
Qaldır ətəyindən dağıt bu daşı
Qaldır ətəyindən dağıt bu daşı
Günahın ağırı, yüngülü olmaz.
Neçə qız seçəsən, soraqlayasan,
Mənimtək aldanan sevgili olmaz.
Kim bükər boynunu bənövşə kimi
Bahar ümidilə daşa sığınar ?
Hər fürsət düşəndə ovcuna sıxıb
Gözündən süzülən yaşa sığınar?
Kor olub görmürsən sədaqətimi
Bu sevgim gözünə qənim kəsilib.
Bu boyda ümidim, səbrim,zillətim
Elə bil özümə qənim kəsilib.
Qaldır ətəyindən dağıt bu daşı
Mən verən sevgini bərk tut əlində.
Ürəyin yoxdursa, eybi yox, neynim
Mənim varlığımı unut əlində.
*****
Göz yaşlarım
Qoy bu dəfə göz yaşlarım
Ən ağrılı dərdimə məlhəm olsun.
Üzünü görmədiyim,
Adını bilmədiyim
Dost kimi həmdəm olsun.
Boğazımdan qəhəri,
Gözlərimdən dumanı
Yusun -yusun aparsın.
Taleyimin qoy ağını saxlasın,
Qoy qarasın aparsın.
Bu günümdən sabahıma
Körpü olsun ümid adlı.
Uçub qonsun çiynimə
Tale quşutək
Cüt qanadlı.
Tutub əllərimdən qaldırsın məni
Gözlərimə sığal verən yaşlarım.
Ürəyimin atəşinə təsəllisən,
Gözlərimə sual verən yaşlarım.
*****
Mən səni uduzmadım
Nə olsun çıxıb getdin
Mən səni uduzmadım.
Bu ayrılıq yuxusun
Ayrılığa yozmadım.
Gəmilər hər limanı
Dövrə vurub dolanmır.
Hər sevdanın başına
Ürək durub dolanmır
Mən səni uduzmadım
Gecənin köynəyinə.
Açılan sabahların
Nə şərinə, xeyrinə.
Bu həsrət min vüsala
Günəş kimi əl edir.
Bu qalib sədaqətim
Mənlə birgə yol gedir.
Müəllif: ATLAZ RZAYİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana