Cəmiyyətin inkişafına mane olan görünməz, lakin dərin köklərə malik problemlərdən biri də yaltaqlıqdır. Bu, təkcə fərdi xarakter zəifliyi deyil, zamanla sistemli hala gələn və bütöv mühitləri zəhərləyən sosial xəstəlikdir. Yaltaqlıq harada yayılırsa, orada ədalət geri çəkilir, bacarıq kölgədə qalır, dürüstlük isə susmağa məcbur olur. Yaltaqlıq, adətən, zəhmətin və biliklərin dəyərsizləşdiyi mühitdə çiçəklənir. Belə mühitlərdə insan öz bacarığı ilə deyil, kimə yaxın olduğu, kimə nə dediyi və nə qədər “uyğun” davrandığı ilə irəli çəkilir. Nəticədə çalışqan, savadlı, vicdanlı insanlar kənarda qalır, meydan isə sözü çox, işi az olanlara verilir. Bu “mədəniyyət”in ən təhlükəli tərəfi onun tədricən normaya çevrilməsidir. Əvvəlcə qınaq doğuran yaltaq davranışlar zamanla “işin tələbi”, “yaşamaq qaydası” kimi qəbul edilir. İnsanlar susmağı, razılaşmağı, hətta doğru bildiklərindən imtina etməyi təhlükəsizlik mexanizmi kimi görməyə başlayırlar. Yaltaqlığın fəsadları təkcə fərdlərlə məhdudlaşmır. Bu hal idarəetmədə səhv qərarların artmasına, kollektivlərdə etimadsızlığa, gənclərdə isə yanlış rol modellərinin formalaşmasına səbəb olur. Gənc insan görür ki, zəhmət çəkən yox, yaltaqlanan irəli gedir. Bu müşahidə onun ədalətə, əməyə və gələcəyə olan inamını sarsıdır. Xüsusilə vəzifəli şəxslərin ətrafında yaranan yaltaqlıq halqası reallıqla əlaqəni kəsir. Rəhbər yalnız tərif eşidəndə problemləri görmür, səhvlər gizlədilir, inkişaf isə imitasiya olunur. Unutmaq olmaz ki, yaltaqlıq yalnız yaltaq olanı deyil, yaltaqlananı da zəiflədir. Davamlı tərif eşidən insan tənqidə dözümsüz olur, özünü inkişaf etdirmək ehtiyacı hiss etmir və nəticədə geriləyir. Sağlam cəmiyyət yaltaqlıq üzərində deyil, ədalət, zəhmət və vicdan üzərində qurulur. Bu dəyərlər qorunmadıqca, inkişafdan danışmaq sadəcə gözəl söz oyunu olaraq qalacaq.
KƏNDİMİZ VEJNƏLİ – bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir
Mən 1995-ci ildə Bakıda doğulmuşam. Uşaqlığım şəhər mühitində keçsə də, yaddaşımda hər zaman bir kəndin adı çəkilib – Vejnəli. Bu ad mənim üçün yalnız coğrafi bir məkan deyil, həm də yaddaşda yaşayan bir xatirə, bir hekayə, bir nisgildir. Valideynlərim, nənə-babam həmişə Vejnəlidən danışıb. Uşaq vaxtı anlamadığım, amma dərin bir duyğuyla qulaq asdığım o söhbətlərdə torpaq sevgisi, itki ağrısı, eyni zamanda qürur var idi.
COĞRAFİ MÖVQE VƏ TƏBİƏTİN GÖZƏLLİYİ
Vejnəli kəndi Zəngilan rayonunun cənub-qərbində yerləşir və Ermənistanla sərhəd xəttinə yaxın mövqedədir. Kənd ərazisi əsasən dağətəyi zonada yerləşir, bu isə ona həm strateji, həm də təbii gözəllik baxımından xüsusi üstünlük verir. Ətraf dağlar kəndi əhatə edir, yaz aylarında yaşıl don geyinir, payızda isə narıncı-qırmızı rənglərə bürünür. Dağların qoynunda yerləşən bu kənd həm təbiətin gözəlliklərini, həm də insanın mənəvi rahatlığını özündə birləşdirən nadir məkanlardan biridir. Vejnəlinin təbiəti təkcə gözəl deyil, həm də bərəkətlidir. Torpaqları münbit, suyu şəfalı, havası təmizdir. Valideynlərimin danışdıqlarından bilirəm ki, bu kənddə insanlar əkin-biçinlə məşğul olur, bağ-bağça salır, təbiətlə harmoniyada yaşayırdılar. Hər evin həyətində meyvə ağacları, bostan sahələri, cığırları sulayan arxlar var imiş.
VEJNƏLİ QIZIL YATAĞI – TƏBİİ SƏRVƏT VƏ İQTİSADİ ƏHƏMİYYƏT
Vejnəli kəndini Azərbaycanın digər kəndlərindən fərqləndirən əsas cəhətlərdən biri də burada yerləşən qızıl yatağıdır. Bu yataq ölkəmizdə sənaye səviyyəsində istismara yararlı yeganə qızıl yataqlarından biridir. Müstəqillikdən sonra Azərbaycanın iqtisadi resursları sırasında xüsusi yer tutan bu yataq həm ölkə iqtisadiyyatı, həm də Zəngilan rayonunun gələcək inkişafı üçün mühüm potensiala malikdir. Qızıl yatağı bu torpağın təkcə səthinin deyil, alt qatının da qiymətli olduğunu göstərir. Amma bizim üçün bu torpaq təkcə qızılı ilə yox, həm də keçmişi, insanı və ruhu ilə dəyərlidir.
İŞĞAL İLLƏRİ – HƏSRƏT VƏ SƏBR DÖVRÜ
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonu ilə birlikdə Vejnəli kəndi də işğal olundu. O gündən sonra kəndin sakinləri, o cümlədən mənim doğmalarımda də, öz doğma yurd-yuvasından didərgin düşdü. Vejnəli tərk edilmiş bir kəndə çevrildi, oradakı həyatlar yarımçıq qaldı. Torpağın yeri dəyişmədi, amma üstündəki izlər, insanların ayaq səsləri susdu. O illərdə kənd haqqında danışmaq ailəmiz üçün həm müqəddəs, həm də kədərli bir mövzu idi. Hər dəfə kəndin adı çəkiləndə baxışlar uzaqlara yönəlirdi. O baxışların içində həm Vejnəlinin gözəlliyi, həm də o gözəlliyin itirilməsi əks olunurdu.
ZƏFƏR VƏ AZADLIQ – KƏNDƏ QAYIDIŞ
Bu arzular 2020-ci ildə gerçəyə çevrildi. İkinci Qarabağ – Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun şücaəti nəticəsində Vejnəli kəndi 2020-ci il noyabrın 7-də işğaldan azad edildi. Bu tarix təkcə hərbi zəfər deyildi, həm də bir xalqın ruhunun, ləyaqətinin bərpası idi. Biz Vejnəliyə qayıtdıq. Və bu qayıdış xalq olaraq bizim üçün bir intibahın başlanğıcı oldu.
BƏRPA DÖVRÜ – YENİDƏN DOĞULAN KƏND
Azadlıqdan sonra Vejnəli kəndində bərpa işlərinə start verildi. Dövlət tərəfindən yollar çəkilir, infrastruktur yenilənir, yeni yaşayış massivlərinin inşasına hazırlıq görülür. Vejnəli yenidən həyat tapır – bu dəfə daha güclü, daha möhkəm təməl üzərində. Qızıl yatağının yenidən istismara verilməsi ilə kəndin və rayonun iqtisadi əhəmiyyəti artır. Bu, yalnız iqtisadi baxımdan deyil, həm də kəndin sosial və mədəni dirçəlişi üçün yeni imkanlar yaradır. Yeni məktəblər, mədəniyyət evləri, səhiyyə müəssisələri inşa ediləcək. Vejnəli müasir kənd modeli kimi yenidən qurulacaq.
KƏNDİMİZİN GƏLƏCƏYİ – RUHUMUZUN ÜNVANI
Mən Vejnəlidənəm. Orada doğulmamışam, amma oranın ruhu içimdədir. Mən bu kəndi babamın susqunluğundan, atamın baxışlarından, nənəmin qürurla çəkdiyi “bizim kəndimiz” sözündən tanımışam. Mənim üçün Vejnəli sadəcə kənd deyil – mənsubiyyətimdir. Arzum budur ki, Vejnəli yenidən uşaqların gülüşü ilə dolsun, həyətlərində çinarlar boy atsın, arxlardan su axsın. İnsanlar yenidən o torpağın üstündə gəzsin, əkin-biçinlə məşğul olsun, bayramlarını doğma yurdda keçirsin. Çünki kəndimiz buna layiqdir. Fəzail RZAQULİYEV, Müstəqil psixoloq
Yazı bütövlükdə müsabiqənin tələblərini əhatə etməyə bilər. Bu, Zülfüqar Hüseynzadənin döyüşkən ruhu xatirinə Kəlbəcərin o dövrünə qısa səyahətdir. Qoy, mübariz jurnalistimiz kimi o dövrün hadisələri də heç vaxt unudulmasın. Necə deyərlər, unutsaq, unudularıq.
Rayonun misilsiz təbiəti, yeraltı və yerüstü sərvətləri
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Burda ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Həmin dövrdən keçən müddət 4 milyon ildən artıq bir tarixdir. Kəlbəcərdəki mağara düşərgələrində müxtəlif vaxtlarda aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Qobustan qayaları üzərindəki rəsmlərin oxşarı, mixi yazılar son tədqiqatlar zamanı aşkarlamışdır.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri vardır. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Füsunkar təbiəti olan Kəlbəcər sıldırım qayaları, sıx meşələri ilə seçilir. Təbii sərvətlərlə zəngindir. Ölkənin ən böyük qızıl yatağı Kəlbəcərdədir.
Son olaraq inzibati ərazi vahidi kimi Kəlbəcər rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş, 25 noyabr 2020-ci ildə müzəffər ordumuz tərəfindən azad edilmişdir.
Münaqişə illərində
Ermənistanla Azərbaycan arasında milli münaqişə dövründə Kəlbəcər camaatı daha çox əziyyət çəkdi və sarsıntılar keçirdi. Kəndlərin bir-birindən aralıda yerləşməsi könüllü dəstələrin vəhdətinə, birləşməsinə mane olurdu. Kəlbəcərin və sərhədyanı kəndlərin hündürlükdə yerləşməsi əhalidə ermənilərin hücum etməyəcəyi təskinliyi yaradırdı. Qonşu Laçın və Dağlıq Qarabağın Ağdərə rayonlarında, eləcə də Ermənistanın Göyçə mahalında azərbaycanlılar yaşayırdı, ermənilərlə arada bufer rolunu oynayırdı. Göycə mahalının əhalisi köçürüldükdən sonra bölgəyə rusdili Sovet qoşunu yeridilərək sərhəddi mühafizə altına aldı.
Mərkəzlə əlaqə
Kəlbəcər rayonuna dəmir yolu xətti çəkilməmişdi. Yeganə şassi yol olan Tərtər – Ağdərə (Dağlıq Qarabağ) – Kəlbəcər yolundan istifadə edərək mərkəzlə əlaqə saxlayırdılar. Rəhbərlikdə oturanlar gözəl başa düşürdülər ki, ermənilər istədikləri vaxt tunel yolu (Ağdərə yolunu) bağlayıb Kəlbəcərin mərkəzlə əlaqəsini kəsə bilərlər. Odur ki, alternativ yollar haqqında düşünməyə başladılar.
1988-ci ilin aprel ayında iki istiqamətdə yol çəkilişinə başlandı. Bunlardan biri Kəlbəcərin tunel bölgəsini Laçın rayonu, digəri Yanşaq – Meydançay bölgəsini Murovdağdan keçməklə Gəncə şəhəri ilə birləşdirəcəkdi. Kiçik Qafqaz sıra dağlarında dəniz səviyyəsindən üç min metr və daha yüksək hündürlükdə olan Murovdağdan yol çəkilişi məsələsi ağlabatan olmasa da başqa çıxış yolu da qalmırdı. SSRİ tarixində ilk dəfəydi smeta-layihə sənədləri tərtib edilmədən çəkilişi başlanan yollar yalnız bələdçilərin göstərişi əsasında aparılırdı. Həmin ilin yazında ölkə rəhbərliyinə gətirilən Vəzirov bu yolların həmmüəlliflərindən olmasa da çəkilişə əngəl də törətmədi.
İyulda Laçın istiqamətində çəkilən yol başa çatdırıldı və Qorçu kəndində ümumi şösse yola birləşdirildi. Sentyabrın ortalarında isə Gəncə istiqamətində çəkilən yol Murovdağ aşırımını keçərək Xanlar rayonunun Toğanalı kəndindəki yola birləşdirildi.
Yol çəkilişi Kəlbəcərin mərkəz ilə əlaqəsini yaxşılaşdırsa da gərginliyi aradan qaldırmadı. Belə ki, Tərtər – Ağdərə – Kəlbəcər marşrutu ilə hərəkət edən maşın karvanı yaxınlıqda yerləşən erməni kəndlərinin əhalisinin hücumuna məruz qalırdısa, yeni marşrutda olan Çaykənd, Azad və Kamo kəndlərində tam olaraq yaşayan ermənilərin təxribatlarından da yan keçmək mümkünsüz idi.
Son olaraq Ağdərə yolundan nə vaxt istifadə olunduğu xatırlanmasa da Murovdağ yolu hazır olandan sonra bu yoldan istifadəyə üstünlük verildi. Yoldan istifadənin xüsusi əhəmiyyəti vardı. Bu yolda tək hərəkət təlimata uyğun deyildi. Toğanalı kəndinin girəcəyində, Aşırımın ətəyində və Meydançay deyilən ərazidə “Yol evi” deyilən daldalanacaqlar tikilmişdi ki, burada sürücülər bir-birlərini gözləyib karvan şəklində yollarına davam etməliydilər.
İlk müdafiə tədbirləri
Kəlbəcərdə ermənilərin təxribatları ilə üzləşdikdən sonra özünümüdafiə məsələsi ortaya çıxdı. Ağdərə yolundan keçən maşınlara basqınla kifayətlənməyən erməni dığaları kiçik qruplarla kəndlərin “kəşfiyyat”ına çıxmağa başlayırlar. 1989-cu ilin iyun ayında, artıq xeyli vaxtdır Kəlbəcər maşınlarının Ağdərə yolu ilə keçmədiyini görən ermənilər on bir nəfərlik qrupla Ağdaban kəndi ərazisinə gəlirlər. Fəal tərpənən kənd camaatı onları zərərsizləşdirərək rayon mərkəzinə gətirir və milisə təhvil verirlər. Çox keçmir ki, rus hərbçilərinin müşayiəti ilə iki vertolyot gəlir və tutulanları istintaqa cəlb etmək üçün Xankəndinə aparmalı olur. Nəzərdə tutulmuş vertolyot meydançasına deyil, stadiona enən vertolyotlardan biri qalxma zamanı qəza törədərək meydançada futbol oynayan səkkiz azyaşlını qanına qəltan eyləyir və Kəlbəcər camaatını matəmə qərq edir. Bununla da özünümüdafiəyə qalxan camaat könüllü qruplar yaratmağa başlayır. Bu vaxt Daxili İşlər Şöbəsinin tərkibində milis bölüyü yaradılır və Ermənistanla sərhəddə olan Söyüdlü, Qara qaya, Dikyurd, Yellicə, Zəylik, Taxtadüz, Xanım dərəsi, Dağlıq Qarabağ ilə həmsərhəd olan Ağdaban, Narışdar, Çərəktar və təxribat xarakterli hücumlar gözləniləsi ehtimal olunan digər ərazilərdə postlar qurulur. Həmin postlarda iki yüz nəfərlik milis bölüyünün nəfərləri ilə bərabər könüllü dəstələrin üzvləri də dayanmalı olurlar.
Könüllü müdafiəçilərin əzmi rəhbərliyin atdığı iki addım nəticəsində qırılır. Birincisi, 1990-cı ilin iyirmi yanvar qırğınından sonra əhalidən ov tüfənglərinin yığılması və rusdilli Sovet qoşun dəstələrinin bölgəyə yerləşdirilməsi könüllü müdafiə dəstələrinin nizamını pozur və onlar fəaliyyətlərini dayandırırlar.
Təxribatlar münaqişəni dərinləşdirir
Mart ayından Dağlıq Qarabağda rəhbərliyi üzərinə götürən rus hərbçiləri ilə aparılan danışıqlar nəticəsində maşın karvanının Kəlbəcər – Ağdərə – Tərtər marşrutu ilə köhnə qayda üzrə hərəkətinə icazə verildi. Bir müddət yük maşınları, sərnişin avtobusları hərbçilərin müşayiəti ilə bu yolla işlədilər. Vahimə içərisində hər an hücuma məruz qalacaqlarından dörd göz olub bu bir neçə saatlıq yolu cəhənnəm əzabı ilə qət edirdilər. Nəhayət, qorxduqları başlarına gəldi. Iyunun 11-də ermənilərin vəhşiliyi kəlbəcərliləri ikinci dəfə sarsıtdı və düşmənçiliyi bir az da dərinləşdirdi. Həmin gün Tərtərdən gələn maşın karvanı Otaq qaya adlanan yerdə pusquya düşdü, gülləbaran olundu. Onlarla kəlbəcərli və İstisu sanatoriyasına gələn qonaq yaralandı, şikəst oldu. Xidməti vəzifə borcunu yerinə yetirən (hərbçilərlə bərabər həm də milis işçiləri karvanı müşayiət edirdi) milis mayoru həlak oldu. Onunla bərabər rus hərbçilərindən əsgər Sergey Mezentsev aldığı güllə yarasından dünyasını dəyişdi.
Rus hərbçiləri yeganə xilaskar rolunda
Kəlbəcər rayonu ərazisində xidmət keçən rus hərbçiləri əhalinin rəğbətini qazana bilmişdi. Onlardan elələri var idi ki, əvvəllər Ermənistanda xidmət keçib dığaların riyakarlığının şəxsən şahidi olmuşdu.
Həm də bir neçə dəfə erməni yaraqlılarına qarşı əməliyyatlar keçirmişdilər. Əməliyyat zamanı Dağlıq Qarabağın həmsərhəd olan Getavan, Çapar, Vaqauz, Zərdəxaç kəndlərindən 24 nəfər erməni yaraqlısını həbs edərək Tərtər rayon Daxili İşlər Şöbəsinə təhvil vermiş, Haterk kəndi yaxınlığında 40 nəfərlik silahlı dəstə ilə döyüşə girərək onlardan çoxunu məhv etmiş və yerdə qalanını həbs edərək təhvil vermişlər. Beləliklə, bir neçə əməliyyatda ədalətlilik prinspindən çıxış edən rusdilli Sovet qoşunu kəlbəcərlilərin əsil xilaskarına çevrilmişdi.
Milli Ordu yaradılmağa başladıqdan üç ay sonra Sovet qoşunlarının bölmələri Bakıya çağırıldı. Bu proses bütün sərhədyanı rayonlarda, o cümlədən Kəlbəcərdə 1992-ci ilin mart ayında həyata keçirildi.
Müdafiə naziri Kəlbəcərə gəlir
Aprel ayının yeddisindən səkkizinə keçən gecə ermənilər Ağdaban yaşayış məntəqəsini işğal edir. Bu xəbəri eşitcək Gəncə Daxili İşlər İdarəsinin rəisi Eldar Həsənov 75 nəfərlik milis bölüyünü Kəlbəcərə köməyə göndərir.
Müdafiə naziri Rəhim Qazıyev dərhal Kəlbəcərə gəlir. Ölkənin müdafiəsinə cavabdeh şəxs vəziyyəti analiz edib əmr verir. Onun əmri ilə 701 saylı hərbi hissə Kəlbəcər rayonunun müdafiəsinə göndərilir. Həmin hərbi hissə Bakının Şıxov massivində Sovet ordusundan miras qalan normal şəraitli hərbi şəhərcikdə yaradılan və Ali Baş Komandanın son ehtiyatı idi.
***
Düzdür, Kəlbəcərdən sonra ard-arda digər rayonlar da işğal olundu. Kəlbəcərin işğalını isə həmin rayonların işğalı ilə eyniləşdirmək olmaz.