Epiqraf əvəzi: Babamızdan qalma bir misal var: çörəyini yeyib sənə xəyanət edəni qovma, onu çörək özü tutacaq. Kəndimizdə bunu hamı bilir… Müəllifdən
Kərəm Məmmədli– Borçalını, Dilavər Əzimlini gözdən iraq görənlər tarix meydanında at oynadır… Cavanşir, Babək, Koroğlu, Xətayi , Vaqif, Nəbi , Həcər , Mirzə Fətəli… Nəriman Nərimanov, Səməd Vurğun… hədəfdədir… Tarix (ədəbiyyat) İnstitutu elnurlardan, sərdarlardan beləmi ehtiyatlanır…
Mən iki- üç cümləlik qeydimlə mütəxəssislərə eyham elədim ki, hardasınız, görünün, sözünüzü deyin… Ancaq mütəxəssislər yox, Galib S-ov adlı birisi ortalığa çıxdı… Ziyalılıqla bir araya sığmayan hədyanlar yazdı;Siz də oxuyun Bəli, Galib S-ov yazır: “Elnur yüz ildir bolşevizmin sizə qəhrəman kimi soxuşdurduğu anti qəhrəmanları ifşa edir. Siz isə cəhalət və qəflətdən ayrılmaq istəmirsiniz. Neyləyəcək “inistitutşiklər” Elnur bəyə? Azərbaycanda real tarixi bilən tək alimdir! Allah onu qorusun” Bu, Galib S-ovun “ziyalı” mövqeyidir Nə deyəsən…Böyük elm məbədinin əməkdaşlarını “institutşiklər ” adlandırır… Galib S-ov un, bu andırabadi adın sahibinin bu hazır cavabından sonra düşünürəm ki, xalqın ruhunu yaşadan tarixə hücumlar hansısa bir mərkəzdən idarə olunur Yoxsa o, açıq — aşkar bu cür xəncər çəkməzdi.. Hörmətli oxucular! Qısa qeydlərində onun opponentlik iddiasında olduğu şəxsə , yəni mənə hansı səviyyədə ” mədəniyyətli” münasibətinə də özünüz dəyər verin… Qaldı cəhalət məsələsinə münasibət… Bəli savadsızlıq özü cəhalətdir… Nə isə… meydanı boş görəndə qorxaqlar da , cılızlar da özünü qəhrəman hesab edir…
Şair publisist Əli Rza Xələfli, Rayon Ağsaqqallar şurasının sədri, sabiq polis polkovniki Vaqif Məhərrəmov, Milli Məclisin üzvü Ceyhun Məmmədov. Cəbrayıl şəhəri – aprel 2026.
BİLƏK VƏ DƏRK EDƏK, yaxud, zamanımızın sənət fədaisini görmək mənəvi borcumuzdur
Haqqı kim qoruyur; bilənlər bilər, Doğrunu, düzgünü bölənlər bilər. Sən kimsən, mən kiməm – sinənə döymə, Bunu bizdən sonra gələnlər bilər. Ə.R.Xələfli
Əvvəlcə bu məktubumu ancaq mədəniyyətin mənəvi hamisi və mənim ədəbi qəhrəmanımın ən yaxşı tanıyıcısı kimi qəbul etdiyim akademik Rafael Hüseynovun ünvanına yazmaq istədim. Sonra düşündüm ki, bu, birbaşa missiya deyil. Bəlkə, Milli Məclisin Mədəniyyət komitəsinin sədrinə ünvanlayım öz məktubumu. Nə isə, bilmirəm, hansı düşüncənin təsiri altındasa bundan da imtina etdim. Axır ki, Milli Məclisin Mədəniyyət Komitəsi üzvlərinin və əlahəzrət oxucularımın ünvanına əsas tutdum məktubumu. Ona görə də müraciətimdə bəzi məqamları «Kredo» oxucularının da nəzərə almasını istərdim. Hörmətli Mədəniyyət Komitəsinin üzvləri və əlahəzrət oxucu(ları)m! Hörmətli söz bilənlərim, sözə dəyər vermək iqtidarında olanlarım və sözə dəyər verməyə borclu olanlarım! Bildiyimə görə, Siz şair-publisist Əli Rza Xələflinin «Kredo» qəzetinin baş redaktoru və baş yazarı olduğunu yaxşı bilirsiniz, ona görə də əlavə təfərrüata ehtiyac yoxdur, demək, onu yaxşı tanıyırsınız. İnanıram ki, bədii-publisistik erudusiyasına kifayət qədər bələdsiniz, onun fenomenal yaradıcılıq aurası və fərqli üslubunun ədəbi ictimaiyyət arasında heyrət nidasıyla dəfələrlə söhbət mövzusu olması haqqında məlumatlısınız. Allah ondan fitri istedadı əsirgəməyib. Namuslu və fədakar zəhmətkeşliyi ilə də bir çox yaradıcı insanlardan fərqlənir. Bilirsiniz ki, onun redaktoru olduğu «Kredo» qəzeti Azərbaycanın müasir ədəbi-bədii və ictimai-mədəni həyatında yüksək nüfuz qazanmış, milli mətbuatımızın inkişafına dəyərli töhfələr vermişdir. Bəlkə də, təkrar olsa belə, qeyd etməliyəm ki, Əli Rza Xələfli xalqın bağrından qopmuş, xalqla nəfəs alan, milli dövlətçiliyimizin tərəqqisinə xidmət göstərən bir şəxsiyyətdir. Onun bədii yaradıcılığının poetik məziyyətlərini araşdıran bir şəxş kimi bildirmək istəyirəm ki, bu günlərdə «Qurdağzı duası» adlı təxmis-poemasını da heyranlıqla oxudum. Azərbaycanın ədəbi-ictimai və siyasi fikir tarixində «Heydər babaya salam», «Gülüstan», xüsusilə «Təbrizim» hansı dəyərdə qiymətləndirilibsə, bu əsər də həmin ucalıqda məkanlaşa bilər, yaxud da artıq (sosial şəbəkələr vasitəsilə) məkanlaşıb. Əsərin aktuallığı İranın ən son durumuna və bu fonda xalq kütlələrinin taleyinə şair narahatçılığı ilə bağlıdır. Kimsəyə sirr deyil ki, son hadisələr fonunda İranda minlərlə adam edam olunub. Əlbəttə, müxtəlif məzmunlu hökmlər verilmiş olsa belə, hamımız yaxşı bilirik ki, xalq dilini və azadlığını tələb edirdi. Əsas səbəb budur. Əsərin tərəfimizdən xüsusi halda dəyərləndirilməsinin birinci səbəbini müəllifin millətdaşlıq, soydaşlıq və azərbaycançılıq mövqeyindən mövzuya yanaşması ilə bağlamaq istərdim. Zənnimcə səhv etmirəm. İkinci əsas səbəb əsərin oxucu ruhuna təsir etmək imkanlarını şərh etmək istəsəm, deməliyəm ki, bu da şairin dərin və mükəmməl sənətkarlıq nümayiş etdirməsi ilə bağlıdır. Əsərdə poetik vüsət, dərin hikmət, fikir təzəliyi və mükəmməlliyi müəllifin və əsərin ictimai-siyasi gücünə bir ucalıq qazandırıb. Əziz söz bilənlərim, sözə diqqət vermək missiyasını daşıyanlarım, indii özünüz fikir verin; «Qurdağzı duası» təxmis-poemasından təqdim etdiyim aşağıdakı üç yarpaqlıq lirik ricətli deyim görün nə qədər şairanədir. Elə bil Zəlimxan Yaqub sinəsindən qopub, Məmməd Araz bulağından su içib, Xəlil Rza Ulutürk polifonizmindən özünə yaraq biçib. Ancan bu, onlar deyil, Əli Rza Xələflidir. Leyli kimdir… Məcnun olub səhralarda gəzən bilər. Eşq əhlini göy üzündən ruhu ilə süzən bilər, Dil nə deyir danışdıqca mənaları sezən bilər; Söz dəryası nə dərindir, qəvvas olub üzən bilər. Dərinlərə üzməyənin inci çıxmaz qarmağında.
Millətinə minnət qoyub, özlərini öyənlər var, Yerli-yersiz mən-mən deyib, sinəsinə döyənlər var, Düzü düzdə qoyanlar var, doğruları əyənlər var; Söhrab Tahir, ummanlardan “üzüb gəldim” deyənlər var, Necə üzüb, bircə damla nəm də yoxdur balağında.
Öz ağlından gileylənən, olmasa da çox yıxıldıq, Bir “bəli”nin əvəzinə dedik hələ “yox” yıxıldıq, Sinəmizi dost əlindən hədəf aldı “ox” yıxıldıq; Dərs olmadı çəkdiyimiz ac yıxıldıq, tox yıxıldıq, Nələr gördü gözlərimiz bu taleyin sınağında. Əli Rza Xələfli digər poemalarında olduğu kimi, mövlanə Füzulitək söz dəryasının qəvvaslığını, Səməd Vurğun romantikasının ülviyyətini bu poemasında da sərgiləyə bilib. İzahat olaraq bildirim ki, poema onun 2004-cü ildə yazdığı «Söhrab Tahirə məktub» adlı qəsidəyə təxmis kimi qələmə alınıb. Müasir Azərbaycan poeziyasında öz şeirinə təxmis yazmaq yalnız Ə.Xələfliyə məxsusdur. O, digər klassiklərimizin də şeirlərinə təxmis yazmışdır. Bu cəhətdən Şəhriyarın «Azərbaycan» şeirini təxmis etməsi, özü də böyük sənətkarlıqla ifadə etməsi ədəbi ictimaiyyətin diqqətini elə buna görə xüsusi halda çəkməsi ədəbi hadisə kimi qiymətləndirilir. Onun çoxjanrlı üslubda yaradıcılığı baxımından «Od» romanını da bu səlahiyyətdə qəbul etmək mümkündür. Müəllifin «Türkiyənin zəlzələ ağrıları, yaxud yarı qəm-yarı qürur dastanı» əsərinin də Türkiyədə yüksək rezonans doğurmasının səbəbi onun yüksək bədii emosional ruhu ilə bağlıdır. Yəqin ki, siz də – hörmətli Mədəniyyət Komitəsinin üzvləri və əlahəzrət oxucularım bu barədə eşitmiş olarsınız. Hörmətli Mədəniyyət Komitəsinin üzvləri və əlahəzrət oxucu(ları)m! Cəsarətlə qeyd etməliym ki, son yarım əsrdə ədəbiyyatımızda xalqın folklor ruhunu, etnoqrafiya və etnogenezini, turançılıq ideallarını poeziya sahəsində yüksək sənətkarlıqla canlandırmaq baxımından Əli Rza Xələfli yeganə olmasa da, azlardandir. Bu baxımdan onun ədəbi boy göstərənliyini tanınmış yox, görkəmlilər arasında sıralamaq insafdan sayılardı. O, 40-a qədər poema yazıb, romanlar, povestlər çap etdirib, kitablarının sayı 70-i ötüb. Haqqında 15-dən artıq kitab yazılıb. Onun yaradıcılığının folklor, kulturoloji cəhətləri, bədii publisistikası xüsusi tədqiqat mövzuları səlahiyyətindədir. O, bir sıra ədəbi ödüllər mükafatçısıdır. Görkəmli yazarlar, tanınmış professorlar onun ədəbi irsi və şəxsiyyəti haqqında dəyərli fikirlər söyləmişlər. Və bildiyimə görə, onların sırasında akademik Teymur Bünyadov, akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, akademik Muxtar İmanov… və başqaları inamla Əli Rza Xələfli həqiqətlərini dilə gətiriblər. Əli Rza Xələfli böyük kədər yaşamış, üzüntülər görmüş həsrət şairi idi. İndi Allahımıza çox şükür ki, həsrətə son qoyuldu, torpaqlarımız yağıların tapdağından azad oldu. Qeyrətli oğullarımız, qazilərimiz ölüm-dirim savaşından alnıaçıq çıxdı. Onların arasında Ə.Xələflinin nəvələri də şərəflə özlərinə yer alıblar. Vətənin medalları ilə təltif olunublar. Şəhidlərimiz isə xalqın yaddaşında əbədi yaşam haqqı qazandılar. Vətən onun uğrunda ölənlərin və vuruşanlarındır birinci növbədə. Hörmətli Mədəniyyət Komitəsinin üzvləri və əlahəzrət oxucu(ları)m! Bu qədər geniş təqdimatdan sonra əsas mətləb üstünə gəlmək istəyirəm. Düşünürəm ki, bu yarlıqlara sahib çıxmış və artıq xalq tərəfindən müəyyən qədər tanınan və sevilən bir yaradıcı şəxsiyyət öz dəyərini niyə də dövlət səviyyəsində almasın? Axı bu insan çalışıb, gərgin, üzüntülü illər yaşayıb. Vətənin, torpağın taleyi üçün yuxusuz gecələr keçirib, ədəbiyyatımızın və dilimizin inkişafına xidmət edib. Əli Rza Xələflinin ədəbi-fəlsəfi düşüncə imkanlarını əks etdirən sonsuz sayda rübailəri və bayatıları var. Mən burada ancaq iki dördlüyünü diqqətə çəkmək istərdim. Baxırdım gündoğana, üzümə səhər güldü, Boylandım günbatana, könlümə qəhər güldü; Necə getdi bilmədim, vaxt ötdü, zaman keçdi, Köhlənimin üstündə boş qalan yəhər güldü.
Açılar qönçə güllər, sonunda solar gedər, Mən-mən deyən kimsənin sonu heç olar gedər. Bizim dünya evinə kim gəlsə boş qayıtmaz, Kədər olsun, ya sevinc, badəsi dolar gedər. Xatırladım ki, şan-şöhrət, var-dövlət acı olmayıb. Gözü, könlü tox insanlardan olub. Ta uşaqlıqdan mal-qara, qoyun-quzu dalınca qaçıb, təmiz, halal çoban çörəyi ilə böyüyüb. Fərqlənmə diplomu ilə ali məktəb bitirib, «Qabaqcıl maarif xadimi» döş nişanı ilə təltif olunub. Bunu idrak sahibi olan və Əli Rza Xələfli haqqında yazan bütün müəlliflər yaxşı bilir. İşıqlı adamlar üçün işıqlı yol açmaq sizin kimi, bizim kimi qanan, duyan, vicdan qarşısında hesab verməyə borclu olan vicdan sahiblərinin hünəridir. Artıq bundan sonrakı söz və əməl sizinkidir. İndi rəsmiyyətə doğrunu, həqiqəti çatdırmaq beləmi çətindir? Hörmətli söz bilənlərim, Sizi ucalarda, hünərlilər sırasında görürəm. İnanıram ki, haqqı, həqiqəti dilə gətirmək sizin üçün çətin olmaz.
13.03.2026 Hörmətlə: Əkbər ƏLİOĞLU, filologiya üzrə fəlsəfə doktoru
“OKSİGENSİZ HƏYAT OLA BİLMƏZDİ, BUNA GÖRƏ DƏ AXIRINCI KÜLƏK ÇƏRŞƏNBƏSİDİR” –
“KREDO” QƏZETİNİN BAŞ REDAKTORU Əli Rza Xələfli ÇƏRŞƏNBƏLƏRİN DÜZÜLÜŞÜ İLƏ BAĞLI FİKİRLƏRİ ŞƏRH EDƏRKƏN ONUN ELMİ VƏ MƏNTİQİ ƏSASLARI BARƏDƏ DANIŞIB
Novruz bayramı və ilin axır çərşənbələri ilə bağlı yalnız elmi tədqiqatla məşğul olan folklorşünaslar və etnoqraflar deyil, elmi təfəkkürlü ziyalılar da inandırıcı, qiymətli fikirlər söyləmişlər. Bu baxımdan ədəbiyyatşünas, şair-publisist Əli Rza Xələflinin düşüncələri maraqlıdır və qoyulmuş problemin həlli baxımından əhəmiyyət kəsb edir. O, haqlı olaraq qeyd edir ki, Novruz bayramı məsələsi tarixən Şərq xalqlarının, xüsusilə Azərbaycan xalqının, Qafqaz Albaniyasının ərazisi ilə sıx bağlıdır. Atropatena və Qafqaz Albaniyası ərazisində Novruz bayramının tarixi qaynaqlarda necə keçirilməsi ilə bağlı fikirlər bu gün də öyrənilməkdədir. Novruzun, xalqın ulu keçmişindən üzü bəri onun yaddaşında yaşayıb günümüzə qədər gəlib çıxması ortada olan gerçək faktdır. Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” roma-nında, Zərdüştlə bağlı materiallarda, bir çox mənbələrdə, Novruz adət-ənənələrində bu və ya digər şəkildə öz təsirini qoruyub saxlayır. Bəzi tədqiqatçıllar Novruzu daha çox atəşpərəstlərlə bağlayıb türk ruhundan kənarlaşdırmaq istəyirlər. Mənə elə gəlir ki, bu düzgün deyil. Çünki tarixən bu yerlə, bu yurdla bağlı olan Novruzun elə bu xalqın ulu keçmişində yeri olduğunu heç kim dana bilməz. Novruzla bağlı düşüncə materialları onun tarixinin çox qədim olduğunu göstərir. Çox təəssüf ki, İslam dini gələndən sonra Novruzu qadağan edə bilməsə də, ona dini mahiyyət verməyə, dini don geydirməyə çalışır. Bax, bu əslində xalqı yaddaşsızlaşdırma təşəbbüsüdür. Novruza nə qədər dini don geydirsələr də, o milli ruhunu qoruyub saxladı. Çünki İslamdan xeyli əvvəlki dövrlərə, ta-rixlərə bağlıdır. Mən indiyədək Novruzla əlaqədar müxtəlif yazılar yazmışam. “Novruzda 7 tonqal qalanır” adlı yazı ilə bağlı professor Azad Nəbiyev mənə zəng edib soruşmuşdu ki, niyə 7 tonqal? Dedim birinci tonqala Yalançı Çərşənbə deyirlər. 2-ci tonqal sadalanan 4 çərşənbədir (Su, Od, Torpaq, Yel). Digəri yeni il, yəni “Yaz günü” axşamı qalanan tonqaldır. Bir tonqal isə səhər tezdən qalanır. Həmin yazıda çərşənbələrin adları ilə bağlı fikirlərimi, mülahizələrimi də bölüşmüşdüm. 4 çərşənbə həyatın 4 elementi, 4 ünsürü ilə əlaqəlidir. Yəni, Su, Od, Torpaq və Hava (Yel). Burda xüsusi ardıcıllıq var. Novruz ümumiyyətlə, yaradılış bayramı olduğuna görə, türk xalqlarında bir Yaradılış mifi də var. Yaradılış bayramı olduğuna görə burda həyatın əmələ gəlmə prosesi məntiqi ardıcıllıqla özünü göstərir. Suyun, həyatın əmələ gəlmə prosesində ilkin olduğu anlamına baxaq. Bir çox planetləri şərh edəndə onların buz təbəqəsindən ibarət olduğunu qeyd edirlər. Həmin buz təbəqəsi eyni zamanda Yer planetinə də aid edilir. Bu, həya-tın ilkin əsasının sudan ibarət olamsı anlamına gəlir. Sonra Yerin maqması, Yerin dərinliklərində gedən odlu proseslər – qızma prosesi üzə çıxır və bu müxtəlif vulkanlarla müşayiət olunur, buzlar çatlamağa, əriməyə başlayır. Sonra buxarlanmalar, daha sonra torpağın üzə çıxması prosesi gedir. Nəha-yət, həyatın əmələ gəlmə prosesində oksigenin rolu ortaya çıxır. Deməli, axırıncı ünsür əslində küləkdir, yeldir, yəni havadır. Osigensiz həyat ola bilməzdi axı. Buna görə də axırıncı Külək Çərşənbəsi – Yel Çərşənbəsidir. Ab, Atəş, Xak, Bad. Bu ardıcıllıq, bu sıralanma Azərbaycan şifahi xalq ədəbiyyatında nağıllarda və miflərdə də qorunub saxlanılıb. O cümlədən Dirili Qurbanidə. Qurbanini bəzən aşıq kimi xarakterizə edirlər, ancaq Dirili Qurbani xalq mütəfəkkiridi, el şairidi, ozandı, qopuzla saz arasındakı mərhələdə – saza keçiddə Qurbaninin əvəzsiz xidmətləri vardır. Yəni, sazı da kifayət qədər mənimsəmiş mütəfəkkir sənətkardır. O deyir: Ay ağalar, dərdim yaman artıbdı, Çərxi-fələk eldən daşım atıbdı, Səkkiz şeydi, bu dünyanı tutubdu, Abu, atəş, xakü, baddı, dördü nə? Bir şerində də “dünyanın məhəbbəti dörd kitabdadır”- deyən şair yenə həmin fikrə qayıdır, yəni dünyanın dörd ünsürdən (su, istilik, torpaq, hava) təşəkkül tapması fikrini irəli sürüb.
ƏJDƏR OL OBRAZI yaxud lo-dan gələn yazı Xalq arasında qəfil gələn bəlaya “lo” deyirlər, bəzi yerlərdə “lov”, bəzi yerlərdə “alov” da deyilməyi var. Cəmiyyətin içində baş verən hadisələrin “lo”-ya çevrilməyi də var. “Lo” bir çox hallarda cəmiyyəti dəyişməyə, onu yeni axara salmağa xidmət edir, bəzən də yaxşıya, pisə fərq qoymur. Qabağına çıxanı öz axarına alır, ağzına götürür. Görünməzliklərə, bilinməzliklərə aparır. Azərbaycanın siyasi-mənəvi mühitində son vaxtlar baş verən hadisələr çoxlarını qane edir. İnsafən insanlar nizam, başıpozuq əməllərə düzəm intizarındadır. Ona görə də korrupsiya əməllərinə qarşı görülən tədbirləri əhalinin çox böyük əksəriyyəti razılıqla qarşılayır və mən də bu razı olanların tərəfindəyəm. Ancaq bəzən axın rənglərə fərq qoymur; az günahı olanla, çox günahı olanın arasında fərq görmür. Azərbaycan ədəbiyyatının çox istedadlı şairi və tərcüməçisi, “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” povest və hekayələri, “Lo” romanı ilə görkəmli nasir kimi tanınan Əjdər Olun hüquq mühafizə orqanları tərəfindən saxlanılması söz-sənət bilicilərini, ədəbiyyat adamlarını və mənim özümü də çox acı xəbər kimi sarsıtdı. Yazıçı Əjdər Ol- Əjdər Cəbiyev adı ilə sıradan bir məmur olub. Həyatının az qismini rəsmi dövlət orqanında müəyyən rəhbərliyin tapşırığı ilə icraçı qismində yaşayıb. Zənnimcə, müəyyən tapşırıq və icraçı anlamları qarşı-qarşıya gələndə ölçülər çox aydın görünür. Əgər bu cür yanaşma olsa, Əjdər Olun yazıçılıq missiyası onun günahlarının (əgər varsa) fövqündə dayanır. Vicdanlı münasibət tələb edir ki, etiraf edək; Əjdər Ol Azərbaycan ədəbiyyatı üçün sıradan bir nəfər deyil. Onun ədəbi kimliyi Azərbaycan mənəvi mühitinin siması olub. Mənim ( və yüzlərlə mənim) kimi sıradan ədəbiyyat adamlarının nəzərində Əjdər Ol (Əjdər Cəbiyev) yaşayan Xaqanidir, canlı Seyid Əzimdir, milli dərdlərin daşıycısı Sabirdir. Onun cəmiyyətdən az müddətə də olsa, təcrid olunması dəyərlərin əzilməsinin təcəssümüdür. Mən hüquq mühafizə orqanlarının qanunun aliliyinə xidmətini qətiyyən şübhə altına almıram. Ancaq Hüquq Mühafizə orqanlarındakı ali şəxslərin humanist təbiətinə güvənərək xahişimi bildirirəm: Əjdər Cəbiyevə – Əjdər Ola mümkün qədər humanizm prinsipləri ilə yanaşmaq sözə, sənətə hörmətin təsdiqi demək olardı. Ona görə də vəziyyət aydınlaşana qədər zəmanəmizin böyük yazıçısı Əjdər Olu heç olmasa, göz altında saxlamaq şərti ilə azadlığa buraxsınlar. Hər bir ədəbi mühitin hadisəsi kimi ədəbi tənqidin yaddaşında yer alan əsərləri yaradan sənətkar təkcə ədəbiyyatın milli ruhunun qorunmasına yox, həm də milli düşüncənin qorunmasına təkan veirir. Təkcə elə “Lo” romanı 90-cı illərin əvvəlləri üçün yaddaşın qoruyucusudur, əgər belə demək mümkünsə, ədəbi qaraçuxadır. Nə qədər ədəbi qaraçuxadırsa, bir o qədər də əbədi qaraçuxasıdır. O dövürdə baş verən siyasi hadisələri bu gün hər kəs öz niyyətinə uyğun şərh etməyə çalışır. Kütləni isə biz görmüşük ki, populit çıxışlarla asanlıqla aldatmaq mümkündür. Ancaq Əjdər Ol “Lo” romanı ilə elə bir daş yazısı yaradıb ki, hər vaxt canlı şahid kimi tarixin obyektiv şərhinə sübut olacaq. Bütün bunları nə üçün xatırladıram: mənə elə gəlir ki, Əjdər Olu düşdüyü mühitin özündə, yaranmış şəraitin özündə qavramaq, dərk etmək vicdani bir iş olardı. Onsuz da hamımıza məlumdur: məmur düşdüyü vəziyyətdə demək olar ki, müstəqil deyil, o, şəraitin diktəsi ilə hərəkət edir. Qanunlarımızın humanist tərəfi də var; göz altında gözləmək yolu da seçmək olardı. Onsuz da zaman çox səhvləri düzəldir. Təəssüf ki bəzən gec olur. Dövrümüzün böyük sənətkarı Musa Yaqub deyir ki, Əjdər Olun günahı olsa-olsa Günəbaxan zəmisindən götürdüyü bir tumdur. Bir var bütöv zəmini biçəsən, bir də var zəmidən bircə tum götürəsən. Axı bunların fərqi var. Qanunun humanist mahiyyəti bunu yaxşı bilir. Bu yazının ikinci başlığında “Lo” sözünü sərbəst verdik, dırnağa almadıq. Yəni təbiətin üstündən keçən bir külək var, buna “lo” deyirlər. Və elə buna müvafiq olaraq cəmiyyətdə baş verən hadisələrin də mahiyyətində lonu görmək mümkündür. Əjdər Ol – Əjdər Cəbiyev açıq təbiətli adamdır. Onun ziyanını özündən başqa gərək ədəbi mühitin çoxlu simaları yığışıb ödəsin. Çünki Əjdər Ol işıq olanda özünü hamı üçün paylamışdı… Biz çox məhkumluqların xəcalətini çəkmişik. Repressiyaların ağrısını yaşamışıq. Əjdər Ol – Əjdər Cəbiyev kimi sənətkarın da ağrısını çox istərdim ki, gələcək nəsillər yaşamasın. Mən inanıram humanizm qalib gələcək… Əli Rza Xələfli 15.02.2021 “Kredo” qəzeti №7-8, fevral 2021 P.S.mənim Əjdər Ol ilə şəxsi dostluq münasibətim olmayıb.. P.S.S.. söhbət yalnız məsələyə vicdani münasibətlə bağlıdır… (Bu P.S.lər bəzi telefon zənglərinə cavab üçün yazıldı)
Bəzi adamlar insanlar arasındakı müqayisəni israrla qüsurlu hesab edirlər. Fəqət, bəşəriyyət hələ ki, oxşar və fərqli cəhətləri, yaxud birinin o birisindən üstünlüyünü müəyyənləşdirmək üçün, müqayisədən dəqiq qarşılaşdırma, tutuşdurma tapa bilməyib. Bu dəfə sizə bütün müqayisələrdən alnıaçıq, üzüağ çıxan bir insan haqqında danışmaq istəyirəm. Şair, yazıçı, jurnalist, “Kredo” qəzetinin baş redaktoru- Əli Rza Xələflidən. Amma gəlin əvvəlcə onun ömür yoluna səyahət edək. O, 1953-cü ilin dekabr ayının 7-si Cəbrayıl rayonunun Xələfli kəndində dünyaya gəlsə də, doğum şəhadətnaməsində bu tarix oktyabrın 1-i kimi göstərilib. 1975-ci ildə indiki Pedaqoji Universitetin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə doğulduğu rayonun Şahvəli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləyib. Həmin illərdəki pedaqoji fəaiyyətinə görə “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülüb. 1980-ci illərin əvvəlindən mətbuatda çalışır. 1980-1993-cü illərdə rayon qəzetində müxtəlif vəzifələrdə işləyib. “Xudafərin”, “Qoşa qanad”, “Qarabağ” və “Həyat” qəzetlərində xüsusi müxbir, şöbə müxbiri, şöbə müdiri və eləcə də redaktor əvəzi olub. Ədəbi-publisistik yazıları və şeirləri dövrü mətbuatda müntazam çap olunur. 2002-ci ildə “Qızıl qələm” medalı mükafatına, 2003-cü ildə “Məmməd Araz”ali ədəbi mükafatına, 2004-cü ildə AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosunun “Qılınc və qələm” yaddaş mükafatına, 2008-ci ildə Beynəlxalq Rəsul Rza mükafatına, 2010-cu ildə isə Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülüb…
Mehriban, qonaqpərvər, əyləncəli, simpatik, düşüncəli və cəlbedicidir. Xarakter baxımından cazibədar və sirli xüsusiyyətlərə malikdir. Ətrafındakı insanlara qarşı diqqətli və anlayışlı davranışı ilə tanınır. İti düşüncəsi və hadisələrə rasional yanaşma tərzi istənilən çətin vəziyyətdə onu doğru qərar verməsinə kömək edir. Dostluq və iş münasibətlərində güclü təsir bağışlayaraq qarşısındakı insanları heyran qoyur. Ünsiyyətdə inam qazanmağı və mürəkkəb məsələləri asanlıqla həll etməyi bacarır…
Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov onun yaradıcılığını belə xarakterizə edir: “Əlirza Xələflinin poeziyası irfan dünyasından bir əlçim buluddur və bir bülbülün sızlar türküsünə çevrilib söz gülüstanına yağan ağ yağışdır. Onun poetik üslubda metaforikləşmiş dərin məna yarada bilmə funksiyası hər məqamda özünü göstərir. Poetik üslubun assosiativ təzadlar silsiləsi bu adlar silsiləsinin tarixi mahiyyətinin duyumuna, dərkinə xidmət edir. Əli Rza Xələfli ümumi epik təsvirdən aralanaraq öz hiss və həyəcanlarını ifadə edir, müxtəlif yönlərdə mühakimələr yürüdür, həyat, insan, cəmiyyət haqqında düşüncələrini ifadə edir, burada lirizm hərtərəfli görünür. Onun yazdıqlarında bədii mətnin, parçanın məna tutumu çox yüksəkdir. Bir qoşa misrada – məsnəvidə obraza elə səmimi, duyğulu yanaşa bilir ki, kiçik mətndə, az sözlə bütöv bir obrazı, xarakteri təqdim edir. Bu məna tutumu barədə müxtəlif mülahizələr də söyləmək olar. Amma şair sözdə ciddidir, sözü havayı yerə işlətmir. Bu mənada Əli Rzanın ədəbi – fəlsəfi mühakimələri ciddi marağa səbəb olmaya bilmir…”
Həyat eşqi ilə dolu adamdır. Yüksək yumor hissi var, şən və istiqanlıdır. Sevməyi və sevilməyi xoşlayır. Qayğkeş olduğundan əldə etdiklərini imkansızlarla bölüşməyə hazırdır. Onun ən müsbət tərəfləri isə əsasən məntiqli qərar verməsi və düşdüyü mühitdə hörmət qazanmağı bacarmasıdır. Bir az romantik, bir az da emosionaldır. Yaxşı həmsöhbətdir. Məsələlərə ədalətli yanaşmağı xoşlayır. Nəzakətlidir, diplomatikdir. İş həyatına gəldikdə isə çox istedadlıdır. Narahat və stresli mühitlərdə işləməyi sevmir…
Tarix üzrə fəlsəfə doktoru Yusif Mahmudov isə onun haqqında yazır: “Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında, ümumən ədəbi mühitdə və elmi-ictimai media aləmində “Kredo”su ilə özünə möhkəm yer eləmiş Əli Rza Xələfll dövrümüzün görkəmli nasiri, şairi və jurnalisti kimi çox yaxşı tanınan və sevilən şəxsiyyətdir. Şübhəsiz, Əli Rza müəllimin bir yazar kimi dəsti-xətti lap sonsuzluqdan belə oxucusunu çağırır. Manevrli publisistikası şirinliyi, duzluluğu, fərqliliyi ilə ədəbiyyatımızın içində bütövləşmiş bir heykəl kimidir. Onun yazılarında da, adi danışıq və nitqlərində də cəmiyyət və təbiətin qırılmaz ülvi bağlılığı, vəhdəti apaydın süd kimi görünür. Alovlu çıxışlarını dinlədikcə, sanki sehirli nağıllar aləmində itib-batırsan. Ədəbiyyat tariximizin, o cümlədən folklorumuzun gözəl bilicilərindən olan Əli Rza Xələflinin yazılarında bir elat dünyası yaşayır. O, bu dünyadan ana təbiətin füsunkarlığını seyr edir, onu sözə gətirir, elmi istiqamət verir, ictimailəşdirir. Onun Söz gücü Təbiətin ilahi eşqini ürəklərə daşıyır. Bunu bayatılarında daha aydın hiss etmək olur. Təbiətə sevgi ona qayğıkeş münasibətdən başlayır. Bu cür münasibətin yeniyetmə və gənclər arasında yaradılmasının gələcək nəslin həyati vacib bir məsələ kimi ekoloji mühitin sağlamlaşdırılmasında mühüm əhəmiyyəti vardır. Bədii detllardan məqsədli və elmi şəkildə istifadə səmərə verə bilər…”
Qəlbi həyatın hər anını doya-doya yaşamaq arzusu ilə doludur. Onun üçün yeni təcrübələr və sərgüzəştlər həyatın ən dəyərli hissələridir. O, enerjili, optimist və macəra ruhuna malikdir və onun daim yeni məlumatlar öyrənmək və müxtəlif mədəniyyətlərlə tanış olmaq istəyi heç vaxt tükənmir. Onun bu liberal xarakteri karyerasından tutmuş şəxsi həyatına qədər hər sahədə özünü göstərir. Məhdudiyyətlərdən qaçmağa üstünlük verir və həyatda öz yolunu qurmaqda çox qərarlıdır. Münasibətlərdə isə tərəfdaşı ilə səmimi və dürüstdür. Müstəqillik onun üçün çox vacibdir, lakin o, həm də mənalı və dərin əlaqələr qurmaq arzusundadır. Erkən gəncliyindən həyatda azadlıq, macəra və yeni kəşflər axtarır. Bu, onun optimist və macəraçı xarakterini və həyata dərin sevgi və marağını əks etdirir. Yaxşılıq etməyi çox sevir. Əgər kiməsə pislik edibsə, onu həyatı boyu unutmur və davamlı peşmançılıq hissi keçirir. Hər şeyə müsbət tərəfdən baxmağı bacaran insandır. Bəli, bu baxımdan yaxın ətrafı ona həsəd apara bilər…
Deyir ki:- “Azərbaycanın indiki mənzərəsi qələm adamları tərəfindən kifayət qədər ya dərk olunmur, ya da çətin anlaşılır. Çünki müstəqilliyin 30 illik mərhələsini keçməyimizə baxmayaraq, nə köhnə meyarlar tam aradan qalxmayıb, nə də yeni meyarlar kifayət qədər açılmış deyil. Və yaxud yeni meyarların yeni ədəbi yanaşma düşüncəsi prosesi çox ləng gedir. On-on beş il əvvəl “postmodern” adı ilə özünü göstərən ədəbi tüğyançılıq da sanki sönüb. Çünki həmin ədəbi tüğyan və tüğyançılar özləri də eksperiment hüququndaydılar. Adını nə qoyursan-qoy, hər bir yeni zaman axtarış üçün meyar açır. Əxlaqda, mənəviyyatda, siyasətdə, hətta dinə münasibətdə yeni meyarların yaranması həyat hadisələrinə münasibətdə dəyişməyi tələb edir…”
Bəli, oktyabrın 1-i Əli Rza müəllimin rəsmi ad günüdür, 72 yaşı tamam olur. Ona möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayıram…
Əlvida, “Azərbaycan” nəşriyyatı! Bəzən bir sosial şəbəkə paylaşımı insanı illərin yaddaşına, unudulmuş dəyərlərə, sükutla vidalaşan bir dövrə aparır. Bu yazını yazmağa məni vadar edən də məhz belə bir hiss oldu. Azərbaycan jurnalistikasına, publisistik fikrə, kitab mədəniyyətinə 35 il ömrünü həsr etmiş Əlirza Xələflinin Facebook hesabında paylaşdığı çıxışının video paylaşımını görəndən sonra içimdə ağır bir nisgil yarandı. Bu nisgil təkcə bir nəşriyyatın taleyi ilə bağlı deyildi – bu, bütöv bir dövrün sakitcə pərdəsini endirməsi idi:
“Azərbaycan” nəşriyyatı sadəcə kitab çap edən bir müəssisə olmayıb. O, onilliklər boyunca sözün ünvanı, fikrin sığınacağı, qələm adamlarının ümid qapısı olub. Buradan minlərlə kitab oxucuya yol tapıb, neçə-neçə gənc yazar ilk dəfə adını kitab üzərində görüb, neçə-neçə alim, publisist, şair öz fikrini gələcək nəsillərə əmanət edib. Bu divarlar arasında təkcə kağız qoxusu yox, həm də zəhmət, sədaqət və mədəniyyət ruhu dolaşıb. Əlirza Xələflinin çıxışı isə bu ruhun necə yorulduğunu, necə tək qaldığını açıq şəkildə göstərirdi. 35 il – az zaman deyil. Bu, bir insan ömrünün ən məhsuldar, ən məsuliyyətli illəridir. O illəri qonorarsız məqalələrə, gecələr yazılan yazılara, çətin şərtlər altında nəşr olunan kitablara həsr etmək isə yalnız peşəkarlıq deyil, həm də missiyadır. Təəssüf ki, bu missiya bu gün layiq olduğu dəyəri görmür. Ən acısı da odur ki, biz itkiləri adətən hər şey bitəndən sonra anlayırıq. Nəşriyyat qapadılır, redaksiyalar boşalır, kitabların səsi kəsilir – və yalnız bundan sonra “niyə belə oldu?” sualını veririk. Halbuki bu sualı daha əvvəl, hələ söz danışa bilərkən, hələ kitablar çap olunarkən vermək lazım idi.
“Azərbaycan” nəşriyyatına vida əslində bir quruma yox, bir düşüncə tərzinə, bir mədəni ənənəyə vidadır. Bu vida səssizdir, pafossuzdur, amma çox ağrılıdır. Çünki bu səssizliyin arxasında diqqətsizlik, biganəlik və dəyərlərə qarşı laqeyd münasibət dayanır. Bu yazı bir ittiham yox, bir xatırlatmadır. Xatırlatmaq üçündür ki, mədəniyyət təsadüfən yaşamır, söz öz-özünə ayaqda qalmır. Onu yaşadan insanlar var – Əlirza Xələfli kimi insanlar. Onların səsi eşidilməyəndə, zəhməti qiymətləndirilməyəndə, nəticə belə olur: “Əlvida”. Bəlkə də bu vida son deyil. Bəlkə də bu, yenidən düşünmək, yenidən dəyərləndirmək üçün bir çağırışdır. Amma bir həqiqət var ki, “Azərbaycan” nəşriyyatı ilə birlikdə biz bir az da sözə olan hörmətimizi itirdik. Əlvida, “Azərbaycan” nəşriyyatı. Səninlə birlikdə bir dövr də tarixə çevrildi. P.S. Həqiqətən də, bu “əlvida” deyilən çıxışa çox təsirləndim….
ƏLİ RZA XLƏFLİNİN 65 YAŞI və yeni Kitablarının təqdimatı qeyd ounacaq
Eheyy, doquzuncu əsr, sənə salam var, İndiki zamanın, əsrin adından. Ruhumda, canımda Babək qalam var, Yəqin ki, çıxmayıb hələ yadından.
…Səni çağırıram doqquzuncu əsr, Səsimi eşitdin, niyə dinmədin?! Təbriz can üstədir, Qarabağ əsir, Bəs hanı cihadı, niyə susur din?! (Ə.R.Xələfli)
Sayğılı dostlar! Drili Qurbani Məclisinin üzləri və qurbanisevərlər! Saza-sözə könül bağlayan istəkli qələmdaşlar! Bildiririk ki, görkəmli nasir, şair və publisist, AYB və AJB-nin üzvü, bir sıra nüfuzlu ədəbi ödüllərin mükafatçısı, Prezident təqaüdçüsü, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin anadan olmasının 65 illiyi və son dövr nəşr ounmuş kitablarının təqdimat mərasimi 5 dekabr 2018-ci il tarixdə, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Klubunda keçiriləcəkdir. Geniş tərkibdə oxucu kütləsini, o cümlədən tanınmış ədəbi simaları, elm adamlarını, mədəniyyət və incəsənət xadimlərini, bədii söz ustalarını, digər ədəbiyyatsevərləri əhatə edəcək bu tədbir gerçəkdən bir ədəbiyyat-mədəniyyət şöləni kimi yaddaşlara yazılacaq. Qeyd etmək yerinə düşər ki, sayın Əlirza müəllim məclisimizin təsis yığıncağında (2004) bizimlə bir arada olmuş, qurulmaq istəyində bulunan sazlı-sözlü məclisimizə xeyir-duasını əsirgəməmidir. İlk illərdə, DQM-nin fəaliyyəti onun rəhbərlik etdiyi qəzetdə (“Kredo”) işıqlandırılmış, məclis üzvlərinin yaradıcılıq nümunələrinə yer verilmiş, Ə.R.Xələflinin dəvəti ilə məclisimizin 2-ci toplantısı bu qəzetin redaksiyasında keirilmişdir. Təsadüfi deyildir ki, məclisimiz də Ə.R.Xələflinın bu təmənnasız ədəbi xidməti qarşılığında onun həyat və yaradıcılığı ötən məclislərimizin birində yüksək səviyyədə qeyd olunmuşdur. Beş il öncə Ə.R.Xələflinin 60 illik Yubileyi ilə əlaqəli keçirilən toplantılarda da məclis üzvlərindən bir neçəsi bu tədbirə qatılmışdılar. Şübhə etmirik ki, bu dəfə də belə olacadır. Əli Rza Xələflinin sənət dünyasına bir başqa ovqatda baş vurmaq, sehirli qələm məhsulları ilə bağrıbadaş olmaq istəyirsinizsə, yuxarıda diqqətinizə yetirdiyimiz tarixi, zamanı və məkanları UNUTMAYIN! Gəlin ha, GÖZLƏYİRİK! İstəkli Söz adamları, şeirin-sözün keşiyində duranlar, gəlin ki, ƏLİ RZA XƏLƏFLİNİN 65 YAŞInı birlikdə yaşayaq! Birlikdə yaşayaq ona görə ki, bu ömür qeyri-adi olmasa da belə, onu çağımızacan sürmüş Əli Rza Xələfli Ruhu Vətən ağrısı üstə daha çox köklənib deyə, Yurd istəkli-Yurd həsrətli hər kəsə bu ömür yaşantısından bir pay düşür. Necə ki, yazır:
Həsrətimdən küləklər bir pay qurda aparsın, Dağılmasa buludlar üzü nurda aparsın. Üstümdən əsən yellər yön tutsun Qarabağa, Nəfəsimdən bir ah da bizim yurda aparsın.
Dünya bir pəncərədir Görünən adamın xatirəsinə elegik pıçıltılar
Nə qədər yazaq, nə qədər söz çevirək, yenə son nəticədə xalqın dediyinə, bizdən əvvəlki insanların sözünə qayıdırıq. Görkəmli ictimai-siyasi xadim Tağı Əhmədovun ölüm xəbəri çoxlarına, elə mənə də qəlbimi sıxan, ruhuma kövrəklik qatan bir kədər gətirdi. Harada olsa, Tağı Əhmədov görünən idi. Bütün həyatını məsul işlərdə, mötəbər vəzifələrdə keçirsə də, həyat onu ütüləyə bilməmişdi. Bircə onu deyirəm ki, Tağı müəllim ömrünün axırınacan orijinal olaraq qaldı. Düşünürəm ki, orijinallığı, müstəqilliyi, qorxmazlığı qoruyan, gözü qıpıqlığı sərhədlərinə yaxın buraxmayan insan elə bizim arzuladığımız obrazdır. Haracan desən, səmimi idi. Qətiyyən sözü tələb olunan ahəngindən aşağı salmırdı. Görünür, onun sərtlik, bəlkə bir az da zahirən qabalıq kimi görünən tərzi çox vaxt mübahisələrə səbəb olurdu. Ancaq o, sözünün necə başa düşüləcəyinin fərqində olmurdu. Ona görə ki, mənanı açıq, qabarıq şəkildə qarşısındakına çatdırmağa təbiətindən gələn heç bir maneə yox idi. Əvvəllər elə bilirdim ki, Tağı Əhmədov kimi adamlar kövrələ bilməz, heç yumşaq da danışa bilməz. Bir-iki tədbirdə adamlar arasında məni görən kimi əli ilə yaxına çağırıb. Bir az aralı dayanmışam, lap qolumdan tutub özünə sarı çəkib. Kövrəklik dedim… Cavidin xatirə günü idi. Məni də yenə yanına çağırmışdı. Turan xanımdan, Ərtoğruldan söhbət daha ağrılı keçirdi. Çıxış edənlərin nitqi bu ağrını nə dərəcədə çatdırıb-çatdırmamağının fərqində deyildi. Amma özü kövrəlmişdi və hiss edirdim ki, o, Ərtoğrulun taleyinə kövrəlir. Bir dəfə də Milli Dram Teatrında bir tamaşanın premyerasına yığılmışdıq. Bir də gördüm ki, tanımadığım bir şəxs məni kənara çəkdi. “Tağı müəllim səni gözləyir”, – dedi. Getdim, baş rejissorun kabinetində idi. Deyəsən, fasilə idi. Az müddətdə kifayət qədər məşhur olan adamların arasında rəğbətini elə incəliklə və həm də gizlətmədən bildirdi ki, hər kəsin diqqətini cəlb elədi. Haqqımda xoş sözlər dedi; guya ki, mən çox istedadlıyam, yorulmadan yazıram və çox ilhamlı şairəm. Etiraf edim ki, görkəmli incəsənət adamlarının arasında Tağı müəllimin dilindən səslənən bu sözlər təsirsiz qalmadı. O az müddətli görüşdən sonra orada məni görüb tanıyanlarla sonralar aramızda isti salam-kəlamlar yarandı. Tağı müəllim şairlik iddiası olmayan şair idi. Ədəbi təxəllüsünü də “Sadiq” ünvanı kimi seçmişdi. Bəli Tağı Sadiq vətəninə, xalqına, ən başlıcası, insanlığa sadiq idi. Cavidşünaslıqla məşğul olanların hamısına birmənalı olaraq qayğı göstərirdi. Kimə, necə, nə qədər – deyə bilmərəm. Bir etirafım da var: “Niyə bir kitabını da gətirmirsən çap elətdirim?” – bu da Tağı Sadiqin sözü idi. Beləcə, “Araz ağrısı” kitabımın maketini və diskini aparıb iş yerində birinci mərtəbədəki mühafizəçiyə verdim. Və nəticəni intizarla gözləmədim. Elə bil ki, unudacağını, yaddan çıxaracağını fikirləşirdim. Amma yox. Şəxsiyyətlər heç nəyi unutmur. Tağı Əhmədovda – Tağı Sadiqdə bir mənəvi toxluq vardı. O insanlara yox, ümumiyyətlə, həyata yuxarıdan aşağı baxırdı. Bir dəfə “3d” verilişində aparıcı (adını çəkmirəm) “Sizə metro Tağı deyirlər, bu sizi narahat etmir ki?” sualını vermişdi. “Niyə narahat olmalıyam? İşimlə, ixtisasımla, əməli fəaliyyətimlə bağlı addır. Burada pis nə var ki?!” – bəli, Tağı Əhmədov belə təmkin sahibi idi. Cırmaqlamağa, ilişməyə yer axtaranlara iynə ucunca da imkan verməzdi. Xələflinin yaxşı suyu olur – bunu da bir dəfə Tağı müəllim dedi. Sanki ayağımın altından yer qaçdı: “O, Xələflini haradan görüb, hansı sudan danışır?” – təəccübümü hiss edib “Araz qırağındakı dəmiryol stansiyasındakı vağzalın qabağındakı sudan danışıram” – dedi. Bəli, axı Tağı naxçıvanlı idi, şahbuzlu idi. Tipik naxçıvanlılıq, istiqanlı şahbuzluluq onun xarakterinə hopmuşdu. Və özü danışdıqca xəyalım 70-80-ci illərə getdi. Naxçıvan qatarı ilə gedənlər bizim vağzalda düşüb gəzinir, dağlardan süzülüb gələn sudan içir, Diri dağlarının əzəmətinə, sərhədin içincə çağlayıb gedən Araza, vadidəki bağ-bağata baxıb “buralar əsl cənnətdir” deyərdilər. İndi mənə aydın oldu ki, bizim yerləri cənnət hesab edənlərdən biri də Tağı müəllim olub. Yuxarıda demişdim axı, el sözü daha mötəbərdir. Daha gedib başqa yaxşısını axtarmağa da yer qalmır. Bu pəncərə olan dünyadan Tağı müəllim də baxdı, getdi. Amma elə-belə baxmadı. Şöhrətinin, incə-kövrək şeirlərinin, ən başlıcası, humanizminin, insanlığının pəncərəsindən baxıb getdi. Ədəbi-bədii kitabları, mütəxəssis yazıları, rəsmi dövlət təltifləri ilə heç vaxt unudulmayacaq. Yaddaşlarda bütöv şəxsiyyət kimi, açıq danışmağı bacaran xarakter sahibi kimi qalacaq. Neyləmək olar, dünya bir pəncərədir. Hər gələn baxıb gedər. Amma bu baxıb gedənlərin çoxu görünməz, görünmədiyi üçün də yaddaşda qalmaz. Tağı Əhmədov görünən insan idi.