Bu gecə yenə də payız ağladı

ŞAMAXI

Çoxları bu yurda nəfsini saldı,
Ona kəc baxanı vurdu Şamaxı.
Silahla gələndən öcünü aldı,
Yenilməz qalatək durdu Şamaxı.

Bağdaddan Dərbəndə uzanıb qolu,
Tarixi şərəflə, şöhrətlə dolu,
Zamanla kəsilib, eh, sağı, solu,
Kimlər taleyini burdu, Şamaxı?

Xaqani sözündə vardır nəsihət,
Nəsimi dünyası fəlsəfə, hikmət,
Nişat, Seyyid, Sabir, Zülali, Səhhət…,
Saysız şairlərin yurdu Şamaxı.

Hər yandan səslənir muğamat səsi,
Bu səs heyran edir eşidən kəsi,
“Şirvan şikəstəsi” xalqın bəstəsi,
Sarəncdi, Şahnazdı, Şurdu Şamaxı.

Sözün bulağından içdi bu Elçin,
Şairlər məktəbin keçdi bu Elçin,
Sözləri yontayıb biçdi bu Elçin,
Şeirdən abidə qurdu, Şamaxı.

18.08.2025

SƏN OLMADINMI?

Bir baxışla qəlbimi
Alan sən olmadınmı?
Çöllərə dəli kimi
Salan sən olmadınmı?

Verdin eşq şərabını,
Götürdün mizrabını,
Ruhumun rübabını
Çalan sən olmadınmı?

Dua etdim rəbbimə,
Dönəsən təbibimə,
Həyat olub qəlbimə
Dolan sən olmadınmı?

Tanrı eşqi pir etdi,
Qəm-qüssəmi əritdi,
Arzum murada yetdi
Qalan sən olmadınmı?

Elçinəm dikdir başım,
Quruyubdur göz yaşım,
Mənim ömür yoldaşım
Olan sən olmadınmı?

31.05.2025

BİLMƏSİN

Bir busə ver buxaqından, nə olar,
Nə xal bilsin, nə üz bilsin, nə dodaq.
İkimizin arasında sirr qalar,
Nə dil bilsin, nə göz bilsin, nə qulaq.

Qoşalaşaq çıxaq çölün düzünə,
Gəzə-gəzə düşək bulaq izinə,
Təslim olaq məhəbbətin özünə,
Nə çöl bilsin, nə düz bilsin, nə bulaq.

Çağır məni tez özümü yetirim,
Alım səni, qucağıma götürüm,
Ehmallıca dağ çayından ötürüm,
Nə bel bilsin, nə diz bilsin, nə balaq.

Qəlbimizə eşq şərabı içirtdik,
Sərxoş edib sərt yollardan keçirtdik,
Barı indi ona möhkəm çarıq tik,
Nə mil bilsin, nə biz bilsin, nə oymaq.

Eşq od imiş, düşdüm eşqin oduna,
Yandı canım, çat Elçinin dadına,
Hər gün təzə nəğmə qoşum adına,
Nə kül bilsin, nə köz bilsin, nə ocaq.

13.05.2025

PAYIZ AĞLADI

Bu gecə yenə də payız ağladı,
Yenə də söküldü bağrımın başı.
Payızın qəlbini, ah, kim dağladı,
Yenə də sel oldu gözünün yaşı.

Külək ağacları alıb əlinə,
Ögey ana kimi payızı döyür.
Daşan çay əlini qoyub belinə,
“Yuyub aparacam nə varsa” deyir.

Yuvanın küncünə qısılıb sərçə,
Balaca vücudu büzüşüb, əsir.
Bu yağış, nə ola, kəsəydi bircə,
Dovşan kol dibində, evə tələsir.

Bilmirəm qorxudan, yoxsa soyuqdan
Tir-tir titrəyirlər küçə itləri.
Tülkü də boylanıb kiçik oyuqdan,
Seyr edir çöldəki “müsibət”ləri.

Ayı kahasında möhkəmcə yatıb,
Dələ ümidini yaza bağladı.
Qüssəyə bürünüb, kədərə batıb
Bu gecə yenə də payız ağladı.

10.12.2024

DARIXIRAM

Çəkilib göy üzünə,
Həsrət qoydun özünə,
Qıyma bu əzizinə,
Darıxıram…

Hər gün düşürsən yada,
Görünürsən röyada,
Hərəmiz bir dünyada,
Darıxıram…

Bağrım başı qor olub,
Gündüzlərim qaralıb,
Artıq səbrim daralıb,
Darıxıram…

Sən göydəsən mən yerdə,
Düşdüm sağalmaz dərdə,
Mənasızdır ömür də,
Darıxıram…

Dardayam, çətindəyəm,
Qəm əsarətindəyəm,
Vüsal həsrətindəyəm,
Darıxıram…

05.10.2024

BULUD

Gəzirdin rahatca göyün üzündə,
Niyə artırmısan çəkini, bulud?
Yoxsa dərdin, qəmin artıbdır sənin,
Kədərdən tutmusan yükünü, bulud,

Rəngin də qaralıb, lap boğulmusan,
Qəzəbdən, ya dərddən belə dolmusan?
Sanki qəlbikövrək gəlin olmusan,
Səbr et, boğ içində hikkəni, bulud.

Aglasan, qoşulub sənə ağlaram,
Qəmini sevincə büküb bağlaram,
Dərdini alaram, özüm saxlaram,
Gəl kövrəltmə bulaq təkini bulud.

Görürsən, Elçin də boynunu burub,
Onu da dərd, kədər, qəm, qüssə yorub,
Dolub sənin kimi, dayanıb, durub,
Ancaq yox nə hirsi, nə kini, bulud.

HEYİF SEVGİMİZƏ

Heyif sevgimizə, çox şirin idi,
Döndü birdən-birə, o acılaşdı.
Nədən tale bizə “ayrılın” dedi?
Qəlbimdə kədərlə qəm bacılaşdı.

Uçdu bir sevginin divarı, damı,
Sağ qalan bu eşqin təməli oldu.
Deyirlər pis gözlər yıxır adamı,
Hansı xəbis gözün əməli oldu?

O gün, yollarımız ayrılan vaxtı,
Yanan qəlbimizdən köz qoparmışıq.
Ayrıldıq, beləymiş bu eşqin bəxti,
Hərəmiz ürəkdə od aparmışıq.

Görən hansı evin çırağısan sən,
Qurduğun ocağın istisi varmı?
Ölməyən bir eşqin dayağısan sən,
Bu eşqin mənimtək xəstəsi varmı?

Kim bilir, hardayıq indi hərəmiz,
Durub aramızda ayrılıq, həsrət.
İndi yuxulardır görüş yerimiz,
Hələ də qəlbimi döyür məhəbbət.

15.08.2023

SALAM, ŞUŞA!

Otuz il bizimçün döndün xəyala,
Nəhayət yetişdik şirin vüsala,
Səni görmək üçün çıxmışam yola,
Arzum həqiqətlə yürüyür qoşa,
Salam, Şuşa!

Qəhrəman ordumuz keçilməz dağla
Gəldi harayına dişlə, dırnaqla,
Qırdı düşmənləri yüngül yaraqla,
Salıb öz izini qayaya, daşa,
Salam, Şuşa!

Yaşadın bəxtinə düşən qədəri,
Unut bundan sonra qəmi, kədəri,
Hər dün gözəlləşən gözəl şəhəri
Bütün elim-obam gəzib dolaşa,
Salam, Şuşa!

Nəhayət yetişdim Cıdır düzünə,
Bələndim Vaqifin şirin sözünə,
Düşərək ustadın aydın izinə,
İlhamım çağladı, təb gəldi cuşa,
Salam, Şuşa!

Gəldim, gözlərində gülüşü gördüm,
O mavi səmanı, günəşi gördüm,
Səni əbədilik qəlbimə hördüm,
Daha bundan sonra bəxtəvər yaşa,
Salam, Şuşa!

18.07.2024

BU ZƏFƏRİ GÖZÜMÜZTƏK QORUYAQ

O zaman ki, Vətən yada yem idi,
Hər günümüz kədər idi, qəm idi,
Nər oğullar düşmən üstə yeridi,
Mənfurlardan təmizləndi Qarabağ,
Bu zəfəri gözümüztək qoruyaq.

Bu torpaqda ulu bizik, əzəl biz,
Hər qarışda babalarım salıb iz,
“Qisas” dedi bizə Vətən eşqimiz,
Yurdumuzdan yadellini darayaq,
Bu zəfəri gözümüztək qoruyaq.

Hər qayası and yerimiz, pir oldu,
Pir uğrunda igidlərim şir oldu,
Şəhid qəbri ən müqəddəs yer oldu,
Şəhidləri unutmayaq, arayaq,
Bu zəfəri gözümüztək qoruyaq.

Doğransa da Vətən yüz yol, diridir,
Qarabağım dərdin yüzdən biridir,
Bu qələbə ruhdan buzu əridir,
Savalana salam deyir Murovdağ,
Bu zəfəri gözümüztək qoruyaq.

Nəhayət ki, qovduq yurddan düşməni,
Qarabağdan qaçdı, getdi erməni,
Xoşbəxt görək bundan sonra Vətəni,
İndi daha yaramızı sarıyaq,
Bu zəfəri gözümüztək qoruyaq.

26.04.2024

AZ DEMİŞƏM

Sənə mən, nazlı nigarım, həmişə “can” demişəm, az demişəm.
“Məni candan eləyən sevgili canan” demişəm, az demişəm.

Nə atam var, nə anam, gör neçə vaxtdır aparıbdır Yaradan,
O səbəbdən də sənə “ən əziz insan” demişəm, az demişəm.

Döyüşərkən mələk ilə nəzər etdim tökülən göz yaşına,
Gözü şəhlam, gözünə canımı qurban demişəm, az demişəm.

Məni məftunmu edər hər gözü muncuq, dili şəkkər, sözü bal?
“Olmuşam dünyada yalnız sənə heyran” demişəm, az demişəm.

Demə eşqimlə bu şair itirib ağlını, sərsəm dolanır,
“Ürəyindir bu dəli eşqimə ünvan” demişəm, az demişəm.

Gecətək qapqara Məlhəmli günün, ay gözəlim, ağ elədin,
Səni öz bəxtimə sübhtək açılan dan demişəm, az demişəm.

29.11.2024

ÇƏKİR

Onda ki, nazlı nigarım gözünə qarə çəkir,
Yandırır qəlbimi eşq atəşinə, narə çəkir.

Lalətəkdir yanağı, qönçə qızılgül dodağı,
Mən gülün aşiqiyəm, qəlb məni gülzarə çəkir.

Yoxmu, Tanrım, görəsən, ağ günü aşiq olanın,
Eşqə məhbus olanın kim gününü qarə çəkir?

Gözlərindən çilənən nur məni divanə edir,
Düşdüyüm çöllərə, ellər, məni mahparə çəkir.

Qəlbimi qəsb eləyibdir o mələk üzlü gözəl,
Fikrimi qəlb bu səbəbdən elə dildarə çəkir.

Süzdürüb gözlərini son dəfə baxdın mənə tərs,
Yoxsa Məlhəmli bu eşqlə səni zinharə çəkir?

12.01.2024

Müəllif: ELÇİN MƏLHƏMLİ

ELÇİN MƏLHƏMLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Babək” və “Nəsimi” filmlərinin izində

“Babək” və “Nəsimi” filmlərinin izində

Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifələrindən biri də Naxçıvanda çəkilmiş tarixi filmlərlə bağlıdır. Bu qədim torpaq təkcə öz abidələri, təbiəti və mənəvi mühiti ilə deyil, həm də kino sənətinə bəxş etdiyi nadir çəkiliş məkanları ilə seçilir. Naxçıvanın dağları, qalaları, tarixi kəndləri əsrlərin yaddaşını özündə yaşadır və məhz buna görə də böyük tarixi şəxsiyyətlərin ekran həyatı bu torpaqda daha inandırıcı və təsirli görünür. Kino tariximizdə xüsusi yeri olan “Babək” və “Nəsimi” filmləri də bunun bariz nümunəsidir.
“Babək” filmi Azərbaycanın kino sənətində ən çox yadda qalan tarixi ekran əsərlərindən biri olub. Eldar Quliyevin rejissorluğu ilə ərsəyə gələn bu filmin çəkilişləri Naxçıvanın Culfa bölgəsində, Əlincə qalası ətrafında aparılıb. Bu qədim qalanın möhtəşəm görünüşü Babəkin mübarizə ruhunu tamaşaçıya birbaşa çatdırmaq üçün ideal məkan rolunu oynayıb. Filmin hazırlanması üçün böyük miqyaslı dekorasiyalar qurulub, yüzlərlə kütləvi səhnə iştirakçısı cəlb olunub. Yerli əhalinin epizodik rollarda çıxış etməsi isə filmin həm kütləvilik, həm də reallıq təsirini gücləndirib. O dövrün ən bahalı filmlərindən sayılan “Babək” Azərbaycan tamaşaçısında milli qürur hissi oyatmaqla yanaşı, Naxçıvanın tarixi məkanlarını da əbədiləşdirib.
Tarixi filmlərin digər möhtəşəm nümunəsi isə Həsən Seyidbəylinin rejissorluğu ilə ekranlaşdırılan “Nəsimi” filmidir. Şair və filosof İmadəddin Nəsiminin həyatını, ideyalarını və faciəsini əks etdirən bu film estetik dəyəri, bədii gücü ilə Azərbaycan kinosunda xüsusi yer tutur. Çəkilişlərin bir hissəsi Naxçıvanın Əlincə qalası, Xanəgah kəndi və Əlincəçay vadisində aparılıb. Bu yerlər təkcə dekor rolunu oynamayıb, həm də filmin emosional gücünü artırıb. Qədim dağlar və qalanın divarları Nəsiminin həyat yolunun dramatizmini, onun azadlıq və haqq uğrunda mübarizəsini tamaşaçıya daha təsirli göstərib. Məşhur edam səhnəsi də Naxçıvanda lentə alınıb və bu epizod həm aktyor oyunu, həm də tarixi atmosfer baxımından çox uğurlu alınıb.
Hər iki filmin çəkilişində yerli əhalinin iştirakı ayrıca bir məqamdır. Naxçıvan sakinləri bu filmlərdə, təkcə tamaşaçı yox, həm də birbaşa iştirakçı olublar. Onlar döyüşçü, kəndli, tacir və digər obrazlarda çıxış etməklə tarixi hadisələrin canlandırılmasına töhfə veriblər. Bəzi səhnələrin çəkilişi zamanı hətta real həyəcan və duyğular yaşanıb. Məsələn, “Nəsimi” filmində dərisinin soyulması səhnəsini izləyən kənd sakinlərinin bu hadisəni gerçək zənn etməsi xalqın həm hadisəyə emosional bağlılığını, həm də filmin təsir gücünü göstərirdi.
Bu filmlərin əhəmiyyəti təkcə bədii cəhətləri ilə məhdudlaşmır. Onlar Azərbaycanın tarixi şəxsiyyətlərini tanıtmaqla yanaşı, milli kimliyimizin formalaşmasına da xidmət edib. Babək və Nəsimi kimi qəhrəmanların obrazları gənc nəsildə azadlıq, mübarizə, ədalət və inam ideyalarını gücləndirib. “Babək” və “Nəsimi” filmləri bir daha sübut etdi ki, tarixi kino ilə milli ruhu oyatmaq mümkündür. Bu filmlər həm də Naxçıvanın tarixi abidələrinin təbliğində mühüm rol oynayıb, bu diyarın qədim mədəniyyət ocağı olduğunu bir daha göstərib.
Bu gün Naxçıvan yenə də kino üçün cəlbedici məkana çevrilmək potensialına malikdir. Qədim qalalar, möhtəşəm dağ mənzərələri, tarixi kəndlər, eyni zamanda doğma diyarımızın inkişaf tempini ortaya qoymaq üçün yeni filmlər təbii dekor rolunu oynaya bilər. Gələcəkdə Naxçıvanın zəngin tarixi irsindən bəhrələnən yeni bədii ekran əsərlərinin çəkilməsi həm milli kinematoqrafiyamız, həm də mədəniyyətimizin təbliği üçün vacibdir.
Naxçıvan, sadəcə, bir bölgə yox, minilliklərin sınağından çıxmış bir mədəniyyət xəzinəsidir. Əlincə qalası, qədim məscidlər, türbələr, kilsələr və təbiətin yaratdığı möcüzəvi mənzərələr bir çox rejissor üçün canlı tarix kitabçasıdır. Bu torpaqda çəkiləcək hər bir film təkcə bədii əsər deyil, həm də gələcək nəsillərə ötürüləcək vizual sənəd, milli yaddaşın qorunması üçün mühüm vasitədir.
Üstəlik, müasir texnologiyalar və beynəlxalq kino bazarına çıxış imkanları Naxçıvanda çəkiləcək filmlərin dünya auditoriyasına təqdim olunmasına şərait yaradır. Əgər vaxtilə “Nəsimi” və “Babək” filmləri Azərbaycanın sərhədlərini aşaraq digər ölkələrdə də maraqla qarşılanıbsa, bu gün çəkiləcək yeni ekran əsərləri beynəlxalq festivallarda iştirak edə, ölkəmizin mədəni simasını daha da gücləndirə bilər.
Naxçıvan həm də kino turizmi üçün geniş imkanlar açır. Dünyanın bir çox yerində insanlar tarixi filmlərin çəkildiyi məkanlara xüsusi maraq göstərirlər. Əgər “Babək”in çəkildiyi Əlincə qalası, yaxud “Nəsimi”nin lentə alındığı Xanəgah kəndi haqqında daha çox film çəkilsə, bu yerlərə gələn turistlərin sayı da artar. Beləliklə, kino mədəniyyətlə yanaşı, iqtisadiyyatın da inkişafına töhfə verər.
Bu səbəbdən Naxçıvan tarixi mövzulu filmlər üçün açıq səhnədir. İmadəddin Nəsiminin, Babəkin, Cəlil Məmmədquluzadənin, hətta daha qədim dövrlərin qəhrəmanlarının obrazlarını bu torpaqda canlandırmaq həm tamaşaçı üçün təsirli olar, həm də xalqımızın kimlik yaddaşını möhkəmləndirər. Yeni nəsil rejissorların və gənc aktyorların bu prosesə qoşulması isə Azərbaycan kinosunun inkişafına yeni nəfəs gətirə bilər.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru