
ŞƏHİD
Yeni tarix yazdın öz qanın ilə,
Tarix dərslərindən üç alan Şəhid.
Düşmən qarşısında mərd canın ilə
Durdun, Vətənindən güc alan Şəhid.
Namərd yağıları ot kimi biçdin,
Nə qədər alovlu, odlu yol keçdin,
Sonunda şəhidlik şərbəti içdin,
Düşməni məhv edib öc alan Şəhid.
Damarında mərdlik qanı axırdı,
Səni otuz illik həsrət yaxırdı,
Tanrı öz yanına səni çağırdı,
Tanrı dərgahına ucalan Şəhid.
Qurtardın işğaldan, yurd oldu azad,
Əbədi məşələ döndü bir həyat,
Olduğun məqamda nur içində yat,
Bizim başımıza tac olan Şəhid.
Almadın heç zaman ölümü gözə,
Ürəyin dönmüşdü alova, közə,
Mümkünsə son dəfə halal et bizə,
Ən uca zirvəyə köç alan Şəhid.
04.01.2021
Müəllif: ELÇİN MƏLHƏMLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru