
Başına dönməli şeirlər
” Ədəbiyyat qəzeti” mənim sevdiyim qəzetdi.Hər dəfə səbirsizliklə növbəti buraxılışını gözləyirəm. Bu qəzetdə çap olunan şeirləri, publisistik yazıları, ayrı- ayrı müəlliflərin hekayələrini oxuyanda sözün tam mənasında ruhum dincəlir. Demək olar ki, bütün ədəbi cameə, tanınmış imzalar burdadır. 29 avqust 2025- ci il nömrəsini alıb nəzərdən keçirəndə, tanınmış şair, özünə də, sözünə də hörmət bəslədiyim Nazim Əhmədlinin şeirlərinə rast gəldim.Nazim Əhmədli özünə məxsus və heç kimə bənzəməyən şairdi. Sosial şəbəkələrdə paylaşdığı elə bir şeiri yoxdur ki, adamı heyrətləndirməsin, silkələməsin.Bu dəfə isə on şeiriylə baş- başayam.Biri birindən gözəl olan on şeirin hansının başına dönəsən, dolanasan bilmirsən. Görün ” Bu ömür gün yuxudu” şeirində şair nə deyir:
Baxın, hara yurd düşüb,
Könlümə qurut düşüb
Dağda qara qurd düşüb,
Hələ qalır, üç ildi.
Nə vardı, nə yoxuydu,
Fələk hördü, toxudu.
Bu ömür- gün yuxudu,
Sonrası bir şəkildi.
Misraların qanadlarının səsində pərvazlanmaya bilmirsən. Ruhuna qəribə bir rahatlıq gəlir.Hər bir şairin psixoloji dəyərlər sisteminə özünün münasibəti olmalıdır.Şairin şeirləri oxucunun qəlbini oxşamırsa, ruhunu təzələmirsə qələmindən vaz keçməlidi, sərsəm söz yığınıyla oxucunun zəhləsini tökməməlidir.Şeirlərində özünə məxsus poetik çəkini hiss etməmək mümkün deyil. Bu yerdə bir vacib məqamı qeyd etmək istəyirəm. Mən Nazim Əhmədlinin şeirlərini oxuyub necə sevinmişdimsə, hətta feysbuk səhifəmdə bir bəndlik şeirimi paylaşmışdım.
Axtarıb tapmadım özümə bir tən,
Mənimdir hər kəsin toyu, bayramı.
Nə çıxar könlümün sevinməyindən,
Özgə uğuruna sevinsin hamı.
Mənim qənaətimə görə ürək sevgi istehsal eləməlidir. Ürəkdə kinə, küdurətə, paxıllığa yer olmamalıdır. Bir ürəyə yatımlı, adamın hisslərini tarıma çəkən şeir oxuyanda uşaq kimi sevinirəm. Özümə yer tapmıram. Həmin şairin telefon nömrəsini axtarıb tapandan sonra zəng edib duyğularımı, sevincimi çatdırandan sonra rahatlıq tapıram.Oxuduğum bu on şeirin hər biri, əslində ədəbi və həm də təbiət hadisəsidir.Hiss olunur ki, Nazim Əhmədli sözün, hissin, duyğunun incəliklərinə varmağı, qəvvas kimi dayazda yox, dərində üzməyi sevir.Hansı şeirini oxuyursan, içindən bir duyğu keçir. Düşünürsən ki, axı bu hisslər içimdən keçib, niyə yazmamışam.Sənin yaza bilmədiyini özgə yazanda şeir doğulur.Bir də şeirlərində xoşuma gələn bir cəhəti də qeyd etmək istəyirəm. Poeziyası cəsarət poeziyasıdır. yəni nəyi qələmə alırsa, əminliyini ifadə edir. Qorxmur, çəkinmir. Tərəddüd olanda şeir doğulmur, ya da ölü doğulur.” Unutdum o baharı” şeirində insan necə də təbiətlə həmahəngdi.
Bir çəhrayı yuxudan,
Yıxıldım yer üzünə.
Buludlar ağladılar,
Hönkür- hönkür üzümə
Nə saxladım, sirr kimi,
Qalmışam əsir kimi.
Dumanı həsir kimi,
Dağlar çəkib üzünə.
Bu şeirdə uğurlu təşbehlər, metaforalar şeirə bir az da gözəllik qatır, insanı ilkinliyinə, adət- ənənələrinə qaytarır.Bu mənada qeyd etdiyim kimi şeir təbiət hadisəsidir.Şəlalə kimi çağlayıb doğulur, şimşək çaxışında misralanır. ” Adsız liman” şeirində səni düşündürən misraların sehrinə düşürsən.
Buludların səsindən,
Qulağımda küy qalıb.
Ötən eşqin odundan,
Canımda kösey qalıb.
və ya
Hər göyün öz Tanrısı,
Hər göyün öz adı var.
Hələ yağışlar yağır,
Qurumayıb buludlar
deyəndə adamı təbiətlə üz- üzə qoyur. Nazim Əhmədlinin yaradıcılığı ilə şəxsiyyəti üst- üstə düşür.Doğulub boya başa çatdığı Laçın rayonunun Əhmədli kəndi əsil ziyalılar yetişdirən kənddir.Tənqidçi, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Şirindil Alışanlı, mərhum tanınmış şairimiz Hüseyn Kürdoğlu, dilçi alim Muxtar Həmzəyev və adını unutduğum neçə dəyərlimiz o kəndin havasını udmuş, suyunu içmişlər. Təbii ki, belə bir mühitdə Nazim Əhmədli öz poetik yolunu, səmtini tapmaya bilməzdi.Mən hörmətli şairimizə indən belə də yazacağı gözəl şeirləri ilə oxucularını heyrətləndirməyi arzulayıram. Gümrah və sağlam olmaq şərtilə!
-
- 2025.
Müəllif: Fəxrəddin Teyyub
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru