Filds medalına layiq görülən yeganə müsəlman qadın olan Məryəm Mirzəxani haqqında

Əziz dostlar, Sizə riyaziyyat sahəsində Nobel mükafatına bərabər hesab edilən Filds medalına layiq görülən yeganə müsəlman qadın olan Məryəm Mirzəxani haqqında qısa məlumat vermək istəyirəm.
O, 3 may 1977-ci ildə İran İslam Respublikasının Tehran şəhərində anadan olmuşdur. Atası Əhməd Mirzəxani elektrik mühəndisi, anası Zəhra Mirzəxani evdar qadın idi. Ailədə üç uşaq – iki bacı, bir qardaş olublar.
Məryəm ibtidai təhsilini Tehrandakı adi məktəbdə almış, orta təhsilini isə Nadir İstedadlıların İnkişafı liseyində davam etdirmiş, həmin illərdə riyaziyyat üzrə İran Milli Olimpiadasının iştirakçısı olmuşdur. O, 1994-1995-ci illərdə Beynəlxalq Riyaziyyat Olimpiadasında İranı təmsil etmiş, 1994-cü ildə qızıl, 1995-ci ildə isə ən yüksək bal toplayaraq yenə də qızıl medal almışdır.
1999-cu ildə İranın Şərif Texnologiya Universitetinin bakalavr pilləsini bitirmiş, sonra ABŞ-a köçmüş və təhsilini Harvard Universitetində davam etdirmişdir.
2004-cü ildə Filds Medal laureatı Curdis T. McMullenin elmi rəhbərliyi ilə “Hiperbolik səthlərdə sadə geodezik əyrilər və əyrilərin modul fəzasının həcmi” mövzusunda dissertasiya müdafiə etmişdir.
Məryəm 2004-cü ildə ABŞ-ın Clay Riyaziyyat İnstitutunda tədqiqatçı və Prinston Universitetində professor olmuşdur. 2008-ci ildən fəaliyyətini Stanford Universitetində professor kimi davam etdirmişdir.
2005-ci ildə Mirzəxani Stanford Universitetində professoru Jan Vodrakla ailə həyatı qurmuşdur. Onların Anahita adında bir qız övladları olmuşdur.

Məryəmə 2013-cü ildə süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur. O, 2014-cü ildə riyaziyyat sahəsində ən nüfuzlu mükafat olan Filds medalı almış ilk və yeganə müsəlmandır.
2016-cı ildə xərçəng sümük və qara ciyərinə yayılmış, 14 iyul 2017-ci ildə Kaliforniyada xəstəxanada 40 yaşında vəfat etmişdir. .
Şərif Universiteti təhsil aldığı riyaziyyat fakültəsinə Mirzəxaninin adının veriləcəyini bəyan etmişdir.

Mənbə və müəllif: Misir Mərdanov

Əli Nəcəfxanlı – Payız


PAYIZ

Ömrümün daha bir baharı keçdi,
Şirin meyvələrdən kəsildi payım.
Daha təzəhəvəs olmaq da gecdi,
Yaman ağlamalı fəsildi payız.

Sərgərdan bir xəzəl qondu çiynimə,
Həsrət sarısını geydim əynimə.
Qəmli “Qaragilə” düşdü beynimə
Yaman ağlamalı fəsildi payız.

İllər bir-birini nə yaman qovdu,
Aylarmı ovçudu, günlərmi ovdu?
Qərib duyğulara könlüm girovdu,
Yaman ağlamalı fəsildi payız.

Zirvələr başına yığar dumanı,
Dərələr köksünə sıxar dumanı.
Mənim otağımda siqar dumanı…
Yaman ağlamalı fəsildi payız.

Yağışdan-yağmurdan dünya nəm çəkir,
Dönüb ada olur hər daş, hər səki.
Bir qız da yollara baxıb qəm çəkir,
Yaman ağlamalı fəsildi payız.

Etdiyim günahlar düşür yadıma,
Peşiman padşahlar düşür yadıma,
Ağlayan timsahlar düşür yadıma,
Yaman ağlamalı fəsildi payız.

Elə sürüşkəndi diklər, yoxuşlar,
Viranə könlümü döyür yağışlar.
Hələ harasıdı, qabaqda qış var,
Yaman ağlamalı fəsildi payız.

Müəllif: Əli Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

Elman Eldaroğlu: – Tez sağal, şair!

Tez sağal, şair!

Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq. Eyni oteldə qalırdıq. Olub keçənlərdən, başına gələn hadisələrdən danışır, sanki həmsöhbətinə özü haqda geniş məlumat ötürürdü. Ciddi görkəmi, illərin dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı…

“O vaxt Ukraynada olarkən qatarda bir nəfəri soyub döymüşdüm. Xarkov məhkəməsi mənə 2 il 6 ay iş verdi. Doğrudur, heç nəyi sübut edə bilmədilər, amma qərar belə oldu. Mən ən yaxşı şeirlərimin çoxunu Ukrayna türməsində yazmışam. O vaxt mən “Qrono” yaradıcılıq birliyinin üzvü idim. Tez-tez yanıma gəlirdilər. Orda yaşayan azərbaycanlılar da məni yaxşı tanıyırdılar. 1986-cı ilin sentyabrında həbsdən çıxanda Xarkovdakı azərbaycanlılar məni təmtəraqla yola saldılar. Onlardan biri də məşhur futbolçumuz Vəli Qasımov idi. O vaxt Xarkovda, “Metallist”də oynayırdı. Bakıda isə məni Nazim Hikmətdən də yaxşı qarşıladılar. Gələn kimi “Ulduz”, “Azərbaycan” jurnallarında çap olunmağa başladım. Mən SSRİ Yazıçılar İttifaqına kitabsız qəbul olunan iki-üç nəfərdən biriyəm.”- söyləyir.

İlk şeirini əsgərlikdə yazıb. Sevdiyi qızın nişanlandığını eşidəndən sonra, bu hadisə ona çox pis təsir edib və ilk şeiri də onda yaranıb. “Xoşqədəmli” adlı şeiri isə ilk dəfə 1979-cu ildə “Azərbaycan gəncləri” qəzetində çap olunub. Bildirir ki, şeir yazanda ekstaz vəziyyətində olur. Düşünür ki, poeziya düşüncənin üstünə ürək şəkli çəkməkdir. Onu ütüləməkdir…

Deyir ki:- “Bir neçə il əvvəl Anar müəllimin yanına getmişdim. Dedim, məni təqaüd alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd verə bilmərik. Dedim, axı, mənim ikinci dəfə təqaüd almağımdan heç kim şikayət eləməz. İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə sala bilmirsiniz, heç olmasa 300 manatlıq təqaüdə salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik, amma təqaüd verə bilmərik. Mənə yardım lazım deyil, təqaüdə ehtiyacım var- söylədim…”

Haqqında söhbət açdığım şair Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə başa vurub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Yol” ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Bir sıra kitabların müəllifidir. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib…

…Xarizmatik adamdır, öz sözü, mövqeyi olan şəxslərdəndir. Heç bir təzyiq və şiddətlə onu sındırmaq mümkün deyil. Necə deyərlər, yalaq, miyanə adamlara nifrət edir və ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmasını sevmir. Emosional tərəfi güclüdür. Fəqət üzərində nəzarəti itirmir. Anarxiyanı, xaosu xoşlamır, adət-ənənələrə, qayda-qanumlara bağlı adamdır…

“Həyatda acığım gələn 3 şey var: intihar, aclıq aksiyası, mitinq. Nifrət edirəm üçünə də. Sözün var, söz denən. Həyatın qədir-qiymətini bilmək lazımdır. Gözümüzün qabağında Ukrayna boyda ölkə dağılır. Xocalıdan daha böyük faciənin şahidi oluruq. Mən o ölkəni vaxtı ilə qarış-qarış gəzmişəm. Ağır dərddir.”- söyləyir.

Təvazökar və çox çalışqandır. Yalanı sevmir, alnının təri ilə yaşamağa üstünlük verir. Kifayət qədər dürüst və həqiqətpərəsdir. İnsanları başa düşə və onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata böyük əhəmiyyət verir. Əylənmək və yüngül həyat tərzi keçirmək onun işi deyil. Həyatda ciddi və özünə qarşı tələbkardır. Şübhəsiz ki, tənhalığı xoşlamır. O, səxavətli, açıqürəklidir və insanlarla səmimidir. Kiməsə yardım edəndə özünü həqiqətən də xoşbəxt hiss edir. Analitik təfəkkürü var. Qərarlarında yaradıcıdır və hər kəsə kömək etməyə hazırdır…

Deyir ki:- “İndi elə bir dövrdür ki, Qənimət Zahidin vaxtı ilə Mirşahinin vaxtı qarışıb. Millət də qalıb ortada. Biz şeirimizi 15 il qabaq yazmışıq. Biz nəyisə vəsf eləmək üçün yaşamırıq axı. Mənim gözümün qarşısında Xocalı faciəsindən daha böyük Mariupol faciəsi yaşanır. Bu faciəni göstərmək lazımdır. Xarı bülbüldən dünyada yüz yerdədir. Polad Bülbüloğlu bantik də vurub cır səslə mahnı oxuyur. Onu efirə çıxarıb Qarabağ səsini unutdurmaq istəyirlər. O vaxt Şuşada bir uşaq olub, deyiblər, çıxırıq, gəl, tez elə. Deyib ki, mən evimi qoruyuram da, niyə çıxım? Bax o uşağa heykəl qoyulmalıdır. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində belə heykəllər var. Adsız uşaq heykəli…”

…Gərginlik keçirmədən yaşamağı xoşlayır. Qaynardır, oturaq həyatı xoşlamır. Qarşılıqlı anlaşma olmayan yerdə özünə qapanır. Bir sözlə, zahirən soyuq görünsə də əslində nəcib, emosional və canlıdır. İnsanları sevəndə həqiqətən ürəkdən sevir. O, müstəqil və azaddır. Çoxlu tanışları olmasına baxmayaraq, əsl dostu çox azdır…

“Dövrü mətbuatı izləyirəm. İldə iki-üç roman yazan yazıçılar peyda olub. Onların heç birini oxumuram. Onların iyini bilirəm çünki. Ümumiyyətlə, mən müsahibə verəndə diqqətlə oxuyurlar, deyirlər, görək, Əlisəmid kimin adını çəkəcək. Keçən dəfə bir neçə nəfərin adını çəkmişdim, sonra hiss elədim ki, adını çəkmədiklərim inciyir bir azca. Həm də kiminsə adını çəkirsən, kimsə yadından çıxır. Sonra özün narahat olursan ki, niyə mən o cür istedadlı adamın adını unutdum, çəkmədim. Yadımdan çıxan uşaqlar bağışlasınlar məni. Mən ad çəkməkdən daha çox kitablara ön söz yazmaqla, özlərinə xoş söz deməklə dəstək oluram gənclərə, şairlərə, yazıçılara…”- söyləyir.

…Onunla bir neçə il əvvəl Şuşada, “Vaqif poeziya günləri”ndə tanış olmuşuq. Eyni oteldə qalırdıq. Olub keçənlərdən, başına gələn hadisələrdən danışır, sanki həmsöhbətinə özü haqda geniş məlumat ötürürdü. Ciddi görkəmi, illərin dərin cığırlar açdığı siması, qalın səsi, danışarkən bədən dili mənə uşaqlığımda gördüyüm köhnə kişiləri xatırladırdı. Bu günlərdə eşitdim ki, sağlamlığında ciddi problemlər yaranıb. Ona Allahdan şəfa arzulayaraq “Qan-tər içində” şeiri ilə söhbətimi başa vurmaq istəyirəm:

“Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm,
Qan-tər içindəyəm, anam,
Qan-tər içində.

Zaman dolaşıq nər qovğasında
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda,
Gecəm qan-tər içində, anam,
Günüm qan-tər içində.

Bu əlim, bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərən dilim,
Sözüm qan-tər içində, anam,
Dilim qan-tər içində.

Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir,
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.

Toxdayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hanı, qəbrimə qısıldım,
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində…”

HörmətləElman Eldaroğlu

ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yarpaq-yarpaq düşmüsən

Gizlən-qaçın yeriydi?
Etmisən uşaq məni.
İndi hansı küçənin
Tinində gəzim səni?

Nə yaşım həminkidi,
Nə qəlbim səninkidi.
Yoluna gül düzdüyüm
Yoluma tikan əkdi.

Yarpaq-yarpaq düşmüsən,
Gözümdən, əzim səni?
Gizlənmisən, çıxma day,
Görməsin gözüm səni.

Ovuc-ovuc qucmusan,
Əlini açım sənin?
Xəyalımdan uçmusan,
Ağlından qaçım sənin?

Artıq nə oyunum var,
Nə gizlənim, nə qaçım…
Açığı qalmayıb da,
Ümidim və inancım.

****

Sən gedəni bu evin,
İşıqları da yanmır.
Sən gedəni qəlbimə,
Daha sevgi yol almır.

Sən gedəni saat da,
Həminki vaxtda qalıb.
Hava duman, göy qara,
Sanki yağış da yağıb.

Yağışın qoxusu da
Otağıma yayılıb.
Arabir külək belə
Əsir… dəlidir nədir?!

Sən gedəni külək də,
Qapımı döyəcləmir.
Sən gedəni hər sözün,
Qulağımda səslənir.

Narahat olma məndən,
Necə varam — eləyəm.
Bəlkə əsən küləktək,
Ağlım gedib, dəliyəm…

Sən gedəni, büründü,
Zülmətə otağım da…
Buz bağladım hər fəsil,
İsinmədim yayda da.

Sən gedəni yadından
Çıxmışam Allahın da.
Sən gedəni qapım da,
Döyülmür, qadan alım…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru