SÜLEYMAN ABDULLA – DÜNYANIN GƏRDİŞİ

BİRCƏ SƏN

Əllərin üşüsə çəkinmə, götür,
Barı bir qalamlıq köz ürəyimdən.
Ya tale qarovdur, ya da mənəm kür,
Açanda yaralar göz ürəyimdən.

Bəlkə ərməğandır dərd-qəm kimsədən,
Bəlkə əllərimi üzəm kimsədən.
Mənim nə həddimə küsəm kimsədən,
Hərdən inciyirəm öz ürəyimdən.

Vətən deyiləndə yadı mənimdir,
Ağrının-acının dadı mənimdir,
Ölmüşün quruca adı mənimdir,
Bircə sən alırsan söz ürəyimdən.

KEÇMİŞLƏ GƏLƏCƏK ARASINDA

Gözündəki kədər elə dərin ki…
Yoxdur azca sevinc vurmağa dişə.
Yaxşı gələcəklə aldandıq, dostum,
Qayıtmaq istəyir hamı keçmişə.

Çoxdu üsyan edən göyün hökmünə
Haqsızlıq qoparır ayağı yerdən.
Göyə əl açmaq da yaramır işə
Dost-tanış əsirgər dayağı yerdən.

Bu nə möcüzədir, bu necə sirr, dost,
Evə qəmli dönən çölə şən çıxır.
Hamı bir-birindən şübhəlidir, dost,
Hər küncdən, hər tindən işverən çıxır.

YAXŞI OLAN ŞEİR

Vaxtı çoxdan keçib asi olmağın,
Nə Tanrı razıdır, nə bəndə vaxtdan.
Zamanı yetişib vədə dolmağın,
Zülm ərşə çıxır keçəndə vaxtdan.

Qanunsa dövlətdir, zordusa çətə,
Yoxsa insaf gərək, varsa din gərək.
Başqa necə olur gəlmək lənətə,
Adamın naxışı gətirsin gərək.

Bilmirəm, ya şıxdı, ya pirdi kimsə,
Nə vaxtsa, kiməsə kimsə deyə dur.
Hər şey yaxşı olar deyirdi kimsə,
Bizə yaxşı olur, lap yaxşı olur.

ÇIXMAQ VƏ GETMƏK

Bəzən çıxıb getmək istəyir adam,
Hər kəsdən, hər yerdən çıxmaq və getmək…
O olmaz, bu olmaz, o-bu heç olmaz,
Bütün tabuları yıxmaq və getmək…

Kimsə biri gəlib verməsin öyüd,
Bizim səcdəmizə uyğun deyil büt.
Nə fərqi, azıdır, köpəkdir, ya süd,
Canını dişinə sıxmaq və getmək.

Olur Tanrı küsür, ya bəndə birdən,
Çoxdu düşdüyümüz boş fəndən birdən.
Kim nə aparır ki, gedəndə birdən,
Oları-olmazı yığmaq və getmək.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI – BİRDİ

BİRDİ

O da dağ, bu da dağ, ayrı-ayrıdı,
Çayını aparan dərəsi birdi.
Yalında gözləyə, yan-yörəsində,
Yüz ovçu dayana, bərəsi birdi.

Kimdi ox olanı, kimdi yay çəkir,
Kimdi qazan asan, kimdi pay çəkir.
Neçə min ildir ki, ərlər hay çəkir,
Dərdləri cürbəcür, nərəsi birdi.

Nədi istədiyin, gəzdiyin nədi,
Əlin uzatdığın, üzdüyün nədi?
Dərman axtarmaqdan bezdiyin nədi,
Yüz dərdin dərmanı, çarəsi birdi.

Müxənnət olanın bəhanəsi çox,
Mərdin haqdan savay istədiyi yox.
Hal əhli olanın gözü-könlü tox,
Yolunun hər yanı, yörəsi birdi.

Kimdi baş açanı qoca dünyanın,
Sirri özündən də uca dünyanın.
Mahirə, bu fani, becə dünyanın
O üzü, bu üzü -hərəsi birdi.

Mahirə NAĞIQIZI,
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,
QAİ İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor.

ZAMANIN VƏ MÜHİTİN FÖVQÜNDƏ DAYANAN ŞƏXSİYYƏT

ZAMANIN VƏ MÜHİTİN FÖVQÜNDƏ DAYANAN ŞƏXSİYYƏT
” Sən ona görə dünyaya gəlmisən ki,
Ulu Tanrının köməyi ilə özünə
xalq məhəbbəti qazanasan”.
Məhəmməd peyğəmbər
Daxilən gözəl, mənəvi cəhətdən zəngin olan insanlar hörmət və ehtirama layiqdirlər. Səliqə müəllimə də mənəvi cəhətdən zəngin, daxilən gözəl insanlardan biridir. Bu da onun şəxsiyyətinin, mənəvi dünyasının, işıqlı ürəyinin böyüklüyündən xəbər verir. Məhiz ona görə də Səliqə müəllimədə xeyirxahlıq, alicənablıq, mərdlik və s. kimi müsbət xüsusiyyətlər özünü tez – tez büruzə verir. Və o bir şəxsiyyət kimi ən təmiz hiss və arzularıyla, əməllərilə tanınır, əsl insan kimi sevilir.
Dediyi sözləri, görəcəyi işlərlə uyğunlasdırmağı bacaran, məktəb direktorunun müavini kimi çalışan Səliqə müəllimənin adı Azərbaycan təhsilində, gənclərin təlim- tərbiyəsində xidmətləri olan şəxsiyyətlərdən söhbət düşəndə hörmətlə çəkilir.
Uzun illərdir Zərdab şəhəri, Zərdabi adına bir saylı litsey məktəbdə direktor müavini, həm də Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışan Səliqə müəllimə Azərbaycanın qabaqcıl ziyalılarındandır. Azərbaycan Pedaqoji cəmiyyətindəki hər bir şəxs o böyük insanı, işıqlı ziyalını yaxşı tanıyır. Hətta onu tanımayanlar da, ancaq haqqında eşidənlər də onun fəaliyyətindən, nüfuzlu bir ziyalı kimi millətə, vətənə xidmət etməsindən məhəbbətlə söhbət açırlar.
Kiçik bir xatırlatma: 1963- cü ildə Zərdab rayonunun Körpükənd kəndində ziyalı ailəsində anadan olub. 1971-1978- ci illərdə Xasa kənd səkkizillik məktəbində oxuyub. Atası Oruc müəllimin sənətini davam etdirmək onun ən böyük arzusu idi. O, bu arzu ilə də sənədlərini Ağdaş Pedaqoji Texnikumunun ibtidai sinif müəllimi fakültəsini verib və oranı əla qiymətlərlə bitirərək Zərdab rayonunun ən ucqar kəndi olan Sileyli kəndində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışdır.
Səliqə müəllimə 1983- cu ildə işləyə -isləyə sənədlərini V.İ.Lenin adına APİ – nin filologiya fakültəsinin qiyabi şöbəsinə verib və instituta qəbul olub.
Təhsilini başa vurandan sonra Xasa səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərməyə başlayıb. Körpülü kənd orta məktəbində və işlədiyi səkkizillik məktəbinin her ikisində Komsomol təşkilat katibi kimi də çalışıb.
Mənalı və şərəfli bir ömür yolu yaşayan Səliqə müəllimə mütəmadi olaraq ” Azərbaycan gəncləri”, ” Pambıqçı”, ” Sovet kəndi” qəzetlərində məqalələrlə çıxış edirdi.
1988- ci ildə institutu bitirib ailə həyatı quran Səliqə xanım ailə vəziyyəti ilə əlaqədar olaraq 1991- ci ildə rayon mərkəzinə köçmüş, Maksim Qorki (indiki Həsən bəy Zərdabi) adına bir saylı məktəbdə işə başlamışdır.
1996- cı ildən fəal müəllim kimi ibtidai siniflər üzrə direktor müavini vəzifəsinə irəli çəkilmişlər. 2015- ci ildən bu günə qədər bu vəzifədə işləməklə yanaşı, Azərbaycan dili və ədəbiyyat müəllimi kimi də fəaliyyətini davam etdirmişdir. Üc kitab müəllifidir.
Səliqə müəllimənin keçdiyi mənalı həyat yolu uğurlu, işıqlı yoldur. Hər dəfə institut müəllimlərini xatırlayanda deyir: “Bizim görkəmli müəllimlərimiz olub. İsmayıl Şıxlı, Həsən Mirzəyev, Mürsəl Həkimov, Himalay Qasımov, Hacıbaba Əzimov kimi saf, təmiz vicdanlı alimlərdən həm elmin sirlərini öyrənmişəm, həm də həyat dərsi almışam”.
Səliqə müəllimə böyük nüfuz sahibi, tanınmış pedaqoq, sözün əsl mənasında xalqını, vətənini, şagirdlərini, müəllim kollektivini sevən direktor müavinidir.
Haşiyə: Səliqə müəllimə deyir ki, dünya şöhrətli Nyutondan soruşurlar ki, elimdə belə nəhəng gorunməyinizin səbəbi nədir? O, tərəddüd etmədən, iftixarla demişdir. ” Mən müəllimim Dekartın çiyinləri üzərində dayanmışam”. – Nyuton sevimli müəllimi Dekartı dünyanın ən uca dağına – Comolunqa zirvəsinə bənzətmiş, özünü bu zirvədə dayanan şəxs kimi təsəvvür etmişdir.
Min nəfərə yaxın şagirdi olan bir məktəbin direktor müavini kimi çalışan Səliqə müəllimə pedaqoji kollektivdə böyük nüfuz sahibidir. Müəllim adını hörmətlə yanaşır. O deyir: “Müəllim adı yüksəkdir. Müəllimlərim mənim üçün qibləgahdır. Həyatımda ilk dəfə yazı taxtasına muncuq kimi düzülən təriflər, sonsuz həyat yoluma, ömür yoluma çevrilib. Həyatda nə qazanmışamsa valideyinlərimə və müəllimlərimə borcluyam”.
Şərəfli bir həyat məktəbi keçən Səliqə xanım müəllim həyatına, ziyalı işığına hörmət bəsləyir. İnsanların taleyini, şagirdlərin gələcəyini düşünən, vətənin yaralarına məlhəm olan, intellektual səviyyəyə malik olan şəxs kimi böyük nüfuz sahibidir.


O, mənim nəzərimdə hər şeydən əvvəl yer üzünün əşrəfi sayılan insanlardan,eyni zamanda,o zamanın və mühitin fövqündə dayanan, heç kimin və heç nəyin dəyişdirə bilmədiyi bir şəxsiyyətdir.
Səliqə müəllimə 2024- cü il Azərbaycan Respublikası Milli Məclisinə 95 saylı Ucar-Kurdəmir – Zərdab seçki dairəsindən Yeni Azərbaycan Partiyasının fəalı kimi yeddinci çağırış deputatlığa namizəd seçilmişdir.
Üç övladı var, həyat yoldaşı uzun illər polis orqanlarında çalışıb, müharibə veteranıdır!
Və ən nəhayət, demək istəyirəm ki, Səliqə müəllimə qəlbinin, ürəyinin işığıyla yeniyetmə və gəncləri haqq yoluna çağırır, onların yolunu işıqlandırır, cəmiyyət üçün gərəkli və layiqli övladlar hazırlayır, onların qayğı və problemlərilə maraqlanır, bir müəllimə kimi, ziyalı kimi bilik və bacarığını millətin balalarından əsirgəmir.

Hüseyn İSAOĞLU, yazıçı – publisist,
AYB-nin və AJB-nin üzvü

Müəllim olmaq və ya bir dəstə çiçək – xatirə

Fotoda Filds medalı riyaziyyat müəllimi Məryəm Mirzəxani (Allah rəhmət eləsin)

MÜƏLLİM OLMAQ VƏ YA BİR DƏSTƏ ÇİÇƏK

(bir ingilis dili müəlliminin xatirəsi)

Bir gün sinifdə ingilis dilində şərti cümlələri izah edirdim. Aylardan dekabr idi.
Taxtaya ingiliscə bir cümlə yazdım:
“Bəli uşaqlar, taxtada “Əgər çox varlı olsaydım, anam üçün … alardım”, – yazılıb.
Cümlədəki boşluğu xəyal gücünüzdən istifadə edərək doldurun.
Aydın oldumu?” – dedim.

Elə görünürdü ki, hamı anlamışdı, çünki səssizcə payladığım balaca vərəqləri götürdülər və gözlərini tavana dikib fikirləşməyə başladılar.
Beş dəqiqə sonra sinfi dolaşaraq vərəqləri yığdım və bir-bir oxudum.
Kosmik gəmi, Ferrari, Mayamidə bilet, Maldivlərdə ada…
Mən oxuyurdum, sinif gülürdü.

Sonuncu vərəqi isə içimdə oxudum:
“If I were rich, I would buy flowers for my mom.”
(Əgər varlı olsaydım, anam üçün çiçəklər alardım).

Bu cümlənin sahibi həmin il sinifə yeni gəlmiş, çəlimsiz və içinə qapanıq bir uşaq idi.
“Aramızda çox duyğusal bir dostumuz var!” – dedim. – “Səlim, qalx görüm, yazdığını yoldaşlarına deyə bilərsənmi?”

“Çiçək alaram, yazmışam, müəllim”, – dedi.

Sinifdə yüngül bir gülüş qopdu.
“Mən sizə çox varlı olduğunuzu düşünün, xəyal gücünüzü işlədin demişdim.
Sən buna baxmayaraq “çiçək alaram” yazmısansa, deməli mühüm bir səbəbin var”, – dedim.

O bir müddət susdu, sonra asta səslə ayağa qalxaraq: “Başqa heç nə ağlıma gəlmədi, müəllim”, – dedi.

Üzündə Mona Liza tablosunu xatırladan, gülmək və ağlamaq arasında qəribə bir ifadə vardı.

“Oğlum, məni ələ salırsan?” – dedim sərt səslə.
Heç cavab vermədi.
Vərəqləri geri payladım.
Dərs bitəndə zəng çalındı və şagirdlər arı sürüsü kimi həyətə axışdı.
Çöldə narın bir yağış yağırdı.

Ertəsi gün məktəbə gələndə Səlimin atasını foyedə məni gözləyərkən gördüm.
Onun qarşısındakı stolun üstündə, bir gün əvvəl sinifdə payladığım büzüşmüş vərəq dururdu.
Oturub bir az söhbət etdik.
Qısa bir görüşmədən sonra ayrıldı.

… Mən isə çətinliklə otağıma doğru getdim.
Başım fırlanırdı.
Hıçqırtıya bənzər qəribə bir şey, diafraqmamdan boğazıma qədər qalxmış, partlamağa hazır dayanmışdı.

O balaca boşluğu “çiçək”lə dolduran Səlimin həyatındakı ən böyük boşluğu da çiçəklə doldurmağa çalışdığını anladım.
Onu da bildim ki, Səlim üç ay əvvəl anasını avtomobil qəzasında itirib və o gündən etibarən, atasıyla hər Cümə günü məzarlığa gedib, anasının məzarına çiçək qoyur.

Atası deyirdi ki, Səlim ötən gecə üzünü yastığa qoyaraq səhərə qədər hıçqırıb…

Mən isə bir şeyi anladım. Universitet diplomu ilə müəllim olmaq mümkün deyil.

“Müəllimlik səhər gedib günortaya qayıtdığın, şənbə, bazar, tətil,
yay istirahəti etdiyin bir peşə deyil.
Müəllimlik ana olmaqdır.
Ata olmaqdır.
Qardaş olmaqdır.
Bir sözlə, insan olmaqdır.”

Mənbə: Tamilla Əliyeva