ŞEİR ÜZLÜ DÜNYA… İçimdə min şeir var, Min-min çiçəyə-gülə, Min-min dosta-tanışa. Ürəyimin diliylə, Hər misrası danışan. Üzləri üzüm kimi, Gözləri gözüm kimi… * * * İçimdə min şeir var, Alovlarla oynayan. Dənizlərlə qabaran. Məni mənə gətirən, Məni məndən aparan. Mən bu şeirlərimlə Zamanı unuduram. Mən bu şeirlərimlə, Batabatın, Göygölün, Əlincənin, Kəpəzin Havasını uduram. * * * Ayrılır heca-heca, Ayrılır misra-misra Ayrılır ürəyimdən Ayrılır şeirlərim – Neçə qola ayrılır, Neçə cığıra-izə, Neçə yola ayrılır. Qalmır məndə mənəmlik Qopur heçim köçümdən.. Şeirlər qatar kimi Gəlib-keçir içimdən. * * * Mən öz şeirlərimdə, Büllür buz bulaqları, Axar çayı sevirəm, Qarlı qışı sevirəm, Qızmar yayı sevirəm. Qızıl saçlı Günəşi Solğun Ayı sevirəm. .. İçimdəki səmada Ulduzlar yanır-sönür. Bügün də bir şeirlə Dönürəm, dünya dönür…