Zakir dərsi danışıb qurtardı. Sonra Cavanşir müəllimin və yoldaşlarının suallarına cavab verdi. Müəllim:
-Sağ ol, Zakir! Həmişə olduğu kimi, bu gün də dərsə hazırlıqlı gəlmisən. Əla qiymət alırsan.
Zakir özündən razı halda keçib əyləşdi. Müəllim sinfə göz gəzdirib Şəfiqəni çağırdı:
-Şəfiqə, sən gəl.
Şəfiqə ayağa qalxıb yazı taxtasına doğru addımladı. Müəllim:
-Danış görək.
Şəfiqə dərsin mövzusunu elan etdi. Cavanşir müəllim qarşısındakı qəzeti gözdən keçirməyə başladı. O, qaşlarını çatıb diqqətlə hansısa məqaləni oxuyurdu.
Cavanşir müəllimin qəribə xasiyyəti vardı. Qarşısında qəzet görən kimi gözlərini ona dikirdi. Şagirdlər müəllimin ölkədəki, xaricdəki xəbərlərə, baş verən hadisələrə aludəçiliyini bildiklərindən köşkdən təzə qəzet alıb stolun üstünə salardılar.
Şəfiqə yazı taxtasının qarşısında, Cavanşir müəllim qəzet oxumaqda idi. Dərsin mövzusu bir yana qalmışdı, Şəfiqə yoldaşlarına oradan-buradan, olub keçənlərdən, bir sözlə, ağlına nə gəldi danışırdı. Uşaqlar özlərini gülməkdən güclə saxlayırdılar.
Şəfiqə susdu. Dayanıb gözlədi. Sinifdə kimsə öskürdü, kimsə asqırdı. Cavanşir müəllim başını qaldırdı. Bir Şəfiqəyə baxdı, bir də şagirdlərə. Şagirdlər onun nə deyəcəyini, Şəfiqəyə hansı qiyməti yazacağını gözlətirdilər. Cavanşir müəllim aram-aram:
-Şəfiqə, danışdın? – deyə soruşdu.
Şəfiqə tez dilləndi:
-Bəli, müəllim, danışdım.
Cavanşir müəllim:
-Şəfiqə, – dedi.
Şəfiqə cavab verdi:
-Bəli, müəllim!
Cavanşir müəllim:
-Şəfiqə, indi də dərsi danış…
Şəfiqə dayanıb durdu. Sən demə, Cavanşir müəllim qəzetə baxsa da, fikri Şəfiqədə imiş!
Bu günlərdə Azərbaycan Memarlar Universitetinin professoru Adil müəllimlə söhbət edirdik. Söhbətimiz əsnasında Adıl müəllim bildirdi ki, nəvəm Aysel Azərbaycan Slavyan Universitetinin filologiya fakültəsinin ll- ci kurs tələbəsidir. Hərdən şer yazır. Onun şeirlərindən bir neçəsini gətirim baxın. İçindən seçim edib qəzetinizdə dərc etdirin. Biz razılaşdıq. Növbəti gün Adıl müəllim Ayselin şerlərini mənə təqdim edib bildirdi ki, özünüz seçin hansılar münasibdir qəzetdə verərsiniz. Mən şerləri diqqətlə oxudum. Demək olar ki, Aysel balamızın bütün şerləri bir – birindən gözəl idi. Aysel balamıza yeni – yeni yaradıcılıq uğurları arzulayıram!
ATAMIN KÖLGƏSİ Məni atamın kölgəsindən ayırmayın, O,canımdır,nəfəsimdir. Onsuz bu dünya, Bir cəhənnəm,bir zülmətdir. Qışda günəşim, Yayda kölgəmdi o, Onun nəfəsi olmasa, Boğularam dar günümdə. O, qolumdur-kəsməyin,sınaram, O, yolumdur-onsuz getsəm, azaram. Atam varsa,dünyam gözəl, Atam yoxsa,hər şey yalan. Almasın məndən onu Tanrı, Atasız uşaq yarpaq kimidir, Xəzan olub çürüyər. Qoparmayın məni atamdan, Ondan ayrı yaşamaq çətin. O, gözlərimdə parlayan işıq, Ürəyimdə döyünən qəlbdir. O,aldığım nəfəs, Məkkəm, Mədinəm, Bir sözlə, Həccimdir
İLAHİ GÖZƏLLİK Ey Tanrım, bu necə bir gözəllik,necə bir hal Baxışlarım çaşar, sanki zaman dayanar Hər zərrən bir ilahi sənət əsəri, Hər addımın işlənmiş bir naxış. Bu nə duruş, bu nə zərif əndam, Bir baxışınla göylərə yol açdın, Gözəlliyinə tərif necə də çətin, Ay da, günəş də sənə bənzəməkdə aciz, Qaranlıq gecələrdə parlayan bir nursan, Hər yolunu itirənim açarı sənsən. Varlığın bir möcüzədir ay, gözəl Səni görən dünyaya yenidən gələr, Üzərlik fırlansın başına, Bu gözəlliyin yayılsın dünyaya . Hər nəfəsin bir bahar , bir zərif nağıldır, Səni tərif etməyə yetməz sözlərim, Tanrım bu gözəllik qarşısında əriyər canım Sən bu aləmdə bir nağıl ,bir dastansan…
NAZLI,DUZLU YAR Axtarıram gecə-gündüz, Həsrətin çəkirəm o nazlı gülün. Həsrətindən külə dönən mənəm, Dünya səfasını sürən sənsən. De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı,duzlu yarım. Çıxıb hər səhər dağ döşünə, Dərirəm gül-nərgizi, Qoxlayıb sayıqlayıram adını, De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı,duzlu yarım. Dolansın qollarım o incə belinə, Toxunsun əllərim o ay üzünə,, Sığal çəkim o nazlı telinə, De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı,duzlu yarım. Düşünüb dəli oluram, Fikirləşib qərqə batıram, Qara dənizdə gəmilərim batıbdır, De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı, duzlu yarım. Ağlayımmı yoxsa qapanımmı ayaqlarına, Dön gəl desəm gələrsənmi? Yandım töküldüm sevgi atəşindən, De neyləsin bu gözüyaşlı yarın? Ay nazlı,duzlu yarım.
HƏYAT Çox güvənmə aldadarlar, Çox sevmə ağladarlar. İnanma heç kimə bu dünyada, Yoxsa çox incidərlər fani dünyada. Demə ki,səni sevir. Sanma ki,səni səndə saxlayır. Bu varlıq ki, insandır, Yorar səni,ağladar səni İnsandır ki ,insan. Elə bilmə səni anlayır, Elə bilmə səni sevir. Güldürür,ətrafında dolanır, Dünyadır dönən,a bala Heçdir Mars,Yupiter. Günəşi göstərər, Ayı gizlədər, Yerdə gəzər, Göydə uçar. Ulduzları sayıb, Bəxtini bağlar. Paxıllıq edər, Səni gizlədər. Özünü şah sayıb, Səni qul edər. Bir şeyi unutma, ay yazıq Keçibdir dünən, Keçibdir quldarlıq. Yaşar bu günlər, Yaşar gələcək. Bir ayaq saxla, Dinlə bu gənci, Anla bu cavanı. Deməki yoxdur yaşı. Nə anlar həyatı? Görübdür,anlayıbdır həyatı. Budur məsləhətim sənə Hər görməyən deyildir kor, Hər eşitməyən deyildir kar. Çoxdur görüb susanlar, Çoxdur eşidib susanlar. Aldanma hər yoldan keçənə, Ay gözəl insan…
SÖYLƏ MƏNƏ,EY İNSAN Həyata niyə qara baxırsan? Niyə gülmürsən? Sevmirsənmi həyatın gözəlliyini,möcüzəsini? Gözlərin niyə qara görür? Söylə mənə,ey insan. Dərdmi götürüb səni? Söylə mənə ,ey insan. Gözlərin mavi Özün həyata baxırsan qara Niyə sevmirsən həyatı? Pislikmi edib sənə həyat? Söylə mənə ,ey insan. İncidibmi həyat səni? Söylə mənə, ey insan.
GÜNAHKAR Gözlərin ağlımda, Qoxun dodaqlarımda. Unuda bilmirəm sevdiyimi, Unuda bilmirəm sevildiyim günləri. Oturdum düşündüm, Nifrət etdim sevgimdən Oturdum düşündüm, Axan göz yaşlarımdan. Hanı nə oldu? Sevməyəcəkdim səni, Yenə döndü dolaşdı, Sənə çıxdı bu yollar. Söylə kimdir , günahkar? Səni sevən qəlbimmi? Yoxsa sevməyə məcbur edən qarə gözlərinmi? Ya ağlımı başımdan alan, Məni bihuş edən qoxunmu, Söylə kimdir günahkar? Göy çəmənlikdəki gül Bir arzum var ki, gəl görəsən Gəzirəm hər diyarı, Bəlkə tapdım dərmanımı Bəzən deyirəm, Ey könül , varmı ki, dərmanın? Gəzərkən bir gün göy çəmənlikdə, Onu görcək qəlbim çıxdı yerindən. Dedim:Aman tanrım, bu nə gözəllik? Baxdım,baxdım, Hey tamaşa etdim. “Ey könül, budurmu dəvan?” dedim. İzlədim,izlədim getmək istədim. Könlüm dedi: Dayan, budur dəvam, Ruhum dedi: Hara gedirsən , ey aşiq? Düşündüm haqlıdırlar, Getmədim bir an, Günlərlə izlədim, onu uzaqdan Bir gün oyatdılar məni , Şirin yuxumdan Dedilər yaxınlaşma ona sən, Zəhərlidir,öldürər, Dinləmədim getdim,o göy çəmənə Yaxınlaşmaq istədim. Dedi:”Yaxınlaşma , ey cavan, Zəhərlərəm səni mən”. Dedim:”Ey oğru, Qəlbimi çalmağın nədir? Bu sözlərin nədir? Yaraşdırmadım sənə mən. Mən onsuz ölmüşəm eşqindən. O zəhərin şərbətdir mənə, Ver içim o zəhərindən”. Yayıldı ürəyinə bu sözlər Elə o andaca dedi: “Ey cavan, məndə sənin aşiqin”. Sən demə, bu gül deyilmiş zəhərli, O da, axtarırmış məni, O gündən oldu, Gündüzümün günəşi, gecəmin ayı.
ŞƏHİDİM Vətən uğrunda canını fəda edən, Şəhidim yerin rahatmı? Bu gün gəldim qəbrinə, Dinlə məni, şəhidim. Yadındadırmı? Hər zaman deyərdim mən, Sən olmasan atmaz bu ürək. Sən yoxsan artıq yanımda, Bilmirəm niyə dayanmaz bu ürək? Dayan,dayan atma bir daha, Zülüm vermə mənə. Bir zənglə yıxıldı dünyam, Ağlaram dərdimə. Ağlaram halıma. Kaş qulaqlarım kar olaydı, Eşitməzdim şəhid xəbərini. Səni qucaqlamaq, Qoxunu içimə çəkmək istədim, Nəsib olmadı ,şəhidim. Yalnız qucaqladım tabutunu, Vurdum başımı tabutuna, Bəlkə undaram həyatımı. Qəlbimə vurdum-vurdum, Bəlkə dayandı ürək, Xeyri olmadı şəhidim. Tək qaldım dünyada. Hələ də unuda bilmirəm , O gülüşünü,o səsinə, Bəzən dönüb baxıram, Bəlkə səsləyərsən məni, Boş divar görüb , sönür həyatım. Ananı Cavidim deyib ağlatdın, Gözündə sönməyən atəş ucaltdın, Gözüyaşlı körpəni ağlar qoydun, Məni də yar deyib ağlar qoydun. Bu gün sənə söz verirəm, Əlbət bir gün qovuşacayıq biz, Gözlə məni, şəhidim.
YANLIŞ İNSAN Könlümdə coşan, Damarlarımda axan qanım, Gözümün ağı,qarası, Könlümün tək qübarı, Gəl naz etmə belə, Dərdimi dağlama belə. O qara qaşına, O qara gözünə, O qara sıx telinə Sən adlı insana, Mən aşiq olmuşam. O əndama, O duruşa, O boya, o üzə, Mən vurulmuşam, Səni görüb dil açmışam, Əlimə qələm alıb, Bitməyən hisslərimi vərəqə yazmışam. Gəl naz etmə belə, Qəlbimi dağlama belə. Sən şirin-şirin danışdın, Mənə ağ xəyallar qurdurdun, Gözümdə yanan ümidlər ucaltdın, Hardan biləydim yarın olduğunu, Bir gecədə söndürdün işığımı, Bir gecədə məhv etdin xəyalımı, İndi deyə bilmirəm, Gəl naz etmə belə, Qəlbimi dağlama belə. Sən demə başqasına aşiq imiş, Sən demə mənə baxan gözlər yalan imiş, Sən demə başqasının yarı imiş, Bağışla əzizim, deyə bilmərəm sənə Gəl naz etmə belə, Qəlbimi dağlama belə. Ax bu baxan gözlərim kor olsun, Yazan əllərim yox olsun, Döyünən qəlbim dursun, Təki unudum səni. Bağışla məni deyə bilmərəm, Gəl naz etmə belə, Qəlbimi dağlama belə. Ancaq bunu deyə bilərəm, Axan gözyazşları arasında, Elə baxma mənə, Qəlbimi dağlama belə. Müəllif: Əzizova Aysel İlqar qızı Bakı Slavyan Universiteti, filologiya fakültəsinin II-ci kurs tələbəsi
Bu da son pərdənin son səhnəsidi… Seyirci dostların ən köhnəsidi Bəlkə də şeytanın son fitnəsidir, Əlində bir ovuc torpaq görünür…
BALACA QIZ KİMİ
Mən necə gəlmişdim Yer kürəsinə? Balaca qız kimi… Anam deyirdi ki, Mən gecə gəlmişdim Yer kürəsinə… Sabahlardan, gümanlardan xəbərsiz, Yalanlardan, yamanlardan xəbərsiz… Bəlkə elə ona görədir ki, Çox sevirəm gecələri… Unutdurur dərd- sərimi Unutdurur nə edimi, necələri. Mən necə gəlmişəm Yer kürəsinə? Balaca qız kimi… Nə kini bilirdim, nə də nifrəti Nə də ancaq söz qadından düşəndə O dildən düşməyən arı, qeyrəti… Nə fala baxdıran namazqılanlar Nə də insan cildindəki Aranqutanlar yoluma çıxmamışdı Onda hələ inandığım nağıllar Evimi yıxmamışdı… Mən necə gedəcəm Göyün üzünə? Qəlbi qardan, buluddan Qaracaqız kimi… Bəs necə inanacam Bu dünyanın düzünə? Elə o həmin mehriban Balaca qız kimi…
YOLLAR
Yollar sağaldır axı Təyyarəni qucaqlayan buludlar Yaralarıma sığal çəkən pambıq olur… Göy üzü kədərimə Boxça olur, sandıq olur Hər dəfə səmadan yerə enəndə Adam yenidən doğulur, Tanrıya təşəkkürlə, sevgiylə… Yollar sağaldır axı Məsələn, Sən ən uzağımda qalırsan Ayın üzündəki ləkə kimi… Qürub vaxtı ağacdan sıyrılıb torpağa söykənən kölgə kimi. Yollar sağaldır axı Elə qəşəng unuduram ki, səni… Yolda gördüyüm evə çatanda yadımdan çıxan Yuxu kimi… Ehhh neyləyim, Heç sən də bir adam olmadın Çoxu kimi…
BAHARDI EŞQİN
Mən elə bilirdim bahardı eşqin, Saçımdan payızın qoxusu gəlir… Sənin söylədiyin qış nağılına Bu yorğun könlümün yuxusu gəlir…
Mən elə bilirdim qəlbinin səsi Buludlu ruhumun şirin nəğməsi… Eşq andı verdiyin sevgi naməsi Ən qəddar, ən acı yalan görünür…
Mən elə bilirdim incə baxışsan Sevda çiçəyimə narın yağışsan Bu saya ömrümə zərli naxışsan Bülbül yuvasında ilan görünür…
Professor Mahirə Nağıqızının (Hüseynova )“ANA dilim” şeiri haqqında fikirlərim ( >>>Mahirə Nağıqızı – Ana dilim)
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”
Ümummilli Lider Heydər Əliyev.
Professor Mahirə Nağıqızının “Ana dilim” adlı şeiri milli varlığımızı, milli kimliyimizi əks etdirən, oxuduqca qürurverici, iftixar edici duyğular yaşadan ən dəyərli şeirlərimizdəndir. Bu şeir başdan- başa vətənpərvərlik, milli- mənəvi dəyərlərimiz, soy kökümüz, min illiklərdən gələn tariximiz üzərində köklənmişdir. Müəllif – “Bu dünyanın yaşı qədər tarixin var/ Sonu qədər, başı qədər tarixin var” – deyərək dilimizin dünya qədər dərinliyini, qədimliyini, zənginliyini anladır.
Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın
Füzulinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim
Dədəm- babam əmanatı, ana dilim.
Şair bu dəyərli misraları ilə ana dilimizn hikmətini, qüdrətini, Nizami, Nəsimi, Füzuli kimi dahi şairlərimizin dünya mədəniyyət xəzinəsinə ana dilimizdə bəxş etdiyi töhfələri xatırladır.
Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb –
Misraları ilə şair xalqımızın qədim yazı mədəniyyətimizin, əlfba tariximizin qədimliyini bildirir, Orxon – Yenisey abidələri üzərində müdrik fikirləri bizə xatırladır: “Üstdən göy çökməsə/ Altdan yer dəlinməsə/ Türk yurdu, Türk törəsi dağılmaz”.
Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.
Bu qiymətli misralarda qədim yurdlarımız, Oğuz elləri, Qıpçaq çölləri, Dədəm Qorqudun Qopuzu, Sazı, sözü xatırladılır, necə ki Qorqud Dədəm demiş: “Allah-Allah deməyincə işlər olmaz. Qadir tanri verməyincə ər bayılmaz. Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Ölən adam dirilməz, çıхan can geri gəlməz. Təkəbbürlik eyləyəni tanrı sevməz. Könlün uca tutan ərdə dövlət olmaz. Qaravaşa don geydirsən qadın olmaz. Yapa-yapa qarlar yağsa, yaza qalmaz. Qarı düşmən dost olmaz. Ər malına qıymayınca adı çıxmaz. Qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə açmaz. Oğul atanın yetiridir, iki gözünün biridir…”
“Ana dilim” şeirinin hər bir misrası zəngin mədəniyyətimizi, kökümüzü, soyumuzu, mənəvi dünaymizi əks etdirir, qan yaddaşımızı oyadır.
Professor Mahirə Nağıqızının “Ana dilim” şeiri yetişən gənc nəslimizin, tələbə gənclərimizin milli – mənəvi ruhda tərbiyəsində əhəmiyyətli rolu olduğunu vurğulayaraq müəlifi təbrik edir və uğurlar arzulayırıq.
Tarix üçün “etnonim” anlayışının öyrənilməsinin vacibliyini bu sahədə çalışan çoxsaylı alimlər həmişə qeyd etmişlər.
“Etnonimin yaranması, coğrafi inkişafı, məhv olunması, olması və ya başqa keyfiyyətlərə keçməsi, başqa sözlə, etnonimin bütün tarixi bu və ya digər şəkildə etnosun tarixi ilə bağlıdır. Tarixin dərin əsrlərinə endikdə etnonim və etnos anlayışları daha dolğunlaşır” və bunları tədqiq etmək daha da asanlaşır. R.Q.Kuzev yazır ki, etnonimin öyrənilməsi mürəkkəb və çoxpilləli etnik tarixin dərin qatlarının tədqiq edilməsinə imkan verir. M.B.Kryukov “Eramızdan əvvəl II-I minilliklərdə Qədim Çin yazılı abidələrində dünyanın etnik xəritəsi” adlı əsərində yazır: “Etnonimin nəzəri problemlərinin tədqiqatı (ən əsası onların yaranması və funksiya daşıyıcıları) etnik insanların tarixi tipologiyası üzrə mürəkkəb xüsusiyyət yaratmaqla bərabər, həm də mürəkkəb komplekslərin çözülməsinə imkan verir”.
Etnonimlərin həqiqi etimologiyasını öyrənmədən və bilmədən tarixçilər ictimaiyyəti çaşdırıcı yola apara bilərlər. Bu barədə rus tarixçisi D.İlovayski xəbərdarlıq edir: “Xalqların əsrlər tarixində, daim adların dəyişməsini görürük, bu da bizi mənbələrdən uzaqlaşdırır və rus, bulqar, xəzər xalqlarının tarixinin öyrənilməsində çox güclü təsirini göstərir; ancaq tarixşünaslıq elmi dediklərimdən kənarda qalır və yeni xalqlarla rastlaşdıqda, onları yeni xalq kimi qeydə alır”. D.E.Yeremeyev isə özünün “Türk etnonimlərinin semantikası” adlı əsərində qeyd edir ki, türk etnonimləri həm məzmun, həm də formaca müxtəlif və çoxşaxəlidir. Çox zaman isə bu sosiumun etnik tarixinin yaranmasını əks etdirir və etnogenetikanın tədqiqatında əlavə mənbə rolunu oynayır.
Etnonimlərin etimologiyası türkşünaslıqda ən çətin məsələ olaraq qalır və bunun həlli üçün yeni mənbələr axtarmaq və araşdırmanı davam etdirmək lazımdır.
Avropada eramızın VII əsrində ilk dəfə olaraq Troya (Truva) haqqında əfsanələr gəzəndə, əvvəlcə “türk” sözünə ciddi diqqət yetirməyə başladılar, çünki Troya çarının adı TORQURUS “türk” etimologiyası ilə çox uyğun gəlirdi.
Qeyd etmək lazımdır ki, “Avesta”nın qəhrəmanlarından biri Tur olub.
Firdovsinin “Şahnamə” əsərində də “Turan” sözünün “tur”, daha sonra isə “türk” termini ilə bağlılığı göz qabağındadır.
“Divanü luğat -it-Türk” əsərində Mahmud Kaşğari “türk” sözünü üç mənada verib:
1. Türk kudaş edi – günəş göyün ortasında
2. Türk üzüm edi – üzümün dəymiş vaxtı
3. Türk yigit – ər türk, döyüşkən cavan
“Qədim türk sözlüyü”ndə isə “türk” termini aşağıdakı mənaları verir:
1. Türk – güclü, qüdrətli
2. Türk – tayfalar ittifaqı
Azərbaycan tarixçisi Altay Məmmədov Türkiyə alimi Adilə Aydana istinadən qeyd edir ki, ərəb əlifbası ilə iki şəkildə yazılan “türk” sözü dörd cür oxuna bilər: “TÜRK,TÜRÜK,TÖRK,TÖRƏK”. Daha sonra o yazır: “Türk qrammatikası formalaşma mərhələsində ikən bir qisim türklər verimli – məhsuldar bir torpağa yerləşib köçərilikdən əl çəkəndə, bunlara başqa türklər – “TUR”lar, “TURUK”lar, DURALLAR demişlər”.
Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz “türk” sözünün dörd cür oxunuşuna təəssüflər olsun ki, uzun illər diqqət yetirilməmiş, eyni məna daşıyan bu sözlərə müxtəlif interpretasiya verilmişdir.
Professor F.Ağasıoğlu “Azər xalqı” kitabında sözlərimizin təsdiqi kimi yazır: “Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minillikdə qurulan Aratta, Quti, Lullu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birgə iştirak etmişlər”
Assurları (aşşurlar- Y.O.) ən çox narahat edən məlumat türk dəstələrinin kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li tabletdə verilən məlumat xarakterikdir.
“Turuk düşmanı çıxdı və (…)yə getdi.
O, Kakkulatimi işğal etdi…bu hücumdan bəzi tutukların sayı çox görünmür.
Ancaq arta bilər. Onlar gəlməyə davam edəcək”.
Umumiyyətlə, “türk” termininin mənasını dünya alimləri müxtəlif cür yozmuşlar. Məsələn, Vamberi və L.Munkaçi “türk” sözünə “yaradıcı”, “insan”, V.Tomson və Y.Nemət “güc”, “qüvvət” mənasının verilməsini daha məqsədəuyğun hesab edirlər.
Bununla yanaşı “türk” termininə yanaşmada iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyə tərəfdarları hesab edirlər ki, “türk” etnoqrafik termindir. İkincilər isə belə düşünürlər ki, bu sözə yalnız siyasi anlamda yanaşmaq düzgün olardı. Akademik V.V.Bartold ikinci nəzəriyyənin tərəfdarıdır və “türk” sözünü etnoqrafik termin hesab etmir. O iddia edir ki, “türk” sözü “qanun”, “adət” deməkdir və “türk” f”türü”g xalqların qanun əsasında birləşməsi” mənasını verir. Lakin akademiklər A.N.Kanonov və N.Y.Marr V.V.Bartoldun bu fikri ilə razılaşmır və belə hesab edirlər ki, V.V.Bartoldun yazdıqları mülahizələrdən başqa bir şey deyil və bunun inkişafı bu sahədə özünə yer tapa bilmədi.
Qeyd etməliyik ki, A.N.Kononov N.Y.Marrın “türk” sözünün “tar-xan”dan yaranması fikri ilə razılaşır və bu termin altında Tanrı tərəfindən seçilmiş təbəqə və tayfa birləşmələrinin eyni kökdən olan ittifaqı kimi qəbul edir.
A.N.Kononov yazır: “Burada mən diqqəti N.Y.Marrın dediyi yerlərə yönəltmək istəyirəm. Belə ki, “türk” termini Allaha bərabər olan seçilmiş təbəqə ilə bağlıdır”.
Qeyd etməliyik ki, “tar” sözünün “türk” termininə sinonim olması bir çox müasir alimlərimiz tərəfindən təsdiq olunur. Məsələn, professor F.Ağasıoğlu yazır: “Proto-azərilərin (həmçinin prototürklərin) mənşəyinə işıq salan teonimlərdən biri də tar / tur allamorfu ilə işlənən Tar sözüdür ki, bu da sonralar türk (tur-uk) etnoniminin yaranmasına səbəb olmuşdur. Azər dialektində bu gün də Tarı sözü “Allah” anlamında işlənir”.
Sonralar Tar / tur termini müxtəlif toponim, etnonim, hidronim, həmçinin adlarda öz əksini tapmışdır. Turan, Turova, Tural, Tarkan, Trek, Taran, Tar. Qəribədir ki, Troyadan İtaliyaya məlum səbəbdən köç etmiş etruskların ulu babasının adı Tarkan olmuşdur. Çinin qərbində yaşayan uyğurlara, həm də “tarançı” deyirlər. Tatar sözü “tarlıq tatarları” sözünə bərabərdir.
Qeyd etmək yerinə düşərdi ki, tarixin atası Herodot iskitlərin (skiflərin) soy-kökü haqqında yazarkən aşağıdakı önəmli sözləri qeyd edir: “…Bir vaxtlar hələ məskunlaşmamış bu ölkənin ilk sakini TARQITAY (kursiv- Y.O.) adlı bir adam olmuşdur. İskitlərin (skiflərin) dediyinə görə, Tarqıtayın atası Zevsdir, anası isə Borisfen çayının qızıdır (iskitlər buna israr etsə də, mən buna inanmıram). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da üç oğlu varmış”.
Yeri gəlmişkən, eyni dilə və inanca malik olan bütün tayfaların birləşmiş adı türk olsa da, siyasi baxımdan bunu “el” adlandırırdılar. Maraqlıdır ki, “el” sözü həm siyasi ittifaq, həm ordu, həm də tayfaların birliyi kimi nəzərdə tutulurdu.
“El” termini tarixi semantika baxımından indiki ənənəvi çalarlarla (“Oğuz elləri”, “Kafir elləri”, “El-oba”) yanaşı, siyasi səpkidə – dövlət mənasında işlədilir. Bu sözə “Kitabi – Dədə Qorqud”da tez-tez rast gəlirik. Burada “el” sözü həm də siyasi məna daşıyır. Məsələn, “Eldə yağı yox ikən, sənin babanın üstünə yağı gəldi” cümləsində “el” siyasi termin kimi verilmişdir.
Mahmud Kaşğarinin lüğətində də “el” termini öz mahiyyətini itirmir:
El = el, vilayət
El = açıqlıq, boşluq
Elbaşı = atabaxan, mehtər, vilayətin başçısı
El = iki bəy arasında barışıq
Elboy = sülh, barışıq etmək
L.N.Qumilyova görə isə qədim türklər böyük bir ərazini “el” adlandırırlar.
F.Ağasıoğlu “el” sözünə başqa bir nöqteyi-nəzərdən yanaşır. Biz onun fikirlərinə diqqət yetirməyə və bölüşməyə borcluyuq. O yazır: “Ulu soydaşlarımızın qurduğu Quti elinin tarixi həm də demokratiya tarixi kimi qiymətlidir, çünki əsl xalq hakimiyyəti olan demokratik seçki ilə formalaşmış iqtidar institutu olan Quti eli hakimiyyətin atadan oğula keçdiyi qonşu Akkad, Şumer, Elam dövlətlərindən fərqlənirdi. Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə – “el” sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhundan yaranmışdır”.
“Qədim türk sözlüyü”ndə də “el” sözü müxtəlif mənalarda işlənir:
1. El – tayfa ittifaqı; (men elig etmiş men – mən tayfaların ittifaqını yaratdım)
2. El – xalq
3. El – dövlət
4. El begi – vəzifədə olan
5. El kün – xalq
6. Elçi – səfir, qasid, elçi
A.N.Baskakov “türk” termininin qohum tayfaların münasibətlərindən və ittifaqından yaranan bir söz olduğunu iddia edir.
A.N.Kononov isə hesab edir ki, müasir xüsusi ədəbiyyatda rast gəlinən “türk, turuk, türkü, türküt” sözlərindən ən düzgün olan variantı və düzgün oxunası “türk” terminidir.
L.N.Qumilyov isə qeyd edir ki, istənilən xalqın tarixi kök etibarı ilə qədimə çıxıb gedir və konkret tarixdən başlanır.
Qədim türk lüğətində, əgər semantika nöqteyi -nəzərdən yanaşsaq “türk” sözünü “tör” ilə də başlatmaq olar. Bu zaman bunun mənası “layiqli yer” kimi də başa düşülə bilər.
E.M.Murzayeva, M.N.Pavlova kimi alimlər qeyd edirlər ki, qazax, qırğız, pamir, ispan, katalon və başqa dillərdə “tör”, “tor” sözləri “yuxarı”, “yüksək”, “zirvə”. “dağ”, “qüllə”, “bürc”, “dağın ən yüksək zirvəsi”, “yüksək dağlıq yer”, “layiqli yer” mənalarını verir.
Bu açmalar bir daha göstərir ki, “tör”, “tor” sözləri müxtəlif mənalarda işlənsə də, hamısı “yuxarı”, “yüksəklik” anlamları ilə üst-üstə gəlir, yəni bu sözlərdən yaranan “türk” sözü də yüksəkdə duran bir xalq, yaxud tayfa kimi nəzərdə tutulur və bu yüksəklik “güc” və “qüvvə” olaraq cəmiyyətin iyerarxiyasına tətbiq olunur. XIII əsrdə Qaraqorumda olan səyyah Marko Polo xaqanın ziyafətində iştirak edərkən bu iyerarxiyanı belə təsvir edir: “Ziyafətdə böyük xaqan (Xubilay xan) masa arxasında belə oturur; onun masası digər masalardan çox yuxarıda durur. Xan zalın dərinliyində arxası şimala, üzü cənuba əyləşir. Sol tərəfində böyük və sevimli xatunu, bir az aşağı masada oğulları və yaxın qohum-əqrabası otururlar. Özü də onlar masalarına əyləşərkən başları xaqanın ayaqları bərabərliyində olmalıdır. Bir az aşağıda isə adlı-sanlı əyanlar və onların xanımları yerləşirlər… Burada hər kəs öz yerini bilir və hər kəs böyük xaqanın müəyyən etdiyi qaydada əyləşməlidir”.
Göründüyü kimi “türk” sözünün anlamına XIX – XX əsrlərdə müxtəlif cür yanaşsalar da, iqtibas gətirdiyimiz alimlər, yanaşmaları müxtəlif olsa da, eyni fikirdə olurlar ki, bu söz “güc”, “qüvvət” mənasını verir. Təbiidir ki, “güc”, “qüvvət” olan bir yerdə millətin “layiqli”, “yüksək”də yer tutması heç kimi təəccübləndirməməlidir.
Biz də belə fikirləşirik ki, birinci element “türk” termini “TÜR” sözünün fonetik variantıdır. Bu söz bizi qəbilələrin, tayfaların, xalqların çox qədim vəziyyətinə gətirib çıxarır. TÜR (TİR-TÖR-TÖS) elementi bizi türk elementilə ibtidai totem baxışlarına aparır. TİR-TÖR-TÖS-ün semantikası imkan verir ki, bu söz “məbəd yeri”, “seçilmiş yer”, “obada ən yaxşı yer”, “ocaq başında ən başlıca yer” mənasında “hakim”, “ağa”, “qanun”, “adət”ə qədər uzun bir yol keçsin. Elə M.Kaşğaridə də TÖR-TÖRƏ evin yuxarı başı, divanı, kürsüsü, TÖRÜ sözü adət-ənənə və törədilmək, yaradılmaq kimi başa düşülür. “El kalır, törü kalmas, yəni eldən vaz keçmək olar, törədən vaz keçmək olmaz”.
Törələr haqqında yazmamışdan öncə bizi daha bir sual maraqlandırır. “Türk” hansı coğrafiyadan yayılıb. Mərkəzi Asiya tarixinə nəzər yetirsək görərik ki, türklərin adı “hun” etnonim olaraq e.ə. IV əsrdən dövlət olaraq çəkilir. Doğrudanmı Ön Asiyada, Anadoluda, Azərbaycanda eramızdan əvvəlki minilliklərdə yaşamayıblar. Əlahəzrət fakt bunun əksini deyir. Başlayaq şumerlərdən. Məlumdur ki, qədim şumerlərdən bizə gələn dastanın baş qəhrəmanı Bilqamısdır. F.Ağasıoğlu bu barədə yazır: “Bilqamıs adında “Bilikli” anlamı olduğu üçün şumerlər də bu qəhrəmanı “hər şeyi bilən” el (dövlət) başçısı kimi öygüləmişlər. Akkadlarda bu dastanın ilk misrasını “Dünyagörmüş barədə” sözlərilə vermişlər. Bilqamısın adı türk dövlət başçılarına verilən “Bilgə” titulu ilə izah oluna bilər, məsələn 581-ci ildə göytürklərin batı qolunda xaqan elan edilən Tardu Xaqan “Bilgə” titulu almışdı, məşhur Toyukuk da bu titulu daşımışdır.
İndi baxaq, aydınlaşdıraq, görək ki, “bil” sözü türklərdə hansı anlamı verir.
Mart ayının 2-si…Çin oyuncaq Fabriki”Eastun Tekstil RX661″Günlük 12.000 Ədəd oyuncaq ayı istehsal etdi. Amma bunların arasından bir oyuncaq fərqli idi. Bu ayının digər oyuncaq ayılardan fərqli cəhəti odur ki, o, danışa bilir. Fabrikdə naməlum olmayan bir maddəylə birləşərək ortaya çıxan bir nəticədir. O istehsal olunduqdan sonra gözlərini açdı və bu fabriklə tanış oldu. O, ilk dəfə gözlərini açanda çox təəccüblənmişdi. Sonra o, dedi: — Vay, burası haradır?! Orada işləyən Min-su Kangchi onu eşidib çox təəccübləndi: — Kim danışdı — Hey, mənəm! O, qutunun içindən çıxmış ayının danışığını fərq etdi.O, qorxdu: — Aaa, sən kimsən? Necə danışa bilirsən?! Bu mümkün ola bilməz! — Suallarını biraz yavaş verə bilərsən? Mən də bilmirəm necə danışa bilirəm. —Waow! Beləsini heç görməmişəm. Bax, sənə təklifim var. Gəl sənin haqqında bir araşdırma aparaq. — Əlbəttə, mən razıyam. — Oldu onda. Tanış olduğumuza şad oldum! — Mən də Bu hadisədən 1 həftə keçdi. Min-su Kangchi oyuncaq ayıya Tedi adını verdi. O arşdırma apararkən Tedinin Etiketində bir şey gördü. Onun üzərində qara bir maddə var. Məgərsəm onun dostunun parçalarını fabriklərdən gələn artıqların içindən alınıb sonra isə bu maddə ilə parça birləşərək mutasiyası nəticəsində danışmağa başlayıb. O bu maddəylə araşdırmalar apardı. Amma bir nəticə tapa bilmədi. O isə bu araşdırmadan ayrıldı. Ertəsi gün yəni, martın 10- da o işə gedərkən fabrikin qabağında dostunu görüb tez onun yanına qaçdı . Yazıq ayı çirk içindəydi. Min-su Kangchi ona niyə görə belə olduğunu, nələr baş verdiyini soruşdu. Təəssüf ki, İşçinin iş yoldaşı Felix Kim-jang ayını danışdığını eşidib müdürə xəbər vermişdi. Müdür qanunsuz yollarla fabrikə giriş edildiyini zənn etdi. Və onu fabrikdən çölə atdı. Min-su Kangchi bunu eşidib dostunu da qucağına alıb müdirin yanına getdi. O, qapını döydü: — Gəl! Kobud bir səs eşidildi. Əsəbi müdir Kim Changbingiydi. İşçi içəri girən kimi müdir ayını görüb dedi: —Bu çirkli ayını da gətirmisən. Onun heç kəsə faydası falan yoxdu. Sənə də! — Axı bu ayının… — Sözümü kəsmə! Onu at getsin. Mənasız, keyfiyyətsiz mala ehtiyacımız yoxdur! — Zəhmət olmasa, icazə verin sözümü deyim! — De görək. O, hadisələri danışdı.Müdir dedi. — Amma bu ola bilməz.Hmm. Yaxşı səni bu araşdırmada kömək edə bilərəm. Tedi dedi: — Uraaaaa — Çox təşəkkür edirəm, müdir — Dəyməz.İndi işin başına bir ay sonra…. Araşdırma əsasında məlum oldu ki, maddə dünyanın ən zəhərli maddəsi taban yəni(Etil N,Ndimetilfosforomidosiniat~C5H11N2O2P)-dır. Bu maddə insan təması ilə zəhərlənmədən sonra ölümə qədər gedə bilər. Və ya başqa maddə ilə təmas halında Hidrogen Siyanür ola bilər.Bu maddədən ehtiyatlı olmalıyıq.Deməki bütün hər şeyin ipi söküldü. Və iki dost Ömürlərini qədər dost olaraq qaldılar ——————————————————————— Müəllif: Emiliya Rəcəbova Mövzu:İki dostun heç qarşılaşmadığı bir məcəra…
DƏLİ EYVAZIN NƏVƏSİ (hekayə) Babamın yaşı çoxdur, lap çox. Zamanın xəlbiri onun gözləri önündə ələnib. O, ömürün enişli-yoxuşlu yollarında yaxşı da görüb, pis də, mərd də görüb, namərd də, xeyirxah da görüb, quyu qazan da, haqq da görüb, haqsızlıq da. Bir sözlə, həyatın hər üzü ona tanışdır. Dünya görmüş babam bu yollardan birini – xeyirxahlığı arayıb-seçib və ömrü boyu bu yola sadiq qalıb.
Dostları zarafata salıb: – Ay Eyvaz kişi, sən nə vaxt zəmanə adamı olacaqsan? – deyəndə, babam: – Vallah, elə mənim əlimdən gələn budur, – deyib.
Di gəl ki, hamı onu “Dəli Eyvaz” deyə çağırırdı. Əslinə baxsan, bu heç babamın da xətrinə dəymirdi. Ancaq böyüklər mənə: – Ay bala, sən Dəli Eyvazın nəvəsisən? – deyə müraciət edəndə, mən cin atına minirdim. Onları: – Dəli sizin öz babanızdır! – deyə təhqir etməkdən özümü güclə saxlayırdım. Düzü, məhləmizdə yaşayan tay-tuşlarımdan bir neçəsinin ağzını bu sözün üstündə möhkəm əzişdirmişdim də.
İsti yay günü idi. Babam, nənəm və mən həyətimizdəki gövdəsinə örkən dolanmayan xar tutun kölgəsinə qoyulmuş qədim taxtın üstündə oturub, anamın dəmlədiyi pürrəngi çaya qənim kəsilmişdik. Nənəmin əlindəki söyüd budağı ilə hərdən üzümü yelləməsi mənə xüsusi ləzzət verirdi. Bu nəvazişdən xoşlanıb: – Nənə, ay nənə, mən də böyüyəndə xeyirxah adam olacağam! – dedim.
Nənəm gözaltı babamı süzüb: – Niyə olmursan, qadan alım? Dəli Eyvazın nəvəsi deyilsən?! – dedi və uğunub özündən getdi. Babam da özünü nənəmə qoşulmaqdan güclə saxladı. Düzü, nənəmin bu cavabından yaman pərt oldum. Gözlərim yaz buludu kimi doldu. İstədim hönkürüb: – Tay sizin nəvəniz olmayacam, mənə dəli baba lazım deyil! – deyəm və qaçıb gedəm. Ancaq dilimi, dodağımı gəmirə-gəmirə özümü saxladım. Babam pərt olduğumu görüb başımı tumarladı və: – Mənim balam, bilirsən, sənin babana nə üçün Dəli Eyvaz deyirlər? – deyə soruşdu. Mən daha özümü saxlaya bilmədim, yumruqlarımı düyünləyib: – Deməsinlər, deməsinlər, mənə dəli baba lazım deyil! – dedim və hıçqıra-hıçqıra ağlamağa başladım.
Babam məni bağrına basıb: – Ağlama, mənim balam, qoy nə deyirlər desinlər. Özün görürsən ki, sənin ağıllı baban var, – dedi. Sonra təmkinlə başına gəlmiş bir əhvalatı danışmağa başladı: – Bir gün işdən evə qayıdırdım. Birdən ağ parçaya bükülü nəyinsə cığırın kənarına düşdüyünü gördüm və əyilib götürdüm. Açıb baxanda gördüm ki, xeyli puldur. Evə gətirdim. Bax, bu çoxbilmiş nənənlə… – babam sağ əlini nənəmin çiyninə qoydu, – birlikdə saydıq. Nə az, nə çox düz iki min manat pul idi. Sonra belə məsləhətləşdik ki, bir gün gözləyək. Düşündük ki, kim isə kənd adamı olacaq, səs-soraq tutan kimi aparıb sahibinə qaytararıq.
Lakin səhərədək kənddən bir xəbər çıxmadı. Nəhayət, ikinci gün eşitdik ki, qonşu kənddən bir dul qadın iki min manat pul itirib. Elə o dəqiqə pulu da götürüb yola düzəldim. Gedib sahibini tapdım. Yazıq o qədər ağlamışdı ki, deyərdin, bu saat gözlərindən damcı-damcı qan damacaq. Sən demə, arvad min əziyyətlə topladığı pulu rayon mərkəzindəki əmanət kassasından çıxarıb gətirirmiş ki, rəhmətə getmiş ərinin qəbrini götürsün.
Düzü, mən də bərk kövrəldim, özümü ağlamaqdan güclə saxladım. Nə isə, uzun sözün qısası, bu hadisə çox sürətlə kəndə-kəsəyə yayıldı. Düzdür, mənə: – Allah sənə ömür versin, savab iş gördün, – deyənlər də oldu. Ancaq çoxları da küncdə-bucaqda: – Vallah, dəlidir. Özü-öz əliylə qismətinə çıxan şeyi aparıb sahibinə qaytarıb ki, nədi-nədi desinlər Eyvaz kişi xeyirxah adamdır. Ay dedilər ha, – deyə məni lağa qoydular. Üzümə qarşı: – Əşi, sən lap dəliymişsən ki, – deyənlər də oldu.
Bir sözlə, o gündən “dəli” sözü mənim adımla qoşa çəkilməyə başladı.
– Yəni sənin babanı Eyvaz yox, Dəli Eyvaz deyə çağırmağa başladılar… – Babam dərindən köks ötürüb dedi: – Eybi yox, oğul, çağırırlar qoy çağırsınlar. Onsuz da ağıllıları dəli, dəliləri ağıllı çağırmaq dəbdədir.
Mən yerimdən sıçrayıb: – Baba, sənə qurban olum, – deyib onun boynuna sarıldım, üz-gözündən öpdüm. Və o gündən sonra: – Mən Dəli Eyvazın nəvəsiyəm! – deyərək babamın dəliliyi ilə fəxr etməyə başladım. Müəllif:VALEH HEYDƏR
İsmayıl Şıxlı cəbhədən qayıtdıqdan sonra aspiranturaya sənəd verir. Həmin il İsmayıl Şıxlının seçəcəyi ixtisasa cəmi bir yer ayırıblar. Və taleyin işinə bax ki, həmin yerə yazıçı Əzizə xanım Cəfərzadə də namizəddir… Böyük gün gəlib çatır. Hər iki rəqib imtahanda iştirak edir. Həyəcandan, yoxsa stressdən…imtahan zamanı bir sual İsmayıl Şıxlının yadından çıxır. Bunu hiss edən Əzizə Cəfərzadə cavabı kağıza yazıb ona ötürür. Nəzarətçi müəllim bunu görür və təəccüb içində deyir: – Əzizə, nə edirsən, axı siz rəqibsiz… – Bilirəm! – Bəs nə üçün sualın cavabını ona ötürürsən!? – Axı o cəbhədən gəlib… – Nə olsun, Əzizə!? Qəribəsən… Əzizə Cəfərzadə sakit tonda belə cavab verir: – Həyat qəribədir, müəllim… Bu hadisənin üzərindən bir neçə həftə keçir. Nəticələr açıqlanır. İsmayıl Şıxlı istədiyi ixtisasa qəbul olur. Ancaq bu xəbər onu sevindirmir. Əksinə, çox məyus olur. Üzülür. Düşünür ki, o, bu nəticəyə layiq deyil. O yer, bu nəticə rəqibinin – Əzizə Cəfərzadənin haqqıdır. Buna görə o, Bakıda qalmır. Rayona qayıdır. Lakin bir neçə gündən sonra ona bir məktub göndərirlər. Məktubdan belə aydın olur ki, aspiranturadakı həmin ixtisasa daha bir yer əlavə olunub. Bu, o deməkdir ki, hər iki namizəd – İsmayıl və Əzizə həmin ixtisasda oxuya bilərlər. Bu xəbəri aldıqdan sonra İsmayıl Şıxlı Əzizə xanıma bir məktub yazır. Aldığı şad xəbəri onunla bölüşür. İmtahan zamanı etdiyi fədakarlığa görə ona təşəkkür edir. Məktubun imza hissəsində isə belə yazır: “Sənin rəqibin…” İsmayıl Şıxlı bu hadisəni sonrakı illərdə qələmə aldığı “Mənim rəqibim” hekayəsinin ideyasına çevirmişdi. Özü bu barədə yazırdı: “Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır…“Mənim rəqibim”, “Qızıl ilan”, “Görüş”, “Namus qaçağı”, ”Təyyarə geçikir“ kimi hekayələr öz həyatımla bağlıdır…