
ZƏMANƏMİZİN HACI ZEYNALABDİNİ
“Mən bu cahan mülkündə mütləq
Doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm,
Özgə babət görmədim
Sahibi-zərdə kərəm yoxdur,
Kərəm əhlində zər,
İşlənən işlərdə ehkamü-ləyaqət görmədim”..
Gözəl deyib dahi şairimiz Molla Pənah Vaqif..Bəli, əliaçıqlıq, səxavət, comərdlik, gözəl mənəvi keyfiyyətlər Uca Allahın insanlara bəxş etdiyi nadir insani keyfiyyətlərdəndir. Eləcə də, maddi imkan da bu dünyada hamıya qismət olmur biz bilirik ki..Lakin bu fani dünyada bir də görürsən elə xəsis, elə aşağı insani keyfiyyətli insanlarda olur mal varlığı ki, nəinki yadlar, öz doğmasına belə qıymır, həm də haram yollarla əldə olunur..Bəzən də baxırsan kasıb insandır, amma ürəyi dağ boydadır ki, məhdud imkanları ilə çalışır ki qarşısında açılan əlləri boş qaytarmasın..Bu dünyaya boş yerə fani dünya demirlər..Bu dünyada balanslaşdırılmamış, tarazlaşdırılmamış çox şeylər var..Gecikən, bəzən yox olan ədalət, layiqini tapmamış insanlar, kərəmi olub zəri olmayanlar, zəri olun kərəmi olmayanlar..Amma hər şey biz düşündüyümüz qədər də deyil..Bəzi insanlar var ki, həqiqətən onların varlığı bu dünya üçün möcüzə kimidir..Türklərin bir sözü var: “Bu dünya dönüyorsa, sizin gibi insanların yüzü-suyu hürmetine” Haqqında bəhs edəcəyim Vilayət İsgəndərov Cavanşir oğlu bu dünyanın hələ də yaşamağa dəyər olduğunu, dünyanın yaxşı, xeyirxah insanlardan xali olmadığının yaşayan sübutudur. O, heç vaxt var-dövlətin əsiri olmadı. Zəhmətlə qazandı – səhərin alatoranında oyanıb, alnının təri ilə işlədi. Hər tikə çörəyi, hər qəpiyi halalından tapdı. Amma bildi ki, çörəyin duzu paylaşanda artır, bolluq yalnız süfrədə deyil, ürəklərdə də olmalıdır. Xeyirxahlığı ilə yanaşı eyni zamanda da təvazökar olan Vilayət bəyə, gördüyü ucsuz-bucaqsız xeyirxah işlərə çoxdan bələd olsaq da, gördüyü işləri kiçik bir yazı ilə qələmə almaq təklifimə israrla yox deyirdi. Nəhayət, uzun xahişlərdən sonra necə deyərlər “saqqızını oğurlaya” bildik. Evində qonaq olduğumuz gün (eyni zamanda da özü də, ailəsi də çox qonaqpərvərdirlər) yol boyu gördüyü işlərin kiçik bir hissəsini bizə anlatdı. Amma həqiqətən çox kiçik bir qismini. Vilayət bəy “sağ əlin verdiyini sol əl bilməməlidir” prinsipi ilə yaşadığı üçün paylaşdığım işlərin onun etdiyi xeyriyyəçiliyin kiçik bir qismi olduğunu təkrarən nəzərinizə çatdırıram. Amma natamam da olsa, aldığım bu informasiyanı sizinlə paylaşmağı özümə borc bilirəm. Çünki, xeyir işləri, yaxşı hadisələri mümkün qədər paylaşmağa üstünlük verirəm ki, gənclərə örnək olsun.
İlk öncə, onun 44 günlük müharibə dövründə milli ordumuza göstərdiyi xidmət və dəstəkdən danışmaq istəyirəm. 27 sentyabrda müharibə başlanan kimi ordumuz, əsgərlərimiz üçün narahat olan Vilayət bəy 1 həftə dözmür, oktyabrın üçü kəndin içinə çıxaraq ordumuza, əsgərlərimizə dəstək olmaq haqqında təbliğat aparır, daha sonra özü gedib 10 dəst isti paltar, 150 çeçenka papaq, 250 cüt isti corab, külli miqdarda azuqə, su, şirə, siqaret, şirniyyat alaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində qərargaha təhvil verir. Vilayət bəy yaşadığı kənddən və qonşu kənddən səfərbərliyə düşən 39 əsgərdən biri şəhid olur – Xəyal Salamov. Allah rəhmət eləsin. Digər əsgərlər müharibədən qayıdan kimi Vilayət bəy bir el ağsaqqalı olaraq hər birinin evinə gedir, bir ata sevinci ilə hər birinin üz-gözündən öpüb bağrına basır, hədiyyə olaraq cibxərcliyi verir. Hətta valideyn himayəsindən məhrum iki əsgərin qapısında qurban kəsdirir .. Vilayət bəyin gözünün aman-zaman yeganə oğlu da səfərbərliyə gedənlərin içində olub və şərəflə, mərdliklə döyüşüb.
Vilayət bəy Birinci Qarabağ müharibəsində də ordumuza dəstək göstərib, Vətən üçün canlarından keçən şəhidlərin də xatirələrinin əbədiləşməsində öz maddi vəsaiti hesabına əlindən gələn dəstəyi göstərib. Şəhid Natiq Rüstəmovun (1973-1994) xatirəsinə doğma kəndi Abdulabad kənd məktəbinin həyətində büst qoydurub. Daha sonra məktəb binası istifadəyə yararsız hala düşdüyü üçün yeni məktəb tikilib və abidənin oraya daşınmasını təklif ediblər. Vilayət bəy isə buna kəskin etiraz edərək yeni məktəb binasının həyətində şəhidə yenidən abidə qoydurur. Belə ki, şəhidin ruhunu incitməmək üçün köhnə abidəyə toxunmağa qoymur..
Şəhidimiz Ağayev Ədalət Ağaqardaş oğluna (1970-1992) abidə qoydurmağı özünə mənəvi borc hesab edən Vilayət bəy maneə ilə üzləşir, abidə qoyulmasına icazə verilmir. Bundan ötrü Bakıya gedərək, Elçin Əfəndiyevin qəbuluna girir və eyni zamanda Nazirlər Kabinetindən icazə alır və böyük səy hesabına qəhrəman şəhidimizə Kolanı kənd məktəbinin həyətində abidə ucaltdırır.


Bunlardan başqa yaşadığı kəndin, ətraf kəndlərin, ümumilikdə rayonun abadlaşması da ürəkdən canfəşanlıq edən Vilayət bəy quraq, şoran Mil-Muğan torpaqlarının yaşıllaşmasında, abadlaşması da mühüm rol oynayıb. Təkcə 10 hektar ərazidə 2472 ədəd müxtəlif meyvə ağaclarından ibarət mədəni meşə sahəsi saldırıb və şəxsi vəsaiti hesabına suvarma işlərini də boynuna götürüb. Əkdiyi hər ağac, hər fidanla yenidən yaşama sevinci oyanan, fərəh hissi ilə onları seyr edən, bəsləyən Vilayət bəy öz balasını böyüdən kimi bu ağacların böyüməsindən də mənəvi zövq alır..Hər il getdikcə korlanan iqlimin, artan quraqlığın fonunda “Planetimizin ağciyərləri”nə öz töhfəsini verən qəhrəmanımızın gördüyü işlər o qədər dəyərli və əvəzsizdir ki..Bəziləri səfalı, gur sulu, yaşıllığı ilə göz oxşayan rayonlarda yaşayıb, el təəssübü çəkməyib, meşəbəyidən gizlin yaşıl ağacları öz şəxsi evi, rahatlığı üçün balta ilə doğrayan, yaşıllığa xeyri olmayıb, ziyanı olan şəxslərlə müqayisədə şoran torpaqlarda cənnət yaradan Vilayət bəy çox-çox ucalardan dayanır. Əminəm ki, gənc nəsil ondan örnək götürərək onun əməllərini davam etdirəcək..
Vilayət İsgəndərov öz hesabına Mir Ələkbər ağa Şirvani türbəsini də 6 ilə inşa etdirib. Orada Mir Ələkbər Ağanı ziyarət etmək istəyənlər, qurbanlıq qoyun kəsmək istəyənlər üçün hər bir şərait yaradılıb. Bir qədər aralıda isə səfalı bir söhbət gah tikdirib ..
Vilayət İsgəndərovun xeyirxah əməlləri bunlarla bitmir. O günümüzün qəhrəmanı, el ağsaqqalı, el təəssübkeşidir. El-obası, Vətəni üçün əlindən gələndən artığını edən Vilayət bəy bu dünyada cənnəti qazananlardandır..Kaş ki hər kəs onun kimi ola..Onun üçün birinci planda eli, obası, həmvətənləridir. Xalqımızın övladlarını öz övladlarından ayırmayan Vilayət bəy daima kasıblara, şəhid, qazi ailələrinə əl tutur, qızı gəlin köçən imkansız ailə ilk növbədə ona üz tutur, kim dara düşdüsə, həqiqətən ehtiyacı varsa, bir ağsaqq kimi Vilayət bəyə müraciət edir.. Öz halal zəhməti ilə dolanan Vilayət bəy bacardığı qədər kömək üçün gələni əliboş qaytarmır, öz təşəbbüsü ilə xeyir əməllər edir. Bu qədər məziyyətlərin qarşısında çox sadə, təvazökar, lütfkar bir insan olan qəhrəmanımıza öz adımdan uzun ömür, cansağlığı arzulayıram, arzu edirəm ki, bu fani dünyada Vilayət bəy kimi insanlar nadir olmasın, çox olsun, eyni zamanda təqdir edilsin..
Türkan Bayramova,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, pedaqoq