Zaur USTAC – ALP Eldəniz


ALP ELDƏNİZ
(oçerk)
      Azərbaycan torpağının hər qarışı bir tarixdir. O tarixin ən ağrılı səhifələri isə müharibə illərində yazılıb. Qarabağ savaşının od-alovu içərisində neçə-neçə igid oğullar bu Vətənin bütövlüyü uğrunda canından keçdi. Həmin qəhrəmanlardan biri də Alpan kəndinin mərd oğlu — Ağagülov Eldəniz Etibar oğludur. Onun ömür yolu qısa olsa da, şərəfli və mənalı bir ömür idi. Bu ömür Vətən sevgisinin, hərbi andın, ata ocağından alınan tərbiyənin və əsgər ləyaqətinin canlı nümunəsinə çevrildi.
      Eldəniz 3 may 1975-ci ildə Quba rayonunun qədim və zəhmətkeş insanları ilə tanınan Alpan kəndində müəllim ailəsində dünyaya göz açmışdı. O, sadə ailədə böyüsə də, mənəvi zənginlik içərisində tərbiyə almışdı. Atası Etibar müəllim kənddə savadlı, intizamlı və vətənpərvər insan kimi tanınırdı. O, təkcə müəllim deyildi — həm də gənclərin yol göstərəni, həyat dərsi verəni idi.
Etibar müəllim hələ SSRİ dövründə beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmiş, hərbi həyatın sərtliyini öz gözləri ilə görmüşdü. Müharibənin nə olduğunu, səngərdə gecələməyin, əmri vaxtında yerinə yetirməyin, dost itkisini yaşamağın necə ağır hiss olduğunu yaxşı bilirdi. O anlayırdı ki, hərbi xidmət sadəcə forma geyinmək deyil. Əsgər olmaq — xalqın taleyini çiyinlərində daşımaq deməkdir.
        Buna görə də o, oğullarını uşaqlıqdan mərd, dürüst və Vətənə bağlı ruhda böyüdürdü. Evdə tez-tez qəhrəmanlıq tarixlərindən danışar, xalqın başına gətirilən müsibətləri xatırladar, torpaq sevgisinin müqəddəs olduğunu deyərdi.
Eldəniz atasının bu söhbətlərini diqqətlə dinləyərdi. Onda Vətənə bağlılıq hissi erkən yaşlarından formalaşmışdı. Məktəbdə keçirilən hərbi hazırlıq dərslərinə xüsusi maraq göstərirdi. Xəritələrlə işləməyi, hərbi texnikaları öyrənməyi sevirdi. Müəllimləri onun sakit, intizamlı, lakin iradəli xarakterə malik olduğunu deyirdilər.
      1990-cı illərin əvvəlləri Azərbaycanın ən çətin dövrlərindən biri idi. Qarabağda müharibə alovlanmış, kəndlər viran qalır, şəhid xəbərləri hər evə yol tapırdı. Televiziyadan gələn xəbərlər, cəbhədən dönən yaralı əsgərlər, qaçqın ailələrinin ağrısı bütün ölkə kimi Alpan kəndini də sarsıdırdı.
       Eldəniz 1992-ci ildə Alpan kənd orta məktəbini bitirdi. O dövrdə gənclərin çoxu kimi o da həyatın ağırlıqları ilə üz-üzə qalmışdı. Əmək fəaliyyətinə Sabir adına sovxozda fəhlə kimi başladı. Lakin onun ürəyində başqa bir çağırış vardı — Vətəni qorumaq çağırışı.
      1993-cü ilin 5 iyulunda Eldəniz Milli Ordu sıralarına çağırıldı. O gün anası oğlunun əsgər paltarında qarşısında dayanmasına baxarkən həm qürur duyurdu, həm də daxilən nigaran idi. Çünki müharibə artıq uzaq deyildi.
Etibar müəllim isə oğlunun çiyninə əlini qoyaraq demişdi:
— Əsgər üçün ən böyük şərəf Vətəni qorumaqdır. Qorxma, amma ehtiyatsız da olma. Kəşfiyyatçı olmaq ağıl, səbir və ürək tələb edir.
Bu sözlər Eldənizin yaddaşına ömürlük həkk olundu.
      Eldəniz xidmətini Güzdəkdə yerləşən hərbi hissədə başladı. Burada o, səkkiz ay ərzində hərbi hazırlığın ən ağır mərhələlərindən keçdi. Silahların işləmə prinsipi, tank texnikası, döyüş taktikası, gecə yürüşləri, səngər həyatı — bütün bunlar onun gündəlik həyatına çevrildi.
      Əsl əsgər olmaq üçün yalnız güclü olmaq kifayət etmirdi. Döyüşçü soyuqqanlı, diqqətli və məsuliyyətli olmalı idi. Eldəniz bu xüsusiyyətləri ilə seçilirdi.
       Komandirləri onun hərbi texnikanı qısa müddətdə mənimsəməsinə heyran qalırdılar. O, tank mexanizmlərini dərindən öyrənir, xəritələrlə işləməyi bacarır, döyüş vəziyyətlərində düzgün qərar verməyi öyrənirdi.
      Ən çətin tapşırıqlar isə kəşfiyyatla bağlı olurdu.
      Kəşfiyyatçı olmaq hər adamın işi deyil. Kəşfiyyatçı səssiz addımlamağı bacarmalıdır. O, qaranlığın içində düşmənin nəfəsini hiss etməlidir. Kəşfiyyatçı bəzən günlərlə ac-susuz qalır, torpaq üstündə yatır, hər səsə qarşı ayıq olur.
      Ən əsası isə kəşfiyyatçı qorxusunu gizlətməyi bacarmalıdır.
       Çünki kəşfiyyat səhvi bağışlamır.
       Eldəniz bu təhlükəli xidmətin məsuliyyətini yaxşı anlayırdı. Atasının danışdığı hərbi xatirələr ona yol göstərirdi. O bilirdi ki, döyüş tapşırığını vaxtında yerinə yetirmək bəzən yüzlərlə əsgərin həyatını xilas edir.
        1994-cü ilin mart ayının 11-də Eldəniz Ağdam istiqamətində döyüş bölgəsinə göndərildi. O zaman Ağdam cəbhənin ən ağır nöqtələrindən biri idi. Top mərmiləri gecə-gündüz dayanmaq bilmirdi. Hər qarış torpaq uğrunda qan tökülürdü.
      Eldəniz burada böyük cəsarət göstərdi. Döyüşlərdə nizam-intizamı, dəqiqliyi və mərdliyi ilə seçildi. Hərbi texnikaya dərindən yiyələndiyi üçün ona kiçik çavuş rütbəsi verildi və tank komandiri təyin olundu.


      Tank komandiri olmaq böyük məsuliyyət idi. Tank yalnız döyüş maşını deyildi — o, ön xəttin sipəri idi. Tank heyətinin həyatı komandirin qərarlarından asılı olurdu.
      Eldəniz isə bu məsuliyyəti şərəflə daşıyırdı.
Müharibə yalnız səngərdə olmur. Müharibə evlərdə də yaşayır.
      Ən ağır döyüşlərdən biri ana ürəyində gedir.
      Eldənizin anası hər dəfə poçtalyon kəndə gələndə həyəcandan qapıya çıxardı. Məktub gələndə sevincindən ağlayardı. Çünki o dövrdə bir məktub belə insanlara təsəlli verirdi.
     Eldəniz məktublarında ailəsini sakitləşdirməyə çalışırdı:
“Darıxmayın, mən yaxşıyam. İnşallah torpaqlarımız azad olacaq.”
      Amma ana ürəyi hər şeyi hiss edirdi.
      Etibar müəllim isə hisslərini gizlədirdi. Oğlunun hansı təhlükələrin içində olduğunu yaxşı bilirdi. Bilirdi ki, kəşfiyyatçının yolu ölümlə yanaşı gedir. Buna baxmayaraq, oğlunun mərdliyindən qürur duyurdu.
      1996-cı ilin fevral ayının 10-da Eldəniz növbəti kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralandı.
      Kəşfiyyat qrupu düşmən mövqeləri haqqında məlumat toplamalı idi. Bu tapşırıqlar adətən gecə həyata keçirilirdi. Qar, şaxta, palçıq, düşmən pusqusu — hər addım ölüm təhlükəsi idi.
      Həmin gecə Eldəniz ağır yaralansa da, döyüş yoldaşlarının geri çəkilməsinə şərait yaratmışdı.
Onu ölümün əlindən almaq üçün həkimlər günlərlə mübarizə apardılar. Lakin aldığı ağır yaralar buna imkan vermədi.
       44 gün ölüm-dirim savaşı apardıqdan sonra Eldəniz 1996-cı ilin mart ayının 26-da əbədi olaraq gözlərini həyata yumdu. Onun bu 44 günlük ölüm-dirim savaşı gələcəkdə təkrarlanacaq başqa bir möhtəşəm 44 günün işarəti idi. Bu dəhşətli 44 gün çoxları üçün adi günlər kimi gəlib keçsə də, bir nəfər bu 44 günün hər gününü bir ilə bərabər yaşadı.  Bu şəxs Alp Etibarın ondan kiçik qardaşı Alp Şəhriyar idi. Şəhriyar həmin vaxt General Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində birinci kursda oxuyurdu. Şəhriyar qardaşının şəhid olması xəbərini “Aslanlı adın mübarək!” – deyə öz milli hərbi məktəbinin marşını oxuya-oxuya gedərkən eşitdi. O elə sırada addımlaya-addımlaya addımları ilə həmişə müqəddəs saydığı beton örtüklü sıra meydanına var gücü ilə əsrlər boyu izi qalacaq 44 zərbə endirdi. Hər zərbəsində bu 44 günü düşmənin tarixinə silinməyəcək izlərlə yazacağına and içdi…
      Bu xəbər qədim alp ərənlər yurdu Alpan kəndinə çatanda kənd sükuta qərq olmuşdu.
     Ana fəryadı göylərə yüksəlmişdi.
      Etibar müəllim isə susurdu.
      Bəzən ən böyük ağrı sükut olur.
Alp Eldəniz mart ayının 28-də Alpan kəndinin “Subaba” qəbiristanlığında dəfn edildi. Onun polkovnik qardaşları Şəhriyar və Elşən sonralar burada pir ziyarətçiləri üçün iki türbə tikdirdilər. O türbələrdən biri Eldənizin xatirəsini yaşadır.
     Eldəniz subay idi.
     Onun yarımçıq qalan arzuları vardı.
     Lakin ən böyük arzusu — Vətəni qorumaq arzusu idi.
      Bu amal uğrunda şəhid oldu.
      Eldənizin şəhidliyi ailədə böyük iz buraxdı. Qardaşları Şəhriyar və Elşən onun qisasını almaq arzusu ilə yaşadılar. Onlar hərb yolunu seçərək Azərbaycan Ordusunda xidmətlərini davam etdirdilər.
      44 günlük Vətən müharibəsində onların göstərdiyi qəhrəmanlıqlar Eldəniz ruhunun davamı idi. Bu 44 gün alp Eldənizin qardaşı Alp Şəhriyarın, alp Elşənin andlarını həyata keçirdiyi günlər idi.
    Bu gün hər iki qardaş yüksək ordenlərlə təltif olunmuş zabitlər kimi xidmət edirlər.
    Bu, bir ailənin Vətənə sədaqət tarixidir.
03.05.2026. Quba-Bakı-Ağdam.

Məktəblilər üçün əlavə:
    Eldənizin həyatı bugünkü məktəblilər üçün böyük örnəkdir. O göstərdi ki:
    Vətəni sevmək yalnız söz deyil;
    Torpaq uğrunda mübarizə müqəddəsdir;
    Hərbi xidmət şərəfdir;
-Kəşfiyyatçı olmaq cəsarət və ağıl tələb edir;
-Əsl qəhrəmanlıq vəzifəni sonadək yerinə yetirməkdir.
-Bu gün Azərbaycan bayrağı azad torpaqlarda dalğalanırsa, bunda Eldəniz kimi oğulların payı var.
-Onların adı tarixdə yaşayır.
-Onların xatirəsi xalqın yaddaşından silinmir.
-Çünki Vətən uğrunda can verənlər ölmürlər.


Son söz
  Alpanın igid oğlu Eldəniz Ağagülov qısa ömür yaşasa da, mənalı bir ömür yaşadı. O, müəllim ailəsindən çıxaraq Vətənin sipərinə çevrildi. Kəşfiyyatçı kimi ən ağır yolları keçdi, tank komandiri kimi döyüşdü, şəhid kimi ucaldı.
   Bu gün “Subaba” qəbiristanlığında uyuyan Eldənizin ruhu sanki bir həqiqəti pıçıldayır:
   “Vətən əmanətdir. O əmanəti qorumaq hər nəslin borcudur.”
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!
   Ruhu şad olsun, Amin!

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir