
ŞEİR – SADƏCƏ SÖZ DEYİL, ÖMÜRDÜR
(Elçin Məlhəmlinin yaradıcılığına baxış)
“Şeir
sadəcə söz deyil.
Şeir –
adamın içindəki qaranlığı
işığa bağlayan dua kimidir.
Şeir –
qəzəbin boğazına tıxılan
mərhəmət halqasıdır.”
Ədalət Qarabulud
Hər dəfə hər hansı bir şairin istənilən şeirin oxuyanda və yaxudda o şair haqqında yazmaq istəyinə düşəndə hörmətli jurnalist, şair – publisist Ədalət Qarabuludun (Nəbibəyli) şeir haqqında yazdığı fəlsəfi fikirləri yadıma düşür, məni həmin şairin poetik fikirlərinə kökləyir.
Bu dəfə də belə oldu. Uzun müddətdir yaradıcılığını sosial şəbəkə üzərindən sevə-sevə izlədiyim, hər dəfədə məni poetik misralarının cazibəsinə qatan Elçin Bağırovun (Məlhəmli) şeirlərin oxuyanda da belə oldu. Və bütün qənaətimi bir daha təsdiqlədi ki, şeir, təkcə sözlər toplusu deyil. Şeir – insanın içindəki qaranlığı işığa bağlayan dua, qəzəbin boğazına tıxılan mərhəmət halqasıdır. Bu fəlsəfi fikirlər hörmətli jurnalist, şair-publisist Ədalət Qarabulud tərəfindən ortaya qoyulub və hər dəfə şeir oxuyanda, hər hansı şair haqqında yazmaq istəyəndə mənim qəlbimdə eyni əksəda yaradır.
Elçin Bağırovun səhifəsindən seçib götürdüyüm şeirlər bu qənaətimin ən real təsdiqçisi oldu. Dəyərli şairimizin yaradıcılığına müraciət qəlbimdə çoxdan formalaşmışdı. Ədalət müəllimdən oxuduğum və yuxarıda istinad kimi istifadə etdiyim misraları oxuyandan sonra, Elçin müəllimin bir vaxtlar qarşıma çıxan, bir çox yaradıcı insanların halını özündə əks etdirən, – “ŞEİRİM” – şeiri yadıma düşdü. Elçin müəllim “Şeirim” şeirinə keçməmiş gözəl bir məlumatlandırma, başlıq verib. İlk öncə ona baxaq, sonra isə onun həmin şeiri barədə danışmağa dəyər. Elçin Məlhəmli (Bağırov) yazır ki ;-
“Bəzən elə olur ki, beynimdə bir şeir doğulur, ancaq müxtəlif səbəblərdən onu anında kağıza köçürmək mümkün olmur. Bu işi sonraya saxlayıram. Sonra isə həmin şeiri artıq xatırlaya bilmirəm — itir, məhv olub gedir. Bu şeiri həmin doğulub ölən, yazmadığım şeirlərə həsr edirəm.”
Bu, təkcə bir müəllif qeydi deyil. Bu, yaradıcı insanın ən böyük ağrılarından birinin etirafıdır. Yazılmayan şeir, yaşanmayan həyat kimidir. O doğulur, amma yaşaya bilmir.
Bu hal kimdə necə baş verir, bunu demək çətindir. Amma bir həqiqət var ki, yaradıcı insanın yaddaşı həm də onun taleyidir. Mənim öz yaradıcılıq həyatımda da elə məqamlar olub ki, yaddaşıma süzülüb gələn onlarla misranı, bəzən bütöv bəndləri sonradan yazmaq ümidi ilə içimdə saxlamışam. Onları unutmamaq üçün öz-özümə təkrar etmişəm, sanki yaddaşımın divarına həkk etmək istəmişəm. Lakin zaman gəlib çatanda həmin misraları olduğu kimi geri qaytara bilməmişəm.
Bu isə insanın içində qəribə bir boşluq yaradır. Sanki sənə aid olan bir parça səndən alınır. Sanki içində doğulan bir söz sənə yadlaşır.
Elə bu məqamda “Şeirim” şeiri artıq sadəcə bir poetik mətn kimi yox, bir taleyin ifadəsi kimi oxunur. Çünki bu şeir yazılanlardan çox, yazılmayanların harayıdır.
Görən indi haradadır
Yadımdan itən şeirim?
Bu sual təkcə müəllifin yox, bütün yaradıcı insanların sualıdır. Çünki hər bir şairin yaddaşında yazılmamış, yarımçıq qalmış, içində boğulmuş şeirlər yaşayır.
Və bəlkə də elə buna görə şeir,- adi “söz” – deyil, deyirik.
Şeir, insanın içində doğulub, bəzən də elə oradaca ölən bir ömürdür.
Bu fikirlər şeirin zahiri formasını deyil, onun daxili mahiyyətini açır. Şeir burada artıq misraların düzümü yox, insanın ruhunda baş verən hadisə kimi dərk olunur. Elə bu baxış bucağından yanaşdıqda Elçin Bağırovun “Şeirim” şeiri təkcə bir poetik nümunə deyil, sözün doğulması və məhv olması arasındakı faciəvi prosesin bədii ifadəsinə çevrilir.
Şeir ilk bənddən oxucunu bu daxili dramın başlanğıcına aparır:
“Bahar vaxtı qar altından
Gül kimi bitən şeirim.
Görən indi haradadır
Yadımdan itən şeirim?”
Burada çox güclü və klassik poetik obraz var – “Qar altından çıxan gül”. Qar təmizliyin, bəyazlığın, saflığını rəmzidir. Qar altından çıxan gül isə ilhamın, həm də ümidin rəmzidir. Şeir- sanki çətinlikdən, donmuş ruh halından doğulur.
Son iki misrada isə artıq itki hissi gəlir. Şair öz yaratdığı ilə yadlaşır, ilhamın keçiciliyi vurğulanır.
Burada əsas xətt, yaradıcılığın doğuluşu və itirilməsi paradoksu yaradılıb.
“Görən indi haradadır
Yadımdan itən şeirim?”
Bu sual ritorikdir, amma cavabsız deyil. Çünki bu sualın cavabı şeirin öz taleyində gizlidir. Yaddaşdan itən şeir əslində yazılmayan, ifadə olunmayan, daxildə boğulan fikrin simvoludur. Bu, şairin öz iç dünyası ilə münasibətində yaranan boşluğun ifadəsidir.
İkinci bənddə şeirin yaranma prosesi daha aydın şəkildə açılır:
“Xəyalımı gəzib gələn,
Hisslərimdən sızıb gələn,
Ürəyimdən süzüb gələn,
Bülbül tək ötən şeirim.”
Bu ardıcıllıq şeirin texniki yox, mənəvi yolunu göstərir. Şeir əvvəlcə xəyalda doğulur, hisslərdə formalaşır, ürəkdən keçərək sözə çevrilir. Və bu mərhələdən sonra o artıq səslənir:
“Bülbül tək ötən şeirim.”
Bu misra şeiri canlı bir varlıq səviyyəsinə qaldırır. O artıq yazılan yox, danışan, oxuyan, özünü ifadə edən bir ruhdur. Lakin bu ruhun taleyi xoşbəxt sonluqla bitmir;
“İliyimi sovurubdur,
Varlığımı qovurubdur,
Sinəmə dağlar vurubdur
Qəlbimi didən şeirim.”
Burada şeir artıq təsəlli deyil, əksinə, iztirabın mənbəyinə çevrilir. O, şairi içindən didir, onu rahat buraxmır. Şeir yazılmadıqca, o, insanın daxilində ağrıya çevrilir. Bu, yaradıcı insanın ən ağır yüküdür. İfadə olunmamış sözün ağırlığı.
Daha sonra şeir incimiş, küsmüş bir varlıq kimi təqdim olunur:
“Bulaq kimi sızıb, axıb,
Incik-incik gendən baxıb,
Sonda göz yaşını sıxıb,
Küsərək gedən şeirim.”
Bu misrada təkcə poetik bir obraz yox, həm də insanın öz-özü ilə münasibətində yaranan qırılma var. İnsan öz sözünü deyə bilməyəndə, o söz ondan uzaqlaşır. Şeir artıq şairə məxsus olmur.
Və nəhayət, şeirin taleyi ən dramatik nöqtəyə çatır:
“Ruhumdan nur tək doğuldu,
Şirin-şəkərdi, noğuldu,
Elə içimdə boğuldu,
İntihar edən şeirim.”
Bu, şeirin yox, sözün ölümüdür. Bu, deyilməyən fikrin, yazılmayan duyğunun faciəsidir. “İntihar edən şeir” ifadəsi burada metaforadan daha artıq məna daşıyır — bu, insanın öz içində itirdiyi həqiqətlərin adıdır.
Beləliklə, “Şeirim” şeiri bir yaradıcılıq nümunəsi olmaqdan çıxaraq, sözün taleyi haqqında düşüncəyə çevrilir. Bu şeir bizə bir həqiqəti xatırladır: insanın daxilində doğulan hər fikir yaşamaq istəyir. Onu yazmaq, demək, bölüşmək lazımdır. Əks halda o fikir susaraq ölür.
Şairin səhifəsindən seçib götürdüyüm digər şeiri, “ÜSTÜNƏ” şeiridi. Şeir soyuq obrazlar sistemi (şaxta, qar, buz, şeh, tüstü) üzərində qurulub. Burada həyatın ağırlığı və ruhun donması ön plana çıxır:
“Ruhuma şaxta qonub,
Qar ələnib üstünə.
Duyğularım da donub,
Buz bələnib üstünə.”
Burada təbiət obrazları insanın daxili halı ilə sintez edilir. Qışın sərtliyi və donmuş təbiət şairin iç dünyasının donması ilə paralel aparılır. Bu şeirdə hisslərin qapalı, bloklanmış olması, ifadə olunmamış duyğuların ağır yükü duyulur.
“Dünya belədir, Gülüm,
Qoymadı bir gün gülüm,
Ağlayır mənə gülüm,
Şeh çilənib üstünə.”
Şeir boyunca həyatın zorlukları, ümidin yoxluğu və insanın daxili tənhalığı obrazlarla təsvir edilir.
Daha sonra şair həyatın çətinliyini, gündəlik qəm-kədəri və zamanın yükünü təsvir edir:
Cücərmir sevinc dənim,
Qəm evidir məskənim,
Dərdim az imiş mənim,
Dərd dilənim üstünə.
Qəmdir, ağrı və həyatın davamlı yükü klassik poetik ritmlə oxucuya çatdırılır.
Qəmdir dost səhər-axşam.
O pərvanə, mən də şam,
Üzərlik yandırmışam,
Tüstülənib üstünə.
Dünyanın sərtliyini və insanın daxili soyuqluğunu göstərən bu misralar həmdə psixoloji təsir gücünə malikdir.
“Qəm oxudum hər səhər,
Bir ömür getdi hədər,
Hər gün təzə dərd-kədər,
Bəstələnib üstünə.”
“Qəm oxudum hər səhər”-misrası isə həyat fəlsəfəsi kimi səslənir. Burada klassik aşıq üslubuna yaxınlıq var, axıcılıq qorunur.
Və bəlkə də elə buna görədir ki, şeir, sadəcə söz deyil. Şeir, doğulmaq istəyən, amma bəzən yaşaya bilməyən bir ömürdür.
Şairin, – “BEZMİŞƏM”-şeiri daha çox ömür hesabatı və peşmanlıq şeiridir
Əsas ideyası zamanın sürəti, yaşanmayan həyat hissi, mənəvi yorğunluqdu.
İstədim tez böyüyüm,
Qaçdım ilin dalınca.
Gördüm ki, qocalmışam,
İllər dalda qalınca.
Şair öz ömrünü təhlil edir, keçmişə baxır və peşmanlıq hissini ifadə edir;
Nə tez keçdi bu ömür,
Saça nə tez düşdü dən.
Qayğılar yedi ömrü,
Yaşamadım axı mən.
Ömrümü sərf etmişəm,
Bir şeyi düşünməyə.
Bir yana çıxmaq üçün,
Nəyi calayım nəyə?
Bu dünyada qazancım,
Tutduğum yük dərd oldu.
Tək özüm yox, dünyanın
Dərdi qəlbimə doldu.
Qayğı ilə, dərd ilə,
İli ilə düzmüşəm.
Eh, yaşamaq budursa,
Yaşamaqdan bezmişəm.
Sonluq açıq fəlsəfi üsyandır:
“Yaşamaqdan bezmişəm”
Bu misralar oxucunu daxili düşüncəyə sövq edir və həyatın keçiciliyini, zamanın sürətini önə çıxarır.
Şairin,-“OLMUR”-şeir əvvəlkilərdən fərqli olaraq, klassik sevgi lirikasıdir.
Şeir sevgi mövzusuna fokuslanır.
Sən elə gözəlsən gözəlliyinə,
Heyran baxışlarla baxmasam olmur.
Günəş gözlərinlə baxanda mənə,
Qar kimi əriyib axmasam olmur.
Mən dua elədim hey dönə-dönə,
Nəzir də demişəm hər sənli günə,
Əgər həsrət qalsam bircə gün sənə,
Dolub bulud kimi yağmasam olmur.
Gör necə incədir gül ləçəkləri,
Seyr et üstündəki kəpənəkləri,
Gözəlim, ən gözəl, tər çiçəkləri,
Telinə düzməyə yığmasam olmur.
“Telinə düzməyə yığmasam olmur.”
Burada estetika və lirik romantizm qarışır. Misralar yüngül, melodik və ənənəvi qəzəl, qoşma ruhuna yaxındır.
Burada gözəlliyə heyranlıq, ayrılıq qorxusu, aşiqin özünü itirməsi, “Qar kimi əriyib axmasam olmur” – fikiri çox gözəl təşbehdir.
Elçin Bağırovun yaradıcılığı göstərir ki, şeir yalnız söz deyil. Şeir doğulmaq istəyən, amma bəzən yaşaya bilməyən bir ömürdür. Hər misra, hər bənd insanın daxili dünyasının əksidir. “Şeirim”dən “Olmur”a qədər olan şeirlər insan ruhunun müxtəlif vəziyyətlərini — ağrını, itkini, bezmişliyi, heyranlığı — bədii poetik dildə ifadə edir. Bu şeirlər sözün taleyi, insan ömrünün poetik oxunuşu və daxili dramın əyani təsdiqidir.
Yaradıcı proses, yaddaşın məhdudluğu, yazılmayan şeirlər və ifadə olunmamış hisslər — bütün bunlar Elçin Bağırovun şeirlərində poetik və fəlsəfi bir harmoniyada təqdim olunur. Onun yaradıcılığı şeirin yalnız sözlərdən ibarət olmadığını, eyni zamanda insan ruhunun ifadəsi olduğunu göstərir.
Bu kiçik yazı ilə dəyərli şairlərimiz Elçin Bağırova sağlam can sağlığı arzulamaqla bərabər yaradıcılıq uğurları da diləyirəm.
Böyük səmimiyyətlə,
Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında





