Əkbər ƏLİOĞLU – BİLƏK VƏ DƏRK EDƏK

BİLƏK VƏ DƏRK EDƏK,
yaxud, zamanımızın sənət fədaisini görmək mənəvi borcumuzdur

Haqqı kim qoruyur; bilənlər bilər,
Doğrunu, düzgünü bölənlər bilər.
Sən kimsən, mən kiməm – sinənə döymə,
Bunu bizdən sonra gələnlər bilər.

Ə.R.Xələfli

Əvvəlcə bu məktubumu ancaq mədəniyyətin mənəvi hamisi və mənim ədəbi qəhrəmanımın ən yaxşı tanıyıcısı kimi qəbul etdiyim akademik Rafael Hüseynovun ünvanına yazmaq istədim. Sonra düşündüm ki, bu, birbaşa missiya deyil. Bəlkə, Milli Məclisin Mədəniyyət komitəsinin sədrinə ünvanlayım öz məktubumu. Nə isə, bilmirəm, hansı düşüncənin təsiri altındasa bundan da imtina etdim.
Axır ki, Milli Məclisin Mədəniyyət Komitəsi üzvlərinin və əlahəzrət oxucularımın ünvanına əsas tutdum məktubumu. Ona görə də müraciətimdə bəzi məqamları «Kredo» oxucularının da nəzərə almasını istərdim.
Hörmətli Mədəniyyət Komitəsinin üzvləri və əlahəzrət oxucu(ları)m!
Hörmətli söz bilənlərim, sözə dəyər vermək iqtidarında olanlarım və sözə dəyər verməyə borclu olanlarım!
Bildiyimə görə, Siz şair-publisist Əli Rza Xələflinin «Kredo» qəzetinin baş redaktoru və baş yazarı olduğunu yaxşı bilirsiniz, ona görə də əlavə təfərrüata ehtiyac yoxdur, demək, onu yaxşı tanıyırsınız. İnanıram ki, bədii-publisistik erudusiyasına kifayət qədər bələdsiniz, onun fenomenal yaradıcılıq aurası və fərqli üslubunun ədəbi ictimaiyyət arasında heyrət nidasıyla dəfələrlə söhbət mövzusu olması haqqında məlumatlısınız. Allah ondan fitri istedadı əsirgəməyib. Namuslu və fədakar zəhmətkeşliyi ilə də bir çox yaradıcı insanlardan fərqlənir. Bilirsiniz ki, onun redaktoru olduğu «Kredo» qəzeti Azərbaycanın müasir ədəbi-bədii və ictimai-mədəni həyatında yüksək nüfuz qazanmış, milli mətbuatımızın inkişafına dəyərli töhfələr vermişdir.
Bəlkə də, təkrar olsa belə, qeyd etməliyəm ki, Əli Rza Xələfli xalqın bağrından qopmuş, xalqla nəfəs alan, milli dövlətçiliyimizin tərəqqisinə xidmət göstərən bir şəxsiyyətdir. Onun bədii yaradıcılığının poetik məziyyətlərini araşdıran bir şəxş kimi bildirmək istəyirəm ki, bu günlərdə «Qurdağzı duası» adlı təxmis-poemasını da heyranlıqla oxudum. Azərbaycanın ədəbi-ictimai və siyasi fikir tarixində «Heydər babaya salam», «Gülüstan», xüsusilə «Təbrizim» hansı dəyərdə qiymətləndirilibsə, bu əsər də həmin ucalıqda məkanlaşa bilər, yaxud da artıq (sosial şəbəkələr vasitəsilə) məkanlaşıb. Əsərin aktuallığı İranın ən son durumuna və bu fonda xalq kütlələrinin taleyinə şair narahatçılığı ilə bağlıdır. Kimsəyə sirr deyil ki, son hadisələr fonunda İranda minlərlə adam edam olunub. Əlbəttə, müxtəlif məzmunlu hökmlər verilmiş olsa belə, hamımız yaxşı bilirik ki, xalq dilini və azadlığını tələb edirdi. Əsas səbəb budur.
Əsərin tərəfimizdən xüsusi halda dəyərləndirilməsinin birinci səbəbini müəllifin millətdaşlıq, soydaşlıq və azərbaycançılıq mövqeyindən mövzuya yanaşması ilə bağlamaq istərdim. Zənnimcə səhv etmirəm.
İkinci əsas səbəb əsərin oxucu ruhuna təsir etmək imkanlarını şərh etmək istəsəm, deməliyəm ki, bu da şairin dərin və mükəmməl sənətkarlıq nümayiş etdirməsi ilə bağlıdır. Əsərdə poetik vüsət, dərin hikmət, fikir təzəliyi və mükəmməlliyi müəllifin və əsərin ictimai-siyasi gücünə bir ucalıq qazandırıb.
Əziz söz bilənlərim, sözə diqqət vermək missiyasını daşıyanlarım, indii özünüz fikir verin; «Qurdağzı duası» təxmis-poemasından təqdim etdiyim aşağıdakı üç yarpaqlıq lirik ricətli deyim görün nə qədər şairanədir. Elə bil Zəlimxan Yaqub sinəsindən qopub, Məmməd Araz bulağından su içib, Xəlil Rza Ulutürk polifonizmindən özünə yaraq biçib. Ancan bu, onlar deyil, Əli Rza Xələflidir.
Leyli kimdir… Məcnun olub səhralarda gəzən bilər.
Eşq əhlini göy üzündən ruhu ilə süzən bilər,
Dil nə deyir danışdıqca mənaları sezən bilər;
Söz dəryası nə dərindir, qəvvas olub üzən bilər.
Dərinlərə üzməyənin inci çıxmaz qarmağında.

Millətinə minnət qoyub, özlərini öyənlər var,
Yerli-yersiz mən-mən deyib, sinəsinə döyənlər var,
Düzü düzdə qoyanlar var, doğruları əyənlər var;
Söhrab Tahir, ummanlardan “üzüb gəldim” deyənlər var,
Necə üzüb, bircə damla nəm də yoxdur balağında.

Öz ağlından gileylənən, olmasa da çox yıxıldıq,
Bir “bəli”nin əvəzinə dedik hələ “yox” yıxıldıq,
Sinəmizi dost əlindən hədəf aldı “ox” yıxıldıq;
Dərs olmadı çəkdiyimiz ac yıxıldıq, tox yıxıldıq,
Nələr gördü gözlərimiz bu taleyin sınağında.
Əli Rza Xələfli digər poemalarında olduğu kimi, mövlanə Füzulitək söz dəryasının qəvvaslığını, Səməd Vurğun romantikasının ülviyyətini bu poemasında da sərgiləyə bilib.
İzahat olaraq bildirim ki, poema onun 2004-cü ildə yazdığı «Söhrab Tahirə məktub» adlı qəsidəyə təxmis kimi qələmə alınıb.
Müasir Azərbaycan poeziyasında öz şeirinə təxmis yazmaq yalnız Ə.Xələfliyə məxsusdur. O, digər klassiklərimizin də şeirlərinə təxmis yazmışdır. Bu cəhətdən Şəhriyarın «Azərbaycan» şeirini təxmis etməsi, özü də böyük sənətkarlıqla ifadə etməsi ədəbi ictimaiyyətin diqqətini elə buna görə xüsusi halda çəkməsi ədəbi hadisə kimi qiymətləndirilir. Onun çoxjanrlı üslubda yaradıcılığı baxımından «Od» romanını da bu səlahiyyətdə qəbul etmək mümkündür.
Müəllifin «Türkiyənin zəlzələ ağrıları, yaxud yarı qəm-yarı qürur dastanı» əsərinin də Türkiyədə yüksək rezonans doğurmasının səbəbi onun yüksək bədii emosional ruhu ilə bağlıdır. Yəqin ki, siz də – hörmətli Mədəniyyət Komitəsinin üzvləri və əlahəzrət oxucularım bu barədə eşitmiş olarsınız.
Hörmətli Mədəniyyət Komitəsinin üzvləri və əlahəzrət oxucu(ları)m! Cəsarətlə qeyd etməliym ki, son yarım əsrdə ədəbiyyatımızda xalqın folklor ruhunu, etnoqrafiya və etnogenezini, turançılıq ideallarını poeziya sahəsində yüksək sənətkarlıqla canlandırmaq baxımından Əli Rza Xələfli yeganə olmasa da, azlardandir. Bu baxımdan onun ədəbi boy göstərənliyini tanınmış yox, görkəmlilər arasında sıralamaq insafdan sayılardı. O, 40-a qədər poema yazıb, romanlar, povestlər çap etdirib, kitablarının sayı 70-i ötüb. Haqqında 15-dən artıq kitab yazılıb. Onun yaradıcılığının folklor, kulturoloji cəhətləri, bədii publisistikası xüsusi tədqiqat mövzuları səlahiyyətindədir. O, bir sıra ədəbi ödüllər mükafatçısıdır.
Görkəmli yazarlar, tanınmış professorlar onun ədəbi irsi və şəxsiyyəti haqqında dəyərli fikirlər söyləmişlər. Və bildiyimə görə, onların sırasında akademik Teymur Bünyadov, akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, akademik Muxtar İmanov… və başqaları inamla Əli Rza Xələfli həqiqətlərini dilə gətiriblər.
Əli Rza Xələfli böyük kədər yaşamış, üzüntülər görmüş həsrət şairi idi. İndi Allahımıza çox şükür ki, həsrətə son qoyuldu, torpaqlarımız yağıların tapdağından azad oldu. Qeyrətli oğullarımız, qazilərimiz ölüm-dirim savaşından alnıaçıq çıxdı. Onların arasında Ə.Xələflinin nəvələri də şərəflə özlərinə yer alıblar. Vətənin medalları ilə təltif olunublar. Şəhidlərimiz isə xalqın yaddaşında əbədi yaşam haqqı qazandılar. Vətən onun uğrunda ölənlərin və vuruşanlarındır birinci növbədə.
Hörmətli Mədəniyyət Komitəsinin üzvləri və əlahəzrət oxucu(ları)m!
Bu qədər geniş təqdimatdan sonra əsas mətləb üstünə gəlmək istəyirəm. Düşünürəm ki, bu yarlıqlara sahib çıxmış və artıq xalq tərəfindən müəyyən qədər tanınan və sevilən bir yaradıcı şəxsiyyət öz dəyərini niyə də dövlət səviyyəsində almasın? Axı bu insan çalışıb, gərgin, üzüntülü illər yaşayıb. Vətənin, torpağın taleyi üçün yuxusuz gecələr keçirib, ədəbiyyatımızın və dilimizin inkişafına xidmət edib.
Əli Rza Xələflinin ədəbi-fəlsəfi düşüncə imkanlarını əks etdirən sonsuz sayda rübailəri və bayatıları var. Mən burada ancaq iki dördlüyünü diqqətə çəkmək istərdim.
Baxırdım gündoğana, üzümə səhər güldü,
Boylandım günbatana, könlümə qəhər güldü;
Necə getdi bilmədim, vaxt ötdü, zaman keçdi,
Köhlənimin üstündə boş qalan yəhər güldü.

Açılar qönçə güllər, sonunda solar gedər,
Mən-mən deyən kimsənin sonu heç olar gedər.
Bizim dünya evinə kim gəlsə boş qayıtmaz,
Kədər olsun, ya sevinc, badəsi dolar gedər.
Xatırladım ki, şan-şöhrət, var-dövlət acı olmayıb. Gözü, könlü tox insanlardan olub. Ta uşaqlıqdan mal-qara, qoyun-quzu dalınca qaçıb, təmiz, halal çoban çörəyi ilə böyüyüb. Fərqlənmə diplomu ilə ali məktəb bitirib, «Qabaqcıl maarif xadimi» döş nişanı ilə təltif olunub.
Bunu idrak sahibi olan və Əli Rza Xələfli haqqında yazan bütün müəlliflər yaxşı bilir.
İşıqlı adamlar üçün işıqlı yol açmaq sizin kimi, bizim kimi qanan, duyan, vicdan qarşısında hesab verməyə borclu olan vicdan sahiblərinin hünəridir. Artıq bundan sonrakı söz və əməl sizinkidir.
İndi rəsmiyyətə doğrunu, həqiqəti çatdırmaq beləmi çətindir?
Hörmətli söz bilənlərim, Sizi ucalarda, hünərlilər sırasında görürəm. İnanıram ki, haqqı, həqiqəti dilə gətirmək sizin üçün çətin olmaz.

13.03.2026
Hörmətlə: Əkbər ƏLİOĞLU,
filologiya üzrə fəlsəfə doktoru

ƏLİ RZA XƏLFƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir