Etiket arxivi: Atlaz Rzayi

Atlaz Rzayi – Təbəssümlü şəhid

Təbəssümlü şəhid

Canını Vətən torpağına verən, qanını ana torpağa qarışdırıb Ana Vətən yoğuran şəhidimiz İsgəndərli Kamran Yaşar oğlu haqqında olacaq yazım bu dəfə. O, 1997-ci ildə Cəlilabad rayonunda sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Orta məktəbi də Cəlilabad şəhərində Nizami Gəncəvi adına tam orta məktəbdə almış, 2015 – ci ildə orta məktəbi yüksək qiymətlərlə bitirib, sənədlərini Azərbaycan Texniki Universitetinə vermişdi. Kamran çox həlim xasiyyətli, geniş və yumşaq ürəkli, qorxmaz bir oğlan idi. Bacıları Türkan və Səbinənin arxa-dayağı idi. Cəlilabad camaatı onu çox sevirdi. O, Allahı özünə ən yaxın dost seçmişdi. Hər addımında halal yolu seçirdi. Onun kin-küdurət bilməyən ürəyində yalnız Xocalı soyqırımının ağrısı, bu ağrıya səbəbkar olan düşmənləri güclü nifrət var idi. Kamran ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanır. Onun xidmət etdiyi dövrlərdə -27 sentyabrda artıq döyüşlər başlayırdı. O, könüllü olaraq döyüşlərə qatılır. Xocalının qisası alınmalıydı. Qisas qiyamətə qala bilməzdi. Onun döyüş yolları Fizuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlıdan keçir. Komandirinin bütün tapşırıqlarını dəqiq və tam şəkildə yerinə yetirir, bir addım geri çəkilmirdi. Üzündə də hər zaman olduğu kimi təbəssümü ona yol yoldaşı olurdu. Bütün döyüşlərdən qələbə ilə qayıdırdı geriyə. Bu qızğın döyüşlərin birində çay içmək üçün əyləşən Kamran dostunun şəhid olması xəbərini alır və bərk sarsılır. Çayını içmədən silahını əlinə alıb döyüşə qayıdır. Oktyabrın 21-də Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olur.


Ölümdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
Fizuli rayonunun azadlığı uğrunda göstərdiyi igidliyə görə “Vətən uğrunda”,
Xocavənd rayonun azadlığı üçün göstərdi qəhrəmanlıq üçün “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Kamran subay idi. Onun sevdiyi, seçdiyi bir xanım, ürək sirdaşı və gələcək arzusu var idi. Lakin, o, Vətəni seçdi.

MüəllifATLAZ RZAYİ

ATLAZ RZAYİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Səngəri ilə qoşa uyuyan igid

Səngəri ilə qoşa uyuyan igid

Azərbaycan xalqının bu yurda bəxş etdiyi saysız -hesabsız qəhrəmanları var. Bu qəhrəmanlar hər zaman tarixin vərəqlərindən boylanıb, könüllərdə yer alıb. Ürəklərdə öz xüsusi yeri olan igidlərimizdən biri də Təhmasib Mehdiyevdir .O, 1969-cu il oktyabr ayının 4-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində dünyaya göz açmışdır. Sadə, zəhmətkeş bir ailənin övladı da uşaq yaşlarından zəhmətə qatılaşmışdır . Təhmasib ilk orta təhsilini öz kəndlərində alır və məktəbi bitirdikdən sonra Füzuli rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yola salınır. Hərbi xidmətdə olduğu müddətdə əsgər yoldaşları ilə birgə hərbi sirlərə dərindən yiyələnir .
Hərbi xidmətini başa vurduqdan sonra Təhmasib kəndlərinə geri dönür və burada öz zəhməti ilə hamının hörmətini qazanır. Onun mərdliyi, dürüstlüyü, səmimiyyəti xalq arasında onu sevdirir.
Qarabağ torpağı üzərindən qara buludlar keçməyə başlayanda Təhmasib də düşmənə qarşı yeni yaradılan batalyon dəstələrindən birinə könüllü olaraq qatılır. Cəbhədə özünə məxsus tüfəngi ilə döyüşməyə başlayır. Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edir. Onun ilk döyüş yolu Veysəlli kəndində “Çartaz çaxır” zavodu deyilən ərazidə keçirilən döyüş əməliyyatları olur. Daha sonralar isə Qaradağlı, Köşbək əməliyyatlarında fəal iştirak edir. Divanalılar, Haça Gədik uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanan Təhmasib Bakı şəhərində yerləşən Papanin hospitalına yerləşdirilir . Daha sonra isə Sabunçu xəstəxanasında müalicəsi davam etdirilir. Müalicə aldığı müddətdə Vətəni öz canından çox sevən igidimiz qolu sarıqlı halda yenidən cəbhə xəttinə döyüşməyə yollanır. Onu bu yoldan heç kim saxlaya bilməzdi. Çünki 1992-ci il 15 avqust 814 saylı batalyon dəstəsinin ən çətin günləri idi. Ölümün gözünə dik baxaraq mübarizə aparan igidlərimiz Təhmasibin gözləri önündə şəhid, qazi olurdular.


Onun son döyüş yolu 1994-cü ildə başda Horadiz olmaqla 22 kəndin azadlığı uğrunda gedən döyüşlər oldu. O,1994-cü ildə Atəşkəs sülh müqaviləsi bağlandıqdan sonra ordudan təxris olunur.
Təhmasib Mehdiyev otuz ildən çox vətən həsrəti ilə yaşayır . O, vətəni hər şeydən öndə tuturdu, çox sevirdi. İkinci Qarabağ döyüşləri başlayır və Təhmasib Mehdiyev də səngərdə döyüşən oğullarımızın yanında olur. Onlara hər zaman yardımlar edir, dəstək olur.
Düşmənə bir an da əyilməyən igidimiz amansız xərçəng xəstəliyinə tutulur və ona yenik düşərək 2 oktyabr 2025-ci ildə dünyasını dəyişir . Otuz ildən sonra işğaldan azad olunmuş, üzərində döyüşdüyü, böyüyüb boya -başa çatdığı doğma Yağlıvənd kəndində dəfn olunub.
Allah rəhmət eləsin.

Yağlıvənd üstündən əsən küləklər

İgid Təhmasibdən dastan deyirdi.
Qürurlu döyüşçü, qorxmaz oğula
Payız küləkləri əl eyləyirdi.

Ömrünün ən gözəl gənclik çağında
Qarabağ torpağı -O, ana yurdun
Sinəsini oğlu kimi qoruyub,
Səngərindən düşmənləri qovurdu.

Güllələr aramsız başının üstdən
Yağsa da vermirdi macal düşmənə.
Vətən torpağının çətin günləri
Onu da salmışdı ağrıya, qəmə.

Doğma obasından uzağa salan
O küskün illər də gəlib sovuşdu.
Millətin taleyi güldü üzünə,
Vətən azadlığa -kama qovuşdu.

Səngərdə bircə an yenik düşmədi,
Vuruşa -vuruşa o, qalib oldu.
Amansız xərçəngin caynaqlarında ,
Günbəgün əridi, gül kimi soldu.

Payız layla çaldı göz yaşlarıyla,
Əlini igidin boynuna saldı.
Qəhərdən boğulan adamlar kimi
Torpaq bir igidi qoynuna aldı.


MüəllifATLAZ RZAYİ

ATLAZ RZAYİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

Atlaz Rzayi – Cüt qanadlım

Qaldır ətəyindən dağıt bu daşı

Qaldır ətəyindən dağıt bu daşı

Günahın ağırı, yüngülü olmaz.
Neçə qız seçəsən, soraqlayasan,
Mənimtək aldanan sevgili olmaz.

Kim bükər boynunu bənövşə kimi
Bahar ümidilə daşa sığınar ?
Hər fürsət düşəndə ovcuna sıxıb
Gözündən süzülən yaşa sığınar?

Kor olub görmürsən sədaqətimi
Bu sevgim gözünə qənim kəsilib.
Bu boyda ümidim, səbrim,zillətim
Elə bil özümə qənim kəsilib.

Qaldır ətəyindən dağıt bu daşı
Mən verən sevgini bərk tut əlində.
Ürəyin yoxdursa, eybi yox, neynim
Mənim varlığımı unut əlində.

*****

Göz yaşlarım

Qoy bu dəfə göz yaşlarım

Ən ağrılı dərdimə məlhəm olsun.
Üzünü görmədiyim,
Adını bilmədiyim
Dost kimi həmdəm olsun.
Boğazımdan qəhəri,
Gözlərimdən dumanı
Yusun -yusun aparsın.
Taleyimin qoy ağını saxlasın,
Qoy qarasın aparsın.
Bu günümdən sabahıma
Körpü olsun ümid adlı.
Uçub qonsun çiynimə
Tale quşutək
Cüt qanadlı.
Tutub əllərimdən qaldırsın məni
Gözlərimə sığal verən yaşlarım.
Ürəyimin atəşinə təsəllisən,
Gözlərimə sual verən yaşlarım.

*****

Mən səni uduzmadım

Nə olsun çıxıb getdin
Mən səni uduzmadım.
Bu ayrılıq yuxusun
Ayrılığa yozmadım.

Gəmilər hər limanı
Dövrə vurub dolanmır.
Hər sevdanın başına
Ürək durub dolanmır

Mən səni uduzmadım
Gecənin köynəyinə.
Açılan sabahların
Nə şərinə, xeyrinə.

Bu həsrət min vüsala
Günəş kimi əl edir.
Bu qalib sədaqətim
Mənlə birgə yol gedir.

MüəllifATLAZ RZAYİ

ATLAZ RZAYİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana


Göytəpə şəhərinin ilk şəhidi

Göytəpə şəhərinin ilk şəhidi

“Torpaq uğrunda ölən varsa, Vətən var”. Bəli, bu gün biz azad bir ölkədə rahat yaşayırıqsa, bunu şəhidlərimizə borcluyuq. Borcunu heç zaman ödəyə bilməyəcəyimiz insanlardan biri də Cəlilabad rayonunun Göytəpə şəhərində dünyaya göz açan şəhidimiz Vüqar Mürsəlov Mirəzbər oğludur.
O, 1993-cü il mart ayının 10-da ziyalı ailəsində anadan olmuşdur. Ailənin ikinci övladı idi Vüqar. İkinci olmasına baxmayaraq, hər zaman öz böyüklüyünü göstərirdi . Daxilən çox səmimi, mərd, ailəcanlı idi . Bütün müsbət keyfiyyətləri ilə sevilirdi. Vüqar Mürsəlov Göytəpə şəhərində 1 saylı orta məktəbə gedir. 1980-ci ildə həmin məktəbi bitirib, 67 saylı Bakı texniki peşə məktəbində təhsilini davam etdirir. Daha sonra isə Bakı Politexnik texnikumuna daxil olaraq əla qiymətlərlə təhsilini başa vurur. Artıq hərbi xidmətə yola düşmək zamanı gəlir. O, öz xidmətinə Belarusiyanın Brest şəhərində başlayır. Hərbi xidmətdə olduğu zaman da öz mərdliyi, cəldliyi və şücaətiylə seçilir. 1984 -cü ildə Vüqar Ordudan Qvardiya Baş Çavuşu və tankçı olaraq geri dönür. Və Göytəpə şəhərində ” Göytəpə Təmiri Zavodunda öz peşəsi üzrə işləməyə başlayır.
Qara yellər əsməyə başlayırdı Vətənimizin üstündə. Torpaq sevgisi çəkib aparırdı oğulları cəbhəyə. Vüqar da dözə bilmirdi torpaqlarımızın işğal olunmasına. 1991-ci ildə Xüsusi Təyinatlı Polis dəstəsinə qəbul edilir və cəbhəyə yola salınır. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa , Ağdərə rayonlarının işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşür. Düşmən ordusuna ciddi itkilər verir .1992-ci Tərtər rayonunun Cəmilli kəndi ərazisində düşmənlə qızğın mübarizə gedir. Bu döyüşlərin birində ölümü deyil, yurdu sevgisini gözünə almış Vüqar qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikasının Prezidenti 1994-cü ildə Vüqar Mürsəlova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adını verir . Vüqar Mürsəlov Göytəpə şəhərinin ilk şəhidi idi . Qəhrəmanlıq nümunəsi idi gələcək nəsillərə.
Tərtər rayonunda və Cəlilabad rayonunda adına küçə salınıb. Eləcə də təhsil aldığı 1 saylı orta məktəb də şahid Mürsəlov Vüqarın adınadır.

Müəllif: ATLAZ RZAYİ

ATLAZ RZAYİNİN YAZILARI

Əyyub Türkay- uşaq şeirlərinin sevilən müəllifi – Atlaz Rzayi yazır

ATLAZ RZAYİNİN YAZILARI

Onu ilk dəfə sosial şəbəkədən tanımışam. Daha doğrusu əziz varlığını mənə tanıtdırıb. Hələ o zamanlar şəxsi tanımasam da yaradıcılığı ilə tanış olmaq məni çox sevindirdi. Uşaq şeirlərinin müəllifi kimi tanıdığım bu insanın körpə ruhuna heyranlıqla tamaşa edirdim. Yaradıcılığını və şəxsiyyətini izlədikcə nə qədər böyük ürəyə və dəyərə malik olduğunu anladım və onu sözlə ifadə etmək mümkün deyil. Onu tanımaq lazımdır.
Əyyub Türkay- uşaq şeirlərinin sevilən müəllifi və uşaqların əziz dostudur. Bu yaxınlarda işıq üzü görən “balacaların şeir çələngi” adlı şeir kitabını mənə hədiyyə etdi. Altmış səhifəlik kitabı birnəfəsə oxuyub bitirdim. Oxuduqca nostalji hisslər keçirdim, kövrəldim, üzümə təbəssüm qondu. Hər şeiri mənə ayrı duyğular bəxş etdi. Uşaqlığıma səyahət etdim sanki.
Əyyub Türkaya ürəkdən uğurlar arzulayıram.

Müəllif: ATLAZ RZAYİ

ATLAZ RZAYİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru