Etiket arxivi: Qənirə Paşayeva – 50

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı ilə təltif edilib

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı ilə təltif edilib
“Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb.
Dahi şairin yaradıcılığının təbliği baxımından önəm daşıyan xatirə nişanı, beynəlxalq aləmdə NİZAMİ irsini tərənnüm edən simvol olaraq dəyərləndirilir.
Bu anlamlı xatirə nişanına görə, Mədəniyyət naziri Anar Kərimov başda olmaqla, nazirliyin kollektivinə
təşəkkür edirik.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva görkəmli tənqidçi Vaqif Yusifli ilə görüşüb

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva görkəmli tənqidçi Vaqif Yusifli ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Vaqif Yusifli ilə görüşüb, onu 75 illik yubileyi münasibəti ilə təbrik edib.
Vaqif Yusiflinin ədəbiyyatşünaslığımıza uzunmüddətli səmərəli xidmətlərini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva V.Yusiflinin yubileyi münasibəti ilə ona xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
Məktubda deyilir:

“Hörmətli Vaqif müəllim,
Sizi – çağdaş ədəbi prosesdə fəal iştirak edən görkəmli Azərbaycan tənqidçisini, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin tanınmış üzvünü 75 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1968-ci ildən bəri dövri mətbuatda davamlı olaraq çıxış edirsiniz. 1979-cu ilin oktyabr ayında “Müasir Azərbaycan nəsrində konflikt və xarakter” mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz. Həmin ilin dekabr ayından “Azərbaycan” jurnalının Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, 1997-ci ilin noyabrından həmin jurnalın baş redaktor müavini vəzifəsinə təyin edilmisiniz. 2002-ci ildən Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi olaraq çalışmaqdasınız. 2011-ci ildə “Müasir Azərbaycan poeziyasında ənənə və novatorluq” mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiniz.
Sizin ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş yüzlərlə məqaləniz yayınlanmışdır. Bu məqalələr keçən yüzilliyin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi tənqidinin inkişaf prosesini, mənzərəsini dolğun şəkildə əks etdirir. Siz tənqidin müxtəlif janrlarında (problem məqalə, esse, resenziya, ədəbi məktub, icmal və s.) qələminizi sınamısınız.
Məqalələriniz respublikamızın hüdüdlarından qıraqda – Almaniyada, qardaş Türkiyədə, doğma Təbrizdə və b. yerlərdə çap olunmuşdur.
Siz Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinizə görə 2003-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 2018-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmusuz. Həmçinin Beynəlxalq “Rəsul Rza” mükafatı və “Məmməd Araz” ədəbi mükafatı laureatısınız.
Sizin “Nəsr, konfliktlər, xarakterlər” (1986), “Məmməd Araz dünyası” (1994), “Ürəyimi sərdim Günəşə” (1997), “Tənqid yarpaqları” (1998), “Bu nə sehirdir belə” (1999), “Tənqid və bədii söz” (2002), “Tənqid də yaradıcılıqdır” (2003), “Yolayrıcı” (2004), “Fikrət Qoca-70 il” (2005), “Yaxşı ki, sən varsan” (2007), “Sındır qəfəsi…” (2008), “Rəsul Rza və müasir Azərbaycan poeziyası” (2010), “Şeirimizin Nərimanı” (2011), “Bölgələrdə ədəbi həyat” (2017), “Azərbaycan qəzəli” (2018) və b. kitablarınız gün üzü görüb.
Bir daha Sizi 75 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından təbrik edir, ən xoş arzularımı yetirirəm”!

V.Yusifli görüş və xoş sözlər üçün təşəkkür edib.

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qırğız Respublikası parlamentinin Azərbaycanla əlaqələr üzrə deputat qrupunun sədri Tazabek İkramovla görüşüb

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qırğız Respublikası parlamentinin Azərbaycanla əlaqələr üzrə deputat qrupunun sədri Tazabek İkramovla görüşüb

Azərbaycanla Qırğız Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi ilə bağlı tədbirlərdə iştirak etməkçün Bişkekdə səfərdə olan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş ölkə parlamentinin Azərbaycanla əlaqələr üzrə deputat qrupunun sədri Tazabek İkramovla görüşüb.

Qrup sədri T.İkramov Q.Paşayeva və Azərbaycan nümayəndə heyətini Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər qurulmasının 30 illik yubileyi münasibəti ilə təbrik edib. T.İkramov xüsusi vurğulayıb ki, həqiqi qardaşlıq, dostluq xarakterinə əsaslanan münasibətlərimiz hər keçən gün daha da inikişaf edir.

Q.Paşayeva qonaqpərvərliyə görə, T.İkramovun timsalında qırğız həmkarlarına təşəkkür edib. Qardaş ölkələrimiz arasındakı ortaq dəyərlərdən, o cümlədən mədəniyyət, adət-ənənə birliyindən söz açan Q.Paşayeva, 2022-ci ili Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafı baxımından xüsusi il kimi xarakterizə edib. O, Qırğz Respublikasının Prezidenti Sadır Japarovun ötən ilin aprelində Azərbaycana, oktyabrda isə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfərini məmnuniyyətlə xatırlayıb.

Görüşdə Qırğızıstan tərəfindən Azərbaycanla əlaqələr üzrə deputat qrupunun üzvləri, Azərbaycan tərəfindən – səfir Lətif Qəndilov, MM üzvləri Cavanşir Feyziyev, Əli Məsimli, Müşfiq Məmmədli, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu iştirak edib.

Sonda qarşılqlı xatirə hədiyyələri bağışlanıb, xatirə şəkli çəkilib.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini Qavril Androsovla görüşüb

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini Qavril Androsovla görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini, “Molpan” jurnalının baş redaktoru, Rusiya Yazıçılar Birliyinin katibi, şair-publisist Qavril Androsovla ilə görüşüb.

Milli Məclisdə baş tutan görüşdə qardaş xalqlarımız arasında ədəbi-mədəni əlaqələr ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva MM Mədəniyyət Komitəsinin mənəvi dəstəyi ilə Bakıda və Sumqayıtda gerçəkləşən silsilə tədbirlərdə iştirak etdiyi üçün Q.Androsova təşəkkür edib, qardaş Saxa yazarlarına, aydınlarına salam-sayğılarını yetirib, onlara yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva Q.Androsovun 2017-ci ilin dekabrında Azərbaycana, eləcə də, bir neçə azərbaycanlı yazarın Saxa-Yakutiyaya ilk səfərlərini xatırladıb və ötən beş il içində qardaş xalqlarımızın ədəbi-mədəni əməkdaşlığı sahəsində xeyli ciddi işlər görüldüyünü məmnunluqla vurğulayıb.

Komitə sədri Q.Androsovun və Saxa-Yakutiya Yazarlar Birliyinin yaradıcılıq planları ilə tanış olub, ədəbi-mədəni əməkdaşlığın gücləndirilməsinə dair təkliflərlə çıxış edib.

Qardaş xalqın istedadlı şairi və ictimai xadimi Q.Androsov qonaqpərvərliyə, ətraflı fikir mübadiləsinə görə Q.Paşayevaya, onun timsalında MM Mədəniyyət Komitəsinin üzv və əməkdaşlarına, bütün azərbaycanlı yazar dostlarına təşəkkür edərək, Azərbaycana ikinci səfərdən də çox məmnun olduğunu bildirib.

Q.Paşayeva Q.Androsovu ailəsi ilə birgə uzunmüddətli səfərə dəvət edib.

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri bağışlanıb.

MM Mədəniyyət Komitəsi və Nəfəs İB-nin dəstəyi ilə şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş “Qutsal yolçu” kitabının təqdimat və anım mərasimi keçirilib

MM Mədəniyyət Komitəsi və Nəfəs İB-nin dəstəyi ilə şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş “Qutsal yolçu” kitabının təqdimat və anım mərasimi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsi şəhidi, mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş “Qutsal yolçu” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, “NƏFƏS” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, şəhid anaları, qazilər, aydınlar, ictimaiyyət nümayəndələri, jurnalistlər, ictimai fəal gənclər iştirak edib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin və qardaş Türkiyədə bu ilin fevralında baş vermiş dəhşətli zəlzələdə həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin aparıcısı MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı qeyd edib ki, gənc şair, yazıçı, publisist Şahanə Müşfiqin müəllifi olduğu “Qutsal yolçu” kitabı şəhidlərimiz haqqında yazılmış kitabların, nəşrlərin növbətisidir. Kitab “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə çap olunub.
“NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva şəhid mayor Emin Süleymanovun həyat yoluna nəzər salıb. O, “NƏFƏS” İB-nin yarandığı gündən şəhid ailələrinin, yaralı qazilərin yanında olduğunu, müxtəlif layihələrlə şəhidlərimizin həyat və döyüş yolunun öyrənilməsinə, təbliğ və tərənnümünə öz töhfələrini verdiyini bildirib.

Çıxışına davam edən Firəngiz Balakişiyeva Vətən uğrunda canını fəda etmiş şəhidlər haqqında bu cür kitabların gün üzü görməsinin çox vacib olduğunu vurğulayıb:
“Şəhidlik zirvəsinə yüksələn insanlar heç bir zaman ölmür, əksinə, şəhadətləri ilə əbədilik qazanır. Ölən bizlərik, şəhidlər isə tarix səhifələrindədir və xalqımızın yaddaşında əbədi olaraq qalır. Bəli, müharibənin bitdiyi ilk vaxtlarda bir araya toplaşıb deyirdik ki, vaxt gələcək hər bir şəhidimiz haqqında kitablar yazılacaq, onların keçdiyi yollardan filmlər çəkiləcək, gənc nəsil də bu kitabları oxuyub, filmlərə baxıb, fəxr edəcək. Düşünürəm ki, indi həmin günlərdən biridir. Bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyir, Vətənimizin başından qara buludların həmişəlik çəkilməsini arzulayıram”.
Təqdimat mərsaiminin dəstəkçisi – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə çıxış edərək, ürək sözlərini bölüşüb:
“Əziz şəhid anaları, xanımları, bacıları! Dəyərli qazilərimiz, aydınlarımız və vətəndaş cəmiyyətinin qiymətli təmsilçiləri!
Qarşıdan Novruz bayramı gəlir. Ən əziz bayramlarda ən əziz insanlar – ilk növbədə şəhid anaları, şəhid ailələri yada düşür. Sizin hər birinizi ürəkdən salamlayır, qarşıdan gələn milli bayramımız Novruz münasibəti ilə ən xoş diləklərimi yetirirəm!
Qardaş Türkiyənin “İstiqlal Marşı”nı yazmış görkəmli şair Mehmet Akif Ərsoy “Çanaqqala şəhidlərə” şeirində deyir: “Ey şəhid oğlu şəhid, İstəmə məndən məqbər, Sənə ağuşunu açmış, duruyor Peyğəmbər”. Peyğəmbər əfəndimizin ağuşunu açıb gözlədiyi şəhidlərimizin qarşısında baş əyirik. Başqa bir Türk şairi Mithat Cemal Kuntay isə bir şeirində belə deyirdi: “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa Vətəndir”! Vətən kimi oğullar doğan analar, Vətən kimi oğullar yetişdirən atalar, sizin də qarşınızda baş əyirik. Qazilərimizə, müharibə iştirakçılarımıza da bildirmək istəyirəm ki, sizin fədakarlıqlarınızı heç bir zaman unutmayacağıq. Bu gün hamımız şəhid mayor Emin Süleymanovun xatirəsinin işığına toplaşmışıq. Bu, əslində hamımızın bir vəfa borcudur. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Bununla biz gənc nəslə şəhidlik məqamının necə uca olduğunu bir daha göstərmiş oluruq”.
Mədəniyyət Komitəsinin sədri çıxışında şəhid adının ucalığına toxunaraq bildirib ki, şəhidlər müqəddəs amalları, əziz adları ilə əbədi yaşayır.
Sözünə davam edən Komitə sədri kitabın hazırlanmasında, təqdimatında əməyi olan hər kəsə təşəkkür edib, bu cür kitabların daha çox nəşr olunmasının vacibliyini vurğulayıb. – “Sonda şəhid qardaşımıza həsr olunan “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində iştirak edən gənc yazar, jurnalist Şahanə Müşfiqə, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevaya, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşara və bu tədbirə təşrif buyurmuş hər kəsə öz təşəkkürümü bildirirəm”!

Şəhid Emin Süleymanovun həyat yoldaşı Məhsəti Süleymanova çıxışında hər kəsə təşəkkürünü bildirib, həyat yoldaşı ilə qürur duyduğunu, bu kitabın başlanğıc olduğunu deyib.
“Şəhid Emin Süleymanov haqqında yazılmış bu kitab şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün etdiyimiz işlərin növbətisidir” deyən kitabın müəllifi Şahanə Müşfiq şəhidlər haqqında yazmağın bir vətəndaşlıq borcu olduğunu vurğulayıb, bu yolda ona dəstək olan hər kəsə təşəkkür edib.
“ZİRVƏ” Şəhid ailələrinə dəstək İB sədri Sevinc Orucova, Şəhid mayorun rəhbərliyi ilə döyüşmüş qazi Musa Əsgərov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, şəhidlər haqqında kitabların müəllifi Manya Səxavətqızı çıxış edib, kitab haqqında, şəhidin həyat və döyüş yolu haqqında danışıb.
Müəllif bildirib ki, “Qutsal yolçu” kitabında şəhidin ailə üzvləri, döyüş yoldaşları, əsgərləri, məktəb müəllimləri, qohumları və dostlarının xatirələri ilə yanaşı, dövri mətbuatda Emin Süleymanov haqqında çıxan yazılar, şeirlər də yer alıb.
Tədbirin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova vətənpərvərlik mövzulu mahnılarla çıxış edib. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin “Əsgər məktubu” sənət layihəsinin rəhbəri Fərahim Sadiq qazilərdən ibarət heyətlə “ Yaralı da, şəhid də var, Ölənimiz yoxdur, ana!” sözləri ilə süslənmiş mahnını ifa edib.
Arzu edənlər tədbiri bu linkdən izləyə bilərlər: https://youtu.be/HVu4YXdQDhI

İTHAF SƏRGİSİ

İTHAF SƏRGİSİ

25 sentyabr 2024-cü ildə Azərbaycan Milli Xalça Muzeyində Milli Məclisin üzvü, 2020-2023-cü illərdə Mədəniyyət Komitəsinin sədri olmuş tanınmış ictimai xadim Prof.Dr. Qənirə xanım Paşayevanın unudulmaz xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva – İTHAF” adlı bədii sərginin açılışı keçirilib.

Tam hissəni aşağıdakı linkdən izləyə bilərsiniz.

QƏNİRƏ PAŞAYEVA – 50

QƏNİRƏ PAŞAYEVA – 50

Bu gün Türk dünyasının sevilən qızı, Azərbaycanın Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri (2020-2023) Qənirə xanım Paşayevanın anadan olmasının 50-ci ildönümüdür.

Ruhu şad olsun!
Sayğı və sevgi ilə anırıq.

Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

O, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi.

Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 2023-cü ilin sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdü.

28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib.

29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

ALLAH RƏHMƏT ELƏSİN.

Qənirə Paşayeva “Səndən sonra…” kitabından

Bu gecə ölmək istəyirəm…
(Qənirə Paşayeva,”Səndən sonra…” kitabından)

Bu gecə ölmək istəyirəm;
Gözlərimi yumub,
Hər şeyi unutmaq istəyirəm…
Bu gecə ölmək istəyirəm;
Səni unutmaq bilməyən qəlbimi
Səninlə dəfn etmək istəyirəm…
Bu gecə ölmək istəyirəm;
Bir eşqdən sınan –
Qürurdan qurtulmaq istəyirəm…
Bu gecə ölmək istəyirəm;
Məni bir zalıma aşiq eləyən,
Bu qəlb mənimlə ölsün, istəyirəm
Bu qəlbi öldürmək istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Bir an səni unutmayan,
Beynimi uyutmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Sənli yuxulardan,
Əbədi ayrılmaq istəyirəm…
Ölümdə də sən varsanmı, bilmirəm.
Bu gecə ölmək istəyirəm;
Dilimdən düşməyən ahları,
Dilimdən düşməyən adını,
Dodaqlarımda dondurmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Mənə inad uzanan gecələrlə
Zülməti bitməyən küçələrdə,
Vidalaşmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Özümlə bacarmayan Mənlə
Özümə kəsdiyim qənimlə
Vidalaşmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Eşqimə ağlayan dəli yağmurla,
Son dəfə Özümü ağlamaq istəyirəm.
Bu gecə ölmək istəyirəm,
Məni həyatdan qoparan,
Eşqi lənətləsinlər istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Bizi ayıran qismətə
Üsyan etmək istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Bizi qovuşdurmayan Tanrıdan
Küsüb getmək istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Sənə toxunsalar yanar canım,
Yanar canı daşımaq çətin,
Canımdan qurtulmaq istəyirəm.
Bu gecə ölmək istəyirəm;
Səni səndən qaçırıb,
Özümlə aparmaq istəyirəm…
Bu gecə ölmək istəyirəm…
Bu gecə…
Ölmək istəyirəm
Bu gecə…

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva şair, publisist Aida Adıgözəli qəbul edib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva şair, publisist Aida Adıgözəli qəbul edib. Görüş zamanı komitə sədri şair publisistin yaradıcılıq uğurları və qayğıları ilə maraqlanıb.
Aida Adıgözəl səmimi qəbul üçün komitə sədrinə təşəkkür edib.

50 illiyi münasibətilə “Professor Qənirə Paşayeva” adlı virtual sərgi və ənənəvi kitab sərgisi

Milli Kitabxanada Azərbaycanın, Türk dünyasının sevilən qızı, Turan sevdalısı, professor Qənirə xanım Paşayevanın anadan olmasının 50 illiyi münasibətilə “Professor Qənirə Paşayeva” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə professor Qənirə Paşayevanın əziz xatirəsinə həsr olunmuş şeirlər, mükafatlarları, dövri mətbuatda çap olunan məqalələr, fotolar, müəllifi olduğu əsərlər, layihə rəhbəri, ön söz, redaktor olduğu Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Q.Pashayeva/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə professor Qənirə xanım Paşayevanın müəllifi olduğu əsərlər, layihə rəhbəri, ön söz, redaktor və baş məsləhətçisi olduğu Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Ətraflı: https://www.millikitabxana.az/news/professor-qenire-pashayeva