Etiket arxivi: Əliağa Kürçaylı

Əliağa Kürçaylı – ömrün sahili – FOTOLAR – Azər TURAN

AZƏR TURANIN YAZILARI

Kürçaylının doğum və ölüm tarixləri fevral ayına təsadüf edir.

52 il yaşasa da, yaradıcılıq bioqrafiyası zəngin olan nadir şairlərdəndir.

Dantenin “İlahi komediya”sını dilimizə çevirib. Yesenindən tərcümələrini “Yesenin səltənətinin Azərbaycandakı açarı” adlandırıblar. “Fillər də ağlayır” şeirinə cavab olaraq, Təbrizdə Bulud Qaraçorlu Səhənd “Əliağa Kürçaylıya məktub” poemasını yazıb. Əliağanın “Durnalar cənuba uçur” poeması Cənub mövzusunda yazılmış ən yaxşı əsərlərdəndir. Sevgi şeirlərində səsi, nəfəsi, ifadə tərzi, üslubu, obrazlar aləmi qeyri-adidir. “Gedək üzü küləyə”, “Təki sən səslə məni”… kimi sevgi şeirləri nəğməyə çevrilib, yaxud “Bir sən, bir mən olum, bir uçuq kaha – / Heç nə istəmirəm taledən daha” misraları heç nəğməyə çevrilmədən belə Azərbaycanda dillər əzbəri olub. “Dənizdə ay çimirdi” şeiri Yahya Kamalın “Nəzər” şeiri ilə müqayisəli təhlilə imkan verən şeirdir. Kürçaylı Muğanı tərənnüm edib. Onun Muğandan ilham alan təbiət lirikasında əhval başqadır: “Torağay torpağı ayaqlarıyla / Çörək üzü kimi naxışlayıbdır”. O, Muğan torpağına qədim Muğ kahinləri kimi ilahi dəyər verib. Ağır və ləngərli təhkiyəsi olan “İnsan həsrəti” poemasında Muğanlı insanların mifoloji geneologiyasını yaratmağa cəhd edib. Onun şair ilhamı Muğan torpağının üstündə gəzmir, əksinə, Muğanı başı üzərinə qaldırıb, bayraq kimi dalğalandırır. Nə sirdirsə, eyni torpağın övladları – XX yüzilin ilk illərində Əli bəy Hüseynzadə Ər Manas haqqında ilk elmi fikri dövriyyəyə buraxıb, Manas barədə Azərbaycanda ilk şeiri (həm də ən gözəl şeiri) XX yüzilin 70-ci illərində Ə.Hüseynzadənin eloğlusu Kürçaylı yazıb. Azərbaycan siyasi lirikasının bənzərsiz örnəklərindən olan “Yedək gəmisi” şeiri də onundur. Dramlar, komediyalar qələmə alıb. O, “Daşlar Qobustanda şöhrətə dönüb, / Daşlar yetim qalıb Xudafərində…” deyəcək qədər Azərbaycanı bütöv görə bilən iti fəhmli şairlərdən idi. Mikayıl Abdullayevin çəkdiyi və Azərbaycanlıların təsəvvüründə Nəsiminin obrazı olaraq sabitləşmiş portretdəki gözlər, qaşlar, üz cizgiləri Əliağaya məxsusdur. 

Neftçalada, İmamverdi Əbilovun arxivində Kürçaylının məktubları, şairin evimizdə olarkən xatirə dəftərinə yazdığı unikal qeydlər, birgə çəkdirdikləri şəkillər var. Amma səmimiyyətinin aşırılığı ilə məni hər zaman iki sənəd daha çox heyrətləndirib. Biri Əliağa Kürçaylının 1961-dən 62-yə keçən gecə, yəni yeni il gecəsi axşamı xatirə dəftərinə yazdığı qeyd, digəri də elə həmin il, yəni 1962-ci il oktyabrın 9-da yazdığı məktubdur.

Nə gözəl günlər var imiş. Dekabrın 31-də ailə üzvləri ilə bir yerdə yeni il gecəsini keçirmək üçün bir-birinə qonaq gedirmişlər. Göy üzlü xatirə dəftərini vərəqləyirəm. Əliağa Kürçaylının yazdığı ürək sözləri: “Adam unudulmaz dəqiqələri həmişə yaşamır. Ona görə də belə dəqiqələrin qiyməti ölçülməz olur. 1962-ci ilə keçən bu gecədə mən belə unudulmaz gecələrdən birini yaşadım. Ürək arzulayan dostun məclisindən daha gözəl nə ola bilər, İmamverdi müəllim? Belə bir dəqiqəni mən sizdə yaşadım. (Daha doğrusu, öz evimizdə. Elə deyilmi, qardaş?) Əliağa Kürçaylı. 31.XII.1961 – 01.01.1962“.

Və bir də 1962-ci ildə yazdığı məktub:

“9 / X – 62

Əziz qardaşım İmamverdi!

Vəfasız qardaşından salamlar! Ümumiyyətcə, öz günahına səbəb axtaran, üzr üçün bəhanə gətirən adamlardan mənim əsla xoşum gəlmir. Desəm ki, sənə zəng etməməyimə və ya məktub yazmamağıma səbəb, tutaq ki, işimin çoxluğu, başımın qarışıqlığı olubdur – sən bu üzrü qəbul etmə.

Necə yəni işim olub? Qardaşı, ürək dostunu yada salmaqdan da böyük iş ola bilərmi? Beləliklə, mən öz hərəkətimi səmimi olaraq məsuliyyətsizlik və ya başısoyuqluq adlandırıram ki, bunu da adama bağışlamazlar.

Ancaq bir məsələni yəqin ki, sən mətbuatdan oxumusan – Mən Tacikistana getmişdim. (Öz aramızdır, qeyri-iradi olsa da, deyəsən, günahım üçün səbəb tapdım). Oktyabrın 3-də Bakıya qayıtdıq. Bəxtiyar da getmişdi. O, gələn günün səhəri Moskvaya getdi. Görürsən, ömür təkərlər üzərində keçir. Sənin xəstələnməyin məni daha çox dilxor elədi. Axı sən niyə hər şeyi ürəyinə salırsan? Qardaş, müasir zamanda əksikləri düzəltmək üçün bir insan ürəyi heç nəyə yaramır. Ona görə də bəzən, rus demişkən “maxni rukoy!” Yusif Səmədoğlu iki aya yaxındır ki, bu lənətə gəlmiş ürəyin vəfasızlığı üzündən xəstəxanada yatır. 25-26 yaşlı bir gəncin ürəyindən şikayəti, mənə elə gəlir ki, bir ibrət ola bilər. Qaldı məktubundakı bədbin əhval-ruhiyyə, məni heç açmadı, xüsusən, sənə yaraşmır. Hələ qabaqda görüləsi o qədər iş, böyüdüləsi uşaq, yazılası əsərlər var ki! Müdafiəni qurtar, sonra bir 5-6 il elmi işlə (akademizm mənasında) məşğul olma. Yalnız dövri mətbuat üçün məqalələr yazarsan. Yay aylarında isə çıxarıq səyahətə.

Bu belə.

Rəsul haqqında məqaləni qurtar gətir. İslam məsələsinə gəlincə, onu sabah soruşaram. Amma açığını deyim ki, heç inanmıram. O öz redaksiya işini elə bir qarınağrısı ilə görür ki… Belədir də, qabiliyyətsiz adam oxlov kimi düm-düz olur. Qabiliyyətli adam isə tənək kolu kimi!

İndi isə özümdən:

Poemanı qurtarmışam. Bir parçası keçən ay “Azərbaycan gəncləri”ndə çıxdı (reklam xatirinə). Bütövlükdə (qlavlitdən keçsə) jurnalın 10-cu nömrəsində çıxır. Kitab məsələsinə gəlincə Azərnəşr gələn ilin planına mənim şeirlər kitabımı salıb, əgər fövqaladə bir hadisə olmasa çıxar.

Bu da belə.

Qardaş, mən də yaman darıxıram. Tacikistanda da o qədər o yan-bu yana qovdular ki… Görüş və yemək!

Rayona özüm də çox gəlmək istəyirəm. Hələlik gözləyirəm. Görək bu pambıq cəlladımızla haqq-hesab necə olacaq!.. Çünki gəlib vəziyyəti elə görəndə adam dünyadan əlini üzmək istəyir. Bakıya gəlməyin məni sevindirdi. Gəl, oturaq, dərdləşək.

Bu qədər.

Bacıma, balalara çoxlu-çoxlu salam de. Özün də gələndə ağıllı-başlı ürək gətir. Xəstəlik söhbətini təmiz unut!

Sizin Əliağa”.

Kürçaylı bizə çox gəlmişdi.

1963-cü il oktyabr ayında Süleyman Rüstəm, Vladimir Qafarov, Qılman İlkin, SSRİ dövlət himninin müəllifi, şair Qarold Registanla birgə. 1964-cü ildə bəstəkar Rauf Hacıyevlə bir yerdə…

Sonuncu gəlişinin tarixini dəqiqləşdirmək üçün atamın gündəliklərinə baxıram. 31 may 1978-ci il imiş. Kürçaylının ölümünə 19 ay qalıbmış. Neftçalada Sabir günləri çərçivəsində tədbir keçiriblər. İkisi də çıxış edib. Şəkilləri də var. İclasda yanaşı oturublar. Kürçaylının elə şəkli başqa yerdə yoxdu. Kim bilir, bəlkə də son şəklidir. Və Kürçaylı artıq “Dözmür dalğalara ömür gəmisi, / Sonuncu sahilə çatıram demək” misraları ilə başlayan “Mən olmayanda” şeirini yazıb. Həmin görüş barədə İmamverdi Əbilovun gündəliyindən: “Yanaqları qürub şəfəqini xatırladırdı. “On dörd il əvvəl, məhz bu ayda sizə gəlmişdim. Onda elə bilərdim ki, məni təbiət deyilən bu ulu ananın qoynundan qorxunc fil xortumları da qopara bilməz. Amma indi…” Biganə təbəssümlə susdu”.

Son görüşləri isə bu söhbətdən bir il yeddi ay sonra, Kürçaylının son günlərində – Kürçaylının evində olub… “Qupquru dodaqları zorla bir-birinə yaxınlaşdı, elə bil qeybdən gələn qırıq-qırıq kəlmələr eşidildi: “El-oğ-lu… Mən-dən sə-nə əma-nət…” Sözünün ardını deyə bilmədi, buna taqəti çatmadı, zorla açılan gözlər yavaş-yavaş qapandı…”

20 fevral 2023

İlkin mənbə:edebiyyatqazeti.az

Müəllif: Azər TURAN

AZƏR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru