Ətrafında sevənin, Oğul, uşaq, nəvənin, Ləzzətini güvənin Dada bilsən, oğulsan!
Dərd bükməsin qolunu, Nə sağını, solunu. Əzrayılın yolunu Güdə bilsən, oğulsan!
İNCƏYƏ YAĞIŞ YAĞIR Gün batır, axşam çökür, Göyə bax, ahmır tökür. Elə bil hönkür-hönkür İncəyə yağış yağır.
Palçığı sözə baxmır, Tutduğunu buraxmır. Suyu sellənib axmır, İncəyə yağış yağır.
Nərğizə bax, oyanmır, Sarı rəngə boyanmır. Neçə gündü dayanmır, İncəyə yağış yağır.
Günü güzəranı yox, Dayanmır, amanı yox. Bu palçıqda canı yox, İncəyə yağış yağır.
İslandıqca kürəyim, Buza dönür ürəyim. Biləmmirəm nə deyim?! İncəyə yağış yağır.
Keçib amandan ahdan, Qorxusu yox sabahdan. Bərəkəti Allahdan, İncəyə yağış yağır.
DİL VURAN ARANIN SÖHBƏTİ BİTMİR Bu yaşda bir şeyi anlayammıram, Dil niyə dinc durmur, kimisə satır. İnsanıq, söz deyib danlayammıram, Mənim gücüm ancaq sözümə çatır.
Şuğulluq qədimdən köhnə sənətdi, Donluğu danışan dilə bağlıdı. Belə götürəndə bir qarış ətdi, Deyəsən qazancı yaman yağlıdı.
Burda alət olan kəlmədi, sözdü, Dilinə dolayıb çatdırır sənə. Bilsə ki, hər işi qarsayan közdü, Bəlkə cana doyar, yorular çənə.
Məndən sənə demək, səndən də mənə, Sən demə peşəymiş, çox qədim peşə. Utanmır, iyrənmir, usanmır yenə, Fərasəti budur, keçirdir işə.
Sözün qabağında yalmanmaz kişi, Çəkinməz, nə varsa düzünü söylər. Görüm zəhrimara dönsün o işi, Səni el içində bir qəpik eylər.
Qeybətin bir ucu sənin əlində, Danışma, ayıqdı, söz güdür çoxu. İnsanı danışdır, nə var dilində, Oxu sifətindən, gözündən oxu.
Kişiyə yaraşmaz, yapışmaz qəti, Qeybətin səs-küyü yaddaşdan itmir. Möhkəm tut ağzında yüz qram əti, Dil vuran aranın söhbəti bitmir.
AĞILLI İNSANA SÖZ GƏRƏK DEYİL Ağlımdan nə keçir, başıma gəlir, Vallah çəkinirəm nəsə deməyə. Kimə danışıram qımışıb gülür, Bircə yazıq səbrim gəlir köməyə.
Yaxşıya dəyişmir görürəm illər, Ruhum çox yorulub, rahatlıq gəzər. Bu gün çəkdiyimi sabah silirlər, Yoxsa bu ağrıya səbirmi dözər.
Gəzib dolaşıram başımı qatıb, Bircə rahat olum, yorulum yatım. Köhnə fikirləri ağlımdan atıb, İlahi, kömək ol, yetmişə çatım.
Bilirəm taleyim sözümə baxmır, Yazılı kitabdı ağzı qapalı. Nə mənə gün verir, nə də buraxmır, Bir gülən görmədim məni tapalı.
Bilirəm ömürdü, qismətim bəlli, Taleyin quluyam, yüz gərək deyil. Bir gün deyib-gülmək yalnız təsəlli, Ağıllı insana söz gərək deyil.
GƏRAYLI Nə yaxşının, nə də pisin, Başı gora titrəməsin. Yüz yaşayıb ölən kəsin, Günahını yuyanı var.
Dəlisinin danlayanı, Bir nəsilin sonluyanı, Hər ocağın anlayanı, Ağıllısı, duyanı var.
Çayı, salı, bu bərəni, Dam üstündə hər kərəni, Dünya adlı bir kürəni Öz yerinə qoyanı var.
Kim ayrılır, gözü nəmdi, Günü qara, bəxti kəmdi. Hamı keçən bir dönəmdi, Günlərini sayanı var.
Baxsan, dünya bir möcüzə, Özü köhnə, sözü təzə. Murad görür gəzə-gəzə, Bundan betər o yanı var.
Səsimə çox zaman hay verən yoxdu, Xəyala dalıram əlim üzümdə. Sanmayın tənhayam, ətrafım çoxdu, Nə olsun uzaqdı, yaddı gözümdə.
Arxaya baxıram, qaralan yoldu, Nə bir qaraltı var, nə səs-səmir var. Bu qədər yol gəldim, görən nə oldu, Axı ad, soyad var, keçən ömür var.
Bircə şey bəllidi mənə həyatda, Sağlamsan, sağsansa qədrin bilinir. Beyində, şüurda, dərin alt qatda, Köçən sıfırlanır, tezcə silinir.
Yaşa, qədrini bil, var olan canın, Geridə qalanı Yaradan bilir. Çıxar ləzzətini bu günkü anın, Çünki sabah gəlir, ayrı gün gəlir.
Demə ki mələyəm, yoxdu günahım, Təqsirim hər şeyə qarışmağımdı. Dünyaya gəldim ki, sizlərə baxım Gedişim uduzub barışmağımdı.
OIMASIN İstəmərəm gözüm dolsun, Məni görən kəs olmasın. Tanrım işdən halı olsun, Bəndə filankəs olmasın.
Zaman cəllad, vaxtımız dar, Yıxılanı həmən udar. İçinizdə bir qərib var, Qıymayın, o, pis olmasın.
Oxu, bülbül, borcun durur, Hər gün könlüm səni sorur. Məni səsin bəmi yorur, Qoy zil olsun, pəs olmasın.
Bəzən yatıb gec qalıram, Dolaşmaqdan həzz alıram. Cəhətləri səhv salıram, Qatı duman, sis olmasın.
Səhv böyüksə, yadda qalar, Yaddaş hər an yada salar. Astarı üz bilsən olar, Ağlın dəlintərs olmasın.
1lə 3ün cəmi dörddü, Nə bir bərkdi, nə üç sərtdi. On üç sözü kimə dərddi?! 13 sayda nəhs olmasın.
Murad, bəlli yaşın çatıb, Baş ağrıtma ara qatıb. Mən biləni hamı yatıb, Biz də yataq, səs olmasın.
DEMƏSƏ DƏ Səhər durub şükür eylə, canda təpər deməsə də, Keçmə ədəb sərhəddini, baxma, çəpər deməsə də.
Başın, beynin tədavüsü hərdən azca dincəlməkdi, Can da ətdən, sümükdəndi, ağrı kəsər, deməsə də.
Sazın, sözün aşiqi ol, gözün bundan zərər görməz, Ürək coşar, sağ ol deyər, qara ciyər deməsə də.
Hərdən tək ol, zümzümə et, köklə səsi lazım olar, Kimsə duyar xoşu gələr, buna əsər deməsə də.
Puldu şəxsi var eləyən, boş-boşuna gedib gəlməz, Bezər pulsuz ticarətdən, yoxdu səmər deməsə də.
Hamı səni sevə bilməz, Yaradana asi olma, Zəlil edər həyatını, səsin kəsər, deməsə də.
Yüz ölç, bir biç, ağıllı ol, hər yetənə qulaq asma, Ağlın səni lağa qoyar, səndən küsər deməsə də.
Kimlər gəldi, kimlər getdi, bu həyatdan bil, ay Murad Dünya sənə biganədi, xeyrinə şər deməsə də.
NECƏ GƏLDİM, NECƏ ÇATDIM BU YAŞA Necə gəldim, necə çatdım bu yaşa, Heç bilmədim necə keçdi bu ömür. Ürək istər yalan ola, dil çaşa, Niyyətimi dümağ olan saç demir.
Nə dünəndi, nə bu gündü olanlar, Belə olub, belə olur, olacaq. Növbəlidi boşalanlar, dolanlar, Dolu başı yandıranmaz olacaq.
Zaman gedir, tutanmırıq ipini, Alışırsan, qaynayırsan, daşırsan. Hərdən şeytan göz ağardır, təpinir, Birdən birə əlifini çaşırsan.
Şükr edirəm məndən sonra qalana, Təki Allah sıxıntıya salmaya. Vay o gündən dirənəsən dalana, Tərpənməyə çıxış yolun olmaya.
Vaxtım çoxdu olanları çözməyə, Səbir istər yada salım birbəbir. Qorxuram ki, ürək buna dözməyə, Bu yaşımda bəs eləmir tək səbir.
Necə gəldim, necə çatdım bu yaşa, Yaradana bir ömürlük borcum var. Yol gedirəm son mənzilə birbaşa, Bu enerjim nəyə çatar, qurtarar.
DÜŞÜNƏK Bu dünya xali deyil, Geridə qalanı var. İnsanı yığvalı deyil, Pis günə salanı var.
Yaşadığın silinmir, Yaddaş var ortalıqda. Yaxşılığın bilinmir, Nə xaliqdə, balıqda.
Həyat nehrənin tayı, Doldurur çalxalayır. Yaxşıya yaxşı payı, Pisi pisə calayır.
Bir nahaq söz deyilir, Susursan, can çəkilir. Hərdən haqqın yeyilir, Təpəndə turp əkilir.
Dəlidən dolu olmur, Hər kəs tayını tapır. Oğrunun yolu olmur, Girir, talayır, çapır.
Uzaq ol, yanan oddan, Bir addım çəkil dala. Görmüsənmi heç yaddan, Adama yanan ola.
Oxu məni, ay insan, Qəribliyə salma gəl. Nəsihəti heç zaman, Vermək olmur əlbəəl.
Sözlə adam sağalır, Çalış ürək sındırma. Əməlin yadda qalır, Unut, heç vaxt andırma.
Bu dünya xali deyil, Hər sifətdə adam var. Hamı ziyalı deyil, Cahil olan aldanar.
EVİMƏ Gəl qulaq as ürəyimə, bir qonaq ol can evimə, Pişvazın ruh gətirər, şöhrət ilə şan evimə.
Sənin yerin bir ayrıdır, bilirsən ki, ürəyimdə, İstəmərəm yad toxuna, güllü-gülüstan evimə.
Ay üzündən, gözəlim, ruhlanaram, zövq alaram, Həll edərəm qəliz olan müşkülü asan evimə.
Bir arzum var ürəyimdə, gəlsən demək istəyərəm, Qibləsi məlum olan Kəbəyə baxan evimə.
Ay Murad, tövbə elə, zamanın var, gəl yoluna, Yaradana ağır gedər, salsan əgər qan evimə.
QOŞMA Səbirli ol, bu dünyada düz yaşa, Düzsənsə, qəti qorxma sorğudan. Ağız açma nadürüstə, əyyaşa, Pənah umma fırıldaqdan, oğrudan.
Çaylar çıxıb yatağından, düz axmır, Qismətdi, neyləyək, sözünə baxmır, Kor dünyadı tutduğunu buraxmır, Nədi səni dinc qoymayan, ağrıdan?!
Murad dinməz, dünya gözəl dolansa, Sevinc, fərəh üst-üstündən qalansa. Üzdə gülüş, gözdə nifrət yalansa, Nə gözləyim ağıllıdan, doğrudan.
BİR KİMSƏ BİLMİR Sünbül qara qılçığa, Yaxşı adam alçağa, Bəzən payın palçığa Dönür, bir kimsə bilmir.
Hərdənbir beynin,başın, Evində can sirdaşın, Üzü doğma qardaşın, Çönür, bir kimsə bilmir.
Yad olur doğma kəsin, Gedir, gəlmir nəfəsin, Olur eşqin, həvəsin Sönür, bir kimsə bilmir.
Bulayır ad-sanını, Gah qaraldlr qanını, Nəfsin yazıq canını Yenir, bir kimsə bilmir.
Murad küsür baxtından, Zamanından, vaxtından, Ruhu könül taxtından, Enir, bir kimsə bilmir.
QOŞMA Yadın nahaq sözü qəlbimə dəyər, Düz yoldan eyləyər, azdırar indi. Dərdin soyuq üzü mənə neyləyər, İçimdə Günəş var, qızdırar indi.
Sözə gül vurmaqdan gözlərim doymaz, Nə özüm sayaram, nə kimsə saymaz. Təbim oyaqdısa, yatmağa qoymaz, Gəlibsə, bir qoşma yazdırar indi.
Dünyanın gərdişi Muradı yorub, Dövrəmdə bənd qurub, yüz tələ qurub. Əzrayıl başımın üstündə durub, Qələmlə qəbrimi qazdırar indi.
DİKSİNMƏ GECƏNİN QARANLIĞINDAN Görəsən dünyanın tərs üzü nədir?! Oxucum, baş sındır, sən də bir anlıq. Nəyə əl atırsan, bir möcüzədir, Bir üzü işıqdır, biri qaranlıq.
Yeddi rəng oxşayır duyğularımı, Tək ağdan qaraya sadə keçid var. İstənsə qoyaram bütün varımı, Məni qaranlıqdan işığa qaytar.
Ömrümüz zamana, vaxta əsirdi, Üç ildi, beş ildi, Yaradan bilər. Dünya müəmmadı, açılmaz sirdi, Üz verər, böyüdər, aldadar, silər.
Çox yatan qazanmaz, xəstəlik tapar, Ləzzət al səhərin toranlığından. Önündə əbədi, zülmət həyat var, Diksinmə gecənin qaranlığından.
Nədən əl çəkənmir insan dünyadan?! Bir düşün dərindən, nədir niyyəti?! İşıqlı dünyanın tamını dadan, Sevərmi qaranlıq əbədiyyəti?!
Bu yolda yolçuluq hamının işi, Özünə yeni yol açmaqla deyil. Səni də tapacaq çarxın gərdişi, Darıxma, sıyrılıb qaçmaqla deyil.
SÖZ BAZARI Nə satıram, alan yoxdu, Bazarım bağlanıb deyən. Görəsən bəs niyə çoxdu, Onda tərifləyən öyən?
Acı, şirin söz satıram, Arıq, orta, yekə bədən. Vallah hərdən bal qatıram, Kimdi məni gendən güdən.
Bu bazarda üz görürəm, Üçqat, dördqat, pələpüsür. Dağ əridən göz görürəm, Yetirəni yıxır, kəsir.
O qədərdi gözə girən, Baxıb gülən, ağız büzən. Şad günündə salam verən, Dar ayaqda gendən gəzən.
Söz satılan bazar çoxdu, Alıcı az, çıxmır səsi. Dərd ki çoxdu, azar çoxdu, Qınamıram heç bir kəsi.
Yüngülləşib, boş havadı, Söz deyirsən, hamı udur. Yaxşı sözün qaçıb dadı, Söhbətimin canı budur.
BUNA ƏMİNƏM Sükuta möhtacdı hərdən canımız, Bəlkə təmizlənə onda qanımız. Yaddaşlara hopan bircə anımız, Bizi yaşadacaq, buna əminəm.
Dincəlmək istəsən, qayıt get kəndə, Havanı, suyunu bir dəyiş sən də. Sağlam ruh dolansa sağlam bədəndə, Yüzü yaşadacaq, buna əminəm.
İlahi, ümid ver gözüyaşlıya, Yazığa, kasıba, başıdaşlıya. Vay o gündən kasıb sevə, xoşlaya, Qızı yaşadacaq, buna əminəm.
Candakı əzalar qohumsa, yarsa, Təntiməz başını duman, çən sarsa, Bir başın yaşamaq həvəsi varsa, Gözü yaşadacaq, buna əminəm.
Dərələr ayrılmaz, hey düzü səslər, Gecələr can verər, gündüzü səslər, Mayası halaldan yoğrulan kəslər, Düzü yaşadacaq, buna əminəm.
Çətinə düşəndə həyatdan bezmə, Özün çalış, vuruş, dost, tanış gəzmə. Təmiz ol, Allahdan əlini üzmə, Özü yaşadacaq, buna əminəm.
Sinəsi söz ilə dolan şairlər, Sözüylə yaddaşda qalan şairlər, Ağlı, dərrakəsi olan şairlər, Sözü yaşadacaq, buna əminəm.
Nə qış bildim, nə də ki yaz, Üz-gözümü vurdu ayaz. Əllərimdə iti dəryaz, Biçindəyəm, əlacım yox!
Göz qocaldı, selləndi yaş, Dərd-azardan ağardı baş. Ömrün, günün yavaş-yavaş Köçündəyəm, əlacım yox!
Murad bezib, düşüb qana, Bu olmazlar yığıb cana. Ya o yana, ya bu yana, Seçimdəyəm, əlacım yox!
QOŞMA
Sən elə gərəksən, gözəl səsinlə, Eşqinlə, ruhunla, xoş avazınla. Sözümə can verdin, sağ ol, qardaşım, Yaşa, yarat, oxu, telli sazınla.
Kimsənin hörməti kimsədə qalmaz, Borclu kəs borclunu sağ kimi istər. Ay qardaş, bu dövran boş salam almaz, Əl əli yumasa, əksini göstər.
Murad qədirbilən, sadə insandı, Hər şeyi əvvəldən yüz ölçər, biçər. Ay Şaiq, zəmanə öyrədən candı, Nə səni incidər, nə səndən keçər.
YALANLA DOĞRUNUN VƏHDƏTİ Deyirlər dəlinin düz sözü olmur, İnanma! Dəlidən doğru xəbər al. Kim deyir həyatın tərs üzü olmur?! Başın çəkməyibsə, sanma boş xəyal.
O qədər yumşaqdı yalanın üzü, İşimiz düz getməz yalan satmasaq. Həzm edə bilmirik doğrunu, düzü, Doğrunun gözünə yalan qatmasaq.
Artıq öyrəşmişik, qəsdən özümüz, Yalanın üstünə yaxma çəkirik. Baxırıq yerimir doğru sözümüz, Qırmızı-qırmızı yalan əkirik.
Bəzən Yaradandan qorxumuz olmur, Hey haqqı nahaqqa qurban veririk. Təkcə doğrularla boş qarın dolmur, Gözünə vurmağa yalan dəririk.
Olur ki, pisə də yaxşı deyirik, “Üz üzdən utanar” adlı deyim var. Yalan nəfəs alıb yalan yeyirik, Doğruyla dolanan demək ac qalar.
Çoxu duyur səni, bir söz söyləmir, Doğrular yalanın içində itir. Qırxca gün öz doğman qəbul eyləmir, Qırxı ötürdünsə, bir yalan bitir.
YALANLA DOĞRUNUN VƏHDƏTİ Deyirlər dəlinin düz sözü olmur, İnanma! Dəlidən doğru xəbər al. Kim deyir həyatın tərs üzü olmur?! Başın çəkməyibsə, sanma boş xəyal.
O qədər yumşaqdı yalanın üzü, İşimiz düz getməz yalan satmasaq. Həzm edə bilmirik doğrunu, düzü, Doğrunun gözünə yalan qatmasaq.
Artıq öyrəşmişik, qəsdən özümüz, Yalanın üstünə yaxma çəkirik. Baxırıq yerimir doğru sözümüz, Qırmızı-qırmızı yalan əkirik.
Bəzən Yaradandan qorxumuz olmur, Hey haqqı nahaqqa qurban veririk. Təkcə doğrularla boş qarın dolmur, Gözünə vurmağa yalan dəririk.
Olur ki, pisə də yaxşı deyirik, “Üz üzdən utanar” adlı deyim var. Yalan nəfəs alıb yalan yeyirik, Doğruyla dolanan demək ac qalar.
Çoxu duyur səni, bir söz söyləmir, Doğrular yalanın içində itir. Qırxca gün öz doğman qəbul eyləmir, Qırxı ötürdünsə, bir yalan bitir.
OLUR Ölüm yaşa baxmayır, Aclıq aşa baxmayır, Fikir başa baxmayır, Boş başı da tərlədir.
Gözlər gördüm badamı, Yaman alır qadamı, Bəzən olur adamı, Bir naşı da çərlədir.
Yağış yağır nəm verir, Hərdən fələk çəm verir, İnsanoğlu dəm verir, Sal daşı da hərlədir.
Murad səhvdi, ya çaşır?! Səhv içində dolaşır. Əl-ayağa yaraşır, Xına qaşı kirlədir.
SÖZƏ QURBAN KƏSƏRƏM Dərd boğazdan yuxarı, Artıq keçib zülümdən. Deyən çəkmir buxarı, Ağrı keçib külümdən.
Yan-yörəmdə kimsə yox, Nə gedən var, nə gələn. Məni yoran göylərin Səs-küyüdü mən bilən.
Fikir məni çox yorur, Yuxum olmur yatmağa. Gecə gözümə durur, Tək sözdü baş qatmağa.
Günlərim sıralanır, Aylara, ilə dönür. Ömür ki uralanır, Saralır, külə dönür.
Bu yolun gedişi var, Qayıdışı yox ancaq. Gecə, gündüz baş qatar, Əvvəl-axır duracaq.
Söz deməyə ar edən! Söz üstündə əsərəm! Sözdü məni var edən, Sözə qurban kəsərəm.
GƏRƏK GÜNAHLARI İNDİ YUYAQ BİZ Həyat bir güzgüdü, baxma ötəri, Ayıq ol həmişə, əksinə düz bax. Ölüm son deyil ki, daha betəri, Unudulmağıymış, bax, ondan qabaq.
Dümdüz yeriyən var, nəfəs alan var, Ruhu çoxdan ölüb gözünə baxsan. Nə qohum soruşar, nə qonşu sorar, Yaddan çıxmısansa, deməli yoxsan.
Həyatın pozulmaz qanunları çox, Nə varı, nə pulu vecinə almaz. İçində “mən ölüm, sən ölümü” yox, Dirəyər divara, sualın olmaz.
Hər gün hesabat ver özün özünə, Dar gündə yıxılma, xar olma birdən. Hər zaman qulaq as ağlın sözünə, Ürək çox şey istər, bənd olma hərdən.
Azalan deyil ki, onsuz dərdimiz, Qucağa sığınan buyruq quluyuq. Gərək günahları indi yuyaq biz, Nə qədər diriyik, üzü suluyuq.
QOŞMA Sözü hörük kimi ifçin hörərdim, Günahı danışan dilimdə deyil. Özümə bələdəm, çox iş görərdim, Təbimin açarı əlimdə deyil.
Mətləbi düz anlat cavana, gəncə, Hər sözə qulp qoymaq azar, işgəncə. Fikrin doğru- düzgün izahı məncə, Nə başda, nə yaşda, elmdə deyil.
Nəsillər dəyişir, il təzələnir, Elə bil bu dünya qana bələnir. Səssiz dəyirmandı, gəlir, ələnir, Qaydadı, səbəbi ölümdə deyil.
Ay Murad, bu dünya açıq bazardı, Heç nə dəyişməyib, köhnə güzardı. Ölümün kökü də dərddi, azardı, Gördüyün möhnətdə, zülümdə deyil.
OLMUR Yaxşılıq et, Danan olmur. Səni yaxşı Sanan olmur.
Yaddısa iç, Başından keç. Dərdinə heç Yanan olmur.
Çaşma darda, Dərd var varda. Səni orda Qanan olmur.
Bəxtin ağsa, Canın sağsa, Qar da yağsa, Donan olmur.
Hulu, çaşı, Bir boş başı, Boz sərt daşı Yonan olmur.
Ürəkdə taxt Qurmasan bax. Səni heç vaxt Anan olmur.
Murad, qarı, Sevmə xarı. Özgə yarı Canan olmur.
BUDUR Nə varlıyam, nə kasıb, Danım?! Olanım budur. Səni qaramı basıb?! Canım, qalanım budur.
Nə dara düş, nə qınan, Qəlbdi, şüşə tək sınan. Nə deyirəm, gəl, inan, Düzüm, yalanım budur.
Gündə səbir diləyən, Ağ kəfənə bələyən, Məni məndən eləyən, Dərdə salanım budur.
Əlindən hara qaçım, Yoxdu başqa əlacım, Niyə sənə əl açım, Ürək alanım budur.
Tez alışan, tez daşan, İlləri bir-bir aşan, Dərd-azarla çarpışan, Fikrə dalanım budur.
Murad dinsə, düşər qan, Ürək sınsa, çökər can, Məni vurub ayıldan, Təbil çalanım budur!
OLA Könül istər bu yaşda da dərdə dözən canım ola, El içində xar olmayam, babat bir imkanım ola.
Xeyir saçan əməllərə hey yol açam, yorulmayam, Heç vaxt şərə qul olmayam, içimdə vicdanım ola.
Öz nəfsimə hakim olam, qismətimə şükür deyəm, Xeyir güdən deməsinlər, quruca ad-sanım ola.
Allah mənə səbir verə, öz dilimdən alışmayam, Bir kimsəni incitməyən ədəbü- ərkanım ola.
Təbiətim imkan verməz, insanlardan başda duram, İstəmərəm mən seçiləm, çox şöhrətim-şanım ola.
Yaxşı yazsam oxuyarlar,buna mənim şübhəm yoxdu, Murad, ruha ətir saçan sözdən gülüstanım ola.
YER, GÖY VƏ İNSAN Yer Göyü saxlayır, boşca sözüymüş, Göy Yerin həmişə ağrıyan başı. Bəlkə də ulduzlar Göyün gözüymüş, Yağışlar ağlayan Göyün göz yaşı.
Nə hikmət varsa da başımız üstə, Yerdən duranımız Göylə əlləşər. Dərdinə çarəni sən Göydən istə, Saf olsan bəxtinə üç alma düşər.
Çağırar köməyə çətində, darda, Əl açıb göylərə inanar insan. Hər an inandığı nə varsa orda, Yerdə gördüyünü boş sanar insan.
İnsanıq, doğulub ayrı düşmərik, Günahlı, günahsız yerdə varıq biz. Küssək, incisək də heç bölüşmərik, Ayrılsaq göylərə tapınarıq biz.
Yerin də, Göyün də sahibi bəlli, Bizlər qolu bağlı sadə bəndəyik. Ay yerdən yapışıb duran dördəlli, Heç vaxt ayılmadın, gör nə gündəyik!
QOŞMA Danışmaq, gülmək də ağıla bağlı, İnsanın üzünü varsa, ağ eylər. Gözündə böyüdər kiçik təpəni, Bir insan ağıldan korsa, dağ eylər.
Tənbəllik ölümdü, eyləmə meyil, Zəhmətin önündə baş endir, əyil. Hövsələ, qətiyyət bəs olan deyil, Dağı fərasətin yorsa, bağ eylər.
Dua et Allaha, əlini üzmə, Dərdinə çarəni kənarda gəzmə. Üzünə ağ olma, dərdindən bezmə, Bəxtin ayaq üstə dursa, sağ eylər.
Ay Murad, gözündə böyütmə pulu, Dəyər var kiçilməz, uludan ulu. Bir Allah bəndəsi, bir Allah qulu, Kasıbın kefini sorsa, çağ eylər.
NƏ GÖRDÜM DÜNYAYA GƏLƏNDƏN BƏRİ Nə gördüm dünyaya gələndən bəri, Geriyə boylandım- itirdiklərim. Önümdə bir ömrün acı dərd-səri, Saraldı , köhnəldi götürdüklərim.
Dünənin sevinci dünənlə getdi, Sabaha ümidim nağıl, yuxudu. Gəncliyim duman tək çəkildi, itdi, Taleyim üzümə çox şey oxudu.
Nəyə əl vurdumsa , sürüşdü, düşdü, Gördüyüm nə varsa yaddaşda qaldı. Dünyanı anlamaq sadə bir işdi, İnsanı qanmamaq çətinə saldı.
Bu həyat səhv etmə dedi deyəsən, Səhv etdim dalbadal bilmədim nədən. Səhvlərim düzümü yedi deyəsən, Təzədən başladım , ömrü təzədən.
Nə gördüm dünyaya gələndən bəri, Ac olan ağlayar, tox olan gülər. Tək qaldım, dedilər danışma, kiri, Danışsan dünyanın acığı gələr.
HƏR DƏRDİN ÖZ SƏSİ VAR Köləsiyəm kədərin, Mən hardayam, o orda. Ölsəm, olmaz xəbərin, Mən azadam, sən darda.
ELƏYİM İstərəm ki, keçmişimi yada salım, yad eləyim, Bir balaca məclis qurum, şərəfimə ad eləyim.
Çox ağıllı atam olub, elm, təhsil görməsə də, Bir baş çəkim məzarına, ruhunu həm şad eləyim.
Bir kişiyə atasından yaxın kimsə ola bilməz, Mən bu gündə istəmərəm, kədərlənim, dad eləyim.
Yeri deyil qan qaraldım, yamanları yada salım, Bu məclisdə olanların kefini bərbad eləyim.
Bircə günlük istirahət də, başı, beyni tamam açar, Dərddən, qəmdən uzaq olum, ruhumu abad eləyim.
Ay Murad, köhnələrik, biz görmüşük, götürmüşük, O pir olmuş Vahid demiş, mən nəyi icad eləyim?!
****
RUHUM DİL AÇANDA ŞEİR YAZIRAM Ağ varağa köçürürəm özümü, Gizlətmirəm yalanımı, düzümü, Sapa düzüb söhbətimi, sözümü, Gündə neçə dəfə yazıb pozuram Ruhum dil açanda şeir yazıram.
Təkcə qismətdimi Allahdan gələn, Bəlkə də bəxdimdi üzümə gülən, Bəzən eşidirəm tanıyan, bilən Deyirlər hazıra guya nazirəm Ruhum dil açanda şeir yazıram.
İlahi bir sirr var, könül doymayır, Yalançı vərdişə qəti uymayır. Özüm istəsəm də ruhum qoymayır, Sözün ağuşuna düşüb azıram, Ruhum dil açanda şeir yazıram.
Vaxt olub tərslikdən sifəti çönüb, Bir zay ocaq kimi alışıb, sönüb. Sözlər daşa dönüb, kəsəyə dönüb, Su töküb yumşaldıb elə qazıram, Ruhum dil açanda şeir yazıram.
Qorxunc bir yuxunun əlacı sudu, Durub danışırsan, yozumu budu. Sanmışam bəlkə də səhvini yudu- İnsandı , pisi də xeyrə yozuram, Ruhum dil açanda şeir yazıram.
Oxucum, söz ilə oynamaq çətin, Dilini yaşadan sözdü millətin. Yerində bazıyam sozün- söhbətin, Sözə can verməyə hər an hazıram Ruhum dil açanda şeir yazıram.
****
QOŞMA Yazığa, kasıba, dil bilməyənə, Sadəlövh insana naşı demirəm. O qədər insan var barsız, bəhərsiz, Ağıldan zəifi, çaşı demirəm.
Gözüm gözlər görüb, çox yorulmuşam, Bulaq tək süzülüb hey durulmuşam. Ruhən əzilmişəm, gah vurulmuşam, Arxamdan atılan daşı demirəm.
Dağ dağa söykənər, hey sıralanar, Dərələr kölgədə ondan güc alar. Dərəylə dağın da qohumluğu var, Xırda təpələri, qaşı demirəm.
Meyl etmə bərq vuran şeytan donuna, Nə olsun yaraşır görsən onuna. Ay Murad, bir sağlam ömrün sonuna, Zirvəsi deyirəm, başı demirəm.