Kateqoriya arxivləri: Tanrıverdi Əliyev

Tanrıverdi Əliyev – Yeni şeirlər

Əruz magiyası

Qış nağılı

Hər addımımı sənli yürüşlərlə isitdim.

Hər xatirəmi sənli gülüşlərlə isitdim.

Bir cüt dodağından süzülür isti öpüşlər,

Mən surətimi titrək öpüşlərlə isitdim.

Gözlər yaş atır çiynimə,həsrətli baxışdan,

Mən çiynimi islaqlı görüşlərlə isitdim.

Ey qış nağılından tökülən qar dənəsi,bax

Gözlərmi açıb, nazlı düşüşlərlə isitdim.

Misralamışam sevgimi sözlərlə varâğa,

Hər beytimi,misramı büküşlərlə isitdim.

Payız qadını

Sakitcə məni asta qucaqlarla qucaqla.

Gəl,surətimi incə yanaqlarla qucaqla.

Ey nəmli payız qadını,ovcunla əlimi,

Şiddətli yağışlarla,sazaqlarla qucaqla.

Qəlbimdə axan qanımı dondur baxışınla,

Sən bu üzümü isti dodaqlarla qucaqla.

Pərvanədi qəlbim çəkir hicran(ı) hər axşam

Bir dəfə gəlib,nurlu çıraqlarla qucaqla.

Misraların altında uzanmış yalın eşqi,

Əllərnə bulanmış bu varaqlarla qucaqla.

Nə var ki?

Bir qətrə bu torpaqla yaranmaqda nə var ki?

Bir gün də o torpâğa qayıtmaqda nə var ki?

Pərvanə olub gəzməyə çıxmış belə ruhu

Cism ilə bərabər qoşa atmaqda nə var ki?

Ruhun belinə’ yüklə günah ilə savabı,

Məhşər gününə’ ruhu aparmaqda nə var ki?

Tövrat,Zəbur,İncil kimi min dəfə dəyişmiş

Ömrün varağın bir kərə cırmaqda nə var ki?

Razı qala bilsən mənim eşqimdən əgər SƏN,

Musa kimi dəryaları yarmaqda nə var ki?

Bel bağlaya bilsə’m uca Allaha imanla,

İsa təki çarmıxda uzanmaqda nə var ki?

Dərya gözünün sahilinə qonsa məhəbbət,

Gözdən süzülən yaşları tutmaqda nə var ki?

Yal’an yerə söz söyləmə boş-boş demə,şair

Yetmi’ş iki a’şîqə qoşulmaqda nə var ki?

Axtarır

Tökülür incə yağışlar yerə,dərya axtarır.

Elə bil dərya da bir ə’salı Musa axtarır.

Üzünü döndərdi dünya günəşə sarı,gülüm

“Ay” da öz sevgili yarın yəni leyla axtarır.

Tutulub qarə buludlarla səmanın surəti,

Göy səma sevdiyi rəngi,yəni şəhla axtarır.

Hərə öz sevdiyi gülzarının həsrətni çəkir,

Süzülür göydəki bülbül güli-rəna axtarır

Aşiq ilqarını isbat eləyə bilmir sənə,

Onun üçün də O səhra-səhra rüsva axtarır.

Gözünün altına nəmli-nəmli ilham sərilib,

Misra-misra yenə şair səndə məna axtarır.

Sevmək olarmış

Qəlbdən gözə bir eşq yolu çəkmək də olarmış.

Gözdən dodağa sevgini süzmək də olarmış.

“Mən” körpüsünü keçməyə cəhd eyləyə bilsəm,

Haqq eşqə çatıb ordaca ölmək də olarmış.

Ruhum darıxır Tanrıdan ötrü,gözəlim,bil

Cism adlı libası belə sökmək də olarmış.

Məsum baxışından uca məna dərərəm,mən

Gül gözlü gözündən elə öpmək də olarmış.

Bir Qu quşu tək kirpiyə rəna gülü qondu

Göz qırpımı ilə onu dərmək də olarmış.

Çox söz demə söz söyləmə,öz eşqini,şair

Bir göz yaşı ilə sübut etmək də olarmış.

İstəyirmiş

Ol müəyyənlikçün ariflər mühəyya istəyirmiş.

Eşqi dərk etmək üçün nuri-təcəlla istəyirmiş.

Dedilər mah(i) öz eşqin pürri-faş eyləmək üçün,

Şəms(i)dən vaxt dilənib,bir şəbi-yelda istəyirmiş.

Gözlərim səcdə qılır hər dəfə görcək gül cəmalın,

Sanki əylib surətindən zərrə sevda istəyirmiş.

Hamı düzgün yol üçün rəhbər diləyirmiş Rəbdən,

Şi’ələr mövlanı, nəsranilər İlya istəyirmiş.

Vərəq üstündə düzülmüş şairin sözləri səndən,

Damla-damla,qətrə-qətrə yeni məna istəyirmiş.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Allah adı bütpərəstlərin tanrısı olan əl-İlahdan götürülmüşdürmü?!

Allah adı bütpərəstlərin tanrısı olan əl-İlahdan götürülmüşdürmü?!

  Allah adının etimologiyası ilə əlaqədar dilçi alimlərin müxtəlif görüşləri olmuşdur. Bir qisim alimin nəzərincə,Allah adı paqanist(bütpərəst) ərəblərin tanrılarından biri olan əl-ilah adından törəmədir. Belə ki,bu fikri irəli sürən linqvistiklərə görə Allah sözünün əvvəl iki hərfi müəyyənlik artiklıdır,lah isə hər iki sözdə (Allah və əl-İlah) gizlin,böyük və.s mənaları ifadə edir.Bəsrə alimlərinə görə isə “Ləh” sözünü uca və böyük göstərmək üçün qarşısına “əlif- lam” qoyulmuş və “idğam” nəticəsində “Allah” kəlməsi yaranmışdır.

 Fəqət, biz sözün quruluşuna nəzər yetirdikdə görürük ki,artikl fleksiyaya məruz qaldıqda səsdəyişimi müşahidə edilə bilməz. Yəni, əl sözündəki Ə saitinin A saiti kimi tələffüz edilməsi absurddur.

İkinci məsələ ondan ibarətdir ki, İlah sözü ümumi bir isimdir və önünə əl artiklı keçəndə nəzərdə tutulan yəni,öncədən müəyyən olunmuş Tanrı mənasını ifadə edir.Paqanist ərəblərə görə nəzərdə tutulan ilah anlayışı bütdürsə, müsəlmanların qəbul etdiyi İlah sözü də nəzərdə tutulmuş mücərrəd formalı tək tanrıdır. Məhz ona görə də Qurani-Kərimdə Allah buyurur:

İki ilah deməyin. Sizin ilahınız birdir( Nəhl surəsi (15)

Sizin ilahınız bir tək ilahdır.(Bəqərə surəsi 163)

Üçüncü məsələ ondan ibarətdir ki, paqanist və qeyri-paqanist ərəblərdə Allah  anlayışı mövcud idi,lakin onlar mahiyyət(sifət) və xüsusiyyət baxımından Allaha şərik qoşurdular. Məşhur ərəb filoloqu Xəlil ibn Əhməd və məşhur alim Fəxrəddin Razinin fikrincə, ərəblərdə böyük Allah anlayışı var idi və öz tanrılarının adlarını Allah adına bənzətməyə çalışırdılar. Misal üçün əl-İlah əl-Lat,Allahın ;əl-Uzza isə “Əziz”sifətinə nisbət verilirdi.Bu da onu göstərir ki,ərəb paqanizmi də digər paqanist dinlərdə olduğu kimi vahid monoteist dinin təhrif olmuş formasıdır.

Bir digər məsələ də ondan ibarətdir ki, Allah adı ərəbmənşəli addır və islamdanöncəki dövrlərdə də Ərəbistan yarımadasında yaşayan xalqlar tərəfindən istifadə edilirdi. Misal üçün Məhəmməd peyğəmbərin(s) atasının adının Abdullah( Allahın qulu) və əmisi Əbu Ləhəbin əsl adının Əbdülüzzə( Allahın əziz sifətinin qulu) olmasını nümunə vermək olar.

Dördüncü məsələ ondan ibarətdir ki, Xəlil ibn Əhməd və Fəxrəddin Razi kimi məşhur filoloq və alimlərin nəzərincə,Allah adı törəmə isim deyildir. Razi Məfatihul-Qayb əsərində qeyd edir ki, Allah adının ilk iki hərfi əl artiklından törəyə bilməz. Belə ki, bir sözün əvvəlinə nida və xitab əlavə edildikdə,avtomatik olaraq artikl düşməsi baş verir. Əgər,Allah adının ilk iki hərfi artikl qalığıdırsa,tələffüz zamanı düşmə müşahidə edilməli və “Ya Lah” kimi səslənməli idi. Halbuki,ərəb dilçiliyində Yə hərfi(nida) Allah adı ilə birgə işlənilir və heç bir səsdüşümü baş vermir. Lakin əl-İlah sözündə əl artiklı olduğu üçün xitab zamanı artikl düşümü baş verməli və Ya ilah kimi səslənməlidir. Bu da onu göstərir ki, əl-ilah adı məhz,Allah adının artikla məruz qalmış fleksiyasıdır.

Fəxrəddin Razi yazır ki, “Allah” sözündən gəldiyi iddia edilən “İlah”ın başqa mənalarını da düşünmək olar. O bildirir ki, “İlah”ın ərəb dilindəki işlənmələrə görə başqa mənaları da var: “Sükunət (sakitlik, əmin-amanlıq, əmin-amanlıq)”. Buna görə də belə düşünmək olar ki, onun “ilahi” adlandırılmasının səbəbi “ağıl və ruhlar ancaq Onu zikr etməklə, Onu tanımaq və düşünməklə aramlıq, rahatlıq və sakitliyə nail ola bilərlər”. “Vülü”, yəni “könül vermək, rəğbət bəsləmək, daima vəsvəsə olmaq”. Bu mənaya görə, “qəlblər həmişə ona bağlı olduğundan, hər sıxıntıda Onu zikr etməkdən, Ondan kömək diləməkdən” ötrü “Allah” adlandırıldığını düşünmək olar. Bu mənaya əsasən aşağıdakıları nəzərdən keçirmək olar: Onun tanrı adlandırılmasının səbəbi, hər kəsin qorxaraq Ona sığınması və Ona sığınanları xilas etməsidir.”

 Beşinci məsələ də ondan ibarətdir ki, Allah  adının əsas irfani mənası hu sözünü təmsil dən (hə) hərfidir. Belə ki, Allah sözünün mənası böyük gizlin O dur və bu sözdəki hərfləri bir-bir sıradan çıxardıqda yenə məna dəyişmir. Və sondakı h hərfi III şəxsin təki olan “O” əvəzliyini ifadə edir. Sözügedən əvəzlik irfanda vəhdətül-vücud nəzəriyyəsinin təməlində duran- “Ey O kəs ki,ondan başqa o yoxdur” mənasını daşıyır.

Altıncı məsələ ondan ibarətdir ki, bir şeyi izah etmək üçün mütləq yanında təyin və ya təyinedici sözdən istifadə etmək lazımdır. Belə ki, biz Zevsin,Əl-İlahın, Veneranın,İştarın və.s tanrıların tanrı olduğunu izah etmək üçün sözün əvvəlinə tanrı və ya Allah adını əlavə edirik. Məsələn; yunan Allahı Zevs,ərəb tanrısı əl-İlah,Roma allahı Venera,Tanrı İştar və.s lakin,monoteistlərin qəbul etdiyi Allah anlayışı təyinedici olmadan belə özü-özünü təyin edərək izah edir,yəni Allah sözünün əvvəlinə Tanrı və ya Allah adını əlavə etmək leksik norma və dil məntiqi baxımından absurddur.

Allah adının başqa dillərdən götürülməsi məsələsi:

 Türkiyəli alim İsmayıl Hakkı Altuntaşın nəzərincə isə bu ad ibrani mənşəli söz olmuşdur və etimologiyası Eloh sözünə dayanır. Həmçinin də Eloh sözünün kökü şumer tanrılarından olan “El” adından törəmədir.

  Əgər biz Bəsrə alimləri kimi Allah adının ilk iki hərfini artikl olaraq,sözün kökünü isə “Ləh”olaraq qəbul ediriksə,o zaman bu adın El sözündən törədiyini söyləyə bilmirik. Çünki həmin artikl etimologiya və semantikada rol oynamır,sadecə sözü müəyyənləşdirmək vəzifəsini daşıyır.

Bundan əlavə biz müxtəlif yazılarda (papirus,mixi yazı və.s) Allah adının müxtəlif semantik və fonetik variantlarını -Eloah,Eloh,Alah,Alh və.s kimi flektiv dəyişiklik formasında müşahidə etmişik. Həmin sözlər arami,ibrani,ərəb və.s flektiv dillərin yazılarında mövcud idi. Dilçilik elminə görə flektiv dillərdəki sözlər dəyişikliyə məruz qaldıqda samitlər sabitləşir. Saitlər isə sözün işlənmə yerinə görə dəyişir. Biz Eloah,Eloh,Alah,Alh adlarına nəzər yetirdikdə görürük ki, Allah adı ilə səsləşən samitlər(L və H) sıra və ardıcıllıq pozulmadan sabit qalmışdır. Lakin “El” adında isə bu adlarla səsləşən cəmi bir samit səs mövcuddur,digər samit səslərə rast gəlinmədiyindən həmin adların El sözündən törədiyini söyləmək çətindir. Bundan əlavə şumerşünaslara görə tanrı El-in əsl tam adı “Elyon”dur, El isə sadecə ümumi formada mesopotamoya dillərində təyin rolunu oynayır və tanrı deməkdir. Məsələn; əksər mətnlərdə həmin tanrının adı El Elyon olaraq qeyd edilir,həmin ismin əvvəlindəki El adı təyinedicidir, Elyon isə qeyd etdiyimiz kimi xüsusi isimdir. El Elyon da tanrı Elyon mənasını ifadə edir. Həmin söz ərəb dilində “İl” kimi istifadə edilir və leksik-lüğəvi mənası ümumi isim kimi ilah yəni tanrı deməkdir. Oxucuların nəzərinə çatdırmaq lazımdır ki, İl və ilah sözləri xüsusi isim kimi deyil,ümumi isim kimi istifadə edilir. Məsələn biz ərəb tanrıları dedikdə,ordakı tanrı sözü ümumk isim qismində çıxış edir. Monoteist türklərin qəbul etdiyi xüsusi isim kimi-uca Tanrı anlayışı mənasını kəsb etmir.

  Bir digər məsələ də ondan ibarətdir ki, Elyon adındakı samit səslər bizi onu söyləməyə əsas verir ki,Allah adının Elyon adından törəməsini söyləmək müşkül məsələdir. Çünki qeyd etdiyimiz kimi Elyon adındakı “Y və N” səsləri Allah adındakı samitlərin arasında mövcud deyildir.

Bir digər məsələ də ondan ibarətdir ki, mesopotamiya miflərindəki tanrı Elyon kişi idi və Aşera adlı həyat yoldaşı,eləcə də övladları(Anat,Baal,Yam,Mol və.s) mövcud idi. Müsəlmanların qəbul etdiyi Allah isə İxlas surəsində buyurulduğu kimi doğmaz,doğulmaz və əbədi olan Tanrıdır.

Məsələyə irfani yanaşdıqda isə Allah adının daxilindəki (h) hərfi bizə hərşeyi ifadə edir. Belə ki, ibrani dillərdəki Eloa(h),ərəb dilindəki Alla(h), avesta dilindəki A(hu)ra, mesopotamiyada yaşayan müxtəlif xalqların dillərindəki Ala(h) və.s dil və miflərdə rastımıza çıxan bu tip sözlərdəki “H” hərfi, irfanda “O” mənasını kəsb edir.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yaz fəsli. TANRIVERDİ ƏLİYEV.

.* * *.

Dünən işdən evə yorğun gələnlər,

Bu gün məzarlıqda rahat uzanıb.

Gecələr yuxuya həsrət çəkənlər,

Kəfənə bürünüb,yıxılıb-yatıb.

Bir vaxtlar həyatda tənha qalanlar,

İndi o dünyada qonşu olublar.

Ora ev-eşiksiz köçən adamlar,

Tanrının qoynunda yuva qurublar.

Ananın bətnini təpiklə döyüb,

Həyata yenicə atılmısan,sən

Bir də görürsən ki,şəkilə dönüb,

Divarın küncündə asılmısan, sən…

.* * *.

Haiko

Çiçək açılır

Ağacın gövdəsində

Yaz fəsli gəlir.

Bəyaz kəfəndə

Tabuta vurulan mismar

Qaranlıq məzar

Yeni tanışlıq

Sevincdən dolaşan dil

Döyünən ürək

Qəlbin münbit qəlbdir,

Sevgi toxumların səpmək üçün.

Gözlərin də gözəldir,

Aram-aram sevmək üçün.

Tör-töküntülü şəkildə gözlərinə

köçmək istərəm.

Sevgimin çamadanını açıb,bəbəklərinə

tökmək istərəm.

Kirayə köçdüyüm gözlərinin pəncərəsindən,

Kirpiklərini tumarlamaq.

Yanaqlarını boyamaq istərəm.

Qış gecələrindən uzun saçlarına,

Kamana çəkilən yay kimi sığal çəkmək,

Havada uçuşan rüzgarları tutub,

Yavaş-yavaş saçlarına sərmək

İstərəm

Sonsuza qədər səni sevmək istərəm.

.* * *.

Qəlbimin dür gözləri saf sevgidən gur parıldayır.

Könlüm aşiq olduğuna bil ki,heç vaxt inanmayır

Hər gecə mə’n ovcuma min cür dualar oxuyuram,

Bir də gördüm kəlmələ’rim əllərimdə yuxulayır.

Sevgimi göndərdim ol rənaye badi-səba ilə,

Gördüm eşqimlən səba, yarın saçların tumarlayır

Ol ləbi-xəndanda can vermiş şirin nəğmələr ey gül,

Son sətirdə gül dodaqlar bülbülünü haraylayır

Yarını görcək dodaqların zəlzələ oldu,Xəttat

Zəlzələ altında qalmış dil sevgisin pıçıldayır.

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Determinizm və azad iradə problemi-superdeterminizm kəsişməsi. Tanrıverdi Əliyev.

   Determinizm və azad iradə problemi-superdeterminizm kəsişməsi

          Fəlsəfə tarixində bir neçə problemi məqamlar vardır ki,günümüzdə də öz aktuallığını qoruyur. Bu problemlərin əksəriyyəti,ya cərəyanların arasındakı ziddiyyətlərdən,ya paradoksallıqdan ya da fəlsəfi axını düzgün izah edə bilməməkdən irəli gəlir. Sözügedən problematik mövzulardan biri də determinizm və azad iradə problemidir.

   Determinizm cərəyanı fəlsəfədə səbəb-nəticə qanunu olaraq qəbul edilir və bu cərəyanın ilkin elementlərini biz qədim yunan filosofu Anaksaqoresin əsərlərində görürük. Lakin sonradan bu elementlər Avqustin və Dantenin süzgəcindən keçərək,Hegel tərəfindən müdafiə edilmişdir. Səbəb və nəticə qanunun əsas mahiyyəti odur ki, səbəbsiz nəticə ola bilməz və səbəblər zəncirinin sonsuz dövr etməsi mümkün deyil. Məhz,ona görə də determinizm qanunun başlanğıc nöqtəsi “ilkin səbəb” və ya “səbəblər səbəbi” olan Tanrıdır. Əgər biz bu qanunu sonsuz təsəvvür etsək,o zaman nəticənin var olma hökmünü qəti şəkildə söyləyə bilmərik. Məsələn; tutaq ki, A nəticədir ,B də onun səbəbidir. B-nin də səbəbi C dir,deməli B özü nəticədir, C-nin də səbəbiyyəti D dədir, onda belə çıxır ki, C özü də nəticədir. Göründüyü kimi,hərflər özlərindən əvvəlkinin səbəbi olsa da,özündən sonrakının nəticəsidir,yəni özləri də nəticədir. Deməli,bu hərflərin hamısı nəticə olduqları üçün,ilkin səbəbə ehtiyaclıdırlar. Qeyd etdiyimiz kimi ilkin səbəb var olmasa,nəticənin hasil olması mümkün deyil.

  Orta əsr İslam filosoflarından olan Əbu Əli ibn Sinanın “Vacibül-vücud” nəzəriyyəsi də determinizm prinsipləri ilə paraleldir. Onun nəzərincə bir vacib varlıq(Allah),bir də mümkün varlıq( maddi aləm) vardır. Mümkün varlıq özü nəticədir. Əgər biz desək ki,birinci mümkün varlığın səbəbi vacib varlıqdır,artıq məsələ həll olunur. Allahın varolma hökmünü təstiq etmiş oluruq. Lakin cavab olaraq desək ki,mümkün varlığın səbəbi,mümkün varlıqdır,sual yaranır ki,bəs bu ikinci mümkün varlığın səbəbi nədir?! Əgər,yenə desək ki,mümkün varlıqdır,bu sonsuz zəncir kimi davam edəcəkdir.

  Qeyd etmək lazımdır ki,Tanrı,ruh,mələk və.s kimi mücərrəd varlıqlar determinizm qanunu çərçivəsinə daxil olmurlar. Məhz,ona görə də hərşeyin səbəbinin bir mücərrəd varlıq olmasını dilə gətirmək daha ağılabatandır. Əgər,desək ki,bütün yaradılış aləminin səbəbi maddi varlıqdır, yenə burda paradoksal sonsuz zəncir problemi yaranacaq və yeni sual meydana gələcəkdir. Hərşeyin səbəbi olan maddi varlığın səbəbi nədir?!

1. Cavab versək ki, “heçlikdir”. Bu özü yalnış hökmdür. Çünki heçlik özü var olmadığı üçün varlığın səbəbi ola bilməz. Onsuz da,yoxluq deyilən bir mütləq anlayış yoxdur. Çünki yoxluq özü vardır. Deməli,varlıq aləmi daxilindədir.  

    2.Cavab versək ki, yaradılış aləminin səbəbi maddi varlıqdır,sual meydana çıxır ki,bəs hərşeyin səbəbi olan maddi varlığın səbəbi nədir?! Yenə,bu suallar bizi paradoksallığa aparacaqdır.

    3. Cavab verilsə ki, hərşeyin səbəbi bir mücərrəd varlıqdır,yəni Allahdır. Artıq burda məsələ həll olunur. Allahın səbəbi nədir sualını vermək mümkün deyil. Çünki, birincisi ilkin səbəbin özünün səbəbi olması özü məntiqsizdir. İkincisi,qeyd etdiyimiz kimi,determinist olaraq mücərrəd varlıqlar səbəb nəticə qanununa daxil olmurlar. Üçüncüsü, maddiyyat aləmi özü nəticə olduğu üçün,onların sabit və dəyişməyən səbəbə ehtiyacları vardır. Söylədiyimiz kimi səbəb olmasa nəticə ola bilməz.

     Səbəb-nəticə zəncirinin əzəli olmadığını dərk etdikdən,sonra qarşımıza belə bir problematik mövzu çıxır. İmmanuel Kantın irəli sürdüyü bir fikirə görə səbəb-nəticə zəncir formasında deyil,dairəvi formadadır.

  İmmamuel Kantın bu fikrini tənqid edək:

     Əxlaq məsələsinin təməl daşlarından olan Kant,Tanrının varlığını qəbul edir,lakin Tanrının mövcudluğunu sübut edən rasional əqli dəlillərə qarşı çıxırdı. Onun fikrincə,Tanrının varlığını sübut edən səbəb-nəticə zəncir formasında deyil,dairə formasındadır. Ona görə də determinizmlə Allahı sübut etmək ağılabatan deyil.

 Əgər biz determinizmi dairə kimi qəbul etsək,dairə paradoksu rastımıza çıxır. Belə ki,maddi varlıqlar dairə formasında dayansalar o zaman bir-birlərindən aslı formada həm səbəb,həm də nəticə olurlar. İlkin səbəb olmadığı üçün bu formada düzülən varlıqlara hərəkət qeydə alınmır. Məsələn;

                        A   

                B            D

                       C

    1.A nəticədir və səbəbi B-dir. B özü də nəticədir, səbəbi də C-dir. C də nəticədir,səbəbi D dir. Lakin D özü də nəticədir,səbəbi də A dır. Göründüyü kimi hansı hərfin ilkin səbəb olduğunu anlamaq mümkün deyil və bu hərflərin yerində hər hansısa maddi cisim olsaydı hərəkət baş verməyəcəkdi.

    2.Təsəvvür edək ki, 100 metr qaçış yarışında 4 idmançı iştirak edir. 1-ci idmançıya deyirik ki,2-ci qaçmasa,qaçma! 2-ci idmançıya deyirik ki,3-cü qaçmasa sən qaçma,3-ə deyirik ki,4 qaçmasa sən qaçma,4-ə də deyirik ki,1-ci idmançı qalmasa start götürmə. Hamısı bir-birindən aslı olduqları üçün hərəkət baş verməyəcəkdir.

     Determinizm anlaşının problemsiz olduğunu izah etdik. Və bu cərəyanın tutarlılığını real həyatda və kainatda müşahidə edərək stabilləşdirə bilərik. Belə ki,kainatın əvvəlinin və sonunun olacağını,əvvəlində entropiyanın aşağı olmasını,sonunda isə entropiyanın çoxalacağını səbəb -nəticə ilə müşahidə edə bilirik. Və ya göydən gələn meteoridin Yerə düşüb,düşməyəcəyini,yaxud da 10 min il əvvəl atmosfer qatından keçən göy cisminin, yenidən 2030-cu illərdə keçəcəyini determinizm nizamı ilə müşahidə edirik. Sual yaranır bəs kosmosdakı cisimlərin xaotik hərəkəti də nizam daxilindədirmi?! Yoxsa, göy cisimləri azad iradə ilə hərəkət edirlər?!

Azad iradə məsələsi və superdeterminizm

 Azad iradə barəsində ilk dəfə fəlsəfədə Afrodisialı Aleksandrın əsərlərindən məlumat əldə edirik. Bu anlayışa görə insam etdiyi hər əməlinə görə özü özülüyündə məsuliyyət daşıyır. Heç bir təsir altında qalmadan istədiyi məsələləri ya qəbul edib,ya da inkar edə bilər. Dinimizə görə cəbrilik cərəyanı istinsa olmaq şərti ilə azad iradə qəbul edilir. Sadecə,müəyyən çərçivə daxilində məqbul sayılır. Əgər,insan həmin çərçivəni aşsa,digər insanların iradə azadlığını əllərindən almış olur.

   Bilinənin əksinə,azad iradə anlayışını tapdalayan axın determinizm deyil,fatalizm və superdeterminizmdir.

  Fatalizm ideyası tale və qismətə bağlılıqdır. Belə ki,bu cərəyana görə hərşeyin yaşam tərzi əvvəlcədən təyin edilmişdir. Məhz,ona görə də insanda azad iradə yoxdur. Bu fikir,bizə görə olduqca səfsətədir. Əgər Tanrı insanın yaşam tərzini əvvəldən planlaşdırıbsa,o zaman edilən hər-hansısa bir səhvdə səbəbkar kimdir?!

  Əgər, bir terrorist məsum insanları qətl edərək,ölüm hökmünə məhkum edilsə, həmin terroristə bu hökmü vermək absurddur. Çünki fatalizmə görə onun qatil olması,əvvəlcədən qismətində yazılmışdır. O zaman günahkar əstəğfürullah Allah çıxır. Və yaxud bir qatilin öldükdən sonra cəhənnəmə getməsi absurddur. Çünki fatalizmə görə yenə həmin şəxsin qatil olmasının və eyni zamanda cəhənnəmə getməsinin səbəbi alın yazısıdır. Bu vəziyyətdə də Allah həmin insanı mühakimə edə bilməz. Çünki alın yazısını fatalizmə görə O yazıb. Bu məsələlərə görə də fatalizm Allahın ədalətli olmaq mahiyyəti ilə ziddiyyətlilik təşkil edir.

  Determinizmdə isə bu tip absurd məsələlərə yer yoxdur. Lakin insan özü də müəyyən nizam-intizam çərçivəsi daxilindədir. Onun azad seçimi də çərçivə daxilində keçərlidir. Məsələn; insanın acmaq hissi azad iradədən aslı deyil. Nizam-intizam qanunu daxilindədir,çünki orqanizm qida tələb edir. Ancaq insan hansı qida ilə (karbohidrat,zülal,yağ və.s)özünü doyuracağını özü seçə bilər.

   Superdeterminizm kvant mexanikasının fizikada inqlab etməsindən sonra ortaya atılmış ideyadır. Bu ideyaya görə kainatdakı xaotik hərəkət belə nizam daxilindədir və kainatda azad iradə anlayışı yoxdur. Determinizmin üst səviyyəsi olan superdeterminizm təsadüf,kortəbiilik kimi anlayışları,eləcə də azad iradəni inkar edərək üstün bir vahid nizam anlayışını irəli sürmüşdür.

  Ümumi nəticə olaraq bu qənaətə gələ bilərik ki,azad iradə anlayışı determinizm yəni səbəb-nəticə qanunu ilə deyil,fatalizm və superdeterminizmlə ziddiyyətlilik təşkil edir.

                                                                                                                     

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Tanrıverdi Əliyevin şeirləri

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

Ədəbi cərəyanlar eşqlərini etiraf etsələr, belə bir maraqlı situasiya yaranar. İlk öncə onu qeyd edək ki, demək olar bütün ədəbi-fəlsəfi cərəyanların problematikası mərkəzdə dayanan insandır. Sadecə hər cərəyanın özünün fərqli mahiyyəti və baxış bucağı mövcuddur.

Sürrealizm:

Gəl sevgimi ağla, göz yaşın olum,

Süzülüb üzünə yanaqda solum,

Eşqin isbatıdır, saf göz yaşların,

İzin ver gözünə mən özüm dolum.

Ekzistensializm:

Səni olduğuntək mən qəbul etdim,

“Varlığın” varıyla səni çox sevdim.

Sən məni görəndə daim naz etdin,

Mən də o nazını, sevərək çəkdim.

Romantizm:

Hüsnünün nurundan dünya görünür,

Xəyalım səninlə fələktək dönür.

Sən mələk olubsam, mən isə aşiq,

Bu məftun ürəyim göydə döyünür.

Sufizm:

Sənin o surətin Allah damlası,

Sən gənci-nihanın, “heç” lik qalası.

Gözəllik çırağın aldın Yusifdən(ə),

Aşiqin yolunda işıq parçası.

Realizm:

Sənin bu sevgindir öldürür məni,

Lakin, mən tək ölüb, tərk etməm səni.

Susma sən qayatək kənarda durub,

Sən də kaş sevəsən səni sevəni.

Sentimentalizm :

Hislərim qarışır daim hər zaman,

Qəlbimdir dilimdə danışır inan.

Gah qorxur o birdən, gahdaki ağlar,

Sənin saf sevgini çox sevir yaman.

Modernizm :

Mən sənə baxdıqda şüurum axır,

Təbiət ilhamı beynimə yaxır,

Gözlərin gah reyhan,gah da zümrüddür,

Gahdaki ceyrandır, meşədən baxır

Müəllif : Tanrıverdi ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru