DAĞLAR QOYNUNDA (Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin xatirəsinə) Əzəl beşiyim dağlar, Evim, eşiyim dağlar, Yuvalaşdıq, çuğlaşdıq Çəkir keşiyim dağlar. (oçerk) Dağların yaddaşı başqa olur. Dağ insanı sadəcə əhatə etmir, onu böyüdür, xarakterini formalaşdırır, baxışlarına dərinlik, ürəyinə dözüm verir. Dağlarda doğulan və böyüyən insan üçün torpaq da başqa cür müqəddəsdir. O, torpağı yalnız ayağının altında hiss etmir; onu uşaqlığının səsi, bulağının suyu, küləyinin nəfəsi, qayalarının sərtliyi, yollarının xatirəsi kimi yaşadır. Vüqar Ağayevin ömrü də belə bir coğrafiyada başlamışdı. Qubadlı rayonunun Xanlıq kəndində dünyaya göz açan bu Vətən oğlu sonralar ömrünün ən ağır sınaqlarını yenə dağlar arasında yaşayacaq, doğma yurdunun azadlığı uğrunda canından keçəcəkdi. 1973-cü il martın 4-də Xanlıq kəndində doğulan Vüqar uşaqlığının ən gözəl çağlarını Qubadlının səfalı təbiəti qoynunda keçirmişdi. Atası Əhməd Ağayev hərbçi olduğundan ailənin yaşayış yeri müxtəlif vaxtlarda dəyişsə də, Vüqarın qəlbində Xanlığın və Qubadlının yeri heç vaxt dəyişmədi. Çünki insanın ilk gördüyü mənzərə, ilk addım atdığı torpaq, ilk dəfə adını çağırdığı doğma yurd onun taleyinin görünməz xəritəsini yaradır. Vüqarın xəritəsində Qubadlı vardı. Amma zaman onun qarşısına başqa bir xəritə çıxardı — müharibə xəritəsi. ÖMRÜN İLK DAĞI — MÜHARİBƏ Vüqar Ağayevin gəncliyi Azərbaycanın tarixinin ən ağır səhifələrindən birinin yazıldığı illərə təsadüf etdi. Qarabağ müharibəsi başlananda o, müddətli həqiqi hərbi xidmətdə idi. Ölkədə daxili çəkişmələr, xaos və böhran hökm sürür, vahid komandanlığın olmaması ordunun imkanlarını məhdudlaşdırırdı. Düşmən isə bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal edir, şəhər və kəndlərimizi ələ keçirir, dinc əhalini ata-baba yurdlarından didərgin salırdı. Gənc əsgər Vüqar Ağayev həmin ağır günlərdə Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin komandiri olduğu taborda döyüşürdü. O illərin acısı onun yaddaşında silinməz iz buraxdı. Döyüşlərin məğlubiyyətlə nəticələnməsi onun Vətən sevgisini azaltmadı, əksinə, daha da möhkəmləndirdi. Vüqar başa düşdü ki, torpağı qorumaq üçün yalnız ürəkdə Vətən sevgisinin olması kifayət deyil. Bunun üçün güclü ordu, peşəkar zabit, yüksək hazırlıq və dəmir intizam lazımdır. Bəlkə də onun ömür yolunun zabitlik mərhələsi məhz həmin günlərdə başladı. 1993-cü ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil oldu. Döyüşən ordunun Topçu bölməsindən gəldiyinə görə onu məktəbin Tank Artilleriya Fakültəsinə qəbul etmişdilər. Vüqarı bu məqsədlə oxumağa göndərmişdilər ki, artilleriyanın sirlərini öyrənib, öz döyüş yoldaşlarının yanına topçu komandir kimi qayıtsın… Ancaq, deyir, “sən saydığını say, gör fələk nə sayır”… Qısa müddət ərzində torpaqlarımızın işğal altına düşməsi, məktəbdə təhsilin rus dilində olması Vüqarı çox narahat edirdi. Bir yerdə qərar tuta bilmir, elə hey düşünür, vəziyyətdən çıxış yolu axtarırdı… Bütün Azərbaycan gənc Respublika olaraq çox ağır dönəmdən keçirdi. Belə çətin günlərdə Vüqar artıq ikinci kursda oxuyarkən məktəbdə könüllü şəkildə təhsil proqramı sürətləndirilmiş kurslarda zabit rütbəsi alıb hərbi hissələrə komandir kimi yollanmaq imkanı yarandı. Səbri tamam tükənmiş Vüqar da cidd-cəhdlə hazırlaşaraq ard-arda bir neçə imtahan verib, bu kurslara qoşuldu. 1995-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vuraraq kiçik leytenant hərbi rütbəsi alıb, gözü Qubadlı dağlarında Naxçıvana yollandı. Beləcə, Qubadlıdan Naxçıvana uzanan uzun hərbi yol başladı. Bu yolun da öz dağları vardı. NAXÇIVAN DAĞLARINDA Naxçıvan onun həyatında ayrıca bir səhifədir. Qubadlı ilə başlayan dağlıq coğrafiya Naxçıvanda davam edirdi. Vüqar burada həm hərbçi kimi yetişdi, həm ailə qurdu, həm də ömrünün mühüm illərini yaşadı. Qubadlı dağlarına uzun illər Soyuqdan boylandı. Saatlarla Kotamda kilidlənmiş yollara baxdı… Azərbaycan ordusunda 1995-ci ildən zabit kimi xidmət edən Vüqar Ağayev iyirmi ildən artıq müddət ərzində qüsursuz hərbi xidmət keçərək kiçik leytenant rütbəsində tağım komandiri vəzifəsilə çıxdığı yolda polkovnik-leytenant rütbəsinədə briqada komandiri vəzifəsinə qədər yüksəldi… Xidmət illərində müxtəlif təltiflərə layiq görüldü. “Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illiyi” yubiley medalları, “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallar, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medal və “Hərbi xidmətlərə görə” medalı onun uzun və səmərəli xidmət yolunun göstəriciləricisidir. O, gənc zabitlərin yetişməsinə, əsgərlərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə verirdi. Hərbi peşəni sadəcə bir iş kimi deyil, Vətən qarşısında borc kimi qəbul edirdi. Onun üçün çiyindəki paqon rütbə nişanı olmaqdan daha böyük məna daşıyırdı: o, Vətən etimadının məsuliyyətini ifadə edirdi. 2016-cı ildə hərbi xidmətdən təqaüdə çıxanda qarşısında sakit həyat mərhələsi açılmışdı. Fəqət, Vüqar öz-özlüyündə bu həyatla barışa bilmirdi. Gənclik illərindən başladığı, bütün həyatını, ömrünün ən gözəl çağlarını həsr etdiyi işini sanki yarımçıq, özü də dərənin dibinədə – enişdə qoyub getməyi heç cürə həzm edə bilmirdi… Ömrü dağlarda keçmiş dağlar oğlu dağ yollarının enişli-yoxuşlu olduğunu yaxşı bilirdi. Üzü yoxuşa getməyə adət etmiş Vüqar təqaüdə çıxsa da gözü daim dağlarda – zirvələrdə idi. Bir gün yenə o zirvələri fəth edəcəyini yaxşı bilirdi. Həmin günü gözləyirdi.
HƏSRƏT DAĞI Qubadlı işğal olunandan sonra Vüqarın həyatında görünməz bir dağ yaranmışdı. Bu, həsrət dağı idi. O dağ nə qədər uzaqda olsa da, hər gün onunla idi. Naxçıvanda xidmət etdiyi bütün dövrlərdə də qəlbinin bir tərəfi Xanlıqda qalmışdı. Xidmət zamanı uzaqdan görünən öz dağlarına yaxından baxma bilmək üçün Soyuğa qalxmağı həmişə könüllü seçirdi. Uşaqlığının keçdiyi küçələr, ata ocağı, doğma kəndin torpağı yaddaşında yaşayırdı. Otuz ilə yaxın müddətdə Qubadlı həsrətilə yaşadı… Bəzən insanın qarşısındakı ən böyük məsafə kilometrlərlə ölçülmür. Həsrətlə ölçülür. Vüqar üçün Qubadlıya gedən yol da belə idi. Bu yol xəritədə qısa görünə bilərdi, amma onun ürəyində otuz illik bir məsafə vardı. Və sonra tarix dəyişdi. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycan xalqının yaddaşında yalnız hərbi əməliyyatlar silsiləsi kimi deyil, illərlə gözlənilən qayıdışın başlanğıcı kimi qaldı. Vüqar üçün isə bu, daha böyük məna daşıyırdı. Çünki onun gözlədiyi gün gəlmişdi. “QUBADLINI OVCUMUN İÇİ KİMİ BİLİRƏM…” Vüqar Ağayev Azərbaycan ordusunun gücünü və inkişafını yaxşı bilirdi. İllərlə xidmət etdiyi ordunun necə dəyişdiyinin canlı şahidi olmuşdu. 1990-cı illərin ordusu ilə 2020-ci ilin ordusu arasında böyük fərq vardı. O, artıq qarşıda dayanan mübarizənin qalibiyyətlə nəticələnəcəyinə inanırdı. Lakin inanmaq başqa, döyüşə getmək başqa idi. “Qubadlını ovcumun içi kimi bilirəm, mən orada olmalıyam”, — deyən Vüqar Ağayev anası və övladları ilə sağollaşaraq yola düşdü. 2020-ci ilin oktyabrında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etdi və Vətən müharibəsinə qatıldı. Bu, adi bir könüllülük deyildi. Bu, otuz illik həsrətin döyüşə çevrilməsi idi. Bu enişdə – dərədə qalmış yolu – səfəri dağda – zirvədə tamamlamaq istəyi idi…. QUBADLIYA QAYIDIŞ Qubadlı uğrunda döyüşlər ağır gedirdi. Düşmən yüksəkliklərdə möhkəmlənmiş, Xanlıq qəsəbəsində güclü istehkamlar yaratmışdı. Şəhəri azad etmək üçün əvvəlcə yüksəkliklərə nəzarəti ələ keçirmək lazım idi. Yenə dağlar… Yenə yüksəkliklər… Yenə ağır yollar… Amma bu dəfə həmin dağların o tayında Vüqarın doğma yurdu vardı. Uzun illər Soyuqdan, Qapıcıqdan, Ərəfsədən, Camışöləndən, Üçqardaşdan, Salvartıdan, Dağdağandan, Əyriqardan, Sisqatardan həsrətlə boylandığı dağlar, yurd yerləri indi onu gözləyirdi… Azərbaycan əsgəri və zabitləri yüksəklikləri bir-birinin ardınca nəzarətə götürdülər. Ətraf kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq və Mahmudlu azad edildi. Xanlıq azad edildi. Vüqarın doğulduğu kənd… Uşaqlığının keçdiyi kənd… Ata-baba ocağının olduğu kənd… SONUNCU DAĞ 1 noyabr 2020-ci il. Qubadlı rayonunun Çardaqlı kəndində gedən döyüşlər… Vüqar Ağayev həmin döyüşlərdə şəhadətə qovuşdu. Onun ömrünün son dağı da bu oldu. Amma bu dağın zirvəsində ölüm yox, Vətən vardı. Vüqar Birinci Qarabağ müharibəsində əsgər kimi başladığı mübarizəni İkinci Qarabağ müharibəsində zabit kimi başa çatdırdı. Birinci müharibənin yarımçıq qalmış ağrısı onun ömrü boyu içində yaşadı. İkinci müharibədə isə doğma Qubadlının azadlığı uğrunda döyüşərək həmin ağrını Zəfər tarixinin bir hissəsinə çevirdi.
O, II Fəxri xiyabanda dəfn edildi. Şəhid polkovnik-leytenant Vüqar Ağayev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. O, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi. DAĞLAR YADDA SAXLAYIR Bu gün Qubadlı azaddır. Bu azadlığın hər qarışında şəhidlərin qanı, əsgərlərin izi, anaların duası və illərlə çəkilən həsrətin ağrısı var. Vüqar Ağayev də həmin böyük Zəfərin qəhrəmanlarından biridir. 2021-ci ildə Qubadlı rayonunun Xanlıq kənd ümumi orta məktəbinə onun adı verildi. Bakı şəhərində müvəqqəti fəaliyyət göstərən məktəbin onun adını daşıması Vüqarın adının yeni nəslə ötürülməsinin ən mənalı yollarından biridir. Bir vaxtlar Xanlıqda məktəbə gedən uşaq Vüqarın adı indi həmin məktəbin divarlarında yaşayır. Bu, həyatın davam etməsidir. Bu, qəhrəmanlığın davamıdır. Bu, Vətənin yaddaşıdır. Və yaddaş olan yerdə ölüm son deyil. Vüqar Ağayev dağlar qoynunda doğuldu. Dağlar qədər ağır sınaqlardan keçdi. Dağlar qədər uca bir məhəbbətlə Vətənini sevdi. Dağlar qədər möhkəm dayandı. Dağlar qədər vüqarlı yaşadı… Əzizim dağlar ağlar, Daş ağlar, dağlar ağlar, Bircə anamın səsi Sinəmi dağlar, ağlar… Və nəhayət, Vətən – Şəhidlik zirvəsində əbədiyyət. Vüqar öz missiyasını böyük və şanlı Zəfərlə zirvədə başa vurmağı bacardı. Bu gün o özü əlçatmaz bir zirvədir!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN. AMİN…
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (…şəhid İlqar Mirzəyev in xatirəsinə…)
Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)
VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış… 31.10.2020. Bakı.
DAHA TƏK DEYİLSİNİZ (Şəhid İlqar Mirzəyevin ziyarətində) Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… * * * Qəribə bir hüzur çuğlayır məni, Yanında hər nəfəs ruha töhfədir. Vətən kitabını vərəqləyirəm, Burada hər məzar bir səhifədir… * * * İgid, ər oğullar toplanıb bura, Bütün çöhrələrdə, təbəssüm, qürur… Tək-tək sıralanan bu baxışların, Hər biri özünə bir dastan qurur… * * * Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… 29.12.2020. – Bakı ş. II FX.
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021 – Bakı.
İLQAR Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı.
O GÜN Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
QARDAŞ Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.
VƏTƏN OĞLU Göylər də hönkürüb, ağladı bu gün, Buludlar göz yaşın saxlaya bilmir…. Damından göz yaşı axıdan koma, Kövrəlmiş ananı ovuda bilmir…. * * * Hardasa, bir bala ata gözləyir, Əlində bir Bayraq gələydi bu gün…. Müəllim istəyib stol üstünə, Anası alaram, söyləyir hər gün…. * * * Bir Ata istəyir oğlu bu gün də, Həyətə tələsik girsin nə olar…. Arxaya baxmadan sürüb maşını, Bütün gül-çiçəyi əzsin nə olar…. * * * Elə bilirsən ki, bitər siyahı??? Dolabda islanıb bir cib dəsmalı…. Asılqan saxlamır çim su mundiri, Havadan asılıb, bir ər sığalı…. * * * Bir otaq küncündə bacı naləsi, Birində qardaşın hıçqırtısı var… Məhəllə uşağı, qrup yoldaşı, Bu gün qəmgin durub meyvə satanlar…. * * * Adi çörəkçi də xiffət eyləyir, Çəkməçi çəkməsin görüb ağlayır…. Alışqan verdiyi bardakı qızın, Bu yağış qəlbində tonqal qalayır…. * * * Körpə uşaqlar da haçandı qəmgin, Boylanır həyətə, ancaq görməyir…. Ana paltar ipin kəsibdi çoxdan, Fəxrlə sərdiyin, daha sərməyir…. * * * Göylər yas saxlayır, Yer qəribsəyib, Təşnədir mərdlərin yeni nəşinə…. Torpaq əkənindir, əkən də bizik, Göylərdə gəzənin Yer nə işinə…. * * * Göylər bizə qahmar, Yer bizə mənzil, Qəlbin dolanmasın, ey Vətən oğlu…. Nəsimi, Bəhmənyar gör nə vaxt olub??? Vətən də unutmur haqq tapan oğlu…. 02.04.2017. Bakı.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * * Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna… * * * Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı.
CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
Azərbaycan torpağı tarixboyu igid oğullar yetişdirib. Onlar Vətən üçün can verib torpağın hər qarışını öz qanları ilə Vətən ediblər. Bir torpaq ki, heç vaxt şəhidlərini unutmayıb, unutmayacaq da. Çünki Vətənin bir qarış torpağı üçün canını fəda edən igidlər unudulmaz xatirələri ilə daim xalqın yaddaşında yaşayır. Onların ömür yolu bəzən çox qısa, lakin işıqlı olur. Hər bir şəhid öz adı ilə tarix yazır, nəsillərə örnək olur. Belə qəhrəman oğullarımızdan biri də 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ruhid İslamlıdır. Onun həyat yolu bir gəncin Vətən sevgisinin, fədakarlığının və mərdliyinin parlaq nümunəsidir. Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. Yaxınları deyir ki, o, uşaqlıqdan mehribanlığı, çalışqanlığı ilə daim seçilirmiş. Dostları və tanışları onu hər zaman yardımsevər, qayğıkeş biri kimi xatırlayırlar. Onun gənclik illərinin bir hissəsi Naxçıvanda oxuduğu dövrə təsadüf edib. Təhsilə böyük maraq göstərir, daim öyrənməyə, özünü inkişaf etdirməyə çalışırmış. Ruhid Naxçıvan Müəllimlər İnstitutunun Psixologiya ixtisasını uğurla bitirib, təhsil illərində tələbə təşkilatlarında fəal iştirak edərək həm akademik, həm də sosial bacarıqlarını inkişaf etdirib. Bu illər onun düşüncələrinin daha da formalaşmasına, Vətən sevgisinin daha da möhkəmlənməsinə təsir edib. Ruhid, eyni zamanda idmana böyük maraq göstərib. Hətta uşaq yaşlarından cüdo, cüicutsso, taekvondo, güləş, qaydasız döyüş və üzgüçülük kimi idman növləri ilə məşğul olub. İdman onda fiziki güclə yanaşı, mənəvi dayanıqlılıqda yaratmışdı… Ayaqda qalmaq, dözmək, mübarizə aparmaq. İdmançı ruhu onu həm də döyüşlərdə daha çevik edib. Ruhid həm də çalışqanlığı ilə hər kəsin rəğbətini qazanıb. Onun ən gözəl cəhətlərindən biri də hər kəsə hörmətlə yanaşması, mehriban münasibəti imiş. Bu xüsusiyyətləri ilə o, tanıyanların yaddaşında daim işıqlı bir xatirə kimi qalıb. Vətən hər bir gənc üçün ən müqəddəs dəyərdir. Ruhid İslamlı da həqiqi hərbi xidmətə yollananda bunun sıradan bir xidmət olmadığını bilirdi. O, əsgər olmağı özünə şərəf sayırdı. Silahı əlinə alanda, sərhəddə dayananda, yoldaşları ilə çiyin-çiyinə addımlayanda onun ürəyində bir amal vardı: torpaqlarımızı qorumaq, Vətənimiz üçün lazım gələrsə canından keçmək. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir mərhələ açdı. Bu mübarizəyə qoşulan minlərlə igid oğul kimi Ruhid də ön cəbhədə döyüşüb. Hər bir döyüşçü kimi onun üçün bu müharibə torpaqlarımızın azadlığı, şəhidlərimizin ruhunun rahatlığı demək idi. Hər döyüşdə o, fədakarlığı və mərdliyi ilə seçilib. Onun şücaəti əsgər yoldaşlarına da güc verib. 6 oktyabr 2020-ci ildə Ruhid qəhrəmancasına şəhid olub. Onun gənc yaşda ömrünü Vətənə qurban verməsi arzularını yarımçıq qoysa da, adının Azərbaycan tarixinin igidlik salnaməsinə yazılması ailəsini qürurlandırır. Çünki şəhidlik ucalıqdır, zirvədir. Bu zirvəyə yüksələnlər ölümsüzləşirlər. Azərbaycan dövləti öz qəhrəman övladlarının adını hər zaman uca tutur. Onun “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenlə təltif olunması qəhrəmanlığının, Vətən yolunda göstərdiyi şücaətin rəsmi təsdiqidir. Hər bir şəhid kimi Ruhid üçün də ən böyük mükafat xalqın sevgisi, xatirələrdə daim yaşamaqdır. Şəhid Ruhid İslamlı bir ailənin, bir kəndin övladı olmaqla yanaşı, həm də bütün Azərbaycanın qəhrəmanıdır.
Zaur Ustac və “Şəhidlik” mövzusu Azərbaycan ədəbiyyatında və publisistikasında şəhidlik mövzusu hər zaman müqəddəs məqam kimi dəyərləndirilmişdir. Çünki şəhidlər Vətənin azadlığı, xalqın müstəqilliyi, millətin bütövlüyü uğrunda canlarından keçən müqəddəs ruh sahibləridir. Onlar tariximizin ən uca zirvəsində dayanan qəhrəmanlardır. Müasir Azərbaycan ədəbiyyatında bu mövzunu xüsusi bir həssaslıqla qələmə alan yazarlardan biri də Zaur Ustacdır. Onun yaradıcılığında şəhidlər sadəcə bir ədəbi mövzu deyil, həm də milli-mənəvi kimliyimizin əsası, milli yaddaşımızın işıqlı səhifələridir:
Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki …
Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər…
Zaur Ustacın ədəbi dünyasında şəhid anlayışı böyük bir ideyanın ifadəsidir. Onun əsərlərində şəhidlər igidlik, qəhrəmanlıq, mərdlik rəmzi olmaqla yanaşı, həm də Azərbaycan xalqının azadlıq arzularının, milli ruhunun daşıyıcılarıdır. Yazıçıya görə şəhid – sadəcə döyüşdə can verən əsgər deyil, o, həm də gələcək nəsillərə yol göstərən işıq, unudulmaz yaddaşdır. Bu baxımdan Zaur Ustacın qələmindən süzülən hər bir sətirdə şəhidlərə olan minnətdarlıq, onların ruhuna olan ehtiram öz əksini tapır:
Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın…
Ədəbiyyat yalnız söz sənəti deyil, həm də xalqın tarixini yaşadan mənəvi kitabdır. Zaur Ustac şəhidlərin obrazını bu kitabın ən uca səhifələrinə həkk edir. Onun əsərlərində şəhidlər tarixi şəxsiyyətlər qədər ucaldılır, çünki o yaxşı bilir: bu torpağın hər qarışı şəhid qanı ilə yoğrulub. Bu baxımdan Ustacın yazılarında şəhidlər sadəcə xatırlanmaqla kifayətlənmir, onların adı milli kimliyin ayrılmaz parçasına çevrilir:
Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı…
44 günlük Vətən müharibəsi Azərbaycan xalqına böyük Zəfər sevinci bəxş etdi. Lakin bu zəfərin əsasında minlərlə şəhidimizin qanı, igidliyi dayanır. Zaur Ustac bu həqiqəti qələmində tez-tez vurğulayır: əgər şəhidlərimiz olmasaydı, biz azad torpaqlara qovuşa bilməzdik. Bu mənada onun publisist yazıları həm qəhrəmanlıq salnaməsi, həm də bir vətəndaş mövqeyidir. Yazıçı hər dəfə oxucuya xatırladır ki, şəhidlərin ruhu qarşısında məsuliyyət daşımaq – təkcə onların xatirəsini yad etməklə bitmir. Bu, həm də Vətənə sədaqətli olmaq, onların ideallarını yaşatmaq deməkdir:
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
Zaur Ustacın yazılarında şəhidlər həm qəhrəman əsgər, həm də bir ailənin övladı, bir ananın oğlu, bir balanın atası kimi təqdim olunur. Bu yanaşma onun üslubuna xüsusi təsir gücü qatır. Oxucu şəhidin igidliyi ilə yanaşı, onun arxasında qalan boşluqları, nisgil və ağrını da hiss edir. Bu, həm də yazıçının publisistik qələminin gücüdür: o, şəhid obrazını təkcə döyüş meydanında deyil, gündəlik həyatımızın hər anında yaşadır:
Bir otaq küncündə bacı naləsi, Birində qardaşın hıçqırtısı var… Məhəllə uşağı, qrup yoldaşı, Bu gün qəmgin durub meyvə satanlar….
Adi çörəkçi də xiffət eyləyir, Çəkməçi çəkməsin görüb ağlayır…. Alışqan verdiyi bardakı qızın, Bu yağış qəlbində tonqal qalayır….
Zaur Ustac şəhidliyi “əbədiyyətin zirvəsi” kimi dəyərləndirir. Onun düşüncəsində şəhidlər xalqın yolunu işıqlandıran ulduzlardır. Bu ulduzlar heç vaxt sönmür, çünki onların nurunda həm azadlıq, həm müstəqillik, həm də milli ləyaqət əks olunur. Bu baxımdan Zaur Ustacın şəhidlər mövzusuna yanaşması təkcə ədəbi hadisə deyil, həm də vətəndaşlıq borcunun təcəssümüdür:
Al qanının rəngidir, Al qırmızı lalələr.. Hər bahar salamlayır, Onları Xürrəmilər…
Qanıyla suvardığı Torpaq bitib yurd olar. Yalançı, düz aramaz, Hamıçün şəhid olar…
Şəhidlər bir millətin ən uca dəyərləri, xalqın mənəvi sütunlarıdır. Zaur Ustac isə bu sütunların üzərində söz abidələri ucaldan qələm sahibidir. Onun yaradıcılığında şəhidlər həmişə uca tutulur, onların adı daim ehtiramla anılır. Beləliklə, Zaur Ustacın əsərləri şəhidlərimizin ruhunu yaşadan, gələcək nəsillərə vətənpərvərlik aşılayan mənəvi məktəbdir. O, hər kəsə bir həqiqəti xatırladır: “şəhidlər ölməz, vətən bölünməz!“
ŞƏHİDİM (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
QARDAŞ Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!