Etiket arxivi: Şəhid Ağagülov Eldəniz Etibar oğlu

Zaur USTAC – ALP Eldəniz

ALP ELDƏNİZ
(oçerk)
Azərbaycan torpağının hər qarışı bir tarixdir. O tarixin ən ağrılı səhifələri isə müharibə illərində yazılıb. Qarabağ savaşının od-alovu içərisində neçə-neçə igid oğullar bu Vətənin bütövlüyü uğrunda canından keçdi. Həmin qəhrəmanlardan biri də qədim alp ərənlər yurdu Alpan kəndinin mərd oğlu Alp Eldəniz — Ağagülov Eldəniz Etibar oğludur. Onun ömür yolu qısa olsa da, şərəfli və mənalı bir ömür idi. Bu ömür Vətən sevgisinin, hərbi andın, ata ocağından alınan tərbiyənin və əsgər ləyaqətinin canlı nümunəsinə çevrildi.
Alp Eldəniz 3 may 1975-ci ildə Quba rayonunun qədim və zəhmətkeş insanları ilə tanınan alp ərənlər yurdu Alpan kəndində müəllim ailəsində dünyaya göz açmışdı. O, sadə ailədə böyüsə də, mənəvi zənginlik içərisində tərbiyə almışdı. Atası Etibar müəllim kənddə savadlı, intizamlı və vətənpərvər insan kimi tanınırdı. O, təkcə müəllim deyildi — həm də gənclərin yol göstərəni, həyat dərsi verəni idi.
Etibar müəllim hələ SSRİ dövründə beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak etmiş, hərbi həyatın sərtliyini öz gözləri ilə görmüşdü. Müharibənin, səngərdə gecələməyin, əmri vaxtında yerinə yetirməyin, qürurun, fəxarət hissinin nə demək olduğunu və eyni zamanda dost itkisi yaşamağın necə ağır hiss olduğunu yaxşı bilirdi. O anlayırdı ki, hərbi xidmət sadəcə forma geyinmək deyil. Əsgər olmaq — xalqın taleyini çiyinlərində daşımaq deməkdir.
Buna görə də o, oğullarını uşaqlıqdan mərd, dürüst və Vətənə bağlı ruhda böyüdürdü. Evdə tez-tez qəhrəmanlıq hekayətlərindən danışar, xalqın başına gətirilən müsibətləri xatırladar, torpaq sevgisinin müqəddəs olduğunu deyər, ən yaxın tariximizin ibrətamiz hadisələrindən söhbət açardı.
Alp Eldəniz atasının bu söhbətlərini diqqətlə dinləyərdi. Onda Vətənə bağlılıq hissi erkən yaşlarından formalaşmışdı. Məktəbdə keçirilən hərbi hazırlıq dərslərinə xüsusi maraq göstərirdi. Xəritələrlə işləməyi, hərbi texnikaları öyrənməyi sevirdi. Müəllimləri onun sakit, intizamlı, lakin iradəli xarakterə malik olduğunu deyirdilər. Müəllim yoldaşları həmişə alp Eldənizi atasına tərifləyəndə insan xarakterinin bilicisi, dünyanın hər üzünü görmüş Etibar müəllim təmkinini pozmadan sakitcə deyərdi: “Tipik 75-dir.”
1990-cı illərin əvvəlləri Azərbaycanın ən çətin dövrlərindən biri idi. Qarabağda müharibə alovlanmış, kəndlər viran qalır, şəhid xəbərləri hər evə yol tapırdı. Televiziyadan gələn xəbərlər, cəbhədən dönən yaralı əsgərlər, qaçqın ailələrinin ağrısı bütün ölkə kimi Alpan kəndini də sarsıdırdı.
Alp Eldəniz 1992-ci ildə Alpan kənd orta məktəbini bitirdi. Müəllimləri və sinif yoldaşları yaxşı bilirdi ki, uşaqlıqdan onun bir arzusu olub. O da hərbçi olmaq. Müəllimlərin ənənəvi “Böyüyəndə kim olacaqsan?” sualına alp Eldəniz həmişə, heç düşünmədən “Mən zabit olacağam!” – deyə cavab verərdi. Ancaq o orta məktəbi qurtan ili vəziyyət dəyişdi. Ölkədə bütün digər sahələrdə olduğu kimi təhsil sahəsində də anlaşılmaz hadisələr baş verdi. Ali məktəblərə qəbul qaydaları dəyişdi. Qəbulun payıza qədər ləngidiyini görən alp Eldəniz ailənin büdcəsinə əlavə dəstək olmaq məqsədilə işləmək qərarına gəldi. O dövrdə gənclərin çoxu kimi o da həyatın ağırlıqları ilə üz-üzə qalmışdı. Əmək fəaliyyətinə Sabir adına sovxozda fəhlə kimi başladı. Lakin onun ürəyində başqa bir çağırış vardı — Vətəni qorumaq çağırışı, hərbçi olmaq istəyi. Bu çağırış alp ərənlərin ruhuna hopmuş min illərin qan yaddaşında yaşayan bir “Cəngi” sədası idi.
1993-cü ilin 5 iyulunda alp Eldəniz Milli Ordu sıralarına çağırıldı. O gün anası oğlunun əsgər paltarında qarşısında dayanmasına baxarkən həm qürur duyurdu, həm də daxilən nigaran idi. Çünki müharibə artıq uzaq deyildi.
Etibar müəllim isə oğlunun çiyninə əlini qoyaraq demişdi:
— Əsgər üçün ən böyük şərəf Vətəni qorumaqdır. Qorxma, amma ehtiyatsız da olma. Alp olmaq, əsgər olmaq ağıl, səbir və ürək tələb edir.
Bu sözlər alp Eldənizin yaddaşına ömürlük həkk olundu.
Alp Eldəniz xidmətini Güzdəkdə yerləşən hərbi hissədə başladı. Burada o, səkkiz ay ərzində hərbi hazırlığın ən ağır mərhələlərindən keçdi. Əsl döyüşçü, alp kimi püxtələşdi. Silahların işləmə prinsipi, tank texnikası, döyüş taktikası, gecə yürüşləri, səngər həyatı — bütün bunlar onun gündəlik həyatına çevrildi.
Əsl əsgər olmaq üçün yalnız güclü olmaq kifayət etmirdi. Döyüşçü soyuqqanlı, diqqətli və məsuliyyətli olmalı idi. Alp Eldəniz bu xüsusiyyətləri ilə seçilirdi.
Komandirləri onun hərbi texnikanı qısa müddətdə mənimsəməsinə heyran qalırdılar. O, tank mexanizmlərini dərindən öyrənir, xəritələrlə işləməyi bacarır, döyüş vəziyyətlərində düzgün qərar verməyi öyrənirdi.
Ən çətin tapşırıqlar isə kəşfiyyatla bağlı olurdu.
Kəşfiyyatçı olmaq hər adamın işi deyil. Kəşfiyyatçı səssiz addımlamağı bacarmalıdır. O, qaranlığın içində düşmənin nəfəsini hiss etməlidir. Kəşfiyyatçı bəzən günlərlə ac-susuz qalır, torpaq üstündə yatır, hər səsə qarşı ayıq olur.
Ən əsası isə kəşfiyyatçı qorxusunu gizlətməyi bacarmalıdır.
Çünki kəşfiyyat səhvi bağışlamır.
Alp Eldəniz bu təhlükəli xidmətin məsuliyyətini yaxşı anlayırdı. Atasının danışdığı hərbi xatirələr ona yol göstərirdi. O bilirdi ki, döyüş tapşırığını vaxtında yerinə yetirmək bəzən yüzlərlə əsgərin həyatını xilas edir.
1994-cü ilin mart ayının 11-də alp Eldəniz Ağdam istiqamətində döyüş bölgəsinə göndərildi. O zaman Ağdam cəbhənin ən ağır nöqtələrindən biri idi. Top mərmiləri gecə-gündüz dayanmaq bilmirdi. Hər qarış torpaq uğrunda qan tökülürdü.
Alp Eldəniz burada böyük cəsarət göstərdi. Onun saysız-hesabsız şücaətləri dillərdə dastan olmuşdu. Döyüşlərdə nizam-intizamı, dəqiqliyi və mərdliyi ilə seçildi. Hərbi texnikaya dərindən yiyələndiyi üçün ona kiçik çavuş rütbəsi verildi və tank komandiri təyin olundu.

Tank komandiri olmaq böyük məsuliyyət idi. Tank yalnız döyüş maşını deyildi — o, ön xəttin sipəri idi. Tank heyətinin həyatı komandirin qərarlarından asılı olurdu.
Alp Eldəniz isə bu məsuliyyəti şərəflə daşıyırdı. Alp Eldəniz ilk gündən öz tankıını “Alpər” adlandırmışdı. Onun Ağdam cəbhəsində döyüşlərdə iştirakı müharibənin birinci fazasının bitməsinə az qalmış, ən qızğın çağlarına təsadüf edirdi. Düşmən güclü dezinformasiya müşayəti altında cidd-cəhdlə “Dördyol”a çıxmaga çalışırdı. Belə qızğın döyüşlərin getdiyi gərgin günlərdə öz qələbə əzmini, ruh yüksəkliyini qoruyan alp Eldəniz hər döyüşə girəndə xüsusi intonasiya və əda ilə: “Dəh, kəhər atım, getdik!” – deyər, sonra heyətə “Döyüşə” komandası verərdi.

Müharibə yalnız səngərdə olmur. Müharibə evlərdə də yaşayır.
Ən ağır döyüşlərdən biri ana ürəyində gedir.
Alp Eldənizin anası hər dəfə poçtalyon kəndə gələndə həyəcandan qapıya çıxardı. Məktub gələndə sevincindən ağlayardı. Çünki o dövrdə bir məktub belə insanlara təsəlli verirdi.
Alp Eldəniz məktublarında ailəsini sakitləşdirməyə çalışırdı:
“Darıxmayın, mən yaxşıyam. İnşallah torpaqlarımız azad olacaq.”
Amma ana ürəyi hər şeyi hiss edirdi.
Etibar müəllim isə hisslərini gizlədirdi. Oğlunun hansı təhlükələrin içində olduğunu yaxşı bilirdi. Atəşkəsdən sonra oğlunun tez-tez “öz kəhər atı”nadan ayrılığını bilirdi. Onun peşəkar tankçı olduğu kimi, eyni zamanda hərbi hissənin görən gözü, eşidən qulağı, lazım gələndə düşmənə qulaqburması verən əli kimi gecə-gunduz fəaliyyət göstərən qorxmaz kəşfiyyatçı olduğundan xəbərdar idi. Bilirdi ki, kəşfiyyatçının yolu ölümlə yanaşı gedir. Buna baxmayaraq, oğlunun mərdliyindən qürur duyurdu.
1996-cı ilin fevral ayının 10-da alp Eldəniz növbəti kəşfiyyat tapşırığını yerinə yetirərkən ağır yaralandı.
Kəşfiyyat qrupu düşmən mövqeləri haqqında məlumat toplamalı idi. Bu tapşırıqlar adətən gecə həyata keçirilirdi. Qar, şaxta, palçıq, düşmən pusqusu — hər addım ölüm təhlükəsi idi.
Həmin gecə Alp Eldəniz ağır yaralansa da, döyüş yoldaşlarının geri çəkilməsinə şərait yaratmışdı.
Onu ölümün əlindən almaq üçün həkimlər günlərlə mübarizə apardılar. Lakin aldığı ağır yaralar buna imkan vermədi.
44 gün ölüm-dirim savaşı apardıqdan sonra Alp Eldəniz 1996-cı ilin mart ayının 26-da əbədi olaraq gözlərini həyata yumdu. Onun bu 44 günlük ölüm-dirim savaşı gələcəkdə təkrarlanacaq başqa bir möhtəşəm 44 günün işarəti idi. Bu dəhşətli 44 gün çoxları üçün adi günlər kimi gəlib keçsə də, bir nəfər bu 44 günün hər gününü bir ilə bərabər yaşadı. Bu şəxs alp Etibarın ikinci oğlu – alp Eldənizin kiçik qardaşı alp Şəhriyar idi. Şəhriyar həmin vaxt General Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində birinci kursda oxuyurdu. Şəhriyar qardaşının şəhid olması xəbərini “Aslanlı adın mübarək!” – deyə öz milli hərbi məktəbinin marşını oxuya-oxuya gedərkən eşitdi. O elə sırada addımlaya-addımlaya addımları ilə həmişə müqəddəs saydığı beton örtüklü sıra meydanına var gücü ilə əsrlər boyu izi qalacaq 44 zərbə endirdi. Hər zərbəsində bu 44 günü düşmənin tarixinə silinməyəcək izlərlə yazacağına and içdi: “Qardaşım, əziz ruhun qarşısında and içirəm ki, bu 44 günün əvəzini düşmən artıqlaması ilə ödəyəcək, onlara elə bir toy tutacağıq ki, bu 44 rəqəmini bir daha unutmayacaqlar… Gözləri hər dəfə bizə tərəf baxanda, hər şeyi dörd görəcəklər…”
Bu xəbər qədim alp ərənlər yurdu Alpan kəndinə çatanda kənd sükuta qərq olmuşdu.
Ana fəryadı göylərə yüksəlmişdi.
Etibar müəllim isə susurdu.
Bəzən ən böyük ağrı sükut olur.
Alp Eldəniz mart ayının 28-də Alpan kəndinin “Subaba” qəbiristanlığında dəfn edildi. Onun polkovnik qardaşları Şəhriyar və Elşən Ağagülovlar sonralar burada pir ziyarətçiləri üçün iki türbə tikdirdilər. O türbələrdən biri böyük qardaş alp Eldənizin xatirəsini yaşadır.
Alp Eldəniz subay idi.
Onun yarımçıq qalan arzuları vardı.
Lakin ən böyük arzusu — Vətəni qorumaq arzusu idi.
Bu amal uğrunda şəhid oldu.
Alp Eldənizin şəhidliyi ailədə böyük iz buraxdı. Qardaşları alp Şəhriyar və alp Elşən onun qisasını almaq arzusu ilə yaşadılar. 44 günlük Vətən müharibəsində onların göstərdiyi qəhrəmanlıqlar alp Eldəniz ruhunun diktəsi, yarımçıq qalmış döyüş yolunun davamı, həyata keçən arzuları idi. Bu 44 gün alp Eldənizin qardaşları; alp Şəhriyarın, alp Elşənin andlarını həyata keçirdiyi günlər idi. Bu günlər alp ərənlərin min illərin ötəsindən süzülüb gələn bir deyiminin sadəcə söz olmadığının göstəricisi idi: “Bir ölür, min diriliriz!”
Bu gün hər iki qardaş yüksək ordenlərlə təltif olunmuş zabitlər kimi Müzəffər Azərbaycan Ordusunda xidmət edirlər.
Bu, bir ailənin Vətənə – alp ərənlər yurdu ulu Azərbaycana sədaqət tarixidir.
03.05.2026. Quba-Bakı-Ağdam.

Məktəblilər üçün əlavə:
    Eldənizin həyatı bugünkü məktəblilər üçün böyük örnəkdir. O göstərdi ki:
-Vətəni sevmək yalnız söz deyil;
-Torpaq uğrunda mübarizə müqəddəsdir;
-Hərbi xidmət şərəfdir;
-Kəşfiyyatçı olmaq cəsarət və ağıl tələb edir;
-Əsl qəhrəmanlıq vəzifəni sonadək yerinə yetirməkdir.
-Bu gün Azərbaycan bayrağı azad torpaqlarda dalğalanırsa, bunda Eldəniz kimi oğulların payı var.
Onların adı tarixdə yaşayır.
Onların xatirəsi xalqın yaddaşından silinmir.
Çünki Vətən uğrunda can verənlər ölmürlər.


Son söz
  Alpanın igid oğlu Alp Eldəniz – Ağagülov Eldəniz Etibar oğlu – qısa ömür yaşasa da, mənalı bir ömür yaşadı. O, müəllim ailəsindən çıxaraq Vətənin sipərinə çevrildi. Kəşfiyyatçı kimi ən ağır yolları keçdi, tank komandiri kimi döyüşdü, şəhid kimi ucaldı.
   Bu gün “Subaba” qəbiristanlığında uyuyan alp Eldənizin ruhu sanki bir həqiqəti pıçıldayır:
   “Vətən əmanətdir. O əmanəti qorumaq hər nəslin borcudur.”
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!
   Ruhu şad olsun, Amin! Onlar bizimlədir. Biz onları görməsək də, onlar bizi görür, hər addımımızı izləyirlər. Gəlin onların adına layiq olmağa çalışaq! Onların adına layiq olaq!

Müəllif: Zaur USTAC

AVMVİB, AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Şəhidi Ağagülov Eldəniz Etibar oğlu 3 may 1975-ci ildə Alpan kəndi – Quba

30 illik ayrılığın anım günləri
4 illik 1-ci Qarabağ müharibəsinin kəndimizdən axırıncı şəhidi Ağagülov Eldəniz Etibar oğlu 3 may 1975-ci ildə Alpan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1992-ci ildə Alpan kənd orta məktəbini bitirmiş və əmək fəaliyyətinə Sabir adına sovxozda fəhlə kimi başlamışdı. 1993-cü ilin iyul ayının 5-də Milli Ordu sıralarına çağırılan Eldəniz Güzdəkdə yerləşən hərbi hissədə xidmət etmiş və 8 ay ərzində burada hərbin sirlərinə yiyələnmişdir. 1994-cü ilin mart ayının 11-də Eldənizi döyüş bölgəsinə-Ağdama göndərirlər. Orada o ərazinin düşmənlərdən təmizlənməsində fədəkarlıq göstərmişdir. Onun döyüş bölgəsində nizam-intizamlı xidməti, hərbi texnikanın sirlərinə dərindən yiyələnməsi komandanlıq tərəfindən qiymətləndirilir və 1994-cü ildə kiçik çavuş rütbəsi verilərək tank komandiri təyin edilir.
Eldəniz hərbi xidmət zamanı xüsusi fədakarlıqlar göstərmiş, yeni gələn əsgərlərə nümunə olmuşdur. Onun ən böyük arzularından biri Vətəni erməni dığalarından təmizləmək idi. Çünki o ailədə atası Etibar müəllimdən, məktəbdə hərbi hazırlıq müəllimlərindən belə tərbiyə almışdı. Etibar müəllim hamıya vətənpərvər olmağı təlqin edir, bunu həyatdan nümunələr göstərməklə öyrədirdi. Buna görə səbəbsiz deyil ki, onun oğlu Eldəniz də hərbi xidmətini davam etdirməklə qəlbində Vətəni qorumaq, azad etmək hissi yaşadırdı. Ürəyində bu dəruni duyğularla yaşayan və 1996-cı il fevralın 10-da kəşfiyyat zamanı ağır yaralanan Eldənizi həkimlər nə qədər çalışsalar da ölümün pəncəsindən qurtara bilmədilər. 44 gündən sonra -mart ayının 26-da Eldəniz əbədi olaraq həyata gözlərini yumur.

Onun qisasını almaq arzusu ilə alışıb yanan və 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən polkovnik qardaşları Şəhriyar və Elşən hal-hazırda Milli Ordu sıralarında yüksək ordenlərlə təltif edilən zabitlər kimi korpus komandanlığında xidmət etməkdədirlər. Eldəniz Alpan kəndində, polkovnik qardaşlarının girişdə, pir ziyarətçiləri üçün 2 türbə tikdirdiyi “Subaba” qəbiristanlığında martın 28-i dəfn edilmişdir. Eldəniz subay olduğu üçün bu türbələrdən biri onun xatirəsini yaşadır həm də. Allah ruhunu şad, axirətini abad eləsin, Amin!

Müəllif: İlkin Balayev
Alpan.az  saytının qurucusu və idarəçisi

 İlkin Balayein digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I