30 illik ayrılığın anım günləri 4 illik 1-ci Qarabağ müharibəsinin kəndimizdən axırıncı şəhidi Ağagülov Eldəniz Etibar oğlu 3 may 1975-ci ildə Alpan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1992-ci ildə Alpan kənd orta məktəbini bitirmiş və əmək fəaliyyətinə Sabir adına sovxozda fəhlə kimi başlamışdı. 1993-cü ilin iyul ayının 5-də Milli Ordu sıralarına çağırılan Eldəniz Güzdəkdə yerləşən hərbi hissədə xidmət etmiş və 8 ay ərzində burada hərbin sirlərinə yiyələnmişdir. 1994-cü ilin mart ayının 11-də Eldənizi döyüş bölgəsinə-Ağdama göndərirlər. Orada o ərazinin düşmənlərdən təmizlənməsində fədəkarlıq göstərmişdir. Onun döyüş bölgəsində nizam-intizamlı xidməti, hərbi texnikanın sirlərinə dərindən yiyələnməsi komandanlıq tərəfindən qiymətləndirilir və 1994-cü ildə kiçik çavuş rütbəsi verilərək tank komandiri təyin edilir. Eldəniz hərbi xidmət zamanı xüsusi fədakarlıqlar göstərmiş, yeni gələn əsgərlərə nümunə olmuşdur. Onun ən böyük arzularından biri Vətəni erməni dığalarından təmizləmək idi. Çünki o ailədə atası Etibar müəllimdən, məktəbdə hərbi hazırlıq müəllimlərindən belə tərbiyə almışdı. Etibar müəllim hamıya vətənpərvər olmağı təlqin edir, bunu həyatdan nümunələr göstərməklə öyrədirdi. Buna görə səbəbsiz deyil ki, onun oğlu Eldəniz də hərbi xidmətini davam etdirməklə qəlbində Vətəni qorumaq, azad etmək hissi yaşadırdı. Ürəyində bu dəruni duyğularla yaşayan və 1996-cı il fevralın 10-da kəşfiyyat zamanı ağır yaralanan Eldənizi həkimlər nə qədər çalışsalar da ölümün pəncəsindən qurtara bilmədilər. 44 gündən sonra -mart ayının 26-da Eldəniz əbədi olaraq həyata gözlərini yumur.
Onun qisasını almaq arzusu ilə alışıb yanan və 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən polkovnik qardaşları Şəhriyar və Elşən hal-hazırda Milli Ordu sıralarında yüksək ordenlərlə təltif edilən zabitlər kimi korpus komandanlığında xidmət etməkdədirlər. Eldəniz Alpan kəndində, polkovnik qardaşlarının girişdə, pir ziyarətçiləri üçün 2 türbə tikdirdiyi “Subaba” qəbiristanlığında martın 28-i dəfn edilmişdir. Eldəniz subay olduğu üçün bu türbələrdən biri onun xatirəsini yaşadır həm də. Allah ruhunu şad, axirətini abad eləsin, Amin!
Salam olsun, çox dəyərli oxucum! Söhbətimizi qaldığımız yerdən davam edirik.
Azərbaycan xalq poeziyasının ən qədim və ən təsirli janrlarından biri olan bayatı, zamanın sınağından keçərək bu günə qədər gəlib çıxmış mənəvi xəzinədir. Bayatı – dörd misraya sığan bir ömür, bir nisgil, bir ümid, bir dua, bəzən də bir fəryaddır. Qəndab xanımın gül ətirli bu kitabında yer alan bayatılar “Anamın bayatıları” sərlövhəsilə təqdim olunur. Bu bayatıların içərisində ən çox diqqətimi cəlb edən 13-cü səhifədə ən aşağıdakı bayatı oldu:
Araz, Araz, xan Araz, Soltan Araz, xan Araz Ayırmısan elləri Eyləmisən qan Araz!
bu bayatını bir neçə variantda eşitmişəm. Xüsusilə cənublu qardaş və bacılarımızın dilində son iki misranın fərqli olduğu variantlar mövcuddur. Mən isə bu bayatını aşağıda təqdim etdiyim variantda xatırlayıram:
Araz, Araz, qan Araz, Sultan Araz, xan Araz, Otun, suyun qurusun Mənim kimi yan Araz!
bəzən isə;
Araz, Araz, xan Araz, Sultan Araz, xan Araz, Otun, suyun qurusun Alış, Araz, yan, Araz!
yeri gələndə bütün tədbirlərdə səsləndirdiyim, haqqında yazdığım bu bayatı mənim əzbərimdə qalan ilk nəzm nümunəsidir. Gözümü açandan gün ərzində ən azı 10-15 dəfə nənəmin (ana nənəm Ağgül – Ağdam rayonu, Yusifcanlı kəndi – Əfkərli) ağzından eşitdiyim bu bayatını hələ oxumağa başlamazdan çox əvvəl şifahi əzbərləmişdim. Nəzərə alsaq ki, 5 yaşımda Yaman əmim mənə əlifbanı öyrətmişdi və artıq sərbəst oxuya bilirdim, deməli bu bayatını 5 yaşımdan əvvəl əzbərləmişdim. Bütün sözlər eyni qalsa da, nənəm hərdən birinci misranın sonunda da “xan Araz” deyərdi, ancaq əksərən təqdim etdiyim kimi söyləyirdi. Bir də “Mənim kimi yan Araz!”ı və ya “Alış, Araz, yan, Araz!”ı sonda dəfələrlə təkrar edərdi. Nənəmin bu məqam üçün tutarlı səbəbləri çox idi. Ancaq onu ən çox yandıran gün ərzində dəfələrlə: “can ay bala”, “can ay balalarım”, – deyə xatırladığı müharibə (1941-45) vaxtı aclıq və xəstəlikdən tələf olmuş təxminən 5-11 yaş arası dörd qızının vaxtsız ölümü idi.
HAŞİYƏ
Mürşüd və Ağgül cütlüyün vaxtsız tələf olmuş qızları; Təra, Emla, Şayə, Səringül bacıların dağıdılmış məzarları son illərdə məlum hadisələr zamanı, xüsusilə torpaqlarımız işğaldan azad ediləndən sonra ortaya çıxan bir-birindən ayrı salınmış bacıların qəbri məsələsində (Ağdam rayonu, Yusifcanlı kəndi qəbiristanlığında ortasından səngər keçən dörd bacının məzarı) xeyli müddət yerli və dünya mediasında gündəmi zəbt etmişdi. Həmin bacıların – doğmaca xalalarımın Mürşüd babam 1941-45-ci il müharibəsində olduğu vaxt həyətin doqqazına çıxıb ataları üçün dediyi bayatını da diqqətinizə çatdırmaq istəyirəm:
Qoyun qoyun gəlsin, Dərisin soyun gəlsin, Ay ordakı camaat Qaqamı* qoyun gəlsin.
Kimisi mənim kimi nənəsinin adı ilə, kimi də Qəndab xanım kimi anasının adı ilə xatırladığı bu bayatılar məhz xalq yaddaşının içindən doğan, ana laylası kimi könül oxşayan, eyni zamanda taleyin ağır yükünü daşıyan poetik nümunələrdir.
Qəndab xanımın yaradıcılığında bayatı, sadəcə folklor forması deyil, həyatın özüdür. Onun bayatılarında ana taleyi, ayrılıq ağrısı, Vətən nisgili, övlad həsrəti, zamanın amansızlığı və qadın qəlbinin səssiz fəryadı iç-içə keçir. “Anamın bayatıları” başlığı altında təqdim olunan nümunələr bunu açıq-aydın göstərir. Burada saz, aşıq, dağ, yol, gül, fal, şərbət kimi obrazlar sırf poetik bəzək deyil – bunlar xalqın minillik düşüncə sisteminin simvollarıdır.
“Əlində sazın nədi, Tutmusan sazın nədi?” – misralarında saz təkcə musiqi aləti deyil, sözün, taleyin, dərdin ifadə vasitəsidir. Qəndab üçün saz həm yol yoldaşı, həm sirdaş, həm də həyatın ağır yükünü daşıyan bir rəmzdir. Aşıq obrazı isə xalqın vicdanı, sözün keşiyində duran mənəvi keşikçidir.
Qəndab xanımın bayatılarında qadın baxışı xüsusi yer tutur. Bu baxış nə pafosludur, nə də süni romantikdir. Bu baxış həyatın içindən gəlir. “Baladan ayrı düşmək”, “günlərin, ayların keçməməsi”, “gül balam qala yalqız” kimi ifadələr ana qəlbinin ən dərin qatlarından qopan səssiz fəryaddır. Bu bayatılarda ağrı qışqırmır, sadəcə danışır – sakit, təmkinli, amma sarsıdıcı bir dillə.
Qarabağ, Araz, ayrılıq mövzuları Qəndab xanımın bayatı dünyasında xüsusi poetik yük daşıyır. “Araz, Araz, xan Araz, / Ayırmısan elləri” misraları təkcə coğrafi ayrılığı deyil, tarixi ədalətsizliyi, parçalanmış taleləri ifadə edir. Araz burada çay olmaqdan çıxır, milli yaddaşın qanayan yarasına çevrilir. Qəndab bu ağrını hay-küylə deyil, bayatı sakitliyi ilə təqdim edir və məhz bu sakitlik oxucunu daha dərindən sarsıdır.
Qəndab xanımın bayatıları həm də bir dövrün sosial portretidir. “Aşıq yamanca döyül, / Halım yamanca döyül” deyən şairə, zamanla barışmayan, amma ümidini də itirməyən xalqın səsini çatdırır. Burada nə ümidsizlik var, nə də saxta nikbinlik. Burada həyatın olduğu kimi qəbulu və ona sözlə dirəniş var.
Ümumi götürəndə isə, Qəndab xanımın bayatıları Azərbaycan xalq poeziyasının şah damarına bağlıdır. Bu bayatılar oxunmur, yaşanır; öyrədilmir, ötürülür; yazılmır, danışılır. Onlar ana laylası kimi qulaqda qalır, Vətən nisgili kimi ürəkdə sızlayır. Qəndab bu bayatılarla təkcə söz demir, xalq yaddaşını qoruyur, ana dilinin kövrəkliyini və gücünü eyni anda nümayiş etdirir.
Bu bayatı dünyası bir daha sübut edir ki, böyük poeziya üçün bəzən bir kitab yox, dörd misra kifayətdir.
İstər tərtibatçı qismində, istərsə də, müəllif olaraq Qəndab xanımın seçib təqdim etdiyi bayatı nümunələri milyon illik söz yaddaşımızın qorunması və təbliği baxımından ən zərif, ən duyğusal, ən ibrətamiz nümunələr kimi təqdirə layiqdir. Bayatıları “Anamın bayatıları” adı altında təqdim etməsi isə, kitab boyu janrından asılı olmayaraq bütün əsərlərində qırmızı xətt kimi keçən “Ana obrazı”nı yaşatmaq və təbliğ etmək baxımından əhəmiyyətlidir. “Ana” adı, “Ana” obrazı, anaya-anasına bağlılıq (1963 – bir fərd kimi) Qəndab xanımın bütün həyat və fəaliyyətində hiss olunur:
Aman fələy, dad fələy, Olma səni şad fələy. İçirdiyin şərbətdən Bir özün də dad fələy.
Yeri gəlmişkən bu bayatını olduğu kimi dəfələrlə nənəmdən eşitmişəm. Qəndab xanımın seçib bu kitabına daxil etdiyi bayatilar hamısı mənə çox doğma gəldi. Böyük əksəriyyətini kiçik söz dəyişikliklərilə lap körpəlikdən çox eşitmişəm.
İnanıram ki, Qəndab xanımın təqdim etdiyi bu bayatılar və gələcəkdə tanış olacağımız digər əsərləri milli kimliyimizi xatırlatmaq baxımından çox faydalıdır.
Ümumiyyətlə oturuşmuş ailə institutumuzun, milli-mənəvi dəyərlərimizin qorunması yolunda çağırışlar və təbliği Qəndab xanımın həm alim, həm də şair kimi bütün fəaliyyətində əsas missiya kimi görünür.
Növbəti yazımızda Qəndab xanımın sirli-sehirli şeir dünyasına səyahət edəcəyik. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
*-“Qaqa” – biz tərəflərdə “Ata”ya “Qaqa” (“Qağa”) deyirdilər.
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış şair -ədəbiyyatşünas alim, hər sözündən, əməlindən bütöv Azərbaycan boylanan Qəndab (Qəndab Haqverdi – Əliyeva Qəndab Əjdər qızı) xanımın “Ətirli güllər” kitabı haqqında olacaq. Bu söhbətimiz zamanı yeganə istinad edəcəyim mənbə kitabın əlimdə olan filologiya elmləri doktoru Rəhim Əliyevin redaktorluğu və ön sözü ilə 2020-ci ildə Azərbaycan Respublikası, Bakı şəhərində, 136 səhifədən ibarət xüsusi tərtibatla, nəfis şəkildə “Qanun” nəşriyyatında nəşr olunmuş variantı olacaq. Kitabda müəllifin insanı məst edərək, dünyamızın ovqatı təlx edən bütün eybəcərliklərindən ayırıb müşki-ənbər qoxulu “altından çaylar axan Ədn cənnətləri”nə, nağıllar aləminə səyahətə götürən gül ətirli bayatıları, şeirləri, və ibrətamiz hekayələri, esseləri, miniatürləri, etüdləri toplanıb. Bu yazımı gələcəkdə ayrıca kitab şəklində çap olunacaq “Gül ətirli kitab” adlı monoqrafiya üçün müqəddimə kimi nəzərdə tutduğuma görə filologiya elmləri doktoru Rəhim Əliyevin kitaba yazdığı əhatəli ön sözə, ümumilikdə kitabın tərtibatına söykənərək müəllif və kitab haqqında ümumi məlumat verməyə çalışacağam. Kitabı əlimizə alanda diqqət ilk cəlb edən üz qabığındakı rəsm və müəllifin və ya redaktorun önə çıxartdığı“Qızıl gül deyib keçməyin, dünyada genləri dəyişdirilməyən, yəni, gerçək güllərdən biridir bu gül!” cümləsidir. Bu qatmanlı cümlənin ifadə etdiyi məna çalarları hər bir oxucunu öz dünyasına götürür. Bu cümlə məni öz uşaqlığıma, yeniyetməlik çağlarıma götürdü. Ağdam rayonunun Yusifcanlı kəndinin düz mərkəzində yerləşən həyətimizin tən ortasında olan çəkil (tut) ağacının ətrafındakı qızıl gül kolları gözümün önünə gəldi. Həmin günləri yaşadım. Ən maraqlısı odur ki, bu assosasiya dəyişmir, kitabı hər əlimiə götürəndə isə eyni yerdən başlamalı oluram; xəyalən həyətimizə gedir, 13-15 yaşlarında bir yeniyetmə oluram. Həmin qızıl gül kollarından toplayaraq, üzərində sinif yoldaşlarımın adlarını yazdığım (indi də – 24 May 2024 – qoruyub, saxladığım) quru ləçəklər gözümün önünə gəlir. Hər ləçək bir insan, insan taleyi olur…
Rəsmdə ilk baxışdan bir kitab üz qabığı ilə qarşılaşırıq. Lakin bu, sadəcə dizayn elementi deyil, dərin mənəvi-emosional yük daşıyan vizual mətndir. “Ətirli güllər” adı altında təqdim olunan bu obraz bütöv bir düşüncə dünyasını, qadın ruhunun incəliyini (1963 – cü il təvəllüdlü – 1951, 1975, 1987, ..), təbiət və insan arasında pozulmayan bağları simvolizə edir.
Üz qabığında yaşıl yarpaqların fonunda açan çəhrayı güllər həyatın, saflığın və təbiətin əzəli ahəngini, tamlığı, bütövlüyü xatırladır. Gül motivi burada klassik bəzək funksiyasından çıxaraq fəlsəfi məna qazanır. Gül – kökü torpaqda, üzü işıqda olan varlıqdır; insan kimi. Xüsusən də alt hissədə yer alan fikir — “Qızılgül deyib keçməyin, dünyada genləri dəyişdirilməyən, yəni, gerçək güllərdən biridir bu gül!” — müasir dünyanın saxtalaşdırılmış dəyərlərinə qarşı bir etiraz, təbiiliyə və əsilliyə çağırış kimi oxunur. Bu cümlə təkcə güldən yox, həm də dəyişməyən insan xarakterindən (1963 – cü il təvəllüdlü – 1951, 1975, 1987, ..), saf duyğulardan, mənəvi kökdən danışır.
Rəsmdə təsvir olunan qadın obrazı (müəllifin real öz fotosu əsasında) xüsusilə diqqət çəkir. Onun başını bir qədər yana əyib düşüncəyə dalması daxili sükutu, xatirələrlə dolu bir ruh halını ifadə edir. Bu duruş nə kədərli, nə də tam sevinc içindədir – bu, düşünən, hiss edən, yaşayan insanın duruşudur. Qadın burada konkret bir şəxs deyil, ümumiləşdirilmiş insan ruhunun simvoludur. O, güllərlə eyni müstəvidə təqdim olunur: sanki təbiətin bir parçasıdır, yaxud təbiət onun daxili aləminin davamıdır.
Rəng seçimi də təsadüfi deyil. Yaşıl rəng ümidin, yenilənmənin və həyatın rəngidir. Çəhrayı isə zəriflik, sevgi, həssaslıq və yetkinlik deməkdir. Qara-ağ qadın portreti isə bu rənglərin fonunda daha da qabarır və insanın daxili aləmi ilə xarici dünyanın rəngarəngliyi arasında kontrast yaradır. Bu kontrast bizə xatırladır ki, insanın daxilində bəzən sükut, bəzən sual, bəzən də cavabsızlıq hökm sürür, amma ətraf aləm öz axarı ilə çiçəkləməyə davam edir.
Publisistik baxımdan bu rəsmi müasir dövrə ünvanlanan sakit, amma təsirli bir çağırış kimi dəyərləndirmək olar. Texnologiyanın, süni dəyişikliklərin, “geni dəyişdirilmiş” münasibətlərin artdığı bir zamanda bu üz qabığı orijinallığın, kökə bağlılığın və mənəvi saflığın müdafiəsinə qalxır. “Ətirli güllər” təkcə gül deyil, təkcə qadın deyil – bu, dəyişməyən dəyərlərin, ruhun ətrinin simvoludur.
Ümumilikdə, bu mənzərə oxucunu səssizcə düşündürür, onu zahiri gözəllikdən daxili dərinliyə doğru aparır. O, bizə xatırladır ki, hər gülə sadəcə gül kimi baxmaq olmaz, bəzən bir gül bütöv bir həyat fəlsəfəsini daşıyır. Eləcə də hər insan – xüsusən də susaraq düşünən insan – içində açılmamış bir bağ gizlədir.
Kitabı açırıq və ilk səhifədəcə belə bir bəndlə qarşılaşırıq:
Saralmış yarpaqlarda Quru nəfəsdir şeir! İnsanların səsində İlahi səsdir şeir!
Hələlik hər şey mükəmməldir; üz qabığındakı cümlə və girişdəki bu bir bənd artıq kitab barədə kifayət qədər müsbət fikir formalaşdıra bilir. “Yaxşı kənd yolundan, yaxşı ev qapısından bəlli olar” deyib atalar. Bilmirəm, mətnin (bəndin) ifadə etdiyi məna ilə tam razılaşdığıma görə (mənim də 1975 təvəllüdlü olduğumu nəzərdən qaçırmayaq), ya hansısa başqa bir səbəbdən kitab maqnit kimi məni özünə çəkir. Bu bir bəndin təsirində növbəti vərəqləri çevirirəm, ancaq hələ də beynimdə analiz gedir. Min cür xəyallarla uğraşan beyin bu qısa, lakin dərin məna qatlarına malik misraları Azərbaycan poeziyasının fəlsəfi-estetik gücünü bir daha nümayiş etdirən poetik nümunə kimi qəbul edir. Şeir zahirən sadədir, lakin məzmun etibarilə insan ruhunun, sözün və ilahi nəfəsin təmas nöqtəsində dayanır. Bu misralar oxucunu təkcə ədəbi zövqə deyil, həm də düşüncəyə, daxili səssizliyə və mənəvi oyanışa dəvət edir.
“Saralmış yarpaqlarda / Quru nəfəsdir şeir!” – deyə başlayan şeir üz qabığında xoş rayihəsinə qapıldığımız qızıl güllərin əhatəsində qəfildən peyda olan payız obrazı üzərindən həyatın keçiciliyini, zamanın amansız axarını və insan ömrünün faniliyini simvolizə edir. Saralmış yarpaq burada təkcə təbiət detalı deyil, həm də yaşanmış duyğuların, itkilərin, yorulmuş ruhun rəmzidir. “Quru nəfəs” ifadəsi isə sözün bəzən mexaniki şəkildə, ruhsuz səsləndirilməsinə işarədir. Şair bu misralarla oxucuya xatırladır ki, söz yalnız forma ilə kifayətlənəndə, daxili yanğıdan, ruhdan qopanda öz canlılığını itirir.
Lakin Qəndab xanım poeziyanı bu səviyyədə saxlamır. Şeir ikinci misra cütlüyündə yeni bir məna mərhələsinə yüksəlir: “İnsanların səsində / İLAHİ səsdir şeir!” Burada şair sözün və şeirin həqiqi missiyasını ortaya qoyur. İnsan səsi — ağrı, sevinc, ümid, dua və etirazın cəmləndiyi məkan kimi təqdim olunur. Məhz bu səsdə şeir ilahiləşir, yəni adi ifadə vasitəsindən çıxaraq mənəvi bir gücə çevrilir. Şairə görə poeziya yalnız estetik zövq üçün deyil, insan ruhunu Tanrıya, həqiqətə, işığa yaxınlaşdırmaq üçündür.
Bu yanaşma Qəndab xanımın alim təfəkkürü ilə şair duyumunun vəhdətindən qaynaqlanır. Onun poeziyasında söz təsadüfi deyil, məsuliyyətlidir; emosional deyil, dərin düşüncə ilə yoğrulub. Şeir burada həm sosial, həm mənəvi, həm də fəlsəfi məna daşıyır. Şair cəmiyyətə mesaj verir: əgər söz insanın səsində, dərdində, vicdanında yoxdursa, o, yalnız “quru nəfəs” olaraq qalacaq.
Publisistik baxımdan bu bir bənd müasir dövr üçün son dərəcə актуaldır. İnformasiya bolluğu, süni pafos, şablon ifadələr dövründə Qəndab xanımın bu misraları sözün saflığını, səmimiliyini müdafiə edən bir çağırışdır. Şair sanki xəbərdarlıq edir: poeziya da, ümumiyyətlə söz də insanın ruhundan qoparsa, mənasını itirər; amma insanın səsində, taleyində, ağrısında yer alsa, ilahi bir gücə çevrilər.
Qəndab xanımın bu qısa şeiri Azərbaycan ədəbi düşüncəsində sözə münasibətin örnək təzahürü kimi dəyərləndirilə bilər. Bu misralar bizə xatırladır ki, şeir kağız üzərində deyil, insanın içində yaşayır. O, saralmış yarpaqlarda susa bilər, amma insan səsində Tanrının nəfəsi kimi əbədiləşir. Məhz buna görə də Qəndab poeziyası oxucunu oxumağa yox, düşünməyə, hiss etməyə və öz daxilinə qulaq asmağa vadar edir:
“Mən həqiqətlərimin olmadığı yerdə daha rahatam” — bu cümlə təkcə bir şair etirafı deyil, həm də müasir insanın daxili ziddiyyətlərini açan fəlsəfi düşüncənin real inikası kimi ortaya çıxır. Bu sözlər Qəndab poeziyasının başlanğıc nöqtəsi, onun daxili dünyasının açarı kimi səslənir. Çünki Qəndab xanımın şeirləri faktların, sərt gerçəkliklərin deyil, hisslərin, yaddaşın, ana nəfəsinin, şəhər boğuntusunun poeziyasıdır.
Ədəbiyyat hər zaman duyğuların məktəbi olub. Oxucu da bu məktəbdə özünə bənzər ruhlar axtarır. Qəndab xanımı oxuyanlar onun nədən danışdığını anlayırlar — çünki o, hamının içində gizlənmiş, amma hamının dilinə gətirə bilmədiyi hissləri səsləndirir. Bu poeziya oxucuya yeni bir həmdəm, yeni bir daxili yol yoldaşı təqdim edir.
Qəndab xanım heç kimə bənzəməyən şairdir. Onu yaxından tanıyanlar bilirlər ki, şeirlərinin kökündə duran mətləblər onun kövrək, həssas daxili aləmindən qaynaqlanır. Bu kövrəklik zəiflik deyil — bu, duymaq cəsarətidir. “An”, “Alışmışam”, “Sevgi yağışı”, “Gerçək xəyal” kimi şeirlər sadə sözlərlə yazılsa da, dərin məna çalarlarına malik rəngarəng nümunələrdir. Bu dərinlikdə hər bir insanın, xüsusilə yaradıcı ruhun “bir xalqın tarixi qədər zəngin” mənəvi aləmi görünür.
Qəndab xanım üçün ana obrazı poeziyanın mərkəzində dayanır. Şair duyğularını ifadə edərkən tez-tez anasının obrazına sığınır, onunla dərdləşir. Ana burada təkcə valideyn deyil — sığınacaqdır, təsəllidir, ən böyük qorxuda, ən ağır ağrıda insanın qeyri-iradi çağırdığı müqəddəs ünvandır. Qəndab xanım giley-güzarını da ona edir. Hətta bitməyən yuxusuz gecələrin sona çatması üçün belə ana nəfəsinə ümid bağlayır. Bu, fitri bir instinktin poeziyadakı təzahürüdür.
Qəndab poeziyasının əsas motivlərindən biri də müasir şəhər həyatının doğurduğu mənəvi ziddiyyətlərdir. İnsan ailədə, məktəbdə əziz-xələf kimi böyüyür, lakin çoxmərtəbəli binaların beton hücrələrində böyük dünyanın nəbzini itirir. Məktəbdən həyata atılanda isə şəhərin qəddar üzü ilə qarşılaşır: kobudluq, eqoizm, tamahkarlıq — bunlar təbiətin saf çiçəyini solmağa məcbur edir. Bu çiçəklər şəhərin boz simasına alışa bilmir və Qəndab xanımın şair kimi yaratdığı lirik qəhrəmanı da məhz bu solan çiçəklərdəndir.
Qəndab xanımın şeirləri milyonluq şəhərdə tənhalıqda boğulan insanın mənəvi tarixçəsidir. Gecə ilə gündüzün bir-birinə qarışdığı, səs-küy içində səssizliyin hökm sürdüyü bir ekzistensial təkliyin poeziyasıdır bu. Bu təkliyin səbəbi təkcə tərbiyə və mühit deyil — bu, anadangəlmə bir həyat qavrayışıdır. Böyük Azərbaycan şairi Füzulinin dediyi kimi, insan dünyaya ağlayaraq gəlir və Qəndab bir şair kimi bu ağrını ömür boyu içində daşıyanlardandır.
Bütün bu iztirabların içində şairin dözümlülüyü heyrət doğurur. Daş-qaya kimi lal şəhərdə insanın bu qədər əzaba necə tab gətirdiyi sualı ortaya çıxır. Bəlkə də Qəndabın şair kimi gücü elə onun alim kimi agah olduğu həqiqətlərdən qaçıb sığındığı poeziyada, ana obrazında, xəyallarında gizlidir. O, həqiqətlərin olmadığı yerdə rahatlıq tapır — çünki o məkanda insan hələ özüdür, hələ safdır, hələ sınmayıb.
Qəndab poeziyası bizə bir həqiqəti xatırladır: bəzən insanı yaşadan gerçəkliyin özü yox, ondan qaçmaq cəsarətidir. Və poeziya məhz bu qaçışın ən dürüst, ən saf ünvanıdır. Qəndab xanım cəsarətli və səmimi şairdir. Bu xüsusiyyət onun alim kimi bir çox elmlərə vaqif olmasından qaynaqlanır. Onun yaradıcılığı daxili həyəcan motivlərinə görə və sözə məsuliyyətlə yanaşma baxımından müəyyən məqamlarda Azər Turanın, Namiq Hacıheydərlinin, Qənirə Paşayevanın, Kənan Hacının, Bəhruz Niftəliyevin dəsti-xəttilə üst-üstə düşsə də özünəməxsus ifadə tərzilə seçilir. Qəndab xanımın yaradıcılığının təbliği məqsədilə qələmə alınmış bu monoqrafiya “Giriş”, “Bayatılar”, “Şeirlər”, “Etüdlər”, “Miniatürlər”, “Esselər”, “Hekayələr” və “Yekun” olmaqla səkkiz bölümdən ibarətdir. Qeyd olunmuş bölmələr üzrə təfsilata keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm:
QISA ARAYIŞ Qəndab — Qəndab Haqverdi — şair-ədəbiyyatşünas alim (Əliyeva Qəndab Əjdər qızı) — 5 oktyabr 1963-cü ildə Azərbaycan Respublikası, Bərdə rayonunda anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetində tamamlayıb. Filologiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi var. Namizədlik (PhD) dissertasiyası “Mirzə İbrahimovun bədii nəsrində Cənub mövzusu”, Doktorluq dissertasiyası isə “Cənubi Azərbaycanda milli-demokratik ədəbiyyat və folklor (1945–1979)” üzrə olan Qəndab xanım əsl ədəbiyyat fədaisidi. Təxminən 40-a yaxın elmi məqalə çap etmişdir, o cümlədən beynəlxalq bazalarda indeksləşdirilən jurnallarda nəşrləri də mövcuddur (10 beynəlxalq, 3 isə digər elmi nəşrdə, mənbə AMEA-nın saytı) . 2020-ci ildə XX əsr Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatının nümayəndəsi, el şairi Muradəli Qüreyşi Qaflantının əlyazmalarını aşkara çıxarmış, 200-ə yaxın şeiri köhnə əlifbadan latın əlifbasına transliterasiya edərək “Ulu Çinar” kitabını tərtib etmişdir. Bu işlə həmin şairin irsi Azərbaycan ədəbiyyatı tarixinə daxil edilmişdir . 2022-ci ildə “Fədai şair Qaflantının həyatı və sənəti” adlı monoqrafiyası çap olunmuşdu. Güney Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı: “XIX-XX əsr Güney Azərbaycan el şairləri”, “XX əsr Güney Azərbaycan milli demokratik poeziyası” adlı iki antologiya nəşr etdirmişdir. “Sədyar Vəzifə Eloğlunun ədəbi fəaliyyəti”, “Güney Azərbaycan Folklorunda milli kimlik – Şəhriyar həqiqəti” kimi elmi məqalələri Azərbaycan ədəbiyyatı tarixinə verilmiş misilsiz töhfələr kimi dəyərləndirilməlidir. Elmi əsərlərinin seçilmiş siyahısı: Mirzə İbrahimov nəsrində Cənub mövzusu (2016) Kurban Said’in “Ali ve Nino” romanında fərqli toplumların baxış açısı (2019) Çağdaş Güney Azərbaycan poeziyasında lirik psixologizm (2020) Fədai şair Qaflantının həyatı və sənəti (2022) Eldar Muğanlı poeziyasında sosial-siyasi motivlər (2022) Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutu, (Bakı şəhəri) Aparıcı elmi işçi vəzifəsində çalışır. Çoxlu sayda bədii kitabların da müəllifi olan Qəndab xanım eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Çağdaş ədəbi proseslərin fəal iştirakçılarından biri olan Qəndab xanım özü olduqca müxtəlif mövzularda yaratdığı nümunələrlə ədəbiyyatımızın fondunu zənginləşdirməklə kifayətlənməyib, digər şairlərin də xüsusilə cənublu şairlərin aşkarlanıb fondumuza daxil edilməsinə, tanınmasına böyük töhfələr verir. Təhqiqat mövzusu kimi ədəbi təhlilə cəlb etdiyim “Ətirli güllər” kitabı şairin xoş rayihəli gül bağçasından dərdiyimiz sadəcə bir qönçədir. Onun ilk şeirlər kitabı “Səni elə sevdim ki!..” adlanır. Növbəti yazımızda Qəndab xanımın bayatılarından söhbət açacağıq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
O, BİR “75” (Namiq Hacıheydərlinin yaradıcılığı) Salam olsun, çox dəyərli oxucum! Notbukumu açıb, yazı masamı iş üçün hazırlayanda fikrim Cekinin (Cek London) “Ağ diş”i haqqında yazmaq idi. Ümumiyyətlə yanvar ayı gələndə fikrimdə ancaq yazıçılar assosiasiya edir. Bu dəfə də qəfil rəhmətlik Namiq Hacıheydərlini xatırladım və avtomatik olaraq mövzu dəyişdi. Müasir Azərbaycan poeziyasında elə sənətkarlar var ki, (Namiq çoxdan bizi tərk etsə də onun, həmçinin Qənirə Paşayevanın yoxluğuna inanmaq olmur. Onlar haqqında keçmiş zamanda danışa, yaza bilmirəm) onların yaradıcılığı təkcə estetik zövq formalaşdırmır, həm də milli yaddaşı oyadır, mənəvi məsuliyyəti diri saxlayır, oxucunu düşünməyə vadar edir, sorğu-suala çəkir. Tanınmış şair, fikir adamı Namiq Hacıheydərli məhz bu cür söz adamlarındandır. Onun poeziyası bir tərəfdən klassik türk–Azərbaycan şeir ənənəsinə söykənir, digər tərəfdən müasir insanın ağrılarını, qorxularını, ümidlərini cəsarətlə ifadə edir. QISA ARAYIŞ 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulan Namiq Hacıheydərli həyatın içindən gələn, xalqın dərdini-sözünü bilavasitə yaşayan bir şair kimi formalaşıb. Filologiya təhsili (N. Tusi adına ADPU) onun sözə münasibətini elmi əsaslarla möhkəmləndirsə də, poeziyasının əsas qaynağı xalq ruhu, torpaq yaddaşı və milli kimlikdir. 1999-cu ildə yaratdığı “Dan yeri” Ədəbi Birliyi, sonralar Muğan bölgəsində ədəbi mühitin canlanmasında mühüm rol oynayıb. Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri kimi fəaliyyəti, türk dünyası ilə bağlı təşəbbüsləri, beynəlxalq tədbirlərdə iştirakı onun yalnız şair deyil, həm də ictimai–mənəvi lider olduğunu təsdiqləyir. Namiq Hacıheydərli poeziyasında aparıcı xətt ruh anlayışıdır. Onun məşhur “Ruhumuz ucadır” ifadəsi təsadüfi deyil. Bu poeziyada insanın cismani varlığından çox, ilahi mənşəyi, mənəvi ucalığı ön plana çəkilir. Şair üçün insan – torpaqla göy arasında bir körpüdür (eyni adlı şeirindən): “Ruhumuz ucadır, yerlərə sinməz, Nadanlar nə bilsin Ulu Tanrının Uca yaratdığı göylərdən enməz…” Bu misralar Namiq Hacıheydərlinin poetik kredosudur: insan alçala bilər, cəmiyyət korlana bilər, amma ruh əyilməməlidir. Şairin sevgi şeirləri sırf romantik duyğuların ifadəsi deyil. “Sən mənim kimimsən?”, “Sən hardan alırsan bu gözəlliyi?”, “Yadıma sən düşürsən” kimi şeirlərdə sevgi ruhi qohumluq, kosmik yaxınlıq, ilahi bağ səviyyəsinə yüksəlir. Burada sevgili – bəzən qadın, bəzən Vətən, bəzən Tanrıya aparan yoldur: “Bir kökdən yaranmasaq da, Ruhumuz bir kökdən boy atmış…” Bu yanaşma klassik sufizmlə müasir poetik düşüncənin vəhdətidir. Namiq Hacıheydərli təkcə lirika şairi deyil, o, həm də zamanın vicdanı kimi çıxış edir. “Göylər deyir ki”, “Tanrıya səsləniş”, “Kişilər var idi” kimi mətnlərdə şair cəmiyyətə, ədalətsizliyə, ikili standartlara, mənəvi aşınmaya qarşı sərt mövqe tutur. “Tanrıya səsləniş” şeiri çağdaş poeziyada nadir rast gəlinən fəlsəfi–publisistik monoloqdur. Burada şair Tanrı ilə polemikaya girir, amma bu üsyan yox, insanlıq adına edilən yalvarışdır. O, Tanrını sual altına almır, insanın məsuliyyətsizliyini ifşa edir. Şairin “Bəyan” adlı şeiri onun yaradıcılığında xüsusi yer tutur. Bu əsər poetik mətn olmaqla yanaşı, metafizik manifest təsiri bağışlayır. Burada türk mifologiyası, dini tarix, fəlsəfi konsepsiyalar və poetik iddia birləşir. “Biz” anlayışı fərdi mənlikdən çıxaraq kollektiv şüura, ilkin yaddaşa çevrilir. Bu cür mətnlər Namiq Hacıheydərlinin sırf emosional yox, konseptual şair olduğunu göstərir. “Ey türk doğulan”, “Muğanın səsi”, “Yaralı Azərbaycan”, “Dağ Kolanı dastanı”, “Sözüm sənədi, Tanrım” və digər kitabları onun poeziyasının əsas istiqamətlərini – türkçülük, vətənpərvərlik, mənəviyyat, eşq və fəlsəfi düşüncə – sistemli şəkildə təqdim edir. Onun şeirlərinin Türkiyə, Rusiya, Qazaxıstan, Hollandiya və digər ölkələrdə çap olunması, aldığı beynəlxalq mükafatlar (Şahmar Əkbərzadə adına mükafat, Türk dünyasına xidmət ödülləri) yaradıcılığının regional yox, ümumtürk miqyaslı olduğunu sübut edir. Namiq Hacıheydərli Azərbaycan poeziyasında sözün məsuliyyətini daşıyan, ruhun ucalığını qoruyan, oxucunu təkcə duyğulandırmayan, həm də düşündürən şairlərdəndir. Onun poeziyası rahat oxunuş üçün deyil – oyanış üçündür. Bu yaradıcılıq bizə xatırladır ki, insanın ən böyük vəzifəsi ruhunu itirməməkdir. O, öz sözləri ilə desək, hələ bu dünyada “nidada olan”, sual verən, cavab axtaran bir şairdir. Və bu suallar bitmədikcə, Namiq Hacıheydərlinin sözü də yaşayacaq.
Çox dəyərli oxucum, sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Elə insanlar var ki, onlar sanki dünyanı xilas etmək üçün doğulurlar. Namiq Hacıheydərli məhz belə – hər iki dünyada öz missiyası olan böyük insanlardan biridir…
Mərhum alimimiz Bəkir Nəbiyev mənə bir elmi mövzu vermişdi, təxminən belə yadımda qalıb: “Azərbaycan bədii təhkiyəsinin təşəkkülü”. Bunu üçillik plan işi kimi verdi və söylədi:
İşlə, sonra bu mövzunu bir az genişləndirib sənin üçün doktorluq mövzusu kimi təsdiqləyərik. İşləməyə başladım, amma mənim bir xasiyyətim var: heç vaxt ada, vəzifəyə hədəflənmədim, elmi mövzu ki məni çəkib hara apardı, ora getdim. Mövzunu işləyirdim ki, Abbasqaulu ağa Bakıxanıvun “Kitabi-Əsgəriyyə”sinin tilsiminə düşdüm. Mövzumu atdım bir kənara düşdüm bu əsərin içinə. Əsərin poetikasına, fəlsəfəsinə uyub getdim. Gəlib çıxdım elmi kəşfə. Bir əsər yazıb qoydum ortaya: “Abbasqaulu ağa Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi”. Azərbaycan ədəbiyyatşünaslığında bir əsr lirik hekayə kimi qiymətləndirilən hekayəni ilk dəfə qətiyyətlə satirik əsər kimi təhlil etmişdim. Niyə “qətiyyətlə” deyirəm? Ona görə ki, mənə qədər də o hekayədə gülüşün səsini eşidən alimlər olmuşdu, amma bunu epizodik məqam kimi görmüşdülər. Halbuku əsər basdan-başa satira idi. Əsəri İnstitutun Elmi Şurasına çıxarmaq istədim. Şöbə müdirim Zaman Əsgərli öncə əsərin əlyazmasını qəbul edib özü oxudu. Gətirib qoydu masanın üstünə və biz üzbəüz əyləşdik. Saatlarla mübahisə etdik. O öz mövqeyindən dönmək istəmirdi: “Lirik hekayədir!”. Mən də arqumentlərimi göstərib öz fikrimdə qətiyyətli idim: “Satirik əsərdir!” Əsəbləşirdi:
Könül, sən deyirsən, qatıq qaradır.
Xeyr, Zaman müəllim, siz qatığa qara deyirsiniz. Mən isbat etmişəm. Zaman müəllim başqa bir təklif etdi: “Şöbədə müzakirəyə çıxaraq”. Razılaşdım. İş verildi iki alimə – oxunmağa. Müzakirə günü ürəyim bərk həyəcanlı daxil oldum otağa. Alimlər müzakirəyə gəlməmişdilər. Biri axşamdan zəng edib gələ bilməyəcəyini söyləmişdi. Onsuz da, kədərli idim. Digər həmkarımız da gəlməmişdi. Qolum-qanadım qırılıb yanıma düşmüşdü. Məruzə etdim. Zaman müəllimdən başqa heç kim oxumamışdı bu tədqiqat işinin əlyazmasını. Nitqimi bitirdim, Zaman müəllim auditoriyaya sual verdi:
Sualı olan var? Hamı susdu, dönüb Elmira Qasımovaya baxdım. Başını salmışdı aşağı. Zaman müəllim son sözünü dedi:
Müzakirəni bitmiş hesab edirəm. Çox sağ olun. İş Elmi Şuraya çıxarılmadı. Bir neçə gün sonra işi oxuyub, amma müzakirəyə gəlməyən həmkarlarımdan biri ilə dəhlizdə üz-üzə gəldik. Dedi:
Könül, sənin bu işin elmi kəşfdir. Bu işə görə sən doktorluğu oxumadan da elmlər doktoru adını almağa layiqsən. Heç nə demədim. Ürəyimdə tikana döndü o söz və indiyə qədər də çıxmadı. Yəqin, ömrümün son günlərində də xatırlayacağım həyat hekayələrimdən biridir bu əhvalat.
Bu gün Namiq Hacıheydərlinin 50 yaşı tamam olur… Məqamı ucadır. Ruhu şad olsun! Amin…
Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib. 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən “Dan yeri” Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbayacan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib. Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır. 2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib. Şeirləri Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub. 7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir. 2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyənatla istefa verib. 2009-cu ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb. 2013-cü ildə “Türk dünyasına xidmət ödülü”nə layiq görülüb. 2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən “2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ” ilə mükafatlandırılıb. Ey türk doğulan. (Bakı: 2012),Səni tapan itirməz( Bakı.),Söz sənindir. (Bakı “Vektor” Nəşrlər Evi, 2010) ,Dağ Kolanı dastanı. ( Bakı),Yaralı Azərbaycan (Bakı.), Sözüm sənədi, tanrım.(Bakı), Muğanın səsi. (Bakı) kitablarının müəllifidir. Namiq Hacıheydərlini 50 – yubiley yaşının tamam olduğu gündə rəhmətlə anırıq. Ruhu şad olsun…
RUHUMUZ UCADIR
Ürək döyüntünü dinlədim bu gün, Baş qoyub ətirli sinənin üstə. Söz ilə, and ilə qurmuşuq düyün Eşq ilə süslənmiş dünənin üstə…
Arada yüz dərə, yüz dəniz olsun, Bir gün yollarımız yovuşmalıdır. Əyər yer üzündə birləşəmməsək, Göylərdə ruhumuz qovuşmalıdır.
Gəlsin üstümüzə kədər sel kimi, Dünyalar yığılsın lap bizə qarşı. Qaranlıq işığı söndürə bilməz, Gecələr ha çıxsın gündüzə qarşı…
Bizi qorxutmayır tufan, qasırğa, Əzablı yolları azmı getmişik? Bəzən başımıza balta vurublar, Yenə var olmuşuq, yenə bitmişik.
Dərəyə dartsınlar, düzə çəksinlər, Ruhumuz ucadır, yerlərə sinməz. Nadanlar nə bilsin Ulu Tanrının Uca yaratdığı göylərdən enməz…
GÖYLƏR DEYİR Kİ
Şairləri əzilən bir şəhərə Göydən mələklər qarğış yağdırar Qutsal Ruhlar narahat dolanar bu şəhərin üzərində Bir gün bəlanın mütləq olduğunu bildikləri üçün Bəla var qarşıda; Tufan, qasırğa Bir də cana doymuş Xəzərin üsyanı var qarşıda. Qara qanını içib, gününü qara edənlərə qəzəb püskürəcək Bir gün… Günahkar şəhərin nəfəsindən Zaman-zaman udduğu murdar zibillər Qasırğaya qarışıb geri dönəcək; Çırpılacaq üzlərə Göylər qəzəblənəcək İldırımlarar nərə çəkəcək Şimşəklər toqquşacaq Hər şey bir anda baş verəcək; Şiddətli külək, qasırğa, tufan Bir də Xəzərin şahə qalxmış dalğaları… O zaman Qurtuluş olmayacaq Tikdiyiniz evlərə nicat olmayacaq; Şüşələri qırılacaq, qapıları yıxılacaq daşları uçacaq o zaman üçün Yeni evlər tikin; bünövrəsi halaldan daşları yaxşılıqdan qapısı sevgidən olsun! və… Şairləri incitməyin…
SƏN HARDAN ALIRSAN BU GÖZƏLLİYİ?
Üzün gül, baxışın işıq çeşməsi, Söhbətin bülbülün şirin nəğməsi, Ürəyin, düşüncən yurd xəzinəsi, Sən hardan alırsan bu gözəlliyi?!
Görüşə gələrsən, dünyamız gülər, Başının üstüylə ağ bulud gələr, Tək bircə nəfəsin min dərdi silər, Sən hardan alırsan bu gözəlliyi?!
Üzünü görüncə daş, dağ sevinər, Böyüklər gülümsər, uşaq sevinər, Ayağın toxunan torpaq sevinər, Sən hardan alırsan bu gözəlliyi?!
Namiq öz gücünü sözündən alır, Bulud ağlığını üzündən alır, Ay, ulduz işığı gözündən alır; Sən hardan alırsan bu gözəlliyi?!
SƏN MƏNİM KİMİMSƏN?
Hara baxsam təkcə səni görürəm, Yolumsan, Yerimsən, Göyümsən axı. Niyə səni mən bu qədər sevirəm, Sən mənim kimimsən, nəyimsən axı?!
Masmavi göylərdə ağappaq bulud, Günəş də, torpaq da, külək də sənsən. Ağaca, çiçəyə can verən su da, Çiçəkdə ətir də, çiçək də sənsən.
Qovuşdu, birləşdi iki saf bulaq, Bir bahar günündə axar çay oldu. Xəbərsiz doğulduq bir-birimizdən, Bax, ancaq, ruhumuz əkiztay oldu.
Ulduz arxasından enib gəlibsən, Atadan, anadan yaranmamısan. Sənin sığalını mələklər çəkib, Sən bəşər əliylə daranmamısan.
Niyə baxışınla alışar sinəm?! Harandan od alır bu odum mənim?! Qanadım deyilsən, ancaq, bəs nədən, Qəmlənsən qırılar qanadım mənim?!
Üzündə qəm, gözündə nəm görünsə, Aldığım nəfəs də daşa çevrilər. Sənin içindəki ağrı acılar, Mənim gözlərimdə yaşa çevrilər.
Biz qoşa bədəndə bütöv canıqmı; Dodağın qurusa; ciyərim yanar. Ayrıyıq, uzağıq, bəs niyə ruhum, Sənin varlığını varlığım sanar?!
Sənin ayağına batan bir tikan, Mənim ürəyimi qanatmış, gülüm! Anladım… Bir kökdən yaranmasaq da, Ruhumuz bir kökdən boy atmış gülüm…
Ruhu doğmalardı qohum olanlar, Bir ata – anadan doğulan deyil. Var olan dipdiri ruhu olandı, Ayağı, əlləri sağ olan deyil.
QALDIMI Bir zaman içində yanan alovdan, İçdə qığılcımın, közün qaldımı?! Ürəyin büsbütün söz dəniziydi, Ürəkdə Eşq dolu sözün qaldımı?!
Təmizlə dünyanı, dara, yu eşqim! Ruha sığal çəkər mənim qu eşqim. Deyirdin minillər sözməz bu eşqim, Eşqindən nişanə, izin qaldımı?
Yalan ah – üzlərdə yalançı boyaq. Vaxtsız yorulmağın adın nə qoyaq?! Bu uzun yolları gedəcək ayaq, Bu yükə dözəcək dizin qaldımı?!
Dünya dəmirçinin qaynar kürəsi Yandırar ağ bayraq qaldıran kəsi. İrəli getməyə yaşam həvəsi, Geriyə dönməyə üzün qaldımı?!
Aydın səma, bəyaz bulud görürəm, Yadıma sən düşürsən. Mələk rəngli qoşa qanad görürəm, Yadıma sən düşürsən.
Deyib-gülən iki cavan görürəm, Sevdiyindən sevgi uman görürəm, Yadıma sən düşürsən…
Narın-narın yağış yağır, baxıram; Cücələr sığınır öz anasına. Balaca pişiklər küncə sıxılır, Gizlicə qoyaraq göz anasına.
Bir quzu mələyir yanıqlı səslə, Baxdım ürəyimin başı açıldı. Küçədə sərgərdan qalan çocuğun, Anasını görüncə, gözündən ümidli işıq saçıldı.
Cəh-cəhini dayandırıb bülbüllər, Ağacdakı yuvasından asıldı. Dışarıda oynayan cüt yavrular, Bir təpənin daldasına qısıldı…
… Doğmam yoxdu qucağına qaçım mən, Ağacım yox budağından asılım. Yuvam yoxdu sığınım bir küncünə, Sən də yoxsan, indi kimə qısılım?!
Sənsiz bir kimsəsiz çocuq kimiyəm, Solduracaq məni yağış, qar axı. Yadıma sən, yadıma sən düşürsən; Mənim səndən doğma kimim var axı?!
KİŞİLƏR VAR İDİ
Kişilər var idi bu yer üzündə, Bir elin yükünü çəkən kişilər. Quduz sultanlara qılınc sıyırıb, Yetim qarşısında çökən kişilər.
Babalar var idi, bir kəlmə sözü, Qan söhbəti bağlamağa bəs idi. Nənələr var idi, nənə deyirəm; Təpədən dırnağa nur kündəsiydi.
Qadınlar var idi şimşək baxışlı, Qanında yüz ərin qeyrəti vardı. Nə oldu, necoldu ülvi adamlar, Torpaqmı gizlədi, yelmi apardı?!
Oğullar var idi, qaya parçası, Ölsələr, harama yanaşmazdılar. Qurban gedərdilər namus üstündə, Namusdan bir kərə danışmazdılar.
Obalar var idi, barlı-bəhərli, Bir giriş, bir çıxış cığırı vardı. Gələn yolçuları hələ uzaqdan, Təndir çörəyinin ətri vurardı…
…Günəş həmin Günəş, Ay həmin Aysa, Bəs niyə dəyişdi bu cahan belə?! Kök həmin kökdüsə, soy eyni soysa, Nədən cılızlaşdı bəs insan belə?!
HƏLƏ Kİ NİDAYAM
Dan yeri ağarır, oyağam hələ, Nə gözlər yumulur, nə qəlb dincəlir. Açılmaz səhərim ta innən belə, Baxma üfüqlərdə Günəş yüksəlir…
Dostları min olsun, nə faydası var, Əyər tənhadısa ruhu insanın. Duyulmaz oldusa bir qaydası var, Yüksələr göylərə ahı insanın.
Din gəzdim, ruhuma dinclik aradım, Sonunda gördüm ki, özüm dinmişəm. Yerlərdə, Göylərdə min sirr aradım, Dünyanın ən böyük sirri mənmişəm.
İnsan sirr, ömür sirr, bu Yer, bu Göy sirr, Beşikdən qəbrəcən sirri açılmaz. Sabah nə olacaq, bir kimsə bilmir; Yazısı dəyişməz, qədər – qaçılmaz.
Nə olsun milyondu hər yerdə sayı, Milyonlar içində təkdi hər adam. Bu göylər altında, bu yer üzündə, Bəxtəvər olmadı hələ bir adam…
…Nə arzu tükəndi, nə də ki dərdim, Yaxşı ki, dərd boyda min xəyalım var. Ömrü palaz kimi yollara sərdim, Göylərə verəcək çox sualım var.
Hələ ki nidayam bu yer üzündə, Heyrətlər içində çoxmu qalacam?! Ömrümə qoyulan işarə kimi, Ömrümün sonunda sual olacam…
GÖNDƏRİR
Adı gələr, yanaq olar qan kimi; Böyük bir günahdan utanan kimi… Səhərlər yuxudan oyanan kimi, Bir qız sevdiyinə salam göndərir.
Elə bil bir dəstə çiçək yollayar, Tufan olsun, yağış, külək… yollayar. İçində çırpınan ürək yollayar, Bir qız sevdiyinə salam göndərir.
Dayanar yolunda hər dağa hazır, Şaxtada, soyuqda donmağa hazır, Daş-qalaq olmağa, yanmağa hazır… Bir qız sevdiyinə salam göndərir.
SƏN
Sən eşqin bağında bitən çiçəksən, Eşq ilə yanmayan dərməsin səni. Qaranlıq ürəkli, donuq baxışlı, Sevgidən uzaq göz görməsin səni.
Adını çəkməsin; adını çəkən, Adında bal kimi dadı duymasa; Gəzməsin bu qutsal torpağın üstə, Özünü ən mutlu bəndə saymasa.
Cismiylə yerləri nura bələyib, Mələklə göylərdə yaşıyanımsan. Türküstan çölünün, Tanrı dağının, Ətrini ruhunda daşıyanımsan.
DEDİ Əllərimdən tutmasan, Bu yollarda azaram. Dedim: qoyma darıxım, Dedi: tez-tez yazaram.
Dedim: incitsəm səni, əfv edərmisən məni?! Dedi: acı kəlməni, Mən yaxşıya yozaram.
Dedim: qoyma baş qatam, Kədər gölündə batam… Dedi: sənə üz tutan Dərdə quyu qazaram…
Ah çəkdim yana-yana; “Mən atayam, sən ana…” Dedi: hər şey bir yana, Taleyimi pozaram.
Dedim: dərd oldum sənə… Dedi: eşqsiz yaşam nə? Ya yurd ollam eşqinə, Ya da sənə məzaram.
OLAR Ömrü yellərə vermək, Aqillərə ar olar. Bir mürşid yanılarsa, Min-min mürid xar olar.
Könüllərdə qalanlar; Dünyada iz salanlar. Var ikən yox olanlar, Yoxkən necə var olar?!
Ulus, yurd nədi bilməz; Canda varsa yad nəfəs. Özgədən süd əmən kəs, Özgələrə yar olar.
Bədbəxt kimdi; yol əyən, Qazancını yeməyən. Haqqı görüb deməyən, Kor olar, həm kar olar.
(Söz demə almayana, Tanrıdan dolmayana). Könlü tox olmayana, Geniş yer də dar olar.
Yox! – deyib batma yasa, Var! – söylə – var, hardasa; Üç-beş yaxşı olmasa, Yaşamaq çox zor olar.
TANRIYA SƏSLƏNİŞ Tanrım! Sənin qatında sayt varmı? Qəzet, jurnal çıxırmı orda? Gündəlik xəbərləri hardan alırsan? Günəş sistemində olanlardan xəbərin varmı? Yerin təhlükədə olduğunu bilirsənmi? Sənin yarartdığın Yerdə şərin hakimiyyət qurmasından, Dünyanı iblisin və iblisə xidmət edənlərin yönətməsindən Xəbərin varmı? Xəbərin varmı, sənin adını çəkib baş kəsirlər hər gün? Suriyadan, İraqdan, Yəməndən, Doğu Türküstandan… gələn Nalə səsləri bürüyüb dünyanı. Dağılmış şəhərlərin xarabalıqları, Parça-parça insan meyidləri, Gəlinciyinə sarılaraq can vermiş körpələrin Meyidi üzərində qələbə qeyd edir dünya ağaları… Yoxsa, Sən də yaxşısan ətrafın pisdi? Yoxsa, sənidəmi aldadır köməkçilərin? “Sənin müdrik siyasətin nəticəsində qalaktikalarda hər şey əladır, bütün güllər, çiçəklər xoşbəxtdi, bütün kəpənəklər səadət içində, insanlıq can deyib-can eşidir”-deyirlərmi sənə? Tanrım! Bizim qalaktikaya qubernator təyin eləmisənmi? İllik hesabat verirmi sənə? Yerdəki vəziyyətdən nə yazır? Yazırmı ki; Kosmos fəryad səslərinin mənfi enerjisindən dağılmaq üzrədir? Yazırmı; Qız uşaqlarını hələ də diri-diri basdırırlar, İnsan insan qatilidir, Yer özü boyda məhbəs olub, yazırmı?! Tanrım! Bəs, sənin “audit”in yoxmu?
Tanrım! Heç ordan baxanda Yer görünürümü? Görünürsə, çarə qıl… Görünmürsə… Kimə deyək dərdimizi?
BƏYAN Külli aləm zülmət idi, biz o zaman gündüz idik Bir nöqtəykən bütün varlıq, min illərdi doqquz idik.
O biz idik, Mudan çıxıb işıq yaydıq planetə Şumer, Misir, həm Babildə çözülməyən möcüz idik.
Oxuyub səcdə etdiyin ayələri nazil edən, 4 kitabda peyğəmbərə “biz” deyənlər həm biz idik.
Var ol dedik, oldu aləm, bir nöqtədən doğdu nə var, Əzəldən öncə var olan, sondan sonra ölməz idik
Söyləyən biz, söylədən biz, endirən həm enən bizdik Sina dağa gələn mələk, söz sahibi, həm söz idik.
İbrahimdik, Yusif, Musa, Məhəmmədlə İsa olduq Sulara hökm edən qüdrət, həm yol verən dəniz idik.
Bizə dindən bəhs eyləmə biz endirdik o dinləri Biz “sühuf”u yazanlarıq, öncə “lövhi-məhfuz” idik.
Əski yunanda Zevs olduq, Misirlilər Amon dedi Bir tərəfdə Yahovaydıq, Zərdüşt üçün Hörmüz idik.
Namiqə biz pıçıldadıq, özü yazdı söyləməyin, İnsan oğlu özü yoxdu, Özü bizik, biz Öz idik…
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı ilə təltif edilib “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanı Azərbaycan Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb. Dahi şairin yaradıcılığının təbliği baxımından önəm daşıyan xatirə nişanı, beynəlxalq aləmdə NİZAMİ irsini tərənnüm edən simvol olaraq dəyərləndirilir. Bu anlamlı xatirə nişanına görə, Mədəniyyət naziri Anar Kərimov başda olmaqla, nazirliyin kollektivinə təşəkkür edirik.
25 sentyabr 2024-cü ildə Azərbaycan Milli Xalça Muzeyində Milli Məclisin üzvü, 2020-2023-cü illərdə Mədəniyyət Komitəsinin sədri olmuş tanınmış ictimai xadim Prof.Dr. Qənirə xanım Paşayevanın unudulmaz xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva – İTHAF” adlı bədii sərginin açılışı keçirilib.
Bu gün Türk dünyasının sevilən qızı, Azərbaycanın Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri (2020-2023) Qənirə xanım Paşayevanın anadan olmasının 50-ci ildönümüdür.
Ruhu şad olsun! Sayğı və sevgi ilə anırıq.
Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
O, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilirdi.
Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 2023-cü ilin sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülmüşdü.
28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib.
29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur.. Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə yazarlar.az saytı idarəçiliyindədir. Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir. Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır. Biz də Zaur Ustaca yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!!
Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!!
Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!!
Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ
Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı, Yanağımda duz olubdu… Urmu, Urmu söyləməkdən Bağrım başı köz olubdu…
Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın?
Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür…
Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik…
Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm!
İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla…
Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi…
İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə…
Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq…
Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün!
Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
SEVİN, A TƏBRIZ!
Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər!
Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq…
Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman!
İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü!
Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM
Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.