D.Mirzə – Xoşbəxt ola bilərsən

Əsərin adı: “Qızıl naxışlı harmoniya” İl: 2025

Xoşbəxt ola bilərsən
Xoşbəxtliyin nə olduğun bilirsən?
Rənginin gözəlliyin, ruhunu hiss edirsən?
Hər açılan səhərdə bir məna, bir hikmət var,
Bu rəngli dünyada sən, xoşbəxt ola bilərsən.

Göy üzü bir ümiddir, torpaqsa yaşıl həyat,
Al rəngli sevinclərsə, ruhuna qonmuş qanad.
Gözəllik baxışında, duyğunda gizlənibdir,
Sevməyi bacarsan sən, xoşbəxt ola bilərsən.

Könül bil ki aynadır, sevgi onda görünər,
Nur saçan hər bir zərrə min bir rəngə bürünər.
Xoşbəxtlik bir mənzildir, yolu qəlbindən keçər,
O yolu addımlasan, xoşbəxt ola bilərsən.

1 may 2026

Arzum

Qızılı günəşdən bir nur istərəm,
Mavi səmadan mən, hüzur istərəm.
İnsan gözlərində sevgi, təbəssüm,
Könüldən könülə körpü istərəm.

Ağ rəngli saflığı, yaşıl həyatı,
Rənglərə bürüsün ömür saatı.
Dillərdən düşməsin şirin bayatı,
Hər kəs gülümsəsin, artsın büsatı.

Bəşər övladının bir sevinc payı,
Dünyanı bəzəsin günəşi, ayı.
Xoşbəxtliklə dolsun sevgi sarayı,
Qovuşsun qəlblərdə eşqin harayı.

Kədər buludları dağılsın, getsin,
Könül ağrıları dincəlsin, bitsin.
Mənim qəlbimdəki, bu saf arzumla,
Dünya cənnət olub murada yetsin.

3 may 2026

Bu qatarın yoluna bax!

Bu qatarın yoluna bax,
Ümid gəlir o qatarda.
Dərdi-qəmi uzaq burax,
Xoşbəxtlik var o qatarda.

Gözlərindən kədəri sil,
Bunu son yox, başlanğıc bil.
Gələndir o,gedən deyil,
Xoşbəxtlik var o qatarda.

Yollar daha yormaz səni,
Duman, çiskin sarmaz səni.
Yalnız qoyub getməz səni,
Vüsal gəlir o qatarda.

Daha parlaq bir sabaha,
İnan, ehtiyac yox aha.
Ayrılmarıq bir də daha,
Xoşbəxtlik var o qatarda.

6 may 2026

İlk sevincim, Cəmiləm

Evimizin ilk növrağı, baharı,
Atamın, anamın ilk bəxtiyarı.
Ömrümün mənası, gözümün nuru,
Xalanın bir dənə, tək yadigarı.

Sən mənim balamsan, həm böyük qızım,
Səmada parlayan sönməz ulduzum.
Sənə “ilkim” dedim, əzizim dedim,
Sənlə şirin oldu çörəyim, duzum.

Oxudun, ucaldın, boy atdı boyun,
Dillərə dastan oldu sənin şən toyun.
Adına oxunan mahnılar kimi,
Gözəl keçsin ömrün, hər günün, ayın.
Xoşbəxt ol,ay mənim könül bəzəyim,
Sənlə qürur duyur xala ürəyim.

25 oktyabr 2025

Gümüşü ox

Zaman qabaqlanır, ötür sürətlə,
Yollar salam verir böyük hörmətlə.
Mənzillər qovuşur şirin xəyalla,
Gümüşü bir ox tək süzülür yolla.

Relslər üstündə bir polad qanad,
Heç yorğunluq bilmir, hamıya inad.
Şəhərlər boylanır pəncərəsindən,
Dağlar da səs alır qatar səsindən.

Küləklə yarışır, dumanı yarır,
Mənzillər qısalır, yollar daralır.
Uzaq da gözündə tez yaxınlaşır,
Həsrətli qəlbləri tez qovuşdurur,
Gümüşü bir ox tək sürətlə çatır.

8 may 2026

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir