi bu məqamı bənzərsizcəsinə belə dəyərləndirir: “Şeir halal olan sehrdir”. Təkrarsız müqayisədən doğan müdrik bir qənaət… Axı söz özü də bir sehrdir. O söz ki, əsrlərin o üzündən üzü bəri duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini hiss-idrak süzgəcindən keçirərək, “məndə mənini” arayıb. Mənəvi dünyamızın tükənməz enerji mənbəyi olan sözün (əsrarəngiz bədii – “nizamlı” söz – şeir) işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə.” Özünün dediyi kimi, söz nizamının işığında sözün heyrətinə bələnə-bələnə ömür təqviminin 65 ilini tamamlamaqdadır Tapdıq Əlibəyli.
Söz sərrafı sığal çəkər sözünə, Təriflənsə, həya çökər üzünə. Sözdən elə saray tikər özünə, Bülənd olar goy üzünə sədası.
Son dövrdə şeir yazanların sayı artıb, lakin əsl, özünəməxsus və şeiriyyəti dərin mənaya malik şairlər şübhəsiz ki, azdır. Bu ədəbi fonda Tapdıq Əlibəyli sözə sığal çəkib ona yeni məna qataraq, şeirin və sözün həqiqi təmsilçisinə çevrilir. O, göstərir ki, hər zaman sözün, şeirin və ədəbiyyatın keşiyində duran, təxəyyülü zəngin və ifadəsi güclü şairlər var və onlar öz poetik inciləri ilə ədəbiyyatımıza dəyər qatır. Çağdaş ədəbiyyatımızda poeziyanı təkcə təmsil etməklə qalmayan, ona yeni bir nəfəs, rəng və şirinlik verən Tapdıq Əlibəyli, hər zaman bizim yolumuzu işıqlandıran, ruhumuzu qidalandıran bir bələdçimizdir. Onun şeirləri yalnız poetik məzmunu ilə deyil, həm də içindəki həyat fəlsəfəsi və bədii üslubunun incəliyi ilə diqqəti cəlb edir. Bu baxımdan, Tapdıq Əlibəylinin üslubu sadəcə müasir poeziyanın qiymətli bir nümunəsi deyil, həm də ədəbiyyatımızın gələcəyinə işıq tutan bir xəzinədir. Düşünürəm ki, onun əsərləri, hərtərəfli araşdırılmalı, daha dərindən öyrənilməli və dəyərləndirilməlidir. Bəzən mənə elə gəlir ki, Tapdıq Əlibəylini şair olaraq ilk kəşf edən insan mənəm. Yəqin ki, bu hiss müəllifi olduğum və Tapdıq müəllimin redaktoru olduğu, ön söz yazdığı “Eşqnamə” əsəri üzərində birlikdə çalışmamızdan və bu çalışma sayəsində ona daha yaxından bələd olmamdan irəli gəlir. Təmiz ürəkli, xoş diləkli və zəngin iç dünyası olan bu insan ədəbi camiədə özünəməxsus bir yer tutub. Əminəm ki, Tapdıq Əlibəyli sözünə olan məhəbbət və hörmət sayəsində, ədəbiyyatımızda silinməyən dərin izlər buraxacaq və əsərləri gələcək nəsillər tərəfindən də hər zaman sevilərək zaman-zaman oxunacaq. Çünki onun yaradıçılığı zamanın fövqündədir. Tapdıq Əlibəylinin sözə sığal çəkmək bacarığı da özünəməxsusdur – hər bir ifadə sanki bir naxış kimi ortaya çıxır. Məsələn, “Payız çöhrəsində yazdı 44 Gün” kitabını oxuyarkən sanki təsirli bir filmə tamaşa edirsən. Qeyd edim ki, bu əsər nəşr tarixi etibarı ilə Zəfərlə nəticələnən Vətən müharibəsi (Qarabağ) mövzusunda ilk poetik salnamədir.
Bürüsə də duman, çən Qarabağı, Zəfər çiçəklədi bağrının dağı. Yadda boz illərin çiskin-sazağı… Payız çöhrəsində yazdı 44 gün.
Əminliklə demək olar ki, çağdaş ədəbiyyatımızın görkəmli nümayəndilərindən biri olan Tapdıq Əlibəylinin yaradıcılığı, ədəbiyyatımıza dəyərli bir töhfədir. Aşağıdakı bəndin prototipi də elə sevimli şairimizdir.
Şairlər duyğusal, kövrək olurlar, Elə bil nur üzlü mələk olurlar, Möhürü söz olur, qibləsi sevgi, Qəlbinin səsiylə ahəng olurlar.
Söz dəryasına dalmaq, onun dərinliklərinə enmək hər şairin qismətinə düşməz. Sözün hər incəliyini və gözəlliyini axtarıb tapmaq üçün bu dərinliklərə qəvvas kimi enən şairlər həqiqətən də tərifə layiqdir. Necə ki, özünün də dediyi kimi:
Qəvvasam sahilsiz söz dəryasında, Qiyməti özündə inci gəzirım. İnsan sevgisiylə söz dünyasında, Tapdığım incidən çələng düzürəm.
Tapdıq Əlibəylinin ən diqqətçəkən və təqdirəlayiq xüsusiyyətlərindən biri onun insanlara olan dərin həssaslığı və yüksək dəyər verməsidir. O, Azərbaycana layiqincə xidmət etmiş, xalqının rifahı üçün çalışan şəxsləri mütəmadi olaraq gündəmə gətirir və dünyasını dəyişənləri heç vaxt unutmur, həmişə onların xatirəsini yad edir və bizə onların töhfələrini xatırladır. Bu xüsusiyyətini nəzərə alaraq, Tapdıq Əlibəyliyə həsr etdiyim şeiri məmnuniyyətlə xatırlamaq istəyirəm:
Şair var boğulur öz göz yaşında, Şair var heç adı yox baş daşında, Şair var yüz sual var baxışında, Sağ ol ki, hər kəsi yada salırsan.
Şair var gəlməyir səsi- sorağı, Şair var yazdığı yalnız bayağı, Şair var sönübdür ömür çırağı, Sağ ol ki, hər kəsi yada salırsan.
Böyük ürəyin var, böyük amalın, Tapdıq Əlibəyli, nurdur camalın, Ünvanlar dolanır şair xəyalın, Sağ ol ki, hər kəsi yada salırsan.
Çingiz Ərəblidir gördüyün yazan, Yazdığı zamanda verildi azan… İmzalar içində seçilir imzan, Sağ ol ki, hər kəsi yada salırsan.
Tapdıq Əlibəyli həm də sədaqətli dostdur. Onunla söhbət etmək insanı daxilən rahatlaşdırır. Saçlarının ağarması və həyatın üzündə çəkdiyi naxışlar onun nurani çöhrəsinə yaraşır və əzəmətini artırır. Əlbəttə, bu onun qocalmasından yox, ucalmasından xəbər verir. Şair dostuma ithaf olaraq yazdığım kimi:
Şair dostum, gör bizi zaman necə qocaltdı; Saçımıza dən salıb, gündən-günə çoxaltdı. Bəlkə, heç zaman bizi qocaltmadı, ucaltdı… Deyim var ki, başında zirvələrin qar olar.
Ruhumuzsa cavandır, sanki on beş yaşında, Onun da ağ yoxdu ki, nə “saçında”, “qaşında”. Bir ömürlük hakimdir qəlb evinin başında, Vaxt gələr ki, ruhumuz əbədiyə yar olar.
Ağaran tək saç olsun, ürək qocalmasın heç, Ömrümüzdən qoy illər təki bac almasın heç, Dostlarımız ucalsın düşmən ucalmasın heç, Yoxsa ki hər günümüz ancaq ahu-zar olar…
Tapdıq Əlibəyli yaradıcılığı çağlayan çeşmədir. O bulaqdan içmək könülləri saflaşdırır. Arzu edirəm ki, şairin həyata, sözə olan eşqi heç vaxt səngiməsin. İlhamı daim kükrəsin, qələmi kəsərli olsun. Bu yaşında belə yorulmadan çalışan Tapdıq Əlibəyliyə bəd nəzərdən, pis gözlərdən üzaq olmasını diləyirəm. 65 yaşın zirvəsindən üzü 100 ilin zirvəsinə ucalasan, əziz dost!
Hacı Çingiz Ərəbli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Bilgəh Sağlamlıq Mərkəzinin Baş Həkimi
“YAŞAMAQ EŞQİNƏ SALAM DEYƏN” SÖZ ADAMININ ÖMÜR NƏĞMƏLƏRİ
Ana təbiət kainatın ən ali varlığı şüurlu insandan daha “istedad”lı yaradıcıdı. Onun şah əsərlərindən biri də Qafqaz dağlarına sığınıb qol-boyun yaşayan gözəl Zaqataladır. Oranı bir dəfə görənlər əmin olurlar ki, burada yaşayanların qəlbi genişdi, duyğuludu, yaşamaq eşqi sönməzdi, istedadlı yaradıcıdırlar – söz yaradıcısı. Belə duyğulu insanlardan biri də Nüsrət Musadı. Ona Yaradan çoxuna nəsib olmayan istedadla yanaşı, həssas göz verdiyindən duyub qələmə aldıqları daha inandırıcıdı, daxili dünyasının lirik pıçıltıları səmimidi. Ulu, şərəfli tarixi ilə tanınan Zaqatalanın qədim Türk diyarı Muğanlı kəndində doğulan, boya-başa çatan, yaşayan, özünü, sözünü anlayandan ilahi sözə könül verən şairin “Kədərə vermişəm sevinc payımı” şeirlər kitabı onun poeziyasevərlərlə ikinci görüşüdü. Şairin Vətənə, millətə, yurda, uşaqlıq və gənclik illərinə, mənəvi dəyərlərimizə bağlılığı şeirlərinin ana xəttidir. Nüsrət müəllim gözünü dünyaya açanda anasını, ətirli qızılgüllü Zaqatala kimi bir gözəli görüb, aşiq olub, ona eşq elan edibsə, necə şair olmaya bilərdi? Kitaba ön söz yazan şair Əkbər Qoşalının dediyi kimi: “Nüsrət Musa şeirə bir “mövqe” kimi baxmır, tribunluq eləmir (hərçənd belə davranmaq da mümkün və məq-buldur); o, şeirə bir “ömür tərzi” kimi yanaşır. Onun poetik nəfəsi ilk səhifələrdən başlayaraq, oxucunu iki əsas xətt boyunca aparır: könül rahatlığı ilə kədər arasındakı əbədi gərginlik və zamanın insan taleyi üzərində qoyduğu qaçılmaz möhür misalı…” Nüsrət müəllimin bir “könül rahatlığı, könül dincliyi” var – vaxtından, vədəsindən asılı olmayaraq, ürəyinin diktəsi ilə, işıqlı daxili dünyasından fani zahiri dünyaya gəlmək istəyi ilə hayqıran, “hamıya nəsib olmayan” poetik mənəvi övladlarını – lirik düşüncələrini dünyaya gətirmək, oxucularına ərmağan etmək.
Xoşbəxtdi, zəkadan kasıb olmayan, Şükr edib, allahdan asi olmayan. Nemətdi, hamıya nəsib olmayan, Könül rahatlığı, könül dincliyi.
O, Məmməd Arazın təbirincə desək, “Vətən daşı”dı, vətəndaş şairdi, Vətən oğludu. Əslində qoca dünya sözün çiynində dayanıb. Bir məqama önəm vermək istəyirəm. Nüsrət müəllim, özünün yazdığı kimi, Xankəndini, Şuşanı ziyarət edərkən, şəhidlərin ruhlarına dualar oxuyarkən, ürəyini bir sual halbahal edib, şəhid ruhlarıyla, şəhid, qazi qanı və hünəriylə ürəyində doğulan müxtəlif ovqatlı sorğu-suallara cavab axtarıb:
Sıldırımda dövrə vuran oğullar, Zirvəsində cəbhə yaran oğullar, Torpağına sahib duran oğullar, – Dağlar bizim dağlar kimi qalıbmı?
Şairin “Bəylik üçün ayaqqabı”, Polad Həşimovun anasına ehtiramla yazdığı “Sabahın xeyir”, “dədə-baba yurdlarından didərgin düşmüş, geri qayıdanda nənəsi basdıran armud ağacını qucaqlayıb öpən soydaşımızın xatirəsinə” qələmə aldığı “Nənəmin yadigarı” şeirləri Qarabağın çağdaş tarixinin səhifələridi, müharibə salnaməsidi. İnsanın dərdli, hüznlü günündə tut ağacı da doğmasıdı, onu ovuda bilər. Bu mübhəm hissləri poeziyaya çevirən söz adamının qəlbində azı doğması kimi armud ağacını qucaqlayan soydaşımızın ürəyindəki qədər ağrılar var, bilirəm – söz adamını yaşadan ağrılar.
Nənə yadigarı, görüşüb getdim, “Sağlıqla qal” deyib, alışıb getdim. Fələyin selinə qarışıb getdim, Yenə qismət oldu görüşdük, ağac! Qövr edən həsrəti bölüşdük, ağac!
Tapdanan torpağım, daşımdı dərdim, Neçə yataqxana daşındı dərdim. O evdə, bu evdə yaşandı dərdim, Ümiddən, inamdan daim güc aldım, Sən də qocalmısan, mən də qocaldım.
Nüsrət Musanın “Ata ocağı”, “Ay nənəmin cəhrəsi”, “Yadımdakı bayramlar”, “Nişanlı qızları oynadan toylar”, “O zamanın toyları” və bir çox şeirləri həzin nostalji duyğulardan doğulmuş poetik lövhələrdi. Bu şeirlər həm də ağsaqqal babalarımızın, ağbirçək nənələrimizin sənəkarlıq möcüzələrini, məşğuliyyətini, mənəvi dünyasını, milli kimlyini yaşadan etnoqrafik etüdlərdir.
Göy çəmənin üstündə açılardı süfrələr, Uşaqlar ətrafında olunardı yerbəyer. Halva, fətir, fəsəli isti çörək gələrdi, İkiyə bir nimçədə şorba da düzülərdi.
Yada salıb kövrələnlər itməyib, Azalıbdı adamların sayları. Xatirəsi hafizəmdən getməyib, Nişanlı qız oynadılan toyları.
“Ata ocağı” şeiri məni məndən alıb doğma yerlərə apardı. Buna səbəb o yerlərin mənim üçün də həmişə doğma olmasıdır. Axı insan yaşlandıqca uşaqlığına, qayğısız anlarına, ata-analı dünyasına qayıtmaq istəyir. Mən bayramdan-bayrama ata ocağını ziyarət edənlərdənəm. Ata ocağı ilə görüşəndə keçirdiyim hisslərin adı, dadı həmişə dilimdə, damağımdadı. İnsan ömrünün şirin günləri keçən o ev, ocaq, həyət, yol, kənd, çay, dağ insanın hisslərini korşalmağa qoymayan müqəddəs yerlərdir. Nüsrət Musa bəxtəvərdir ki, ata ocağının odunu qoruyandır, xatirəsini yaşadandır. İlahi missiyadı.
Bir yurdun sönməyən işığı olmaq, Ata ocağında qalana düşər.
Boynuna çox ağır yük düşür düzü, Ata əvəzinin yeri başdadır.
Şairlər dünyanın mizan-tərəzisinin gözlərindən birini həmişə yaxşıya, həqiqətə, haqqa, ədalətə xeyirxahlığa təfəf əyən, həmin gözü daha ağır etmək üçün mübarizə aparan ədalət carçılarıdı. Ona görəmi Tanrı Nüsrət müəllimin sevinc payını çox verməyib. Şairlərin dərdi də, sevinci də bəşəridir. Bəşəri olan nə varsa, əbədidir. Bu səbəbdəndir ki, Nüsrət müəllim yenidən doğulmaq arzusundadı:
Kədərə vermişəm sevinc payımı, Dünyadan tək mənə şadlıq ummuram.
Bu qoca dünyanın bir gənc anası, Sən məni yenidən gətir dünyaya!..
Dərd şairin doğmasıdır, Nüsrət müəllim nə qədər ona desə də “məndən uzaq dayan”, o, yaradanı ilə nəfəs-nəfəsə dayanacaq, qucaqlaşacaq. Əlbəttə, söhbət mənəvi dərddən gedir. Bu, şair taleynə yazılıb. Şairi şair eləyən o yaradıcı ilahi dərddir. Şair, elə bilirsiniz yenidən doğulanda dərd sizi tanımayacaq? Amma arzulamağı da əlimizdən almayıblar ki?! Arzudan arzu doğar, arzulayaq. Nüsrət müəllim doğulub özünü anlayandan dağları görüb, müdrik bilib salam deyib. Ulu Türkün babası sandığı dağlara arzusunu, diləyini söyləyib, dərdləşib, öyüd, ağsaqqal məsləhəti alıb. Dağ onun lirik obrazlarından biridi. Dağlardan vüqar, səxavət, əzəmət, xeyirxahlıq dərsləri alıb. Dağ onu bütövləşdirib, mətinləşdirib. Bəyaz saçlı ağsaqqalı bildiyi Qafqaza “əl eyləyib”, dağ öz övladını yeni günə uğurlayıb.
Demə, ruhda güman azdı, Qəlbimə bir ümid sızdı. Qayalara bir ad yazdım, Dağlar, sənə əl eylədim!
Üç şeirində şair “ömürnamə”sini yazır. “Gördüm ki, yaş əlli beşdi” birinci ömürnamə”di. Birincini niyə əlli beşində yazıb? Sözünə məsuliyyətli, özünə tələbkar şairin özünəgüvəni yetərincə olan vaxtı ondan yaxşı kim bilərdi? Artıq söz onu doğması kimi ağuşuna almışdı. Budur, onu özgüvənli edən. Bundan sonra o, yetərincə söz deməyə məqam gəzib. Nüsrət müəllim, söz gələndə əlverişli, əlverişsiz məqam gözləmir, yaradıcısının köməyinə tələsir, onun istəklərini oxucularına bəyan edir. Söz bunu 25-də, 55-də də bəyan edib və edəcək də. Təki tale inamınızı əbədiyaşar eləsin!
Söz toxunar naxış-naxış, Şair Nüsrət olan yerdə!
Qarşıda hələ çox sınaqlar var, şair. Söz öz doğmasını həmişə çətin sınaqlara çəkib, yoxlayıb ki, sevdiyi ona xəyanət edib, etməyib? Axı “hələ neçə arzu, istək özündə gəzdirir ürək”. Onları dünyaya gətirməlidir söz adamı – lap ana kimi. Bir şeirinizdə yazırsınız ki, “sevəndə sərhəddi aşıbdı könlüm”. Sevgi nə vaxt sərhəd bilib ki? Yazanı azaddırsa, söz qol-qanad açar, hədd, sərhəd bilməz.
Bir cəh-cəh var çəməndə, Bacarsan sal kəməndə. İlahidən gələndə, Səsi batırmaq olmur.
İkinci “ömürnamə” “Altmışa çatınca”dır. Burda şair altmışa çatınca üzləşdiklərini qələmə alır, bu üzləşdikləri onü püxtələşdirir, həyata bağlayır, daha inamlı edir. “Qaraya qara, ağa ağ, yamaca yamac, dağa dağ deyəndə” neçə-neçə “dələduz, lovğa” şairin “qanını qaraltsa” da, “az sayda adamların ona dayaq durması mənəvi gücünü artırır. Ona görə taleyinə naşükürlük etmir, üzləşdikləri onu bərkidir, polad kimi əyilməz edir.
Yazıldı yaddaşa, yaddaşım qaya, Bəzi məqamları salmıram saya. Sınaq meydanıdı bəlli dünyaya, Altmışa çatınca üzləşdiklərim.
“Yaşım altmış oldu” üçüncü “ömürnamə”di. “Zaman gözləmir”, yol nahamardı, artıq “qaşa dən düşüb, ömür yollarına çlsək-çən düşüb”. Necə də şirin gileylərdir. Şair gileylərini də müdrikliklə edir, axı yaş altmışdı. Özünə və həmyaşıdlarına təsəlli də verir, ustad Məmməd İsmayılın misrası ilə desək, “hələ yaşamağa dəyər bir az da”. Hələ imkan var yaşayıb-yaratmağa. Belə fürsətlərin , macalın çox olsun, Nüsrət Musa!
Sən də dünya deyib, yanma binadan, Onunla həmyaşıd varmı bir adam?.. Azalır tay-tuşun sayı sıradan, Bir ömür qopardı, yaş altmış oldu.
Elə şairin arzusuna qoşuluram:
Səni sevənlərlə olaraq həmdəm, Bu günün özündə tarix yazarsan!..
Poeziyanın bir adı da insana sevgidi. Onu qəlbində ancaq işıqlı insanlar bəsləyə, qoruya bilər. Ruhu ölülər nə bilsin eşq, cəsarət, mərhəmət, humanizm nədir? Ruhsuzları görəndə Nüsrət müəllim həyəcan təbili çalır. Niyə də çalmasın? Mərhəməti, insana sevgisi olmayanlar anamız dünyanı hədələməkdədir. Bir anın içində insanlığın milyon-milyon illərlə qurub düzənə saldığını “uf” demədən yer üzündən silmək istəyənlərin tamahı ən müasir silahlardan qorxuludu. Bu günümüzün siyasi olayları buna sübutdur. Maddi sərvət naminə dünyanı diri-diri udmaq istəyənlərin çinədanı dolmur ki, dolmur.
Tamahı ayıqdı, ruhu mürgüdə, Nəfsin qapısını açıb taybatay. Nəvaziş, iltifat qalıb kölgədə, Ürək daşa dönür, haray, ay haray!
Həqiqi söz onunla nəfəs alan insanları bütövləşdirir, şəxsiyyət kimi formalaşdırır. Anlamazlar nəcib insanlıq məziyyəti təvəzökarlığı bəzən acizlik kimi başa düşsələr də, bu ən ali mənəvi keyfiyyətlərdən biridi. Bu fikirlərimi Zaqatalamızın gözəl və istedadlı şair xanımı Adilə Aslanovanın kitab təqdimatında vurğulasam da, yenə təkrar etməyimin səbəbi Nüsrət Musanın “Nə edim mən şair ola bilmədim” şeiridi. Əvvəllər poeziyamızın onurğa sütunlarından Məmməd İsmayıl “Mən şair olmadım dostum-qardaşım” deyəndə bu böyüklüyə, aliliyə, təvəzöyə heyran olmuşdum. Mən birinci növbədə ürəyimin məntiqinə sadiqəm. Qəti deyirəm ki, Nüsrət müəllim şair ola bilib. Bəzən tələbkar müəllim kimi “həyat dırnağına döysə də, əlinə qələm əvəzinə kərənti versə də” onun könül duyğuları həmişəbahar olub, onu şair böyüdüb. Etirafa fikir verin:
Mənim öz dünyam var – sevimli guşəm, Sanki xəyallardan ora enmişəm. Şair dogulsam da, ayrıdı peşəm, Nə edim, mən şair ola bilmədim?!..
Daha sonra ürəyimin məntiqini təsdiqləyib etiraf edir ki, onun taleyinə şairlik yazılıb. Taledən isə qaçmaq olmur. O, özünəinamlıdır, “boğazdan yuxarı söz deməyib, əlləri əl çalmaqdan qızarmayıb”, haqqı nahaqqa verməyib. Və boyuna alır ki, “dəyişə bilmirəm, mən ki, qadası, mən belə şairəm, atam balası!”
Şairtək yaşadım söz həyatını, Qurdum haqq üstündə öz həyatımı. Tale belə yazıb düz həyatımı, Çəkdim cəfasını hər bir gülün də, Yaşamaq şirindi tale güləndə.
Saray zənn etdiyim uçuq kahadı, Haqqın həmişədən əyni yuxadı. Düzgünə arxa ol, o da bahadı, Soruşma əhvalın necədir, şair?
Kimsə yaşamaq eşqinə gündüz-gecə salam söyləyən adam tanıyırmı? Mən də tanımırdım. Nə yaxşı ki, Nüsrət Musanın lirik düşüncələrinə bələd oldum və anladım ki, şair özünün həyat eşqini əziz tutur, ondan doymur. O, necə deyərlər, köhnə kişilərdəndi, “çörək az, insanlar xeyirxah, dostluq şah, ürəklər yuxa” zamanın yetirməsidi, zəmanəsinin oğlu, ömür-gün yoldaşı, qayğıkeş atası, xeyirxah babasıdı. Ailəyə, doğmalara, elə-obaya, yurda, Vətənə bağlı adamlar sözlə yaşayanda ən böyük təmənnası mənəvi gözəlliklərdi. “Od ilə oynamaq tale yazısına” çevrilənlərin, “ömür az oldu” haray-həşirindən uzaq olanların yaşamaq eşqinə salam”ı bizi həyata daha möhkəm bağlamalıdı. Bilin ki, həyat buna görə gözəldir. Doğrudan da “adımız gələndə gözü dolan var, biləndə bizləri əvəz edən var”, yaşamağa dəyər. Xoşbəxtlik bu deyilmi? Yaşamaq eşqinə salam verənlərin eşqi əbədidi, bəşəriyyətin ömrü qədərdi. Çünki həyatı, həyata ölməzlik verən gözəllikləri Nüsrət müəllim kimilər – söz adamları yaxşı anlayırlar.
Tutum nəvələrin körpə əlindən, Odur gələcəyə körpü ömürdən. Duyaraq güclüdü sevgi ölümdən, Yaşamaq eşqinə salam deyirəm!
Xatirə cıgırı olacağamsa, Yaddaşa bir işıq salacağamsa, Qəmlinin könlünü alacağamsa, Yaşamaq eşqinə salam deyirəm!
Nüsrət müəllimin “hələ çox sözü var deyəsi”. Nə olsun ki, “bir ömrü təzədən başlamaq olmur”. Yaradıcı insanın qismətinə düşən bir ömür payı bəs edir ki, söz ömrü qədər yaşasın – Nizami, Füzuli, Nəsimi, Cavid, Sabir, Müşfiq, Əli Kərim kimi. Nə olsun ki, Müşfiq 29, Əli Kərim 39, Sabir 49, Səməd Vurğun 50 il yaşayıb. Bu, fiziki ömürdü, mənəvi ömür əbədidi. Bu ömrü ilahi söz əbədi yaşadır.
Bir ömür yaşadım, yol gedirəm mən, Qırxda anlanmayan əllidə bəlli. Getdiyim yol ayaq açıb sevgidən, Amalım, istəyim bəllidi, bəlli.
Min illərin sınağından qalib çıxan söz doğru yolu göstərəndi, işıqdı, söz adamının arzularının çin olmasına, əməllərinin düzlüyünə xeyirxahlıq edən qoruyucu mələkdi, xatirə dünyamızın qanadlarıdı. Nüsrət müəllimin poetik dünyasının insanlığı qoruyan mələyi mərhəmətlidi, şair istedadının, təxəyyülünün daimi olmasına vəsilədi. Məhz buna görə onun şair taleyi üzünə həmişə gülür, yeni yaradıcılıq uğurlarına səsləyir. Sözə təmənnasız xidmət edən söz adamları kimi Nüsrət Musanın da gözü toxdu, üzü ağdı, başı ucadı, dünyanın iblissifət maddiyyatını heç-puç sayır. Mənəvi dünyasını zənginləşdirmək istəyənləri şair sözün ecazkar sehrinə dəvət edir – durulun, təmizlənin, zənginləşin, nəfsin qulu olmayın, işığa tərəf gedin, bir sözlə, İNSANLAŞIN! aprel 2026
Ələsgər Mirzəzadə: 70 illiyin zirvəsində Bu günlərdə Odlar Yurdu Azərbaycanın ayrılmaz hissəsi olan Muğan ellərinin dəyərli və fədakar eloğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri, arxeoloq və tarixçi-tədqiqatçı alim Ələsgər Mirzəzadənin doğum günü, eyni halda 70 illik yubleyi qeyd edilir. Bununla bağlı dəyərli Ələsgər müəllimin haqqında onu tanımayanlara tanıtım məqsədi ilə bu yazını qələmə almağa qərar verdim…
Qısa bioqrafik məlumat: Ələsgər Ağahəsən oğlu Mirzəzadə: 1956-cı il aprelin 1-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuşdur. 1971-ci ildə VIII sinfi əla qiymətlərlə bitirərək, imtahansız Lənkəran Dövlət Pedaqoji Texnikumuna daxil olmuş və 1975-ci ildə, ixtisasina uyğun olaraq (sinif müəllimi) əmək fəaliyyətinə başlamışdır. 1976-1978-ci illər ərzində Rusiyanın Primorye vilayətində (Ussuriysk, Vladivostok) hərbi xidmət keçmiş, 1975-ci ildə ixtisasına uyğun olaraq əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnistitutunun tarix fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin ali məktəbi bitirmişdir. Ə.Mirzəzadə hal-hazırda Lənkəran Dövlət Universitetinin doktorantıdır. “Azərbaycanın cənub-şərq bölgəsinin təsərrüfat həyatı və məişəti (antik və ilk orta əsrlər dövrü)” adlı elmi iş üzərində çalışır. O, eyni halda ADPU Cəlilabad filialının baş müəllimidir. Tədris sahəsində nümunəvi fəaliyyəti və uğurlarına görə 2018-ci ildə Azərbaycan Təhsil İşçilərinin XV qurultayına nümayəndə seçilmişdir. Yarım əsr boyu tədris sahəsində əməyi olan Ələsgər Mirzəzadə təhsil, elm və ictimai işlərdə bir ziyalı olaraq qazandığı uğurlara görə, indiyədək çoxsaylı fəxri fərman, təşəkkürnamə və fəxri diplomlarla təltif olunmuş, arxeologiya və Muğan ellərinin tarixinə təqdim etdiyi töhfələrə görə isə 01.04.2026 tarixində “Həməşəra” Fəxri Diplomuna layiq görülmüşdür. Ələsgər müəllim pedaqoji fəaliyyəti ilə yanaşı, peşəkar arxeoloq və tarixçi-tədqiqatçı alim olaraq Odlar Yurdu Azərbaycanın Muğan ellərinin tarixini elmi şəkildə araşdırır və qədim tariximizlə bağlı maraqlı və qiymətli kolleksiyalar toplayır. Şəxsi evində təşkil etdiyi muzeydən əlavə, Azərbaycan tarixinin keçmişini əks etdirən bir çox nadir tapıntları (yüzlərlə eksponatı) Cəlilabad Rayon Tarix Diyarşünaslıq Muzeyinə təqdim etmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, Ələsgər müəllim Muğanin tarixi silsiləsinə daxil olan “Cəlilabad abidələr diyarı”, “Muğan: Maddi-mədəniyyət abidələri”, “Tarix və zaman”, “Vətən bizi unutmaz”, “Muğanın irsi Həməşəra xalçaları” və “Azərbaycanın cənub bölgəsinin tarixindən” adlı elmi-tədqiqat əsərlərinin, həmçinin, bir çox elmi-pedaqoji, publisist məqalələrin müəllifidir. Onun həm də gözəl şeir yazmaq bacarığı olduğundan asudə vaxtlarında müxtəlif mövzularda bir-birindən gözəl və mənalı şeirlər qələmə alır. Evlidir, dörd övladı (3 qızı, 1 oğlu) və 11 nəvəsi var…
Xüsusiyyətləri: Mən Ələsgər müəllimi təxminən 10 ildir ki, tanıyıram. Onu hər zaman doğma elinə, milli kimliyi, xalqı, milli-mənəvi dəyərləri, vətəni və dövlətçiliyə sadiq olan bir ziyalı olaraq tanımış və görmüşəm. Bu sözlər 2-3 sətirdə təqdim edilsə də əslində bir ləyaqətli vətəndaşın və yaxşı insanın malik ola biləcəyi bütün dəyərləri özündə ehtiva edir. O, tədris sahəsində yarım əsrlik əməyə malik olan bir vətənpərvər, ziyalı pedaqoq, eyni halda qədim tarixi və mədəniyyətinin vurğunu olan bacarıqlı arxeoloq, tarixçi-tədqiqatçı alimdir. Ələsgər müəllim şagirdləri və tələbələrinə qədim və sirli tariximizi sevdirməyi bacaran bir müəllim, peşəkar ustaddır. Onun tədris metodunu yaxından izlədikdə, sanki ilk əzəldən tarix sahəsi üçün yaradıldığını təsbit etmək olar. Ələsgər müəllimin Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Muğan ellərinin tarixinə təqdim etdiyi töhfələr də möhtəşəm və qiymətlidir. Bununla bağlı indiyədək tarixi araşdırmalar əsasında yazıb ərsəyə gətirdiyi əsərlər (kitab və məqalələr), həmçinin, hazırladığı xəritələr xüsusilə qeyd edilməlidir… Dəyərli ustadimız arxeologiya və tarix sahəsindəki xidmətləri ilə əslində xalqımızın milli kimliyinin qorunub-saxlanılmasına ləyaqətli və təməlli şəkildə xidmət göstərir. Çünki tarix hər bir millətin milli kimliyinin əsas sahələrindən biri, eyni halda “Şəxsiyyət vəsiqəsi” sayılır…
Arzu və diləklər… Son olaraq bu günlərdə bərəkətli ömrünün 70 illiyini qeyd edən dəyərlimiz Ələsgər müəllim Mirzəzadəyə Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni elmi nailiyyətlər arzulayıram!
10.04.2026
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində şairin zəngin yaradıcılığı haqqında geniş məlumat təqdim olunub, onun Azərbaycan ədəbiyyatındakı müstəsna rolu xüsusi vurğulanıb.
Tədbirdə çıxış edən Tərcümə fakültəsinin dekanı, professor Bənövşə Məmmədova Səməd Vurğunun ədəbi irsinin bu gün də aktuallığını qoruduğunu qeyd edib.
Eyni zamanda, tələbələr tərəfindən müxtəlif dillərdə hazırlanmış maraqlı və məzmunlu təqdimatlar nümayiş etdirilib. Təqdimatlar tələbələrin yüksək dil bacarıqlarını və yaradıcılıq potensialını bir daha ortaya qoyub.
Türkan Alpturan (Hüseynli) 13 aprel 2018-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsmə böyük maraq göstərir. Hal-hazırda rəsm təhsilini davam etdirən Türkan bu sahədə ilk təhsilini 2024-cü ildə Türkiyə Cumhuriyətinin Eskişehir şəhərində ESAZDER-in (Eskişehir Azərbaycanlılar Dərnəyi) nəzdində olan uşaq dərnəyində almışdır. İngilis dili təmayüllü liseyin rus dili bölməsində ikinci sinif şagirdi olan Türkan öz ana dili – Azərbaycan dilini gözəl bilir, bu dildə kiçik hekayələr yazır. Eyni zamanda yapon dilini də öyrənir. Boş vaxtlarında gimnastika ilə məşğul olur. Musiqiyə böyük marağı olan Türkan pianoda ifa etməyi də öyrənir. Balaca rəssamın ad gününü təbrik edir, uğurlar diləyir, həyatının rəssam palitrasındakı rənglər kimi rəngarəng olmasını arzulayırıq.