
Əvvəli burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
VIII yazı
Səməd Vurğunun Hüseyn Cavidə yazdığı “Səadət düşmənlərinə” şeirindən yazmışdım.Tanıdığım üçün deyirəm; Hüseyn Cavidin qızı Turan xanımın atasının düşmənlərinə qarşı münasibəti çox prinsipial olub.Əslində, Cavidin 1937- ilin represiyasına gələn yolu çoxdan başlayıb.Onun düşmənləri əslində Cavidin istedadının düşmənləri olub.Turan xanım atasının düşmənlərini tanıyırdı.Amma 37-ci ildə,Cavidin yaxın dostlarının, Cavidin süfrəsində cörək kəsənlərin Bağırovun və sistemin qorxusundan Cavidin ailəsinə dönük çıxması Turan xanıma daha çox əzab verib.Həmin adamların kimliyini çoxları bilir,amma adları bilinməyənlər də var.Adları əksər insanlara məlum olmayan dönüklərin kimliyini yalnız Cavid ailəsinə və Turan xanıma yaxın olan adamlar biliblər.Onlar da susublar.Niyə susublar? Bu haqda bir qədər sonra…Cavidin həyat yoldaşı Mişkinaz xanım Cavidin “Cavid haqqında xatirimdə qalanlar” adlı bir kitabı var.Həmin kitabı ilk dəfə tam halda 2005-ci ildə qardaşım Azər Turan nəşrə hazırlayaraq çap etdirib.Bu kitab Azərbaycanımızın ən dəyanətli xanımının kitabıdır.Bu kitab Azərbaycanda bu vaxta qədər nəşr olunmuş kitabların ən kədərlisidir. Həmin kitabda Mişkinaz xanım Cavidlə birlikdə keçirdiyi bəxtəvər günlərindən və Cavidin həbsindən sonra başına gələn müsibətlərdən,faciələrdən söz açıb.Kitabının bir yerində Mişkinaz xanım Cavidin həbsindən sonra Cavidə və Cavid ailəsinə dönük çıxan bir “dırnaqarası dostun” dönüklüyündən yazır:
“…Mən xəstələndim.Xəstə yatası oldum.Bir gün xəstələri yoxlamağa gələn həkim xəstələrin çarpayıdan asılmış xəstəlik vərəqini oxuya- oxuya gəlib mənə çatdı.Vərəqə baxıb qorxmuş,uca səslə:
-Cavid- dedi.
Orada “Mişkinaz Cavid” yazılmışdı.
Əlini elə çəkdi ki,elə bil əlini od yandırırdı.Qınamayan olsaydı,çıxıb qaçardı.O biri xəstələrə gözucu baxıb getdi.Vay o baxmağa.
Bir neçə gündən sonra 8-9 yaşından tanıdığım bir həkim,şəfqət bacısı ilə gəlib xəstələri yoxlamağa başladı Mənə çatanda lap yavaş səslə şəfqət bacısına Cavidin ÇOX YAXIN DOST DEDİYİ oranın hörmətli həkiminin adından
-Deyib,yazın,bu çıxsın -söylədi”.
Mən bir dəfə Azərlə birlikdə Turan xanımın evində olarkən,ondan,Cavidin o dönük dostunun kim olduğunu soruşmuşdum.Turan xanım məhz Azərin qardaşı olduğuma görə mənə həmin həkimin adını demişdi.Və mən həmin həkimin adını Turan xanımdan eşidəndə heyrətimdən əlim üzümdə qalmışdı.Hətta əvvəlcə səhv eşitdiyimi zənn etmişdim…Çünki 1980- ci illərə qədər yaşayan həmin ” dönük dost” Azərbaycanın ən məşhur,hamı tərəfindən hörmət edilən,həddindən artıq nüfuzlu,görkəmli bir şəxs idi. Həmin dönük dost bu gün də özünün əvvəlki statusundadır.Onun adını Azərbaycanda hamı hörmətlə anır.İndi aydın oldumu Cavidin bəzi dönük dostlarının adını niyə çəkmək olmur… Bu,indiki zamanda,nə qədər insanın xəyal qırıqlığı yaşamasına səbəb olar…Əlbəttə,vaxt gələcək,hamı kimi o dönük dost da öz həqiqi qiymətini alacaq…Amma hələlik,sadəcə olaraq həmin zamanın vaxtı deyil.
Yuxarıda Turan xanımın atasının düşmənlərinə qarşı prinsipial mövqeyindən yazmışdım.Turan xanım həm həmin adamların özləriınə,həm də övladlarına qarşı həmişə soyuq münasibətdə olub.Amma maraqlı budur ki,Turan xanımın azsaylı yaxın rəfiqələrindən biri Səməd Vurğunun qızı Aybəniz xanım olub.Eyni zamanda Turan xanım Səməd Vurğuna da isti münasibət bəsləyib.
2004-cü ilin 9 yanvarında qardaşım Azər,özünün yazdığı kimi, Turan xanımla uzun bir söhbət edib.7 saatlıq ( maqnitafon lentində) həmin söhbətin bir hissısi Azərin 2005-ci ildə “Turan Cavidin son söhbəti…Son yaşantıları…Son günü…” kitabında çap olunub.Azər həmin söhbətdə Turan xanıma Səməd Vurğun haqqında da sual verib:
“…AZƏR TURAN- Səməd Vurğun barədə danışaq.Səməd Vurğunun 1937- ci ildə Cavidə həsr elədiyi “Səadət düşmənlərinə ” şeirini sanki ona güzəştə getmisiniz Bunu ona görə deyirəm ki,Səməd Vurğunun adına həmişə həssas yanaşdığınızı müşahidə edirəm.37-ci ildən sonra onu ilk dəfə harda gördünüz?
TURAN CAVİD – 1946-cı ildə Həbibənin toyunda. Bilirsən, Həbibinin qardaşı Ənvər Məmmədxanlıya,xalası oğlu Rəsul Rzaya görə Səməd Vurğun,Mehdi Hüseyn, Cəfər Cəfərov,Mehdi Məmmədov da həmin toyda iştirak edirdilər.Toyda kimsə məni Səməd Vurğuna təqdim etdi Hiss olunurdu ki,məni görəndə tanımayıb.Çox mütəəssir oldu.Sonra isə Cavid bəraət alanda Səməd Vurğun xəstəydi.Anaya böyük ehtiram bəslədiyini həmişə hiss edirdik.O dövrdəki adamları indi qınayırlar,amma maraqlıdır,bu adamlar onda yaşasaydılar,necə davranardılar.Bəlkə də çox pis hərəkət edərdilər”.
Doğrudan da qışda isti,yayda sərin otaqlarda əyləşib çay içə-içə 37- ci il hadisələrinə görə Səməd Vurğunu qınayanlar,37- ci il hadisələrində Turan xanımın dediyi kimi, özləri görəsən necə davranardılar? Və belə adamlar mənim fikrimə görə adətən 37- ci il hadisələrinin əsl mahiyyətindən xəbərsiz olan adamlardır.
Azərin Cavid əfəndinin qızı Turan xanımla söhbətində bir məqama fikir verdinizmi? 37-ci ildən sonra,Turan xanım Səməd Vurgunla 1946- və ildə görüşür.Turan xanım hələ xalq düşməninin qızıdır.Stalin hələ sağdır,Mircəfər Bağırovun xəfiyyyələri,xalq düşmənlərinin ailəsinin bütün hərəkətlərini izləyirlər,onların hər bir addımından Bağırovun xəbəri olur.Bağırovun Səməd Vurğuna qarşı münasibəti son dərəcə gərgindir.Və Səməd Vurğun fərqindədir ki,Cavidin qızını görəndə mütəəssir olması,onun üçün ağır,bəlkə də faciəli sonluqla nəticələnə bilər.Amma Səməd Vurğun onu gözləyən təhlükələri nəzərə almadan Cavidin qızına isti,doğma münasibət bəsləyir,Turan xanımın dediyi kimi,Mişkinaz xanıma böyük ehtiram bəsləyir…Turan xanımın özü isə Səməd Vurğunun qızı Aybəniz xanımla ömrünün sonuna qədər ən yaxın rəfiqə olur…

Şəkildə:Yusif Səmədoğlunun atama bağışladığı şəkili.
Ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında














































