NAZİM ƏHMƏDLİ – PAYIZ

PAYIZ
Yenə də bu gələn payız,
saçlarımı qışa çəkir;
kirpiyimdən od götürüb,
gözlərimə maşa çəkir;


solmuş yarpaq lələk-lələk,
könlüm bir dəlicə külək;
hardasa gizlənib fələk,
ömrümüzü boşa çəkir;


bu at qançır olub, bəyəm,
əlimdə səyriyir yüyən;
ruhum havalanıb, deyən
elə dağa-daşa çəkir;


toz olum, hara çəkilim,
bir daşda itər şəkilim;
bir yarpaq gətir, bükülüm,
buludlar yağışa çəkir;


nə baxırsan, qərib-qərib,
dərd bizi yarpağa sərib;
ayrılığa sinə gərib,
o dağlar, baş-başa çəkir;


bax, sinəmdəki əziyə,
ağrıları kim gözüyə;
Tanrı qoyub tərəziyə
bizi, dərdlə qoşa çəkir.
25.09.2025.

Müəllif: NAZİM ƏHMƏDLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Seyid İmadəddin Nəsiminin qohumları Şamaxıda

Seyid İmadəddin Nəsiminin qohumları Şamaxıda

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi festivalının iştirakçıları sırasında görkəmli şair İmadəddin Nəsiminin nəslinin nümayəndələri də var.
Şairin qohumları Şamaxıda Şahxəndan türbəsində olublar.


Əziz qonaqlara Şamaxının qədim tarixi,zəngin mədəniyyəti, bugünkü inkişafı və Şahi Xəndanın həyatı və fəaliyyəti barədə geniş məlumat verdik.
İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə – Şahxəndan türbəsi Azərbaycanın orta əsr abidələri sırasında memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.

Mənbə: Rəfail Tağızadə,

Şamaxı Mədəniyyət Şöbəsi

Gələcəm, gözlə, Göyçə! – Sona Abbasəliqızı


Göyçə gölünün xiffəti
(esse)
Göyçə gölü… Uzaqlardan adını eşidəndə belə insanın qəlbinə sərinlik, bir az da kədər çökür. Bu göl təkcə mavi suların əks olunduğu bir təbiət gözəli deyil, həm də bir xalqın yaddaşı, bir elin nəfəsi, bir neçə nəslin qüruru idi.
Göyçə – uşaq gülüşlərinin, çoban nəğmələrinin, sazın-sözün sədalarının qaynayıb-qarışdığı müqəddəs bir məkan idi. Burada hər daşın, hər çiçəyin öz dili vardı. Suya baxanda elə bil səmadan düşən ayın parıltısı da bu məkanın sehrinə heyran qalırdı. Amma indi o gözəl gölün xiffətini çəkirik – sanki həsrətində qaldığımız bir ana nəfəsi kimi.
Qəriblikdə yaşayan hər Göyçəlinin yuxularında o göl var. Gecənin bir aləmi qapını açıb sakitliyə qulaq asanda, elə bil uzaqdan suyun ləpiri, dalğaların pıçıltısı gəlir. Amma ayılanda bilirsən ki, bu sadəcə xəyal, sadəcə həsrətdir. Çünki Göyçə artıq bizdən uzaq salınıb, yad əllərdədir.
Göyçənin küləyi başqaydı. O külək insanın üzünə toxunanda həm sərinlik verirdi, həm də içində bir yanğı oyadırdı. Çiçəklərin ətri gölün suyuna qarışar, gölün dalğası isə dağlara salam göndərərdi. İndi bunların hamısı ürəkdə bir xiffət, gözlərdə bir xəyal olaraq yaşayır.
Göyçə gölü bir elin kitabı idi – açıb baxan hər kəs tariximizi, mədəniyyətimizi, kimliyimizi görürdü. Balıqçının qayıqla sudakı izi, çobanın dağ yamacındakı səsi, qız-gəlinlərin “Xuraman”-ın bulağı “Şölənin” bulağı adlanan bulaq başında pıçıldaşması… Bunların hamısı bir millətin ruhunu daşıyırdı. İndi isə bu yaddaş köçkün düşüb, insanların ürəyində bir qara yara kimi yaşayır.
Amma bir həqiqət var, heç bir həsrət əbədi deyil. Göyçə gölü bizim ruhumuzun gücü ilə yaşamağa davam edir. Hər dəfə Göyçə haqqında yazanda, danışanda, nəğmə qoşanda onun suları bir az da saflaşır, yaddaşda bir az da dirçəlir. Ümid edirik ki, bir gün bu xiffət yerini sevincə, qovuşmağa verəcək.

Gələcəm, gözlə, Göyçə

Bir sevinc hissi sarıb
Nə vaxtdır ürəyimi.
Ağrı-acılar didir
Bir yandan kürəyimi.
Zəfərlə yoğururam
Mən indi çörəyimi.

Daha qəm dumanında
Əvvəlkitək azmıram.
Daha qəmli şeirlər,
Qəmli sözlər yazmıram.
Daha yuxularımı
Bədbin ruhla yozmuram.

İnanıram, eşqimin
Çiçəyin üzəcəyəm.
Həsrət sona yetəcək,
Havada süzəcəyəm.
Bir gün anam Göyçənin
Qoynunda gəzəcəyəm.

Əyilməz qamətini
Bəzədim sözlə, Göyçə.
Sona yanına gəlir,
Ocaqla, közlə, Göyçə.
Gələcəm bu gün, sabah,
Gələcəm, gözlə, Göyçə.

PS NƏ XOŞBƏXTİK Kİ,BU GÖZƏLLİKDƏ DOĞULUB BOYA BAŞA ÇATDIQ. YENƏ GEDƏCƏYİK…

Müəllif: SONA ABBASƏLİQIZI

SONA ABBASƏLİQIZININ YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu – Portret

Kökü minilliklərin ötəsində tarixin ən dərin qatlarında rişələnmiş poeziya ağacımızın ən ümidverici budağından – müasir Azərbaycan ədəbiyyatında parlaq imzalardan biri, istedadlı şair, esseist, ədəbiyyatşünas və tərcüməçi Səlim Babullaoğlundan – iki yarpaq:

Həmidə xanıma iki şeir

1.

Yolunun üstündə tək ağac olub bitsəm,
kölgəmdə dincələcəksənmi?
Ya qol-budağımı qırıb oduma qızınacaqsanmı?

Yağış olub səpələnsəm
yayın qızmarında
bu səsli-küylü, tozanaqlı şəhərin küçələrinə –
torpağın ətri çıxacaq onda,
ətrimi torpaqdan alıb heyrətlənəcəksənmi?

Ya yağış qəfil haqlasa səni
evə tələsəndə,
islanıb,
peşmanlanıb,
göylərə lənət yağdırıb söylənəcəksənmi?

Cənubda qar
az tapılar,
bir qış axşamı quşbaşı qar olub yağsam,
uşaqları dövrənə alıb qartopu oynayacaqsanmı?

Ya uşaqlardan biri yıxılsa,
ya totuq barmaqları donsa,
de, gülüm, hirsələnəcəksənmi?

Bir axşam ağac olmaq, yağış olmaq, qar olmaq istəsəm,
ölümün yaxasından tutub dillənəcəksənmi?
Ya çıxıb getsəm,
yoldaş olmaqçün mənə başmaqlanacaqsanmı?

Və bir gecə
elə beləcə şeirlər yazıb,
yuxuna haram qatıb,
səni oyadıb
oxusam sənə,
düzünü de, gülüm, xoşlanacaqsanmı?
2 oktyabr, 1997

2.

İndi sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram tez-tez gözümü,
Adımı da heç yazmıram tərli divarda.

Qırxı çıxdı bu ömürün, canım sevgilim,
Heç darılma, çarxı hələ, şükür, fırlanır.
Bir sabahı sual etsən: hanı sevgilim?
Görərsən ki, bir meh əsir, çöp dığırlanır.

Bir quş onu dimdiyinə alıb götürər,
Asta-asta qanad çalıb qalxar yuxarı.
O quş onu yuvasında divara hörər,
Qorumaqçün ətcəbala quş balaları.

Dövrənə al nəvələri, sən də əzizlə,
Üzlərində gözümü tap, adımı çağır.
Kədəri qov, gizlə, gülüm, sən məni gözlə,
Bu səfərdən dönər qocan o axşamçağı.

Müəllif: Səlim Babullaoğlu,
şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.

SƏLİM BABULLAOĞLUNUN DİGƏR YAZILARI

ELÇIN MƏLHƏMLI – VƏTƏN EŞQİNƏ

27 sentyabr həmin gündür! O gün! Bu şeir yazılanda 44 günlük müharibənin başlamasına hələ 26 gün qalırdı. Vəziyyət gərgin olsa da müharibə olacağı məlum deyildi.

VƏTƏN EŞQİNƏ

Şir ürəkli igidlər,
Durun, Vətən eşqinə.
Düşməni milçək kimi,
Qırın, Vətən eşqinə.

Düşmən çıxsa qarşına
Girəcək dondan dona,
Aman verməyin ona,
Vurun, Vətən eşqinə.

Əfv etməyin yağını,
Söndürün çırağını,
Yenə də qulağını
Burun, Vətən eşqinə.

Düşmən qorxsa da səndən,
Ayıq ol beləsindən,
Xaindir, gülləsindən
Qorun, Vətən eşqinə.

Görməsin qılınc qını,
Tökülsün düşmən qanı,
Xocalının haqqını
Sorun, Vətən eşqinə.

01.08.2020

NƏ QALDI?

Saatlarım gündə yandı,
Günlərim aya calandı,
Aylar üst-üstə qalandı,
Bir ilim də belə soldu,
Görəsən sona nə qaldı?

Ömür axır dağ seli tək,
Sürətinə dözmür ürək,
Son zamanlar olub kövrək,
Könlümə qəm yaman doldu,
Görəsən sona nə qaldı?

İnsan ömrü yüyənsiz at,
Ürküb qaçır, bacarsan çat,
Qaçhaqaçla bitir həyat,
Hamının keçdiyi yoldur,
Görəsən sona nə qaldı?

Elçin də belə qocaldı,
Bir arzusu vardı, qaldı,
“Görsün ki, peyğəmbər oldi,
İlahidən bir vəhy aldı,
Bildirdi, sona nə qaldı.”

…Zaman çox sürətlə getdi,
Ömür şam tək yandı, itgi,
Vaxtım çatdı, hər şey bitdi,
Son anımı mələk çaldı,
Məndən sonra bəs nə qaldı?

GÜNDÜZ GEDİR, GECƏ GƏLİR

Başımda qüssə dumanı
Gündüz gedir, gecə gəlir.
Dərdlə yüklü qəm karvanı
Gündüz gedir, gecə gəlir.

Bağlanıb Tanrı qapısı,
Tutmağa yoxdur əbası,
Axsayan kədər yabısı
Gündüz gedir, gecə gəlir.

Sönüb sevincin sobası,
Geyinmişəm qəm libası,
Tanrının kədər zopası
Gündüz gedir, gecə gəlir.

Ürəyimə düşən yara,
Hər gün məni çəkir dara,
Fikir adlı “bəxtiqara”
Gündüz gedir, gecə gəlir.

Hardan əsdi kədər yeli,
Əydi qəddi, bükdü beli,
Dağ çayı tək qüssə seli
Gündüz gedir, gecə gəlir.

PAYIZDA

Əvvəldən payızı sevməyirəm mən,
Artır dərdim, qəmim, qadam payızda.
Bezdim palçığından, bataqlığından,
Külək, yağış olur müdam payızda.

Gümüş göllərimdən sonalar uçur,
Bizi tərk eləyib durnalar köçür,
Torpağı yarpağın cəsədi qucur,
Necə göz yaşımı tutam payızda.

Tanrı göy üzünü buluda bükür,
Bulud gecə-gündüz göz yaşı tökür,
Təbiət ruhumu edama çəkir,
Qəmə boğuluram, atam, payızda.

Yaşadım sevinclə baharı, yayı,
Varmı gül-çiçəyin, otların tayı?
Payız divan tutdu, etdim ah-vayı,
Nə qədər kədərə batam payızda?

Fəsillər ruhumu ikiyə bölür,
Kədərdən ağlayır, sevincdən gülür,
Təbiət öləndə Elçin də ölür,
Cismimi torpağa qatam payızda.

HƏSRƏT NƏĞMƏSİ

Həsrətinlə çoxdan məni üzürsən,
Söylə, məni salırsanmı yadına?
Aybənizlim, məndən uzaq gəzirsən,
Günəş kimi yanıram eşq oduna.

Həsrət axı niyə belə uzandı,
Buz ürəklim, eşqim qaynar qazandır,
Sığın mənə, sevgimizi qızındır,
Saf eşqimiz çatsın vüsal dadına.

Dağ başımı qəm sarıbdır, dumandır,
Ayrılığın ölümdən də yamandır,
Ay təbibim, bal dodağın dərmandır,
Eşqə təşnə dodağımın çatına.

Çox güvənmə məndə olan dözümə,
Ölüm rəngi qonub artıq üzümə,
Ay mələyim, görünmürsən gözümə,
Qəm içində söz qoşuram adına.

Naz edirsən, adətindir, bilirəm,
Min əzabla sənə doğru gəlirəm,
Artıq məndə can qalmadı, ölürəm,
Burax nazı, çat Elçinin dadına.

SƏN NECƏ SEVDİRDİN ÖZÜNÜ MƏNƏ

Eşqdən uzaq durdum, sevgini dandım,
Qəlbimi alınmaz bir qala sandım,
Səni görən kimi alışdım, yandım,
Gözümdən sanki od düşdü bədənə,
Sən necə sevdirdin özünü mənə?

Mən ki, təbiəti sevirdim ancaq,
Sevdiyim uca dağ, meşə, buz bulaq,
Tez-tez yamaclara gedirdim qonaq,
Heyrətlə baxırdım gülə,çəmənə,
Sən necə sevdirdin özünü mənə?

Eşq də bir din imiş, sonradan bildim,
Qəlbimdən “xəyanət” sözünü sildim,
Peyğəmbərim oldun, mən dinə gəldim,
Bilməzdim sevgi nə, eşq, məhəbbət nə,
Sən necə sevdirdin özünü mənə?

Vüsala çatmaqla unutdum ahı,
Sevinclə açıram hər bir sabahı,
Eşq mülkü qurmuşam, olmuşam şahı,
Sən də tac olmusan, gülüm, Elçinə,
Gör necə sevdirdin özünü mənə.

BİR DƏ MƏNİ BU DÜNYAYA GƏTİRMƏ

Bu dünyaya ilk gəlişim səhv olub,
Bir də məni bu dünyaya gətirmə.
Arzularım, xəyallarım məhv olub,
Bir də məni bu dünyaya gətirmə.

Nə ömürdür, bəxtim yazıq-yazıqdır,
Dərd qazılıb, sevinc nazik cızıqdır,
Məndən sonra gələn mənlər yazıqdır,
Bir də məni bu dünyaya gətirmə.

Mən dəliyəm, yoxsa dünya dəlidir?
Gözlərimdən axan dərdin selidir,
Məni boğan taleyimin əlidir,
Bir də məni bu dünyaya gətirmə.

Ürəyimdə bundan ağır dağ olmaz,
Viran könlüm dönüb gözəl bağ olmaz,
Mən olmasam dünya mənsiz dağılmaz,
Bir də məni bu dünyaya gətirmə.

Söylə, nədir Məlhəmlinin günahı?
Hər gün aha calamışam mən ahı,
Yenə gəlsəm nə görəcəm, Ilahi?
Bir də məni bu dünyaya gətirmə.

Müəllif: ELÇİN MƏLHƏMLİ

ELÇİN MƏLHƏMLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qələmində insanlıq, əsərlərində ədalət

Qələmində insanlıq, əsərlərində ədalət

Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyi ilə seçilən qələm sahiblərindən biri də Fərhad Əsgərovdur. Onun yaradıcılığında ədəbi sözə bağlılıq, milli dəyərlərə sədaqət və həyat həqiqətlərinə səmimi yanaşma hər zaman ön planda olub. Yazıçı olaraq qarşıya məqsəd kimi oxucunu düşündürməyi, ona həyat dərsi verməyi əsas bilir.

Onun ədəbiyyata gəlişi fikrimcə, təsadüfi olmayıb, qəlbində daşıdığı söz sevgisinin, müşahidə qabiliyyətinin və zəhmətinin nəticəsidir. Fərhad Əsgərov publisistik yazılarında da, bədii əsərlərində də cəmiyyətin müxtəlif problemlərinə toxunur. O, gündəlik həyatın ən sadə hadisələrindən belə dərin mənalar çıxarmağı bacarıb. Məhz bu onun yazılarını həm oxunaqlı, həm də düşündürücü edir.

Əsgərovun kitabları oxucular arasında xüsusi maraq doğurur. Çünki orada bədii təsvirlə yanaşı, həm də gerçəkliyin özü əks olunur. Yazıçı kimi qəhrəmanlarını həyatdan götürür, onların psixologiyasını, davranışını və düşüncələrini incəliklə açır. Əsərlərində insan xarakterlərinin rəngarəngliyi, cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzi, ən əsası isə mənəvi dəyərlərin qorunmasını hər zaman diqqət mərkəzində saxlayır. Onun qələmə aldığı mövzular arasında vətənpərvərlik, milli kimlik, gənclərin mənəvi inkişafı, ailə dəyərləri və ictimai münasibətlər geniş yer tutur. Yazıçı həm tarixi mövzulara müraciət edir, həm də müasir dövrün reallıqlarını işıqlandırır. Oxucu Fərhad Əsgərovun kitablarını vərəqlədikcə, sanki Azərbaycanın müxtəlif guşələrinə səyahət edir, xalqımızın mənəvi dünyası ilə tanış olur.

Fərhad Əsgərovun qələm məhsulları yalnız ədəbi zövq üçün yox, həm də bir məktəb kimi dəyərləndirilməlidir. Onun publisistik məqalələri də oxucuya ibrətamiz nümunələr təqdim edir, cəmiyyətin problemlərini göstərməklə yanaşı, həll yolları haqqında düşünməyə vadar edir. Bu səbəbdən də əsərləri həm ədəbi, həm də ictimai baxımdan dəyərli mənbələrdir.

Onun kitabları kitabxanalarda, oxucuların şəxsi kolleksiyalarında geniş yayılıb və müxtəlif nəsil nümayəndələri tərəfindən maraqla oxunur. Əsgərovun yazılarında dilin sadəliyi, fikrin dəqiqliyi, təsvirlərin canlılığı oxucunu ilk sətirdən özünə bağlamağı bacarır. Fərhad Əsgərov ədəbi sözə xidmət edən, öz qələmi ilə cəmiyyətə fayda verən, gələcək nəsillərə mənəvi miras qoyan yazıçılarımızdandır. Onun yaradıcılığı həm bugünkü oxucunun, həm də gələcək nəsillərin maraqla müraciət edəcəyi bir xəzinədir.

Onun yaradıcılığına keçmişdən-indiyə qədər ölkəmizin ictimai və mədəni həyatının aktual mövzularını əhatə edən zəngin düşüncə və ifadə dünyası hakimdir. Əsgərovun qələmi ədalət, dürüstlük və insanpərvərlik ideallarını yüksək tutan, oxucuda dərin həssaslıq oyadan sətirlərlə zəngindir.

Onun ilk çap olunmuş əsərləri  “Tale” (1996), “Ötən günlər” (1997) və “Yurd həsrəti, Vətən sevgisi” (1997)  sənədli povestlərdən başlayaraq insan talelərinə, vətən müqəddəsliyinə dair düşüncələri ifadə edir. Sonrakı illər yazıçının  “Prokuror – Ümid qapısı” (1998), “Filin dərdi böyükdür” (1998), “Ömür elə qısadır ki…” (1998), “Aqibət” (1999), “El ağsaqqalı” (1999) və “Boz Pələngin yuxusu” (1999) kimi əsərlərdə özünəməxsus bir üslub formalaşdırdı  .

Onun ən dolğun toplularından biri də 2014-cü ildə çap edilən “İllərin nəfəsi”  yazıçının müxtəlif dövrlərdə qələmə aldığı hekayələr, alleqorik nağıl və poemalar, oçerklər, monoloqlar, novellalar və qəzetlərdə işıq üzü görən məqalələrini bir araya gətirir.

2018-ci ildə çap edilən “Vicdan və nəfs” adlı kitabda yazarın son dövrlərdə yazdığı 12 hekayə ilə yanaşı, “Təsirləndiyim məqamlar” adlı həyat düşüncələri yer alır. Kitabın rus dilində nəşri isə onun universal mesajlarının dil sərhədlərini aşdığını göstərir.

Əsgərov publisistik fəaliyyətində də özünəməxsus yer tutmağı bacarıb. O, 2005-ci ildə “Nüanslar” adlı müstəqil publisistik qəzet təsis edib. Bu mətbu orqanın hər sayı obyektivliyi, aktuallığı və oxunaqlığı ilə fərqlənərək ictimaiyyət tərəfindən müsbət qarşılanıb  .

Yazıçı həmçinin alleqorik nağıl və poemalar, uşaq hekayələri, novellalar, monoloqlar, sənədli povestlər və hekayələr sahəsində zəngin yaradıcılıq irsinə malikdir. Onun “Qaranlıq meşədə gizli oyunlar”, “Boz Pələngin yuxusu” (nağıl və poemalarda), “Filin dərdi böyükdü”, “Ditdili şantaj edir” (poemalarda) məhz bu janrın incilərindəndir  . Uşaq hekayələri arasında “Əkiz qardaşlar”, “Yad cücələr”, “Yalanın üstü açıldı”, “Uşaqların borcu”, “Samirin arzusu” kimi əsərlər diqqət çəkir. Onun “İki qızın anası” adlı novellası, “Desəm öldürərlər”, “Mənə tupoy deyirdilər” adlı monoloqları, “Yurd həsrəti Vətən sevgisi”, “Ürəklərdən gələn səs”, “Prokuror – ümid qapısı”, “El ağsaqqalı” və “Neslomlennıy repressiyami” kimi sənədli povestləri, eləcə də “Qız atasını tapdı”, “Əzizim, bəxti yarım”, “Tamahkar”, “Vicdan və nəfs”, “Rüşvət necə gizlədilirdi” və başqaları janr çeşidliliyi ilə seçilir  .

Əsgərovun əsərlərinə Dövlət tərəfindən verilən qiymətlər də yüksəkdir. O, “Qaranlıq meşədə gizli oyunlar” kitabına görə “İti qələm” mükafatına layiq görülüb, eyni zamanda “Qızıl qələm” mükafatına da sahib olub  . 1997-ci ildə Jurnalistlər Birliyinə, 2002-ci ildə Yazıçılar Birliyinə üzv seçilib, 2015-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Fərhad Əsgərovun yaradıcılığı  bədii təsvirlərdən maarifçi qeydlərə, publisistikadan sanatoriya hekayələrinə qədər geniş diapazonu əhatə edir. Onun əsərləri dil sadəliyi, dəyərli mesajı və insanpərvər mövqeyi ilə oxucunu düşündürür, cəmiyyətə dərd ifadə edir. Bu həmin yazardır ki, yaradıcılığı ilə həm bugünkü, həm də gələcək nəsillərə mənəvi miras qoyur.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PAYIZ “ULDUZ”U GÖRÜŞÜNÜZƏ GƏLDİ

PAYIZ “ULDUZ”U GÖRÜŞÜNÜZƏ GƏLDİ

“Ulduz”un sentyabr sayı Aləmzar Sadıqqızının “Özüylə söhbəti və şeirləri” ilə açılır.
“Nəsr”də Orxan Fikrətoğlu “Dəccal”, Miri Rəsulzadə “Mehman” hekayələrini təqdim edir.
“Tənqid”də Mətanət Vahid “Müasir hekayə: gənc ədəbi səslər və estetik axtarışlar”dan yazır.
“Şeir vaxtı”nda Allahşükür Ağa, Elməddin Nicat, Vasif Əlihüseyndir.
“Yazı masası”nda Taleh Mansurun qonağı Xalq şairi Sabir Rüstəmxanlıdır.
“Tərcümə saatı”nda U.F.Harvinin hekayəsini BDU-nun Filologiya (ingilis dili və ədəbiyyatı) fakültəsinin 4-cü kurs tələbəsi Alsu təqdim edir.
Seyyid Əsrinin qəzəllərini də bu sayda oxuya bilərsiniz.
“Debüt”də “Yuxunuz şirin olsun, ölülər” (Yusif Səmədoğlunun əziz xatirəsinə…) yazısı ilə Şəhriyar Məmmədzadədir.
Bu sayda Adil Quliyevin “Təpələr” essesini, Şiringül Musayevanın “Kiçik süjetli tamaşa üçün mətnlər”ini, Şəlalə Camalın şeirlərini və Pərvanə Məmmədovanın “Xilaskar köpük” hekayəsini oxuya bilərsiniz.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (2-ci yazı) yazısını təqdim edir.
“Dərgidə sərgi”də rənglər dünyasıyla Aysel Hacıyevadır.

PDF variantı burada: Ulduz jurnalı – Sentyabr – 2025

+ əvvəlki sayUlduz jurnalı İyul – Avqust – 2025

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Südabə Məmmədova – “Debüt” kitabı

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru