
HƏYATDAN VAXTSIZ GETMİŞ ŞAİR VAMİQ ABBASOV
Şəkildə gördüyünüz bu adam mənim doğmaca dayım oğludur.
Abbasov Vamiq Həbib oğlu.
1942-ci ildə anadan olub.
O anadan olanda II Dünya müharibəsinin ən qızğın dövrü idi.
Vamiq anadan olanda onun atası, mənim dayım Həbib cəbhədədıydi, vuruşurdu və O, elə bu müharibədə, oğlunun üzünü görmədən qəhrəmanlıqla həlak olacaqdı.
Qardaşı müharibəyə gedəndə anamın heç 6 yaşı tamam deyilmiş. Anamın bütün ömrü boyu ən böyük andı qardaşı Həbibin canına içdiyi and olub…Bir də anam hər dəfə qardaşından söhbət düşəndə, Həbibin adının əvvəlinə bir “Cənnətlik” sözünü də artırırdı; “Cənnətlik Həbib” deyərdi.
Dayımın yeganə oğlunu- şəkildə gördüyünüz Vamiqi anası Nəsibə xanım tək böyüdüb.Nəsibə xanım partiya işçisi idi: Uzun illər Salyan Payon Partiya Komitəsinin lI katibi işləmişdi.1973- çü ildə Neftçala rayon kimi yenidən təşkil olunanda, Nəsibə xanımı Neftçala Rayon Partiya komitəsinə II katib vəzifəsinə təyin etmişdilər. Sərt, tələbkar, işgüzar, zəhmli, ciddi bir xanım idi.
Vamiq anasının işi ilə əlaqədar olaraq Salyanda yaşayıb, orta məktəbi də Salyanda oxuyub. Azərbaycan Dövlət Universitetinin (BDU əvvəllər belə adlanırdı) jurnalistika fakültəsini bitirəndən sonra Azərbaycan Dövlət televiziya və radio Komitəsində işləyib…
Vamiq şeirlər yazırdı.
Bir dəfə şeirlərini, oxumaq üçün Rəsul Rzaya verir. Vamiqin yazdığı şeirlər Rəsul Rzanın xoşuna gəlir.Və Rəsul Rza Vamiq haqqında “Uğurlu yol” yazıb və həmin məqaləsini Vamiqin şeirləri ilə birlikdə çap etdirir. Beləliklə Vamiq o dövrün gənc şairi kimi tanınmağa başlayıb. Ən yaxın dostu Çingiz Əlioğlu olub.
Tele-radio komitəsində işləyərkən Vamiq ailə qurur. Bir oğlu və bir qızı dünyaya gəlir.Bakıda yaşayırdı.
Neftçalaya az -az gələrdi. Babası, əmiləri, bibiləri.. Neftçalada yaşayırdı. Neftalaya gələndə hökmən, yaş etibarı ilə ən kiçik bibisinə -yəni mənim anama da baş çəkərdi.
…Onu sonuncu dəfə gördüyüm günü yaxşı xatırlayıram.1969- cü il idi. İndi unutmuşam: Anamla hardansa gəlirdim. Evimizə az qalmış kimsə -Bibi- deyərək anamı çağırdı. Bu Vamiq idi.Eyni ilə şəkildəki kimi: Qara kostyum geyinmiş,saçlarını səliqə ilə daramış, hündürboylu, yaraşıqlı bir gənc. Anam qardaşının yeganə yadiğarını görüb ağlamsındı:
-Bibin sənə qurban olsun -deyib Vamiqin hündür boyünu quçaqladı.
O gündən az sonra, Vamiq gözlənilmədən vəfat etdi.
Vəfat edəndə 28 yaşı var idi.
Onu Neftcala qəbristanlığında dəfn ediblər.
Neftçalada gördüyüm ilk, ən izdhamlı dəfn mərasimi də Vamiqin dəfn mərasimi olub.
Taleyi əvvəldən gətirmədi Vamiqin. Atasının üzünü görmədi. Sonra özü gənc ikən vəfat elədi. İlk kitabı vəfatından səkkiz il sonra, yaxın dostu Çingiz Əlioğlunim redaktorluğu və ön sözü ilə çap edildi…
İndi Nəsibə xanım da yoxdur. Nəsibə xanımın vəfatından sonra, Vamiqin yeganə oğlu,babasının adını daşıyan Həbib də vəfat elədi.
…Haqqında Rəsul Rzanın “Uğurlu yol” yazdığı, dövrünün ən tanınmış gənc şairlərindən olan Vamiq,çox tez unuduldu. Bu gün demək olar ki,onu kimsə tanımır.
Amma qalsaydı, yaşasaydı bəlkə də Azərbaycanın ən böyük şairlərindən biri olacaqdı.
Mən bu yazımı Vamiqin xatirəsinə həsr edirəm. Gələn dəfə onun şeirlərini, Çingiz Əlioğlinun və qardaşım Azərin vaxtı ilə onun haqqında yazdıqları məqalələri paylaşacağam.
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında