Etiket arxivi: Təranə DƏMİR

YADIMDAN ÇIXMIŞ ÜÇ ŞEİR

YADIMDAN ÇIXMIŞ ÜÇ ŞEİR

(Təranə Dəmirin yaradıcılığı haqqında)

Bu yaxınlarda yaradıcılığını həmişə böyük maraqla izlədiyim gözəl şairəmiz Təranə Dəmirin, hansısa saytda yayımlanan üç şeiri yenidən diqqətimi çəkdi. Vaxtilə oxuyub bəyəndiyim, ruhumu ovsunlayan bu şeirləri bir gün münasibət bildirəcəyəm düşüncəsi ilə vatsap səhifəmdə yerləşdirmişdim. Üstündən xeyli vaxt keçdiyindən, doğrusu, həmin şeirlər artıq yadımdan çıxmışdı.

Bu səhər telefonumda səhifəmi köhnə yazılardan təmizləyərkən həmin şeirlər yenidən qarşıma çıxdı. Onları bir daha oxudum və qəribədir ki, ilk oxunuşdakı duyğular yenidən qayıtdı. Bəzən insanın yaddaşından çıxan bir misra, bir şeir, bir poetik duyğu illər sonra yenidən qarşısına çıxanda onu əvvəlkindən də dərindən düşündürür. Təranə xanımın bu üç şeiri də məndə məhz belə bir təsir yaratdı.

Ümumiyyətlə, Təranə Dəmir müasir Azərbaycan poeziyasında özünəməxsus poetik düşüncə tərzi ilə seçilən şairələrimizdəndir. Onun yaradıcılığında zahirən sadə görünən sözlərin arxasında daha dərin mənalar, duyğular və düşüncələr dayanır. Şairə çox danışmaqdan, fikri söz yığınına çevirməkdən daha çox, az sözlə böyük mənalar yaratmağa çalışır.

Onun şeirlərində daxili tənhalıq, azadlıq arzusu, insanın özünü və öz həqiqətini axtarması, zamanın insan ruhunda yaratdığı mənəvi boşluq və bu boşluqla mübarizə kimi mövzular xüsusi yer tutur. Lakin bütün bunlar şeirdə birbaşa, açıq şəkildə deyil, daha çox duyğu, obraz və poetik işarələr vasitəsilə ifadə olunur.

Elə buna görə də Təranə Dəmirin şeirlərini sadəcə oxumaq kifayət etmir; onları duymaq, sətirlərin arxasındakı səssizliyi dinləmək, sözlərin görünməyən tərəfinə boylanmaq lazım gəlir.

İndi həmin üç şeirə bir daha nəzər salarkən, məndə yaranan duyğuları və düşündürdüklərini bölüşmək istəyirəm.

Sıra ilə paylaşılan birinci, “Kibrit çöpü boydadı azadlıq…” şeirindən başlamaq istəyirəm.
Bu şeir yuxarıda qeyd etdiyim kimi, ilk baxışda çox sadə görünür, amma dərin fəlsəfi qatlara malikdir.

“Ömür kələ-kötür,
Ayaqlarım çəlik.
Ürəyimi söz aparır,
Əllərimi təklik.”

Şairə həyat yolunu “kələ-kötür” adlandırmaqla ömrün hamar olmadığını göstərir. Burada “ayaqlarım çəlik” ifadəsi fiziki qüsuru yox, ayaqlarını həyatın ağırlığından yorulmuş ruhla eyniləşdirir.
“Ürəyimi söz aparır” misrası göstərir ki, onu yaşadan poeziyadır. “Əllərimi təklik” isə insanın həyat qarşısında köməksiz qalmasını ifadə edir.
Burada maraqlı bir qarşılaşdırma var:
ürək – sözlə doludur;
əllər – təklik içindədir.
Yəni düşüncə zəngindir, amma həyat boşdur.

“Təzə arzular, boyat misralar
Üşüyür varağın küncündə.”

Şairəmiz in bu misraları olduqca uğurludur. Burada, “Təzə arzular” gələcəyə inam, “Boyat misralar” isə köhnəlmiş sözlərdir.
Yəni, şairə bununla demək istəyir ki, arzular yenidir, amma onları ifadə edən sözlər köhnəlib.
Təranə Dəmirin bu şeirlərinə baxışda ona görə bu ifadəni, “Onun yaradıcılığında zahirən sadə görünən sözlərin arxasında daha dərin mənalar, duyğular və düşüncələr dayanır.”- kəlməsini işlətdim ki, həqiqətən onun şeirinin hər bir sözü çözülməlidir. Məsələn;”Üşümək” burada fiziki hal deyil.
Bu, şairənin öz düşünsinə görə bəlkədə yazılmayan şeirləri,
həyata keçməyən arzuları və səssiz qalan hisslərdir.
Növbəti misrada isə;

“Kibrit çöpü boydadı azadlıq,
Yandırsam alışacaq.”

deyən şairə üçün “Azadlıq” burada böyük meydan deyil. “Bir kibrit çöpü…” qədər balacadır. Onuda “Yandırsam alışacaq” deməklə bildirir ki, kibriti yandırmaq kifayətdir ki, böyük alov başlasın. Burada iki fikir düşüncədə özünə yer alır. Azadlıq çox kövrəkdir və eyni zamanda böyük dəyişiklik yarada bilər.
Şeirin sonluqun şairəmiz oxucunu ümüdləndirir;

“Çətini Tanrıya çatanacandı,
Yaxşı ki, ümid var.”

Bununlada şairə deyir ki, insan üçün ən çətin yol Allaha çatmaqdır. Bu ümüddi insanı ayaqda saxlayan.
Bu iki misra, həmdə şeirin bütün fəlsəfi nəticəsidir.

Təranə xanımın həmin saytda gedən ikinci şeiri” ÜŞÜYÜR ” adlanır. Bu şeir ritm üzərində qurulub.
Əsas söz, “üşüyür”dü. Şairə burada fiziki soyuqdan danışmır.
Mənəvi üşümədən danışır;

“Hərə bir rəngdə darıxır,
Hərə bir dadda üşüyür.
Hərə bir kökdə doğulur,
Hərə bir adda üşüyür.”

Şairə burada insan talelərinin müxtəlifliyi göstərir. Yəni, hamı eyni deyil. Hərənin ağrısı başqadır.
Dərdi də başqadır. O ağrıya, o dərdə görə “üşüyür”.

“Hərə bir sözə aldanır,
Hərə bir gözə aldanır,
Hərə bir közə aldanır,
Hərə bir odda üşüyür.”

Şeirin bu bəndində üçpilləli düşüncə var. Söz, Göz və Köz. Söz düşüncəni ifadə edir, göz sevgini, köz isə ehtirası göstərir. Amma, insan gah sözə, gah baxışa, gah da ehtirasına uduzub, ona görə yenə odda üşüyür.

“Qovhaqovdu, qaçaqaçdı,
Gəlhagəldi, köçəköçdü,
Küy-kələkdi, pıçapıçdı,
Hərə bir notda üşüyür.”

Təranə xanım şeirin bu yerində məharətlə səs harmoniyası üzərinə keçid edir.
Çünki, sözlərin ardıcıl axını insan həyatının qarışıqlığını canlandırır.
Həmdə, elə bil ki, şeirin bu bəndini oxuyarkən sanki insanın nəfəsi çatmır. Buda həyat ritminin göstəricisidir.
Şeir çox gözəl sonluqla bitir. Çünki insan nə olmasından, kim olmasından aslı olmayaraq, birinci vəzifəsi “öz mənini axtarmaqdır.”

“Hərə öz dənin axtarır,
Hərə öz mənin axtarır,
Hərə öz tənin axtarır,
Hərə bir yadda üşüyür.”

Bu artıq ekzistensial, yəni, insanın varoluşunu, həyatın mənasını, azadlığını və fərdi məsuliyyətini mərkəzə qoyan fəlsəfi yanaşmadır. Bu düşüncəyə görə, insan əvvəlcə var olur, sonra öz həyatının mənasını və mahiyyətini öz seçimləri ilə özü yaradır. Şairəmiz insanın kim olduğunu, niyə yaşadığını və
hansı yola aid olduğunu axtarışını verir. Şeir elə bu fəlsəfi axtarışla tamamlanır.

Təranə xanımın həmin saytda gedən üçüncü şeiri isə gecə obrazı üzərində qurulmuş mənəvi qaranlıq tablosudur.

“Bu axşam dəyməyib hələ,
Ulduzu kal, ayı kaldı.
Buludu kal , yağışı kal,
Sükutu kal, hayı kaldı.”

Bilirik ki, “Kal” sözü yetişməmək mənasında işlənilir. Şairə də bunu eyni mənada işlədib. Amma, göy səması cisimlərinin timsalında verməsi ilə demək istəyir ki, hələ, zaman özü yetişməyib. Göy də yetişməyib, kaldı, ulduzu, ayı, buludu, yağışı, hətta sükutu, hayı da kaldı.
Bu maraqlı poetik üsul oxucunu düşündürür. Axı, adətən “kal” meyvəyə aid edilir.
Şairə buludu, yağışı, sükutu “kal” adlandırmaqla təbiəti insanın daxili vəziyyətinə çevrir.
Şeirin ikinci bəndində isə hörmətli şairəmiz yaşadığımız cəmiyyətin tablosunu çəkir;

“Hər tərəf həsrət içində,
Hər yan töhmətin altında.
Yuxu da qaçıb gizlənib
Göyün yeddinci qatında.”

“Hər tərəf həsrət içində,
Hər yan töhmətin altında.” deməklə şairə göstərmək istəyir ki, insanlarda həsrətdə yaşayır, ittiham olunur, artıq rahat nəfəs ala bilmir.

“Yuxu da qaçıb gizlənib
Göyün yeddinci qatında.”
Bu obraz çox uğurlu obrazdı. Çünki, yuxunun qaçması insan rahatlığının itirilməsini göstərir. “Yeddinci qat” isə əlçatmazlıq rəmzidir.

“Yarı işıq, yarı zülmət,
Bilmirsən hardan baxasan.
Yoxdu qapısı, bacası
Durub gecədən çıxasan.”

Şairə gecəni adi zaman kimi yox, insanın mənəvi həbsxanası kimi təqdim edir. Yəni bu gecənin
qapısı yoxdur, pəncərəsi yoxdur.
İnsan bir çıxış yolu tapa bilmir.
Bu, ümidsizliklə ümid arasında qalmış ruhun bədii təsviridir.

Təranə Dəmir yaradıcılığın izləyən biri kimi deyə bilərəm ki, şairəmiz istənilən yaradıcılıq nümunəsində müxtəlif bədii vasitələrdən ustalıqla istifadə edir.
Məsələn, birinci şeirində “Kibrit çöpü boydadı azadlıq” və “Ürəyimi söz aparır”, üçüncü şeirində isə “Yuxu da qaçıb gizlənib” kimi bədii bənzətmələri çox orjinaldı.

Ümumiyyətlə götürdükdə Təranə Dəmirin bu üç şeirində insanın daxili dünyası, tənhalığı, azadlıq ehtiyacı və mənəvi axtarışları poetik-fəlsəfi dildə ifadə olunur. Şairə klassik emosional təsvirlərdən çox, simvolik obrazlara və yığcam bədii bənzətmələrə üstünlük verir. Xüsusilə “Kibrit çöpü boydadı azadlıq” misrası bütün silsilənin ideya mərkəzinə çevrilir. Bu misra göstərir ki, azadlıq bəzən çox kiçik görünə bilər, lakin insanın cəsarəti ilə böyük dəyişikliklərin başlanğıcına çevrilmək gücünə malikdir.

Şairəmizin bu şeirləri oxucunu hazır cavablarla deyil, suallarla baş-başa qoyur. Məhz bu xüsusiyyət onları müasir poeziyanın düşündürən və yadda qalan nümunələri sırasında dəyərləndirməyə əsas verir. Məncə, Təranə Dəmirin poetik uğuru da elə bundadır. O, adi görünən sözlərdən dərin fəlsəfi mənalar yarada bilir.

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü


ELXAS COMƏRDİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sözün qırmızı xətti

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti  

Poeziya, söz dünyası insan ruhunun, insan qəlbinin ən həssas ifadəsidir. Elə şairlər, yazıçılar var ki, onların qələmi təkcə  misraları dilləndirmir, həm də ürəkləri danışdırır, qəlblər arasında səssiz körpülər salır. Söz dünyasına- ədəbiyyata anasının nağılları ilə gələn  şair, publisist Təranə Dəmirin zəngin yaradıcılığı ona böyük oxucu auditoriyası qazandırıb.  Uşaqlıq yaddaşına hopmuş  həmin nağıllar onun mənəvi dünyasını zənginləşdirmiş, sözə olan məhəbbətini daha da gücləndirmiş, həyatın gerçəkliklərini bədii dillə ifadə etmək bacarığını cilalamışdır. Elə buna görə də, Dəmir imzası ilə qələmə aldığı “Uzaqlar”, “Sərhədsiz sərhədlər”, “25-ci saat”, “Cəhənnəmdən gələn işıq”, “Sıfırdan əvvəl”, “Səssizliyin melodiyası”, “Daş arzular”, “Payız qadın”, “Üşüyəndə özünü yandıran şair” əsərləri   həyatın özündən doğulmuş canlı bir  tablo, insan talelərinin bədii salnaməsi təsiri bağışlayır.

Təranə Dəmir  yaradıcılığının cazibəsi ondadır ki, o, sözü insan  ruhunun süzgəcindən keçirərək  oxucusunu düşündürür. Şairənin hər bir əsərində  bəşər övladı özünü, yaşadığı cəmiyyəti və zamanın reallıqlarını görə bilir. Onun qəhrəmanları  süni obrazlar deyil, gündəlik həyatımızda qarşılaşdığımız  insanlar, onların ağrıları, acıları, sevincləri  və daxili mübarizələridir. Onun əsərlərini oxuduqca  özünü, yaşadığın cəmiyyəti və zamanın gerçəkliklərini görə bilirsən.

Müəllifin “Uzaqlar” əsərinin gücü ondadır ki,  yazılan hər misrada  fiziki məsafələrdən daha çox mənəvi  uzaqlığın fəlsafəsi açılır. Kitabda insanın doğmalarından, sahib olduğu dəyərlərindən və bəzən də öz mənəviyyatından uzaq düşməsi incə psixoloji çalarlarla  təsvir edilir. Müəllif  uzaqlıq ifadəsini yalnız cografi anlayış kimi deyil, həm də ruhun tənhalığı və insanın özünü axtarış yolu kimi təlqin edir.

 “Sərhədsiz sərhədlər” əsərini də oxuduqca  müəllifin mənəvi dünyası ilə üz-üzə dayanırsan. Yazar göstərir  ki, bəzən ən ağır, keçilməz  sərhədlər xəritələrdə deyil, insanların düşüncəsində, münasibətlərində və vicdanında qurulur, çəkilir. Adamlar  arasında görünməyən divarlar cəmiyyətin mənəvi inkişafına zərbə vurur. Təranə Dəmir  hər sətrində incə eyhamlarla bu görünməz sərhədləri açmağa çalışır. 

“25-ci saat” zamanın insan həyatındakı qiymətini və mənəvi məsuliyyətini ön plana çəkən əsərlərdən biridir. Şair, publisist  bəşəriyyətə demək istəyir ki, insanın ən böyük  sərvəti vaxtdır. Həyatda mövcud  olmayan “25-ci saat” arzuların, peşmançılıqların və ən nəhayət, gecikmiş qərarların sanki  rəmzinə çevrilir. Əsər hər kəsi yaşadığı bir  anın belə  qədrini bilməyə çağırır.

“Cəhənnəmdən gələn işıq” əsərində  Təranə Dəmir həyatın  ən qaranlıq məqamlarında  ümid işığının  sönmədiyini  göstərir. Burada insan iradəsinin gücü, mənəvi saflıq, xüsusilə xeyirin şərə qalib gəlməsi ideyası əsas xətt kimi diqqətdə saxlanılır. Əsərin  ideya gücü ondadır ki, hər kəs ən ağır sınaqlarda  ədalətin, haqqın, vicdanın işığına ümidini itirməməlidir.

“Sıfırdan əvvəl” həyatın başlanğıclarını, insanın özünü yenidən kəşf etməsini və mənəvi dirçəlişini  əks etdirən fəlsəfi məzmunlu əsərdir. Müəllif insan talelərindəki başlanğıcların təsadüfi deyil, daxili dəyişikliklərin nəticəsi olduğunu müdrikliklə ifadə edir. Ümumiyyətlə, Təranə Dəmirin   yaradıcılığında həyat hadisələrinə fəlsəfi baxış  deyilən sözün gücünü daha da artırır.

“Səssizliyin melodiyası” insan ruhunun  səssiz tərəflərini dilləndirən əsərdir. Burada sözsüz  hisslərin, baxışların, susqunluğun və qəlbin səslərinin  olduqca böyük məna  daşıdığı göstərilir. Şair hər misranın dili ilə anlatmağa çalışır ki, bəzən insanın deyə bilmədikləri söylədiklərindən daha təsirli olur.

 “Daş arzular” fəlsəfi, poetik bir əsərdir. Burada cəmiyyətin sərtləşən münasibətləri fonunda insan istəklərinin, niyyətlərinin sarsılmazlığı əks olunur. Həyatın çətinlikləri  arzuları daşlaşdırsa da, müəllif insanın ümidini itirməməsinin  vacibliyini ön plana çəkir. Əsərdə həyat uğrunda mübarizə,  sarsılmaz inam və mənəvi dözümlülük əsas ideyalardır. 

“Payız qadın”. Bu kitab  qadın taleyinin poetik və psixoloji portretidir. Əsərdə qadının sevgisi , fədakarlığı, nisgili, müdrikliyi və həyatın yaman üzü:  sınaqları qarşısındakı dözümü bədii boyalarla təsvir olunur. Payız fəslinin  pərişanlığı, özünəməxsus çalarları, rəngi ilə qadın taleyi  arasında yaradılan paralellər əsərə xüsusi  emosional dərinlik qazandırır.

Bu kitabların hər birində həyatın rəngləri sözə çevrilib oxucunu düşündürür. Ona görə  də inamla demək olar ki,  Təranə Dəmirin  əsərləri  canlı həyat lövhələri, insanlığın bədii tablosu kimi dəyərləndirilə bilər. Söz  aşiqinin  qələmi  insan talelərini sadəcə təsvir etmir, onları mənalandırır, hər bir obraz vasitəsilə cəmiyyətin mənəvi aynasını yaradır. Ədəbiyyatın da əsas missiyası məhz insanı insana tanıtmaq, onun ruhunu zənginləşdirmək və sabaha, gələcəyə daha böyük ümidlə baxmağa sövq etməkdir.

Təranə Dəmir yaradıcılığı bütövlükdə insan talelərinin ensiklopediyası təsirini bağışlayır. Onun zəngin yaradıcılığı göstərir ki,  anasının  söylədiyi nağıllarla başlayan söz yolu bu gün müasir  Azərbaycan ədəbiyyatında insanlığın, mənəviyyatın və həyat həqiqətlərinin bədii salnaməsinə çevrilmişdir.

 Qələmə müqəddəs bir varlıq kimi  sarılan incə qəlbli söz adamı, şairə Təranə Dəmirin yeni kitabı – “Qırmızı xətt” oxucuların ixtiyarına verilmişdir.  İlk oxuculardan biri kimi bu adın mənasını hər səhifəsində  hiss etdiyim üçün “Qırmızı xətt” məni də yazmağa sövq etdi. Bu kitab həyatın müxtəlif çalarlarını,  sevgi və ayrılıq dünyasının ağrı-acısını, insan övladının iç dünyasını, vicdanın səsini və zamanın düşündürdüyü həqiqətləri  poetik dillə oxucuya çatdıran  qiymətli bir nəşrdir. Kitabın hər səhifəsi müəllifin  həyat müşahidələrinin, düşüncələrinin və ilahi sözə olan sonsuz ehtiramının ifadəsidir.

Bu kitabın adı kimi içindəki hər misra bizi düşündürür, həyata baxışlarımızı formalaşdırır. Təranə  Dəmir poeziyasında səmimiyyət və vicdanın səsinə qulaq asmaq əsas xətt təşkil edir. Şairə hər bir oxucunu həyata fərqli  rakursdan baxmağa dəvət edir. Məhz buna görə də  Təranə Dəmirin zəngin yaradıcılığı  geniş oxucu auditoriyası tərəfindən məhəbbətlə qarşılanır.

“Qırmızı xətt” təkcə bir kitabın adı deyil, o, insanın keçməməli olduğu mənəvi sərhədlərin, sevginin, ləyaqətin, vicdan hissinin və həqiqətin  carçısıdır. Bu kitab hər bir oxucunu öz daxili aləminə boylanmağa, həyatın incə məqamlarına biganə qalmamağa çağırır. Elə buna görə də,  “Qırmızı xətt”Azərbaycan ədəbiyyatının poetik xəzinəsində dəyərli bir nəşr kimi zaman-zaman yaşayacaq. 

“Qırmızı xətt” sözün və vicdanın sərhədində insan ruhunu cilovlayır, sanki oxucu ilə dialoqa girir: Ey mənim söz dünyamın sakini, həyat güzgüdür, sən ona hər tərəfdən baxmalısan, təkəbbürdən uzaq olmalısan, mənəviyyatdan zəngin bir xəzinə varmı?!- deyərək  insanların qəlbində qurulan körpüləri dağıdanlara etirazını bildirir. Müəllif  həm də  insanlığın mənəvi yükünün  dəyərini hər şeydən  üstün tutur. Şair, publisist Təranə  Dəmirin misralarında sevgi təkcə hiss deyil, həm də məsuliyyətdir. Ayrılıq yalnız kədər deyil, insanı kamilləşdirən bir sınaqdır. Vətən isə sadəcə  cografi məkan deyil, ruhun əbədi ünvanıdır. Bu baxımdan “Qırmızı xətt” müxtəlif həyati mövzuları bir araya gətirərək bütöv bir mənəvi- estetik tablo yaradıb. Kitabdakı mövzularda müəllif  yaşadığımız həyatın ziddiyyətlərini böyük ustalıqla poetikləşdirib. Sadə görünən sözlər dərin mənalar kəsb edir, fəlsəfi düşüncələrin ifadəsinə çevrilir.

Bu kitab sairənin həm də  yaradıcılıq  istedadının göstəricisidir. Əsərdə poetik forma ilə məzmun arasında  harmoniyanın qorunması, obrazların təbiiliyi və dilin axıcılığı insanı düşündürür, həyata baxışlarını dəyişdirir.  Oxucu hər misrada müəllifin daxili aləmini, sözə olan məsuliyyətini və poeziyaya bağlılığını hiss edir. Yeni kitabın işıq üzü görməsi  Azərbaycan ədəbi mühitində  əlamətdar hadisələrdən biri kimi dəyərləndirilə bilər. 

 Həyatın rənglərini sözə çevirən,  ədəbiyyatımız üçün qiymətli əsərlər  yaradan şair, publisist Təranə  Dəmirə yeni-yeni kitablarının nəşrinin sevincini yaşamağı  arzulayırıq.

İlkin mənbə:  Xalqqazeti.az

Müəllif: Kəmalə  Abdinova

Kəmalə  Abdinovanın digər yazıları

Təranə Dəmirin digər yazıları – oxu !

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Təranə Dəmirin yeni şeirləri

***

Nə çətinmiş bu payızın sevgisi,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Saçlarını payız yeli dağıdır,
Küsər deyə, “o yana dur” demirsən,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.

Bulud tökür sellərini üstünə,
Aradabir günəş baxır uzaqdan.
Bir ümidə sığınırsan, onda da
Göy gurlayır, şimşək çaxır uzaqdan.

Gündüzləri küçə küçə atırsan
Gecələrin həsrətini gözündən.
Yavaş yavaş şeirləşir bu sevgi,
Varaq varaq tökülürsən özündən.

Nə sevgini gizləməyə bir yuva,
Nə dərdini ovutmağa yer olur.
Nə getməyə yol tapırsan özünə,
Nə təzədən qayıtmağa yer olur.

Nə çətinmiş bu payızın sevgisi,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Saçlarını payız yeli dağıdır,
Küsər deyə, “o yana dur” demirsən,
Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.


***

Bu quşların,böcəklərin səsində,
Ağacların,çiçəklərin səsində,
Bahar donlu küləklərin səsində
Payız-payız darıxıram özümçün.

Yağan yağış pəncərəyə gül çəkir,
Baxışlarım uzaqlara yol çəkir,
Üşüyürəm,xatirələr yel çəkir,
Payız-payız darıxıram özümçün.

Gələn bahar göz yaşımı qurutmur,
Şeirlərim nisgilimi ovutmur,
Çağırıram,o qız geri qayıtmır,
Payız-payız darıxıram özümçün.


Qaşını çatıb durmusan,
Küləkdən tutub durmusan,
Torpağa batıb durmusan,
Külün mübarək,mübarək.

Belin,buxunun bükülüb,
Gözlərin yerə dikilib,
Qolun,budağın tökülüb,
Çulun mübarək,mübarək.

Üstün başın toz içində,
Qıvrılırsan söz içində,
Nə çəkirsən öz içində?
Yolun mübarək,mübarək.

Yarı daşsan,yarı ağac,
Yarı quşsan,yarı ağac,
Gülləmisən, quru ağac,
Gülün mübarək,mübarək.,


***

Bu yolun əvvəlin bildik
Bəs bunun sonu hardadı?
Gecəni birtəhər keçdik,
Bəs bunun danı hardadı?

Bilmədik,girdik oyuna,
Baxmadıq adam sayına,
Düşdük həqiqət hayına,
Tapmadıq,hanı,hardadı?

Hər gün bir yalan doğuldu,
Şər-böhtan,filan,doğuldu,
İlandan ilan doğuldu,
Bu Qır qazanı hardadı?

Üstümüzə dərd uladı,
Oba köçdü,yurd uladı,
Çaqqallar meydan suladı,
Bunun aslanı hardadı?

Tez-teləsik yola çıxdıq,
Hardan gəldik,hara çıxdıq,
Bu nağıl da yarımçıqdı,
Bunun qalanı hardadı?

***

Bu adam kimə əl çalır?
Gəlib gedənə alçalır,
Başın sağ olsun,İlahi!

Bu qadın niyə yorulub?
Gözündə həya,yorulub,
Üzü ağ olsun,İlahi!

Bu çiçək niyə ağlayır?
Batıbdi suya,ağlayır,
Qoyma boğulsun,İlahi!

Bu ağac niyə quruyub?
Dırmaşıb göyə,quruyub,
Qoyma yıxılsın,İlahi!

Bu dünya niyə boşalıb?
Gedir ölümə,baş alıb,
Dəymə,dağılsın,İlahi.

***

Səsin qulağıma gəlmir haçandı,
Daha çağırmırsan yazı, qaranquş.
Yadından çıxıbdı bu yurd, bu yuva,
Deyən unutmusan bizi, qaranquş.

Yolunu çən, duman kəsib deyəsən,
Ürəyin bahardan küsüb deyəsən,
Kimsə qanadını kəsib deyəsən,
Yarana basıbdı duzu, qaranquş.

Getdin qayıtmadın geriyə bir də,
Bizim bu bəndlərə, bərəyə bir də,
Dönüb boylanmadın bəriyə bir də,
Yoxdumu dönməyə üzün, qaranquş?

Qoyduğun bu yerlər qış qalıb hələ,
Tikan qalıb hələ, daş qalıb hələ,
Baharın qucağı boş qalıb hələ,
Yoldadı hamının gözü ,qaranquş,
Deyən unutmusan bizi, qaranquş.

***

Ruhumuz yenə də dərdə köklənib,
Yenə də aldadır duyğular bizi.
Çıxıb yadımızdan bütün fəsillər,
Qoymur göz açmağa qayğılar bizi.

Gecə səhərəcən vaxtı sayırıq,
Zaman öz işində,ürək tələsir.
Qaranlıq işığa meydan oxuyur,
Sevginin qabağın ayrılıq kəsir.

Hər gün başımızda kədər dolaşır,
Hər gün ömrümüzdə qəm çiçəkləyir.
Hər gün suya düşür xəyallarımız,
Hər gün gözümüzdə nəm çiçəkləyir.

***

Hələ təbiətin bahar çağıdı,
Hələ bağlar yaz ömrünü yaşayır.
Günəş-günəş sığallanır ağaclar,
Hələ güllər naz ömrünü yaşayır,
Hələ bunun töhməti var qabaqda.

Ulduz -ulduz xəyallanır gecələr,
Ulduz-ulduz yuxu axır gözündən.
Quşlar yenə salamlayır səhəri,
Nur tökülür səhərlərin üzündən,
Hələ bunun zülməti var qabaqda.

Ürəklərdə min arzu var,min ümid,
Sevənlərin üzü gülür hələ ki.
Bahar donlu,yaz ətirli duyğular
Yavaş-yavaş sözə gəlir hələ ki,
Hələ bunun həsrəti var qabaqda.

***

Səni addım səslərindən tanıyıram,
Səni küçələrin yel çəkənindən.
Səni dənizin ləpəsindən ,
Səni dalğaların pıçıltısından tanıyıram.
Küləklərində nazlanıb saçlarım,
Yağışlarında islanıb.
Gecələri pəncərə-pəncərə sabahlamışam səninlə,
Səhərləri səninlə salamlamışam günəşi,
Baxışlarında xumarlanıb xəyallarım.
Hara getsəm kölgə kimi düşüb baxışların arxamca,
Keçirmisən məni zülmətdən işığa,
Nağıl-nağıl ovutmusan.
Səndə aza-aza tapmışam özümü,
Yoxsa unutmusan?
Səni işıqlarından tanıyıram,
Səni qaranlığından.
Səni yuxusuzluğundan tanıyıram,
Səni yorğunluğundan.
Məni sabaha uğurlyıb dəli Xəzər,
köhnə dalanlar,sürüşkən küçələr.
Səni yanaqlarımda oynaşan qum dənələrindən tanıyıram,
Səni xəzəllərindən.
Bakı,sən ey ayrılığa sevdalı şəhər,
Nöqtələr,nöqtələr…

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təranə Dəmirin yeni şeirləri

***

Buludlar da toxtamır,küləklər də səngimir,
Bilmirsən nə istəyir Göy üzü Yer üzündən.
Yaman çoxalıb indi söz alıb söz satanlar,
Gör nələr çəkirik biz bu al,bu ver üzündən.

Ürəklər daşa dönüb sevgilər kiçiləndən,
Zamanla cəngə girib uduzanlar,udanlar.
Hamı dərd yolçusudu,yollar ələm daşıyır,
Səhərin öz sirri var,gecənin öz sirri var.

Biri şöhrət xəstəsi,biri alqış acıdı,
Biri də nağıl gəzir özünü ovutmağa.
Arzular da nigaran,xəyyallar da yarımçıq,
Ümid saman çöpüdü yıxılanda tutmağa.

Nə baharı bahardı,nə də qışı qış deyil,
Fəsillər də dəyişib,hamısı baş aldadır.
Şeytana atılan daş qayıdıb bizə dəyir,
Şeytan öz kefindədi,adamı daş aldadır.

***

Bir yuxu tuta səni,
Dəli-dolu bir yuxu.
Qata səni önünə
Bu möcüzə,sirr yuxu.
Yerdən,Göydən keçirə,
Səsdən,küydən keçirə.
Yaxandan elə tuta
Yaxan qala əlində.
Gedəsən uzaqlara
Bir yuxunun belində.
Unudasan hər şeyi,
Ayrılığı,həsrəti.
Qaranlığı,zülməti.
Çıxasan yaddaşından,
Doğmanın da,yadın da,
Çəkilə üzərindən
Sinsi-sinsi baxışlar.
Günlərin bir günündə
Bir məktub göndərələr
Sənə sənin adından:
“Getdim,məni bağışla”
Təzədən doğulasan,
Təzədən yeriyəsən,
Təzədən yıxılasan.
Təzədən ağlayasan,
Təzədən kiriyəsən.
Təzədən seviləsən,
Təzədən qırılasan,
Təzədən yaşayasan,
Təzədən yorulasan..
Bir yuxu tuta səni…

***

Bu adam kimə əl çalır?
Gəlib gedənə alçalır,
Başın sağ olsun,İlahi!

Bu qadın niyə yorulub?
Gözündə həya,yorulub,
Üzü ağ olsun,İlahi!

Bu çiçək niyə ağlayır?
Batıbdi suya,ağlayır,
Qoyma boğulsun,İlahi!

Bu ağac niyə quruyub?
Dırmaşıb göyə,quruyub,
Qoyma yıxılsın,İlahi!

Bu dünya niyə boşalıb?
Gedir ölümə,baş alıb,
Dəymə,dağılsın,İlahi!

***

Bu yolun əvvəlin bildik
Bəs bunun sonu hardadı?
Gecəni birtəhər keçdik,
Bəs bunun danı hardadı?

Bilmədik,girdik oyuna,
Baxmadıq adam sayına,
Düşdük həqiqət hayına,
Tapmadıq,hanı,hardadı?

Hər gün bir yalan doğuldu,
Şər-böhtan,filan,doğuldu,
İlandan ilan doğuldu,
Bu Qır qazanı hardadı?

Üstümüzə dərd uladı,
Oba köçdü,yurd uladı,
Çaqqallar meydan suladı,
Bunun aslanı hardadı?

Tez-teləsik yola çıxdıq,
Hardan gəldik,hara çıxdıq,
Bu nağıl da yarımçıqdı,
Bunun qalanı hardadı?

***

Gündüzkü istinin rütubəti vururdu adamı gecənin səssizliyində,
Səhər o qədər çırpınmışdı ki,külək də deyəsən yorğunluğunu çıxarırdı gecə-gecə,
Mürgü döyürdü göy üzündə səssizcə.
Pərdələr pəncərələri yelpikləmirdi,
Nəfəsi tıncıxırdı şəhərin,
Ağaclar utandığından yarpaq-yarpaq tər tökürdü.
Yuxusu qaçmış qadın da bu səssiz,havasız iyun gecəsini acgözlüklə ciyərinə çəkirdi.

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təranə Dəmirin yeni şeirləri

***

Bir gün gələ,oyanasan yuxudan,
Görəsən ki,dəyişibdi kainat.
Görəsən ki,düzü-dünya azaddı,
Sən azadsan,mən azadam,O azad.

Xəyalların gerçək ola bir anda,
Ürəyinə sığışmaya sevincin.
Yoxa çıxa ölüm-itim,qan-qada,
Yer üzünə sülh gətirə göyərçin.

Buludlar da yağış-yağış dincələ,
Azad çöllər nəfəs ala dərindən.
Nur tökülə gözlərindən səhərin,
Qurtarasan gecələrin şərindən.

Azad-azad gülümsəyə günəş də,
Unudula canındakı ağrılar.
Gözlərini həqiqətə açasan,
Üzə çıxa zindan-zindan doğrular.

Azadlığı ciyərinə çəkəsən,
Qaysaqlaya ürəyinin köz yeri.
Səslənəsən qəfəsdəki quşlara–
Azadlığın öz yeri var,öz yeri.

***
Sənə qəlbimizi sipər elədik,
Döndük divarına,daşına ,Vətən.
Çiçəyinə döndük,otuna döndük,
Yenə də gəlmədik xoşuna,Vətən.

Adına müqəddəs dedilər,biz də
And içdik müqəddəs adına sənin.
Hopdun vətən-vətən yaddaşımıza,
Biz niyə düşmədik yadına sənin?

Elə vətən-vətən öldürdün bizi,
Biz öldük,sən döydün döşünə,Vətən.
Örtdü gözlərini saxta sevgilər,
Həqiqət gəlmədi işinə,Vətən.

Hər gələn bir medal taxdı sinənə,
Tutdular yalançı alqışa səni.
Cənuba böldülər,qərbə böldülər,
Satdılar qəpiyə,quruşa səni.

Səni də etdilər gözükölgəli
Bu cibəgirənlər,bu sələmçilər.
Silib süpürdülər var-dövlətini
Boğazı xaltalı bu dilənçilər.

Bal tutdu barmağı şarlatanların,
Hamısı daraşdı yala,bilmədin.
Səninçün hamımız vətəndaş olduq,
Sən bizə bir Vətən ola bilmədin.

Sənə qəlbimizi sipər elədik,
Döndük divarına,daşına,Vətən.
Çiçəyinə döndük,otuna döndük,
Yenə də gəlmədik xoşuna,Vətən,
Nə desəm,nə yazsam boşuna,

VətəYenə geri döndü bahar,
Bu qış bizdən nə apardı?
Köçünü çəkdi buludlar,
Yağış bizdən nə apardı?

Bizi yordu şaxta,sazaq,
Uralandıq yarpaq-yarpaq,
Şeir-şeir,varaq-varaq
Bu qış bizdən nə apardı?

Xəzan vurdu telimizdən,
Həsrət tutdu əlimizdən,
Nələr keçdi könlümüzdən,
Bu qış bizdən nə apardı?

Zülm elədi yoxuş bizə,
Külək bizə,yağış bizə,
Nə verdi ki, bu qış bizə,
Bu qış bizdən nə apardı?

***

Buludlar səxavətlə göndərirdi yağışını yer üzünə,
Yenə baharın ətri duyulurdu yaş torpaq qoxusundan.
Çiçək kimi açılırdı üzü təbiətin,
Yağış -yağış sevinirdi bağlar,bağçalar,
Ağaclar yarpaq-yarpaq oyanırdı qış yuxusundan.

***

Başdan-başa gözəllikdi,gözəllik,
Çəmənlərin nazına bax,nazına.
Günəş-günəş nur tökülür üstünə,
Kənd-kəsəyin yazına bax,yazına.

Qış ağaclar bahar-bahar gülləyir,
Sığallanır bağ-bağçada göy otlar.
Aradabir günəş qaçıb gizlənir,
Yağış-yağış nəğmə deyir buludlar.

Qarışqalar yuvasından çıxırlar,
Asta-asta tor toxuyur hörümçək.
Axşamüstü xəfif-xəfif meh əsir,
Xəfif-xəfif yırğalanır yelləncək.

Səsi düşür başımıza quşların,
Çiçək-çiçək rəqs eləyir arılar.
Yavaş-yavaş günəşlənir həyətdə
Şirin-şəkər,yumru-yumaq qarılar.

Axşamacan qaynaşırlar,uşaqlar
Nənəm demiş it ayağı yeyirlər.
Dırmaşırlar hasar belə,cam belə,
Gah o damdan,gah bu damdan dəyirlər.

Gün batınca yığışırlar bir yerə,
Qurbağalar dərə başı şellənir.
Şum üstündə eşələnir sərçələr,
Toyuq-cücə bağ-bağçada küllənir.

Qara köpək günə verir özünü,
Hərdən qalxıb yorğun-yorğun havlayır.
Dörd tərəfdə tələ quran pişiklər
Pişik-pişik siçanları tovlayır.

Günəş-günəş çörək yapır təndirə
Üz-gözünü gün aparan qadınlar.
Təndir-təndir qızardıqca çörəklər
Çırtaçırtla səs eləyir odunlar.

Baxırsan ki,külək qopur qəfildən,
Pəncərələr külək-külək yellənir.
Külək-külək çiçəkləyir hər tərəf,
Həyət-baca külək-külək güllənir.

Başdan-başa gözəllikdi,gözəllik,
Çəmənlərin nazına bax,nazına.
Günəş-günəş nur tökülür üstünə,
Bu yerlərin yazına bax,yazına.

***

Göy üzünə əl açırdı sevgimiz,
Yavaş-yavaş gül açırdı sevgimiz,
Təzə-təzə dil açırdı sevgimiz,
Kim susdurdu bu sevgini görəsən?

Odu söndü,közü ilə oynadıq,
Şaxta vurdu,buzu ilə oynadıq,
Gecə-gündüz nazı ilə oynadıq,
Kim küsdürdü bu sevgini görəsən?

Xoşbəxtliyə bir addımlıq yol vardı,
Gözləsəydik gəlib bizi tapardı,
Bu sevgini kim yolundan qaytardı,
Kim azdırdı bu sevgini görəsən?

****

Qonşumuz Balaş nənəgillə bizi qamış çəpər ayırardı,
Çəpərin dibində qollu-budaqlı ərik ağacı vardı,
Yay olanda bolluca bar gətirərdi,
Külək meyvələrini çırpardı,
Dibi həmişə əriklə dolu olardı.
Sapsarı,badamı ,şipşirin əriklərdi,
Baxanda adamın ağzı sulanardı,
Nəfsimiz çəkərdi.
Qonşunun uşaqlarıyla yığışıb günortanın qızmarında oğurluğa gedərdik Balaş nənəgilə,
O vaxtlar ayrı aləmdi,
Qonşular heç vaxt qapını bağlamazdılar.
Bizi görcək ala it özünü yeyib tökərdi,
Yazıq it əlimizdən zəncir gəmirərdi,
Bəd idi deyə açıq saxlamazdılar.
Səsi qulağımdadı hələ.
Bir gözümüz itdə,
ürəyimiz çırpına-çırpına ciblərimizi,əlimizi,ətəyimizi əriklə doldurardıq.
Elə şirin əriklərdi ki,
Dadı damağımdadı hələ.
Ayağımızı tikan,paltarımızı kol-kos aparardı,
Hər gün böyüklərdən bir kötək payımız vardı.
Günlər keçərdi,yay bitərdi,
Ağac da dincələrdi,biz də.
Sonra payız,sonra da qış gələrdi və həsrətlə gələn yayı gözləyərdik yenə.
Ta ki,ağlımız kəsənədək.
Bir gün öyrəndik ki, oğurluq günahmış sən demə..
Qorxduq, yığışdıq çəpərlərin başından,
Ağacların dibindən yığışdıq.
Sonra aləm qarışdı,
Sökdülər qamış çəpərləri,
Taxta qapıları sökdülər,
Hündür,bərli-bəzəkli daş hasarlar tikdilər.
Sonra Balaş nənə köç etdi bu dünyadan,
Sonra ərik ağacı da qurudu,
Sonra əlimizdən zəncir gəmirən ala it də öldü,
Sonra baxıb gördük ki,bomboşdu kənd -kəsək,
Ağaclar da azalıb,adamlar da..
Sonra qəbristanlıq yolunu ağartdı ağacdan ərik oğurlayan uşaqlar.
Sonra o uşaqlar da qocaldı,
Sonra ağaclar da..
Qonşuya ərik oğurluğuna getmək də heç kimin yadına düşmədi daha,
Heç əriklərin də dadı olmadı əvvəlki tək.
Sonra daha böyük oğurluqlar başladı,
sevgilər oğurlandı,ürəklər oğurlandı,
talelər,qismətlər,arzular,diləklər oğurlandı.
Beləcə oğru-oğru yaşamağı öyrəndik,
Beləcə unudulub getdi ərik oğruları.
Amma heç vaxt damağımızdan getmədi o əriklərin dadı–
Şipşirin, badamı,sapsarı.

***

Bir günü də yola saldıq beləcə,
Yenə heç nə könlümüzə yatmadı.
Gah o sözdən,gah bu sözdən yıxıldıq,
Bircə misra əlimizdən tutmadı.

Bircə borcu ödəmədi yüz fikir,
Ha əlləşdik bir qərara gəlmədik.
Heç bilmədik günü necə yaşadıq,
Hardan gəldi,hardan getdi,bilmədik.

Ağrımızla,acımızla döyüşdük,
Dərə keçdik,dağ adladıq beləcə.
Bir də baxdıq yenə çöküb qaranlıq,
Bir də baxdıq gəlib çatıb bu gecə.

Yenə qaldıq ümidinə həsrətin,
İtib batdıq xəyalların köçündə.
Görək bizi hara çəkir bu zülmət?
Nə çıxacaq bu gecənin içindən?

ANAMA

Sən gedəndən itirmişəm zamanı,
Günü aya dəyişirəm eləcə.
Neçə vaxtdı unutmuşam özümü,
Sənsizliklə döyüşürəm eləcə.

Şəkil-şəkil danışıram səninlə,
Sən də durub şəkil-şəkil baxırsan.
Aldadıram xəyalların başını,
Gah o yandan,gah bu yandan çıxırsan.

Boğuluram gözlərimin selində,
Damcı-damcı gülləyirsən varaqda.
İçimdə bir söz çırpınır yaralı-
Görən məni nə gözləyir qabaqda?

İlham pərim uçub gedib ,başıma
Bir də nə vaxt şeir yağar,bilmirəm.
Vurnuxuram qaranlığın içində,
Bəlkə bir gün günəş doğar?-bilmirəm.

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təranə Dəmir – Əriklər

****

Qonşumuz Balaş nənəgillə bizi qamış çəpər ayırardı,
Çəpərin dibində qollu-budaqlı ərik ağacı vardı,
Yay olanda bolluca bar gətirərdi,
Külək meyvələrini çırpardı,
Dibi həmişə əriklə dolu olardı.
Sapsarı, badamı, şipşirin əriklərdi,
Baxanda adamın ağzı sulanardı,
Nəfsimiz çəkərdi.
Qonşunun uşaqlarıyla yığışıb günortanın qızmarında oğurluğa gedərdik Balaş nənəgilə,
O vaxtlar ayrı aləmdi,
Qonşular heç vaxt qapını bağlamazdılar.
Bizi görcək ala it özünü yeyib tökərdi,
Yazıq it əlimizdən zəncir gəmirərdi,
Bəd idi deyə açıq saxlamazdılar.
Səsi qulağımdadı hələ.
Bir gözümüz itdə,
ürəyimiz çırpına-çırpına ciblərimizi, əlimizi, ətəyimizi əriklə doldurardıq.
Elə şirin əriklərdi ki,
Dadı damağımdadı hələ.
Ayağımızı tikan, paltarımızı kol-kos aparardı,
Hər gün böyüklərdən bir kötək payımız vardı.
Günlər keçərdi, yay bitərdi,
Ağac da dincələrdi, biz də.
Sonra payız,sonra da qış gələrdi və həsrətlə gələn yayı gözləyərdik yenə.
Ta ki, ağlımız kəsənədək.
Bir gün öyrəndik ki, oğurluq günahmış sən demə.
Qorxduq, yığışdıq çəpərlərin başından,
Ağacların dibindən yığışdıq.
Sonra aləm qarışdı,
Sökdülər qamış çəpərləri,
Taxta qapıları sökdülər,
Hündür,bərli-bəzəkli daş hasarlar tikdilər.
Sonra Balaş nənə köç etdi bu dünyadan,
Sonra ərik ağacı da qurudu,
Sonra əlimizdən zəncir gəmirən ala it də öldü,
Sonra baxıb gördük ki, bomboşdu kənd-kəsək,
Ağaclar da azalıb, adamlar da.
Sonra qəbristanlıq yolunu ağartdı ağacdan ərik oğurlayan uşaqlar.
Sonra o uşaqlar da qocaldı,
Hamısının saçı, saqqalı ağardı.
Sonra ağaclar da daha qol-budaq atmadı,
Qonşuya ərik oğurluğuna getmək də heç kimin yadına düşmədi daha,
Heç əriklərin də dadı olmadı əvvəlki tək.
Sonra daha böyük oğurluqlar başladı,
sevgilər oğurlandı, ürəklər oğurlandı,
talelər, qismətlər, arzular, diləklər oğurlandı.
Beləcə oğru-oğru yaşamağı öyrəndik,
Beləcə unudulub getdi ərik oğruları.
Amma heç vaxt damağımızdan getmədi o əriklərin dadı-
Şipşirin, badamı, sapsarı.

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yenə geri döndü bahar

****

Yenə geri döndü bahar,
Bu qış bizdən nə apardı?
Köçünü çəkdi buludlar,
Yağış bizdən nə apardı?

Bizi yordu şaxta,sazaq,
Uralandıq yarpaq-yarpaq,
Şeir-şeir,varaq-varaq
Bu qış bizdən nə apardı?

Xəzan vurdu telimizdən,
Həsrət tutdu əlimizdən,
Nələr keçdi könlümüzdən,
Bu qış bizdən nə apardı?

Zülm elədi yoxuş bizə,
Külək bizə,yağış bizə,
Nə verdi ki, bu qış bizə,
Bu qış bizdən nə apardı?

****

Səadətə qucaq açdım sevincək,
Sevincimə tor toxudu hörümçək,
Ömür boyu bir yabanı çiçək tək
Bitib qaldım bu daşlığın içində.

Oyun qurdu qədər mənə,İlahi,
Gəlmədi bir təpər mənə,İlahi,
Nə xoş gəldi kədər mənə,İlahi,
Xumarlandım bu xoşluğun içində.

Qış görmədim bəxtimdəki qış kimi,
Daş görmədim yolumdakı daş kimi,
Hey çırpındım bir yaralı quş kimi
Həyat adlı sərxoşluğun içində.

Bu dünyaya sığammadım,neyləyim,
Qaranlığı boğammadım,neyləyim,
Çox çalışdım,çıxammadım,neyləyim
İçimdəki bu boşluğun içindən.

****

Yollar!
Yayda torpağa,qışda çamura batar,
Bəzən yol olmaqdan çıxar,
Meşələşər,ormanlaşar,səhralaşar,
Özünü tapanacan min dəfə sınar,qırılar,
sonra təzədən bitər,
Sonra yenə,yenə…
Gah buludu,gah günəşi keçirər əyninə.
Gah dərəyə,gah dağa qısılar,
Böyüyər,qısalar.
Baxarsan ki, uzanıb gedir ey.. ev-ev,
hasar-hasar,çəpər-çəpər..
Üstündən keçdikcə dayanıb yol-yol ardınca daş atar,su səpər.
Hər kəslə yola getməz axıracan,
Gah əlindən tutar,
Gah ətəyindən çəkər.
Bir gözü açıq,bir gözü bağlı yatar,
Səssizliyində haray var.
Ağacları yarpaq xışıltısından,
Adamları addım səsindən tanıyar
Cığır-cığır,ləpir-ləpir bir-birindən tutan yollar,
Gedən yollar,qayıdan yollar.

****
Qaşını çatıb durmusan,
Küləkdən tutub durmusan,
Torpağa batıb durmusan,
Külün mübarək,mübarək.

Belin,buxunun bükülüb,
Gözlərin yerə dikilib,
Qolun,budağın tökülüb,
Çulun mübarək,mübarək.

Üstün başın toz içində,
Qıvrılırsan söz içində,
Nə çəkirsən öz içində?
Yolun mübarək,mübarək.

Yarı daşsan,yarı ağac,
Yarı quşsan,yarı ağac,
Gülləmisən, quru ağac,
Gülün mübarək,mübarək.

****

Nə olsun ki,bahar bir az ləngidi,
Yavaş-yavaş bu qışı da ötürdük.
Yavaş-yavaş buludları ürküdüb,
Yavaş-yavaş günəşi də gətirdik.

Şaxtanın da şaxı sındı beləcə,
Canı qızdı ağacların,kolların.
Təzələndi yenə bahar gəlincə
Üstü-başı adamların,yolların.

Üzü güldü çiçəklərin,otların,
Xəzəllər də yarpaq-yarpaq dirildi.
Quşlar yenə salamladı baharı,
Axar sular yavaş-yavaş duruldu.

Bahar-bahar nisgilini ovutdu,
Aydan,gündən ümidini kəsənlər.
Yavaş-yavaş gedənlər də qayıtdı,
Yavaş-yavaş barışdılar küsənlər.

Yavaş-yavaş külək düşdü atından,
Yavaş-yavaş yağışlar da səngidi.
Yavaş -yavaş qış da çıxdı yadımdan,
Yavaş-yavaş gördüm hər yan sevgidi.

****

Sarıdıqca bir az da çox açıldı,
Könlümüzün yarasıyla oynadıq.
Bəxtimizin ağ tərəfi olmadı,
Ömür boyu qarasıyla oynadıq.

Baş açmadıq hiyləsindən şeytanın,
Qorxub qaçdıq kölgəsindən şeytanın,
Çıxammadıq tələsindən şeytanın,
Boynumuzun xaltasıyla oynadıq.

Sevgimizin naz tərəfi olmadı,
Ömrümüzün yaz tərəfi olmadı,
Həqiqətin biz tərəfi olmadı,
Onun,bunun havasıyla oynadıq.

Sözdən tutduq yükümüzü beləcə,
Birə basdı kürkümüzü beləcə,
Qazıdılar kökümüzü ,beləcə
Başımızın baltasıyla oynadıq.

Qara bulud dağılmadı,neyləyək,
Təpə dönüb dağ olmadı,neyləyək,
Haqq-ədalət doğulmadı, neyləyək,
Gecə-gündüz tərəziylə oynadıq.

Yaman sıxdı həyat bizi, dinmədik,
Vurub çıxdı həyat bizi, dinmədik,
Kimə deyək dərdimizi,bilmədik,
Allahıyla,Tanrısıyla oynadıq.

Səsi heç vaxt kəsilmədi dünyanın,
Əli dərddən üzülmədi dünyanın,
Beli bir də düzəlmədi dünyanın,
Əyrisiylə,tarazıyla oynadıq.

Sarıdıqca bir az da çox açıldı,
Könlümüzün yarasıyla oynadıq.
Bəxtimizin ağ tərəfi olmadı,
Ömür boyu qarasıyla oynadıq.

****
Baxıram ki,anam gedəndən evimiz də köhnəlib,
Ayaq üstə güclə dayanıb yazıq,
Beli,buxunu əyilib.
Anamdan sonra düz əməlli yola da getmir atamla,
Əşyalar ,paltarlar,pəncərələr,daşlar,divarlar küskün-küskün danışır adamla.
Hələ anamın cehizlik dolabı–
cır-cır cırıldayır hər açılıb bağlananda,
Qırığından,söküyündən qan damır.
Burda hər nə varsa hamısı yetimləşib elə bil anam gedəndən.
Rəngi solmuş kitab rəfi,toz basmış kitablar,
Divar boyu üst-üstə yığılan yorğan-döşək,
Allı-güllü nalçalar,
İlməsi qaçan xalçalar.
Bir də dəmir çarpayı,
Üstündə qədim örtük,
Üstündə qağayı,
Onun da üstündə anamın göz yaşı,
ağrıları,əzabları,narahatlığı təlaşı.
Toxunanda bir sığal dəyir əlimə,
barmaqlarım darıxır.
Burda hələ anamın nəfəsi var,
Mənsə həsrətlə içimə çəkirəm anasızlığı.

****

Səni addım səslərindən tanıyıram,
Səni küçələrin yel çəkənindən.
Səni dənizin ləpəsindən ,
Səni dalğaların pıçıltısından tanıyıram.
Küləklərində nazlanıb saçlarım,
Yağışlarında islanıb.
Gecələri pəncərə-pəncərə sabahlamışam səninlə,
Səhərləri səninlə salamlamışam günəşi,
Baxışlarında xumarlanıb xəyallarım.
Hara getsəm kölgə kimi düşüb baxışların arxamca,
Keçirmisən məni zülmətdən işığa,
Nağıl-nağıl ovutmusan.
Səndə aza-aza tapmışam özümü,
Yoxsa unutmusan?
Səni işıqlarından tanıyıram,
Səni qaranlığından.
Səni yuxusuzluğundan tanıyıram,
Səni yorğunluğundan.
Məni sabaha uğurlyıb dəli Xəzər,
köhnə dalanlar,sürüşkən küçələr.
Səni yanaqlarımda oynaşan qum dənələrindən tanıyıram,
Səni xəzəllərindən.
Bakı,sən ey ayrılığa sevdalı şəhər,
Nöqtələr,nöqtələr,nöqtələr..

****
Sən gedəndən itirmişəm zamanı,
Günü aya dəyişirəm eləcə.
Neçə vaxtdı unutmuşam özümü,
Sənsizliklə döyüşürəm eləcə.

Şəkil-şəkil danışıram səninlə,
Sən də durub şəkil-şəkil baxırsan.
Aldadıram xəyalların başını,
Gah o yandan,gah bu yandan çıxırsan.

Boğuluram gözlərimin selində,
Damcı-damcı gülləyirsən varaqda.
İçimdə bir söz çırpınır yaralı-
Görən məni nə gözləyir qabaqda?

İlham pərim uçub gedib ,başıma
Bir də nə vaxt şeir yağar,bilmirəm.
Vurnuxuram qaranlığın içində,
Bəlkə bir gün günəş doğar?-bilmirəm.

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Salam, ədəbiyyat!

Salam, ədəbiyyat!

(qayğılar Təranə Dəmirin qələmində)

Dəniz ola, sən olasan, bir də qağayılar,
Xəfif meh əsə, narın yağış yağa,
Uzaqdan əl edə xəyallar —
Ağ-qara.

İçindəki həsrət kükrəyə dalğa-dalğa,
Ləpə-ləpə göynəyə.
Saçlarını külək, yanaqlarını sel apara.
Bürünəsən təkliyə,
Tellərinin dəni, ovuclarının qabarı üşüyə.
Xatirələr küskün-küskün başına yığışa,
Verəsən ürəyini dənizə, küləyə, yağışa.

Həsrətin, tənhalığın və kədərin tablosu Təranə Dəmir qələmində.

Mən şair olduğum kimi, eyni zamanda da oxucuyam. Özü də sözün hənirini uzaqdan hiss edən oxucu. Məni heyrətləndirmək elə də asan deyil. Gərək şeir məni o qədər içinə çəksin ki, mən heyrətlənə bilim. Bu şeir kimi.

Nədir məni heyrətləndirən?

Birinci növbədə Təranə Dəmirin şeirlərindəki səmimiyyət məni heyrətləndirir. İçdən və yaşananlar elə peşəkarcasına qələmə alınır ki, sözün sehrinə düşməmək olmur. Sonra ədəbi sözün qaydalarına peşəkarcasına yanaşmaq bacarığı. Şair təşbehlərdən, metaforalardan elə gözəl, yerində və ustalıqla istifadə edir ki, sadəcə alqışlamaqdan başqa çarəmiz qalmır.

Təranə Dəmir gündəm şairi deyil, minilliklərin şairidir. Mən onu gələcək minillikdə də gözləyirəm. Şairin ədəbiyyatda öz cığırı olmalıdır. Kiminsə cığırı ilə irəlilədinsə, demək böyük Sözü ram edə bilməmisən. Demək bu gün alqışlanacaqsan, səhərsə unudulub gedəcəksən.

Sözdə öz fikrin, düşüncən olmalıdır. Ədəbiyyata yeni söz, yeni nəfəs gətirməlisən. Təranə Dəmir öz cığırında yol gedən şairdir. Mən onu böyük ədəbiyyat adamı adlandırıram. Təranə Dəmir alqış və mükafat şairi deyil, söz adamıdır. Eyni zamanda təvazökar və özündənrazılıq hissindən uzaqdır. Tərifi də qədərində qəbul edir.

Yalançı təriflərdən və yalançı insanlardan uzaq olmağı da şairin səmimiyyətindən irəli gəlir. İnsan onun şeirlərində özünü tapa bilir. Hər kəsin dili ilə danışmağı bacaran şair çox bağlı qapıları açmağı bacarır. Axı ədəbiyyat eyni zamanda dövrün aynası da olmalıdır. Belə ədəbiyyat əbədiyaşar ədəbiyyatdır.

Şair şeirlərində küləyin də, yağışın da, torpağın da, quşun da, küçənin, yolun, cığırın da dili ilə danışmağı bacarır. Cəmiyyəti düşündürən məsələlər, problemlər, qayğılar şeirləşə bilir Təranə Dəmir qələmində.

Bu şəhərin adamların don vurub,
Bu şəhərin küçələri yel çəkir.
Bu şəhərin ayaqları yorulub,
Bu şəhərin baxışları yol çəkir
— deyən şair bu günkü yorğun, yuxusuz, dərdli şəhərin sözlə tablosunu çəkib.

Gecənin ən gözəl rəngi darıxmaq,
Elə darıxmaqçün doğulub gecə.
Qapqara zülməti çəkib üstünə,
Göz yaşı tökəsən burda gizlicə.

Başdan-başa təşbehlə dolu misralarda adam zülmət gecənin içində hiss edir özünü. Darıxırsan, həsrətə bələnirsən, üşüyürsən. İnsan duyğularına ayna tuta bilən şair gecəni də dilləndirə bilir demək. Ayla, ulduzla, işıqla, qaranlıqla dərdləşə bilmək özü də adamdan hünər istər. Bu baxımdan Təranə Dəmir hünərli şairdir.

Eyni zamanda şair:

Biz də keçdik ayrılıqdan,
Həsrət, gözün aydın olsun.
Bu qaranlıq, bu toranlıq,
Zülmət, gözün aydın olsun
— deməyi də bacarır.

Həsrətə, zülmətə “günaydın” deməyin içində böyük ağrı, kədər və üzüntü var.

Günaydın, əsən külək,
Yağan yağış, günaydın.
Günaydın, gedən payız,
Sazaqlı qış, günaydın.

Salam, dən axataran quş,
Üşüyən ağac, salam.
Bu tələsən küçələr,
Basabas, tıxac, salam.

Günaydın, dilənçi qız,
Diləyin, duan aydın.
Qızaran üzündəki
İsmətin, həyan aydın.

Şeir uzanır. Uzandıqca gözümüzün qabağına küləkli, yağışlı şəhər gəlir. Qayğılarla yüklənmiş insanlar, basırıq küçələr, utancaq dilənçi qız gözümüzün önündə canlanır. Təsvirlər canlı və diridir. Təranə Dəmirin şeirləri adamla danışır sanki. İnsan bu şeirlərə ürəyini aça bilir. Bu da bir uğurdur.

Yenə töküb qaş-qabağın,
Qaramat yağır üzündən.
Göy geyib, qara bağlayıb,
Hava nə çıxıb özündən…

Küçələr, yollar üşüyür,
Dərə, təpə, dağ ağlayır.
Dəniz ləpə-ləpə küsüb,
Ağaclar yarpaq ağayır.

Yeni, orijinal fikirlərlə dolu olan bu şeiri oxuduqca gözümüzün önündə hava dil açır, danışır adamla, buludlar üsyan edir, qışın sazağına düşürük. Şairin şeirlərindən belə sitatlar çox gətirmək olar.

Təranə Dəmir eyni zamanda gözəl təbiət şairidir. Onun payız tabloları həmişəyaşardır. Şair bu şeirlərlə payızı da, qışı da bizə sevdirməyi bacarır.

Hər həsrətin öz ağrısı,
Hər həsrətin öz rəngi var.
İkimizin də könlündə
Payız adlı bir sevgi var,
Vermişik baş-başa, payız.

Və ya:

Bir payız nağılıydı,
Ayrılıq qoxuluydu,
Sərsəmdi, yuxuluydu,
Gözümdə azdı getdi,
Bu sevgi göyərmədi.

Burda payızın xəzanına bürünmüş sevgi canlanır gözümüzün önündə. Payız rəngdə, payız dadda, payız ruhda. Bu da bir bacarıqdır.

Eyni zamanda kənd təsvirləri, ormanlar, meşələr, ağaclar, kollar şair qələmində məharətlə şeirləşə bilir. Obrazlılıq Təranə Dəmir şeirlərinin əsasını təşkil edir.

Qalxasan at belinə,
Basasan üzəngiyə,
Qovasan yaylağacan,
O da bir az təngiyə.
Alaçığın başında
Narıncı çoban iti
Boynun burub otura,
Nənən səndən nigaran
Tez-tez durub otura…

Yaylaqlarımız, qoyun-quzu səsi, yaylaq abu-havası gözümüzün önündə canlanır. Təsvirlər o qədər canlıdır ki, istər-istəməz özünü yaylaqda hiss edirsən.

Təranə Dəmir gözəl şair olmaqla yanaşı, gözəl də publisistdir. Publisistikasında da özüdür Təranə Dəmir. Şairin sözə fərqli yanaşması və güclü təhlil bacarığı var. O, həmçinin gözəl nəsr əsərləri, hekayələr, esselər müəllifidir.

Bir sözlə, Təranə Dəmir əsl söz adamıdır. Eyni zamanda şair sözə ürəklə salam verənlərdəndir.

Zabil Pərviz,
AYB-nin və AJB-nin üzvü, şair-publisist

Zabil Pərvizin digər yazıları

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təranə Demirin yeni kitabı işıq üzü görüb

TƏRANƏ DƏMİRİN YENİ KİTABI

Şair-publisist Təranə Dəmirin poema və şeirlərdən ibarət yeni kitabı işıq üzü görüb. “Qırmızı xətt” adlı bu kitabda yazarın son ildə yazdığı şeirləri və “Ömrün beşinci fəsli” adlı poeması yer alıb. Kitab “PAN” nəşriyyatında ərsəyə gəlib. Kitabın redaktoru AYB və AJB-nin üzvü, şair-publisist Zabil Pərvizdi.

Yazarlar.az olaraq, biz də öz növbəmizdəTəranə Dəmiri təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

TƏRANƏ DƏMİRİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

XATİRƏLƏR, HƏSRƏT VƏ PAYIZ

XATİRƏLƏR, HƏSRƏT VƏ PAYIZ

Atamın atasını,Şaxı babamı görməmişəm. Mən dünyaya gəlməmişdən xeyli əvvəl dünyasını dəyişib.İkinci dünya müharibəsindən iki əlinin səkkiz barmağını itirib gəlibmiş , üstəlik də “asqolla”.Bədənindəki qəlpəyə görə də müharibədən sonra çox yaşamayıb.52 yaşında ,atamın 22 yaşı olanda bu dünyadan köç edib. Ona görə də onunla bağlı heç bir xatirəm yoxdu. Adamların,atamın danışığından xəyalımda bir baba obrazı canlandırmışam həmişə,vəssalam.Qoçaq,vətənpərvər,ailəcanlı,işgüzar baba obrazı.Mülkədar nəslindən olub.Şəkillərindən tanıyırdım babamı. Babamın anası Xumar nənə də kənddə ən sözükeçən və mötəbər qadın imiş. Elə əri -babamın atası böyük babam Murtuza da sayılıb,seçilən kişilərdənmiş .
Kolanıda Dəmirlilər adla deyilirmiş o vaxt. Elə indi də belədi.Soya, kökə bağlılıq lap uzun illərə gedib çıxır. Ulu babam molla Aydəmir Xorasanda təhsil alıbmış.Yəni keçmişin ziyalılarından hesab olunur. Təəssüf ki, adını çəkdiyim insanların , doğmalarımın heç birini yaxından görməmişəm, haqqlarında yalnız eşitmişəm. Uşaq vaxtı onlar haqqında danışılanda elə bilirdim ki,hansısa bir nağıla qulaq asıram,maraqlı gəlirdi mənə.Saatlarla oturub dinləmək istəyirdim insanları. Bu yazdıqlarım da uşaqkən yaddaşıma həkk olanlardı.
Anamın atası, Məmmədhəsən babamsa yadımdadı.Qara, arıq,balacaboy kişi idi. Sakitdi, çox danışmazdı.Onu həmişə buxara papaqda görərdim. Çox sevgisini biruzə verməzdi.Amma hamımızı ayrı-ayrılıqda sevdiyini bilirdim. Mənə elə gəlirdi ki,həmişə kədərlidi babam.Gözlərindən oxuyurdum. Təəsüf ki, o da mən 4 yaşımdaykən dünyasını dəyişdi. Başında buxara papağıyla yaddaşımda qaldı həmişə.
Anam Abdulabaddan idi..Sabirabadın o vaxtkı Abdulyan kəndindən.
Çoxlu xalam, dayım vardı.Bacım,qardaşım olmadığından dayı , xalauşaqlarını özümə bacı-qardaş bilirdim.Zaman keçdikcə bunun ancaq mənim təxəyyülümün məhsulu olduğunu anladım. Uşaqkən bunu anlamır insan çox təəssüf ki..Məhəmmədhəsən babam müharibədə çox doğmalarını itirmişdi.Anam deyirdi ki,yaxınlarından hər dəfə qara kağız alanda, günlərlə xəlvətə çəkilib ağlayırdı.O vaxt anam uşaq olsa da bunu gözəl xatırlayırdı.Demək onun gözlərinə hopmuş kədər də bundan idi.
Babam dünyadan köçəndə qardaşım təzə doğulmuşdu.Anamın,nənəmin ağlamağı yadımdadı.Babamın papağı paltar dolabının üstündəydi.Uzun müddət o papağa toxunan olmadı.Amma hər dəfə nənəmgilə gedəndə papağı zorla aşağı endirib bağrıma basırdım.Onunçun çox darıxırdım.Bir gün papağı yerində görmədim.Bilmədim papağı neynədilər.Yəqin ki,məndən gizlətdilər.Həmin gün o ki,var ağladım.Özü də içdən,göynəyə -göynəyə ağladım.Amma nə babam yaddan çıxdı,nə papağı.
Anam Abdulabaddan Kolanıya gəlin köçmüşdü.Atamla sevib evlənmişdilər , hər İkisi müəllim idi. Babam tez-tez Abdulabaddan Kolanıya bizi yoluxmağa gələrdi.Gələndən gedənəcən iş görərdi həyət bacada.Yırtığı, söküyü yamayardı,ağac əkərdi,çəpər çəkərdi.Onu görəndə anamın gözü işıqlanardı.Ağac kötüyündən bizə ət taxtası düzəldib gətirmişdi bir dəfə. O vaxt ət maşınları yox idi,əti baltayla döyürdülər.Mənə elə gəlir döyülən ətin dadı bir ayrıydı. Hələ də istifadə edirik o kötükdən.Xeyirdə, şərdə çox karımıza gəlir.
Yetimliklə böyüyübmüş babam.Anasız,əmi ,nənə umudunda.Nənəm onun ikinci həyat yoldaşı olub.O biri evlilikdən bir xalam vardı. Bunu çox sonralar bildim, qonşular dedi.Onu eşidəndə özümü çox pis və qəribə hiss etmişdim.Axı nənəm və anamgil bu ögeyliyi heç vaxt hiss etdirməmişdilər deyə mən o xalamı da ən az o biri xalalarım qədər, bəlkə də lap çox istəyirdim.Çünki anam onu lap çox sevirdi.Kubra xalam nənəmə bacı deyə müraciət etdiyi üçün bütün uşaqlar da nənəmi bacı deyə çağırırdılar.Yəni analarına bacı deyə xitab edirdilər.
Babalarım haqda bildiklərim bu qədərdi.Nənələrimləsə xatirələrim bitib tükənməz.
Nənələrim dayıqızı,bibiqızıydı.Ona görə də oxşar cəhətləri çox idi.Sözübütöv,ədalətli,eyni zamanda davakar ruhlu,üsyankar,bir sözlə özünə,sözünə güvənən qadınlardı ikisi də.Kişilər də çəkinərdi onlardan.Heç kim sözlərinin qarşısına söz gətirməzdi.Elə ailədə də hökmran idilər.Sərt xarakterləri vardı.Amma mənimlə son dərəcə mülayimdilər. Onların yanında sərbəst şəkildə ərköyünlük edə bilirdim.Atamın anası Səfurə nənəm uzun ətəkli ,uzun qollu paltarlar geyinərdi, başını iki şalla örtərdi,saçı görünməzdi. Mən onu həmişə qara paltarda görmüşdüm deyə təsəvvürümdə də elə qalıb. Anamın anası Bikə nənəmsə bir qədər fərqliydi.O daha müasir geyinərdi, başına kəlağayı bağlayardı. Paltarlarını da özü tikərdi.
Düşüncələrində də fərqlilik vardı.Səfurə nənəm sevərək evlənməyin əleyhinəydi. Deyərdi ki, mən ərimi toy gecəsi görmüşəm. Xoşbəxt olmadıqmı? Olduq. Uşaqlar ( onun aləmində biz uşaqdıq) nə bilir sevməyi.Ata,ana kimi məsləhət bilirsə övlad da onunla evlənməlidi.Amma Bikə nənəm daha romantik idi. Payızı çox sevirdi və eyni zamanda şeir, poeziya vurğunuydu. Çoxlu bayatı, ağı bilirdi. Çoxusunu da özü qoşmuşdu. Heyf ki, onları bir yerə yığa bilmədim. Sevgiylə qurulan ailənin təməli möhkəm olur deyirdi. Eyni zamanda hamının sevgisinə hörmətlə yanaşırdı. Qızlar,gəlinlər sirrini ona açardılar.Məsləhət yeri idi hamının.Əlindən hər iş gəlirdi.Tikiş tikmək,xalça, kilim toxumaq,yorğan-döşək salmaq.Təmizkardı.İşi-gücü bitməzdi.
Amma qadının ,qızın oxumağına elə də xoş baxmazdı.Onun aləmində qadın ailə qurmalı,oğul,uşaq sahibi olmalıydı. Buna baxmayaraq elə böyük qadağaları da yox idi.Olsaydı anam yəqin ki, təhsil ala bilməzdi.
Səfurə nənəmsə fərqlidi.İstəyirdi ki, hamı oxusun.Atamı palaz,kilim toxuya-toxuya oxutmuşdu.Deyirdi ki, qaynanamdan qalan bütün qızılları satıb Ağaqardaşı(atamı)oxutdum.Fəxr edirdi onunla-atamla.Deyirdi “raykom”,”İspalkom” hamısı qorxur oğlumdan.Atam sözün deyən,dalaşqan adam olub deyə nənəm də həmişə oğlu haqda öyünə-öyünə danışırdı. Qürrəllənərdi oğluyla. Dərslərimi yaxşı oxuduğumçun nənəm mənə”uçitel”balam deyirdi.Bir də xiyara yelpənək,təyyarayə əyripalan,pəncərəyə ağüşkə (akoşka),aşın qarasına qəlyə ,nencəyə decurka deməyi vardı.Uzun illər nənəmin yanında yaşamışam.
Anam sığalsız -tumarsız qadındı. Sərt xarakteri olduğu üçün ondan çəkinərdim,yanında çox dəcəllik etməzdim.
Nənəmsə mənim azadlığımdı,əlləriylə sığallanardı saçlarım,daranıb hörülərdi,üzümdən, gözümdən öpərdi,hər sözümə qurban olum, başına dönüm deyərdi.Hər kəlməsi can idi. Onun yanında uşaqlığımı doya-doya yaşayırdım.Qaçardım , ağaca dırmaşardım , qışda palçığa , yayda toza-torpağa batardım .Onun yanında gözün üstə qaşın var deyən olmazdı mənə.
Məsələn, sevmədiyim südü zorla içirməzdilər, ,xoşlamadığım yeməyi məcbur yedirtməzdilər, sevmədiyim paltarları döyə-döyə geyindirməzdilər əynimə. Bir sözlə tam azad idim onunla. Hara getsəydi məni də özüylə aparardı. Məscidə gedərdik məhərrəmlik başlayandan axıracan. Kəndin bu başından o başına yol ölçərdik hər gün. Orda danışılan nağıllar mənə elə qorxulu və eyni zamanda maraqlı gələrdi ki, saatlarla dinləməkdən doymazdım.Nənəm inanardı mollaların hər sözünə, imamlarçun göz yaşı axıdardı ürəkdən. Əmimin uşaqlarına laylay çalanda gizlicə ağlayardım.Səsi çox qəmliydi,ürəyimə toxunurdu.Yekə qız olananacan kürəyində gəzdirərdi məni. Özü demiş kopan şalıyla məni kürəyinə sarıyıb qonşulara aparardı.O vaxt qonşular da qalsız-qeybətsizdi, bir -birlərinə gedib gələrdilər,qapılarda kilid olmazdi.
Sonra böyüdüm . Sonra bütün bütlər sındı,sonra ayrılıqlar başladı .Hamı köç edib getdi bu dünyadan.Nə buxara papaqlı babalar, nə uzun ətəkli nənələr qaldı. Sonra nənələrimin bizə yuva olan evlərini sökdülər . İçində xatirələrimiz olan o evin yerində daha modern , daha müasir evlər tikildi.Sonra oyanıb gördüm ki,elə mən də nənəmin məni bağrına basdığı ,saçımı sünbül hördüyü yaşdayam.Bir xatirələrdi, bir həsrət,bir də payız.

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I