Bu gün nəcib insan, əsl ziyalı, sevimli şair və bütün bunlarla bərabər gözəl xanım CAROLİNE LAURENT TURUNCun doğum günüdür! “Yazarlar” olaraq, Fransada (Paris) yzıb-yaradan həmkarımızı bu şad günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində bolluca uğur arzulayırıq!!!
Dünyanın ən gözəl duyğusu- mənəvi dəyərlərin ən ucası olan vicdandır.Mərhəmət də, təvəzökarlıq da, səmimiyyət də, dürüstlük də məhz elə vicdandan başlayır… Benjamin Franklinin gözəl bir aforizmi var; “Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz bir vicdan apar.”.. Bu dəfə mən sizə cəmiyyətimizə, mədəniyyətimizə böyük töhvələr verən, biz gəncləri daim irəliyə getməyə sövq edən, dürüstlüyü, vicdanı, sadələyi, təvəzökar xüsusiyyəti ilə seçilən Dilarə Əzizova’dan yazacağam. Əzizova Dilarə Hidayət qızı 1963-cü ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1970-1980-cı illərdə Qaşqaçay kənd orta məktəbində təhsil alıb. 1985-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinə qəbul olub. 1990–cı ildə təhsilini başa vurduqdan sonra Qax rayonuna təyinat almışdır. İlk iş yeri İsmayıl Dağıstanlının Xatirə muzeyi olub. Rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində, Mərkəzi kitabxanada biblioqraf, baş biblioqraf vəzifələrində çalışmışdır. 2003-cü ilin oktyabr ayının 1-də Qax rayon Mədəniyyət və Turizm şöbəsinə inspektor vəzifəsinə irəli çəkilmişdir. 2016-cı ilin may ayndan oktyabr ayınadak şöbə müdiri vəzifəsini müvəqqəti icra etmişdir, ləğvetmə komissiyasının sədri olmuşdur. Hal-hazırda Şəki Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Qax rayon üzrə numayəndəsi kimi fəaliyyət göstərir. Elə bu dəmdə rəhmətlik Elçibəyin kəlamı yadıma düşdü.Elçibəy deyirdi ki; hərənin öz yolu var.Yalnız pul yolunu tutsan, bir gün da sən də xərclənəcəksən, yalnız vəzifə yolunu tutsan, hörmətsizləşəcəksən, amma millət yolunu tutsan, böyüklərdən böyüksən! Dilarə xanım müxtəlif vəzifələrdə çalışsa da, el-oba içində, cəmiyyət içində, kollektiv içində böyük rəğbət qazanan şəxsiyyətlərdəndir.Onu insanlara sevdirən tamamilə saf duyğuları, incə və nəzakət dolu sözləri, kübar obrazı, vicdanla, dürüst bir şəkildə işini layiqincə yerinə yetirməyidir… Bilirsiniz, bəzən elə insanlar olur ki, yaratdığı, qurduğu, bildiyi heç nə olmur, amma öz yersiz eqoları ilə iş həyatında hər kəsə belə birtəhər baxırlar. Belə insanlarla, Dilarə xanım kimi insanları düşüncəmdə qarşı-qarşıya qoyanda, anlayıram ki, ən gözəl hiss ətrafın sevgisini, doğmalıq hissini qazanmaqdır… Dilarə xanımın mədəniyyət sahəsində əməyi əvəzedilməzdir.Vicdanla işləyir, dürüst mövqeyi və insani keyfiyyətləri ilə seçilir. Onun biz gənc yazarlara olan mənəvi dəstəyi, doğrudan da yazıb, yaratmağa İlham qaynağıdır. O, demir ki, siz hələ əlinizə qələmi yenicə almısınız, bir az gözləyin.O, həmişə, hər yerdə deyir ki, gənclərimizin irəli getməsinə zəmin yaradın. Nə yaxşı ki, bizim məmləkətimizdə belə gözəl şəxsiyyətlər var.Örnək və əsl vətəndaş mövqeyli! Bütün Qax yazarları adından Dilarə xanıma bizə göstərdiyi qayğı və mənəvi dəstək üçün təşəkkür edirik.
Aytac İBRAHİM – “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, Qax bölgə təmsilçisi.
Vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi “Qızıl qələm” mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirmiş, cəmiyyətdə haqlı narazılığa səbəb olmuşdur. Mətbuat Şurası jurnalistikamızın və peşəkar media işçilərinin nüfuzuna xələl gətirən bu məsələyə biğanə qala bilməzdi. Buna görə də MŞ-nın tapşırığıyla quruma faktiki rəhbərlik edən Ç.Qurbanoğlu Şuraya dəvət olunmuş, icraçı katibini müavini İlqar Tağıyev Mətbuat Şurasının mövqeyini, irad və tövsiyələrini onun diqqətinə çatdırmışdır. Nəticədə, Ç. Qurbanoğlu Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlamışdır: “Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi “Qızıl qələm” və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin, MŞ-nın tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirirəm.” Mətbuat Şurası müraciəti anlayışla qarşılayaraq problemin həllini tapdığını bildirir, yeri gəlmişkən, diğər ictimai qurumlara da müraciət edərək media adıyla mükafatlar verilməsində ehtiyatlı davranmağa, jurnalistikamızın nüfuzuna xələl gətirən addımlardan çəkinməyə çağırır.
İndi bütün dünyanın gözü bizə dikilib, İndi bütün adamlar bir can, bir bədən olub. Xaraba həyətlərin hasarları sökülüb, Sənin, mənim olan yer birləşib Vətən olub!
Nələrə qadir deyil yurd eşqi, el əməyi? Üzümüz sabahadır, sanmayın yol azalıb… Dağıdılıb körpülər, ancaq qəm eləməyin, Bu qıjıtılı çaylar çox körpü yola salıb…
Bərgüşad Həkəriyə qoşulub axır, axır, Biz millət savaşından geri dönmərik əsla! Murdar ayaqlar dəyən bu müqəddəs torpağı Gərək salavat çəkib təmizləyək Arazla!
Gözəl bir məkan varmı bu yurddan, bu ölkədən? Bu torpaq möcüzədir, daş da səpsən, bitəndir. Torpağı yağılardan, gözümüzü kölgədən Qurtaran oğulların əmanəti Vətəndir.
Dəyişəcək nəsillər, aylar illər ötəcək, Heç vaxt sönməyəcəkdir bizim qaynar ocaqlar. Kökümüzdən boy alan övlad, nəvə, nəticə Bu müqəddəs torpağın sahibi olacaqlar…
Yurddan ayrı düşəni həsrət alovu qarsar, Yalnız haqqa güvənən murada çata bilər… Ürəyimiz həmişə eyni ahənglə vursa, Bu torpağa bağlansaq, bizə kim bata bilər?!
İndi bütün dünyanın gözü bizə dikilib, İndi bütün adamlar bir can, bir bədən olub. Xaraba həyətlərin hasarları sökülüb, Sənin, mənim olan yer birləşib Vətən olub! 16.11.2020 Müəllif: Rafiq Yusifoglu
KİTAB Ağlım kəsəndən nənəmgilin evlərinə bitişik olan çörək çardağının içində, divara bitişdirimiş böyük bir sandıq görmüşdüm. Onun üstünə dəsmal salır, çörək yığır, çörək yığılandan sonra yayqını, duvağı, oxlovları üstünə yığırdılar.Sandıq bizim gördüyümüz adi sandıqlardan deyildi.Təxminən 60-70-ci illərdə evlərdə olan “şifoner”lərin yarısı boyda idi. Çox güman ki bu sandığı 1941-45-ci il müharibəsindən əvvəl ev ustası olan babam özü düzəltmişdi.Sonra müharibəyə getmiş,müharibədən sonra ondan heç bir xəbər alınmamışdı. Birinci sinfi bitirib yay tətilinə çıxmışdım.Bir gün özümdən 4 yaş böyük dayım qızı Zoyadan xahiş etdim ki, gəl sandığı açaq, görək içində nə var? Zoya isə,- sandığın içindəkilər kitabdır dedi,- atamın kitabları. Artıq yazıb oxumağı bilirdim. Sandığın içindəkilərin kitab olduğunu biləndə marağım daha da artdı. Qonşuların həmişə lətifəyə döndərib danışdıqları bir əhvalat yadıma düşdü: Belə ki, bir gün nənəmə xəbər gəlir ki Nəsrəddin ( dayım) Bakıdan gəlib, idarənin yanındadır, dedi anama deyin iki ulaq palanlatdırsın, gətirsin əşyalarımı aparaq. Uşaqlarını əziyyətlə böyütmüş nənəm də oğlunun ismarıcını yerinə yetirir.Bəlkə də, yol boyu xəyallar da qurur ki, işləməkdən gələn oğlu evə nələrsə alıb gətirib.Gedəndə əşyaların yalnız kitablardan ibarət olduğunu görür. Mən bu əhvalatı xatırlaya-xatırlaya Zoyanın köməkliyi ilə sandığı açdıq.Sandıq ağzınacan kitablarla dolu idi.Çoxunun üstündə Lenin babanın şəkilləri var idi.Qara cildli bir kitabın üstünə isə “Kapital” yazılmışdı.Amma mən buradan özüm üçün bir kitab tapdım.Bu “Nadejda Krupskaya” kitabı idi.Mən onu vərəqləyərkən kitabın içində Lenin baba ilə Krupskayanın uşaqların arasında çəkilmiş çoxlu şəkillərini və bu şəkilləri izah edən yazılar gördüm.Zoyanın razılığı ilə kitabı götürdüm. Dayımın taleyinə gəlincə o, 4 yaşından atasız qalmış, orta məktəbi bitirdikdən sonra əsgər getmiş, qayıtdıqdan sonra isə imtahan verərək Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdu.Lakin o, sentyabrda dərsə gedərkən gəlib deyirlər ki, sənin adın qəbul olanların siyahısına səhv düşüb.Səni Gəncəyə Pedoqoji İnstituta göndərək, bir il orada oxu, gələn il geri çağıracağıq.Bilmirəm, belə bir hal başqalarının da başına gəlibmi, amma bu hadisənin dayımın həyatına çox böyük təsiri olub.Bir il Pedoqoji İnstitutda oxuduqdan sonra geri çağırılmayacağını anlayan dayım dərslərə həvəssiz gedir, institutda oxumaq istəmir.Savadlı tələbə olduğundan müəllimlər hörmətlə yanaşırlar.Lakin semestr imtahanlarının birində qəsdən cavab vermir, sonrakı imtahanlara isə , ümümiyyətlə, getmir. Dəfələrlə ınstitutdan məktub göndərsələr də nənəmin, anamın, kiçik dayımın yalvarışlarına baxmayaraq geri qayıtmır. O, bütün ömrü boyu ədalət axtarışında oldu. Hər yerdə, hər işdə ədalət aradı, amma tapa bilmədi ki, bilmədi.
Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.
Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər. Adətən təzə pampers də geyindirirdilər. Bu duyğuya da artıq vərdiş eləmişdi: bədənini səhərə yaxın islanacaq hansısa sərin yarıkağız bir suçəkən parçaya bələyirlər… Bəzən hətta həmişəkindən tez isladırdı.
Belə olanda o da həmişəkindən tez oyanır və zığıldamağa başlayırdı. Yox, o, adətən qışqırıb kimisə oyatmağa can atmırdı, ancaq sakitcə zığıldayır, sanki astaca anasını köməyə çağırırdı. Anası, demək olar ki, dərhal oyanırdı və onun qayğıkeş əlləri oğlunu beşikdən götürüb öz çarpayısında yanına uzadırdı ki, artıq islanmış bələyini – pampersini dəyişsin.
O, adətən səhərlər saat yeddiyə az qalmış oyanırdı. Yanındakı çarpayıda yatan anasının təkcə ətrini, hətta aralıdan belə hiss etmək necə də böyük xoşbəxtlik idi! Səhərlər anasının onu qucağına alıb paltarını dəyişdirməyə başlaması isə… Bax, bu, ayrıca bir doğmalıq və səadət duyğusu yaradırdı. Bu sevimli qoxu ona doğma idi. Əvvəllər anası onu sinəsinə sıxır, döşünü mehribanlıqla onun ağzına salır, isti əli ilə onun hələ təzəcə dənzərən yumşaq saçını sığallayırdı. O da bu əziz varlıqdan – anasının döşündən pompuş əlləri ilə möhkəm yapışıb acgözlüklə və ləzzətlə əmirdi. O, südün ətrini hələ unutmamışdı. Kimsə anasına demişdi ki, bir yaşından sonra əmizdirmək elə də vacib deyil. Ona görə də sıyığa keçmişdilər. Ancaq əmdiyi südün iyi uzun müddət yadında qalmışdı və anası hər dəfə onu qucağına alanda özündən asılı olmayaraq bu qədər sevdiyi o gözəl məlhəmin çeşməsini yenə də tapmaq üçün anasının döşlərinə tərəf dartınırdı.
Bəzən gecələr o, başqa bir adamın xorultusunu eşidirdi. Anası həmin adamı ona göstərir və gülümsəyərək deyirdi: “Ata…”. Ata anası ilə yanaşı yatırdı. Hərdən onun da səsi gəlir və bu səs hansısa işlək bir maşının çıxardığı xırıltılı küyə bənzəyirdi. Ata danışanda körpə tanış ahəngi eşidərək sanki donub qalırdı. Bu səs ona hələ anasının bətnində olan vaxtlardan tanış idi. Anasının səsinə nisbətən daha kobud və daha xırıltılı olan bu ikinci səs o doğulandan sonra da həmişə yanında idi. Ata evə adətən axşamlar gəlirdi. İri əllərini balaca qollarının altına ehtiyatla salıb onu qucağına götürür, başının üstünə qaldırır, hərdən hətta atıb-tuturdu da… Ondan ayrı cür qoxu gəlirdi. Atanın ətri başqa idi.
Körpə yavaş-yavaş bu qoxuya da alışırdı. Ata onu görəndə tez-tez gülümsəyirdi, hərdən yenə də qucağına alır, atıb-tuturdu. Güclü ata əllərinin onu qucağına alıb başının üstünə – hamıdan və hər şeydən yuxarıya qaldırması körpənin çox xoşuna gəlirdi. Ata tez-tez üzünü ona tutub gülürdü. O, ucaboy və yaraşıqlı idi. Körpə artıq yeriməyə başlayanda onu başqa adamlardan seçməyə başlamışdı. Onu dərhal tanıyır və yanına yüyürüb dizlərini qucaqlayırdı. Körpənin bu ucaboy, güclü adamdan xoşu gəlirdi. “Ana”dan dərhal sonra öyrəndiyi ilk söz olan “ata” sözündən də xoşu gəlirdi. Ümumiyyətlə, onu ovuclarının içində saxlayan bu iki böyük adamı çox istəyirdi. Körpə ağlayanda o dəqiqə özlərini onun üstünə atırdılar. Bələyini isladan kimi təzələyirdilər. Ona balaca qabda su verir, içib qurtaranadək gözlərini ondan çəkmirdilər.
Əlbəttə, əsas şəxs ana idi. Bəzən səhərlər valideynləri çarpayıda yanaşı uzananda anası onu da qucağına alıb ikisinin arasına uzadırdı. Bu, ayrıca bir ləzzət idi və körpə bundan çox xoşhal olurdu. Onlar bəzən nə barədəsə danışır, deyib-gülür, zarafatlaşırdılar. Və onu da növbə ilə qucaqlayırdılar. O isə heç də tamamilə anlaya bilmədiyi bir duyğu dənizində üzürmüş kimi uzanır, gülümsəyir, özünü olduqca xoşbəxt hiss edirdi. Sanki həm də hiss edirdi ki, ana və ata onun çox etibarlı qoruyucularıdır…
Ancaq balaca pişik balası hamıdan, hər şeydən çox xoşuna gəlirdi. Pişik balası bu evə onunla, demək olar ki, eyni vaxtda gəlmişdi. Bu balaca kürən körpədən daha sürətlə böyüyürdü. Hələ bu harasıdır! Kürən öz rəqibini diqqətlə izləyirdi. Körpəyə pişik balasından çox diqqət göstərirdilər ki, bu da kürəni əsəbiləşdirirdi. Bəzən o, hətta həmişəkindən bərk miyoldayırdı ki, ona da diqqət yetirsinlər. Amma bütün bunlara baxmayaraq, o, tez-tez körpənin yanında uzanır və özünü sığallaması üçün ona şərait yaradırdı. Kürən ağıllı pişik idi və getdikcə başa düşürdü ki, bu evdə əsas şəxs hələ, demək olar ki, danışa bilməyən, ilk vaxtlar yalnız öz beşiyində uzanıb aydın olmayan səslər çıxaran bu müəmmalı körpə olacaq.
Ancaq körpə beşikdə çox qalmadı. O, qalxdı və əvvəlcə kürən pişik balası ilə birlikdə sürünməyə başladı. Bir qədər sonra iməklədi, daha sonra isə ehtiyatla, yıxıla-dura yeriməyi də öyrəndi. Bəli, düzdür, körpə hərdən yıxılırdı da, hətta hərdən kürən də onu yüngülcə itələməyə ürək eləyirdi. Amma körpə inadkarlıqla yeriməyə can atırdı və tezliklə yalın ayaqlarını şappıldada-şappıldada, xoşbəxtcəsinə gülə-gülə otaqlarda qaçmağa başladı. Artıq yekəlmiş kürən də körpənin dalınca tənbəl-tənbəl gəzir, onu gözdən qoymur, gah nədənsə qoruyur, gah da ona qoşulub şənlənirdi. Ancaq körpə heç vaxt pişiyin yeməyinə toxunmurdu. Bu isə ən vacib məsələ idi. Ona görə də onların dostluğu getdikcə möhkəmlənirdi. Bəlkə də, dostluğun əsas şərti elə bu idi – başqasının malına kəm baxmamaq!
Hərdən hansısa başqa qadın da gəlirdi. O, olmazın dərəcədə anaya oxşayırdı. Körpə bunun səbəbini anlaya bilmirdi. O da təxminən eyni cür ətir saçırdı. Ananınkı kimi mehriban, qayğıkeş əlləri vardı. Ancaq o, ana deyildi, başqa qadın idi. Körpə eşidirdi ki, anası bu qadını elə həmin gözəl adla çağıraraq ona “ana” deyir. Başa düşə bilmirdi ki, bir evdə iki “ana” necə ola bilər?! Ancaq onun özünə həmişə deyirdilər ki, bu nənədir. Bəzən o gələndə “Nənə gəldi!” deyə körpəni muştuluqlayırdılar. Körpə də kimisə başqa adamı “ana” deyə çağırmaqdan israrla imtina edərək məmnuniyyətlə “nənə” deməyə cəhd edirdi.
Bəzən gecələr körpənin təzə çarpayısının yanında kürən üçün balaca boşqabda süd qoyurdular. Yaxşı ki, körpənin heyvanlara qarşı allergiyası yox idi. Onlar ikisi də – körpə də, kürən də qarnı tox, qayğı ilə çimizdirilmiş, tərtəmiz və xoşbəxt halda yuxuya gedirdilər.
…Partlayış gecə baş verdi. O qədər gözlənilməz və güclü idi ki… Körpə oyandı. Əvvəlcə onu kimin və niyə oyatdığını anlamayaraq bir neçə saniyə susdu. Sonra əlini qabağa uzatdı. Çarpayısının üstünə həmişə çəkilən tor yox idi. buna təəccübləndi: axı anası toru çəkməyi heç vaxt unutmazdı. O, yenə də nəsə qışqırtılar və möhkəm gurultu eşitdi. Üşüməyə başladı. Yorğança üstündən sürüşüb düşmüşdü və maraqlı idi ki, heç kim gəlib onun üstünə örtmürdü. O, bərkdən ağlamağa başladı. Haradasa tanımadığı adamlar qışqırışırdılar. Körpə başını qaldırdı və soyuqdan titrədiyini hiss edərək qərara aldı ki, çarpayıdan sürüşüb düşsün. Həmişəki kimi dalın-dalın sürünməyə başladı ki, yıxılmasın. Əlini adətən ana yatan və ata xoruldayan çarpayıya uzatdı. Ancaq ora bir topa daş tökülmüşdü. Körpə başa düşmürdü ki, ana niyə yoxdur. Ancaq daş topasına ilişəndə öz pişiyi yadına düşdü. Geri dönüb həmişə kürən uzanan tərəfə qaçdı. Kürən körpəni bərkdən miyoldayaraq qarşıladı. Boşqab çevrilmiş, pişik balası böyrü üstə yıxılmışdı. Körpə aşağı əyilib yumşaq, pompuş əli ilə dostuna toxundu. Kürən hərəkətsiz uzanmışdı. Heç tərpənmədi də. Bu, körpənin xətrinə dəydi.
O, dostunu daha bərk silkələyərək onu oyatmağa çalışdı. Ancaq dostu susurdu.
Yaxınlıqda bayaqkı kimi adamlar qışqırışırdılar. Körpə heç cür başa düşə bilmirdi ki, onun valideynləri hara yoxa çıxıblar və kürən dostu ona niyə cavab vermir. Elə bu vaxt kimsə körpəni qucağına aldı. Kimsə onu adyala bükdü.
– Oradakıların hamısı ölüb! – tanımadığı bir səs qışqırdı. – Qonşu otaqda heç kim yoxdur.
Naməlum adam yəqin ki, həyəcandan körpəni möhkəmcə sinəsinə sıxdı. Körpə ağrıdan bərkdən ağlamağa başladı. O, hələ də başa düşmürdü ki, onun kürən dostu niyə bu qədər bərk yatıb. O, hələ bilmirdi ki, bu gün onun həyatı “qədər” və “sonra” adlanacaq iki hissəyə bölünüb və bu partlayışla eyni vaxtda yoxa çıxan xoşbəxtliyi daş topasının altında qalan anası və atası kimi artıq keçmişdə “qədər”də qalıb. O, bunu bilə bilməzdi. Ancaq o üşüyürdü və çox narahat idi. Ona görə də səsini kəsmir, ucadan qışqıraraq ağlayırdı…
AzərTACın məlumatı: – Dünən gecə Gəncə şəhəri atəşə tutulub. Dinc əhali arasında xeyli ölən və yaralanan var…
CAN AY ANA… (Milli Qəhrəman Polad Həşimovun anasına) Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular, Bu baxışda min vaizin xütbəsi… Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. Bakı.
Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Birliyin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin ATV-nin “Xəbərin olsun ” verilişinin canlı yayımında təhqir olunması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Bu il noyabrın 13-də ATV-nin “Xəbərin olsun” verilişinin canlı yayımında məşhur yazıçımız, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev aparıcı Kubra Məhərrəmova tərəfindən təhqir olunub. Onun sözlərini təkrar etməyi ayıb sayırıq. Hesab edirik ki, məlum telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Azərbaycan Respublikası Audiovizual Şurası da öz növbəsində bu süjetə münasibət bildirməlidir.
Təəssüflə qeyd edirik ki, uzun illərdir (son illər isə xüsusən) AYB yetkililəri, ölkə ziyalıları sosial şəbəkələrdə təhqirlərə, şantajlara, yersiz hücumlara məruz qalırlar və bu zərərli tendensiya media subyektlərinə də sirayət edir. Belə güman edirik ki, bu adamların arxasında Azərbaycana düşmən qüvvələr dayanır və onların məqsədi ictimai rəyi, şüuru formalaşdıran, dövlət və milli maraqları müdafiə edən aydınları gözdən salmaqdır.
Belə hallar yolverilməzdir və buna yüksək səviyyədə münasibət bildiriləcəyinə ümid edirik”.