Ədəbi aləmdə istedadlı-məhsuldar söz adamı, xoşsimalı və müdrik şəxs qismində dəyər qazanan yazıçı-publisist Məhərrəm Şəmkirlinin imzası çoxlarına tanışdır. Ulu dədələrimizin təbirincə desək, bu laydivar kişiylə ilk dəfə səkkiz il qabaq AYB-nin Natəvan klubunda keçirilən bir tədbirdə tanış olmuşam. Uzun illərdən bəri çeşidli adlar altında nəşr olunan qəzet-jurnallarda, və onlayn mətbuatda yer alan mənsur şeir, lətifə, deyimlər və publisistik yazıları məni də bir oxucu kimi məmnun edib.
İllər uzunu köçkünlüyün ağrı-acıları ilə sızlayanda Məhərrəm müəllimin Qarabağ nisgilimizi əks etdirən publististik yazılarını oxuduqca, onun adı təkcə özümün yox, mənim kimi doğma yurd-yuvalarından perik düşən yüz minlərlə insanın dərdinə-nisgilinə ortaq olmağı bacaran bir yaradıcı ziyalı kimi yaddaşımda is salıb…
Məhərrəm Şəmkirlinin indiyə qədər nəşr olunan kitablarının içərisində sonuncusu (Müdriklər demişkən axırıncı yox, axarıncı olsun!) “Dil açan körpə də dedi: Qarabağ Azərbaycandır!” kitabı xalqımızın Zəfər sevinci üstündə köklənib və oxucuya nəcib duyğular, tükənməyən həyat eşqi aşılamağı ilə seçilir. Kitabın “Mənsur şeirlər”, “Deyimlər”, “Lətifələr”, “Rəylər”, “Qəhrəmanlar” və “Məqalələr” bölümlərində yer alan çeşidli yazıların demək olar ki, hamısında bu əlamətlər özünü qabarıq şəkildə əks etdirməkdədir…
Deyirlər, yaradıcı insanın iç dünyası ortaya qoyduğu yazılarında üzə çıxır, onun hansı mənəviyyat, ağıl-zəka sahibi olduğunu sərgiləyir. Bu baxımdan müəllifin mənsur şeirlərinə istinad etdikdə, yetərincə önəmli nümunələrə rast gəlmək olur. Oxucuda bitgin təəssürat yaratmaq istəyi ilə aşağıda nümunə olaraq seçib ayırdığım bir neçə mənsur şeirə diqqət edək:
“Dedilər sevginin gözü kor olur. Yaxşını-pisi görmür. İnanmadım sevginin gözünün kor olduğuna. Öz-özümə düşündüm və “sevginin gözü kordur” deyənlərdən soruşdum: Onda deyin görüm, gözü kor olan sevgi bu qədər nuru, işığı qəlbimizə necə verir?!
Cavab verə bilmədilər. Susdular, günah eləmiş kimi.”
(“KOR SEVGİ”)
Və ya:
Mən bir uşaq, dünya ana. Ağlayanda ovudub, kiridə bilmir məni. Bu dünya məni elə beləmi saxlayacaq Allah?! Yarı ac, yarı tox, əyin-baş yox. Başıma bombalar yağır, bir təhər başımı qoruyuram. Yeriyirəm, ayağımın altından yer qaçır. Bu dünyanın yerində, göyündə qoruna bilmirəm. Deyin, yerdən, göydən başqa harda insan kimi yaşaya bilərəm mən? Deyirlər, sev dünyanı! Məni saxlamayan, qorumayan dünyanın nəyini sevim mən? Nəyini?..
( “DÜNYA OVUDA BİLMIR MƏNİ”)
Və yaxud:
Cavan oğlan cavan bir ağaca sevdiyi qızın və özünün adını yazdı. Aradan illər keçdi, ağac böyüdü, ağacın gövdəsindəki “yaralar”da böyüdü. Amma oğlanın qıza olan sevgisi böyümədi ki, böyümədi. Unutmaq lazım deyil ki, böyük sevgilər ağac gövdəsinə yox, ürəyə yazılır.
( “AĞAC BÖYÜDÜ …)
Nümunə qismində sərgilədiyim mənsur şeirlərin üçündə də daxili lirizm, zərif duyğular, insani keyfiyyətlər, həyat eşqi açıq-aşkar hiss edildiyi kimi, müəllifin az sözlə böyük məna kəsb etmək bacarığı da ən bariz şəkildə özünü biruzə verir.
Kitabın “Deyimlər” bölümündə təqdim edilmiş yazıları isə, mübaliğəsiz olaraq dünyanın hər üzünə bələd olan bir ahıl yazarın kamilliyə-müdrikliyə söykənən və həyatın enişli-yoxuşlu yollarında üzləşdiyi çeşidli olaylara laqeyid qalmamaq istəyindən qaynaqlandığını deyə bilərəm. Bu əlamətlərin təsdiqi naminə hesab edirəm ki, aşağıdakı bir neçə dəyərli kəlama nəzər salmaq kifayətdir:
* * *
“Bu gecə uşaqlığımı gördüm, yuxuda. Bu günüm də elə o günümə bənzəyirdi-yarı ac, yarı tox.”
* * *
“Kədərimə sevinc qatan biri yox, bu nə həyatdır, Tanrım, mənə vermisən!”
* * *
“Dünya kasıblar üçün zindan, varlılar üçün cənnətdir.”
* * *
“O ruh adamını rusun adamı kimi başa düşmüşdü…”
* * *
“Dədəmiz Qorqud bizə ad da verdi, öyüd də. Nə adı doğrultduq, nə də öyüdə əməl elədik!”
* * *
“Qadınına xəyanət elədin, canın cəhənnəmə. Ay zalım, bəs Vətənə niyə xəyanət elədin? Axı, o təkcə sənin deyil!”
Məhərrəm Şəmkirlinin oxucuya nikbin əhval-ruhiyyə, təbəssüm bəxş eləyən yazıları “Lətifələr” bölümündə yer almışdır. İncə-zərif yumor hissiylə “yoğrulmuş” bu yazılardan ikicə nümunə:
“Bir nəfər dövlət idarəsinə gedir. Orada ondan soruşurlar:
-Adın nədir?
-Cahil.
Bu adı sənə kim verib?
-Atam.
-Atanın adı nədir?
-Kamil.
-O kamil deyil, əsl cahildir!”
(“Cahil sən deyilsən.”
* * *
“Bir “ara müğənnisi” arvadını muştuluqlayır:
-Arvad, gözün aydın, mənə əməkdar artist adı verdilər!
-Ay zalım oğlu, onlar verirdi, verirdi, bəs, sən hansı üzlə götürürdün?”
“Sən niyə alırdın?”
Müəllifin “Rəylər” adlandırdığı bölümdə gənc yazarlardan Azər Rəşidoğlu, Şəhla Aslan, tanınmış şair-alim Adilə Nəzər, ünlü şairimiz Əhməd Cavadın ədəbi aləminin tədqiqatçısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Rəhman Salmanın yaradıcılıqlarından bəhs edilir. Burada Asif Ata Ocağının sönməz nurundan, şair Arif Musanın “Könül duyğularım” adlı şeirlər kitabından və AYB Mingəçevir bölməsinin xəttiylə 2016-cı ildə nəşr olunmuş “Uzaqdan gələn səs” almanaxından (Yeri gəlmişkən deyim ki, Məhərrəm müəllim bölmənin 2016-cı ildə işıq üzü görən “Bir ocağın şöləsiyik” almanaxı barədə də yazı yazıb və həmin toplunun həmmüəlliflərindən biridir) söz açan yazılar da maraqla oxunur. Bu bölmədə Vaqif Osmanovun “İşıq tapmaq xoşbəxtliyi”, Vaqif İsaqoğlunun “Həqiqət işığında düşüncələr…” adlı yazıları isə Məhərrəm Şəmkirlinin ədəbi yaradıcılığına ayna tutub…
Kitabın sayca beşinci-“Qəhrəmanlar” adlı bölümündə müəllif torpaqlarımızın bütövlüyü və işğaldan azad edilməsi naminə canlarından keçən ərənləmizin bir neçəsindən,-Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mübariz İbrahimov, Rövşən Əliyev, Əlif Hacıyev, Elşad Yəhyayev və II Qarabağ Müharibəsində şəhid olmuş Mirsəfa Rzayevin vətən sevgilərindən böyük ehtiram hissiylə söz açır.
Məhərrəm müəllimin ayrı-ayrı vaxtlarda qələmə alıb, çeşidli qəzet-jurnal səhifələrində və onlayn mətbuatda dərc etdirdiyi publisistik yazıları sonda,-“Məqalələr” bölümündə yer alsa da, ümimilikdə kitaba əlvan çalarlar, təqdirəlayiq “ab-hava” qatmaq baxımından diqqəti cəlb edir. Bu yazılarda hər şeydən qabaq vətən sevgisini, yurdumuzun sabahı ilə bağlı düşüncələrini ortaya qoymağı bacaran yazar dostumuzun həssas qəlbi döyünməkdədir…
Həcm və məna tutumu baxımdan sanballı yazılar toplusunu oxuyandan sonra ürəyimdən keçənləri hörmətli oxucularla bölüşməyi və ömrünün müdriklik çağlarında belə dəyərli bir kitabı araya-ərsəyə gətirməklə ədəbi aləmə öz töhfəsini verən yazar dostum Məhərrəm Şəmkirliyə bundan sonrakı yaradıcılıq yollarında da uğurlar diləməyi özümə borc bildim. Atalar demişkən, yolçu yolda gərək!
BABAM NƏRD OYNAYANDA Babam nərd oynayanda, Yaman salır hay-həşir. Oyunu udmaq üçün, Görün necə əlləşir. * * * Uduzmaqla babamın, Heç yox imiş arası. Az qalır zər atanda, Sınsın nərdin taxtası. * * * Bir də baxıb görürəm, Deyinir dodaqaltı. Söyləyir o ucadan, Ataram qoşa altı.
Hərdən başın qaldırır, Gülüb, baxır üzümə. Deyir: -deyingənəm mən, Fikir vermə sözümə. * * * Mənim sevimli babam, Çox mehriban bir insan. Nərd oyunu gələndə, Olur qızğın bir aslan. Müəllif: Eyyub TÜRKAY