Etiket arxivi: OĞUZNAMƏ

“TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(dördüncü yazı)

Əvvəli burada: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ

Araşdırmaçı İlhamə Ənvərqızı “Troya-Turoya, Türk obası” kitabında “Dədə Qorqud” və “İliada” əsərlərində adların, toponimlərin, hidronimlərin müqayisəli analizini aparır. O yazır:

Adların bənzərliyinə baxaq: Homerdə Ares, “Dədə Qorqud”da Aruz, Uruz, Homerdə Peyroy, bizdə Beyrək. Homerdəki Pilemen adına adekvat olaraq “Kitabi Dədə Qorqud”da Bilgə adını göstərmək olar. Yəni Troya türkləri ilə “Dədə Qorqud” türklərinin adı bir-birinə bənzəyir. Bəzi adlar isə yaranma üsuluna görə oxşayır. Qaraca adıyla Akca (Əsərdə Aksani yazılıb), Homerdəki troyalı Bəndər (Pandar) və “Dədə Qorqud”da Dondar, turoyalı Merok və “Dədə Qorqud”dakı Şöklü Məlik, turoyalı İmbors – “Dədə Qorqud”da İmran, turoyalı Ənüz (Anxiz) və “Dədə Qorqud”dakı Bəkdüz, turoyalı Turuz və “Dədə Qorqud”dakı Dirsə, Qanturalı antoponimləri tam eyni deyilsə də, ruhən yaxındırlar. Eyni xalqa aid olduğu sezilir. Turoyadakı Gigey gölü hidronimi “Dədə Qorqud”dakı Gökcə gölünə, Turoyadakı Aksu çayı dastandakı Ağçay hidroniminə, Homerdəki Mikal dağı bizdəki Muğan toponiminə uyğun gəlir. Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi Kassandra antroponiminin orijinalı Əsəndur şəklində idi. Turoyalı Kassandra adı “Dədə Qorqud”dakı Qazan adı ilə eyni morfemdən ola bilər. Göy-göl yaxınlığında Qazandurmaz zirvəsinin adı da maraq doğurur. Bu adı yunan tələffüzündə desək Kassandur adı ilə ortaq morfem alınır. Troyalı Troilin adı “Dədə Qorqud” oğuzlarından Qanturalın adı ilə eyni morfemlidir. “Qan+tur+al və Tur+il” .

İslandların “Kiçik Edda” abidəsində də Troyanın türk ölkəsi olduğu təsdiqini tapır:

“Troya türk ölkəsidir… Türklərin ölkəsini tərk edib…” Avropaya gələn aslar buraya türk adət-ənənələrini gətirdilər və “burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu”.

Strabonun adını çəkdiyi “Kordub” da maraq dairəmizdədir. “Kor” sözü burada fonetik səs dəyişməsinə məruz qaldığından onu Kor / Qor kimi də oxumaq olar. Qor isə “od”, “isti” mənasını verir.

“Dub” isə şumercə “gil lövhəsi”, türkcə “tup” variantı isə “bişmiş kərpic” anlamınan gəlir. Əgər bunun izahını düzgün verdiksə, onda Kordubun mənası “Kərpic bişirənlərin şəhəri” izahına gəlib çıxır.

Şumer-türk əlaqələri də burada da özünü aydın göstərir. Professor E.Əlibəyzadə alman alimi Q.Vinqlerə istinadən yazır: “Bizə qədər əlib çatmış ən qədim qaynaqlar semit dilində deyil, “şumer dilində” yaranıb ki, daha sonralar bu yazıların dilini də onların dili adlandırıblar. Bizə gəlib çatmış Şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyanın ən qədim mədəni dili olan Şumer dilinin ümumi xarakteri barədə kifayət qədər təsəvvür yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və semit dilinin quruluşundan tamamilə fərqlənir”.

Fransız alimi E.Rexlü qeyd edir ki, qədim yazıların şəhadətini görə Babil sivilizasiyasını inkişaf etdirənlər hind-avropa dillərində danışıb, özlərini dil və mənşəcə Avropadan həqiqi və yalançı xalqlarının qohumu sayan qəbilələr olmamışlar. Arilərin bütün sahələrdə tam üstünlüyünün təsiri altında olan assiroloqlar özlərinin bu kəşfindən xeyli heyrətə gəldilər və gördülər ki, ən qədim oxşəkilli yazıların dilində İran və semit dillərinə xas cizgilər qətiyyən yoxdur. Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluq var.

Türk alimi Əhməd Cavad isə yazır: “Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr edən Volley şumerləri morfoloji cəhətdən “əski Türkcəyə bənzər” bir dildə danışdığını qəbul edir: “Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var; bizi bu qənaətə gətirən ən güclü sübut ikidir:

1.    Dil sübutu;

2.    Geoloji və arxeoloji sübut”.

Strabon Onoba, Ossonoba və Menoba şəhərlərinin adını çəkir. Tarixdən də məlumdur ki, “oba” sözü yalnız türklərə məxsusdur və indinin özündə də əksər türk tayfaları arasında işlənməkdədir. Onoba on sülalənin, Ossonoba çox güman ki, otuz sülalənin bir yerdə cəmləşib oba salmasıdır. Şəhərlərin adlarının beləcə sıralanması bir daha təsdiqləyir ki, sülalələrin sayına görə şəhərə də sülalənin sayını təsdiq edən adlar verilmişdir. Məsələn, Menoba tək bir sülalənin saldığı şəhər kimi qələmə verilir. Güman ki, bu şəhərlərin salınması uzun bir tarixi yol keçmişdir.

Strabon daha bir şəhər adı çəkir: “Salas sakinləri əsrarəngiz və zərif parçalar hazırlayırlar…”

Burada Sal+az iki sözdən ibarət olmasına baxmayaraq, birincinin müxtəlif çalarları mövcuddur. Belə ki, “sal” sözünə həm yer, həm tayfa adlarında, həm də məişətdə, müasir dilimizdə işlədilən ifadələrdə rast gəlmək mümkündür. Məsələn, Qazan xanın qəbiləsi Salur adlanır, Azərbaycanda Salyan adlı rayon var. Yaxud heyvan kəsilən yerə sallaqxana deyirlər. “Saldaşı” məfhumu da mövcuddur. Sonralar isə “sal” sözü feil kimi işlədilib: salmaq, sallamaq və sair.

M.Kaşğari “sal” ilə bağlı müxtəlif çalar və məna daşıyan sözlər verir:

“Sal – sal, kiçik qayıq

Sal – qablardakı zeh, çini lakı

Sal – salmaq, atmaq: bir şeyə işarə vermək; götürmək; toplu hala gətirmək

Salçı – aşpaz 

Salı – suvaq aləti, mala

Saltur – saldırmaq, çıxarıb atmaq

“Qədim türk sözlüyü”ndə də “sal” sözünün müxtəlif mənaları verilir:

Sal – qoymaq

Sal – atmaq, tullamaq (basin alip qodi saldi – it canavarın başından tutub aşağı tulladı)

Sal – vurmaq

Sal – qovmaq

Sal – yelləmək

Sal – təyin etmək, müəyyənləşdirmək

Salça – at növü

Salin – yazmaq”

Salas sözünün ikinci hissəsindəki aslar haqqında yuxarıda yazmışdıq.

Daha sonra Strabon yazır: “… Dağlardan o tərəfə, cənubda oretanlar yaşayır; hansı ki, sahilə – sütunların bir hissəsinə qədər uzanır. Onlardan şimalda Karpatan, sonra isə vetton və vakkeylər məskunlaşıblar. Bu ölkədən Duri çayı axır. Vakkey şəhəri isə Akuti çayının sahilində yerləşir”.

“Duri” hidronimi aydın və türkcə başa düşüləndir. Sözün kökü “dur” feilindəndir və “durmaq”, “dayanmaq” anlamını verir. Fikrimizcə “Duru çay”, yəni “saf sulu çay” sözünü də bu hidronimə aid etmək olar.

“Akuti” haqqında isə bir az geniş danışmağa ehtiyac var. Məlumdur ki, “Ak” sözündə “k” səsi fonetik dəyişmə nəticəsində “ğ” kimi oxuna bilər, çünki yunan və roma dilində “ğ” hərfi olmadığından “ğ” “k” kimi yazılıb.

“Qədim türk sözlüyü”ndə “ak/aq/ağ” sözü aşağıdakı mənalarda verilir:

Aq = ağ (aq bulut – ağ bulud)

Aq taş = gips, təbaşir

Aq/ağ = pis hərəkət etmək ağ etmək

Aq saqal = ağsaqqal, hörmətli adam

Aq = axmaq, gömülmək (suvi aqa turur qaya tupi qaqa turur – çayın suyu fasiləsiz axır və qayanın ətəklərini yuyur).

Mahmud Kaşğaridə də “ak” sözü demək olar ki, eyni mənanı verir:

Ak = ağ, bəyaz

Aksakal = saçı-saqqalı ağarmış, qocalmış

Akatur = axıb durmaq

A.Sumbatzadə Atropatenanın etnik tərkibi haqqında yazanda İ.Əliyevə istinadən qeyd edir ki, bu ərazidə yaşayan etnik qruplar irandilli deyillər: “Bizi maraqlandıran zonada şərqdən şimala doğru kaspilər, kadusilər, utilər, ayışanlar və başqa tayfalar məskunlaşıblar, hansı ki, onların arasında heç olmasa bir tayfa da olsun irandilli yoxdur”. Herodot da “Tarix” kitabında indiki Azərbaycan ərazisində və Anadoluda utilərin yaşadığını göstərir.

Albaniya ərazisində, Kürün sağ sahilində utik, Paytakaran və Arsas vilayətlərinin olması faktını bir çox mənbələr qey edirlər.

Kamal Əliyev və Fəridə Əliyeva “Azərbaycan antik dövrdə” əsərində yazırlar: “Pliniyə görə Araz çayı Atropatena ilə Otena arasından axır”.

Sonralar yaşayıb – yaratmış yazıçılar Albaniyada həm utilərin, həm də Otena ölkəsinin adını çəkirlər, məsələn Evsebi Qafqazın başqa ölkələri ilə yanaşı, Otena ölkəsini də xatırladır. Utini və ya Otenanı Kürlə Araz arasında yerləşdirir”. Oljas Süleymenov “Az-Ya” əsərində şumer və türk dillərində “ud” sözünün müqayisəsini vermişdir.

Şumercə

Ud – günəş, gün

Ud – od, atəş

Udun – ocaq

Udu – müqəddəs günəş ilahəsi.

Türkcə

UT (ud, ot) – günorta, zaman (qədim türkcə)

Ud (UT, OT, od) – atəş (ümumtürkcə)

UTUN (udun, otun, odun, otın) – ağac, yanacaq (ümumtürkcə)

Uduk (ıdık) – müqəddəs (qədim türkcə).

Bəzi alimlər utiləri kuti / qutilərlə eyniləşdirirlər. Nəzərə alaq ki, hun tayfalarından biri “Uturqur”, digəri isə “Quturqur” adlanırdı.

Professor F.Ağasıoğlu yazır:

“Qədim Azərbaycan torpaqlarında İslama qədər çoxlu dövlətlər qurulmuşdur. Bunların xeyli hissəsi ayrı-ayrı bəyliklər səviyyəsindən yuxarı qalxa bilməsə də, bəziləri qüdrətli dövlət, hətta imperiya səviyyəsinə qalxa bilmişdir. Belə böyük dövlətlərdən “Quti eli” adlandırdığımız qədim protoazər tayfalarından olan Quti boylarının qurduğu dövlətdir. Aratta istisna olmaqla, Quti eli, Azərbaycanda qurulmuş hələlik elmə məlum olan ilk böyük dövlətdir.

Eramızdan əvvəl III minilliyin sonunda qurulan Quti dövləti 100 ilə (e.ə. 2200-2109) yaxın mövcudluğundan sonra dünya xəritəsindən silinmişdir. Firudun Ağasıoğlu qeyd edir ki, həm akkad, həm də elam yazılarında olan  qutilər ölkəsində 70 boyla vuruşmuşlar: “Əlbəttə, bu boyların hamısı ayrılıqda Quti adlanmırdı, sonrakı mənbələr göstərir ki, bəzi yazılarda “Quti” adı o dövrdə həmin ərazilərdə yaşayan subar, türuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və s. türk boylarının ümumi adı kimi işlənmişdir”.

Daha sonra Strabon yazır: “İberiya döngəsi ilə dəniz arasında birinci şəhər Tarrakondur. Bu şəhərin əhalisi Yeni Karfagenin əhalisi qədərdir”.

Dünya türkoloqların “türk” sözünün “tar”dan yarandığına şübhə etmirlər. Bizdə kitabın giriş hissəsində buna qismən yer ayırmışdıq.

Məsələn, akademik N.Y.Marr türk termininin “tarxan” sözündən əmələ gəldiyini yazır. Bu heç də təsadüfi deyil, çünki bu söz tayfalar arasında üstünlüyünü bildirir, hətta onu ilahiləşdirib Allaha bərabər də tuturdu. Bununla bağlı A.N.Kononov yazır:

“Bu iqtibasda diqqəti daha çox Y.N.Marrın “türk” termininə yönəltmək istəyirəm. O, “türk” terminini başqa keyfiyyətlərlə yanaşı, həm də İlahiyə bərabər seçilmişlərə aid edir”.

Sonralar tar / tur termini müxtəlif toponim, etnonim, hidronim və başqa adlarda öz əksini tapmışdır. Məsələn, uyğurlara həm tarançı deyirlər. Tatar sözü “tarlıq tatarları” sözünə bərabərdir.

Etruskların ulu babasının adı da  Tarkan olub. Herodot isə iskitlər ulu babasını Tarqıtay adlandırır. O, “Tarix” kitabında yazır:

“… Bir vaxtlar hələ məskunlaşmamış bu ölkənin ilk sakini Tarqıtay adlı bir adam olmuşdur. Iskitlərin dediyinə görə, Tarqıtayın atası Zevs, anası Borisfen çayının qızıdır (iskitlər israr etsələr də biz buna inanmırıq). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da 3 oğlu varmış”. Göründüyü kimi, akademik N.Y.Marr tar /tur terminini necə ilahiləşdirib Allaha bağlayırdısa, Herodot da Tarqıtayın Zevs Allahının oğlu olduğunu yazır.

Bir maraqlı söz də tar / tordur. Keçən əsrin ortalarına qədər “torum” sözü də işlədilirdi. Bu da mahiyyətcə, doğub-törəmə ilə bağlı idi. Belə ki, “torum” sözündən yaranan “törə-nəvə” Osmanlı türkcəsində də eyni anlamı verir, yəni “tor / torun”u nəsilartırma kimi anlamış oluruq.

Fikrimizcə, akademik N.Y.Marr tar / tur termininin açmasını düzgün vermiş və “türk” sözünün “tardan” yaranmasını doğru qeyd etmiş, eyni zamanda, bu sözün ilahiləşdirilmiş kimi başa düşülməsini göstərmişdir. Tar/tur/tor sözü ilə bağlı yazdıqlarımızı Firudin Ağasıoğlu da təsdiq edir. O yazır:

“Kiçik Asiyadakı Troyadan (Turova / Turoba) Avropaya, oradan da İslandiya gedən tayfaların tor / tür adlı tanrıları olmuşdur. Ona görə də island saqalarında Türkel, Turid, Toralv (Toralp?), Torlauq, Torqaut, Torleyk, Torlaq, Torarin, Torberq, Torqeyr kimi antroponimlərin kökündə as tayfalarının tor/tür şəklində işlənilən teonimi durur. Maraqlıdır ki, Tor tanrının funksiyası (A.Bremenski) “V poyedinki s velikanami; plodorodiya çerez qrozu” (C.Dumezli) şəklində bərpa olunur. Bu yozum bizim müəyyənləşdirdiyimiz tar / tür teoniminin “ölüb dirilmə” təsəvvürü ilə bağlı olması və azər dilindəki torun (nəvə) törətmək tipli sözlərdə həmin anlamın qalması ilə uyğunluq yaradır”. “Ölüb-dirilmə” həm də “torpaq” sözü ilə də bağlıdır. “Torpağı öldürməsən, o səni diriltməz” kimi atalar sözü günümüzdə də işlənməkdədir.

ARDI BURADA: “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ yazır

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(üçüncü yazı)

Əvvəli burada: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ

Strabon özünün məşhur “Coğrafiya” kitabında yazır:

“Müqəddəs Burun da daxil olmaqla qərb sahilləri düz TAQ çayının töküldüyü yerə qədər İberiyanın (müasir İspaniya və Portuqaliya əraziləri nəzərdə tutulur. – Y.O.) qərb tərəfinin başlanğıcıdır.

Cənubdan isə – Ana çayının töküldüyü yerə qədər cənub tərəfin başlanğıcıdır. Hər iki çay mənbəyini şərqdən götürür. Amma TAQ  o biri çaylardan daha böyükdür və birbaşa qərbə axdığı halda, Ana cənuba dönərək vilayəti İkiçayarasına salır… Ölkənin dərinliklərində KARPATAN, OREATAN və VETTONLAR (kursiv mənimdir- Y.O.) yaşayırlar… Bu əyalətdən mənbəyini  Ana və Taq çayları kimi eyni yerdən götürən BATİY  çayı axır..

…Çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhali isə onu TURDETAN  adlandırır. Arada əhalini turdetan, bəziləri isə turdul çağırırlar. Bir sıra yazarlar onları bir xalq, bir qismi isə müxtəlif xalqlar hesab edir. Axırıncıya Polibi aiddir və təsdiq edir ki, turdullar turdentlərin şimal qonşusudur, amma indi onların arasında heç bir fərq tapmazsan. Turdentlər iberiyalılar arasında özlərini ən mədəni hesab edirlər. Onların əlifbası mövcuddur, qanunlar və öz tayfalarının tarixinə aid poemalar yazırlar (özlərinin dediyi kimi, yazılarının 6000 il yaşı var).Başqa iberiyalılar da yazı ilə tanışdırlar, amma onların hərfləri fərqlidir, belə ki, onların dilləri ayrıdır”.

Göründüyü kimi  e.ə. I əsrin sonunda, eramızın əvvəllərində Avropanı gəzən və qələmə alan Strabon bizə  türk toponimləri, hidronimləri və etnonimləri haqqında kifayət qədər məlumat verir. Bunun üzərindən sükutla keçmək mümkün deyil.

Başlayaq Strabonun İberiyada göstərdiyi TAQ  və ANA  hidronimlərindən. Adi gözlə də, heç bir şərh vermədən görmək olur ki, hər iki çayın adı türkcədir. Bəs bu qədər türk toponimləri, hidronimləri və etnonimləri e.ə. I əsrdə indiki İspaniya ərazisinə necə gedib çıxıb? Nəzərə alaq ki, bu adların bu yerlərdə öz təsdiqini tapması üçün yüz illər, bəlkə də min illər gərəkdir. Bəzi tarixçilər təsdiq edirlər ki, e.ə. V əsrdə biz qədim türklər olaraq  Mərkəzi Asiya çöllərindən kənara çıxmamışıq. Elə isə bu adlar Avropanın qərbinə necə gəlib çıxdı? Haradan qaynaqlanır bu adlar? Özü də bu adları Strabon yunan dilinə tərcümə etmir. Yerli xalqlar bu adları necə söyləyir və tələffüz edirsə, Strabon da elə yazır.

Məlumdur ki, “TAQ” sözü indi də bir çox türk dillərində, o cümlədən də  Azərbaycan türkcəsində işlədilir. “Taq (ğ) Azərbaycanda üzüm ağacının bir qoluna deyilir. “Taqım” orduda alayın bir hissəsidir. 1969-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) nəşr olunan “Qədim türk sözlüyü” kitabında “taq” sözü bərkidilmək, nəyinsə bir hissəsi anlamını verir.

Qeyd etmək lazımdır ki, qədim şumer dilində bu söz müasir türk dilindəki kimi “birlədirmək”, “yaışdırmaq”, “sancmaq” anlamlarını verir.

XI əsrdə yaşayıb-yaratmış M.Kaşğari də taq və tağ sözlərini eyniləşdirir. Bundan başqa müəllif “tağ” sözündən əmələ gələn sözlərə də diqqət yetirir:

Tağay – dayı;

Tağık – dağa çıxmaq;

Tağıl – korlamaq;

Tağla – dağılmaq.

Strabonun göstərdiyi “Ana” çayının adı isə – minillərdir “ANA,APA,ABA” kimi işlədilən bu söz şumer dilində də “AMA” kimi işlədilmişdi.

“Qədim türk sözlüyü”ndə də “ana” sözü indi başa düşdüyümüz anlamda verilir.

Daha sonra Strabon qeyd edir ki, ölkənin dərinliklərində karpatan, oretan və vettonlar yaşayırlar. Maraqlıdır ki, bu etnonimlərə indiyə qədər bizim türkoloqlar diqqət yetirməyiblər. Göründüyü kimi bu sözlər mürəkkəb sözlərdir və təmiz türkcədir. Fonetik dəyişikliyə uğrasa da bu sözlərin anlamı bu gün də başa düşülməkdədir.

Strabon qeyd edir ki, bu əyalətdən Batiy çayı axır və çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhalisi özünü turdul deyə çağırır. Turdullar haqqında yuxarıda bəhs etdik.

Qeyd etdiyimiz kimi İberiya  Avropanın lap şərqində yerləşir, yəni günəşin batdığı yerdə. Bu baxımdan çay qərbə axdığı üçün çayın adı Batiy, ölkə isə çayın adına uyğun Batik adlanır.

Mahmud Kaşğaridə də Bat sözü müxtəlif mənalar verir:

Bat – batmaq, gözdən itmək;

Batıs – bataqlıq, çayın dərin yeri;

Batsıs – qərb;

Batur – batırmaq, bağlatmaq.

“Qədim türk sözlüyü”ndə də “bat” sözü müxtəlif çalarlarda və mənalarda işlədilir:

“I Bat – üzümün suyunun sıxılması,

II Bat – pis, gərəksiz,

III Bat – tez, cəld; iglig ersar bat onulurkim xəstədirsə tez sağalar.

IV Bat – batmaq, baş vurmaq; kün batti – günəş batdi”

Bu gün də dilimizdə işlədilən sözləri – günəş çıxan tərəfi Doğu, günəş batan tərəfi Batı, şimalı – Quzey, cənubu isə Güney kimi işlədirik.

Daha sonra Strabon yazır:

“… Məhz bu körfəz vilayətində iberiyalılar bastetan adını daşıyırlar (onlara bastul da deyirlər)… Kalpa dağı yerləşir…

Əgər daxili dənizdən xarici tərəfə üzsən, bu dağ sağda qalır, ondan 40 stadiya kənarda Kalpa şəhəri yerləşir…

… Bunlardan daha güclü və şöhrətlisi isə əsası Marsel tərəfindən salınmış Kordubdur…

… İberiyalı keltlər arasında Konisturq, liman şəhərləri arasında isə daha məşhuru Asta şəhəridir…

Hər halda, təbiətlə tanış olan insanlar… Bu yerlərdə özləri üçün şəhərlər və başqa yaşayış yerləri saldılar. Bu şəhərlər siyahısına bunlar daxildir: Asta, Nabrissa, Onoba, Ossonoba, Menoba və başqaları…

… Salaq sakinləri əsrarəngiz və zərif parçadan hazırlayırlar…”.

Çox güman ki, Bastul / Basdul kimi işlənə bilər. “Bas” sözü feil funksiyasını daşımasına baxmayaraq, müxtəlif formalarda indi də müasir dilimizdə işlədilməkdədir; basmaq, basdırılmaq, basdırma, basıntı (toplantı), basar, Basqal və s. Qeyd edək ki, Qaraxanlılar dövlətində bir türk tayfasının adı Basmal idi.

M.Kaşğari “Divanü-lüğat-it-türk” kitabında “Bas” sözünün müxtəlif anlamlarını verir:

“Bas = basmaq,üstünə çökmək, yıxmaq, qamarlamaq;

Basa = sonra;

Basar = dağ sarmaşığı;

Basık = düşmən tərəfindən basılmaq;

Basın = zəif saymaq, zülm etmək;

Basruk = basqı.

“Qədim türk sözlüyü”ndə də “bas” sözü müxtəlif çalarlarda verilir:

“1.bas – basmaq; iğac, qaya qum bari gop basar – ağac, qayalar, qum hamısı tam sıxır;

2.bas – möhür vurmaq; tamqalarımızı basip bertemiz – biz öz möhürümüzü vurduq;

3. bas – sıxmaq, basıb keçmək;

4. bas – hücum etmək; qirqiz bodiniq uda basdimiz – gecə qırğız xalqına hücum etdik;

5. bas – əldə etmək; er qızı basdi – kişiqadını əldə etdi;

Basa – sonra; men anda basa keldim – mən ondan sonra gəldim.

Basal – soğan;

Basan – yas;

Basar – dağ sarımsağı;

Basquci – idarə edən, hakim;

Basiq – gecə hücumi;

Basil – idarə olunan;

Basin – məğlub olan;

Basinc – sıxışdırılan”.

“Dul” sözü ilə bağlı “Türkün gizli kitabı” kitabında yazırdıq:

“D.Aytmuradov çinşünas İ.Biçurinə istinadən qeyd edir ki, “dul+qa” bir çox türk tayfalarında dəbilqə mənasını verir. Müasir Azərbaycan dilində də “dulusçu” sözü indinin özündə də əldə saxsı qablar düzəldən sənətkara deyirlər. Bəlkə də “basdul” sözü saxsı qablar basan, yəni düzəldən tayfalara deyirlərmiş.

Azərbaycanda əri və ya arvadı ölmüş şəxsə dul deyirlər.

Asta şəhərinin adı da maraq kəsb edir. Belə ki, müasir türk dillərində “asta” sözü “yavaş”, “ləng”, “aramla” mənasını verir. “Asta yerişli” sözü indi də işlənməkdədir. “Asta” sözü “giriş qapısı” mənasındadır. Qazaxıstanın paytaxtı Astana şəhəri bu anlamdadır. Azərbaycanın cənub bölgəsində, ölkəyə giriş hissəsində Astara şəhəri yerləşir”.

Qədim türkçədə “Ast” – küçə, “astın” – aşağı, alt mənasını verir.

Strabon da qeyd edir ki, liman şəhərləri arasında ən məşhuru Astadır, ölkəyə giriş buradan başlanır.

Hər halda eradan əvvəl indiki İspaniya ərazisində  Asta şəhərinin olması və indiyədək bu adın eyni mənada müasir türk dillərində saxlanılması və işlənməsi, özlüyündə bir çox mətləblərdən xəbər verir. Daha bir ehtimal da mövcuddur. Yuxarıda Orxon-Yenisey abidələrindən yazanda, qeyd etmişdik ki, L.N.Qumilyov bu abidələrdən bəhs edərkən naməlum “az” tayfasının adını çəkmiş və onların haradan gəldiklərindən məlumatsız olduğunu bildirmişdir. Asta şəhərinin adı ehtimallara görə, As / az tayfasının adından götürülə bilər.

As / az tayfası haqqında professor Firudun Ağasıoğlu yazır: “Azərbaycan ölkə adının kökündəki azər boy adının yaranmasında özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biridir. Aziya / Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Bunun səbəbi az / as boylarının vaxtilə qədim Azərbaycandan  Batı, Quzey və Doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır”. Daha sonra müəllif qeyd edir ki, müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az / as komponentini yaşadan etnonimlər maraq kəsb edir. Məsələn, başqort-katay boyundaki as, assı soyları balkarların as adlanması, A.Vamberin özbəklərin 32 əsas boy sırasında as boyunu qeyd etməsi, qırğızların azıq boyu, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması az / asların türklüyünə şübhə qoymur.

Maraqlıdır ki, Az tayfasının Troyadan (müasir Türkiyə ərazisindən – Y.O.) Avropa və İslandiyaya köç etməsi haqqında “Kiçik Edda” abidəsi də lazımı qədər və ətraflı məlumat verir. Hətta orada qeyd edilir ki, aslar Troyadakı (Turoba) adətləri, Türkel, Anar, Atlı kimi şəxs adlarını və digər toponimləri özləri ilə Avropaya aparmışlar. Yeri gəlmişkən, yəhudi yazarı Rafail Nidelman özünün “İnsan tarixində müəmmalar, sirlər və kodlar” kitabında Troya haqqında maraqlı məlumat verir. O yazır ki, Sultan Mehmet Fatih 1453 -cü ildə İstanbulu fəth edəndə belə bir ifadə işlədib: “Konstantinopolu almaqla mən Troyanın yerlə-yeksan olunmasının qisasını alıram”. Hələ bir neçə il əvvəl “Türkün tarixinə yeni baxış” kitabında yazmışdım ki, Avropada VII əsrdən başlayaraq “türk” sözünün şərhini verməyə çalışıblar. Bu o zaman başlanıb ki, Troya əfsanəsi yazılı şəkildə təsdiqini tapdı və troyalıların türk köklü olduğu versiyası irəli sürüldü. Buna əsasən Troya çarı – TORQUDUS-un adının türk adına çox uyğun gəlməsi idi”.

Maraqlıdır ki, Troya şahzadəsinin adı Qöktar, anasının ismi isə Qökua olub, türk adlarından heş nə ilə fərqlənmirlər. Homerin şəhadətinə görə Troyada yaşayan tayfalardan biri isə “turşa” adlanırdı.

ARDI BURADA: “TÜRK” etnonimi və törələri – YUNUS OĞUZ

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(ikinci yazı)

Əvvəli burada: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ

Məlumdir ki, müasir Azərbaycan və digər türk dillərində “bil-bilmək” sözü çox geniş yayılıb. “Qədim türk sözlüyü”ndə “bil” müxtəlif mənalar verir: 

1.    Bil = bilmək;

2.    Bil = öyrənmək, dərk etmək;

3.    Bil = məsuliyyət hiss etmək;

4.    Bil = fikirləşmək;

5.    Bildüz = xəbər vermək.

Bilgə = aqil, çox bilən;

Bilgə bilig = ağıllı, hər şeyi dərk edən.

M.Kaşğaridə də bu söz demək olar ki, eyni mənanı verir:

Bil = bilmək;

Bildüz = bildirmək, öyrətmək;

Bilməsin =bilirmiş kimi görünmək;

Bilgə = bilgə, ağıllı, müdrik, alim, hakim;

Biligsə = ağıllı olmağı istəmək.

Göründüyü kimi, Şumerlərin mövcudluğundan altı min il keçsə də, çox anlamlar dəyişməyib, bu gün də izahında eyni mətləblər daşıyır, çünki türklər sözün kökünün işlədilməsində həmişə mühafizəkar olublar.

Bəllidir ki, yazının yaranması üçün dilin təşəkkül tapması çox vacibdir. Bunun üçün dil yüz illərlə formalaşmalı və cilalanmalıdır. Belə başa düşmək olar ki, bu daş kitabələrin və “Dədə Qorqud dastanı”nın yazılma dövründə türk dilləri ləhcə və şivələrə ayrılmamışdı.

Bu barədə akademik Nizami Cəfərov “Azərbaycanşunaslığa giriş” kitabında yazır: “Qədim ümumtürk dilinin bölünməsi prosesi I minilliyin sonu, II minilliyin əvvəllərində, əsasən üç türk dilinin formalaşması ilə başa çatmışdır: oğuz dili, qıpçaq dili, karluq dili. Lakin həmin dillər bir-birinə o qədər yaxın və əlaqələri o qədər sıx, intensiv olmuşdur ki, ümumi bir dilin – ümumtürkcənin dialektləri təsəvvürünü yaradır”.

Türkiyənin tarixi araşdırmaçısı Mustafa İzberk “Kim türk?” kitabında türk dilinə müxtəlif dilçi alimlər tərəfindən verilən qiymətdən yazır: “Heç bir qaydalar beləcə gözəl dil yaratmazdı”. (Max Müller). Bu qədər geniş əraziyə yayılmış olan türk dili qədər özünü qoruyan başqa bir dil  yoxdur”. (S.Roux). “Türk dili riyaziyyat kimi bir dil. Bunu mən yox, alman dilçiləri söyləyirlər. Sanki bir tağım riyaziyyatçı oturmuş, riyazi qaydada uyğun, düzgün bir dil icad edək deyə türk dilini yaratmışlar” (O.Şirvanoğlu). “Türk dilinin zamanımızdan 5500 il öncə müstəqil və iki qollu bir dil olaraq varlığı hesablanmışdır. Bu gün yaşayan dillər arasında ən əski yazılı bilgilərə sahib olan dil Türk dilidir. Bunlar Şumer tabletlərindən alınan kəlmələrdir” (O.N.Tuna).

Göründüyü kimi, Dil Türk Milli Kimliyin Varlığı, pasportu və mühərrikidir. Əgər, bu gün Mahmud Kaşğarinin min il öncə yazılmış “Divani lüğətü-im Türk” kitabını oxuyub başa düşürüksə, deməli türk dili, hələ də mühafizəkarlığını qoruyub saxlayır. Təbiidir ki, dövrün inkişafına uyğun yeni və alınma sözlər də dilimizə daxil olur, həyata vəsiqə alır. Lakin bu gün latın dili ölü dili sayılır. Müasir farslar əhəməni və sasani dilini, məsələn Firdovsinin “Şahnamə”sini tərcümədən oxuyurlar. Ruslar XVI əsr rus dillini başa düşmürlər. Belə nümunələri çox çəkmək olar, ancaq əsas qayəmizdən yayınmayaq.

Rizvan Cəbiyevin “Şumer kilidi” kitabında yazdığı fikirlər diqqətçəkəndir:

“Türklərin Şumer əsilli olmasını əngəlləyən ən başlıca maneə – tarixdə ilkin geniş miqrasiyanın Qərbdən Şərqə deyil, Şərqdən Qərbə, yəni Orta Asiyadan Avropaya doğru olması barədə yanlış ideyadır.

Şübhə etmirəm ki, bu ideyanı siyasətçilər düşünmüş və “elm dəllalları” əlilə həyata keçirmişlər. Məqsəd türkləri öz köklərindən qopartmaq və Orta Asiyanın qızmar günəşi altında “susuzluqdan” qurudub məhv etmək olmuşdur. Amma yüzlərlə, minlərlə təkzibolunmaz dəlil bunun əksini sübut edir: xalqların ilk “Böyük köçu” batıdan doğuya idi, yoxsa 6 min il əvvəl Nippurda və digər Şumer şəhərlərində tikilən çoxpilləli zikkuratların eynisinin e.ə. I minillikdə Altın – Tərədə tapılmasını başqa nə ilə izah etmək olar?

Yeri gəlmişkən şumerlər özlərini “kanqlı” adlandırırdılar. Yazılı mənbələrə görə onlar (kanqlılar-kəngərlər) Mesopotomiyaya Xəzərin qərb və şimal sahillərindən köçüblər. Eramızın IX-XIII əsrlərində kanqlı tayfaları Avrasiya bozqırlarında ən güclü tayfalardan biri olmuşlar.

İndi də türklərlə bağlı qədim mənbələrə müraciət edək:

1.    Turuklar;

Adları eramızdan əvvəl 2000-ci ildə çəkilir.

Fəaliyyətdə olduğu yer; Mesopotomiya (indiki Şimali İraq).

Adları ilk dəfə Zaqros dağlarında dağ tayfaları kimi assur və babil mətnlərində çəkilir.

F.Ağasıoğlu “9 Bitik” kitabında turuklar haqqında yazır: “Fərat çayının

yaxınlığında, indiki İraq və Suriya sınırı yaxınlığında fransız alimlərinin apardığı qazıntı Mari şəhərinin çar arxivini üzə çıxarmışdır. Mixi yazı ilə yazılmış bu gil tabletlərinin mətnləri iyirmi il sonra, 1950-ci ildən başlayaraq, Luvr muzeyi xəbərlərində dərc edildi. Bu mətnlərdə turukku şəklində oxunmuş boy adı vardı. İlk dəfə H.Z.Koşay bu adın türklərlə bağlı olduğunu söyləmiş… Təkcə burada verdiyimiz 23 №-li tabletdə türk adı beş dəfə verilmişdir…”

Yeri gəlmişkən, həmin dövrlərdə adları mətnlərdə göstərilmiş subarların Turxu adlı şəhəri də mövcud olmuşdur. 

2.    Turşalar;

Eramızdan əvvəl 13-cü əsrə adları təsadüf edir.

Yaşadıqları yer: Misir və Aralıq dənizinin şərqi.

Adları ilk dəfə Misir mətnlərində, xüsusən də III Ramzesin dövründə “dəniz xalqları” kimi çəkilir.

Onların adlarını homerin əsərlərində də rast gəlinir.

3.    Etrusklar (tirsen və tussaylar);

Miladdan öncə 12-11-ci əsrlərdə adları çəkilir.

İtaliyada yerləşib Qərbi Anadolunu idarə edirdilər. İlk dəfə adları qədim yunan və Roma mənbələrində çəkilib.

4.    Turşalar;

Milladdan öncə 3-cü əsrdə Şimali Hindistanda və Orta Asiyada yerləşirdilər. Adları ilk dəfə “Maxabxarata” sankritdə çəkilir.

5.    Türkülər;

Eramızın 1-ci əsri

Dunay vilayətində məskunlaşmışdılar. İlk dəfə adları Roma çoğrafiyaçısı Pomponiya Melin əsərində çəkilir.

6.    Tursülər;

Eramızın 1-ci əsri 

Yerləşdikləri yer Don çayının şərqində və Mərkəzi Asiya. 

Adları ilk dəfə qədim yunan coğrafiyaçısı Ptolemeyin əsərlərində çəkilir.

7.    Turkalar;

Eramızın 2-ci əsri

Yaşadıqları yer Mərkəzi Asiya.

İlk dəfə adları Roma mənbələrində Ammian Marselin tərəfindən çəkilir.

8.    Turk;

Eramızın 5-ci əsri

Qafqaz və onun ətrafında yerləşmişdilər. İlk dəfə adları Movses Xorenamsi tərəfindən çəkilir.  

9.    Turkilinqlər;

Eramızın 6-ci əsri

Mərkəzi Avropada Tuneş çayıının yaxınlığında məskunlaşmışdılar. İlk dəfə adları qot xronikasında çəkilir.

10. Turoba (Troya);

Adları mifoloji dövrə aid edilir.

Məskunlaşdığı yer Turoba (Troya), Qərbi Anadolu.

Skandinav saqalarında adları çəkilir.

10.Turçilər (treklər)

Eramızın 7-ci əsri.

Məskunlaşdığı yerlər Cənub-Şərqi Avropa Balkanlar (Frakiya)

Adları Fredeqaranın xronikasında çəkilir. Turçi adı Trakiya ilə bağlıdır.

11.Turanlılar;

Avrasiyada tarixi bilinməyən dövrdən yaşayırlar.

Mənbələr bütün türk xalqlarını bir yerdə Turan imperiyası, əhalisini isə turanlılar kimi yazırlar.

Ancaq sovet dönəmində Turan adını yazmaq, onu tədqiq etmək tarixçi alimlərə qəti qadağan edilmişdi. Hətta bu dönəmdə turklərin tarixini geninə-boluna yazan L.N.Qumilyov da turanlılar haqqında çox xəsisliklə yazırdı.

Baxın! O yazır: “Qədim turanlıların, sarmanların və alanların varisi quzlardır. Sarmatlarda olduğu kimi, hunların başlanğıc etnogenez fazası e.ə. IV-III əsrlərə təsadüf edir… Bu, o deməkdir ki, quzlar X əsrdə artıq qoca və onları yaradan təkanın inersiya mərhələsində idilər”.

Qeyd edək ki, quz-oğuzların X əsr müəlliflərin əsərlərində rast gəlmək olar. L.N.Qumilyov isə göstərir ki, X əsrdə quzlar inersiya (ətalət) fazasına daxil olmuşdular. Deməli, onlar bir etnos kimi 1000-1200 il inkişaf yolu keçmişdilər. Nə onun, nə də digər müəlliflərin əsərlərində X əsrə qədər quz-oğuzlan bir etnos kimi Mərkəzi və Orta Asiyada görünmürlər. Elə isə onlar təkan dövründən başlayaraq, 1000-1200 il harada yaşayıblar?

Quzlar İncildə aşkenez kimi göstərilir. Yunan-roma mənbələrində isə prototürklərə skif (iskut), fars mənbələrində sak demişlər. “Avesta”da isə onları turanlılar adlandırmışlar. Elməddin Əlibəyzadə bu barədə yazır: “Fars mənbələrində “Avesta”dan danışılarkən Turan hökmdarı Alp Ər Tonqa (Əfrasiyab-Y.O.), və xidmətləri belə təqdim olunur:

“O, öz hökmranlıq qalalarını, istilaçılıq qəsrlərini ucaltdı;

Dağlar arasında Bakuri tikdirdi…”

Bu da sizə Bakının tarixi. Yeri gəlmişkən, Mahmud Kaşğaridə kitabında  “Baku” təpəliklər deməkdir. Müasir Bakı da təpəliklər üstündə bərqərar olub. Deməli, saklar eyni zamanda turanlıların varisləridir. Bir xalqı müxtəlif xalqlar, müxtəlif dildə, yəni öz dillərinə uyğun adlandırmışlar. Ən əski mənbələr, yəni Aşşur mənbələri iskitləri ilk dəfə Güney Azərbaycanda qeydə almışdır. İskitlərin Güneydə və Quzeydə “İşquz” dövlətinin olduğunu əski mənbələr də təsdiqləyir. Bizcə İşquz və Sakasena dövlətləri eyni dövrlərin ayrı-ayrı mənbələrdəki adıdır.

Herodotun təsdiqinə görə hələ m.ö. IX-VIII əsrlərdə iskitlərin – bu yüksək mədəniyyət yaradan xalqın güclü dalğası olan saklar indiki bütöv Azərbaycanın hakim sakinləri olub. Kür-Araz ovalığı, həm də “Sakasen” / “Sakasena” adlandırılıb, mənası “Sən saksan, Sak torpağındasan” deməkdir. Bu adlar bu sakinlərin nişanəsi ilk tarixi izidir.

Bura əlavə edək ki, Qarabağın qədim adı olan Arsak / Ərsak elə həmin dövrlə bağlıdır. Arsak Sak ərlərin torpağı, məkanı anlamına gəlir.

Yeri gəlmişkən rusdilli elmi ədəbiyyatda belə hesab edirlər ki, yunanlar tərəfindən bir xalqa verilən skif adının kökündə “quz” komponenti dayanır.

M.N.Artamonov belə fikirdədir ki, üz, quz, oğuz müxtəlif variantlarda bir etnosun adıdır.

P.F.Sum bu siyahıya polovesləri, peçenqləri də əlavə edir. O bildirir ki, yuclar və peçenqlər, kuman və uzlar bir xalqdır.

Sum belə bir nəticəyə gəlib təsdiq edir ki, kifayət qədər materiallara əsasən yucların hun olduğunu demək mümkündür. O, XII əsr müəllifləri İonna Skilsa, Qlika və Zonara istinadən yazır ki, “madyarlar və uqorlar skiflərdir və onları “uzlar” adlandırırlar.

Herodotun şəhadətinə görə skif / iskitlərin əfsanəvi atalarının adı Tarqıtaydır. Deməli turanlılar tarixi bilinməyən dövrdən mövcud olmuş, türk xalqları sülaləyə uyğun özlərini adlandırdıqca “turanlılar” etnonimi əfsanələşmiş və mifə çevrilmişdi.

Yeri gəlmişkən dünyaca məşhur olan türkiyəli tarixçi Kazım Mirşan türklərin tarixini Anadoluda eramızdan əvvəl 15000 il öncəsinə dayandırır. O yüzlərlə qaya rəsmlərinin, mixi yazılarının şifrələrini açaraq 1970-ci ildə dünyaya səs salacaq prototürklər haqqında kitab nəşr etdirmişdi.

F.Ağasıoğlu isə “İslamöncəsi türk tarixi, 9 Bitik” kitabında Anadoluda və Azərbaycanda mövcud olmuş türk dövlətləri və bəylikləri haqqında müfəssəl bilgilər verir.

Ön Asiyada qurulan türk dövlətləri:

Subar eli (ölkəsi)

Subar bəyliyi

Doğu subar bəyliyi

Aratta eli

Lulu eli

Qut eli

Turuk (Türk) bəyliyi

Kuman bəyliyi

Azərbaycanda kiçik bəyliklər (m.o. IX-VIII əsrlər)

Manna eli

Qamər bəyliyi

Saqa eli

Mada eli

Azərbaycan eli (Kiçik Mada, Atropaten)

Alban (Aran) eli

Doğrudur bu siyahını uzatmaq da olar, ancaq əsas mövzudan yayınmamaq üçün tur/tar/tor/tör sözlərinin mahiyyətini Strabonun “Coğrafiya” kitabında axtaraq, onunla Avropaya səyahət edək.  Nəzərə alaq ki, bu kitabın yazılma tarixi 2000 il əvvələ təsadüf edir.

Tədqiqatçı alim Əjdər Fərzəli özünün “Gəmiqaya-Qobustan mədəniyyəti” əsərində yazır: “İ.Fridrix və başqa qərb və rus müəllifləri Strabonun “Coğrafiya”sından yan keçərək, heç bir əsas olmadan, tarixi-metodoloji müqayisə aparmadan finikiya əlifbasını bütün əlifbaların başlanğıcı hesab etmişlər. Strabon da 6000 il (indi 8000 il – Y.O.) Turdentlara aid edir…”, yəni indiki İspaniyada yaşamış türklərə məxsusluğunu təsdiq edir.

Cəfər Cəfərov da   turdentların türk mənşəli və türk əsilli olduğunu öz əsərində qeyd edir.

Əjdər Fərzəli özünün məlum kitabının sonunda belə bir nəticəyə gəlir: “Qayaüstü təsvirlərə, Azərbaycan və xarici alimlərin fikirlərinə əsaslanaraq, demək olar ki, Gəmiqaya-Qobustan mədəniyyəti e.ə. VIII-V minilliklərdə öz inkişaf və çiçəklənmə dövrünü yaşamışdır. Bununla əlaqədar bəzi yazılı mənbələrə də istinad etmək olar. Məsələn, Strabonun “Coğrafiya”sında turdetanların, turdulların e.ə. VII minillikdə yetkin fonoqrafik əlifbaya malik olduqlarının xatırlanması, e.ə. VIII-VII minilliklərə aid edilən Mas de AZİL (Fransa) işarələrinin Gəmiqaya-Qobustanda aşkarlanması faktı da bu fikirə inamı artırır”.        

ARDI  BURADA: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ yazır

“TÜRK” etnonimi və törələri

(birinci hissə)

Tarix üçün “etnonim” anlayışının öyrənilməsinin vacibliyini bu sahədə çalışan çoxsaylı alimlər həmişə qeyd etmişlər.

“Etnonimin yaranması, coğrafi inkişafı, məhv olunması, olması və ya başqa keyfiyyətlərə keçməsi, başqa sözlə, etnonimin bütün tarixi bu və ya digər şəkildə etnosun tarixi ilə bağlıdır. Tarixin dərin əsrlərinə endikdə etnonim və etnos anlayışları daha dolğunlaşır” və bunları tədqiq etmək daha da asanlaşır. R.Q.Kuzev yazır ki, etnonimin öyrənilməsi mürəkkəb və çoxpilləli etnik tarixin dərin qatlarının tədqiq edilməsinə imkan verir. M.B.Kryukov “Eramızdan əvvəl II-I minilliklərdə Qədim Çin yazılı abidələrində dünyanın etnik xəritəsi” adlı əsərində yazır: “Etnonimin nəzəri problemlərinin tədqiqatı (ən əsası onların yaranması və funksiya daşıyıcıları) etnik insanların tarixi tipologiyası üzrə mürəkkəb xüsusiyyət yaratmaqla bərabər, həm də mürəkkəb komplekslərin çözülməsinə imkan verir”.

Etnonimlərin həqiqi etimologiyasını öyrənmədən və bilmədən tarixçilər ictimaiyyəti çaşdırıcı yola apara bilərlər. Bu barədə rus tarixçisi D.İlovayski xəbərdarlıq edir: “Xalqların əsrlər tarixində, daim adların dəyişməsini görürük, bu da bizi mənbələrdən uzaqlaşdırır və rus, bulqar, xəzər xalqlarının tarixinin öyrənilməsində çox güclü təsirini göstərir; ancaq tarixşünaslıq elmi dediklərimdən kənarda qalır və yeni xalqlarla rastlaşdıqda, onları yeni xalq kimi qeydə alır”. D.E.Yeremeyev isə özünün “Türk etnonimlərinin semantikası” adlı əsərində qeyd edir ki, türk etnonimləri həm məzmun, həm də formaca müxtəlif və çoxşaxəlidir. Çox zaman isə bu sosiumun etnik tarixinin yaranmasını əks etdirir və etnogenetikanın tədqiqatında əlavə mənbə rolunu oynayır.

Etnonimlərin etimologiyası türkşünaslıqda ən çətin məsələ olaraq qalır və bunun həlli üçün yeni mənbələr axtarmaq və araşdırmanı davam etdirmək lazımdır.

Avropada eramızın VII əsrində ilk dəfə olaraq Troya (Truva) haqqında əfsanələr gəzəndə, əvvəlcə “türk” sözünə ciddi diqqət yetirməyə başladılar, çünki Troya çarının adı TORQURUS “türk” etimologiyası ilə çox uyğun gəlirdi.

Qeyd etmək lazımdır ki, “Avesta”nın qəhrəmanlarından biri Tur olub.

Firdovsinin “Şahnamə” əsərində də “Turan” sözünün “tur”, daha sonra isə “türk” termini ilə bağlılığı göz qabağındadır.

“Divanü luğat -it-Türk” əsərində Mahmud Kaşğari “türk” sözünü üç mənada verib:

1.    Türk kudaş edi – günəş göyün ortasında

2.    Türk üzüm edi – üzümün dəymiş vaxtı

3.    Türk yigit – ər türk, döyüşkən cavan

“Qədim türk sözlüyü”ndə isə “türk” termini aşağıdakı mənaları verir:

1.    Türk – güclü, qüdrətli

2.    Türk – tayfalar ittifaqı

Azərbaycan tarixçisi Altay Məmmədov Türkiyə alimi Adilə Aydana istinadən qeyd edir ki, ərəb əlifbası ilə iki şəkildə yazılan “türk” sözü dörd cür oxuna bilər: “TÜRK,TÜRÜK,TÖRK,TÖRƏK”. Daha sonra o yazır: “Türk qrammatikası formalaşma mərhələsində ikən bir qisim türklər verimli – məhsuldar bir torpağa yerləşib köçərilikdən əl çəkəndə, bunlara başqa türklər – “TUR”lar, “TURUK”lar, DURALLAR demişlər”.

Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz “türk” sözünün dörd cür oxunuşuna təəssüflər olsun ki, uzun illər diqqət yetirilməmiş, eyni məna daşıyan bu sözlərə müxtəlif interpretasiya verilmişdir.

Professor F.Ağasıoğlu “Azər xalqı” kitabında sözlərimizin təsdiqi kimi yazır: “Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minillikdə qurulan Aratta, Quti, Lullu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birgə iştirak etmişlər”

Assurları (aşşurlar- Y.O.) ən çox narahat edən məlumat türk dəstələrinin kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li tabletdə verilən məlumat xarakterikdir.

“Turuk düşmanı çıxdı və (…)yə getdi.

O, Kakkulatimi işğal etdi…bu hücumdan bəzi tutukların sayı çox görünmür.

Ancaq arta bilər. Onlar gəlməyə davam edəcək”.

Umumiyyətlə, “türk” termininin mənasını dünya alimləri müxtəlif cür yozmuşlar. Məsələn, Vamberi və L.Munkaçi “türk” sözünə “yaradıcı”, “insan”, V.Tomson və Y.Nemət “güc”, “qüvvət” mənasının verilməsini daha məqsədəuyğun hesab edirlər.

Bununla yanaşı “türk” termininə yanaşmada iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyə tərəfdarları hesab edirlər ki, “türk” etnoqrafik termindir. İkincilər isə belə düşünürlər ki, bu sözə yalnız siyasi anlamda yanaşmaq düzgün olardı. Akademik V.V.Bartold ikinci nəzəriyyənin tərəfdarıdır və “türk” sözünü etnoqrafik termin hesab etmir. O iddia edir ki, “türk” sözü “qanun”, “adət” deməkdir və “türk” f”türü”g xalqların qanun əsasında birləşməsi” mənasını verir. Lakin akademiklər A.N.Kanonov və N.Y.Marr V.V.Bartoldun bu fikri ilə razılaşmır və belə hesab edirlər ki, V.V.Bartoldun yazdıqları mülahizələrdən başqa bir şey deyil və bunun inkişafı bu sahədə özünə yer tapa bilmədi.

Qeyd etməliyik ki, A.N.Kononov N.Y.Marrın “türk” sözünün “tar-xan”dan yaranması fikri ilə razılaşır və bu termin altında Tanrı tərəfindən seçilmiş təbəqə və tayfa birləşmələrinin eyni kökdən olan ittifaqı kimi qəbul edir.

A.N.Kononov yazır: “Burada mən diqqəti N.Y.Marrın dediyi yerlərə yönəltmək istəyirəm. Belə ki, “türk” termini Allaha bərabər olan seçilmiş təbəqə ilə bağlıdır”.

Qeyd etməliyik ki, “tar” sözünün “türk” termininə sinonim olması bir çox müasir alimlərimiz tərəfindən təsdiq olunur. Məsələn, professor F.Ağasıoğlu yazır: “Proto-azərilərin (həmçinin prototürklərin) mənşəyinə işıq salan teonimlərdən biri də tar / tur allamorfu ilə işlənən Tar sözüdür ki, bu da sonralar türk (tur-uk) etnoniminin yaranmasına səbəb olmuşdur. Azər dialektində bu gün də Tarı sözü “Allah” anlamında işlənir”.

Sonralar Tar / tur termini müxtəlif toponim, etnonim, hidronim, həmçinin adlarda öz əksini tapmışdır. Turan, Turova, Tural, Tarkan, Trek, Taran, Tar. Qəribədir ki, Troyadan İtaliyaya məlum səbəbdən köç etmiş etruskların ulu babasının adı Tarkan olmuşdur. Çinin qərbində yaşayan uyğurlara, həm də “tarançı” deyirlər. Tatar sözü “tarlıq tatarları” sözünə bərabərdir.

Qeyd etmək yerinə düşərdi ki, tarixin atası Herodot iskitlərin (skiflərin) soy-kökü haqqında yazarkən aşağıdakı önəmli sözləri qeyd edir: “…Bir vaxtlar hələ məskunlaşmamış bu ölkənin ilk sakini TARQITAY (kursiv- Y.O.) adlı bir adam olmuşdur. İskitlərin (skiflərin) dediyinə görə, Tarqıtayın atası Zevsdir, anası isə Borisfen çayının qızıdır (iskitlər buna israr etsə də, mən buna inanmıram). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da üç oğlu varmış”.

Yeri gəlmişkən, eyni dilə və inanca malik olan bütün tayfaların birləşmiş adı türk olsa da, siyasi baxımdan bunu “el” adlandırırdılar. Maraqlıdır ki, “el” sözü həm siyasi ittifaq, həm ordu, həm də tayfaların birliyi kimi nəzərdə tutulurdu.

“El” termini tarixi semantika baxımından indiki ənənəvi çalarlarla (“Oğuz elləri”, “Kafir elləri”, “El-oba”) yanaşı, siyasi səpkidə – dövlət mənasında işlədilir. Bu sözə “Kitabi – Dədə Qorqud”da tez-tez rast gəlirik. Burada “el” sözü həm də siyasi məna daşıyır. Məsələn, “Eldə yağı yox ikən, sənin babanın üstünə yağı gəldi” cümləsində “el” siyasi termin kimi verilmişdir.

Mahmud Kaşğarinin lüğətində də “el” termini öz mahiyyətini itirmir:

El = el, vilayət

El = açıqlıq, boşluq

Elbaşı = atabaxan, mehtər, vilayətin başçısı

El = iki bəy arasında barışıq

Elboy = sülh, barışıq etmək

L.N.Qumilyova görə isə qədim türklər böyük bir ərazini “el” adlandırırlar.

F.Ağasıoğlu “el” sözünə başqa bir nöqteyi-nəzərdən yanaşır. Biz onun fikirlərinə diqqət yetirməyə və bölüşməyə borcluyuq. O yazır: “Ulu soydaşlarımızın qurduğu Quti elinin tarixi həm də demokratiya tarixi kimi qiymətlidir, çünki əsl xalq hakimiyyəti olan demokratik seçki ilə formalaşmış iqtidar institutu olan Quti eli hakimiyyətin atadan oğula keçdiyi qonşu Akkad, Şumer, Elam dövlətlərindən fərqlənirdi. Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə – “el” sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır”.

“Qədim türk sözlüyü”ndə də “el” sözü müxtəlif mənalarda işlənir:

1.    El – tayfa ittifaqı; (men elig etmiş men – mən tayfaların ittifaqını yaratdım)

2.    El – xalq

3.    El – dövlət

4.    El begi – vəzifədə olan

5.    El kün – xalq

6.    Elçi – səfir, qasid, elçi

A.N.Baskakov “türk” termininin qohum tayfaların münasibətlərindən və ittifaqından yaranan bir söz olduğunu iddia edir.

A.N.Kononov isə hesab edir ki, müasir xüsusi ədəbiyyatda rast gəlinən “türk, turuk, türkü, türküt” sözlərindən ən düzgün olan variantı və düzgün oxunası “türk” terminidir.

L.N.Qumilyov isə qeyd edir ki, istənilən xalqın tarixi kök etibarı ilə qədimə çıxıb gedir və konkret tarixdən başlanır.

Qədim türk lüğətində, əgər semantika nöqteyi -nəzərdən yanaşsaq “türk” sözünü “tör” ilə də başlatmaq olar. Bu zaman bunun mənası “layiqli yer” kimi də başa düşülə bilər.

E.M.Murzayeva, M.N.Pavlova kimi alimlər qeyd edirlər ki, qazax, qırğız, pamir, ispan, katalon və başqa dillərdə “tör”, “tor” sözləri “yuxarı”, “yüksək”, “zirvə”. “dağ”, “qüllə”, “bürc”, “dağın ən yüksək zirvəsi”, “yüksək dağlıq yer”, “layiqli yer” mənalarını verir.

Bu açmalar bir daha göstərir ki, “tör”, “tor” sözləri müxtəlif mənalarda işlənsə də, hamısı “yuxarı”, “yüksəklik” anlamları ilə üst-üstə gəlir, yəni bu sözlərdən yaranan “türk” sözü də yüksəkdə duran bir xalq, yaxud tayfa kimi nəzərdə tutulur və bu yüksəklik “güc” və “qüvvə” olaraq cəmiyyətin iyerarxiyasına tətbiq olunur. XIII əsrdə Qaraqorumda olan səyyah Marko Polo xaqanın ziyafətində iştirak edərkən bu iyerarxiyanı belə təsvir edir: “Ziyafətdə böyük xaqan (Xubilay xan) masa arxasında belə oturur; onun masası digər masalardan çox yuxarıda durur. Xan zalın dərinliyində arxası şimala, üzü cənuba əyləşir. Sol tərəfində böyük və sevimli xatunu, bir az aşağı masada oğulları və yaxın qohum-əqrabası otururlar. Özü də onlar masalarına əyləşərkən başları xaqanın ayaqları bərabərliyində olmalıdır. Bir az aşağıda isə adlı-sanlı əyanlar və onların xanımları yerləşirlər… Burada hər kəs öz yerini bilir və hər kəs böyük xaqanın müəyyən etdiyi qaydada əyləşməlidir”.

Göründüyü kimi “türk” sözünün anlamına XIX – XX əsrlərdə müxtəlif cür yanaşsalar da, iqtibas gətirdiyimiz alimlər, yanaşmaları müxtəlif olsa da, eyni fikirdə olurlar ki, bu söz “güc”, “qüvvət” mənasını verir. Təbiidir ki, “güc”, “qüvvət” olan bir yerdə millətin “layiqli”, “yüksək”də yer tutması heç kimi təəccübləndirməməlidir.

Biz də belə fikirləşirik ki, birinci element “türk” termini “TÜR” sözünün fonetik variantıdır. Bu söz bizi qəbilələrin, tayfaların, xalqların çox qədim vəziyyətinə gətirib çıxarır. TÜR (TİR-TÖR-TÖS) elementi bizi türk elementilə ibtidai totem baxışlarına aparır. TİR-TÖR-TÖS-ün semantikası imkan verir ki, bu söz “məbəd yeri”, “seçilmiş yer”, “obada ən yaxşı yer”, “ocaq başında ən başlıca yer” mənasında “hakim”, “ağa”, “qanun”, “adət”ə qədər uzun bir yol keçsin. Elə M.Kaşğaridə də TÖR-TÖRƏ evin yuxarı başı, divanı, kürsüsü, TÖRÜ sözü adət-ənənə və törədilmək, yaradılmaq kimi başa düşülür. “El kalır, törü kalmas, yəni eldən vaz keçmək olar, törədən vaz keçmək olmaz”.

Törələr haqqında yazmamışdan öncə bizi daha bir sual maraqlandırır. “Türk” hansı coğrafiyadan yayılıb. Mərkəzi Asiya tarixinə nəzər yetirsək görərik ki, türklərin adı “hun” etnonim olaraq e.ə. IV əsrdən dövlət olaraq çəkilir. Doğrudanmı Ön Asiyada, Anadoluda, Azərbaycanda eramızdan əvvəlki minilliklərdə yaşamayıblar. Əlahəzrət fakt bunun əksini deyir. Başlayaq şumerlərdən. Məlumdur ki, qədim şumerlərdən bizə gələn dastanın baş qəhrəmanı Bilqamısdır. F.Ağasıoğlu bu barədə yazır: “Bilqamıs adında “Bilikli” anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı “hər şeyi bilən” el (dövlət) başçısı kimi öygüləmişlər. Akkadlarda bu dastanın ilk misrasını “Dünyagörmüş barədə” sözlərilə vermişlər. Bilqamısın adı  türk dövlət başçılarına verilən “Bilgə” titulu ilə izah oluna bilər, məsələn 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu Xaqan “Bilgə” titulu almışdı, məşhur Toyukuk da bu titulu daşımışdır.

İndi baxaq, aydınlaşdıraq, görək ki, “bil” sözü türklərdə hansı anlamı verir.

ARDI  BURADA: “TÜRK” etnonimi və törələri- YUNUS OĞUZ

MÜƏLLİF: YUNUS OĞUZ

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru